The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-13 02:00:14

Mənəvi dəyərlərin təbliği-SALEH

Mənəvi dəyərlərin təbliği-SALEH

101

xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən müxtəlif etnik
qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan xalq halında
birləşmişlər.

“Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi
növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi
xidmət edən dilimizin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan
yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə,
XIII əsrdən başlanır. Onun 800 ilə yaxın inkişaf müddəti iki böyük
dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən
XVIII əsrə qədər olan müddəti, yeni adlandırılan ikinci dövr isə
XVIII əsrdən müasir dövrədək olan aralığı əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal
öz genişliyi ilə seçilir. Həmin dövrün Cəlairilər, Qaraqoyunlular,
Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərində
Azərbaycan dili dövlət dili kimi işlənmiş, Sara Xatun, Şah İsmayıl
Xətai diplomatik danışıqları, rəsmi, hərbi beynəlxalq yazışmaları
məhz bu dildə aparmışlar. Bir sözlə, bu dil bütün Ön Asiyada ədəbi
dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr
Azərbaycan dilindən öz dil xarici (ekstralinqvistik) xüsusiyyəti ilə
yanaşı, dildaxili (linqvistik) xüsusiyyətləri ilə də seçilir.

Leksik cəhətdən mövcud fərqlərdən birincisi budur ki, birinci
dövr Azərbaycan dilində ərəb və fars sözləri çox olmuşdur. O
dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi
dilimizə xeyli alınma sözün keçməsinə səbəb olmuşdu. İkinci dövrdə
isə realist şeir məktəbinin, realizm ədəbi metodunun yaranması və
aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət

102 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb
olmuşdu. Eyni zamanda, Azərbaycan ədəbi dilinin osmanlı dili ilə
müştərək olan bir sıra sözləri yeni dövrdə artıq işləkliklərini tamamilə
itirmişdi. Hesab edilir ki, bu, türk ədəbi dilləri sahəsində ayrılma
(differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Araşdırmaçıların gəldiyi qənaətə görə, hər iki dövrün ədəbi
dili, öz növbəsində, müxtəlif mərhələləri əhatə edir. Birinci dövr
Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),
2) klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).
İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:
1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),
2) milli ədəbi dilin yaranması və inkişafı mərhələsi (XIX-XX
əsrin əvvəli),
3) müasir mərhələ (XX əsrin 1-ci rübündən günümüzədək).
Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf
mərhələsində (milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində)
çıxmışdır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır,
qəzet və jurnallar nəşr edilməyə başlayır. Eyni zamanda, bu dil
bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlədilir. O dövrdə
Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq
göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, böyük rus
şairi M.Y.Lermontov Azərbaycan dili haqqında demişdir: “...
mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində
oldum... Azərbaycanca öyrənməyə başladım; həmin dil burada və
ümumiyyətlə Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri

103

bir dildir”. Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski, L.Bualo
və başqaları da Azərbaycan dilinin əhəmiyyətindən bəhs etmişlər.
Görkəmli ictimai xadim Sultan Məcid Qənizadə Azərbaycan dili
haqqında yazmışdır: “Həqiqətən, bu dil öz təbiətinə görə çox
elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına
malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər
öz mahiyyətinə görə çox maraqlıdır... buradakı xüsusiyyətlərə
bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.

Məşhur səyyah və folklorçu Avqust von Qaksthauzen XVIII
əsrin ortalarında yazırdı ki, ermənilər əsərlərini öz dillərində yox,
tatar (Azərbaycan – S.A.) dilində yazırlar, çünki bu dil Qafqazın
cənubunda xalqlar arasında informasiya, ticarət və qarşılıqlı
anlaşma dilidir, bu mənada onu Avropada fransız dili ilə müqayisə
etmək olar.

Əcnəbilərin dilimizə münasibətindən bəhs edərkən alman
şərqşünası Fridrix Bodenştedti də unutmaq olmaz. O, XIX əsrdə
yaşamış Azərbaycan şairi Mirzə Şəfidən həm dilimizi öyrənmiş
və həm onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca
kitab şəklində nəşr etdirmişdir.

Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri
və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə
aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa
başlamışdır. Bu mənada Mirzə Kazımbəyin rusca yazdığı “Türk-
tatar dilinin ümumi qrammatikası” əsəri daha çox məşhurdur.
M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun,
M.L.Məmmədovun, S.M. Qənizadənin Azərbaycan dilinə aid

104 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik
lüğətini də (“Сравнительный словарь турецко-татарских
языков”) vurğulamaq lazımdır. M.Əfşarın Azərbaycan dilinə aid
“Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”) adlı dəyərli əsəri
isə azərbaycancadır.

İnkişafının müəyyən mərhələsinədək Azərbaycan dili vahid
tərkibli ümumxalq dili formasında olmuş, sonralar onun tərkibində
fərqli qollar əmələ gəlmişdir. Bunun əsas səbəbi isə cəmiyyətdə
dildən istifadə forması olmuşdur.

Məlumdur ki, hər bir xalq və ya millətin bütün nümayəndələri
ümumxalq dilindən eyni şəkildə istifadə edə bilməzlər. Məsələn,
ziyalılar dildən daha məharətlə istifadə edir, ümumxalq
dilinin söz və ifadələrini, qayda-qanunlarını daha da cilalayır,
mükəmməlləşdirirlər. Odur ki, digər əksər dillər kimi, müasir
Azərbaycan ümumxalq dili də tərkibcə 2 qola ayrılır: 1) ədəbi
danışıq, yaxud ədəbi dil, 2) qeyri-ədəbi danışıq, yaxud danışıq
dili. Maksim Qorki ümumxalq dilinin iki qola ayrılması haqqında
danışarkən deyirdi ki, “Dilin ədəbi və xalq dili deyə ikiyə bölünməsi
yalnız onu göstərir ki, necə deyərlər, bir xam dil var, bir də
sənətkarlar tərəfindən işlədilən dil”.

Dilimizin inkişafında xüsusi xidmətləri olmuş dahi bəstəkarımız
Üzeyir Hacıbəyli 1 dekabr 1918-ci il tarixli “Azərbaycan” qəzetində
“Hacıbəyli Üzeyir” imzası ilə dərc edilmiş “Mühüm məsələlər”
məqaləsində yazırdı: “...Biz Azərbaycanı və iki milyondan artıq
olan Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlətlərə
indidən tanıtdırmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi

105

bir ədəbiyyata, sənayeyi-nəfisəyə malik olduğumuzu onlara
bildirməliyik. Dilimizin, firəng dili Yevropada olan kimi, bütün
Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir
erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk-
Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik.
Musiqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani
verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şairlərindən
geri qalmayaraq şairlərimizi, müsənniflərimizi, yazıçılarımızı,
alimlərimizi birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə
malik olduğumuzu əyan və aşkar etməliyik”. Əlbəttə, bu sözlər
heç də Üzeyir bəyin çox dil bilməyin əleyhinə olduğunu göstərmir.
O, doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində
danışmağa həvəslənənlərə istehza edir, bu mövqeni qətiyyətlə
yaxın buraxmırdı. Böyük sənətkar özü Azərbaycan dilini, təhsil
aldığı rus dilini bütün incəlikləri ilə bilməklə yanaşı, ərəb, fars,
türk, tatar, gürcü, ləzgi, fransız dillərində də sərbəst danışırdı.
Təsadüfi deyil ki, Sankt-Peterburq İncəsənət Tarixi İnstitutunun
professoru Yevgeni Braudo (1882-1939) Üzeyir bəy Hacıbəylini
“xalq musiqisinin böyük dilçisi” adlandırmışdır. Üzeyir bəy həm
də ədəbiyyatımızın dahi dilçisi idi. Ana dilimizi müqəddəs bilərək
onun keşiyində ayıq-sayıq dururdu. Dilimizlə bağlı bütün yazıları
oxuyurdu. Ona xələl gətirə biləcək mətləblərin qarşısını vaxtında
alırdı. Bu barədə akademik Məmməd Arif Dadaşzadə deyir:
“Bir dəfə Süleyman Rəhimovun dilini tənqid etmişdim. Məqalə
çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng
elə. Mən bir qədər təşvişə düşdüm: “Görəsən, Üzeyir bəy məni

106 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

nə üçün axtarır?”, – deyə düşündüm. Zəng vurdum, dedi ki,
Arif, bir mənim yanıma gələrsən. Getdim, içəri girəndə gördüm
ki, mənim məqaləm onun stolunun üstündədir. Süleyman
Rəhimovun dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə
xətt çəkmişdi. Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil,
xoşuma gəldi. Amma Süleyman Rəhimovun dilindən gətirdiyin
sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun
ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün
xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi
dilimizi yoxsullaşdırmırsanmı? Bəs azişlənən və işlənməyən bu
sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən
razılaşdım və səhvimi başa düşdüm”.

Azərbaycan dili XVII—XVIII əsrlərdən Azərbaycanda ictimai
ünsiyyətin ən müxtəlif sahələrində ardıcıl olaraq daha geniş yer
tutmağa, ərəb, fars dillərini sıxışdırmağa başlamışdır. Xalqın əsas
ünsiyyət vasitəsində XIX əsrin ortalarından sonra səhnə əsərlərinin
yazılması, qəzet nəşri, kitab çapı və s. onun normalarının
stabilləşməsinə, funksional üslublarının diferensiasiyasına -
inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ümumiyyətlə, XIX əsrin
sonu - XX əsrin əvvəllərində Azərbaycan dili, əsasən, aşağıdakı
formalarda təzahür etmişdir:

* Ərəb, fars elementləri ilə “zənginləşdirilmiş” dil təzahürü;
* Osmanlı (İstanbul) şivəsi (Türkiyə türkcəsi) ilə “zənginləşmiş”
dil təzahürü;
* Milli (demokratik) dil təzahürü.
Ancaq Azərbaycan dilinin inkişafı da, problemləri də, daha

107

çox, XX əsrlə bağlıdır. Məhz həmin dövrdə Azərbaycan ədəbi
dili böyük və ağrılı problemlərlə qarşılaşmışdır. Belə ki, əsrin
əvvəllərindən etibarən ədəbi dildə üç meyil, istiqamət özünü
göstərməyə başlamışdır. Şübhəsiz, burada söhbət, əsasən, bədii
əsərlərin və mətbuatın dilindən gedir.

Birinci meyil - ədəbi dili mümkün qədər xalq dili ilə
eyniləşdirmək idi. Bu istiqamət özünü “Molla Nəsrəddin”
jurnalının və onun əməkdaşlarının əsərlərində göstərir. Müəlliflər
yazılarında ədəbi dil ilə danışıq dili, habelə dialektlər arasındakı
fərq götürülür, nəticədə, xalqın bu dili asan şəkildə başa düşməsinə
şərait yaradılırdı.

İkinci meyil - daha çox osmanlı (indiki türk) və əski Azərbaycan
dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq idi. Bu yönalma
özünü “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin,
bu redaksiyada işləyənlərin əsərlərində özünü büruzə verirdi. Bu
üslubdakı dil ovaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi
və xalq onu çətin anlayırdı.

