dedilər. O qədər ağladı ki, bəs arzusu ürəyində qaldı. Sonra Bakıdakı Hərbi Dənizçilik Məktəbinə qəbul olundu. Oranı da oxumadı. Dedi ki, gedib 501
hərbi xidməti başa vursun, sonra gəlib təhsili davam etdirər… Biz nə fikirləşirdik, nələr oldu… Nəvəm haqqında o qədər arzularım var idi
ki…”.(http://www.anl.az/down/meqale/525/2016/may/491495.htm).
Maral Bayramova (nənəsi):“Biz onun gəlişinə hazırlaşırdıq. Deyirdik, Şulan salamat gəlsin, qonaqlıq verək. Şulan mənim ilk nəvəmdir.
Həmişə arzulayırdım ki, balam əsgərlikdən salamat qayıtsın, onu evləndirək. Şulanın toyunu görmək arzusu ilə yaşayırdım.
Nəvəm axrıncı dəfə Novruz bayramında mənə zəng etmişdi, bayramlaşdıq. Səbrsizliklə aprel ayını gözləyirdik ki, evə gələcək. Allaha yalvarırdım
ki, Şulanın toyunu görməyi mənə nəsib etsin. Hardan bilərdik ki, onun cənazəsi gələcək”.
Gülbəniz xanım (qonşuları): “Bu ailə çox mərd ailədir. Erməni qonşumuzla Sisyandakı evlərini dəyişdirib, bu evə köçdülər.
Məhəlləmizdə qonum-qonşu bu ailəni, sakit, tərbiyəli bir ailə kimi tanıyır. Hamının harayına çatırlar. Çox mərd insanlardırlar. İnanmazdıq ki,
onların başına belə müsibət gələr. Türkan əsgərlikdən gələn oğlunu qarşılamağa hazırlıq görürdü. Şulan gedəndən anası narahat idi. Çox
maraqlıdır ki, əsgərlikdə olan digər oğlu Emin üçün yox, ancaq Şulan üçün narahat idi. Türkangilin indi yaşadığı bu mənzildə vaxtilə Aşot və
Gülnarə adlı erməni qonşularımız yaşayırdılar. Ər-arvad köçüb getdilər Ermənistana. Gedəndə bəzi ərzaqlarını bizim soyuducuya yığdılar. Bir
neçə gün keçmiş ermənilərin oğlanları gəldi əsgərlikdən, biz onları elə hörmətlə qarşılayıb yola saldıq ki, gedəndə erməni Aşotla Gülnarənin
soyuducumuza qoyduqları ərzağı da verdik özlərinə ki, aparın, birdən orda ac qalarsınız, çətinlik çəkərsiniz. Biz onları necə yola saldıq, onlar isə
bizim azərbaycanlıları İrəvandan qışın günündə ayaqyalın, başıaçıq qoymuşdular. Sonradan bildik ki, bu fağır bildiyimiz Aşot “Krunk”
cəmiyyətinə üzv imiş. Hər ay pul keçirirmiş. İrəvanda isə gedib danışıblar ki, biz onlara pislik etmişik, bu ermənilər belə mənfurdurlar”.
2014-cü ilin avqust ayında mənfur ermənilərlə təmas xəttində baş verən çaxnaşma zamanı həlak olan şəhidlərimiz haqqında Şulan
Bayramovun sosial şəbəkədəki səhifəsində paylaşdığı statusu sizə təqdim edirəm: “11 şəhid bilirsən nə deməkdir?! 11 insan deməkdir, 11 can
deməkdir, 11 ailənin ümidi deməkdir, 11 ananın gözünün işığı deməkdir, 11 atanın gözünün dikdiyi nöqtə deməkdir, 11 ailənin 11 ayrı
telefondan gələn zəngdən aldığı bəd xəbər və o xəbərlə həyatlarının məhv olması deməkdir, 11 valideynin sevinərək qucaqlaya bilmədiyi
övlad deməkdir, 11 gələcək ailə başçısının ailə qurmadan həyata gözünü yumması deməkdir, artıq yoxdu o 11 gənc. 11 düşmən silahından
açılan atəş nəticəsində məhv olmuş 11 igid candır… artıq 11 cənazə 11 yerdə torpağa əmanət edilmiş şəhiddir. 9 milyonluq Azərbaycan
xalqının yaddaşına əbədi yazıldılar. Allah rəhmət eləsin…”. Əslində Bayramovlar ailəsinin ağrılarıdır Şulanın yazdığı sözlər. Şulan Bayramov
və apreldəki qalibiyyət vuruşlarında şəhid olanlar xalqımıza Qələbə sevincini yaşatdılar. Ağrı isə elə gənc Şulanın sağlığında yazıb qoyduğu həmin
ağrıdır.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
(Şəhid anası Türkan xanım)
(Şəhid atası Bayram Bayramov)
502
503
504
(Müəllif şəhidin ailəsini ziyarət edərkən)
505
(Müəllif şəhidin məzarını ziyarət edərkən)
ƏSGƏR MAHİR QƏDİR OĞLU QULİYEV
“Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.”
Doğum tarixi: 21 dekabr 1993-cü il. Bakı şəhəri (əslən NMR-nın Şərur rayonu). 506
Vəfat tarixi: 8 aprel 2016-cı il. Seysulan istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il. III Fəxri Xiyaban.
Qoşun növü: A.R.Quru qoşunları
Subay idi.
Xankəndində xarici jurnalistlərə qorxu içində müsahibə verən erməni deyir: “İndi 1992-ci il deyil.
Azərbaycan çox güclüdür. Burda qalmaq təhlükəlidir, hətta ölümə bərabərdir. Onlar gec-tez bura
gələcəklər”.Bəli XXI əsrin erməni etirafıdır.
Deməli mundar erməni sən illərdir bilirsən ki, bu torpaqlar sənin deyil.
Biz Qarabağa doğru gedirik, çünki onu xilas etməyin vaxtı çatıb. Zaman xeyrimizə işləyir və bu haqq
savaşı qələbə ilə bitməlidir. Müzəffər Azərbaycan ordusu bizi illərlə həsrətində olduğumuz böyük qələbəyə doğru addım-addım yaxınlaşdırır. Bəli
məhz böyük qələbəyə doğru. Bu böyük qələbənin ilk işartıları artıq göz önündədir. İgid oğullarımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanı
cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, həm də ən ali dəyərlərdən olan ədalət uğrunda savaşırlar. Bu gün döyüş
meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri,
Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. “Biz birlikdə güclüyük”, “Qarabağ Azərbaycandır!” şuarı artıq sərhədlərimizi aşıb.
Dünya Azərbaycanlıları da o müqəddəs günü gözləyir. Bu müqəddəsliyin ilk addımı məhz 2016-cı ilin aprelində atıldı. Həmin müqəddəsliyi yazan
igidlərimizdən biri də əslən Naxçıvan şəhəri Şərur rayonu Qorçulu kəndindən olan Mahir Quliyev olmuşdur. 1993-cü ilin 21 dekabrında Bakı
şəhərində anadan olsa da, Bakının Yasamal rayonunda böyüyən Mahir məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetinə daxil olmuş,
2015-ci ildə oradan məzun olmuşdu. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Mahir Quliyev ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə
təltif edilib.
Mahir Quliyev 2011-ci ildə Bakıdakı 308 saylı orta məktəbi bitirmişdi (6 il 6 nömrəli, 3 il 132 nömrəli, 2il isə 308 nömrəli məktəbdə 507
oxuyub). Övladından qalan xatirələrlə yaşayan Lalə xanım oğlunun çox səliqəli bir insan olduğunu söyləyir. Görüşdüyüm digər şəhid ailələrində
olduğu kimi, Quliyevlər ailəsi də Mahirin bir vaxtlar boş vaxtlarında oturub işlədiyi yazı masasını onun xatirə guşəsinə çevirmişdilər. Bu xatirə
guşəsinin üstündə onun əşyaları və həyatının müxtəlif gözəl anlarını özündə əbədi yaşadan fotoları və fotoalbomları... bir də üzünü görmədiyi
diplomu dayanırdı.
Anası Lalə xanım deyir ki, “sonuncu dəfə Mahiri fevral ayının 7-də ezamiyyətə gələndə gördük. Ona da gördük demək olmazdı ki... Bütün
cavanlar kimi gününün çoxunu dostları ilə keçirdi. Həmin 10 gün ərzində bütün qohumlarımızın evinə gedib onlarla görüşdü... Elə bil ürəyinə
dammışdı ki, bir daha gəlməyəcək. Balam hər kəsin ürəyində, gözlərində son şəklini qoyub getdi. Novruz bayramında da bizi yanına getməyə
qoymadı. Ancaq zəng vurub məhəllədə sakinlərin bayramı necə keçirmələri ilə maraqlandı. Dedim ki, sakitçilikdir. Təəssüfləndi. Adətən hər il
Novruz bayramında Mahir məhəllənin uşaqlarını, həmyaşıdlarını ətrafına yığıb, tonqal qalayar, şənliklər düzəldərdi... Mahir özü ilə çox şeyi
apardı...
Tərtərdə olduğumuz müddətdə bir top səsləri, mərmi səsləri gəlirdi ki... qulaq tutulurdu. Sakinləri də cəbhə xəttinə yaxın ərazilərdən
köçürmüşdülər. Öz-özümə deyirdim ki, biz bu səslərdən belə diksiniriksə, anası ölmüş əsgərlər, zabitlər necə dayanır bu silah-sursatın qabağında.
Ancaq cəbhə bölgəsində olan insanlarda bir yüksək əhval-ruhiyyə var idi. Qələbəyə inanırdılar. Bəlkə məni də sınmağa, oğlumun yoxluğuna
inanmağa qoymayan bu inam idi.
Baxıram ki, qohum-əqraba, qonum-qonşu hamısı tez-tez bizə gəlib dəyib gedirlər. Fikirləşirəm ki, oğlumun yarası var da, yəqin ki,
dövlətimiz axtarıb tapacaq... Gözləyirəm... Mən eyvana çıxanda baxıram ki, həyət boşdur. Sən demə, Mahirin dostları pusquda durublar ki, mən
eyvana çıxanda, ya həyətə düşəndə adamlara xəbər edirlər ki, bir yerdə qələbəlik yaratmasınlar ki, mən nəsə hiss etməyim. Bircə onu özümə
bağışlaya bilmirəm ki, tabutda bayrağa bükülü həyətimizə gətirilən balamı, düşüb qarşılamadım. Tabut evə gələnə qədər Mahirin yoxluğuna
inanmırdım. Ayın 8-nə qədər Mahir neytral zonada qaldı. Ermənilərin açdığı atəşdən həlak olubmuş balam. Mahiri mən qarşılamadım. O özü
çiyinlərdə evə gəldi. Ancaq tabut içəri gətiriləndə başa düşdüm ki, oğlum gəlməyəcək...Axı mən onu gözləyirdim... O gündən bu günə evimin hər
yerində bir kədər, bir qəm havası var... Heç televizoru da açmırıq... Mahirsizliyə öyrəşmək çətindir...
Mahir yoldaşlarını döyüş meydanından çıxarandan sonra şəhid olub. Dostunun dediyinə görə qarın boşluğundan yaralanıb. Deyəndə ki,
məni döyüş meydanından çıxart, dostu deyib ki, gedirəm xərək gətirəm. Mahir deyib ki, getsən gəlmiyəcəksən. Gedib, gəlməyib. Həmin əsgər
yoldaşı deyir ki, “kaş gedib çıxarardım Mahiri. Ya ölərdim, ya qalardım. Amma belə vicdan əzabı çəkməzdim”. Digər bir yoldaşı ilə tədbirlərin
birində rastlaşdıq. Bir saatdan çox söhbət etdik. Dedi ki, “mən çiynimdən yaralanmışdım. Mahir qarın boşluğundan. Yaralı olanda ist-isti olur,
adam hiss etmir. Mən qaça bildim. Mahir qarın boşluğundan yaralandığı üçün çıxa bilmədi. 6 saat qanaxmadan sonra Mahir şəhid olub.”
Çox qeyrətli uşaq idi Mahir. Bir haqsızlıq olanda ürəyi patlayırdı, qan edirdi. Atası deyirdi a bala sakit get-gəl nə işinə qalıb kim neyləyir.
Tələbə yoldaşları deyir ki, bir qızı maşın vurubmuş, həmin qızı qucağına alıb təcili tibbi maşınına tərəf piyada gedirmiş ki, tez çatdırsın, heç nə
olmasın. Allah onu mənə hər tərəfli vermişdi. Həm gözəlliyinə, həm də qeyrətinə, ağıllılığına, xasiyyətinə görə. Heyif, heyif... Gecə işləyirdi, günüz
oxuyurdu. Nə qazanırdı gətirirdi ki, “ana al, evə lazım olar”. Deyirdim ki, “sən cavan uşaqsan nəyə gətirirsən qazancını mənə, sənə lazım olar”.
Balaca qardaşına telefon aldı, velosiped aldı. Bir dəfə birimizin xətrinə dəyməyib. Uşaqlarımın hamısı tərbiyəli, ağıllı uşaqlardı. Övladımdı deyə
demirəm. Ancaq Mahir daha diribaş idi. Biz ölsəydik narahat olmazdıq ki, uşaqlar yiyəsiz qalmadı. Çünki Mahir var idi. Balalarımın dədəsi-anası
o idi elə bil. Bugünkü gün yaşamaq deyil. Bağrımız patlayır. Deyirlər şükür Hüseyin var, Cavid var. Şükür, amma dözmək olmur. İki ay vardı 508
gəlməyinə. Uşaqlara deyirmiş ki, burda bir çal-çağır elətdirəcəm ki...
O nə həvəslə, arzularla yaşayırdı. İlahi insanın nə qədər həyat eşqi, arzusu olarmış. Hər qardaşı Cavidlə mesajlaşanda deyirdi ki,
“divanımızın üstü üçün elə darıxmışam ki...” Elə qoçaq idi. Milyon nəfəri düzərdin deyərdi ki, kim hansı rayondandı. Mənim kimi neçə
danışırdısa, elə bil sırf qazaxlı idi. Yumoristik qabiliyyəti vardı. Nə qədər seriallardan çağırırdılar getmirdi. Hər danışanda ağlayırdım. Deyirdi
“niyə ağlayırsan iki ayım qalıb. Papağımı fırlıyacam gəlib keçəcək”. Deyirdik gələcək nələr eliyəcək dədəsi, anası üçün. Bunların bölüyündən iki-
üç nəfər salamat qaldı.
Bir istədiyi var idi. Ancaq atası bildirmişdi ki, razı deyil. Sonra atasının sözünə görəmi, nəsə ayrıldılar. Fevralın 7-i məzuniyyətə gələndə.
Dedim heç kimə heç nə demə, sənə qohumlardan almaq istəyirik. O da razılaşdı. Həmin qohumgilə getmişdi məzuniyyətə gələndə. Evə gələndə
soruşdum ki, qızlar evdə idi mi? (bir qızdı, bir də gəlin) Dedi ki hə. Soruşdum ki, “A... neylədi?” Dedi ki, üzümdən öpdü. Hüseyni öpüb, bunu da
öpüb. Bir gün qıza zəng vurmuşdum, dedim bir söz deyəcəm amma heç kimə demə. Dedim fikrimiz var səni alaq Mahirə. Dedi axı mən onu
qardaşım qədər istəyirəm. Dedim “nolar ki, lap yaxşı, elə qardaşın qədər çox istə”.
Hamı ilə dil tapırdı. Komandiri ilə qardaş kimi olub. Yoldaşları deyir ki, Mahir dərsə gəlməyəndə biz institutdan qaçmaq istəyirdik.
Mahirin şücaəti çox olub. Erməni tankını partladıb şəhid olub. Oğlumun adını heç yerə verməyiblər. Bəzi şəhidlərimizin ailələrinə şərait
yaradılıb. Haqqıdı balasının. Milyon oların balasının dırnağını qaytarmaz. Amma bizə heç nə verilmədi. Nə ev, nə torpaq...Üç, qırx, ildən başqa
heç nə etməyiblər. Onsuz da məndən gedən gedib. İki balam var heç olmasa bunlar normal yaşasınlar. Qardaşlarının haqqıdır. Həyətin uşaqları
yığışıb Mahirin barelyefini düzəldiblər. Balamın adını bir yerə versələr ölmərəm. Məktəbə versinlər ən azı orda oxuyanlar bilsinlər ki, belə bir
şəhid olub. Hektarlarla torpaq alıblar.”
