Elvüsal Məmmədov
Aslan Həbibov
MƏNƏVİ
DƏYƏRLƏRİMİZ
Bakı - 2018
Elvüsal Məmmədov, Aslan Həbibov
MƏNƏVİ DƏYƏRLƏRİMİZ
3
I FƏSİL
Giriş
Dəyərlər problemi həm fəlsəfə, həm sosiologiya, həm də psixologiyanın
tədqiqat obyektinə daxildir. İctimai elmlərlə əlaqəli müzakirələrdə dəyər mövzusu
xüsusi əhəmiyyət daşıyır. Qızğın müzakirələrlə müşayiət edilməsinə baxmayaraq,
hələ də dəyər məfhumunun konkret izahına təsadüf edilmir1. Bununla yanaşı,
dəyərlərin tərifi, mənbəyi, nisbi, yaxud konstant olmağı, mühümlüyünə görə
sıralanması, kim tərəfindən və hansı yolla qorunub-saxlanması, fərdi və sosial
müstəvidə oynadığı rol, öyrədilməsi və üsulları – bütün bu mövzular dəyərlər
problemi ətrafında gedən elmi-akademik polemikalarda hərəkətverici amil kimi
çıxış edir.
Dəyərlər mövzusu ona görə aktualdır ki, fərd və cəmiyyətlərin həyatında
əhəmiyyətli yerə sahibdir. Qloballaşan dünyada mənəvi dəyərlərin deqradasiyası,
milli-mənəvi konyunkturanın qeyri-ənənəvi mühit üçün “hazır” vəziyyətə gətirilməsi,
yad düşüncə və həyat tərzinin doğmalıq kəsb etməsi heç kəsdə şübhə doğurmur,
əksinə, ziyalıları düşündürür və narahat edir. Danılmaz gerçəklikdir ki, qloballaşma
və mədəniyyətlərin inteqrasiyası prosesi özü ilə ciddi problemlər gətirmişdir.
Müasir dövrdə “populyar, yaxud kosmopolit mədəniyyət” adlanan məşum kabus
dünyanın mədəni-əxlaqi, həm də dəyər mənzərəsinin konturlarını istədiyi şəkildə
cıza biləcək gücə malikdir. Milli mədəniyyətlərin “sərhəd”ləri tədricən, özü də hiss
edilmədən bir-birinə qarışır. Nəticədə mənəvi dəyərlərin aşınması prosesi güclənir,
əxlaq dəyərləri mənəviyyat müstəvisindən “rəsmiyyətçi” nizam-intizam normaları
müstəvisinə daşınır, dini əxlaqın “faydasızlığı” fonunda pozitivist etika daha qabarıq
şəkildə təqdim edilir, milli-dini çalarlığı olan adət-ənənələrin pop-mədəniyyət
“tiyan”ında “əridilməsi” baş verir. Qloballaşmanın labüd etdiyi modernizm, ideoloji
1 Suat Anar. Değerlerin Sosyolojik Açıdan İncelenmesi // Çağdaş Eğitim Dergisi, 1983, № 82, səh. 8.
4
anlayışdır. O, müasirlik1 adı altında təqdim olunsa da, əslində liberal-nihilist (həm
də hedonist) vesternizm həyat tərzinin təbliğinə xidmət edir, – bir xalqın keçmişi
(eləcə də tarixi) ilə bağlı bütün dəyərlərə təhlükə yaradır, çoxlarının “ümumdünya
mədəniyyəti” adlandırdığı ideoloji maşının təkərləri altında onları “əzib” yox edir.
Postmodern və liberal yaşayış tərzinin təbliğini asanlaşdırmaq üçün informasiya
maşını əla işləyir: əxlaqla, milli-mənəvi dəyərlərlə bağlı hər bir şey köhnəlik kimi
təqdim olunur; dəyərlərə və adət-ənənəyə bağlılıq ultra-mühafizəkarlıq, köhnəlik və
gerilik hesab edilir. Bir sözlə, indiki dövrdə dini və milli (geniş mənada: dini-etik,
milli-əxlaqi) olan hər şeyə – buraya mənəvi dəyərlər də daxildir – qarşı müasirlik
adı altında ideoloji müharibəyə start verilib. Bu, həm ustalıqla, həm də gizli aparılan
müharibədir.
Müşahidələr göstərir ki, qloballaşma zəminində meydana çıxmış inteqrasiya
prosesləri o xalqlara, o cəmiyyətlərə təsir göstərir ki, onlarda ideoloji-mənəvi
müdafiə mexanizmi zəifdir. Təbii ki, söhbət texnoloji inteqrasiyadan getmir.
Biz burada ideoloji-mədəni inteqrasiya formasından danışırıq. Yad dəyərlər və
mədəniyyət modellərinin asanlıqla ixrac olunmasında hər nə qədər qloballaşmanın
adı hallansa da, onların “ayaq tutub yeriməsi”ni başqa amillə əlaqələndirmək
lazımdır. Bu, yuxarıda dediyimiz kimi, ideoloji müdafiə mexanizmi, yaxud
“immunitet”inin zəifliyi, ya da ümumiyyətlə mövcud olmamasıdır. Əxlaqi dəyərlər
nə qədər güclüdürsə, milli-mənəvi immunitet də bir o qədər möhkəm və dayanıqlı
olacaqdır. Bəli, qloballaşma, onu müşayiət edən mədəni inteqrasiya və kosmopolit
1 Qeyri-münasib geyimlərin, açıq-saçıqlıq və hedonist həyat tərzinin “müasirlik” kimi başa
düşülməsi, namus, qeyrət anlayışlarının həqiqi məzmunundan uzaqlaşdırılması, təbii ki,
narahatlıq yaradır. Açıq-saçıq və nihilist həyat tərzinə qarşı çıxanların köhnəfikirli, mühafizəkar,
mürtəce adlandırılması bizlərə tanışdır. Əslində, müasirlik yeni olan hər şeyi ağına-bozuna
baxmadan qəbul etmək deyildir. Müasirlik – meydana çıxan hər bir yeniliyə sağlam düşüncə
ilə obyektiv münasibət bildirdikdən, mövcud mənəvi dəyərlərin gözü ilə baxdıqdan
sonra münasib olanın tətbiqidir. Məsələn, bir valideynə yaxınlaşıb, ona övladının açıq-saçıq
geyindiyini desək, gülümsəyib bunun müasirlikdən irəli gəldiyini, geyiminə baxmayaraq,
onun tərbiyəli və ağıllı olduğunu söyləyər. Lakin unutmayaq ki, qeyri-ənənəvi həyat tərzinin
diktəsi ilə övladlarımıza verdiyimiz “azadlıq” və “sərbəstlik” hələlik görünməyən, görünsə də,
hiss edilməyən faciəni labüd edir. Avropa və Amerikaya baxaq: ifrat sərbəstlik, intim azadlıq
cəmiyyəti və ailə nizamını dağıtmış, həya, qeyrət və mənəviyyata hörmət kimi məfhumları dilin
leksikonundan silib atmış, şəhvət naminə hər iki cinsi bir-birinə qarışdırmışdır. İfrat azadlığın
(əslində bu azğınlıqdır) nəticələri haqqında Cenevrə Şərq Tədqiqatları Mərkəzinin direktoru,
professor Simon Jorje deyir: “…Biz boğucu bir vicdan və qeyrət böhranı içindəyik… Biz
çırpınan və ölümə yaxınlaşan bir mədəniyyətin şahidiyik. Şübhəsiz, o öləcəkdir, o ölür!”
5
mədəniyyət milli-mənəvi dəyərləri sarsıdır, aşındırır. Bütün bunların fonunda milli-
mənəvi dəyərlərin yeri qabarıq görünür, əhəmiyyəti aktuallıq kəsb edir.
Heç də uzaq olmayan keçmişlə əlaqəli təcrübə sübut edir ki, pozitivist (insan
zəkasının məhsulu sayılan) əxlaq təlimlərinin ömrü uzun olmur və qloballaşmanın
təsirinə tez məruz qalır. Çünki dövrün tələblərinə müvafiq olaraq, insan təfəkkürünün
meydana çıxardığı dəyərlər (normalar) nisbi olub, zaman keçdikcə köhnəlir, yeni
“tələbat”lara cavab verə bilmir, odur ki köhnələri yeniləri ilə əvəzləmək lazım gəlir.
Məhz bu səbəbdən biz istər dünya müstəvisində, istərsə də öz cəmiyyətimizdə belə
dəyərlərin deqradasiyasının şahidi oluruq. Bəli, şərti və nisbi normalar, deməli,
pozitivist normalar, eləcə də pozitivist əxlaq belə bir aqibətə məhkumdur. Lakin
gücünü kökdən alan, bir xalqın çoxəsrlik tarixinin süzgəcindən keçərək büllurlaşan
dəyərlər daha möhkəm olur, lazımi addımlarla ailə və cəmiyyətdə qorunub-
saxlandıqda, mütəmadi şəkildə təbliğ edildikdə, təlim-təhsil müəssisələrində
öyrədildikdə kənar təsirlərdən yaxşı mühafizə olunur. Elə etmək lazımdır ki, bir
xalqın milli-mənəvi kimliyini formalaşdıran, min illərlə onu digər xalqlardan
fərqləndirən dəyərlər laqeydlik və etinasızlığın qurbanına çevrilməsin, çox qısa
zaman kəsiyində unudularaq yerini dağıdıcı və “əridici” normalara, heç bir çərçivəsi
olmayan həyat tərzinə buraxmasın.
Başlanğıcını həm də İslamdan götürən milli-mənəvi dəyərlərə sarılmaqla,
pozitivist məzmun kəsb etməsinə imkan verməməklə, insanları bu istiqamətdə
maarifləndirməklə qloballaşmanın zərərli təsirləri qarşısında səmərəli müqaviməti
təşkil etmək mümkündür. Belə dəyərlərə sadiq qalmaqla Azərbaycan xalqı milli-
dini identikliyini möhkəmlədə bilər. Bununla da, qloballaşan dünyada böyük
güclərin təlqin etdiyi mədəniyyət modellərinin fonunda cılızlaşıb yox olmaqdan
xilas olacağıq. Faydalı təkrarın diktəsi ilə deyirik: “mədəni” qloballaşmanın əxlaqi
tənəzzül qoxusu verən ab-havasından, dağıdıcı təsirlərindən qorunub, cəmiyyətdə
əxlaqsızlığın, məsuliyyətsizliyin və digər mənfi təmayüllərin yayılmasının qarşısını
almaq istəyiriksə, dini-əxlaqi dəyərlərə sahib çıxmalıyıq.
6
Dəyər nədir?
Bir mədəniyyət, yaxud cəmiyyətin formalaşmasında dəyərlər əsas element
kimi çıxış edir. Dəyərlər fərdi və ictimai müstəvidə ali ideallar hesab edildiyindən
ətraf aləmdə baş verənləri, insanların hadisələrə münasibətini qiymətləndirən nor-
malar rolunu oynayır. Mənəviyyata söykənən dəyərləri qarşılıqlı ictimai münasi-
bətlərin əsaslandığı başlıca “bünövrə” hesab etmək mümkündür. Cəmiyyətin bazis
tərkibi dəyişdikdə görürük ki, bu, dəyərlərə təsirsiz ötüşmür, mövcud vəziyyətlə
hakim dəyərlərin mübarizəsi qaçılmaz olur.
Dəyərlər həyatın bütün (dini, iqtisadi, siyasi, sosial, ideoloji, fəlsəfi) sahələ-
rində başlıca məfhumlar kimi özünü göstərir. Belə ki bu və ya digər sosial-mədəni,
siyasi və dini, ideoloji qrup dəyərləri özünə meyar seçərək fərdlərin, qrup və cəmiy-
yətin, hətta xalqların düşüncə və davranışlarındakı məna və məzmun yükünə qiymət
verir. Bununla yanaşı, dəyərlər stimul və motivasiya rolunu oynayaraq, fərdlərə təsir
vasitəsi kimi çıxış edir. Odur ki davranışlarda dəyərlərin şüurlu və mexaniki “təza-
hür”ünü açıq şəkildə müşahidə etmək mümkündür.
Dəyər problemini öyrənmək ümumi tədqiqat və xüsusi sosial araşdırmalarda qar-
şıya qoyulan əsas məqsəd olsa da, öyrənilmə intensivliyinə baxmayaraq, bu məfhumun
mənası hələ də konkretləşdirilməyib və mübahisə obyekti olaraq qalır. Bunu ən bariz
şəkildə dəyər anlayışının hər kəsin müraciət edəcəyi dəqiq tərifinin olmamağı göstərir.
Terminoloji konkretliyin problemliliyinə baxmayaraq, dəyər mövzusu istər
Qərbdə, istərsə də Müsəlman şərqində hərtərəfli tədqiq edilmiş mövzulardandır. XX
əsr bəşər tarixinə qədəm basdıqda istər Qərbdə, istərsə də Müsəlman dünyasında
dəyər probleminin yenidən öyrənilməsinə maraq elmi-texniki inqilabla əlaqəli ol-
muşdur. Elmi-texniki inqilab elm və mədəniyyətin bütün sahələrində, hətta cəmiy-
yət və ayrı-ayrı fərdlərin mənəvi həyatında ciddi dəyişikliklərə gətirib çıxarmışdır.
Nəticədə ənənələr və dəyərlərdə aşınma özünü göstərir, fərdi və sosial müstəvidə
yaxşını pisdən fərqləndirmək çətinləşir və biz cəmiyyətdə doğma və yad dəyərlər
arasında gedən mübarizədə seçim etmək bacarığımızı itirməyə başlayırıq.
Müsəlman və Qərb sosial-əxlaq fikrində dəyər məfhumuna verilmiş müxtəlif
təriflər mövcuddur. Əvvəlcə müsəlman müəlliflərin yaradıcılığında dəyər məfhumu
üçün göstərilmiş təriflərə nəzər salaq. Məsələn:
7
“Dəyərlər yaxşı və pis şeyləri müəyyənləşdirdiyimiz meyar və normalardır.
Məhz bu meyarlar əsasında həmin şeylər haqqında mövqeyimiz formalaşır”;1
“Dəyərlər elə nümunələr, qayda və məziyyətlərdir ki, insan həyatı onun üzə-
rində qurulub, onunla formalaşır, sistem və davranışlar onunla ölçülür”;2
“Dəyərlər, əsasında insan həyatının bina edildiyi və sayəsində digər canlıların
həyatından fərqləndiyi qaydalar məcmusudur”;3
“Dəyərlər cəmiyyətin böyük əksəriyyəti tərəfindən qəbul edilən müştərək an-
layışlar, xoşbəxtliyi təmin edən normalar məcmusudur”;4
“Dəyərlər istək, seçim və arzuları ifadə edir... Dəyərlər hər hansı bir şeyin
arzu edilən olub-olmadığına dair inancdır”;5
“Dəyərlər uşaqların əxlaqi inkişafı ilə paralel şəkildə qavranan, amma əhatə-
sindəki böyüklər vasitəsi ilə fərqinə vardığı həyat prinsipləridir”6;
“Dəyərlər cəmiyyət, yaxud fərdlər tərəfindən qəbul edilən birləşdirici feno-
menlər; fərdin şüuruna hakim kəsilən, davranışlarını tənzimləyən instinktlərdir”7.
Həmçinin müsəlman müəlliflərin əsərlərində göstərilir ki, dəyərlər şəriətin
təsdiqlədiyi prinsip və meyarlar kompleksinə istinadən məqbul və arzuolunmaz
davranışları müəyyənləşdirməklə hər hansı bir şey barəsində çıxarılan hökmdür8.
“Dəyərlər yaxşını pisdən ayırd etməyimizə kömək edən başlıca inanclardır”9.
O da qeyd olunur ki, dəyərlər insan, həyat, kainat və Allah haqqında İsla-
mın göstərdiyi təsəvvürlərdən irəli gələn meyar və hökmlərdən ibarətdir. Dəyərlər
müəyyən fərdi və ictimai situasiyalarla, təcrübə ilə iç-içə olduqda fərdi və sosial
müstəvidə formalaşır, insana həyatda bacarıq və imkanlarına uyğun məqsəd və is-
1 Məhəmməd İbrahim Kazım. Aksioloji inkişaf və dini cəmiyyətlərin inkişafı // “əl-Məcəllə əl-ictimaiyyə vəl-
qövmiyyə” jurnalı, Qahirə, 1971, səh. 111.
2 Əbdürrəhman ibn Zeyd əz-Zənidi. Sələfilik və dövrün problemləri. Ər-Riyad, 1998, səh. 462. https://archive.org/
details/waq35941/page/n1
3 Abdullah ibn İbrahim ət-Təriqi, Əbdürrəhman ibn Zeyd əz-Zəbidi və bş. Elmi ixtisas, fənn və bölüm olaraq “İslam
mədəniyyəti”. Ər-Riyad, 1996, səh. 14. https://www.alukah.net/library/0/41005/
4 Nevzat Tarhan. Değerler Psikolojisi ve insan – Güzel İnsan Modeli. İstanbul: “Timaş Yayınları”, 2016, səh. 20.
5 G. Sayğılı. Değerler Eğitimi. Ankara: “Maya Akademi”, 2015, səh. 4.
6 Hamdi Karakaş. Değerler Eğitimi Etkinliklerinin Okul Öncesi Öğretmenlerine göre Değerlendirilmesi: Nitel bir
Çalışma // Eğitimde Gelecek Arayışlar, 2015, səh. 2. https://www.academia.edu/12040938/DE%C4%9EERLER_E%-
C4%9E%C4%B0T%C4%B0M%C4%B0_ETK%C4%B0NL%C4%B0KLER%C4%B0N%C4%B0N_OKUL_%-
C3%96NCES%C4%B0_%C3%96%C4%9ERETMENLER%C4%B0NE_G%C3%96RE_DE%C4%9EERLEND%-
C4%B0R%C4%B0LMES%C4%B0_N%C4%B0TEL_B%C4%B0R_%C3%87ALI%C5%9EMA
7 Nuray Kurtdede Fidan. Öğretmen Adaylarının Değer Öğretimine İlişkin Görüşleri // Kuramsal Eğitimbilim, 2 (2),
2009, səh. 2. https://www.pegem.net/dosyalar/dokuman/131917-2012041992825-fidan-1.pdf
8 Hamid Zəhran. Sosial psixologiya. Qahirə: “Aləm əl-kutub” 1977səh. 132.
9 Nuray Kurtdede Fidan. Öğretmen Adaylarının Değer Öğretimine İlişkin Görüşleri // Kuramsal Eğitimbilim, 2 (2),
8
tiqamətlər bəxş edir, hobbi və maraqlarda, danışıq və davranışlarda birbaşa və dola-
yısı ilə özünü göstərir1.
Qərbli müəlliflərə gəlincə, onların dəyər məfhumuna verdikləri tərifləri aşa-
ğıdakı kimi göstərmək olar:
“Dəyərlər predmetlərin, insanların, ideyaların, situasiyaların, hərəkətlərin
yaxşı, pis, arzuolunmaz, arzuolunan olduğuna dair hökmlərimizi formalaşdıran me-
yar və prinsipləri ifadə edir (M. Holsted və M. Teylor)”2;
“Dəyərlər mədəniyyət və cəmiyyətə məna və əhəmiyyət qazandıran meyar-
lardır (Jozef Fixter)”3;
“Dəyərlər, ümumiyyətlə davranışların müəyyənləşdirilməsini, hadisə və in-
sanların qiymətləndirilməsini, hərəkətlərin izah edilməsini təmin edən ictimai “akt-
yor”; fərdlərin həyatında yolgöstərici prinsipləri təmsil edən motivasiya və məqsəd-
lərdir (Şalom Şvarts)”4;
“Dəyərlər nəyin yaxşı, nəyin pis olmağı haqqında mühakimələrimizdir (V.
