The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:06:59

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

Aysel Abdullayeva

İSLAM MƏDƏNİYYƏTİ:
KEÇMİŞDƏN BU GÜNƏ

Bakı-2018

Aysel Abdullayeva
İSLAM MƏDƏNİYYƏTİ: KEÇMİŞDƏN BU GÜNƏ

3

Müəllifdən

Amerikalı yazıçı Ernest Heminquey “Zəng kimin üçün çalınır”
əsərində yazır: “Elə bir insan olmamışdır ki, o, ada kimi, özü-
özlüyündə tənha qalsın. Hər kəs qitənin, torpağın bir hissəsidir. Əgər
dalğa bu sahildəki daş qayasını çırpıb aparsa, onda Avropa kiçiləcək.
Hər bir ölən adam məni də kiçildir, çünki mən bütün insan nəsli ilə
birəm, bax buna görə, heç vaxt soruşma ki, zəng kimin üçün çalınır:
o sənin üçün çalınır”.

Hər kəs bu və ya digər mədəniyyətə mənsubdur. Mədəniyyət –
bizim əxz edib gələcək nəsillərə ötürdüyümüz insani bilik, inam və
davranış tərzlərinin məcmusudur. Mədəniyyət – gündəlik ünsiyyətdən
qlobal iqtisadiyyatın fəaliyyətinə qədər insan münasibətlərinin
müxtəlif sahələrini tənzimləyən əsas sosial amildir.

Mədəniyyət – insanın və cəmiyyətin inkişafının müasir
səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi
və mənəvi dəyərləridir. Həmçinin mədəniyyət insanların həyat
fəaliyyəti formalarının müxtəlifliyi, mücərrəd anlayışda həyatın
becərilməsi, onun insaniləşdirilməsi, xalqların tarixi yaddaşıdır.
O, sivilizasiyaların və etnosların ayrılmaz cəhətidir. Planetimizdə
mədəniyyətlərin müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir.
Buna bəzən inteqral mədəniyyət deyilir. İnsan mədəniyyət vasitəsi
ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir cəhəti
olduğunu dərk edir. “İslam mədəniyyəti: keçmişdən bu günə” adlı
kitabın yazılmasının məqsəd və məramı da buna xidmət edir.

Bəşər tarixinin ən mütərəqqi səhifələrdən biri də İslam

4

mədəniyyətinin yaranmasıdır. İslam dini Çindən Atlantik okeana
qədər uzanan böyük bir ərazidə müxtəlif sivilizasiyaları birləşdirərək
vahid İslam mədəniyyətini yaratmışdır. İslam mədəniyyəti İslam
dininə əsaslandığı və insanı bütün varlıqlardan üstün saydığı üçün onu
ümümbəşəri mədəniyyət adlandırmaq olar. İslam mədəniyyəti təkcə
yayıldığı arealda deyil, həmçinin Qərb mədəniyyətinin də inkişafında
mühüm rol oynamışdır.

İslam mədəniyyəti haqqında bir çox qərb və müsəlman
dünyasının alimləri araşdırmalar aparmış və kitablar yazmışlar. Bu
kitablardakı məlumatlar regional və ya xronoloji ardıcıllığa görə
təsnif olunmuşdur. Lakin hər iki təsnifat İslam mədəniyyətinin təbliğə
xidmət etmişdir.

İslam mədəniyyəti bəşər tarixində silinməz izlər buraxmışdır.
Onun inkişafı mədəniyyət tarixində qızıl hərflərlə həkk olunmuşdur.
Günümüzdə İslam mədəniyyətinin elm, təhsil, incəsənət, memarlıq,
ədəbiyyat və digər sahələrə bəxş etdiyi töhfələrdən hər birimiz
bəhrələnirik.

Bu mədəniyyətinin ən gözəl nümunələrinə Azərbaycanda da rast
gəlmək olar. İslam mədəniyyəti ilk meydana gəldiyi vaxtdan ölkəmizdə
inkişaf etmişdir. Bu gün biz Azərbaycanı İslam mədəniyyətinin aparıcı
qüvvələrindən biri adlandırsaq, mübaliğə etmiş olmarıq.

Kitabın birinci hissəsində İslam mədəniyyətinin yaranma tarixi,
formalaşması, intibah dövrü və bugünü barədə məlumatlar öz yerini
almışdır. İslam mədəniyyəti haqqında kifayət qədər hazırlanmış və
yayılmış məlumatlar vardır. Bu bölmədə məlumatlar daha dolğun
şəkildə qeyd olunmuşdur.

Eyni zamanda, kitaba İslam mədəniyyətinin özəyini təşkil edən

5

ədəbiyyat, memarlıq, incəsənət sahələri barədə geniş məlumatlar
daxil edilmişdir.

Həmçinin kitabdaAzərbaycanın bu gün İslam mədəniyyətində yeri
və rolu barədə geniş məlumat verilmişdir. Ölkəmizin İslam dünyasının
maddi və mənəvi mədəniyyətinin qorunması, sivilizasiyalararası
dialoqun qurulması istiqamətində apardığı işlərdən bəhs edilmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

6

Giriş

İslam mədəniyyətinin yaranması. Mədəniyyət bir termin olaraq
geniş və məhdud mənalarda işlədilir. Geniş mənada müəyyən tarixi
dövrlərin, ictimai və iqtisadi formasiyaların, konkret cəmiyyət, xalq
və millətlərin maddi-mənəvi inkişaf səviyyəsini səciyyələndirmək,
eləcə də fəaliyyət və həyatın spesifik sahəsini bildirmək üçün istifadə
olunur. Məhdud mənada isə o insanların mənəvi həyatına şamil edilir.
Günümüzədək neçə mədəniyyətin mövcud olduğunun dəqiq sayı
məlum deyil. Lakin iki əsas mədəniyyət qovşağının – Qərb və Şərq
mədəniyyətinin tarixə bənzərsiz töhfələri olmuşdur.

İslam mədəniyyəti – İslam dinini qəbul edən insanların ortaq
adıdır. Bu mədəniyyət Allahın hər şeyi mütləq yaradıcısı olduğu
prinsipinə əsaslanır. Məhəmməd peyğəmbərdən bəri bütün müsəlman
xalqlarının birgə mədəniyyətidir. İslam mədəniyyətinin inkişafında
ərəblərin, türklərin, hindlilərin və Afrika xalqlarının böyük əməyi
olmuşdur.

İslam mədəniyyətinin yaranması İslam dininin mənəvi dəyərlərə,
elmə, incəsənətə, eləcə də bütün digər sahələrə yüksək qiymət
verməsi ilə bağlıdır. Bunun nəticəsidir ki, İslam dünyasında elmin
bütün sahələri yaxından öyrənilmiş və mədəniyyət tarixində silinməz
izlər buraxmışdır. VII əsrdən təməli qoyulan İslam mədəniyyəti X
əsrdə bütün İslam dünyasına nüfuz etmişdir.

Müsəlmanların meydana gətirdiyi mədəniyyətin zəncirin qızıl
halqasına bənzədiyini desək yanılmarıq. Çünki bu mədəniyyət

7

özündən əvvəl mövcud olan digər mədəniyyətlərdən lazımi
dərəcədə bəhrələnməyə çox böyük əhəmiyyət vermişdir. İslam
mədəniyyəti həm mövcud olan cəmiyyətin təcrübəsindən, həm də
digər mədəniyyətlərdən istifadə etmişdir. Məhəmməd peyğəmbərin
zamanında dünyada bir neçə mədəniyyət qovşağları – pəhləvi
və suriya dillərindən istifadə edilən Nildən Amudəryaya qədər
uzanan ərazi, filosofların yetişdiyi və latın dilinin istifadə olunduğu
Anadoludan İtaliyaya qədər olan areal, hindlilərdən ibarət olan
Hindistan, Çin və Uzaq Şərq mədəniyyətləri mövcud idi. Müsəlmanlar
bu mədəniyyətlərlə yaxından tanış olmuş, həmin ərazidə yaşayan
insanların iqtisadi və siyasi nizamlarından, intelektlərindən, həmçinin
digər millətlərlə olan əlaqələrindən istifadə etmişlər. Nəticədə
müsəlman mədəniyyəti inkişaf etmiş və digər toplumlarla qarşılıqlı
əlaqələr yaranmışdır. Qarşılıqlı əlaqələr nəticəsində İslam dininə fərqli
coğrafiyalardan, irqlərdən və siniflərdən insanların qatılmalarına yol
açamasına çox böyük təsir etmişdir.

İslam mədəniyyətinin əsas qayəsi Quran və sünnədir. Cəmiyyət
üçün bütün lazımlı qanunlar və nizamlar Qurani-Kərimdə öz əksini
tapmışdır. Bu qanunlar sayəsində müsəlmanlar hər şeyi müəyyən bir
ölçü ilə dəyərləndirə bilmişlər. İslam insanın Allahla, insanın insanla
və insanın digər varlıqlarla olan münasibətini gərəkli meyarlarla
göstərmişdir.

VII əsrdən başlayıb XVIII əsrə kimi davam edən İslam mədəniyyəti
dünya mədəniyyətinin mərkəzinə çevrilmişdir. Bu dövrdə Kordova
xilafəti, Bağdad, Təbriz, İstanbul kimi şəhərlər elmin, ticarətin və
müxtəlif sənətlərin ən gözəl inkişaf etdiyi ərazilərə daxil idi. İslam
dünyasının bu cür inkişafı və mədəniyyətin ən yüksək pilləsinə

8

qalxmasını İslamın elmə verdiyi dəyər kimi qiymətləndirmək olar.
Qısa zaman kəsiyində müsəlmanlar müxtəlif elmi əsərləri tərcümə
etmiş, bunlarla bərabər elmdə yeni ixtiralar meydana çıxarmışlar.

İslam mədəniyyəti tolerant, müxtəlif mədəniyyətlərə
açıq, universal, müəyyən qanunauyğunluq üzərində qurulmuş
mədəniyyətdir.

İslam mədəniyyətinin inkişafı. Təbii ki, İslam mədəniyyəti
müsəlmanlar tərəfindən inkişaf etdirilmişdir. Lakin bu mədəniyyətin
əsasını qoyan və təməlini möhkəmləndirən, qanunlar topulusunun
əsasını təşkil edən Məhəmməd peyğəmbərin sünnəsidir.

Mədəniyyətlər bədii dillə desək, ideal bir insan portretini ortaya
qoyar. Bu insan aid olduğu mədəniyyəti yaşadar və inkişaf etdirər.
Məhəmməd peyğəmbərin yaşayış tərzi və lideri olduğu sünnəsi İslam
mədəniyyətində bu faktın tətbiq – reallaşma prosesini və formasını
aydın şəkildə izah edir.

610-cu ildən Məhəmməd peyğəmbər İslam dininin təbliğinə
başlamış, ilk zamanlarda ərəblər tərəfindən qəbul edilməsə də,
sonradan onu qəbul etmişlər. Müsəlmanlar Quranı və Məhəmməd
peyğəmbəri özlərinə rəhbər seçmişlər. Quran və Peyğəmbərin əmr
və tövsiyələri sayəsində həyatlarında qarşılaşdıqları problemləri həll
etməyə çalışmışlar.

Məhəmməd peyğəmbərin vəfatından sonra müsəlmanlar qısa
müddət ərzində qərbdə Fransaya, şərqdə Çin səddinə qədər olan böyük
bir ərazini hakimiyyətləri altına almışlar. Müsəlmanlar fəth etdikləri
ərazilərdə yaşayan xalqlara qarşı mərhəmət göstərmiş, onların
dinlərinə, ibadət evlərinə toxunmamış, hətta onları qorumuşlar.

