The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:06:59

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

İslam mədəniyyəti keçmişdən bu günə (kitab)

51

Bico xalçası, Şirvan xalçaçılıq məktəbi, XIX əsrin əvvəli.
Gəncə xalçaçılıq məktəbi. Gəncə şəhərini və ona yaxın kəndləri,
həmçinin Gədəbəy, Goranboy, Şəmkir və Samux rayonlarının
ərazilərini əhatə edir. Xalçaçılıq məktəbinin əsas mərkəzi Gəncə
şəhəri olmuşdur. X-XI əsrlərdən etibarən Gəncə şəhəri ən böyük ipək
istehsalı mərkəzlərindən biri olmaqla yanaşı, eyni zamanda yüksək
keyfiyyətli yun və ipək xalçaları ilə də tanınmışdır. Hətta XIII əsrin

52

birinci yarısında monqolların Azərbaycana yürüşü zamanı Gəncə
əhalisi işğalçılara ipəklə ödəniş etmiş və şəhəri dağıntılardan qoruya
bilmişdir.

Gəncə xalçaçılıq məktəbinə Gəncə, Qədim Gəncə, Faxralı,
Samux, Gədəbəy, Çaylı, Çıraqlı, Şadılı və başqa kompozisiyalar
daxildir. Gəncə xalçaçılıq məktəbinə aid olan və qədim dövrlərdə
namazlıq xalçası kimi istifadə olunmuş Faxralı xalçaları yüksək bədii
keyfiyyətləri və toxuma üsulu ilə seçilirlər.

Faxralı xalçası

53

Qazax xalçaçlıq məktəbi. Bu xalçaçılıq məktəbinə Qazax,
Gürcüstanın azərbaycanlılar yaşayan hissəsi olan Borçalı və Göyçə
xalçaçılıq mərkəzləri aiddir.

Qazax xalça mərkəzinə Qazax və onun ətraf kəndləri, Ağstafa və
Tovuz rayonları, Göyçə xalça mərkəzinə Pəmbak, Ləmbəli, İcevan,
Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazilər,
Borçalı xalça mərkəzinə isə Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan
xalça məntəqələri daxildir.

Qazax qrupuna “Şıxlı xalçası”, “Borçalı xalçası”, “Qaymaqlı
xalçası”, “Qaraqoyunlu xalçası”, “Qarayazı xalçası”, “Qaraçöp
xalçası”, “Qaçağan xalçası”, “Dağkəsəmən xalçası”, “Dəmirçilər
xalçası”, “Kəmərli xalçaları”, “Göyçəli xalçaları”, “Salahlı xalçaları”
və digər çeşnili xalçalar aiddir.

Qarabağ xalçaçlıq məktəbi. Qarabağ xalça məktəbi iki regionda
– dağlıq və aran zonalarında inkişaf etmişdir. Qarabağın dağlıq
zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq,
Dovşanlı, Girov, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı,
Qubadlı, Qozağ, Mirseyid, Xanlıq, Dağ Tumas kəndləri əsas rol
oynamışdır. Aran zonasında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli
xalça istehsalında əsas yer tutmuşdur. Onu da qeyd edim ki, öz bədii
quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur
və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə
daxildirlər.

“Aran xalçası”, “Bağçada güllər xalçası”, “Balıq xalçası”,
“Buynuz xalçası”, “Bərdə xalçası”, “Bəhmənli xalçası”, “Qarabağ
xalçası”, “Qoca xalçası”, “Ləmbəran xalçası”, “Muğan xalçası”,

54

“Talış xalçası”, “Lampa xalçası”, “Malıbəyli xalçası”, “Xanqərvənd
xalçası”, “Xanlıq xalçası”, “Xantirmə xalçası”, “Çələbi xalçası”,
“Şabalıdbuta xalçası” və digər çeşnili xalça kompozisiyalar Qarabağ
xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin
interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı – gəbələr
geniş yayılmışdır.