Veugelers və P. Vedder)”5;
“Dəyərlər fərdin, yaxud sosial qrupun məqbul hesab etdiyi meyarlar, inanc və
ya mənəvi prinsiplərdir (H. Kolinz)”6.
2009, səh. 2. https://www.pegem.net/dosyalar/dokuman/131917-2012041992825-fidan-1.pdf
1 Əli Xəlil Mustafa Əbüleyneyn. İslam dəyərləri və tərbiyə: dəyərlərin məzmunu, mənbələri və islam tərbiyəsinin on-
ların formalaşması və inkişafındakı rolu. Mədinə: “Məktəbə İbrahim əl-Hələbi”, 1988, səh. 34-35.
2 Mehmet Ülger, Mehmet Ali Dombaycı. Değer Eğitiminin Durumsallık Boyutu // Eğitimde Gelecek Arayışları:
Dünden Bugüne Türkiye’de Beceri, Ahlak Ve Değerler Eğitimi Uluslararası Sempozyumu. 16-18 Nisan / April 2015
/ Bartin, I cilt, səh. 118. https://www.atam.gov.tr/wp-content/uploads/E%c4%9e%c4%b0T%c4%b0MDE-GELECEK-
ARAYI%c5%9eLARI-C%c4%b0LT-11.pdf.
3 Mehmet Yazıcı. Değerler ve Toplumsal Yapıda Değerlerin yeri // Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt:
24, Sayı: 1, Elazığ, 2014, səh. 213. https://www.researchgate.net/publication/293026264_DEGERLER_VE_TOPLUM-
SAL_YAPIDA_SOSYAL_DEGERLERIN_YERI
4 Yenə orada, səh. 210, 213.
5 Ayşe Balcı, Tuğba Yanpar Yelken. Ilköğretim Öğretmenlerinin “Değer” Kavramına Yükledikleri Anlamlar // Hacet-
tepe Üniversitesi Eğitim Fakültesi Dergisi (H. U. Journal of Education) 39, 2010, səh. 82. https://dergipark.org.tr/en/
download/article-file/87458
6 Mehmet Yazıcı. Değerler ve Toplumsal Yapıda Değerlerin yeri // Fırat Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt: 24,
Sayı: 1, Elazığ, 2014, səh. 211. Mehmet Yazıcı. Değerler ve Toplumsal Yapıda Değerlerin yeri // Fırat Üniversitesi Sos-
yal Bilimler Dergisi, Cilt: 24, Sayı: 1, Elazığ, 2014, səh. 213. https://www.researchgate.net/publication/293026264_DE-
GERLER_VE_TOPLUMSAL_YAPIDA_SOSYAL_DEGERLERIN_YERI
9
Fərdi və sosial həyatda mənəvi dəyərlərin
əhəmiyyəti və funksiyaları
Dəyərlər fərdlər və cəmiyyətin həyatında mühüm rol oynayır. Çünki dəyərlər
hər şeydən əvvəl tərbiyə məsələsi ilə əlaqəlidir. Tərbiyə işi, əslində aksioloji işdir,
dəyərlərin aşılanması və öyrədilməsini əhatə edir. Dəyərlərə söykənməyən istənilən
tərbiyə prosesi səmərəli deyildir, özbaşınalıq doğurur, lazımi nəticəni vermir.
Bəşəri münasibətlərdəki qeyri-müəyyən vəziyyətin fərdi davranış və meylləri
müəyyənləşdirən ahəngli dəyərlər sisteminə biganəlikdən irəli gəlməsi mümkündür.
Dəyərlər sistemi bu səbəbdən fərdi həyatın tənzimlənməsində özünəməxsus çəkiyə
sahibdir. Dəyərlərin şəxsi və sosial müstəvidə daşıdığı əhəmiyyəti aşağıdakı
bəndlərdə xülasə etmək mümkündür:
1) Dəyərlər sistemi bu və ya digər cəmiyyət üçün məqsəd və qayələr
müəyyənləşdirir, fərdi davranış tərzi və maraq dairələrini müəyyən edən meyarlar
üçün əsas rolunu oynayır;
2) Dəyərlər sisteminin ənənəvi dəyərlər və yeni həyat tərzi arasında gedən
“çəkişmə”ni yumşaltmaq, fərdlərdəki psixoloji gərginliyi azaltmaq funksiyası vardır;
3) Dəyərlər sistemi ilə sosial mədəniyyət arasında birbaşa əlaqə mövcuddur.
Dəyərlər sistemi bu əlaqəni möhkəmləndirir, vicdan, zəka və davranışları şəxsiyyətin
balanslaşdırılmış komponentləri halına gətirir;
4) Dəyərlər bu və ya digər kollektivi (ailə...) qoruyub saxlayır, onun özü üçün
müəyyən etdiyi məqsədlərə çatmağında daxili bütövlüyü təmin edir, cəmiyyətin
ayrı-ayrı üzvlərinin, müxtəlif qruplarının dəyişməz prinsiplərə bağlılığına imkan
yaradır. Məhz bu prinsiplər sağlam ictimai münasibətlərin formalaşmasında
dəyərlərə bağlılığı zəruri edir1;
5) Dəyərlər fərdlərə onlardan tələb olunanı yerinə yetirmək imkanı verir,
onlara müsbət uyğunlaşma bacarığı qazandırır. Bu və ya digər kollektivin prinsip
və sağlam ideallarına uyğunlaşmaqla fərd özünü həm təmin, həm də təsdiq etməyi
bacarır;
1 Məhəmməd Əbdüləlim Mürsi. İslam tərbiyəsinin əsaslarına dair. İsgəndəriyyə: “əl-Məktəbə əl-camiiyyə”, 2001, səh.
79.
10
6) Dəyərlərə bağlılıq fərddə əmin-amanlıq duyğusu formalaşdırır, nəticədə o,
müəyyən psixoloji vəziyyətlərdə, ətraf mühitin təsirləri qarşısında özünümüdafiə
mexanizminə sahib olur;
7) Dəyərlər əxlaqi aşınma ilə mübarizədə əvəzsiz vasitələr hesab olunur.
Fərdlər, xüsusən gənc nəsil əxlaq dəyərlərini şəxsi və sosial həyatda əsas meyara
çevirdikləri təqdirdə əxlaqsız hərəkətlərdən çəkinir, nalayiq ifadələrdən istifadə
etmir, ehtiras və cinsi istəyin əsirinə çevrilmirlər. Dəyərlər düşüncə, vicdan və
istəklərə nəzarət mexanizmi rolunu oynayır;
8) Dəyərlər fərdləri psixoloji və əxlaqi baxımdan tərbiyə edir, xeyrə, yaxşılığa,
fədakarlığa, dürüstlüyə çağırır;
9) Dəyərlərin əhəmiyyəti, həm də ondadır ki, insanlara müəyyən vəziyyətlərdə
əxlaqi cəhətdən necə hərəkət etməyi öyrədir.
Bır sıra tədqiqatlarda dəyərlərin təsnifat əsaslı əhəmiyyətindən danışılır.
Dəyərləri təsnifdə mövcud olan bir nöqteyi-nəzərə görə, ali dəyərlərin, mədəni
dəyərlər və əxlaq dəyərlərinin hər biri ayrı-ayrılıqda mühüm olub, xüsusi təsir
gücünə sahibdir. Məsələn, ali dəyərlər (həqiqət, bəndəlik, ədalət, bacarıq və hikmət)
fərdləri cəmiyyətdə daxilən rahat, vicdanən təmiz, Allahın qarşısında daşıdıqları
hüquqlara əməl edən, həqiqətlə yaşayan, ancaq Allaha bəndəlik edən şəxsiyyətlərə
çevirmək xüsusiyyətinə malikdir. Nəticədə fərdlər ali məqsədə can atır, ikinci
dərəcəli məqsədlər naminə insanlar və maddi vasitələrin köləsinə çevrilmir,
bununla da daxilən rahatlıq tapır, ədalətli davranır, müdrik və bacarıqlı olduqlarını
isbatlaya bilirlər. Mədəni dəyərlərə ilahi varislik, azadlıq, məsuliyyət, bərabərlik,
əmək, güc, təhlükəsizlik, sülh və gözəllik daxildir. Bu dəyərlər cəmiyyətin mədəni
sferasından doğur, fərdlərin cəmiyyətə münasibətdə davranışlarını tənzimləyir.
Mədəni dəyərlərə riayət cəmiyyətdə sülhü bərqərar edir, onu güclü və bütöv hala
gətirir.
Dürüstlük, yaxşılıq, etibar, qardaşlıq, köməkləşmə, vəfakarlıq, səbir,
minnətdarlıq, həya, nəsihət, lütfkarlıq və sairdən ibarət əxlaq dəyərləri fərdlər
və cəmiyyətin maraqlarını təmin edir, münasibətləri möhkəmləndirir, qarşılıqlı
ehtirama əsaslanan əlaqələr yaradır1.
Fərdi və sosial müstəvidə biliklər qədər dəyərlər də mühümdür. Dəyərlər
1 Mane ibn Məhəmməd əl-Mane. İslam və Qərbə görə dəyərlər: müqayisəli tədqiqat. Ər-Riyad: “Dar əl-fəzilət”
nəşriyyatı, 2005, səh. 24-50.
11
təkcə iş görməyə, fəaliyyət göstərməyə təşviq edən güc kimi çıxış etmir, həm də bu
işi, bu fəaliyyəti qiymətləndirən meyar kimi özünü göstərir.
Həmçinin dəyərlər şəxsiyyəti formalaşdıran komponentlərdən biri kimi çıxış
edir. Mənəvi dəyərlərin sərf-nəzər edilmədiyi mühitlərdə (ailə, sosial, iş...) fərdi və
ictimai münasibətlər düzgün tənzimlənir, ictimai həmrəylik təmin olunur, şəxsi və
sosial maraqların balanslaşdırılması baş verir1.
Dəyər problemi ətrafında ayrı-ayrı təsəvvür və nöqteyi-nəzərlər meydana
çıxsa da, ələlxüsus mənəvi dəyərlərin fərdi və ictimai həyatda oynadığı rolu heç kəs
inkar etmir. Fərdi müstəvidə mənəvi dəyərlər insan varlığının əsasını əmələ gətirir,
fərdin davranışlarını müəyyənləşdirir, onu mənəvi tənəzzüldən, əxlaqi aşınmadan
qoruyur2.
Mənəvi dəyərlərin sosial funksionallığına gəlincə, aşağıdakıları qeyd etmək
mümkündür: Dəyərlər sayəsində cəmiyyətin davamlılığı, teleoloji mövcudluğu və
bütövlüyü təmin olunur, xoşbəxt ictimai mühiti şərtləndirən sabitlik, stabillik baş
verir, cəmiyyətin identikliyi mühafizə olunur; dəyərlər bu və ya digər cəmiyyətə
qloballaşmanın labüd etdiyi mənfi dəyişikliklərlə mübarizədə kömək edir; dəyərlər
cəmiyyətin mədəni komponentlərinin həmahəngliyinə şərait yaradır; mənəvi dəyərlər
bu və ya digər sosial quruluşa əxlaqi-aksioloji məzmun qazandırır, cəmiyyəti sinfi
bərabərsizliyin gətirdiyi psixoloji təlatümlərdən, mənəvi xəstəliklərdən, əxlaqi
deqradasiyadan qoruyur3.
1 Seyyid Əhməd Təhtavi. Quran qissələrində didaktik dəyərlər. Qahirə: “Dar əl-fikir əl-ərəbi”, 1996, səh. 44, 46.
2 Zəhra Əhməd Osman. Quran hekayələrində tərbiyəvi dəyərlər // doktorluq dissertasiyası. Xartum, 2009, səh. 42.
3 Yenə orada, səh. 43.
12
Dəyərlərin mənbəyi
Dəyərlərin mənbəyi ilə bağlı müxtəlif nöqteyi-nəzərlər mövcuddur. Həmin
nöqteyi-nəzərləri dörd qrupda göstərmək mümkündür:
Birinci nöqteyi-nəzərin tərəfdarları dəyərləri şüur və psixikadakı istəklərlə,
hisslərlə əlaqələndirirlər. Onlara görə, dəyərlər predmet və şeylərə aid xassə
deyildir, əksinə, bu şeylər və predmetlərə münasibətdir. Dəyərlər istəkləri razı salan,
oyanma yaradan, stimula səbəb olan şeylərlə əlaqədar olaraq meydana çıxır. Deməli,
dəyər fərdin azad seçimi və istəyi ilə əlaqəlidir1. Ekzistensialistlər, praqmatiklər,
psixoanalitiklər bu nöqteyi-nəzərin əsas müdafiəçiləridir.
İkinci nöqteyi-nəzərə görə, dəyərləri cəmiyyət, kollektiv şüur yaradır. Məsələn,
Karl Marks, Emil Dürkheym bu cür düşünürlər. Onlar göstərirdilər ki, cəmiyyət
dəyərlərin yeganə təsisçisi kimi çıxış edir, onları qoruyub-saxlayır. Cəmiyyət
güc və zor ifadə etdiyi üçün əxlaq dəyərlərinin meyarı sayılır2. Cəmiyyətdən irəli
gələn, fərdlərdən asılı olmayan ictimai proses və kollektiv iradə dəyərlər və əxlaqın
şərtləndiricisi hesab olunur3.
Üçüncü nöqteyi-nəzərin ümumi təsviri budur ki, dəyərlər şeylərin,
davranışların məzmunu və təbiətində mövcuddur. Dəyərlər fərdlərin istəklərinə
təsir göstərdiyinə görə rasional yolla onları üzə çıxarmaq mümkündür. Dəyər
ayrıca kateqoriyadır, aid olduğu şey və hərəkətlərdən asılı olmayaraq mövcuddur.
Qədim Yunanıstanda Aristotel, Müsəlman dünyasında isə rasional fikir məktəbi –
mötəzililiyin nümayəndələri bu nöqteyi-nəzəri müdafiə edirdilər.
Dördüncü nöqteyi-nəzərə gəlincə, onun tərəfdarları dəyərlərin Allah
tərəfindən təsis edildiyini göstərirlər. Onlar bildirirlər ki, Allah şey və hərəkətlərə
dəyər məzmunu kəsb etdirdiyi üçün dəyərlər hər kəsə uyğundur, şəxsi istək və
subyektiv maraqlara tabe deyildir, ümumidir, dəyişməzdir, mütləq və universaldır.
Teoloji nöqteyi-nəzərə görə, etiqad, inanc və ilahi əmrlər əxlaqi-aksioloji normaların
bünövrəsini təşkil edir.
Müasir Qərb rasional fikrində dəyərlərin mənşəyi probleminə teoloji nöqteyi-
1 Salah Qənsəvə. Müasir fikirdə dəyərlər nəzəriyyəsi. Qahirə: “Dar əs-səqafə”, 1981, səh. 72.
2 Qəbari Məhəmməd İsmayıl. Sosiologiya və ideologiyalar. İsgəndəriyyə, 1979, səh. 196-197.
3 Siham Suku. Tərbiyə müəssisələri yeniyetmələrində aksioloji vəziyyət. Əlcəzair, 2009, səh. 47.
13
nəzərə biganə yanaşan münasibət forması hakimdir. Ultra-humanist təfəkkür
tərzinin diktəsi ilə Qərbdə iddia edirlər ki, dəyərlərin, eləcə də əxlaqın təsis edilməsi
təkcə rasional-empirik fəaliyyətin nəticəsidir. Əxlaqın məzmunu və mənşəyini
izahda teoloji cəhəti sərf-nəzər edən münasibət forması baza prinsipi olaraq intellekt
və təcrübəni əsas götürür. İntellekti başlıca faktor hesab edən pozitivistlər iddia
edirdilər ki, əxlaq normaları və dəyərlər insan zəkasının məhsuludur, deduksiya
metodu ilə rasional təsəvvürlər və mühakimədən hasil olunmuşdur. Məsələn, Sokrat
xeyrin, Spinoza həqiqət və biliyin, Dekart ali həqiqətin düşünməklə kəsb edildiyini
bildirirdilər.
Yeni dövr Avropasında dini əxlaq məfhumuna qarşı çıxaraq, dünyəvi-
pozitivist əxlaq ideyasını müdafiə edənlər arasında Frensis Bekonun (1561-1626)
adı daha çox məşhurdur1.
İmmanuel Kant da həqiqət, gözəllik və əxlaqın mənbəyinin ağıl olduğunu
bildirmişdir2.
Əxlaq normaları və dəyərlərin təcrübə yolu ilə yaradıldığını iddia edən təlim
isə empirizm adlanır.
Əxlaq və mənəvi dəyərlərin mənşəyi problemi ilə əlaqəli olaraq, relyativist və
universalist (monist) əxlaq anlayışları mövcuddur. Relyativizm əxlaq və dəyərlərin
nisbiliyi iddiasını müdafiə edir. “Relyativistlərə görə, yaxşı-pis, doğru-səhv
təsəvvürü fərddən fərdə, kollektivdən kollektivə, cəmiyyətdən cəmiyyətə dəyişir.
Odur ki əxlaq normaları təsis etmək doğru deyildir”3.
Əxlaq relyativizminin antipodu kimi əxlaq universalizmi (monizmi) özünü
göstərir. Bu təlimə görə, hər kəsin əməl edə biləcəyi əxlaq prinsiplərini və dəyərləri
formalaşdırmaq mümkündür. Bu baxımdan əxlaq normaları obyektiv olub, subyektiv
deyildir4.
İslam dini fikrinə gəlincə, əxlaq və mənəvi dəyərlərin mənbəyi vəhy, yəni
Qurani-Kərim və Peyğəmbərin hədisləri hesab olunur. Digər mənbələr islam
təlimlərində göstərilmiş meyarlara uyğun düşdükdə məqbul hesab edilir. Bu da
1 Bax: Coşkun Can Aktan. Ahlak ve ahlak felsefesine giriş // Hukuk ve İktisat Araştırmaları Dergisi, Cilt 1, Sayı 1, 2009,
səh. 43. https://www.researchgate.net/publication/318653557_AHLAK_VE_AHLAK_FELSEFESINE_GIRIS
2 Müsaid ibn Abdullah əl-Məhiyya. Teleseriallarda dəyərlər: ərəb teleseriallarına dair analitik-komparativ tədqiqat.
Ər-Riyad, 1414 (hicri), səh. 33.
3 Bax: Coşkun Can Aktan. Ahlak ve ahlak felsefesine giriş // Hukuk ve İktisat Araştırmaları Dergisi, Cilt 1, Sayı 1, 2009,
səh. 48. https://www.researchgate.net/publication/318653557_AHLAK_VE_AHLAK_FELSEFESINE_GIRIS
4 Yenə orada.
14
ondan irəli gəlir ki, islam dinində biliklərin mənbəyi kimi vəhy və varlıq dünyası
əsas götürülür. İnsanların tarix boyu təsis etdikləri qeyri-dini dəyərlər islamda
dəyərlər üçün qoyulan şərtlərə cavab verdikdə təsdiq edilir.
Maraqlıdır ki, Müsəlman şərqində dəyərlərin mənbəyi probleminə həsr
edilmiş bir çox tədqiqatda Qərb müəlliflərinin dəsti-xətti müşahidə olunur. Belə ki bu
tədqiqatlarda dəyərlərin mənbəyi kimi cəmiyyət, fərdlər, insan zəkası göstərilir. Biz
burada biliklərin mənbəyi kimi təkcə maddi dünyanı (təbiət, materiya, təcrübə, hiss
orqanları) göstərən materialist nöqteyi-nəzərin hökmranlığı ilə rastlaşırıq. Məlum
tədqiqatlarda metodoloji prinsiplərin islam dinində təqdim edilən metodologiya ilə
üst-üstə düşməməsi gəlinən nəticələrin də obyektivliyinə təsirsiz ötüşmür.
