The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

İslam-mənəvi dünyadan sosial həyata

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by Raman Dadashov, 2019-03-14 01:07:34

İslam-mənəvi dünyadan sosial həyata

İslam-mənəvi dünyadan sosial həyata

Mehman İsmayılov

İslam: mənəvi dünyadan
sosial həyata

BAKI-2018

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-733d-09/15 saylı, 07 dekabr 2018-ci il tarixli razılıq məktubuna

əsasən nəşr edilmişdir

Mehman İsmayılov

İslam: mənəvi dünyadan
sosial həyata

3

Müəllifdən

İnsanın iki yönü vardır: fərdi və ictimai yönlər. Bu iki yön bir-
birindən təsirlənir və bir-birini tamamlayır. İslam dini insanın hər
iki yönünə xitab edən bir çox prinsiplər gətirmişdir. Fərdi yönü,
yəni mənəvi aləmi düzgün inşa etmədən ictimai yönü, yəni sosial
həyatı nizamlı şəkildə yaşamaq qeyri-mümkündür.

Qurana nəzər saldıqda görürürk ki, insan mövzusuna-onun
şəxsiyyəti, kimliyi, əxlaqı, davranışları, sosial münasibətlərinə çox
geniş yer verilib. Quran insan kimiyini ön plana çıxarır və daha sonra
digər kimlikləri ortaya qoyur. Təqva, ixlas, ədalət, doğruluq, saleh
əməl, əmanət, ehsan (yaxşılıq) və s. bu insanın əsas cəhətləridir.
Bu xüsusiyyətləri mənimsəmədən kamil müsəlman, kamil mömin
olmaq mümkün deyildir. Bu prinsiplərlə mənəvi aləmini tərbiyə
edən insanın sosial həyatdakı münasibətləri uğurlu olacaq və
həmin prinsiplərə bağlı fərdlərdən təşkil olunan cəmiyyətdə də
ictimai münasibətlər düzgün tənzimlənəcəkdir.

Sosial həyatda Quranın “bütün fərqliliklər Allahın qüdrət
əlamətləridir” prinsipi ilə hərəkət edən insan digər insanlarla
münasibətlərini qardaşlıq və dostluq çərçivəsində quracaqdır.
Sadəcə dünya sevgisinə bağlı olmayan insan öz ailə fərdləri
arasındakı münasibətlərin əsasını mənəvi sevgi üzərində
formalaşdıracaqdır. Tövhid əqidəsinin ədalətdən ayrı olmadığnı
idrak edərək dünya-axirət tarazlığını da qoruyacaqdır. Özü üçün
istədiyini digər qardaş və bacıları üçün də istəmədikcə imanı əldə

4

edə bilməyəcyi düşüncəsi ilə hərəkət edərək səxavətli olacaq,
insanlara borc verməyi belə Allaha borc vermək kimi görəcəkdir.
Haqqı hər şeydən üstün tutaraq Haqqın qulu və bəndəsi olacaqdır.
Bir sözlə Qurandakı müsəlman portretində bütünlük vardır. Bu
bütünlük isə iman, ibadət və əxlaq bütünlüyüdür.

MÜNDƏRİCAT

Giriş.........................................................................................8
İnsan........................................................................................8
İnsanın yaradılış qayəsi...........................................................8
İnsan olmaq - ortaq dəyərimiz...............................................11
İnsana hörmət barədə............................................................13
Dindar....................................................................................17
Din ........................................................................................17
Dindar....................................................................................20
Dindarlaşma..........................................................................22
Mömin və müsəlman............................................................25
Mömin kimdir?.......................................................................25
Müsəlman səmimi insandır....................................................28
Mömin və müsəlman: güvənən və güvənilən insan...............30
Müsəlman və digərləri...........................................................32

I FƏSİL

Müsəlmanın Mənəvi Dünyası.
Müsəlmanın mənəvi dünyası:
iman, ibadət və əxlaq bütünlüyü............................................36
Təqva-Allahın sərhədlərini aşmamaq və ya
məsuliyyət şüuru....................................................................39
Saleh əməl- gözəl davranış....................................................43
İxlas........................................................................................46
Ədalət.....................................................................................48
Yaxşılıq (Ehsan).....................................................................51

Doğruluq və ya insana yalan söyləməyən
Allaha yalan söyləməz...........................................................54
Əmanət...................................................................................57
Sevgi.......................................................................................60
Peyğəmbərin (s) mərhəmətinə sarılmaq................................64
Allahın sevdiyi bəndə ola bilmək...........................................67
Allahı unutmamaq və ya özünü unudan insan.......................69
Ölümü xatırlamaq..................................................................71

II FƏSİL

Sosial Həyatda İslam
Din, cəmiyyət və sosial inteqrasiya.......................................74
İslam və cəmiyyətin sosial inteqrasiyası................................84
Fərqliliklərimiz Allahın qüdrət əlamətləridir.........................88
İslam qardaşlığı.....................................................................91
Ailə və İslamdakı yeri............................................................94
İbadət və ictimai məsuliyyət (tövhid və ədalət).....................97
İnfaq-Allah yolunda xərcləmək ..........................................100
Allaha borc vermək(qərzi-həsən)........................................104
Din və adət-ənənə (ürf).......................................................106
Din və dil.............................................................................110
Dirilər və ölülər...................................................................113
Müsəlman və tənqid.............................................................115
Dünya sevgisi.......................................................................118
Dünya-axirət tarazlığı ........................................................120

Haqlıya haqqını verməmək - zülm.......................................124
Ətraf mühit dinimizin gözü ilə.............................................127

III FƏSİL

İslam, Cəmiyyət və Siyasət
Ənənəvi dəyərlər: modernizm və İslam kontekstində..........130
İslamofobiya:kimdir günahkar?..........................................139
İslam və terror? İnsan canı müqəddəsdir! .........................145
İslam və fundamentalizm.....................................................149
Radikallaşma: hal yoxsa proses? .......................................152
Dinlərarası dostluğun Qurandakı əsasları..........................160
Qurani-Kərim, digər ilahi kitablar və peyğəmbərlər
kontekstində dinlərin mənşəcə eyniliyi................................165
Vətən sevgisi hardan başlayır?............................................181
İslamın hər hansı bir modeli varmı? ..................................183

8

GİRİŞ

İNSAN
İnsanın yaradılış qayəsi

İbn Abbas insan sözünün “unutmaq” mənasına gələn “nisyan”
kökündən törədiyini bildirir. O, qeyd edir ki, insan Allahla olan
əhdini unutduğu üçün ona bu ad verilmişdir. Quranda insan
deyildikdə isə fərdi və ictimai məsuliyyət daşıyan mədəni, iradə və
şüur sahibi varlıq qəsd olunur.

İnsan bütün məxluqlardan fərqli yaradılıb. Onu digər
məxluqlardan fərqləndirən əsas cəhət isə Allahın ona Öz Ruhundan
üfürməsidir:

“Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan
(özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz,
qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!”
(“əs-Səcdə”, 32/9)

İnsanı digər varlıqlardan fərqləndirən cəhətlərindən biri də
onun yer üzündə Allahın xəlifəsi olmasıdır:

“(Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün
sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi
diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin
Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə)
tezliklə cəza verən və şübhəsiz ki, (möminləri) bağışlayan,
(onlara) rəhm edəndir!” (“əl-Ənam”, 6/165)

9

Quran həmçinin bəyan edir ki, Allahın yer üzündə xəlifəsi olan
insan əyləncə üçün yaradılmamışdır:

“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib
haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman
edirdiniz?” (Müminun, 23/115) Ona görə də onun başlı-başına
buraxılması mümkün deyildir: “Məgər insan elə güman edir
ki, o, başlı-başına buraxılacaq?!” (“əl-Qiyamə”, 75/36)

İnsanın yaradılışının üç əsas səbəbi var. Bunlar ibadət, kainatı
abad və islah etmək və əmanətə sahib çıxmaqdır. İbadət deyildikdə
sadəcə namaz, zəkat və s. kimi ibadətlər başa düşülməməldir. İbadət,
Allahın varlığını tanımaq (marifət) və insanın öz mövcudluğunu
şüurlu şəkildə Allahın iradəsi ilə uyğun hala gətirmək istəyidir.
Quran iradəsi olmayan varlıqların ibadətini “ityan” və “səcdə”
sözləri, insanın ibadətini isə “übudiyyət” kəlməsi ilə ifadə edir.
Çünki sonuncuda şüura ehtiyac vardır.

İnsanın yaradılış səbəblərinin ikincisi olan kainatın
abadlaşdırılması və islahı məsələsinə gəldikdə, Quranın bir
çox ayəsində bundan bəhs olunub. Abadlaşdırma və islah Allah
tərəfindən bizə əmanət edilən öz mənliyimizi və ətrafımızı
qorumaq deməkdir. “Ənbiya” surəsinin 105-ci ayəsində bu barədə
belə buyurulur:

“Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra
Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa
yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq”.

Allah-Təala yer üzünü abad və islah etməsi, inkişaf etdirməsi
və Allahın ona göstərdiyi kamillik dərəcəsinə çatması üçün insanı
ora xəlifə təyin edib. Lakin yer üzünün varisi olmaq demək sadəcə

10

yuxarıda qeyd olunanları yerinə yetirməkdən ibarət deyildir.
Bunlarla yanaşı insanın öz daxili aləmini abad və islah etməsi də
lazımdır.