Fərqli entik qruplardan ibarət olan müsəlmanların yaratdığı

9

İslam mədəniyyətini öz daxilində də bir neçə alt qruplara ayırmaq
mümkündür:

● Ərəb-İslam mədəniyyəti
● Türk-İslam mədəniyyəti
● İran-İslam mədəniyyəti
● Əndəlüs-İslam mədəniyyəti
İslam mədəniyyəti bu günkü Qərb mədəniyyəti ilə Qədim Yunan,
İran, Hind, Çin hətta Misir mədəniyyəti arasında körpü vəzifəsini
oynamışdır. Lakin İslam mədəniyyəti təqlid mədəniyyəti deyildir.Yəni
keçmişi olduğu kimi köçürən, orijinallığı olmayan ara mədəniyyəti
sayılmır. Tam əksinə, öz inancını, düşüncəsini, kəşflərini mövcud
olan təcrübələrə əlavə etmiş, fərqli mədəniyyətləri bir araya toplayıb
yeni və orijinal bir mədəniyyət yaratmışdır. Elə bunun nəticəsidir
ki, müasir Qərb mədəniyyətinə böyük təsir göstərmiş Kindi, Fərabi,
İbn Sina, İbn Rüşd, Biruni, Tusi, İbn Haldun, Əli Quşçu kimi onlarla
alimin zəngin irsi günümüzə kimi gəlib çıxmışdır.
İslam mədəniyyətinin inkişafını təmin edən əsas amil İslam
dininin elmə verdiyi dəyərdir. Bu mədəniyyətin inkişafında digər
amillərin də xüsusi rolu var, lakin ən əsas yeri elm tutmuşdur. Qurani-
Kərimə və Məhəmməd peyğəmbərin hədislərinə nəzər saldıqda
bunu daha aydın şəkildə görmək mümkündür. İslam dini yayıldığı
vaxtdan müsəlmanlar elmə yiyələnmək üçün müxtəlif imkanlardan
yararlanırdılar. Müsəlmanlar təkcə dini biliklərini yox, eyni zamanda
dünyəvi biliklərini də inkişaf etdirirdilər. Onlar tarix, coğrafiya, fəlsəfə,
riyaziyyat, memarlıq, iqtisadiyyat və digər elmlərə yiyələnmişlər.
Fransız alimi Karra de Voksun bu fikrini misal kimi göstərmək olar.
O deyir: “Müsəlmanlar elmdə, həqiqətən böyük müvəffəqiyyətlərə

10

nail olmuş, özləri icad etməsələr də bizə sıfırı öyrətmişlər. Beləliklə,
müsəlmanlar gündəlik həyatdakı riyaziyyatın qurucusu olmuş,
analitik həndəsənin əsaslarını qoymuşlar. Şübhəsiz, kosmos
triqonometriyasının qurucusu da onlardır. Əslində, həmin elmlər daha
əvvəl yunanlara məlum deyildi. Müsəlmanlar astronomiyada da bir
çox dəyərli kəşflər etdilər”.

Raşidi xəlifələrinin hakimiyyətini və Əməvi xilafətini digər
mədəniyyətlərlə tanışlıq dövrü adlandırmaq olar. Bu dövrdə
müsəlmanlar fərqli mədəniyyətlərdən olan insanlarla əlaqələr qurmuş,
xüsusilə elmi təcrübələrindən istifadə etməyə başlamışlar. Əməvilər
dönəmini təkcə siyasi tərəfdən yox, eyni zamanda elmi cəhətdən də
inkişaf dövrü kimi fərqləndirmək olar. Hədis, təfsir, fiqh kimi İslama
aid elmlərə dair risalələr bu dövrdə daha da geniş yayılmışdır.

661-ci ildə yaranan Əməvilər dövlətini 750-ci ildə Abbasilər
əvəz etdi. 524 illik tarixə malik Abbasilər dövrünü (750-1258) İslam
tarixinin və mədəniyyətinin əhəmiyyətli dövrlərindən biri kimi
qiymətləndirmək olar.

İslam mədəniyyətinin ən inkişaf etdiyi dövr Abbasilər xilafətinin
zamanına təsadüf etmişdir. Xəlifə Mehdi və Harun Rəşidin dövrü
təkcə tarixdə hərbi zəfərlərin, maddi zənginliyin inkişaf etdiyi dövr
kimi yox, eyni zamanda mədəniyyətin yüksəliş mərhələsi kimi iz
qoymuşdur. Abbasilərin dövründə küllü miqdarda pullar sərf etməklə
əsasən yunan əlyazmaları bir yerə toplanılır, tərcümələr edilirdi. Bu
dövrdə Bağdad şəhərini alimlərin toplandığı şəhər kimi qəbul etmək
olar. Çünki tibb, coğrafiya, riyaziyyat və digər elm adamlarını bu
şəhərə dəvət edirdilər. Müsəlmanlar əldə etdikləri elmləri qiymətli
xəzinə kimi qoruyurdular. Onlar mənimsədiklərini tərcümə etməklə

11

kifayətlənmir, elmə yeniliklər bəxş edirdilər.
Abbasilər xilafətinin mövcud olduğu illərdə İslamın yayıldığı

digər ərazilərdə də bir çox dövlətlər qurulmuşdur. Bunların içərisində
İslam mədəniyyətinə ən zəngin töhfələr bəxş edən Əndəlüsü
(İspaniya) qeyd etmək olar. Əndəlüs Əməvilər sülaləsindən olan III
Əbdurrəhmana qədər valilər tərəfindən idarə olunurdu. Abbasilər
dövləti Əməvi dövlətinin varlığına son qoysa da, Əndəlüs asılı
vəziyyətə düşməyərək müstəqil hakimiyyətlərini davam etdirmişdir.
Əndəlüs dövləti səksən il ərzində mövcud olmuşdur. Əndəlüsün
elm, sənət, memarlıq və digər sahələrdə İslam mədəniyyətinə böyük
xidmətləri olmuşdur.

Təxminən 750-900-ci illərdə əsasən elmi əsərlərin tərcüməsinə
böyük üstünlük verilmişdir. Tərcümələrin gözəl şəkildə edilməsi üçün
müxtəlif alimlər cəlb olunmuş, maddi imkanlar səfərbər edilmişdir.
Şərqi Roma və digər ölkələrdən müxtəlif elmi kitabların gətirilməsi
üçün müəyyən heyətlər təşkil olunmuşdur. Abbasilər dövründə
müsəlmanlar farslardan ədəbiyyatı, hindlilərdən riyaziyyatı, qədim
yunanlara məlum olan müxtəlif elmi əsərləri ərəbcəyə çevirmişlər.

Abbasi xilafətinin zəifləməsi nəticəsində yeni siyasi güc olan
Səlcuqlar dövləti ortaya çıxmışdır. Toğrul bəy, Arp Arslan, Məlikşahın
hakimiyyəti illərində səlcuqlar daha da möhkəmlənmiş, monqolların
işğalına qədər İslam coğrafiyasında mövcud olmuşlar. Səlcuqlar
da elm və digər sahələrlə İslam mədəniyyətinə töhfələr vermişlər.
Əsasən də, Anadolu səlcuqlarının xaçlılara qarşı müqaviməti İslam
mədəniyyətininin müdafiəsinə verdikləri ən əhəmiyyətli xidmətidir.

Səlcuqların süqutundan sonra Məmlüklər və Osmanlılar siyasi
hakimiyyəti ələ keçirmişlər. Osmalı dövründə İslam mədəniyyəti

12

təkcə inkişaf etməklə kifayətlənməyib, eyni zamanda Avropaya bu
mədəniyyət aşılanıb.

Müsəlmanlar fərqli mədəniyyətlərlə əlaqədə olmuş və coğrafi
ərazilərini genişləndirmişlər. Bunun nəticəsində İsgəndəriyyə,
Cündişapur və Hərran kimi elm və mədəniyyət mərkəzləri onların
nəzarəti altına keçmişdir. Buradakı xristian, suriyan, yəhudi
alimlərinin, Qədim yunan filosoflarının əsərlərini artıq müsəlmanlar
əldə etmişdilər. Müsəlmanlar yunan, İran, Misir, Hind və Çin
mədəniyyətlərindən faydalanmışlar.

Elm olmadan tərəqqidən söhbət belə gedə bilməz. Ona görə
də müsəlmanlar İslam dininin yarandığı ilk illərdən etibarən elmə
yiyələnmək üçün bütün imkanlarından istifadə edirdilər. İlk öncə
dini elmlərlərin daha çox inkişaf etdiyinin şahidi oluruq. Daha sonra
gündəlik ibadətlərini yerinə yetirmək üçün müsəlmanlar dünyəvi
elmləri öyrənməyə başlayıblar. Elə bunun nəticəsində namaz qılmaq,
oruc tutmaq istəyən müsəlman astronomiyanı öyrənməyə başlamışdır.
Çünki ibadətini yerinə yetirmək üçün Ayın və Günəşin necə hərəkətdə
olduğunu bilməli idi. Daha sonra Həcc ziyarətinə getmək üçün
coğrafiyadan müəyyən məlumatlara sahib olmalı idi. Zaman keçdikcə
artıq digər elmləri öyrənmək zərurəti yaranmışdır.

İslam mədəniyətinin Avropa və digər mədəniyyətlərə təsiri.
İslam mədəniyyəti Avropa, Asiya və Afrikda dərin izlər buraxmış,
eyni zamanda bu bölgələrdə sonuncu səmavi dindən əvvəl mövcud
olan mədəniyyətləri təsiri altına sala bilmişdir. Mədəniyyət çarxının
yenidən Şərqə tərəf dönüşü nəticəsində İslam mədəniyyətini orta
əsrlər dövrünün ən parlaq səhifəsi adlandırmaq olar.

Müsəlmanlar fəth etdikləri ərazilərdə yaşayan insanların dinlərinə

13

və inanclarına nəinki müdaxilə etmirdilər, hətta onların öz ibadətlərini
yerinə yetirmələri üçün gərəkli mühiti yaratmışlar. Bu qədər geniş
dözümlülüyə başqa mədəniyyətlərdə rast gəlmək çətin məsələdir.
Məhəmməd peyğəmbərin Xeybər fəthində Tövratın nüsxələrini
yəhudilərə geri verməsi bunun bariz nümunələrindən biridir. Dini
prinsiplər üzərində qurulan İslam mədəniyyəti bütün din və inanclara
tolerant yanaşırdı.

İslam mədəniyyəti özündən əvvəl mövcud olan mədəniyyətlərin
yayıldığı ərazilərdə meydana gəlmişdir. Bunlar qədim Misir, Yunan
və Sasani mədəniyyətləridir. Heç bir mədəniyyət tək şəkildə formalaşa
bilməz. Yalnız özünün malik olduqları ilə kifayətlənən mədəniyyətin
inkişafı mümkün deyil. İslam mədəniyyətinin formalaşmasında
adıçəkilən mədəniyyətlərin hər birinin özünəməxsus yeri vardır.

Müsəlmanlar digər mədəniyyətlərlə tərcümələr vasitəsilə
tanış olmuşlar. Onlar qədim yunanların bir çox klassik əsərlərini
ərəbcəyə tərcümə etmişdilər. Bu tərcümələrin nəticəsində inkişaf
dövrü başlamışdı. Müsəlmanlar İspaniya, Sicilyanın fəthindən sonra
tərcümə olunan bu əsərləri Avropaya tanıtmağa nail olmuşdular.
Nəticədə yunan əsərlərini öyrənmək üçün ərəb dili öyrənilir və İslam
dini ilə tanış olurdular.

750-ci ildən 900-cü ilə kimi tərcümələr ardıcıl şəkildə edilmişdir.
Əsərlər sankrist, pəhləvi, yunan və suriyani dillərindən tərcümə
olunurdu. Bu məqsədlə xəlifə Məmun 815-ci ildə (bəzi mənbələrdə isə
830-cu il) Bağdadda kitabxana və tərcümə mərkəzlərindən ibarət olan
“Beytül-hikmət”i (Bilik evi) qurmağa göstəriş vermişdir. Əvvəllər
kitabxana kimi fəaliyyət göstərən mərkəz tədricən akademiyaya
çevrilmişdir. “Beytül-Hikmət”də tərcüməçilər məktəbi formalaşmışdı.

14

Burada Platon, Pifaqor, Aristotel, Arixmed, Qalen, Hippokrat, Evklid
və digərlərinin əsərləri ərəb dilinə tərcümə edilirdi. Məhz bu tərcümə
fəaliyyətləri nəticəsində İslam dünyası elm, mədəniyyət və fəlsəfənin
mərkəzinə çevrildi, məşhur tərcüməçilər yetişdi.

900-cü ilə qədər davam edən tərcümə işlərinin sonunda
müsəlmanlar astronomiya, riyaziyyat, tibb və fəlsəfəyə aid əsərləri
ərəbcəyə tərcümə etmişlər. Bu tərcümələrin sayəsində yunan
klassiklərinin əsərləri günümüzə qədər gəlib çatmışdır.

