The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2021-07-07 05:04:34

Din psixologiyası kitab SON

Din psixologiyası kitab SON

A.S.QƏNBƏROV
B.İ.HƏSƏNOV

DİN

PSİXOLOGİYASI

Bakı-2019

Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə
dəstəyi ilə çap edilmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-483d-09/15 saylı, 13 sentyabr
2019-cu il tarixli məktubu ilə nəşrinə razılıq verilmişdir.

Elmi redaktor: i.f.d. A.M.Şirinov

Rəyçilər: i.f.d., dos. M.M.Camalov
i.f.d., dos. E.A.Əzizova

Ədəbi redaktor: R.İ.Həsrətova

Korrektor: E.Ə.Ağaoğlu

A.S.Qənbərov, B.İ.Həsənov. Din psixologiyası. Bakı-2019, 350 səh.

Bu kitab Din psixologiyasının müstəqil elm kimi inkişaf tarixindən,
dinin psixoloji nəzəriyyələrindən, din psixologiyasının müasir problemlərin-
dən – din və psixi sağlamlıq, dini inancın sosial-mədəni və psixi mənbələ-
rindən və digər aktual problemlərdən ətraflı bəhs edilir.

Kitab tədqiqatçılar, psixoloqlar, dinşünaslar, ali məktəb müəllimləri,
tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Asəf Qənbərov, 2019
© Bəhram Həsənov, 2019
2

ÖN SÖZ

Din psixologiyası müasir dövrdə din fenome-
nini müxtəlif aspektlərdən öyrənən Dinşünaslığın
mühüm sahələrindən biridir. Din psixologiyasının
məqsədi insanların dini həyatının psixoloji kök-
lərini araşdırmaqla yanaşı, dini inanc və ayinlərin
insan psixikasına təsirlərini aşkara çıxarmaqdır.
Bu baxımdan, Din psixologiyası normativ bir elm
deyil, sosial elmlərin metodlarından istifadə edən
pozitiv bir elm kimi inkişaf etmişdir.

Din psixologiyasının əsası XIX əsrin sonları,
XX əsrin əvvəllərində V.Vundt, U.Ceyms və s. Ta-

3

nınmış Qərb alimləri tərəfindən qoyulmuşdur. Bu-
na baxmayaraq, qədim dövrlərdə də dinin psixoloji
baxımdan öyrənilməsinə diqqət yetirilmişdir. Xü-
susilə də, Orta əsrlərdə yaşayıb yaratmış İslam mü-
təfəkkirlərinin bu sahədə mühüm töhfələri olmuş-
dur.

Oxuculara təqdim etdiyimiz bu kitab Din psi-
xologiyasının mahiyyəti, metodologiyası, inkişaf
tarixi, dinin psixoloji nəzəriyyələri və digər mövzu-
ları əhatə edir. Dərs vəsaiti kimi nəzərdə tutuldu-
ğuna görə, əsərin sadə üslubda və aydın dildə yazıl-
masına əhəmiyyət verilmişdir. Kitabın hazırlanma-
sında başlıca olaraq, A.Köse və A.Aytenin “Din psi-
xologiyası”, H.Hökeleklinin “Din psixologiyası” və
digər kitablar əsas alınmışdır. Qeyd edək ki, Din
psixologiyası adlanan bu kitab ölkəmizdə bu sahə-
də yazılan ilk elmi əsərdir. Din psixologiyası ilə xü-
susi maraqlananlar, həmçinin geniş oxuçu kütləsi
üçün nəzərdə tutulan bu kitabın faydalı olmasına

4

ümid edir, eyni zamanda əsərin bu sahənin inkişa-
fına töhfə verəcəyini arzu edirik.

Kitabın nəşr olunmasına maddi dəstək ver-
diyi üçün Mənəvi Dəyərlərin Təbliği Fonduna, Fon-
dun tabe olduğu Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsi rəhbərliyinə, eyni zamanda əsərin redak-
tə edilməsi işində yaxından kömək göstərdiyinə
görə Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi-
nə və əməkdaşlarına səmimi təşəkkürlərimizi bil-
diririk.

Müəlliflərdən...

5

MÜNDƏRİCAT

Ön söz .....................................................................................3
Mündəricat ..........................................................................6

BİRİNCİ FƏSİL
PSİXOLOGİYA VƏ DİN PSİXOLOGİYASI
1. Psixologiyada mövcud olan əsas məktəblər .... 13
1.1. Klassik psixologiya məktəbləri ..................... 15
1.2. Müasir psixologiya məktəbləri...................... 19
2. Psixologiyada istifadə edilən əsas metodlar.... 27
2.1. Sistematik müşahidə metodu ........................ 27
2.2. Şəxsi sənədlərin təhlili metodu .................... 28
2.3. Sorğu metodu ....................................................... 29
2.4. Psixoloji eksperiment metodu ...................... 31
3. Din psixologiyasının tərifi və predmeti.............. 32
4. Din psixologiyasının məqsədi və əhəmiyyəti .. 35
5. Din psixologiyasının digər elmlərlə əlaqəsi ..... 37
6. Din psixologiyası və dini xidmətlər ..................... 38

6

İKİNCİ FƏSİL
DİN PSİXOLOGİYASININ TƏŞƏKKÜL TARİXİ
1. Din psixologiyasının müstəqil elm
sahəsi kimi inkişafı .......................................................... 41
2. İslam alimlərinin insan psixikasına
dair fikirləri ........................................................................ 50
2.1. Haris əl-Mühasibi (781-857) ......................... 53
2.2. Farabi (870-950)................................................. 56
2.3. İbn Sina (980-1037) .......................................... 61
2.4. Əbu Talib əl-Məkki (v. 996)............................ 66
2.5. Əbu Hamid əl-Qəzali (1058-1111).............. 72

ÜÇÜNCÜ FƏSİL
DİN – PSİXOLOJİ FENOMEN KİMİ
1. Din anlayışı və onun mahiyyəti ............................. 82
1.1. Dinin substantiv tərifləri ...................................... 88
1.2. Dinin funksional tərifləri ...................................... 90
2. Din – obyektiv reallıq kimi ...................................... 95
3. Din – subyektiv reallıq kimi .................................... 98
4. Dindarlıq anlayışı və onun müxtəlif
aspektləri.......................................................................... 100
4.1. İnanc (etiqad) aspekti.................................... 107

7

4.2. Ritual (ayin, ibadət) aspekti ........................ 108
4.3. Təcrübə (emosional) aspekti...................... 110
4.4. Bilik aspekti........................................................ 112
4.5. Təsir aspekti....................................................... 113

DÖRDÜNCÜ FƏSİL
PSİXOLOQLARIN DİNƏ DAİR NƏZƏRİYYƏLƏRİ
Psixoloqların dinə dair nəzəriyyələri ................... 116
1. Uilyam Ceyms (1842-1910)................................. 119
2. Ziqmund Freyd (1856-1939) .............................. 125
3. Karl Qustav Yunq (1875-1961) .......................... 131
4. Alfred Adler (1870-1937)..................................... 136
5. Abraham Maslou (1908-1970)........................... 142
6. Erix From (1900-1980) ......................................... 147
7. Viktor Frankl (1905-1997) .................................. 153