“Əjdaha xalçası” (Viktoriya və Albert muzeyi)
Təbriz xalçaçılıq məktəbi. Ən qədim və məşhur xalçaçılıq
məktəblərindən biridir. Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku,
Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş,

55

Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini
əhatə etmişdir.

Təbriz xalçaçılıq məktəbi Təbriz və Ərdəbil adlı iki yarımqrupa
bölünür. Təbriz qrupuna “Təbriz xalçası”, “Qeris xalçası”,
“Ləçəkturunc xalçası”, “Əfşan xalçası”, “Ağacalı xalçası”, “Dörd
fəsil xalçası” daxildir.

Ərdəbil qrupuna isə “Ərdəbil xalçası”, “Şeyx Səfi xalçası”,
“Sərabi xalçası”, “Şah Abbası xalçası”, “Mir xalçası” kimi xalçalar
aiddir.

Təbriz xalçaçılıq məktəbinə aid xalça.
Təbriz xalçaçılıq məktəbinin “Bağ-behişt xalçası”, “Bağ-meşə
xalçası”, “Balıq xalçası”, “Buta xalçası”, “Dərviş xalçası”, “Kətəbəli

56

xalçası”, “Gördəst xalçası”, “Göllü-guşəli xalçası”, “Güldanlı
xalçası”, “Leyli və Məcnun xalçası”, “Məşahir xalçası”, “Mun
xalçası”, “Namazlıq xalçaları”, “Nəcaqlı xalçası”, “Sərvistan xalçası”,
“Sərdari xalçası”, “Səhənd xalçası”, “Silsiləvi ləçək xalçası”, “Fərhad
və Şirin xalçası”, “Xəyyam xalçası”, “Xətai xalçası”, “Həddad
xalçası”, “Çərxi-gül xalçası”, “Ceyranlı xalçası” və digər klassik
kompozisiyaları da məşhurdur.

Kino. Film incəsənətin ən geniş yayılmış növüdür. Hərəkət
edən şəkilləri təsvir edir. Belə şəkillər normal halda proyektor
vasitəsilə divara və ya ekrana salınmaqla göstərilir. Hazırda kinoteatr
və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər
nümayiş olunur. Film həm də kinematoqrafiya elminin əsas predmeti
sayılır.

Kinematoqrafiyada ilk dəfə səssiz filmlər çəkilmişdir. Hərəkət
edən şəkillər bir birini əvəz etmişdir. Lümyer qardaşları sənədli
kinonun, Melyes isə oyun kinosunun, kinofantastikanın və dəhşətli
filmlərin baniləri sayılır. Melyes trük filmləri yaradanda xususi
effektlərdən istifadə etmişdir. Unikal ixtira olan stop-kadrı buna misal
göstərə bilərik.

Kinematoqrafiya ilk dəfə 1895-ci ildə Fransanın Paris
şəhərində yaranmışdır. Kino müxtəlif ölkə və cəmiyyətlərdə fərqli
adlandırılmışdır. Əvvəlcə kinemoxromofono- meqa-skopoqrafa,
iluzion, kiki və nəhayət sonda kino adını almışdır.

İlk dəfə Qərbdə yaranmasına baxmayaraq, kino Şərq dünyasında
da incəsənətin ən geniş yayılmış növlərindən biridir. Təsadüfi deyil
ki, kinematoqrafiya yarandıqdan üç il sonra 1898-ci ildə Azərbaycan

57

kino tarixinə qədəm qoymuşdur. XIX əsrin axırlarında Lumiere
qardaşlarının ixtira etdiyi “Cinemantographe” maşını artıq Bakıya da
gətirilmişdi.

Fransız fotoqraf və operator Alexandre Michonu Azərbaycan
film sənayesinin banilərindən hesab etmək olar. Belə ki, 25 ildən artıq
bir müddətdə Bakıda yaşamış Michon burada fotostudiya açmış və ilk
foto dərnəyi yaratmışdı. 1879-1905-ci illərdə Bakının gözəl məkanları,
neft çıxarılması və emalı, neft fontanları və yanğınlar haqqında o dövr
üçün ciddi xronikal süjetlər çəkilmişdi. Onun çəkdiyi “Bibiheybətdə
neft fontanı yanğını” xronikal süjetinin fraqmentləri Fransada, dünya
kinematoqrafiyasının yüz illik yubileyinə həsr olunmuş filmə daxil
edilmişdi.

