The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-05 06:16:31

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

Qəhrəmanlıq tariximizin şanlı səhifələri

401

(Yuxarıda müsahibəsini təqdim etdiyimiz şəhid qardaşı İntiqam Əsgərov isə 2020-ci ilin Vətən müharibəsində şəhid olub. Hər ikisi Xüsusi
Təyinatlı Qüvvələrin giziri idi. Nurlan snayper idi, düşmənin xeyli sayda qüvvəsini məhv etmişdi. Döyüş meydanından cansız bədənini qardaşı
İntiqam çıxarmış, yenidən döyüşə qayıtmışdı. İntiqam Əsgərov isə Vətən müharibəsində Şuşa uğrunda döyüşdə şəhid oldu. Allah rəhmət eləsin)

ƏSGƏR RƏVAN İSMAYIL OĞLU NURAYEV

“Namuslu insan olmaq istəyirsənsə, ömrünün
mənasını vətənə xidmətdə gör.” (D.İ.Fonfizin)

Doğum tarixi: 3 aprel 1997-ci il. Zaqatala rayonu, Muxax kəndi. 402
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 3 aprel 2016-cı il. Zaqatala rayonu, Muxax kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edilmişdir.
Ailənin tək oğlu idi. Subay olub.

Rəvan İsmayıl oğlu Nurayev 13 mart 1997-ci ildə Zaqatala rayonunu ən böyük kəndlərindən olan
Muxax kəndində doğulmuşdur. 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılan R.Nurayevin
doğulduğu kənddə də torpağa tapçırılmışdır.

Axırıncı dəfə martın 30-da anası ilə telefonla əlaqə saxlayan Rəvan hər şeyin qaydasında olduğunu
bildirib. İsmayıl kişinin 71 yaşında dünyaya gətirdiyi Rəvan iki yaşından ata məhəbbətindən məhrum
olmuşdu. “Pis günün ömrü az olar” deyən anası Havva xanım heç nəyə baxmadan iki övladını böyüdüb
boya-başa çatdırmışdı. Qızı Fatiməni el adəti üzrə gəlin köçürmüşdü. Rəvan isə orta məktəbi bitirdikdən sonra 2015-ci il aprel ayının 8-də Tərtərə
hərbi xidmətə yola salınıb. Əsgərlikdə olduğu müddətdə Mingəçevirdə zabit məktəbində kurs keçmişdi.

Hava xanım (anası): “O gecəni narahat keçirdiyim üçün həmişəkindən tez oyanmışdım. Başını qatmaq üçün toyuq-cücəyə dən səpsəm də,
həyətdə səliqə-sahman yaratmaq üçün təmizlik işləri ilə baş qatsam da, narahatlığım səngimədi. Qızım Fatimə ilə danışanda dedi ki, “Nəyin dərdin
çəkirsən ay ana, narahatlığın qardaşımdan idi, onunla da iki gün əvvəl telefonla danışmışıq. Şükür Allaha lap yaxşıdır. Xidmətinin də 1 ili tamam
olub. Sağlıq olsun, altı aydan sonra gələcək”. “Allah ağzından eşitsin, ay bala” - desəm də, özümə yer tapa bilmirdim. Qulağım səsdə idi. Demə,
ana qəlbinə nəsə damırmış. Zaqatala rayonunun Muxax kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əli Mahmudov bilmirmiş ki, xəbəri necə
çatdırsın bizə. Kürəkənim Qəhrəmana deyib. Deyib ki, yaralandığını deyin anasına. Bir neçə saatdan sonra həyətdə mərasim çadırının qurulduğunu
görəndə dünyam yerlə yeksan oldu...

- Bilirsən nədən bildim?! Çünki 1-2 dəfə bizim qapımızı kənd sovetindən döyən olmayıb. Özü də bu kişi evə girəndə salam vermədi. Ehtiyatla 403
ətrafına baxırdı. Ondan şübhələndim... Mən oğlumu cavan ölmək üçün böyütməmişdim. Kim sahibim olacaq? Axı Rəvan mənə deyirdi ki, ay ana,
böyüyüb bütün zəhmətlərinin əvəzini verəcəm. Atası rəhmətə gedəndə Rəvanın 2, böyük qızımın 5 yaşı var idi. Onları bu kənd yerində zəhmətlə
böyütdüm. Kimsənin qazanına, çörəyinə göz dikməyə qoymadım. Aclığımızdan, toxluğumuzdan kimsənin xəbəri olmadı. 2015-ci ilin aprel ayında
əsgər yola saldım. O əsgər getdiyi gündən sonra dolu zənbillərlə Tərtərə, Goranboya... iki-üç aydan bir görüşünə getdim. Evdə tək qala bilmirdim.
Elə bilirdim ki, bütün evi yığıb aparıb Rəvan. Deyirdi ki, ay ana, mən balaca deyiləm, əziyyət çəkmə. Kaş axırıncı dəfə 10 gün balamın yanında
qalaydım, doyardım, bəlkə ətrindən. Balam Tərtərdə düşmən gülləsinə rast gəlib. Əvvəlcə orda xidmət edirdi. Elə yanına gedəndə sevməmişdim o
Tərtəri. Bizim Zaqatala hara, Tərtər hara. Mənə düşmən oldu Tərtər. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə, Lalə təpəni
erməni tapdağından xilas edərkən, ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub balam.

Yoldaşım İsmayıl da kənddə çörəkli kişi olub. Qapımızdan girənə süfrə açmaq adətimizdi. 1999-cu ildə rəhmətə getdi. Ötən günlər ərzində
bu həyətimdə oğlum üçün bir mağar quruldu ki, gəl görəsən... Gələn gedənlərə dedim ki, hamınız balamın süfrəsindən yeyin. Bu həm toy
mağarıdır, həm əsgərlikdən gəlməyini qeyd edirəm, həm də yasını verirəm. Bundan sonra nəyimə lazımdır bu həyət-baca... O zəlzələ olan vaxtı,
biz bu evdə qorxa-qorxa yaşadıq. Görüsünüz də zəlzələdən uçub dağılandı. Pulu olanlar, evinin təmirinə ehtiyacı olmayanlar pul verib təzədən
yardım aldılar hökumətdən. Bizim kimi kasıbların da başını 5 min manat pulla qatdılar. Evin təməlini qoyduq, sonrasına da pulumuz çatmadı. Kaş
balam sağ olaydı, bir çadırda da yaşayardım. Kaş şikəst qayıdaydı, ölən gününə kimi, qulluğunda durardım...

Oğlumun üç mərasimini verən günü, aprelin 7-də Mehriban xanım Əliyeva Bakıda şəhid ailələrinin anaları, bacıları, qızları ilə görüş keçirirdi.
Fatmanı göndərdik. Orda Fatma heç nə danışa bilməyib. Amma sonradan, Mehriban xanımın köməkçisi qızıma zəng vurub, problemimizin olub-
olmamasını soruşub, qızım da deyib ki, zəlzələdən ziyan çəkmişik. Bizə Mehriban xanım Əliyeva tərəfindən maddi yardım da olundu. İndi bu
həyətmizdə gördüyünüz evi də təzə tikməyə başlayıblar. Usta briqadası da ayırıblar. Ancaq heç kim demir ki, kim tikir, kim tikdirir...“ (Əli
SƏLİMOV. Demişdi ki gələcək...
“Azərbaycan”qəzeti, 8 aprel 2016. http://www.azerbaijan-news.az/view-94244/demisdi-ki-gelecek).

Tamam Ramazanova (qohumları): “Həvvagillə həm qonşuyuq, həm də qohum. Onun böyük qızı mənim gəlinimdir. Çox gözəl, namuslu
ailədirlər. 2 yaşından Rəvanı və qızını yetimliklə böyüdüb. Aprelin 3-ü gəlinim Fatma dedi ki, qardaşımın əsgərliyinin 1 ili keçdi, 6 ayı qalıb.
Şəklini əlinə götürüb, başladı ağlamağa. Dedim niyə ağlayırsan ki, şükür Allaha gəlib çıxacaq da... Axşamüstü də qudam Həvva gəldi. Dedi ki, heç
özümə yer tapa bilmirəm. Bilirdik ki, ara qarışıb, aləm dəyib bir-birinə, ermənilər yenə bizim tərəfə atırlar. Ancaq, Rəvan heç ağlımıza da
gəlmirdi. Çünki biz onun Mingəçevirdə hərbi təlim keçdiyini bilirdik. Oturub samovar çayı içə-içə söhbət edirdik. Bu Həvva dedi ki, ürəyimin içi
yanır, bilmirəm, canımı hara qoyum. Elə bu vaxt, kəndin icra nümayəndəsi girdi həyətimizə. Həvva dəli kimi yerindən durub onun üstünə qaçdı,
qışqıra-qışqıra dedi ki, Rəvandan xəbər gətirmisən, nə olub ki? Vallah bilmədim ki, bu arvada bir dəqiqənin içində nə oldu. Bu necə hiss eləmişdi
o icra nümayəndəsinin qara xəbər gətirdiyini...

Rəvanın əsgərliyindən heç narazılığı olmamışdı. Deyirdi ki, ana bu zənbilləri mənə gətirmə, bizə əsgərlikdə ev yeməyi verirlər. Arzuları
yarımçıq qaldı, uşağın, onu dəfn edəndə, bu həyətdə iynə atsan yerə düşməzdi. Belə şəhid dəfn edildiyini görməmişdik. Adam bəy duranda
sağında solunda xala oğlusu, əmi oğlusu sağdış-soldış durar, Rəvanın da sağında-solunda Azərbaycan əsgərləri dayanmışdı, ona keşik çəkirdilər.
Sağ olsun dövlətimiz, Rəvan şəhid olan gündən, anasını da nəzarətə götürüblər ki, nə istəyi olsa yerinə yetirsinlər. Fatmanın da iki uşağı var.
Dünyada kim əbədidir ki, bu da bir yazı, bir qismət idi. Ölənlə ölmək nə dinimizə yaraşar, nə də inancımıza. Allahdan bütün şəhid ailələrinə səbr

diləyirəm. Biz də burdayıq. İndi Həvva özü necə desə, elə də quracağıq düzənimizi. Fatma, nəvələrimiz nə vaxt istəsələr gəlib gedəcəklər.
Qonşularımız da mehribandırlar. Həvvanı biz tək qoymarıq.”

(http://www.anl.az/down/meqale/525/2016/may/493446.htm).
Kamil Məmmədov (kənd sakini): “Rəvan atasız böyüsə də, həmişə qüruru, vətənpərvərliyi ilə seçilirdi. Onun döyüş bölgəsində göstərdiyi

qəhrəmanlıqdan hər bir kənd sakini qürur duyur”.

Şaiq Qasayev (məktəbin direktoru): “Rəvanın təhsil aldığı Muxax kənd 2 saylı tam orta məktəbin foyesində Rəvanın stendi yaradılıb.
Şəklinin qarşısına tər çiçəklər düzülüb. Rəvan məktəbimizin nizam-intizamı ilə seçilən şagirdlərindən olub. Atasını uşaq yaşlarından itirməsi onu
erkən yaşlarından zəhmətə bağlamışdı. Əsgər gedəndən sonra evlə əlaqə saxlayıb anasına əminliklə deyirdi ki, qayıtdıqdan sonra ona daha yaxşı
kömək edəcək. Orduda da özünü yaxşı əsgər kimi göstərib çavuş rütbəsi almışdı”.

Fatimə Şabanova (ibtidai sinif müəllimi): “Rəvan sakit və ağıllı uşaq idi. Onun haqqında keçmiş zamanda danışmaq mənə çox ağır gəlir.
Onun şəhid olması xəbəri hamımızı çox mütəəssir etdi. Bununla belə qürur duyuruq. Çünki əzəli düşmənimizlə döyüşdə qəhrəmanlıq göstərərək
şəhidlik zirvəsinə qovuşub”.

Müqəddəs Həmzətov: “Rəvan, oğlum Asimanla bir yerdə Tərtərdə xidmət edib. Rəvan 1 il, Asiman isə 9 ay xidmət etmişdi. Həyəcan siqnalı 404
veriləndə də döyüşə bir yerdə atılıblar. Oğlum deyir ki, ermənilərin atəşkəsi pozmasından sonra əks-hücuma keçərək düşmənin bir postunu alıblar.
Rəvan sərrast atəşlə düşmənin atəş nöqtəsini susdurub. Növbəti post uğrunda gedən döyüşdə isə Asiman qolundan güllə yarası alıb. Komandir onu
döyüş xəttindən çıxararkən Rəvanın vurularaq yerə yıxıldığını görüb.”

Akif Abdullayev (Muxax kənd bələdiyyəsinin sədri): “Rəvanın şəhid olması xəbəri hər bir kənd sakini kimi, məni də həyəcanlandırdı.
Bununla belə onun böyük bir amal - Vətən torpağı uğrunda canını fəda etməsindən təsəlli tapıram. Oğlum hazırda zabit kimi ön cəbhədə yerləşən
hərbi hissələrin birində xidmət edir. Rəvan isə kiçik övladımla bir məktəbdə təhsil alıb. Xidmət etdiyi hərbi hissənin əsgərləri ilə də söhbətimiz
oldu.”

Şəmsəddin Nurayev (əmisi oğlu): “Rəvanın itkisi ağır olsa da, qəlbimizdə yaşayır və yaşayacaq. O, təkcə 7 min 800 nəfər əhalisi olan
Muxaxın deyil, bütün Azərbaycanın övladına çevrildi.” (Əli SƏLİMOV.Demişdi ki gələcək...
“Azərbaycan”qəzeti, 8 aprel 2016. http://www.azerbaijan-news.az/view-94244/demisdi-ki-gelecek).

Sonda Rəvanın müəllimlərdən birinin ürək sözlərini sizə təqdim edirik: "Geridə qoyduğumuz hər gün bir tarixə dönür. Elə günlər var
onlar unudulub gedir, elə günlər də var ki, onları heç zaman unutmursan. Belə günləri tarixə yazan qəhrəmanlardandır şəhidlər! Allah, Vətən və
millət yolunda canından keçən insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq! Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını,
azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır, şəhidlər! Belə ayrılıq əslində yoxluq və heçlik deyil, əbədi cənnət olan diyara səfərdir.
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.

Şəhidlər tarxləşən istiqlal türbəsidir,
Şəhidlər ölməzdirlər, şəhidi ağlamazlar".
(http://www.anl.az/down/meqale/525/2016/may/493446.htm).

Qardaşım Rəvan! Sən indi təkcə Zaqatalanın Muxax kəndinin deyil, bütöv Azərbaycanın oğlusan. Bunu artıq Muxax kəndinin məktəbliləri
bilirsə, deməli şahidi olduqları tarix dərsini gələcək nəsillərə söyləyəcəklər. Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən bütün
şəhidlərimiz kimi aprel döyüşlərində şəhid olan qəhrəmanlarımız da xalqın əbədi yaddaşına yazılıblar.”

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

405

(Şəhidimizin anası Hava xanım) 406

ƏSGƏR SAMİR İZAYƏDDİN OĞLU KAÇAYEV

“İnsanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə
ölçülür.” (N.Q.Çernişevski )

Doğum tarixi: 5 mart 1994-cü il. Şamaxı rayonu, Çuxuryurd kəndi. 407
Vəfat tarixi: 2 aprel 2016-cı il.Tərtər rayonu istiqamətində.

