da, onun darda olması haqqında fikirləşmək heç ağlımızın ucundan da keçmirdi. Bir də aprelin 8-də qardaşlarımın arvadları gəldilər evə. Elə 101
bildim ki, körpəni görməyə gəliblər. Çünki uşağın da qırxı təzəcə çıxmışdı. Dedilər ki, "Samid hospitaldadır, gedək Həsənabada". Fikirləşdim ki,
ay dadi-bidad bunlar niyə məni Həsənabada aparırlar ki?.. Həyətə çatanda gördüm həyət doludur adamla. Gecə balamın tabutunu kəndin məscidinə
gətirdilər. Nə qədər ah-aman elədim ki, gətirin tabutu evə, balamı görüm, gətirmədilər”.
Gülağa dayı (atası): “17 yaşından oxumağa getdi, ucaldıqca ucaldı. İlk dəfə sənədlərini Bakıya aparanda baxıb ki, axşam düşür. Qalıb naəlac.
Uzanıb bir oturacağın üstündə yatıb. Səhər durub sənədləri Cəmşid Naxçivanski adına Hərbi liseyə verib. Onu taleh, qismət aparıb oraya
çıxarmışdı. Ağıllı balam, ucaldıqca ucalırdı. 18 yaşı tamam olan günü, oktaybrın 14-də həm adı hərbi məktəbə qəbul olunanların siyahısında çıxdı,
həm də əsəgərliyə çağırdılar. Və beləcə, hərbi məktəbdə oxumağa başladı. İlk hərbi dərslərini türk hərbçilərindən aldı. Liseydən sonra Heydər
Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirdi. 2003-cü ildə mərhum Heydər Əliyevin mükafatına layiq görüldü. Ümummili lider
ona saat bağışlamışdı. Sonra Müdafiə Nazirliyində Mühafizə xidmətinin rəisi işlədi. Bir müddət bu işdə çalışdıqdan sonra öz xahişi ilə yenidən
Xüsusi Təyinatlı Qüvvələrin Qərargah rəisi işinə keçdi. Öz peşəsinin kamil bilicisi idi. Türkiyə Cümhuriyyətində "Daxili təhlükəsizlik
əməliyyatlarının planlaşdırılması və icrası", "Kommando təlimi və paraşütdən sərbəst atlayış" kurslarında, habelə "Anadolu-2007″, "Anadolu
Qartalı-2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi" və "Antiterror" kurslarında, İsveç krallığında "Dağ təlimi" kursunda, Rumıniyada
dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib. 2004-cü ilin iyun ayından sonra xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini,
qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edib.
Xidməti müddətində 6 medalla təltif olunan az sayda hərbçilərdən biri oldu. Şəhid olmazdan öncə Baş Qərargahın Akademiyasında son kursda
təhsil alırdı. Balam təkcə nəslinə deyil, əməli ilə elinə-obasına şərəf gətirirdi. Sonuncu dəfə isə 2014-cü ilin avqust ayında erməni təxribatının
qarşısının alınması əməliyyatındakı fəaliyyətinə görə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən mükafata layiq
görülmüşdü. Prezident ona saat hədiyyə etmişdi. 2016-cı ilin mart ayında bir neçə gün birlikdə yaşadıq. Dedim, “ağıllı balam, daha ananı aparım
kəndə, Turanda qırx günlüyünə çatdı. Dedi “ata, mənim qırxım hələ çıxmayıb, ana hələ burda qalacaq...”. Sözünə güldüm. Bəlkə də özü çətin,
gedər-gəlməz yolda olduğunu bilirmiş...
Evə gələndə fikir verirdim, qızı qaçırdı qabağına, onu qucağına alıb, sonra çəkməsinin bağını açırdı. Evə gəldimi, bütün çətinliklərini,
yorğunluğunu kənara qoyub, sakitcə gəlib otururdu. Ayda iki dəfə qurban kəsdirərdi. Sən demə, gedib düşməndə olan ərazilərimizi yoxlayıb
gəlirlər, çətinliklərdən keçirlər. Qayıdandan sonra da bizə qurban kəsdirirlər.”
Sadiq İmanov (qardaşı): “Samidin haqqında nə qədər danışsam, ürəyim boşalmaz. Məndən 5 yaş böyük olsa da, biz bir-birimizə çox
bağlı idik. Aramızda böyük hörmət var idi. Ancaq özünü mənim yanımda heç vaxt böyük kimi aparmırdı. Elə bil tay-tuş idik. Hərdən şəhəri
gəzməyə çıxanda məni Şəhidlər Xiyabanına aparırdı. Burada onun çox dostları uyuyurdu. Deyirdi ki, onu da burada basdıracaqlar. Bir dəfə
“formadakı şəklimi vuracaqlar baş daşıma, boyum hündürdür, şəkildə də gözəl görünəcək” deyəndə hirsləndim, dedim ki, “dəlisən, bu nə bəd
danışmaqdır?”. Amma sən demə qardaşım öz sonunu duyubmuş. Hamımıza gücü çatan qədər qayğı göstərirdi. O bütün həyatının mənasını öz
peşəsinə xidmət etməkdə görürdü. Ön cəbhədə təxribat baş verməsi xəbərini də Tümendə eşitdim. Oradan izləyirdim mətbuatı. Tez-tez də
Samidlə əlaqə saxlayırdım. Sonra onunla əlaqəm kəsildi. Qohumlarla əlaqə saxladım. Hamı dedi ki, onlar əməliyyatdadırlar. Ona görə telefona
cavab vermir. Bacım Gülbənizin həyat yoldaşı İlqara dedim ki, aprelin 6-na bilet almışam, gəlirəm Bakıya. Yeznəm razı olmadı. Lakin aprel
ayının 7-də Samidi yuxumda gördüm. Çox qarışıq yuxu idi. Özümə yer tapa bilmirdim. Elə həmin günlər Moskvada yaşayan bibim qızı Leyla da
yuxu görmüşdü. Mənə zəng edib dedi ki, yuxuda görüb ki, Samid üzü tüklü şəkildə evə gəlir. Mənimlə üzbəüz oturub deyir ki, “Sadiq mən
getməliyəm…”. Mən də ona deyirəm ki, “bəs sən getsən mən burada necə olacağam?”. Samid mənə cavab verir ki, “mən səninlə oradan əlaqə 102
saxlayacağam”. Ayağa duranda isə “Sadiq mən gələnə kimi Fidandan muğayat ol, narahat olma, qayıdacam, qayıdacam…” deyib qeyb
olur. Bibim qızının bu danışdığı yuxu məni lap narahat etdi.
Aprelin 8-də isə İlqar zəng vurub dedi ki, “Samidin halı yaxşı deyil, yığış gəl”, mən bağırıb dedim “düzünü söylə görüm qardaşıma nə
olub?”. O da ağlaya-ağlaya, hönkürtüylə dedi ki, Samid şəhid olub… Təsəvvür edirsinizmi, Vətəndən çox-çox uzaqlarda qardaşının şəhid olması
xəbərini eşidəsən…Və bir Allahın xəbəri oldu ki, mən 2 min kilometr yolu necə bir ağrı və əzabla gəlib çıxdm kəndimizə… Sağ olsun kənd
camaatı, qardaşımı dəfn etməyib, məni gözləmişdilər. Çünki mən də oradan dedim ki, gəlib qardaşımla son dəfə görüşməsəm, o zaman özümə
qəsd edəcəyəm. Və mən qardaşımın tabutunun başına dolandım. Adam əlindən tərpənmək olmurdu… Mən həyatımın 30 illik dostu, bir parçam,
nəfəsim, arxam olan qardaşımla əbədi ayrıldım… Samidlə hər dəfə danışanda mənim Bakıya qayıtmağımı istəyirdi. Deyirdi ki, “sən Bakıda olsan,
mən özümü arxalı hiss edərəm. Mənim işim çətindir. Ata-anaya hər zaman nəzarət edə bilmirəm. İşdə olanda uşaqlarımdan nigaran qalıram.
Ancaq sən yanımda olsan, heç kimdən nigarançılığım olmaz”. Dəfələrlə mənim üçün iş tapdı, gəlmədim. Qardaşım şəhid olandan sonra
isə dostlarından biri dedi ki, Samid mənə iş verməsi üçün ona da müraciət edibmiş...Mən qardaşımın balalarına sahib çıxmaq, onların yanında
olmaq, qayğılarına qalmaq, Samidin arzularını yerinə yetirmək üçün məcbur olub Rusiyadakı işimdən imtina etdim...
Qardaşım döyüşdə çox böyük şücaət göstərib. Bildiyiniz kimi, qardaşım Samid, polkovnik-leytenant Murad Mirzəyev, Mühüd Orucov,
Xüsusi Təyinatlı Dəstənin giziri Pəncəli Teymurov əməliyyata birlikdə gediblər. Polkovnik-leytenant Murad Mirzəyevin başcılıq etdiyi qrup
düşmən təxribatlarının qarşısını almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliyindəki erməni postlarını darmadağın edib. Talış
yüksəkliyində öz mövqelərini alıb gözləyiblər ki, onlara kömək gələcək…Və bundan duyuq düşən ermənilər onların olduğu yeri mərmi atəşinə
tutublar… 70-ə qədər ermənini məhv edən bu qəhrəmanlar dəstəsini bir minomyot mərmisi həlak edib. Həmin vaxt Samid ayaqlarından yaralı
olub, onlara köməyə gələn heyətə əmr edib ki, yaralı giziri aparsınlar, sonra gəlib onu götürərlər. Və əlavə edib ki,“gəlib məni götürəndə ehtiyatlı
olun, əlimdə qumbara olacaq. Əgər sağ qalmasam, qumbaranı zərəsizləşdirib, sonra məni götürərsiniz”.
Samid İmanov həmin dəstəyə göstəriş verib və Talış yüksəkliyində dayandıqları yerdən rahat çıxa bilmələri üçün səmt və istiqaməti elə
başa salıb ki, dəstə onun verdiyi koordinatla çox asanlıqla yaralı gizirləri arxa səngərə daşıya bilib. Çünki belə dağ massivində yaralılarla hərəkət
etmək çox çətindir. Bəzən 1 yaralını çıxarmaq üçün 4 nəfər qüvvə tələb olunur. Bir qədər keçəndən sonra onu götürməyə gələn əsgərlər, olduğu
yerdə tapa bilməyiblər. Samid yaralı halda sürünə-sürünə uzağa gedib, özü kəşfiyyat qaydalarına uyğun olaraq bir kolun dibində xəzəllə
maskalanıb. Çünki yaralı zabitin ələ keçməsi, bir ordunun bada getməsidir. Bir də ki, bu şərəfli zabit ölümü düşmənə sirr verməkdən uca tutmuşdu.
Ona görə də əlində qumbaranı hazır saxlayıb ki, düşmənə əsir düşərsə, özünü partlatsın. Onun bədəninə baxış keçirən məhkəmə tibb ekspertinin
verdiyi rəydə qeyd olunub ki, mayor Samid İmanov yaralandıqdan 8 saat sonra həyata gözlərini yumub.”
Badam İmanova (həyat yoldaşı): “Samidlə çox az ömür sürdük. 2013-cü ilin 16 iyun tarixində toyumuz oldu. İşini o qədər çox sevirdi ki,
toy gününün səhərisi də durub işə getdi. Həmin gündən etibarən mən bu həyata öyrəndim ki, hər gün oturub onu gözləməli və bir hərbçi ailəsi
olduğumu unutmamalıyam. Uzun ayrılıqlarımız o xarici ölkələrdə təlimlərdə olarkən yaşanırdı. Ancaq qalan vaxtlar getdiyi yer iş, qayıtdığı ünvan
ev idi. Ailəsinə çox bağlı idi Samid. Qızımız Fidan 2014-cü ilin aprel ayında doğuldu. Sonra isə 2016-cı il fevral ayının 12-də oğlumuz Turan
gəldi dünyaya. Bizi xəstəxanadan çıxarıb gətirdi evə yerləşdirdi, yenə də tez işə qayıtdı. İnanırsınızmı, onun Turanla çəkdirdiyi bir şəkli belə
olmadı. Çünki o işdən gələndə Turan yatırdı. Hərdən hirslənirəm, Samidi qınayıram ki, niyə belə oldu? Sonra deyirəm ki, bu da bir qismət, bir
yazıdır. Birlikdə keçirdiyimiz 3 ildə onun nə məzuniyyəti, nə bazar günü oldu. O özünə bunu qıymırdı. Elə bilirdi ki, işbaşında olmasa, kimsə
məsuliyyətsilzik edəcək. Bizə xidməti ev verilmişdi. O evə köçəcəkdik. Dedim ki, sabah 28 martdı, köçürükmü evə? Üzümə təəccüblə baxıb, dedi 103
“hara köçürsən? Sabah biz təlimə gedirik”. Yenə əlim-qolum boşalıb yanıma düşdü. Ağlanımsınaraq dedim ki, “yenə də təlim?! Mən axı 2 uşağın
əlində girinc qalıram. Sən evə nə zaman yığılacaqsan?”. Dedi ki, qocalanda. Martın 29-u evdən çıxanda yenə uşaqları öpüb çıxdı. Hirsləndim ki,
“səhər tezdən onları oyatma... Axı sən gedirsən, onlar oyanıb, sonra yatmırlar...”. Sən demə bu sonuncu, vida görüşümüz idi... Aprelin 1-nə kimi
telefonla tez-tez əlaqə saxlayırdıq. Aprelin 1-i mənə yazdı ki, uşaqların şəklini göndərim ona... Mən də göndərdim. Yazmışdı ki, bu uşaqlar nə
yaman böyüyüb belə. Cavabında yazdım ki, sən də Miriş kimi onları tanımayacaqsan axırda... beləcə zarafatlaşdıq... Həmin günlər qardaşım da
hərbi xidmət keçirdi. Arada mənə telefon açıb söylədi ki, “Samidə de ki, bizi olduğumuz yerdən başqa yerə – ön cəbhəyə aparırlar, məni
tapşırsın”. Mən də Samidə zəng vurub onun xahişini çatdırdım, “Samid bu xahişi yerinə yetirə bilməz” dedi. Sonradan dost-tanışlar, hərbçilərin
xanımları zəng edib məndən Samidi soruşdular. Ürəyimdə şübhə yaransa da, bəd fikiri özümə yaxın qoymaq istəmirdim. Dayımın qızı gəlin
köçürdü. Anamgili o toya yola saldım. Aprelin 3-ü idi. Mətbəxə keçəndə bədənimdən qəribə bir gizilti keçdi, üşəndim, titrədim... Və qeyri-ixtiyari
fikirləşdim ki, birdən Samidin başına bir qəza gəlmiş olar... Aprelin 5-də isə gecə vaxtı yataq otağından durub mətbəxə keçdim ki, Turan üçün
yemək qızdırım. Mətbəxdə dayandığım yerdə mənə elə gəldi ki, yataq otağında o biri otağa kimsə keçdi. Əməlli-başlı hənirti hiss elədim. Yenə də
üşəndim. Həmin vaxt qaynatam və bibim də bizdə idi. Turanı yedizdirdiyim yerdə elə bildim ki, mənimlə kimsə danışır. Tez Turanı gətirib
beşiyinə qoydum. Yenə də Turanın beşiyinin yanında oturanda böyrümdə kiminsə dayandığını hiss etdim. Həmin adam dayanmadan nəsə deyirdi
mənə. Kimsəyə bildirmədim. İndi fikirləşirəm ki, demək bu Samidin ruhu imiş, axı insanın bədəni doğma və həsrətində olduğu torpağına
tapşırılmayınca, narahat olur. Bəlkə də o bizə deyirmiş ki, gəlin məni götürün. Ruh rahatlıq tapmayanda evləri gəzər, ona narahatlıq gətirən
insanları narahat edər. Həmin günlər çox mistik hadisələr baş verirdi. Sonra da bir qəribə yuxu gördüm: Görürəm ki, hava limanındayıq. Ətrafımda
Samidin qohumları yığılıb, bir boz kostyumlu kişi də təyyarədən enir. Ondan Samidi soruşuram ki, bəs Samid yoxdur? Deyir ki, Samid yoxdur.
Samid gəlməyəcək...
Aprelin 8-də bibimlə uşağı çimdirirdik. Birdən dayımın arvadları gəldilər. Mən onları görəndə şübhələndim ki, bəlkə qardaşıma, ya Samidə
nəsə olub? Uşağın bədənini qurulaya-qurulaya onların üstünə gedib “Əkrəm, yoxsa Samid?- Nə olub” deyə bağırdım. Hansısa dedi ki, Samid
ayağından yaralanıb. O dəhşətli bir gün idi. Özümü yerə çırpdım, divarlara vurdum, ah-nalə etdim, qışqırdım, dedim yalandır. Ayağı yaralanan
adamı xəstəxanaya aprarlar, kəndə niyə aparırlar ki... Həmin vaxt huşumu itirmişdim. Ayılandan sonra iki balaca körpəmi də götürdüm, Neftçalaya
qədər getdik... Yol elə ağır idi ki, boğulurdum...Nə edəcəyimi bilmirdim. İnanmaq istəmirdim ki, Samid iki körpəsini tək qoyar, məni tək qoyar.