İnsanın yaradılışının üçüncü qayəsi isə Quranda belə dilə
gətirilir:

“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar
ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub
çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox
cahildir”. (“əl-Əhzab”, 33/72)

Bu qayə insana verilən əmanətdir. Müfəssirlər ayədəki əmanəti
ağıl kimi şərh edirlər. Çünki Allahın yer üzündəki xəlifəsi olmaq
yalnız bu ağıl sayəsində mümkündür. Bəli, insan göylərin, yerin və
dağların qəbul etmədiyi bu təklifi qəbul etmişdir. Onu digər bütün
məxluqlardan fərqləndirən də məhz bu əmanətə sahib çıxmasıdır.

11

İnsan olmaq - ortaq dəyərimiz

İnsanların ortaq yönü onların insan olmalarıdır. İnsanlar bu
dünyada özlərindən asılı olmayan (vəhbi) və ya özlərindən asılı
olan (kəsbi) və yaxud da qismən özlərindən asılı olan, qismən də
olmayan (kəsbi və vəhbi) səbəblərdən müxtəlif rolları ifa edirlər.
Belə ki, bəzilərimiz zənci, bəyaz, alman, fransız, fars, ərəb,
azərbaycanlı kimi vəhbi; bəzilərimiz, adil, yalançı, dürüst, səmimi,
yaltaq, liberal, radikal, fanatik və s. kimi kəsbi; bəzilərimiz isə
xristian, yəhudi, müsəlman, sünni, şiə, protestant, katolik və s. kimi
həm vəhbi, həm də kəsbi rolları bu dünya səhnəsində ifa edirik.

Kainatdakı müxtəlifliyin davamı olan bu rollara kəm gözlə
baxmaq biz insanlara hər zaman kədər gətirmiş, hüzn vermiş,
iztirab çəkdirmişdir. Biz insanlar hər şeyi mümkün olduğu qədər
bir kənara qoyaraq (inanmayanlar bu dünyada, inananlar isə
bu dünyada bir kənara qoymaqla yanaşı o biri dünyaya da ümid
bəsləyərək) ortaq yönümüzə, yəni, “insan” kimliyimizə sarılaq.

Burada məşhur Braziliya yazıçısı Jorji Amadunun “Qum
Dəryasının Kapitanları” romanındakı bir epizoda müraciət etmək
lap yerinə düşərdi. Amadu qayğıdan uzaq, tərk edilmiş və səfil
həyat tərzi sürən uşaqlardan (kapitanlardan) bəhs edən bu əsərində
kilsə xadimi Pedro Joze ilə bu uşaqlara yardım etmək, daha doğrusu
onları kilsəyə cəlb edib dindar etmək istəyir. Lakin Joze çox səy
göstərdikdən sonra bu məsələdə heç nəyə nail ola bilməyəcəyini
başa düşür və anlayır ki, içərilərində “mərhəmətin cana xeyri

12

yoxdur, bu dünyada nəyəsə nail olmaq nifrətlə mümkündür”
düşüncəsini daşıyanların da var olduğu bu “küçə oğrusu uşaqları
kilsə mömininə çevirmək mümkün deyil. Amma onları normal
insanlara çevirmək yüz faiz olar”.

Deməli, hər şey “normal insan” yaratmaqdan başlayır. Normal
insan şəxsiyyətinə sahib olmadan nə bu dünyanın “əsl vətəndaşı”
ola bilərik, nə də o dünyanın cənnətinə nail ola bilərik. Çünki bütün
mütərəqqi fikirlər, ideyalar, dinlər, o cümlədən bizim dinimiz İslam
da belə deyir. Tövrat da, İncil də, Quran da belə deyir.

Söz Qurandan düşmüşkən ona nəzərə saldıqda orada “insan”
məfhumuna çox geniş yer ayırılmış, onun mənfi və müsbət
xüsusiyyətlərinə yer verilmiş, insanın bəzən “əhsəni təqvim”ə
qədər yüksələ biləcəyi, bəzən isə “əsfələ-səfilin”ə (şəxsiyyətsizliyə)
qədər alçala biləcəyi göstərilmişdir. Düzdür Quranda “imana” çox
vurğu olunur. Lakin “insan”a da bir o qədər vurğu vardır. Yəni,
Quran üçün “iman” nə qədər önəmlidirsə, “insan” da bir o qədər
önəmlidir. Bunlar bir-birini tamamlayırlar.

Çox təəssüf ki, Quranın bu yönü çox gözardı edilmiş, iman
məsələsinə ayrılan yer insan məsələsinə ayrılmamışdır. Və yaxud da
yer ayıranlar lazımi səviyyədə qiymətləndirilməmiş və yazdıqları
da sətirlərdə qalmışdır. O ol, bu ol, sonra “insan” olarsan məntiqi
bəşəriyyətə qarşı edilmiş ən böyük yanlışlardan biridir. Neçə əsr
əvvəl “nə olursan ol, yenə gəl” deyən Mövlana da, “hər şeydən
əvvəl insan ol” demək istəyib.

13

İnsana hörmət barədə

İslamın insana verdiyi dəyəri göstərmək üçün zənnimcə
Quranın bu ayəsi kifayətdir: “Biz Adəm oğullarını üstün və
şərəfli etdik, quruda və dənizdə onları daşıdıq, onlara pak
ruzilər verdik və onları yaratdıqlarımızın bir çoxundan fəzilətli
etdik.” (“əl-İsra”, 17/70)

Allah-Təala bu ayədə insanlara onları digər bütün canlıların
və hətta mələklərin fövqünə çıxaran düşünmə qabiliyyəti bəxş
etdiyini bildirirərək onların fərqli olduğuna diqqət çəkir. İnsan
mənliyini dərk edən varlıqdır. Özü haqqında şəxsi bilgi sahibi olan
yeganə canlı varlıq insandır.

Həmçinin görürük ki, ayədə “müəyyən dinə, xalqa, irqə mənsub
insanı” deyil, ümumilikdə “Adəm övladını, yəni insanı” şərəfli və
hörmətli etdik deyilir. Bu da onu göstərir ki, hər bir insan Allahın
ona verdiyi şərəfli və hörmətli olmaq potensialına malikdir.

Filosoflardan biri belə deyir: “Düşüncəm dünyanın dörd tərəfini
dolaşdı, insan üçün öz “mən”indən daha dəyərli bir şey görmədi.
Madam ki, hamımız üçün ən mühüm olan öz mənliyimizdir, onda
başqalarının da mənliyinə özümüzünkü qədər hörmət etməliyik”.

İnsan məfhumu digər bütün məfhumların mərkəz nöqtəsidir.
Ona görə də insanın insan haqqındakı görüşü və ya insanın özünə
baxışı onun digər bütün qənaət və fikirlərini formalaşdırır və onlara
dərindən təsir edir. Digər bütün problemlərin həlli insanın özünün
həllinə bağlıdır. Çünki insanın öz-özünə verdiyi dəyər, onun digər
məsələlərin həllində və onlara qiymət verməsində mühüm meyardır.

14

İnsan kim olduğunu seçməli, yaxşı tərəfini də, pis tərəfini də eyni
həssaslıqla ortaya çıxarmalıdır. Yəni, sadəcə yaxşı tərəfini ortaya
çıxarmaqla kifayətlənib özünü aldatmamalıdır. Əksinə hər keçən
gün daha yaxşı məziyyətlər qazanmağa səy göstərməlidir. Bir hind
atalar sözündə deyildiyi kimi “başqalarından üstün olmağımız
mühüm deyil, əsas olan dünənki halımızdan üstün olmağımızdır”.

İnsan həyatının ən böyük problemi “insan” problemidir. Müasir
insan üçün əsas problem insanın özüdür. İnsanın şüurlu, məntiqli,
seçmə qabiliyyətinə sahib, dürüst və əxlaqlı olması lazımdır. Çünki
insan tələskəndir (“əl-İsra”, 17/11), çox tamahkardır (“əl-İsra”,
17/100), çox da xəsisdir (“əl-İsra”, 17/100), hər şeydən başqa
Rəbbinə qarşı çox nankordur və özü də buna şahiddir (“əl-Adiyət”,
100/6-7). Ancaq o, özünü dəyişdirməsə Allah da onu dəyişdirməz
(“ər-Rad”, 13/11). Belə olduğu təqdirdə insan bütün bu pis
xislətlərdən necə qurtulmalıdır? Allah-Təala bütün bunlardan xilas
olmaq üçün insanın təqvalı olmasını istəyir: “Allah qatında sizin
ən şərəfliniz ən təqvalınızdır” (“əl-Hucurat”, 49/13). Nədir təqva?
Əxlaqi davranışlardakı tarazlığa Quran təqva adını vermişdir. Başqa
cür tərif etsək təqva Allahn qoymuş olduğu sərhədləri aşmamaqdır.

Türk alimi İsmet Altıkardeş qeyd edir ki, bu günkü insan
insanı tərbiyələndirmə baxımından hər çağın insanından daha
“güclü”dür. Ancaq bütün dövrlərin insanlarından fərqli olaraq ona
necə “tərbiyə “ verəcəyi haqqında daha az şey bilir. Bu günkü insan
istədiyi şəkildə həyat sürə bilər, amma “necə” yaşadığını bilməz,
çünki “nə üçün” yaşadığını bilmir.

İnsan özü olmadan özünü aşa bilməz. Özünü aşmadan da
özünü tanıya bilməz. Özünə hakim olmadan və özünü aşmadan

15

bəşəri məziyyətlərə nail olmaz. İslam insanın özünə dönməsini,
özünü tanımasını və pisliklərə qarşı mübarizəsini daxili aləmində
də aparmasını istəyir. Erix Frommun dediyi kimi insan ancaq
özünü ifadə etdiyi və daxilindəki gücü hərəkət keçirdiyi təqdirdə
özü olacaqdır. Əgər insan bunu edə bilməsə və “olmaq”dan çox
“sahib olma”ğa can atacaqsa, onda özü olmaqdan çıxacaq. Həyat
onun üçün mənasını itirəcək. Çünki insan kamil olmadıqca heç
bir şey kamil olmaz. İnsan kamil olarsa etdiyi hər iş də mükəmməl
olar. Kamil insan isə mənliyini tanıyan, sadəcə şəxsi mənfəətləri
ardınca qaçmayan, xəsislikdən uzaq və digər insanlara yuxarıdan
aşağıya baxmayan insandır.