Üçüncü meyil - hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına
əsaslanan ədəbi dil yaratmaq istəyi idi. O, heç bir dialekt təsirini
qəbul etməyən dil idi. Bu dili Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas
Səhhət və digər şair və yazıçılar yaratmağa çalışırdılar. Ədəbi dil
sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam
etmişdir.

Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil
həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət
dili statusu almasıdır. Bu barədə irəlidə daha geniş bəhs edəcəyik.

108 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd
əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi
üslublar. Müasir dövrdə bu üslubların hamısı yüksək dərəcədə
inkişaf etmişdir.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir:
* şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran,
Muğan şivələri);
* qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım
şivəsi);
* şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi);
* cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).
Azərbaycanda yaşayan azsaylı xalqların dilləri İran dilləri və
iber-Qafqaz dilləri qruplarına daxil olan dillərdəndir. Onlardan
biri İran dillərinin şimal-qərb yarımqrupuna daxil olan talış dili,
digəri isə həmin qrupun cənub-qərb yarımqrupuna mənsub olan
tat dilidir. Azərbaycanda fəaliyyət sahəsi yalnız bir-iki yaşayış
məntəqəsi ilə, hətta bir kəndlə məhdudlaşan buduq, xınalıq, qrız,
udi, ingiloy kimi dillər də var. Onların hamısı iber-Qafqaz dilləri
qruplarına daxildir. Ölkəmizdə yaşayan azsaylı xalqların hamısının
dilləri qorunur, tədqiq olunur və öyrənilir. Bu, dövlət siyasətimizin
tərkib hissəsidir.
Azərbaycan dili öz mahiyyətinə görə dünyanın ən zəngin
milli dillərindən biridir. Onun özünəməxsus gözəlliyi və ahəngi
vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər
sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş
qrammatik quruluşa malikdir. Bu dildə ən dərin duyğuları, ən

109

incə mənaları istənilən şəkildə, müxtəlif bədii çalarlarla bəzəmək
mümkündür. Azərbaycan dili elmi, siyasi, fəlsəfi fikirləri çox
aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl
nümunələrini yaratmaq üçün də çox yararlıdır.

Dilimiz qədim dövrlərdən bir sıra dillərlə qarşılıqlı əlaqədə
olmuş, başqa dillərdən söz almış və bəzi dillərə söz vermişdir.
Bu isə həm onun özünün, həm də digər dillərin zənginləşməsinə,
inkişaf etməsinə təkan olmuşdur. Tədqiqatlar göstərir ki, ayrı-ayrı
dövrlərdə Azərbaycan dilindən fars, aqul, ləzgi, taba-saran, erməni,
rus, gürcü və başqa dillərə çox sayda söz və ifadə keçmişdir.
Onlardan bir qismi aşağıda göstərilmişdir.

Fars dilinə keçən sözlər: alov, araba, bəzək, bağça, qovur-
ma, qundaq, quş, dəyənək, döşək, otaq, ordu, ocaq, ilxı, sancaq,
tənə, ton, çaxmaq, çəkmə, çolaq, çubuq, elçi, yaylaq, şiş və s. Fars
dilinə keçən Azərbaycan sözlərinin tarixi çox qədimdir. Belə ki,
hələ XII–XIII əsrlərdə yazıb-yaradan fars yazıçıları öz əsərlərində
Azərbaycan sözləri işlətmişlər. Səfəvilər dövründə - XV əsrin
sonundan başlayaraq isə XVIII əsrin birinci yarısına qədər (1499–
1736) azərbaycanlıların hakimiyyət başında olduqları müddətdə
Azərbaycan dilindən fars dilinə keçən sözlərin sayı daha da
çoxalmışdır.

Aqul dilinə keçən sözlər: çöl, qum, dustaq, balıq, bulaq, yaylıq,
yağ, köhnə, boran, dərin, yorğan, boşqab, biçinçi, qarğa, duz, qalın,
doğru və s.

Ləzgi dilinə keçən sözlər: ad, bağça, gözəl, güzgü, dərin,
düşmən, köhnə, qarpız, qızıl, quş, sərin, çəltik, şirin, yaylaq, turp,

110 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

paltar, saçaq və s.
Rus dilinə keçən sözlər: arbuz (qarpız), anbar, başlıq, sarafan,

kalpak, saray, utyuq (ütü), kazak, sazan, almaz, kamış (qəmiş),
karaul (qarovul), barsuk (porsuq), tuman, karandaş, aşuq (aşıq),
çerdak, sunduk (sandıq), izyum (üzüm kişmişi) və s.

Gürcü dilinə keçən sözlər: qonaq, qoçaq, tutsaq, körpə, keçəl,
ocaq, otaq, pul, manat, papaq, polad, toxa, çəkmə, çomaq, çolaq,
ciyər, çəkic, şüşə, şəkər, yaraq, dolma, çığırtma və s. Azərbaycan
dilindən gürcü dilinə keçmiş sözlər həm ədəbi, həm də danışıq
dilində işlədilir.

Azərbaycan dili yuxarıda qeyd olunan dillərin əksəriyyətinin
lüğət tərkibinin inkişafında həm mənbə, həm də vasitəçi olmuşdur.
Belə demək mümkünsə, Azərbaycan dili bu dillərə həm öz
sözlərini vermiş, həm də başqa dillərdən söz almaqda həmin dillər
üçün vasitəçi olmuşdur. Azərbaycan dilinin vasitəsi ilə gürcü
dilinə yüzlərlə ərəb və fars mənşəli söz daxil olmuşdur. Məsələn:
adəm, adam, bina, qələm, dəzgah, əlbəttə, əfsus, zər, kef, mürəbbə,
mütəkkə, mismar, məsləhət, pəncərə, pərvanə, reyhan, saat, surət,
ustad, ümid, fikir, xatir, həkim, cəllad və s. keçmişdir.

Azərbaycan dilinin başqa dillərə müsbət təsiri hazırda da
davam edir. Bunu təkcə Dağıstan dillərində deyil, qonşuluqdakı
digər dillərdə də görmək mümkündür. Ümumiyyətlə, başqa dillərə
keçmiş Azərbaycan sözləri qısa müddətdə həmin dillərin lüğət
tərkibinin ayrılmaz hissəsinə çevrilmişdir.

111

Ulu Öndər və Azərbaycan dili

Təəssüflər оlsun ki, kеçmiş SSRİ dövründə bir sırа оbyеktiv
və subyеktiv səbəblər ucbatından dilimizin işlədilmə dаirəsi хеyli
dаrаlmışdı. Bu dа, şübhəsiz, rеspublikаmızdа hаqlı nаrаzılıq
yаrаdırdı. Хüsusən, şəhərlərimizdə аnа dili dаhа çох sıхışdırılırdı.
Kimsə vəzifədə irəli çəkilərkən əsаs mеyаr kimi öz аnа dilini
dеyil, rus dilini nеcə bilməsi götürülürdü. Təbii ki, bu, bir yandan
bаcаrıqlı, istеdаdlı, lаkin rus dilini lаzımıncа bilməyənlərin irəli
çəkilməsinə mane olmaq, digər tərəfdən isə dilimizi unutdurmaq
planının tərkib hissəsi idi. Durğunluq dövrünün, оndаn əvvəlkı
vulqаr sоsiаlizmin və stаlinizmin milli-mənəvi kеçmişimizə
vurduğu ən böyük zərbə хаlqımızı birbаşа və yа dоlаyısı ilə öz
dоğmа dilindən uzаqlаşdırmаq оlmuşdur. Bununlа dа, əli qələm
tutаnlаrın böyük hissəsi öz sоy-kökündən, milli kimliyindən və
mənəvi dəyərlərindən uzaq düşmüşdü.

Bu vəziyyət yalnız Ümummilli Lideri Heydər Əliyevin
respublikamıza rəhbərlik etməyə başlamasından sonra
tamamilə dəyişmişdir. Ulu Öndər rəhbərliyə gəldiyi 1969-cu
ilin ilk günlərindən dilimizin inkişafı naminə fədakar fəaliyyətə
başlamışdır. O, Azərbaycan əhalisinin etnik-genetik tərkibini,
respublikanın milli-ictimai marağını nəzərə alaraq elə bir “dil
siyasəti” yürüdürdü ki, həmin siyasətin əsas məqsədi ana dilini
daha da inkişaf etdirmək, cilalamaq, müstəqil dövlət dilinə

112 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

çevirmək, bunun üçün tələb olunan funksional-üslubi imkanlara
yiyələndirmək, müəyyən təcrübə qazandırmaq idi. Ədəbi və xalq
danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı
bələd olan və qrammatik imkanlarından fitri istedadı sayəsində
səmərəli istifadə etməyi bacaran Ümummilli Lider Heydər Əliyev
yüksək səviyyəli yığıncaqlarda, müşavirələrdə ana dilində etdiyi
çıxışlarla həm özünə, həm də Azərbaycan dilinə böyük hörmət və
məhəbbət qazandırmışdı.

Ulu Öndərin Azərbaycan dili tarixinə töhfələrindən danışarkən
bir faktı da xatırlamaq lazımdır. 1977-ci ildə təsdiqlənmiş SSRİ-nin
yeni Konstitusiyasında dövlət dili haqqında maddə salınmamışdı.
Üstəlik, ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların
heç birində də belə bir maddə yox idi. Azərbaycanda isə Heydər
Əliyev ana dilinin dövlət dili olması üçün mübarizəsini davam
etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu
Öndər respublikanın ziyalılarını, bütün xalqı ana dilinin dövlət
dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün
çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. Nəticədə,
1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan
SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası
Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə
çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı
redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet
Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Onun bu
təklifi qəbul olunmuşdu və 1978-ci il Konstitusiyası Ulu Öndər

113

Heydər Əliyevin öz dövləti, xalqı, vətəni qarşısında ən böyük
xidmətlərindən biri idi.