BEŞİNCİ FƏSİL
FƏRDİ DİNDARLIĞIN MƏNBƏLƏRİ
1. Sosial-mədəni amillər............................................. 158
2. İctimai təsirlər ........................................................... 163
3. Sosial-mədəni və fərdi xüsusiyyətlərin
dinə təsirinin empirik əsasları ............................... 167

8

3.1. Cins xüsusiyyəti................................................ 168
3.2. İctimai-iqtisadi status .................................... 173
3.3. Təhsil səviyyəsi................................................. 178
3.4. Valideynlərin dini həyatı .............................. 183
4. Dindarlığın psixoloji mənbələri ......................... 186
4.1. Məna axtarışı ..................................................... 187
4.2. Ölüm qorxusu və ölümsüzlük arzusu...... 192
4.3. Məhrumiyyət və çarəsizlik........................... 197
4.4. Günahkarlıq hissi ............................................. 201

ALTINCI FƏSİL
FƏRDİN İNKİŞAFI VƏ DİN
Fərdin inkişafı və din................................................... 208
1. Koqnitiv inkişaf mərhələləri................................ 209
1.1. Sensomotor mərhələ ...................................... 210
1.2. Əməliyyatqabağı mərhələ ............................ 212
1.3. Konkret əməliyyatlar mərhələsi................ 213
1.4. Formal əməliyyatlar mərhələsi ................. 214
2. Koqnitiv inkişafın dinə təsiri ............................... 215
3. Yaş dövrləri və dindarlıq....................................... 220
3.1. Erkən uşaqlıq dövrü (1-3 yaş) ................... 220
3.2. Məktəbəqədər yaş dövrü (3-6 yaş).......... 225

9

3.3. Məktəbyaşlı dövr (6-11 yaş) ....................... 228
3.4. Yeniyetməlik dövrü (12-16 yaş)................ 231
3.5. Gənclik dövrü (17-21 yaş) ........................... 239
3.6. Yetkinlik dövrü (21-35 yaş) ........................ 241
3.7. Orta yaş dövrü (36-60).................................. 244
3.8. Yaşlılıq dövrü (60 yaşdan sonra) .............. 246

YEDDİNCİ FƏSİL
PSİXİ SAĞLAMLIQ VƏ DİN
1. Dindarlıq və mənəviyyat (spirituality) ........... 248
2. Psixi sağlamlıq ........................................................... 253
3. Dindarlığın psixi sağlamlığa təsirlərinə
dair tədqiqatlar .............................................................. 258
3.1. Dindarlığın psixi sağlamlığa bəzi
mənfi təsirləri ............................................................ 275
3.2. Dindarlıq psixi sağlamlığa necə mənfi
təsir edir?..................................................................... 277
4. Dindarlıq və psixi sağlamlıq əlaqələrinə
dair nəticələr................................................................... 283

10

SƏKKİZİNCİ FƏSİL
DİN DƏYİŞDİRMƏNİN PSİXOLOGİYASI
1. Din dəyişdirmənin mahiyyəti.............................. 286
2. Dinlərin din dəyişdirmə hadisəsinə
münasibəti ....................................................................... 290
3. Din dəyişdirməyə təsir edən amillər................ 297
3.1. Ailəvi problemlər............................................. 298
3.2. Ailənin dini təmayülləri ................................ 300
3.3. Uğursuz sosiallaşma ....................................... 302
3.4. Başqa dinə mənsub səxslərin
nümunəvi davranışları ........................................... 304
3.5. Fərqli dinə mənsub olanlarla evlilik........ 305
3.6. Travmatik hadisələr ....................................... 306
3.7. Eksiztensial axtarışlar.................................... 309
4. Din dəyişdirmənin mərhələləri.......................... 311
4.1. Öz dininə yadlaşma......................................... 312
4.2. Yeni dinlə tanışlıq ............................................ 313
4.3. Yeni dini qəbul etmə....................................... 314
5. Din dəyişdirmənin tipləri...................................... 315

11

DOQQUZUNCU FƏSİL
MİSTİSİZMİN PSİXOLOGİYASI
1. Mistisizmin mahiyyəti ............................................ 323
2. Dini mistisizm və qeyri-dini mistisizm ........... 325
3. Mistisizm və təsəvvüf ............................................. 328
4. Mistik təcrübə ilə dini təcrübə arasında
fərqlər................................................................................. 332
5. Mistik təcrübənin səciyyəvi xüsusiyyətləri... 335
5.1. Transsendentallıq............................................ 340
5.2. İfadəolunmazlıq................................................ 341
5.3. Keçicilik................................................................ 342
5.4. Passivlik ............................................................... 343
5.5. İdrakla əlaqədarlıq.......................................... 343
5.6. Vasitəsizlik.......................................................... 345
5.7. Birlik...................................................................... 345
Ədəbiyyat ........................................................................ 347



12










BİRİNCİ FƏSİL

PSİXOLOGİYA VƏ
DİN PSİXOLOGİYASI



13

Din psixologiyası

PSİXOLOGİYA VƏ DİN PSİXOLOGİYASI

Yunanmənşəli termin olan “psixologiya” sözü-
nü Azərbaycan dilinə ruh elmi kimi tərcümə etmək
mümkündür. Qeyd edək ki, “psixologiya” sözünün
lüğəvi və terminoloji mənaları arasında müəyyən
fərqliliklər mövcuddur. Belə ki, müasir psixologiya
ruhu tədqiq edən bir elm deyildir. Ruhun mahiy-
yəti və strukturu psixologiya elminin tədqiqat
predmeti kimi qəbul edilmir. Məlum olduğu kimi,
müasir elmi anlayışa görə, elmi tədqiqat obyekti
ölçülə bilən, empirik dəlillər əldə etməyə əlverişli
olma xüsusiyyətlərini daşımalıdır. Psixologiya da
müasir elm olma iddiasına malikdir. Bu baxımdan,
ölçülə bilməyən və empirik olaraq tədqiq edilməsi
mümkün olmayan ruhun psixologiya tərəfindən
tədqiqat predmeti kimi qəbul edilməməsi başadü-
şüləndir. Psixologiya fərdin hisslərini, mənəvi
təcrübələrini, düşüncələrini, davranışlarını və s.

14

Psixologiya və din psixologiyası

tədqiq edərək, insanı başa düşməyə və onun dav-
ranışlarını izah etməyə səy göstərir.

Psixologiyada mövcud olan əsas
məktəblər
Yuxarıda da qeyd edildiyi kimi, psixologiya
elminin məqsədi bir fərd kimi insanı başa düşmək
və izah etməkdir. Bu məqsədə çatmaq üçün insanın
hansı aspektdən tədqiq edilməli olduğu haqqında
psixoloqlar arasında fərqli yanaşmalar mövcud-
dur. Bu fərqli yanaşmalar psixologiyada fərqli
məktəblər tərəfindən təmsil olunur.