XX əsrin əvvəllərində bütün dünyada olduğu kimi Azərbaycanda
da film sənayesi inkişaf etmişdir. 1915-ci ildə Pirone qardaşları Bakıda
film istehsalı labaratoriyasının əsasını qoymuşlar. Onların dəvəti ilə
Bakıya işləməyə gələn rejissor Boris Svetlov “Qadın”, “Ölümündən
yarım saat qabaq”, “Yeni üslubda köhnə hekayə” filmlərini çəkmişdir.
Çəkdiyi filmlərdən ən məşhuru, ilk Azərbaycan bədii kinosu hesab
edilən “Neft və milyonlar səltənətində” filmi olmuşdur. Film
1915-ci ildə İbrahim bəy Musabəyovun eyni adlı romanı əsasında
hazırlanmışdır. Filmdə Lütfəli bəy rolunu Azərbaycanın görkəmli
aktyoru Hüseyn Ərəblinski oynamışdı.

1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası
əsasında ilk Azərbaycan kinokomediyası çəkilmişdi. Hələ o zamanlar
qadınların səhnəyə çıxmasına icazə verilmədiyindən Gülçöhrə
rolunu Əhmən Ağdamski, Cahan rolunu isə Y.Nərimanov tərəfindən
canlandırılmışdı.

58

Azərbaycan Xalq Cümhuriyyəti dövründə çəkilmiş filmlərə
misal kimi Azərbaycanın müsəqilliyinin ildönümünə həsr olunmuş
“Təntənə” filmini (1919) qeyd etmək olar.

Azərbaycan kino sənətinin yeni mərhələsi ölkədə sovet
hakimiyyətinin qurulmasından sonra başlayır. Film sənayesi
Sovetlər birliyinin əlində cəmləşdiyi üçün çəkilən filmlərin ideya
və məzmununa ciddi nəzarət qoyulmuşdu. Sovet ideologiyası
mövzusu filmlərin əsas qayəsini təşkil etmişdir. Xalq Təhsili
Kommissarlığının tərkibində yaradılmış İncəsənət şöbəsinin film
bölməsi bu sahəyə nəzarət edən ciddi bir dövlət qurumu idi. 1922-
ci ildə Azərbaycanfilm kinostudiyasının sələfi sayılan ilk film
istehsalı şirkəti yaradılmışdır. 1923-cü ildə yaradılmış Azərbaycan
Foto-Kino İdarəsi bütün özəl foto, kinoteatr və prokat idarələrinin
milliləşdirilməsi və birləşmiş nəzarətini həyata keçirmişdir. Elə
bu dövrlərdə ilk Azərbaycan Sovet filmi sayılan “Qız qalası” filmi
çəkilmişdir.

Bu dövrdə bütün bu sıxıntılara və nəzarətə baxmayaraq
Azərbaycan kinosunun inciləri sayılan bir çox filmlər xalqa təqdim
olunmuşdur. Bunlara misal kimi “Bakılılar”, “O olmasın bu olsun”,
“Arşın mal alan”, “Qızmar günəş altında”, “Bir məhəlləli iki oğlan”,
“Sən niyə susursan”, “İstintaq davam edir”, “Onu bağışlamaq
olarmı” “Ulduz”, “Görüş”, “Nəsimi”, “Yeddi oğul istərəm”, “Dəli
Kür”, “Axırıncı aşırım”, “Mən ki gözəl deyildim”, “Bəxtiyar”,
“Əhməd haradadır”, “Şərikli çörək”, “Bəyin oğurlanması”,
“Papaq”, “Gün keçdi”, “Təhminə” və s. filmləri göstərmək olar. Bu
filmlər hətta indi də müasir tamaşaçı tərəfindən diqqətlə izlənilən
əsərlər sırasındadır.