Bax beləcə aprelin 8-i Samidi kəndin Soltan Pirəvətən məscidinə gətirdilər. Gedib orada tabutun üstünə başımızı qoyub ağladıq. Ancaq əlimizdən
nə gəlirdi ki...Səhərisi günü tabutu 10-15 dəqiqəliyə ata ocağına gətirdilər. O qədər insan var idi ki, heç biz yaxına durub onunla vidalaşa bilmədik.
Mən tabutun arxasınca ayaqyalın, başı açıq qaçaraq qışqırırdım: Bizi hara qoyub gedirsən? Onu hara aparırsınız? Onun iki balası qalıb...
Yalnız Samidin şəhid olması xəbərini biləndən sonra gözümə görünən mistik hadisələri anladım. Mənə yazdığı son mesajları anladım.
Samid evə heç vaxt əliboş gəlməzdi. Həmişə Fidan üçün nəsə alıb gətirirdi. Mən deyirdim ki, uşağı pis öyrətmə. Deyirdim ki, belə etmə, sonra
onları idarə etmək çox çətin olacaq. Onun ailə mədəniyyəti var idi. Başından aşan işlərinin içərisində evin də problemlərini həll etməyə vaxt
tapırdı. Fidan o, şəhid olandan sonra uzun müddət qapı döyüləndə qapıya qaçırdı ki, atası gələcək. Sonra getmədi. Atasının gəlməməsinə öyrəndi.
Fidan o zaman balaca idi, atası şəhid olandan sonra 2 yaşını tamam etdi. Ona görə də hələ atasızlığın nə olduğunu başa düşmür. Aparıram dəfn
oldunduğu yerə, başdaşına baxırlar. Mən onları necə başa salım ki, orada yatan sizin atanızdır? Çox çətindir. Fidanın heç vaxt yadına gəlməyəcək.
Turan isə böyüyəndə məndən soruşacaq ki, “ana bəs mənim atamla niyə şəklim yoxdur?”. Ona nə deyim?! Ancaq mən unutmayacağam.” (Aida
Eyvazlı https://modern.az/az/news/155478).
Adının mənasını həyatının şüarı seçən şəhid kəşfiyyatçımız, başını dik tutdu, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Bu yolda o,
qarşısına çıxan bütün maneələri aşaraq yalnız valideynlərinin deyil, həm də vətəninin, doğma torpağının etimadını doğrultdu. Hələ məktəbdə
oxuyarkən vətənpərvərliyi ilə həmyaşıdlarından seçilən Samit hər zaman deyərdi ki, insan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir.
Gedəndə də gərək şərəflə gedəsən.
Şəhid olmağı, vətəninə canını fəda etməyi həyat amalına çevirən Samit İmanov kimi igidlərimizin sayəsində bu gün Talış yüksəkliyində
Azərbaycan bayrağı dalğalanır. İgid şəhidimiz bu gün Neftçala Şəhidlər Xiyabanında uyuyur. Məzarı ziyarətgaha çevrilib. Samit bu gün aramızda
olmasa da onun yetişdirdiyi oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasını aldı. Samit ölüm ayağında insanlığın gözəl üzünü göstərdi.
Başqasının ölümünü özünkünə dəyişmək… Bax, bunu hər kəs bacarmazdı…Samit İmanovu dünyaya gətirən Anaya, onu tərbiyə edib böyüdən
Ataya halal olsun. Çünki, Samitə halal çörək yediriblər. Ona hər şeydən əvvəl gözəl İnsan olmağı öyrədiblər. Yüksək tərbiyə veriblər.
Bu gün Samitin ailəsində böyüyən iki balası onun ömrünün qalan hissəsini yaşayacaq. Allah şəhidimizə rəhmət eləsin.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
104
(Samid İmanovun valideyinləri)
105
(Samid İmanovun həyat yoldaşı Badam xanım və qızı Fidan)
106
(Cənab ali Baş Komandan və mayor Samit İmanov)
107
\
108
KAPİTAN İNQİLAB ÇİNGİZ OĞLU QULİYEV
“Vətən səhhətə bənzər, dəyəri itirildikcə aydın olar.” (Süleyman Nazif)
Doğum tarixi: 13 aprel 1983-cü il. Tərtər rayonu. 109
Vəfat tarixi: 4 aprel 2016-cı il. Lələtəpə döyüşləri.
Dəfn edilib: 5 aprel 2016-cı il.Gəncə şəhər Şəhidlər xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları .
İki oğul (Hüseyn və Əyyam) övladı var.
“İgidliyə görə” medalla təltif edilmişdir.
Əslən Kəlbəcər rayonundan olan İnqilab Quliyev 1983-cü ildə Tərtər rayonunda anadan olub. Kapitan
İ.Quliyevin hərbi fəaliyyəti hər zaman diqqətdə olmuş, dəfələrlə medallarla təltif edilmişdir. "Qüsursuz
xidmətə görə" III dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95
illiyi" yubiley medallarilə təltif edilmişdir. "İgidliyə görə" medal isə şəhidimizin son qazandığı medal olur.
(http://zefer.az/martyr/view/37/kapitan-inqilab-cingiz-oglu-quliyev).
Çingiz Quliyev (atası): “Tarix müəllimiyəm. Kəlbəcər və Beyləqanda tarix müəllimi işləmişə. 3
qızım, 2 oğlum vardı. Oğullarımın hər ikisini itirdim. 4 il bundan əvvəl 30 yaşında bir oğlum vəfat etdi.
İnqilab Tərtərdə doğulub. 8 illik məktəbi Beyləqanda bitirəndən sonra Naxçıvanskı adına Hərbi Liseydə,
daha sonra Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb. Uğurlu hərbi təhsil sistemini pillə-pillə
qalxaraq, hər zaman evinə, ailəsinə və Vətəninə şərəf gətirib. Hərbin topçuluq sirlərini öyrənmişdi. Artıq
artilleriya komandiri idi. Aprel döyüşləri ərəfəsində anam vəfat etdi. Beyləqana anamı dəfn etməyə gedəndə yolda eşitdim ki, ermənilərlə döyüş
başlayıb. Anamı dəfn edəndən sonra, İnqilab zəng vurub dedi ki, “ata, orada qohum-əqrabanı başa sal ki, mən buraları tək qoyub gələ bilmərəm,
düşmənin başını əzmək üçün fürsət yaranıb”.
Oğlumun hərbi mükəlləfiyyəti artdıqca, mərkəzə yerləşmək məcburiyyətində qaldıq. Evimizi çox ucuz qiymətə satıb, Gəncədə bərqərar
olduq. Bu gördüyünüz ev kirayədir. Gözləyirdi ki, 4 ildən sonra mənzil alacaq. Ancaq çox xoşbəxt idik. Bizim dünya malında gözümüz olmayıb.
Oğlum döyüş meydanında qeyri-adi qəhrəmanlıq göstərib. Ölümünə 10 saniyə qalmış, atılan topdan sonra, başını qaldırıb deyib ki, Azərbaycan
zabiti erməni qabağında başını yerə əyməz. Elə bu vaxt da atılan mərminin qəlpəsi onu yaralayıb. Bunu mənə dəfndə iştirak edən hərbçi dostları
dedilər. Ermənilər öz saytlarında yazmışdılar ki, “Azərbaycan Ordusunu məhv etmək üçün, birinci topçu İnqilab Quliyevi məhv etmək lazımdır”.
Sonra həmin paylaşımı sildilər. İnqilab hara gedirdisə, qəlpə dalınca gəzirdi. Beyləqanda yaşayanda bu ermənilər dayanmadan başımıza bomba
yağdırırdı. Bir dəfə atılan snayper gülləsinin biri gəlib düz başının üstündən keçmişdi. Pəncərənin yanında güllə keçən yeri ölçdük, 1 sm fərq var
idi. Bu sonuncu müharibə başlamazdan əvvəl də bir dəfə o tərəfdən atılan mərminin qəlpəsi gəlib bunun yanındakı ağaca dirənmişdi. Həmin
qəlpəni çıxarıb evə gətirmişdi, deyirdi ki, bu qəlpə də məni öldürmədi. Üçüncü qəlpə axtarıb tapdı sərkərdə İnqilabı. Anamı dəfn edəndən bir gün
sonra da gəlinin atası zəng edib, bizi təcili Gəncəyə çağırdı. Və oğlumun tabutunu gətirdilər… O gün bu gün, bu balaca Hüseyni ovuda bilmirik.
Atasının dəfnindən bir neçə gün sonra, nənəsi ona atasının şəhid olduğunu söylədi. İnanın ki, uşaq nənəsinin boynunu qucaqlayıb içini çəkə-çəkə
hönkürtüylə necə ağladısa, ürəyimizi ikinci dəfə dağladı. Bir neçə gün bundan əvvəl aparmışam parkda gəzməyə, birdən parkın o biri tərəfində,
yolda atasının maşınına bənzər maşın gördü. Maşından çox xoşu gəlirdi. Dayanıb diqqətlə baxdı maşına. Başladı öz-özünə danışmağa:
- Dədənə söyyümmü ay İnqilab? 110
- Onun dədəsi kimdir?
- Sən.
- Məni niyə söyürsən, ay Hüseyn?
- Ə, bu bəs niyə gəlmir?
Ə, İnqilab, balalarını niyə qoyub getdin... - belə sözlər danışır, suallar verir. Heç barışmaq istəmir atasının yoxluğu ilə. Dayanır o giriş qapısının
qabağında, deyir ki, “ə... bəs bu nə vaxt gələcək?”; “bizi niyə yetim qoyub getdin, ay İnqilab?”...
İndi gəl uşağın o sözlərindən sonra, yaşa görüm, necə yaşayırsan”...
İnqilab 1983-cü ilin aprel ayının 13-də doğulmuşdu. 2011-ci il noyabr ayının 5-də Lalə ilə toyları olmuşdu. 2016-ci il aprelin 4-də ermənilərin
atdığı mərmidən qopan qəlpə onun gözlərini əbədi yumdu. Lakin qələbəmizdən xəbərdar idi. Aprelin 3-ü gəlib anası ilə görüşəndə böyük ruh
yüksəkliyi ilə ayrılmışdı”.(https://www.aznews.az/news/cemiyyet/112768.html).
Səadət xanım (anası): “İki oğlum qara torpağın altındadır. Gedib deyirəm ki, ay etibarsızlar, siz bizə indi gərək idiniz. Biz sizin
çiyinlərinizdə torpaq altına getməliydik. Siz bizi ziyarət etməliydiniz, biz sizi ziyarət edirik. Ata-ana üçün bundan böyük dərd olmaz ki... Çox
nümunəvi oğlan idi. Dərslərini də yaxşı oxuyurdu. 8-ci sinifdən sonra məndən icazə alıb hərb yolunu seçdi. Xeyir-dua verdim. Həmişə üzümüzü
ağ elədi. Hələ lap Naxçivanskidə oxuyanda, Ali Hərbi Akademiyada oxuyanda da həftədə bir dəfə və ya ayda bir dəfə, nə zaman evə gələrdisə
mənə hədiyyə gətirərdi. Bir dəfə də yenə evə gələndə yol çantasını axtardım, hədiyyəsini tapmadım, dedim “ay oğul, bəs hədiyyəsiz gəlmisən?”.
Cibindən Fəxri Fərmanını çıxarıb dedi ki, “yox ana, bu dəfə cibimə qoymuşdum ki, səni həyəcanlandırım”. Mənim üçün hədiyyələri aldığı
təşəkkür məktubları, diplomlar, fərmanlar olurdu. Məktəbi bitirib sənət seçimi edəndə də mənimlə məsləhətləşdi, dedi ki, “ana, səma, dəniz,
torpaq”… Səmanı seçsə hərbi pilot olacaqdı, səmadan qorxurdum. Dənizi seçsə, hərbi dənizçi olacaqdı, dənizdən də qorxurdum. Dedim torpağı
seç. Torpağı seçdi. Artilleriya atıcılığını. Arxayın oldum ki, müharibə olanda artilleriya düşmənin önündə olmur, arxada olur. Düşmən gülləsi
balamı tutmaz. Deyir sən saydığını say, gör fələk nə sayır. Bütün ailəmizin, bacılarının, ata-anasının yükü onun çiyinlərində idi. Kimsədən
köməyini əsirgəmirdi. İnsanlara kömək edəndə özünü xoşbəxt hiss edirdi. O qanlı aprel günlərində qaynanam rəhmətə getdi. Beyləqana gedirdim.
Tərtərdəki qızım zəng vurub dedi ki, müharibə başladı. Mənim də oğlum düşmənlə təmas xəttində Tərtərdə xidmət edir. Qızımın qaldığı ev də
yaxın ərazidədir. Yolu geri qayıtdım. Getmədim ki, balama yaxın olum, çayını-çörəyini verim, nəfəsim onu qorusun. Dəfn mərasiminə 111
qatılmadığıma heç kim də etiraz etmədi, məni anlayırdılar. Tərtərdəki qardaşımın və qızımın evinə çatdım. ... İnqilab zəng vurdu ki,
“Qarabağlıdayam. Arada evə gələcəm”. İnqilab gəldi. Tez ona çay-çörək hazırladıq. Gördüm yemir. Dedi ki, “ana yeyə bilmirəm, orda əsgərlər
acdır”. Dedim “ay bala, niyə ki, indi axı ordunun təchizatı yaxşıdır”. Dedi ki, “ana, hərbi hissədən çıxmaq, girmək olmur, ermənilər koordinatı
müəyyən edib, gedib-gələn maşınlara atırlar, ona görə ərzaq çətinliyimiz var. Kəndin uşaqları sürünə-sürünə yumurta-kartof soyutması, pendir-
çörək gətirirlər”. Qardaşım tez ət aldı gətirdi. Manqal qaladıq. Xeyli kabab çəkdik. Kababları pay-pay edib, yığdıq çörəyin arasına. Tədarük
gördük. İnqilab da çimib gedib yatdı. Dedi neçə gündür yatmır. Bir az dincəlib gedəcəkdi. Getmək vaxtı gələndə, yuxudan ayıltmaq istəmədim.
Elə şirin və yorğun yatmışdı ki… Getdim üzündən öpdüm, sifətinə tumar çəkdim, sığalladım. Oyada bilmədim. Qardaşım hirsləndi ki, “gör uşağı
fərari edə bilərsənmi? Oyat, durub getsin”. Allah məni öldürsün, balamı öpə-öpə yuxudan oyatdım ki, dur get güllələrin, bombaların altına.
Maşının arxasını su, siqaret, kabab, gücümüz çatan nə var idisə doldurub, oğlumu yola saldıq. Qardaşım aparıb onu ötürdü. Qayıdıb gələndə dedi
ki, “İnqilab o qədər tədarükdən özünə iki qutu siqaret götürdü, yeməyə barmağını da uzatmadı. Hamısını əsgərlərə payladı”. Həmin gün atəşkəsin
necə pozulduğunu soruşdum. Dedi ki, “ay ana, əvvəl atışma başlayanda, təlatüm keçirdik. Canımızda həyəcan var idi. Sonra irəlilədikcə keçib
getdi. Ana, bilirsən əsgərlər necə oxuyurlar. Hamısının qəlbində, gözündə xoşbəxtlik var. İndi bir dənə erməni tapmırıq ki, vuraq. Bütün
mövqelərini top atəşi ilə sıradan çıxarmışıq. Keçmişik Sərsəng tərəfə, sabaha Sərsəngi götürəcəyik. Di gəl ki, onlar tərəfdən atan da, erməni deyil,
rus hərbiçisidir. Çox böyük artilleriya taktikasına malikdir onların top atıcıları. Dəqiq koordinat seçməyindən bilirəm ki, rus hərbçiləridir.
Onlardan iki top atıcısını məhv etmişəm. Ancaq biri gizlənib. Bizim koordinatımızı axtarır”. Səhəri gün də zəng vurub dedi ki, “ana gözün aydın,
erməni tərəfdən top atan üçüncü gizlənəni də məhv etdim”. Elə sevincli idi. Dedim “ay bala, şirniyyat bişirim göndərim”. Dedi göndər. Axşam saat
6-nın yarısı zəng vuranda, artıq telefonuna zəng çatmırdı… Bilmirəm, balamın yerini ermənilərə kim xəbər verdi. O sağ olsaydı, indi Sərsəngi də
götürəcəkdilər. İnqilab həlak olmazdan əvvəl 18 şəhidimiz var idi, o həlak olnadan sonra, şəhidlərin sayı çoxaldı. O mənim gözümdə bir sərkərdə
idi”.(https://www.aznews.az/news/cemiyyet/112768.html).
Lamiyə xanım (bacısı): “İnqilabın kürəyinin arxasında 9 kənd gizlənərdi”. Ancaq nə yazıqlar ki, 2-5 aprel günlərində şəhid olan
oğullarımızın əksəriyyəti belə cüssəli gənclər idi. Hər biri 300 erməni əsgərinin qarşısında dayana bilərdi. Qardaşımla Lalə bir-birini cüt göyərçin
kimi sevirdilər. Çox ülvi məhəbbətləri var idi.