İslam dünyasında elmi inkişaf nəticəsində XI əsrin sonlarından
etibarən Avropada Şərqə qarşı xüsusi maraq oyanmışdı. İlk öncə
Fransada, xüsusən Normandiyada rahiblər arasında elmin inkişafı
baş verdi. Birinci mərhələdə İtaliya, İspaniya və Cənubi Fransadan
İslam mədrəsələrində təhsil almaq üçün gəlmişlər. İkinci mərhələdə
artıq Cənubi Avropada İslam mədrəsələrinə istinad edərək
universitetlərin yarandığını müşahidə etmək olar. İslam mədrəsələrini
bu universitetlərin memarlıq xüsusiyyətləri, dərs proqramlarının
tərtibatı, təhsil üsullarının sələfi adlandırmaq olar. Üçüncü mərhələdə
isə müsəlmanların əldə etdikləri elmi nailiyyətlər İtaliya təhsil ocaqları
vasitəsilə Fransaya oradan da digər Qərb ölkələrinə yayılmağa
başlamışdı. XIII əsrdə Baloniya universiteti, bir müddət sonra isə
Paris Universiteti yaranmışdı.

Qərb dünyasına digər təsir vasitələrindən biri kimi ticarəti
göstərmək olar. Həcc mövsümü zamanı Hicaz şəhəri ticarətin ən çox
inkişaf etdiyi yerlərdən birinə çevrilmişdir. İslam dini Cənub-Şərqi
Asiyaya və Şərqi Afrikaya tacirlər vasitəsilə yayılmışdır. Bu yerlərə
gedən müsəlman tacirlər yerli xalqların diqqətini dini ibadətlərini
yerinə yetirdikləri zaman cəlb etmiş və heyranlıqlarına səbəb olmuşlar.

15

Müsəlmanlar İspaniya və Siciliyada hakim olduqdan sonra digər
ölkələrlə ticarət əlaqələri qurmağa başlamışlar. İspaniyada yaşayan
müsəlmanlar yüksək yaşayış şəraitinə malik idilər. Yerli əhali də
yaşayış tərzini müsəlmanlara uyğun qurmağa başlamışdı. Daha
sonralar bu təqlid özünü mədəniyyətdə də büruzə vermişdir.

Şərqin Avropa ilə ticarət əlaqələri iki istiqamətdə olmuşdur. Biri
Aralıq dənizi vasitəsilə Suriya və Misir sahillərindən İtaliyanın liman
şəhərləri arasındakı dəniz yolu və İspaniyadan Avropanın içərilərinə
qədər uzanan yol. Mədəni sahədə keçidlər əsasən bu yolla olmuşdur.
Digəri isə Avropanın Rusiya istiqamətində Şərqlə ticarət etdiyi yol.
Qara dənizin şimalından başlayıb Volqa çayı vasitəsilə keçən yol.
Bu Orta Asiyaya qədər uzanırdı. Arxeoloji qazıntılar nəticəsində
şimal ölkələrində tapılan ərəb yazılı sikkələr burada ticarətin mövcud
olduğunu sübut edir.

Aralıq dənizi vasitəsilə Avropaya daha çox ipək və geyimlərin
aparıldığı bizə məlumdur. X əsrdə Ərəb ölkələrindən gətirilmiş
ipək, gümüş və qızıl işləməli olan parçalar avropalıları uzun müddət
heyran qoymuş və bütün orta əsrlər boyunca bu parçalar Şərqdən
idxal edilmişdir. Hökmdarların, kilsə xadimlərinin geyimləri Şərqdən
gətirilmiş ipək parçalardan hazırlanmışdır.

Müsəlmanların İtaliya ilə əlaqələrindən sonra orada toxuculuq
başlamışdır. İtaliyanlar toxuculuqda həm ərəb parçalarından, həm
də şərq motivlərindən istifadə edirdilər. Buna görədir ki, İtaliyada
toxunan parçalarda Şərq xarakteri hakimdir. Hətta 1126-cı ildə Roma
imperatorunun tacqoyma mərasimində geyindiyi ipək paltar və
corabların üstü ərəb motivləri ilə işlənmiş palermo ipəyi idi.

Səlib yürüşləri zamanı Qərbdə müsəlmanları daha yaxından

16

tanıdılar. Səlib yürüşlərinə qatılanlar ölkələrinə geri qayıdarkən özləri
ilə təkcə gözəl əşyaları aparmadılar, eyni zamanda Şərqin bir sıra fikir
və dəyərlərini də mənimsədilər. Bu yolla İslam motivləri Avropaya
keçmişdir.

Siciliya kralı II Fridrix (1212-1250) Siciliyada və Səlib yürüşləri
zamanı Şərqdə müsəlmanları daha yaxından tanımışdır. O, şərq
geyimlərini və müsəlman adətlərini mənimsəmişdir. Eyni zamanda
ərəb dilini öyrənmiş, İslam yazarlarının əsərlərini orijinaldan oxumaq
imkanı qazanmışdır.

II Fridrix 1124-cü ildə Naples Universitetini qurmuş və İslam
düşüncəsini Qərbə tanıtmaq üçün akademiya halına gətirmişdir. Bu
akademiyanın ən önəmli işlərindən biri də ərəbcədən latın dilinə
tərcümələr etmək idi. Tərcümələrin təsiri çox keçmədən artıq
özünü göstərmişdir. Nəticədə Qərbdə Renessas dövrünün kilsə ilə
düşmənliçiliyi başlamışdır.

Tibb sahəsində Şərqin təsiri özünü daha çox büruzə verirdi.
İtaliyanın Boloniya şəhərindən sonra, Fransada tibb sahəsini araşdıran
mərkəz – Montpellier Universiteti tibb sahəsində təhsil almaq istəyən
müdavimlərə tədris proqramında İbn Sinanın (latınlaşdırılmış
adı  Avisenna;  980  -  1037) “Əl Qanun fit Tib” əsərinin I və IV
hissələrini tədris edirdi. Bu vaxtdan etibarən İslam təbibləri haqqında
mühazirələr təşkil olunmuşdur. Lakin 1567-ci ildən müsəlmanlara
məxsus tibb əsərləri tədris proqramından çıxarılmışdır. 1607-ci ilə
qədər ara-sıra İbn Sinanın “Qanun” əsəri tədris olunmuşdur.

Mədəniyyətin inkişafında önəmli hadisələrdən biri də kağızın
müsəlmanlar tərəfindən yayılması idi. Bilindiyi kimi, kağızın icadı
çinlilərə məxsusdur. Onlar qədimdən kağızı ipəkdən hazırlayırdılar.

17

Bu üsul Çindən Orta Asiyaya keçmişdir. İpəkdən kağızın hazırlanması
çox çətin idi. Ona görə də müsəlmanlar ipəyin əvəzinə daha çox və
emalı asan olan vasitə tapılmasına can atırdılar. İpək pambıqla əvəz
olundu və parçadan kağız emalı üsuluna başlanıldı. Müsəlmanlar
vasitəsilə kağız Avropaya yayıldı. İlk dəfə 1270-ci ildə Siciliyada
kağız emalına başlandı.

Müsəlmanların elmə xidmətlərindən biri də kopmasın Qərbə
tanıdılması olmuşdur. Kompası çinlilər ixtira etsə də, Avropaya
müsəlmanlar tərəfindən gətirilmişdir. Kompasla dünyanı dəniz yolu
vasitəsilə gəzmək mümkün olmuşdur.

Göründüyü kimi, Orta əsr İslam mədəniyyəti Qərb mədəniyyətinə
bir çox töhfələr vermişdir. İslam mədəniyyəti təkcə keçmişi ilə deyil,
həmçinin bu gün də maddi və mənəvi sərvətləri ilə yaşamaqdadır. Bu
böyük mirasın sahibləri bu gün də yenidən dirçəliş üçün əllərindən
gələni əsirgəməməlidirlər.

18

İncəsənət

İslamda incəsənətin yaranması və inkişafı

İncəsənət ictimai şüur formalarından biridir. İncəsənətin
müxtəlif sahələri cəmiyyətdə baş verən hadisələrə insanların həyata
münasibətini bədii surətlər vasitəsilə əks etdirir. Bəşəriyyətin mənəvi
mədəniyyətinin tərkib hissəsi və praktik mənəvi qavramanın spesifik
növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri
incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat),
həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino)
müəyyən olunur.

İncəsənətin növləri məqsədəuyğun şəkildə təsnifləşdirilmişdir.
İncəsənətin bir neçə növləri onun maddi ehtiyaclarını təmin edir
(sənətin bütün növləri, tibb, əkinçilik, mədəniyyət, gimnastika). Bədii
incəsənət isə asudə vaxt üçündür (musiqi, rəqs, poeziya). İncəsənətin
bəzi növləri isə xüsusi bədii utilitar vəzifələri ilə bağlıdır.

Hər bir xalqın öz mədəniyyəti, öz ayin sistemi var. Onlar ritual
məbəd incəsənətinə və yaxud dünyəvi dinlər yaranandan sonra dini
incəsənətə çevrilirlər. İncəsənət əsərinin yaranması xüsusi prosesdir,
onun yaradıcısı estetik qanunları bilməli, bədii vasitəyə və texniki
üsullara yiyələnməlidir. Bütün əsərlər biri-birindən seçilirlər,
çünki yaradıcı öz fantaziyasına tabe olur. Amma incəsənət əsərinin
yaranması yaradıcılıq prosesidir, o müəyyən vaxtın qanunlarında və
təsəvvürlərində yaranır. Ona görə incəsənət estetik funksiyalardan
başqa tərbiyəedici, maarifləndirici, dərkedici funksiyanı da daşıyır.

19

İslam dini sənətə, gözəlliyə, mədəniyyətə böyük dəyər verən
dindir. Demək olar ki, İslam həyata estetik baxışları təbliğ edir. Çünki
gözəllik Allahın sifətlərindən biridir. Bunun nəticəsidir ki, İslam dini
yaranandan bəri İslam incəsənəti daima inkişaf və tərəqqi etmişdir.
İslam dini hər xalqın adət-ənənələrinin qorunmasının tərəfdarıdır.

İslam incəsənəti nümunələri daxili və xarici xüsusiyyətlərə
malikdir. Zahiri gözəlliklə yanaşı, İslam incəsənətinin gizli, gözlə
görünməyən, lakin qəlblə duyulan xüsusi bir xüsusiyyəti vardır.
Müsəlman incəsənəti daha öncəki mədəniyyətlərin qoyduğu
fundament üzərində yaranmış, lakin İslam köhnə formalara yeni
məna vermişdir. Bu incəsənət insanı daha çox düşünməyə vadar edir.

İslam dünyasında incəsənət əsasən dekorativ tətbiqi sənətlər,
miniatür, əlyazma kitabların bədii tərtibatı, xalçaçılıq kimi sahələrdə
inkişaf etmişdir. Həmin sənət nümunələri dünya xəzinəsinin maddi-
mədəni sərvətlər siyahısında mühüm yer tutmuşdur. Buna bir
misal kimi Şərq ölkələrində hazırlanmış xalçaları göstərməyin özü
kifayətdir. İslam mədəniyyətinin inkişafına Azərbaycanın xüsusi
töhfələri olmuşdur. Yuxarıda sadaladığım sənətlərə bərabər musiqi,
opera, balet, kino sahəsində Azərbaycanın töhfələri Şərq dünyasında
ilklərdəndir.

Əlyazma kitabların bədii tərtibatı. Orta əsrlərdə, Yaxın Şərqdə
mədəniyyətin inkişafı, dünyəvi ədəbiyyata və incəsənətə maraq
əlyazma kitablarına bədii tərtibat verilməsi və illüstrə edilməsi
ehtiyacını doğurmuşdu. Bu dövrdə Qurani-Kərim və başqa dini
kitablarla yanaşı, məşhur alimlərin, şair və yazıçıların təbiət, tarix,
habelə ədəbi bədii əsərləri də köçürülmüşdür. Orta əsrlərdə üzü

20

köçürülən Quran “nəsx”, yaxud “reyhan”, nadir hallarda “riqə” xətləri
ilə yazılmış, yalnız naxışlarla bəzədilmiş, dünyəvi məzmunlu əsərlər
isə “nəsx” xətti ilə köçürülmüş, çox zaman süjetli miniatürlərlə illüstrə
olunmuş, ornamentlərlə bəzədilmişdir.

Yüksək vəzifəli şəxslər üçün tərtib edilmiş təmtəraqlı əlyazma
nümunələri ilə yanaşı, adi həvəskar oxucular, yaxud elm və ədəbiyyat
xadimləri üçün nəzərdə tutulmuş sadə nüsxələr də yaradılmışdır. Lakin
əlyazma kitablarının bədii tərtibinə ən çox tələbat feodal cəmiyyətinin
yuxarı təbəqəsi - padşahlar, şahzadələr, əyanlar arasında olmuşdur. Mahir
rəssam, xəttat və cildsazlar tərəfindən uzun müddətə başa çatdırılan bu
qiymətli manuskriptlərin əsas sifarişçisi və sahibi yuxarı zümrə idi.