İnsana hörmət məsələsi ilə bağlı bir xatirəm var: Bir
gün bir məclisdə oturmuşduq. Yemək yeyirdik. Yanımdakı
yoldaş yemək yeyib qurtaran kimi süfrədən qalxdı. Bu vaxt süfrə
arxasında əyləşənlərdəm biri: “Çörəyə hörmət qoymurlar. Adam
da heç çörək götürülmədən süfrədən qalxar?”-dedi. Bu sözləri
deyən adam insanlara bir o qədər də hörmət qoyan adam deyildi.
Öz-özümə dedim: “Çörəyə bu qədər hörmətlə yanaşan bu adam,
insanlara nə üçün hörmət qoymur?”. Sonra isə sualımın cavabını
tapdım: “Əslində bu adama ta uşaqlıqdan çörəyə hörmət kimi
insanlara da hörmət qoymağı öyrətsəydilər, o, insanlara da bu
qədər hörmət bəsləyərdi.”

Belə bir deyim var: “Yerə düşən çörəyin üstünə basan heç
bir insan görmədim, ancaq yerdəki insanı təpikləyən çox insan
gördüm”. Həqiqətən də biz insanların uşaqlıqdan və ətraf-mühitdən
öyrəndiyi bir çox “doğrular” vardır ki, bunlar bizim həqiqi və ya
daha mühüm doğruları öyrənərək mənimsəməmizə mane olur. Bir

16

çox şeyə hörmət göstərə bildiyimiz halda çox təəssüf ki, insana
hörmət göstərə bilmirik. Halbuki bütün məxluqlar arasında ən
çox hörmətə layiq olan əşrəfi-məxluqat olan insandır. O insan ki,
Allah onu yer üzünə xəlifə təyin etmişdir (“əl-Bəqərə”, 2/30). O
insan ki, heç bir məxluqun daşımağa boyun olmadığı “əmanəti” öz
boynuna götürmüşdür (“əl-Əhzab”, 33/72). O insan ki, Allah hər
şeyi onun əmrinə vermişdir (“əl-Casiyə”, 45/13). O insan ki, Allah
onu ən gözəl şəkildə yaratmışdır (“ət-Tin”, 95/4). Allahın ona Öz
ruhundan üfürmüş (“əs-Səcdə” 32/9, “əl-Hicr” 15/23, “Sad” 38/72)
və mələklərə ona səcdə etdirmişdir (“əl-Bəqərə”, 2/34)”. Yəqin ki,
Mövlana da məhz buna görə insan üçün “sənə xidmət etmək bütün
varlıq aləminə vacibdir” deyir.

İnsanlarla münasibət qurarkən onlara dəyər vermək və hörmət
bəsləmək prinsipini hər an göz önündə tutmalıyıq. Həzrət Əli
də xəlifə ikən Misirə vali təyin etdiyi Malik ibn əl-Əştərə belə
yazırdı: “Oradakı insanlara sevgi, mərhəmət, gözəl duyğular bəslə.
Çünki onlar ya dində qardaşın, ya da yaradılışda bənzərindir”.
Bəli, insana hər şeydən əvvəl insan olduğu üçün hörmət qoymağı
bilməli, öyrənməli və həyatımızda tətbiq etməliyik. Lakin digər
insalara hörmət etmək üçün əvvəlcə özümüzdən başlamağımızı da
unutmamalıyıq. Çünki bunun bəzən insanın qədərinin təyinində
belə təsiri olur:

“Mənliyini elə ucalt ki,
Allah qədərini yazarkən bunu ən ön sıraya qoysun”.
(Məhəmməd İqbal)

17

Dindar
Din

Din kəlməsi ərəb dilində olub “boyun əymək, idarə etmək,
cəza vermək, mükafat vermək, hesaba çəkmək” və s. mənalara
gəlir. Din kəlməsinin “borc” mənasına gələn “deyn” kökündən
törədiyini də iddia edənlər vardır. Hesab gününə “yəvmud-din”
deyilməsinin səbəbi də insanın borcu barədə hesaba çəkilməsidir.
İslam kəlamçıları dini “Allah tərəfindən vəhy yolu və peyğəmbərlər
vasitəsilə göndərilən, bu dinə tabe olanları dünya və axirətdə nicata
aparan etiqad və əməllərdən ibarət dəyərlər toplusu” şəklində tərif
etmişlər. Qərb mütəfəkkirlərinin din tərifləri müxtəlidir. Fransız
sosioloqu Emil Dürkheym dini “ictimai həyatın bir funksiyası”
adlandırıb. İngilis antropoloqu E. B. Teylor dinə “ruhi varlıqlara
inam”, R.Otto “qorxuducu və sehrləyici sirr”, Y. Vax “müqəddəsin
təcrübəsi” kimi təriflər vermişlər.

Din, insanı onun yaradılış qayəsinə uyğun olaraq ucaltmaq
istəyir. Dinin əsas hədəfi bütün daxili aləmi və davranışları
ilə insandır. Din, insanı insan etməyə çalışır və insanın özünü
tanımasını istəyir. İnsanları insaflı olmağa və başqalarına qarşı
mərhəmətli davranmağa səsləyir. Digər insanlarla heç bir mənfəət
güdməyən, yalnız sevgiyə əsaslanan səmimi dostluqlar qurmağa
çağırır. Qısaca desək, din, kainatın insan tərəfindən qavranılmsı
təşəbbüsüdür.

18

Modernizm dini cəmiyyətdən bir qədər uzaqlaşdırsa da,
postmodernizm onu yenidən cəmiyyətə qaytardı, lakin bu qayıdış
heç də əvvəlki kimi deyil, ondan tamamilə fərqli və çoxşaxəli
qayıdış oldu. Məsələn, belə bir nümunə verək: Yaşadığımız
dünyada insanlara ən çox təsir edə bilən şeylərdən biri modadır.
Bu moda həyatımıza müxtəlif şəkillərdə sirayət edir və əksəriyyət
bu barədə heç nə düşünmədən ona uyurlar. Bu, din üçün də
keçərlidir. Belə ki, axşam fərqli olan bir insan, səhər “dindar” kimi
oyanır və ya modaya uyğun olaraq dindar ola bilir. Yəni, bu gün
yaşadığımız dünyada insanı dinə yaxınlaşdıran və eyni zamanda
ondan uzaqlaşdıran səbəblər əvvəlki dövrlərlə müqayisədə qat-qat
çoxdur.

Amerikalı yəhudi əsilli din sosioloqu Fil Zukerman “İnvitation
to the Sociology of Religion” adlı əsərində belə yazır: Mən kiçik
olarkən atam camaatla yaxınlığın sosial əhəmiyyətini vurğulayaraq
belə deyərdi: “Sam (atasının dostu) sinaqoqa Tanrıyla danışmaq
üçün gedir. Mən isə oraya Samla danışmaq üçün gedirəm. Bəli,
əsas məsələ budur: Məscidə, sinaqoqa, kilsəyə və s. ibadətxanalara
kiminlə danışmaq üçün gedirik?

Yuxarıdakı sual dini doğru anlamaqla əlaqəlidir. Dini
yaşamağın, onu tədris etməyin ilk şərti onu doğru anlamaqdır.
Çünki bir şeyi anlamadan onu həyata tətbiq etmək özü ilə bir çox
problemlər gətirəcək. Dini doğru anlamaq dedikdə isə onu bütöv,
əhatəli şəkildə anlamağı nəzərdə tuturam. Dinə bütöv şəkildə
yanaşmadan onu anlamaq qeyri-mümkündür.

Gələk İslama. İslam dininə bütöv yanaşma dedikdə də Quran

19

və hədislərə bütövlük çərçivəsində baxmağı nəzərdə tuturuq. Çünki
hər iki qaynaqda məsələlərin görünən və görünməyən (zahir-batin)
tərəfləri vardır. Və bu tərəflər bir-birlərini tamamlayırlar. Ona görə
də hər hansı bir məsələdən danışarkən görünməyən tərəfi gözardı
etmək, o məsələnin yanlış anlaşılmasına gətirib çıxardır. Məsələn,
Quran və hədislərdə insan şəxsiyyəti mövzusunu ələ alaq. Bu
mövzudakı bütün ayə və hədisləri toplayaraq İslamın insan
şəxsiyyətini ortaya çıxararkən sadəcə bəzi cəhətlərə əhəmiyyət
verib digərlərini gözdən qaçırsaq, onda məsələni yanlış şəkildə
izah etmiş olarıq. Quran və hədis bir tərəfdən abid, zahid insandan
bəhs edərkən, digər tərəfdən də dürüst, yalan danışmayan, haqqı
söyləyən insandan, başqa bir tərəfdən isə adil, təqvalı, mərhəmətli
insandan bəhs edir. Şəxsiyyətlə bağlı Qurandakı bu məziyyətləri
daha da artırmaq olar. Lakin burada əsas məsələ bu fərqli
məziyyətlərə bütöv və əhatəli şəkildə yanaşmaqdır. Bunların bir
hissəsini gözardı etsək, o təqdirdə İslamın şəxsiyyət modelini
səhv şəkildə anlamış olarıq. Məsələ bu şəxsiyyət modelini sadəcə
yanlış anlamaqla da bitmir. Bu da öz növbəsində həmin şəxsiyyət
modelinin yanlış libasla təqdim olunmasına aparıb çıxarır.