Fidan xanım (bacısı): “Qardaşımız bizim fəxarət yerimiz idi. Başımızın tacı idi. İndi kimsəsiz, böyüksüz qalmışıq sanki. İndi onu heç nə əvəz
etmir. İnqilabın yoxluğu ilə barışa bilmirik. Hər birimizin çiynində böyük qardaş haqqı, yükü var. Çünki hər birimizin əziyyətini çəkib. Gəncədə
həkimlər məni düzgün əməliyyat etməmişdilər, ölüm-qalım savaşı verirdim həyatla. Yalnız İnqilabın sayəsində həyata qayıtdım, İnqilabın verdiyi
qan məni yaşatdı. İnqilab heç vaxt özünə ölüm götürməyib. O qəhrəman olmaq üçün doğulmuşdu. Oğlanlarını sünnət edəcəkdi bu apreldə. Gedib
iş yerində demişdi ki, “mənim iki aylıq maaşımı birdən verin ki, uşaqlara kiçik toy edim”. Həmin pul yasına xərcləndi.
Lalə Quliyeva (həyat yoldaşı): “İnqilabın bacısı ilə bir sinifdə oxumuşduq. Elə İnqilabın anası da məni o cür tanışlıqla bəyənib. Sonra
İnqilabı evləndirmək istəyəndə məni göstəriblər. O da bəyənib və biz ailə həyatı qurmuşuq. Belə tanış olmuşuq. Tanış olandan sonra aramızda
sevgi yaranıb. İkimiz də Gəncədə yaşamışıq. Ali təhsilim yoxdur. Tanış olan vaxtlarda İnqilab hərbçi idi. Naxçıvanski adına Hərbi Liseyi 112
bitirmişdi. Peşəsini elə sevirdi ki, bu sevginin qarşısında onu işindən geri çəkindirmək haqqında düşünməmişəm. Bir insan sevə-sevə hərb sahəsini
seçmişdisə, onu işdən necə ayırmaq olar?! 2 oğlumuz var. Birinin 5, digərinin 4 yaşı var. İnqilabın arzuları yarımçıq qaldı. Övladları ilə bağlı o
qədər arzuları vardı ki! Həmişə onların yaxşı təhsil alması barədə düşünürdü. Hər bir ata kimi onun da arzuları vardı. Amma müharibə onun
arzularını ürəyində qoydu. Uşaqlar balaca olanda İnqilaba “ata” yox, “dədə” deyirdilər. Ona görə də İnqilab şəhid olandan sonra “mən dədəm kimi
böyüyəcəm” söyləyirlər. İnqilab uşaqlarla elə səmimi vaxt keçirirdi ki! Onlarla uşaq dilində danışır, belində gəzdirir, başlarını qatırdı. İnqilab evdə
olanda uşaqlar onunla heç darıxmırdılar. Heç vaxt uşaqlarının hərbçi olub-olmamaq istəyini dilə gətirmədi. O qədər gözəl xasiyyəti vardı ki!
İnqilab kimi insan dünyaya az gəlir. İnqilabın bir dəfə də olsun hərb, müharibə məsələlərindən danışdığını xatırlamıram. İşinin məxfi qalmasına
çalışırdı. 2016-cı ilin Novruz bayramında bir yerdə olduq. Bayramın səhəri getdi. Sonra martın 31-də evə gəldi. Amma bu gəliş elə-belə gəliş
deyildi. Çünki çantasını toplayıb getdi. Əslində, İnqilab vəziyyətin çətin olduğunu bilirdi. Buna baxmayaraq, bu dəfə də heç nə demədi. Heç
müharibədən, cəbhədəki gərginlikdən danışmadı. “Təlimə gedirik” dedi. Aprelin 1-i zəng etsək də, zəng çatmadı. Aprelin 2-si zəng edəndə “siz
zəng etməyin, mən edəcəm” dedi. Sonra bir neçə dəfə zəng etdi. Axırıncı dəfə aprelin 4-ü saat 6-nın yarısı danışdıq. Artıq aprelin 1-də
mətbuatdan, televiziyadan dəhşətli xəbərlər almağa başladıq. Çox narahat idim. İnqilab isə vəziyyətin yaxşı olduğunu deyirdi. Mən İnqilabın sağ-
salamat geri qayıdacağına inanırdım. Çünki o, elə ümidli danışırdı ki! Hər dəfə efirdə xəbərləri izləyəndə içimdə bir narahatlığın olduğunu
deyirdim. O isə “narahat olmayın, gələcəm” deyirdi. Anası da çox narahat idi. Nəsə bir hadisənin baş verəcəyindən qorxurdu. Sanki ona əyan
olmuşdu. Təbii, hamımız narahat idik. İnqilabdan yaxşı xəbərlər gözləyirdik. Allaha dua edirdik ki, hamının əri, oğlu, qardaşı sağ-salamat evinə
qayıtsın. Bizimki də onun içində. Amma dualarımız da qəbul olunmadı. İnqilabın cənazəsini aprelin 5-i gecə saat 2-nin yarısı gətirdilər. İnqilab
Tərtərdə idi. Biz Tərtərə getmək istəsək də, yolların bağlı olduğunu demişdilər. Elə oldu ki, İnqilabın cənazəsi gətirilməzdən qabaq anasını
Gəncəyə göndərmişdilər. Qəfil xəbəri vermək istəmirdilər. Anası İnqilabın yaralı olduğunu bilirdi. Şəhid olduğundan xəbərsiz idi. İndi də hər dəfə
qapı döyüləndə uşaqların ikisi də qapıya atalarının gələcəyi ümidi ilə qaçırlar. Böyük oğlum aynanın qarşısına keçib əlini göyə qaldırıb deyir ki,
“ay Allah bir istəyim var səndən. Dədəm bir dəfə də olsa, evə gəlsin”. Uşaqlar İnqilabın şəhid olduğunu bilirdilər. Cənazəsi evə gələndə böyük
oğlum dedi ki, “qutunun içindəki dədəmdir. Ona deyin, durub mənimlə yatsın”. Baxmayaraq ki, yaşları azdır, amma atalarının yoxluğunu dərk
edirlər. Amma hər dəfə atalarının evə gəlməsini istəyirlər. İnqilab şəhid olandan sonra uşaqlar gecələri ixtiyarsız olaraq ağlayırdılar. Məndən bir
cavab ala bilməyəndə nənələrindən soruşurdular ki, “dədəm hardadır?”. “Dədəniz göylərdədir” cavabını verəndə böyük adam kimi nənələrini
qucaqlayıb ağlayırdılar. Mənə indi fərqli suallar verirlər: “Niyə dədəmiz evə gəlmir? Niyə işdə qalır?”. Bir dəfə Tərtərə getmişdik. Orada da
“dədəm bura gələcək. İndi işdədir” demişdilər. Böyük oğlum hazırlığa gedir. Hələ məktəbə getmir. Kağıza öz bildiyi şəkli çəkib deyir ki, “bu
atam, bu anam, bu qardaşım, bu da mənəm”. Övladlarımın hərbçi olmaq qərarlarına ana olaraq qarşı çıxmaram. Vətənə layiqli xidmət etsinlər.
Amma şəhid xəbərlərini almaq istəmirəm”.İnqilabın ətrini övladlarından alıram. Sağlığında bir neçə ətir almışdı mənə. O ətirləri istifadə etmirəm
ki, birdən qurtarar. Onlar mənim üçün İnqilabdan xatirədir. Bir insanı itirmək çox ağırdır. Sözlə ifadə edə bilmirəm. Hətta uşaqlarım olmasaydı
belə, İnqilabın atasıgili tərk edib getməzdim. Yenə də burada qalardım. Onun ata-anası mənim də ata-anamdır. Heç bir fərqi yoxdur. Müharibənin
adından belə qorxuram. Sevdiyimi, uşaqlarımın atasını bizdən aldı. Dərdimiz heç vaxt sağalmayacaq. Gözümüzün suyu dayanmır. Yaşadığımız
günlər yadıma düşəndə özümə yer tapa bilmirəm. Siması hər gün gözümün önündə canlanır. İçimdə bir təsəllim var. İnqilab ölməyib. Bəlkə geri
qayıtdı. Bu, hərb işidir. Heç nəyi dəqiqliklə demək olmaz. Bəlkə İnqilab aramıza yenə qayıdacaq. Həyatdı. İnqilab şəhid olandan sonra toy
kasetimizi və şəkillərimizi telefona yükləmişəm. Tez-tez xoşbəxt günlərimizə həsrətlə baxıram. Nişan üzüyümüzü isə ən müqəddəs əşya kimi
qoruyub saxlayıram”. (http://ganjanews.az/2019/04/03/sosial/aprel-%C5%9F%C9%99hidi,-kapitan-inqilab-quliyev-%E2%80%9Cnarahat-
olmay%C4%B1n,-g%C9%99l%C9%99c%C9%99m%E2%80%9D-deyirdi.html).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
113
(İnqilab Quliyevin həyat yoldaşı Lalə xanım və övladları Hüseyn və Əyyam)
114
KAPİTAN VAQİF DİLQƏM OĞLU BAYRAMOV
“Vətən çalışqan insanların çiyinləri üstündə yüksəlir.” (Tofiq Fikrət)
Doğum tarixi: 25 dekabr 1979-cu il. Naftalan şəhəri 115
Vəfat tarixi: 2 aprel 2016-cı il. Goranboy istiqamətində
Dəfn edilib: 11 aprel 2016-cı il. Naftalan şəhəri
Qoşun növü: A.R.Quru qoşunları
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.
3 övladı (bir oğlu və iki qızı) var.
Cismən bizdən ayrılsalar da, qəlbimizə əbədi həkk olunan igidlərimizdən biri də mayor adını almış,
amma daşımaq qismət olmamış kapitan Vaqif Bayramovdur. Vaqif Dilqəm oğlu Bayramov 25 dekabr
1979-cu ildə Naftalan rayonunda anadan olub. 1986-cı ildə Naftalan şəhər İ.Nəsimi adına tam orta
məktəbə getmiş, 8-ci sinfi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi liseyə daxil olub, oranı
bitirdikdən sonra Bakı Ali Komandanlıq Məktəbinə qəbul olmuş, həmin məktəbi 2001-ci ildə
Motoatıcılıq ixtisası üzrə bitirib, Müdafiə Nazirliyinin əmri ilə leytenant rütbəsi almışdır. Daha sonra
Bakı şəhər Silahlı Qüvvələrin TTM-nə daxil olmuş, oranı bitirib hərbi hissələrin birinə tağım komandiri
təyin olunmuşdur. 2012-ci ilə kimi müxtəlif hərbi hissələrdə tağım komandiri olaraq xidmət edib. 2012-ci
ildən etibarən ilk öncə "n" saylı hərbi hissədə motoatıcı taborun qərərgah rəisinin tərbiyəvi işlər üzrə
köməkçisi, daha sonra isə sərhəd rayonlardan birindəki hərbi hissədə şəxsi heyətlə iş üzrə bölmə rəisinin
mənəvi psixoloji təminatı üzrə müavini təyin edilmişdir. 6 Aprel 2016-cı ildə Talış kəndi ərazisindəki
adsız yüksəkliklərin alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Pillə-pillə qalxdı, tağım komandiri, tabor qərərgah rəisinin tərbiyəvi işlər üzrə köməkçisi, 2014-cü ildən etibarən isə N saylı hərbi hissədə
bölmə rəisi vəzifəsində çalışdı. Hər zaman ön cəbhədə xidmət etdi, çətinliklərdən qorxmadı. Onu hamı sevirdi, çünki gülərüzü, xeyirxah qəlbi,
dostlar üçün açıq könlü var idi. O, insanlara yaxşılıq etmək üçün gəlmişdi dünyaya. Uşaq yaşlarından güllə, top, atəş səsləri altında böyümüşdü,
onun qəlbinin dərinliyində Vətənin müdafiəsində həlak olan dostlarının, əsgərlərin, tanıdıqlarının, şəhid analarının, qardaşı Mehmanın ağrısı var
idi.
Aprelin 1-i qardaşı Mehmanın doğum günü idi. Bu günü həmişə ailəliklə süfrə başına yığışıb, Mehmanı yad edirdilər. O, bir dəstə gül alıb,
Səhidlər xiyabanında uyuyan qardaşını ziyarət edib, evə gələrdi. Təzə mənzilə 1 ay idi ki, yığılmışdı, ailəsinə, ata-anasına yaxın yerdə yaşayırdı.
İşlədiyi hərbi hissə də, bu ocaqdan məsafə etibarı ilə çox uzaqda deyildi.
Zeynəb xanım (anası): “ 4 oğlum, 1 qızım var. Mehman böyük oğlum idi. 1971-ci il aprelin 1-də doğulmuşdu. Əsgərliyini Brest şəhərində 116
çəkmişdi. 1991-ci il dekabrın 25-də qayıdıb gəldi. Yaman çətin vaxtlar idi, Sovetlər birliyi dağılmışdı, qarışıq zamanə idi. Amma rüzgarın
ağırlığına baxmayaraq, əsgərliyə gedib-gələnin adına evdə qonaqlıq düzəldərdilər, mən də oğlumun şərəfinə qazan asıb, süfrə bəzəmişdim.
Mehman qonaqlar üçün bişirdiyim yemək dolu qazanları götürüb əsgərlər üçün apardı, dedi ki, ana, biz burada ac qalmırıq, ancaq onların orada
təminatı yoxdur. Mən də nə deyəcəkdim ki... Onsuz da bir əlim əsgərlərin üstündə idi... Bir də yanvarın 1-də evə gələndə, baxdım ki, əynində hərbi
forma var, dedi ki, uşaqlarındır, elə-belə alıb geyinib. Sən demə, məni aldadırmış...
1992-ci ilin fevralında Xocalı hadisəsi baş verəndə, mənə üzünü tutub dedi: “Ana sən narahat olmayasan deyə, söyləməmişdim, yanvarın 1-dən
könüllü özünümdafiə batalyonuna yazılmışam. Xocalı hadisəsindən sonra isə heç evdə otura bilmərəm, bu qisası yerdə qoymaq olmaz, yoxsa nə
gələcək nəsil, nə də bu torpaq bizi bağışlayar...
Mehman ön cəbhədə oldu, Vaqif də hər gün dərsdən çıxan kimi velosipedi ilə və ya yol maşınları ilə ön cəbhədəki əsgərlərin yanına qaçıb
gedirdi... O vaxt əsgərlərimiz gücləri çatan qədər qəhrəmanlıq edib, vuruşurdular, hətta bir dəfə Talış yüksəkliyini də düşməndən geri almışdılar...
Sonra orada heç kim oturmadığından, erməni təzədən gəlib leşkərini saldı ora... İndi həmin tarix təkrar olunur...
Vaqifin uşaqlığı əsgərlərin arasında keçdi, qardaşı gələndən sonra daha çox bağlandı hərbə. Deyirdi ki, ana yeməyi çox bişir, Qasımbəylidə
topçu uşaqların yeməyi yoxdur... Bir də görürdün ki, qazanı bağlayıb velosipedinin arxasına, gedir Naftalanın girəcəyindəki hərbi hissəyə, ya da
Gorana... Gedib qardaşını axtarıb tapırdı... Axırda özüm gedib Naftalanın İcra Hakimiyyətinin nümayəndəliyinə dedim ki, bizə bir maşın ayırın,
çünki bu yollarda qalmışıq... Özüm də qoşulub oğlumla əsgərlər üçün bişirdiyim yeməkləri aparıb paylayırdım... Zirzəmimdə kompot, mürəbbə
qalmırdı, hamısını daşıyırdıq əsgərlərə... Deyirdim ki, bu uşaqlar güllənin qabağındadırlar, qoy yesinlər, qarınları tox olsun... Yun sap alıb onlar
üçün corab, əlcək, jilet toxuyurdum... Gecəm-gündüzüm yox idi... Bir dəfə dəVaqif yenə öz əli ilə aparıb hərbi hissəyə 3000 rubl pul keçirtmişdi.
Vaqif 6-ci sinifdə oxuyurdu. Bir gün gördüm qapını bərkdən döyür. Qapını açıb: -“Ay Vaqif, oğlum nə olub, qapını niyə sındırırsan?”-
deyəndə, “Ay ana, tez ol, mənim doğum şəhadətnaməmi ver, məktəbdən istəyirlər, aparmalıyam”- deyib, şəhadətnaməsini götürüb qaçdı. Banka
gedib, əlindəki 200 manat pulu Naftalandakı döyüş fondunun hesabına göndərmək istəyəndə, bank işçiləri ondan pulu götürməmişdilər.
Demişdilər ki, get, böyüyünlə gəl. O isə ağlamsınaraq “nə olar, orda mənim qardaşım, dostlarım vuruşur, götürün bu pulu. Özüm yığmışam, öz
pulumdur”,- deyəndə bank işçisini razı sala bilmişdi... Onda bankdan aldığı çeki gətirib, şəkil albomlarının arasında gizlətmişdi və həmin çeki
təsadüfən görmüşdüm. Onda hələ iyulun 1-nə 12 gün qalırdı və qardaşı Mehman ön cəbhədə ermənilərlə vuruşurdu...