Ümummilli Lider doğma xalqının, dilinin mənşəyi,
formalaşması, sabitləşməsi kimi məsələlərə böyük həssaslıqla
yanaşır, bütün bunları elmi faktlarla əsaslandırır, Azərbaycan dilinə
xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti kimi yanaşırdı.
Xüsusilə gənclərlə görüşlərində bu məsələləri ön plana çəkməsi
Ulu Öndərin gələcəyin bünövrəsinin sağlam olması istəyindən irəli
gəlirdi. Bu baxımdan onun Gənclərin Birinci Forumunda söylədiyi
bu fikirlər hər bir azərbaycanlı gənc üçün əyani dərs vəsaiti,
istiqamətverici mayak dəyərindədir: “...Azərbaycan torpağında
ən qədim zamanlardan indiyə kimi müstəqil dövlətlər olmuşdur.
Biz bununla fəxr edirik və fəxr edə bilərik. Azərbaycanlılıq
hissiyatını gənclərdə yaratmaq lazımdır. Azərbaycanı sevmək -
azərbaycanlılıq hissiyyatını özündə cəm etmək deməkdir. İndi
müstəqil Azərbaycan Respublikası məlum olan Azərbaycanın
hüdudları çərçivəsindədir. Keçmiş dövrlərdə, keçmiş əsrlərdə
Azərbaycan dövlətləri daha da geniş ərazidə olmuşlar. İndi bizim
Azərbaycandan savayı dünyanın çox ölkələrində azərbaycanlılar
yaşayır. Amerika qitəsində də, Avropa qitəsində də, Asiya
qitəsində də azərbaycanlılar yaşayır. Onlar da azərbaycanlıdırlar,
onlarda da azərbaycanlılıq hissləri yaşamalıdır. Onlar özlərini
azərbaycanlı kimi hiss etməlidirlər, onlar da Azərbaycanla
bağlı olmalıdırlar... Keçmiş illərin müəyyən xüsusiyyətlərinə
görə Azərbaycan dili Azərbaycanda lazımi qədər inkişaf edə
bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-

114 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

ci illərdə bu barədə çox səylər göstərilmişdir. Ancaq Azərbaycan
dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində
idik. Sovetlər İttifaqının ümumi dili - rus dili hakim dil idi və
o vaxt gəncləri, onların valideynlərinin çoxu öz övladlarını
rus dilli məktəblərə qoyurdu. Bu da təbii idi, çünki geniş təhsil
almaq üçün, Azərbaycandan kənara çıxmaq üçün o dildə təhsil
almaq lazım idi və bunu da qınamaq olmaz. Ancaq bunlar hamısı
bizim Azərbaycan dilinin tam inkişaf etməsinə müəyyən qədər
maneçilik edirdi. Bir də açıq demək lazımdır, biz müstəqil dövlət
deyildik, ümumi bir dövlətin dilı ilə çoxları danışırdı. Ona görə də
bəzi adamlarda, təəssüf ki, öz dilinə düzgün münasibət çatmırdı.
Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında gənclərin
çoxu, Azərbaycan dilində danışmaq istəyəndə səlis, cazibədar
danışmırdı. Amma bu gün burada çıxış edənlər məni heyran
etdilər, bizim dilimizin zənginliyini bu gün Azərbaycanda hakim
dil olmasını nümayiş etdirdilər. … hər bir azərbaycanlı gənc
çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis dilini
də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu
lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi
bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir.
Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı,
bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək
lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi
duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz
dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir,
70-ci illərdə mən bir neçə dəfə çox böyük narahatlıqla göstərişlər

115

verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox
yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən
gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Nəsimini
oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil
Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz.
Əgər onları oxuya bilməzsə, o, tarixi bilməyəcək, onları oxuya
bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi
bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları
bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik
duyğuları olmayacaqdır”.

Əlbəttə, Ulu Öndər əcnəbi dillərin əleyhinə deyildi, əksinə, o
deyirdi: “Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis
dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan
dilində oxusun. Ümüdvaram ki, ... bizim gənclərimiz bundan
sonra tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan
dilimizi mənimsəyəcək və bunlar hamısı hər biri gənc Azərbaycan
övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır. Dil
barəsində danışarkən, mədəniyyət, milli ənənələr haqqında
danışarkən, eyni zamanda, mən onu qeyd etmək istəyirəm ki,
Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və
bütün dillərdən sərbəst istifadə olunur, olunmalıdır və gələcəkdə
də istifadə olunacaqdır. Azərbaycan Azərbaycanda yaşayan
bütün millətlərin doğma vətənidir. Azərbaycan vətəndaşları,
Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün
millətlərin birliyini dərk edirik”.

Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz

116 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə
sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə
çevrilməsi, beynəlxalq münasibətlər sisteminə - diplomatiya
aləminə yol alması, zənginləşə-zənginləşə nüfuz qazanması və
dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər
Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik,
uzaqgörən dil siyasəti ilə bağlıdır. Məhz Ümummilli Liderin
ciddi səyləri nəticəsində 1995-ci ildə ümumxalq referendumunda
qəbul edilmiş yeni Konstitusiyamızda Azərbaycan dili dövlət dili
təsbit olundu. Ana Qanunumuzun 21-ci maddəsində qeyd edilir
ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin
edir”. Halbuki bunadək hadisələr başqa cür cərəyan etmişdi. Tarixə
ekskurs edərək həmin dövrə nəzər salaq…

1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə əlaqədar olaraq
Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etsə də, rus dilinin
genişmiqyaslı təzyiqi respublikanın dövlət dilinin hüquqlarını
kobud şəkildə pozurdu. 1992-ci ildə hakimiyyətə gələn qüvvələr
isə müəyyən eyforiyaya qapılaraq, dövlət dilinin o vaxta qədər
“Azərbaycan dili” şəklində stabilləşmiş adını “türk dili” ilə əvəz
etmişdilər.

Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsində dövlət dili haqqında
maddənin geniş müzakirəsi zamanı bu məsələ barədə deyirdi:
“Mən Milli Məclisin qərarının nəticəsinə toxunmayaraq və o
barədə öz münasibətimi bildirməyərək yalnız həmin qərarın

117

qəbul olunması prosedurası haqqında danışmaq istəyirəm. Belə
bir mühüm qərar üç-dörd günün içərisində kiçik qrup adamın
iradəsi, istəyi nəticəsində qəbul olunubdur. Bax, mən bunu heç
bir vəchlə qanuni hesab etmirəm. Mən hesab edə bilmərəm ki, bu
işə ciddi münasibət göstərilibdir.

Məsələ belə olmuşdur. Milli Məclisdə Azərbaycanın dövlət
dili məsələsi müzakirə olunarkən Məclis üzvlərindən biri deyib ki,
gəlin yazaq “Azərbaycanın dövlət dili Azərbaycan türk dilidir”,
başqa birisi deyib ki, niyə belə yazırıq. Yazaq ki, “türk dilidir”.
Mübahisə gedibdir...

...Bəli, mübahisə gedibdir. Bir qismi buna etiraz edibdir, bir
qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki, yazaq:
“bizim dilimiz türk dilidir”. Məsələ Milli Məclisdə səsə qoyularkən
həmin iclasda Milli Məclisin 50 üzvündən 39-u iştirak edibdir.
Onların 26-sı dilimizin türk dili kimi qəbul olunmasına səs
verib, 7-si, ya 8-i əleyhinə səs verib, qalanları isə bitərəf olubdur.
Beləliklə də dövlət dilimizin adı dəyişdirilibdir”.

Əlbəttə, dövlət dilinin adının bu şəkildə dəyişdirilməsi həm
qanunvericiliyə zidd, həm də ümummilli səviyyədə məsuliyyət
hissinin itirilməsi idi. Doğrudur, 1930-cu illərin ortalarına qədər
Azərbaycan SSR-in dövlət dili “türk dili” adlanırdı, lakin həmin
illərə qədər də Azərbaycan türkcəsi Türkiyə türkcəsindən fərqlənir,
ayrı-ayrı müstəqil dillər kimi qəbul edilirdi.

“Azərbaycan dili”nin “türk dili” ilə əvəz olunması ilk
günlərdən ciddi problemlər yaratmağa başlasa da bu qərar 1995-
ci ilə, yəni müstəqil dövlətin ilk Konstitusiyası qəbul edilənə

118 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

qədər qüvvədə qaldı. Bu bir neçə il ərzində ictimai fikir, xüsusilə
mütəxəssislər məsələyə münasibətlərini bildirdilər. Dövlət dilinin
adının çox ciddi məsələ olduğunu nəzərə alan Heydər Əliyev yeni
Konstitusiya layihəsinin müvafiq maddəsinin geniş müzakirəsini
keçirmək qərarına gəldi. Həmin müzakirədəki giriş nitqində
Ümummilli Lider məsələnin tarixinə toxunaraq demişdi: “1921-
ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət
dili haqqında heç bir maddə yoxdur. 1937-ci ildə qəbul edilmiş
Azərbaycan konstitusiyasında da dövlət dili haqqında heç bir
maddə olmayıbdır.

1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti 1937-ci
ildə qəbul olunmuş konstitusiyaya əlavə edibdir. Konstitusiyaya
Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili
olması barədə maddə əlavə edilibdir. O vaxt işləyən adamlarımız
bunu xatırlayırlar. Həmin dövrdə bu maddənin qəbul edilməsi
respublikada müəyyən mübahisələr doğurdu. Mən də onun
şahidiyəm...

...1977-78-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən
bu məsələ, şübhəsiz ki,əsas məsələlərdən biri idi. Biz yeni
Konstitusiyada Azərbaycan dövlət dilinin Azərbaycan dili
olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, mən həmin
Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə
rəhbərlik edirdim.

Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu.
Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna
ehtiyac yoxdur. ... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi

119

ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar
apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan
dili olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq.

Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fikirlər
səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə
olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-ci ildə, səhv
etmirəmsə, aprel ayında biz konstitusiyanı qəbul etdik. Həmin
konstitusiyada yazıldı ki, Azərbaycan dövlət dili Azərbaycan
dilidir”.

Göründüyü kimi, Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan
SSR Konstitusiyasında qeyd olunması ciddi problemə çevrilmişdi
ki, bu da Sovetlər Birliyi rəhbərliyinin müttəfiq respublikaları
həm siyasi-ideoloji, həm də mənəvi baxımdan get-gedə daha çox
sıxışdırma yolu ilə əvvəlcə Sovetlər Birliyində, sonra isə bütün
dünyada “rus dilində danışan dünya xalqı” yaratmaq proqramının
tərkib hissəsi idi. Ancaq rəsmi Moskva gec də olsa anladı ki, bu
düşüncə tamamilə absurddur. Necə ki, xalqın taleyi ilə bağlı tarixi
əhəmiyyətli bir məsələnin bir qrup şəxsin iradəsi ilə həll edilməsi
anormal vəziyyət idi. Ulu Öndər deyirdi: “Anlatmaq istəyirəm ki,
bu qanunun gücü yoxdur. Bildirmək istəyirəm ki, Azərbaycanın
müstəqillik dövründə bu taleyüklü tarixi məsələlərə bu qədər
məsuliyyətsiz yanaşan insanlar, hesab edirəm ki, xalq qarşısında
xəyanət edirlər. Doğrudan da, əgər belə bir qanun lazım idisə,
o, xalqın iradəsi ilə qəbul edilməli idi. Bunun üçün referendum
keçirmək lazımdır. Həmin referendum sayəsində əgər bu nəticə
əldə olunarsa, deməli, xalqın əksəriyyəti bunu istəyir. Yaxud da

120 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

əgər referendum keçirmək istəmirlərsə, heç olmasa parlament
çərçivəsində qanunu pozmayaydılar. Zorakılıq, volyuntarizm,
vəzifəsindən sui-istifadə etmək - bax, dəhşətlisi budur. Təəssüf
ki, bu, bizim həyatımızda çox vaxtlar olub. Ayrı-ayrı vəzifəli
şəxslər vəzifə tutandan sonra hesab edirdilər ki, xalqın taleyi də
onların əlindədir, tarix də onların əlindədir - nə istəsələr onu
edə bilərlər. Bax, dərd burasındadır. Bunları nəzərə alıb mən
Konstitusiya Komissiyasında bu məsələ qalxan kimi belə bir təklif
verdim: bu məsələyə səthi yanaşmaq olmaz. Bu məsələ xüsusi
müzakirə olunmalıdır. Bu, birinci növbədə, o dairələrdə xüsusi
müzakirə olunmalıdır ki, həmin dairələr bu məsələdə səriştəlidir
- yəni bu məsələdə onların biliyi, təcrübəsi var və onlar bu işin
mütəxəssisləridir. ...Mən istəyirəm ki, siz məsuliyyəti dərindən
dərk edərək müzakirə edəsiniz, bu məsələyə səthi yanaşmayasınız.
Bu, çox mühüm məsələdir. Məsələn, bizim bəzi ziyalılar deyirlər
ki, əgər indi biz Azərbaycan dili yazsaq, onda bəs Füzuli nə dilində
yazıbdır? Cəlil Məmmədquluzadə nə dilində yazıbdır. Belə sözlər
deyirlər.