Quran və İslam elmləri sahəsində tədqiqatları ilə tanınan
yapon alimi Toşiko İzutsu “Quranda Allah və İnsan” adlı kitabında
mövzumuzla bağlı belə deyir: “Quranda kəlmələrarası əlaqə son
dərəcə maraqlıdır. Məsələn, Allah, salam, nəbi, iman və s. kimi çox
mühüm Quran sözlərini toplayıb, onların Quranda hansı mənalara
gəldiklərini ortaya çıxarmaqla o mənaları qavraya biləcəyimizi
zənn edirik. Ancaq əslində məsələ o qədər də bəsit deyil. Çünki bu

20

kəlmələr bir-birlərindən ayrı deyillər. Hər birinin digəri ilə yaxın
əlaqəsi var..... Yəni, mənalar tək başına deyil, sistem içərisində
dəyər qazanırlar.

Dindar

Dindar olmaq dedikdə nə qəsd olunur? Onun müəyyən
kriteriyaları varmı, yoxsa zaman və məkana görə dindarlıq
kriteriyaları da dəyişirmi? İslam nöqteyi-nəzərindən dindar olmaq
həyatda hər zaman təhtəlşüurumuzda Allahı düşünərək yaşamaqdır.

Dindar olduğunu iddia etmək dindarlıq üçün kifayət etmir.
Bir sosioliqun da dediyi kimi bir insanın hansı dinə qulluq
etdiyini bilmək istəsən, əvvəlcə onun davranışlarına bax. Əgər
davranışlarında dinin təsirini görmürüksə, deməli o insan bu günün
modası olan “şəkilçi dindarlığa” mənsubdur.

Şəkilçi dindarlıq nə deməkdir? Hər şeydən əvvəl onu qeyd
edək ki, hər bir dinin şəkil yönü olduğu kimi bizim dinimizin də
şəkil yönü vardır. Ancaq dinin şəkil yönünü şəkilçiliyə çevirmək
dinin ruhunu inkar etməkdir. Şəkilçiliklə dinin ruhunu tamamilə
arxa plana atmağı nəzərdə tuturuq. Quranda dində şəkilçiyə qarşı
çıxan bir çox ayə mövcuddur ki, onlardan biri belədir:

“Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və
günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi
əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın
nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan,
(Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə

21

baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə,
yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara),
dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb
zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar,
dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və
cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında,
sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar
da onlardır!” (“əl-Bəqərə”, 2/177)

Yəni, nə qiblənin istiqamətinin dəyişdirilməsindən, nə də
ibadət məqsədi daşıyan davranışlardan qəsd olunan məna insanların
üzlərini şərqə ya da qərbə, Beytülmüqəddəs ya da Kəbə tərəfə
çevirmək deyil. Başqa cür desək ayədəki «yaxşılıq» mənasına gələn
- «birr»in qayəsi qəlbin duyğularından və həyatda tətbiqi vacib
olan davranışlardan uzaq, eyni zamanda faydasız şəkilçi ibadətlər
deyildir. Əksinə yaxşılıq (birr) həm fərdin, həm də cəmiyyətin
vicdanına təsir edən düşüncə, hiss və əməl bütünlüyüdür. Buradan
da belə bir nəticə çıxara bilərik ki, dindar məhz düşüncə, hiss və
əməllərində bu bütünlüyü qura bilən şəxsdir.

Başqa bir ayədə isə mövzumuzla əlaqəli belə buyurulur:
“Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi
cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan
və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə)
görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!”
(“əl-Bəqərə”, 2/225)
Burada da görürük ki, insan bilmədən and içərsə cəzalandırılmaz.
Çünki işlədiyi günah şəkil yönündəndir. Lakin qəsdən və yalandan,

22

yəni pis niyyətlə and içərsə onda cəzaya layiqdir.
Quran şəkilçi dindarlığa və dindarlara qarşı çıxaraq onları

“divara söykədilmiş dirəklər”ə bənzədir:
“(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-

buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq
asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz
bədən, müqəvva kimidirlər)”. (“əl-Münafiqun”, 63/4)

Dindarlaşma

Azərbaycanda dindarlaşma barədə əhatəli sosioloji sorğu
keçirilməsə də, mətbuatdan, gündəlik həyatdan, sosial şəbəkələrdən
və s. kimi məlumat mənbələrindən görürük ki, müstəqilliyimizi
yenidən əldə etdikdən sonra insanlar, xüsusilə də gənclər arasında
dindarlaşma faizi bir xeyli artmışdır. Burada mövzumuzdan
kənar olduğu üçün cəmiyyətimizdə dindarlaşmanın səbəblərinə
yer vermək istəmirəm. Sadəcə onu qeyd edim ki, kommunist
ideologiyasının çökməsi və qapalı mühitin sona çatması belə
dindarlaşmaya təsir edən ən bəsit amillər oldu.

Bir çox müsəlman ölkəsi ilə müqayisə edildikdə aydın olur
ki, Azərbaycan cəmiyyəti dini dözümlülük baxımından onların
əksəriyyətindən fərqlənir. Azərbaycan digər müsəlman ölkələr
arasında sünnilik-şiəlik məsələsinə görə özünə xas yeri olan
ölkədir. Daha doğru ifadə etməyə çalışsaq sünni-şiə uzlaşmasının
ən yüksək səviyyədə olduğu ölkə Azərbaycandır. Lakin bu gözəl
ənənənin qorunması son dərəcə vacib və lüzumludur.

23

Yuxarıda qeyd etdiyimiz bu gözəl ənənənin meydana
gəlməsinin ən başlıca səbəbi bəzi müsəlman ölkələrindən
fərqli olaraq Azərbaycanda heç vaxt dini radikalizmin və ya
dini radikalizmə səbəb olacaq dini dünyagörüşünün özünə yer
tapmamasıdır. Tarixin müəyyən dövrlərində dini qarşıdurmalar
meydana çıxarmaq cəhdləri olsa da Gəncəvilər, Fizulilər,
Bakuvilər, Nigarilər, Naxçıvanilər, Şirvanilər və s. kimi insanlar
hər əsrdə ortaya çıxaraq dinin irfan yönünü qabartmış və cəmiyyəti
dinə hər zaman bu yolda istiqamətləndirmişlər.

Digər bir səbəb isə uzun illər SSRİ-nin tərkibində qalmağımız
və həmin dövrdə dindən bir xeyli uzaqlaşmamız idi. Dini
ədəbiyyatın olmadığı, dini fəaliyyətlərin demək olar ki, minimuma
enməsi onu gündəlik həyatdan vurub çıxarmış və çox dar sahəyə
həbs etmişdi.

Müstəqilliyin ilk illərində dinə olan maraq birdən-birə artsa
da, Ermənistanla aparılan müharibə, müstəqilliyin ilk illərindəki
çətinliklər də dini canlanmaya mane olan faktorlardan idi. Lakin
sonrakı dövrlərdə yaranmış sabitlik və bu sabitliyin müxtəlif
sahələrdəki təzahürü din sahəsindən də yan keçməmişdir. Yeni
ibadət evlərinin tikilməsi, təmir olunması, dini ədəbiyyatın
nəşri, idxalı, xarici dini təsirlər və s. ilə dindarlaşma prosesi yeni
mərhələyə qədəm qoyaraq artan istiqamətdə davam etmişdir.

Qlobal dünyanın bir parçası olan ölkəmizdə sosial, iqtisadi
və digər sahələrlə yanaşı dini həyat da getdikcə rəngarəngləşir.
Dindarlaşmanın doğru idarə olunması bu dövrdə gələcəyimiz
baxımından çox böyük əhəmiyyət kəsb edir. İnsanların dünyaya

24

baxışına çox böyük təsir gücünə malik olan dindarlaşma prosesində
doğru addımların atılması son dərəcə labüddür.

Dindarlaşma və ya dinə olan marağın artması eyni zamanda
dini radikalizm, din istismarı və dini qarşıdurmaların ortaya
çıxması üçün də münbit şərait yaradır. Ona görə də dindarlaşmanın
mütəxəssislər tərəfindən düzgün şəkildə idarə olunması vacibdir.
Bu sahədə ən böyük məsuliyyət və iş savadlı dini kadrların,
ilahiyyatçıların, din sosiologiyası, din psixologiyası və din
fəlsəfəsi ilə məşğul olan insanların üzərinə düşür. Bu məsuliyyət
isə təəssübkeşlikdən və cəhalətdən uzaq, Allah sevgisi və bunun
təzahürü olan insan sevgisini hər şeydən üstün tutan, dəyərləri əks
etdirən dini dünyagörüşün təbliğidir.

Mətbuatda, sosial şəbəkələrdə dini mövzularla bağlı
yazılan şərhlərə nəzər saldıqda narahatçılıq verəcək səbəblərin
getdikcə çoxaldığını görürük. Dini sadəcə etiqad və ibadət
məsələlərindən ibarət görən, onun ruhani, irfani, fəlsəfi, əxlaqi və
s. keyfiyyətlərindən isə bixəbər olan və ya bu keyfiyyətləri görmək
üçün lazımi bilgi və dünyagörüşünə malik olmayan insanların
din barəsində söylədikləri fikirlər son dərəcə təhlükəlidir. Bu cür
fikirlərlə mübarizə aparmaq, dinə maraq göstərən insanları bu
sahədə maarifləndirmənin nəinki dini ab-havaya, hətta ümumi
dünyagörüşümüzə təsir edəcəyi şübhəsizdir.

25

Mömin və müsəlman

Mömin kimdir?