“Balaca qəhrəman” deyirdilər əsgərlər ona. 1992-ci ildən atəşkəs başlanan günə kimi biz ana-bala əsgərlərimizin yanında olmuşduq. Sonra da
yaralıların dalınca gəzdim, öhdəmə yaralı əsgər götürmüşdüm, onu sağaltdım. “Təki Vətən sağ olsun” deyə haralara baş vurmadım ki...
1992-ci ilin qora bişirən isti iyul günü idi, adamın nəfəsi kəsilirdi. Məhəllədəki bağ evində həyət-baca işi görürdüm. Ancaq baxdım ki, ürəyim
titrəyir, ayaqlarım əsir, müvazinətimi güclə saxlayıram. Elə bu vaxt qonşumuz mənə sarı boylanıb dedi ki, Zeynəb bacı, getmirsən evə? Dedim ki,
ayaqlarım tutmur. Gedə bilmirəm nədənsə...
Bir də məhəlləyə girəndə gördümki, təcili yardım maşını dayanıb, hamı da mənə baxır... Dedilər ki, o təcili yardım maşını Mehmanı
xəstəxanaya aparır... Əlimi atdım saçlarıma haray, nalə çəkdim... Yaşadığımız məhəllədə qonşuların ümumi xeyir-şər mağarı var idi. Mehmanı ora
aparıb uzatdılar masanın üstünə... Odur eeee... 2 metr hündürlükdə boyu olan balamı, qanın içərisində, səssiz-səmirsiz uzatmışdılar...
Dostları onun ölüm anından danışdılar, dedilər ki, Ağcakənd-Talış istiqamətindəki postda dayanıblarmış. Gecə hamı yatıb. Mehman çox ayıq
oğul idi. Yanından quş da səkə bilməzdi. Birdən uşaqlara deyib ki, deyəsən, çadırın qabağından kimsə keçdi. Yanındakı uşaqlar çıxıb həmin
yerləri yoxlamaq istəyəndə, kimsəyə icazə verməyib. Deyib ki, “birdən mina qurarlar, tələ düzəldərlər, partlayar, düşərsiniz minaya... Sizin 117
evinizdə bir sürü gözləyəniniz var. Özüm gedim, yoxlayıb gələcəyəm”. Ayaq izləri olan yerə gəlib çatanda, minanı görüb tez gerı atılıb, lakin mina
partlayıb, mərmi ayağının şah damarına dəyib. Yanındakı döyüşçülər maşın tapıb onu xəstəxanaya çatdırmaq istəyiblər. Yolda döyüşçülərdən biri
deyib ki, Mehman, qorxma, azca qalıb, çatırıq, indi səni sağaldacaqlar... Mehmanın axır sözü, “qorxmuram, qorxmuram....” olub. Balam son
nəfəsində mənə iki kəlmə söz yadigar qoyub getdi. Mənim qorxmaz, qəhrəman balalarım... Oğlum Ağcakənddən Naftalana gələnə qədər,
qanaxmadan həyatını itirib...
Vaqifi dəfn edəndən sonra Zeynəb ana bu şeiri yazıb...
Mən sülhə səs verirəm, qoy cavan anaların
Bir gecənin içində saçları ağarmasın.
Mən sülhə səs verirəm,təzə gəlinlərimiz
Ağ donunun üstündən qaralar bağlamasın.
Mən sülhə səs verirəm, qoy şəhid anaları
tabutun qabağında tərsinə oynamasın.
Mən sülhə səs verirəm, Mehmanımın xınası
əlinə-ayağına yasında yaxılmasın.
Mən sülhə səs verirəm, gəlinimiz Nuranə
3 körpə balasını atasız saxlamasın.
Mən sülhə səs verirəm, oğlu ölən ananın
gözaltı etdiyi qız, yada qismət olmasın.
Mən sülhə səs verirəm, bütün Yer kürəsində
Müharibə olmasın, düzənlər dağılmasın...
(http://www.anl.az/down/meqale/uc_noqta/2018/fevral/579560.htm; Aida Eyvazlı. “Şəhid anaları qəhrəman analarıdır!”Üç nöqtə, 2018-ci il, 28
fevral, s.7).
Dilqəm dayı (atası): “Vaqifdən nə qədər danışsaq bitmir. Ana-ata istəyən olub, övlad istəyən olub, ailəcanlı olub, tabeliyində olan əsgərlər
danışırlar ki, imkansız olanlara öz cibinin pulundan kontur yükləyirmiş ki, ailələri ilə danışa bilsinlər. Onun ən çox işlətdiyi söz idi, “mənim üçün
rütbə, ulduz çox böyük önəm daşımır, mən vətənimə xidmət edirəm”.Vaqif anadan qəhrəman doğulmuşdu. Necə qəhrəmancasına yaşamışdısa, elə
də dünyasını dəyişdi. O 12 yaşından özünü əsgər hesab edirdi. Həmin illərdə velosiped almaq üçün bizdən pul alıb yığırdı. Yadıma gəlir, o vaxtın
pulu ilə 200 manat yığmışdı, "Müdafiə fondu"na keçirməyə getmiş, ondan doğum haqqında şəhadətnamə tələb edəndə, "məktəbdən istəyirlər" adı
ilə evdən götürmüş, aparıb o pulları fonda keçirmişdi. Daha sonra məni çağırıb, 12 yaşlı uşağın bu pulları hardan aldığını soruşdular, təbii ki, sonra
aydınlaşdı ki, velosiped üçün yığılan pullardır. Birinci Qarabağ döyüşü zamanı Vaqifi evdə tuta bilmirdik, Talışa qaçırdı, Ağcakəndə qaçırdı.
Sonra gedib o vaxtki Şəhər Sovetindən xahiş elədim, mənə maşın ayırdılar. Vaqiflə birlikdə üç gündən bir, həftədə bir dəfə hospitala gedirdik,
əsgərlərə yemək, meyvə, qalın corab aparırdıq. Aprelin 1-ni heç vaxt unutmaram. Şəhid oğlum Mehmanın ad günü idi, Vaqif qapıdan bizimlə
görüşdü, bir tikə çörək belə yemədi ki, aşağıda əsgərlər gözləyirlər. Sonra getdi. Mən onu öpə bilmədim. Tələsik çıxdı evdən. Müharibənin
başladığını eşidəndə onunla telefonda danışdım, yalvardım ki, özünü qorusun. Cavabında mənə dedi ki, burdakı oğlanların heç biri məndən əskik
deyil, hamısının anası var. Son dəfə Aprelin 5-i yığdı, dedi narahat olmayın, yaxşıyam. Arxayınlaşıb oturmuşduq ki, şəhid olması xəbəri 118
gəldi...(https://manera.az/cemiyyet/5423-dordgunluk-muharibe-shehidliyin-vaqif-bayramov-zirvesi.html).
Nuranə xanım (həyat yoldaşı): “Döyüşüçləri daşıyan avtomobili özü idarə edirmiş. Onda yüngül qəzaya düşüblər. Vaqif yüngül yaralanıb.
Hirsli gördüm onu, çəkinə-çəkinə dedim ki, “artıq atəşkəs elan edilib, bəlkə döyüşə getməyəsən?” Acıqlı cavab verdi ki, “1-2 saat yorğunluğumu
alım, məni tez oyat, getməliyəm, əsgərlər orda təkdir, mənsiz bacarmazlar... Bərkitmə əməliyyatı görmüşük, qüvvəmiz azdır. Talışı geri almışıq,
indi o boyda əziyyətdən sonra oraları boş qoymaq olmaz”.
Elə yemək yediyi yerdə Vaqifin telefonuna zəng gəldi. Zəng edənlər baş leytenant Qabil Orucəliyev, Cavid Dədəkişiyev və Adil Adilzadənin
dayandıqları ön postlarda şəhid olduğunu söylədilər... Dostlarının şəhid olmasını eşidən Vaqif uşaq kimi ağlamağa başladı. Bu vaxt balaca oğlu
Ümid onun yanına gəldi. Oğlunu qucağına götürüb bağrına basdı və başını sığallayaraq dedi: “Ümid balam, indi mən ölsəm də dərdim olmaz,
sən mənim adımı, soyadımı daşıyacaqsan, bacılarına, anana arxa-dayaq olacaqsan...Gözləri yaşarmış halda ona yaxınlaşdım, kədərli-kədərli üzümə
baxıb dedi ki, “sözdür də deyirəm, mən sizi heç vaxt tək qoymaram... Nuranə, narahat olmayın, mənim orda əsgərlərim var, ön cəbhədə
olmalıyam, bu gecə məni gözləməyin, ola bilsin ki, sabah gələcəyəm...Qapıdan çıxanda uşaqlarını qucaqlayıb görüşmədi... qızım Zeynəb
pilləkənin başına gəlib, “ata niyə bizi öpməmiş gedirsən?” soruşanda, “qızım, tələsirəm, qayıdanda sizi öpəcəyəm” deyib maşınına oturub getdi.
Zeynəb də eyvanın pəncərəsindən əl eliyib atasını yola saldı. Aprelin 6-sı Vaqiflə danışanda dünənki hirsindən əsər-əlamət yox idi. O, sevinə-
sevinə dedi ki, “4 nəfərlə ermənilərdə olan digər postları da geri almışıq”.
Vaqif qərərgahın idman mütəxəssisi və iki əsgərlə yeni tutduqları mövqelərdə dayanıbmışlar. Artıq atəşkəs elan olunmuşdu. Gecənin bir
aləmində Vaqif hiss edib ki, buralardan kimsə keçdi. (24 il bundan əvvəl qardaşı Mehman da dayandıqları yerdən ermənilərin keçdiyini hiss
etmişdi). Ətrafa baxıb, qısa təhlil aparandan sonra, belə nəticəyə gəlib ki, ermənilər meydanı boş görüb, postları geri almaq üçün yenidən hərəkətə
başlayıblar. Vaqif bu zaman geri aldıqları 3-cü postda dayanmışdı. Silah-sursatını götürərək, irəliyə gedib, arxadan gələn döyüşçü dostuna deyib
ki, onları qabaqlamaq lazımdır...Özü üzbəüz erməni ilə döyüşə girib, sona qədər döyüşüb, gülləsi qurtaranda isə avtomatın qundağı ilə vuruşmağa
başlayıb…Vətən torpağında ruhunu Tanrıya tapşırıb.
Günorta saat 4-ə qədər Vaqifə zəng etsək də, telefonu açan olmadı... Sonra eltim zəng vurub dedi ki, Vaqif yaralıdır, özü də ki, neytral zonada
qalıb. Bu sözləri eşidəndə, ayaqlarım yerdən üzüldü. Sözün həqiqi mənasında elə bil ki, ayaqlarım sındı, ümumiyyətlə taqətim qalmadı. Gücüm
tükəndi və mən yerə çökdüm. Yerə yıxıldığımı görən Ümid və Aylin də ağlayırdılar. Yenə Vaqifin telefonunu yığdım, xeyli zəng gedəndən sonra,
onun telefonunu söndürdülər... Başladım yıxıldığım yerdə Allaha yalvarmağa ki, nə olar mənə taqət ver, yerdən dura bilim... Fikirləşirdim ki,
evdən çıxıb Vaqifin olduğu yerə gedəcəyəm... Sonra qardaşım gəlib bizi əvvəlki evimizə-qayınanamgilə apardı... Qızım da deyirdi ki, ana, ağlama,
bizim atamız gələcək, o, heç vaxt ölə bilməz... Onu sağ görmək, sağ qarşılamaq ümidi ilə düz 5 gün gözlədik...
Həmin təlatümün, dərdin, intizarın içində necə oldusa, mürgülədim. Birdən yuxumda bir qadın səsi eşitdim, qeybdən gələn səs mənə deyirdi:
“Vaqifdən nigaran qalma, o, indi göylərdədir, yeri yaxşıdır, narahat olma...”. Tez ayıldım... Yenə Allaha yalvardım ki, Vaqifimi mənə yetir,
Vaqifimi mənə gətir... Aprelin 9-da Vaqiflə tanışlığımızın 9 ili tamam olurdu. Fikirləşirdim ki, harda olsa, özünü yetirəcək, ancaq ondan xəbər
gəlmirdi ki, gəlmirdi...
Aprelin 11-də isə Vaqifi Vətən bayrağına bükülü tabutda gətirdilər... Zeynəb xalanın, Dilqəm dayının qapısına ikinci şəhid tabutu
göndərilmişdi...
Mənimlə Vaqifin tanış olmasından da yazın, istəyirəm ki, tarixləşsin, kitablarda qalsın eşqimiz.Vaqiflə bizim taleyimizi Tanrı yazmışdı. Zabit 119
kimi işləməyə başlayandan sonra Vaqif dostuna deyir ki, evlənmək istəyir. Dostu da məni, ona ən yaxşı namizəd kimi göstərir. Vaqif gülə-gülə
deyir ki, o qız böyüyüncə, mənim uşağımın 5 yaşı olacaq... O zaman mən 7-ci sinifdə oxuyurdum. Günlərin birində mən 11-ci sinifdə oxuyanda,
Vaqif yenə bizim qonşuluğumuzdakı dostunun yanına gəlmişdi. Biz həmin gündə təsadüfən onunla qarşılaşdıq. Vaqif məni qonşudan soruşanda,
dostu deyir ki, 5 il bundan əvvəl bəyənmədiyin həmin qızdır. Hətta dostunun toy diskinə baxanda, görürülər ki, ikimiz də gəlinin başı üzərində
tutulmuş Quranın altından yanaşı keçirik. Lakin mənim ailəm bu evliliyə razı olmadı, bu səbəbdən də 11-ci sinifi bitirəndən 1 il sonra, aprel ayının
9-da Vaqifə qoşulub qaçdım. Zeynəb bibi məni öz qızı kimi sevdi, qayğıma qaldı, bilmədiklərimi öyrətdi mənə. 2008-ci ildə ilk övladımız Zeynəb
gəldi dünyaya, sonra Aylin doğuldu, Ümid sonbeşiyimiz oldu... Çox xoşbəxt idik. Gələcək xəyallarımızı qururduq... Mənimlə Vaqifin arasında 10
il yaş fərqi var idi. Ötən illər ərzində mən onun sevgisi ilə böyüdüm. 2016-cı il martın 10-da Ümidin doğum gününü restoranda qeyd etdik. Onda
dedi ki, kiçik toyunu elə çaldıracağam ki, dillərdə dastan olsun... Toy çaldırmadı, ancaq özü tarixlərə dastan yazdı... Zeynəb atasının məzarının
başına gedir, oraya məktublar yazıb qoyur. Gündəliyi də var, ancaq gündəliyini bizə vermir...
Vaqiflə hər zaman fəxr etmişəm. Çünki, o tək işində deyil, ailədə də ideal insan idi. Gözəl ata, gözəl həyat yoldaşı idi. O mənə yeri gəldi dost
oldu, yeri gəldi ata qayğısı göstərdi. Mən 6 apreldə tək həyat yoldaşımı deyil, demək olar ki, həyatımı itirdim. Vaqiflə yaşadığım 9 illik ailə
həyatında gördüyüm xoş günləri bəlkə də, illərin ailəsi görməmişdi. Çətinliklərimiz də oldu, təbii ki. Amma ən çətin anlarımızda belə bir-birimizə
sevgi ilə bağlandıq. Yaxşı ki, Vaqifi seçmişəm həyatda, onu sevdiyim üçün bir gün belə peşman olmadım. Əsl sevgini, xoşbəxtliyi o mənə
yaşatdı...Fəxr edirəm ki, Zeynəbimin, Aylinimin və Ümidimin atası qəhrəmandır. Övladlarımın başını uca etdiyinə görə Vaqifə dünya durduqca
minnətdar olacağam...” (https://manera.az/cemiyyet/5423-dordgunluk-muharibe-shehidliyin-vaqif-bayramov-zirvesi.html).
Məlahət Bayramova (bacısı): “Bəlkə də dünyanın ən bədbəxt bacısı mənəm, iki qardaşım Vətən yolunda şəhid olub...Qardaşlarım Ədalət,
Polad üçün də çox çətin sınaqdır. İki əziz qardaşını itir, sonra onların balalarını hər gün ovundur görüm, necə ovundurursan... Allah anamı, atamı,
qardaşlarımı, məni çətin imtahana çəkdi. Anam Vaqifin sağ olduğu xəbərini gətirən adama barmağındakı üzüyü muştuluq demişdi. 7 qurban dedi,
gecə-gündüz yandı, yaxıldı... Anam hələ də o üzüyü barmağına taxmır, deyir ki, Mehmanın üzünü görmüşdüm, Vaqifi mənə göstərmədilər...