Danışdıqca xatirələr bir-birini çözələyirdi, xatirələr bitmirdi ki, bitmirdi.
“Bir dəfə qaynanam bizə gəlmişdi. Düşbərə eləmişdim. Bir də gördüm ikinci oğlum Hüseyin dedi ki, ana aşağı düşüb qalxıram. Dedim
yemək hazırdı. Dedi qalxıram. Sən demə Mahir gəlib deyib anama demə surpriz eləyək. Bir də gördüm gəldi. Elə həmin vaxt idi məzuniyyətə
gəlmişdi. Heç bir düzəmməli üzünü görmədim. Yoldaşları ilə görüşüblər. Amma məzuniyyətə gələndə üzündə bir kövrəklik vardı. Yoldaşları da
deyirdi ki, biz də bunu hiss etmişdik. Ona təzə ev paltarı (spartivni) almışdım. Elə gözəl yaraşırdı. Elə gözəlləşmişdi ki, balam. Deyirdi ay ana elə
oğlan doğubsan ki, qızlar az qalır kirpiklərimi çəksin çıxartsın (Mahir anasına hədsiz dərəcədə bənzəyirdi).Rayonda olsam da gəlirdim ki, ev-eşiyi
elə təmiz saxlayıb. Atasının yeməyinə qədər bişirirdi mən olmayanda.
Evdə tək olanda rahat oluram. Uşağımı deyib ağlayıram. Pəncərədən baxanda elə ancaq onu gözləyirəm ki, Mahir gələcək. Kimsə yüyrək,
sevincli gələndə elə bilirəm ki, mənə şad xəbər gətirəcəklər ki, Mahir sağdı.”
Sayıtlarda səhv məlumatların olmasından narahat olan Lalə xanım bildirir ki, nişanlı olduğunu, Naxçıvanda doğulduğu (atası
Naxçıvanlıdır) kimi yanlış məlumatlar yazılır. Sayta zəng vurub soruşmuşdum ki, “axı siz hardan bilirsiniz ki, Mahir nişanlı olub”. Xahiş edirəm
bilmədikləri məlumatları yazmasınlar. Bu biz valideynləri incidir.
“Mən uşaqlarımı ərköyün böyütməmişəm” deyən şəhid atası Qədir Quliyev bildirdi ki, “biz sadə bir ailəyik. Ömrüm boyu fəhləçiliklə bala
saxlamışam. Mahir universitetə qəbul olanda çox sevinirdik. Ancaq ödənişli fakültəyə qəbul olunmuşdu. Bu səbəbdən də bizə əziyyət verməmək
üçün gedib restoranda axşamlar ofisiant işləyirdi. Özü də çox fəal və bacarıqlı uşaq idi. Həm də bir az teatrallığı var idi. Ölkədə elə adam olmazdı
ki, onu təqlid eləməsin. Hər kəsi öz səsi ilə, ədası ilə elə təqlid edirdi ki...Oxuduğu təhsil ocaqlarında hər zaman KVN komandası yaradardı. Onun
olduğu yerlərdən gülüş, zarafat əskik olmurdu. Əsgərliyə yola salanda elə tələsirdi, bir sevinə-sevinə yola düşdü ki... Deyirdi ki, yaşıdlarının 509
əksəriyəti Vətən borcunu verib gəlib, o da gedib Vətənin borcundan çıxmaq istəyir...Onu ən çox sıxan cəbhə bölgəsində əsgərlərimizin şəhid
olması idi. Xəbər saytlarında müharibə bölgəsində şəhid olanlar haqqında məlumat görəndə dünyası dəyişirdi. Deyirdi ki, barı bu şəhidliyin
əvəzində torpaqlarımız alınaydı. Özü cavan oğulların şəhidliyinə dözmürdü... İndi biz onun yoxluğuna və ucaldığı Şəhidlik Məqamına dözürük...
hətta onun şəhidliyi bizə və elimizə bir şərəf də gətirib. Mahir mənim arxam-köməyim idi. Bizimki bundan sonra həyat olmayacaq,
sürünməkdir.Onsuz yaşamaq çox ağırdır, hara baxıramsa Mahiri görürəm, hər yer mənə Mahiri xatırladır.
Aprelin 2-də xəbər aldıq ki, Mahir ayağından yaralanıb. Anası, qohumlarım yığışıb getdik onun hərbi təlim keçdiyi Tərtərə. Kimdən
soruşduqsa, gördüm deyən olmadı. 3 gün Tərtər, Yevlax, Gəncədə döymədiyimiz hərbi hissə qapısı, baxmadığımız xəstəxana qalmadı. Ancaq kimsə
bizə bir söz demirdi. Sonradan-sonraya dedilər ki, sizin oğlunuzun adı itkinlər siyahısındadır. Və artıq əlim hər şeydən üzüldü... Lakin yox
olmasını heç cür xəyalımda canlandıra bilmirdim. Anası Lalə isə hələ isti-isti olduğundan "itkin" sözünün mənasını dərin anlamamışdı. O hələ
Mahiri gözləyirdi.”
Qonşuları Sara xanım bildirdi ki, “Bunlar o qədər çətinlik görüblər ki, şahidi mən olmuşam. Elə indi-indi özlərinə gəlirdilər. Şükür
Allaha deyirdilər ki, daha Mahirin əli çörəyə çatıb. Kaş özü sağ olaydı... O bir başqa bala idi. Hamımızın sevinci, güvən yeri idi. Bütün qonşular
ondan razı idi. Böyük-kiçik yeri bilən idi. Üzü qara olsun müharibənin, gör neçə igidimizi apardı... Barı bundan sonra o erməni separatçılarından
torpaqlarımızı alsalar, deyərik ki, nahaqdan getmədi. Həmin günlərdə bizim həyətdə bir təlatüm var idi ki... Bayraqlar dəniz kimi dalğalanırdı...
Mahiri təmtəraqla qarşılayıb, elə adına layiq də yola saldılar. Üçüncü Fəxri Xiyabanda dəfn olundu. Üçüncü dərəcəli ordenlə təltif olundu...
Lalənin ağlamaqdan ürəyi qana dönüb. Heç cürə evdə sakitlik tapa bilmir. Qadir də işləmir. Yasamal rayonunun əlaqədar və səlahiyyətli
orqanlarına dəfələrlə müracitə etsələr də, bu ailənin üzvlərinə, bu şəhid valideynlərinə adicə bir fəhlə işi də verən yoxdur ki, barı evdən çıxıb
gedib, bir az dərdlərini unutsunlar. Onsuz da bu çəkiləsi dərd deyil, Mahir unudulan deyil, ancaq, bu qədər də etinasızlıq etməzlər axı...”
(Mahir şəhid olarkən anasının 38 yaşı vardı. Belə dərd bu yaş üçün çox ağırdı axı Allahım)
Azərbaycan məktəbliləri hərbi xidmətdə olan əsgərlərə məktublar yazırlar. Belə məktublardan birini də 19 nömrəli orta məktəbin 4-cü sinif
şagirdi Fatimə yazıbmış. O məktub da Mahirin qismətinə düşüb: "Salam ƏSGƏR. Mənim adım Fatimədir. Mən sənə məktub yazmaq istəyirəm.
Necəsən? Kefin necədir? Əyin-başın qalındırmı? Bilirsən niyə "ƏSGƏR" sözünü böyük həriflə yazıram? Çünki bu sözü eşidəndə qürurlanıram.
Mən sizə, yəni əsgərlərə böyük qiymət verirəm. Mən bunu heç vaxt unutmaram ki, biz isti və rahat yerimizdə yatarkən, siz əlinizdə silah səngərdə
Vətənin keşiyində durursunuz. Ata-anan səni yəqin qürurlu, mərd bir övlad kimi böyüdüb, biz bu gün yatağımızda rahat yata biliriksə, bu da sizin
sayənizdədir. Mən də istərdim ki, əsgər bacısı olub, qardaşıma əsgər məktubu yazım. Mən Azərbaycanla fəxr edirəm, çünki sizin kimi böyük
oğulları yetişdirib. Eşq olsun AZƏRBAYCAN ƏSGƏRİNƏ!. Hörmətlə, Fatimə".
Bu bir azərbaycanlı məktəblinin ƏSGƏRƏ verdiyi dəyərdir.
Mahir bu məktubu anasına verəndə demişdi: "Ana əsgərlikdən qayıdanda gedib bu qızı tapıb, ona gəlincik alıb verəcəyəm”... Lalə xanım
bildirdi ki, Dekabrın 21-də oğlumun 23 yaşını onsuz qeyd etdikdən sonra, həmin balaca Fatiməni tapıb, Mahirin almaq istədiyi gəlinciyi ona
bağışlayacaq.
Lalə xanım oğlu ilə bağlı hadisələri danışanda Cavid gəldi evə. Ancaq yaxına gəlmədi. Bilirəm ki, danışa bilməyəcəkdi. Göz yaşları imkan
verməyəcəkdi.
Mahir Quliyev 2016-cı ilin 8 aprel tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. O, Seysulan
kəndində aparılan əməliyyatlar zamanı qəhrəmanlıq göstərmişdir. Mahir Quliyev ermənilərin zirehli texnikasını — tankını məhv etdikdən sonra
yaralanmışdı. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib. Şəhidin nəşi 3 gün təmas xəttində qalmış və 8
aprel tarixində saat 3:00-dan 20:00-a qədər tərəflər arasında əldə olunan atəskəs razılaşması zamanı şəhidin nəşi götürülərək ailəsinə təhvil
verilmişdir.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
510
511
512
513
(Müəllif şəhidin ailəsini ziyarət edərkən)
514
(Müəllif şəhidin məzarını ziyarət edərkən)
ƏSGƏR VÜSAL İLHAM OĞLU ALIYEV
“Həqiqi namuslu insan ailəsini özündən,vətənini ailəsindən, insanlığı isə
Vətənindən uca tutmalıdır.” (Jan Leron Dalamber)
Doğum tarixi: 4 oktyabr 1996-cı il. Şəmkir rayonu 515
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 9 aprel 2016-cı il. Kür qəsəbə qəbristanlığı
Qoşun növü: A.R.Quru qoşunları.
“ Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.
Subay idi.
Şahnaz Alıyeva (anası): “1987-ci ildə əmim oğlu İntizam Alıyevlə ailə həyatı qurduqdan
sonra Rusiyaya getdik. Azərbaycan nizamsız Qarabağ döyüşlərinə başlayanda, Milli Orudumuz da
yenicə yaranırdı. Bu Ordunun içərisində könüllülər briqadaları da yarandı. Buna görə də İntizam məni
də uşaqları da 6 yaşlı qızı Tatyananı və 4 yaşlı oğlu Röyalı da götürüb qayıtdıq vətənə. Tovuzun
Qovlar kəndindəki ata evinə. Özü isə könüllülər briqadasında vuruşmağa başladı. İntizam
torpaqlarımıza yiyələnmək istəyənlərin arzularını gözündə qoyurdu. 1994-cü ilin iyul ayına qədər
döyüşdü. Gecəsi-gündüzü olmadı. İyul ayının 14-də şəhid oldu. İkimizin də əmisi oğlu, Şəmkirin
Tatar kəndində yaşayan əkiz qardaşlardan biri - Bilal Alıyev də Qarabağ müharibəsində 1993-cü ildə
şəhid oldu. Qara günlərim başladı, nə başladı... Müharibə dövrünün ağır həyat tərzi, pis güzəran,
yoxsulluq, qayınamagildə olan söz-söhbət.... İki il sonra ailənin böyükləri, yığışıb belə qərara gəldilər ki, məni balalarıma və mənə sahib çıxacaq
birilə evləndirsinlər. Əlacsızlıqdan böyüklərin sözündən çıxmadım, iki uşaq ilə ata evinə qayıdası deyildim ki... İlhama ərə getməyə razılıq
verəndən sonra bəlalı və keşməkeşli günlərim yenə başladı. Əkiz oğlanlarım dünyaya gəldi. İlhamla heç yola gedə bilmədik. Atdığım səhv addım
mənə baha başa gəldi. Bir müddət keçmişdi, İlham başqa qadına getdi. İntizam Alıyevin soyadından çıxmamışdım. Hətta təzə doğulmuş əkizlərim
Vüsal və Vüqarı da onun soyadına yazdırdım. Uşaqlar da Alıyev soyadının daşıyıcıları oldular. Tovuzun Qovlar kəndindəki küçə və bir məktəb
şəhid İntizam Alıyevin adını daşıyırdı. Mən də Tovuz rayonunda şəhid ailəsi kimi mənə verilən müvəqqəti sığınacaqda yaşamağa başladım.
Demişdilər ki, şəhid ailəsi kimi daimi ev də verəcəklər. Dörd balamı dolandırmaq üçün, evin həyatyanı torpaq sahəsində əkin-biçin elədim...
Yaşamaq üçün şərait yaratdım. Yavaş-yavaş uşaqlar da böyüdü. Şəmkirdən olan qohumlarımın məsləhəti ilə Kür qəsəbəsində verilən yeni torpaq
sahəsinə köçdük. Beləliklə, Kür qəsəbəsində məskən saldıq. Röyalın əli iş tutandan sonra, Rusiyaya, çörək dalınca işləməyə getdi. Röyalı
evləndirdim, gəlin gətirdim. Röyal Rusiyada çörəkpulu qazanırdı, Vüqar isə rayonda işləyib evə yardım edirdi, Vüsal isə həyət-bacada əkin-biçin 516
işlərinə, kənd təsərrüfatına kömək edirdi. Qızım Tatyana da ərə gedib. Təzəcə ağır günlərimi unudurdum, balalarım dadıma çatırdı. Məhəllədə
ekizlərə yeni ev tikməyə başlamışdıq. Bu evin bütün əziyyətini, çətinliyini çəkən, evin divarını hörüb qaldıran isə Vüsal oldu. 2014-cü ilin
oktyabrın 4-ü əkizlərin 18 yaşı tamam oldu. Oktyabrın 6-si isə onları əsgər yola saldım. Mart ayının sonu Röyal pul göndərdi ki, aprelin 1-i əsgəri
xidmətlərini başa vurub gələn qardaşlarımı layiqli qarşıla. Aprelin 1-i səhər o başdan gedib bazarlıq elədim. Sonuncu dəfə danışığında hansı
yeməyi istədiklərini soruşdum. Vüsal “Ana sənin paxlavanın yerini heç nə vermir” dedi. Gəlinim Sevinclə köməkləşib, günortaya qədər paxlavanı
da hasilə gətirdik. Royal 1 saatdan bir zəng edib, qardaşlarının gəlib-gəlmədiyini soruşurdu. Axşamüstü Vüqar və Vüsal zəngi edib dedilər ki,
gələsi olmadılar, onları təlimə aparıblar. Əlim-qolum qırılıb yanıma düşdü, bişirdiklərim qazanda qaldı. Və sonra bildik ki, ermənilərlə təmas
xəttində döyüş başlayıb. Bir həftə əvvəldən əsgərləri ölkənin müxtəlif istiqamətlərində yerləşən hərbi hissələrdə təlimlərə aparıblar. Təlimin 5-ci
günü komandanlıqdan xəbər gəlib ki, döyüş istiqaməti var. Əsgərlər arasında həyəcanlanan da olub, sevinənlər, sevincdən bir-birini qucaqlayıb
öpənlər, “Vətən, əsgərlərin səni xilas etməyə gəlir” deyənlər də olub. Bölmə komandiri heykəltəraş Samir Kaçayev dəstəsini başına yığıb,
əsgərlərlə təbliğata başlayıb. Balalarım da Samirin komandirlik etdiyi dəstədə olublar.
Aprelin 9-u balamı dəfn etdilər. Mən dövlətimdən, elimdən-obamdan çox qayğı, hörmət gördüm. Vüsalın tabutunu qarşılamaq üçün Şəmkir
rayon mərkəzinə 583 avtomobil getmişdi. İnsanlar oraya axın edəndə görüblər ki, icra başçısı başının dəstəsi ilə oğlumun tabutunu gözləyir. Dili
söz tutan, ayaqları yer tutan balaca uşaqların da əllərində Azərbaycan bayrağı, dillərində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı var idi. Şəmkirli
qızı olduğuma görə, yenidən köçüb öz elimdə yaşadığıma görə qürur duydum. Biz hələ Kür qəsəbəsinin qeydiyyatına düşməmişdik. Ancaq Şəmkir
mənim oğlumu öz sakini kimi dəfn etdi. Oğlumla qürur duydum. Mən oğlumdan bir xəbər bilmək üçün Azərbaycanı bölgə-bölgə axtaranda,
insanlarda ruh yüksəkliyi gördüm, bütün avtomobillərdə bayraq asılmışdı. 1992-94-cü illərdə belə təntənə yox idi. İndi insanlar qələbəyə acdılar.