Eyni zamanda, deyirlər ki, guya 1935-36-cı illərdə bizim
dilimiz türk dili adlanıbdır və dilimizin adı o vaxt dəyişilibdir.
Amma şəxsən məndə bu barədə tarixi bir sənəd yoxdur. Bu,
hansı fərmanla, hansı qərarla, hansı sənədlə dəyişdirilibdir
– bu məlumat məndə yoxdur. Bilmirəm, bəlkə kimdəsə var?
Ancaq tariximiz elə olubdur ki, vaxtilə bizə “azərbaycanlı”
da deməyiblər. İndi əgər biz Cəlil Məmmədquluzadəyə, Mirzə
Ələkbər Sabirə, Nəriman Nərimanova və ya başqalarına istinad

121

ediriksə, elə onların əsərlərində deyirlər ki, biz müsəlmanıq.
Yazıların əksəriyyətində belədir. Bizə “azərbaycanlılar” da
demirdilər, bəlkə türklər deyirdilər. Amma çox vaxt deyirdilər ki,
biz müsəlmanıq. Nəhayət, XX əsrin axırlarında biz bu məsələləri
tam aydınlaşdırmalıyıq və bu məsələyə nöqtə qoymalıyıq ki,
bütün söz-söhbətə son qoyulsun”.

Beləliklə, 1995-ci ilin noyabr ayının əvvəllərindəAMEA-da elm
adamlarının, yazıçıların, ümumən ziyalıların iştirakı ilə başlayan
müzakirələr Ümummilli Liderin iradəsi sayəsində ən ideal sonluqla
bitdi –Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi
təsbit olundu. Həmin iradənin nəticəsidir ki, bu gün “Azərbaycan
dili” anlayışının Azərbaycan Respublikasında “Azərbaycan dili”
linqvonimi ilə verilməsi nə rəsmi, nə ictimai, nə də elmi sferalarda
mübahisə doğurur. “Azərbaycan dili” dövlətin (və xalqın) dilinin
adı olaraq ümumxalq səsverməsi (referendum) yolu ilə qəti şəkildə
təsbit edilmişdir. Filologiya elmləri doktoru,  akademik Nizami
Cəfərov “Azərbaycanşünaslığın əsasları” kitabında yazır: “Həmin
müzakirələr göstərdi ki, yalnız milli-ictimai təfəkkür deyil,
bilavasitə mütəxəssislər də ana dilinin qeydsiz-şərtsiz “türk dili”
adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki:

a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla
adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-
istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi-Türkiyə türkcəsi)
adlandırmaq lazım gəlir;

b) Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif
xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və s.) “Azərbaycan

122 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat
olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda
millətçilik” hisslərini qızışdırırlar;

c) “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir,
kifayət qədər böyük işlənmə təcrübəsi qazanmışdır.

Doğrudur, Azərbaycan Respublikası hüdudlarından kənarda
bəzən ya köhnə inersiya ilə, ya da müəyyən ideya-metodoloji
münasibətlərdən irəli gələrək “Azərbaycan dili” mənasında
“Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi”, “türk dilinin
(türkcənin) Azərbaycan ləhcəsi, “azəri türkcəsi” və s. ifadələr
də işlədilir, lakin hər kəsə məlumdur ki, Azərbaycan xalqının
(və dövlətinin) dili rəsmi olaraq məhz Azərbaycan dilidir. Və
fikrimizcə, bu mövzuda bütün müzakirələri Ulu Öndər Heydər
Əliyevin 1998-ci il iyul ayının 22-də Londonda Böyük Britaniyada
yaşayan soydaşlarımızla görüşdə səsləndirdiyi mükəmməl cavabla
yekunlaşdırmaq olar. Ümummilli Lider deyirdi: “Bizim üçün tarixi
bir amil var - Azərbaycanlıyıq. Bilirsiniz, ermənilər çalışırlar
sübut eləsinlər ki, guya ümumiyyətlə Azərbaycan milləti yoxdur,
köçərilər olubdur, filan olubdur. Amma azərbaycanlı kimi bizim
millətimizin böyük tarixi var. Böyük, qədim tarixi var! Bizim
dilimiz Azərbaycan dilidir. Bilirsiniz, 1992-ci ildə Azərbaycanda
böyük səhvə yol vermişdilər ki, bizim dilimiz Türk dilidir. Bəli, biz
türkdilli millətlərə daxilik, əcdadlarımız birdir. Ancaq türkdilli
xalqlar sonra şaxələnib, hərəsi bir millətə çevrilibdir. Özbək də
türkdillidir, qırğız da, qazax da, tatar da, türkmən də, başqırd da,
uyğur da türkdillidir. Amma hərəsi bir millətdir, hərənin də öz dili

123

var. Məsələn, mən özbək dilinin, ola bilər, on faizini başa düşə
bilərəm, ondan artıq başa düşə bilmərəm.Amma bizim dillərimizin
kökü birdir, biz bir kökdənik. Millət kimi də, dil baxımından da
bir kökdənik. Amma biz bu kökün bir budağıyıq, budaq, şaxə kimi
inkişaf etmişik. Özümüzün adımız var - Azərbaycan, özümüzün
dilimiz var - Azərbaycan dili. Çox da gözəl. Zəngin, çox ləzzətli
dilimiz var. Siz bilirsiniz ki, mənim təhsilim ümumiyyətlə rus
dilində gedibdir. Gənc vaxtımdan bütün həyatım boyu rus dilində
oxumuşam, rus dilində işləmişəm. Moskvada böyük vəzifələrdə
işləmişəm. Mənim üçün rus dili “Ana dili” kimi bir dildir. Amma
mən o dildən nə qədər istifadə etmiş olsam da, Azərbaycan
dilini unuda bilmərəm. Azərbaycan dili mənim üçün hər şeydən
əzizdir. Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki,
musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin
milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq
edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan
dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan
dilində mahnılar olmaz, musiqi olmaz. Bunlar hamısı bir-biri
ilə bağlıdır. Ona görə bu beş ildə Azərbaycan dilinin dövlət
dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən
böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil,
Azərbaycanlılıq məsələsidir. Azərbaycanlılıq bizim üçün böyük
Azərbaycan nöqteyi-nəzərindən çox vacibdir. Biz özümüzü bir
ölkənin quyruğuna bağlaya bilmərik. Biz heç kəsin “quyruğuna
bağlanan bir xalq” deyilik. Biz böyük xalqıq, müstəqil xalqıq, öz
adımız, öz dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, musiqimiz və

124 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

öz ölkəmiz var. Ona görə də bu anlayışları yaşatmaq və inkişaf
etdirmək, Azərbaycan dilini hər yerdə daha da yüksəklərə
qaldırmaq hamımızın vəzifəsidir, sizin də vəzifənizdir”.

Ulu Öndər Azərbaycan dilinin qorunmasına və inkişafına
şəxsən xüsusi diqqət yetirmişdir. Onun 2001-ci ilin iyunun 18-
də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərman tarixi əhəmiyyət kəsb edirdi və dilimizin
inkişafı, tətbiqi sahəsində meydana çıxan problemlərin həllində
mühüm rol oynadı. Fərmanda dilimizin əldə etdiyi uğurlarla yanaşı,
yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də
geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdi.
Sənəddə, həmçinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil
Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Bu qurumun
yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha
səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar
kontekstində tənzimləmək məqsədi daşıyırdı.

2001-ci il avqustun 9-da Ümummilli Lider yeni Fərman -
“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” mühüm bir sənəd imzaladı. Həmin Fərmana uyğun
olaraq hər il avqust ayının 1-i Azərbaycan Respublikasında
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ümummilli Liderin daxili və xarici siyasətini bu gün uğurla
davam etdirən Prezident cənab İlham Əliyevin “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar
2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə

125

görə yüksək qiymətləndirilir. Həmin sənədlərə uyğun olaraq 2004-
cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərə tutulan
əsərlərin siyahısı hazırlanmış və çap olunmuşdur. Bundan başqa,
dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Proqramı” (2013-2020-ci illər) elm və texnikanın
sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövründə Azərbaycan
dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi
istiqamətində aparılan işləri yeni səviyyəyə yüksəltmişdir. “Dövlət
Proqramı”nın icrasına dair Tədbirlər Planına aşağıdakı məsələlər
daxil edilmişdir:

* Normativ hüquqi bazanın təkmilləşdirilməsi;
* Azərbaycan dilinin tədrisinin genişləndirilməsi;
* Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi;
*Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi;
* Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği.
Göründüyü kimi, bu məsələlərin hamısında bir-biri ilə sıx
bağlı olan iki məqam - milli və ümumbəşəri məqamlar ehtiva
olunur. Diqqəti cəlb edən cəhət isə odur ki, “Dövlət Proqramı”nda
Azərbaycan dilinin milli tarixi imkanları qloballaşan dünyanın
tələblərinə cavab verəcək səviyyəyə qaldırılmışdır. Bu baxımdan
nəzəri, eləcə də elmi-praktik məsələlərin həlli tələb olunur ki,
burada da söhbət dünya dilçiliyinin müasir inkişaf səviyyəsindən
gedir.

126 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin yad
təsirlərdən qorunmasına və inkişafına töhfələrindən bəhs edərkən
onun “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
1 noyabr 2018-ci il tarixli Fərmanını da vurğulamaq lazımdır. Çox
təəssüf ki, bu gün elektron mediada, televiziya və radioda, o cümlədən,
tərcümə olunan ədəbiyyatlarda müəyyən dil qüsurlarına rast gəlinir.
Azərbaycan dili normaları gözlənilmir, sintaktik qaydalara uyğun
gəlməyən birləşmələrdən istifadə olunur, belə demək mümkünsə,
məişət üslubu ədəbi dil üslubunu “işğal” etməkdədir. Dilimizin
təhrif olunması faktlarına bir çox din xadimimizin danışığında, dini
ədəbiyyatların dilimizə tərcümələrində də rast gəlirik. Bu, əsasən,
ölkə xaricində təhsil alanların danışığında, yazısında özünü göstərir.
Çox təəssüf ki, bu gün dilin də müqəddəs, mənəviyyat göstəricisi
olduğunu anlamayan həmvətənlərimiz vardır. Fərmanda da qeyd
edildiyi kimi, “dilimizin hüdudsuz imkanlarından yetərincə və
düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş
yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında,
mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının
kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl
edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz
və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu
sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil
pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində
təsirli tədbirlər görməyə imkan vermir”. Ölkə Prezidentinin
uzaqgörənliklə imzaladığı Fərmana əsasən yaradılacaq “Azərbaycan

127

Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq
Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin bu istiqamətdəki
problemlərin qısa müddətdə aradan qaldıracağına şübhə yoxdur.