Aprelin 11-də gətirdilər tabutu... Artıq atam da, anam da yaşlı insanlardır. Bala dərdini Allah heç kimə göstərməsin. Mehmanın ölüsünü
görmüşdü, qucaqlamışdı, öpüb, qoxlayıb sakitləşdirmişdi özünü. Vaqifin tabutunu açmağa icazə vermədilər. Qəbrini qazıb, ağ kəfənə bükülmüş
qardaşımı torpağa verəndə, gəlinimiz Nuranə də, anam da, qardaşım da qəbrin içərisinə girdilər. Anam qolunu kəfənin altından salıb Vaqifi
qucaqladı, qoxuladı, ürəyinə çəkdi nəfəsini...Başdan-ayağa öpdü onu... Dedi ki, “mən onsuz da, daha ölmüşəm, ruhum buradadır, elə o torpağı
tökün üzümə, məni buradan çıxarmayın, oğlum ilə birlikdə dəfn edin...”. İndi deyir ki, “ruhumu Vaqifin qəbrində qoyub gəlmişəm, gəzdirdiyim
quru cəsəddir”... Gecəni sabaha qədər yatmır, üzünü divara çevirib, telefonda Vaqifin şəkillərinə baxıb, ağlayır...
Evimizin pəncərəsindən görünən Tap Qaraqoyunlu kəndi daim düşmənin hədəfində idi. Düşmən yüksəklikdən böyük bir ərazini nəzarətdə
saxlayırdı, əsasən də mülki şəxsləri rahat yaşamağa qoymurdu. Düşmənlərimiz xəyanətkar idilər, onlar dinc əhaliyə də güllə atırdılar, torpağa bağlı
insanları təsərrüfatla məşğul olmağa qoymurdular. Amma biz o yüksəklikləri geri qaytardıq. İndi Madagiz-Talış istiqaməti bizim nəzarətimizdədir.
Bu ərazilərin alınmasında digər oğullarımız kimi, qardaşımın da qanı tökülüb...
Böyük qardaşımız Mehmandan sonra Vaqif qarşısına məqsəd qoymuşdu ki, ön cəbhədən bir addım da arxaya getməyəcəm. Mehmanın qisasını
alacağam. Aldı qardaşının qisasını. Neçə erməni öldürdü... Yüksəklikləri azad etdilər...Vaqifi çox sevirdim, o da bizi heç ayırmırdı... Bütün sirrini-
sözünü mənə deyirdi. Amma Azərbaycanı daha çox sevirdi. Ömrünün 25 ilini hərbiyə həsr etdi. Vətən uğrunda da canını verdi...”.
(https://manera.az/cemiyyet/5423-dordgunluk-muharibe-shehidliyin-vaqif-bayramov-zirvesi.html).
Ədalət Bayramov (qardaşı): “İki qardaşımı şəhid vermişəm. Mehman 1992-də şəhid oldu, Vaqif 2016-da. Vaqif sonbeşiyimiz idi. Onu
hamımız çox istəyirdik. Vaqif uşaqlıqdan döyüşə həvəsli idi. 12-13 yaşlarından əlinə düşən pulları yığıb orduya kömək edirdi. Bir dəfə 200 rubl,
bir dəfə 110 qutu siqaret, mer-meyvə və s. aparmışdı. Vaqif ali təhsildən sonra ön cəbhəni seçdi. Bir dəfə söhbət əsnasında dedim ki, özünü önə
verirsən, axı sən əsgərlərin üstündə dayanırsan, dedi ki, mən öndə getməsəm, onlarda heç vaxt ruh yüksəkliyi olmaz. Döyüş yoldaşları indi bizə
danışırlar ki, Vaqif mühasirədə qalanda belə ətrafını xilas etmək barədə düşünürdü... “Aprel döyüşləri zamanı Talış istiqamətində döyüşürdü.
Telefonla danışırdıq. Deyirdi narahat olmayın tez bir zamanda torpaqlarımızı azad edəcəyik. Aprelin 5-də ermənilərdən aldıqları posta 200-dən
çox erməni canlı qüvvəsi hücum edib. Son nəfəslərinə qədər döyüşüb postdan çıxmayıblar. Həmin vaxtı Şəhid olan hərbçilərimizdən biri də Vaqif
oldu. Meyiti neytral ərazidə qalmışdı. Aprelin 10-da hərbçilərimiz onu götürdülər. Apelin 11-də isə Naftalan şəhərində böyük izdihamla dəfn
edildi. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medal ilə təltif edildi. O, elə bil hərbi üçün
doğulmuşdu. Hər şeyi gözə almışdı. Bilirdi ki, bu yolda onun başına hər iş gələ bilər. Sözsüz bizim üçün çətindir. Bir evdən iki qardaş Şəhid olub.
Valideynlərim də, biz də əziyyət çəkirik. Amma Vaqif fəxr ediləsi qardaşdır. Mən şəxsən öz qardaşlarımla fəxr
edirəm”. (https://manera.az/cemiyyet/5423-dordgunluk-muharibe-shehidliyin-vaqif-bayramov-zirvesi.html).
Şəhidimizin qızı Zeynəbin gündəlikdə yazdıqlarından:
“Ata, mən səni çox istəyirəm... Amma sən bizi qoyub getdin... Ata, mən sənin üzünə deyə 120
bilmirəm... Ancaq mən bura yazıram. Sən gələndə, sənə deyəcəyəm... Mən əməliyyata
girdim. Sən mənim əlimdən tutmuşdun... Mən „operasiya“dan çıxanda, sən mənim əlimi
buraxıb getdin və dedin: hər şey yaxşı olacaq... Mən yuxudan duranda əlimi buraxıb
dedin ki, indi mən gedirəm şirinim...
... Hə uşaqlar, mənim atam, Vaqif atam gələndə, mən bunu ona oxumağa
verəcəyəm...
...Gəl ata, mən səni istəyirəm... ...Mən istəyirəm ki, sən gələndə, mən sənə sevincimdən
ATA VAQİF deyəm...Ata VAQİF yadındadır, sən həmişə mənə “şirinim” deyərdin. İndi
sən getdin. Amma mən inanıram ki, sən gələcəksən. Sən gedəndən, mənim az qala ürəyim
partlayır. Mən bütün valideynləri görüb, deyirəm ki, mənim atam niyə gəlmir?
Allahım, sən bilirsən ki, atamı özün aparmısan... Və o mənim gözəl atam idi...
Ata mənim sənə bir sözüm var: onu sən gələndə, deyəcəm... Amma bu söz çox önəmlidir.
Bu söz gəlmək haqqındadır. Deyim? Yoxsa yox?! Amma deyəcəm. Pisinə gəlsə də,
deyəcəm: Səndən küsmüşəm... Ona görə küsmüşəm ki, sən evə gəlmirsən...
Ata sənin getdiyin ikinci ildir. Artıq 10 yaşım keçir... sənin il mərasimində şeir oxudum... hamı mənə baxıb deyirdi ki, o qızın atası yoxdur...
Mən də hirslənirdim...
Ataaaaaa.... nə olur gəl, mən çox darıxıram, əvvəlki xatirələrimizə, günlərimizə darıxıram... 121
“Ata, ata...” yazanda elə qışqırmaq istəyirəm ki... İstəyirəm ki, əlini mənə vurasan... İstəyirəm ki, qapımızı döyəsən... və səni qucaqlayım... bu
gündəliyimi açanda da, sən qapını döy və mən bu yazdıqlarımı sənə oxuyum...Nə bilim, bax, indi-indi ürəyimi boşaldıram...ata, bu gün mənim ən
pis günümdür...”.( https://modern.az/az/news/156151).
Azedu.az təhsil portalının Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim atam qəhrəmandır – O, Cümhuriyyətin əsgəri
idi” mövzusunda keçirdiyi yazı müsabiqəsində şəhid qızı Zeynəb Bayramova atası haqqında yazdığı inşa (Zeynəb hazırda Naftalan şəhəri
İ.Nəsimi adına 1saylı tam orta məktəbin dördüncü sinif şagirdidir): “Ata mən səni çox istəyirəm. Hara baxsam, görürəm ki, sən ordasan.
Məktəbdə də xatirən var. Sənin getdiyin gün hələ də yadımdadır. Qəlbimdə yara açdın. Sən bizi öpmədin. Bizə söz verdin ki, mənə heç nə
olmayacaq, amma oldu. Sən bizə nə söz versən yerinə yetirərdin. Amma sən bu sözünü yerinə yetirə bilmədin. Hamımız yolunu gözləyirik. Amma
mən sənin belə olduğunu görəndə çox, amma çox pis oldum. Niyə belə etdin? Niyə bizə yazığın gəlmədi? Niyə balalarını ata həsrətiylə qoydun?
Nasdı, mən, Aylin, Ümid səni gözləyirik. İndi mən sənə məktub yazmamalıydım, amma yazıram ürəyimi boşalda bilmirəm. Düzdü, qəbrin üstünə
gəlmişəm , amma hamı orda olanda ürəyimi boşalda bilmirəm. Mən bunu qəbul edə bilmirəm, nolar, nolar, nolar , gəl... Ata sən bizi Ata
həsrətiylə qoyma. Bilirəm, mənim şəhid uşağı olmağım böyük qürurdu. Məni ora-bura aparsalar da, heç biri sənin yerini, heç kim sənin yerini tuta
bilməz. Sən bizi nə qədər çox istəyirdinsə,öz əsgərlərini,vətənini o qədər sevirdin. Mən dərsdən geriləmişəm, səbəbi sənsən. Mən səndən
küsmürəm, incimirəm, amma evimizə qayıt.
Sən iki əsgər yoldaşını xilas etmək üçün şəhid olmusan. Ümid hər gün valideynləri görüb deyir ki, mənim atam hanı? Ümid hələ yeni-yeni
“ata” deyir. Nolar Ata nolar, gəl. Ata bizə kimlərsə nə qədər yaxşı davransa da, heç kim sənin qayğına çata bilməz”.
(https://paralel.az/index.php?view=article&id=50801&dil=az).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
122
(Vaqif Bayramov və həyat yoldaşı Nuranə xanım)
123
(Vaqif Bayramovun valideynləri)
124
125
KAPİTAN MÜHÜD QURBAN OĞLU ORUCOV
“Türklərdən başqa dini və ölkəsi üçün ölməyə hazır olan bir əsgər görmədim.” ( Hamilton)
Doğum tarixi: 13 iyul 1984-cü il. Qazax rayonu Fərəhli kəndi. 126
Vəfat tarixi: 3 aprel 2016-cı il. Tərtər rayonu istiqamətində – Talış kəndi, Talış yüksəkliyi uğrunda
gedən döyüşlərdə .
Dəfn edilib: 9 aprel 2016-cı il, Qazax rayonu Fərəhli kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“İgidliyə görə” medalla təltif edilmişdir.
2 əkiz övladı (Vüqar və Anar) var.
Vətən, bir millətin müstəqil və hakim olaraq sülh və hüzur içində yerləşdiyi və yurtlaşdığı,
yuva qurduğu, müəyyən sərhədləri olan torpaqdır. Vətən milləti təşkil edən dəyərlərdən biridir. Bir
insanın doğulub böyüdüyü, sığındığı, dinclik, səadət və xoşbəxtlik tapdığı yerdir. Dilimiz, dinimiz,
şərəf və ləyaqətimiz onun mərhəmətli, şəfqətli qoynunda, düşmən niyyətlərindən və gözlərindən
uzaqda güvəndədır. Vətənimizi sevmək, onu daxili və xarici xain əməllərdən qorumaq, onun uğrunda
hər cür fədakarlığı göstərmək, gözü olanın gözünü oymaq və lazım gələrsə canımızı sevə-sevə vermək
ən əsas borcumuz olmalıdır. Yurdumuza düşməncə davranana və göz qoyana qarşı savaşmağı Uca
Tanrı da əmr edir. Deməli, vətəni qorumaq dini və milli bir məsuliyyət və istər qadın, istərsə də kişi
üçün əvəzolunmaz ülvi bir vəzifədir, fədakarlıq və yardımsevərlikdir. Vətən torpağın altında yatan
şəhidlərinin xatirələri ilə müqəddəsdir. Bu müqəddəsliyi bizlərə yaşadanlardan biri də Vətən
müharibəsinin Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan, öz övladlarının atasızlığını vətən övladlarının atalı böyüməsinə dəyişən igid
qardaşlarımızdan biri də kapitan Mühüd Orucovdur.
Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1991-ci ildə
K.Kərimov adına orta məktəbin 1-ci sinfinə getmişdir. 1999-2002-ci illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 2002-ci ildə
H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir.
2006-2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirərək, 2007-ci ildə Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin qərarı ilə “N” saylıl hərbi hissədə kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsinə təyin edilmişdir. Elə həmin ildə öz arzusu
ilə xüsusi təyinatlı qüvvələr kursunu keçmək üçün ezam olunmuş və kursu müvəffəqiyyətlə bitirmişdir. Qısa zaman ərzində Xüsusi Təyinatlı 127
Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlmişdir.
Azərbaycan Silahlı Qüvvələrin Ali Baş komandanı və Müdafiə Naziri tərəfindən dəfələrlə təltif olunan M.Orucov 2016-cı il aprelin 2-dən
3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Talış yüksəkliyində qəhrəmancasına şəhid olmuşdur.
2016-cı ilin aprelin 9-da Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində dəfn edilib.
Şəhid kapitan Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltib edilib.
Rabitə kəsilmişdi. Telefonun o, başından səs gəlmirdi. General son bir ümid, cavab almaq məqsədilə yenidən çağırış etdi. Səs gəlmədi. Bu
səssizlik bölüyə yayıldı. Hamı intizarla gözləyirdi. Bölüyün kəşfiyyat qruppasının üç zabiti düşmən tərəfə keçmişdi. İki gündü hazırlanan xüsusi
plan bu gün icra edilməli idi. Ancaq nə tabor komandiri kapitan Orucovla, nə də digər iki zabitlə əlaqə yaratmaq mümkün olmurdu. Hər keçən
dəqiqə bölükdə ümid işığı azalır, kəşfiyyatçıların şəhid olduğunu düşünürdülər. Bu narahatçılıq yüz kilometrlərlə uzağa – Sumqayıta qədər
uzanırdı. Kapitan Mühüd Orucovun həyat yoldaşı Qumru xanım, hər iki dəqiqədən bir ona zəng vurur, ancaq cavab ala bilmirdi. O, Orucovun
səriştəsinə inanır, kapitanın müvəffəqiyyətə nail olacağını bilirdi. Qışın şaxtası iliklərinə qədər işləmişdi. Orucov durbinlə düşmən bölüyünə
baxırdı. Uşaqlıqdan bəri gözlədiyi an gəlmişdi. O, düşmənlə sərhəd rayonda – Qazaxda anadan olmuşdu. Uşaqlığı güllə səsləri ilə keçib. Onlarla
günahsız insanın düşmən gülləsinə tuş gəlməyini görmüşdü. Elə həmin dövrdə qərara gəlmişdi ki, böyüyəndə qisas alacaq. Və bütün həyatını bu
yolda qurmuşdu. İndi arzusuna çata biləcəkdi. Düşmənə zərbə vurmaq üçün əlinə fürsət keçmişdi. Ürəyində saymağa başladı: Doqquz, səkkiz...üç,
iki, bir. Bir gurultu qopdu. Gecənin zil qaranlığı bir andaca işıqlandı. Bölükdən çıxan alov qaranlığı yara-yara ərşə çıxırdı. Bölükdə qaçhaqaç
düşdü. Hər kəs panika içərisində idi. Mühüd Orucovun üzündə ağrı qarışıq gülümsəmə var idi. Düşmənin ikisi silahla dolu üç zirehli maşını
partladılmışdı. O, günahsız insanlara tuşlanacaq silahların sayının azaldığına sevinirdi.(Emin Piri.Ordu.az. https://ordu.az/az/news/126458/ya-
general-olacagam,-ya-da-sehid-%E2%80%93-muhud-orucov).
Partlayış səsini eşidən general tez yerindən sıçradı. Durbinlə qarşı cəbhəyə baxanda, ətrafı işıqlandıran alovu gördü. Bu partlayış onun
ürəyindəki ümid işığını da aydınaltdı. Tapşırıq yerinə yetirilmişdi. Səhərə yaxın Mühüd və komandası yaxınlıqdakı çayda göründü. Onu
qarşılamağa gedən zabit yoldaşları kəşfiyyatçıların boynunu qucaqlayır, onları təbrik edirdi. Orucov toxtaxlığını itirmirdi. Zabit yoldaşından
cibindən bıcağını çıxartmağı xahiş etdi. Daha sonra bıçaqla botinkasını kəsib çıxartmağı istədi. Ayağı donmuşdu, botinkanın üstü buz bağlamışdı.
Ancaq o, ayağının ağrısını hiss etmirdi, qəlbində ancaq vətənə layiqincə xidmət etməyin sevincini yaşayırdı.
Mühüd Orucov əməliyyatdan sonra əsgərlərlə görüşər, tabor komandiri kimi əsgərlərinin daim qayğısına qalar, onların vəziyyəti ilə
maraqlanardı.
14 yaşından doğulduğu kənddən çıxıb, həyatını hərbiyə bağlayan Naxçıvanski adına Hərbi lisey, Azərbaycan Ali Hərb Məktəbi, daha
sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən mütəxəssis zabit doğmalarının xatirələrində.