Qurani-Kərimə görə ideal insan “mömin”in vəsflərini
daşıyan insandır. Çünki iman Qurandakı bütün əxlaq dəyərlərinin
mərkəzidir. Bütün İslam dəyərlərinin çıxdığı qaynaq imandır.
Bəs möminin bu vəsfləri nələrdir? Quran bunu bizə necə tanıdır?
Aşağıdakı ayələr bu suallara belə cavab verir:

“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun
heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın
ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha
da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

(Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz
ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir.
Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət
günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz)
ruzi gözləyir!” (“əl-Ənfal”, 8/2-4)

Bu ayədə vurğulanan əsas məsələ həqiqi möminin Allahın
adı çəkiləndə belə qəlbində dərin xüşu hissinin oyanmasıdır. Bu
səviyyəyə gəldikdən sonra həqiqi möminə çevirilən insanların
xarici təzahürlərini Quran belə tərif edir:

(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc
tutanlar (və ya elm təhsil etmək üçün yurdundan ayrılıb başqa
yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar),

26

yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın
hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə
möminləri (Cənnətlə) müjdələ! (“ət-Tövbə”, 9/112)

Yəni, həqiqi iman insanları xeyirli işlər görməyə sövq
etməlidir. Yoxsa o iman səhih sayılmaz.

İndi bəhs edəcəyimiz ayələr isə həqiqi möminlərə yaraşan
davranış qaydalarını sıralayır:

“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer
üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz
atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları
incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün
səcdə və qiyam (namaz) içində keçirərlər.

Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən
sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! Doğrudan da,
o, nə pis məskən, nə pis yerdir!”

Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik
edər, bu ikisinin arasında orta bir yol tutarlar.

Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz,
Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu
öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını
çəkər”.(“əl-Furqan”, 25/63-68)

Və eyni zamanda:
“O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə
rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan
üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara
əhəmiyyət verməz);
O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü

27

onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-
dildən qulaq asar);

Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və
uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün
işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə
imam (rəhbər) et! - deyərlər”. (“əl-Furqan”, 25/72-74)

Möminin təsvirinə Quranda çox böyük bir yer ayrılmışdır.
Burada həmin təsvirə geniş yer ayırmağa imkan yoxdur. Ona görə
də biz “Müminun” surəsindəki aşağıdakı ayələrə yer verməklə
“mömin” rəsminin təsvirini bitirmək istəyirik:

“Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail
olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)

O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və
cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın
qarşısında kiçilərlər!)

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan
olunmuş əməllərdən) üz döndərərlər;

O kəslər ki, zəkat verərlər;
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;”
(“əl-Müminun”, 23/1-5)
“O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub
saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz,
verdikləri sözü yerinə yetirərlər); Namazlarına riayət edərlər
(həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin)
varis olanlar - Firdovs cənnətinə varis olanlar, orada əbədi
qalanlar!” (“əl-Müminun”, 23/8-11)

28

Müsəlman səmimi insandır

Səmimiyyət Qurani-Kərimin formalaşdırmaq istədiyi
şəxsiyyətin sıralama baxımından bəlkə də ilk prinsipidir.
Çünki səmimiyyət olmadan şəxsiyyətin formalaşmasından bəhs
etmək əbəsdir. Çox təəsüflər olsun ki, bu gün biz müsəlmanlar
nədənsə şəxsiyyətimizin ölçüsü olan bu qədər önəmli bir prinsipi
görməməyə çalışırıq və yaxud da görmək istəmirik. Halbuki
şəxsiyyətimizlə əlaqəli olan bir çox çatışmamazlıqların arxasında
məhz bu görməməyə çalışmaq və ya görmək istəməmək durur.

Nədir səmimiyyət? Səmimiyyətə bir çox təriflər verilib.
Bir tərifə görə “səmimiyyət başqasının gözlərinin içinə baxaraq
danışmaqdır”. Rəsulullah (s): “Din, bütünlüklə səmimiyyətdən
ibarətdir” buyurmuşdur.

Bir insanın İslamı qəbul edərkən ilk söyələdiyi ifadə kəlimeyi-
şəhadətdir. Amma unutmamaq lazımdır ki, sadəcə kəlmeyi-
şəhadəti söyləyən müsəlman olmaz. Kəlimeyi-şəhadətin mənasına
inanan insan müsəlman olar. İmanını sadəcə Allaha həsr edən
insan bütün həyatını Onun yolunda fəda edər, ixlasla sadəcə Ona
bağlanar. Onun Allaha olan bağlılığı o qədər güclüdür ki, hər şeyi
Onun üçün fəda etməyə hazırdır.

Səmimiyyət məfhumu çoxşaxəli bir məfhumdur. Qurani-
Kərimdə insan şəxsiyyəti ilə bağlı məsələləri bir bütün olaraq
ələ aldığımızda bu məfhumun həmin məsələlərin hamısını əhatə
etdiyini görürük. İstər əxlaq prinsipləri, istər davranış qaydaları

29

(müaməlatlar), istərsə də ibadətlər bu qavramın çətiri altındadır.
Başqa cür desək, mənəvi yönü təşkil edən əxlaq prinsipləri
ilə maddi yönü təşkil edən müaməlat və ibadətlərin ahəng
içərisində olub-olmamasını ölçə biləcəyimiz tək ölçü vahidi
səmimiyyətdir. Əgər bir insan maddi yönü meydana gətirən
müəmalat və ibadətlərində səmimi görünüb mənəvi yönü təşkil
edən əxlaq prinsiplərində səmimi deyilsə, o insanın müaməlat
və ibadətlərindəki səmimiyyətindən söhbət gedə bilməz. Çünkü
Quran bu cür parçalanmış insan şəxsiyyətini inkar edir. Ona görə də
ilk öncə mənəvi yönümüzü təşkil edən əxlaq üzərində durmalıyıq.
Əxlaq isə çox geniş bir məfhum olub doğruluğu, yaxşılığı, ədaləti,
cəsarəti və digər bir çox dəyərləri əhatə edir.

Qurandakı “Lə ikrahə fid-din” (“Dində məcburiyyət yoxdur”,
“əl-Bəqərə”, 2/256) ayəsinin bəlkədə bizə bildirmək istədiyi
məsələlərdən biri də “dində səmimiyyət vardır” mesajıdır. Yəni,
hər hansı bir şeydə məcburiyyət varsa orda səmimiyyət yoxdur.
Səmimiyyətin olmadığı heç bir şey isə qalıcı deyildir. Səmimiyyət
riya qəbul etmir. Müsəlmanın əməli nöqsanlı olsa da, imanı kamil
olmalıdır. Allah-Təala, “Zümər” surəsinin 33-36-cı ayələrində
danışdığı zaman haqqı söyləyən, haqqı təsdiq edən, hər zaman
haqqın yanında olan kəslərin keçmiş qüsurlarını bağışlayacağı və
onları mükafatlandıracağı ilə müjdələmişdir.

Uşaqlıqdan başlayaraq həyat yolumuzun müxtəlif dövrlərində
bu prinsipin aşılanmasının nə qədər zəruri olduğu ortadadır. Çünki
fərdlərinin bir çoxunun səmimi olmadığı cəmiyyətlərin əxlaqi
cəhətdən normal şəkildə formalaşmaları mümkün deyildir. Əxlaqi

30

cəhətdən normal formalaşmayan cəmiyyətlər isə həyat səhnəsində
lazımi yerləri tuta bilməzlər. Bunun üçün də hər şeydən əvvəl
səmimi olmağımız lazımdır.

Mömin və müsəlman:
güvənən və güvənilən insan

Müsəlman cəmiyyətlərindəki ən böyük problemlərdən biri
insanların bir-birlərinə güvənməməsidir. Gündəlik həyatda
müsəlmanların bir-birlərinə güvənmədiklərinin çox şahidi oluruq.
Ən təəccüblüsü isə dindar insanlar və ya dindar olduğunu iddia
edənlər belə bir-birlərinə güvənmirlər. Əsası qarşılıqlı etimada
söykənən bir dinin mənsubları nə üçün bir-birlərinə güvənmirlər?
Bunun ən böyük səbəbi bir çox məsələdə olduğu kimi bu məsələdə
də müsəlmanların İslamın ruhundan daha çox şəkilçilik yönünə
əhəmiyyət vermələridir. Əslində isə “bəşəri münasibətlərdə
qarşılıqlı etimad” dinimizin əsas qayələrindən biridir. Bir-birlərinə
güvənməyən insanlar arasındakı münasibətlər Allah və insan
sevgisinə deyil, qarşılıqlı mənfəət əsaslarına söykənər.

Mömin, müsəlman və İslam kəlmələrinin “güvənmək”lə
yaxın əlaqəsi vardır. Belə ki, mömin kəlməsi “inanan insan”
mənası ilə yananşı, “güvənən, güvənilən insan” mənasına da gəlir.
Çünki inanmaqla güvənmək arasında yaxın əlaqə vardır. İnsan
güvənmədiyi şeyə inanmaz. Buradan da belə nəticə çıxara bilərik
ki, mömin Allaha güvənən və eyni zamanda digər insanların
güvəndiyi insandır.

31

Qurani-Kərimdə də möminlərin güvənən və güvənilən
insanlar olduğuna diqqət çəkilir: “Möminlərin imanı üstünə
iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından)
arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur”.
(“əl-Fəth”, 48/4). Həzrət Peyğəmbər bu sözləri də Quran ayəsini
bir daha təsdiq edir: “Mömin, insanların malları və canları
məsələsində guvəndiyi insandır.” (Tirmizi, İman 13; Əllamə əl-
Məclisi, Biharül-ənvar. c. 64. s. 309.).