Əlyazma kitabların meydana gəlməsində əsas vəzifə xəttatların
üzərinə düşürdü. Xəttat nəinki təkcə mətnin səhifədə yerləşdirilməsini,
həmçinin, rəssamın çəkəcəyi illüstrativ şəklin süjetini də
müəyyənləşdirirdi. Xəttat ədəbi əsəri köçürərkən miniatür üçün ağ
yerlər buraxır, illüstrə olunacaq hekayənin bu və ya digər parçasını
buraya köçürmürdü. Miniatürçü rəssam isə öz növbəsində illüstrasiyada
çərçivəyə alınmış düzbucaqlar şəklində bir neçə boş sahə buraxırdı ki,
xəttat mətni yazarkən süjetlə əlaqədar buraxdığı parçaları bu boş yerlərə
köçürsün. Belə üsul miniatürlərdə əks etdirilən ədəbi süjet təsvirinin
anlaşıqlığını artırır, onu tamamlayırdı.

Əlyazmanın tərtibat işlərində nəqqaş da iştirak etmişdir. O,
səhifələrdəki mətni çərçivəyə alır, başlıqları, sərlövhə və sonluqları
bəzəyir, bəzən də əlyazma səhifələrinin geniş kənarlarında rəsmlər
çəkirdi.

VIII əsrin sonlarından Çindən Şərq ölkələrinə kağızın düzəldilmə
texnikası keçmişdir. Orta əsr müsəlman əlyazmaları Bizans

21

əlyazmalarından fərqli olaraq kağız üzərində yazılmışdır. Buna görə də
X-XII əsrdə hazırlanmış bəzi əlyazmalar materialın keyfiyyətindən aslı
olaraq əksəriyyəti məhv olmuşdur. Lakin XIII əsrin I yarısına aid miniatür
əsərləri bizə kitab illüstrasiyaları şəklində gəlib çatmışdır. Həmin
miniatür əsərləri Bağdad və ya Ərəb-Mesopotamiya məktəblərinin
ustaları tərəfindən hazırlanmış kitab şəkilləri kimi təqdim edilmişdir.

XIII əsrlərə aid edilən məhşur kitablardan biri Əl-Xəririnin
“Məqamlar” bədii əsərini və elmi traktatlara çəkilmiş miniatürlərdir. Bu
əlyazma ərəb ədəbiyyatının ilk illustrasiyalı kitabı olmuşdur. Digər bir
əlyazma təbiət elmlərindən bəhs edən Dioskoridin “Farmokologiya”sına
yazılmış illustrasiyalı kitabını misal kimi göstərmək olar. 1222-ci ildə
rəssam Abdullah ibn Fadl tərəfindən illüstrasiyaları hazırlanmışdır.

XIVəsrin əvvəllərindəTəbriz yaxınlığında Rəşidiyyə universitetinin
şəhərciyində illüstrasiyalı əlyazma kitabların hazırlanmasını xüsusi
vurğulamaq lazımdır. Burada müxtəlif ölkələrdən dəvət olunmuş rəssam
və xəttatlar fəaliyyət göstərirdilər. Onlar tarixçilərin yazdığı və Fəzlullah
Rəşidəddinin redaktoru və müəlliflərindən biri olduğu salnamə toplusu
“Cami-ət təvarix”in üzünü köçürür, ona illüstrasiyalar çəkirdilər.
Fəzlullah Rəşidəddinin göstərişi ilə “Cami-ət təvarix”in çoxlu əlyazma
nüsxəsi hazırlanmışdır. 1318-ci ildə Rəşidəddin edam edildikdən sonra
onun yaratdığı Rubi Rəşidi (Rəşidiyyə) şəhərciyi dağıdılmış, kitabxana
isə qarət edilmişdir.

Orta əsrlərdə elmi-tarixi və ədəbi-bədii əlyazmalardan başqa
çoxlu dini məzmunlu əlyazma kitabları da yazılmışdır. Bunlardan
Quran nüsxələrini və Quranın 30 cüzünə müvafiq olaraq düzəldilmiş
cüzləri qeyd etmək olar.

Həmçinin bu dövrə aid elmi-tarixi və ədəbi-bədii əsərlərin

22

miniatürlərlə bəzənmiş əlyazma nüsxələrindən Əlaəddin Cöveyinin
“Monqolların tarixi” (1290-cı il), İbn Bəhtaşinin “Mənafi əl-heyvan”
(1297-1299), Rəşidəddinin “Cami-ət təvarix” (1307-1314-cü illər və
1318-ci il), Firdovsi “Şahnamə”sinin 1340-1350-ci il tarixli nüsxəsi
(“Demot şahnaməsi”) kimi nadir əsərləri xüsusilə qeyd etmək
lazımdır. Azərbaycanda hazırlanmış bu əlyazmaların tərtibatında və
yazı tərzində XII-XIII əsrlərdə ərəb ölkələrində, xüsusən Bağdadda
hazırlanmış əlyazmaları ilə müəyyən yaxınlıq və ümumilik vardır.

İslam dini elmə böyük dəyər və qiymət verdiyi üçün müsəlmanlar
elmin bütün istiqamətlərində olan kitabların əlyazmalarını hazırlamağa
çalışmışlar. Bunların sayəsində müsəlman dünyasında elmin inkişafı
yüksək dərəcəyə çatmışdır. Bu əlyazmaların hazırlanmasında Şərq
ölkələri və Azərbaycanın böyük xidmətləri olmuşdur. Xoy, Marağa,
Təbriz, Soltaniyyə və digər şəhərlərin saray emalatxanalarında, ağır
vəziyyətdə işləyən incəsənət ustaları və sənətkarlarla yanaşı, xəttat
və rəssamlar da gözəl tərtib olunmuş dini, elmi və bədii əlyazma
kitabları yaratmışlar.

Miniatür sənəti. Kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə
fərqlənən təsviri sənət əsəridir. Bu sənət əsasən kitab illüstrasiyası
kimi yaranmış, elmi, tarixi və bədii əsərlərə çəkilmiş, xüsusilə,
klassik Şərq poeziyasının bilavasitə təsiri altında inkişaf etmişdir.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini
təşkil edən miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus
yer tutmuşdur.

Miniatür sözünün mənası “kiçik” deməkdir. Amma təsvirlərdə
miniatür sözü ikili məna daşıyır. Minium latınca “kinavar” (“qırmızı

23

və ya albalı” rəng) adlanır. Avropanın əlyazma kitablarında,
Yevangeliyalarda ilk hərf həmişə böyük və qırmızı olmuşdur. Həmin
hərflər kinavarla rənglənmiş və minium adlanmışdır. Ona görə
də tədricən bütün səhifəyə, səhifədən sonra isə bütün kitaba bu ad
verilmişdir. İkinci mənanın əmələ gəlməsində Bizans dövründə
yazılmış xəttlər rol oynamışdır. Kitablarda həmin xəttlər miniuslar
adlanmışdır. O xəttin rənglənməsində də kinavardan istifadə
olunmuşdur.

Miniatür yuxarıda qeyd etdiyimiz kimi, əsasən kitab illüstrasiyası
kimi yaranmışdır. Əgər kitabla birbaşa bağlı idisə, demək, kitab üçün
xas olan xüsusiyyətlər əsasında formalaşmışdır. Kitab miniatürləri
dekorativ rəngkarlıq xüsusiyyətlərini özündə daşıyır. Bunun kökü
xristian rəngkarlığına qədər gedib çıxır.

İslam dininə görə insan və onun xüsusiyyətləri cismani şəkildə
təsvir edilə bilməz. Ona görə də miniatürlərdə səthilik və dekorativlik
var. İşıq-kölgənin, daxil hal-vəziyyətin təsvir edilməməsinə
baxmayaraq, İslam mədəniyyətində miniatürlər özünəməxsus yer
tutumuşdur. Bu, rəssamın necə peşəkar olduğunun göstəricisidir.
Burada bir neçə ölkənin miniatür məktəblərini qeyd etmək yerinə
düşər.

Türk miniatür sənəti Səfəvi dövründə Azərbaycan və İran bədii
məktəblərinin təsiri altında inkişaf etmişdir. XV-XVI əsrlərdə azsaylı
illüstrasiyalı əlyazmalar yaradılmışdı. İstanbulun saray dairələrinin
incəsənətə olan böyük marağı nəticəsində 1480-cı ildə saraya italyan
rəssamı Centile Bellinin (1429-1570) edilmişdir. Onun yaratdığı
bir çox əsərlərin taleyi acınacaqlı olmuşdur. II Mehmet tərəfindən
toplanmış sənət əsərlərinin bir qismi oğlu II Bayazit tərəfindən

24

İstanbul bazarlarında satılmış, bir qismi itmiş, bəziləri isə Avropa
ölkələrinə qədər gedib çıxmışdır. Onun yaradıcılığına Avropa realist
incəsənətinin təsiri altında yaradılmış II Mahmudun portreti aid edilir.
Bu əsərdə sultana xas olan keyfiyyətlər rəssam tərəfindən parlaq
şəkildə təsvir olunmuşdur. Sultanın portreti hazırda Londondakı Milli
Qalereyada saxlanılır. C.Bellini kimi bir çox digər avropalı rəssamlar
yerli sənətkarların yaradıcılığına güclü təsir göstərərək, onların
yaradıcı dünyagörüşünü xeyli zənginləşdirmişlər.

Türk miniatür sənətində hökmdarların obrazları ilə yanaşı Şərq
poeziyasının ədəbi obrazları Leyli və Məcnun, Xosrov və Şirin,
“Şəhnamə” əsəninin qəhrəmanları da mühüm yer tutmuşdur. İlk türk
boyakarı Sinan bəy hesab edilir.

Türk miniatür sənətinin inkişafı XVI əsrə aid edilir. Bu dövrün
tanınmış rəssamları Təbrizli Heydər və Vəlican olmuşdur. Artıq XVI
əsrin II yarısından türk miniatürün üslubu tam formalaşmışdır. Saray
təsviri sənəti olan miniatürlər fedoal-despotik quruluş şəraitində
sultanı tərif və əks etmişdir.

Osmanlı miniatürlərində XVI əsr Təbriz sənətkarlarının
əsərlərinə xas olan lirizm və romantizm yoxdur. Türk miniatürləri öz
aydın ifadəsi və şərhi ilə diqqəti cəlb edir. Həmçinin, türk rəssamları
özlərinə məxsus dekorativ-rəng quruluşu formlaşdırmışlar. Onların
əsərlərində fiqurlar frizə bənzər sıralarla verilmiş, daxili məsafə
planlara bölünmüş, bəzən də perspektiv quruluşunun bəzi üsullarına
müraciət etmişlər. Bütövlükdə türk miniatürü vahid, təmtəraqlı, şən
bədii obraz yaradır.

XVI əsrin II yarısında boyakarlıqda türk üslubu öz aydın və dolğun
ifadəsini Cester Bittinin toplusunda saxlanılan “Sultan Süleymanın

25

tarixi” əlyazmasının miniatürlərində tapmışdır. Əlyazmada 20-dən çox
böyük miniatür yerləşir. Əsasən sultanın yürüşləri, dəbdəbəli qəbulları,
müqəddəs yerlərə ziyarəti və s. təsvir olunmuşdur. Bu miniatürlər
rəng ritminin aydınlığı, obraz məzmununun açıqlanmasında istifadə
edilmiş xüsusi üsulların tətbiq edilməsi ilə diqqəti cəlb edir.

XVI əsrin rəssamları tipik türk miniatürləri ilə yanaşı, üslub
baxımından Təbriz miniatürlərinə yaxın olan, lakin sujet və kolorit
baxımından öznəməxsusluğu ilə seçilən əsərlər də yaratmışlar. Buna
misal kimi “Divan” (Nyu-York, Metropoliten muzeyi) və “Antalogiya”
(London, Cester Bittinin toplusu) əlyazmalarına çəkilmiş miniatürləri
göstərmək olar.

XVII əsrdə türk miniatür sənətində elə də mühüm əsərlər
hazırlanmamışdır. XVIII əsrdə boyakarlıqda müəyyən canlanma
müşahidə olunur. Bunun əsas səbəbi kimi Avropa incəsənətinin təsiri
göstərilir.