1.1. Klassik psixologiya məktəbləri
Strukturalizm
Strukturalizm məktəbinin əsası psixologiya
elminin də banisi sayılan Vilhelm Vundt (1832-
1920) tərəfindən qoyulmuşdur. Bu məktəbin nü-

15

Din psixologiyası

mayəndələrinin görüşlərinə görə, şüurun struktu-
runu təhlil edərək psixoloji hadisələri daha yaxşı
öyrənmək mümkündür. Psixologiyanın məqsədi
çox mürəkkəb struktura malik olan şüuru təhlil
etmək və onun elementləri arasındakı əlaqələri aş-
kar edərək düsturlaşdırmaqdır. Cərəyanın nüma-
yəndələri əsas problem kimi, “Şüur və ya beyin
nədir, onun strukturu necədir?” sualını cavablan-
dırmağa çalışmışlar. Strukturalistlər psixologiya-
nın şüurlu davranışı tədqiq etməli olduğu qənaə-
tindədirlər. Strukturalizm şüurlu psixi təcrübələri
meydana gətirən əsas elementlərdən olan hiss və
duyğuların tədqiq edilməsidir. Onlar diqqətlərini
düşünmənin, şüurun, duyğuların, eləcə də oxşar
situasiya və fəaliyyətlərin əsas elementləri üzə-
rində cəmləşdirirlər, şüurun strukturunu tədqiq
etmək üçün özünümüşahidə (introspection) meto-
dundan istifadə edirlər. Özünümüşahidə tədqiqat

16

Psixologiya və din psixologiyası

obyekti olan fərdlərin öz daxili aləmlərini müşahi-
də edərək hiss və duyğularını ifadə etməklə şüurlu
mental proseslərin kəşf edilməsi metodudur.
Strukturalizm bəzi baxımlardan tənqidlərə məruz
qalmışdır. Bu tənqidlər nəticəsində funksionalizm
adında yeni bir məktəb yaranmışdır.

Funksionalizm
Funksionalizm şüurun strukturunu yox,
funksiyasını araşdırır. Funksionalizmin əsas nü-
mayəndləri Con Devey və din psixologiyasının ba-
nilərindən hesab edilən Uilyam Ceymsdir. Onların
fikrincə, insan davranışını öyrənmək üçün təkcə
şüurun strukturunu təhlil etmək kifayət deyildir.
Şüurun strukturundan çox onun fəaliyyətini tədqiq
etmək lazımdır. Funksionalizmin əsas nümayəndə-
lərindən olan Con Devey psixoloji hadisələrin nəti-
cələri üzərində ətraflı dayanmış, faktların özlüyün-
də yaxşı, ya da pis, səhv, yaxud düz olmadığını,

17

Din psixologiyası

bunların ancaq orqanizmin apardığı istiqamətə
görə qiymətləndirilməli olduğunu irəli sürmüşdür.

Geştalt psixologiyası
Geştalt məktəbi Almaniyada yaranmış və
təşəkkül etmişdir. “Geştalt” sözü alman dilində
“forma”, “quruluş” mənalarını ifadə edir. Bu mək-
təbin təmsilçiləri psixoloji hadisələrin bütövlüyü-
nə və bütöv quruluşuna diqqət çəkirlər. Onlara gö-
rə yaşadıqlarımız, təcrübələrimiz bütöv və mürək-
kəb hadisələrdir. Bu təcrübələr mühitlə, keçmiş
təcrübələrlə və fiziki, mənəvi, daxili amilin müəy-
yən etdiyi bir çox formanın təşkilatlanması ilə ya-
ranır. Məsələn, yaşadığımız müəyyən qorxu hissi
bir-birindən fərqli olan çox amilin meydana gətir-
diyi hissdir, lakin qorxu hissi, onu yaradan amil-
lərdən fərqli xüsusiyyətlərə və varlığa malikdir.
Təkcə bu amillərin tədqiq edilməsi qorxu hissinin
nə olduğunu başa düşmək üçün kifayət deyildir.

18

Psixologiya və din psixologiyası

Beləliklə, yaranan bütöv ehtiva etdiyi elementlərin
cəmindən daha fərqlidir və özünəməxsus keyfiy-
yətlərə, eləcə də müstəqil varlığa malikdir. Nəticə
etibarilə, bir tamın elementlərini tədqiq etmək öz-
lüyündə bütövün nə olduğunu öyrənməyə imkan
vermir. Bu elementlərdən çox, bütövün nə olduğu-
nu tədqiq etmək lazımdır. Geştalt psixologiyasının
nümayəndələri “Necə olur ki, ayrı-ayrı element-
lərin cəmini fərqli bir tam kimi hiss edirik?” sualını
cavablandırmağa çalışırlar. Geştaltçılar hisslərin
necə təşkilatlandırıldığını araşdırırlar.

1.2. Müasir psixologiya məktəbləri
Bioloji/nevrobioloji yanaşma
Bu yanaşmanın əsas məqsədi genlərin, hor-
monların və sinir sisteminin bir-biri ilə hansı şə-
kildə qarşılıqlı əlaqədə olduğunu və bu qarşılıqlı
əlaqənin öyrənmə, şəxsiyyət, yaddaş, motivasiya,

19

Din psixologiyası

hisslər və s. psixi hadisələrə necə təsir etdiyini öy-
rənməkdən ibarətdir. Bioloji məktəb davranışı isti-
qamətləndirən mexanizmləri tədqiq edir və əsas
tədqiqat obyekti beyindir. Onlar hesab edirlər ki,
davranış bioloji aspektdən tədqiq edilməlidir. Bu
məktəbin nümayəndələri sinir hüceyrələrinin
strukturu, müəyyən xüsusiyyətlərin valideynlər-
dən övladlara ötürülmə yolları, bədən funksiyala-
rının qorxu və ümid hissinə təsir etmə yolları və bir
çox bunabənzər bioloji strukturla bağlı mövzuları
tədqiq edirlər. Onların irəli sürdüklərinə görə,
daxili sekresiya vəziləri, qanın kimyəvi tərkibi, qi-
dalanma qaydası və digər amillər insan davranışla-
rına təsir edir. Ətraf mühitdə baş verən dəyişiklik-
lər (havanın təzyiqi, temperatur, nəmişlik və s.) bə-
dənin nevrokimyəvi xüsusiyyətlərinə təsir göstərir
və davranışlara istiqamət verir.