Dəfn edilib: 4 aprel 2016-cı il. Şamaxı rayonu, Məlhəm kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“İgidliyə görə” medalla təltif edilmişdir.

Subay olub.

5 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olmuş Samir Kaçayev 2011-ci
ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltərəşlıq fakültəsinə daxil
olmuş və 2015-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Həmin il Samir magistraturaya daxil olmuş və iyul
ayında Tərtərə hərbi xidmətə yola düşmüşdür. Tələbə yoldaşları arasında istedadı, eyni zamanda
səmimiyyəti, əxlaqı və gözəl ürəyi ilə sevilib-seçilən biri kimi xatırlanan Samir Kaçayev istedadlı
heykəltəraş idi. Tələbəlik illərində bir sıra tədbirlərdə, sərgilərdə öz əsərləri ilə iştirak etmişdir. Belə ki,
2014-cü ildə “AZNAR”, “Milli Dəyərlər”, eyni zamanda ölkənin hüdudlarından kənardakı sərgilərdə, 2014-
15-ci illərdə “Hamı Birlikdə” adlı sərgidə, Heydər Əliyev Fondu, Bakı 2015 İlk Avropa Oyunları, Fransa,
Türkiyə, İsveçrə sərgilərində aktiv iştirakı ilə yadda qalmışdır. İstedadlı heykəltaraşın əsərləri şəxsi
kolleksiyalarda saxlanılır. 2016-cı ilin 2 aprel tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş Samir Kaçayev 4
aprel tarixində doğulduğu Şamaxı şəhərinin Məltəm kəndində torpaqa tapşırılmışdı. (http://khatai.cls.az/more/text/35535).

Valideynlərinə heç vaxt əziyyət verməyən Samir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq bölməsinə qəbul olarkən
xəbəri ata-anasına“Pulsuz bölümünə qəbul olundum” deyə çatdırmışdı. Magistratura pilləsinə belə ödənişsiz qəbul olmuşdu. Artıq akademiyada
imzası, işi ilə tanınan Samir 2015-ci ilin noyabr ayında "Tolerant Azərbaycan Gənci" fondunun layihəsində heykəltəraşlıq üzrə II yerin qalibi
olmuşdu. Əsgəri xidmətdə olsa da, nümunəvi gizir olduğu üçün bu mükafatın təqdimolunma mərasiminə qatılmışdı. Qrup yoldaşları onu
gördüklərinə çox şad idilər. Samir Kaçayev gələndə hər şey dəyişirdi, o, bir başqa idi. Gəlişi ilə ətrafına yeni əhvali-ruhiyyə bəxş edirdi. Gözəl
aurası var idi. O, əsgər gedəndən bəri qrupun 9 tələbəsi arasında elə bil ki, nəsə çatmırdı. Bu boşluğun yerini isə Samir haqqında söhbətlər,

əhvalatlar tuturdu. Bir də ki, əsgər gedəndə yaradıcılıq studiyasında düzəltdiyi əsərlərini dostu Abdulla və Zaminə əmanət etmişdi. Demişdi ki, 408
göz-bəbəyiniz kimi qoruyun!..

Əminə xanım (anası): “Aprelin 1-dən 2-nə keçən gecə yata bilmədim. Səhəri diri gözlü açdım… Günortaya yaxın, bir neçə qonşu gəlib-
getdi, hal-əhval tutdular. Sonra dedilər ki, “ay Əminə, oğlun sağ ayağının bacağından yaralanıb”. Dəliyə döndüm. Haray qopardım ki, “Düzünü
deyin, mən səhərə qədər yatmamışam, oğluma nə olub?” Qonşular bir-birinə göz edib, məni qınadılar ki, “Əminə, yekə qızsan, haray-həşir salma,
bir azdan Bakıya – xəstəxanaya gətirərlər, gedərsən yanına…”. Elə bil inanan kimi də oldum. Axşam qaranlığında
isə artıq balamı üçrəngli Azərbaycan bayrağına bürünmüş dəmir tabutun içərisində gətirdilər…Torpaqlarımızın işğalı üçün müqəddəs
müharibəmiz başlayandan Şamaxı şəhəri 30 şəhid verib. 22 yaşlı balam Şamaxının 29-cu şəhidi idi.

Ötən il yuxumda gördüm ki, Samirin yanında üç böyük daş var. Daşların üstündə də bir bayraq. Mənə deyirlər ki, Samir yanvarın 28-də
öləcək. Hövlnak yuxudan ayıldım, tez balama zəng vurdum. Dedi ana, salamatam, dərsdəyəm. Hər gün yadıma düşürdü. Düz bu ilin yanvar ayının
28-nə qədər o yuxu içərimi yedi. Yenə zəng vurdum. Danışdım. Ondan sonra rahatlandım. Samirim bir qarışqanı da tapdamazdı. Bəzən evi
təmizləyəndə qarışqaları basıb öldürərdik. Bir haray-həşir qoparırdı ki… Bir dəfə də dedi ki, onları da Allah yaradıb, öldürmə, sənin balanı o
qarışqa kimi öldürsələr, neylərsən… Güldüm… Belə idi Samir, bir gülü də incitməzdi. Ancaq çiçəkləri, gülləri, təbiəti çox sevirdi. Kimin ad günü
olsa, dağ döşünə, yamaclara gedib, oradan çiçək yığıb gətirib, təbrik edərdi. Axırıncı dəfə martın 6-da əsgərlikdən məzuniyyət verdilər. Həmin
günü həm də doğum günü idi. Dostları ilə gəldi. Getməyinə 1 gün qalmış – 22-si gecəsi səhərə qədər oturduq atası və mən söhbət elədik. Dizlərimi
yerə qoyub oğlumun danışdıqlarını dinləyirdim. Hərdən qollarını, boynunu tumarlayırdım. Dedi ki, ana, qollarıma, bədənimə cızıq düşsə, hərbi
hissədə sorğu-suala tuturlar. Fikirləşərlər ki, bəlkə kiminləsə dava etmişik, kimsə döyüb. Çox ciddi baxırlar sağlamlığımıza və təlim-
tərbiyəmizə. Axşamüstü bir neçə bağlama Novruz tədarükü yığıb verdim, dedim ki, apar əsgər yoldaşlarınla bölərsən. Samir axırıncı tikəsini də
bölüşürdü. Evdən çıxanda atasına deyib ki, “Bir anlığa çıxanda belə, elə vidalaşın ki, bir əsrə bərabər kimi olsun”. İndi oturub danışdığı hər sözü,
hər söhbəti çözələyirik ki, bəlkə içərisindən bir məna tapaq. Oğlumun istədiyi qızı da bilmədim ki, bir ona baxım. Gedəndə arxasınca su atdım ki,
balam salamat qayıtsın. İyul ayında qayıdacaqdı. Mən elə bilirdim oğlumun cəmi üç dostu var. Buraya Akademiyadan 150 nəfər gəlmişdi.
Bilmirdim ki, balamı bu qədər istəyən var, qarşımda baş əydilər… Amma mən bilmirəm neyləyim, oğlum çox gözəl idi. Boyu hündür, ala gözlü,
mədəni, ağıllı, sevimli idi… Mən Samirimi istəyirəm… Mən ondan doymamışam. O, Çuxuryurdda yan-yana düzülən, milyonlarla qiyməti olan
villalardan birində deyil, balaca ağ daxmada dünyaya gəlmişdi.”

Ömər Eldarov (Azərbaycan Respublikasının Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru):“O, gözəl diplom işi hazırladı. Əla
qiymət aldı. O, bizim institutun ən nümunəvi tələbələrindən idi. Dost kimi də, tələbə kimi də, gənc kimi də, kollektiv üzvü kimi də təhsil
ocağımızın ən nümunəvi tələbəsi idi. Biz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bütün professor və müəllim heyəti, tələbələrlə
birlikdə ağır da olsa, gənc və istedadlı tələbəmizin dəfnində iştirak etməyə getdik. Ailəsinə minnətdarlıq etdik. Dedik ki, belə oğul böyütdüklərinə,
tərbiyə etdiklərinə görə sağ olsunlar. Heyf ki… vaxtsız həlak oldu… müharibə, müharibədir. O, məharətli heykəltəraş idi. Onun işlərində fərqlilik
və mükəmməllik var idi. İnanmaq olmur ki, Samir Kaçayev belə uzaq dağ kəndində doğulub böyümüşdü. Onunla münasibətdə belə rəy yaranırdı
ki, sanki mərkəzdən gəlib. Dərsi və sənəti dərinliklərinə qədər mənimsəməyə çalışırdı. Nəzəri və praktiki cəhətdən də kamil və mükəmməl idi.
Onun əl işləri çox yüksək qiymətləndirilirdi və satılırdı da. Onun qismində Azərbaycan böyük və istedadlı bir heykəltəraşını itirdi. Mən bütün

cavanlara can sağlığı və hərbdə qazanılmış xoşbəxtlik arzulayıram. Qoy onlar heç vaxt gülləyə, mərmiyə tuş gəlməsinlər!” 409

(https://www.aznews.az/news/cemiyyet/106109.html).

Sosial şəbəkələrdə Samir haqqında ətrafının yazdıqlarından az bir hissəni təqdim edirəm.

Afa Aslanova (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi): “Samirciyim!!! Necə yəni belə? Sən axı magistraturaya qəbul
olmusan!!! Sənin üçün mən əziyyət çəkmişdim, hazırlaşdırmışdım! İndi neyləyim??? Sən təhsilini davam etdirməli idin!!! Sən elə istedadlı, elə
intizamlı, nəzakətli, rəhmli, xoşxasiyyət idin!!! Düz bir il bundan əvvəl səninlə dərsə başladıq. Bir dərsi belə boş buraxmadın. Mühazirələri elə
diqqətlə dinləyirdin ki… Səni sevməmək mümkün deyildi!!! Bir dəfə emalatxanadan iş paltarındaca dərsə gəlmişdin, üst-başın əhəng-palçıqla dolu
idi. Dəfələrlə üzr istədin. Dedin ki, əynini dəyişməyə imkanın olmadı… Sən hətta iş paltarında da, o əhəng-palçıqların içərisində də gözəl idin.
Düzəltdiyin heykəllərə bənzəyirdi qamətin!!! Ağlın, intellektin, istedadın bütövlükdə səni tamamlayırdı. Samir, mən səni çox sevirdim!!! Niyə
belə oldu??? Niyə???” (Qurban Cəbrayıl. Ürəklərdə heykəlləşən gənc heykəltəraş - Aprel şəhidinin xatirəsinə.https://musavat.com/news/ureklerde-

heykellesen-genc-heykelteras-aprel-sehidinin-xatiresine_427393.html).

Lilli A-eva adlı istifadəçi (qrup yoldaşı): “Caaannnn… Samir, Şəhidlik zirvəsinə ucaldın… Bir neçə gün bundan əvvəl səni gördüm,
şəhidlikdən danışdın, dedin ki, mən şəhid olanlardan artıq deyiləm ki… Dedin… və getdin… Nur içində yat…. amma hələ də ümid edirəm…
bilmirəm niyə?!”

Build A Trumpet, (İzraildən olan FB istifadəçisi): “Yer üzü sağ olsun ki, nə vaxtsa səninlə məni görüşdürdü, xoşbəxt anlarımızı paylaşa
bildik. Səninlə olan görüşlərimizə görə Tanrıya minnətdaram. Sənin təbəssümün həmişə mənim ağlımda olacaq. Sənin təvazökarlığın mənə
xatırladacaq ki, heç bir qarşılıq gözləmədən insanlara kömək etmək olurmuş. Səninlə işləmək və sənin necə həvəslə və məharətlə işləməyinə
tamaşa etmək də mənə sevinc gətirirdi, gənc heykəltəraş! Harada olsan da, inanıram ki, Tanrı sənin qayğını çəkəcək. İndi tək bir arzum var,
ruhunun yolu açıq olsun. Yaşadığımız Yer üzü sənin üçün çox darıxacaq, biz də sənin üçün darıxacağıq! Böyük məhəbbətlə: Build A Trumpet.”

Pınar Partanaz: “ Günlerdir Samir’i düşünüyorum. Bakü Sanat Festivaline katılsaydı belki ben de tanıma şansına sahip olacaktım.Geçen
sene mezun oldu Azerbaycan Devlet Güzel Sanatlar Akademisinden. Gelecek vaat eden genç bir heykeltraştı.Ermenistan çatışmasında şehit
düştü.Ülkemizdeki sanatçılar terör örgütü destekçisi medyayı takip etmekten fırsat bulup göremediler heykeltraş Samir’i. Samir sanatçıydı.
Çevresinin sevip kolladığı, “güzel insan” dediği gencecik bir sanatçı.Azerbaycan Ressamlar Birliği’nin düzenlediği Tolerant Azerbaycan Genci
Yarışması, Heykel Bölümünde ikincilik ödülünün sahibi olmuştu.Dünyayı döndürmek kolay iş değil tabi. Güneşi doğurmak kolay mı?” (Qurban
Cəbrayıl. Ürəklərdə heykəlləşən gənc heykəltəraş - Aprel şəhidinin xatirəsinə.https://musavat.com/news/ureklerde-heykellesen-genc-heykelteras-

aprel-sehidinin-xatiresine_427393.html).

Sanatçı olan neyi dert edinir kendine?
Kendi dışında her şeye gözünü kapatmak mıdır sanat?
Renkli ve biçimli duvarlar örnek midir?
Sadece kendi başarısını düşünmek midir?

Kendinden başka her şeyi gereksiz gören midir sanatçı?
Tırnağı kırılsa “dünya dursun, artık yeter” diyen midir?
“İnsan insan” diye duyarlılık taklidi yaparken
İnsanlık düşmanlarının kucağına oturmak mıdır sanatçının derdi?
“Çiçek toprakta güzeldir koparmayın derdi. Evcil olmayan fareye her gün yemek verirdi ki ölmesin, başkaları zarar verir diye öldürülen fareyi o
koruyordu. Yani düşün nasıl bir melekti, şimdi gerçekten melek oldu.”

Bunu da qeyd edək ki, Samir Kaçayevin şərəfinə hazırlanan heykəl şəhidin məzarının üzərinə qoyulmuşdur. Müəllimi Rahib Qarayev
həmin heykəli 5 ay ərzində hazırlamışdır.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

410

411

412

ƏSGƏR SƏRVAN NATİQ OĞLU MEHRALIYEV

“Döyüş meydanında can versə insan
Xoşdur, namərdliklə qoyub qaçmaqdan”. (Sədi Şirazi)

Doğum tarixi: 8 iyul 1997-ci il. Ağdam rayonu, Ballar kəndi. (əslən Xocalıdan olub). 413
Vəfat tarixi: 2 aprel 2016-cı il. Lələtəpə döyüşləri.
Dəfn edilib: 3 aprel 2016-cı il. Ağdam rayonu, Ballar kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“İgidliyə görə” medalla təltif edilmişdir.