Nəzərə alınmalıdır ki, dəyərlərin mahiyyəti, növləri, mənbəyi probleminə dair
Qərbdə meydana çıxmış fəlsəfi, sosial, psixoloji paradiqma və təsəvvürlər birbaşa
Qərb cəmiyyəti, dini-ictimai mühitinə uyğundur; əxlaqi və mənəvi dəyərlərə baxış
mövcud konyunktura barəsində – Avropa fikir tarixində biliklərin mənbəyini təşkil
etmək baxımından din və elm, iman və zəka arasında gedən mübarizə haqqında
aydın tablo cızır. Təəssüf ki, bu mübarizə nəticəsində meydana çıxan, Qərb insanının
dinə – xristianlığa baxışını əks etdirən metodologiya obyektiv meyarlar toplusu,
yaxud universal baxış bucağı olaraq təqdim edilir, digər nöqteyi-nəzərlər isə sərf-
nəzər olunur.
Məlumdur ki, XIV əsrdən etibarən bugünədək Qərb rasional fikri biliklərin
mənbəyini müəyyənləşdirməyə çalışan müxtəlif cərəyan və məktəblərin şahidi
olmuşdur. Qərbdə problem bu cür qoyulmuşdu: Bəşəriyyətə məlum olan hansı
mənbələr (din (vəhy), zəka və real aləm) bilik meydana gətirir?
Din, daha doğrusu, Kilsə xristianlığı Avropada uzun müddət fərdi davranışlara,
ictimai münasibətlərə, təbiəti dərkə istiqamət verən başlıca amil olmuşdur.
Xristianlıqda insan ağlına biganə münasibət, insanı və təbiəti, eləcə də kainatı izahda
qədim yunan fəlsəfəsinin bir sıra ibtidai və əsrlər keçdikcə “köhnəlmiş” təsəvvürlərə
etimad, insan qələminin redaktəsinə məruz qalmış Müqəddəs Kitabda – Tövrat və
İncildə elmi həqiqətlərlə üst-üstə düşməyən iddiaların mövcudluğu – bütün bunlar
Yeni dövrün rasional mübarizəsində biliklərin mənbəyi olmaq baxımından dini
istisna edən nöqteyi-nəzərin güclənməsi ilə nəticələnəcəkdi.
XVIII əsrdə Avropada Maarifçilik dövrünün başlanması ilə din ictimai-siyasi,
iqtisadi-mədəni həyatdan uzaqlaşdırılıb bütün “səlahiyyət” insan ağlına verilmiş,
15
bununla da, insan zəkası yəqinlik ifadə edən biliklərin yeganə mənbəyi hesab
olunmuşdu.
XIX əsrin başlanğıcında Qərbdə təbiətin din və insan ağlı üzərində
hakimliyini iddia edən pozitivist nöqteyi-nəzər yarandı. Pozitivistlər hesab edirdilər
ki, təbiət hər şeyin yaradıcısı və biliklərin yeganə mənbəyidir. İnsan şüurunu
təbiət formalaşdırmışdır, materiyadan qabaq şüur mövcud olmamışdır; metafizik,
irrasional adlandırılan şey insana diktə edə bilməz, odur ki belə şeylər həqiqət
olmayıb uydurmadır.
Pozitivist iddiaya görə, pozitivizm Avropa xalqlarının tarixi inkişafının pik
nöqtəsidir, pozitivist biliklər ən ali bilik formasıdır1.
Göründüyü kimi, Qərbdə bilik mənbəyi kimi fiziki-empirik varlıq kateqoriyaları
seçilib, bu səbəbdən təkcə təbiət elmlərində deyil, həm də mənəviyyat, əxlaq
mövzularında metafizik-irrasional mənbələr sərf-nəzər olunur, dəyərlərin mənbəyi
və məzmununa dair tədqiqatlarda ilahi qüvvənin, müqəddəs kitabların, vəhyin rolu
istisna edilir. Deməli, Qərbdə aparılan tədqiqatlar Qərb mühitinin səmərəsi kimi
özünü göstərir, dinə, yəni xristianlığa münasibətin qərbli tərzi əsas götürülür.
Müsəlman şərqində (Misir, Türkiyə), əfsuslar olsun ki, dəyər və əxlaq
problemləri ilə maraqlanan və bu sahədə ixtisaslaşan tədqiqatçıların çoxu qərbli
dəst-xətti davam etdirirlər. Onların da tədqiqatlarında dəyərlərin mənbəyi olmaq
vəzifəsi insan ağlına, yaxud ətraf mühitə “tapşırılır”. Bu da öz növbəsində mənəvi
dəyərlərə və əxlaqa obyektiv münasibəti çıxdaş edir.
Xülasə, həcminin azlığına baxmayaraq, islam nöqteyi-nəzərindən çıxış
edən müsəlman müəlliflərin əsərlərində biliklərin mənbəyi olaraq vəhy (Quran
və hədislər) və varlıq kateqoriyaları göstərilir. İslam təlimlərində din və dünya
məsələləri öyrənildiyindən bu təlimlər universal, əhatəedici hesab olunur, odur ki
mənəvi və əxlaqi dəyərlərin başlıca təyinedicisi kimi vəhy çıxış edir. Qeyri-vəhy
mənbələrinin təsis etdiyi əxlaq normaları, yaxud dəyərlər islamın halal-haram,
mükafat-cəza, fayda-zərər, iman-savab, ləyaqət-şərəf prinsiplərinə uyğun düşdükdə,
dəyərlər üçün qoyduğu şərtlərə (teleoloji məzmun, insan və həyata bütöv yanaşma,
insan, kainat və həyata dair Quran dünyagörüşü ilə uyğunluq) cavab verdikdə
məqbul hesab olunur.
1 Ətraflı məlumat üçün bax: Məhəmməd əl-Bəhi. Yeni islam fikri və Qərb müstəmləkəçiliyi ilə əlaqəsi. Qahirə, 1985,
səh. 249-274.
16
Əxlaq və dəyərlər probleminin tarixi-müqayisəli
təhlili
Əxlaq mövzusunda başlıca problem “xeyir və şər nədir; şərin mənbəyi
nədən ibarətdir; xeyri mənimsəmək, şərdən qorunmaq necə mümkündür” suallarına
axtarılan cavablar ətrafında düyümlənir1. Sosial-antropoloji tədqiqatlarda gəlinən
ümumi nəticə budur ki, ictimai münasibətləri tənzimləyən əsas qaydalar və bu
qaydalara söykənən adət-ənənələrin başlıca məqsədi xeyir-şər problemini həll
etməkdir2.
Əxlaq insana doğru-dürüst yaşamağın qayda-qanunlarını öyrədir, amma
əvvəlcə “doğru-dürüst nədir; xeyrin mahiyyəti nədən ibarətdir” suallarına cavab
tapmaq lazım gəlir. Yaxşı insan problemi tarixən insanları düşündürmüşdür. Həyatın
mənası haqqında danışmazdan əvvəl problemi bu cür qoymalıyıq: İnsan kimdir,
yaxud nədir? İnsanın kainatdakı statusu nədən ibarətdir? Deməli, suallar ardıcıllığı
belə olmalıdır: insan kimdir → yaxşı insan kimdir → xeyir nədir → əxlaq nədir?
Yaxşı insan olmaq üçün əvvəlcə özümüzü tanımalı, “təyinat”ımızın dəqiq
təsvirini verməliyik. Tarixən insana münasibətin müxtəlif formaları olmuşdur.
Həyata verilən təriflər insanın kainatdakı yerinin müəyyənləşdirilməsinə birbaşa
təsir göstərmişdir. İnsan həyatının materiya (Karl Marks), cinsi instinktlər (Ziqmund
Freyd), ətraf mühit (Pavlov, Vatson, Skinner) tərəfindən idarə olunduğunu iddia
edən nöqteyi-nəzərlər naqis olub bütöv yanaşmanı ifadə etmir. İnsanın nə üçün
var olduğunu, yaşadığı müddətcə əməl etməsi lazım gələn qaydaların, normaların
nələrdən təşəkkül tapdığını müəyyənləşdirmək ona bütöv baxışı təmin edə bilər.
İnsanla əlaqəli hər hansı bir problemi onun yaradılmasındakı məqsəd nöqteyi-
nəzərindən öyrəndikdə qənaətbəxş cavablar meydana çıxır, konstruktiv həll variantı
tapılır. İnsan problemini həll etmək üçün onun nə üçün mövcud olduğunu dəqiq
şəkildə müəyyənləşdirmək lazımdır. Dinlərdə insanın mahiyyəti və vəzifələri çox
aydın göstərilmişdir. Teist yanaşmalarda ibtida problemi həll edildiyindən əsas
diqqət vəzifənin icrası imkanları və üsullarına verilir. İnsana qeyri-teist münasibətin
1 Kemal Gurulkan. Düşünce tarihində ahlak ekolleri ve görüşleri // “Köprü” dergisi, 2001, say 75: http://www.
koprudergisi.com/index.asp?Bolum=EskiSayilar&Goster=Yazi&YaziNo=27
2 Erich Fromm. Erdem ve mutluluk /tərcümə edən: Ayda Yörükan/ Türkiye İş Bankası yayınları, 1999, səh. xxiv.
17
ən böyük nöqsanı ibtida probleminin birmənalı şəkildə həll edilməməsidir. Nəticədə
ya insanın mövcudluq qayəsi səhv müəyyən edilir və buna uyğun həyat fəlsəfəsinin
yanlış təsviri göstərilir, ya da bu məqsəd ətrafında meydana çıxan tərəddüd və
qarmaqarışıqlıq konkret konturların cızılmasına əngəl olur. Deməli, “insan kimdir
və necə yaşamalıdır” sualına insanın Allah tərəfindən yaradılması müddəasından
uzaqlaşmaqla cavab verməyə cəhd göstərmək problemi həll etmir, əksinə, onu
mürəkkəbləşdirir. Bu baxımdan biz insanın ontoloji mahiyyətinə, həyatdakı
məqsədinə dair konkret cavabları dində tapa bilirik. Unutmayaq: din adi məsələ
deyildir! Elmi ateizm adlanan ideologiyanın və bu ideologiyaya havadarlıq edən
kommunist Sovet İttifaqının süqutundan sonra şüurda baş verən müsbət dəyişiklik
göstərdi ki, din insan oğlunu düşündürən vacib və mühüm, həm də taleyüklü suallara
cavab verən dünyagörüşüdür. Təbii ki, bu sualların ən başlıcası həyatın mənası ilə
əlaqəlidir. Biz nə üçün işlədiyimizi, nə üçün yediyimizi, içdiyimizi bilirik. Amma
başa düşürük ki, biz yemək və içmək üçün yaşamırıq; əksinə, nə isə ali olan şey üçün
yaşadığımızı intuitiv olaraq dərk edirik. Bu kontekstdə intuitiv olaraq onu da hiss
edirik ki, insan ətrafda müşahidə etdiyimiz canlı növləri kimi ola bilməz. İntuitiv
hisslər bizə pıçıldayır ki, insan oğlu digər canlı növləri kimi ölüb itə bilməz və nə isə
başqa bir şey bizi mənən və zehnən qurcalayır. Düzdür, bu hisslər qəribədir, rasional
arqumentlilik bazasına malik deyil, amma mövcuddur. Və biz müqəddəs kitablarda
bizi intuitiv olaraq düşündürən suallara birbaşa cavab tapa bilirik. Qeyri-dini,
xüsusən də ateist nöqteyi-nəzərlər də həyatın məqsədi problemini öyrənir, amma
dediyimiz kimi, qarşımıza inandırıcı və konstruktiv variantlar çıxmır. Məsələn,
insana münasibətdə ibtidanı inkar etdiyindən ateizmin metodoloji labirintə daxil
olmağı labüddür. Metodoloji kollaps isə ateizmi pessimist dünyagörüşü halına
gətirir, nəticədə o, ümidsizlik ifadə edir. “Mən kiməm; nə üçün yaşayıram; Allahın
olmadığına əmin olmaq üçün nə etməliyəm?” kimi suallara cavab verməyən bir
təlimə etibar etmək tərəddüd doğurur. Elmdən fərqli olaraq, ateizm bəşəriyyətə bir
çox problemlərində kömək edə bilmir, əksinə, ilahi qüvvəni inkar edən subyektlərdə
bəzən tərəddüdlə xarakterizə olunan psixoloji vəziyyət yaradır, insana bioloji varlıq
olaraq baxdığından əksər hallarda mənəvi normalardan imtina edir.
Dini dünyagörüşündə insan həyatı yaradılış prizmasından qiymətləndirilir.
Göstərilir ki, digər canlı növlərindən daha təkmil formada yaradılmış insan müəyyən
mənəvi normalara uyğun hərəkət etməli, əxlaq çərçivəsində yaşamalıdır. İnsan
18
özünü və ətrafı dəyişdirmək bacarığına sahibdir ki, bu da onu digər canlılardan
fərqləndirir. Məhz buna görə insan özünü yaxşıya doğru dəyişdirən varlıq kimi
isbatlamalı, şəxsini və başqalarını tərbiyə edən, xeyrin xidmətində dayanan həyat
tərzini seçməlidir. Əgər biz insanı bu baxımdan qiymətləndirməsək, onda Freydin
bütün davranışlarını instinktlərin tənzimlədiyi “homo-saykalocikus”u1, kapitalist
münasibətlərinin meydana çıxardığı, daima mübarizə aparan “homo-ekonomikus”u
ilə üz-üzə qalacağıq2.
“Yaxşı və pis nədir” sualına düzgün cavab tapmaq üçün hadisə və dəyər
məfhumlarını izah etmək lazımdır. Hadisə ətraf aləmdə baş verən dəyişikliklərdir.
Dəyər isə hadisələrin (fenomenlərin) fərdlər tərəfindən yaxşı, yaxud pis olaraq qəbul
edilməsidir. Təbii ki, söhbət dəyərləri sosial fenomen hesab edən nöqteyi-nəzərdən
gedir. Bu nöqteyi-nəzərin çatışmayan cəhəti ondadır ki, dəyərlərə nisbi məzmun
kəsb etdirir və subyektiv ümumiləşdirmədən çıxış edir. Məsələn, B. Paskal iddia
edirdi ki, okeanın bir sahilində doğru olan şey, digər sahilində səhv ola bilər. Lakin
sağlam ağıl və saf vicdanın təsdiqlədiyi ümumi dəyərlər vardır ki, fərqli münasibət
formalarına baxmayaraq, müsbət və xeyir məzmununu qoruyub saxlayır: “Dəyişkən
olan əxlaq deyildir, əxlaqa dair nəzəriyyələr və əxlaqa baxış bucağıdır”3.
1 Ətraflı məlumat üçün bax: Виктор Каган. Homo Psychologicus – Человек Психологический: http://www.
psychologies.ru/articles/homo-psychologicus-chelovek-psihologicheskiy/
2 Kemal Gurulkan. Düşünce tarihində ahlak ekolleri ve görüşleri // “Köprü” dergisi, 2001, say 75: http://www.
koprudergisi.com/index.asp?Bolum=EskiSayilar&Goster=Yazi&YaziNo=27
3 Nihat Keklik. Türk-İslam Felsefesi Açısından Felsefe’nin İlkeleri. Ankara: “İstanbul Universitesi Edebiyat Fakültesi
Yayınları”, 1996, səh. 234.
19
Qərb rasional fikir tarixində əxlaq və dəyərlər
Qərb rasional fikrində əxlaq və dəyərlər mövzusu tarixən qızğın
mübahisələrlə müşayiət edilmişdir. Məsələn, e.ə V əsrdə sofistlər ilk dəfə olaraq,
əxlaqın, həm də mənəvi dəyərlərin nisbiliyi (relyativizm) iddiasını irəli sürmüşdülər.
Onlar göstərirdilər ki, insan hər şeyin ölçüsüdür, deməli, əxlaqi-mənəvi dəyərlər
insandan-insana dəyişir. Bu səbəbdən həmin dövrdə əxlaq və mənəvi dəyərlər ciddi
mübahisə obyektinə çevrilmişdi. Təbii ki, bu iddia ilə razılaşmaq mümkün deyildir,
çünki nəticə etibarı ilə əxlaq və mənəvi dəyərlərin inkarına gətirib çıxara bilər1.
Qədim yunan fəlsəfəsində əxlaq anlayışı xoşbəxtlik məfhumu ilə vəhdətdə
öyrənilmişdir. Yunan filosofları göstərirdilər ki, əxlaq xoşbəxtliklə əlaqəlidir. Platon
və Aristotel xoşbəxtlik-əxlaq əlaqəsini dərindən öyrənmiş, əxlaq fəlsəfəsinin –
etikanın əsas təmsilçiləri olmuşlar. Platon belə bir iddiadan çıxış edirdi ki, fərdi
və ictimai fəaliyyətin bütün istiqamətləri xoşbəxtliyə nail olmaq üçündür. Amma
fəzilətə – tərifəlayiq keyfiyyətlərə söykənən fəaliyyət xoşbəxtliyi təmin edə bilər.
Platonun əxlaqa dair əsərlərində göstərilir ki, bütün müsbət məziyyətlərin mənbəyini
dörd başlıca keyfiyyət təşkil edir: müdriklik (sophia), cəsarət (andreia), mülayimlik
(sophrosyme) və ədalət (dikaiosyne)2. Platon hər sinfin öz müsbət keyfiyyətini də
qeyd etmişdir, belə ki hakim sinif müdriklik, hərbçilər sinfi cəsarət, istehsalçılar
– işçi sinif isə mülayimlik məziyyətinə sahib olmalıdır. Hər sinfin öz məziyyətinə
sadiq qalmağı üçün bütün cəmiyyətdən ədalətli olmaq tələb olunur3.
Platon kimi Aristotel də xoşbəxtliyi fəzilətlə əlaqələndirmişdir. O bildirirdi
ki, fəzilət – müsbət keyfiyyətlər insanın özünə uyğun olanını seçib buna müvafiq
davranmasıdır. Fəzilət “qızıl orta”nı ifadə edir, istənilən ifratçılıq forması qəbahətdir
və bədbəxtlik doğurur.
Bununla yanaşı, qədim yunan fəlsəfəsində iztirab və həzz mövzusu Sokratdan
sonra yaranmış əxlaq fəlsəfəsi məktəblərinin təsiri ilə aktuallıq kəsb etmişdi. Həzz-
iztirab problemi antik dövr Yunanıstanında iki təlim: hedonizm (həzpərəstlik) və
kinizm təlimləri daxilində öyrənilmişdir. Əgər kinizm və stoisizmdə vicdanlı
1 Yenə orada, səh. 232.
2 Elvüsal Məmmədov. İzahlı islam fəlsəfəsi terminləri lüğəti (nəşr olunmayıb).
3 Ergin Aldemir. Antik Grek’ten yirminci yüzyıla “ahlak” felsefesi. https://dusunbil.com/antik-grekten-yirminci-
yuzyila-ahlak-felsefesi/
20
yaşamağın iztiraba dözənləri xoşbəxtliyə çatdıracağı ideyası mənimsənilmişdisə,
hedonizm və epikürçülükdə isə həzz və iztirabın rolu qabardılmışdı. Məsələn,
epikürçü iddialarda əsas məqsəd, stoiklərdə olduğu kimi, fərdin xoşbəxtliyini təmin
etmək idi. Epikürçülük fəlsəfəsinin əxlaq ideyası hedonizmə söykənirdi. Onlar iddia
edirdilər ki, həzz ən ali dəyərdir. Bunun üçün ağrı-acı və iztirabdan uzaq olmaq
lazımdır1.