20

Psixologiya və din psixologiyası

Psixoanalitik yanaşma
Psixoanalitikanın təmsilçiləri şüuraltı qorxu-
ların, ehtirasların və motivasiyaların gələcəkdə
meydana gələ biləcək psixoloji problemlərə təsirini
tədqiq edir. Eyni zamanda, şüuraltı qorxuların, ehti-
rasların və motivasiyaların düşüncəyə, davranışla-
ra və şəxsi xarakterə təsirini öyrənir. Psixoanalitik
yanaşmaya görə, fərdin davranışının əsas təhrik-
edicisi onun mənəviyyatındakı qüvvələr və daxili
ziddiyyətləridir. Davranışı şüuraltı istiqamətləndi-
rir və davranış daxildən gələn instinkt ilə meydana
çıxır. Bu instinktlər psixoanalitikanın banisi olan
Ziqmund Freydə (1856-1939) görə, iki əsas kate-
qoriyaya ayrılır: cinsi istək və aqressiya. Nəticə eti-
barilə, psixoanalitika psixoloji həyatın bioloji əsas-
larına diqqəti yönəltmiş, davranışların daim daxil-
dən gələn biopsixoloji səbəbləri üzərində geniş da-
yanmışdır.

21

Din psixologiyası

Koqnitiv psixologiya
Koqnitiv yanaşma insan şüurunun bilikləri
dərketmə, yadda saxlama və onları istifadə etmə
proseslərini öyrənir. Koqnitiv psixologiya, eyni za-
manda, bu biliklərin davranışlarımıza, dərk etdik-
lərimizə, hiss etdiklərimizə, xatırladıqlarımıza və
inandığımız amillərə necə təsir göstərdiyini tədqiq
edir. Koqnitiv psixologiya insanı psixoanalitika
məktəbinin təmsilçiləri kimi passiv deyil, dərk
edən, stimulları formalaşdıran və məna verən fəal
varlıq kimi nəzərdən keçirir. İnsanın dərketmə,
yaddaş, düşünmə və digər psixoloji proseslər va-
sitəsilə özü və ətrafı haqqında yeni biliklər əldə et-
məsinə diqqət çəkir. Həmçinin fərdin dərketmə
prosesinin xüsusiyyətləri ilə müşahidə edilə bilən
davranışlar arasındakı əlaqəni tədqiq edir.

22

Psixologiya və din psixologiyası

Biheviorizm
Biheviorizm - tədqiqat predmeti kimi beyin-
də meydana gələn duyğu və düşüncələri deyil,
müşahidə edilə bilən davranışları əsas götürür. Bu
məktəbin nümayəndələri ətrafdakı stimullaşdırıcı
amillər ilə meydana gələn davranış arasındakı əla-
qəni tədqiq edirlər. Yeni bir davranışı öyrənmə, ya-
xud əvvəlki davranışları dəyişdirmə prosesini ət-
rafdakı mükafatlandırma və cəzalandırma motiv-
ləri ilə izah edirlər. Biheviorizmin əsas nümayən-
dələri Con B. Vatson (1878-1958), B.F.Skinner
(1904-1990) və İvan P. Pavlovdur (1849-1936).

Humanist psixologiya
Humanist psixoloqlar insan psixikası və da-
vranışlarının öyrənilməsində özünəməxsus yanaş-
maya malikdirlər. Onlar bihevioristlər və psixo-
analitiklər kimi insanı passiv deyil, aktiv varlıq ki-

23

Din psixologiyası

mi nəzərdən keçirirlər. Humanist psixoloqlar in-
sanı öz həyatı və davranışları ilə bağlı qərar verə
bilən, davranışlarına nəzarət etməyi bacaran, daim
formalaşmaqda olan aspektləri baxımından araş-
dırırlar. Humanist psixoloqlara görə, hər bir insa-
nın hissetmə, dərketmə və davranma forması bir-
birindən fərqlidir. İnsanın “sağ qalmaq” xaricində
də məqsədləri mövcuddur. İnsan öz potensialını
reallaşdırmaq məsuliyyətini hiss edən, öz təbiəti-
nə, daxili təcrübələrinə görə davranan və inkişaf
etməyə can atan varlıqdır. Qısası, humanist yanaş-
ma avtomatik bioloji qüvvələrin, şüuraltı proses-
lərin və mühitin rolunu sərf-nəzər edərək, insanın
həyat haqqında qərar vermə, davranışlarına nəza-
rət etmə və özünü təsdiqetmə bacarığına təbii for-
mada malik olduğunu irəli sürür. Humanist psixo-
logiya məktəbinin əsas nümayəndələri Abraham
Maslou (1908-1970), Karl Rocers (1902-1987) və
Viktor Frankldır (1905-1997).

24

Psixologiya və din psixologiyası

Pozitiv psixologiya
Pozitiv psixologiya psixologiyada hazırda
mövcud olan yanaşmaların insanın neqativ tərəflə-
rini ön plana çıxarmasını tənqid etmə nəticəsində
meydana gəlib. Bu yanaşmanın əsasını amerikalı
psixoloq Martin Seliqman qoymuşdur. Pozitiv psi-
xologiyanın təmsilçilərinə görə, psixoloqlar Birinci
və İkinci dünya müharibələrindən sonra yaranan
problemlərlə intensiv şəkildə məşğul olaraq, əsa-
sən, insanın neqativ aspektləri üzərində dayanmış
və yaşamaq üçün həyatı dəyərləndirən amillərə
lazımi ölçüdə diqqət ayırmamışlar. Seliqmana görə
psixologiya təkcə xəstəliyin, zəifliyin və zərərlərin
yox, gücün və fəzilətin də elmidir. Pozitiv psixolo-
giya səadəti əsas hədəf kimi götürür. İnsan həya-
tındakı problemlərin həll edilməsi qədər insanın
müsbət potensialının inkişaf etdirilməsini də əsas
məqsəd kimi qarşıya qoyur. Onlara görə fəzilətlər

25

Din psixologiyası

və dəyərlər olmadan həqiqi mənada səadəti və mə-
nəvi rahatlığı əldə etmək mümkün deyildir. Ona
görə də qədim dinlərin və mədəniyyətlərin üzərin-
də dayandığı altı əsas fəzilətin – hikmət, cəsarət,
insanlıq, ədalət, mötədillik və mənəviyyatın inkişaf
etdirilməsi olduqca vacibdir. Bu yanaşmaya görə,
həyatın yaşana biləcək olması üçün xeyirxahlıq,
alturizm, mərhəmətlilik, vəfa, təvazökarlıq və
empatiyanın böyük əhəmiyyəti vardır. İradə kənar
amillərdən daha əhəmiyyətlidir. Pozitiv psixolo-
giya insanın təkcə problemli cəhətlərini düzəlt-
məyə çalışmır, həm də onun pozitiv xüsusiyyət-
lərini inkişaf etdirməyi qarşısına məqsəd qoyur.
Bu yanaşma, əsasən, XXI əsrdə meydana çıxsa da,
sürətlə inkişaf edir və din psixologiyası sahəsində
bu yanaşmanı əsas götürən çox sayda tədqiqatlar
aparılır.

26

Psixologiya və din psixologiyası

2. Psixologiyada istifadə edilən əsas
metodlar

Psixologiyada qəbul edilən və əsas götürülən
elmi yanaşma çox vaxt tədqiqat üçün seçilən me-
tod və üsulları da müəyyən edir. Bu mənada, psixo-
logiyada bir-birindən fərqli, olduqca çox sayda
tədqiqat metodu və üsulları mövcuddur. Burada
onların hamısı ilə bağlı məlumat vermək mümkün
olmadığı üçün din psixologiyası sahəsində ən çox
istifadə edilən əsas metod və üsullar haqqında qısa
məlumat veriləcəkdir.