Subay olub.
İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana

müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona "Ana Vətən!”
deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və
istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan
qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Belə
oğullarımızdan biri də əslən Xocalı rayonundan olan, 1997-ci il iyul ayının 8-də Ağdamın
Ballar kəndində doğulan Sərvan Mehraliyev olmuşdur. Əslən Xocalı rayonunun Meşəli
kəndindən olan S.Mehralıyev 2014-cü ildə Pirallahı rayonu 186 saylı məktəbdən məzun
olmuş, 2015-ci ildə hərbi xidmətə Vətən qarşısında olan borcunu yerinə yetirməyə getmiş,
2016-cı il aprel döyüşləri zamanı Lələtəpədə komandirinə silah-sursat keçirərkən qəhrəmancasına şəhid olmuş və bununlada çoxlu sayda döyüş
yoldaşlarının həlak olmasının qarşısını almışdır. Cəbhə xəttinin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən
şəhid olan əsgər 1997-ci il təvəllüdlü Mehraliyev Sərvan Natiq oğlu Ağdamın Üçoğlan kəndində dəfn olunmuşdu. Qardaşı ilə döyüş əməliyyatında
birgə iştirak edən Sərvan adını şəhidlik zirvəsinə yazdırmaqla Vətənə layiqli övlad olduğunu hər kəsə göstərdi. Qeyd edək ki, Sərvan Mehralıyev
aprel döyüşlərinin ilk şəhididir. 1996-cı ildə anadan olmuş qardaşı – Mehralıyev Namiq Natiq oğlu da 186 №-li tam orta məktəbi bitirmişdir. Hər
iki qardaş – Namiq və Sarvan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi
tərəfindən 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və hər ikisi cəbhə xəttində, “N” saylı hərbi hissəsində xidmətə başlamışlar.
Xidmətdə olduqları 10 ay müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə
yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni
hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini

susdurmaq üçün ilk olaraq böyük qardaş Namiq irəli atılıb. Lakin onun polad dəbilqəsinə dəyən snayper gülləsi Namiqin irəliləməsinə mane olub. 414
Daha sonra onların bir döyüş yoldaşı eyni əməliyyatı yerinə yetirməyə çalışsa da qolundan yaralanıb. Nəhayət üçüncü cəhddən bu mühüm döyüş
tapşırığını Sarvan yerinə yetirir və mənfur düşmənin xain gülləsinə tuş gələrək şəhid olur. (https://bakimektebleri.edu.az/186/az/news/read/9409).

Namiq Mehralıyev (şəhidin qardaşı): “Aprelin 2-də səhər 9-10 radələrdində döyüş başladı. Sərvan dedi ki, qaqa qorxmursan? Mən də
dedim, niyə qorxum ki. İllərdir bu günü gözləmirdikmi? Onda Sərvan yenidən mənə dedi ki, qaqa hazırsan əmimizin qisasını ermənilərdən
almağa? Məndə dedim, əlbəttə hazıram. Bizim əmimiz və xalamızın yoldaşı da I Qarabağ müharibəsində şəhid olub. Bundan sonra Sərvan dedi:
“Qaqa bilmək olmaz nə olacaq, əgər mənə nəsə olsa, anamı qoymayın çox ağlasın. Anamı hər zaman qoru”. Mən də dedim ki, mən şəhid olsam,
anamdan muğayat ol, onu tək qoyma, ağlamağa qoyma. Beləcə biz bir-birimizə vəsiyyət eləyərək, bərk-bərk qucaqlaşdıq. Bir-birimizi öpdük.
Sonra Sərvan bir neçə dəqiqəlik harasa getdi. Onun hara getməyini isə şəhid olduqdan sonra bildim. Sərvan sevdiyi qıza məktub yazmaq üçün
gedibmiş...Aprelin 2-də ağır döyüşdən sonra günortaya yaxın Lələtəpə alındı. Mən qumbara atan idim. Sərvan da köməkçim idi. Biz düşməni
görən kimi vururduq. Onların gizlənib atəş açdıqları bütün mövqeləri təyin edərək dağıdırdıq. Ermənilərin çoxlu atəş açdığı bir yeri vuranda
Sərvan uşaq kimi sevindi. Dedi, “qaqa, yəqinki, məhv elədin onları, belə də davam elə. Əmimin qisasını, digər şəhid qohumlarımızın qisasını
alacağıq”. Ermənilərin mövqeyi çox əlverişli idi, bütün növ silahlardan atırdılar və onlardan azad etdiyimiz yüksəkliyi yenidən ələ keçirmək
istəyirdilər. Güllələr yağış kimi başımıza yağırdı. Onların snayperləri gizlənmişdi və bizi çox güclü atəşə tutmuşdular. Orada göbələyə oxşar dəmir
var idi. Ermənilər dayanmadan həmin yeri vururdular. Sursatlar qurtarırdı. Elə oldu ki, sursat gətirməli olduq. Çünki, biz düşmənin qarşıdakı atəş
nöqtələrini susdurmasaq azad etdiyimiz yerlər yenidən işğal edilə və çoxlu şəhid verə bilərdik. Ona görə də təcili sursat gətirmək lazım idi.
Məndən sursat istədilər. Mən birtəhər özümü qoruya-qoruya arxaya getdim və sursat götürdüm. Qayıdıb sursatı keçirdim, həmin vaxt snayperlə
başımdan vurdular. Amma başımdakı “kaska” məni qorudu və güllə başımdan azca yaraladı. Başımdakı qoruyucu “kaska” tamam dağılmışdı.
Həmin dəqiqə komandir özünü üstümə atdı və məni tutub səngərə çəkdi. Tez başımı yoxladı və gördü ki, çox yüngül yaralanmışam. Qucaqlayıb,
üzümdən-gözümdən öpdü məni, dedi: “Halal olsun əsgər sənə. Təhlükəsiz yerdə dincəl biraz. Başını da qaldırma.” Sonra yenə sursat azaldı və
qabaqdakılara sursat çatdırmaq lazım idi. Sərvan sursat gətirmək üçün getdi. Sursatı gətirdi, atdı yerə.

Uzanmaq istəyəndə, necə oldusa birdən snayperlə başından vurdular. Güllə elə yerdən dəymişdi ki, “kaska” qoruya bilməmişdi. Alnından
vurulmuşdu. Hardasa aramızda 20-30 metr məsafə olardı. Tez özümü atdım onun yanına, qardaşımın başını qucağıma aldım. Özümü itirmədim,
cibimdən bint çıxardıb tez onun başını sarıdım. Yaxınlıqdakı gizirlərdə gəldilər və “bulyo”larını cırıb, qardaşımın yarasını sarımağa kömək etdilər.
Dedilər ki, Mehrəliyev səbr elə, qardaşın yaşayacaq. Narahat olma. Amma düşmənin snayperləri bizi dayanmadan atəşə tuturdu deyə biz həmin
vaxt qardaşımı oradan çıxarda bilmədik. Onlar yaxşı mövqe götürüb, oradan atəş açırdılar. Amma buna baxmayaraq biz onları məhv elədik orada.
Biraz gözləməli olduq. Sonra komandir dedi ki, qardaşların biri vurulub, o birini qoruyun, onları sağ-salamat burdan çıxardın. Gizir var idi, o gəldi
və qardaşıma dedi ki, “sən mənim balaca qardaşımsan, sağ qalacaqsan, səni ölməyə qoymayacam. İndi özüm burdan çıxardıb, qospitala
çatdıracam”. Qardaşım həmin vaxt danışa bilmirdi. Gizir qardaşımı oradan çıxardanda arxadan ayağından vuruldu. Ayağından vurulmasına
baxmayaraq, yaralı ola-ola qardaşımı yenə də 100 metrə qədər apardı. Amma həmin gizir ayağındakı yarasından o qədər qan itirmişdi ki, artıq
taqəti qalmamışdı. Dedi ki, “məni bağışlayın. Daha gedə bilmirəm. Sərvanı buradan tez çıxardın”. Ermənilər də həmin vaxt həm minamyotlarla,
həm də snayperlərlə güclü atəş açırdı. Yanımdakılar xərək gətirməyə getdilər və məndə qardaşımın yanında qaldım. Ermənilər elə yerdə idi ki,
bizim tərəfdən yaxınlaşanlara güclü atəş açırdılar. Biz də həmin yerləri yeni azad etmişdik deyə, tam möhkəmlənə bilməmişdik. Ona görə də onları
tamamilə susdurmaq mümkün olmurdu. Biraz sonra qardaşım üçün xərək gətirmək mümkün oldu. Amma artıq gec idi. Qardaşım şəhid olmuşdu.

Zabitlərin köməyilə qardaşımı xərəyə qoyub öz tərəfimizə getməyə başladıq. Öz tərəfimizə çatmağa hardasa 100 metr qalmış yaxınlığımıza 415
minamyot düşdü. Yaxşı ki onda heç kim yaralanmadı. Qardaşımı öz səngərimizə gətirdik. Soruşdular ki, nə olub? Zabitlər dedi ki, qardaşların biri
vurulub, şəhid oldu. Orada çoxları pis oldu. Dedilər ki, bəs Mehrəliyevi qardaşıyla birlikdə arxaya göndərmək lazımdır. Mən o cür mərd komandir,
zabit, gizir və əsgərlərlə birlikdə, döyüşdüyüm üçün həmin an fəxr etdim. Onlar bizdə elə döyüş əhval-ruhiyyəsi yaratmışdı ki, onların arxasından
geri qayıtmaq utancverici olardı. Komandirlər və oradakı zabitlər bizə elə qayğı göstərirdi, bizi elə yaxşı təlimatlandırırdı ki, heç bir əsgər
qorxmurdu. Orada hamı kişi kimi döyüşdü. Heç kim qanından, canından qorxmadı. Komandir gəlib mənə dedi ki, Sərvanın qanını aldım. Qisası
ermənidə qoymadım. Mən qardaşımla çıxandan sonra döyüşçü yoldaşlarım və komandir ermənilərin bütün atəş nöqtələrini darmadağın edib, çoxlu
ermənini məhv etmişdilər.

Sərvan şəhid olduqdan sonra döyüşdən qabaq yazdığı məktubu tapdılar. Məktub onun cibində idi. Məktubu mənə verdilər. Yadıma düşdü
ki, Sərvan döyüşdən qabaq harasa getmişdi və qayıdanda demişdi: “qaqa cibimdə məktub olacaq, içində kimə veriləcəyini yazmışam”. Amma mən
ondan bir yaş böyük olduğum üçün yəqin ki, məndən utandı və məktubda nə yazıldığını demədi. Oxudum və cibimə qoydum ki, Bakıya gedəndə
ünvanına çatdırım. Amma bilmirəm necə oldu, harada düşdü. Məktubu sonradan cibimdə tapmadım. Mən həmin vaxt elə pis vəziyyətdə idim ki.
Anama necə deyəcəyimizi, bundan sonra qardaşsız necə yaşayacağımı düşündükcə dəli kimi olmuşdum. Hər şey yuxu kimi gəlirdi. Qardaşımın
artıq olmadığına inanmaq istəmirdim. Biz bir-birimizə hələ uşaqlıqda söz vermişdik. Hər zaman birlikdə olacaqdıq, anamı ağlamağa
qoymayacaqdıq. Böyüyüb işləyəcəkdik, anam daha işləməyəcək, əziyyət çəkməyəcəkdi. Amma Sərvan vətəni anamdan da, məndən də çox
sevirmiş. Vətən uğrunda şəhid olmağı seçdi. Sərvanın dəfnindən sonra Bakıya qayıtdıq və mən gedib onun sevdiyi qızı tapdım. Sərvanın
vəsiyyətinə əməl edərək, onun sözlərini həmin qıza çatdırdım... Mən öz qardaşımla fəxr edirəm. O, kişi kimi döyüşdü, igidlik göstərdi. Onun
gətirdiyi sursatla Komandirlərimiz irəli atıldı, çoxlu erməni və texnika məhv etdilər. Mən fəxr edirəm ki, Azərbaycan ordusun əsgəriyəm. Torpaq
uğrunda canımdan keçməyə hazıram. Mən də qardaşım Sərvan kimi şəhid olmaq istəyirəm.”( https://vk.com/wall-88752091_61096).

Sərvanın sevdiyi qıza son məktubunda yazdıqları : “Salam əzizim Leyla! Əgər sən bu məktubu oxuyursansa, demək ki, artıq şəhid
olmuşam. Mən hər dəfə posta qalxanda sənə məktub yazıram və məktubun üstündə də yazıram ki, şəhid olsam məktubu qardaşıma verin. Qardaşım
da məktubu ünvanına çatdıracaq. Hər dəfə də postdan sağ-salamat qayıdanda məktubu cırıb atıram. Bugün nəsə ürəyim rahat deyil. Ona görə də
yenə sənə məktub yazıram. Əgər sağ qalsam özüm sənə qayıdacam. Sən bilirsən ki, mən vətən üçün canımı hər zaman verməyə hazıram. Bugünkü
döyüş çox fərqlidir. Sağ qalsam, məktubu yenə cıracam. Əgər şəhid olsam, qadası, bil ki mən səni çox, lap çox sevirəm. Mən sənin haqqında ciddi
düşünürdüm. Əsgərlikdə olduğum müddətdə də hiss elədim ki, sən və mən qovuşmalıyıq. Əsgərlikdən gələndə sənə elçi göndərəcəkdim, səninlə bir
ömür boyu xoşbəxt olmaq istəyirdim. Məktubu oxuyursansa, ağlama. Mən göylərdən Sənə baxıram. Şəhid üçün ağlamazlar. Mən şəhid olsam da,
hər zaman səni görəcəm, sənin yanında olub, səni qoruyacam. Heç vaxt demə ki, Sərvan yoxdur. Sərvanın ruhu həmişə sənin yanında olacaq”.

(https://www.facebook.com/dogruyolumuz/posts/528143854545159:0; Femida.az-Əpoş İslam oğlu Vəliyev).

Bu cür qəhrəman vətən övladlarının igidliyi nəticəsində öyrəndik ki, Vətən bizim evimizdən başlanır, bizim küçəmizdən, məhəlləmizdən,
kəndimizdən, şəhərimizdən başlanır.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

416

((Sərvan Mehralıyevin anası )

417

418

ƏSGƏR ORXAN MƏHƏMMƏD OĞLU ƏLİYEV

Bastığın yerlərə torpaq deyərək keçmə, tanı.

Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı.
Vermə, dünyaları alsan da, bu cənnət vətəni.

(Mehmet Akif Ərsoy)

Doğum tarixi: 11 avqust 1995-ci il. Qazax rayonu, Aslanbəyli kəndi. 419
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 3 aprel 2016-cı il. Qazax rayonu, Aslanbəyli kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” medalla təltif edilmişdir.

Subay olub.
1995-ci ilin 11 avqustunda Qazax rayonunun Aslanbəyli kəndində anadan olan əsgər Orxan Əliyev 2016-cı

ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin
3-ü isə doğulduğu Qazax rayonunun Aslanbəyli kəndində son mənzilə yola salındı. Orxan Əliyev ölümündən sonra
göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş
"Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz
xatirəsinə həsr olumuşdur. (http://zefer.az/martyr/view/82/esger-orxan-mehemmed-oglu-eliyev).