Orta əsr fəlsəfi fikrində digər mövzular kimi əxlaq mövzusu da teoloji
məzmunda nəzərdən keçirilirdi. Konkret tanrı təsəvvürünün əxlaq fəlsəfəsinə
təsiri böyük idi. Əxlaq mövzusu bütünlükdə teoloji aspektdə öyrənilir, yaxşı və
pis anlayışları dini mətnlərdən gətirilmiş arqumentlər əsasında müzakirə obyekti
seçilirdi. Bununla yanaşı, Platon və Aristotelin əxlaqa dair görüşləri və terminoloji
paradiqmaları Orta əsr xristian rasional fikrində ümumi şəkildə qəbul edilmişdi2.
Yeni dövrdə ingilis filosofu, empirizmin banisi Frensis Bekon (1561-1626)
dini əxlaq sisteminə qarşı dünyəvi əxlaq məfhumunu müdafiə etmişdir. Ona görə,
inanc və dini təlimlər olmadan əxlaqlı olmaq mümkündür3.
XVII əsrdən etibarən Avropada əxlaq məfhumu “redaktə”yə məruz qalmış,
qədim yunan və sxolastik məzmundan tədricən uzaqlaşmağa başlamışdı. XVII əsrin
panteist-teist filosofu B. Spinoza (1632-1677) əxlaq məfhumunu həzz anlayışı ilə
vəhdətdə izah etsə də, onu yunansayağı hedonist hesab etmək çətindir. Spinoza
göstərirdi ki, təbiətlə bütövləşmə özü ilə həzz gətirir, rasionallıq əxlaqlı olmağı
şərtləndirir, qeyri-rasional ehtiras insanı əxlaqsızlığa sövq edir.
Maarifçilik dövründə Qərbdə universal-ümumbəşəri əxlaq kodeksi haqqında
fikirləşməyə başladılar. Məsələn, alman filosofu İ. Kant (1724-1804) deyirdi: “Elə
bir maksimə görə davran ki, davranışındakı prinsip eyni zamanda ümumi kodeks
halına gəlsin”. Deməli, Kantın əxlaq təlimində əxlaqi davranış adı keçən kodeksə
uyğun davranmağı ifadə edir4.
XIX əsrin bəşər tarixinə qədəm basması ilə əxlaq problemi ciddi məzmun
kollapsı ilə üz-üzə qalmış, ənənəvi paradiqmalardan əhəmiyyətli dərəcədə imtina
1 Elvüsal Məmmədov. İzahlı islam fəlsəfəsi terminləri lüğəti (nəşr edilməyib).
2 Ətraflı məlumat üçün bax: Coşkun Can Aktan. Ahlak ve ahlak felsefesine giriş // Hukuk ve İktisat Araştırmaları
Dergisi, Cilt 1, Sayı 1, 2009, səh. 43-44. https://www.researchgate.net/publication/318653557_AHLAK_VE_AHLAK_
FELSEFESINE_GIRIS
3 Yenə orada, səh. 43.
4 Ətraflı məlumat üçün bax: Yavuz Kılıç. Kant’ın Etik Görüşünde ‘Değerli Eylem’in Olanağı // Pamukkale Üniversitesi
Sosyal Bilimler Enstitüsü Dergisi, Sayı 22, 2015, səh. 96.
21
edilmişdi. Postmodern fəlsəfənin ilk rüşeymlərinin yarandığı bu dövrə destruktiv
fəlsəfi nöqteyi-nəzərlərin təhrifediciliyi xasdır. Ekzistensializmin banisi, danimarkalı
filosof Soren Kyerkeqor (1813-1855) əxlaqın universallığı nöqteyi-nəzərini
müdafiə edir, əxlaqlı olmağı bilikli olmaqla şərtləndirirdi. O iddia edirdi ki, əxlaqsız
olmaq əxlaq qaydalarından bixəbərliklə əlaqəli deyildir; əksinə, onunla əlaqəlidir
ki, fərd özünü tanımır. Bu yerdə Kyerkeqor sokratçı mövqedən çıxış etmişdir1.
Əxlaqi məsələlərdə yaxşı və pisin mövcudluğunu o, belə izah edirdi: “Tanrı yaxşını
reallaşdırmış, pisə isə icazə vermişdir”2.
Əxlaq mövzusunda ən böyük inqilabı F. Nitsşe (1844-1900) etmişdir. Nitsşenin
fəlsəfəsi bütövlükdə Qərb əxlaqına etirazı ifadə edir. Antik yunan fəlsəfəsindən
başlayaraq Kanta qədər uzanan Qərb əxlaq fikrinə üsyan edən Nitsşe deyirdi ki,
xoşbəxtlik fəzilətin deyil, fəzilət xoşbəxtliyin nəticəsidir; insan bioloji varlıqdır,
fəzilət kimi qəbahət də təbii hesab edilməlidir; əxlaq normaları təsis etmək cəfəng
və lüzumsuz işdir3.
XX əsr ekzistensializmində teosentrik əxlaq sistemindən homosentrik
əxlaq sisteminə keçid müşahidə olunur. Başda ateist ekzistensializm fəlsəfənin
nəzəri əsaslarını işləyib-hazırlayan Jan-Pol Sartr (1905-1980) olmaqla digər
ekzistensialistlər düşünürdülər ki, insan özü özünü formalaşdırır və insan özü-
özünə cavabdehdir. Sartr hesab edirdi ki, insan mütləq formada azaddır. Hətta onun
bundan imtina haqqı vardır. Düzdür, insanın intellektual həyatı məqsədyönlülük,
seçim və məsuliyyətə əsaslanır. Lakin Sartr azadlığa mütləq don geydirir və hesab
edir ki, insan hər şeydə sərbəstdir. Bu o deməkdir ki, insan həyatı həlledici məqsədlər
üzərində qurulmayıb; bəşəriyyət üçün nəzərdə tutulmuş ali və ya obyektiv dəyərlər,
ilahi qanunlar, platonik formalar deyilən şey mövcud deyildir. Sartr iddia edirdi ki,
insanın azadlığı dəyərlərin fövqündədir; onun hər hansı bir dəyəri seçməli olduğuna
dair heç bir “xarici” və ya obyektiv əsas (arqument) mövcud deyildir4
Xülasə, qədim Yunan fəlsəfəsində evdemonist və hedonist əxlaq anlayışı
mövcud olduğu halda, Orta əsr xristian sxolastikasına teosentrik, yəni müqəddəs
mətnlərdə göstərilmiş meyarlara söykənən əxlaq sistemi hakimdir. Modernizm
1 Ayşe Köksal. Soren Kierkegaard`ın ahlak anlayışı (lisans tezi). Ankara, 2015, səh. 26.
2 Yenə orada, səh. 28.
3 Coşkun Can Aktan. Ahlak ve ahlak felsefesine giriş // Hukuk ve İktisat Araştırmaları Dergisi, Cilt 1, Sayı 1, 2009, səh.
46. https://www.researchgate.net/publication/318653557_AHLAK_VE_AHLAK_FELSEFESINE_GIRIS
4 M. Ö. Şabra. İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında) / tərcümə edən: Elvüsal Məmmədov. Bakı,
2013, səh. 25.
22
fəlsəfəsində isə əxlaq məsələləri sırf rasionalist baxış bucağının obyekti halına
gəlmiş, XIX əsr postmodernizmində ortodoksal əxlaq normaları ciddi şəkildə
tənqid edilmişdir. XX əsrdə isə əxlaq normaları və aksioloji həyat tərzində ən böyük
inqilabı ekzistensialist iddialar etmişdir.
23
İslam dini və müsəlman rasional fikrində əxlaq
(dəyər) problemi
Orta əsr Müsəlman dünyasında dəyər problemi əxlaq təlimi daxilində
öyrənilmişdir. Həmin dövrdə problemin nəzəri və praktik tərəfləri ilə əlaqədar olaraq,
iki ayrı məktəb, yaxud istiqamət meydana çıxmışdı. Qədim yunan fəlsəfəsindən
təsirlənmiş birinci məktəb əxlaq mövzusunun nəzəri aspektləri ilə məşğul olur, əsasən
fəlsəfi paradiqma və məfhumlardan çıxış edirdi. İkinci istiqamətin davamçıları isə
əməli əxlaq mövzusuna dair kitablar qələmə almış, islam dininin əməli əxlaq təlimi
ilə kifayətlənmişdilər. Maraqlıdır ki, Orta əsr müsəlman ilahiyyatçısı Əbu Hamid
əl-Qəzali hər iki məktəbdən təsirlənmişdir.
Deməli, islam əxlaqı məfhumu müsəlman rasional fikrindəki əxlaq elmi
anlayışından fərqlənir. Birincisi islama xas əxlaqi keyfiyyətləri, davranışları ifadə
edirsə, ikincisi müsəlman rasional fikrində əxlaq probleminə münasibəti və bir
fenomen olaraq mövzusunu öyrənir1.
a) İslam dininin əxlaqa münasibəti və islam əxlaqının səciyyəvi xüsusiyyətləri
İslam əxlaqı dedikdə biz bu dinin müqəddəs mətnlərində göstərilmiş prinsip
və normaları nəzərdə tuturuq. Bu mənada islam əxlaqının ümumi təsvirini aşağıdakı
kimi vermək mümkündür:
İslamda əxlaq peyğəmbərlik institutunun funksiyaları arasında göstərilir.
Hədislərin birində Həzrət Peyğəmbərin dilindən deyilir ki: “Şübhəsiz ki, mən gözəl
əxlaqı tamamlamaq üçün göndərilmişəm”.2
Bu o mənaya gəlir ki, islam əxlaqda müsbət ənənə və təcrübəni inkar etmir.
Əxlaq islam nöqteyi-nəzərində ibadətlə vəhdətdə götürülür, ibadət
əməllərinin effektivliyi əxlaqla şərtləndirilir. Mövcud dini mətn-faktların təhlili
göstərir ki, əxlaq və ibadət, o cümlədən iman bir-birini tamamlayan elementlərdir.
Məsələn, namazdakı məqsədi izah edən ayələrin birində qeyd olunur ki, namaz
1 Müfit Selim Saruhan. İslam Düşüncesinde Ahlak İlmi // “Eskiyeni”, say 28, 2014, səh. 54.
2 Hədisi İmam Malik rəvayət etmişdir.
24
çirkin və pis əməllərdən çəkindirir1. İbadətin qəbul edilməsi şərtlərindən bəhs edən
bir hədisdə Allahın dilindən deyilir ki, O, namazı təkcə Onun qarşısında baş əyən,
Onun bəndələrinə yamanlıq etməyən, gecəni günahla keçirməyən, yoxsullara,
yolçulara, dul və kimsəsizlərə mərhəmət göstərən şəxslərdən qəbul edəcəkdir2.
Digər ibadət formaları da Quran və hədis mətnlərində əxlaq dəyərləri ilə
əlaqələndirilir. Məsələn, göstərilir ki, zəkat adi vergi növü olmayıb, rəhmdillik,
mərhəmət hissi yaradan, siniflərarası inam və sevgi formalaşdıran vasitədir. Həmçinin
sədəqə təkcə maddi kömək forması kimi deyil, daha geniş mənada nəzərdən keçirilir.
Bu vaxt belə bir peyğəmbər sözünə istinad olunur ki, bir müsəlmana gülümsəmək,
yaxşılığa çağırmaq, pislikdən çəkindirmək, yolda qalanlara yol göstərmək, yol
üzərindən maneəni, hətta tikanı götürmək, bir müsəlmanın öz qabından din
qardaşının qabına su tökməsi, pis nəzərlə baxanlara xoş gözlə baxmaq sədəqə hesab
edilir.
Əxlaqi keyfiyyət və davranışlarla oruc ibadətinin əlaqəsi haqqında bizə gəlib
çatmış dini mətnlərdə oxuyuruq ki, oruc təkcə yemək və içməkdən müvəqqəti
imtina olmayıb, nəfsi mənfi istək və şəhvətdən məhrum etməkdir; oruc tutanlar
yalan danışmağı, saxta davranmağı tərgitməlidirlər, əks halda, onların ac-susuz
qalmaqlarına Allahın ehtiyacı yoxdur; oruc yemək-içməyi tərgitmək deyildir,
əksinə, yaman danışmaqdan çəkinməkdir və s.
Nəhayət, islamda həcc ibadəti formal ayinlərin məcmusu hesab edilmir,
mücərrəd və sırf dini ayin kimi nəzərdən keçirilmir. Quranda göstərilir ki, həcc
ibadətini icra edən zəvvar söyüş söyməməli, pis sözlər danışmamalı, dava-dalaş
salmamalıdır3.
Yuxarıdakı qeydlərdən bu nəticə hasil olur ki, islamda başlıca ibadət formaları
əxlaq və əxlaq dəyərləri ilə qırılmaz vəhdət əmələ gətirir.
İslam dininə insanı günahsız hesab edən, yaxud ona yarımmələk gözü
ilə baxan ifrat idealist nöqteyi-nəzər xarakterik deyildir. Odur ki islamın ana
mənbələrində icrası qeyri-mümkün əxlaq normalarına təsadüf edilmir. Ümumiyyətlə,
islamın əxlaq normaları mötədil məzmunu ilə seçilir. Quran dünyagörüşündə insan
mürəkkəb canlı olaraq nəzərdən keçirilir, onun intellekt, bioloji, mənəvi-psixoloji
1 Bax: Qurani-Kərim: “əl-Ənkəbut” surəsi, 45-ci ayə.
2 Məhəmməd Qəzali. Müsəlman əxlaqı / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2012, səh. 14.
3 Bax: Qurani-Kərim: “əl-Bəqərə” surəsi, 198-ci ayə.
25
elementlərdən təşəkkül tapdığı deyilir. Bu səbəbdən onda heyvani instinktlər də,
mələk mənəviyyatı da özünü göstərə bilər, – bu, onun əxlaqi prinsiplərə əməl
edib-etməməsindən asılıdır. İnsana iki yol göstərilmişdir və o, bu iki yoldan birini
seçmək üçün yaradılmışdır: o, ya rəbbini tanıyıb şükür edən bəndə olacaq, ya da
yaradanını inkar edərək nankorluq göstərəcəkdir. Bu səbəbdən onun vəzifəsi mənən
saflaşıb təmizlənmək üçün nəfsi ilə mübarizə aparmaq, tərbiyə mümarisələrini icra
etməkdir1.
İslamda əxlaq Quran dünyagörüşünün prinsiplərindən biri kimi
göstərilir. Bu o deməkdir ki, insan oğlu ali və əxlaqi məqsədlər üçün yaradılmışdır.
Quranda bu məqsədlər insan oğlunun diqqətinə çatdırılır. Quranın yolgöstərənliyi
onun üçündür ki, insan şüurlu şəkildə və məsuliyyətlə düşünüb qərar versin. Yəni,
insan hansı yolla getməli, ikisindən hansını seçməlidir: islah və abadlaşdırmanımı,
yoxsa azğınlıq və fəsadımı? Əxlaq və mənəviyyat bu baxımdan davranışlara
istiqamət verir2.
Qeyd edək ki, müasir müəlliflər Quran dünyagörüşünün prinsipləri kimi tövhid,
xəlifəlik (varislik), ədalət və mötədillik, azadlıq, məsuliyyət, məqsədyönlülük,
əxlaq, şura (məsləhətləşmə), elmi universallıq, ümumbəşərilik, sülh, islahatçılıq,
abadlaşdırma və gözəlliyi qeyd edirlər3.
Müsəlman müəlliflər bildirirlər ki, əxlaq insanın Allah tərəfindən
yaradılmasında məqsəd kimi çıxış edir. Məsələn, Fələstin əsilli amerikalı
mütəfəkkir İsmayıl Raci Faruqi qeyd edir ki, Allah insanı öz əməlləri ilə mənəvi
tərəfini (əxlaqını) isbatlasın deyə yaratmışdır4.
Qərbdə daha çox müdafiə edilən müasir nöqteyi-nəzərdən fərqli olaraq,
islamda əxlaq inancdan, xüsusən Allah inancından əlahiddə götürülmür.
Allah inancı fərdin mənəvi həyatını, şəxsi və ictimai davranışlarını tənzimləyən
mühüm amil kimi çıxış etdiyindən əxlaqın effektivliyi və qorunub-saxlanmasında
əhəmiyyətli dərəcədə rol oynayır5. Macar şərqşünası İ. Goldziherin (1850-1921)
1 Bax: Yusif əl-Qərdavi. İslam mötədilliyi və əsas təzahür formaları / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2009,
səh. 18-20.
2 Əbdülhəmid əbu Süleyman. Mədəni Quran dünyagörüşü / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2017, səh. 34.
3 Bax: Əbdülhəmid əbu Süleyman. Mədəni Quran dünyagörüşü / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2017, səh.
29-44.
4 İsmayıl Raci Faruqi. Tövhid: islam mədəniyyətinin əsası / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2018, səh. 26.
5 Ətraflı məlumat üçün bax: İsmayıl Raci Faruqi. Tövhid: islam mədəniyyətinin əsası / tərcümə edən: Elvüsal
Məmmədov. Bakı, 2018, səh. 22-29.
26
bildirdiyi kimi, Cahiliyyət dövründə ərəb qəbilələrinin həyat tərzi, adət-ənənələri
cəmiyyət formalaşdırmaq üçün münasib olmamışdır. Onların ibtidai və mənasız
bütpərəst inancı ali əxlaq dəyərlərinin yaranmasına mane olurdu. Bu səbəbdən islam
dini ümumbəşəri, mütləq və ümumi məzmuna sahib əxlaqi quruluş təsis edərkən
belə əxlaq sisteminin ən mühüm zəmanətçisi kimi hər şeyi bilən, hər şeyə qadir, çox
rəhimli, amma cəzası da şiddətli olan ali Allah təsəvvürü formalaşdırmışdı. İslam
insanlara aşılayırdı ki, Uca Allahın təsis etdiyi ümumi və qəti qaydaların həyatın hər
sahəsi üçün sarsılmaz hökmlər olduğuna inansınlar1.
İslamda əxlaq və mənəvi dəyərlər nəfsi tərbiyə işi – təzkiyə ilə əlaqəlidir.
İnsan oğlu hər şeydən əvvəl özünü tərbiyə etməli, nəfsini paklamalıdır. Bu səbəbdən
islam dinində tərbiyəvi məqsədlərlə hakim dəyərlər vəhdətdə götürülür, bir-biri ilə
həmhüdud sahələr kimi göstərilir. Xüsusi şəkildə qeyd olunur ki, ən ali qayə insan
oğlunu hər iki dünyada xoşbəxt etməkdir.
Müasir müəlliflər islamda əxlaq məsələlərindən danışarkən qeyd edirlər ki,
mənəvi tərbiyə işi düzgün qurulmazsa, şəxsiyyətin formalaşmasında axsamalar baş
verə bilər2. İslamın əsas dəyərləri və ali məqsədlərinin ayaqda qalması möhkəm
intellekt və dürüst mənəviyyatla şərtlənir: “Fəlsəfənin haqq dəyərləri, gözəllik
dəyərləri adlandırdığı şeylər – bütün bunlar mənən tərbiyə edilmiş insanların
olmadığı, intellekt və mənəvi baxımdan tərbiyələnmiş şəxsiyyətlərin yetişmədiyi
mühitdə reallaşa bilməz”3.
İslamın bu məqsədlə təqdim etdiyi tərbiyə üsulu insanlarda ali məqsədlər
baxımından qeyb aləminə, real dünyaya, cəmiyyətə münasibətin əsaslarını
formalaşdırmaqla başlanır. Bu tərbiyə digər ali dəyərlərlə: tövhid, varislik və
abadlaşdırma işi ilə vəhdət təşkil edir.