O vaxtdan bu vaxta kimi Tovuz rayonu məni İntizam Alıyevin şəhid ailəsi kimi hesaba almır. Adımı yazıb şəhid ailələri siyahısına,
demişdilər ev verəcəklər, balalarım böyüdü, ev hələ də yoxdur. İli ilə satırlar. Bizə müvəqqəti sığınacaq vermişdilər, sənədi -sübutu ilə təhvil
verdim. Evin məhləsindəki əl damını və əkib-becərdiyim əlavə torpaq sahəsindəki bağ-bostanımı ucuz qiymətə satıb, gəlib burada yurd saldım.
Mənə deyirlər ki, evi satmısan. Mənim ev növbəmi əlimdən almaq üçün bəhanə edirlər. Dedim ki, belə deyil axı, hökumətə məxsus evi kim sata
bilər ki, mən də satım. Ondan sonra, hələ də deyirlər ki, gözlə...
Vüsal balalarımın ən seçilmişi idi. Şəmkirin Tatar kəndindəki digər qohumunun yeganə övladı Nurlan Qasımov da Vüsalla eyni gündə
şəhid olub. Nəslimizdən 4 şəhid var.(http://pia.az/%E2%80%8Bsehid-olsam,-anama-deyin-arxamca-aglamasin-148516-xeber.html).
Vüqar aprelin 1-də zəng vurub dedi ki, “ana qardaşım yaralıdır, xəstəxanadadır, onu tapım gələcəyəm”. Qohum-əqrabamı yığıb Tərtərə
getdim, “oğlunu gördüm” deyən olmadı. Oradan Ağdamın Sarıcalı xəstəxanasına getdim... İki dəfə Bakıya gedib-qayıtdım. Qarşıma kim çıxdısa,
yalvardım ki, “Müharibədir, hər şey ola bilər, oğlum ölübsə ölüsünü verin, diridirsə, dirisinin yerini deyin. Mən Vətənə şəhid verməyə
öyrənmişəm. Təkcə deməyin ki, neytral zonadadır. Balamı ermənilərə yem etməyin”. Ancaq hərbçilərdən kimsə dedi ki, “oğlun neytral zonada
qalıb”. Diz çöküb Allaha yalvardım. Əhd etdim ki, oğlunun meyitini tapıb gətirsələr, Allaha minnətdarlıq olaraq oruc tutacam. 8 aprel axşamı
balamı gətirdilər... Kür qəsəbəsi yarandığı gündən belə izdiham görməmişdi.
Böyük oğlum Röyal da Rusiyadakı işini atıb, ailənin başına qayıdıb gəlib. Vüqarı Şəmkir rayon İcra Hakimiyyəti işlə təmin edib. Onları
şəhidlər üçün olan ev siyahısına da yazıblar. İndi Vüsalın məzarının üstünə bir naməlum qız gəlir, hər cümə axşamı məzarın üstünə çiçəklər düzüb
gedir. Bəlkə elə Vüsal da cib dəftərinə qara qələmlə bu qızın şəklini çəkib”
Elşad Cəfərov (qardaşlarla birlikdə hərbi xidmət keçən dost) : “Mən Elşad Cəfərov Vüqar və Vüsalla yaxın dost idim. Vüsal şam 517
yeməyində yaman sevinirdi. Mahnı oxuyurdu, uca səslə deyirdi ki, gedirik QƏLƏBƏYƏ, gedirik, Şəhid olmağa! Səhərisi bizi sıraya düzüb, döyüş
bölgəsinə Tərtərin Qapanlı kəndi ərazisinə gətirdilər. Əvvəlcə tanklar qabağa keçdi, minalanmış zonalar təmizləndi. Biz isə tankların izi ilə,
qabağa getdik. Aprelin 1-dən 2-nə keçən gecə idi. Qızğın döyüş gedirdi. Erməni tərəfdən bizi silah yağışına tutmuşdular, minaaxtaranlar çox
çətinliklə irəliləyirdilər. Təbii ki, artıq ətrafımızda yaralanan əsgərlər və şəhid olanlar var idi. Axıra 10-15 nəfər qalmışdıq. Yanımda bir nəfər
əsgərin yaralandığını gördüm. Məndən kömək istəyirdi, dönüb əlimi ona uzadanda, məni də vurdular. Yanımdakı əsgər isə şəhid oldu. Qolumdan
yaralanmışdım. Erməni tərəfin atdığı atəş məni tutdu. Gözümü yumub kəlmeyi-şəhadətimi söylədim, elə bildim ki, ölmüşəm. Bir neçə dəqiqədən
sonra gözümü açdım ki, nəfəsim gəlir. Artıq arxadan geri çəkilmək əmri gəlmişdi, lakin ermənilərin atəşinə görə tərpənə bilmirdik. Bu zaman
komandirlərimizdən biri kapitan Nizami Qəhrəmanov erməni tərəfə top atəşi atdırdı, tozanaq qopdu, yanımızda olan yaralı və sağlam əsgərlər
mövqeyimizə çəkildik. Biz xeyli ərazini azad etmişdik. Zabitlərimiz bizi çox böyük məhəbbətlə qarşıladılar, qucaqlayıb bağırlarına basırdılar,
sevincdən ağlayırdılar. Yaralı əsgərlərin yaralarından öpürdülər. Xəstəxanada yatanda tabor komandirinin müavini Samiddin Zamanov yanımıza
gəlmişdi. Əyilib yaralı qolumdan öpdü.”
Vüqar (əkiz qardaşı): “Biz hamımız sevinirdik ki, müharibəyə, döyüşməyə gedirik. Bir il yarım yeyib-içib yatmışdıq. Bu borcu
qaytarmaq vaxtı gəlmişdi. Döyüşə girməzdən əvvəl Samir Kaçayev bizə dedi ki, “şəhid olsam, məni neytralda və ya düşmən əlində qoymayın”.
Komandirimiz idi, aramızda böyük xətir-hörmət var idi. Dost idik onunla, çox vətənpərvər, qeyrətli oğlan idi. Eyni xahişi biz qardaşlar da ondan
elədik. Vüsal isə mənə dedi ki, “hansımız şəhid olsaq, anamıza deyərik ki, dalımızca ağlamasın, şəhidə ağlamazlar, şəhidlik uca zirvədir”. Bizim
bölükdə çox mehriban şərait var idi, komandirlərimiz də, əsgərlər də bir-birinə “can” deyib, “can” eşidirdilər. Çünki bilirdik ki, hərbi xidmətdən
qayıtdıqdan sonra, nə vaxtsa üz-üzə gələcəyik. Elə ilk döyüşdə əziz dostumuz Samir Kaçayev gözümüzün qabağında şəhid oldu, düşmən
snayperinin atəşi onun başından dəymişdi. Qardaşım dedi ki, tez Samiri çıxart döyüş bölgəsindən. Yanımızda söz haqqı var idi. Tez Samiri
çıxardım döyüş zonasından. Anasının yeganə oğlu və bizim gözəl dostumuz şəhid olmuşdu. Vüsal qumbara atan idi. Onun sərrast qumbara atması
var idi. Çox uzaq nöqtəyə ata bilirdi. Sən demə müharibə belə olurmuş, yanında ən sevimli dostun ölür, onun ölümünə inanırsan və cansız
bədənindən ayrılıb, gedirsən yenə vuruşmağa. Torpaq dostdan da, anadan da, qardaşdan da şirin olurmuş. Mən də Samirin cansız bədənini arxada
gözləyən hərbi və mülki maşınlar dayanan hissəyə gətirib, təhvil verdim. O məqamda artıq qardaşım Vüsal irəliləyib qabağa getmişdi...
Seysulana bayraq taxılanda komandirimiz Samir sağ deyildi. Qardaşım Vüsal isə bunu görmüş, bayraq taxılan yerdə qol götürüb
oynayıbmış. Ətrafımda yaralı əsgərlər və şəhidlər var idi. Yaralı döyüşçü, Zaqatalanın Muxax kəndindən olan, anasının bircə oğlu Rəvan Nurayev
qollarımın arasında can verdi. Sevinə-sevinə “mən şəhid oluram” deyib, gözlərini yumdu. Və sonra qazaxlı balası Orxan Əliyevin şəhid olduğunu
gördüm. Onu da meydandan çıxardım. Neçə gün qardaşımı axtardım. Gizli, sürünə-sürünə daha 4 yüngül, 8 ağır yaralı çıxardım. Mənim yanımda
Masallı rayonundan olan Ülvi Qüdrətzadə var idi. Bir də ki, tibb məntəqəsinin iki əsgəri. Mən qolumdan yaralı idim. Məntəqədə dedilər ki, gəl
müalicə olun, etiraz etdim. Getdim qardaşımı axtarmağa. Gücümüz çatan qədər daşıdığımız əsgərləri hərbi və mülki maşınların yanına gətirib,
təhvil verirdik. Öz qardaşımı isə tapa bilmədim. Sonda əliboş, ümidləri üzülmüş halda geri döndüm. Mənə dedilər ki, qardaşım erməni ilə üzbəüz
dərəyə yıxılıb, yaralı qalıb orda. Məni yandıran odur ki, qardaşım dörd gün neytral zonada yaralı qalıb, əzabla can verib... qardaş itirdiyimə çox
üzgünəm, haraya baxsam, yeri görünür... Biz bir-birimizlə nəfəs alırdıq. Nəfəsim tükənib. Ancaq ki, şəhidliyindən qürurur duyuram. Onun zirvəsi,
onunla birlikdə şəhid olanların zirvəsi, bütün Qarabağ şəhidlərinin zirvəsi təkcə Tanrıdan uca deyil. Tanrı yanındadır. Onlar Tanrı dərgahına
ucalıblar. Ən uca zirvədə dayanıblar. İndi də müharibə gözləyirəm. Qardaşımın, atamın qisası var. İntizam Alıyev mənim mənəvi atamdır. Onun
adı bizim ailədə çox əzizdir. Bizi dünyaya gətirən ataya isə dönmək belə, istəmirəm. Bizim o qədər ağır günlərimiz olub ki, dərdimizi, yükümüzü
anam çəkib. Qardaşım əsgər olanda ona zəng vurdu ki, “ata gəl səni görüm”, gəlmədi.... Bundan sonra heç gəlməsin. Nəyimə gərəkdir.
Müharibədən bircə salamat baş gətirmişəm, onu da belə mənası olmayan savaşlara həsr etmək istəmirəm. Kimdir məni eşidən, kimdir, məni
dinləyən? Ancaq yaralı əsgərlərin əksəriyyəti məni unutmayıb. İndi də onlarla əlaqələrimiz var. Mən o şəhidləri çıxaranda, yaralılara yardım
edəndə insanlıq borcumu yerinə yetirirdim, mükafat haqqında fikirləşmirdim. Mükafatı qardaşım Vüsal qazandı. Halal xoşu
olsun!”.(http://www.anl.az/down/meqale/olaylar/2016/dekabr/519521.htm- Olaylar.- 2016.- 16 dekabr.- S.15).
Vüsalın cib dəftərindəki bir bənd şeiri qeyd edirəm:
Süfrənin başında görməsən məni,
Çəkilib kənara ağlama ana!
Soruşan olsa ki, oğlun hardadır?
Qürurla söylə ki, əsgərdi balam.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
518
ƏSGƏR NAZİM NADİR OĞLU ZƏKARAYEV
“Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir. ”
Doğum tarixi: 31 avqust 1997-ci il Şamaxı şəhəri. 519
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 9 aprel 2016-cı il. Şamaxı şəhər Şəhidlər Xiyabanı
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
1997-ci il təvəllüdlü, 2015-ci ilin oktyabrında Şamaxı rayonundan hərbi xidmətə
çağırılan Zəkarayev Nazim Nadir oğlu aprelin 9-da doğulduğu Şamaxı şəhərində dəfn
edilib.
Nadir Zəkarayev (atası): “Böyük oğlum olduğumdan Nazimə çox güvənirdim.
Özümlə iş görməyə, qoyun-quzu nobatına aparırdım. Ancaq uşaq nə qədər götürümlü,
zəhmətkeş olsa da, fikri –zikri oxumaqdaydı. İstəyirdi ki, hüquqşünas olsun. Kitab-dəftər
də əlindən düşmürdü. Hələ hərdən bir yaşadıqları məhəllədə yaşıdlarının arasında mübahisə
olanda, kiminsə sözü çəp gələndə, haqqın tərəfində dayanıb, dürüst hökm də çıxarırdı, sülh yaradırdı. Lakin... oxuda bilmədim. Dedim “bala, get
əsgərliyini çək gəl, indi ailəni güclə dolandırıram. Bakıda oxusan, sənin xərcini çatdıra bilmərəm. Uşaq oxutmaq asan deyil. Əsgərlikdən qayıdıb,
oxuyarsan, inşallah!!!”... O da razılaşdı.
Babası Rəhmanın öyüdlərindən, danışıqlarından doymazdı. Hələ 5-ci sinifdə oxuyandan babası onu güləş məktəbinə aparırdı. Şamaxıda
həmişə güclü güləş məktəbləri, ustadları olub. Əməlli-başlı güləşin sirlərinə də yiyələnmişdi. Əvvəllər şəhər birinciliklərində, sonra rayonlarası
yarışlarda, daha sonra isə respublika üzrə güləş turnirlərində qələbə qazanırdı, ancaq qələbələr gətirirdi evə.
Nazim də müharibə dövrünün uşağı idi. Dost-aşna arasında söhbəti-sözü vətənlə başlayıb, müharibə, dava ilə qurtarırdı. Əsgər gedəcəyi
gecəni sabaha qədər yatmadı... Gözə yuxu gedərmi...
Qonşu Göylər kəndindən olan Elşən Səmədov da onunla bir hərbi hissəyə düşmüşdü. İki şamaxılı bir-birinə arxa olublar orda. Noyabrın
15-də andiçmə mərasimində bütün qohum-əqraba yığışıb, Tərtərə getdik. Nazim hərbi hissədən 8 nəfər əsgəri də özü ilə gətirdi qohum-əqrabanın
yanına. Süfrə açdıq, yedilər-içdilər, güldülər-danışdılar. Hərbi hissənin komandiri də hərdən gəlib nəzakət xatirinə bizə baş çəkirdi. Komandir
demişdi ki, “qardaş buradakı bütün əsgərlər mənim balamdır. Nazimin yeri isə bir başqadır. Dağ oğlu ki, dağ oğlu... Şamaxının havası, suyu var
canında... nümunəvi əsgərdir. Axıra qədər özünü belə aparsa, tezliklə, ona məzuniyyət də verəcəm...”.
Nazim arada anasını kənara çəkib ki, hərbi hissədə kəşfiyyata yazılmaq istəyir. Anası da etiraz edib ki, “yox, sənin kəşfiyyatda nə işin var, 520
əlindən hər iş gəlir, ustasan, mebel düzəlt, hərbi hissənin sınıx-salxaq işlərini gör”. Ancaq sən demə Nazim artıq adını kəşfiyyata yazdırıbmış.
Aprelin 3-dən sonra əmim Rəhmanla getdik uşağın olduğu yerlərdə izini axtarmağa. Gördüm deyən olmadı. Nə ölü, nə diri siyahısında
tapdıq. Ayın 9-u uşağı tabutda gətirdilər ki, götürün oğlunuzu. Belimi sındırdı, ümidlərimi yerlə-yeksan etdi. Hər sözümü-sirrimi bölürdüm,
məsləhət alırdım. Sənətimi öyrətmişdim ona. Hər işi səliqəli idi. Ağac-taxta parçasına bir naxışlar atardı ki... nə iş görsə gözəl alınırdı. Mənim
arxam-köməyim idi. “
Şahxanım Zəkarayeva (anası): “Görüşdən qayıdandan sonra, yuxularımı qarışdırdım. Tez-tez qarışıq yuxular görməyə başladım. Fevralın
axırı idi. Yuxumda gördüm ki, “müharibədir, oğlumu vururlar...”