2011-ci ildə Bakıda Texniki Kollecinə “Avtomobil nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə
həmin kolleci bitirmişdir.Kollecdə oxuduğu müddətdə çalışqan, tərbiyəli, nizamlı-intizamlı və məsuliyyətli ilə ona dərs deyən müəllimlərin
rəğbətini qazanan Əliyev Orxan yaxşı insan olmaqla yanaşı, həmdə çalışqan, tələbə yoldaşlarına qarşı mehriban olub, hərbi dərslərdə həmişə fəal
iştirak edib. Onda vətənpərvərlik ruhu hələ tələbəlik illərindən formalaşmışdır.

Şəhidimizin adına Qazax şəhərində bulaq kompleksi inşa edilmişdir. (http://www.anl.az/down/meqale/olaylar/2016/oktyabr/508320.htm).

2015-ci ilin 27 iyununda hərbi xidmətə yola düşən Orxanı anası Şəhla xanım, atası Məhəmməd dayı tez-tez Tərtərə oğlanlarını görməyə 420
gedərmişlər. Şəfiqə xanım elə pay tutarmış ki, oğlunun əsgr yoldaşlarına da pay çatsın. Ən yaxın dostu da Bakıdan Mahir Mirzəyev imiş.

Şəhla xanım (anası): “Orxan Mahirsiz bir tikəsini də yeməzdi. Hər ay görüşə gedəndə, Mahiri görməsəydim darıxardım. İkisi də gəlib
yanımda oturardı. Nə aparsam ikisinə də həvəslə aparardım. Anlayırdım ki, yoluzaqdı onun valideynləri gələ bilmir. Oğlum döyüşə də Mahirlə
birlikdə gedib. Aprelin 1-i axşamüstü zəng vurdu bizə, dedi ki, təlimdəyik. Top, mərmi səsləri buralara da gəlirdi. Ancaq Orxanın komandiri
demişdi ki, onu ön cəbhəyə aparmayacaqlar. Sonra onları döyüşə göndəriblər. Aprelin 2-i kənddə hamı oğlumun şəhid olduğunu bilirmiş bizdən
başqa.

Həmin gecə nəfəsim kəsilirdi. Səhəri dirigözlü açdım. Həyət-bacada iş görmək istədim əlim iş tutmadı. Oğlumla birlikdə Samir Kaçayev,
M.Vahabzadə, M.Mirzəyev Seysulan tərəfdən düşmən həmləsinə qarşı çıxan ilk döyüşçülər olublar. Ermənilərlə üzbəüz vuruşda birinci müdafi
xəttini uğurla yarıbmışlar. Seysulan döyüşündə 18 nəfər şəhid olub. Onlar ora qələbə qazanmaq üçün getmişdilər. Və qazanmışdılar.

Aprelin 2-i qara xəbər gəldi. Bütün el-oba oğlumu qarşılamağa çıxmışdı. Əsgər gedəndə də kənd əhli belə yığışmışdı. Hamının yanında əhd
etmişdik ki, sağsalamat qayıtsın Sufi Hacı Mahmud Əfəndi türbəsində qurban kəsəcəyik. Olmadı. Amma onu həmin türbəyə yaxın dəfn etdik.
Həmin gündən kənd əhli üçün balamın məzarı qibləgaha çevrilib. “Orxan” deyib sızlayıram. Hələ də onun yolunu gözləyirəm. Onun hər bir
hərəkəti lent kimi gözümün önündən keçir. Ölənə kimi “Orxan, Orxan” deyəcəyəm. Daha səbrim qalmayıb. Onsuz yaşamağı özümə haram
bilirəm. İlk məhəbbətim, ilk övladım Orxanım.”

Qeyd edək ki, şəhid haqqında Fəridə Ləman “Cənnətdən məktublar” adlı kitab yazmışdır. Kitabda şəhid Orxan Əliyevin nakam taleyindən,
arzularından, şəhidliyindən bəhs edilib. Fəridə xanım bu kitabı yazdı ki, müqəddəs söz bir az da ululaşsın, bir az da müqəddəsləşsin. “Cənnətdən
məktublar” kitabı nakam bir ömrün şərəfli anlarını özüdə ehtiva edir. Şəhidlərin ölməzliyi, diriliyi, duruluğu, müqəddəsliyi kitabın adı ilə üst-üstə
düşür. Bəli onlar cənnətdədir və hər gün bizə cənnətdən məktub göndərirlər: “Əziz xalqım, Azərbaycan daha güclü olacaq və gün gələcək ki,
itirilmiş hər qarış torpağımız, ərazi bütövlüyümüz bərpa olunacaq. Uğrunda can verdiyimiz torpağın qoynunda uyuyuruq. Ona görə də bizdən
nigaran qalmayın. Biz cənnətdəyik”.

Onların cənnətdən yazılan məktublarını bütün Türk dünyası oxuyur (eşidir). Cənnətə gedən yolunuz, cənnətdən yazılan məktublarınız,
cənnətdən gələn səsiniz-ününüz mübarək olsun, Şəhidlər!

(http://qazaxib.az/2019/12/02/qazagin-s%C9%99hid-oglu-orxan-%C9%99liyev/).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

421

422

ƏSGƏR RİZVAN TELMAN OĞLU MURADOV

“Qatil gülləsinə qurban gedƏrkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

Doğum tarixi:1996-cı il. Sabirabad rayonu, Çiçəkli kəndi. 423
Vəfat tarixi: 2 aprel 2016-cı il.
Dəfn edilib: 4 aprel 2016-cı il. Sabirabad rayonu, Çiçəkli kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Subay idi.

1996-cı ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olan əsgər Rizvan
Muradov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı
qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Rizvan Muradov doğulduğu Sabirabad
rayonunun Çiçəkli kəndində son mənzilə yola salındı. Rizvan Muradov ölümündən sonra
göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.Şəhidimizin atası
Qarabağ veteranıdır.(https://az.wikipedia.org/wiki/Rizvan_Muradov).

Telman Muradov (atası): “Anamın xəstə olduğunu eşidib Volqodonskda təhsilimi
yarımçıq qoyub gəldim vətənə. Qayıdanda olduğum qatarda kupeni paylaşdığım insanlar ermənilər
idi. Yol boyu müxtəlif mövzulardan danışdıq. Arada güclü müzakirə başladı. Erməninin biri məni günahlandırdı. Həmin erməniyə dedim ki, “yaşlı
olmasaydın səni bu qatarın pəncərəsindən atardım. Həmişə beləsiniz, satqınsınız, oğrusunuz, özünüzü yazıq göstərirsiniz”. Birdən həmin içkili
erməni saçını yolaraq, ağlayıb dedi ki, Sumqayıtdanam. Sumqayıt hadisələrini ermənilərin törətdiyini etiraf edib Qukasyanın adını çəkdi. Bildirdi
ki, onu da KRUNKa yazmaq istəyirlər. Pulu az olduğu üçün adını hələ ki, yazmayıblar.” Dedi ki, “siyasətçilərin erməni-müsəlman oyununa görə
Sumqayıta, Bakıya həsrətdir. Bakını görmək üçün hər şeyini satmağa hazırdır.” Sözünün sonunda həmin erməni üzr istədi məndən.

5 övladım var. Rizvan ortancıl övladımdır. Böyük qızım bacım oğlu ilə evlidir. Kürəkənim də Xüsusi Təyinatlı Qüvvələrin giziridir.
Rizvan tez-tez Qalibgilə gedər, hərbi mövzularda söhbət edərdi. Hər dəfə bibisigildən qayıdanda deyirdi ki, “mən də əsgər gedəndən sonra hərbidə
qalacağam”. Gücünü artırmaq üçün ən ağır işlərə gedirdi. Həyətdə özünə turnik düzəltmişdi.

Cəbhədə döyüşlər başlayanda bildim ki bu savaş itkisiz ötüşməz. Rizvanın üzbəüz postda xidmət etdiyini bildiyim üçün nigarançılıq
keçirdim. Bacım zəng vurub Rizvanın yaralandığını deyəndə dedim məni aldatmayın düzünü deyin ki, şəhid olub balam.”

Kubra xanım (anası): “Oğlum ata-anasına qarşı çox həssas idi. Heç kimdən küskünlüyü yox idi. Çox gözəl, tərbiyəli, zəhmətkeş idi
balam. 6 ay idi ki, xidmətə başlamışdı. 3 ay sonra məzuniyyətə gələcəkdi. Hərdən danışardıq. Heç fikirləşməzdim ki, balam şəhid olar, bizi tərk
edər. Deyirdim ay bala oralarda nə yeyib içirsiniz. Elə tərifləyirdi ki, ana çox gözəl yerlərdir, xidmətim əla keçir. Nə vaxt onunla danışsaq səsi
gümrah gələrdi. Deyirdi əsgərliyi bitirib burda qalacağam. Kasıb adam idim, Rizvanın xəstəliyi var idi. Onu nə müalicə etdirə bildim, nə də oxuda
bildim.Zülümlə dolandırırdım ailəmi. Gərək fələk bizi belə vurmayaydı.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə 70 hektar nar bağı verilib. Ailə böyüyü deyir ki, həmin torpağın gəliri ilə ailəsini
dolandırmağa çalışacaq.

Qeyd edək ki, şəhidimiz 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Sabirabad Layf Jurnalının təsis etdiyi Sabirabadın
2016-cı İlin Adamı adına layiq görülmüşdür.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

424

425

ƏSGƏR VÜQAR NATİQ OĞLU SÜLEYMANOV

“Ölüm var ki, həyat qədər dəyərli
Həyat var ki, ölümdən də zəhərli.” (H.Cavid)

Doğum tarixi: 20 yanvar 1993-cü il. Şəki rayonu, Böyük Dəhnə kəndi. 426
Vəfat tarixi: 4 aprel 2016-cı il. Lələtəpə istiqamətində.
Dəfn edilib: aprel 2016-cı il. Şəki rayonu, Böyük Dəhnə kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
Ailənin tək oğlu idi. Subay idi.

Ölümündən sonra əbədiyaşarlıq qazanan insanlardan biri də Vüqar Natiq oğlu
Süleymanovdur. O, az yaşasa da, layiqli bir övlad kimi Vətən qarşısında son borcunu şərəflə yerine
yetirdi. Mənalı ömür yolu ilə, şəhidlik zirvəsinə ucalmaqla yaşıdlarına örnək oldu. Qərinələr
keçəcək, gələcək nəsillər onu igid, cəsur, mərd döyüşçü, layiqli vətəndaş kimi minnətdarlıqla
xatırlayacaqlar. Axı o, nəsillərə nümunə ola biləcək qəhrəmandır. Qəhrəmanlar və qəhrəmanlıqlar
heç zaman unudulmur.

Natiq Süleymanov (atası): “Oğlum 20 Yanvar şəhidlərin anım günündə anadan olmuşdu. 2
qızım 1 oğlum vardı. Övladlarım bu kənddə dünyaya göz açıblar. İşimlə əlaqədar olaraq 2000-ci ildə
Bakıya köçdük. Oğlumla sonuncu dəfə martın 31-i telefonla əlaqə saxlamışıq. Dedi, hər şey
yaxşıdır. Aprelin 2-si televiziyada eşitdik ki, cəbhə bölgəsində güclü atışma gedir. Mən oğlumun həmişə zəng etdiyi nömrəyə zəng etsəm də, o
nömrə bağlı idi. Aprelin 4-də mənə naməlum nömrədən zəng gəldi. Vüqarın atası olub olmadığımı, harada yaşadığımı soruşdular. Bax o an
ürəyimdə sanki nəsə qırıldı. Soruşdum ki, nə olub. Dedilər heç nə. Nömrəni bacanağıma verdim. Bacanağım bizə zəng etdi ki, yığışıb kəndə gəlin,
Vüqar ağır yaralanıb, Şəkiyə hospitala gətirirlər. Yoldaşım dedi ki, əgər ağır yaralıdırsa, niyə Bakıya yox, Şəkiyə aparıblar. Gəldik gördük ki,
qapımız taybatay açıqdır, içəridə də çadır qurulub. Artıq hər şey aydın idi... Oğlumuzu şəhid vermişdik”.
- Vüqar qəbul imtahanından 404 bal topladı. Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" fakültəsinə qəbul olundu. Oxudu, bitirdi.
Gözündə problem olduğundan , ona qanunauyğun şəkildə hərbi xidmətdən möhlət verilmişdi. Bildiyim qədər hərbi xidmətə getməməliydi. Lakin
universiteti bitirən kimi, gedib Şəkinin hərbi komissarlığına, əvvəlcə onu əsgər aparmaq istəməyiblər. Şəki Hərbi Komissarlığında ona deyiblər ki,
get iki ildən sonra gələrsən. Bir neçə gün gedib-gəlib, sonra kiminsə vasitəsiylə komissarlıqda adını yenidən əsgərliyə yazdırıb. Gəldi evdə dedi.
Onun seçimi idi, nə deyəcəkdim ki, bəhanəsi də bu oldu ki, yaşıdlarından, dostlarından geri qalmasın. İyulun 27-si 2015-ci ildə hərbi xidmətə yola
düşdü. 3 ay Lənkəranda xidmət etdi. Sonra Füzuliyə apardılar. Bir dəfə gedib görüşmüşdük. Telefonla əlaqə saxlayırdıq. Fevralda məzuniyyətə
gəlmişdi. Universiteti bitirsə də, diplomunu almamışdı. Məzuniyyətə gələn kimi gedib diplomunu aldı. Fərəhlə gətirib evə qoydu ki, əsgərliyi
bitirdikdən sonra bu diplomla işə girəcəm. Biz də çox fərəhləndik. Məzuniyyətə gələndə dedi ki, kəşfiyyat manqa komandiriyəm və tabeçiliyimdə

7 əsgər var. Məzuniyyəti başa vurub səngərə qayıtdı. Sonra da onu ən qaynar bölgəyə, Füzuli istiqamətindəki hərbi hissəyə göndəriblər. Vüqar heç 427
vaxt məni incitmədi. Bu 23 ildə, o özünü anlayandan ondan bir pis hərəkət görmədim. Həmişə xoş xəbərləri gəldi. Oğlumun əsgərliyini bitirib
gəlməsinə 3 ay qalmışdı. Artıq günlərini sayırdıq. Onunla bağlı arzularımız, xəyallarımız vardı. Vüqar Füzulidə Lələtəpə uğrunda gedən döyüşdə
həlak olub. Bizə təsəlli verən də odur ki, oğlum qələbənin şəhidlərindəndir. Oğluma orduda fərqləndiyi üçün medal veriblər. Mehriban Əliyeva
Heydər məscidində ehsan verəndə oğlumun xalası məktub yazıb bildirib ki, biz Vüqarın adının əbədiləşdirilməsini istəyirik. Vətən uğrunda
qorxmadan son damla qanına kimi vuruşdu. Onun adı oxuduğu məktəbə, ya hansısa küçəyə verilsin. Oğlumun xatirəsini dövlətimiz çox əziz tutdu.
Şəki şəhərində olduğu kimi, müvəqqəti yaşadıqları Qaradağ rayonunda da onlara qarşı çox böyük sayğı göstərildi. Qaradağ rayonu Vüqarın adına
anım mərasim təşkil etdi. Vüqarın oxuduğu 95 saylı məktəbdə adına güşə yaradılıb. İndi şəhidlərə münasibət daha istidir. Əvvəllər şəhid ailələri
bir az unudulmuş kimi idi. Sağ olsun, dövlətimiz, bizi o ağır günlərdə tək qoymadı”.