2.1. Sistematik müşahidə metodu
Sistematik müşahidə tədqiqatçının əldə et-
mək istədiyi bilik və məlumatlardan asılı olaraq üç
formada tətbiq edilir. Birincisi, kənardan və fərdin
davranışlarına hər hansı bir müdaxilə etmədən hə-
yatın təbii axarında onun necə davrandığını öyrən-
mək və başa düşmək üçün müraciət edilən iştiraksız

27

Din psixologiyası

müşahidədir. İkincisi, tədqiqatçının özünün də bila-
vasitə iştirakçı kimi prosesə qoşulduğu, hadisələrin
iştirakçılarının müşahidəsinə əsaslanan iştiraklı mü-
şahidədir. Üçüncüsü, bir çox psixoloq tərəfindən din
psixologiyasının özünəməxsus metodu kimi qəbul
edilən özünümüşahidə üsuludur. Özünümüşahidə
metodunda fərdin daxili-mənəvi təcrübələri haq-
qında özünün apardığı müşahidələrə əsasən verdiyi
məlumatlar əsas bilik və məlumat mənbəyi kimi gö-
türülür. Beləliklə, tədqiqatçı təkcə kənardan müşa-
hidə edilə bilən davranışlarla deyil, daxili aləmində
mövcud olan hiss və təcrübələr vasitəsilə fərdi başa
düşməyə və izah etməyə çalışır. Tədqiqatçı müxtəlif
vasitələrdən istifadə edərək, fərdin sahib olduğu bu
məlumatları birbaşa onun özündən əldə edir.

2.2. Şəxsi sənədlərin təhlili metodu
İnsanın dini həyatını anlamaq üçün din psi-
xologiyasında müraciət edilən metodlardan biri də

28

Psixologiya və din psixologiyası

fərdin dini həyatını işıqlandıran mənbələrin tədqiq
edilməsidir. Bu cür mənbələr vasitəsilə diqqətli şə-
kildə tədqiq və təhlil aparılaraq, fərdin dini həyatı-
nın xüsusiyyətləri haqqında önəmli dəlillər əldə
edilir. Bunlar başqaları tərəfindən yazılan bioqrafi-
yanı və ya şəxsin özü tərəfindən qələmə alınan av-
tobioqrafiyanı, eyni zamanda, xatirələri, arxiv sə-
nədlərini, məktubları, səyahətnamələri, şəxsi əşya-
ları və digər obyektləri əhatə edir. Din psixologi-
yasının qurucularından olan Uilyam Ceyms (1842-
1910) bu metodla xarizmatik dini şəxsiyyətlər haq-
qında apardığı tədqiqatlar nəticəsində din psi-
xologiyasının inkişafına səbəb olan nəzəri görüşlər
formalaşdırmışdır.

2.3. Sorğu metodu
Sorğu metodu tədqiqatçının araşdırmaq istə-
diyi qrupu təmsil edə bilən kiçik bir qrup müəyyən-

29

Din psixologiyası

ləşdirərək, böyük bir kütləyə aid olan xüsusiyyət-
lərin ölçülməsidir. Böyük kütləni təmsil edən qru-
pun təşkili üçün seçmə prosedurundan istifadə edi-
lir. Sorğu metodunda ən çox müraciət edilən üsullar
anket və müsahibədir.

Anket mütəxəssislər tərəfindən hazırlanan,
etibarlılığı və tutarlılığı əvvəlcədən yoxlanılmış ölç-
mə vasitələridir. Anket tətbiq etməklə aparılan təd-
qiqatlarda əvvəlcədən hazırlanan suallar yazılı şə-
kildə tədqiqat üçün seçilən şəxslər tərəfindən ca-
vablandırılır. Daha sonra bu cavablar kompüterdə
xüsusi analiz proqramları ilə təhlil edilərək, fərd-
lərin dini həyatı haqqında müəyyən məlumat və qa-
nunauyğunluqlar aşkar edilir. Anketlərin tətbiqi qı-
sa zaman ərzində çox sayda insanın duyğu, düşüncə
və davranışları haqqında məlumat toplamağa im-
kan versə də, anketlər fərd haqqında, ancaq səthi
analizlər aparmağa imkan verir.

30

Psixologiya və din psixologiyası

Müsahibə müəyyən bir mövzuda üzbəüz apa-
rılan söhbətlərdir. Bu söhbətlərdə psixoloq tədqiq
etdiyi mövzu ilə bağlı öz müsahibinə suallar verir və
söhbəti səsyazıcısı vasitəsilə qeyd edir. Müsahi-
bələr mövzu ilə bağlı dərin təhlillər aparmağa im-
kan verən üsul olsa da, çox vaxt tələb etdiyi üçün
nisbətən daha az sayda şəxsə tətbiq edilə bilər. Din
psixologiyası sahəsində müsahibələrə ən çox fərqli
bir dinə və yaxud məzhəbə keçənlər üzərində aparı-
lan tədqiqatlar zamanı, onları anlamaq və davranış-
larını izah etmək üçün müraciət edilir.

2.4. Psixoloji eksperiment metodu
Din psixologiyasında, az sayda olsa da, ekspe-
riment və ya təcrübələr həyata keçirilir. Bu mənada,
eksperiment yolu ilə dəyişənlər arasındakı əlaqələr
araşdırılır. Məsələn, oruc tutmağın fiziki və ruhi
sağlamlığa təsiri, Quran oxumağın, dua etməyin in-

31

Din psixologiyası

san orqanizminə, yaxud meditasiyanın insan bey-
ninə buraxdığı iz təcrübə metodu ilə tədqiq edilir.

Qeyd edilməlidir ki, din psixologiyasında isti-
fadə edilən elmi metod və üsullar, təbii ki, təkcə yu-
xarıdakılardan ibarət deyildir. Tədqiqatçıların ya-
rarlandıqları bir sıra metod və üsullarla yanaşı, yu-
xarıda qeyd olunanlar nisbətən daha çox istifadə
edilənlərdir.

3. Din psixologiyasının tərifi və predmeti
Din psixologiyası fərdlərin müqəddəs kimi
gördükləri varlıqlarla münasibətləri kontekstində
nümayiş etdirdikləri bütün söz, təcrübə və davra-
nışları empirik metodla tədqiq edən elmdir. Fərd-
lərin psixoloji təcrübə və davranışlarında meydana
gələn dini hadisələr din psixologiyasının əsas sahə-
sidir. Fərdlərin dindarlığının öyrənilməsi din psixo-
logiyasının özünəməxsus predmetini təşkil edir.