Sima xanım (anası): “Mən nə biləydim ki, o müharibə bu günə qədər uzanıb, balalarımıza qənim kəsiləcək. 8 illik məktəbi bitirəndən
sonra sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verdi. 2002-ci ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə daxil oldu, 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirdi. Hər yerdə birinci idi. Ancaq insanlara, dostlarına yaxşılıq 128
etmək haqqında fikirləşərdi. Kimsənin geridə qalmasını istəməzdi. Mühüd harada oldusa birinci olurdu. Uğur elə bil ki, onunla birlikdə
addımlayırdı. Bir gün də gəlib dedi ki, “ana bizi Türkiyəyə 3 aylıq kursa aparırlar”. Başladım ağlamağa ki, “ay bala niyə səni aparırlar axı?”.
Ayrılıqdan qorxurdum. 3 aydan sonra qayıdıb gələndə dedi ki, komanda olaraq birinci yeri qazanıblar. Türkiyə Cumhuriyyətinin hazırkı prezidenti
Rəcəb Tayyib Ərdoğan isə onu “Azərbaycan aslanı” adlandırıb, şəxsən özü təltif etmişdi.( https://news.day.az/azerinews/893847.html).
Bir gün də evdə oturmuşduq. Bir də gördüm ki, oğlum Elbəyi deyir ki, ana, televizorda qardaşımı göstəriblər. Azərbaycan Prezidenti ona
saat bağışlayıb. Yoldaşım Qurbana dedim ki, gəl gedək görək bu nə söhbətdir. Yığışıb gəldik Sumqayıta. Bizə prezidentin ona bağışladığı saatı
göstərib dedi ki, “ana bu saatı mən sənə verirəm”. Dedim ki, “ay oğul nə edirəm saatı, qoy qalsın oğlanların üçün!”.
Mühüd ən dəyərli hədiyyələrini hər zaman mənə bağışlayardı. Bir dəfə də elə təzəcə evlərinə gəlmişdik ki, gördük bu da gəldi. Baxdım ki,
çox yorğundur. Dedim, a bala, nə olub. Dedi “ay ana, heç nə olmayıb, yorğunam, Qazaxdan gəlirəm”. Dedim ay oğul, ordan gəlirdinsə elə
deyəydin biz də səninlə gələydik də... Gülüb dedi ki, “mən tapşırığa getmişdim”.
Oğlum haqqında o qədər xatirələrim var ki... 32 illik. Hər gününü danışsam, daha ömrüm yetməz. Bir dəfə ezamiyyətdə olduğu hərbi
hissədə bir hərbçi ona deyib ki, “deyirlər bir Mühüd adlı oğlan var, adına “Mixaylo” deyirlər. Yaman qəhrəmandır. Bizim tərəflərdəndir deyə,
soruşuram. Onu tanımırsan ki?!”. Mühüd də gülərək deyib ki, “xeyr, heç rastlaşmamışam onunla. Görsəm xəbərini çatdıraram”. Oğlum elə gözəl
idi... Sifəti düm-ağappaq, enlikürəkli idi Mühüdüm. Oğlumun nəşini 8 gün gözlədik. Həyətdə çadır qurdular. Bir vaxt oğluma bu həyətdə toy
çadırı qurmuşduq. Sonra dedilər ki, məlumat səhvdir. İnandıq. 8 günüm zülmlə keçdi. Gah dedilər sağdır, dəqiq bilmirdik ki... Bir də gördüm ki,
halva qazanı da gətirilib, qəbir qazıblar. Dedim ki, yalan olsun, bu çadırda ayaqyalın oynayaram. Cöngə qurban kəsərəm. Təki balamın xəbəri
yalan olsun. Gəlin də inanmırdı, mən də...Hərbçi dostları onun qəhrəmanlığından danışdılar. Dedilər ki, sona qədər öz hərbçi yaralı dostlarını,
əsgərləri, ölənləri də çıxarıb döyüş bölgəsindən. Aparıb verib həkimlərə. Özü də yaralı olub, həkimlər, ona arxada qalmağı təkid etsələr də, yenə
ön cəbhəyə gedib ki, döyüşü axıra kimi davam etdirsin. Sonra mərmi partlayışından şəhid olub, 8 gün daşların arasında qalan balamdan xəbərim
olmayıb.
Bir dəfə kənddə oturmuşduq. Mühüd dedi ki, “ay ana kəndimizdə Əsəd baba var e... bax o kişini sağ olsun, dostlarımın yanında mənim
üzümü ağ elədi. Bir dəfə qrupumuzun uşaqları ilə bu Əsəd babaya rast gəldik. Qoyun otarırdı. Maskalandığımızdan məni tanımadı. Səsimi dəyişib
dedim ki, a kişi o quzunun birini bizə satarsanmı? Kişi heç gözləmədən cavabında dedi ki, a bala sizin kimi oğullara bu quzuların hamısı
qurbandır. Ürəyiniz hansını istəyir götürün. Sağollaşıb ayrıldıq kişidən, ancaq bilmədi ki, o uşaqların içərisindəkilərdən biri də mənəm.Oğlumun
ilk müəllimi özüm olmuşam. “Ana” “Vətən” sözlərini yazmağı, Vətəni sevməyi mən öyrətmişəm şagirdlərimə. Elə bir şücaətli oğul böyütdüm,
getdi Vətən üçün şəhid oldu. Ağrısına dözə bilmirik. Keçən dəfə atası Qurban evdən çıxıb ağlaya-ağlaya yol uzunu gedirmiş. Evdə ağlamır ki, biz
görməyək, ürəyimizi qubarlandırmasın. Qonşu tutub qolundan gətirib evə. Deyib ki, “sənin oğlun qəhrəmandır, ölməyib, qəlbimizdə yaşayır, biz
onunla fəxr edirik, sən nədən ağlayasan?!” Atadır, iftixarı, güvənc yeri gedib evindən. Mən bütün analar kimi sülh istəyirəm!!! Mühüdün əkizləri
Anar və Vüqar hər dəfə atalarını xatırlayanda ürəyimin başı yanır. O uşaqlara baxanda ciyərim partlayır. ”
Qumru xanım (həyat yoldaşı): “Evləndiyimizdən Mühüd məni həsrətə, yol gözləməyə öyrətdi. Evə gəldiyində uşaq kimi sevinirdim. O,
içəri girdiyindən mürgüləyənə kimi danışırdım - ən kiçik xəbərləri, hər şeyi danışırdım ona. Həm dostum, həm güvəndiyim idi. Hər şeyim idi
Mühüd. Həyatımın əsl yoldaşı idi. Əslən qazaxlıyıq. Amma neçə illər idi ki, Sumqayıtda yaşayırdıq. 2008-ci ilin noyabr ayında nişanlanıb, 2009- 129
cu ilin oktyabr ayında Fərəhli kəndinə Orucovların ocağına gəlin köçdüm. Toydan bir az sonra, Sumqayıtda yaşamağa qərar verdik. Əmisi Elşad
Orucovun yaşadığı məhəllənin yaxınlığında bir ev kirayələdi. 5 ay keçmiş mart ayının 8-də Qadınlar bayramında evimizin açarlarını mənə hədiyyə
etdi. Martın 14-də həmin mənzilə köçdük. 2011-ci il iyun ayının 3-də isə Anar və Vüqar adlı əkiz oğlanlarımız dünyaya gəldi.
Bir-birimiz üçün yaranmışdıq. Ailəmiz sevgi üzərində qurulmuşdu. Biz bir-birimizi anlayan insan olmuşuq. Onun işinin çətinliyi məni
qorxutmurdu. Çünki Mühüd işini çox sevirdi. Onun işi ilə hər zaman fəxr etmişəm. Mühüd hərb sahəsi üçün doğulmuşdu. Mühüd işindən ötrü ən
çətin yerlərə gedirmiş. Bu topağa, bu vətənə qarşı sözlə ifadə olunmayacaq qədər sevgi varmış onun içində. Həqiqətən də aprel hadisələri zamanı
canını qurban verdi. Mühüd kimi insan, dost, ər itirmişəm. Onu itirməklə hər şeyimi itirmişəm. Günü bu gün də onun yolunu gözləyirəm. İndi də
elə bilirəm ki, səhərlər onu yola salıram. Evin hər bir nöqtəsində Mühüdün nəfəsi duyulur. Evimizin hər yerində onun əlinin izi var. Çox həssas,
təmikinli insan idi. Uşaqlara ataları haqqında hər gün danışıram. Onlar necə bir dəyərli insanın oğlu olduğunu bilirlər. Aprel hadisələrindən sonra
evimizin eyvanından üçrəngli bayrağımız asılıb. Heç zaman o bayraq eyvanımızdan aşağı enməyəcək. Arxam, dağım gedib. Ancaq yuxumda
görüb danışanda özümdə qüvvət tapıram. Hər zaman yuxularımda qayıdır. Yuxumun içində fikirləşirəm ki, necə uzadım o müddəti ki, ayılmayım,
uzansın yuxularım.”
Mühüd heç vaxt işi barədə danışmazdı. Mühüd peşəkar zabit idi. Xüsusi təyinatlı olduğu üçün işlərini məxfi saxlayırdı. 2016-cı ilin 28
martında səhərüzü saat 5-də sonuncu dəfə Mühüdü yola saldım. Martın 27-də gəldi evə, dedim ki, bizə vaxtın qalacaqmı? Barı bir günü də bizimlə
keçir. Dedi olacaq. Əmisigilə gedib, axşam qayıtdı. Gecə saat 4-də Vüqar qızdırmanın içərisində yanırdı. Ağlamağa başladı. Mühüd özü də
yuxudan durub onun boğazını ovdu, sakitləşdirdi, qayğısına qaldı. Səhər saat 5-da yola salanda uşaqlar da durub qapının ağzına gəldilər. Heç vaxt
onlar atalarını yola salmaq üçün oyanmamışdılar. “Ata sənə yaxşı yol, ata özünü qoru...”, əkizlərin ikisi də söylədi. Sonra elə bil ürəyim titrədi.
Öz-özümə fikirləşdim ki, axı bu uşaqlar heç vaxt ataları yola düşəndə yuxudan oyanmazdılar. Sonra şübhəni özümdən kənarlaşdırdım.
Cəbhədə vəziyyətin gərgin olmasından xəbərim yox idi. Çünki mətbuat və televiziyada da həyəcanlı xəbər verilmirdi. Sadəcə
olaraq müəyyən təlimlərə getməli olduğunu və 2-3 günə qayıdacağını dedi. Adətən təlim tapşırıqlarına gedərkən də belə deyirdi. Təbii ki, məni
qorxutmamaq üçün elə deyibmiş. Sonuncu telefon əlaqəmiz aprelin 2-də günortadan sonra saat 5-ə 20 dəqiqə işləmiş alındı. Mesaj yazdı ki, “hər
şey yaxşıdır, narahat olma”. Artıq həmin gün cəbhədən şəhid xəbərləri gəlirdi. Xəbərləri eşitdikcə, həyəcanlanırdım. O mesajı yazanda bir az
rahat oldum. Mühüd mesaj yazanda cəbhədə vəziyyət gərgin idi. Allah bilir ki, o mesajı necə çətinliklə yazıb. Elə həmin gün aprelin 2-dən 3-nə
keçən gecə Mühüd şəhid oldu.
Bir dəfə yenə kəndə getmişdik. Gecənin bir aləmində saat 3 olardı, bir leysan başladı ki, gəl görəsən... Bir də baxdım ki, qapı açıldı, Mühüd
girdi içəri. Kəndimiz ermənilərlə həmsərhəd olduğuna, üzbəüzdə ermənilər yaşadığına görə, görünür həmin yerlərdə tapşırıqdan qayıtmışdı.
Uşaqları qucaqlayıb-öpdü, yatdıqları yerdə bağrına basıb qoxladı. Sonra evdən hərbçi dostları üçün də yemək tədarükü götürüb getdi... O günləri
xatırladıqca….
Əvvəllər hər gün israrla atalarını soruşurdular. Pəncərədən boylanıb həyətə qara rəngli maşın gəldiyini görəndə sevincək deyirdilər ki,
“gəldi, gəldi... ata gəldi”. İndi pəncərədən boylananda deyirlər ki, ata cənnətdədir.
Cənnətin yolunun harada olduğunu soruşurlar məndən... Gecənin bir aləmində Vüqar ağlaya-ağlaya yuxudan durdu. Ağlamağını, 130
qışqırmağını kəsə bilmirdik. Güclə sakitləşdirib soruşdum ki, nə olub? Yuxuda nəsə görmüsənmi?! Dedi ki, yuxusunda atasını görüb, atası
yanından çıxıb gedib. Adətən deyirlər ki, uşaqdır da, ağlı kəsmir. Amma elə deyil. Çalışmışam ki, müəyyən məsələləri övladlarımızdan uzaq
tutum. Bir uşağa necə başa salmaq olar ki, sənin atan bir daha dönməyəcək. Çox çətindir. Bu uşaqlar vaxtından əvvəl böyüdü. Müharibə uşaqların
uşaq dünyasını əlindən almalı olur. O qədər dərin düşünürlər ki, onların sualları qarşısında aciz qalıram. Hətta mənim özümə də həssas yanaşırlar.
Sanki hər an qəlbimin qırılacağından qorxurlar. Sanki yanımda vaxtından əvvəl böyümüş iki uşaq var. Bir də görürsüz ki, sual verərkən gözümə
baxırlar. Görürlər ki, kədərlənirəm, sualın davamını gətirmirlər. Nə hisslər keçirdiyimi başa düşəcək qədər böyüyüblər.
Övladlarımızın bir yaşı tamam olanda doğum günündə Mühüd iştirak edə bilmədi. Anidən xəbər gəldi ki, getməlidir. Uşaqların doğum
günündən iki gün sonra gəldi. Dedi ki, “mən uşaqların ad gününə hədiyyə ala bilmədim ancaq onların ad günü üçün hərəsinin adına bir erməni
öldürdüm. Bu da onlara hədiyyə olsun”.
Elşad Orucov (Mühüd Orucovun əmisi): “Martın 27-si Mühüd bizə gəldi. Böyük oğlum Etibarı qırağa çəkib nəsə dedi. Bir az oturub
söhbət edəndən sonra isə getdi. Onun belə gec-gec görünüb, tez getməsinə öyrəşmişdik. Aprelin 2-dən sonra Mühüddən nigaran olduq. Oğlum da
dedi ki, ayrılanda deyib ki, “mənim vaxtım olmadı, apar balaca əkizlərin saçlarını qaydaya sal. Başlarında tük çoxalıb. Gözün daim onların
üstündə olsun”. Etibar ona qeyzlənib ki, yenə nə baş verib? Niyə belə deyirsən. Əlini Etibarın kürəyinə vurub, deyib ki, “arxayın ol, elə-belə
sözdür də deyirəm. Bir çətin əməliyyata gedirəm. Yaxşı olar inşallah! Hər şey yaxşıdır”. Son sözü həmişə dediyi kimi “Uşaqlarda gözün olsun”
olub. Erməni tapdağında olan torpaqlarımızdan ilk şəhid xəbərləri gəldiyindən hamımız narahat olmağa başladıq. Aprelin 3-ü gündüz gəldim
Qumrunun yanına ki, ay qızım nə xəbər var. İstəyirdim ki, yığışdırıb evimə aparım. Dedi ki, dünən Mühüdlə danışıb. Sevincək dedim ki, ay gəlin
sənə muştuluq düşür ki... Dünəndən aldığımız bəd xəbərin yalan olduğuna inandım. Bir azdan yenə xəbər aldıq ki, Mühüd yaralıdır. Yığışıb
rayona yola düşdük. Sonra xəbəri yenə yalanladılar... Dedilər ki, adları dəyişik düşüb. Sevindik. Sonra da... hər şey dəyişdi... Bir anın içərisində
nəslimizə və elimizə dəyən zərbənin ağırlığından həm belimiz əyildi, həm də vüqarımız yüksəldi. Mühüd tabor komandiri idi və tezliklə növbəti
hərbi rütbəyə də layiq görüləcəkdi.” (https://news.day.az/azerinews/893847.html).
Nazim Orucov (Mühüd Orucovun əmisi): “Bizim babalarımız da Böyük Vətən müharibəsində sona qədər vuruşublar. Sinələri orden-
medalla dolu idi. Atam Mühüdə öz adını qoymuşdu. Biz əsilli-nəsilli, hamımız oxuyub təhsil almış insanlarıq. El-oba içərisində hörmət izzətimiz
olub. İndi Mühüd də bizim nəslin adını yenə ucalara qaldırdı. Kəndimizin 5-ci şəhidi oldu. Ancaq aprel ayının 8-də onları döyüş zonasından götürə
bildilər. Biz isə həmin günə qədər hələ yolunu gözləyirdik, hələ sağlığına inanırdıq. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə”
medalı ilə təltif edildi. İndi Qazaxın Fərəhli kəndindəki evimiz ziyarətgaha, qibləgaha dönüb. Hər gün o evə Mühüdü yad edən insanlar, dostları,
tanışları gəlir. Mühüd başqa cür oğlan idi. Eldə bir məsəl var: deyərlər dostun kimdir. Cavab verərsən ki, yoldaşlığımız olmayıb, deyə bilmərəm.