“Fəth” surəsinin 4-cü ayəsində keçən “səkinə” kəlməsinə təfsir
alimləri etimad, rahatlıq, arxayınlıq, sükunət və s. kimi mənalar
vermişlər. Həzrət Əli ayədəki bu kəlməni belə izah edib: “Səkinə
möminin qəlbinə yerləşib onu güvənilən insana çevirən mələkdir”.

Qurani-Kərim Allahın bir adının “əl-Mömin” olduğunu
bəyan edir ki, bu da “arxayınlıq verən”, “əmin edən” və s.
deməkdir. Ən maraqlısı budur ki, İslam Peyğəmbərinin bir adı da
“Əmin”dir. İnsanlar həddindən çox güvəndikləri üçün onu “Əmin”
(güvənilən) adlandırmışlar. Dinimizin adı olan İslam kəlməsinin
də mənalarından biri güvənməkdir. Müsəlman kəlməsi də bu
kökdən törəmişdir. Yəni, müsəlman da “güvənən və güvənilən”
insandır. Həzrət Peyğəmbər də bu mənanı vurğulayaraq belə
buyurub: “Müsəlman, digər insanların əlindən və dilindən əmin
olduğu insandır.” (əs-Seyyid əl-Birucerdi. Came əhadisiş-şiə. c.
16. s. 164; Buxari, İman 4, 5; Müslüm, İman 64, 65). İslamla eyni
kökdən gələn “əs-Səlam” (hüzur verən, güvən, əminlik verən) adı
da Rəbbimizin sifətlərindən biridir. Bir-birimizlə qarşılaşdığımızda
alıb verdiyimiz salamda da qarşılıqlı olaraq güvənc hissi vurğulanır.

32

Salamlaşan iki insan əslində bir-birlərinə “mənə güvənə bilərsən,
məndən sənə zərər gəlməz” deyir.

Yuxarıda Rəbbimiz və Peyğəmbərimizin ad və sifətlərində,
mömin və müsəlman kəlmələrinin kökündə belə “güvənmək”
mənasının olduğu barədə yazılanları oxuduqdan sonra,
müsəlmanların bir-birlərinə bu qədər güvənməmələri düşündürücü
deyilmi? “Mömin” və “Səlam”ın qulları olduqlarını, “Əmin”in
gətirdiyi dinə mənsubiyyətlərini iddia edən və özlərini “mömin”
və “müsəlman” adlandıran insanlar nə zaman bir-birlərinə
güvənəcəklər? Yəqin ki, şəkilçiliyi tərk edib ruha sarıldıqları
zaman. Çünki güvənməyin təməli olan Allah və insan sevgisi məhz
İslamın ruhundadır.

Müsəlman və digərləri


Müsəlmanın qeyri-müsəlmanlara baxışını formalaşdıran
əsasları öyrənmək üçün Qurani-Kərimə və Allahla insanlar
arasında vasitəçi olan Həzrət Peyğəmbərin həyatına nəzər salaq.
Əvvəlcə Quran ayələrinə yer verək:
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını
yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların
günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (“Ali
İmran”, 3/134)
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir
olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə
kömək göstərməyin. Allahdan qorxun”. (“əl-Maidə”, 5/2)

33

“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin
müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz
ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın
vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən)
nişanələr vardır!” (“ər-Rum”, 30/22)

Quran Allahın bütün insanları tək ümmət olaraq yaratmağa
qadir olduğunu, lakin onları fərqli şəkildə yaratdığını bildirir:

“Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan)
tək ümmət edərdi. Onlar hələ də ixtilafdadırlar”. (“Hud”,
11/138)

Burada insanların müxtəlif fikir və düşüncələrə sahib
olmalarının təsadüf deyil, əksinə Allahın elm və iradəsinin
təzahürü olduğuna işarə edilir. Fərqli inanclara mənsub insanların
birgəyaşayışı ilə bağlı Quran belə buyurur:

“Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar
da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən
Allahı düşməncəsinə söyərlər.” (“əl-Ənam”, 6/108)

Bu ayə din və vicdan azadlığının ifadəsidir. Cəmiyyətdə fərqli
inanclara mənsub insanların olmasını normal qarşılayan Quranın bu
ayəsində müxtəlif etiqadların mövcud olduğu cəmiyyətdə yaşayan
insanların, bu fərqliliklərinə uyğun hərəkət edərək başqa inanc
daşıyıcıları ilə hər hansı bir problem olmadan birgə yaşamaları
təlqin olunur.

Quran qiyamət günündə Allahın fərqli din və düşüncə
mənsublarının hansının doğru və hansının səhv yolda olduğu
hökmünü verəcəyini də bildirir:

34

“Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar),
yəhudilər, sabiilər (ulduzpərəstlər), xristianlar, atəşpərəstlər
və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd
edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə
şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox
gözəl bilir!)”. (“əl-Həcc”, 22/17)

Görürük ki, ayədə bu dünyada sadəcə müsəlman və əhli-kitaba
deyil, eyni zamanda digər din mənsublarına, inanan və inanmayan
hər kəsə sərbəst düşüncə və etiqad azadlığı verildiyi bildirilir və bu
məsələdə hökmün Allaha məxsus olduğu vurğulanır.

İslam Peyğəmbəri Həzrət Məhəmmədə də insanlara tolerant
münasibət göstərməsi əmr olunur:

“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı
dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna
(İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə,
mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə
et” (“ən-Nəhl”, 16/125)

Mədinəyə hicrət etdikdən sonra Peyğəmbər (s) ilk növbədə
Mədinə Konstitusiyasını haızrlayır və burada İslam və
müsəlmanların qeyri-müsəlmanlara baxışını tam ortaya qoyur:
“kim bir zimmini incidərsə məni incitmiş olar. Məni incidən isə
Allahı qəzəbləndirər”. Peyğəmbərimizin (s.) bu mirasını qorumaq
bütün müsəlmanların borcudur.

35

I FƏSİL

MÜSƏMANIN MƏNƏVİ DÜNYASI

36

Müsəlmanın mənəvi dünyası:
iman, ibadət və əxlaq bütünlüyü

“Bəqərə” surəsinin 177-ci ayəsini İslam alimləri “Quranın
xülasəsi” adlandırırlar. Yuxarıda dindar barədə danışarkən bu
ayənin məalına və izahına yer verdik. Mövzunu daha aydın və
açıq şəkildə ortaya qoymaq üçün həmin ayəyə bir daha nəzər salaq:

“Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və
günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi
əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil
etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, mal-
dövlətini çox sevməsinə baxmayaraq malını (kasıb) qohum-
əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan)
müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına
sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd
edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac,
yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə)
səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində)
doğru olanlardır. Müttəqi olanlar da onlardır!”

Bu ayədə yaxşılıq, yaxşı əməl mənalarına gələn “birr” kəlməsi
ilə birlikdə “sidq” və “təqva” kəlmələri də keçir ki, bu üç kəlmə bir-
birlərini tamamlayan əxlaq məfhumlarıdır. Bu üç söz hədislərdə də
birlikdə işlənmişdir. Məsələn, bir hədisdə Həzrət Peyğəmbər ”...
Mən sizin aranızda Allah qarşısında ən təqvalı (ətqa), ən dürüst
(əsdaq) və ən yaxşı (əbərr) olanam” buyurmuşdur. (Buxari, İtisam,

37

27; Müslim, Həcc, 141). Başqa bir hədisdə də İslam Peyğəmbəri
belə buyurur: “ Sizə doğruluğu tövsiyə edirəm. Doğruluqla yaxşılıq
(birr) bir bütündür və bu ikisinə sahib olanlar Cənnətdədir” (İbn
Macə, Dua, 5; Müsnəd, I, 3, 5, 8).

Yuxarıda qeyd olunan ayədə həm iman əsaslarından (Allaha,
axirət gününə mələklərə, kitablara və peyğəmbərlər), həm
ibadətlərdən (infaq, namaz, zəkat), həm də əxlaq qaydalarından
(əhdə sadiq olmaq, səbirli olmaq, dürüstlük, təqva) bəhs olunur.
Ayədən belə başa düşürük ki, yaxşı əməl sadəcə yuxarıda da
söyləndiyi kimi şəkil baxımından olmur. Bir insan yaxşı əməl
sahibi olmaq istəyirsə o, iman-ibadət-əxlaq bütünlüyünü qurmalı
və buna görə hərəkət etməlidir. Çünki nə imansız və ibadətsiz
əxlaqla, nə əxlaqsız və ibadətsiz imanla, nə də içi boşaldılmış
və şəkilçiliyə bürünən ibadətlə yaxşı əməl sahiblərindən olmaq
mümkündür. İbadətlər Allaha göndərilən məktuba bənzəyir. İçi
boşaldılmış ibadət Allaha yollanan boş zərf kimidir. Məktub ruh,
zərf isə cəsəddir.

Bunların (iman, ibadət və əxlaq) hamısı zəncirvari şəkildə
bir-birləri ilə bağlıdır. Hamısı bir binanın təməl daşlarıdır. Əgər
binanın bu təməl daşlarından birini çıxarsaq, o bina dağılar. Allahın
istədiyi kamil mömin də bu tarazlığı və bütünlüyü qurub qoruya
bilən insandır. Binanın təməlindən bir daş çıxarıldıqda o bina necə
dağılarsa, mömin də Qurandakı bu prinsiplərin hər birinə sahib
olmasa kamil mömin ola bilməz. Mənəvi dünyası yox olar.

Quran bu ayəsi ilə bizə həm də onu necə oxuyub anlaya
biləcəyimizə dair bir metod verir. Qurandakı hər hansı bir məsələni

38

ələ alarkən onu sadəcə bir istiqamətdən ələ almamağımızı, ona
sadəcə bir nöqteyi-nəzərdən baxmamağımızı, əksinə daha geniş
çərçivədən yanaşmamızın lazım olduğunu göstərir.