Yuxarıda sadalananlar Azərbaycan dövlətinin, onun
rəhbərliyinin milli-mənəvi dəyərlərimizə, elmin inkişafına böyük
diqqət və qayğı göstərdiyini sübut edən çoxsaylı faktlardandır.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında
ana dili və ədəbiyyatımızın başlıca amillərindən olduğunu dəfələrlə
diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan
məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. O, daim
çıxışlarında, keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına,
xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə,
incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq
onun fəzilətlərindən söz açmışdır: “Ana dilimizə hörmət və qayğı
daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana
dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının
formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında
ana dilimiz- Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə
etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox
ciddi diqqət göstərilməlidir”.

Məhz buna görə də əqidəsindən, vəzifəsindən, cəmiyyətdə
tutduğu mövqeyindən asılı olmayaraq, ana dilinin gözəlliyini
qorumaq, onun təmizliyinə xələl gətirən yad təsirlərin qarşısını
almaq hamımızın borcudur. Çünki bu gün digər sahələr kimi, dilçilik
də qloballaşmanın mənfi təsirlərinə məruz qalmaqdadır. Müasir
dövrdə beynəlxalq aləmdə ingilis dilinin hökmranlığı nəticəsində

128 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

başqa dillər iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə sıxışdırılaraq
küncə qısılmış kimi görünür, məhəlli və ya dar çərçivəyə salınmağa
çalışılır. Əsası odur ki, milli dillərdə yeni məfhumları və konseptləri
bildirən sözlər və fikirlər yaranmır, heç buna ehtiyac da qalmır.
Qloballaşmanın dil sahəsinə daha bir zərbəsi dillərin qarşılıqlı
təsirinin heçə enməsidir. Bunun nəticəsində dili hakim olan sanki
xalq eqoistləşir, özünü hegemon hesab edir. Alman alimi Yurgen
Trabantın bununla bağlı fikri belədir: “İngilislər və amerikanlar,
bir qayda olaraq, xarici dillərdə əsər oxumağı lazım bilmir, hətta
həmin əsərləri tərcümə etdirməyə də həvəs göstərmirlər”.

Professor Fəxrəddin Veysəlli qeyd edir ki, bütün bunlar
ortaya atılmış dünyada qlobal dil ideyasının tərkib hissəsidir:
“Hərçənd, bir çox ölkələrdə bu ideya etirazla qarşılanmaqdadır.
Danimarkalı alim R.Filipson hesab edir ki, linqvistik imperializm
bu gün bəşəriyyət üçün ən ciddi təhlükələrdəndir. Bu alimin
özü çoxdillidir, özü də ingilis dilinin ikinci dil kimi işləndiyi
Danimarkda yaşayır. Lakin onun məşhur “Linqvistik imperializm”
kitabı məhz İngiltərədə iki dəfə çapdan çıxmışdır. Bu fakt bir daha
göstərir ki, dili beynəlxalq dilə çevrilmiş İngiltərənin özü də
linqvistik imperializmin geniş vüsət almasından narahatdır. Digər
tərəfdən, milli azlıqlar da qlobal dil siyasətinə qarşıdırlar. Məlum
olduğu kimi, Avropada Norveç, İsveç, Danimarka, İsveçrə və s.
kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demoqrafik vəziyyət
çox ağırdır. Bu ölkələrdə əhalinin artımı yox dərəcəsindədir.
Digər tərəfdən, bu ölkələrin gəncləri amerikan və ingilis
təsirlərinə məruz qalaraq öz mədəniyyələrini və dillərini unutmaq

129

üzrədirlər. Bu məsələ ilə bağlı bir faktı qeyd etmək yerinə düşər.
1975-ci ildə Helsinki şəhərində 35 ölkənin iştirakı ilə keçirilən
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Forumunun son sənədinin
imzalanması məqamı çatanda yuxarıda adlarını çəkdiyimiz və
digər ölkələrin nümayəndələri sənədin onların dilində də tərtib
olunmayacağı təqdirdə onu imzalamaqdan imtina etmişdilər.

Ümumiyyətlə, beynəlxalq səviyyədə qlobal dil siyasətinə qarşı
təkcə sayca az olan millətlərin nümayəndələri mübarizə aparmırlar.
Sayca yüz milyonlarla adamların danışdığı alman, fransız, ispan,
rus və s. dillərin təmsilçiləri də bu mübarizəyə qoşulduqlarını elan
edirlər”.

Bir sözlə, müasir dövrdə millətlərin qarşılıqlı ünsiyyətində dil
faktoru mühüm rol oynayır. Özü də dünya miqyasında xalqlararası
mədəni, iqtisadi, ticari və s. əlaqələrin inkişafında qlobal dil
problemi çox böyük aktuallıq kəsb edir.

130 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

TOLERANTLIQ

Məlumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin
təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını
uşaqlıq illərindən başlamaq lazımdır. Ölkəmizdə yetişməkdə
olan nəslin təhsillənməsində müasir elmi pedaqoji konfranslar
daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlük və əməkdaşlıq
mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək,
buna nail oluruq. Bunu demək çox asandır, lakin gercəkləşdirmək
kifayət qədər mürəkkəb bir prosesdir.

Ümummilli Lider Heydər Əliyev

Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli
və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri,
bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma
şəraitində yaşayırlar. Bu bizim böyük sərvətimizdir, böyük
üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu
inkişafında bu amil də öz rolunu oynamışdır. Çox şadam ki,
müstəqillik dövründə bu müsbət meylləri biz nəinki qoruyub
saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik.

Prezident İlham Əliyev

Elmi ədəbiyyatlarda “tolerantlıq” (latınca “tolerancia” hərfi
tərcümədə dözmək, səbir etmək, tab gətirmək, göz yummaq, icazə
vermək, fikir verməmək, yaxşı qarşılamaq mənalarına gəlir) dini

131

və milli müxtəlifliyin etirafı və ona hörmətlə yanaşılması kimi tərif
olunur. Ancaq onun mahiyyəti və izahı ilə bağlı müxtəlif variantlar
mövcuddur. Buna baxmayaraq, hər kəsin qeyd-şərtsiz qəbul etdiyi
bir həqiqət var: tolerantlıq müxtəlifliyin mövcudluğuna təminat
verən hüquqi borc və mənəvi tələbatdır.

Tolerantlıq türk dilində “xoşgörü”, ərəb dilində “müsamihə”
terminləri ilə eynilik təşkil edir. O, sivil dünyanın demokratik
dəyərləri içərisində xüsusi yer tutur. Hələ qədim dövrlərdən etibarən
insanlarda bir-birinin fərqli baxışlarına, fikir və düşüncələrinə
dözümlü yanaşma mədəniyyəti formalaşmış, zaman keçdikcə
tolerantlıq hər bir cəmiyyətdə sivil harmoniyanın, sülh və barışın
təmin olunmasında həlledici amilə çevrilmişdir.

Tolerantlıq elmi və siyasi ədəbiyyatlarda xüsusilə dini, milli
və irqi müxtəlifliyin etirafı və ona hörmətlə yanaşılması kimi izah
olunur. Lakin “dini və milli tolerantlıq” terminləri ilə yanaşı, siyasi,
mədəni, hətta, sosial tolerantlıq ifadələri də işlədilir. Şübhəsiz
ki, bunların arasında daha çox istifadə olunan “dini tolerantlıq –
dözümlülük” ifadəsidir. Çünki tolerantlıq ilk dəfə dini dözümlülük
mənasında işlədilmiş və zaman keçdikcə ifadənin “əhatə dairəsi”
genişlənmişdir. Bu gün də tolerantlıq dedikdə həm hüquqi, həm də
elmi müstəvidə, daha çox, dini dözümlülük nəzərdə tutulur.

Antik dövrdə tolerantlığın ilkin elementləri özünü işğaldan
sonra əsarət altına alınmış hər hansı xalqın nümayəndələrinin
azadlığa buraxılması və vətənlərinə qayıtmalarına icazə verilməsi,
işğal olunmuş ərazilərdə yaşayan xalqların öz tanrılarına ibadət
etməyə imkan yaradılması və s. formalarda özünü göstərmişdir.

132 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Orta əsrlərdə xüsusi qruplara münasibətdə tolerantlığın daha təkmil
forması ortaya çıxmağa başlamışdır. Bu baxımdan “tolerantia”
adlandırılan latın konsepti “orta əsrlərin yüksək inkişaf etmiş
siyasi və hüquqi konsepti” kimi önəmli nəzəriyyə hesab olunurdu.
Sonralar ilahiyyatçılar fərqli dinlərə məxsus fikirlərin dilə
gətirilməsinə icazə verilməsi məsələsini irəli sürdülər. Tolerantlığın
dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi
XVI əsrdən sonrakı dövrlərə təsadüf edir.

Dini tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur
xristian ilahiyyat alimi Foma Akvinalının “Teologiyaların
külliyatı” əsərində rast gəlmək olar. Yeni dövrdə tolerantlıq
problemini ilk tədqiq edən isə ingilis filosofu Con Lokk (1632-
1704) olmuşdur. O, “Tolerantlıq haqqında öyüdnamə” (“Epistola
de tolerancia”) əsərində tolerantlığı əsl, həqiqi Kilsənin əsas
əlaməti kimi əsaslandırmağa çalışmışdır. C.Lokun fikrincə, “əgər
dində məhəbbət, iltifat və mərhəmət yoxdursa, o, həqiqi ola
bilməz. İsa Məsih naminə başqasını təqib edənlər Onun təlimini
eybəcərləşdirirlər. Səmimi və namuslu insanlar müxtəlif dinlərə
itaət edə və yalnız dini müxtəlifliyə dözümlülük, cəmiyyətə sülh
bəxş edə bilərlər”.