Zenfira Süleymanova (anası): “Məni yandıran odur ki, bu müharibə başlayanda mənim oğlum heç dünyaya gəlməmişdi. İndi 23 yaşında
şəhid oldu. İndi bu balacaların da (nəvəsini göstərir) taleyi bu cür olacaq?! Mən yalnız bu sualıma cavab istəyirəm ki, indi doğulan uşaqlardamı bu
taleyi yaşayacaq?! Nə vaxta kimi 10 milyonluq əhalisi olan Azərbaycan 3 milyonluq erməninin qabağında aciz qalacaq?! Niyə 10 milyon əhalisi
olan Azərbaycanı 3 milyon əhalisi olan erməni öz torpağımızda qırır?! Hamını yandıran budur ki, zülmlə böyütdüyümüz balalarımızı erməni öz
torpağımızda öldürür. Mən oğlumu yaxşı böyütmək, oxutmaq üçün Bakıda 10 il kirayə evdə, zirzəmilərdə qalmışam. Bu əziyyəti çəkmişəm ki,
balam zülüm çəkməsin, təhsil alsın. Biz yaşlanmışıq, çarəsiz qalmışıq. Atəşkəsin elan olunduğu 20 ildən çox zamanda verdiyimiz şəhidlərin sayı
az qala bir müharibədə verilən şəhidlərin sayına bərabərdir. Hərbi və ya sülh yolu, fərqi yoxdur, torpaqlarımız alınsın. Oğlum məzuniyyətə
gələndə deyirdim ki, evdə dayan, bir üzünü görək. Gedib tələbə yoldaşları ilə görüşürdü. Məzuniyyətdən qayıdanda evdən çox çətinliklə çıxdı.
Yarım saat elə ayaqqabısını geyinməyə vaxt sərf etdi. Çox ləng tərpənirdi. Sanki hiss etmişdi ki, bu onun evə son gəlişidir. Heç ayrılmaq istəmirdi.
Oğlum çox qapalı utancaq xasiyyətli idi. Şəxsi həyatı haqqında danışan deyildi. Ancaq dərs oxuyurdu. Boş-boş gəzməklə arası yox idi. Sonradan
eşitdim ki, Vüqarın istədiyi qız olub. Amma bunu heç kimə deməyib. Gələcəyi ilə bağlı planlar qururdu. Mənim tək təsəllim odur ki, oğlumun
şəhid olduğu Lələtəpə düşmən tapdağından azad edildi. Bu şəhidlər 20 il ərzində əldə olunan ilk qələbənin şəhidləridir. O əsgər gedəndə çox
narahat oldum. Dedim ki, ay oğul sənin nə gücün var ki, gedib əsgərlik çəkəsən. Mənim gözümdə uşaq idi. Lakin bu ilin fevral ayında
əsgərlikdən məzuniyyətə gəlmişdi. Mənim o sısqa Vüqarımdan əsər-əlamət qalmamışdı. Elə böyümüşdü, kişiləşmişdi. Sevindim boyuna baxıb.
Allaha şükr elədim ki, oğlum nə gözəl olub. Əsgər forması da elə gözəl yaraşırdı oğluma. Necə güclü göründü gözümə. Vüqar əsgər gedəndən bir
neçə ay sonra Qurban bayramı idi. Əvvəl Lənkəranda qulluq edirdi. Sonradan Füzuliyə köçürdülər. Hər bayramda zəng vurub özü bizi təbrik
edirdi. Bu dəfə də gördüm ki, səsi çox şən gəlir. Soruşdum nə məsələdir? Dedi ki, “ana, burada bizə Qurban bayramı keçirirlər. Qoyunlar kəsiblər,
kabab çəkiblər”. Mən də anayam da, oğlumsuz boğazımdan şirin tikə keçməzdi. Novruz bayramında bağlama düzəltdim, ona bayram payı
göndərdim. Zəng vurub minnətdarlıq etdi. 3 ayı qalmışdı gəlməyinə, iyul ayında gələcəkdi. Bütün arzularımı puç etdi. İndi Siz deyin, mən
neyləyim? O qanlı aprel günlərində televizora baxıb şəhidlərə ağlayırdım, deyirdim ki, bu bədbəxtlərin anaları yazıq neyləyəcək? Sən demə mənim
də balam elə onlarla Lələtəpəni alanda həlak olub. Eh... Lələtəpə...Bağrı qanlı təpə... Uğrunda nə canlar getdi...
(Günel Manaflı. https://musavat.com/news/olke/bize-teselli-veren-odur-ki-oglum-qelebe-shehidlerindendir_350318.html).

Nəriman Abdıyev (yaxın qohumu, Qarabağ əlili): “Rusiya geri çəkilsə, biz erməniləri silahsız, bel, kürəklə qovarıq. Mənim 50-dən
yuxarı yaşım olsa da, desələr ki, sabah müharibə başlayır, gedərəm torpaqlarımızı azad etməyə və qardaşlarımın qanını almağa. Bu oğlan da
mənim qardaşımdır, yaxınımdır. Qarabağ məsələsinin sülh yolu ilə həll olunacağına inanmıram. Bu, sadəcə olaraq, vaxt uzatmaqdır. Mən 1992-

1993-cü illərdə Ağdam bölgəsində döyüşdə olmuşam. Mənim qardaşım həmin vaxt şəhid oldu, Şəhidlər Xiyabanında dəfn olunub. Biz 428
şəhidlərimizin qisasını almalıyıq”.(Şükür olsun bu günə ki, Qarabağ azaddır-A.S.)

Rövşən Pənahov (dayısı): “Vüqar son dərəcə mərd, cəsur və ağıllı bir gənc idi, qohumlarının, əzizlərinin və dostlarının sevimlisiydi. O,
1993-cü il yanvarın 20-də Azərbaycanın dilbər guşələrindən olan Şəkinin Böyük Dəhnə kəndində zəhmətkeş bir ailədə doğulmuşdu. Xətayi
rayonundakı 95 saylı orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinə daxil olmuşdu. Ali təhsilini müvəffəqiyyətlə başa vuran Vüqarın
qəlbi xalqımızın digər vətənsevər övladları kimi Vətən, torpaq sevgisi ilə döyünürdü. Elə məhz bu səbəbdəndir ki, gözlərinin zəif olması
ucbatından möhlət hüququ olmasına baxmayaraq, könüllü olaraq hərbi xidmətə yollanmışdı. Əvvəlcə Lənkərandakı N saylı hərbi hissədə iki aylıq
kurs keçmişdi. Sonra isə Füzuli istiqamətində N saylı hərbi hissədə kəşfiyyat manqasının komandiri vəzifəsində xidmətini davam etdirməyə
başlamışdı. İndi haqqında iftixarla, qürur hissi ilə danışdığım bacım oğlu Vüqar döyüşə yollananda ürəyində bir istək vardı: nəyin bahasına olursa-
olsun, torpaqlarımız tezliklə mənfur düşmənin tapdağından azad edilməlidir! Döyüşlərdə ölümün gözünə dik baxan Vüqar hər an Vətənin taleyini
düşünür və döyüş yoldaşlarına deyirmiş: “Biz mütləq qələbə qazanacağıq! Kim daha qəzəblə, intiqam hissi ilə vuruşsa, canını, qanını əsirgəməsə,
o da qalib gələcək. Döyüş yoldaşlarının dediklərinə görə, ağır aprel döyüşlərində Vüqar rəşadətlə, qəhrəmancasına vuruşurdu. Onu da deyim ki,
Vüqar bu il aprelin 4-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr
endirən zabitlərlə çiyin-çiyinə vuruşub qəhrəmancasına həlak olan yeganə əsgər olub. Bu da, çox güman ki, onun yüksək döyüş məharətinə malik
olmasından, cəsur və qəhrəmanlığından irəli gəlirdi. Təəssüf ki, bu onun son döyüşü oldu. (Şamil Məmmədəlioğlu.Lələtəpənin qalib şəhidi. Xalq
qəzeti.- 2016.- 25 iyun.- S.10.- http://www.anl.az/down/meqale/xalqqazeti/2016/iyun/497218.htm).

Aysel (böyük bacısı): “Biz ikimiz də ailəliyik. Ev-ailə qayğılarımız var. Qardaşım, atam və anam Bakıda yaşayırdılar. Arxayın idik. Nə
biləydik ki, fələk qismətimizə belə ayrılıq yazacaq. Qardaşım haqqında danışmağa o qədər xatirəmiz var ki... Hələ bundan sonra çox danışacağıq,
hər gün, hər vaxt dilimizdə olacaq. O, tək oğlan olsa da, ərköyün deyildi. Çox utancaq idi. Evə qonaq gələndə gedib, mətbəxdə çörək yeyərdi.
Qonaqlarla bir süfərəyə əyləşməzdi. Başqa uşaqlar kimi gedib uşaqlıq, gənclik keçirmədi. Elə hey oxudu, öyrəndi. Savadlı da oğlan idi. Özünə,
yalnız özünə güvənirdi. İngilis, rus dillərini mükəmməl öyrənmişdi. 1-ci kursda oxuyanda institutdan Türkiyəyə aparmışdılar... Ən böyük arzusu
öz ixtisası üzrə otelçilik sahəsində işləmək idi. Ola bilsin ki, adı Vətən tariximizdə qalacaq, ancaq onun boş yerini nə ilə dolduracağıq? Bacının ən
gözəl arzusu qardaş xonçası ilə oynamaqdır. Bundan sonra xonçalarda gözümüz qalacaq.”

Vüsal Qasımov (şəhidin qrup yoldaşı): “- Mən də ailənin tək oğluyam. Bilmirəm qardaşı olmaq necə hisdir. Ancaq Vüsal mənim üçün
çox əziz idi, o qardaş deyiləndən də əziz bir kimsə idi. Biz-birimizi təkcə sözlə deyil, eyni zamanda adi bir baxışla, işarə ilə də anlayırdıq.
Əsgərlikdə olanda bir dəfə xəstələnmişdi. 15 gün hospitalda yatdı. Sonra isə ona məzuniyyət verdilər. Əsgərliyindən söhbət edirdi. Təzə əsgər
gedən vaxtlar yaman qorxubmuş, düşmən ilə üzbəüz ağır atışmalarda iştirk edibmiş. Allah saxladı, şəhid olmadım. Görünür, hələ qismətimdə
yaşamaq, səni bir də görmək var imiş, qardaş”- demişdi onda. Məzuniyyətdən qayıdacağı gündən əvvəlki günün axşamı xeyli birlikdə gəzdik,
söhbət etdik. Magistraturada oxuyuram. Məni dərsə girməyə qoymadı. Elə bil ürəyinə nəsə dammışdı, görüşdük, ayrıldıq. Yenidən dönüb gəldi,
yenə dayanıb söhbət etdik, dedi ki, heç ayrılıb getmək istəmir. İndi xatırlayanda öz-özümə deyirəm ki, nə yaxşı həmin günü çox oturduq. Arada bir
dəfə dedi ki, əsgərliyə gedəndə institumuzda oxuyan bir qıza könül verib, deyib ki, “gözlə məni, əsgərlikdən qayıdandan sonra son sözünü
deyərsən”. Bax beləcə, mən bilirdim ki, o bir qıza könül verib getmişdi.”

Telman Cəfərov (Bakı Slavyan Universitetinin prorektoru): “Vüqar Süleymanov bizim universiteti 2015-ci ildə bitirib. Son dərəcə
tərbiyəli, səmimi, təvazökar və yaxşı oxuyan tələbə idi. Universitetin ictimai-siyasi həyatında da yaxından iştirak edirdi. Onun şəhid olması

xəbərini alandan sonra, universitetin fakültə dekanları, müəllim, professor heyəti ilə Şəkiyə Dəhnə kəndinə getdik. Valideynlərinin dərdinə şərik
olduq. Təsəlli verdik. Şəki şəhərinin İcra Hakimiyyətinin nümayəndələri ilə söhbətlərimiz oldu. Hazırda bu təhsil ocağında Vüqar Süleymanovun
adına guşə ayırmışıq. Qarabağ müharibəsində, Vüqardan əvvəl də 3 məzunumuz şəhid olub. Onların da xatirəsi bizim üçün əzizdir. Onların da
adına universitetdə guşə yaratmışıq. Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərimiz hər zaman təhsil
ocağımızda yad edilirlər. 2-5 aprel günlərində Vətən torpaqlarının azad edilməsi üçün 4 günlük qızğın müharibə getdiyi müddətdə bizim təhsil
ocağında da tələbəsindən tutmuş, professoruna qədər hamı narahat idi. Hətta tələbələrimiz qrup şəklində birləşib ön cəbhəyə, torpaqlarımızı azad
etmək üçün vuruşmağa getməklərini də bəyan etdilər.” (http://m.islaminsesi.info/lele-tepe-sehidinin-hekayeti--46490.html).

Cəmi 23 yaşında Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda dünyasını dəyişərək əbədiyyət dünyasına qovuşdu. Ona tuşlanan
düşmən gülləsi isə əslində hər birimizin ürəyini dəlib keçdi, həmişə sızlayan, döyünən qəlbimizdə dağa çevrilən yaraya döndü. Gənc ikən
həyatdan nakam köçən Vüqar ailəsini, valideynlərini gözü yaşlı qoysa da, ancaq bu göz yaşlarında bir duruluq, qürur hissi duyulduğunu da sezmək
olar. Axı Vüqar Süleymanov kimi qəhrəmanlar təkcə valideynlərinə, ailəsinə deyil, həm də Vətəninə, millətinə baş ucalığı gətirən, şəhidlik
zirvəsindən gələcəyə boylanan, mənən diri qalaraq əbədi yaşayanlardan, şərəfli ölümü ilə ürəklərdə əzəmətli abidə ucaldanlardandır.