Martın 15-də nümunəvi xidmətlərinə görə Nazim hərbi hissədən 5 günlük məzuniyyətə gəlmişdi. Babası o dəqiqə uşağın ayaqlarının
altında bir qurban kəsdi. Və həm də əhd elədi ki, qurbanın birini də əsgərlikdən sağ-salamat qayıdanda kəsəcək...İndi ən çox yadımızda qalan o 5
gündür. Həmin 5 gün ərzində bütün qohum-əqrabaya, qonum-qonşuya, dost-tanışa baş çəkib, hərənin evində 10 dəqiqə oturub.
Ayın 20-si Nazimi səhər yola saldıq bu qapıdan... getdi qapıya, bir də qayıtdı... bir neçə dəfə gedib-qayıtdı... Elə bil ürəyinə nəsə dammışdı.
Ancaq ona dedim ki, bala özünə yaxşı bax, özünü qoru. Mənə dedi ki, “ana, məndən arxayın olun, mən sizin adınıza ancaq şərəf gətirəcəyəm”.
Nazim gedəndən sonra yuxum ərşə çəkildi. Ayın 1-i idi. Bilmirəm nə olmuşdu, elə hey ağladım. Öz-özümə o qədər ağladım ki... Axşamüstü
bildim ki, dünya qarışıb bir-birinə... Ayın 3-ü bir qohumumuz dedi ki, Tərtər tərəfdə vəziyyət çox gərgindir. Biz də zəng vurduq uşağın
komandirinə... Bizdə olan telefon nömrələrinin heç biri cavab vermədi. Belə olanda yoldaşım durub getdi Tərtər bölgəsinə”.
Səkinə xanım (nənəsi): “Mənim xatirələrim dağı-daşı yandırar. Mənə Allah qismət yazmadı. Qızım Şahxanımın 3 yaşı olanda, atasını aldı
əlimdən. Şahxanımı ərə verdim, gözüm-könlüm açıldı. Nəvələrim doğulanda dedim ki, bircə qızım xoşbəxt oldu. Amma fələk qızımla da yola
getmədi, 19 yaşlı balamı deyə-gülə əsgər yola saldım, onu da əlimizdən aldı. Balamın nə yaşı var idi ki, indidən bala dağı görəydi. Mən heç
bilmədim ki, o uşaq niyə birdən-birə elə böyümüşdü. Kürəkləri genəlmişdi, boy-buxunu artmışdı. Soruşdum, dedi ki, “nənə idmanla məşğul
oluram, hərbi hissədə də yeyib-içirik, kef edirik”. Gecəni qoynuma salıb yatırdım. Səhərə qədər qollarımı balınc elədim. Başının altından
çıxarmadım. Mən yuxuya getdim. Sonra durub gördüm ki, o hələ yatmayıb. (https://www.picuki.com/tag/LAC%C4%B0Nbizimdir).
Rəhman Zəkarayev (babası): “Hə... ağır günlər oldu. Ayın 3, 4, 5, 6-sı Tərtərdə, cəbhə bölgəsində olduq. Ürəyimə dammışdı. Ancaq
inanmaq istəmirdim. İnsanlarda böyük ruh yüksəkliyi gördüm. Hamı maşınlara yığışıb vuruşmağa, torpaqları azad etməyə gedirdi. Gedəni də üzü
bəri qaytarırdılar ki, hələ könüllülərə ehtiyac yoxdur. Millətimiz bir oldu, əsgərlərimiz düşmənə, dünyaya gücünü göstərdi. Nazim bir başqa bala
idi. Aramızda pərdə var idi. Mənə söz deyəndə də çəkinə-çəkinə deyirdi. Müharibənin öz qanunları var. Oğulu Vətəni müdafiə etmək, qorumaq
üçün böyüdürük. O günü Şamaxıya həm də qohumumuzun oğlu Elşənin tabutunu gətirmişdilər. Azərbaycan bayraqlarına bürünmüşdü küçələr.
Şirvanda qalibiyyət bayraqları ucalmışdı. Biz o xəbərin acıyıq, biz Qələbə möhtacıyıq. El-oba tökülüşüb gəldi, çox böyük ehtiramla, hörmətlə
oğlumuzu dəfn etdik. Allah millətimizdən, dövlətimizdən razı olsun. Bu qədər təntənə ilə, şəst ilə qapımıza gəlib, uşağımıza şərəf verdilər. Ancaq
uşağımız da elə Vətənə şərəf oldu. Nazim başqa cür ola da bilməzdi. Onu biz halal çörəklə böyütmüşük. Halaldan haram bitməz. O şəhid oldu ki,
Vətən yaşasın, gərək sona qədər gedəydilər... Ümid edirəm ki, gedəcəklər...
Onun dəfnində dünyanın bir çox ölkələrindən – Albaniya, Almaniya, Türkiyə, Rusiya, Özbnəkistan, Gürcüstan və Polşadan olan tarixçi
alimlər iştirak edirdilər. Onlar Şamaxıda keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1924-1920-ci
illər)” adlı III Beynəlxalq elmi konfransa dəvət olunmuşdular.”
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
521
(Şəhidimizin valideynləri)
522
ƏSGƏR ELŞƏN SƏLİM OĞLU SƏMƏDOV
“Ən böyük igidik odur ki, məğlub olanda ruhdan düşməyib qələbə ümmidi ilə
yaşayasan.” (R.İngersoll)
Doğum tarixi: 20 iyul 1997-ci il. Şamaxı rayonu, Göylər kəndi
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər rayonu istiqaməti
Dəfn edilib: 9 aprel 2016-cı il. Şamaxı rayonu Göylər kəndi
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
Səlim Səmədovun oğlanları, əsgərliyə bütün yaşıdları kimi ata evindən deyil, 523
ailələrinin kirayə götürdükləri çadırdan yola düşmüşdülər. Ailənin başçısı Səlim
çobandır. Özünün mal-qara sürüsü olmasa da, mal-qara saxladan sahibkarlara
ailəliklə çobanlıq edirlər. Çöl-biyaban, çobanlıq, tərəkəməlik həyatı onlara ev tikməyə, yurd salmağa imkan verməyib. Çünki əllərində artıq
pulları, gəlirləri olmayıb ki, bir yurd, od-ocaq sahibi olsunlar. Göylərdəki ata mülklərinə isə Səlimin bir neçə bacı-qardaşı göz dikib. Səlim isə 22
il ərzində ona yoldaşlıq edən həyat yoldaşı Süsən ilə gələcəkdə özlərinə ev-eşik qurmaq arzusu ilə çabalayıblar. Hər iki oğlunu da Göylərdən
deyil, Saatlıdakı çobanlıq etdikləri çadırdan yola salıblar.Aprel ayının əvvəllərində Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək uğrunda
müqəddəs savaşı başlayanda, onların dünyadan xəbərləri yox idi. Başları sahibkarın qoyun-quzusunu rahatlamağa, otarmağa
qarışmışdı.Qardaşından qəfil aldığı zəngdən sonra Səlim cəbhə zonasında vəziyyətin gərgin olmasından xəbər tutur...
Fizzət xanım (dayıdostu): “Bunların 4 oğlu,1 qızı var. Kasıbın nəyi olmasa da, uşağı olur, şükür Allaha. Kiçik oğlu Amidi göndərib
Bakıdakı əmisinin yanına ki, bəlkə məktəb oxuya. Hələ məktəbə gedir. Elşən də bir pir-peyğəmbər kimi uşaq idi. Hansı buyruğa göndərsəydin,
gedərdi... Neynək, Vətənimiz sağ olsun...O uşaq şəhid olandan hamımızın növrağı dönüb. Mən bunların həm qonşusuyam, həm də dayıdostuları.
Vallah, evdə otura bilmirəm. Keçib gəlirəm ki, sızıldamağa-ağlamağa qoymayım. Heç dayana bilmirlər...
Süsən xanım (anası): “İyulun 16-sı onu əsgər yola saldıq. 3 aydan sonra böyük oğlum Rəfail əsgərliyini çəkib qayıtdı, gedib qardaşına baş
çəkdi. Elşən fevralın 21-i məzuniyyətə gəlmişdi. Martın 1-nə qədər bizimlə qaldı. Bizimlə qaldı deyəndə ki, günümüz qara oldu. Xəstələnib
gəlmişdi. Əlimizdə-ovcumuzda olanı da tökdük Saatlının, Sabirabadın xəstəxanalarının yoluna. Elşən məzuniyyətə gələn gündən burnunun qanı
dayanmadı. Bir də ki, nə yeyirdisə, qaytarırdı. Ancaq neyləsək də, həkimlər bir dərdini demədi. Martın 1-i atası aparıb hərbi hissəyə təhvil verdi.
Hər axşam bizimlə danışırdı. Ancaq martın axırı zəng edib dedi ki, Mingəçevirə təlimə gedirlər. Aprelin 1-dən sonra isə zəng vurmadı... Nigaran
qaldım ki, uşağım xəstə-xəstə əsgərlikdə görən nə əziyyət çəkir. Əlimiz hara çatır ki...
Səlim kişi (atası): “Məzuniyyəti qurtarandan sonra uşağı apardım sançasta (hərbi hissənin xəstəxanasını nəzərdə tutur - A.E.). Həkimlərə
dedim ki, bu əsgər xəstə idisə, özünüz sağaldaydınız, onu niyə xəstə halda evə buraxırdınız, axı məsuliyyəti sizin üstünüzdədir. 2 gün sançastda
yatandan sonra, onu yenə hərbi hissəyə göndərdilər. Ayın 3-ü Elşəndən bir xəbər bilməyəndən sonra hər gün Saatlıdan gedirdim Tərtər, Bərdə,
Goranboya. Aprelin 8-nə qədər axtarmadığımız yer qalmadı. 6 gün o yollarda balamı axtardım.
Elşən bizim bu Şamaxıdan Nazim Zəkarayevlə birlikdə qulluq edirdi. Həm də orda dost olmuşdular. Nazimgilin valideynləri yanına 524
gedəndə birlikdə şəkil çəkdirmişdilər. İkisi də şəhid oldu. Fələyin yazdığı yazını poza bilmərik ki... Hələlik yığışıb kənddə bir qarış torpaq əldə
edib, oturmaq fikrimiz var. Elşən qapımıza bütün dünyanın adamını axıdıb gətirdi, gərək xeyir-şəri olan adamların borclarını vermək üçün burda
qalaq. Amma yaşamağa yerimiz də yoxdur. Günümüz-güzəranımız qoyun otarmaqla, onun-bunun mal-qarasına baxmaqla keçib. Böyük oğlum
əsgər gedib qayıdıb, indi bu il üçüncü oğlum Rövşəni də əsgər aparacaqlar. Şamaxının İcra Hakimiyyətinə, kənd bələdiyyəsinə şəhid atası kimi
müraciət etmişəm ki, bir qədər torpaq ayırsınlar, ev tikib içinə yığışaq. Ola bilsin ki, pay torpağı da verəcəklər. İcra Hakimiyyəti bizi ev növbəsinə
də yazdı. Deyirəm, bəlkə bundan sonra, balalarımı qapılardan, çadırlardan yığım. Elşənin yas mərasiminə rabitə naziri gəlmişdi. Kəndin poçtunda
Rəfaili işlə təmin etdilər. İcra Hakimiyyəti o biri oğlumun da işlə təmin olunması üçün çalışır. Ölənlə ölmək olmur, birtəhər öyrəşəcəyik. Evimdə
üç oğlum böyüyür, demirəm ki, onlar da gedib şəhid olsun, ancaq müharibəni başlasalar, onlar da gedib döyüşəcəklər. Çox istəyərəm ki, Elşənin,
Nazimin, Samirin qan tökdüyü torpaqlar geri qayıtsın, bu qisas qiyamətə qalmasın... 2-5 aprel döyüşlərində Azərbaycan Ordusu 25 illik bir səddi
vurub keçdi. Orduda o gündən daha da yüksələn vətənpərvərlik ruhu bu gün də davam edir. Hər bir Azərbaycan əsgərinin ürəyi torpaqlarımızı
azad etmək eşqi və əzmi ilə çırpınır".(http://www.anl.az/down/meqale/525/2016/iyun/496846.htm).
Azərbaycanın azadlığı və Qarabağ uğrunda I Qarabağ müharibəsində Şamaxı 93 şəhid verib. Onun 8 nəfəri Göylər kəndindən olan
şəhidlərdir. 8-ci isə Elşən Səlim oğlu Səmədovdur. O da 2015-ci ildə hərbi xidmətə çağırılan əksər yaşıdları kimi Vətən borcunu ödəmək, hərbin
sirrlərinə azca da olsa yiyələnmək üçün əsgər getmişdi.
Qeyd edək ki, şəhidin böyük qardaşı Rəfaelin hərbi xidmətdən qayıtmasına 3 ay qalmışdı...
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
525
(Elşən Səmədovun anası Süsən xanım)
526
(Elşənin cib dəftərindəki qeydlərdən...)
527
528
ƏSGƏR ƏBDÜLMƏCİD NADİRŞAH OĞLU AXUNDOV
“Torpağı torpaq edən üstündəki qandır, əgər uğrunda ölən varsa vətəndir.”
(Cemal Kuntay)
Doğum tarixi: 15 oktyabr 1993-cü il. Sumqayıt şəhəri. 529
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində.
Dəfn edilib: 8 aprel 2016-cı il. Sumqayıt Şəhidlər xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
1993-cü ildin 15 oktyabrında Sumqayıt şəhərində doğulan Əbdülməcid Nadirşah oğlu
Axundov 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə, 2011-2015-ci illərdə
Azərbaycan Texniki Universitetində ali təhsil alaraq elektrik mühəndisi ixtisasına yiyələnib.
Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələri
sıralarında manqa komandiri vəzifəsində hərbi xidmət keçən Ə.Axundov 2016-cı ilin aprel
ayının əvvəllərində Azərbaycanın Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin
təxribat cəhdlərinin qarşısının alınmasında igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid
olub.Ə.Axundov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla
təltif edilib.
Ceyran xanım (anası): “Bizdə uşaqlar bir az gec 7 il sonra dünyaya gəldi. 1992-ci il
aprelin 1-də böyük oğlum Elçin, daha sonra Məcid dünyaya gəldi. Məcid anadan olanda ona
rəhmətə getmiş babasının adını qoymaq istədilər. Baxmayaraq ki, Məciddən əvvəl də nəsildə oğlan uşaqları doğulmuşdu. Düzü mən buna razı
deyildim. İstəmirdim ki, rəhmətə gedən şəxsin adını övladıma qoyam. Təbii ki, heçnə edə bilməzdim. Ona Əbdülməcid adını qoydular.
Böyüyəndən sonra da adından xoşu gəlmirdi. Elə hey deyirdi ki, şəxsiyyət vəsiqəsi alanda adını dəyişəcək. Onun bütöv adı Əbdülməciddir. Amma
biz ona heç vaxt bu formada müraciət etməmişdik. Hamı ona Məcid deyirdi. Bir dəfə həyətdə oynayanda bir türk kişi uşaqlardan adlarını soruşub.
Həmin vaxt Məcid deyib ki, adı Əbdülməciddir. Amma heç vaxt adını sona qədər demirdi. Gördüm ki, qaça-qaça evə gəldi ki, “Ana, həyətdə bir
kişi adımızı soruşdu. Mənə dedi ki, sənin adın əsl kişi adıdır. Ana, artıq adımı sevməyə başladım.” Bu hadisədən sonra o adını dəyişmək fikrindən
yayındı. Çox dalaşqan uşaq idi. Özü də xoruz ilindən olduğu üçün çox çılğın idi. Hətta qardaşı ilə də yola getmirdi. Baxçada da qardaşı ilə bir
yerdə olub. Müəllimlər deyirdilər ki, bunlar baxçada da dalaşırlar. Ancaq yaddaşı çox güclü idi. Bir dəfə qardaşının ağzından “Tülkü Həccə gedir” 530
şeirini götürmüşdü. Dayanmadan həmin şeiri deyirdi.
Hərdən özümü danlayıram. Ona görə ki, onu bir il tez məktəbə qoydum. Bəlkə də gec getsəydi, bu gün belə olmazdı. Görünür, qismət belə
imiş... Məktəbdə çox nadinc uşaq oldu. Həmişə onun nadincliyinə görə məni çağırırdılar. Məlum olurdu ki, hansısa uşaq bir şüşəni sındırıb. Amma
Məcid boynuna götürüb. Soruşurduq ki, niyə belə edirsən? Cavab verirdi ki, istəmir məsələ uzansın. Ona görə öz üzərinə götürürdü. Ancaq
dərslərində çox məsuliyyətli idi. Cənazəsi 11 il təhsil aldığı məktəbin önündən keçdi, onu məktəb də yola saldı. 11 il məktəbə bu yolla gedib gəldi.