59

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
mədəniyyəti də yeni mərhələyə qədəm qoymuşdur. I Şərq-Qərb
Bakı Beynəlxalq Film Festivalı keçirilmişdir.

Müasir dördə vətənpərvərlik filmlərdə başlıca mövzulardan
birinə çevrilmişdir. Bu mövzuda “Ağ atlı oğlan”, “Ümid”, “Fəryad”,
“Arxada qalmış gələcək”, “Yalan” və s. filmlər çəkilmişdir. Bu
filmlərdə müharibənin çətinlikləri, vətənpərvərlik, mübarizə,
qələbəyə ümid ifadə olunmuşdur.

90-cı illərdən başlayaraq müasir Azərbaycan kinosu beynəlxalq
film festivallarında iştirak edir. 1996-cı ildə Hüseyn Mehdizadənin
“Özgə vaxt” filmi Beynəlxalq Madrid Film Festivalında “Ən
yaxşı rejissor” və “Ən yaxşı gənc aktrisa” nominasiyalarında qalib
olmuşdur. Bundan başqa, Oqtay Mirqasımovun “Ovsunçu”, Yavər
Rzayevin “Sarı gəlin”, Eldar Quliyevin “Girov” filmləri də müxtəlif
beynəlxalq festivallarda mükafata layiq görülmüşdür.

İslam incəsənətinə kino sahəsində töhfə verən ölkələrdən biri də
Misir olmuşdur. İslam dünyasının elm, mədəniyyət mərkəzi hesab
edilən Misir Ərəb Respublikasında kino sənətinin yaranması 1925-ci
ilə təsadüf edir. Lakin əcnəbi kino mütəxəssisləri burada ilk çəkilişləri
hələ Birinci Dünya müharibəsindən də əvvəl aparmışlar. 1925-ci ildə
təsis edilən Qahirə kinostudiyası və digər kino istehsalçı qurumları
fəaliyyətlərinin ilk illərində əcnəbi rejissor və texniki işçiləri özünə
cəlb etmişdir.

1945-46-cı illərdə 338 Misir filmi Hindistan, İndoneziya, Tunis,
Əlcəzair, Mərakeş kimi ölkələrə eksport olmuşdur. Bunun əsas səbəbi
Misir kinosunun ərəb və İslam dünyası ilə demək olar ki ki, eyni dildə
danışması islami, eləcə də bəşəri dəyərləri özündə birləşdirməsi ilə

60

bağlı idi. Bununla da Ərəb kinematoqrafiyasının lokomotivi hesab
olunan Misir kinosu, əsasən, II Dünya Müharibəsi dövründə bölgənin
ən böyük kinematoqrafiyası halına gəlmiş, qonşu ölkələrə film ixrac
edən brendə çevrilmişdir.

Misir kinosunda İslam və Xristian dinlərinin həmrəyliyi,
tolerantlıq ənənələri aparıcı mövqe tutmuşdur. Bu tipli filmlərin
inkişafı tanınmış kinorejissor Yusif Şahinin adı ilə bağlıdır. Misirin
qibtilər, yəni xristianlar yaşayan məhəlləsinə məsub olan Yusif Şahin
“Vadidə döyüş” filmi ilə kino sahəsində öz imzasını qoymuşdur.

Yusif Şahin 1963-cü ildə yazıçı Nəqib Məfhuzun eyniadlı romanı
əsasında “Səlahəddin” bədii filmini çəkmişdir. Filmdə baş verən
hadisələr XII əsr Misir hökmdarı, Səlib yürüşlərinə qarşı mübarizə
aparmış İslam dünyasının görkəmli sərkərdəsi Səlahəddinin döyüş
yolundan bəhs edir. Film FİPRESSİ - Ümumdünya Kinotənqidmiləri
Assosiasiyası tərəfindən “Dünyanın 100 kino incisi” siyahısına daxil
edilmişdir.