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

429

430

431

ƏSGƏR ÖMƏR MƏZAHİR OĞLU CƏBRAYILOV

“Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə,
cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid

Allahdan o qədər mükafat görər ki (bunların əvəzini vermək üçün), 10 dəfə
dünyaya qayıdıb öldürülməyi arzu edər.” (Həzrət Məhəmməd Peyğəmbər)

Doğum tarixi: 30 noyabr 1997-ci il. Ağdaş rayonu Şəkili kəndi. 432
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli istiqamətində.
Dəfn edilib: 5 aprel 2016-cı il. Ağdaş rayonu Şəkili kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Subay idi.
1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu Ağdaş rayon sakini idi. Aprelin 5-də doğulub boya-başa

çatdığı Ağdaş rayonunun Şəkili kəndində dəfn edilmişdi. Qeyd edək ki, Ömər Cəbrayılov 2016-cı ilin yanvar
ayının 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb. Düşmənin son təxribatları nəticəsində Füzuli rayonu
ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Nüşabə xanım (anası): “Oğlum açılmamış çiçək idi, nə yaşadı ki, həyat hekayəti də olsun... Neyləyə bilərik.
Yerdə qalan övladlarımız üçün yaşamalıyıq. Barı onları qoruya bilək. Vəziyyətimiz həmişə ağır olub. 1996-ci ildə
ailə həyatı qurmuşuq. Toyumuzdan bir az sonra Rusiyaya getdik. Oradan qazandığımız pulla birmərtəbəli evimizi
başa gətirdik. Üç oğlum var. Ömər ilkimiz idi. Digər iki oğlum hələ balacadırlar. Yanvar ayının 4-ü oğlumu əsgər
yola saldıq. İnanın Allaha ki, elə qürurlanırdım. Bulaq başına su gətirməyə gedəndə, qonşu qız-gəlinlər “Oğlun
necədir, özün necəsən?”- soruşanda, cavabında deyirdim ki: “Əladır! Əsgər anası necə olar ki?”. Fikirləşirdim ki,
əgər əsgər gedibsə, daha böyüyüb oğlum, daha köməyimizə çatacaq, zəhmətkeş atasına dayaq olacaq. Füzuli bölgəsində xidmət edirdi. Bu il
martın 20-si görüşünə getdik. Dedi ki, ay ana bizə elə yaxşı baxırlar ki... Ancaq ki, elə yeyib-içib yatırıq. Bu necə əsgərlikdir, qabağa aparmırlar ki,
gedib orda erməni öldürüm. Elə bil söz məni tutdu. Qayıdıb ona dedim ki, ay bala, elə bir şey olsa, erməniyə atma, onun da anası var. Ömər dedi
ki, mən atmasam, o mənə atacaq, o məni öldürəcək.Və bu söhbəti uzatmağa başladılar. Əsgər yoldaşı Sübhan da yanında idi. Dönüb Sübhan dedi
ki, qardaş biz şəhid olarıq. Mən bu sözünü eşidib, üstünə acıqlandım. Qayıdıb gülə-gülə mənə nə desə yaxşıdır?! “Ana, şəhid olmaq bilirsən nə
gözəldir, qəhrəman şəhid anası olacaqsan. Ana, sən şəhidin nə olduğunu bilmirsən...”Aprelin 3-dən 4-nə keçən gecə idi gözümüzə yuxu getmədi.
Gecə Məzahir kənd yolundakı səs-küyə çıxdı. Baxdı ki, gecəylə projektor işığını qoşub kəndin yoluna qum-daş döşəyirlər. Fəhlələrdən nə baş
verdiyini soruşur. Fəhlələr də onun fikrini yayındırmaq üçün deyiblər ki, qonşu kənddən kiminsə evinə şəhid gətirəcəklər. Gəlib başqa bir dostuna

zəng edib, oğlundan bir xəbər bilmədiyi üçün narahat olduğunu dedi. Dostu da ona ürək-dirək verib ki, sənin oğlun üç aydır əsgər gedib, heç 433
narahat olma, onu ön cəbhəyə kimdir göndərən, o hələ təcrübəsizdir. Səhər o başdan su gətirmək üçün bulağa getdim. Bulaq başında qonşu Gülnar
soruşdu ki, oğlundan nə xəbər var? Cavab verdim ki, vallah iki gündür heç bir xəbər öyrənə bilmirik, ancaq ki, kürəyim yanır. Bilmirəm canımı
haraya qoyum. Ürəyim köksümə sığmır. Səhərə yaxın da ki, bir-iki dəqiqəlik huşum getdi, yuxuda gördüm ki, Qoşa qovaq kəndinə şəhid tabutu
gətiriblər, özü də bayrağa büküblər. Qonşuya deyirəm ki, gəl gedək şəhidə baxaq. Birdən tabutu açırlar, baxıram ki, içərisinə uzatdıqları bir qara
bığlı oğlandır... Yuxunun təsirindən, qışqırıb oyandım. Heç yatmamışam ki, gecə... bir anlığa mürgülədim, onda da belə qarışıq yuxu gördüm.

Yuxumu suya danışıb, gəldim evə. Cəbhə bölgəsində atılan topların səsi də, həyətimizdə eşidilirdi. Elə bil ki, dünya dağılırdı. Ancaq
baxıram ki, yaman var gəl edir, küçədə adamlar, bizim alaqapının qabağına da daş-kəsək töküb hamarlayırlar. Evdə otura bilmədim. Küçənin aşağı
başına gedəndə, gördüm ki, kəndin adamları qapımıza yığışır... Nə baş verdiyini soruşdum. Dedilər Ömər yaralanıb... Axı, mənim oğlum 3 ay idi
əsgər getmişdi, arxayın idim ki, onu ön cəbhəyə aparmazlar. Ayılanda onu gördüm ki, balamın tabutunu həyətə gətirdilər. Açdılar... Oğlumun
üzündən-gözündən öpdüm. Buz kimi idi. Üzündə bir yaradan ləkə qalmışdı. O xalın üstündən öpdüm. Ömər deyərdi ki, mən itəndə bu xalımla
tapacaqsınız . Oğlumun tabutunu gətirən əsgərin biri də diqqətimi çəkdi. Bu yuxuda tabutda gördüyüm həmin bığlı oğlan idi. Allah ona dəyməsin.
Ömrü uzun olsun. Mənim 19 yaşlı , çiçək balamın həyat hekayəti bundan ibarətdir. Bir də onu dedilər ki, Lələtəpə döyüşlərində qəhrəmanlıqla
həlak olub...

Aprelin 4-ü oğlumu dəfn etmişik... Həyat isə davam edir... Mən yaşayıram...Hadisələrin o qızğın vaxtında, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva şəhid ailələrinin qadınları ilə görüşdü. O görüşdə mən də var idim. Elə ağlayırdı ki... Əlimdən tutdu, mənə ürək-dirək, təssəlli
verdi. Əlimin içində əllərinin titrəyişini hiss etdim. Həmin anda mən ondan ürəkli idim. O qədər qadının dərdinə şərik olmaq istəyirdi, təsəlli
vermək istəyirdi. O da anadır, o da qadındır. Bizim nə çəkdiyimizi yaxşı anlayır.

Mehriban xanımla görüşə gedərkən, özümlə ona icra hakimiyyətinə yazdığım məktubu və aldığım cavabı da aparmışdım. Bizim ailədə heç
kim işləmir. Üç il bundan əvvəl sosial yardım almaq üçün bələdiyyəyə, rayon İcra hakimiyyətinə müraciət etdik. Bizi get-gələ saldılar. Ağdaş
rayon Sosial Müdafiə İdarəsindən bizə dedilər ki, torpaq aktımız olmadığından bizə sosial yardım düşmür. Mən də həmin görüşdə, rayondan mənə
verilən cavab məktubunu Mehriban xanım Əliyevanın köməkçisinə verdim, məktubumu nəzarətə götürdülər. İndi gedəcəm, bizə o torpaq vermək
istəməyənlərin yanına, bir ovuc torpaq da aparacam, deyəcəm ki, tökün gözünüzə, bəlkə gözünüz doya. Deyəcəm ki, bu Vətən torpağından
yaşamaq üçün mənə torpaq vermirsən, ancaq mənim oğlum gedib, Vətən torpağının azadlığı uğrunda həlak olub. Mənim oğlum erməni kimi, özgə
torpağında deyil, öz Vətəninin azadlığı uğrunda həlak olub. Yenə də qan töküb düşmən tapdağında qalan torpaqlarımızı almaq lazımdır. Ancaq
qoy bilməyənlər bilsin ki, bu torpaqda yaşamağa mənim də hər zaman haqqım var”.(Aida Eyvazlı. Arzuladığı ucalığa qovuşan əsgər - Ömər
Cəbrayılov/Vətəni qibləgah edən şəhidlər -VIII yazı.525-ci qəzet.- 2016.- 26 aprel.-

S.8.http://www.anl.az/down/meqale/525/2016/aprel/487274.htm).
Məzahir Cəbrayılov (atası): “200 ildir ki, əslim-nəslim bu həyətdə yaşayır. Bu həyətin ümumi sahəsi 39 sotdur. Bir güc-bəla ilə ata-baba

yurdum olan bu torpağın 15 sotunu öz təsərrüfatımıza yazdıra bilmişik. 10 il olar ki, rayona yenidən qeydiyyata düşmüşəm. Çünki, ömrüm boyu
çörək, qazanc dalınca Rusiyanın şəhərlərində işləmişəm. Həyətdə əkdiyimiz göy-göyərtini aparıb Yevlax bazarında satıram, kafelərdə,
çayxanalarda günü 6-7 manata iş olanda işləyib, ailəni dolandırmağa çalışıram. Əziyyətlə bala böyütdüm, bir paltarını tapanda, birini tapmadıq,
bütün əziyyətim də hədər getdi. Gələn il də ortancıl oğlum Səxavət əsgər gedəcək. Əgər mənim oğlanlarımı əsgər aparırsınızsa, o zaman mənə

torpaq hüququmdan istifadə etməyə də imkan yaradın. Ancaq indi inanıram ki, Mehriban xanım Əliyeva problemimizin həll edilməsinə nail
olacaq”.

Tarverdi Nəsirov (kənd sakini): “Bu kəndin indi dörd şəhidi var. 1992-94-cü ildə onun doğma qardaşım Sahib Nəsirov və əmim oğlu
Şükür Nəsirov, kəndçimiz Kamil Məmmədov Qarabağ torpaqlarını işğaldan azad etmək uğrunda döyüşlərdə şəhid olublar. Özüm isə müharibədə
iştirak etmişəm. Bu günə qədər şəhid ailəsi kimi onlarla bir maraqlanan olmayıb, döyüşçü və şəhid ailələrinə çatacaq sığorta pulunu, şəhid
ailələrinə aid olan təqaüdü ala bilməyiblər. Şəhid qardaşımın qəbirüstü abidəsi belə götürülməyib. Kasıb ailə olduğumuzdan məzarı
abadlaşdırmağa maddi imkan olmadı.” ”.(Aida Eyvazlı. Arzuladığı ucalığa qovuşan əsgər - Ömər Cəbrayılov/Vətəni qibləgah edən şəhidlər -VIII
yazı.525-ci qəzet.- 2016.- 26 aprel.S.8.http://www.anl.az/down/meqale/525/2016/aprel/487274.htm).

Ağdaşın Şəkili kəndinin qədim məzarlığında üzünü görmədiyi şəhid qohum-əqrabasına qoşuldu aslan ürəkli, qəhrəman Ömərimiz.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

434

(Şəhidimizin ailəsi)

435

436

ƏSGƏR NURLAN CƏMİL OĞLU QASIMOV

“Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.”

Doğum tarixi: 6 may 1997-ci il. Şəmkir rayonu, Tatar kəndi. 437
Vəfat tarixi: 2 aprel 2016-cı il. Füzuli istiqamətində.
Dəfn edilib: 6 aprel 2016-cı il. Şəmkir rayonu, Tatarlı kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Ailənin tək övladı idi. Subay idi.
1997-ci il təvəllüdlü Qasımov Nurlan Cəmil oğlu da böyük insan izdihamı,

rayon rəhbərliyinin və şəhidin hərbçi yoldaşlarının müşayiəti ilə Tatarlı kəndində dəfn
edildi. Dəfn mərasimdən şəhidin atası Cəmil Qasımovun dedikləri insanda iftixar hissi
yaratmaya bilməz: “evin tək övladı olan balam indi bütün buraya toplaşanların oğludur.
Dərdimi də buradakı insanlar yüngülləşdirir. Vətən sağ olsun! Lazım olsa, özüm də
döyüşə gedəcəyəm. Əsgərlikdə çox gec-gec evə zəng edərdi. Deyərdi ki, ata, qoy
xidmətimi edim, darıxmayın, hər şey yaxşıdır. O, əzilib-büzülməyi, qayğını sevməzdi.
Sərt təbiəti, amma yumşaq ürəyi vardı. Vətənimiz sağ olsun”.

Cəmil Qasımov (atası): “15 ildir ki, Bakıda sürücü işləyirdim. Oğlum
böyüyəndən sonra isə ona arxayın idim. Evimdə hər işimi Nurlan aparırdı. O əsgər gedəndən sonra qayıtdım kəndə. Ot çalardı, mal-heyvanımıza
baxırdı. Bütün kənd uşaqları necə olur?! Bax mənim oğlum da elə idi. İstəyirsiniz gedin kənd sakinlərindən soruşun, onun haqqında hər kəs xoş
danışacaq. Böyük-kiçiyin yerini bilər, özündən böyüyə hörmət edərdi. Namaz qılırdı, Allahına bağlı adam idi. Biz halal çörəklə böyümüşük,
balalarımızı da halal böyütmüşük. Uşaqlarımızın ali təhsilləri olmasa da, gözəl tərbiyələri var. El-oba içərisində heç vaxt bizi məyus etməyiblər.
Bacısı Pərvanədən 7 yaş balaca olsa da, hər işdə köməyinə çatırdı. Qoymzadı ki, bacısı gedib məhlənin başından su gətirsin. Bütün ağır işlərə
özünü çatdırırdı. Bu həyətdə gördüyünüz ağacların hamısı onun əli ilə əkilib. Evdə haraya baxsaq, ondan bir nişanə görürük... Bir ata üçün tək oğul
necə gərəkli və əzizdirsə, Nurlan da mənim üçün o qədər əziz idi. Deyirdi ki, hərbi xidmətdən sonra qalıb, zabit olacaq. Əsgəri xidmətdə olarkən
yanına gedib-gəlirdim. Soruşurdum ki, "bala bəlkə bir çətinliyin var?!". Deyirdi ki, "Ata iki əli, iki ayağı olan adam da çətinlik çəkərmi? Mən

burada özümü çox rahat hiss edirəm". Hərb sənətini o qədər çox sevirdi ki, onu məzuniyyətə buraxanda da gəlmədi, fikirləşirdi ki, 9 ayından sonra 438
gələr... 9 ayının tamamında isə tabutda gəldi evə...Fidan doğulmazdan əvvəl böyük qızı Pərvanə kəndin yaxınlığında olan Dağdağan pirində
Tanrıya nə qədər dualar edib, arzu edib ki, dünyaya qardaşını əvəz edəcək bir sağlam övlad versin. İndi təsəllim bir bu balaca qız, bir də Nurlanın
adına çəkdirdiyim bulaqdır. Bilirəm ki, o bulaq durduqca, insanlar suyundan içib, oğluma rəhmət oxuyacaqlar. Oğlum kəndimizə su kimi axıb
gəldi. Bir də onu bilirəm ki, bu xalq, bu kənd oğlumu heç vaxt unutmayacaq. Çünki o üçrəngli bayrağımız ucalarda dalğalansın deyə, şəhid oldu.
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin. Oğlumla birlikdə xidmət edənlər tez-tez bizə baş çəkirlər. Həmin döyüşlərdə ciddi yara almış, tağım
komandiri, həmin günü oğlumla döyüşlərdə iştirak edən Tariyel Hüseynov evimizi arayıb-tapıb, bizə baş çəkib. Nurlandan danışır. Deyir ki, sağ
qalmasının birinci səbəbkarı göydə Allah, yerdə isə Nurlandır. Taqım komandiri döyüşün qızğın vaxtında başından və ayaqlarından yaralanır,
Nurlan Qasımov komandirini yerə yıxılmış görüb üç nəfər dostu ilə onun köməyinə çataraq, döyüş meydanından başqa yerə-arxaya yaxın səngərə
aparır. Talış kimi dağlıq bir ərazidə, göydən yağış kimi yağan güllələrin altında yaralı, ağır çəkili insanı aparmaq da güc və cəsarət tələb edirdi.
Komandirini döyüş bölgəsindən çıxarandan sonra, yenə yaralı əsgərləri xilas etməyə gedəndə Nurlan şəhid olub.”