İndi isə həmin yoldan özünün əbədi dönüşü olmayan mənzilinə yola salındı. Uşaqlıqdan hərbiyə marağı böyük idi. Deyirdi ki, hərbçi olacaq.
Məcidi futbola, güləşə, musiqiyə qoyduq. Ancaq heç birində özünü tapa bilmədi. Məciddə güclü artisizim var idi. Orta məktəbdə “Vaqif” dramını
səhnələşdirəndə ona Vaqif rolu verilmişdi. Və o həmin rolu elə məharətlə oynamışdı ki, bütün məktəbə səs salmışdı...Hətta atası onu futbola da
yazdırmışdı. Futbola marağı böyük idi. Amma orda da davam gətirə bilmədi... Hiss edirdim ki, onun hərbiyə marağı çoxdu. Kompüterdə fikir
verirdim, ancaq döyüş səhnələrini izləyirdi. Və bu məni qorxudurdu, var qüvvəmlə onu qorumağa çalışırdım. Mənim üçün o hələ böyüməmişdi.
Uşaq qalmışdı. Onu Sumqayıtda olan mərkəzə apardıq. Oraya da getdi-gəldi. Ancaq oradan da bir nəticə olmadı. Məcid daha çox tarixi sevirdi.
Çox oxuyurdu tariximizi. Amma mən onu I qrupa hazırlaşmağa istiqamətləndirdim. İstəyirdim dəqiq fənlər üzrə bir ixtisasın sahibi olsun.
Artıq məktəbi qurtardıqdan sonra Məcid universitetə sənəd verdi. Birinci ili imtahandan kəsilsə də, 2011-ci ildə yüksək balla Texniki
Universitetin Energetika fakültəsinə daxil oldu. Universiteti də yüksək nailiyyətlərlə bitirdi. Tələbə olanda deyirdi ki, əsgərliyə gedib, gələndən
sonra oxumaq istəyir. Bu sözü tez-tez deyirdi. Həmin vaxt fikirləşirdim ki, bu əsgər getsə mən necə dözərəm... Amma bu gün onun şəhidliyinə
dözürəm. Əsgərliyə gedəcəyi günü həsrətlə gözləyirdi. Həmin ərəfədə bütün günü Mübariz İbrahimova və Ramil Səfərova baxırdı. Hərdən
deyirdim ki, Məcid arada əyləncəli verilişlərə də bax. Mübarizə baxıb deyirdi : “Buna bax, ana. Necə xoşbəxt ölüm oldu. Gör, prezident belə onun
dəfnində iştirak edir. Ata-anası da necə hörmətlə qarşılanır. Mən də belə olacam. Bir də gördün ki, məni də bayrağa büküb gətirirlər.” Həmin vaxt
bərk əsəbləşdim. Ağlamağa başladım. Məcid gördü ki, çox pis olmuşam. Gəldi dayandı başımın üstündə. Könlümü almağa başladı. Sən demə
həmin gün mənim də alnıma yazılıbmış. 2015-ci ilin iyul ayının 20-də hərbiyə getməli idi. Biz də işdən hər il kollektiv gəzintiyə gedirdik.
Fikirləşdik ki, ayın 19-da gəzintiyə gedək, Məcidi də aparaq. Bu cür də etdik. Rayonlardan birinə kollektivlə yollandıq . Hava da həmin günü çox
soyuq oldu. Güclü yağış yağmağa başladı. Həmin vaxt oradan yun ədyal götürüb, ikimiz ona büründük. Dedim bizim belə şəklimizi çəksinlər.
Məcid şəklə baxdı və dedi ki, bu şəkli telefonumun əsas şəkli edim və o əsgərlikdən qayıdana kimi çıxarmayım. Bu gün də həmin şəkil
telefonumun fon şəkli kimi qalır. Sən demə bu gəzinti bizim son gəzintimiz imiş...Heç ağlıma da gəlməzdi...
Orada yaxşı əyləndikdən sonra geri qayıtdıq. Artıq səhəri gün Məcidi əsgərliyə yola salacaqdıq. Elə bütün gecəni hərbi ilə bağlı danışdı.
Məcid elə hey deyirdi : “Allah eləsin cəbhə bölgəsinə düşüm, vuruşum. O, Tərtərin adını eşidəndə ayaqlarım tutuldu. Çünki, orada vəziyyətin
necə olduğunu bilirdik. Düşmənlə üz-üzə hərbi hissə idi. Eşidəndə ki Tərtərə düşüb, Məcidə zəng etdim. Soruşdum vəziyyətin necədir? Deyirdi
hər şey yaxşıdır. Amma ürəyim hər an səksəkədə idi. Sanki, ürəyimə nələrsə gəlirdi. Dekabrda Məcid çavuş rütbəsi almaq üçün kursa getdi.
Bundan sonra ona yanvar ayında manqa komandirliyi verildi. Onda əsl hərbçi forması var idi. Hələ tələbə olanda deyirdi ki, hərbiyə zabit kimi
getmək istəyir. Amma mən buna icazə vermədim. Ona mane olsam da bunun qarşısını ala bilmədim...
Yanvarda Məcid məzuniyyətə gəldi. Onu tanımadım. Sanki, boyu da uzanmışdı. Enlikürək olmuşdu. Əsl hərbçi formasında idi. 10 gün
məzuniyyəti oldu. Ancaq balamı doyunca görə bilmədim. Çünki, işə gedirdim. Evə qayıdan da Məcid dostları ilə görüşdə olurdu. Heç şəkil
çəkdirməyə də icazə vermədi. Bir dəfə dostları ilə yemek yeyəndə qəfildən şəklini çəkdim, o da, Məcidin evimizdə sonuncu fotosu oldu. Beləcə 10
gün tamam oldu. Yenidən hərbi hissəyə qayıtdı. Qarşıdan Novruz bayramı gəlirdi. Həmin ərəfədə çox az danışdıq. Novruz bayramı münasibəti ilə 531
onunla görüşə getdik. Ayın 13-də hərbi hissədə görüşdük. Bizimlə görüşə bir az gec gəldi. Soruşdum hardaydın? Postdan çıxdığı üçün yatdığını
dedi. Həmin vaxtlar da cəbhədə müəyyən gərginliklər olmuşdu. Həmin hadisəni mənə danışanda narahat oldum. Onların qulluq etdiyi hərbi hissə
düşmənə yaxın mövqelərdə yerləşirdi. Ona görə ürəyim daim səksəkədə idi. Bu, bizim Məcidlə sonuncu görüşümüz və söhbətimiz oldu. Həmin
vaxt ağlıma belə gəlməzdi ki, belə hadisələr baş verər. Ancaq ürəyimdə narahatlıq var idi. Oradan qayıtdıqdan sonra Novruz bayramı günü Məcid
bayramımızı güllələrdən düzəltdiyi foto ilə təbrik etdi. Belə bir təbriki 8 mart bayramında da etmişdi. Telefonda qısaca danışdıq. Sağollaşdıq. Düz
1 həftə əlaqəmiz olmadı.”
Gedib “ASAN Xidmət” dən diplomunu almaq üçün etibarnamə aldı. Diplomunu almaq təsadüfən onun doğum gününə düşdü. Həmin gün
diplomunu aldım özünü də telefonla təbrik etdim və ona diplomunu hədiyyə etdiyimi bildirdim. Çox sevinmişdi. Amma o diplomdan istifadə
etmək ona qismət olmadı...Döyüş xəbərini eşidən kimi Tərtərdə olan tanışımıza zəng etdim. Telefonda kişi mənə dedi: “Nə Tərtər? Tərtər dağılır.”
Xəbəri eşidəndə elə bildim dünya başıma uçdu. Narahatlığım daha da artdı. Hər yerə zəng etdik. Ancaq Məcidi gördüm deyən olmadı. Artıq hərbi
hissə ilə telefon əlaqəsi də kəsilmişdi. Məciddən xəbər ala bilmədiyim üçün dəli kimi oldum. Aprelin 3-də qonşuluqda olan dostu Surxay bizə
gəldi. Dedi ki, Məcid Mingəçevirdədir. Soruşdum ki, orada nə gəzir? Dedi ki, orada təlim keçirlər. Bizim bundan heç xəbərimiz olmayıb. Onunla
təlimdə olan əsgərlə çətinliklə də olsa əlaqə saxladıq. O qısaca cavab verdi ki, hazırda döyüşdədilər. Ancaq Məciddən xəbəri yoxdur. Dünyam
daha da qaraldı. Hər tərəfdən əlim üzüldü. Artıq şəhid xəbərləri çıxır. Ancaq Məciddən bir dənə xəbər yoxdur.
Məcid şəhid olduqdan sonra saysız-hesabsız dəstəklər gəldi. Bütün sadə insanlar dəstək olduqlarını bildirdilər. İnanın ki, bizə gələn
şəxslərin heç birini tanımırıq. Daha çox gənclər dəstək olurlar. Təkcə Azərbaycanda deyil, xarici ölkələrdən də dəstək var. Bu yaxınlarda
Türkiyədə gənclər Məcidə Milli Qəhrəman adı verilməsi üçün bir yürüş keçirəcəklər. Mənim əlimdə olsaydı bütün şəhidlərə o adı verərdim.
Çünki, həmin alınan torpaqlarda şəhidlərin qanı var. O torpaq şəhid qanı ilə sulanıb. Bunu sadə insanlar yaxşı başa düşür. Elə bu yaxınlarda Gənc
Mühəndislər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə Məcidin adına mükafat təsis olundu. "Şəhid gənc mühəndis Əbdülməcid
Axundov” mükafatı hər il oğlumun doğum günü ərəfəsində təhsil və ictimai fəaliyyətdə fərqlənən gənclərə təqdim ediləcək. Belə insanları görəndə
fərəhlənirəm. Bundan əlavə Məcid hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib.
Bu gün sadə insanlardan çox razıyam. Aprel döyüşlərində çoxdan ölmüş olan ruh yüksəkliyi yenidən yarandı. Bütün xalq ayaqda idi. Mən
bir şəhid anası kimi bu gün əmr verilsə, oğlumun qanını almağa hazıram. Mənim kimi gör nə qədər analar var. O anaların da arxasında nə qədər
oğullar var. Onlar ayağa qalxsa qarşısında erməni dayana bilərmi? Mən bunu görmüş bir şəhid anası kimi deyirəm. Torpaqlarımız alınanadək
ağlayacağam. Yox əgər torpaqlar yenə tapqdaq altında qalsa, onda heyif mənim balamdan. Məcidin qəbrinin üzərində buna and içmişəm. Əgər 24
ildə alınmayan torpaqlardan bir hissəni bizim oğullar alıbsa, bunun davamı olmalıdır. Mən şəhid anası kimi müharibənin davamını istəyirəm.
Çünki, bu məsələ qalsa, nəsillər daha çox qurbanlar verəcək...İstəmirəm qurbanlarımızın sayı çoxalsın. Bu yara mənə dəyib. Qoy, başqa anaya
dəyməsin. - Aprel ayı həyatımın ən acı ayı oldu. Düzdür bu ayda oğullarımızın qanı bahasına müəyyən ərazilər azad edildi. Ancaq öz-özümə sual
verirəm ki, bu ayı sevim ya nifrət edim? Bu suala cavab verməyə də çətinlik çəkirəm. Övlad itkisi də vermişəm, torpaq da almışıq. Ancaq
torpaqlarımız tam alınsaydı sevə bilərdim bu Apreli. Bu gün hələki nifrət edirəm. Mən şəhid anası kimi müharibə istəyirəm. İnanmıram erməni öz
xoşuna oradan çıxa. Biz birdəfəlik qan töküb, torpaqlarımızı almalıyıq. Mənim üçün aprel ayı çox çətin olacaq. Ona görə ki aprelin 1-də bir oğlum
anadan olub, 2-də digəri dünyadan köçüb. Bu gün oğul itkisi vermiş bir Ana kimi yeganə təsəllim və istəyim oğlumu və digər şəhidləri Milli
Qəhrəman adında görməkdir. Çünki, onlar qanları ilə tarix yazıblar. Təsəvvür edin ki, Azərbaycan ordusu 24 il davam edən susqunluğu 1 gündə
pozdu .1 saatın içərisində bu qədər əraziləri tutmaq və azad etmək qəhrəmanlıq deyilmi? Ona görə də onları qiymətləndirmək lazımdır. Oğlumu 532
Milli Qəhrəman adında görsəm rahatlıq taparam. (http://oxu24.com/az/qarabag/6118/saatn-qardana-mant-edn-hid-aprel-hdmzn-doum-gndr/).
Ceyran xanımın Facebook hesabında paylaşdığı ürək dağlayıcı bir yazını sizə təqdim edirəm: “Hüznün məni öz qoynuna alıb gəzdirdiyi
və kədərlə qəmin mənə övlad olduğu halda yazıram. Gecələr onsuzluğa açarkən gözlərimi onsuzluqda axtarıram doya-doya sevmək üçün.
Bilmirəm sizlərdə nə təsir qoyacaq və necə anlayacaqsınız. Lakin istəyirəm oğlum unudulmasın və mən onu unutmamanız üçün yazıram. Sadəcə
oxumaq üçün deyil. Unutmamaq üçün yazıram. Sətirlər yenə aciz qalıb ondan danışmağa. Mən isə yazmaqda çətinlik çəkirəm, hər kəlməm, hər
sətrim ağlayır onsuzluğun boş otağında. Sizlər öz həyatına davam edərkən, mən yaşamaq üçün çabalayıram o olmayan boşluqda . Siz hər gün
təbəssümlə oyanarkən, yuxudan mən onsuzluğa açıram gözlərimi və sadəcə göz yaşlarım yoldaş olur dörd divarda. Onun yoxluğunu qəbullanmaq,
o bir daha gəlməz demək, onu bir dəfəlik itirmək, mənim üçün diri halda boş bir məzara girməkdən belə, çətindir. İndi onun məsum olan
baxışlarına həsrət qalarkən mən. Sizlər unutmaqdan danışırsınız nədən?”... Bu sətirləri yazan aprel günlərində Vətən uğrunda döyüşlərdə
qəhrəmanlıqla həlak olmuş şəhidimiz, Azərbaycan Texniki Universitetinin məzunu, sumqayıtlı balası Əbdülməcid Axundovun anası Ceyran ana
aprelin 9-dan sonra , hər gün Sumqayıtdakı Şəhidlər Xiyabanında olur. O şəhid məzarlarının başına dolandıqdan sonra, heykələ, daşa dönmüş 23
yaşlı oğlu ilə danışır, söhbət edir. O isə daşa dönüb, danışmır ki, danışmır. (https://www.facebook.com/azvision/posts/621806191304249).
Hər zaman ürəyimdə onu itirmək qorxusu var idi. Elçin haqqında heç narahat olmazdım. Məcid evə 5 dəqiqə gec gələndə, hardasa
ləngiyəndə elə bilirdim ki, nəsə pis hadisə baş verəcək. Bilmirəm bu nə təlaş, bu nə qorxu idi canımda. Ayın 6-da oturduğum yerdə birdən
bədənimə üşütmə gəldi. Titrədim...Bu yaşıma gəlmişdim, elə titrəyiş hiss etməmişdim. İndi hadisələri çözələyəndə, fikirləşirəm ki, bəlkə də... yox
əslində əminəm, yüz faiz əminəm ki, o zaman balam canını tapşırıb. Mənə dedilər ki, yaralı olub, qalıb orda, hətta özü yaralanmazdan əvvəl bir
neçə yaralanmış əsgərə kömək edib çıxarıb, yenə kiməsə kömək etmək istəyəndə, erməni əli qırılmışlar vurub balamı... Belə də deyirlər ki, mərmi
partlayıb, qəlpəsi dəyib ona... Nə bilim, açmadılar tabutunu, qoymadılar balamı doyunca sevib-oxşayım. Dəfninə gələn, döyüşlərdə iştirak edən
hərbçilər deyirdilər ki, oğlum sona qədər şücaətlə, qəhrəmanlıqla vuruşub, pulemyotçu idi. İşini gözəl öyrənmişdi. Deyirlər ki, sinəsindən qan axa-
axa "Vətən!”, "Azərbaycan!” deyə qışqırıb! Bunu dostları da eşidib. Məcid öz taleyini özü yazdı. Əvvəl vərəqlərə, sonra danışdığı arzulara. Tanrı
onun Şəhidlik arzularını eşitdi. Dostu Beyrək dəfndən sonra bir əhvalat danışdı. 2012-ci ildə 15 noybr saat 17:56 radələrində sinif yoldaşı Beyrəyə
bir şəkil göndərir. Şəkildəki təsvir belə olur: "...xain ermənilərlə döyüş başlanıb. Əsgər də silaha sarılaraq döyüşür. Sinəsindən və kürəyindən
yaralıdır. Sinəsindən qan tökülür...”. Şəklin altından isə yazır: "Bu mənim gələcək taleyimdi və öz əl işimdir". Necə olubsa, Beyrək o şəkli
saxlayır. Məcidin çəkdiyi şəkil dörd il sonra reallaşdı...Məcid bir başqa gənc idi. Onun sözü-söhbəti Vətən, Torpaq müharibə idi... Özüm
öyrətdim onları belə. Hər ayda neçə dəfə əllərindən tutub Şəhidlər Xiyabanına aparardım...Fəxr edirdim ki, oğlum əsgərdir. Vətənə xidmət edir.