İndi isə müsəlmanın mənəvi dünyasını meydana gətirən əsas
prinsiplərdən bəhs edək.

39

Təqva-Allahın sərhədlərini aşmamaq və ya
məsuliyyət şüuru

Təqva sözü “bir şeyi zərərlərdən qorumaq” mənasına gələn
“viqayə” kökündən törəmişdir. Termin kimi isə təqva, “nəfsi
onu günah işləməyə sövq edən şeylərdən qorumaq” deməkdir.
Bəşəriyyətin birlik və bərabərliyinin təmin olunması və bu birlik
və bərabərliyin davam etdirilməsi üçün hər şeydən əvvəl insan
şəxsiyyətinə hörmət etmək lazımdır. İslam düşüncəsinin insana
dəyər verməkdə meyar saydığı təqvanın mənası da elə budur.

Təqva həm əqidəni, həm də bu əqidədən doğan əməlləri, yəni
söz, hərəkət və davranışları, gözəl əxlaq, ibadət və itaəti əhatə
edir. İmam Əliyə (ə) görə təqva Allahdan qorxmaq, Qurana əməl
etmək, aza razı olmaq və axirət günü üçün azuqə toplamaqdır.
Müfəssir Razi isə təqvanı bu şəkildə izah edər: “bütün dini və
əxlaqi vəzifələri yerinə yetirmək, din və əxlaqın təhlükəli gördüyü
hərəkət və davranışlardan uzaq durmaq.”

Übeyy b. Kəbdən “təqva nədir?” deyə soruşulduqda o, suala
sualla cavab verir:

- Heç tikanlı yolla getdinmi ?
- Getdim-cavabını alan Übey yenə soruşur:
- O yolla gedərkən nə etdin?
- Şalvarımın balaqlarını qatladım, güc sərf etdim.
Bu cavabı eşidən Übeyy belə deyir:

40

- Bax təqva elə budur.
İslam dini gəlmədən əvvəl təqva əsasən psixoloji və fiziki qorxu
mənasında işlənirdi. Quran isə bu məfhuma yeni məna qazandırdı.
Artıq təqva hər hansı bir təhlükə qarşsında qorxmaq yox, insanı
Allah qarşısında günahkara çevirə biləcək günahlardan qorxmaq
və qorunmaqdır. Məhəmməd Əsəd də təqvanın psixoloji bir qorxu
olmayıb, Allaha ehtiram duymaq, bütün hərəkət və davranışlarında
Allahın rizasını əsas almaq, qısaca daşıdığı məsuliyyəti idrak
etmək olduğunu qeyd edir. Digər İslam mütəfəkkiri Fəzlur
Rəhman isə təqvanı Allahın qoymuş olduğu sərhədləri aşmamaq
adlandırmışdır.
Ümumiyyətlə təqva məfhumu Quranda müxtəlif formalarda
250 yerdə keçir Quran: “Allah qatında sizin ən şərəfliniz,
təqvası ən çox olandır” (“əl-Hucurat”, 49/13) buyurur. Ayədəki
“ətqa” kəlməsi ümumbəşəri dəyərləri, fəzilətləri əldə etməyi və bu
dəyər və fəzilətlərin ziddi olan şeylərdən uzaq durmağı ifadə edir.
Allah-Təala bizə həm də Ondan Ona yaraşan şəkildə qorxmamızı
əmr edir: “Ey inanlar! Allahdan Ona yaraşan şəkildə qorxun
və müsəlmanlar olaraq ölün” (“Ali-İmran”, 3/102). Bu ayəni
izah edən İbn Abbas: “Heç kimin danlaq və iradlarına baxmadan
Allah yolunda gedən və özü, atası və ya oğlunun əleyhinə də olsa
haqdan və ədalətdən ayrılmayan kəs Allahdan Ona yaraşan şəkildə
qorxmuş olar”-deyir.
Quran təqvalı möminlərdən bəhs edərkən onların bolluq
vaxtlarında da, qıtlıq zamanında da mallarını Allahın rizasını
qazanmaq üçün xərclədiklərini, qəzəblərinə hakim olduqlarını,

41

insanları bağışladıqlarını, yaxşılıq etdikləri üçün Allahın sevgisini
qazandıqlarını, çirkin bir iş etdiklərində Allahı xatırlayıb elə o
anda tövbə etdiklərini bildirir (“Ali-İmran”, 3/133-135).

Bəzən təqvanı tam açıqlamaq üçün onu vicdan sözü ilə
əvəzləyirlər. Vicdanla təqva ayrı-ayrı mənalara gəlsə də, onlar
arasında ortaq nöqtələr vardır. Ərəblər vicdana hər nə qədər
“damir” desələr də, bizdəki vicdan sözü ərəb dilindən keçmə
sözdür. Bu söz ərəb dilindəki “vəcədə” feilindən törəyib “tapmaq”
mənasına gəlir. Vicdanlı insan deyildikdə öz vücudunda nəyisə
tapan insan nəzərdə tutulur. Lakin tapılan həmin şey yaxşılığa,
doğruluğa və ədalətə söykənməlidir. Vicdan həm də insanı digər
canlılardan ayıran ən əsas məziyyətdir. Bəzən onu daxili məhkəmə
də adlandırırlar. Hətta Viktor Hüqo vicdanın içimizdəki tanrı
olduğunu söyləyir. Dindar bir şəxs Hüqonun bu cümləsini belə
dəyişə bilər: vicdan Tanrının içimizdəki səsidir.

Təqva isə İslam terminidir. İslamın əsas mənbələri hesab olunan
Quran və hədislərdə keçir, ümumiyyətlə isə İslam ədəbiyyatına xas
bir qavramdır. Təqvanın izahına yuxarıda geniş yer verdik. Vicdan
və təqva barədəki fikirlərdən aydın olur ki, onların ortaq və fərqli
yönləri mövcuddur. Onların hər ikisinin ən əsas ortaq yönü ədalət,
yaxşılıq və doğruluqda, ən çox fərqləndikləri cəhət isə vicdanı
əksəriyyətin qəbul etməsi, təqvanı isə yalnız dindarların qəbul
etməsindədir.

Yaşadığımız dünyada bu gün insanlar dinə etiqad edib
etməməkdə sərbəstdirlər. İstəyən ateist, istəyən deist, istəyən də
teist və s.ola bilər. Əvvəlki dövrlərdən fərqli olaraq indi insanların

42

daha çox inanma və ya inanmama şansları və imkanları mövcuddur.
Lakin dindarların və ateistlərin birləşə biləcəkləri tək şey vardır
ki, o da vicdan məsələsidir. Vicdan və təqvaya müxtəlif mənalar
yükləmək, onları müxtəlif cür tərif etmək, onların bir-birlərinin
eynisi olduğunu və ya bir-birlərindən tamamilə fərqli şeylər
olduğunu iddia etmək mümkündür. Lakin ən əsası odur ki, insan
bu ikisindən birinə mütləq sahib olmalıdır.

43

Saleh əməl- gözəl davranış

İnsan sadəcə özü üçün yaşamır. Özü üçün olduğu qədər
başqaları üçün də yaşamalıdır. Peyğəmbərimiz (s.) belə buyurub:
“Bütün möminlərin bir-birilərini sevməsi, bir-birilərinə mərhəmət
etməsi və bir-birilərinə şəfqət və lütf etmələri bir vücudun misalına
bənzəyir. O vücudun bir üzvü xəstələndikdə, vücudun digər
orqanları yuxusuz qalaraq o xəstə orqanın ağrısını bölüşürlər”
(Səhihi Müslim, Kitabul-Birr, Hd. No. 66 (2586); Əllamə əl-
Məclisi. Biharül-Ənvar. c. 58. s. 150). Başqa bir hədisi-şərifdə isə
Rəsulullah (s.) belə deyir: “Sizdən biriniz özü üçün istədiyi şeyi din
qardaşı üçün də istəmədikcə iman etmiş sayılmaz” (Sahihi Buxari,
Kitabul-İman 7, c.1, s.9).

İslam dinin iki mühüm prinsipi vardır:
1. İman.
2. Faydalı iş və ya saleh əməl.

Əməl sözü lüğətdə iş, çalışmaq və s. mənalara gəlir.
Saleh əməl hər hansı bir adi əməl olmayıb Allahın rizasını və
insanların faydasını ön planda tutan bütün işləri əhatə edir. Ancaq
bir əməlin saleh əməl ola bilməsi üçün başqalarına faydasının
toxunması şərtdir. Bir insana sadəcə iman etmək kifayət deyildir.
İman etməklə yanaşı bu imanın vacib etdiyi şeyləri də yerinə
yetirməlidir. Bunların da başında saleh əməl gəlir. “Ənkəbut”
surəsinin 2-ci ayəsində bu məsələyə toxunulur:

“İnsanlar imtahanda keçirilmədən sadəcə “iman etdik”

44

demələriylə boş buraxılacaqlarınımı sandılar?” (“əl-Ənkəbut”,
29/2)

Saleh əməl ilə iman kəlmələri ayrılması mümkün olmayacaq
dərəcədə bir-birinə bağlıdırlar. Harada iman varsa, orada salihat (
gözəl işlər) vardır. Saleh əməl davranış yolu ilə əks olunan imandır.
Ona görə də “əlləzinə əmənu və amilu salihatu” (iman edib saleh
əməl işləyənlər) ifadəsi Quranda ən çox işlədilən ifadələrdəndir:
“İman edib salen əməl işləyənlər Cənnətdə əbədi olaraq
qalacaqlar” (“əl-Bəqərə”, 2/82). Gözəl davranış sahiblərinə
Quranda salehlər adı verilib. Və “bunlar yaradılmışların ən
yaxşılarıdırlar, Allah onlardan onlar da Allahdan razıdırlar”
(“əl-Bəyyinə”, 98/7-8)

Cəmiyyətdən uzaqlaşan insan özünü mənəvi məsuliyyətdən
qurtara bilməz. Özünü məsuliyyətdən qurtara bilməsi üçün insanın
başqalarına yardım etməsi və xidmət adamı olması lazımdır.
“Cəmiyyətin əfəndisi ona xidmət edəndir” (Əcluni, Kəşfül
Xafa, I. 561) hədisi də elə buna işarə edir. Saleh əməl sahibləri
insanlar tərəfindən necə qiymətləndirilrsə, Allah tərəfindən də elə
mükafatlandırılacaq və etdikləri qarşılıqsız qalmayacaqdır:

“Yoxsa pislik edənlər ölümlərində və sağlıqlarında özlərini
inanıb yaxşı işlər görənlərlə bir tutacağımızımı zənn etdilər?
Necə pis hökm verirlər” (“əl-Casiyə”, 45/21).