32

Psixologiya və din psixologiyası

Din psixologiyası fərdlərin dini həyatını for-
malaşması, strukturu, inkişaf şəraiti və keçirdiyi
proseslər, nəticələri və təsirləri baxımından tədqiq
edən elmdir. Həmçinin din hadisəsinin insan şüu-
runda formalaşmasını, psixoloji təcrübə və davra-
nış kimi özünü ifadə etməsini müxtəlif aspektlərdən
müəyyənləşdirməyə və təsvir etməyə, eyni zaman-
da, izah etməyə çalışır. Din psixologiyası fərdi və ya-
xud qrupu daxildən, psixoloji cəhətdən başa düşmə-
yə səy göstərir.

Din psixologiyası istər mənfi, istər müsbət
mənada olsun, din ilə hər hansı bir formada münasi-
bəti və əlaqəsi olan insanı psixoloji cəhətdən anla-
maq cəhdidir. Yəni din psixologiyası fərdin psixoloji
təcrübə və davranışları arasında dini xarakterli ha-
disələri tədqiq edir. Din psixologiyası dini və yaxud
dinə qarşı olan mühakimələrlə bağlı fərdin nümayiş
etdirdiyi müsbət, yaxud mənfi subyektiv münasibə-

33

Din psixologiyası

ti öyrənir. Həm dini etiqad və davranışın fərdə psi-
xoloji təsirləri (psixi sağlamlığına, xarakterinə, icti-
mai münasibətlərinə), həm də fərdin müxtəlif duy-
ğu və arzularının, xarakterinin, mövqeyinin və dav-
ranışlarının onun dini həyatına və etiqadına təsir-
ləri qarşılıqlı formada tədqiq edilir. Dindarlığın
müxtəlif formaları, onun yaranması, inkişafı, dəyiş-
məsi və transformasiyası din psixologiyasının əsas
tədqiqat predmetlərini meydana gətirir.

Fərdlərin dini etiqadları, münasibətləri və
davranışları müəyyən ictimai-mədəni kontekstdə
formalaşır və inkişaf edir. Ona görə də din psixolo-
giyası fərdlərin dindarlıq həyatını başa düşmək
üçün onların mənsub olduqları dini ənənənin xü-
susiyyətlərini nəzərə alır.

34

Psixologiya və din psixologiyası

4. Din psixologiyasının məqsədi və
əhəmiyyəti

Din psixologiyası fərdlərin psixoloji həyat və
davranışlarında meydana gələn dini hadisələri başa
düşmək, təsvir etmək və onları nəzəri çərçivələrlə
ifadə etmək məqsədilə tədqiqatlar aparır. Ona görə
də din psixologiyasının vəzifəsi din üzərində və dini
mətnlərə əsaslanan müəyyən tədqiqat aparmaq
yox, insanın təcrübə və davranışlarında meydana
gələn dini təzahürləri başa düşməyə çalışmaq, yəni
dinin insan və mədəniyyət ilə bağlı olan tərəflərini
aşkar etməkdir. İctimai və mədəni bir mühitdə ya-
şayan, dini dəyərləri mənimsəyən dindar (və yaxud
din ilə hər hansı bir formada əlaqəsi olan) şəxslərin
daxili aləmini başadüşülən etməkdir. Beləliklə, din
psixologiyası dini yalnız insan həyatındakı təsirləri
və təzahürləri baxımından tədqiq edir və onun təs-
virini verir. Daha sonra təsvir edilən mənzərənin
hansı mənaya gəldiyini aşkarlamaq üçün izahlar,

35

Din psixologiyası

şərhlər və nəzəriyyələrə müraciət edir.
Dinin mənşəyi, əsli, dini termin və dəyərlərin

doğruluğu kimi mövzularda hökm vermək din psi-
xoloqlarının işi deyil. Din psixologiyasının Tanrının
varlığının isbatı və yaxud inkarı üçün dəlillər təq-
dim etmək və buna oxşar məqsədi yoxdur. Din psi-
xoloqu fərqli etiqadlara hörmətlə yanaşmalı, bitərəf
və müşahidəçi mövqedən onları insanların təcrü-
bələrindəki təzahürləri baxımından həqiqət və fakt
kimi qiymətləndirməlidir. Eyni zamanda, din psixo-
logiyası hər hansı bir din, məzhəb və ənənənin baş-
qalarından üstünlüyünü müzakirə etmir. Əsasən,
dini fakt və hadisələrlə bağlı obyektiv biliklər əldə
edir.

Empirik bir elm olan din psixologiyası dinin
həqiqiliyi haqqında fikir irəli sürmür. Din psixolo-
giyası din haqqında yox, dini yaşayan insanlar haq-
qında olan tədqiqat sahəsidir. Fərdlər üçün dinin
mənasını və funksiyalarını aşkarlamağa çalışır.

36

Psixologiya və din psixologiyası

5. Din psixologiyasının digər
elmlərlə əlaqəsi

Din psixologiyası psixologiya ilə ilahiyyat
elmləri arasındakı sahədə yerləşən və onların hər
ikisi ilə sıx əlaqəsi olan bir elmdir. Din psixologiyası
psixologiyanın bir sahəsi olduğu üçün onun prinsip-
lərinə və metodlarına uyğun formada tədqiqat apa-
rır və psixologiyanın digər sahələri ilə (məs.: sosial
psixologiya, inkişaf psixologiyası, şəxsiyyətin psixo-
logiyası və s.) yaxın əlaqədədir və onlardan bəhrə-
lənir.

Din psixologiyası, eyni zamanda, klassik dini
elmlərin (təfsir, hədis, fiqh, kəlam və s.) mətnlərini
də anlamağa çalışır. Dini hadisələr, fərdin dini hə-
yatının təzahürlərini anlamaq üçün onların mən-
şəyini təşkil edən dini etiqad və ehkamlar haqqında
məlumatlı olmaq vacibdir. İnsanların rəğbət gös-
tərdikləri dini bir ritualın o dinin ibadət sistemində
tutduğu yer araşdırılmadan, təkcə müşahidəyə

37

Din psixologiyası

əsaslanan təsvirlərlə qənaətbəxş izah və şərh verilə
bilməz. Bir dinin müqəddəs qəbul etdiyi amillər,
etiqad və ehkamlar, məzhəb və icma fərqləri həmin
dinin mənsublarını anlamaq üçün əsas istinad
mənbələridir. Ona görə də lazım gəldikdə, bu elm-
lərin verdiyi biliklərə müraciət edilir.

Bununla yanaşı, din psixologiyası sosiologiya,
antropologiya, entologiya kimi digər humanitar
elmlərin nailiyyətlərindən də istifadə etməyə ça-
lışır.