Söhbətlərində əvvəllər də bir neçə dəfə demişdi ki, bir də görəcəksən ki... oğlunu bayrağa büküb gətiriblər. Axırda ağladım, ağzının üstündən
vurdum ki, bir də belə demə... Nə bilim vallah, Tanrı bunun belə ayrılıq arzularını niyə belə tez eşitdi. Məəttələm. Mart ayının 20-dən sonra
mənə özünün bayrağa bükülmüş şəklini göndərdi. Dostlarına da belə bir mesaj yazıbmış: "Mənim əzizlərim, bəribaşdan sizdən üzr istəyirəm, ola
bilsin xidmətim bitəndə siz məni ayaq üstə yox, arxası üstdə qarşıladınız" .
Təxminən bir-iki ay olar ki, həyatımda qəribə hadisələr baş verir. Bir gün işdə oturmuşdum. Tanımadığım bir qadın yanında da 3 cavan
övladı ilə gəldilər ki, biz Məciddən sənə söz gətirmişik. Az qaldım dəli olam. Sonra qız başladı danışmağa. Dedi ki, "xala, əvvəlcə yuxumda iki
nəfər gördüm. Yuxuda oğlanların biri dedi ki, "mən Əbdülməcidəm”. Yanında bir oğlan da var idi. Mənə dedi ki, "anamı sənə tapşırıram”. Və
beləcə bir neçə gün bu yuxularım davam etdi. Elə hey deyirdi ki, "get bizə”. Bir neçə gün sonra evimizin yanındakı dükanda, yuxumda gördüyüm 533
oğlanlardan birinə oxşayan bir gənc gördüm. Yaxınlaşdım, soruşdum ki, sən Əbdülməcidi tanıyırsan? Dedi "şəhid Məcidi deyirsənsə, onunla
birlikdə oxumuşam”. Özüm də qorxdum. Yuxumda gördüyüm adam qarşımda idi. Ona yuxumu danışdım. Sizin ünvanınızı verdi...”.
Bu minvalla həmin ailə ilə tanış oldum. İndi bu qız tez-tez mənə zəng edib, Məcidin yuxuda ona dediklərini danışır. Hər zaman da
Məcid ona tapşırıqlar verir. Deyir ki, "get anama dəy, anamı sənə tapşırıram”. Keçən dəfə də deyib ki, "anama deyin ki, plov bişirsin”. Qız deyir
ki, bir- iki dəfə səsini eşidib. Əksər vaxtlarda isə işarələrlə danışır. Qız yuxusunda anlayır ki, Məcid çox yuxarıdadır. Arada bir dərə və ya sədd
var, qız neyləyirsə o səddi keçə bilmir. Bir dəfə də Məcid yuxusunda qıza deyib ki, "anama denən, dostlarımla burda yerim çox yaxşıdır, narahat
olmasın”. Mənə xəbərlər göndərir. Bax belə möcüzələr edir, oğlumun ruhu bizimlədir. Bəzən hiss edirəm. Hiss edirəm nəfəsini, elə bilirəm ki,
gəzir yanımda.
Oğlanlarımın hər ikisi 16 saylı Sumqayıt şəhər orta məktəbində oxuyublar. Elə oldu ki, onun tabutunu aparanda da məktəbin qarşısından
keçəsi olduq. Evimizin yanından yol məktəbə, ordan da Şəhidlər Xiyabanına gedir. 16 saylı məktəbin direktoru Niyazi müəllim bütün protokol
qaydalarını pozaraq, 16 saylı məktəbin qarşısında insan axınını və tabutu çiyinlərində aparanları dayandırdı. Direktor uşaq kimi ağlayırdı. Dedi ki,
biz Məcid üçün bu məktəbdə ilk zəng çalmışdıq. Məktəbi 2011-ci ildə qurtaranda bu məktəbdəki məzunlar kimi onun da son zəngi çalınmışdı. O
zəngin Əbdülməcidin gənc həyatının son zəngi olacağını heç ağlımıza belə, gətirməzdik. Ancaq, indi, icazə verin, məktəbimizə, şəhərimizə şərəf-
şan gətirən Məcid doğma məktəbi ilə vidalaşsın...Oğlum məktəbi ilə, vətəni ilə insanlarla vidalaşdı o gün. Oğlum məktəbinə baxıb getdi... Onun
haqqında məktəb müəllimləri elə gözəl xatirələr danışırlar ki... Uşaq var ki, görünməz-bilinməz olur, heç müəlliminin də yadında qalmır. Amma
çox qəribədir ki, Məcid bütün məktəb kollektivinin sevimlisi idi. Hətta institutda oxumuşdu, 2015-ci ildə bitirmişdi. Ancaq 2011-ci ildən sonra da
məktəbdə unudulmamışdı.”
Elçin Axundov (qardaşı): “Əbdülməcidin itkisi ailəmizə böyük zərbə vursa da, hamımızın başı dikdir. Anam elə bir oğul böyütdüyü üçün
fəxr edir. Anam üçün Məcidin yoxluğuna dözmək çox çətindir, o hələ də özünə gələ bilməyib, qardaşımın yoxluğuyla barışa bilmir. Ancaq yeganə
təsəllisi odur ki, Məcid təsadüf nəticəsində ölməyib, vətəni, milləti, torpağı uğrunda canını qurban verib, son damla qanına qədər axıdıb, şəhidlik
məqamına yüksəlib. Qardaşımın yoxluğunu heç nə doldura bilməz, bircə onunla təskinlik tapırıq ki, Məcidimiz şəhid olub. Camaatın, xalqın
dəstəyi ilə az da olsa təskinlik tapırıq. Birinci arzum qardaşının adının unudulmaması, ikinci arzum isə qardaşımın adını daşıyacaq bir övladının
olmasıdır.
Məcid qapalı uşaq olub. Heç nə bildirmirdi. Ürəyini açıb deməzdi heç vaxt, fikirlərini bölüşməzdi. Uzunçuluqla işi yox idi. Bir kəlmə ya
hə, ya yox deyirdi. Amma vətənpərvərliyini bilirdim. Bilirdim ki, həddindən artıq vətənə bağlı uşaq idi. Çox şirin uşaq idi, nadincliyi var idi bir az,
amma hamı onu əzizləyirdi. Özünü hər şey üçün qabağa verən uşaq idi. Yadımdadır ki, məktəbdə bir dəfə pəncərə qırılmışdı, Məcid onu öz
üzərinə götürmüşdü. Sonradan müəllimlər dedi ki, Məcid öz üzərinə götürüb o pəncərəni düzəltdirsə də, bilirdik ki, bunu o etməyib. Məktəbdə
əlaçı olub. Dərslərini çox yaxşı oxuyurdu. Məsuliyyətli uşaq idi. Müəllimlərin də sevimlisi olub həmişə. Çox mərd uşaq idi, özünü irəli verirdi.
Döyüşkənliyi vardı, bunu bilirdim, hiss eləmişdim. Xüsusilə Mübariz İbrahimovu izləyirdi həmişə. Onunla bağlı kadrlara internetdə çox baxırdı.
Vətənpərvərliklə bağlı bütün mövzulara baxırdı, əyləncəli kadrlarla arası yox idi. (https://xeberle.com/cemiyyet/22816-bu-gun-texris-olunacaqdi-
sumqayitda-mezardan-boylanan-shehid.html).
Bu anda qardaşım haqqında danışmaq həqiqətən çətindir. Özü də onun haqqında keçmiş zamanda fikir söyləmək. Biz hər zaman bir yerdə
olardıq. Uşaqlığımız bir-birimizlə davayla keçsə də böyüyəndən sonra qardaş olduğumuzu anlamışdıq. Məcid məndən balaca olduğu üçün bir
qədər ərköyün və davakar idi. Hər zaman xatirəmdə əziz qardaşım olaraq qalacaq. Bu gün baş verənlər sanki bir yuxudur. Baş verənlər sanki bir 534
anın içində oldu. Ona görə də hadisələri həzm etmək bir qədər çətindir. Məcid əvvəlcə Gəncədə hərbi hissələrin birinə düşmüşdü. Orada 3 ay
qaldıqdan sonra Tərtərdə yerləşən ön cəbhəyə göndərildi. Bu artıq onun şəhidlik yolunun ilk addımlığı idi... Aprelin 1-i mənim ad günümdür.
Qardaşım zəng edib, məni təbrik etdi. Telefonda ümumi söhbət etdik. Həmin vaxt anamla da qısa danışığı oldu. Anam telefonda ona dedi ki,
özünü qorusun. O sanki, harasa tələsirdi. Çox qısa və konkret danışdıq. Saat hardasa 20:00 olardı. Bu bizim onunla son danışığımız oldu. Sən
demə həmin gecə orada döyüşlər olacaqmış. Artıq aprelin 2-si idi. Xəbərlərdən eşitdik ki, Tərtər tərəfdə döyüşlər olub. Çox narahat olduq.
Artıq vəziyyət gərginləşəndə dostlarımla qardaşımın arxasınca Tərtərə getdik. Ora çatanda gördük ki, Tərtərdə əsl müharibə gedib. Yollar
tamamilə dağılmışdı. Onun olduğu hərbi hissəyə getmək istəsək də bizi oraya buraxmadılar. Dedilər həmin hərbi hissədə olan əsgərlər başqa yerə
köçürülüb. Oradan Tərtərin içərisində yerləşən hərbi hissəyə gəldik. Bəlkə Məcid orada ola. Çox axtarsaq da Məcidi tapa bilmədik. Hərbi hissənin
qarşısında dayandığım an bir kapitan gəldi. Əlində saat, pul və telefon nömrəsi gətirdi. Dedi bunu Məcid verib. Deyib ki, qardaşıma verərsiniz.
Həmin anda ürəyimə gəldi ki, qardaşıma nəsə olub. Bizə dedilər ki, hərbi qospitala gedək. Nə baş verdiyini anlamadım. Sanki dəli olmuşdum.
Orada şəhidlərin siyahısını mənə göstərdilər. Amma Məcidin adı yox idi. Daha sonra itkin düşənlərin siyahısına baxanda Məcidin adını orada
gördüm. Siyahıda 17 nəfərin adı var idi. Artıq başa düşdüm ki, qardaşım şəhid olub. Ancaq bunu qəbul etmək istəmirdim. Öz-özümə deyirdim ki,
qardaşım ölə bilməz. Oradan pərişan halda evə qayıtdım. Bir də ayın 8-də eşitdik ki, Məcid şəhid olub. Həmin vaxt meyitlərin dəyişdirilməsi
prosesi həyata keçirilirdi. Artıq axşam idi. Atam meyitin götürülməsi üçün Tərtərə getdi. Morqda Məcidin meyitini görəndən sonra bütün
ümidlərimiz qırıldı. Artıq anladım ki, qardaşımı itirmişəm. Məlum oldu ki, Məcidgil Şotlandı yolunda şəhid olub. Həmin vaxt Məcidgil döyüşdə
geri çəkilmək əmri verilib. Məcidlə bir döyüşdə olan əsgər dedi ki, ara qəfildən qarışıb. Məcidin son sözü bu olub: “ Deyəsən, məni vurdular.
Özünüzü qoruyun”. Daha sonra onun heç nədən xəbəri olmayıb. Sonradan bizə məlum oldu ki, Məcid Xaçmazdan olan bir şəhid Elvin Mirzəyevlə
bir yerdə şəhid olub. Onlar hətta bir yerdə döyüşüblər və vurulanda da bir yerdə qalıblar. Elvin Məciddən bir addım qabaqda yerə yıxılıb, Məcidsə
arxada. Həmin anda ağır yaralanan Elvin şəhid olub. Məcid də ağır yaralı olub. Dünyasını dəyişərkən Məcidin əli Elvinin ayağından tutmuş halda
olub. Məcidlə Elvin Mirzəyev Universitetdə bir potok yoldaşı, əsgərlikdə də bir yerdə xidmət ediblər, bir yerdə döyüşüblər və bir yerdə də şəhid
olublar. Bir gündə də dəfn olunublar. Məcid orada xüsusi qəhrəmanlıq göstərib. Neçə-neçə yaralının daşınmasında yardım edib. Hətta onlara geri
çəkil əmri veriləndə Məcid əsgər yoldaşlarını qoruyurmuş ki, onlara bir şey olmasın. Bunu onunla bir döyüşdə olan əsgərlər deyir. Qardaşım çoxlu
yara almışdı. Böyrəyinin üstündən yaraları var idi. Ayaqları, qolları və boynu güllə yarası ilə dolu idi. Qardaşım qanaxmadan şəhid olub. Gerisi isə
hamıya aydındır. Qardaşım xalqın çiynində son məzara getdi.
Məcid çox nadinc idi. Hələ uşaqlıqdan həmişə dalaşardıq. Mən taxtadan avtomat düzəldirdim, o da gəlib əlimdən alırdı, oyuncağımız var
idi. Ancaq biz uşaqlar nədənsə həmişə taxtadan olana daha çox üstünlük vermişik. Evdə ikimiz tək qalanda divanın söykənəcəyinin başlarını
çıxarıb, at sürürdük, dava-dava oynayırdıq. Sonra da oyuncaq üstündə dalaşırdıq. Ən çox mən döyürdüm onu. Cığal idi. Dalaşqan idi. Şuluq idi.
Sözə baxmırdı. Televizorun kanallarını dəyişməyə görə, bağçada oyuncaqlara görə... dalaşardıq... Ancaq istəyirdi ki, öz dediyi olsun...Uşaqlıqdı
da... hamı kimi biz də 90-cı illərdə, müharibə illərində doğulduq, dava-dava oynaya-oynaya, böyüyüb davaya getdi qardaşım. Hələ nə yaşım var
ki... Hələ mən də elə əslində onun yaşındayam... ancaq, çox çətindir, çox çətin oldu... Qardaş itkisi çox ağırdır, mənimçün. Biz axı çox mehriban
qardaş idik. Xəbərimiz var idi ki, döyüş başlayıb. Biz bilirdik ki, qardaşım Məcid qabaq cəbhədə deyil, arxa cəbhədə xidmət edir. Ona görə
arxayın idik. Aprelin 1-i də danışdı mənimlə. Bizə heç nə demədi. Sən demə müharibəyə gedir. Amma bizi narahat etməyib. O belə oğlan idi.
Həmişə özünü önə atardı. Kiməsə kömək lazım olsa, kimsə darda olsa, institutda da hamıdan qabaqda olardı. Xasiyyəti, halı belə idi.
Ümumiyyətlə, 1990-dan sonra Sumqayıtda doğulan uşaqların əksəriyyəti belə formalaşdı. Biz Şəhidlər Xiyabanında böyüdük, biz qəhrəmanlıq 535
mahnıları, şeirləri öyrəndik... Həmin o Sumqayıt uşaqları... dostlarım 4-ü mənə qoşulub, aprelin 6-da, səhər üzü saat 5-6-da getdik ki, qardaşımın
yerini bilək. Sonda məlum oldu ki, qardaşım və ondan başqa 17 nəfər neytral zonada qalıb, ancaq meyitlərini götürmək mümkün deyil...