1976-ci ildə Kamal Əl-Malik, Yusif Şahin, Ömər Şərif və
digər tanınmış kinematoqrafçılar Ümumdünya Kinoprodüserlər
Assosiasiyasına müraciət edərək, ərəb və islam dünyasının ilk
nüfuzlu Festivalının rəsmi qeydiyyatdan keçirilməsini xahiş etmişlər.
Elə həmin ildə Misirdə möhtəşəm Qahirə Beynəlxalq Film Festivalı
fəaliyyətə başlamışdır. Festival qeyri-rəsmi şəkildə Şərqin Oskarı
adlandırılmışdır. Hər il dünyanın 50-yə yaxın ölkəsindən qonaqlar
qəbul edən Qahirə Beynəlxalq Film Festivalı dünyanın “A”
kateqoriyalı festivalları siyahısına daxil edilmişdir.

Misir kinematoqrafçılarının çəkdikləri “Qahirə Sakinləri”,
“Zaat” çoxseriyalı bədii televiziya filmlərində Xristian İslam dialoqu,

61

Misirin İslam mədəniyyətin ayrılmaz tərkib hissəsi olduğu bir daha
öz əskini tapmışdır.

İslam mədəniyyətində türk kinosunun özünəməxsus rolu
olmuşdur. Türklərin kinoteatrla tanışlığı 1895-ci ildən başlayır.
Türkiyədə xalqa açıq ilk kinoteatr 19 Mart 1910-cu ildə, İstanbulda
Şahzadəbaşında “Milli Kino” adı altında fəaliyyətə başlamışdır.
Türkiyədə kinoteatrın təşəkkülü I Dünya Müharibəsi dövründə
baş vermişdir. Filmlərin təbliğat amili kimi əhəmiyyətli olduğunu
görən Osmanlı İmperiyasının Ali Baş Komandan vəkili və Hərbi
naziri vəzifələrini icra edən Ənvər Paşa 1915-ci ildə Mərkəzi Ordu
Kinoteatr Dairəsini quraraq, türk kinoteatrının əsasını qoymuşdur.
Türk kino tarixində ilk film 14 Noyabr 1914-cü ildə Fuad Uzkınayın
çəkdiyi “Ayastеfanоsdakı rus abidəsinin yıхılmаsı” sayılır. 1916-cı
ildən başlayaraq Müdafiə Milli Cəmiyyəti Almaniyadan gətirilən
avadanlıqlarla müharibə mövzularına aid filmlər çəkməyə başlamışdır.

1917-ci ildən artıq komediya janrında filmlər çəkilmişdir.
1949-cu ildə ilk qorxu filmi, 1953-cü ildə isə ilk rəngli türk filmləri
hazırlanmışdır.

Hazırda türk filmləri sujet xəttinə görə özünəməxsusluğu ilə
seçilir. Təkcə Türkiyədə yox, digər ölkələrdə də popuryarlıq qazanan
türk filmləri maraqla izlənilir.

62

Ədəbiyyat

İslamın böyük töhfələr verdiyi sahələrdən birinin ədəbiyyat
olduğu hər kəsə bəllidir. Müsəlmanların yaratdığı poeziya digər
mədəniyyət varislərini valeh etmişdir. Çətin bir dönəmdə yaşayan
şairlər əbədi yaşayacaq mükəmməl əsərlər ərsəyə gətirmişdilər.
Bir şeirdə zamanın elmi nailiyyətləri, ictimai-siyasi durumu, adət-
ənənələri, ən əsası isə şairin idealları öz əksini tapırdı. Bütün bunlar
həm xəttatlıq baxımından, həm də şeiriyyat baxımından incə və
nəfis formada tərtib olunurdu. (Əlyazma kitabların bədii tərtibatı
hissəsində kitabların necə tərtib olunması barədə geniş məlumat öz
əksini tapmışdır.) Nəticədə ortaya mükəmməl bir iş çıxırdı.