2015-ci ildə Mühüdlə birlikdə Sumqayıtdan Qazaxa getməli olduq. Və yolda onun necə alicənab, necə təmkinli, uzaqgörən, çox bilib az danışan,
ailəsinə və özündən böyüyə necə hörmətlə yanaşdığının şahidi oldum. Mühüd gözümdə bir Göyəzən dağı qədər ucaldı.”
Dostlarının, hərbçi yoldaşlarının xatirəsində isə Mühüd Orucov əsl döyüşçü, vətənpərvər, mərd, etibarlı bir dost kimi qaldı. Ömrünün
sonunu kəşfiyyat taborunun komandiri kimi başa vuran Mühüd Orucov Orduda xidmət etdiyi illər ərzində çox dəyərli əməliyyatlar yerinə yetirmiş,
hər zaman uğur qazanmışdı. Zabit və əsgər heyətinə isə hər zaman deyirdi ki, zabit öndə gedəndə arxasına dönüb baxdıqda qürur keçirməli və 131
arxadan gələn heyət də öndəki zabitə öz həyatını etibar etməyi bacarmalıdır.
Mühüd Orucov dəfələrlə qrupunda olan əsgərlərlə kəşfiyyat əməliyyatına gedərək, yanındakı şəxsi heyəti sağ-salamat geri qaytarmış,
tapşırıqları lazımınca yerinə yetirmişdi. O kəşfiyyat üçün, Ordu üçün yaranmışdı. Dostları danışırdılar ki, bir dəfə 6 nəfərlə kəşfiyyata gedərkən
erməninin meşədə qurduqları postun yaxınlığına gəlib çatanda erməni tərəfin iti duyuq düşüb hürməyə başlayır. Meşənin içərisində olan 6
azərbaycanlı hərbi qulluqçu iki hissəyə ayrılaraq əməliyyatı davam etdirirlər. İt isə duyuq düşməklə onların əməliyyatına mane olacaqdı. Axşam
vaxtı erməni zabit çıxıb ətrafı nəzərdən keçirərkən, kimsəni görmür. Lakin it hürməsindən hiss edir ki, ərazidə kənar şəxs var. Başları yeyib-içməyə
qarışan ermənilər təlaşa düşürlər. Qabaqda olan Mühüd Orucov və onun yanındakı digər kəşfiyyatçı dərhal iki erməni gözətçisini məhv edir,
sığınacaqda qalan erməniləri isə oturduqları yerə qumbara atmaqla məhv edirlər. Mühüdün rəhbərliyi ilə belə əməliyyatlar çox olurdu. Bütün
hərbi hissələr bilirdi ki, Mühüd getdiyi tapşırıqdan əliboş qayıtmayacaq...
“Kəşfiyyatın Mixaylosu” adını əbəs yerə qazanmamışdı ki. Mənfur ermənilərin atdığı minaatandan açılan atəş nəticəsində Mühüd şəhid
olmuşdu. Hər zaman döyüşə və ya əməliyyata hamıdan birinci çıxıb, döyüşün sonunda hamıdan sonra qayıdan Mühüd bu son döyüşündən qayıda
bilmədi. Toz dumanı çəkiləndən sonra, arxadakı əsgərlər onu görməyəndə bildilər ki, artıq komandirləri yoxdur... Onlar döyüşə davam etmişdilər.
Və o davamiyyətin sonu Talış yüksəkliyini əldə etməklə nəticələndi. Mühüd Orucov, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov – bunlar
dördü də birlikdə Talış yüksəkliyinin alınması uğrunda ilk döyüş tapşırığını uğurla yerinə yetirmişdilər. Elə ilk həmlələrindən düşməndə olan bir
neçə postu azad edib, irəliləmiş, arxadan gələn heyəti ardınca apara bilmişdilər... (https://news.day.az/azerinews/893847.html).
Azərbaycan hərb tarixində xüsusi yeri olan avqust döyüşləri zamanı da Mühüd Orucov ön cəbhədə idi. Döyüşlərin qızğın vaxtı idi. Düşmən
Azərbaycan ordusuna məxsus postu almaq üçün yaylım atəşi açırdı. Postdakı bir neçə zabit yaralanmış, əsgərlər şəhid olmuşdu. Mühüd Orucov
yaylım atəşinə rəğmən posta girib, oradan yaralı zabitləri çıxarda bilmişdi. Post silah-sursatla təmin edilmiş, düşmən layiqli cavabını almışdı.
Erməni tərəfi böyük itkilər vermiş, geri çəkilməyə məcbur qalmışdı.
Mühüd Orucov bölüyə qayıdanda üstünə baxdı. Bütün bədəni qan içində idi. Şəhidlərin qanı təkcə hərbi uniformasına yox, həm də
bədəninə, ruhuna hopmuşdu. Zabitlərə taboru yığmağı əmr etdi. Taborun qarşısında çıxış etdi və söz verdi: “Əziz dostlarım, sizə komandiriniz və
hərbçi yoldaşı kimi söz verirəm ki, bu gün üzərimdəki hər damla qanın qisasını alacağam. Sizi əmin ediərəm ki, bu gün çox da uzaqda deyil”.
Mühüd Orucova xəbər gəldi. General ona xüsusi hazırlaşmalı olduğunu dedi. Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab
prezidenti İlham Əliyev döyüş bölgəsini ziyarət etmişdi. Şəxsən ölkə rəhbəri İlham Əliyev onunla görüşmüş, döyüşdə göstərdiyi xüsusi şücaətinə
görə komandan kimi öz adından və Azərbaycan xalqı adından təşəkkür etmişdi. Onun əlini sıxıb, gələcək əməliyyatlarda uğurlar diləmişdi.
Prezident ona xatirə üçün qızıl saat hədiyyə etmişdir.
Mühüd Orucov ən böyük arzusuna çatmış, Şəhidlik zirvəsinə ucalmışdı. O, son damlasına qədər bu vətənin bütövlüyü uğurunda döyüşdü.
Onun igidliyi sayəsində postu qoruyub-saxlamaq mümkün olmuşdu. Qısa vaxt ərzində Azərbaycan ordusu hücumlarını kəskinləşdirmiş, düşmənin
bütün mövqelərini vurmuşdu. Döyüş uğurla nəticələnmiş – hərbi əhəmiyyətli Talış yüksəkliyini illər sonra erməni caynağından xilas edilmişdi.
M.Orucovun xatirəsinə Odun dağının zirvələrindən biri bu gün “Mühüd zirvə”si adlanır. Qazaxda M.Orucov adına təlim-tədris mərkəzi də
açılmışdır. Hər dəfə bu tədris mərkəzi “Mühüd zirvə”sində yerləşən postun əskərlərinə bayram sovqatları göndərir.
Şəhidimizin anası Sima xanım 10 noyabr 2020-ci il tarixində, Qarabağın düşmən işğalından tam azad edildiyi gün vəfat etmişdir. Sanki
oğluna qələb. zəfər müjdəsini çatdırmaq üçün tələsmişdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və
əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuş "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində "Qarabağa doğru" filmi çəkilmişdir. Bundan əlavə
M.Orucovun xatirəsinə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” (ictimai televiziya kanalı) və “Vətən borcu” (Mənəvi dəyərlər fondu) adlı
sənədli filmlər çəkilmişdir. Fəridə Ləman şəhid kapitanın ömür yoluna “Mühüdüm-Şəhidim” adlı kitab həsr etmişdir. Şəhidimizə həsr olunan
şeirlərin bir neçəsini oxuculara təqdim edəcəyik.
MƏKANIN CƏNNƏT OLSUN QARDAŞIM. QISASIN ALINDI!
132
133
(Mühüd Orucovun həyat yoldaşı Qumru xanım
və övladları Anar və Vüqar)
134
135
(Mühüd yüksəkliyi)
136
(Mühüd Orucovun uşaqlığı)
(Mühüd Orucovun övladları: Vüqar və Anar)
137
(Müəllif şəhidin ailəsini ziyarət edərkən)
138
KAPİTAN NƏCMƏDDİN AKİF OĞLU SAVALANOV
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar
(Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”.
Doğum tarixi: 26 fevral 1985-ci il. İmişli rayonu, Göbəktala kəndi. 139
Vəfat tarixi: 8 may (4 apreldə yaralanmışdı) 2016-cı il. Tərtər rayonunun Talış
kəndi istiqaməti
Dəfn edilib: 9 may 2016-cı il. İmişli rayonunun Göbəktala kəndi.
Qoşun növü: A.R.Quru Qoşunları.
“İgidliyə görə” medalı ilə təltif edilib.
3 övladı (Leyla, Nuray, Adəm) var.
1985-ci ilin 26 fevralında İmişli rayonunun Göbəktala kəndində anadan
olan Nəcməddin Savalanov orta təhsilini Göbəktala kənd tam orta məktəbində
tamamldıqdan sonra 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil
olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "Taktiki
mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı
hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb. Şəhid olana qədər
Tərtərin "N" saylı hərbi hissəsində qərargah rəisi idi.
2017-ci ildə Nəcməddin Savalanov haqqında “Şəhidliyə aparan yol” adlı
film çəkilmişdir (525-ci qəzet.- 2017.- 19 yanvar.-
S.3.https://az.wikipedia.org/wiki/N%C9%99cm%C9%99ddin_Savalanov).
Nəcməddin atası Akif kişini birinci sinfə gedəndə avtomobil qəzasında
itirib, ailənin 3 oğul övladını ana təkbaşına böyüdüb. Nəcməddinin
uşaqlıqdan hərb sahəsinə xüsusi marağı və həvəsi olub. Elə buna görə
də C.Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Ali Hərbi
Məktəbində təhsil alıb və öz xahişilə döyüş bölgəsində xidmət edib. Savalanovun
anası Nəcməddinin yoxluğuna heç cür inana bilmir. Hərtərəfli istedada malik olan Nəcməddinin gözəl musiqi duyumu vardı, şeir yazar, meyxana
deyərdi. Onun qulluq etdiyi Tərtər rayonunda sakinlərin toy məclisində iştirak etdiyini sosial şəbəkələrdə diqqətlə izləmişəm. Toya gələnlərin və
ev sahibi Əyyub kişinin arzuladığı şəxs olduğu videodan da bilinir. Söylədiyi meyxanada da vətənpərvərliyi açıq-aydın duyulur. Hər addımbaşı Ali
Baş Komandanın adını çəkir, döyüşə hər an hazır olduqlarını deyir... Hazır olduğunu öz ölümülə həqiqətən göstərdi Nəcməddin. Hərbi hissədə 140
"minanın Allahı" kimi tanınan istehkamçı mühəndis kimi peşəsinin ustası idi. Aprel döyüşlərində irəlidə gedən hərbi hissənin qərargah rəisi olan
Nəcməddin Savalanov əvvəlcə düşmən gülləsindən ayağından yaralanıb, həkimə getmək əvəzinə ayağını sarıyaraq döyüşə davam edib. İkinci dəfə
çiynindən ağır yaralanan kapitan Savalanov dərhal Silahlı Qüvvələrin Hərbi Hospitalına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 37 günlük
müalicə heç bir nəticə verməyib və igid zabitimiz 2016-cı il mayın 8-də Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında vəfat
etmişdi. Aprel döyüşlərində ağır yaralanan Nəcməddin Savalanov hələ sağlığında hərbçilərimizin əməyini həmişə yüksək qiymətləndirmiş
prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülüb. Onun vətənpərvərliyinə diqqət edin:
Nəcməddinə həmin medalı hospitalda təqdim etmək istəyiblər, qəbul etməyib: "İgidə, hərbçiyə medalı yataqda verməzlər. Qoy sağalım, iş yerimdə
verərsiniz" deyib.
Ramilə xanım (anası): "Elə bilirəm, gülərüz balam bu qəqiqə girəcək otağa. Hər şey yaxşıdır, narahat olma deyəcək. Amma illərdir, susur
balam...37 gündə biz hamımız öldük - dirildik, ümidimiz vardı, sağalacaq Nəci, amma... hələ də inanmıram, o yoxdur. Onu müayinəyə apararkən
görürdük. Bir dəfə yaxınlaşanda gördüm ki, telefonla danışır, tapşırırdı kiməsə ki, kirayə qaldığı evdəki əşyalarını qablaşdırıb yığsınlar. Həm də
çox gərgin idi. Səbəbini soruşanda dedi ki, polkovnik dostumu vurublar. Polkovnik-leytenant Raquf Orucovu deyir, onunla çox yaxın dost idi.
Mən əyilib ona deyəndə ki, siz tarix yazmısınız, üzündə yaranan xoş təbəssüm indi də yadımdadır. Nəcməddin 2012-ci ildə də yaralanmışdı. 2012-
ci il sentyabr ayının 27-də sinif yoldaşının toyuna gəlməli idi. Bir neçə saatlığa icazə almışdı. Yola çıxanda əsgərlərinə vacib nəsə çatdırmalı idi,
geri qayıdıb və mina partlaması nəticəsində də yaralanmışdı. Neçə ay hərbi hospitalda müalicə olundu. Əsgərlərini çox sevirdi. "Əsgər harda, mən
də orada” deyirdi. Bu, onun ən sevimli sözü idi."
Həyat yoldaşı Rəqsanə xanım indi Nəcmədinin 3 yadigarını iki qızı – Leyla, Nuray və atası şəhid olanda 2 yaş 4 aylıq olan Adəm.
1985-ci fevralın 26-da anadan olmuş Nəcməddin Savalanov heç zaman özünə ad günü keçirmirmiş - Xocalı soyqırımı günü ilə üst-üstə
düşdüyünə görə. Nə yazıq ki, ölümü də başqa bir faciə günümüzə təsadüf etdi - Şuşanın işğalı gününə. (Aytəkin Alxaslı-
http://istipress.com/siyaset/08-05-2019/tarix-yazmis-aprelcilerin-necmeddini). Amma şükürlər olsun ki, bu gün Azərbaycan öz ürəyinə qovuşub,
artıq Şuşanın işğalı günü yox, 8 noyabr Şuşanın işğaldan azad olma günü var.
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
141
142
143
BAŞ LEYTENANT ƏBUBƏKR VÜQAR OĞLU İSMAYILOV
“Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?”
(Kvint Flakk Horatsi)
Doğum tarixi:10 fevral 1990-cı il. Kürdəmir rayonu. 144
Vəfat tarixi: 2 aprel 2016-ci il. Füzuli rayonu, Lələtəpə istiqaməti.
Dəfn edilib: 11 aprel 2016-cı il. Bakı şəhəri II Fəxri Xiyaban.
Qoşun növü: A.R. Hərbi Hava Qüvvələri.
“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
6 aylıq evli olub.
10 fevral 1990-cı ildə Kürdəmir rayonunda anadan olan şəhid Əbubəkr İsmayılov şeir
yazmağı və meyxana deməyi çox sevirdi. Onun "Zindan" adlı mahnısı əksər internet saytlarında
və youtube internet portalında yerləşdirilmişdir. 1 saylı orta məktəbdə təhsil alan Əbubəkr, eyni
zamanda musiqi məktəbinin fortopiano kursunu bitirmişdi. 2005-ci ildə Cəmşid Naxçıvanski
adına Hərbi liseyə daxil olmuş, 2008-2012-ci illərdə Azərbaycan ali Hərbi təyyarəçilik
məktəbində təhsil almışdır. Aprelin 2-nə keçən gecə və gün ərzində Lələtəpə istiqamətində gedən
döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri zamanı düşmən tərəfindən vurulan Mİ-
24 helikopterində mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə ilə birlikdə şəhid olub.11
aprel 2016-cı il tarixidə II Fəxri Xiyabanda dəfn olunmuşdu.
Vüqar İsmayılov (atası): “Hərbçi olmaq Əbubəkrin uşaqlıq arzusu idi. Biz onu bir il
gecikdirdik ki, hərbi məktəbə daxil olmasın. O isə deyirdi ki, "hansı ali məktəbi bitirsəm də,
hərbçi olacağam". Buna görə də onun arzusunun qarşısına keçmədim. Hərbi liseyi bitirdikdən
sonra Heydər Əliyev adına ali hərbi məktəbə daxil oldu. O, hərbçi olmağa qərar verəndə mən başa
düşürdüm ki, artıq o, mənim deyil, vətənindir. Ali məktəbi bitirdikdən sonra,1 il təcrübə keçdi və
sonra Qala qəsəbəsində işləməyə başladı. Sonda həyatını vətən uğrunda fəda etdi. Axşam idi.
Bacım aptekdə çalışır. Onun yanına getmişdim. Bir az söhbət elədik. Onun da oğlu Goranboyda hərbçidir. Bacım dedi, "müharibədir, hərbçilər
şəhid olur, təyyarə vurulub". Mən də ona təsəlli vermək üçün dedim ki, "qorxma, heç nə olmaz". Sonra çıxdım ordan, evə gələndə yolboyu hamı
mənimlə başqa cür salamlaşırdı, fərqlilik vardı münasibətlərdə. Evə gəldim, kiçik oğlum dedi ki, bəs deyirdiniz qardaşıma heç nə olmayıb.