Feodalizm dövründə İranın Şiraz şəhərində kitab miniatür sənəti
yüksək inkişaf mərhələsinə çatmışdır. Bu şəhər bir çox əsrlər boyu
İranın ən böyük bədii-mədəni mərkəzi kimi öz mövqeyini qoruyub
saxlaya bilmişdir. Tədqiqatçılar tərəfində toplanmış materallara
əsasən deyə bilərik ki, Şiraz miniatürləri İran təsviri incəsənəti
tarixində mühüm rol oynamışdır.

Şiraz boyakarlığının daha erkən nümunəsinə üç əlyazma
miniatürü daxildir. Bunlardan birincisi 1330-cu ildə “Şəhnamə”yə
çəkilmiş miniatürlər (hazırda İstanbulun Topqapı sarayında), ikincisi
1333-cü ildə 50 miniatürdən ibarət poema (Sankt-Peterburq Saltıkov-
Şedrin adına ictimai kitabxana) və 1341-ci ildə “Şəhnamə”yə çəkilmiş
miniatürlər (Baltimorun Rəssamlıq Qalereyası) aiddir.

26

XIV əsrin I yarısında Şiraz məktəbinin ustaları tərəfindən
yaradılmış miniatürlər içərisində 1333-cü il “Kəlilə və Dimnə”
və Talarinin “Ümumi tarix” əlyazmalarına çəkilmiş miniatürləri
xüsusi qeyd etmək lazımdır. Üslub baxımından bu miniatürlərdə
Vaşinqtonun Frir İncəsənət qalereyasında saxlanılan 1325-1335-
ci ildə Firdovsinin “Şəhnamə”sinə çəkilmiş miniatürlər də çox
yaxındır.

XIVəsrin ikinci yarısında Şiraz miniatürünün inkişafında mühüm
dəyişikliklər baş vermişdir. Yeni üslub xüsusiyyətləri meydana
gəlmiş, dekorativlik güclənmiş, divar boyakarlığı ilə olan əlaqə
zəifləmiş, miniatürlər kitab illüstrasiyalarına xas olan xüsusiyyətləri
əldə etmişdir. XIV əsrin I yarısındakı üslubla müqayisədə bu dövrün
miniatürlərinin həcmi dəyişmiş, məsafə meydana gəlmişdir.

Şiraz rəssamlarının mühüm nailiyyətləri XV əsrin I yarısında
yaradılmış miniatürlərdə də aydın şəkildə nəzərə çarpır. Bu dövrdə
sənətkarlar yeni təsvir məsələlərini həll etməyə müvəffəq olmuşlar.
İnsan obrazı, onun hərəkəti, vəziyyəti daha zəngin və ətraflı tərtib
olunmağa başlanılmışdır.

1410-cu ildə Mahmud ibn Murtuz əl-Hüseyn tərəfindən
hazırlanmış “Antologiya”nı xüsusilə vurğulamaq lazımdır. Bu əsər
1409-1414-cü illər ərzində İranın cənubunda hökmranlıq etmiş
İskəndər üçün köçürülmüşdür.

Bu dövrün mühüm miniatürləri içərisində teymurlu İbrahim
sultanın sifarişi ilə 1425-1435-ci illərdə “Şəhnamə”yə (Oksford
kitabxanası) çəkilmiş illüstrasiyaları xüsusilə qeyd etmək lazımdır.
Bu miniatürlərdə XIV əsrin sonlarına xas olan Şiraz bədii ənənələri
aydın şəkildə öz ifasını tapmışdır.

27

XV əsrin 40-cı illərində Şiraz ilə yanaşı Yəzd şəhərində
də İran miniatür məktəbi yaranmışdır. Yezd rəssamlarının
yaratdıqları illüstrasiyalar Şiraz miniatürlərinə yaxın olsa da, bəzi
xüsusiyyətlərinə görə onlardan fərqlənir. Yezd məktəbinə 1445-
ci ildə hazırlanmış “Şəhnamə” əlyazmasının miniatürləri (Sankt-
Peterburq Şərqşünaslıq İnstitutu) aiddir.

Miniatür sənətinin inkişafı həmçinin Teymurilərin paytaxtı
Heratda da baş vermişdir. 1430-cu ildə Mirzə Baysonqur üçün
yazılmış “Şəhnamə”nin iri formalı miniatürləri Herat boyakarlığının
şedevri saymaq olar. Həmçinin 1431-ci ildə Nizaminin “Xəmsə”sinə
çəkilmiş miniatürlər (Ermitaj) Herat məktəbinin yaratdığı gözəl
əsərlərdəndir.

“Şərqin Rafaeli” adını almış məşhur Herat rəssamı Kəmaləddin
Behzadın fəaliyyəti dövründə Herat miniatür məktəbi öz çiçəklənmə
mərhələsinə çatmışdır. Behzad rəsm və koloritin böyük ustası
olmuşdur. Onun əsərlərinin dekorativ obrazı çox mürəkkəbdir. Behzada
qədər heç kim təsvir olunmuş səhnələri belə canlı və həyati təsvir
edə bilməmişdi. Onun yaratdığı əsərlərə Sədinin “Bustan” (Qahirənin
Misir Milli Kitabxanası), Nizaminin “Xəmsə”si (Londonun Britaniya
muzeyi), Şərəf əd-Din Əli Yezdinin “Zəfərnamə”si (Baltimorun C.
Xopkins universiteti) daxildir. Sənətkarın Əmir Xosrov Dəhləvinin
“Leyli və Məcnun” poemasına çəkdiyi lirik səhnələri öz yüksək
profesionallığı ilə seçilir.

Azərbaycanda da təsviri sənət yüksək inişaf etmişdir. Digər
ölkələrdə olduğu kimi miniatür sənəti ölkəmizdə də əsasən kitabla
bağlı olmuşdur. Əlimizdə ən erkən miniatür nümunəsi XIII əsrə
aiddir. 1298-ci ildə Marağada hazırlanmış “Mənafi əl-Heyvan”

28

əlyazmasında heyvanların xeyrindən bəhs edilir. Bu kitabın yaranması
İslam dünyasında erkən orta əsrlərdə dünyaya marağın nəticəsi və
dünyanı tədqiq etmək istəyinin olduğu anlaşılır.

XIII əsrin II yarısına aid olan nadir əlyazmalardan biri də “Vərqa
və Gülşah”dır. Hazırda Türkiyənin Topqapı muzeyində saxlanılır.
Təsvir üslubuna görə Bizans üslubunda hazırlanmışdır.

XIV əsrin ən möhtəşəm yazılı abidələrindən biri, bir çox miniatür
səhnələri ilə bəzədilmiş Rəşidəddinin “Cami ət-təvarix” əsəridir.
XIV əsrdə “Cami ət-təvarix” dəfələrlə köçürülmüşdür. Təbrizdə iki
dəfə köçürülmüş və illustrasiyası olmuşdur. Birinci 1307-1308-ci
illərdə hazırlanmışdır. Bu köçürülmə hazırda Londonda saxlanılır.
İkinci əlyazma ondan 7 il sonra, 1314-cü ildə köçürülmüşdür.
Bu əlyazma Edinburq şəhərində saxlanılır. 1314-cü ildə olan
əlyazmanın miniatürləri 1307-1308-ci illərin miniatürlərindən daha
primitivdilər. Miniatürlər Hülakü ənənələri əsasında yaradılmışdır.
Təsvir üslubu Uzaq Şərq, Çin-uyğur üslubudur. Sifətlərin təsviri
moğol tipajıdır.

Təəssüflə qeyd etmək lazımdır ki, XV əsr Azərbaycan incəsənəti
tarixinin ən zəif öyrənilmiş dövrüdür. Azərbaycan sənətkarları
tərəfindən yaradılmış bir sıra əsərlərin “Türkmən məktəbi” və
“Herat məktəbi” nə aid edilməsi təəssüf doğuran amildir. Yanlış
olaraq XIV əsrdə yaranmış Təbriz məktəbinin XV əsrdə süqutu və
XVI əsrdə Səfəvilər dövründə yenidən fəaliyyətə başlaması kimi
məlumatlar öz əksini tapmışdır. Beləliklə, Azərbaycanda miniatür
sənətinin ardıcıl inkişafı inkar edilmiş, I və II Təbriz məktəbi deyə
iki müstəqil, bir-biri ilə əlaqəsi olmayan iki məktəbə bölünmüşdür.
Lakin tarixi faktlar sübut edir ki, Təbriz məktəbinin fəaliyyətində

29

qısamüddətli durğunluq dövrü olsa da, bu məktəb öz inkişafını
dayandırmamış, hətta bir sıra yerli məktəblərin yaranmasında
səmərəli rol oynamışdır.

XV əsr Təbriz məktəbinə aid olan Nizaminin “Xosrov və Şirin”
poemasının nəfis nüsxəsi Vaşinqtonun Frir qalereyasında saxlanılır.
Bu miniatür Təbriz məktəbinin inkişafını öyrənmək üçün müstəsna
əhəmiyyətə malikdir.

XV əsrin II yarısında Azərbaycanda mədəniyyətin ümumi inkişafı
ilə əlaqədar olaraq kitab sənəti və miniatür boyakarlığı sahəsində yeni
canlanma başlamışdır. XV əsrin sonuna aid miniatürlü əlyazmaların
dəyərli nümunələrindən biri də 1478-ci ildə Uzun Həsənin oğlu
Əbülbəfət Sultan Xəlil Bahadurxan üçün Təbrizdə hazırlanmış
Hidayət adlı şairin divanı (Dublində Cester Bittinin kitabxanası) hesab
edilir. Digər dəyərli miniatürlərdən ibarət əlyazma İsmayıl şahın kiçik
qardaşı Soltan Əli Mirzəyə ithaf olunan “Şəhnamə” nüsxəsidir.

XV əsrdə Təbriz məktəbinin təsiri nəticəsində Azərbaycanın
başqa mədəni mərkəzlərində - Şamaxıda və Bakıda da miniatür sənəti
inkişaf etmişdir.

Bakı rəssamlıq məktəbinin hələlik bəlli olan yeganə nümayəndəsi
Əbdülbaqi Bakuvinin “Siyah qələm” (İstanbulda Topqapı saray
muzeyi) və “Mehtər” adlı miniatürlərinə əsasən deyə bilərik ki, bu
məktəb özünəməxsus ənənələrə malik olmuşdur.

Şirvan miniatür məktəbinə aid olan 1468-ci ildə hazırlanmış
“Şamaxı antologiyası” adlı əlyazmanın illüstrasiyalarını xüsusi
vuğulamaq gərəkdir. Əsər Şamaxıda Şərəfəddin Hüseyn Sultani
adlı xəttat tərəfindən yazılmış, naməlum rəssam tərəfindən səkkiz
miniatürlə bəzədilmişdir. Kompozisiya və obrazların həllinə görə

30

Təbriz miniatürlərindən bir qədər fərqlənən bu əsər bədii üslub
xüsusiyyətlərinə görə çox yaxındır.

Azərbaycanda təsviri sənət XVI əsrdə yüksək inkişaf etmişdir.
Şeirə, sənətə yüksək qiymət verən, himayəçilik edən Şah İsmayıl
və oğlu Təhmasibin dövründə saray kitabxanası bədii yaradıcılığın
müxtəlif sahələrində çalışan sənətkarları öz ətrafında toplayan qüdrətli
sənət mərkəzinə çevrilmişdir.

Kitabxananın nəzdindəki bədii emalatxanada dövrün ən
görkəmli xəttat və rəssamları - Sultan Məhəmməd, oğlu Mirzə Əli
və Məhəmmədi, Mir Müsəvvir və oğlu Mir Seyid Əli, Müzəffər Əli,
Sadıq bəy Əfşar, Şah Mahmud Nişapuri, Dust Məhəmməd və bir çox
başqa sənətkarlar fəaliyyət göstərmişlər. Bundan əlavə, emalatxanada
Herat, İsfahan, Şiraz və s. şəhərlərdən gəlmiş Şərqin məşhur
sənətkarları Behzad, Ağamirək İsfahani, Qasıməli və başqaları da
çalışmışdır.

Təbriz miniatür məktəbinin üslub xüsusiyyətlərinin
formalaşmasında, yüksək inkişafında və onun təsir dairəsinin
genişlənməsində mühüm rol oynayan bu rəssamlar hərtərəfli inkişaf
etmiş görkəmli sənətkarlar idi. Onların çoxu şair-rəssam, rəssam-
xəttat, xəttat-memar-rəssam olmuş, bədii yaradıcılığın müxtəlif
sahələrində görkəmli nailiyyətlər əldə etmişlər.