Con Lokun ilahiyyat professoru Limborxa ünvanlandığı
bu əsərində tolerantlıq anlayışı dini dözümsüzlük probleminin
mövcudluğu kontekstində tədqiq olunmuşdur. O, araşdırmalarında
liberal Qərb sivilizasiyasının əsas xüsusiyyətlərini özündə əks
etdirən “azadlıq-qanun-ağıl” üçbucağına əsaslanırdı. Azad
düşüncənin tolerantlıq prinsipi ilə qarşılıqlı əlaqəsi məsələsində

133

C.Lokun fikirlərini ümumiləşdirərək bu nəticəyə gəlmək olar:
düşüncə azadlığı, tədqiqat azadlığı, din azadlığı və başqa inanclara
tolerant münasibət olmadan ağlın inkişafı mümkün deyil. Bu fikrə
əsaslanaraq o, azadlıq fəlsəfəsinin təməlini təşkil edən ideoloji
nəticəyə gəlmişdir: düşüncə, ifadə və dini inanc azadlığı həyatın
digər bütün sferalarında azadlığın açarıdır.

Con Lokdan sonra XVIII əsrdə tolerantlıq anlayışını
genişləndirən fransız mütəfəkkiri Volter olmuşdur. O,
“dediklərinizlə razı deyiləm, amma mən sizin öz fikirlərinizi ifadə
etmək hüququnuzu qorumaq üçün canımı da verərəm” ifadəsi
ilə klassik tolerantlıq nəzəriyyəsinin banisi hesab edilir. Volter
üçüncü silkə məxsus ailədə doğulmuşdu və feodal qaydalarına,
katolik kilsəsinə qarşı çıxışlar edirdi. Əsas məqsədi əhalini
maarifləndirmək və bununla da, beyinlərdən dini xurafatı silmək
idi. Volter dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin qanun
qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv olunmasını
tələb edirdi.

Tolerantlıq anlayışının formalaşmasında Şotland əsilli Böyük
Britaniya filosofu və iqtisadçısı Adam Smitin (1723-1790)
xidmətlərini də qeyd etmək lazımdır. Onun xristian atası dinə çox
bağlı və Şotlandiya kilsəsinin mötədil qanadının üzvü idi. A.Smit
fəlsəfi baxımdan dini iqtisadiyyatın önündə maneə kimi görmüş
və ateist yanaşma nümayiş etdirmişdir. O, təbiət hadisələri kimi
iqtisadiyyatda da nizam olduğunu, bunun müşahidə və əxlaq hissi
ilə müəyyən edilə biləcəyini deyirdi.

Tolerantlığın tədqiqi ilə məşğul olmuş şəxslərdən biri də Georq

134 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Zimmeldir. 1858-ci ildə Berlində yəhudi ailəsində doğulmuş,
kiçik yaşında atasını itirmiş və katolik qadının himayəsində
böyümüş Zimmel alman sosiologiyasının qurucularından hesab
edilir. O, fərdin və cəmiyyətin öyrənilməsində ən kiçik detalların
da diqqətə alınmasını zəruri saymış, dinin ictimai həyatda yerini
müəyyənləşdirən meyarları göstərmişdir. Zimmelin tədqiqatları
və fikirləri tolerantlıq anlayışının formalaşmasında mühüm rol
oynamışdır.

Qərbi Avropada tolerantlıq problemi Nikolay Kuzanlı, Piko
dela Mirandola, Erazm Rotterdamlı kimi mütəfəkkirlərin də diqqət
mərkəzində olmuşdur. Tolerantlığın sonrakı tədqiqi T.Hobbs,
Y.Bentam, A. de Tokvil, D.Didro, C.S.Mill, T.Nükom və s. adı ilə
bağlıdır.

İntibah dövründə siyasətçilər və tədqiqatçılar dini tolerantlığın
qanunla tənzimlənməsinə dair müzakirələrə başladılar. 1689-cu ildə
Britaniya parlamenti “Tolerantlıq aktı” adlanan sənəd qəbul etdi
və bununla non-konformistlərə inanclarında azad olmaq hüququ
verildi. 1789-cu ildə Fransa inqilabı ərəfəsində Mili Assambleya
tərəfindən qəbul edilmiş Deklarasiyada “fikirlərinə görə heç
kəsə müdaxilə edilməməsi, dini inanclara hörmət bəslənilməsi”
vurğulanırdı.

XX əsrdən etibarən müvafiq konsept beynəlxalq sənədlərdə
vacib müddəa kimi daha geniş əks olunmağa başlandı. 1948-ci
ildə BMT Baş Assambleyasında qəbul edilmiş Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin 18-ci maddəsində qeyd olunur ki, “hər
bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu

135

hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya
əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə,
ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq
və özəl qaydada etiqad etmək azadlığı daxildir”.

Bu Bəyannaməni, birbaşa əlaqəsi olmasa da, tolerantlıqla
bağlı ilk beynəlxalq sənəd kimi qəbul edənlər də var. Bu fikrin
tərəfdarlarının fikrincə, bu sənəd yalnız əsas insan hüquq və
azadlıqlarının deyil, həm də tolerantlıq prinsiplərinin rüşeymini
təşkil edir. Elə buna görə də, tolerantlıqla bağlı digər beynəlxalq
sənədləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
genişləndirilmiş forması və ya ətraflı şərhi kimi də qəbul etmək
olar. Məsələn, onların arasında “Mülki və siyasi hüquqlar haqqında
beynəlxalq Pakt”ı, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında
beynəlxalq Pakt”ı və digərlərini qeyd etmək olar. Ancaq bu sənədlər
birbaşa tolerantlığa həsr olunmamışdır.

Tolerantlıq sahəsində ilk beynəlxalq hüquqi sənəd “Din
və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün
formalarının aradan qaldırılması haqqında Bəyannamə”dir. Sənəd
BMT Baş Assambleyası tərəfindən 1981-ci ildə qəbul olunmuşdur.

BMT səviyyəsində qəbul edilmiş sənədlərdən biri də “Milli
və yaxud etnik, din və dil azlıqlarına mənsub şəxslərin hüquqları
haqqında Bəyannamə”dir. Sənəd BMT-nin Baş Assambleyasında
18 dekabr 1992-ci ildə qəbul edilmişdir. Ümumilikdə 9 maddədən
ibarət olan bəyannamədə, əsasən milli, din və dil azlıqlarının hüquq
və azadlıqlarından, eləcə də dövlətlərin onların hüquqlarının təmin
edilməsi istiqamətində həyata keçirməli olduğu tədbirlərdən bəhs

136 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

olunur. Bu baxımdan qeyd olunan sənədi azlıqlarla bağlı dövlətlərin
üzərinə qoyulmuş öhdəliklər kimi də qəbul etmək mümkündür.

Tolerantlıqla bağlı BMT səviyyəsində qəbul edilmiş əsas
sənədlərdən digəri isə “Dini dözümsüzlüyün bütün formalarının
ləğv edilməsi haqqında Qətnamə”dir. Sənəd BMT Baş Məclisinin
85-ci plenar iclasında qəbul edilmişdir. Qətnamədə vicdan
azadlığı ilə bağlı vəziyyət və qarşıda duran məsələlər açıq
şəkildə qeyd olunmuşdur. Onu əvvəlki sənədlərdən fərqləndirən
cəhətlərdən biri odur ki, bu qətnamədə ilk dəfə “tolerantlıq” sözü
işlədilmişdir. Qətnamənin 4-cü bəndində qeyd olunur ki, “BMT
insan hüquqları pozuntularının qarşısının alınmasında, habelə,
din və ya əqidə azadlığı hüququnun təmin edilməsində yalnız
qanunvericiliyin kifayət etmədiyini təsdiqləyir”. Sənəddə “qeyri-
hökumət təşkilatlarının, dini qurumların və qrupların tolerantlığın
təbliğinin, habelə, din və ya əqidə azadlığının müdafiəsinin bütün
mərhələlərində vacib rola malik olduqları” xüsusi vurğulanır. Qeyd
olunur ki, “din və əqidə tolerantlığının təmin edilməsi üçün təhsilin
vacibliyi dərk edilir”, bununla yanaşı, “fikir, vicdan, din və əqidə
azadlığının təbliğ və müdafiə edilməsi, dininə və ya əqidəsinə görə
nifrət, dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv
edilməsi üçün daha çox səylərə ehtiyac olduğuna inanaraq”, belə
bir qətnamə qəbul edilir.

Müasir anlayışda tolerantlıq çoxşaxəli mahiyyət kəsb edir.
Tarixçi Aleksandra Valşam bu anlayışın artıq ənənəvi mənasından
uzaqlaşdığını və daha çox, insan hüquqlarına liberal münasibəti
ehtiva etdiyini vurğulayır. Maraqlı paradokslardan biri də

137

tolerantsızlığa qarşı tolerant münasibətdir. Bu mülahizəni irəli sürən
tədqiqatçılar bu növ münasibətin daha mürəkkəb olduğunu, lakin
sakit və təhlükəsiz cəmiyyət üçün vacibliyi fikrini dəstəkləyirlər.

“Vacib məqam odur ki, növbəti minillikdəAvropa multikultural
qitəyə çevriləcək. Qəbul olunsa da, olunmasa da bu baş verəcək”
- dünya şöhrətli italiyalı yazıçı Umberto Eko yeni dövrdə tolerant
cəmiyyətin hansı nəticələrə gətirəcəyini bu sadə fikirlərlə izah
edirdi. Tolerantlığın müasir konseptində əksini tapan məqamlar
şərhçiləri iki qrupa ayırır: bəziləri tolerant cəmiyyətin yaşadığımız
dünyanın ən mükəmməl ideyalarından biri olduğunu, dövlətin
inkişafına və xalqlar arasında münasibətlərin tənzimlənməsinə
müsbət təsir göstərdiyini, əksər gərginliklərə və qarşıdurmalara
son qoya biləcəyini vurğulayırlar. Başqa bir qrup isə həddindən
artıq tolerant olmağın özünün də bir sıra problemlərlə nəticələnə
biləcəyi, müəyyən mərhələdən sonra xaosa səbəb olacağı fikrini irəli
sürürlər. Onlar bu baxımdan Avropanın son illər üzləşdiyi miqrant
problemini gündəmə gətirir və yaşanan gərginliyin Köhnə Qitənin
həddindən artıq “mülayim və tolerant” olması ilə əlaqələndirirlər.
Təbii ki, bu cür yanaşma tolerantlıq anlayışının siyasi xarakterini
qabartmaqdan başqa bir şey deyil. Çünki tolerantlıq təkcə müxtəlif
beynəlxalq qurumların sənədlərində yazılan, siyasətçilərin
çıxışlarında, seçkiqabağı platformalarında səsləndirdikləri maddə
deyil. O, həm də həyat tərzidir, ənənədir, hər hansı bir xalqın tarix
boyu formalaşmış xarakteridir, ali xüsusiyyəti, keyfiyyətidir.

İsveçli tədqiqatçılar Niklas Berqren və Mikael Elinder
“Tolerantlıq inkişaf üçün müsbət, yoxsa mənfi amildir?!”

138 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

mövzusunu araşdırarkən maraqlı fikirlər irəli sürmüşlər. Onlar
qeyd etmişlər ki, tarix azlıqlara qarşı açıq münasibətin iqtisadi
çiçəklənməyə gətirib çıxardığını təsdiqləyir. Məsələn, müxtəlif
dini azlıqların Hollandiya, İngiltərə və İsveçə gəlməsinə imkan
yaradılması məhsuldar immiqrantları cəlb edərək onların iqtisadi
inkişafda iştirakını təmin etmişdir.