6. Din psixologiyası və dini xidmətlər
İnsanlara göstərilən bütün xidmətlərin ef-
fektli nəticə verməsi üçün psixologiya ilə əməkdaş-
lıq etməsi vacibdir. Din psixologiyası sahəsində pe-
şəkar psixoloqların apardıqları elmi tədqiqatların
nəticələri insanları və onların hiss, düşüncə və dav-
ranışlarını dərk etmək üçün mühüm istiqamətlən-
dirici mövqe rolunu oynayır. İnsanın necə bir varlıq

38

Psixologiya və din psixologiyası

olduğu, necə düşündüyü və inandığı, tələb və ehti-
yacları, maraq və bacarıqları haqqında biliklərə ma-
lik olmadan insanlara uğurlu şəkildə xidmət gös-
tərmək mümkün deyil. Təhsil, tibb, hərb, iş həyatı,
kriminologiya və s. sahələrdə daha uğurlu fəaliyyət
göstərmək üçün psixologiya elminin əldə etdiyi bi-
liklərdən bütün dünyada istifadə edilir. Eyni za-
manda, dini təlim-tərbiyə, dini maarifləndirmə, dini
konsultasiya və s. din psixologiyasının elmi nailiy-
yətlərini nəzərə almadan inkişaf etdirilə bilməz. Di-
ni bağlılıq, dindar həyat tərzi şəxsin intizamlılığına,
mənəvi rahatlığına və xoşbəxtliyinə kömək etdiyi
kimi, onun intizamsız və ruhi xəstə olmasına da sə-
bəb ola bilər. Ona görə də müsbət dəyərlər forma-
laşdıran dindarlıq üçün lazım olan psixoloji şərt-
lərin müəyyənləşdirilməsi mənəvi cəhətdən sağlam
olan dindar şəxslərin yetişdirilməsi baxımından
böyük əhəmiyyət kəsb edir. Din haqqında məlumat

39

Din psixologiyası

verərkən, dinlə bağlı doğru və yetərli biliklər ol-
maqla yanaşı, dinləyici auditoriyasının xüsusiyyət-
lərinə aid biliklərə də ehtiyac duyulur. Din psixolo-
giyası bütün bu mövzularda böyük imkanlar təmin
edir. Dini sahədə işləyənlər sadə vətəndaşlarla və
dindar insanlarla daha yaxşı münasibətlər qurmaq
üçün hər şeydən əvvəl, həmin insanları mükəmməl
şəkildə başa düşməlidirlər. Bunun üçün də insanla-
rın dinlə münasibətlərini müəyyənləşdirən psixo-
loji amilləri dərindən bilməyə ehtiyac vardır. Din
psixologiyası sahəsində biliklərə yiyələnmək bu
baxımdan böyük üstünlüklər təmin edir.

40

Din psixologiyasının təşəkkül tarixi





İKİNCİ FƏSİL
DİN PSİXOLOGİYASININ

TƏŞƏKKÜL TARİXİ



41

Din psixologiyası

DİN PSİXOLOGİYASININ TƏŞƏKKÜL TARİXİ

1. Din psixologiyasının müstəqil elm sahəsi
kimi inkişafı

Din psixologiyası dinin inanc, duyğu, düşüncə
və davranışlarından meydana gələn bəşəri fəaliy-
yəti öyrənən elm sahəsidir. Keçmiş zamanlarda,
əsasən, fəlsəfə daxilində bu sahələrdə irəli sürülən
fikirlər və nəzəriyyələr din psixologiyasının tarixi
inkişafı baxımından böyük əhəmiyyət kəsb edirdi.

Fəlsəfi fikir tarixindən məlumdur ki, insan ru-
hu, onun mahiyyəti, qabiliyyətləri və digər mövzular
həmişə fəlsəfənin aktual problemləri arasında mü-
hüm yer tutmuşdur. Psixologiya isə bu problemə
bir qədər fərqli metodla yanaşır. Ruhun mahiyyə-
tini deyil, insanın ruhi hallarını, fəaliyyətinin təsvi-
rini (deskriptiv) öyrənməyi qarşısına məqsəd qo-
yur.

Psixologiyanın müstəqil elm kimi meydana

42

Din psixologiyasının təşəkkül tarixi

gəlməsindən qısa müddət sonra, psixoloqlar dini
təcrübə və dini fəaliyyəti araşdırmağa başlamışlar.
XIX əsrin sonlarından etibarən, dini həyatla bağlı
problemlər psixologiyanın tədqiqat obyektləri ara-
sında mühüm yer tuturdu. Qeyd edilməlidir ki, XIX
əsrdən əvvəl dini həyatın psixoloji tərəfi ilə əlaqəli
fəlsəfi və teoloji izahlar, əsasən, normativ məqsəd-
lərə xidmət edirdi. Belə ki, teologiyanın əsas məq-
sədini dinin həqiqət olduğunu müxtəlif fəlsəfi və
teoloji arqumentlərlə əsaslandırmaq təşkil edirdi.
Filosofları maraqlandıran məsələ isə dinin ümumi
fəlsəfə sistemindəki yeri, onun etibarlılığı və dəyə-
rinin müəyyənləşdirilməsi idi. Onu da qeyd edək
ki, istər orta əsrlər müsəlman filosofları, istərsə də
digər teoloji-fəlsəfi sistemlərdə insan psixikasının
strukturunun izahına da cəhd göstərilmişdir. Bu-
nunla bağlı, müsəlman filosofların psixologiya ilə
bağlı fikirlərini daha sonra təfsilatlı şəkildə nəzər-
dən keçirəcəyik.

43

Din psixologiyası

Din psixologiyasının müstəqil elm sahəsi ki-
mi formalaşması XIX əsrin sonu – XX əsrin əvvəllə-
rinə təsadüf edir. Almaniyada Vilhelm Vundt
(1832-1920), Fridrix Şleyermaxer (1768-1834),
Amerikada Uilyam Ceyms və digərləri din psixolo-
giyasının müasir mənada elm sahəsi kimi forma-
laşmasında mühüm rol oynamışlar.

V.Vundt 1879-cu ildə dünyada ilk eksperi-
mental psixologiya laboratoriyasını yaradıb, orada
təcrübi psixoloji araşdırmalar aparmışdır. Eyni za-
manda, o, “Millətlərin psixologiyası” adlı çoxcildli
kitabını qələmə almışdır. Beləliklə, din psixologi-
yası üçün hələ də aktuallığını qoruyan bir çox
problemləri tədqiq edən V.Vundt din psixologi-
yasının inkişafına mühüm təsir göstərmişdir.

Alman teoloqu və filosofu F.Şleyermaxer din
psixologiyası tədqiqatlarının əhəmiyyət və vacibli-
yinə diqqət çəkərək, empirik din psixologiyası sa-
həsində mühüm işlər görmüşdür.

44

Din psixologiyasının təşəkkül tarixi

Almaniyada aparılan din psixologiyası təd-
qiqatları arasında özünümüşahidə və təcrübə me-
todlarından istifadə edən Karl Qirgensonun 1921-
ci ildə nəşr etdirdiyi “Dini həyatın psixi strukturu”
adlı əsəri və anket metodundan istifadə edərək,
araşdırmalar aparan Fenniqsdorfun 1910-cu ildə
nəşr etdirdiyi “Dini iradə” adlı əsəri din psixologi-
yasına əhəmiyyətli töhfələr vermişdir. Almaniyada
V.Vundtla başlayan din psixologiyası tədqiqatları
daha sonralar digər alimlər tərəfindən, o cümlədən
Maks F. Şeler (1874-1928), Rudolf Otto (1869-
1937), Qustav Menşinq (1901-1978) və başqaları
tərəfindən davam etdirilmişdir.