Əlimizdən nə gəlir ki... Gəldim evə... anama dedim ki, onlar tapşırığa gedib, gözləyirlər hava dumanlansın ki, geri qayıtsınlar. Ancaq yenə də
ürəyimdə bir ümid var idi. Hələ sona qədər inanmırdım ki, qardaşıma nəsə ola bilər. O ölə bilməzdi... O çox həyatsevər birisi idi. Mən
gözləyirdim... Ancaq aprelin 8-i axşam bildik ki, qardaşım artıq yoxdur. Və mən buna inanmalı oldum. Aprelin 8-dən 9-na keçən gecə qardaşımı
gətirdilər.Aprelin 8-dən 9-u günortaya kimi yaşadığımız məhəllə, Sumqayıtın küçələri yolları dolub-boşaldı... Sumqayıt cavanları da, insanları da
Məcidi adına layiq qarşıladılar...Qardaşım Məcid heç nədən qorxmayan, çəkinməyən, düşmənlə üzbə-üz çıxmağa can atan, vətənpərvər oğul idi.
Bu yaxşı xüsusiyyət olsa da bizi qorxudurdu, narahat idik ki, gedib nəsə edər. Həmişə posta çıxmaq, düşmənlə üzbəüz dayanmağı istəyirdi və elə
də etdi. Bizdən çox şeyləri gizlədirdi, heç nə demirdi və biz də elə düşünürdük ki, o hazırlıqsızdı, sən demə ona yaxşı təlim keçiblərmiş. Döyüş
gedən əraziyə xüsusi təyinatlı qüvvələr ilə birlikdə gedibmiş. Bunları sonradan bizə Məcidin komandirləri danışıb. Qardaşımın dəfn olunduğu gün
komandiri Elvin Səfərov, daha sonra isə Həsrət Almasov bizdə oldu, ailəmizin dərdinə şərik çıxdı. Həmçinin Məcidlə bağlı xatirələrini, döyüşlərdə
qardaşımın göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Komandirlərinin dediklərinə görə qardaşım döyüşlərdə çox fəal iştirak edib, heç nədən
qorxmadan ancaq irəli gedib. Qapanlıda və Seysulanda xeyli sayda erməni öldürəndən sonra onlara tapşırılan ərazidən də bir neçə kilometr irəliyə
gediblər.
Sevdiyi qız yox idi. Dəqiq bilirəm ki, yox idi. Ola bilər çoxlu oğlan, qız dostları vardı, dostcanlı idi. Sinif yoldaşları, tələbə yoldaşları ilə
əlaqəni kəsməmişdi. Amma sevdiyi qız olmayıb.”
İlhamə xanım (əmisi qızı): “ Məcid haqqında keçmişdə danışmaq mənə çətindir. Onun yoxluq yükünü çəkmək ağırdır. Yadımdadır ki,
onun məktəb çantasını mən almışdım. Çox istiqanlı uşaq idi. Məcid uşaqların içərisində tam başqa idi. Feysbukda dostluğumda da var idi. Yeni
şəkil qoyan kimi birinci mən şərh yazırdım ki, nəslimizin fəxrisən. Bir dəfə evə gəlib anasına demişdi ki, əmimqızı şəkillərimin altına belə şərhlər
yazır. Anası da bunu mənə dedi. Məcidə dedim ki, bir daha sənin şəkillərinin altına şərh yazmaram. O saat deyirdi: “Yox, yox, yaz. Eybi
yoxdur.”(http://femida.az/az/news/28818/23-ya%C5%9F%C4%B1n%C4%B1-%C5%9F%C9%99hidlikd%C9%99-qeyd-ed%C9%99n-
%C6%8Fbd%C3%BClm%C9%99cid-Axundovun-h%C9%99yat-hekay%C9%99si).
Onun dəfnindən sonra müəllimləri haqqında maraqlı xatirələr yazdılar:
Nuricət Zülfüqarova (ibtidai sinif rəhbəri): “O körpəlikdən qeyri-adi xarakterə, zəngin təfəkkürə malik uşaq idi. Bayrağımızı çox
sevirdi. Həmişə partasının üstündə kiçik bayraq olardı Əbdülməcidin. İmkan verməzdi kimsə ona toxunsun. Vətən, doğma yurdumuz haqqında
çoxlu şeirlər bilirdi. Hətta IV sinifdə hazırladığımız tədbirdə xalq şairi Səməd Vurğunun "Vaqif” dramındakı Vaqif rolunu milli geyimdə çox gözəl
oynamışdı" .
Ruxsarə Süleymanova (Sumqayıtdakı 16 nömrəli tam orta məktəbin müəllimi): "Doğrudan da, yuxarı siniflərdə oxuyanda Məcid
digər sinif yoldaşlarından fərqli xarakterə malik idi. Hiperaktiv uşaq idi, sinifdə həmişə lider olub.Yaxşı mənada demək olar heç kəsin xətrinə
dəyməzdi. İstəyirdi ətrafındakı adamlar həmişə mehriban olsunlar. Sinifdə, məktəbdə olan cuzi bir problemi tez bir zamanda həll etməyə çalışardı.
Çox zəngin dünya görüşünə malik uşaq olmaqla, hamımızın sevimlisi idi.Valideynləri çox məsuliyyətli idilər. Anası demək olar ki, bizimlə
bərabər işləyirdi. Məcid dərslərinə həmişə hazır gələrdi. Tarix fənnini çox sevərdi. Hələ orta məktəbdə oxuyanda onun tarix müəllimi Babalı
müəllim həmişə fəxrlə danışardı ki, Məcid çox vətənpərvər uşaqdı.Vətən məhəbbəti,vətənpərvərlik mövzusunda söhbət düşəndə Məcid həmişə
köksünü ötürərdi və uca səslə deyərdi: "Müəllim, mən də Vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan, qanımdan da keçməyə hazıram! 536
Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Baxarsınız, mən də şəhid olacam.Vətən müqəddəsdir, Vətən əzizdir. Bir də ki, Şəhidlər
ölmürlər, onlar xalqımızın vüqarıdır, qürurudur!" (https://www.facebook.com/2018314741796361/posts/2048359955458506/).
Novruz bayramı ərəfəsində Sumqayıt şəhərinə getdim. Biraşa Sumqayıt şəhər Şəhidlər Xiyabanına getdim. Ağsaçlı bir dayının
məzar başında ağladığını gördüm. Az sonra məlum oldu ki, Əbdülməcidin atası Nadirşah dayıdı. Xeyli söhbət etdik. Oğlunun
kiçikliyindən xatirələrini bölüşdükcə göz yaşları süzülüb gedirdi.
Yerin cənnət olsun deyəcəm, amma sən cənnət mələyisən artıq! İnşallah bir gün alnı açıq, üzü ağ, sənin məzarın qarşısında durub, ayağa
dur, gedək Qarabağa deyə biləcəyik. Bax onda sənin hələ illər öncə “Bağışlayın, sizi qarşılamaq üçün ayağa dura bilmirəm” kimi üzrhaqlığın
keçməyəcək... Biz Qarabağa sən və şəhid qardaşlarınla bərabər gedəcəyik! Çünki əminik, Şəhidlər ölmür!!!"Torpaq uğrunda ölən varsa
Vətəndir!”
Ə.Axundovun məzarı üstündəki imzasız məktub: “Bəlkə də içimizə düşən bir kədər idi ruhumuzu bu qədər yandıran.
Yaradanın fani yaratdığı bu dünyadan guya kimlər köçmür ki, qardaşım. Amma sən ölümlərin ən gözəlini yaşadın. Və İnşallah
Cənnətin ətirli bağlarının təravəti üzünü vura-vura izləyirsən bizləri...Bu gecə səni yuxuda gördüm, məni çağırırdın. Yanında
mənim üçün də yer ayır əsgər yoldaşım. Allahın izni ilə tezliklə yanına gələcəm və birlikdə izləyərik bu fani dünyanı. Allah sənə
rəhmət eyləsin. Sən ölməzsən! Ey ŞƏHİD QARDAŞIM...” (http://www.faktxeber.com/(V%C3%EF%BF%BD%C2%B0DEO/kv/sumqaytn-
hidlr-xiyabanndak-imzasz-mktub_h476436.html).
Gənc Mühəndislər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə cari ilin aprel ayı ərzində cəbhənin Tərtər rayonu istiqamətində
hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş Azərbaycan Texniki Universitetinin məzunu Əbdülməcid Axunovun adına mükafat təsis olunub. İB-
dən verilən məlumata görə, "Şəhid gənc mühəndis Əbdülməcid Axundov” mükafatı hər il Ə.Axundovun doğum günü ərəfəsində təhsil və ictimai
fəaliyyətdə fərqlənən gənclərə təqdim ediləcək.
Həmin Əbdülməcid, həmin Məcid ki... ən dəcəl uşaq idi... Həmin Məcid ki, istər bağçada, istər məktəbdə, istərsə də həyətdə hamı əlindən
"dad” edərdi. Hər gün Ceyran xanıma bir şikayəti gələrdi ki, yenə Məcid kiminləsə dalaşdı... Ancaq sevimli idi. Hələ körpəlikdən o qədər gözəl idi
ki, qonum-qonşu, dost-tanış, onu sevməkdən-əzizləməkdən yorulmazdı. Bir də axşamlar var idi... bağçadan, ya dərsədən evə gələndən sonra,
özündən 1 yaş yarım böyük qardaşı Elçinlə qatardılar aləmi bir-birinə, alt qatdakı qonşuya da aman verməzdilər. Dalaş ki, dalaşasan, vuruş ki,
vuruşasan... Oynayıb-dalaşıb, taqətdən düşərdilər... Ancaq yatmazdılar, anaları gənc gəlin Ceyranın laylasını gözləyərdilər. Ceyran xanım bir cüt
balasını beşik laylalarına elə öyrətmişdi ki...
Yalnız ananın həzin və qəmli səsindəki bu laylaları eşidəndən, qəhrəmanlıq nağıllarını dinləyəndən sonra, iki qardaş baş-başa verib, mışıl-
mışıl yatardılar...
Heç yaddan çıxır ki, Əbdülməcid... Heç unuda bilir ki... Hələ arada bir qonum-qonşu qınayıb deyir ki, hər gün getmə məzar üstünə. Amma
getməyə bilmir, Ceyran xanımı qınayan olmasa, gecəni də o baş daşına sığınıb yatar ki, bəlkə birdən oğlunun ruhu danışdı. Hərdən adamın
torpağa da acığı tutur. Belə gözəl balaları necə gizlədə bilir, necə unutdurur bəzən...Ceyran xanım 1985-ci ildə ailə həyatı qurub. 7 il övlad yolu
gözləyib. Elçin də, Əbdülməcid də doğulanda adlarına qurban kəsmişdi. Quzulu-qurbanlı idi balaları. 1992-ci iıin aprel ayının 1-də Elçin, 1993-
cü ilin oktyabr ayının 15-də isə Məcid doğulmuşdu.(onun adını evdə, həyətdə qısaldılmış formada "Məcid” çağırardılar).Torpaq, sən necə
qüvvətlisənmiş, sənin uğrunda həm də ölürük, həm də candan keçirik.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
537
538
539
(Şəhidimizin anası Ceyran xanım)
540
541
(Əbdülməcid Axundovun atası Nadirşah dayı və müəllif)
ƏSGƏR MİKAYIL YAQUB OĞLU VAHABZADƏ
“İgid dünyanın yaraşığıdır” (İtalyan atalar sözü)
Doğum tarixi: 3 iyul 1993-cü il. İsmayıllı rayonu Macaxı kəndi.
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il. İsmayıllı rayonu Macaxı kənd qəbristanlığı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilmişdir.
Subay idi.
Hər millət öz vətənini sevir, ancaq türklərin vətən sevgisi digər millətlərə nisbətən 542
daha dərin və köklü bir tarixə sahibdir. Necə ki, əsrlər öncə böyük Türk xaqanı Mete Xan
“Məndən yəhərimi istəyin verim, atımı istəyin verim, fəqət vətənimdən heç kimsə bir
qarış torpaq istəməsin vermərəm” deyərək vətəninə sədaqətinin nə qədər güclü olduğunu
ifadə etmişdir. Övladlarımızı vətəninə, millətinə və dini inanclarına, qəlblərinə və
ağıllarına görə yetişdirmək və tərbiyə etmək əmanət olunan valideynlərin borcudur,
vəzifəsidir. Övladlarımızı güclü milli və dini hissləri olan, əcdadlarına bağlı olan və hər
zaman vətəni üçün şəhid olmağa hazır olan bir nəsil kimi yetişdirilməliyik. Vətən uğrunda
şəhid olmağın ən yüksək dərəcə olduğunu bilməlidirlər. Allah yolunda və vətən uğrunda
hər bir türk övladının "şəhidlik şərbətini içmək" hər zaman arzusudur. Əlində silah qışın
soyuğunda, yayın istisində ölkənin hər yerində xüsusən də sərhədlər boyunca dayanmaq
çox nəcib və müqəddəs bir vəzifədir. Vəzifəsini layiqincə, şərəf və ləyaqətlə yerinə yetirən qəhrəman şəhidlərimizdən biri də Mikayıl
Vahabzadədir.
1993 cü il iyun ayının 25-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olan Mikayıl Vahabzadə 2000-ci ildə Macaxı kəndinin 4 illik
ibtidai məktəbinin 1-ci sinifinə gedib. Mikayil 4 illik orta məktəbi öz doğma kəndində fəallıqla başa vurduqdan sonra təhsilini 2004-cü ildə qonşu
Tircan kəndində Musa Priyev adına tam orta məktəbinə Mikayil Tircan kəndində oxuduğu müddətdə fəallığı ilə müəllimlərinin hörmətini
qazanmışdı və Mikayıl 9-cu sinifi Tircan kəndində başa vurduqdan sonra 10-cu və 11-ci sinfi daha da yaxşı hazırlaşmaq məqsədi ilə Yeniyol kənd
məktəbində oxumuşdur. Mikayıl 2011-2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsində təhsil almışdır.
2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşən Mikayıl həmişə komandirlərindən təşəkkür məktubu almışdı.
2016-cı ilin Aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və nəşi neytral zonada qalan şəhid 543
aprelin 9-da doğulub boya başa çatdığı İsmayıllı rayonu Maçaxı kənd qəbirstanlığında torpağa tapşırılmışdı.
Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Mikayıl Vahabzadənin ailəsilə görüşmək üçün İsmayıllı rayonuna yollandım. Şəhidin anası Rumiyyə xanımla danışanda bildirdi ki,
rayonun Tircan kəndindədirlər. Mikayıl haqqında çəkilən filmin oxuduğu məktəbdə təqdimatı keçiriləcək. Elə biz də oraya yollandıq.
Rumiyyə Vahabova (anası): “Sonuncu dəfə mart ayının 12-də, Tərtərdəki hərbi hissədə görüşdük balamla. Daha Tərtər ona düşməndir.
Aprelin 2-si kənddə toya getmişdik. Gec gəldik. Televizoru açdıq ki, dünya dağılır. O gündən Mikoşumdan xəbər ala bilmədik. Evdəkilər və
dostları çox vaxt Mikayılı əzizləmək məqsədi ilə “Mikoş” deyə çağırırdılar. O gündən sonra düz aprelin 8-nə kimi atası Yaqub Tərtər, Yevlax,
Gəncə... təmas xəttinə yaxın rayonların hamısında oğlumu axtardı, bir xəbər deyən olmadı... Qapı-qapı gəzib komandirlərə, hərbiçilərə
yalvardı...Mikayıl bizi elə hörmətə mindirmişdi ki... Diplom almışdı. Sevinirdik. Çox əziyyətlə oxumuşdu. Atasına əziyyət verməsin deyə, özü
dərsdən sonra gedib Sumqayıtda restoranlarda, kafelərdə işləyirdi, öz dərs pulunu, yaşamaq pulunu çıxarırdı. O, bizə heç əziyyət vermədi axı...
barı bir dəfə üstümə çımxıraydı... İndi atasının üzünə baxa bilmirəm. Kasıb olmuşuq, ancaq xoşbəxt ailə olmuşuq. Aramızda qarşılıqlı hörmət,
məhəbbət olub. Mənim oğlum bir mələk idi, ilahi varlıq idi. Məni bəxtəvər ana eləmişdi. Bundan sonra kim toylarda quş kimi süzəcək?
Oynayanda tamaşasına dururdular balamın. Kim şənləndirəcək kəndimizin toylarını? Nə danışım?! Yaraşıqlı balam gedib əlimdən... Qardaşını tək
qoyub gedib...