Həzrət Peyğəmbər (s) tərbiyə işinin düzgün qurulması üçün, hər şeydən əvvəl,
cəmiyyətdə bütpərəstlik ənənəsi və dünyagörüşünü ləğv etmiş, tək Allaha iman
və ibadət prinsipinə əsaslanan əxlaq və mənəviyyat tərbiyəsi sistemi yaratmışdır.
Onun bu tərbiyə sistemində göstərilir ki, var-dövlət, əsil-nəcabət deyil, məhz
təqva – Allah qarşısında hərtərəfli məsuliyyət daşımaq fərdi və ictimai tərəqqinin
– üstün insan olmağın şərti kimi çıxış edir. Əxlaqın birbaşa mənəvi tərbiyə işi ilə
1 Mustafa Çağırıcı. İslam Düşüncesinde Ahlak. İstanbul: “Dem Yayınları”, 2006, səh. 25.
2 Taha Cabir əl-Ülvani. Tövhid, tərbiyə və mədəniyyət / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2018, səh. 136.
3 Yenə orada, səh. 137.
27
əlaqələndirilməsi Allahın yaratdığı digər canlılara qarşı mərhəmətli olmağı, sosial
münasibətlərdə dürüstlük, etibar, təmənnasız sevgi və fədakarlığı, səmimiyyət və
yaxşı niyyətli olmağı təmin edə bilər. Bunun üçün, həm də pis hərəkət və mənfi
davranışları tərbiyə etmək lazım gələcəkdir ki, bu da hərtərəfli, balanslaşdırılmış
tərbiyə işini zəruri edir.
Yuxarıda göstərilənlərlə yanaşı, mənəvi dəyərlər, yaxud əxlaqın praktik
təzahürü üçün islamda ümmət və qardaşlıq prinsiplərindən çıxış edilir. İslam
dini ictimai dəyərlərin formatı və məzmununun müəyyənləşdirilməsi baxımından
inqilabi təbəddülata imza atmışdır. Belə bir təbəddülatın konkret təsviri ondan
ibarətdir ki, ictimai münasibətlərdə milli-irqi, yaxud sinfi elementlər əsas
götürülmür, əxlaq, mənəviyyat və Allah qarşısında məsuliyyət şüuru (təqva) başlıca
müəyyənedici məsələlər hesab olunur. İslamın müqəddəs mətnlərində göstərilir ki,
bütün insanlar eyni ata və anadan törəmişlər; onlar şəxsi və irqi zəmində üstünlük
qazanmaq deyil, bir-biri ilə tanış olmaq, bir-birini tanımaq üçün mövcuddurlar;
irqi və anadangəlmə müxtəliflik əxlaqi-mənəvi fonda əriyib yox olur; üstünlük
ancaq mənəvi keyfiyyətlərdə özünü göstərə bilər. İrqi-sinfi bərabərsizliyin qeyri-
məqbul hesab edildiyi islam nöqteyi-nəzərində insanların birliyi və həmrəyliyinin
imana, əxlaqa, mənəvi dəyərlərə əsaslanan formaları: ümmət və qardaşlıq daha
qabarıq görünür. Aidiyyəti ayə və hədislərin təhlili belə bir nəticə doğurur ki, islam
dini ümmət və qardaşlıq institutunun üzvlərinə fərdi və ictimai əxlaq öhdəlikləri
yükləyir, daxili münasibətləri tənzimləyən dəyərlər sistemi təqdim edir. Məsələn,
islamın ana mənbələri və Peyğəmbər təcrübəsinə nəzər salsaq, görəcəyik ki,
qardaşlıq prinsipinin nəzəri və praktik baxımdan əsaslandırılmasında fərdi və
ictimai əxlaq dəyərləri arqument bazası seçilir. Ayə və hədislərdən məlum olur
ki, möminlər qardaşdırlar1; müsəlmanlar digər müsəlmanlar arasında baş verən
anlaşılmazlıq, mübahisə və münaqişələri aradan qaldırmalıdırlar2; müsəlmanlar bir-
birini lağa qoymamalı, xoşagəlməz adlarla çağırmamalıdırlar;3 bir-birinin ayıblarını
axtarmamalı, qeybətini etməməlidirlər4 və s.. Həmçinin İslam təlimlərində qardaşlıq
sevgi, rəğbət və mərhəmətin yaratdığı bədənə oxşadılır və göstərilir ki, “bu bədənin
bir əzası xəstələnib şikayət edərsə, digər əzalar da qızdırma və yuxusuzluğa düçar
1 Bax: Qurani-Kərim: “əl-Hücurat” surəsi, 10-cu ayə.
2 Bax: Qurani-Kərim: “əl-Hücurat” surəsi, 10-cu ayə.
3 Bax: Qurani-Kərim: “əl-Hücurat” surəsi, 11-ci ayə.
4 Bax: Qurani-Kərim: “əl-Hücurat” surəsi, 12-ci ayə.
28
olar”; müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməməli, ehtiyacını ödəməli,
kədərinə ortaq olmalıdır. Xülasə, Quranda “Möminlər ancaq qardaşdırlar” şüarı
altında hökm təsis edilmiş və bu hökmün zəruri etdiyi əxlaqi-humanist vəzifələr
müəyyənləşdirilmişdir. Hədislərdə də qardaşlıq mövzusuna əhəmiyyət verilmiş,
bu qardaşlığa dair hüquq və vəzifələr, dəyər və qaydalar təfsilatı ilə işlənib
hazırlanmışdır.
İslam əxlaqı özünəməxsusluğu ilə yanaşı, həm də kosmopolitdir,
ümumbəşəridir. Məsələn, haqq, ədalət və bərabərlik dəyərlərini islam təsdiqləməklə
bərabər, həm də onlara xüsusi çalarlıq kəsb etdirmişdir.
İslamda əxlaq, həm də niyyət institutu ilə birlikdə öyrənilir. “Həqiqətən,
əməllər niyyətlərə görədir” hədisinə görə, niyyət əməllərə, davranışlara alilik,
müsbətlik qazandırır:
“İslam davranışların kökündə yatan niyyətlərə, stimul və emosiyalara böyük
əhəmiyyət verir. İslama görə, bir işin (davranışın) dəyəri, hər şeydən əvvəl, ona
təşviq edən amillərin “təbiət”indən asılıdır. Bəzən insan hədiyyə verməklə qəlbləri
qazanmağa çalışır. Bəzən də hədiyyəni verir ki, əvvəllər ona yaxşılıq etmiş kəsə öz
şükranlığını ərz etsin. Hər iki hal – müsbət də, mənfi də olsa, – psixoloqların dediyi
kimi, comərdlikdir. Və bu comərdliyi fərdin mənlik şüuru doğurur. Ancaq islamda
bu davranış o halda xeyirxahlıq sayılır ki, nəfsi istəklərdən uzaq olsun, sırf Allahın
razılığı əsas götürülsün”1.
Yuxarıdakı iqtibasdan da göründüyü kimi, islamın müqəddəs mətnlərində
insanı mənən tərbiyə edən davranış və hərəkətlərin əsl dəyər statusu qazanması
üçün həm də təmiz niyyət – Allahın razılığını məqsəd bilən niyyət tələb olunur2.
İslam dinində qarşıya qoyulan məqsəd budur ki, ali dəyərlər qorunub-saxlansın,
heç bir saxta niyyətə alət edilməsin. Ona görə də hər hansı yaxşı işi Allah xatirinə
etmək həmin işin fəzilət, xeyirxahlıq hesab edilməsinin şərti kimi göstərilmişdir.
Bu din hətta şəxsi mənfəətin saxta niyyətlərlə “örtülməsi”nin də əleyhinə çıxış edir.
Niyyət islamda ona görə mühümdür ki, o, davranış və əməllər görünüşdə
yaxşı, yaxud pis kimi təsnif edilməzdən əvvəl arxa planda nəyin bizi bu işə sövq
etdiyini müəyyənləşdirən meyar rolunu oynayır3.
1 Məhəmməd Qəzali. Müsəlman əxlaqı / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2012, səh. 98.
2 Bax: Qurani-Kərim: “əl-İnsan” surəsi, 8-9-cu ayələr; “əl-Leyl” surəsi, 18-21-ci ayələr.
3 Müfit Selim Saruhan. İslam Düşüncesinde Ahlak İlmi // “Eskiyeni”, say 28, 2014, səh. 56.
29
İslamda əxlaq və mənəviyyat müsəlman şəxsiyyətinin, inanclı insan
modelinin əsas göstəricisi kimi təqdim edilir. Bu mövzuda bizə gəlib çatmış
hədislərin ümumi məzmunu budur ki, ən gözəl əxlaqa sahib olanlar Allahın çox
sevimli bəndələridir1; gözəl əxlaq insana verilən ən xeyirli şeydir2; ən yaxşı müsəlman
– əxlaqı ən gözəl olan müsəlmandır3; əxlaqı ən gözəl olanın imanı da kamildir4; ən
gözəl əxlaqa sahib olan müsəlman Peyğəmbərin nəzərində sevimli olub, Qiyamət
günü ona daha yaxın olacaqdır; Qiyamət günü möminin əməl tərəzisində ən ağır
basan şey gözəl əxlaqdır5; möminin şərəfi dini ilə, mürüvvəti ağlı ilə, qədir-qiyməti
isə əxlaqı ilə ölçülür6 və s.
Yuxarıdakı arqumentlər göstərir ki, islam dinində əsas diqqət təkcə ibadətə,
ayrı-ayrı ayinlərə deyil, həm də əhəmiyyətli dərəcədə əxlaq məsələlərinə də verilir.
İslam üçün əxlaq mühümdür, çünki dünya və axirətdə müsəlman fərdin yerini
müəyyən edir.
İslam əxlaqı praktikliyi, əməli olmağı ilə seçilir, nəzəri və mücərrəd
müddəalarla kifayətlənmir, tərbiyə işi və nümunəviliyin əhəmiyyətini qabardır.
Quran mətnləri və Peyğəmbər təcrübəsinin təhlili belə bir müddəa meydana gətirir
ki, təkcə nəzəri biliklərlə, formal əmr və qadağalarla fərdi və ictimai müstəvidə
əxlaq dəyərlərini bərqərar etmək mümkün deyildir: “Könüllərə fəzilət aşılamaq üçün
quru şəkildə “bunu et”, “onu etmə” demək kifayət etmir. Ədəb-ərkanın səmərəliliyi
illərlə aparılan tərbiyə işi və davamlı aşılama (təlqin) tələb edir”7.
Dəyərlərin möhkəmlənməsi və tərbiyə işinin özünü doğrultması üçün gözəl
nümunənin rolunu kimsə dana bilməz. Nümunəvi olmayan şəxslərin apardıqları
tərbiyə işinin səmərəli nəticə verməsi sual altındadır. Mənfi xarakterə sahib şəxslər
ətrafda xoş təəssürat yaratmırlar. Həzrət Peyğəmbər (s) haqqında Quranda deyilir
ki, o, gözəl əxlaq mücəssəməsi olmuşdur8; əgər qaba və kobud olsaydı, insanlar
onun çağırışına hay verməz, ətrafından dağılışıb gedərdilər9. Deməli, ideya və
1 Hədisi Təbərani rəvayət etmişdir.
2 Hədisi İbn Hibban rəvayət etmişdir.
3 Hədisi Tirmizi rəvayət etmişdir.
4 Hədisi Təbərani rəvayət etmişdir.
5 Hədisi Əhməd ibn Hənbəl rəvayət etmişdir.
6 Hədisi Hakim rəvayət etmişdir.
7 Məhəmməd Qəzali. Müsəlman əxlaqı / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2012, səh. 24.
8 Bax: Qurani-Kərim: “əl-Əhzab” surəsi, 21-ci ayə; “əl-Qələm” surəsi, 4.
9 Bax: Qurani-Kərim: “Ali-İmran” surəsi, 159-cu ayə.
30
təlimlərin cəmiyyətin əsas parçasına çevrilib səmərə verməsi üçün bu işlə məşğul
olan kimsələrin, qurumların nümunəviliyi başlıca şərt kimi özünü göstərir.
b) Müsəlman rasional fikir tarixində əxlaq
İslam fikri tarixində etikanın – əxlaqşünaslığın meydana gəlməsi və mövzusu,
əxlaq nəzəriyyələri kəlamşünaslıq, sufilik və fəlsəfə baxımından öyrənilməlidir.
Orta əsr müsəlman sxolastikasında, yəni kəlamşünaslıqda insan əməllərinin
məzmunu, bacarıq (qüdrət), iradə və azadlıq mövzuları xüsusi şəkildə öyrənilmişdir.
Kəlamşünasların öyrəndikləri əxlaq problemlərinin əsasını insan taleyi ilə əlaqədar
olaraq, bəndələrin hərəkətləri (ə`mali-ibad) mövzusu təşkil edir. “İradə və seçim”,
“ədalət”, “yaxşı və pis”, mənafeyə uyğun və daha çox uyğun gələn” (səlah və
əsləh) kimi mövzuların öyrənilməsi ətrafında yaranan qızğın mübahisələr, həm də
əxlaqla əlaqəli məsələlərə münasibətdə fərqli görüşlərin meydana çıxmasına səbəb
olmuşdu1. İnsan taleyi və onunla əlaqəli surətdə öyrənilən dini və əxlaqi problemlər
mötəzili, əşəri və maturidi kəlamçıları tərəfindən tədqiqat obyekti seçilmişdi2.
Mötəzili iddiaların mərkəzində ədalət məfhumu dayanır. Bu məktəbin
nümayəndələri Allaha aid əxlaq və kamillik keyfiyyətini nöqsanlardan qorumaq,
insanların dini və əxlaqi öhdəliklərini məntiqi cəhətdən əsaslandırmaq üçün ədalət
konsepsiyasından çıxış edirdilər. Onlar göstərirdilər ki, Allahın heç nəyə ehtiyac hiss
etmədən meydana çıxardığı işlər insanların yaxşılığı üçündür. İlahi əməllərə yaxşı
və ədalətli olmaq, özündə hikmət ehtiva etmək xasdır. Odur ki İlahi İradə və Hikmət
insanların mənafeyinə xidmət edən işləri nəzərdə tutur. Ümumiyyətlə, mötəzili
nöqteyi-nəzərində iddia edilir ki, mənafeyə uyğun və daha çox uyğun gələni etmək
Allah üçün zəruridir3. Nəticə etibarı ilə mötəzililər iradə azadlığı ideyasını müdafiə
edirdilər. Belə bir azadlıq mövcud deyilsə, onda İlahi Ədalət və Hikmət ətrafında
müəyyən şübhələr meydana çıxa bilər. Bu o deməkdir ki, hərəkətlərində sərbəst
olmayan bir insana dini və əxlaqi öhdəliklər qarşısında daşıdığı məsuliyyət üzündən
mükafat, yaxud cəzanın verilməsi mənasız görünür.
Mötəzili kəlamşünasları göstərirdilər ki, Allahı tanımaq, əmanəti geri
qaytarmaq, borcları ödəmək, nemətə görə şükür etmək kimi məsələlərin yaxşı və
1 Mustafa Çağrıcı. Ahlak // İslam Ansiklopedisi: 44 cilddə, II cild, İstanbul, 1989, səh. 3.
2 Yenə orada, səh. 4.
3 Məhəmməd Qəzali. Dini-mədəni islam fikri: tənqidi mülahizələr / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2012,
səh. 153.
31
zəruri olduğunu düşünməklə də dərk etmək mümkündür1. Deməli, bir sıra əxlaq
dəyərlərini rasional yolla müəyyənləşdirmək istisna edilmir. Amma dəyərlər
haqqında rasional biliklərin mötəbər olmağı üçün həmin dəyərlərin dəyişməz, sabit
məzmunda olmağı zəruridir. Deməli, mötəzililər əxlaq dəyərlərini nisbi hesab etmir
və iddia edirdilər ki, ağıl və din bu və ya digər əməlin, hərəkətin dəyər məzmununu
müəyyənləşdirmir, əksinə, onda mövcud olan ontik keyfiyyətləri aşkara çıxarır.
Beləliklə, yaxşı və pis, vəzifə və öhdəlik məsələlərinə aid nəzəri rasional biliklər
hissi-təcrübi biliklər qədər mötəbərdir2.
Mötəzili kəlamşünaslığının şər probleminə münasibəti də maraq doğurur.
Onlara görə, potensial şərin Allaha aid edilməsi, İlahi Ədalət və Hikmətə xələl
gətirmir. Çünki Allah bəndələrinin mənafeyi üçün faydalı və yaxşı şeyləri yaratdığı
kimi eyni məqsədlə onlara müsibət də göndərə bilər. Bu müsibətlər ya bir günahın
qarşılığıdır, ya da özündə fərqinə vardığımız, yaxud varmadığımız bir xeyri ehtiva
edir. Bununla da Allah ya bu dünyada bizi şərdən, pisliklərdən qorumaq, ya da
axirətdə qarşılığını vermək istəyir, – bütün bunlar isə bizim mənafeyimiz üçündür3.
Mötəzili ədəbiyyatında şərin iki formasından söz açılır: əxlaqi və təbii şər.
İnsan əxlaqla əlaqəli yanlış hərəkətləri etməkdə sərbəstdir, ixtiyar sahibidir. Xəstəlik,
əlillik, qıtlıq (quraqlıq və s.) və sairdə ifadə olunan təbii şərdə isə insan iradəsindən
söz gedə bilməz, bu, Allahla əlaqəli məsələdir4.
Əşəri kəlamşünaslığında da şər problemi öyrənilmişdir. Kəlam alimləri
problemi bu cür qoyurdular: Allahın əməlləri xeyirdirmi? Şər Onun istəyi və iradəsi
iləmi mövcuddur?
Əşərilik məktəbinin nümayəndələri göstərirdilər ki, Allahın əmr etdiyi şeyin
yaxşı olmağını həmin əmr zəruri edir. Yəni, şeylərdəki yaxşı və xeyir məzmunu
ilahi əmr şərtləndirir. Dinin əmr və qadağalarından əvvəl nə xeyir, nə də şər vardır.
Bir əməlin yaxşı, yaxud pis olmağını Allah müəyyənləşdirir, həmin əməl özlüyündə
yaxşı, yaxud pis deyildir5.
Əxlaqi davranışların insan zəkası ilə əlaqəsi mövzusunda əşəri iddianın
ümumi təsviri budur ki, ağıl müstəqil formada mənəvi dəyərləri müəyyənləşdirə
1 Mustafa Çağırıcı. İslam Düşüncesinde Ahlak. İstanbul: “Dem Yayınları” 2006, səh. 99.
2 Mustafa Çağrıcı. Ahlak // İslam Ansiklopedisi: 44 cilddə, II cild, İstanbul, 1989, səh. 4.
3 Yenə orada, səh. 4-5.
4 Yenə orada, səh. 4.
5 Məhəmməd Şərif Əhməd. İslama yeni baxış / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2011, səh. 199.
32
bilmir; bir şeyin yaxşı, pis, təhlükəli, yaxud icazəli olmağı ilə əlaqəli hökm konkret
dini dəlil (nəss) əsasında təsis edilə bilər.
Əşərilər mötəzililərdən fərqli olaraq, əxlaqi dəyərlərin rasional yollarla
müəyyənləşdirilməsini qeyri-mümkün hesab edir, öz iddialarını belə əsaslandırırlar
ki, heç bir təhsil və tərbiyə görməyən, təbii şəraitdə boya-başa çatan şəxs 2+2=4
kimi təcrübi bilikləri təkbaşına qazana bildiyi halda, yalan danışmağın pis, doğru
danışmağın isə yaxşı davranış olduğunu rasional yolla təyin edə bilmir. Əxlaqi
dəyərlərin mötəbərliyi onların işlənmə intensivliyi ilə əlaqəlidir1.