Gətirdilər, baxdım xəbərə. Orada yazılmışdı ki, "Əbubəkr İsmayılov şəhid olub". Və oğlumun şəkli qoyulmuşdu. Dedim yox, bu, Əbubəkr ola
bilməz. Sonra icra nümayəndəsi İlqar Salmanov boynumu qucaqladı. Dedi, "Allah rəhmət eləsin, Əbubəkr şəhid olub". Dedim, "arxadan 145
vurulmayıb ki?" Dedi, "Yox". O zaman "Allah rəhmət eləsin. Vətən sağ olsun!" dedim". Oğlumun meyiti çox çətinliklə tapılıb. Qalmışdı neytral
bölgədə. Bəzən düşünürdülər ki, Əbubəkr ölə bilməz. Amma tanımaq üçün məni çağıranda, şəklini görəndə bildim ki, mənim balamdır. Saçının
formasından bildim ki, mənim balamdır. Heç bir yarası yox idi üzərində. Mən şəkillərinə baxdım. Birinci şəkildə komfulyaj bağlı idi, ikinci
şəkildə isə açıq idi. Düşmən üzərini axtarmışdı onun".
Rəna xanım (anası): “Hər axşam mənə zəng edərdi. Martın 31-i idi. Axşam işdən gəlmişdim. Gördüm Əbu (ona qısaca olaraq əzizləmə
mənasında evdə Əbu deyirmişlər — İ.C) zəng edir. Dedi "ana, hazır yeməyin varmı?" Dedim, "var, gəl". Bir qədər keçdikdən sonra evə gəldi —
Kürdəmirə. Özüm də məəttəl qalmışdım ki, Əbu heç bir həftə olmazdı ki, rayondan Bakıya getmişdi. Gəldi, yemək yedi. Telefonuna tez-tez
zənglər gəlirdi. Dedi "ana, Beyləqana gedəcəyik. Otağına keçib yatdı. Səhər də yeməyini yeyib, namazını qılıb getdi. Arxasınca 3 dəfə də su
atdım. Ertəsi gün — aprelin 1-i axşam Əbubəkr yenə zəng vurdu, yaxşı olduğunu dedi. O, heç vaxt həyat yoldaşını evdə tək qoymazdı. Harasa
gedəndə, yaxınlardan kimsə gedib onun yanında qalardı. Amma həmin gün yoldaşını da evdə tək qoymuşdu. Ayın 2-si səhər 09:50 olardı, Əbubəkr
zəng elədi. Salam-kalamsız dedi: "ana, həyatda çox sevdiyim iki insan var, biri sənsən… O birini isə demədi, ürəyində saxladı. Bir qədər danışdıq.
Dedi, "ana, burada vəziyyət yaxşıdır. Mənə zəng etməyin, zəng çatmayacaq, özüm imkan olduqca zəng edəcəyəm". Ürəyimə pis gəldi. Dedim,
"axı, nə olub?" Dedi "heç nə, hər şey əladı, irəliləyirik". Məndən sonra bibisinə zəng edib, daha sonra yoldaşıyla danışıb. Həmin gün narahatlıqdan
işləyə bilmədim, evə qayıtdım. Əbubəkrə nə qədər zəng etdim. Telefonu gah məşğul oldu, gah da şəbəkə tutmadı. Həyətdə var-gəl edirdim, tez-
tez Əbubəkrin telefonunu yığırdım. Telefonu məşğul olanda özümə təsəlli verirdim ki, yəqin komandiri ilə danışır. Özlüyümdə küsürdüm ki, "axı
niyə bir dəfə də olsun anasını yığmır". Həmin gün saat 4-də Şəbnəm mənə zəng etdi ki, “bibi, Əbubəkrin dostunun anası Qəmər xala zəng edib,
deyir ki Əbubəkr dostuna deyib ki, məni rayona gətirsin. Mən də dedim ki, “Əbubəkr deyibsə, gəl”. Əbubəkrin dostu ailəsi ilə birlikdə Şəbnəmi də
götürüb rayona gələndə yol boyu heç kim Şəbnəmə Əbubəkrin şəhid olduğunu deməyib. Kürdəmirə evə çata-çatda deyirlər ki, Əbubəkr yaralanıb.
Kiçik oğlum da narahat idi. Elə hey qardaşını soruşurdu. Bir də baxdım, evdə yoxdur. Həyətdə idi. Qışqıra-qışqıra evə girdi ki, "bəs, mənə
deyirdiniz, qardaşına heç nə olmayıb?" Biz inana bilmirdik. Telefonu alıb baxdıq. Əbubəkrin şəkli qoyulmuşdu bəylik kostyumunda, altından da
şəhid olduğu yazılmışdı. Sən demə hamı bizdən əvvəl bilirmiş…”(https://sputnik.az/life/20160822/406843308.html).
Şəbnəm xanım (həyat yoldaşı): "Bəzən mənə deyirdi ki, "Şəbnəm, de görüm, daha nə istəyirsən, edim sənin üçün? Ürəyindən nə keçir?".
Deyirdim, "canım, sən mənim üçün hər şey etmisən. Bundan sonra varlığın bəsimdir". Bəzən də deyirdi ki, "bax, sən hərbçi yoldaşısan a, möhkəm
olmalısan". Bəzən də oturub saatlarla şəhidlikdən danışırdı. Darıxmağıma, sıxılmağıma imkan vermirdi. Fevralda ayağı qırılmışdı, məzuniyyətə
çxmışdı. Onun evdə olduğu müddət mənim üçün bayram idi. Mənə dünyanın xoşbəxt qadını demək olardı. Hardan biləydim ki…Heç vaxt ağlıma
gəlməzdi ki, onu itirə bilərəm, düşünə də bilmirdim ki, gün gələr, Əbubəkr olmaz. Onu mənsiz düşünə bilirdim, məni onsuz əsla. Arxalandığım
qürur duyduğum, fəxr etdiyim, güvəndiyim dağım idi, dağım idi. Nə vaxtsa mənə desəydilər ki, həyatda arzusuz, məqsədsiz insan ola bilərmi,
gülərdim. Deyərdim, "o insan niyə yaşayır ki?" Bax, indi mən o insanam yaşamasının səbəbi bəlli olmayan. Canını itirib ruh kimi gəzən insanam
sənsiz. Niyə yaşadığımı özüm də anlamıram. Bircə onu bilirəm ki, mən hər gün ölürəm sənsiz. Aramızda belə bir dialoq yaşanardı tez-tez…
Əbu Bəkr: Sən kiminsən? 146
Şəbnəm: Sənin. Bəs sən kiminsən?
Əbu Bəkr: Sənin və Vətənin… (https://sputnik.az/life/20160822/406843308.html).
MƏZARINDA RAHAT UYU QARDAŞIM. QİSASIN ALINDI!
(Əbubəkr İsmayılov və həyat yoldaşı Şəbnəm xanım)
147
(Əbubəkr İsmayılovun anası Rəna xanım)
148
BAŞ LEYTENANT RƏŞİD RÖVŞƏN OĞLU MEHDİYEV
“Vətən uğrunda ölüm həyatın davamıdır.” (Cambul Cabayev)
Doğum tarixi: 26 iyul, 1990-cı il. Salyan rayonu, Xalac kəndi. 149
Vəfat tarixi: 2 aprel 2016-ci il.Tərtər istiqaməti.
Dəfn edilib: 5 aprel 2016-ci il. Salyan rayon, Xalac kənd Şəhidlər Xiyabanı.
Qoşun növü: A.R.Quru Qoşunları.
“İgidliyə görə” medalla təltif olunub.
Ailənin tək oğlu olub. Subay idi.
Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan baş leytenant Rəşid
Rövşən oğlu Mehdiyev 1990-cı ilin 26 iyulunda Salyan rayonunun Xələc kəndində anadan olmuşdur. O,
Salyan rayonu Yuxarı Xalac kənd 2 saylı orta məktəbində təhsil almışdır. Ailənin yeganə oğul övladı olan
Rövşən Mehdiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. 2011-ci ildə təhsilini
başa vurub leytenant kimi Vətənə xidmət etməyə başlamışdır. Üzərinə düşən bütün vəzifələri şərəflə,
ləyaqətlə yerinə yetirərək tez bir zamanda baş leytenant rütbəsi almış, Gəncə N saylı hərbi hissədə taqım
komandiri olmuşdur. 2016-ci il aprel savaşı zamanı Rəşid ərizə yazaraq könüllü olaraq döyüşlərə qoşulub.
Özü topçu olaraq ordumuzun aprelin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklər
yaxınlığında ermənilərin bir neçə texnikasını sıradan çıxartmışdı.
Həmin ilin 5 aprelində doğulub boya-başa çatdığı kəndin Şəhidlər xiyabanında torpağa
tapşırılmışdır.
Rövşən Mehdiyev (atası): “Mən onu müəllim görmək istəyirdim. Fikirləşirdim ki, elə kəndimizin məktəbində uşaqlara dərs öyrədər, gözəl
nitqi, yüksək səviyyədə qavrama qabiliyyəti, insanlarla münasibət qurmaq kimi keyfiyyətləri var idi. Mənim deyil, arzusunun dalınca getdi və
arzusuna çatdı. Rəşid Heydər Əliyev adına Hərbi Akademiyanı bitirib 2013-cü ildən xidmətə başladı. Gəncədə və sonra isə Goranboyda xidmətinə
davam etdi. Ali hərbi məktəbin birinci kursunu bitirib, ikinci kursa keçəndən sonra ona “komandir” – deməyə başladım. Çünki bu təhsil ocağı çox
dərin və çətin yer idi. Orada bir il sınaqlara tab gətirəndən sonra, artıq insan hərbçi kimi formalaşmağa başlayır. Artıq mən oğluma görə
tanınırdım. Bu hiss mənə qürur gətirirdi. Rəşid dayısı İlham Gözəlovun yolunu seçdi. O da ədliyyə sistemində çalışmışdı. Rəşid məktəbdə ox-
uyanda hər zaman dayısının paltarlarını geyər, onlarla şəkil çəkdirər, kənd içərisinə çıxardı... Rəşid şəhid olandan sonra, qaynım İlham Gözəlov da
dözmədi.
Elə həmin ili ürəyi partladı, dünyanı tərk elədi. Çox sevdiyi bacısı oğlunun iztirabını çəkə bilmədi...
Rəşid evin tək oğlan övladıdı: iki bacısı var. Əlbətdə evin tək oğlunun hərbçi olmasını istəməsəm də, onun fikrinə hörmətlə
yanaşdım. Bayram gecəsi Rəşid evdən çıxdı, martın 20-i Rəşid gecə evə gəldi. Bir gecə qalıb səhəri yola düşdü. Onda anasına dedim ki, Rəşiddən
soruş, əgər fikri varsa, evlənsin. Anası deyəndən sonra Rəşid anasına dedi ki, “Aprelin 1-də gələndə bu haqda söhbət edərik”. Elə həmin gün hərbi 150
hissəyə qayıtdı. Aprelin 4-də bizimlə danışdı. Dedi ki, hər şey yaxşıdı, torpaqlarımızı ala-ala irəliləyirik. Həmin gün qohum-əqraba ilə də danışdı.
Aprelin 5-də səhər saatlarına xəbər gəldi ki, Rəşid Şəhid olub. Oğlum Şəhid olub, əlbəttə bir ata kimi mənə çətindi. Amma insanların mənə qarşı
münasibətini görəndə, qürur hissi keçirirəm ki, mənim belə oğlum var. Mən hamıya təşəkkür edirəm. Rəşid artıq vətənin oğludu, kim onunla bağlı
nə etsə, vətən üçün edir. Allah hamınızdan razı olsun!”. (https://ok.ru/sonxeber/topic/67750905479267).
Zümrüd xanım (bacısı): “Rəşid hər işində atamıza bənzəyirdi. Atam istedadlı rəssamdır, gözəl əl qabiliyyəti var. O bizim sehirli
qardaşımız idi. İki bacının ağzından nə çıxsa, ürəyimiz nə istəsə, alıb gətirirdi. Onunla bağlı o qədər gözəl xatirələrimiz var ki. Rəşid 4-cü sinfi
bitirmişdi . Yay tətili idi. Atam gecə traktorçularla çöl sahəmizdə ot bağlamağa getmişdi. Və bir də anam baxıb gördü ki, atam gedib ot bağlamaq
üçün iplər evdə qalıb. Anam çox nigaran oldu ki, gecənin bu vaxtı ipləri atama kim çatdırsın? Və qardaşım gecənin bir aləmi o balaca yaşı ilə,
kənddən xeyli uzaqdakı çöl sahəsinə gedir... atama yaxınlaşanda oradakı kişilərin hamısı məəttəl qalır ki, 9 yaşlı uşaq kənddən qaranlıq bir gecədə
bu qədər yolu necə tək gəlib? Çaqqaldan, ilandan, qurddan qorxmayıb. O qədər nadinc idi ki, Rəşid. Bir yerdə oturmurdu. Gah maqnitafon təmir
edirdi, gah naqilləri tapıb bir-birinə calayıb, nəsə düzəldirdi, bir dəfə də elektrik cərəyanı vurmuşdu onu... Ev tikənə kömək edirdi, taxıl sahəsində
işləyənin taxılını biçirdi... Bu uşağın bacarmadığı iş yox idi.
Qardaşım həm də səxavətli idi, həm mənim, həm bacım Ceyranın qayğısına qalırdı, qazandığı pulu gətirib bizim üçün, uşaqlarımız üçün
xərcləməkdən zövq alırdı. Deyirdim ki, ay qardaş, pullarını topla, ver anam saxlasın, evlənməyin gecikir, anam yığıb toyun üçün xərcləyər, bizim
heç nəyə ehtiyacımız yoxdur axı... Deyirdi ki, toyu edəndə də Allah yetirəcək, narahat olmayın. İndi biz bacıların qolu-qanadı qırılıb, biz onun
üçün toy xəyalları qurmuşduq, o isə bizim arzularımızı ürəyimizdə qoydu....
Təlim Tədris Mərkəzində – Salyan Kazarması deyilən yerdə oxuduğu vaxtlar idi. Mən xəstələnmişdim, təcili əməliyyat olunmuşdum.
Əməliyyat bitəndən sonra atam ona demişdi ki, bacın əməliyyat olunub. O gecə ilə Salyan kazarmasından çıxıb, maşın tapmadığından piyada mən
yatan xəstəxanaya gəlib yetirmişdi özünü. Narkozdan ayılanda baxdım ki, oturub başımın üstündə. Və əlimdən tutub ağlayır... Ürəyi çox yumşaq
idi, bizi çox istəyirdi, bizə çox bağlı idi. Deyirdim bacın qurban özünü gözlə, deyirdi ki, öləndə də öləcəm də... ölənlərdən artıq deyiləm ki...
Həmin aprel günlərində də göydəki Rəbbimiz elə bil ki, bu şəhidləri seçib apardı.. İndi hər birinə baxanda yanıb tökülürəm ki, biri o birindən
gözəl, biri o birindən mərd ...Yuxuda görürük indi qardaşımı... Elə gülə-gülə gəlir röyalarımıza. Deyir ki, baxın, yaralarım sağalıb... Ancaq anamın
yuxusuna iki dəfə girib, deyib ki qoymursan məni yatmağa... Anam çox ağlayır, lap çox... heç kirimir...”.
Məxpurə xanım (anası): “ Sonuncu dəfə 2016-cı il mart ayının 20-də gecə saat 10-da gəlib çatdı evə. O harada olsa bayramları gəlib
bizimlə keçirirdi. Deyirdi ki, ana mənim toylara gəlməyə vaxtım yoxdur, işim çox məsuliyyətlidir. Ancaq ki, siz mənim böyüklərimsiniz üstümdə
haqqınız var. Dünyanın harasında olsam sizə aid olan günlərdə, bayramlarda gəlib sizə baş çəkmək borcumdur. Ona görə də, işdən macal tapıb
martın 20-də evə gec gəlmişdi. Bizim Salyan tərəfdə bayramda “Qara plov” – yəni şirin plov bişirərlər. Rəşid heç vaxt o plovu yeməzdi... Ancaq
bu dəfə yedi... Dayandım maddım-maddım baxdım ki, bundan nə əcəb yedi şirin plovu...
Martın 21-də axşam Gəncəyə işlədiyi hərbi hissəyə yola düşdü. Ayın 22- si səhər o başdan da atasına zəng vurdu ki, çatıb, kişi yalnız
bundan sonra yatdı. Rəşid evdən çıxıb ünvanına çatmasa, Rövşənin gözünə yuxu getməzdi ki... Bir də aprelin 4-də baxdım ki, qohum-əqrəbalar
tez-tez bizə gəlirlər ki, cəbhədə vəziyyət ağırdır. Biz isə tez-tez danışırdıq oğlumla. Aprelin 4-də axşam saat 7-8 radələrində qardaşımla,
qohumlarla danışdı. Sonra telefonu mənə verdilər. Rəşid “Ana” deyə-deyə çağırdı, məni həmişəki kimi qəhər boğdu, dəfələrlə təkrar etdi ki:
“Anaaaaa, danış da...”, – onun səsi qulaqlarımda qaldı, mən danışa bilmədim boğazım qovuşdu qıfıllandı elə bil... Mənim aprelin 1-də doğum