Ümumilikdə isə tolerantlıq iqtisadi inkişafa üç yolla təsir
edə bilər: birincisi, tolerant münasibətin birbaşa yönəldiyi şəxs
və ya qruplardan başqa digər qruplara təsir göstərməklə; ikincisi,
azlığa qarşı tolerant münasibətin həmin qrupun fəaliyyətinin
məhsuldarlığına və innovativ potensialına müsbət təsir göstərməklə;
üçüncüsü, yeni ideya və dəyərləri yaymaqla.

Başqa bir araşdırmada iqtisadi artım və inkişafın təbii sərvətlər,
texnoloji innovasiya və insan kapitalı kimi elementlərlə bağlılığı
ilə yanaşı, mədəni müxtəliflik faktoru ilə əlaqəli olduğu fikri irəli
sürülür. Bu amil iki mülahizə ilə izah edilir:

- Coğrafi təcrid xətti industrializmdən əvvəlki dövr üçün müsbət
rola malik ola bilərdi. Lakin sənayeləşmə dövrü başladıqdan sonra
bu yanaşma mənfi nəticələrə gətirib çıxardı. Mədəni müxtəlifliyə
qarşı daha az həssas olan cəmiyyətlər yenilikləri izləmək və
tətbiq etməkdə çətinlik çəkirdilər. Bu isə öz növbəsində həmin
cəmiyyətlərin zamanın tələblərinə uyğunlaşmasına, bu yolla da
çiçəklənməyə mane olurdu.

- İndustrializmdən əvvəl təcrid kursunu tətbiq edən cəmiyyətlər,
əslində, bu gün də mədəni baxımdan daha az müxtəlifliyə sahib
olan cəmiyyətlərdir. Həmin cəmiyyətlər mədəni fərqliliyin

139

sənayeləşmə prosesi kontekstində iqtisadi inkişafa müsbət təsirinin
olduğunu müşahidə etsələr də, bunu öz cəmiyyətlərində tətbiq
etməyə çətinlik çəkirlər.

Nəticə etibarı ilə, bu gün əksər cəmiyyətlər tərəfindən qəbul
edilən və müsbət qarşılanan bir anlayış var: istər inkişaf, istərsə də
innovasiyaların dinamikası ilə ayaqlaşmaq üçün “qapalı” qalmaq,
fərqli ideyalara və yanaşmalara qarşı dözümsüz olmaq heç bir
fayda vermir. Artıq iqtisadi inkişafın, sosial tərəqqinin və siyasi
sabitliyin əldə olunması üçün haqqında danışdığımız anlayışın
yeni və daha qüvvətli təsir gücü inkar edilmir.

Bütün bunlardan sonra hər kəs razılaşır ki, bu gün dünyamızın
tolerantlığa ehtiyacı həmişəkindən daha çoxdur. Tolerantlıq
dünyamızın gələcəyi üçün alternativsiz xilas yoludur. Ona fərqli
yanaşanlar, müxtəlif izahlar verənlər ola bilər, amma tolerantlığı
inkar edənlər əsla olmamalıdır.

Mədəniyyətin mühüm elementi olan tolerantlıq bu gün müxtəlif
inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların
ictimai vəhdətləşməsinin zəruri şərti kimi qəbul olunur. Eyni
zamanda, tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaq prinsipidir.

140 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

Azərbaycanda tolerantlıq: dünən və bu gün

Müxtəlif dinlərin və mədəniyyətlərin ardıcılları arasında
qarşılıqlı əlaqələr, dialoq bəşər sivilizasiyasının inkişafı, müxtəlif
mədəniyyətlərin qorunub saxlanılması, təkmilləşməsi üçün
vacib amillərdəndir. Tolerantlıq və dözümlülük ənənələri zəngin
olan ölkə və regionların təcrübəsi bu baxımdan nümunə sayılır.
Buna əsaslanaraq bir çox xalqların və dini konfessiyaların
nümayəndələrinin dinc yanaşı yaşamasının unikal nümunəsinin
Azərbaycan olduğunu rahatlıqla deyə bilərik. İslamın birmənalı
şəkildə dəstəklədiyi tolerantlığı yaşayan azərbaycanlılar tarix
boyu olduğu kimi, bu gün də dünyaya nümunə göstərirlər.
Məhz bu səbəbdən tolerantlıq Azərbaycan xalqının milli-mənəvi
sərvətlərindən biri kimi qəbul edilməkdədir.

Əvvəlki bölmələrdə də qeyd etdiyimiz kimi, hələ eramızdan əvvəl
586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi
nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri
Azərbaycan ərazilərinə sığınaraq burada məskunlaşmışlar. Tarixi
mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi. I əsrin
ortalarında İsa peyğəmbərin davamçıları bu torpaqlara pənah gətirmiş,
burada Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslam dininin
Azərbaycanda yayılması ilə dini dözümlülük, tolerantlıq ənənələri
daha da möhkəmlənmişdir. Tarixi mənbələrdə qeyd olunur ki, həmin
dövrlərdə müsəlmanlar qeyri-müsəlmanlara, xüsusilə də Yəhudilik,
Xristianlıq və Zərdüştiliyin tərəfdarlarına daim hörmətlə yanaşmışlar.

141

Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar
arasında möhkəm əlaqələrin formalaşmasında onların ortaq taleyə
sahib olmaları da mühüm rol oynamışdır. Tarix boyu bu torpaqlarda
yaşayan müxtəlif xalqların və etnik qrupların nümayəndələri qüdrətli
dövlətlərdən asılı vəziyyətə düşmüş, dini-mədəni baxışlarındakı
fərqlərə baxmayaraq, yaranmış şərait onları bir-birinə daha da
yaxınlaşdırmışdır.

Müasir Azərbaycanda isə tolerantlıq hər ötən gün daha da
möhkəmlənən, təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda,
mövqeyində, münasibətində və həyat tərzində öz əksini tapan dəyərə
çevrilmişdir. Bunun bir neçə səbəbi vardır:

- Milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq,
bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin
edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında,
geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit
olunmuşdur. Ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək
məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad
azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq hüquq normalarına
uyğunlaşdırılmışdır;

- Müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub
saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün
dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Milli azlıqların öz
bayramlarını qeyd etməsi, hətta həmin günlərdə ölkə başçısından
təbrik almaları müxtəlif dini konfessiyaların rəhbərləri tərəfindən
yüksək qiymətləndirilir;

- Əhalinin böyük əksəriyyəti müsəlmanlardan ibarət

142 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

olsa da, dövlət respublika ərazisində yaşayan bütün dinlərin
nümayəndələrinə diqqət göstərir, onlara müsəlmanlarla bərabər
hüquqlar verir. Bunu ölkəmizdə səfərdə olmuş digər dinlərin
ali rəhbərləri də dəfələrlə etiraf və təqdir etmişlər. Məsələn,
Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi
səfərdə olarkən ölkəmizdə mövcud olan tolerant mühit ilə bağlı
demişdi: “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam.
Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət
edə bilir”. 2010-cu il 26-27 aprel tarixində Bakıda keçirilən Dünya
dini liderlərinin sammitində iştirak edən Moskvanın və bütün
Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevlə görüşərkən ölkəmizdə dinlərarası münasibətlərin
yüksək səviyyədə qurulduğunu diqqətə çatdıraraq bildirmişdi:
“Mən dinlərarası münasibətlərdə sizin rolunuzu xüsusi vurğulamaq
istərdim, Azərbaycan dövlətində insanların əksəriyyəti İslam
dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da
ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası
münaqişələr olmamışdır. Müasir terminologiyadan istifadə
etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik”.
Ümumgürcüstan Patriarxı II İliya isə Azərbaycanda mövcud olan
dini tolerantlıqdan, Ulu Öndərin və Prezident İlham Əliyevin
bu sahədəki fəaliyyətindən bəhs edərkən demişdir: “Bu gün
Azərbaycanda mövcud olan tolerant mühitin formalaşmasında
Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın
öz ənənəvi dəyərlərini qoruyub saxlamaqla müasir dünyanın
çağırışlarına ləyaqətli cavab verə bilməsi şəxsən onun və onun

143

davamçılarının müdrik və uzaqgörən siyasətinin nəticəsidir”.
Şübhəsiz, hər hansı xalqın tolerantlıq kimi ən ali keyfiyyətə

sahib olması onun keçmişi ilə nə qədər bağlıdırsa, qorunub
saxlanılması ona rəhbərlik edən şəxslərin iradəsindən bir o qədər
asılıdır. Bu mənada birmənalı şəkildə vurğulamaq olar ki, ölkəmiz
1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin şəxsi iradəsi və
təşəbbüsü əsasında milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix,
adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə
qanuni zəmin yaratmışdır. O, milli azlıqların nümayəndələri ilə
keçirdiyi görüşlərinin birində demişdir: “Biz Azərbaycan deyəndə
onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün
bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu
torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan,
müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır.
Ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər də zəngin olar...”

Ömrünün 30 ildən artıq dövrünü dogma Vətəni Azərbaycanın,
xalqının rifahı üçün fəda emiş Heydər Əliyev cəmiyyətin
bütün sahələrində olduğu kimi, dövlət-din münasibətlərinin
tənzimlənməsində, dini-mənəvi dəyərlərinin qorunmasında,
dini tolerantlığın möhkəmləndirilməsində müstəsna xidmətlər
göstərməklə yanaşı, bu sahədə özündən sonra böyük siyasi və
dövlətçilik təcrübəsini miras qoymuşdur.

Dini dözümlülüyü, tolerantlığı daima dəstəkləyən Ümummilli
Lider gənclərimizin bu ruhda tərbiyə olunmasının vacibliyini hər
zaman vurğulayırdı. Yeniyetmə və gənclərimizin başqa dinlərə
qarşı dözümlülük ruhunda tərbiyəsinin önəmli məsələ olduğunu

144 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

qeyd edən Ulu Öndər Heydər Əliyev müasir dövrdə bu işin
mürəkkəb və çətin olduğunu, ancaq xalqımızın gen yaddaşına
çevrilmiş bu ali keyfiyyəti heç vaxt itirməyəcəyinə əminliyini ifadə
edirdi. Onun bütün sahələr üzrə siyasətini ləyaqətlə davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan
mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması,
İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı
dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş
görülmüşdür. Dövlət başçımız İslam mədəniyyəti ilə bağlı tarixi-
memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs
dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra
sərəncam və fərmanlar imzalamışdır. Qeyd etdiyimiz kimi, son
illər Bibiheybət, Təzəpir, Şamaxı “Cümə”, Gəncə “İmamzadə” dini
kompleksi, Əjdərbəy, Nardaran, Mir Mövsüm ağa və s. məscid və
ziyarətgahlar əsaslı təmir-bərpa olunmuş, yeni ibadət yerləri inşa
edilmişdir.