Təbriz məktəbinin XVI əsrin əvvəllərindəki fəaliyyəti, dövrün
görkəmli rəssamlarının yaradıcılığı hələ də layiqincə öyrənilməmişdir.
XVI əsrin birinci rübünə aid əlyazmaların miqdarca azlığı, bütün
əsərlərin imzasız olması, ilk mənbələrdə verilən məlumatın son dərəcə
qısa və məhdudluğu bu dövrdə Təbriz məktəbinin inkişaf prosesini
izləməyi çətinləşdirmiş və bir sıra səhv fikirlərin yaranmasına səbəb

31

olmuşdur. Təsadüfi deyil ki, bəzi hallarda Təbriz məktəbini Herat
məktəbinin davamı kimi verirlər. Doğrudur, XVI əsr Təbriz miniatür
məktəbinin inkişafında Herat məktəbinin rolunun olması danılmazdır,
lakin bu heç də həlledici rol oynamamışdır.

Təbriz miniatür məktəbinin sənətkarlarından olan Soltan
Məhəmmədin əsərləri 1537-ci il tarixli “Şahnamə”də, Hafizin
divanı və 1539-1543-cü illərdə Şah Təhmasib üçün hazırlanmış
Nizami “Xəmsə”sinin məşhur əlyazma nüsxəsində toplanmışdır.
Bundan əlavə Sankt-Peterburqda Saltıkov-Şedrin adına kitabxanada,
İstanbulda, Londonda, Paris, Vaşinqton, Krakov və bir çox başqa
böyük şəhərlərin muzey və kitabxanalarında rəssamın bir sıra portret
əsərləri, süjetli miniatürləri və kitab rəsmləri saxlanır. Həmçinin
Soltan Məhəmmədin yaradıcılığına bir sıra başqa illüstrasiyalar,
müstəqil süjetli miniatürlər və portretlər, təsvirli kitab cildləri, bədii
parça və süjetli xalçalar üçün hazırlanmış eskizlər çeşnilərə aid edilir.

Təbriz miniatür məktəbinin digər bir nümayəndəsi olan
Sadiqi bəy Əfşar XVI əsrin sonu XVII əsrin əvvəllərində yalnız
Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə miniatür sənətinin
ən görkəmli sənətkarlarından olmuşdur. Sənətkarın bir çox portret,
kitab illüstrasiyaları və müasir həyat hadisələrini əks etdirən müstəqil
miniatürlər yaratmışdır. Çox təəssüf ki, bu böyük rəssamın zəngin
bədii irsi hələ layiqincə öyrənilməmiş, bir neçə imzalı portreti və 1573-
cü il tarixli “Gərşasbnamə”yə çəkdiyi “Gərşasbin divlərlə vuruşması”
adlı miniatürlərindən başqa digər əsərləri üzə çıxarılmamışdır.

Beləliklə, yuxarıda göstərilən tarixi faktlar və nəzərdən keçirilən
əsərlər Azərbaycan miniatür sənətinin ardıcıl inkişafını işıqlandırır,
Təbriz məktəbinin qüdrətli sənət mərkəzi olduğunu, onun təsir

32

dairəsinin genişliyini, Yaxın və Orta Şərq ölkələrində miniatür
sənətinin inkişafındakı mühüm rolunu, görkəmli mövqeyini aşkarlayır.

XVI əsrin sonu XVII əsrin əvvəlləri dünya incəsənəti tarixinin
qiymətli səhifələrini təşkil edən klassik Təbriz məktəbinin son inkişaf
dövrünü təşkil edir. Bu dövrdən sonra Azərbaycan təsviri sənətinin
inkişafında tənəzzül müşahidə olunur, qüdrətli Təbriz məktəbinin
qiymətli bədii ənənələrinin uzun sürən unudulma prosesi başlanır.

Xəttatlıq. İslam mədəniyyətinin özünəməxsus və zəngin
sahələrindən birini də xətt və xəttatlıq sənəti təşkil edir. Kufi xətti ilə
yaranmış xəttatlıq sənəti bir neçə əsr boyu müxtəlif mərhələlərdən
keçmişdir.

Xəttatlıq sənəti əsasən, orta əsrlərdə Şərqdə, o cümlədən
Azərbaycanda geniş yayılmışdır. Onun bir sənət kimi formalaşması
X-XII əsrlərə təsadüf edir. İlk dövrlərdə klassik altılıq adlanan xətlər
- süls, nəsx, mühəqqəq, reyhani, tuqi, ruqə yaranmışdır. Orta əsrlərdə
ərəb mədəniyyətinin yayıldığı Şərq ölkələrində və Azərbaycanda
xəttatlıq daha da inkişaf etmiş, sonralar yeni və daha gözəl xətt növləri
meydana gəlmişdir.

Bu sənət növündən əsasən, dini kitabların tərtibatı və müsəlman
abidələrinin bəzədilməsində istifadə olunmuşdur. Xəttatlıq sənəti
özünün estetik təsiri baxımından hələ çox yüzilliklər əvvəl nəinki
sənətkarların, eləcə də böyük dahilərin, mütəxəssislərin nəzərini cəlb
etmişdir.

XIV-XV əsrlərdən başlayaraq Azərbaycanda xəttatlıq sənətinin
yeni inkişaf mərhələsi başlamışdır. Həmin dövrdə Cəfər Təbrizi,
Əzhər Təbrizi, Şah Mahmud Zərrinqələm Xəfinəfis, İbrahim Təbrizi,

33

Amni Təbrizi, Əhməd ibn Məhəmməd Təbrizi, Əlabəy Təbrizi, Şah
Mahmud Nişapuri, Mir İmad Qəzvini, Nizaməddin Əli Ərdəbili,
Mehrab Təbrizi, Əlirza Abbasi Təbrizi, Məhəmməd Rza Təbrizi kimi
xəttatlar İslam incəsənətinə öz töhfələrini vermişlər.

XVI əsrdən bu sənətin inkişafı daha yüksək səviyyəyə çatmışdır.
Səfəvi hökmdarları Şah İsmayıl Xətai və I Təhmasib xəttatlıq sənəti
ilə məşğul olmuşlar. Bu dövrdə miniatürlərdə şikəstə və nəstəliq
xətlərindən geniş istifadə olunmuşdur.

Kufi xətti. VII əsrdə Hirə və Yəməndə meydana gəlmişdir.
Ərəb qrafikası ən qədim kufi xətti əsasında Həzrət Əli tərəfindən
yaradılmışdır. İlk Quran nüsxələri də bu xətlə yazılmışdır. Düz və
sınıq cizgilərdən ibarət olan kufi xətti əvvəllər nöqtəsiz yazılsa da
sonralar təkmilləşdirilmişdir. X əsrədək həm epiqrafiya, həm də

kufi xətti

paleoqrafiyada geniş istifadə olunmuşdur. XI-XIII əsrlərdə tikinti
epiqrafiyasında kərpiclə yığılan kufi xətti tətbiq edilmişdir. Xəttin düz

34

olması kərpic tikililərdə yüksək dekorativ quruluş alır və buna görə də
geniş istifadə olunmuşdur. Lakin hərflərin sınıq və düzbucaqlı olması
kufi xəttinin dairəvi yerlərdə (günbəzin alt və üst hissəsi, minarə,
mehrab və sütünlar) istifadəsini mümkün etmirdi. Memarlıqda kufi
kitabələri Əcəmi Naxçıvaninin yaradıcılığında xüsusi bədii-estetik
dəyər almışdır. Buna misal kimi Möminə Xatun türbəsini göstərə
bilərik.

Süls xətti. Mənası üçdə bir deməkdir. X əsrdə məşhur ərəb xəttatı
Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən yaradılmışdır. Bu xətt
növündə hərflərin üçdə biri əyri, digər hissəsi isə düz cizgidə yazılır.

süls xətti

Süls xətti özünəməxsus gözəlliyə malik olduğu üçün xəttatlar onu
“ummul-xutut”, yəni “xətlərin anası” adlandırmışlar. Memarlıqda
süls xəttindən günbəzlərin tavanlarının, minarələrin, ziyarətgahların,
habelə qəbir daşlarının yazılmasında geniş istifadə edilmişdir.

Reyhani xətti. XI əsrdə görkəmli xətt ustası Əli ibn Hilal
(təxəllüsü İbn əl-Bəvvab) tərəfindən yaradılmışdır. Zahiri görünüşünə

35

görə süls xəttinə bənzəsə də, özünəməxsus elementləri ilə seçilir. Bu
xəttdən əsasən yazılı ədəbiyyata istifadə olunmuşdur.

reyhani xətti
Mühəqqəq xətti. Daha çox kufi xəttinə bənzərliyi var. Reyhani
xəttin yaradıcısı olan Əli ibn Hilal tərəfindən yaradılmışdır. Mühəqqəq
xəttindən daha çox şeir kitablarında istifadə olunmuşdur.
Nəsx xətti. XII əsrdə İbn Muclə Şirazi tərəfindən yaradılmış
bu xətt özündən əvvəl yaranmış kufi xəttini demək olar ki, sıradan
çıxarmışdır. Digər xətlərlə müqayisədə sadəliyi, rahat oxunuş və
rəvan yazılışı ilə diqqəti cəlb edir. Quran, dua, bədii kitabların
yazılışı və üzünün köçürülməsində, habelə dəftərxana işlərində geniş
istifadə olunmuşdur. Nəsx xəttinin əsasən iki növündən – yaquti

nəsx xətti
nəsx və irani nəsxdən geniş istifadə edilmişdir. Yaquti nəsx Yaqut
Mustəsəmi tərəfindən ixtira olunaraq təkmilləşdirilmişdir. İrani nəsx

36

isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd
Neyrizi tərəfindən yaradılmışdır.

Ruqə xətti. Mənası “məktub”, “dəri parçası” deməkdir. XIII
əsrdə xəttat Əbülfəzl Dinəvəri tərəfindən ixtira olunmuşdur. Bu xətt
əvvəllər adi əlyazmalarda, sonralar isə kitab başlıqlarında, ünvanların
yazılışında tətbiq olunmuşdur.

Tuqi xətti. XIII əsrdə Əbülfəzl Dinəvəri tərəfindən yaradılmışdır.
Əsasən hökmdar fərmanları və məhkəmə sənədlərinin yazılmasında
tətbiq edilmişdir.

Təliq xətti. Xəttatlıq sənətinin inkişafında böyük rol oynamışdır.
Əsas bədii xətt növlərindən biridir. XIV əsrdə Salman İsfani tuqi və
ruqə xətlərinin əlaqələndirilməsindən yaratmışdır. Təliq sürətli yazma
xüsusiyyətinə malikdir. Digər xətlərdən fərqləndirən əsas cəhəti
hərflərin üstdən aşağı yazılması və bir-biri ilə əlaqələndirilməsidir.

Nəstəliq xətti. XIV əsrdə nəsx və təliq xətlərinin sintezindən
yaranmışdır. Yaradıcısı Mirzə Əli Təbrizidir. Əsasən kitabların üzünün

nəstəliq xətti

37

köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin
hazırlanmasında geniş tətbiq olunmuşdur. Həmçinin gümüş, bürünc,
saxsı qabların və bəzək əşyalarının tərtibatında istifadə edilmişdir.

Siyaqət xətti. Mənası hesablamaq deməkdir. XIV əsrdə
yaradılmışdır. Əsasən dəftərxana və hesab işlərində tətbiq edilmişdir.

Divani xətti. Türk xəttatları nəstəliq xəttini dəyişərək bu xəttin
əsasını qoymuşlar. Osmanlı dövlətində pul vəsiqələri, hökm, əmr
və fərmanlar, habelə məktub və digər yazılı sənədlər məhz divani
xətti ilə yazılmağa və çap olunmağa başlanmışdır. Divani xəttinin
iki növü – qəliz və qırma mövcuddur. Qırma divanidən fərqli olaraq
qəliz divani növündə özündən sonrakı hərflərlə birləşməyən əlif,
dəl, zəl, ra və vav hərflərini əyri xətlərlə özündən sonrakı hərflərə
birləşdirir, eyni zamanda xəttin oxunuşunu həm qəlizləşdirir, həm də
ona özünəməxsus gözəllik verir.

Tuğra xətti. Bu xətt növünü monqolların quş toteminə və simurq
kimi əfsanəvi quşlara olan inam və etiqadlarının yadigarı hesab
etmək olar. Bu xətt özündə əfsanəvi quşların qanadlarını əks etdirir.
Tuğradan əsasən hökmdarların möhür və adlarının yazılmasında
istifadə olunmuşdur.