Südabə xanım (anası): “Nurlan 18 yaşında idi, hələ həyatını bundan sonra quracaqdı. Mən ondan nə deyim, nə danışım. Həm bizim, həm
onun arzularını yarımçıq qoydu müharibə.Qurban olum Allaha, hərəyə bir tale, bir qismət yazır. Bizim də yazımızı belə yazdı. Birini sevindirir,
birini yandırır. Oğlum Nurlan bizə demişdi ki, apreldə məzuniyyətə gələcək. Hərbi xidmətdə olanda sonuncu dəfə 2015-ci il dekabrın 22-si getdim
balamın yanına. Sevdiyi yeməkləri bişirib apardım. Süfrə açdım. Xidmət dostlarını yığdı başına, hamısını yedirib-içirdim, doydurdum. Dostları
yeyəndə Nurlan şad olurdu. Qəlbi, könlü, əli açıq uşaq idi. Durub gedəndə, bir xeyli dayanıb dalınca baxdım. Elə bil ki, Nurlan nəzərlərimi hiss
elədi, o da dönüb mənə baxdı. Uzaqdan səslənib dedi ki, "ana mən səni çox istəyirəm". Boynu bükük kimi göründü mənə. Gəldim evə, özümə yer
tapa bilmədim ki, o niyə elə küskün baxdı? Sonra telefonla danışdıq. Səsi gümrah idi. Sakitləşdim ondan sonra. Sən demə həmin gün balamla son
görüşüm idi. Bilsəydim, qarşıda əbədi ayrılıq var, qucaqlardım, saçını qoxlayardım, ətrini sinəmə çəkərdim, üzündən-gözündən doyunca
öpərdim... Sonuncu dəfə Novruz bayramı günlərində mart ayının 27-də danışdıq. Yenə də səsi gümrah gəlirdi. Dedik, güldük... Allaha qurban
olum, hərəni bir cür imtahana çəkir. Tanrı heç kəsi balası ilə imtahana çəkməsin. Mənimki Nurlansız, yaşamaq deyil, ölümdür. Heç özüm də
bilmirəm niyə, nə üçün yaşayıram...

Əvvəllər yuxuma gəlirdi. Nurlan Talış istiqamətində həlak olub. Düşmən snayperi onu başından vurub. Yuxuma da həmişə başı yaralı
gəlirdi. Gördüm əsgər paltarındadır. Öpmək istəyirəm. Deyir ki, "ana başıma dəymə, başım ağrayır". Sonra yuxumda ona deyirəm ki, "sən
yanvarda gəlməlisən, niyə gecikirsən?" Bir cavab vermir, dönüb baxıram ki, üzü şişib... Yaralarından xəbərim olmadı, yaralarını öpüb oxşamadım.
Yuxularıma ancaq yaralı gəlir... Yəqin ki, son nəfəsində məni çağırıb, "ana" deyib, mən də qulağı kar olmuşam, balamın harayını eşitməmişəm...
Fidan doğulandan sonra daha yuxularıma da gəlmir Nurlan.”

Aytəkin xanım (bibisi): “Qardaşımın tək oğlu 1997-ci il mayın 6-da dünyaya gəlmişdi. Biz böyük nəsilik. 9 bacı-qardaşıq. Cəmilin də iki
övladı var idi. Qızı Pərvanənin toyu bir neçə il bundan əvvəl olub. O toyda hamıdan çox sevinən də, qəmlənən də Nurlan olubmuşdu. O zaman
Nurlanın 12 yaşı var idi. Bacısı toydan bir müddət sonra ata ocağına qonaq gəlib, geri dönəndə Nurlan bacısının arxasınca hönkür-hönkür ağladı
ki, “Pərvanəsiz evlərinin yaraşığı yoxdur”. Bacısı evdə olmadığına görə çox darıxırdı.Gəlin gedən bacısının həsrətini çəkə bilməyən Nurlanın
dərdindən də ağır dərdi onun özü yaşatdı ailəsinə. Mən Tanrı möcüzəsinə inanıram. Nurlandan sonra dünyaya gələn bacısı az da olsa, həsrətin,
yanğının üstünə su çiləyib. Ən azı indi qardaşım Cəmil kişi başını körpə Fidanla qatır, Fidanla gün keçirib, Nurlansızlığı unutmaq istəyir.Ancaq bu
elə ağrı, bu elə dərdir ki, bir an belə keçməz, sadəcə dərdlərin səngiməyi, köz bağlamağı olur...təbiəti çox sevən Nurlan əsgər getməzdən əvvəl

gətirdi həyətlərində bir qızılgül kolu əkdi. Nurlanın tabutu bu evə gətiriləndə, həmin qızılgül baharın o ilk sazağında ləçək-ləçək çiçəkləmişdi. 439
Oğlunun ölüm xəbərini alanda anası Südabə açılmış qızılgülləri görüb, bütün çiçəkləri yolub yerə töküb. Dedi ki, "mənim oğlumun sevdiyi
çiçəklər nə tez açıldı, Nurlan yoxdursa, o çiçəklər mənim nəyimə lazım.

Aprelin 1-dən sonra cəbhə bölgəsində ermənilərin yenə bizə qarşı təxribat törətməsi, müharibənin başlaması barədə xəbərlər yayıldı.
Əvvəllər də belə xəbərlər olurdu. Ancaq o vaxt ailə üzvlərimizin içərisində təlatüm olmazdı. Aprelin 2-dən etibarən bütün qohum-qardaş mənə
zəng vurub Cəmili və Nurlanı xəbər aldı. Bacı-qardaş içərisində, hamı bilir ki, biz Cəmillə çox mehribanıq. Cəmil lap uşaqlıqdan sirrini-söhbətini
mənə deyib. Aprelin 4-ü yenə Cəmil bizə gəldi. Hamımız narahat idik. "Xəbərlər" proqramına baxırdıq. Bir şəhidin dəfn mrasimini göstərirdilər.
Oğlanı dəfn edəndən sonra, bükülü bayrağı atasına verdilər... Cəmil bu mənzərəni görüb üzünü yana çevirdi, ah çəkərək “Yazıq ata, o boyda oğulu
bir bayrağa dəyiş... Gör bir bayrağımız uğrunda nə canlar gedir” deyib evdən getdi. 10 dəqiqə idi ki, ayrılmışdı, böyük qardaşım zəng edib dedi ki,
Cəmil gəlsin "kənd soveti"nə.

O gündən sonra, Südabə evdə otura bilmədi. Getdi soyuq torpaqlarda yatdı ki, oğlu torpaqda yatırsa, o da isti yataqda yata bilməz. Bilmədi
özünü haraya vursun, haraya atsın ki, dərdi yüngülləşsin. Qızı Pərvanə elə hey deyirdi ki, "ana qardaşım məni tək qoydu, barı sən tək qoyma". Biz
biləndə ki, Allah bu ailəyə yenə bir övlad payı göndərib, çox sevindik. Ancaq Südabə heç kirimirdi. Göz yaşı yeri-göyü yandırırdı. Heç indi də
qurumur gözlərinin yaşı. O qədər narahtlıq çəkdi ki, körpə Fidan da yarımçıq doğuldu.

Nurlanla axırıncı dəfə martın 22-si danışdım. Dedim ki, “oğul, daha üstü açıq, qapını bağlamadan yata bilərikmi?” Döyükdü, soruşdu nə
olub? Dedim "ay Nurlan, sən ki, yekə kişi olmusan, Vətənə xidmət edirsən, bizi qoruyursan, güvənə bilərikmi sənə?". Cavab verdi ki, "bibi Vətəni
qorumaq imandandır. Əlbəttə Ordumuz və əsgərlərimiz sizin keşiyinizdədir".

Çox sevirdi hərb sahəsini oğlumuz. Arzusu ürəyində qaldı. Nurlan bizim ilk şəhidimiz deyil. 1993-cü ildə Ağdamda bibimizin oğlu Bilal
Əliyev də şəhid oldu. Biz kökdən-nəsildən vətənpərvər olmuşuq.”

Nəriman Hüseynov (Tatar kənd inzibatı ərazi dairəsinin nümayəndəsi): Allah o günlərin ağrı-acısından daha yaşatmasın bizə. "Aprel
döyüşləri"ndə Şəmkirə 5 şəhid tabutu gəldi. Silahlı Qüvvələrin Kəşfiyyat Bölüyünün rəhbəri polkovnik Vüqar Yusifov, gizir Təbriz Əsgərov,
əsgərlər Altun Dəmirli, Vüsal Alıyev və Nurlan Qasımov.Mənə Şəmkirin rayon mərkəzindən zəng vurub dedilər ki, Tatarlı kəndindən iki
şəhidimiz var. Nurlan Qasımov və Vüsal Alıyev. İnanın ki, ayaqlarım yerdən üzüldü. Aprelin 5-də axşamüstü mənə deyəndə ki, Nurlan şəhid olub,
çox üzüldüm. Dedim ki, ata-ananın bir oğludur. Məndə o cürət olmaz ki, gedib o ağır xəbəri Cəmil kişinin evinə çatdırım. Qaldım qovrula-
qovrula. Zəng vurdum, Cəmilin böyük qardaşı Sakitə. O gəldi. Özü çağırdı qardaşını kəndin İcra nümayəndəliyinə. Hönkürtü ilə o ağır xəbəri
Cəmilə dedim.... Mənim səsim binanı lərzəyə gətirdi... Cəmil isə məlul-müşkül üzümə baxdı, heç nə demədən, dönüb otaqdan çıxdı... Heç yarım
saat keçmədi, insan seli Cəmilin həyətinə axışdı... Şəhidimizin gənc anası Südabə xanım məni hər zaman ağsaqqal bilib, qonşu olmuşuq, bu ailənin
tərbiyəsinə, əxlaqına bələdəm. Südabə əllərini açıb üsütümə qaçdı, balasını haraylayıb məndən soruşdu... Nə deyədim... Neyləyə bilərdim...Aprelin
6-da 18 yaşlı Nurlan Qasımovu təntənəli şəkildə, yaylım atəşlərinin altında Vətən torpağına dəfn etdik... Bir gözümüz güldü, biri ağladı...

Həsən Həsənov (müəllimi): "Mən Nurlanın müəllimlərindən biriyəm. Nurlan orta məktəbdə təhsil aldığı vaxtdan vətənə bağlılığı ilə
seçilib. Ona görə də canını vətən yolunda qurban verdi. Nurlanın valideynləri və yaxınları onunla fəxr edə bilər. "Torpaq uğrunda ölən varsa,
vətəndir" deyiblər".

(A.Eyvazlı-https://oxu24.com/qarabag/9314-komandirini-xilas-edib-ozu-helak-olan-18-yasli-sehidin-heyat-hekayeti.html).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

440

441

ƏSGƏR FƏRAHİM ADIŞİRİN OĞLU NOVRUZOV

“Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.”

Doğum tarixi: 1996-cı il. Biləsuvar rayonu, Səmədabad kəndi. 442
Vəfat tarixi: 3 aprel 2016-cı il. Füzuli istiqamətində.
Dəfn edilib: 4 aprel 2016-cı il. Biləsuvar rayonu, Səmədabad kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Subay idi.
Səmədabad kənd tam orta məktəbini bitirmiş şəhid Fərahim Novruzov ədəb-ərkanı ilə seçilən, məktəb

nizam-intizamına layiqincə riayət edən, məktəbin bütün mədəni-kütləvi tədbirlərində aktiv iştirak edirdi. İdmanı və
musiqini çox sevən Fərahim 2 apreldə həqiqi hərbi xidmət müddəti başa çatdığından ordudan təxris olunub evə
gəlməli idi. Komandirləri ona təxris olunması barədə məlumat verəndə Fərahim etiraz edib: “Əgər mənim xidmət
etdiyim bölük döyüş əməliyyatına gedirsə, mən niyə getməyim? Geri alınacaq əzəli dədə-baba torpaqlarımızda qoy
mənim də xidmətim olsun”. Silahlanıb, təmas xəttinə hərbçi yoldaşlarıyla getməyi qərar verir. Evləri ilə telefon
əlaqəsi saxlasa da, hər şeyin yaxşı olduğunu deyir. Və anası Gülbəniz xanımla daha çox danışır, “Anacan,
darıxmayın. Aprelin 4-də evdəyəm. Mənim “Novruz” payımı da saxla ha. Qələbə müjdəsi ilə geri dönməkdir, arzu-istəyim. Sizə hələ sürprizlərim
də olacaq, gözləyin! Sağ ol, öpürəm”. Belə də oldu. Ancaq şəhidlik zirvəsinə ucalaraq geri döndü. Gərgin döyüşlərdə qəhrəmancasına şəhid oldu,
arzu-istəyinə çatdı, Fərahim Novruzov.
Ağayar Cəbrayılov (dayısı): “Fərahimgil evdə bir bacı və iki qardaşdırlar. Fərahim bacısı Elnarədən sonra evin ortancıl oğludu.
Fəraimdən kiçik doqquzuncu sinifdə oxuyan Səməndər adlı qardaşı var. Fərahim çox zəhmətkeş uşaq idi, atası usta işlədiyinə görə həmişə ona
kömək edirdi. Deyirdi ki, böyüyüb ailəmin dolanışığına da köməklik edəcəm. Evdə təkcə ataları işlədiyinə görə çox çətinliklə dolanırdılar. Amma
Fərahimin Şəhid olması bizi çox pis vəziyyətə qoydu. Anası hər gün ağlayır. Ona görə bacısı Elnarə iki övladı Ayaz və Ziba ilə anası Gülbənizin
yanında olurlar ki, başı qarışsın. Nəvələri olmasa daha da pisləşər Şəhid anası”.
Nadir Novruzov (atası): “Fərahimlə bağlı arzularım böyük idi, gözləyirdim ki, əsgərlikdən gələndən sonra həyətdə ona təzə ev tikim.
Yaşadığımız bu yarımçıq evi çox çətinliklə başa gətirmişik. Çox sağlam uşaq idi, həmişə idmanla məşğul olurdu. Fərahim hərbi xidmətə
yollananda gənc əsgər kimi ilk olaraq Astara rayonunda xidmətə başladı. Sonra kəşfiyyat bölüyünə yazılıb Füzuliyə yollandı. Hər dəfə yanına
gedib-gəlirdik. Hər şey yaxşı idi. Bundan başqa həmişə komandirlərinin mobil telefonu ilə evə zəng vururdu. Axırıncı dəfə martın 30-da zəng

vurub bir az mənimlə danışdı və sonra isə anasıyla çox danışdı. O, həmişə mənimlə yox, anasıyla telefonda çox danışırdı. Fərahim telefonda
anasına dedi ki, aprelin 3-də evə gələcəm. Hərbi xidmətini başa vurmuşdu. Aprelin 4-də Fərahimin cənazəsini gətirdilər. Aprel döyüşlərindən
xəbərim olsa da, heç bilmirdim ki, Fərahim də döyüşdədir.

Onlar aprelin 3-də döyüşdən sonra əsgər yoldaşları ilə yemək yeyərkən ermənilərin atdığı mərmi düz onların ortasına düşüb. Həmin
hadisədə Fərahim öz əsgər yoldaşlarını da itirib. Fərahim həmişə şəkillərinin yanına Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəkillərini yanaşı
vurmuşdu. Həmişə deyirdi ki, Mübariz kimi mən də qəhrəman olacam.”