Başqa sözlə, tolerantlıq bu gün ölkəmizin din siyasətinin
proritet istiqamətlərindən biridir. Belə ki, xalqımızın minilliklər
boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq,
inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ
etmək dövlətin din siyasətinin əsas hədəflərindəndir. Dövlətin
tolerantlıq prinsiplərinə yanaşmasını tarixi-dini abidələrin
təmiri, bərpası və inşası ilə yanaşı, dini konfessiyalara, müxtəlif
dinlərin nümayəndələrinə münasibətində, bu istiqamətdə çoxsaylı
beynəlxalq konfranslar keçirməsində, din sahəsini ehtiva edən
qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq

145

şəkildə görmək mümkündür. Azərbaycandakı tolerantlıq onun
dini mənzərəsində də əks olunmaqdadır. Hesablamalara görə,
Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini
isə qeyri-müsəlmanlar (xristianlar, yəhudilər, bəhailər, krişnalar və
digər dinlərin mənsubları) təşkil edirlər.

Bir çoxu üçün təəccüblü görünə bilər, ancaq əksər xristian
ölkələrindənfərqliolaraq,respublikamızdaXristianlığın,deməkolar
ki, bütün cərəyanlarının nümayəndələri yaşayırlar. Azərbaycanda
pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi
Alban kilsəsinin mənsubları olan xristianlar məskunlaşmışlar.
Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin,
eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan
(molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində
alban-udilər) rayonlarında yaşayır. Katoliklər və lüteranlar isə
əsasən Bakı şəhərində yaşayırlar. Bir vaxtlar Şəmkir və Göygöl
rayonlarında kompakt halda yaşamış alman-lüteranlar II Dünya
müharibəsi zamanı Sovet hakimiyyəti tərəfindən deportasiya
edilmişlər. Digər protestant təriqətlərə (adventistlər, baptistlər,
əllincilər və s.) mənsub şəxslər isə paytaxt ilə yanaşı, Sumqayıt və
Gəncə kimi iri şəhərlərimizdə məskunlaşmışlar.

Hazırda Azərbaycanda 2250 məscid, 14 kilsə, 7 sinaqoq vardır.
İbadət evləri ilə yanaşı, respublikada xristian və yəhudi
dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında
bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları,
yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə
kursları və s. fəaliyyət göstərir.

146 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

1 noyabr 2018-ci ilin məlumatına görə, dini qurumların yenidən
dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu
il) sonra 861 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional
baxımdan onların 830-u İslam, 31-i isə qeyri-islam (xristian – 20;
yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət
qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi
dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan xalqının müxtəlifliyə qarşı hər zaman tolerant
münasibət göstərməsi, qonaqpərvər ev sahibi simasında ölkəmizə
gələn bütün digər xalqların nümayəndələrinə qucaq açması burada
yaşayan dini icmaların liderlərinin də dəfələrlə iqrar etdikləri
danılmaz bir faktdır. Onlar Azərbaycan xalqının öz təbii dini
tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin cəmiyyətin
dövlət tərəfindən böyük siyasi iradə əsasında dəstəklənən
özünəməxsus keyfiyyəti olmasını yüksək qiymətləndirirlər. Dövlət
başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi: “Azərbaycan
əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu
oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün
dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox
yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır,
eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və
Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki
nəticəsidir”.

Dəfələrlə vurğulandığı kimi, xalqımızın tolerant düşüncə
tərzinin formalaşmasında İslam dininin böyük rolu olmuşdur.

147

İslam dinində tolerantlığın yüksək olduğunu Avropanın tanınmış
alimləri də öz əsərlərində dəfələrlə qeyd etmişlər. Məsələn, İslam
sivilizasiyası tarixini araşdıran tanınmış ingilis alimi, “Sivilizasiya
tarixin məhkəməsi qarşısında” adlı kitabın müəllifi Arnold Toynbi
(1889-1975) bu dinin meydana gəldiyi gündən geniş areala
yayılmasının səbəblərini və onun başqa dinlərə qarşı dözümlü
olduğunu vurğulayaraq yazır: “Yəhudi, xristian və zərdüştlük
azlıqlarının İslam dünyasında öz varlığını indiyə qədər qoruya
bilməsinin səbəbi Məhəmmədin onlara dözümlü münasibəti
olmuşdur… Quranda müsəlmanlara göstəriş verilirdi ki, İslam
dövlətinə tabe olan qeyri-müsəlman “Kitab əhli” ilə münasibətdə
ola bilərlər. Bundan başqa, İslam öz yolu ilə irəlilədikcə, başqa
missioner dinlər kimi, onu qəbul edənlərin əvvəlki dinlərinin
elementlərini gizlicə qəbul edirdi. Bu halda və başqa hallarda da
qəbul etmək kompromislə qiymətləndirilirdi”.

Toynbinin yuxarıda irəli sürdüyü fikirdən aydın olur ki, İslam
dini yarandığı vaxtdan başqa dinlərə qarşı dözümlülük nümayiş
etdirmişdir. Müəllif hesab edirdi ki, İslamın başqa dinlərə qarşı
tolerant olması Məhəmməd peyğəmbərin özünün tolerant xarakterə
sahib olmasından qaynaqlanırdı. Ancaq A.Toynbinin bu fikri ilə
bütövlükdə razılaşmaq çətindir. Çünki tolerantlıq İslam dininin öz
mahiyyətindən irəli gəlir və bunu Qurani-Kərimin bir çox ayəsində
görmək mümkündür.

Azərbaycanda müxtəlif xalqların tarixən tolerant şəkildə,
sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan Ulu
Öndər Heydər Əliyev deyirdi ki, “Dünyada bir çox böyük dinlər

148 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

mövcudur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar
İslam dini ilə fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə
qarşı mənfi münasibət göstərməmişik, ədavət aparmamışıq və heç
bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik.
Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı
və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin
xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz
əksini tapıbdır. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini
də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda
da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı
mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa
mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o
dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü
olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə
yolverilməzdir”.

Son illər ölkədə fəaliyyət göstərən konfessiyalar arasında
nəinki hər hansı qarşıdurma müşahidə olunmur, əksinə, onlar
arasındakı münasibətlər artıq birgə əməkdaşlıq mərhələsindən yeni
dövrə - qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə keçmişdir.
Biz bunu hər hansı dini konfessiyanın ibadət evi inşa edərkən digər
konfessiyaların ona dəstək verməsində və yardım göstərməsində
əyani şəkildə görə bilərik. Bununla bağlı tarixdən və müasir
dövrümüzdən xeyli nümunə göstərmək mümkündür. Məsələn,
2003-cü ildə Bakıda Avropa (aşkenazi) yəhudiləri üçün sinaqoq
inşa edilərkən ölkədəki digər dini konfessiyalar yalnız ənənəvi
dəstək verməmiş, həm də ibadət evinin tikintisinə maddi kömək

149

göstərmişlər. Həmin dövrdə Azərbaycandakı Dağ yəhudiləri dini
icması, pravoslav kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi bir araya
gələrək vəsait toplamış və sinaqoqun inşası prosesində yaxından
iştirak etmişlər. Təbii ki, bu hadisə təkcə Avropa yəhudilərinin
sinaqoqu inşa edilən zaman baş verməmişdir. Sonrakı dövrdə,
Bakıda katolik kilsəsi tikilən zaman dini konfessiyalar eyni
münasibəti təkrarlamışlar. Qafqaz Müsəlmanları İdarəsi, Dağ və
Avropa yəhudiləri, eləcə də pravoslav kilsəsi ayrı-ayrılıqda katolik
kilsəsinin inşasına maddi yardım göstərmişlər.

Şübhəsiz ki, bu məsələdə dini konfessiyaların bir-birinə
göstərdikləri maddi yardımlarının həcminin heç bir əhəmiyyəti
yoxdur. Əsas məsələ ölkədə fəaliyyət göstərən dini konfessiyalar
arasındakı qarşılıqlı hörmətin daha yüksək - bir-birinə dəstək, bir-
birinin dərdinə şəriklik səviyyəsinə qalxmasıdır. Təəssüf ki, XXI
əsrdə yaşamağımıza, insan hüquq və azadlıqlarının təmin olunması
məqsədilə onlarla beynəlxalq qurum yaradılmasına baxmayaraq,
müasir dövrümüzdə bu cür nümunələr çox azdır. Hazırda nəinki
fərqli dinlərin mənsubları, hətta, eyni dinin müxtəlif məzhəblərinin
nümayəndələri az qala bir-birinə düşmən gözü ilə baxırlar.
Halbuki, fərqli düşünsələr də, hər kəs eyni məqsədə - Yaradana və
insanlığa xidmət göstərdiyini iddia edir. Amma əsas olan yalnız
necə düşünmək deyil, həm də necə yaşamaq və ətrafındakı fərqli
insanlarla necə davranmaqdır. Bunun üçün, bəlkə də, qalaq-qalaq
kitablar yazmaq, yüzlərlə konfrans keçirməkdənsə, bir nümunə
ortaya qoymaq daha yaxşıdır. Bu baxımdan çağdaş dünyamız üçün
gerçək bir örnək – Azərbaycan nümunəsi var.

150 Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış

AZƏRBAYCANÇILIQ: VAHİD, BÖLÜNMƏZ
AZƏRBAYCANIN YEGANƏ DÜSTURU

Hegelin belə bir dahiyanə fikri vardır: “Xalqın dövlət quruluşu
onun dini, onun incəsənəti və fəlsəfəsi ilə, yaxud heç olmasa
onun təsəvvürləri və fikirləri, ümumiyyətlə, onun mədəniyyəti
ilə birlikdə vahid substansiyanı, vahid ruhu əmələ gətirir. Dövlət
fərdiləşmiş bütöv deməkdir, bu bütövdən onun ən yüksək dərəcəli
əhəmiyyətli bir tərəfini də ayırmaq olmaz”.

Bəşər övladı mövcudiyyətini qoruyub saxlamaq üçün sosial
həyatında təkcə milli ənənəyə deyil, həm də dünya sivilizasiyasına
mənsub olduğunu dərk etməyə məcburdur. Ailə, soy-kök,
icma, etnos, dil birliyi həyatımıza təbii surətdə daxil olmuş
kateqoriyalardır. Lakin daha yüksək, mücərrəd səpkili, yəni millətin
fövqündə duran və onun dünyagörüşünün formalaşmasında fəal
iştirak edən başqa dəyərlər də var. Söhbət milli ideya və milli
ideologiyadan gedir.

Bu dəyərlərin sayəsində millətlər və dövlətlər yaranır, inkişaf
edir, yaşayır, öz identikliyini qoruyub saxlayırlar. Milli ideologiya
bir regionun xalqları və dövlətlərinin milli xüsusiyyətlərini inkar
etmir, kiçiltmir, əksinə, onların yanaşı yaşamasını və əməkdaşlığını
mümkün edir. “Milli kimlik xalqın öz dövlətinin taleyi üçün
keçirdiyi siyasi yaşantı hissidir” - məşhur alman tarixçisi və
sosioloqu Maks Veber milli kimliyi bu formada izah etmişdir.


Click to View FlipBook Version