Ədəbiyyata keçməzdən öncə bir şeyi qeyd edim ki, müxtəlif
dillərdə danışan xalqların bir-biri ilə iqtisadi, siyasi, mədəni əlaqələr
yaratmasında ümumi dilin olması zəruridir. Müsəlman aləmində
ərəb və bəzən fars dillərini bilmədən yazıb-yaratmaq, ticarət etmək
və diplomatik əlaqələr qurmaq mümkün deyildi. Qurani-Kərimin
nazil olduğu ərəb dili fərqli etnik mənsubiyyətə malik müsəlmanların
bir-biri ilə təmas qurması üçün mühüm rola malik idi. Ərəb dilinin
qrammatik və ədəbi etalonu qismində Qurani-Kərim qəbul edilmişdi.
Bu baxımdan dilçilik həm də ilahi kəlamın başa düşülməsi üçün
bir vasitə rolunu oynayırdı. Həmçinin cahiliyyət dövründə ərəb
dilində yazılan mənbələr də araşdırılır, sözlərin mənşəyi və mənaları
dəqiqləşdirilirdi. Bu isə bütün müsəlman xalqlarının mədəniyyətinə
böyük təsir etmişdir.

Müsəlman dünyasının dünya ədəbiyyatına verdiyi töhfələrdən

63

danışmazdan öncə Məhəmməd peyğəmbərin sözə, şeirə münasibətini
vurğulamaq yerinə düşərdi. Məhəmməd peyğəmbərin şeir haqqında
“Şeir söz kimidir. Yaxşısı yaxşı söz kimi, pisi pis söz kimidir”
(Ədəbül-Mufrəd, 865); “Şeirin bir qismi hikmətdir” (Səhih əl-Buxari,
6145) və digər bu kimi hədisləri göstərir ki, müqəddəs kitabımızda
tənqid olunan yalançı şairliyi qəbul etməmiş, eyni zamanda əsl
şairlərə və onların iman nuru ilə yoğrulan dəyərli əsərlərinə yüksək
qiymət vermişdir.

Peyğəmbərin İslamı qəbul edən, eləcə də etiqadı müsəlman
əqidəsinə yaxın olan şairlərin əsərlərini bəyənməsi ilə bağlı hədislər
də mövcuddur. Şərid deyirmiş ki, mən peyğəmbərin tərkində yol
gedərkən ona Umeyyə ibn Əbu Səlt əs-Şəfəqinin şeirlərindən yüz
beyt oxudum. Mən hər dəfə bir beyt oxuduqda o mənə “davam et!” -
deyirdi. Nəhayət, mən ona yüz beyt oxudum. Sonra Peyğəmbər mənə
belə dedi: “O, az qala müsəlman olacaqdı”...

Bütün bunlardan, eləcə də digər hədislərdən aydın olur ki,
Məhəmməd peyğəmbər həqiqi şeiri sevmiş və ona dəyər vermişdir.
İslam ideyalarının yayılmasında imanlı, əxlaqlı sənətkarların rolunun
böyük olması ilə bağlı tarixi faktlar da az deyildir.

Ədəbiyyat sahəsində bir çox müsəlman ədiblərin mədəniyyətə
böyük töhfələri olmuşdur. Burada bütün yazıçı və şairlər haqqında
məlumat vermək qeyri-mümkündür. Lakin bir neçə müsəlman ədibi
haqqında məlumat vermək doğru olardı. Onu da qeyd edim ki, İslam
mədəniyyətinə azərbaycanlı yazarlar da böyük xidmətlər göstərmişdir.

Əbdülqasım Firdovsi. Dünya ədəbiyyatı tarixində özünəməxsus
yer tutan “Şahnamə” əsərinin müəllifi Ə. Firdovsi (940-1020/1030)
haqqında məlumat çox azdır. Tarixi məlumatlara əsasən, o, Şərqi

64

İranda, indiki Tacikistan ərazisində X əsrin ortalarında dünyaya
gəlmişdir. O, “firdovsi” (mənası “cənnət”, “behişt”) sözünü özünə
ləqəb götürmüşdür. Şair bu ləqəblə bütün dünyada məşhurlaşmış və
tanınmışdır.