Maturidi kəlamçılarına gəlincə, mötəzililərdən fərqli olaraq bildirirdilər ki,
insanların mənafeyinə uyğun əməlləri meydana gətirməsi Allah üçün məcburi
deyildir. Onlar həmçinin iddia edirdilər ki, insan zəkası əxlaq dəyərlərini qavramaq
qabiliyyətində yaradılmışdır2.
Sufilikdə əxlaq mövzusu xüsusi yer tutur. “Təsəvvüf bütövlükdə əxlaq
təlimidir” – desək yanılmarıq. Sufilikdə öyrənilən başlıca mövzu səmimi dindarlıq
və əxlaqdır.
İslamda əxlaq fəlsəfəsinin – etikanın mənbələrindən biri kimi çıxış edən sufilik
əxlaqı nəfslə mübarizə və azadlığa qovuşma təlimidir. Sufilikdə azadlıq dedikdə
insanı nəfsi istək və eqoizmdən – mənmərkəzlilikdən xilas etmək nəzərdə tutulur.
Sufilik təcrübəsi adlandırılan şey, əslində mənəvi-ruhi halətləri ifadə edir ki, buna
da müəyyən mümarisələr, yaxud sufilərin öz dili ilə desək, riyazət və mücahidə yolu
ilə nail olmaq mümkündür.
Sufilikdə məfhumlara tamamilə fərqli don geyindirilir və belə bir məzmun
redaktəsinin fonunda qarşımıza əxlaq və mənəviyyat təlimi çıxır. Məsələn,
xorasanlı sufi və təfsir alimi Məhəmməd Süləmi (937-1021) sufilik təliminin əsas
mövzularından sayılan kasıblıq məfhumuna belə bir tərif vermişdi: “Kasıblıq heç
bir şeyin insana sahib olmamağıdır”3.
Göründüyü kimi, maddi imkanlardan məhrumluq mənasında işlədilən kasıblıq
anlayışı sufilik əxlaqında mənəvi-əxlaqi azadlıq hesab edilir. Çünki əxlaqi kamillik
sufilikdə azadlığın özüdür4.
Sufilik islam əxlaq fəlsəfisində ona görə mühüm yer tutur ki, mənəvi azadlıq
1 Mustafa Çağrıcı. Ahlak // İslam Ansiklopedisi: 44 cilddə, II cild, İstanbul, 1989, səh. 5.
2 Mustafa Çağırıcı. İslam Düşüncesinde Ahlak. İstanbul: “Dem Yayınları”, 2006, səh. 106-107, 108.
3 Müfit Selim Saruhan. İslam Düşüncesinde Ahlak İlmi // “Eskiyeni”, say 28, 2014, səh. 63.
4 Mustafa Çağırıcı. İslam Düşüncesinde Ahlak. İstanbul: “Dem Yayınları”, 2006, səh. 116-119.
33
konsepsiyasından çıxış etmiş, azadlıq məfhumuna yeni məzmun qazandırmışdır.
Sufiliyi, ümumi götürdükdə, əməli əxlaq təlimi hesab etmək mümkündür. Bu
təlimdə din əxlaqın fonunda qiymətləndirilir.
Müsəlman fəlsəfəsinə gəlincə, Yaqub əl-Kindi, Əbubəkr ər-Razi, Farabi, İbn
Miskəveyh, İbn Sina, İbn Baccə, İbn Tüfeyl, İbn Rüşd, Nəsirəddin Tusi və başqaları
əxlaq elmini fəlsəfi müddəalar əsasında öyrənmişdilər. Müsəlman filosofları əxlaq
mövzusuna dair ayrıca əsərlər qələmə almışdılar. Yaqub əl-Kindinin “Kədəri dəf
etməyin üsulları haqqında traktat”1, Əbubəkr ər-Razinin “Kasıblar və yoxsullar”,
İbn Miskəveyhin “Əxlaqı tərbiyə”, Farabinin “İdeal şəhər əhalisinin görüşləri”,
“Hökmdarların ədəb-ərkanı”, İbn Rüşdün “Fəlsəfə ilə şəriətin əlaqəsinə dair
yekun söz”2, Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərləri bu istiqamətdə yazılmış
fundamental kitablardır.
İslam fəlsəfi fikrində əxlaq nəzəriyyəsinin yaranması və sistemləşməsində
kənar təsirlər, xüsusən qədim yunan fəlsəfəsinin təsiri istisna edilmir. Bəzi müəlliflər
göstərirlər ki, kənardan təsirlənmə müsəlman filosofların əxlaq nəzəriyyəsinin
orijinallığına maneə təşkil etmir3.
Müsəlman filosofları elmləri təsnif edərkən əxlaq elmini də ayrıca sahə kimi
göstərirdilər. Məsələn, fəlsəfəni rasional (nəzəri) və əməli olmaqla iki qrupda təsnif
edən ilk müsəlman filosofu Yaqub əl-Kindi əxlaq elmini əməli fəlsəfə qrupuna
daxil etmişdi4. Həmçinin o, Platondan təsirlənərək, əxlaq mövzusunu fəlsəfənin
qarşısında duran vəzifə kimi göstərmişdi5. Kindi yaradıcılığında “nəfs” problemi
də platonçu məzmunda öyrənilmiş, yunan filosoflarının fəzilət anlayışı olduğu kimi
əxz edilmişdir. Kindi fəzilət problemini ifrat və biganəlik baxımından öyrənərkən
Aristotelin “qızıl orta” qaydasına istinad etmişdir6.
Digər filosof Əbubəkr ər-Razinin əxlaqa dair görüşləri maraq doğurur. O, iddia
etmişdir ki, mənəvi xəstəliklərdən müalicə kamillik doğurur və bunun yolu zəka
və fəlsəfədən keçir. Təbii ki, bu iddia ilk dəfə Razi tərəfindən səsləndirilməmişdir.
Platonun “Gorgi” dialoqunda göstərilir ki, pis (şər) sağlam davranış olmayıb, mənəvi
1 Yenə orada, səh. 123.
2 Xalid əs-Səmədi. Tərbiyə sistemində islam dəyərləri: islam dəyərlərinin və möhkəmləndirilməsi mexanizminin
öyrənilməsi. Ribat, 2008, səh. 15.
3 Bax: Müfit Selim Saruhan. İslam Düşüncesinde Ahlak İlmi // “Eskiyeni”, say 28, 2014, səh. 64.
4 Yenə orada.
5 Mustafa Çağırıcı. İslam Düşüncesinde Ahlak. İstanbul: “Dem Yayınları”, 2006, səh. 125-126.
6 Yenə orada, səh. 131.
34
(ruhi) xəstəlikdir və fəlsəfə ilə müalicə edilməlidir1. Ümumiyyətlə, Razinin əxlaqa
dair görüşlərinə Platon etikasının təsiri böyükdür.
“İkinci müəllim” ləqəbi ilə məşhur olan Əbunəsr əl-Farabi də əxlaqı əməli
elmlər kateqoriyasında təsnif etmişdir. Onun əxlaqa dair görüşlərinə rasionalizm
xasdır. O deyirdi ki, əxlaq baxımından kamilləşmək üçün əqli mümarisələr tələb
olunur.
Farabi özünün əxlaqa dair görüşlərində yunan peripatetizmi və yeniplatonçuluq
təlimindən təsirlənmişdir. Belə ki Aristotel kimi o da göstərmişdir ki, xoşbəxt
olmağın birinci şərti rasional fəaliyyət, yəni düşünməkdir. Farabi xoşbəxtliyin ikinci
şərti kimi zahidanə həyatın, Aktiv Ağılla əlaqə və Allaha oxşamanın zəruriliyini
iddia edirdi. Bu yerdə ona Platon və Plotinin təsiri aşkar görünür2.
İbn Sinaya gəlincə, əxlaqa dair əsas fikirlərini “Əxlaq elmi”, “Şəfa”, “Nicat”
və “İşarələr” kitablarında, “Dünya və axirət”, “Fəlsəfənin mənbələri”, “Ərşiyyə”
traktatlarında toplamışdır. Bu əsərlərdə insanın mahiyyəti, xeyir və şər, xoşbəxtlik
mövzuları işlənmişdir.
İbn Sina fəlsəfəni üç qola ayırmış, bu qollardan birini “əxlaq fəlsəfəsi” (əl-
hikmət əl-xülqiyyə) adlandırmışdır. O, fəlsəfənin bu qoluna belə bir tərif vermişdi:
İnsan ruhunun bəzənməli olduğu müsbət məziyyətləri (fəzail) və təmizlənməsi tələb
olunan mənfi xüsusiyyətləri (rəzail) təmin edən təlim.
İbn Sina əxlaqın mənbəyi kimi dini göstərmişdir3.
Müsəlman dünyasında əxlaq mövzusunda yazılmış şah əsər – “Əxlaqı
tərbiyə” əsərinin müəllifi İbn Miskəveyh əxlaqla əlaqəli bəzi tərif və təsniflərdə
yunan filosoflarından təsirlənsə də4, həmin filosofların ideyalarını islama müvafiq
şəkildə iqtibas gətirmiş və izah etmişdir. Məhz bu səbəbdən onun əxlaqla əlaqəli
görüşləri Müsəlman dünyasında rəğbətlə qarşılanmışdır5.
İbn Miskəveyh dəyərlər problemini şəxsiyyəti əmələ gətirən müsbət keyfiyyət
və məziyyətlər kontekstində öyrənmişdir. O göstərirdi ki, nəfsin tərbiyə edilməsi
nəticəsində xüsusi mənəvi vəziyyət yaranır; bu mənəvi vəziyyət nəticəsində iradi
1 Yenə orada, səh. 133-134.
2 Yenə orada, səh. 173.
3 Yenə orada, səh. 201-202.
4 Ətraflı məlumat üçün bax: İbn Miskeveyh. Tehzibu`l-Ahlak / çevirenler: A. Şener, C. Tunç. İstanbul, 2013, səh. 34-
49; 215-242.
5 Mehmet Aydın. Ahlak (İslam Felsefesi) // İslam Ansiklopedisi: 44 cilddə, II cild, İstanbul, 1989, səh. 11.
35
olaraq, bişüur formada hərəkət və davranışlar meydana çıxır, xasiyyətin əsası, fitrət
təzahür edir, sonradan qazanılan keyfiyyətlər hasilə gəlir. Bir sözlə, İbn Miskəveyhin
yaradıcılığında dəyərlər problemi tərifəlayiq və pislənən əməllər, yaxud xeyir və şər
hərəkətlər (fəzail və rəzail) daxilində öyrənilir. O, müsbət keyfiyyətləri dörd yerə
bölürdü: müdriklik, ədalət, cəsarət və iffət. Pis əməllər isə müsbət keyfiyyətlərin
əksi olaraq nəzərdən keçirilir1. Əslində bu təsnif qədim yunan əxlaq fikrindən
əxz edilmişdir. Məsələn, Platonun əxlaq fəlsəfəsində bütün müsbət məziyyətlərin
mənbəyi olaraq dörd başlıca keyfiyyətdən danışılır: müdriklik, ədalət, cəsarət və
iffət. Bu təsnifat, ümumiyyətlə Orta əsr, xüsusən müsəlman fəlsəfəsinə dərin təsir
göstərmişdir.
Dəyərlər mövzusu böyük islam filosofu İbn Rüşdün də yaradıcılığında
öyrənilmişdir. O, xeyir mövzusunu tədqiq etmiş, onu ayrıca dəyər kateqoriyası
daxilində nəzərdən keçirmişdir. İbn Rüşd problemi bu cür qoyurdu: Dəyərlər
obyektiv, yoxsa subyektivdir? Onun fikrincə, dəyərlər obyektiv olaraq mövcuddur.
Yəni, şeylərin təbiəti – dəyəri insan düşüncəsindən asılı olmayaraq mövcuddur.
Təbii ki, dəyərlərin obyektiv təbiəti haqqında olan görüşlərində İbn Rüşd Yunan
fəlsəfəsindən təsirlənmişdi. Çünki Platon və Aristotel təzahürlə mahiyyəti, forma və
məzmunu, substansiya və aksidensiyanı bir-birindən fərqləndirirdilər. Bu nöqteyi-
nəzərə görə, fərdlərin, hətta çoxluğun hər hansı bir mövzunun müsbət, yaxud
qərəzsiz olduğunu iddia etməsi həmin şeyin müsbət, yaxud qərəzsiz olmağını təmin
etmir2.
İbn Rüşd göstərirdi ki, tərifəlayiq keyfiyyətlər (fəzilət) nəzəri və əxlaqi
olmaqla iki qrupa bölünür. Nəzəri keyfiyyətlər elmi-təcrübi, rasional biliklərdir,
insanlar bu biliklərdəki qayda-qanun və meyarlara tabe olmalıdırlar. Əxlaqi müsbət
keyfiyyətləri isə şəriət hökmlərində ifadə edilmişdir və insanlardan tələb olunur
ki, şəriət hökmlərində göstərilmiş əmr və qadağalara riayət etsinlər. İbn Rüşd bəzi
görüşlərində ondan əvvəl yaşamış filosoflardan fərqlənir. Məsələn, o, iddia edirdi
ki, əxlaqi müsbət keyfiyyətlər anadangəlmə deyildir, sonradan qazanılandır. Eyni
hala nəzəri keyfiyyətlərdə də rast gəlinir: bu keyfiyyətlər öyrənmə yolu ilə qazanılır,
kəsb olunur. Əxlaqi davranışlar şüurlu formada meydana çıxır və fərd düşünməklə,
rasional qaydada əxlaqlı hərəkət edir.
1 Əhməd ibn Məhəmməd ibn Miskəveyh. Təhzib əl-əxlaq. Beyrut, 2011, səh. 243.
2 G.F. Hourani. İbn Rüşd’ün İyi ve Kötü Üzerine Görüşleri. Journal of Islamic Research 2015;26(3), səh. 108.
36
İbn Rüşd bildirirdi ki, iradi bacarıq və qabiliyyətlərin formalaşması və
möhkəmlənməsində əxlaq tərbiyəsinin əhəmiyyəti böyükdür. Nəticədə belə
bacarıqlar insanda dərrakə və vərdişlərin sayəsində kamilləşir1.
Əgər biz Orta əsr müsəlman fəlsəfəsində əxlaqın hansı aspektdə öyrənildiyini
təsvir etmək istəsək, gəlinən nəticələr aşağıdakı kimi olacaqdır:
Əxlaq din və siyasət, eləcə də psixologiya ilə vəhdətdə götürülmüşdür.
Müsəlman filosofları inanırdılar ki, “əxlaq nədir” sualından əvvəl “insan nədir”
sualına cavab tapmaq lazımdır. Onlar əxlaq kontekstində can (nəfs) və formalarını
(törəyən, qidalanan, böyüyən can – bitki təbiətli (nəbati) can; ayrı-ayrı məfhumları
dərk edib öz iradəsi ilə hərəkət edən can – heyvan təbiətli (heyvani) can; ümumi
anlayışları, mücərrəd (abstrakt) məfhumları qavrayan, əqli aktları icra edən, ağıla
sahib can – düşünən (insani) can)2, fəzilət və formalarını (müdriklik, ədalət, cəsarət
və iffət), xoşbəxtlik, həzz və formaları (cismani və rasional – əqli), iradə azadlığı
mövzularını tədqiqat obyekti seçmiş, problemləri əsasən qədim yunan əxlaq fəlsəfəsi
əsasında, həm də müəyyən qədər islam məzmunu kəsb etdirməklə izah etmişdilər3.
Bütün bu ana mövzularla yanaşı, islam əxlaq fəlsəfəsində, həm də digər
mövzular: eşq, dostluq, ölüm qorxusunu dəf və digər məsələlər öyrənilmişdi. Bu
mövzularda da müsəlman filosofları islamın təlimlərini yunan fəlsəfəsi təlimlərinə
müncər etmişdilər. Onların, xüsusən ev təsərrüfatı, ailə əxlaqı (tədbiri-mənazil) ilə
əlaqəli görüşləri bütövlükdə islama müvafiqdir. Həmçinin onların iman qardaşlığı,
bəşəri sevginin ilahi sevgi ilə şərtlənməsi, ölüm qorxusunun axirət inancı ilə dəf
edilməsi, əxlaqi xüsusiyyətlər və mənəvi kamilliyin maddi dəyərlərdən üstün
tutulması kimi müddəalarında da islam mövqeyi qabarıq görünür4.
1 Məhəmməd Əhməd Ənis. Əxlaq tərbiyəsi. Qahirə: “Dar əl-incilu əl-misriyyə”, 1994, səh. 46.
2 Elvüsal Məmmədov. İzahlı islam fəlsəfəsi terminləri lüğəti (nəşr edilməyib).
3 Bax: Mehmet Aydın. Ahlak (İslam Felsefesi) // İslam Ansiklopedisi: 44 cilddə, II cild, İstanbul, 1989, səh. 12-13.
4 Yenə orada, səh. 13.
37
İslama görə mənəvi dəyərlərin səciyyəvi
xüsusiyyətləri
Müsəlman müəllifləri qeyd edirlər ki, islam dəyərlərini digər dəyərlərdən
fərqləndirən səciyyəvi xüsusiyyətlər mövcuddur. Onlar bu xüsusiyyətləri aşağıdakı
kimi göstərirlər:
İlahimənşəlilik. Dəyərlər öz başlanğıcını ilahi mənbədən götürür, Allah
tərəfindən təsis edilmişdir, əsas məzmunu etibarı ilə Quran və hədislərdə mövcuddur1.
İlahimənşəli olmağı baxımından dəyərlər bir sıra cəhətləri ilə seçilir. İslam təlimləri
məzmunu, prinsipləri baxımından ədalətli olub, qərəz, zülm və çatışmazlıqdan
uzaqdır, odur ki ona aid dəyərlər sisteminə də ədalətlilik xasdır.
Həmçinin islam dəyərləri müqəddəslik xüsusiyyətinə sahibdir, çünki
müqəddəslik iman institutuna əsaslanır; iman güclənib artdıqca fərdlərin əxlaqı da
yaxşılaşır, dəyərlərə bağlılığı möhkəmlənir. Yaxud bu və ya digər fərdin dininin
dəyərləri ilə iç-içə olmağı ondakı möminliyi göstərir, deməli, dəyərlər və iman bir-
birini şərtləndirən tərəflər kimi çıxış edir.
İslam təlimlərinin sayəsində dəyərlər həmişəyaşarlıq, aşkarlıq xassəsi kəsb
edir, çünki islam əsasları baxımından ilahi qüvvə tərəfindən qorunub mühafizə
edilmişdir.
İlahimənşəlilik baxımından dəyərlər islamda, həm də dünya və axirət mükafatı
ilə əlaqəlidir2.
Hərtərəflilik. Bu xüsusiyyətə görə dəyərlər hərtərəfli və tam məzmunu olan
anlayışlar kimi nəzərdən keçirilir. Bu o deməkdir ki, islam dəyərlərində insanın
yaşadığı dünya və komponentləri, cəmiyyət, islam nöqteyi-nəzərinə görə insanın
qarşısına qoyulan məqsədlər nəzərə alınır. Hərtərəflilik, həm də o deməkdir ki, islam
dəyərlər sistemi insanın bütün fəaliyyət sahələrini, maraqlarını ehtiva edir3.
“Müsəlman pedaqoji fikrində dəyərlərə bütöv baxış hakimdir. Belə yanaşma
digər cəmiyyətlərdə mövcud olan yanaşma formalarından fərqlənir. Bütöv müsəlman
1 Mane ibn Məhəmməd əl-Mane. İslam və Qərbə görə dəyərlər: müqayisəli tədqiqat. Ər-Riyad: “Dar əl-fəzilət”
nəşriyyatı, 2005, səh. 152.