Xalçaçılıq. Kənd daxmalarında yaranıb daha sonra incəsənətin
ən zəngin sahələrindən birinə çevrilmişdir. Xalçaçılıq qədim və geniş
yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə
bəzədilən xovlu və xovsuz xalçalar yaşayış evlərinin, sarayların və

38

digər binaların divar bəzəklərində, evlərin döşənməsində istifadə
edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə
saxlanılır.

Xalçadan ilk əvvəl təkcə estetik və dekorativ məqsədlərə deyil,
əsasən soyuqdan müdafiənin etibarlı üsulu kimi istifadə edirdilər.
Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin
rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunmuşdur.

Xalçalar iki cür –xovsuz və xovlu olur. Xovsuz xalçalar
xovlulardan özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir.
Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə
bağlı olaraq “məişət xalçaları” adlandırırlar. Bu növ xalçalara çətən,
həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid
edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq
bu xalçalar da xovlu xalçalar kimi yüksək istismar keyfiyyətlərinə
malikdirlər.

Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında ən yüksək
mərhələni əks etdirir. Çoxsaylı kompozisiyalı sxemlərdə və zəngin
ornamentli motivlərlə olan xovlu xalçalar digər xalça növlərindən
xüsusilə seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha
mürəkkəbdir.

Xalçaçılıq sənəti İslam mədəniyyətində xüsusi yer tutur. Şərq
ölkələrində hazırlanmış xalçalar dünya muzeylərinin gözünü oxşayır
və ən nadir xalçalar siyahısında birincilərdəndir. Buna misal kimi
1539-cu ildə toxunmuş Şeyx Səfi xalçasını göstərmək olar. Təbriz
xalçaçılıq məktəbinin şah əsəri sayılır. Səfəvi hökmdarı I Təhmasibin
sifarişi ilə Şeyx Səfi məscidi üçün toxunmuşdur. Hazırda Londonda
“Viktoriya və Albert” muzeyində saxlanılır.

39

Türkmən xalçaları. Orta Asiya xalqları qədimdən öz
parçaları, xüsusən də xalçaları ilə məhşurlaşmışdı. Herat və Buxara
miniatürlərində, o cümlədən Avropa rəssamlarının əsərlərində XIV-
XVI əsrin əvvəllərinə aid olan xalçaların təsvirlərinə rast gəlinir.
Bunlara əsasən demək olar ki, Orta Asiya xalçaları əsasən xovlu
olmuşdur. Bizim dövrə gəlib çıxmış xalçaların ən qədim nümunəsi
XVII-XVIII əsrlərə təsadüf edir.

Funksiya baxımından türkmən xalçaları universaldır. Xalçalar
digər xalqlarda olduğu kimi, türkmənlərin məişətində də mühüm
yer tutmuşdur. Türkmən xalçalarında milli özünəməxsusluğun bütün
xüsusiyyətləri öz canlı ifadəsini tapmışdır.

Səlcuqlar dövründə türkmən xalçalarıAvropa və Şərq bazarlarında
ornamentlərin ciddi ardıcıllığı, rənglərin davamlılığına görə xüsusi
seçilmişlər.

Türkmən xalçalarını bəzəyən əsəs simvol “qel” (göl) rəmzləridir.
Bu xalçalarda Türkmənistan ərazisində mövcud olan bütün dinlərin
izi öz əksini tapmışdır. Əsasən “çərxi fələk” (taleh çarxı), “5 ay”,
“qelçe” kimi solyar naxışlar üstünlük təşkil etmişdir. Bitki mənşəli
naxşılar da əsas yeri tuturdu. Xalçaların bir neçə növü vardı. Bir
çoxuna türkmən tayfalarının adları verilmişdir (Teke, Salır, Sarık,
Axaltəkə, Bəşir, Kerki).

Türkmən xalçalarının digər bir qrupunu Yomud, Ersari və Çovdur
təşkil edir. Bu xalçaların mərkəzi dişvari romb şəkilli qellər, bitki və
zoomorf motivlərlə bəzdilmişdir. Dövrümüzə kimi gəlib çıxmış Yomudu
(XVIII əsr) gözəl stilizə olunmuş quş təsvirləri ilə təsvir edilmişdir.
Türkmən ornamentinin əsasını real dünyadan, köçərilərin əmək
fəaliyyətindən və ətraf təbiətdən götürülmüş obrazlar təşkil etmişdir.

40

Köçərilərin həyatında xalçalar xüsusən böyük rol oynamışdır.
Məişətdə təyinatından asılı olaraq xalçalar öz ölçüləri və naxış
kompozisiyasının müxtəlifliyi ilə fərqlənirdilər.

Hər bir türkmən tayfasının xalçası özünəməxsus rəsm və rəng
həllinə malik idi. Lakin müxtəlif türkmən xalçaları arasında ümümi
xüsusiyyətlər mövcuddur. Bütün türkmən xalçalarına tünd-qırmızı
rəngli mərkəzi meydan xasdır.

Bütövlükdə türkmən xalçaları yüksək texniki və bədii
xüsusiyyətlərə malikdir. Bu xalçalar dünya şöhrəti qazanıblar. Onlar
haqqında “Avestada”, Homerin və Heredotun, Çin tarixçilərinin
əsərlərində, “Ramayana” və “Mahabxarat”da poemalarında,
Firdovsinin “Şəhnamə”sində, orta əsr ərəb ədəbiyyatı nümunələrində
məlumat verilmişdir. XII əsrdə yaşamış italyan səyyahı Mark Polo
öz kitabında türkmən xalçalarının gözəl və incəliyindən yazmışdır.
Türkmən xalçaları Renessans dövründə bir çox italyan rəssamlarının
yaradıcılığında əks olunmuşdur. Müasir dövrdə də türkmən xalçaları
öz aparıcı mövqeyini qoruyub saxlaya bilmişdir.

İran xalçaları. Xalçaçılıq İran incəsənətinin ayrılmaz hissəsidir.
Qərbdə daha çox “İslam xalçaları” adı ilə tanınan xalçaçılıq məhsulları
arasında İran xalçaları müxtəlif çeşid və ornamentləri ilə fərqlənir.
Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz kimi regional
mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə
edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Onu
da qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar haqlı olaraq Təbriz
xalçalarını Azərbaycan xalçaçılıq məktəbinə aid edirlər.

İran xalçaçılıq sənətinin tarixi çox qədimdir. Ən qədim
xalılardan olan Pazırıq xalısı 1949-cu ildə Sibirdəki Altay dağları

41

ərazisində yerləşən Pazırıq vadisində, Skif zadəganının məzarından
aşkarlanmışdır. Radiokarbon tədqiqatı xalının e.ə. V əsrdə toxunmasını
ortaya çıxarmışdır. Pazırıq xalısının toxunmasında istifadə olunmuş
qabaqcıl texnika, o zamana kimi bu sənətin uzun inkişaf yolu
keçdiyini göstərir. Arxeoloq Sergey Rudenko (xalçanı aşkar edən)
Pazıqır xalçasının fars, parf və ya madaylar tərəfindən toxunduğunu
qeyd etmişdir.

İran xalçaları haqqında ilk məlumat e.ə. 400-cü ilə təsadüf edir.
Yunan tarixçisi Ksenofon “Anabasis” əsərində İran xalçaları haqqında
məlumat vermişdir. Onu da qeyd edim ki, Əhəmənilər, Selevkilər və
Parfiya dövrünə aid heç bir xalça nümunəsi günümüzə qədər gəlib
çatmamışdır. Sasanilər dövründə artıq İranda döşəmə üçün xalça
toxuma üsulu məlum idi. Bu dövrüdə toxunan xalça nümunələri
Avropa kilsələrində örtük kimi istifadə edilmişdir. İran toxuyucularının
yüksək peşəkarlığı Təbəri tərəfindən də təsdiqlənmişdir. Buna misal
kimi 637-ci ildə Ktesifonu işğal etmiş ərəblərin qənimət kimi ələ
keçirdikləri “Xosrovun baharı” xalçasını göstərmək olar.

İslamın yayıldığı ilk vaxtlarda İrana səfər edən ərəb tarixçiləri
tarixdə ilk dəfə xalçaların döşəməni örtmək üçün istifadə edildiyi
haqqında məlumat vermişlər. XIII əsrdə Yaqut Həməvi Azərbaycanda
xalçaların toxunmasından xəbər verir. Lakin xalçaçılıq ən çox
Səfəvilərin hakimiyyəti dövründə inkişaf etmişdir. Bu dövr İran
incəsənətinin bütün sahələrində olduğu kimi, o cümlədən xalçaçılıq
sahəsində dirçəliş dövrüdür. Səfəvilər dövründən bizim dövrümüzə
çatmış xalçaçılıq nümunələri bu gün xalçaçılıq sənətinin ən gözəl
və mürəkkəb nümunələri kimi qiymətləndirilir. Səfəvi xalçalarının
mükəmməl və bitkin dizaynı bu xalçaların istehsal edildiyi dövrə

42

kimi xalçaçılıq sənətinin İranda uzun müddət davam edən inkişaf
yolu keçdiyini göstərir.

XV əsrin sonlarından etibarən miniatürlərdə təsvir edilən
xalçaların dizaynlarında əsaslı dəyişikliklər izlənilir. Xalçaların
mərkəzində geniş formatlı medalyonlar, yanlarında isə əyri xəttli
mürəkkəb naxışlar peyda olur. Harmoniya və ritmin əldə olunması
üçün xalçaların böyük və kiçik oxu boyunca çiçək və heyvan
təsvirləri əks olunmuşdur. Erkən kufi sərhəd dizaynları düyünlər və
islimilərlə əvəzlənmişdir. Düz xətli sadə naxışlardan fərqli olaraq, bu
yeni naxışlar daha mürəkkəb toxuma sistemi tələb edirdi. Bu xalçalar
rəssamlar kimi toxuculardan da dəzgah üzərində dəqiqliklə işləyərək,
rəssamın ideyalarını olduğu kimi əks etdirməyi tələb edir. Bu gün
bütün bu işlər etüd adlandırılan şablon vasitəsiylə həyata keçirilir.
Səfəvi istehsalçılarının bu işin öhdəsindən texniki olaraq necə gəlməsi
isə məlum deyil. Bu əsri məşhur alman sənətşünası İranda “xalça
dizaynı inqlabı” adlandırmışdır.

Səfəvilər dövründə klassik İslam xalça dizaynının təməli
qoyulmuşdur. Medalyon və künc dizaynına ilk dəfə kitab üzlüklərində
rast gəlinmişdir. 1522-ci ildə I İsmayılın fərmanı ilə Herat miniatür
məktəbinin məşhur ustadı rəssam Kəmaləddin Behzad Təbrizdə
yerləşən şah emalatxanasına rəhbər təyin olunmuşdur. Behzad sonrakı
dövr Səfəvi incəsənətinin inkişafına həlledici təsir göstərmişdir. Bizə
məlum olan Səfəvi xalçaları miniatürlərdə göstərilmiş xalçalardan
fərqləndiyinə görə, miniatür əsərləri xalçaların fərqləndirilməsi,
qruplaşdırılması və tarixinin müəyyən edilməsi üçün əsas götürülə
bilmir. Şeyx Səfi xalçası kimi bəzi xalçalarda müəllifin imzası və
toxunma tarixi qeyd edildiyinə görə, mütəxəssislər tədqiqata məhz

43

bu cür xalçalardan başlamışlar. Şeyx Səfi xalçasının miladi təqvimlə
1539-1540-cı illərdə hazırlandığı müəyyən edilmişdir. “Şeyx Səfi
xalçası” I Təhmasibin hakimiyyəti dövründə Şeyx Səfiəddinin
türbəsi üçün sifariş olunmuşdur. Digər bir yazılı xalça isə Milandakı
Poldi-Pezoli muzeyində saxlanan və 1542-1543-cü illərə aid edilən
“Ovçuluq xalçası”dır.

Şeyx Səfi xalçası
İranın cənubunda yerləşən Kirmanda Səfəvi xalçalarının
xüsusi qrupu istehsal edilmişdir. Bu xalçaların yeddi fərqli tipi
formalaşdırılmışdır: bağ xalçaları (formal bağ və su arxları təsviri
ilə), mərkəzləşdirilmiş dizayn və böyük medalyonlu xalçalar, bir
neçə medalyonlu və təkrarlanan naxışlı xalçalar, ayrıca motiv kimi
istifadə edilmiş müxtəlif səhnə təsvirləri ilə müəllif xalçaları, uzun

44

və əyilmiş yarpaqların dominant olduğu xalçalar, islimi xalçalar,
şəbəkəli xalçalar.