Bu aprel ayı bizimlə yola getmir. Neçə illərdir ki, hər il aprel ayında itkilərimiz olur... Nə qədər doğmalarımızı aprel ayında itirmişik”.
Turanə Bəşirova (qrup yoldaşı): “Ən yaxın dostum idi Mikayıl. Onun yoxluğuna inanmaq istəmirəm. Bizim qrup
yoldaşlarımız belə ayrılmaq haqqında düşünməmişdik. Fikirləşməzdik ki, sıramızdan kimsə yox ola bilər. Mikayıl xatirimdə sadə, səmimi dost
kimi yaşayacaq. Universitetdə oxuduğu müddətdə hamının hörmətini qazandı. Əsgəri xidmətə getməzdən əvvəl telefon danışığımız olmuşdu.
Dedi ki, Tərtərdə hərbi xidmətdə olacaq. Ona “sağ-salamat qayıt” deyə uğurlu yol arzuladım. Cavab verdi ki, bəlkə sağ-salamat qayıtmadı. Elə bil
ki, ürəyinə dammışdı. Acıqlandım, telefonun bu başında ona söyləndim ki, Allah səni anana bağışlasın. Ancaq indi onunla fəxr edirəm. O
ŞƏHİDLİK zirvəsini fəth edib. Məkanı Cənnət olsun”.
Güldəstə Abdulova (qrup yoldaşı) : “Mikayıl qrupumuzun ən fəal və eyni zamanda savadlı tələbəsi idi. Kənardan ciddi təsiri bağışlayan
bu oğlanla, yaxından tanış olandan sonra onu özümə arxa, dayaq bildim. Bizim qrupun qızlarının hamısını bacı kimi sevirdi, hörmət edirdi.
Hamımıza “qızım” deyə müraciət edirdi. Mikayıl gözəl şeirlər yazırdı, şəhanə rəqs etməyi var idi. Oynayanda qollu-budaqlı çinara bənzəyirdi. Onu
təkcə bizim qrup yox, universitetin bütün müəllim və tələbə heyəti sevirdi. O mənim üçün gəncliyin, insanlığın nümunəsi olaraq qalacaq. Ağlıma
belə gətirə bilmirəm ki, Mikoşumuz yoxdur. O bizim ürəyimizdə həmişə yaşayacaq”.
Gülnar (qrup yoldaşı): “Mikayıl qrupumuzun ən zəhmətkeş tələbəsi idi. Həm işləyir, həm oxuyurdu. Sonuncu dəfə ötən il 8 Mart qadınlar
bayramı günüdə yığışmışdıq. Tədbirdə ona söz veriləndə dedi ki, bu, bizim birlikdə keçirdiyimiz son bayramımızdır. Biz də etiraz etdik ki, niyə
son? Siz oğlanlar hərbidən gələndən sonra, yenə yığışarıq. Mikini itiridik... Şəhidlik zirvəsinə ucaldı, ailəsini, yaxınlarını, bizi tərk etdi... Onun
yasına getmişdik... Həmin gün dəhşət idi... Mikinin anasının fəryadı heç vaxt qulaqlarımdan getməyəcək... Biz onu torpağa tapşırdıq, əmanət 544
etdik... Ağır itkidir...”.
Nübar xanım (İsmayıllı rayonunun Təzəkənd sakini, qrup yoldaşı): “Biz Mikayılla rayonda eyni müəllimin yanına hazırlıq kursuna
gedirdik. Əvvəllər mənə özündən müştəbeh, özündən razı birisi təsirini bağışlamışdı. 2011-ci ilin sentyabr ayında bildim ki, ikimiz də Sumqayıt
Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin 544-cü qrupuna daxil olmuşuq. Çox sevindim. Sumqayıtda Mikayıl mənə çox
doğma gəldi. Necə olmasa da eyni rayondan gəlmişdik. Qəriblikdə doğma yerin adamı başqa olur. 4 il ərzində o mənə qardaş oldu. Onu hər
zaman özümə arxa, dayaq bildim. Ən asan, ən çətin problemlərimin həllində onu yanımda gördüm. Mikayılın elə gözəl, sonsuz arzuları var idi
ki... Bir dəfə söhbət əsnasında dedi: “Arzularım o qədər çoxdur ki, qorxuram ömrüm çatmaya”. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Onun ən
böyük arzularından biri ŞƏHİD olmaq idi. Əsgərlikdən söhbət düşəndə “Mən Şəhid olacağam” deyirdi. Hərbi xidmətini bitirməyə 2 ay qalmış
onun Vətən uğrunda şəhid olduğunu eşitdim. Şəhidlik hər kəsə nəsib olmur. Çünki Şəhidlər ölməz. Qardaşımın məkanı cənnət olsun”.
Nərmin (tələbə yoldaşı): “2011-ci ildə Sumqayıt Dövlət Universitetində ilk dərs günündən sonra 4 il bir yerdə təhsil almışıq. O həmişə,
hər yerdə birinci olmaq istəyirdi. Mikayıl başqa uşaqlardan fərqli olaraq dərslərini özü oxuyurdu, dərsə hamıdan əvvəl gəlib, qabaq sırada
əyləşirdi. Bir sözünü heç unutmayacağam: “Bacışka, mən şəhid olacağam”. Qrupumuzda 20 qız oxuyurdu. Elə bilirik ki, 20 bacını
qardaşsız qoyub. Mikoşumuz bizə çox sözlər vermişdi. Həmişə vədinə əməl edirdi. Bir dəfə də demişdi ki, “bacışka, əsgərlikdən gələndə sizi
evimizə qonaq çağıracam. Görün sizə necə qulluq edəcəyəm...”. İlk dəfə sözünü pozdu Mikoşumuz. Onun tabutunu Macaxı kəndindəki evində biz
qarşıladıq. Biz cavanıq, gəncik. Həyat bizə belə bir ağrıya dözməyi bacarmağı da öyrətdi. Mikayıl bilmədi ki, 544-cü qrupun 20 qızı aprelin o ağır
günlərində nələr çəkdi.Hamımız həm Mikayıl üçün, həm də Ordumuzun əsgərləri üçün dualar etdik gecə-gündüz... Bizim mərd, igid qardaşımız.
Adın çəkiləndə qürur duyacağıq səninlə...”.
Xədicə Əliyeva (qrup rəhbəri): “Qrupumda 20 qız, 12 oğlan var idi. Onların hamısını öz balam kimi sevirdim. O qrupun uşaqlarında bir
fərqlilik vardı. Mikayıl isə tam fərqli gənc idi. Özünə qarşı tələbkar, son dərəcə mədəniyyətli, savadlı, geniş dünyagörüşlü, istiqanlı, narahat...
Qrupda geridə qalan, davamiyyəti zəif olan tələbələrin də qayğısını çəkirdi. Özü həmişə birinci idi. İstəyirdi ki, hamı birinci olsun.
Gecələr restoranda ofisiant işləyib, gündüzlər dərsə gəlirdi. Universiteti fərqlənmə diplomu ilə bitirdi. Ona diplomunu elə məzun günündə
verdilər. Çox vətənpərvər idi. Yüngül təbiətli, yüngül xasiyyətli oğlanları sevməzdi. Deyirdi ki, “belələrindən necə vətən qoruyan olacaq? Kişi
gərək bir az ağır təbiətli olsun”. Mikoş mənə çox əziz idi. Elə bir ölçü vahidi tapmıram ki, onun dəyərini təyin etsin. Rəhbərlik etdiyim həmin
qrupda 10 tələbəm əsgər idi. Vəziyyət ağırlaşanda Mikayıla yazdım ki, özündən bir xəbər yazsın. Cavab gəlmədi. Adətən telefonu bağlı olurdu.
Əsgərlərə telefon işlətməyə icazə olmadığından, o ancaq vaxt tapanda açardı telefonunu. Hətta əsgəri xidmətdə olanda da bütün bayramlarda
yazıb məni təbrik edirdi... Onun haqqında danışmaq mənim üçün çox ağırdır. Mən də anayam axı... Onun anası Rumiyyə xanımın fəryadlarını heç
vaxt unutmayacağam... Ancaq Vətəni Vətən edən Mikayıl kimi qeyrətli oğlanlarımız, şəhgidlərimizdir!”(https://modern.az/az/news/102785).
Jurnalist Lətifə Əliyevanın şəhidin həyat və döyüş yoluna həsr etdiyi “Şəhidliyə aparan sevgi” adlı kitab yazmışdır.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
545
(Mikayıl Vahabzadənin uşaqlığı)
546
547
548
(İsmayıllı, Tircan kəndi. Müəllif Mikayıl Vahabzadə haqqında çəkilən filmin təqdimatında olarkən)
ƏSGƏR RƏŞAD ŞAKİR OĞLU NİFTALIYEV
“Rəşad Niftalıyevin son kəlmələri: “Doğma Zəngilana, Zəngəzura doğru”!
Doğum tarixi: 19 avqust 1993-ci il Zəngilan rayonu. 549
Vəfat tarixi: 2 aprel 2016-cı il. Tərtər rayonu istiqamətində.
Dəfn edilib: 9 aprel 2016-cı il. Qaradağ rayonu Müşfiq qəsəbəsi qəbiristanlığı
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Subay idi.
Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca
Rəbbimizin razı qaldığı əməldir.“Vətəni sevmək Allaha imandandır” buyurulmuşdur.
Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.Bir
hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə
buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır,
Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.”
İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən
biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər
sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu
qəbildən vətən sevgisidir. Hər bir xalqın nümayəndəsi qəlbində millət, xalq və dövlət
sevgisi daşıyır. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını,
suyunu sevmək deməkdir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi
dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.
Öz mənəvi dəyərlərinə qəlbən yaxın olan qəhrəman vətən övladlarından biri də
Rəşad Niftalıyevdir. 1993-cü il 19 avqustda Zəngilan rayonunda anadan olan Rəşad Niftalıyev aprelin 9-da Bakı şəhərinin Xətai rayonunda son
mənzilə yola salındı. Xətai rayonu 64 saylı orta məktəbi bitirib. Gəncə Texnologiya Universitetində təhsil alıb, universiteti bitirdikdən sonra hərbi
xidmətə yollanıb.
Aprel döyüşləri zamanı Xətai rayonu dörd şəhid verdi: Mayor Təbriz Musazadə, əsgər Müşfiq Orucov, əsgər Xaliq Əzizzadə və əsgər
Rəşad Niftalılı.
Fərqanə xanım (anası): “Rəşad sanki bu dünyanın uşağı deyildi. Bir insanın dərdi olanda onun qayğısını çəkər, fikrini edərdi. Həmişə
deyirdim ki, “sən bu zamanənin uşağı deyilsən, bala”. Rəşad sözünə düz insan idi. Deyirdisə 1 saata evdəyəm, mütləq 1 saatın tamamında evdə
olardı. Rəşad Allahını tanıyan, ona səcdə edən oğlan olub.
Rəşad bir dəfə Gəncədə universitet oxuyarkən bir qızla dost olur. Zəhra adlı həmin qızı mənimlə tanış etmək istəyirmiş… Mən dindar,
namaz qılan xanım olduğumdan Rəşad Zəhranın da namaz qılmağını istəyirmiş. O, bizim aramızda münasibət qurdu. Zəhra məndən namaz
qılmağı öyrəndi. Rəşad Zəhraya dost gözüylə baxsa da, Zəhranın Rəşada qəlbində gizlədiyi bir sevgisi var idi. Bunu hiss etmişdim. Sonuncu
zəngində anası Rəşada Zəhra üçün elçi getmək təklifini etsəm də, dedi ki “ana, mən Zəhranı dostum kimi çox istəyirəm. Bir də açma bu söhbəti”.
“Bəs nə vaxt evlənmək istəyirsən” soruşanda, “ana, mən 28 yaşından tez evlənməyəcəm” dedi. Rəşaddan sonra çox sarsıldı Zəhra. İndi də
əlaqəmiz kəsilməyib, Zəhra mənəvi qızıma çevrilib. Zəhra indi baqşqasıyla evlənsə də, uzun müddət uşağı olmadı. Rəşadı yuxusunda gördükdən
sonra Zəhranın uşağı olub. Bu sanki bir möcüzədir. Bəlkə də Rəşadın Allaha olan bağlılığı və Zəhra üçün narahatlığından yaranıb bu möcüzə, nə
bilmək olar.
Hicabımı həmişə əliylə düzəldər, “saçın görsənir, ana, gəl düzədim” deyərdi”. Rəşad həm də zarafatcıl idi. Məni qucaqlayanda “ana,
əllərim çatmır qucaqlaya bilmirəm səni, arıqla bir az, rahat qucaqlaşaq” deyirdi. Futbolla çox maraqlanırdı. “Qarabağ” komandasına azarkeşlik
edirdi. Türkiyədən “Qalatasaray”ı diqqətdə saxlayırdı.
Ali məktəbə qəbul olunanda universitet seçimini atası yazıb, kodlaşdırmışdı. Lakin Rəşad “müəllimimə göstərim, o da baxsın” deyib.
Müəllimi isə Gəncə Texnologiya Universitetini 1-ci yerdə yazıb.(https://modern.az/az/news/203991).
Şakir Niftalıyev (atası): “Rəşad dil açarkən ilk sözü “paka” (hələlik) sözü olub. Sanki bilirmiş taleyinin necə olacağını, bizdən 550
ayrılacağını. Hamıya “paka” deyirdi. Rəşad çox ağıllı uşaq idi, uzaqgörən idi. Yaşının az olmasına baxmayaraq, özünü böyüklər kimi aparardı.
Ağlı, dərrakəsi də uşaq ağlında deyildi. Sanki uşaqkən böyük idi. Dost mövzusunda çox seçici idi. Yoldaşları, gəzib, deyib-güldüyü uşaqlar çox
idi, amma dostu az idi. Bizim ona məsləhət verməyimizə heç vaxt ehtiyac olmayıb.
Məndən heç vaxt pul istəməzdi. Mən biləndə ki, uşaqlarla gəzməyə çıxacaq, özüm aparıb pul qoyardım cibinə. Elə olurdu yoldaşlarıyla
gəzməyə gedəndə bir də görürdüm ki, yarım saat keçdi qayıtdı evə. Soruşanda ki, bala, niyə tez qayıtdın? O, “ata, uşaqlar özlərini yaxşı aparmadı,
küçədə möhkəm danışıb-güldülər, mərifətsiz danışdılar. Xəbərdarlıq elədim, məhəl qoymadılar, mən də geri qayıtdım” deyirdi.
Rəşad sirr saxlayan, söz danışmağı sevməyən oğul idi. Özü və ətrafı barədə hər şeyi özündə saxlayardı. Rəşad biraz da qaraqabaq uşaq idi.
Evdə səs yüksəkdən gələndə qapını tez bağlayar, qadınlara “sakit danışın, camaat eşidir” deyirdi. Anasıyla gəzməyə çıxanda onun hicabına,
geyiminə diqqət edərdi. Bizi bir dəfə də olsun qoymadı yanına getməyə. Mənə söz deyə bilmirdi, amma anasına deyirdi ki, yarım saatdan ötrü niyə
gəlirsiz, gəlməyin. Axrıncı dəfə mart ayında getmək istədim yanına. Yenə imkan vermədi ki, “biz təlimlərə gedirik, baş qarışıqdı”. İndi peşman
olmuşam. Kaş gedərdim, sözünə qulaq asmazdım.
Əsgərliyi dövründə bir dəfə belə gəlmədi məzuniyyətə. Bizim qohum var, onun oğlu məzuniyyətə gələndə Rəşadı da məzuniyyətə buraxıblar.
Lakin Rəşad gəlmək istəməyib. Döyüş vaxtı həmin qohumun uşağı ailəsinin yanında idi. Rəşad isə məzuniyyətini sən demə anasının ad gününə
saxlayırmış. May ayının 18-i anasının doğum günü olacaqdı. Süpriz eləmək istəyirmiş. Əcəl imkan vermədi. Elə oldu ki, Rəşadın 40-cı günü
anasının ad gününə düşdü.
Evdən pul istəməzdi. Sadəcə bir dəfə məndən 30 manat istədi. Onu da Yeni il şənliyi keçirilirmiş, o məqsədlə yığırlarmış. Mən də 50 manat
yolladım. Yenə pul yollamaq istəyəndə dedi ki, “ata, mən manqa komandiri keçmişəm, 41 manat pul alıram. Pula ehtiyacım yoxdu”.