2 Yenə orada, səh. 158.
3 Yenə orada, səh. 156.
38
nöqteyi-nəzəri digər nöqteyi-nəzərlərin söykəndiyi dualizmi, təcridedici, natamam
münasibəti inkar edir. O, bununla mənəvi və fiziki komponentlərdən çıxış edərək
insan yetişdirmək istəyir”1.
Ümumilik və bəşərilik. İslam dəyərləri üçün ümumilik və davamedicilik
səciyyəvidir. Müsəlman müəlliflər qeyd edirlər ki, bu dəyərlər hər bir dövrə,
cəmiyyətə, coğrafiyaya uyğundur. Bu iddianın isbatlanması üçün Quranın “Furqan”
surəsinin 1-ci ayəsinə istinad edilir. Həmin ayədə göstərilir ki, Quran bütün
bəşəriyyətə xəbərdaredici olsun deyə göndərilmişdir.
İslam dəyərləri ayrı-ayrı şəxslərlə məhdudlaşmır, təkcə idealist insanların
işinə yaramır; bu dəyərlər hər kəs üçün əlçatandır, asan və münasibdir. Odur ki bu
dəyərlər xəlqi olub, istəyi olan hər kəsin mənimsəyə biləcəyi məzmundadır.
İslam təlimlərinin cahanşümulluğundan çıxış edən müsəlman nöqteyi-
nəzərində o da göstərilir ki, Peyğəmbər əxlaq dəyərlərini tamamlamaq
üçün göndərilmişdir. Tamamlamaq, başa çatdırmaq o deməkdir ki, islam
müxtəlif xalqların humanizm və təmiz vicdanla səsləşən mənəvi dəyərlərini
təsdiqləyir2.
İnsan təbiətinə uyğunluq. İslam dəyərlər sahəsində insan təbiəti ilə səsləşən,
ona müvafiq düşən təlimlər təqdim edir. Bu dəyərlər insan təbiətinə əks olmayıb
onu tamamlayır. İslam insanı mövcud bioloji xüsusiyyətləri, instinkt və psixoloji
meylləri, anadangəlmə istəkləri ilə birlikdə – olduğu kimi qəbul edir. Bu nöqteyi-
nəzər onunla əsaslandırılır ki, islam insan təbiətinə uyğun olduğundan onun təqdim
etdiyi dəyərlər də bu qaydadan kənarda qalmır3.
“Qurana görə, əxlaq dəyərləri iki şərtə cavab verməlidir: birincisi, bu
dəyərlərin məqsəd güddüyü fəaliyyət insan təbiətinə müvafiq olmalıdır...”4.
Pozitivlik. İslamda fərddən təkcə yaxşı insan olmaq tələb olunmur; həm də
o tələb olunur ki, başqa insanlara da yaxşı keyfiyyətlər aşılasın, özündəki müsbət,
pozitiv məziyyətləri ətrafındakılara “yoluxdursun”.
Dəyərlərdəki pozitivlik xüsusiyyəti islamın pozitivliyindən irəli gələn haldır.
Çünki islam pozitiv və təsiredici məzmuna sahibdir, qapalılıq və neqativlik ona xas
1 Lütfi Bərəkat Əhməd. İslam tərbiyə fikri haqqında. Ər-Riyad: “Dar əl-mirrix”, 1982, səh. 31-32.
2 Xalid əs-Səmədi. Tədris metodikasında islam dəyərləri. Mərakeş (çap ili göstərilməyib), səh. 16. http://cmere.ma/
wp-content/uploads/2015/05/alkiam.pdf
3 Mane ibn Məhəmməd əl-Mane. İslam və Qərbə görə dəyərlər: müqayisəli tədqiqat. Ər-Riyad: “Dar əl-fəzilət”
nəşriyyatı, 2005, səh. 159.
4 Məhəmməd Draz. Quranda əxlaq təlimi. Beyrut, 1982, səh. 87.
39
deyildir, cəmiyyətdən özünütəcrid halına “yox” deyir, cəmiyyətlə iç-içə olmağa,
orada dəyişiklik və islahatlar aparmağa çağırır1.
Dəyişməzlik və dinamikliyin vəhdəti. Elə ali dəyərlər (etiqad, ibadət,
əxlaq...) vardır ki, dəyişməzdir, subyektiv redaktənin obyekti deyildir. Belə dəyərlər
istinadı mötəbər, məzmunu konkret dini arqumentlərdə öz əksini tapmışdır. Nisbi
dəyərlər isə təxmin ifadə edən dini arqumentlərlə göstərilir və onların əvəzlənməsi,
dəyişdirilməsi mümkündür. Belə dəyərlər fərdi və sosial həyatda baş verən
dəyişikliklər qarşısında dinamik təbiəti ilə seçilir.
Müsəlman əxlaq ədəbiyyatında qeyd olunur ki, bir sıra islam dəyərlərinin
dəyişməz “qəliblər”i yoxdur, məzmun dəyişməz qalsa da, müxtəlif formalarda ifadə,
təbliğ və tətbiq edilməsi mümkündür. Məsələn, məşvərət islama görə dəyərdir, dini
mətnlərdə müəyyən addımı atmazdan, qərar qəbul etməzdən əvvəl məsləhətləşmək
tövsiyə olunur. Amma necəliyi, fərdi, yoxsa təşkilati formada icra edilməsi, vasitələri
haqqında danışılmır. Eyni şeyi əmanətlərin qorunması, ictimai həmrəylik haqqında
da demək olar2.
Müvazinətlilik. İslam dəyərləri müxtəliflikləri nəzərə alır, bir-birinin əksi
olan mahiyyətlərə balanslaşdırılmış münasibət bəsləyir. Məsələn, bu dəyərlərin
təbiəti imkan verir ki, bədən və ruh, dünya və axirət, zəka və iman, hüquq və
vəzifə, reallıq və ideal arasında balans yaradılsın. Müvazinətlilik xassəsi zəruri edir
ki, dəyərlər prizmasından dünya və axirət vəhdətdə götürülsün. Balanslaşdırılmış
münasibət nəticəsində fərdiyyətçilik və kollektivçiliyin uğurlu harmoniyası təmin
edilir, fərdin azadlığı ilə kollektivin maraqları üst-üstə düşür, hüquq və vəzifələr
uyğun şəkildə bölüşdürülür3.
Realistlik. İslam dəyərləri təxəyyülün məhsulu olmayıb, obyektiv reallığın
xaricindəki ideal-utopiya, yaxud illüziya deyildir. Bu dəyərlər islam təlimlərinin
real təbiətini əks etdirir, insan fitrətini, mövcud vəziyyətini nəzərə alır.
“Qurana görə, əxlaq dəyərləri iki şərtə cavab verməlidir: birincisi, bu dəyərlərin
məqsəd güddüyü fəaliyyət insan təbiətinə müvafiq olmalıdır. İkincisi, bu fəaliyyət
real həyatla həmahənglik əmələ gətirməli, yəni reallaşmağa qabil olmalıdır”4.
1 Yenə orada.
2 Xalid əs-Səmədi. Tədris metodikasında islam dəyərləri. Mərakeş (çap ili göstərilməyib), səh. 17.
3 Mane ibn Məhəmməd əl-Mane. İslam və Qərbə görə dəyərlər: müqayisəli tədqiqat. Ər-Riyad: “Dar əl-fəzilət”
nəşriyyatı, 2005, səh. 164.
4 Məhəmməd Draz. Quranda əxlaq təlimi. Beyrut, 1982, səh. 87.
40
Dəyərlərin gücü onların reallığa uyğunluğundan asılıdır. Dəyərlər nəzəri-
utopik olmamalı, mövcud şəraiti əks etdirməli, problemləri həll etməli, tələblərə
cavab verməlidir.
Məlumdur ki, ayə və hədislər ayrı-ayrı hadisələrə, müəyyən vəziyyətlərə
münasibət bildirib, mövcud problemlərin həllini məqsəd güddüyü üçün realist
məzmuna sahibdir, deməli, ayə və hədislərə söykənən dəyərlər də eyni xarakteri
daşımaqla reallığa müvafiqliyi ilə seçilir. Farabinin “ideal şəhər”i və Tomas
Morun “utopiya adası”ndan fərqli olaraq, islam dəyərlərində mövcud konyunktura
nəzərə alınır, xəyallar aləmində itib-batma, reallığı sərf-nəzər hallarına rast
gəlinmir. Məsələn, ədalət islamda əsas dəyər hesab olunsa da, həyata keçirilməsi
imkan daxilində baş verir, mövcud vəziyyətə uyğun şəkildə tətbiq olunur. Həzrət
Peyğəmbər (s) iki nəfər arasında hökm verərkən onları dürüst olmağa çağırmış və
xəbərdar etmişdir ki, haqsız olduğu halda özünü yaxşı müdafiə edən şəxsin lehinə
hökmün çıxarıla bilər, amma həmin şəxs yalanına görə axirətdə cəzalandırılacaqdır.
İslam tarixində bir sıra ali dəyərlərin mövcud vəziyyətdə tədricən tətbiq
olunmağı təcrübəsi də dəyərlərin realistlik xassəsinin göstəricisidir.
Davamedicilik. İslam dəyərləri Peyğəmbərin dövründə öz təsdiqini tapan,
sonralar isə nəsillərin fəxr etdiyi tarixə çevrilən anlayışlar deyildir. Bu dəyərlər
həmişəyaşardır, davamedici xassəyə malikdir; çəkilən zəhmətə, istifadə edilən
vasitələrə uyğun olaraq, “arealı”nın genişləndirilməsi mümkündür.
“Dəyərlərin əsas xüsusiyyətlərindən biri də onların davamediciliyidir.
Məsələn, düzgünlüyü götürək. Dəfələrlə düzgünlük edən kimsə hədislərin birində
davranış sarıdan üstün şəxs kimi təsvir olunmur; əksinə, düşüncə və davranışların
ayrılmaz hissəsinə, kimliyinin ünvanına çevriləcək qədər təkrar baş verən hərəkət
dəyər, yaxud üstün keyfiyyət – fəzilət kimi təqdim olunur”1.
Müxtəlif davranış formaları və normalarına təsirini, bəşər tarixində hansı
dəyişiklikləri yaratdığını tarixi aspektdə öyrənmək islam dəyərlərinin həmişəyaşarlığı
və funksionallığını isbat edəcəkdir.
1 Əhməd Mehdi Əbdülhəlim. Təhsil sistemlərində yox olmuş vacib dəyərlərin öyrədilməsi // “Müasir
müsəlman” jurnalı, № 65-66, 1992: https://almuslimalmuaser.org/1992/08/01/%d8%aa%d8%b9%d9%84%d
9%8a%d9%85-%d8%a7%d9%84%d9%82%d9%8a%d9%85-%d9%81%d8%b1%d9%8a%d8%b6%d8%a9-
%d8%ba%d8%a7%d8%a6%d8%a8%d8%a9-%d9%81%d9%8a-%d9%86%d8%b8%d9%85-%d8%a7%d9%84%d8%a
a%d8%b9%d9%84%d9%8a%d9%85/%d8%a3%d8%a8%d8%ad%d8%a7%d8%ab/
41
Azadlıq məfhumu və dəyərlər
Azadlıq fərdin öz qərarlarını özü verməsi, buna müvafiq addımlar atması və
qarşısına qoyduğu məqsədinə çatmasıdır. Məqbul sərbəstlik o halda təzahür edir ki,
biz öz davranışlarımızla başqalarına təsir göstərmirik.
Mütləq azadlıq deyilən şey mövcud deyildir və buna edilən çağırışlar
konstruktiv deyil, destruktiv nəticələr doğura bilər. Fərdin istədiyi hər şeyi etməsi
azadlıq sayılmadığı kimi, həyatın müxtəlif sahələrində mövcud qaydalara uyğun
hərəkət etməsi də köləlik, yaxud asılılıq hesab oluna bilməz. Müəyyən qaydalara
tabe olmaq nəyin ki zəruri, həm də məcburidir. Kainatda hər şey müəyyən qanun
və qanunauyğunluqlar çərçivəsində fəaliyyət göstərir. İnsan bundan istisna deyildir.
Təbii, ictimai, mənəvi-əxlaqi çərçivə və normaları inkar etməyi real həqiqətlə
hesablaşmamaq kimi qəbul etmək mümkündür. Əgər belədirsə, onda riayət etməli
olduğumuz qaydalardan kənara çıxmaq haqqımız vardırmı?
Biz şəxsiyyətin inkişafında mühüm rol oynayan amillərdən birini – azadlığı
inkar etmirik. Azad olmayan insanlarda yaradıcılıq təşəbbüsü və həvəsinə çox vaxt
rast gəlinmir. İslam dinində də fərdlərin azadlığı mövzusuna xüsusi əhəmiyyət
verilib. Azadlığa dair islam nöqteyi-nəzəri belə səslənir: Madam ki insan Allahın
yer üzündəki varisidir, elə isə kiminsə köləsi olmamalı, özünü alçaltmamalıdır. Bu
səbəbdən köləliyin bütün formaları (siyasi, sosial, iqtisadi...) islam təlimləri ilə
ziddiyyət əmələ gətirir. Heç kəsin, hətta dövlətin hüququ çatmır ki, azadlığı müsadirə
edib insanları kölə vəziyyətinə salsın. Hələ on dörd əsr bundan əvvəl ədalətli xəlifə
Ömər ibn əl-Xəttab rəiyyətdən bir kişini əsassız yerə qamçılamış valisinə aşağıdakı
məşhur sözləri söyləmişdi: “Anaları azad doğduqları halda insanları nə haqla kölə
etmişsiniz?!”1
İslam nöqteyi-nəzərində o da göstərilir ki, insanların Allah tərəfindən yer
üzünün varisi təyin edilmələri onların, Sartrın ekzistensialist görüşlərində deyildiyi
kimi, mütləq formada azad olmaları mənasına gəlmir. Çünki islamda azadlıq əxlaq
dəyərləri ilə tənzimlənir, odur ki mütləq deyil, məhduddur. İslamda mütləq azadlıq
bütün bəşəriyyətin xoşbəxtliyini təmin məqsədilə qeyri-məqbul hesab olunur.
İnsana istədiyi kimi hərəkət etmək iradəsi verilmişdir, yəni o, azad
1 Əli Təntavi, Naci Təntavi. Ömərə dair xəbərlər. Dəməşq: “Dar əl-fikr” nəşriyyatı, 1959, səh. 268.
42
yaradılmışdır.Amma ona yüklənmiş məsuliyyət bu azadlığın konturlarını onun lehinə
cızır, intəhasız sərbəstliyin doğura biləcəyi fəsadlardan onu qoruyur. Mütləq azadlıq
istəyini tənzimləmək məqsədi ilə insana Allah tərəfindən üç “nemət” verilmişdir:
vicdan (insanın həqiqi təbiətini – fitrəti əks etdirir), səmavi yolgöstərənlik (ilahi
təlimlər, kitablar, peyğəmbərlər) və ağıl1.
Bəzi müəlliflər azadlığın iki formasından söz açırlar: daxili və xarici azadıq.
Daxili azadlıq təbii olub, hisslər və düşüncədə sərbəstliyi ifadə edir. Yəni, bir insan
hər hansı məsələdə sərbəst düşünə, bəzi şeylərdən xoşlanıb, digər şeylərə nifrət edə
bilər. Lakin hiss və düşüncəni ifadə etmək xarici azadlıqla əlaqəli olub, müəyyən
qaydalarla tənzimlənir, deməli, azadlığın bu forması sosial səciyyə daşıyır2. Bu ona
görədir ki, düşüncə və hisslərimizi ifadə etdiyimiz vaxt başqaları ilə təmas yaranır,
təsir dairələri kəsişir, inteqrasiya müstəviləri meydana çıxır.
Azadlıq və itaət dilemmasına gəlincə, ümumi qaydalara əməl etmək
insanlar üçün icbaridir. Bütün cəmiyyətlərdə azadlığı məhdudlaşdıran davranış
qaydaları mövcuddur. Məsələn, işıqforun qırmızı işığı fərdin hərəkətini (azadlığını)
məhdudlaşdırır. Amma heç kəs buna etiraz etmir, çünki bilirlər ki, bu, hamının
mənafeyi üçündür; yol hərəkəti qaydaları insan həyatını qorumaq, bununla da, onun
xoşbəxtliyini təmin etmək məqsədi daşıyır3.
Madam ki mütləq azadlıq deyilən şey mövcud deyildir, onda azadlığın
sərhədini nə müəyyən edir? Fikrimizcə, bu, şəxsi məsuliyyət hissidir. Əgər bir insan
seçim və hərəkətlərinə görə məsuliyyət hiss etmirsə, onda bu, azadlıq olmayıb,
özbaşınalıqdır.
Bir insan etdiyi seçimlərin doğurduğu nəticələrə görə cavabdehlik daşımalı
olduğunun fərqinə varmalıdır. Misal üçün evliliyi götürək. Öz istəyi ilə ailə həyatı
quran şəxs subay ikən sahib olduğu “azadlıq”da ailə üzvlərinin xeyrinə güzəştə
getməlidir. Ümumiyyətlə, evlilikdə iki adam iştirak edir. Bu da öz növbəsində
ictimai mənafenin yaranmasını zəruri edir. Əgər ictimai mənafe mövcuddursa, onda
kollektiv qarşısında öhdəlik və borc yaranır4.
Eyni şeyi bu və ya digər inancı, yaxud dini seçmək haqqında da demək
1 Bu üç “nemət” haqqında ətraflı məlumat üçün bax: M. Ö. Şabra. İnkişafın islam modeli (“məqasid” konsepsiyası
əsasında) / tərcümə edən: Elvüsal Məmmədov. Bakı, 2013, səh. 36-37.
2 Nevzat Tarhan. Değerler Psikolojisi ve insan – Güzel İnsan Modeli. İstanbul: “Timaş Yayınları”, 2016, səh. 236.
3 Bax: M. Ö. Şabra. İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında) / tərcümə edən: Elvüsal Məmmədov.
Bakı, 2013, səh. 67.
4 Ə. Əlizadə, A. Abbasov. Ailə (dərslik). Bakı: “Maarif”, 1989, səh. 80.
43
mümkündür. Bəli, dində, inancda məhdudlaşdırmalar, çərçivələr, paradiqmalar
mövcuddur. Sual yaranır: İnanc insanın azadlığını məhdudlaşdırmır ki? Məsələ heç
də bizim təsəvvür etdiyimiz kimi deyildir. Belə ki insanlar azadlıqlarını qoruyub
saxlamaq hüququna sahibdirlər. İstəsələr, inancın məhdudlaşdırmalarını qəbul edər,
istəməsələr etməzlər1.
İnsanlar inanc deyilən şeyi qəbul etməyə bilərlər. Bu ki seçim məsələsidir.
Lakin onlar bir inancı seçdikdə, seçməsələr də inanclı şəxslərə münasibətdə öhdəlik
və məsuliyyət daşıyırlar. Bu da onu göstərir ki, yer üzündə mütləq azadlıq deyilən
şey yoxdur.