Din psixologiyasının inkişafında Amerika
psixoloqları da əhəmiyyətli rol oynamışlar. Bu mə-
nada, görkəmli Amerika filosofu və psixoloqu Uil-
yam Ceymsin (1842-1910) adı xüsusilə qeyd edil-
məlidir. Onun “Dini təcrübənin müxtəliflikləri” adlı
əsəri empirik din psixologiyasının əsasını qoyan

45

Din psixologiyası

tədqiqatlardan biridir. O, araşdırmalarında özünü-
müşahidə və anket metodlarından istifadə etmiş-
dir.

U.Ceyms psixoloji tədqiqatlarında dinin fərdi
təcrübələr hissəsini əsas götürür, dinin obyektiv
tərəflərini təşkil edən ehkamları və institusional
cəhətlərini nəzərə almırdı. Beləliklə, o, din psi-
xologiyasının predmetini dinin subyektiv təcrübəsi
sahəsi kimi müəyyənləşdirmişdi. U.Ceyms, xüsu-
silə dini təcrübə problemi, onun mahiyyəti, struk-
turu, xüsusiyyətləri və insan həyatı üçün əhəmiy-
yəti ilə maraqlanırdı. O, hesab edir ki, dini həyatın
əsasını məhz dini təcrübə təşkil edir. Ümumiy-
yətlə, dinin mənşəyini də bu dini təcrübələrlə əla-
qələndirirdi. Dini ehkamlar, teoloji sistemlər və
dinin təşkilat aspekti dini təcrübə əsasında daha
sonra formalaşmışdır. U.Ceyms dini təcrübə ilə
bağlı çoxsaylı mənbələrdən – dini kitablar, xatirə-

46

Din psixologiyasının təşəkkül tarixi

lər, məktublar və s. istifadə edib, dindarlığın tipolo-
giyasını yaratmağa çalışmışdır.

Amerika psixoloqu Stenli Q. Holl (1844-
1924) 1904-cü ildə 12-16 yaşarası yeniyetmələrin
dini yönəlişliklərini empirik metodlarla tədqiq
edən “Yeniyetməlik: onun psixologiyası” (Adoles-
cence: Its Psychology) adlı əsərini nəşr etmişdir. O,
xüsusilə yeniyetmə və gənclərin yetkinləşmə pro-
sesində meydana gələn dini inkişaf mərhələlərini
öyrənməyə çalışırdı. S.Hollun tədqiqatı din psixo-
logiyasının inkişafı baxımından mühüm addımlar-
dan biri hesab olunur.

U.Ceymsin tələbəsi Edvin Dillers Starbuk
(1886-1947) psixoloji fikir tarixində ilk dəfə “Din
psixologiyası” (The Psychology of Religion: An Em-
pirical Study of the Growth of Religious Concious-
ness, 1899) adlı əsər qələmə almışdır. O, bu əsə-
rində qeyd edir ki, din psixologiyasının əsas vəzi-
fəsi fərdin dini inkişafının qanunauyğunluqlarını

47

Din psixologiyası

empirik metodlar əsasında izah etməkdir. E.D.Star-
buk dini qəbul etmiş 14-25 yaşarası gənclərin dini
inkişafını anket metodu ilə araşdırmışdır. O, əsa-
sən, din dəyişdirmə probleminin tədqiqi ilə yaxın-
dan maraqlanmışdır.

Amerika psixologiya məktəbənin digər bir
nümayəndəsi – C.H.Leubanın “Dini mistisizmin
psixologiyası” adlı kitabı dini mistisizmi araşdıran
ilk psixologiya əsərlərindən biri hesab edilir.

XX əsrin əvvəllərindən başlayaraq, Avropa-
da Avstriya psixoloqu Ziqmund Freyd tərəfindən
təhtəlşüuru araşdıran psixoanalitika məktəbinin
əsası qoyulur. Z.Freyd insan psixikasının şüuraltı
və şüursuzluq səviyyələri ilə maraqlanırdı. O,
hesab edirdi ki, bir çox nevrozla bağlı psixi pozğun-
luqlar şüuraltında həllini tapmamış tələbatlarla
əlaqədardır. Freyd, eyni zamanda, dinin və mədə-
niyyətin meydana gəlmə, inkişaf və institusional
dayanaqlılığı ilə əlaqəli proseslərin elmi izahını da

48

Din psixologiyasının təşəkkül tarixi

verməyə çalışırdı. Z.Freydin “Totem və tabu”, “Musa
və təktanrıçılıq”, “Bir illüziyanın gələcəyi” adlı əsər-
ləri dinin mənşəyi, inkişafı və gələcəyi ilə bağlı bir
çox mövzuları əhatə edir. Bu əsərlərə nəzər saldıq-
da, görürük ki, müəllifin din institutuna yanaşması
olduqca mənfidir. Freydin din ilə bağlı baxışları
irəlidə daha ətraflı nəzərdən keçiriləcəkdir.

Psixoanalitika məktəbinin digər tanınmış
nümayəndələrindən biri də Karl Qustav Yunqdur
(1875-1961). O, Freydin tələbəsi olmuşdur, lakin
sonralar bəzi məsələlərdə onun Freydlə fikir ayrı-
lıqları yaranmışdır. K.Q.Yunq araşdırmalarını daha
çox miflər və milli dinlərin dini mərasimlərinə həsr
etmişdir. O, dünya dinlərində bir çox oxşarlıq və
ortaq motivlərin olduğunu təsbit etmişdir. Beləlik-
lə, Yunq bu nəticəyə gəlir ki, insan fərdi şüural-
tından başqa, həm də kollektiv şüuraltına malikdir.
Bu mənada, din məhz kollektiv şüuraltının məhsu-
lu kimi çıxış edir.

49

Din psixologiyası

K.Q.Yunqun din ilə bağlı problemlərə həsr
etdiyi kitablar arasında “Psixologiya və din” və
“Ruhunu axtaran müasir insan” adlı əsərlərini
qeyd etmək mümkündür.

2. İslam alimlərinin insan psixikasına dair
fikirləri

Psixologiyanın müstəqil elm kimi inkişafın-
dan əvvəl, bir çox görkəmli müsəlman filosoflar bu
sahəni yaxından maraqlandıran məsələlərə toxun-
muşlar. Filosoflar insan ruhu, düşüncə, şüur, onun
əsas qabiliyyətləri və digər amillər ilə bağlı çox də-
yərli təhlillər və konsepsiyalar yaratmışlar. Doğru-
dur, ruh və insan şüuru ilə əlaqəli fəlsəfi fikirlərə,
hətta Platon, Aristotel və digər yunan filosoflarının
görüşlərində də rast gəlmək mümkündür. Lakin
biz burada daha çox müsəlman filosofların ruh ilə
bağlı fikirlərinə yer vermək istəyirik.

Qeyd etmək lazımdır ki, müsəlman filosoflar

50


Click to View FlipBook Version