Ə. Firdovsinin yaratdığı möhtəşəm “Şahnamə” poeması 120.000
beytdən, yəni – 240.000 misradan ibarətdir. Bu dünya ədəbiyyatı
tarixində ən möhtəşəm poemadır.

Ömər Xəyyam. Səlcuq dövlətinin Xorasan vilayətinin
Nişapur şəhərində anadan olmuşdur. Ömər Xəyyam (1048-1131)
gənc yaşlarında doğma şəhəri Nişapuru tərk etmiş və uzun sürən
məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmuşdur. 1074-cü ildə
İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət almışdır. 1092-ci
ildə İsfahanı tərk etmişdir.

O, Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira
dolu rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan
silinən Xəyyamın rübailəri Avropada Edvard Fitsjeraldın tərcümələri
ilə tanınmışdır.

Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından
biri olmuşdur. “Riyazi problermlərin nümayişinə dair” traktatı ilə
riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində
Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla –
hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin
heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürdüyü
də bildirilir.

İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə
problemləri ilə də məşğul olmuşdur. O, İbn Sinanın böyük elmi
irsini diqqətlə öyrənmiş, bir neçə əsərini ərəb dilindən fars dilinə

65

çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini – “Varlıq və zərurilik
haqqında traktat”ı 1080-ci ildə yazmışdı.

Ömər Xəyyam müxtəlif elm sahələrində müxtəlif əsərlər
yazmışdır. Onun əsərlərindən 18-i bizə məlumdur.

Sədi Şirazi. Şərq ədəbiyyatının görkəmli nümayəndələrindən
biridir. Sədi gənc yaşlarından ərəb ədəbiyyatını və İslam dinini
dərindən öyrənmək üçün Bağdada köçmüşdür. Şair ömrünün böyük
qismini İraqı, Anadolunu, Suriyanı, Misiri, həmçinin Mərkəzi Asiyanı
və Hindistanı gəzməyə, orada yaşayan insanların həyat tərzi ilə tanış
olmağa həsr etmişdir.

Sədinin ən məşhur əsərləri “Bustan” (1257) və “Gülüstan”dır
(1258). “Bustan” lirik janrda yazılmış nəsihətlərdən, təvəzökarlıq,
bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı
əsərdə dərviş mədəniyyəti haqqında məlumat verilmişdir. “Gülüstan”
epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli
sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Hər iki əsər
1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara
təqdim edilmişdir.

Hafiz Şirazi. XIV əsr İran sufi şairidir. Yazdığı qəzəllər mistik
düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl
incilərindən sayılır.

Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də
rast gəlmək mümkündür. O, şeirlərində dərin və abstrakt fəlsəfi fikirlər
ifadə etmişdir. Şair dünyanı tez-tez “viranə” bir yerə bənzətmiş, insan
həyatını xəyalı və aldadıcı bir dövr saymışdır.

Ondan bir əsr əvvəl yaşamış Sədidən fərqli olaraq, Hafiz şeirlərini

66

bir məcmuəyə – divana toplamamışdır. Buna görə də Hafizin yazdığı
qəzəllərin dəqiq sayı məlum deyil.

Xaqani Şirvani. 1126-ci ildə Şamaxının Məlhəm kəndində
anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif
elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik
istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və
orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs
edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və
təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini
Təbrizdə keçirmişdir. 1199-cu ildə vəfat etmiş və Təbrizin “Şairlər
qəbiristanlığı”nda dəfn edilmişdir.

Şairin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, “Töhfətul-
İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60
məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə,
mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu
əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə”
şeirləri və Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan
“Töhfətul-İraqeyn” poeması daxildir.

Nizami Gəncəvi. Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami
Gəncəvi (1141-1209) özünün böyük və əbədiyaşar sənəti ilə
bütün bəşəriyyətə məxsus qüdrətli ədəbi şəxsiyyətdir. O, Gəncə
mədrəsələrində təhsil almış, şəxsi mütailə sayəsində orta əsr elmlərini
mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı
ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və
fars dillərini də incəliklə bilən şairin yunan dili ilə də tanış olduğu,

67

həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və
həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur.