Mənəvi dəyərlərin tənzimlədiyi azadlıq məfhumuna süni şəkildə mütləq
məzmun kəsb etdirildikdə “qarışmama” (Laissez-faire) və “aksioloji bitərəflik”
(Value Neutrality) ideyaları özünü göstərir2, ətrafda baş verənlərə biganə qalan insan
tipi – “komplekssiz” insanlar meydana çıxır. Təbii ki, fərdlər azad olmalıdır, amma
cəmiyyətin xoşbəxtliyi də zəruridir və buna etinasız yanaşmaq olmaz. Bu üzdən
fərdlərə yekdilliklə təsdiqlənmiş bəzi məhdudlaşdırmalar tətbiq etmək lazımdır ki,
başqalarının hüquqlarını tapdalamasınlar, ümumi rifaha xələl gətirməsinlər. Belə
məhdudlaşdırmaları mənəvi dəyərlər müəyyən və təyin edə bilər. Sual yaranır: Hər
kəsin qeydsiz-şərtsiz qəbul edəcəyi dəyərlər kim və ya hansı qurum tərəfindən təsis
edilməlidir? Müasir müəlliflərdən Ömər Şabranın fikirləri maraq doğurur:
“Görəsən, bəzi dünyəvi-modernist filosof və siyasətşünasların təklif
etdikləri “ictimai müqavilə” (Social Contract) konsepsiyası bu cür dəyərlərin
müəyyənləşdirilməsində rol oynaya bilərmi? Cavabımız müsbətdir, amma bir şərtlə;
o şərtlə ki, ictimai müqavilənin necəliyi ilə əlaqəli müzakirələrin iştirakçıları sosial,
iqtisadi və düşüncə cəhətdən eyni olsunlar. Bu eyniyyət imkan verəcəkdir ki, tələb
olunan qaydaların hazırlanmasında hamı bərabər şəkildə iştirak etsin. Təbii ki, belə
eyniyyət qeyri-mümkündür, odur ki varlılar və güclülər qərarlara təsir edəcəklər.
Nəticədə onların maraqlarına gizlicə xidmət edən qaydalar qoyulacaqdır. Bununla da,
həmin qaydaların hamı tərəfindən qəbulu baş tutmayacaqdır. Bu səbəbdən zəruridir
ki, sözügedən vəzifə (iş) həm biliyi, professionallığı və bitərəfliyi ilə seçilən, həm
hər kəsin zəif və güclü cəhətlərini bilən, onlara münasibətdə ədalətli olan, həm
də ayrı-seçkilik etmədən bütün bəşəriyyətin xoşbəxtliyini arzulayan kəsə həvalə
1 M. Ö. Şabra. İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında) / tərcümə edən: Elvüsal Məmmədov. Bakı,
2013, səh. 67
2 Yenə orada, səh. 25-26.
44
edilsin. Həmçinin, şərtdir ki, həmin kəs mövcud qaydaların nə dərəcədə səmərəli
olub-olmadığına yaxşı bələd olsun, hazırlanacaq normaların uzunmüddətli təsiri və
nəticələrini tam dəqiqliyi ilə nəzərə alsın. Belə bir funksiyanı, təbii ki, ancaq Allah
yerinə yetirə bilər! Çünki bu kainatı və insanları O yaradıb və O, hər şeyi bilir!
Allah bu vəzifəni icra etmişdir. İslam dünyagörüşünə görə, Allah bütün
insanlara müxtəlif dövrlərdə peyğəmbərlər, o cümlədən, Həzrəti İbrahim, Musa, İsa
və Məhəmməd vasitəsilə doğru yola çağıran təlimlər göndərmişdir. Bu üzdən bütün
səmavi dinlərin dünyaya baxışında, əxlaq sistemində oxşarlıq vardır; əsrlər boyu
bir din əvvəlki dini tamamlamış və təkmilləşdirmişdir. İnsandan tələb olunur ki,
onu yaratmış Allah tərəfindən göndərilən bu dəyərlərə səmimiyyətlə riayət etsin. Bu
müvəqqəti dünyada ona tapşırılmış vəzifə də elə budur...
Şadvikin dediyi kimi, sosial əxlaqa riayət “...müzakirəyə bağlı və hamı
tərəfindən qəbul edilmiş aksiomatik meyarlara əsaslanmalıdır... Bəşər tarixi boyu
ictimai əxlaqa riayət dindən ayrı olmamışdır. Bəzi istisnalar olsa da, bu, kiçik
cəmiyyətlər üçün xarakterikdir”.
Bernard Uilyams haqlı olaraq demişdi: “Əxlaq iltizamı filosofların kəşfi
deyildir”1.
Təəssüf ki, yalançı azadlıq təmayülü dəyərlər və cəmiyyətdə özünə yer etmiş
müsbət adət-ənənələri yox sayır, həyatı mənalı və sistemli hala gətirən çərçivələri
buxov kimi təqdim etməklə yeni yaşayış tərzi formalaşdırır. Belə azadlıqda
məsuliyyət, dəyərlərlə hesablaşma gözə dəymir. Media vasitəsi ilə, xüsusən gənc
nəslə təlqin edilən bu azadlıq, əslində xüsusi davranış qəliblərində ifadə olunmuşdur.
Maraqlı burasıdır ki, bu qəliblərə köklənən, media vasitəsi ilə təlqin olunan yaşayış
tərzini mənimsəyən insanlar özlərini azad hesab edirlər. “Modernizmin texnoloji,
alış-veriş, yaxud seks aludəçiliyi formasında həyatımıza daxil etdiyi yaşayış tərzinə
özünü təslim etmiş şəxsin azad şəxs olduğunu demək hələ tezdir. Modernizm azadlığı
məcburən deyil, könüllü surətdə, hətta insanların ruhunu incitmədən məhdudlaşdırır.
Modern həyat insana istədiyini etmək azadlığı versə də, bu azadlığın ona vurduğu
zərərə biganə yanaşır”2.
Modernizmin azad insanına kənardan nəzər salsaq, ilk baxışdan onun sərbəst,
azad həyat sürdüyünü görəcəyik. Əslində isə bu azadlıq nəzarət, məsuliyyət və
1 M. Ö. Şabra. İnkişafın islam modeli (“məqasid” konsepsiyası əsasında) / tərcümə edən: Elvüsal Məmmədov. Bakı,
2013, səh. 60-61.
2 Nevzat Tarhan. Değerler Psikolojisi ve insan – Güzel İnsan Modeli. İstanbul: “Timaş Yayınları”, 2016, səh. 240.
45
iltizamın olmadığı həyat tərzidir. Həqiqi azadlıq odur ki, biz həm özümüzün, həm
də başqalarının fəaliyyət zonasının sərhədlərinə bələdik və ümumi qaydalara uyğun
hərəkət edir və davranırıq.
Hazırkı vəziyyətdə davranışlara istiqamət verən azadlıq forması ekzistensialist
təbiətə sahibdir. Nihilist-ekzistensialist dünyagörüşünə görə, insan bütövlükdə azad
olmalı, ümumi təlim və normaların məhdudlaşdırıcı buxovlarından qurtularaq,
öz həyatını öz qaydaları çərçivəsində yaşamalıdır. Əslində bu yanaşma insanda
fərdiyyətçilik formalaşdırır, onu özü üçün yaşayan fərdə çevirir, nihilist və anarxist
həyat tərzinə təşviq edir. Ekzistensializm fərdin mövcudluğunu onun mütləq
azadlığı ilə şərtləndirən, eqoist azadlıq zehniyyətini təsis edən iddialardan çıxış
edir. Darvinizmdən təsirlənən ekzistensialistlər iddia edirdilər ki, insan təsadüfən
yaranmışdır, yaşamaq üçün mübarizə aparmalıdır və o, bu mübarizədə təkdir,
cəmiyyət fərdin sərbəst yaşamasına əngəl yaradır. Mütəşəkkil ekzistensializmin
banisi Jan-Pol Sartr deyirdi:
“İnsanlar... ümidsizdirlər, bütövlükdə öz işlərini görmək üçün yer üzündə
“tərk” ediliblər”1.
O, iddia edirdi ki, insanın azadlığı dəyərlərin fövqündədir; onun hər hansı
bir dəyəri seçməli olduğuna dair heç bir “xarici” və ya obyektiv əsas (arqument)
mövcud deyildir2. Bu səbəbdən, fərdin mənafeyi ilə cəmiyyətin mənafeyi arasında
uyğunluq yaratmaq, resursları ədalətli formada bölüşdürmək üçün ortaq dəyərləri
müəyyənləşdirmək və ya fərdin azadlığını məhdudlaşdırmaq yolverilməzdir.
Təbii ki, yuxarıdakı sətirlər azadlığın sui-istifadə edilməsinə dəlalət edir.
Azadlıq məfhumunun səhv başa düşülməsi və məsuliyyətsiz azadlıq anlayışının
mənimsənilməsi mənəvi dəyərlərlə konflikt yaratmış, cəmiyyətdə hökm sürən
dəyər və normalara düşmən kəsilən fərdlərin meydana çıxmasına səbəb olmuşdur.
Belə şəxslər əlahiddəliyi, fərdiyyətçiliyi müdafiə edirlər. Əgər fərdiyyətçilik insanı
cəmiyyətdən, deməli, mövcud qaydalardan, normalardan, paradiqma və dəyərlərdən
qoparırsa və nəticə etibarı ilə ənənə ilə konfliktin fonunda onu xoşbəxt edə bilmirsə,
onda bütün bunların “baiskar”ı sayılan nihilist və mütləq azadlıq ideyasını bir daha
nəzərdən keçirmək lazımdır.
Həqiqi azadlıq ortaq maraqlar üçün fərqli insanların öz güclərini
1 Jean-Paul Sartre. Varlık ve hiçlik. İstanbul: “İthaki” 2010, səh. 772.
2 Yenə orada, səh. 90.
46
birləşdirməsidir. Bu vaxt fərd həm özünü azad hiss edəcək, həm də eyni məqsədə
yönəlmiş fəaliyyətə daxil olacaqdır. Azadlıq məfhumuna bu cür baxış fərdin həm
azadlığını, həm də icraçılığını təmin edə bilər.
Bəzi müasir müəlliflər azadlığın nisbiliyini ölüm mövzusu ilə əsaslandırmağa
çalışır və problemi bu cür qoyurlar: Ölümə münasibətdə azadlığın statusu nədən
ibarətdir? Öldükdən sonra yox olacağını düşünən insan nə dərəcədə azaddır?1 Onlar
göstərirlər ki, bu suallara cavab tapmaq üçün teoloji izahlar nəzərə alınmalıdır.
Maarifçilik əsrindən etibarən Qərbdə dinə olan laqeyd münasibət nəticəsində ölüm
və axirət məsələləri öyrənilməmişdi. Lakin bu məsələlərə olan maraq və qənaətbəxş
izahların zəruriliyi dini yenidən gündəmə daxil etmişdir. Məlum olmuşdur ki, insan
özünün azad olduğunu qəbul etməklə yanaşı, həm də “bəndə” olduğunun fərqinə
varmalıdır. Bu o mənaya gəlir ki, insan azaddır, amma iradəsinin xaricində mütləq
iradə vardır. Deməli, o, nə qədər azad olursa-olsun, bır sıra qaydalara əməl etməlidir2.
1 Nevzat Tarhan. Değerler Psikolojisi ve insan – Güzel İnsan Modeli. İstanbul: “Timaş Yayınları”, 2016, səh. 243.
2 Yenə orada, səh. 244.
47
Azadlıq və məsuliyyətin sərhədi haqqında
Hər şeyin öz tərifi vardır. İndiki dövrdə azadlıq dedikdə, daha çox, modernizmin
beyinlərə yeritdiyi anlayış tərif olaraq qəbul edilib: ürəyin nəyi istəyir – onu et; nə ki
xoşun gəlir – et onu! Qır zəncirləri, azadlığına qovuş və s.
Bir sözlə, azadlığa münasibətdə modernist nöqteyi-nəzər instinktlərin təmin
edilməsi və hər bir istəyin reallaşdırılmasının zəruriliyini ifadə edir.
Halbuki azadlıqla məsuliyyətin öz sərhədləri vardır, onlar arasında balans
qorunub-saxlanmalıdır. Həyata modernist baxış bu balansı pozmuş, sərhədləri ləğv
etmişdir. Ailə, əxlaq, məhrəmlik məsələlərində mühafizəkarlığın, ənənənin hələ də
müəyyən qədər saxlandığı cəmiyyətimizdə biz bunu bütün aydınlığı ilə müşahidə
edirik. İnsanlara, birbaşa olmasa da, belə bir fikir təlqin olunur: Haqqındır ki,
ürəyinin istədiyini edəsən, əylənəsən! Əgər istədiyin kimi əylənə bilmirsənsə, zövq
ala bilmirsənsə, azad deyilsən, demək!
Fikir verin: bu təlqində istədiyimiz şəkildə zövq almağımıza mane olan hər
şey azadlığımızı məhdudlaşdıran amillər, elementlər, anlayışlar kimi təqdim edilir!
Nəticədə nə baş verir: bizə qoyulmuş “olmazlar”ı azadlığımıza vurulmuş buxovlar
hesab etməyə başlayırıq! Bəli, cəmiyyətdə belə düşünən gənclərin sayı artır. Onlar
cəmiyyətlə tədricən konfliktə girir, axırda isə yalnızlaşırlar. Belələri istədikləri
kimi hərəkət etmək, yaşamaq istəyirlər, amma xoşbəxt də ola bilmirlər: gərginlik,
depressiya, təcrid, ola bilsin, intihar...
Bu, iblisanə, məsuliyyətdən uzaq azadlıq anlayışıdır. Ətrafı, başqalarını nəzərə
almadan istədiyini etmək xərçəng hüceyrələrinin dağıdıcı fəaliyyətini xatırladır.
Orqanizmdəki kollektiv proseslərə “qoşulmayan”, “ürəyi istədiyi kimi yaşayan”
yeganə hüceyrə xərçəng hüceyrəsidir. İstədiyi qədər “qidalanır”, digər hüceyrələrin
payını da basıb-yeyir, heç nəyi nəzərə almadan sürətlə artıb-çoxalır, axı azaddır!
Nəzərə almır ki, insan ölərsə, o da öləcəkdir. Axırda, orqanizmi heydən salaraq
məhv edir, amma bu onun da sonu olur!
Belə davranışda məsuliyyətdən kənar, yekəxanalıq zehniyyətinə xas azadlıq
gözə dəyir. Belə insanlar xudbindirlər, ancaq özlərini düşünür, özlərini münasibətlərin
mərkəzində, başqalarını isə kənarında görür, azadlıq anlayışını öz düşüncələrinə
uyğun şəkildə yozurlar...
48
Onlar cəmiyyətdə xərçəng hüceyrəsi kimidirlər. Onlara səhv etdiklərini
bildirməsək, mövqelərinin doğru olmadığını izah etməsək, böyüyüb-artacaqlar...
İnsan öz dünyasında azaddır, istədiyini düşünsün, amma cəmiyyətdə istədiyini
edə bilməz: çünki orada təkcə o yaşamır!
49
Əxlaq dəyərləri əleyhinə inqilablar
Müasir dövrün insanı müxtəlif dəyişikliklərin baş verdiyi dünyada yaşayır.
Bəlkə də, bu dəyişikliklərin ən təhlükəlisi şəxsi və ictimai münasibətləri tənzimləyən
əxlaq dəyərləri sistemində baş vermiş inqilablardır. Əslində bu gün şahidi olduğumuz
sosial bölünmələr, siyasi korrupsiya və ikilistandartlıq, iqtisadi böhranlar mahiyyət
etibarı ilə ictimai münasibətlərdə humanist dəyərlərin olmamağı ilə əlaqəlidir.
Mənəvi dəyərlərin qurub-yaratmaq, birləşdirmək, münasibətlərdə perspektivlər
təqdim etmək funksiyaları vardır. Dəyərlərin olmamağı, yaxud tənəzzülü özü
ilə ciddi problemlər gətirir, davranış və ifadədə konstruktiv çərçivələr destruktiv
sərbəstliklə əvəzlənir. Heç bir dini, mənəvi, ictimai motiv olmadan əxlaq cinayətləri
baş verir, qətllər törədilir, korrupsiya və inhisarçılığın, bank istismarçılığının ağır
nəticələri özünü göstərir.
Bəzən bu cür dəyişiklərə “dünya dəyişib” deyə bəraət qazandıran şəxslər tapılır.
Unutmaq olmaz ki, dəyişən dünya deyil, insanlardır. Əgər biz qaya parçasını kənar
amillərin təsiri olmayan bir yerə atsaq və uzun illər sonra həmin yerə qayıtsaq, görəcəyik
ki, öz həndəsi formasını qoruyub saxlamışdır. Cansız təbiətdə dəyişiklik daxili deyil,
xarici faktorlarla əlaqəli hadisədir. Bir cismin, yaxud mineralın dəyişilməsi, məzmun
dəyişikliyinə uğraması üçün xarici amillər tələb olunur. İnsana gəlincə, xarici amillərin
ona təsirini şişirtmək lazım deyildir. Çünki insanla əlaqəli dəyişikliyin fəlsəfəsi, hər
şeydən əvvəl onun özü ilə şərtləşir. Qurani-Kərimin bəzi ayələrində də göstərilir ki,
insanlar özlərini dəyişdirmədikcə Allah onları dəyişdirən deyildir1.
Bu və ya digər cəmiyyətdə sosial müstəvidə dəyişiklik həmin cəmiyyəti əmələ
gətirən fərdlərdəki dəyişilmə ilə başlanır, prosesin gedişinə uyğun olaraq vüsət kəsb
edir.
Biz bu barədə nə üçün danışırıq? Dediklərimiz onun üçündür ki, cəmiyyətdə
baş verən dəyişikliklərə insanlar özləri baiskardırlar. İnsanlıq bir kənara qoyulduqda,
şəxsi maraq və nəfsi istəklər ön plana çıxdıqda, atılan addımları instinktlər
müəyyənləşdirdikdə, nə yolla olursa-olsun pul qazanmaq həyatda əsas məqsədə
çevrildikdə meydana əxlaqdan, dəyərlər və insanlıqdan uzaq dünyagörüşü forması
və yaşayış fəlsəfəsi çıxır.
1 Bax: Qurani-Kərim: “əl-Ənfal” surəsi, 53-cü ayə; “ər-Rə`d” surəsi, 11-ci ayə.
50
İndiki dövrdə pul qazanmaq həyatda əsas qayə halına gəlmiş, şəhvani
istəklərin təmin edilməsində bütün “maneə”lər yıxılmışdır. Bütün bunların fonunda
dəyərlər sistemi acizlik və ətalətin hakim kəsildiyi zehinlərdə saxlanan saxta şüarlara
çevrilmişdir.
Siyasi inqilablardan daha çox ictimai-mədəni inqilablar təhlükəlidir.
İnqilabçılar, inqilab və inqilab keşikçiləri XXI əsrin mədəni-əxlaqi mənzərəsinin
əsas komponentləridir. İnqilabın obyekti insanın özüdür. Bir qrup insan, müəyyən
təşkilat və qurumlar, korporasiyalar isə inqilabın subyektini, yəni inqilabçıları təmsil
edir. Fərdlərin maraqları isə inqilab keşikçilərini əmələ gətirir. İnqilab qurbanlarına
gəlincə, buraya ailələr, uşaqlar, gənclər, qocalar, qadınlar, heyvanlar, bitkilər – bir
sözlə, yer üzündə yaşayan hər bir canlı daxildir.
Cəmiyyətin inkişafı təkcə ondakı maddi rifah və texniki tərəqqi ilə
ölçülməməli, mənəvi dəyərlərin vəziyyəti də meyar seçilməlidir. Əgər bir cəmiyyətdə
əxlaq, mənəvi dəyərlər tənəzzülə uğrayıb aşınırsa, onda iqtisadi-elmi inkişafın
gətirdiyi rahatlıq və rifahı hərtərəfli və davamlı hesab edə bilərikmi?! Əgər ictimai
münasibətlərdə qırılmalar, təlatümlər mövcuddursa və özü ilə insanları depressiya
halına salacaq problemlər gətiribsə, iqtisadi münasibətlərdə cibgirlik, mənimsəmə
təmayülü tüğyan edirsə, deməli, çıxış yolunu fərdlərin əxlaqi-mənəvi tərbiyəsində
axtarmaq lazımdır.