Saleh əməlin mahiyyətində biz şüuru vardır. Hər kəsin bir-
birinə şübhə ilə baxdığı, bir-birinin quyusunu qazdığı, dedi-
qodusunu etdiyi cəmiyyətdə rifah və hüzur olmaz. Ona görə də
insan əxlaqi keyfiyyətlərini davranışlarında əks etdirməlidir. Saleh

45

əməl həm də yaşadığımız həyata məna qatır və bizə insanlığımızın
dəyərini anladır. Yaxşılıq etmək başqalarının xoşbəxtliyini və
yüksəlməsini istəməkdir ki, bu da hər bir cəmiyyətin son dərəcə
möhtac olduğu dəyərdir.

46

İxlas

İxlas şəkilçilikdən daha çox mənaya nüfuz edərək dini
yaşamaqdır. Əgər bir insan şəkli aşaraq mənaya nüfuz edə
bilmirsə, onda o ixlaslı bir müsəlman ola bilməz. Çünki şəkil və
məna bir bütündür. Sadəcə şəklə bağlı qalan insan heç vaxt muxlis
ola bilməz.

İxlasla sadəcə Allaha yönəlmək dinin dəyişməz prinsipidir.
Çünki bu haqq yalnız Allaha məxsusdur. İbadətə layiq olan sadəcə
Odur və sadəcə Ona itaət edilməlidir. İbn Mərduyə əl-Kursidən
nəql edir ki, bir nəfər Həzrət Peyğəmbərdən: «Əgər biz mallarımızı
şan-şöhrət üçün sədəqə olaraq versək, Allah bizə bir mükafat
verərmi?»- deyə soruşur. Həzrət Peyğəmbər: «Xeyr» –deyə cavab
verir. Həmin şəxs: «Həm Allah rizası, həm də şan- şöhrət üçün
sədəqə versək?»-deyə soruşduqda isə Həzrət Peyğambər: «Allah,
xalis şəkildə sadəcə Onun rizasını qazanmaq üçün edilməmiş heç
bir əməli qəbul etməz»-cavabını verir.

İnsanın səylə etdiyi bir çox əməli var ki, o, bunlarıAllah rizasını
qazanmaq üçün etdiyini zənn edir. Amma yanılır. Ariflərdən biri
belə deyir: “Məsciddə birinci səfdə qıldığım otuz illik namazların
hamısını qəza etdim. Çünki bir gün problemim olduğum üçün
əvvəlcədən məscidə gedə bilmədim və ikinci səfdə namaz qılmaq
məcburiyyətində qaldım. Amma çox utandım, məni ikinci səfdə
gördülər deyə narahat oldum. Beləliklə namazlarımı birinci səfdə
qıldığım üçün zövq aldığımı anladım”.

47

Dini yalnız Allaha xas qılmaq sadəcə dillə söylənən bir sözdən
ibarət deyil. Bu həyat proqramıdır. Allaha ixlasla yönələn qəlb,
yalnız Ona boyun əyər. Ondan başqa heç kimə boyun əyməz.
Ondan başqasından bir şey istəməz. Allaha ixlasla yönəlmənin
təsiri sadəcə düşüncədə qalmamalıdır. Bu təsirlər insanın həyat
tərzində və davranışlarında da özünü göstərməlidir.

Peyğəmbər (s) buyurur: ”Üç şey var ki, müsəlmanın qəlbində
bunlara qarşı kin olmaz. (Bu xislətlərdən biri də) əməli Allah üçün
ixlasla yerinə yetirməkdir”. İmam Əli (ə) isə belə deyib: “Əməlin
azlığını deyil, qəbulunu düşünün”. Çünki Rəsulullah (s) Muaz b.
Cəbələ belə demişdir: “Əməli ixlasla et! Azı da kifayətdir!”.

Unutmamaq lazımdır ki, elm toxum, əməl əkinçilikdir. Əkin
sahəsinin suyu isə ixlasdır.

48

Ədalət

Ədalət kəlməsi ərəb dilindəki “dürüstlük, doğruluq, bərabərlik,
orta yolda olmaq, taraz olmaq” və s. kimi mənalara gələn ə-d-l
kökündən törəyib. Termin kimi ədalət “hər kəsə verilməsi lazım
olanı vermək, yəni hər kəsin haqqına riayət etmək” deməkdir.
Sokratın tələbəsi olan Platona görə dörd əsas fəzilət (üstünlük)
vardır ki, bunlar müdriklik, igidlik (cəsarət), dərrakə və ədalətdir.
Bunların içərisində ədalət ən yüksək fəzilət hesab olunur.

Qurani-Kərimdə və hədislərdə ədalət “nizam, tarazlıq,
bərabərlik, həqiqətə uyğun hökm vermək, doğru yolda getmək,
təqvalı olmaq, dürüstlük, bitərəf olmaq və s. mənalarda işlədilib.
İslamın prinsipləri arasında ədalətin yerini göstərmək baxımından
sadəcə bu ayəyə nəzər salmaq belə kifayətdir:

“Şübhəsiz Allah ədaləti əmr edər” (“ən-Nəhl”, 16/90).
Ədalət bərabərlik prinsipinin əsas şərtidir. Qanun qanundursa
hamıya eyni şəkildə tətbiq olunmalıdır. Zəncilərə ayrı, bəyazlara
ayrı, zənginlərə ayrı, kasıblara isə ayrı qanun tətbiq olunmamalıdır.
Quranın ictihadi və hüquqi hökmlərində ailə, təlim-tərbiyə və
s. kimi bütün məsələlərdə və hamıya qarşı, hətta düşmənlərə
belə “ədalətli davranmaq” prinsipi əmr olunub. Şəxsi mənfəət,
qohumluq, kin, düşmənçilik, zənginlik, kasıblıq, əlillik və s. kimi
səbəblər ədalət prinsipindən uzaqlaşmaq üçün bəhanə ola bilməz.
“İnsanlar arasında hökm verərkən ədalətlə hökm verin”
(“ən-Nisə”, 4/58 )

49

“Ey inananlar! Ananız, atanız ve qohumlarınız əleyhinə də
olsa, Allah üçün şahid olaraq ədalətə riayət edin...” (“ən-Nisə”,
4/135).

«Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və
ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz
sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha
yaxındır...» (“əl-Maidə”, 5/8).

«Allah sizə əmanətləri əhlinə verməyinizi və insanlar
arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr
edir.» (“ən-Nisə”, 4/58).

İslamın ədalət anlayışı mücərrəd deyildir. Əksinə İslam ədaləti
həyatın içindən alıb. İslam dini bütün insanları bir ailə kimi gördüyü
üçün cəmiyyətin heç bir üzvü arasında fərq qoymur. Hamıyla nəyə
layiqdirsə o cür davranır. İslamın ədalət carçısı Həzrət Peyğəmbər
də Allaha and içərək qızı Fatimə olsa belə ədalətlə davranacağını
bəyan etmişdir. Çünki fərdlər sevgi sayəsində bir-birləri ilə qaynaşır,
cəmiyyət isə ədalət sayəsində möhkəm və sağlam təmələ söykənir.
Ədalət bütün təbəqələri əhatə edəcəyi təqdirdə fərdlər bir-birləri
ilə qaynaşa bilər. Haqsızlıq və ədalətsizlik isə cəmiyyətin rifahını
pozar.

İslam ədalətin sadəcə müsəlmanlara deyil, qeyri-müsəlmanlara
da şamil olunmasını istəyir. Peyğəmbər (s) bu barədə belə deyir:
“Diqqət edin! Kim bir zimmiyə ( müslümanlar arasında yaşayan
qeyri-müsəlmana) zülm edərsə və ya ona gücü nisbətində olmayan
bir şey yükləyərsə, onu ələ salar və yaxud da ondan zorla bir şey
götürərsə mən onun (həmin müsəlmanın) qiyamətdə düşməni

50

olacam” (Əbu Yusif, Kitabul-Xərac, s. 135.).
Ədalət prinsipi barədəki fikirlərimizə Nəhl surəsinin 76-cı

ayəsindəki zərbi-məsəllə son verək. Həmin zərbi-məzəldə ədalətli
insanla ədalətsiz insan müqayisə olunur. Ədalətsiz olan insan
dilsiz, lal, heç bir şey bacarmayan və heç bir işə yaramayan köləyə
bənzədilir. Belə bir insanın isə, doğru yolda irəliləyib haqq-ədaləti
əmr edən insanla bir tutulmayacağı bildirilir.


Click to View FlipBook Version