Kirman “vaza texnikalı” xalçalarının ən məşhur nümunələri
“Sanquşko xalçaları”dır. Bu xalçaların ən yaxşı nümunələri Sanquşko
sülaləsinin kolleksiyasında saxlandığına görə belə adlandırılmışdır.
“Medalyon və künc” dizaynı digər XVI əsr Səfəvi xalçalarına oxşasa
da, rəng və çəkilmə dizaynına görə fərqlənirlər. Mərkəzi medalyonda
qoşa insan fiqurları mərkəzi heyvan döyüşü fiqurları ilə əhatələnmişdir.
Sahədə digər heyvan döyüşləri təsvir edilmiş, atlılar isə künclərdəki
medalyonlarda göstərilmişdir. Əsas sərhəd qurşağında da loblu
medalyonlarda hurilər, heyvan ovu və ya dincələn tovuzquşuları təsvir
edilmişdir. Kirman bazarında yerləşən Gəncəli xan kompleksinin
1596-cı ildə tamamlanmış mozaikaları kimi, bu cür xalçalar da XVI-
XVI əsrin əvvəllərinə aid edilir. “Vaza texnikalı” digər iki xalçada
isə tarix göstərilmişdir. Onlardan biri 1758-ci ildə Məhəmməd Şərif
Kirmani, digəri isə 1655-1656-cı illərdə Mömin Qütbəddin Mahani
tərəfindən toxunulmuşdur.

Muasir dövrdə də İran xalçaları öz aktuallığını saxlaya bilmişdir.
Bu gün İran xalçaçılığında iki tendensiyanın şahidi oluruq. Bir
tərəfdən xalçaçılıq emalatxanaları müasir və innovativ bədii dizaynlar
yaradaraq qədim xalça dizaynlarını XXI əsrdə yenidən canlandırır,
digər tərəfdən isə təbii boyalara yenidən maraq nəticəsində kənd
xalçaçılarının toxuduğu xalçalar alınır.

Azərbaycan xalçaları. Azərbaycan xalçalarının forma, toxunma
texnikası, süjet, ornament, rəng və kompozisiya rəngarəngliyi onların
tədqiqi üçün geniş meydan açır. Xalça Azərbaycan xalqının ədəbiyyatı,

45

memarlığı, bədii miniatür və dekorativ-tətbiqi sənətinin digər növləri
ilə çoxlu tellərlə bağlıdır. Azərbaycan xalçalarının tədqiqi geniş
mənbəşünaslıq bazasına əsaslanır. Buraya həm eneolit dövründən
başlayaraq arxeoloji abidələr, həm antik və orta əsrlərin müəllif və
səyyahlarının məlumatları, həm epiqrafik abidələr, xalq folkloru və
klassik ədəbiyyat nümunələri, miniatürlər, Avropa rəssamlarının əsərləri;
tarixi sənədlər, Avropa, Rusiya, Amerika və Azərbaycan alimlərinin elmi-
tədqiqat işləri daxildir.

Eneolit dövrünün primitiv toxuculuq dəzgahlarının qalıqları,
daha sonrakı abidələrdə isə xalça dəzgahlarının özünün qalıqlarının
mövcudluğu güman edilir. Heredot buradakı boyaq maddələrinin çox
qədim vaxtlardan mövcudluğunu, parçaları boyamaq ənənəsi haqqında
yazılarında qeyd etmişdir. Tədqiqatçıların fikrincə xalçalar hələ bizim
eradan əvvəl tunc dövründə - II minillikdə mövcud olmuşdur. VII
əsr Alban tarixçisi Moisey Kalankatlı Albaniyada xalça istehsalı və
zadəganların məişətində bunlardan istifadə edilməsi barədə məlumat
vermişdir. Tarixçi Sebos Bizans hökmdarı Herakliusun 628-ci ildə
Naxçıvanda əldə etdiyi qənimətlər arasında qızıl və gümüş saplarla naxış
vurulmuş çoxlu xalçalardan söz açmışdır.

Orta əsrlər Şərq müəlliflərinin yazılarında da Azərbaycan xalçaçılığı
haqqında zəngin məlumatlara rast gəlmək mümkündür. VII əsr Çin səyyahı
Syuan Tszyan Azərbaycanı xalça istehsalının iri mərkəzi adlandırmışdır.
Arxeoloji qazıntılar zamanı VII əsrə aid edilən mağaralardan toxuculuq
dəzgahı, yun iplərin qalıqları, xalçaçılıqda istifadə olunan əmək alətləri,
keçə, çürümüş xalı və palaz parçaları tapılmışdır.

Orta əsr mənbələrində çox vaxt Azərbaycan xalçalarının
xüsusiyyətlərindən və tiplərindən bəhs edilmişdir. Bu dövrdə Mərənd,

46

Gəncə, Şəmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar
istehsal edilmişdir. Naxçıvanda, Xoyda, Muğanda, Səlmasda və
Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdır. IX-X
əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyəti
barədə məlumat vermişdir. X əsr ərəb səyyahı Əl-Məsudi qeydlərində
yazır ki, Mərənddə, Təbrizdə, Ərdəbildə “Məxfur” adlı xalçalar
istehsal edilmişdir. X əsr ərəb müəllifi Əl-Müqəddəsi Qarabağ
xalçaları, xüsusən Bərdə xalçalarının gözəlliyi və keyfiyyəti barədə
haqqında məlumat vermişdir.

Azərbaycan xalçaları haqqında yazılı ədəbiyyatda da məlumatlar
öz əksini tapmışdır. XI əsrin məşhur “Kitabi-Dədə-Qorqud” dastanında
ipək və böyük ölçülü xalçaların, xalıların adlarına tez-tez rast gəlmək
olur. XII əsr klassik Azərbaycan ədəbiyyatında xalçalarımız haqqında
çoxlu dəyərli məlumat tapmaq olar. Buna misal kimi Qətran Təbrizi,
Nizami və Xaqaninin əsərlərində qiymətli saplardan toxunmuş ipək
xalçalar barədə məlumatlara yer verilmişdir. Nizami və Xaqaninin
əsərlərində də xalçalarla bağlı terminlərə tez-tez rast gəlinir.

XI-XII əsrlər Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin
çiçəklənmə dövrü olmuşdur. Bu dövrü həm də “Azərbaycan İntibahı”
da adlandırırlar. Bu dövrdə istehsal olunan xalçalar barədə bir çox
Avropa səyyahlarının yazılarında maraqlı məlumatlar vardır. XIII
əsrdə Marko Polo Təbrizdə istehsal olunan unikal parçalar barədə
yazmışdır.

XIV əsrdən başlayaraq Azərbaycanda hazırlanan xalçalar kütləvi
şəkildə Avropaya aparılmışdı. Həmin dövrdə Venesiya və Genuya
tacirləri Azərbaycan bazarlarına daha çox axın edirdilər.

Azərbaycan xalçaçılığının “qızıl dövrü” XV-XVI əsrlər hesab

47

olunur. Xalçaçılığın inkişafına Təbriz miniatür məktəbinin böyük
təsiri olmuşdur. Bu dövrdə istehsal olunan xalçaların üç min nümunəsi
günümüzə qədər gəlib çatmışdır. Bunlardan 200-ü şedevr xalçalardır.
Səfəvi hökmdarları xalçanın ixracına xüsusi önəm vermiş və xəzinə
üçün mühüm gəlir mənbəyi kimi qiymətləndirmişlər.

XIX əsrdən etibarən Azərbaycan xalçaları müxtəlif beynəlxalq
sərgilərdə nümayiş etdirilmişdir. İlk dəfə 1852-ci ildə Moskvada
Ümumrusiya kənd təsərrüfatı və kənd sənayesi sərgisində, sonra
isə 1872-ci ildə Moskvada sərgilənmişdir. 1882-ci ildə Moskvada
Ümumrusiya sənaye və incəsənət, 1889-cu ildə Tiflisdə Qafqaz Kənd
Təsərrüfatı və Sənaye Məmulatları sərgisində Azərbaycan xalçaları
böyük müvəffəqiyyət qazanmışdı.

Azərbaycan xalçası uzun illərdən bəridir ki, alimlərimizin
hərtərəfli tədqiqat obyektinə çevrilmişdir. Bu işlə ilk məşğul olan
görkəmli xalçaşünas alim Lətif Kərimov olmuşdur. O, “Azərbaycan
xalçası” adlı üçcildli ensiklopediyanın müəllifidir. Lətif Kərimov
Azərbaycan xalçaçılığının arealını cənuba və şimala bölmədən
bütövlükdə xalçaçılığın inkişafını izləyərək, ilk dəfə olaraq xalça
növlərinin dəqiq təsnifatını vermiş, sırf Azərbaycan xalçalarını İran,
Qafqaz və s. xalçalarından fərqləndirmişdir. L. Kərimov apardığı
araşdırmalar əsasında belə bir nəticəyə gəlmişdir ki, “...Azərbaycan
həmişə Qafqaz xalçaçılığı üçün məktəb olmuşdur”. Qafqaz xalçaları
kimi şöhrət qazanmış xalça kompozisiyalarının 90%-ni Azərbaycan
ustalarının kompozisiyaları təşkil edir”.

Lətif Kərimov Azərbaycan xalçalarını həm coğrafi mövqeyinə,
həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə
görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölmüşdür:

48

1. Quba xalçaçılıq məktəbi
2. Abşeron xalçaçılıq məktəbi
3. Şirvan xalçaçılıq məktəbi
4. Gəncə xalçaçılıq məktəbi
5. Qazax xalçaçılıq məktəbi
6. Qarabağ xalçaçılıq məktəbi
7. Təbriz xalçaçılıq məktəbi

Quba xalçaçılıq məktəbi. Bu məktəbin yayıldığı arealda 35-ə yaxın
ornament kompozisiyalı xalçaları əhatə edir. Quba xalçaları geniş naxış
müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış
müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti
üslüblaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur.

Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç
hissəyə - dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür.

Dağlıq hissəyə — Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq,
Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid
etmək olar.

Dağətəyi hissədə xalça istehsalı – Əmirxanlı, Əlixanlı,
Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami,
Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq
hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı,
Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı, Aygünlü və s. kəndlərdə
mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan
xalçalar da daxildir.

Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət
ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil

49

edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş
yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları “Qədim-
Minarə xalçası”, “Qımıl xalçası”, “Alpan xalçası”, “Qollu-çiçi
xalçası”, “Pirəbədil xalçası”, “Hacıqayıb xalçası”, “Qırız xalçası”,
“Cek xalçası” və s. aiddir.

Quba xalçaçılıq məktəbi. XIX əsrin ortaları
Abşeron xalçaçlıq məktəbi. Bakı xalçaçılıq məktəbi Abşeronun
kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan,
Qala, Əmircan və digər kəndləri, həmçinin Abşerondan kənarda

50

yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və
başqa xalça məntəqələrini əhatə etmişdir. Bu xalçalar bir-birindən
parçanın yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və
işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya
cəmlənmişdir. Bu xalça məktəbinin nümunələrinin əksəriyyəti
toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna “Xilə-buta xalçaları”,
“Xilə-əfşan xalçaları”, “Novxanı xalçaları”, “Suraxanı xalçaları”,
“Qala xalçaları”, “Bakı xalçaları”, “Görədil xalçaları”, “Fatmayı
xalçaları”, “Fındığan xalçaları”, “Qədi xalçaları” və başqa çeşnilər
daxildir.

Şirvan xalçaçılıq məktəbi. Şirvan məktəbi gözəl xalçaları ilə
məşhurdur. Şirvan məktəbinə Şamaxı, Qobustan (Mərəzə), Ağsu,
Kürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu
məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinin öz bədii
və texniki xüsusiyyətləri ilə oxşar olan Salyan xalçaları da daxildir.
Şirvan xalçaları mürəkkəb və çoxlu insan, quş, məişət təsvirləri ilə
xarakterizə olunur.

Şirvan qrupuna “Şirvan xalçası”, “Kürdəmir xalçası”, “Şilyan
xalçası”, “Şirəlibəy xalçası”, “Çuxanlı xalçası”,”Bico xalçası”, “Sor-
Sor xalçası”, “Hacıqabul xalçası” və digər kompozisiyalar daxildir.
Şirvan xalçalarının bədii dəyəri haqqında VI-VIII əsr alman, ingilis
tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər.
Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında
tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr)
“Məryəm öz körpəsi ilə” əsərində “Şirvan” xalçasının təsvirini
vermişdir.


Click to View FlipBook Version