Səməndər (kiçik qardaşı): “Fərahim mənim böyük qardaşımdı. Onsuz doğrudan da həm mənə, həm də atama-anama çətindi. Həmişə
birlikdə iki qardaş idman edirdik”.
(Vasif Əlihüseyn.https://www.moderator.az/news/173475.html).

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

443

444

ƏSGƏR SƏRXAN AZƏR OĞLU BAĞIROV

“Bəzi məğlubiyyətlər qaliblərdə qibtə hissi yaradır”. ( Sveyqin)

Doğum tarixi: 1997-ci il. Göygöl rayonu, Alıməmmədli kəndi. 445
Vəfat tarixi: 2 aprel 2016-cı il. Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşdə.
Dəfn edilib: 4 aprel 2016-cı il. Göygöl rayonu, Alıməmmədli kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Ailənin tək övladı idi. Subay idi.
Ailənin tək övladı 19 yaşlı şəhid Sərxan Bağırov doğulduğu Göygöl rayonunun Alıməmmədli

kəndində torpağa tapşırılıb. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb. 19
yaşlı Sərxan Bağırov aprelin 2-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən təxribatının qarşısı
alınarkən qəhrəmancasına şəhid olub.

Aytəkin xanım (anası): “Sərxanı oxutmaq haqda heç fikirləşməmişik də. Kənd adamıyıq. Bizim
yuxarılarda gözümüz olmayıb. Elə bu həyətin qayğıları ilə, bütün kənd camaatı kimi evimizin,
həyətimizin mal-qarası ilə yaşamışıq. Sərxan da evimizin həm kiçiyi idi, həm böyüyü. Onu bəzi anaların
tək övladı kimi ərköyün böyütmədim. Elə uşaqlığından zəhmətkeş oldu. Bu iki balaca daxmadan ibarət
olan otağın o birisini Sərxanın hesabına başa gətirdik. Gedib tikintidə işləyirdi, gətirib son qəpiyinə kimi
bizə verirdi. Onun amanı-gümanı mən idim. Bəzən məni fikirli görəndə, aparırdı həyətdəki ağaclığa,
oturub danışdırırdı, başımı qatırdı, dərdimə şərik olurdu. İndi dərdimi kimə danışım?! 2016-cı ilin
oktyabrın 10-da 18 yaşını qeyd etdik. Oktyabrın 15-i isə hərbi xidmətə yola düşdü. Elə tələsirdi ki, elə bil ki, yaşıdlarından arxaya qalacaqdı. Hətta
əsgər gedəndən bir gün əvvəl başını da özü qırxdırdı ki, hazır olsun. Quş kimi uçurdu, hərbi xidmətə tələsirdi. Əvvəlcə Lənkəranda, sonra isə
Beyləqanda xidmət etdi. Daha sonra Füzulinin Alıxanlı kəndində. Axırıncı dəfə oğlumla martın 20-si görüşdük. Buradan babası, əmiləri, atası -
yükümüzü tutub getdik oğlumuzla bayram görüşü edək. Hərbi hissənin artilleriya bölməsinə düşmüşdü. Elə sevinirdi ki, elə hey artilleriya
toplarından danışırdı. Yemək aparmışdıq. Bütün yoldaşlarını süfrəyə dəvət elədi. Bir də gördük ki, otaqda yoxdur. Babası baxdı ki, gedib bir it
küçüyünü yemləyir. Komandiri dedi ki, hərbi hissənin həyətində bir it balalayıb. Sərxan əlinə yemək düşən kimi, aparıb onları yemləyir. Hərbi
hissədə olanda baxdım ki, bunların mövqeyi düşmənlə çox yaxın məsafədədir. Oradan gələndən sonra ürəyim sakit olmadı. Elə hey içimdə çək-
çevir edirdim ki, uşaq yaman ağır yerə düşüb. Atası Azər çox fikir etdiyimi görüb dedi ki, “niyə fikir edirsən, əsgərdir də, xidmətini başa vurub
gələcək. Martın 29-u zəng edib dedi ki, “ana narahat olmayın, iki-üç gün evə telefon zəngi edə bilməyəcəm. Təlimdən qayıdandan sonra
danışaram”. Biz də nə biləydik ki, bunlar müharibəyə gedirlər. Üç gün özümdən xəbərim olmadı. Artıq ağrını da hiss etmirdim. Məhəlləmizdə üç
gün, üç gecə həkim qarovul çəkdi. İndiyə kimi çox hadisəni, gəlib gedənləri xatırlamıram. Ümumiyyətlə, özümə yaxın qoymaq istəmirəm,

inanmıram. Sərxan məni çox istəyirdi, o məni bu qara damın içində tək qoya bilməzdi axı… Belə vəfasız deyildi balam. İndi də gözləyirəm. Hələ 446
inanıram ki, balam gələcək. Hələ bir dəfə də olsun atası ilə üz-üzə, söz-sözə gəlməmişdi. Aralarında həmişə böyük-kiçik yeri olub, pərdəli
dolanıblar. Oğlum kimsənin üzünə ağ olmazdı. Bütün kənd adamının hayına-harayına yetirdi. Ancaq özüm çox narahat idim. Evdən kənara
çıxdımı, kəndin bir başından o biri başına getdimi, narahatlıq bürüyürdü məni. Elə bilirdim ki, gözümün qabağından getsə, uzağa buraxsam, tək
olsa, başına nəsə hadisə gələr. Ürəyim əsə-əsə böyütmüşdüm bir dənəmi. Aprelin 2-dən 3-nə keçən gecə səhər üzü yuxumda gördüm ki, müharibə
başlayıb, başımıza top, mərmi yağır. Bir haray-həşir var ki, lap müharibə kinolarında olduğu kimi. Elə yuxuda fikirləşdim ki, birdən top gedib,
Sərxan tərəfə düşər. Elə bu zaman Sərxan gəlib qapıdan keçir. Arxasınca “Sərxan, Sərxan…!” deyib haray çəkdim, lakin Sərxan dayanmadan, geri
baxmadan getdi. Öz səsimə yuxudan oyandım. Günortaya qədər yuxunun təsirindən ayrıla bilmirdim. Günorta vaxtı isə həmin bəd xəbər gəldi ki,
oğlunuz şəhid olub. “

Sərxan ailənin ilk nəvəsi, ilk nübarı olub. Əmisi Pərviz Bağırov da iki il Qarabağ müharibəsində hərbi bölgələrdə xidmət edib. Tankçı
olub. Özü də ki, elə qardaşı oğlunun olduğu Füzulinin Alxanlı kəndi istiqamətində qulluq edib.

Pərviz Bağırov (əmisi): “Üç qardaş, bir bacıyıq. Sərxan anadan olandan sonra hamımız onun nazı ilə oynayırdıq. Əlimizə düşən ən gözəl
naz-neməti, oyuncaqları, paltarları Sərxan üçün alırdıq. O qədər boynumda gəzdirmişəm ki... Onu çox istəyirdim. Nəfəs alanda nəfəsim bilirdim.
Gəncədəki yeni tikilən evlərin bir çoxunun üzlüyündə Sərxanın əl izi var. Gedirdim iş götürməyə, onu da yanımda aparırdım. Çox zəhmətkeş uşaq
idi. İşləməkdən yorulmazdı. O başqa yaşıdları kimi cavanlıq eləmədi. Qazandığı bütün pulu qəpiyinə kimi aparıb, ata-anasının ovucuna qoyurdu.
Bir dəfə gedib çayxanalarda oturmadı. Həmişə qayğılı oldu. İstəyirdi ki, evlərinə kömək eləsin.Əsgər gedəndən sonra topçu peşəsini öyrənirdi.
Yaman ürəyindən idi. Sonuncu dəfə mart ayında bayramlaşmağa gedəndə, dedi ki, aprelin 1-i onlara məzuniyyət düşür. Lakin məzuniyyətdən
imtina edib. Çünki manqa rəhbəri olan topçu gedir oxumağa, yerinə isə onu keçirirlər. Aprelin 1-dən sonra artıq yeni gələn hərbçilərə topçuluq
barədə bildiklərini Sərxan öyrədəcəkdi. Hərbi hissədə oturduğumuz yerdə uzaqdan görünən topları göstərib, dedi ki, onun toplarıdır. Komandiri
ondan çox razılıq elədi. Bir süfrə arxasında oturmuşduq. Hərdən elə olurdu ki, Sərxan durub gedirdi komandirinin yanına, komandiri də ona “Ay
can...” deyə, hay verirdi. Komandirlə onun arasındakı xətir-hörmətə heyran qalmışdıq.Sərxanı dəfn edəndə komandiri gəlmişdi. Elə ağlayrıdı ki...
Sərxan döyüşün başladığı ilk gündə aprelin 2-si gecəsi qəhrəman əsgər kimi həlak olub. Komandiri dedi ki, cəbhə xəttində şiddətli döyüşlər
başlayanda, Sərxan toplardan 33 dəfə atəş açıb. Onun tutduğu koordinatlarda atdığı 30 mərmi düşmən mövqesinə düşüb, darmadağın edib. Bəlkə
də yaşasaydı, sonradan hərbin artilleriyaçı sənətini seçəcəkdi... Nə bilim vallah... Qismət deyilmiş... Allah yaxşı bəndələrini Yer üzündə az
saxlayır. Öz yanına aparır. Nə deyə bilərik... Müharibədir, itkilər olmalıdır. Ancaq qardaşıma və gəlinimizə təsəlli verməyə söz tapa bilmirik.

Hər cümə axşamı olanda, anası oğlunun məzarını ziyarətə gedir. Göygöl rayon İcra Hakimiyyəti şəhid Sərxanın məzarını ailənin ürəyi
istəyən kimi düzəldib. Kənd məzarlığında Sərxan üçün üstü qızıl yazılı sinə daşı, başdaşı qoyulub. Bəzəklər, çiçəklər içərisindədir 19 yaşına yeni
qədəm qoymuş Sərxanın “təzə evi”. Gəlinimiz Aytəkin qardaşım Azərlə bura gəlib Sərxandan çatmadığı arzularını soruşur, ona o qədər sullar
verirlər ki... Hamısı da cavabsız qalır. Ağlayıb, sızlayıb yorulandan sonra, yenə o bom-boş kənd evinə qayıdırlar. O evdə isə onları heç kim
gözləmir, Sərxanın quru, səssiz xatirələrindən başqa.”

Sərxanın doğulduğu Əliməmmədli kəndindəki küçələrdən birinə Sərxan Bağırovun adı verilib. Ölümündən sonra Müdafiə Nazirliyinin
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb...

Sərxanın sevgilisinə yazdığı məktub bütün Azərbaycanı göz yaşına boğdu. Həmin məktubu oxuculara təqdim edirik. Məktubda yazılmışdı:
"Əzizim Gülçin, mən səni sevirəm! Ola bilsin ki, mən şəhid oldum. Amma qəm yemə! Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib
ürəyində: "mən də səni sevirəm” deyərsən! Mən səni eşidəcəm! ”.
(A.Eyvazlı. O, ailənin tək övladı, tək ümidiydi... - Şəhid Sərxan Bağırovun NAĞILI.https://xeberle.com/cemiyyet/23069-o-ailenin-tek-ovladi-tek-
umidiydi-shehid-serxan-bagirovun-nagl-fotolar.html).

Sərxanın dəfni zamanı əslində polkovnik bunu bilərəkdən dedi ki, bu dünyadan nakam köçən, sevgisi də içində tumurcuqkən torpağa
gömülən Sərxanın sevdiyi də ola bilsin bu insan selinin içərisindədir! O eşitsin deyə...Dəhşətli səhnə idi! Çox dəhşətli!..

MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!

447

(Sərxan Bağırovun valideyinləri)

448

449

ƏSGƏR NURƏDDİN ETİMAD OĞLU MİRZƏYEV

“Qələbənin rəhni cəsarətdir.” (A.Kembel)

Doğum tarixi: 20 dekabr 1996-cı il. Yardımlı rayonu, Honuba kəndi. 450
Vəfat tarixi: 2 aprel 2016-cı il.

Dəfn edilib: 4 aprel 2016-cı il. Yardımlı rayonu, Honuba kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Subay idi.
Nurəddin Etimad oğlu Mirzəyev 1996-cı il dekabrın 20-də Yardımlı rayon “Xan Oba”, “Hun

Oba” adlandırılan Honuba kəndində anadan olmuşdur. 2003-cü ildə Honuba kənd Ənvər Mirzəyev
adına tam orta məktəbdə 1-ci sinfə getmiş, 2014-cü ildə həmin məktəbi bitirmişdir. 2015-ci ildə hərbi
xidmətə yola düşmüş, üç ay Astarada "n" saylı hərbi hissədə qulluq etmişdir. Mart ayının sonunda
Füzuli rayonunda "n" saylı hərbi hissəyə yollanmış, orada kəşfiyyat bölümündə snayper tağımında
professional snayperçi kimi xidmət etmişdir. Nurəddinin son döyüşü 2016-cı il Aprelin 2-dən 3-nə
keçən gecə Lələtəpə uğrunda gedən döyüş olmuşdur. Nurəddin Etimad oğlu Mirzəyevin ölümündən
sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdu.

Fəxriyyə xanım (anası): “Nurəddin gedəndə dedi ki, ana mən şəhid olsam ağlamazsan. Mən
də ağlamıram. Tək istədiyim oğlumun qanı yerdə qalmasın. Bu hadisədən bir neçə gün öncə
televizorda baxdığım filmdə belə bir səhnə gördüm. Qardaşın birini əsgər yola salanda, o biri qardaşın
şəhid olması xəbəri, Cənazəsi gəlir... Aprelin 4-ü digər oğlum Nəcməddin də hərbi xidmətə gedəcəkdi. Bu münasibətlə Ailədə şənlik keçirirdik.
4 aprel, gecə saat 2 idi. Gördük yoldaşımı səsləyirlər. Etimad çıxdı ki, nolub? Dedilər ki, Nurəddin yaralanıb gətirirlər. Gecə 5-də gətirdilər balamı.
Gecə olmasına baxmayaraq bütün Yardımlı Onu qarşılamağa gəlmişdi, maşın və insan axınının sonu görünmürdü.”(https://www.ens.az/az/mirzeye

v-nureddin-etimad-oglu).
Etimad Mirzəyevin (atası): “Nurəddinə Mübariz İbrahimovun qəhrəmanlığı böyük təsir etmişdi. Hər bir hərəkətində Mübariz kimi

olacağına Vətən, millət, xalq sevgisində ona oxşamağa çalışırdı. Hətta özündən kiçik qardaşı Nəcməddinə bunu söyləyib. Orta məktəbi
qurtarandan sonra ali məktəb arzusu ilə sənədlərini qəbul komissiyasına təqdim etdi. Coğrafiya müəllimi olmaq istəyirdi. Əfsus ki, yetərli bal
toplamadığı üçün tələbə olmaq arzusu ürəyində qalır. Lakin ruhdan düşmədi ki, yenidən hazırlaşaram. Amma yaşı çatdığından 2015-ci ilin
yanvarında hərbi qulluğa çağırıldı. Hərbi qulluq müddətində yüksək məharətli atıcı-tətikci kimi özünü sübut etdi. Həmin o aprel zəfərində ön


Click to View FlipBook Version