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır.
Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl
və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Şairin lirikası yüksək
sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında
humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya
ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət
“Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə
bitirdiyi “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) adlı ilk poeması şairə
böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı
“Xosrov və Şirin” poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd
Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra
taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə
görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir
kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə
“Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş etmişdir.
Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə, də oğlunun təkidi
ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını
yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi
gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik,
ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqribən
1203) poemasını qələmə almışdır.

Nizami yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə
Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd,
türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü
təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

68

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə
tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox
şəhərlərin (Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran,
Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey
və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

İmadəddin Nəsimi. Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin
Nəsimi (1369-1417) Şamaxıda anadan olmuşdur. Azərbaycan şairi,
mütəfəkkir “İmaməddin Nəsimi” adı ilə məşhurdur. İlk təhsilini
Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat
və astronomiyanı öyrənmişdir. X əsrdə Bağdadda dara çəkilmiş
Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk
şerlərini “Hüseyni” təxəllüsü ilə yazmışdır. XIV əsrin sonlarında
Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır.
Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək,
bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu
vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən “Nəsimi”
təxəllüsünü qəbul etmişdir.

1394-cü ildə Nəimi edam edildikdən sonra onun
“Vəsiyyətnamə”sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya
(Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana
salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada
həbs olunmuş, “kafir”, “dinsiz” elan edilərək Misir sultanının əmri və
ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur.

Yaradıcılığa lirik şerlərlə başlayan Nəsimi sonralar dövrün
siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmışdır. Azərbaycan
ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisidir.
Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi

69

dilinin inkişafında mühüm bir mərhələdir. Nəsiminin yaradıcılığı
dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək
baxımından müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan
şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol
oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə
uyğunlaşdırmağa çalışmışdır. Şair Azərbaycan ədəbiyyatında ana
dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yaratmışdır. Onun
rübailəri, tüyuğları bədii quruluş və məzmunca orijinal və qiymətlidir.
Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat
və kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə
olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın
Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar
içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı
əsərlər Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların
yaradıcılığına qüvvətli təsir göstərmişdir.

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi
fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin
irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm
əhəmiyyətə malikdir. Nəsimi irsinin müasir humanitar düşüncənin
tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin
təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq Prezident İlham
Əliyev 2019-cu ili Azərbaycan Respublikasında “Nəsimi ili”  elan
etmişdir.

Şah İsmayıl Xətai. Azərbaycanın ictimai-siyasi tarixində
müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai (1487-1524) şair-
hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah

70

Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz
altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan
dövlətini qurub genişləndirmiş, həm də anadilli ədəbiyyatımızın
inkişafında müstəsna rol oynayaraq, Füzuli zirvəsinə keçidi bilavasitə
hazırlamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif
janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə
etməkdədir. Poeziyada Xətai daha çox sadə xalq dilində əsərlər
yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı,
bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik
örnəklər də yaratmışdır. Şairin şirin bir dillə qələmə aldığı “Dəhnamə”
(“On məktub”) poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk
əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik
təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə
qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.

Xətai həm də didaktik janrda gənc nəslin təlim-tərbiyəsinə
ünvanlanmış “Nəsihətnamə” poemasını qələmə almışdır. Onun
siyasi fəaliyyəti, həyatı və yaradıcılığı təkcə Azərbaycanda deyil,
bütün dünya şərqşünaslığında dərin maraq doğurmuşdur. Bu marağın
təsiri altında indiyə qədər də Azərbaycan şairi və siyasi xadimi Şah
İsmayılın həyat və yaradıcılığı müxtəlif şərqşünas nəsillərinin tədqiqat
obyektinə çevrilmişdir.

Məhəmməd Füzuli. XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında
İntibah ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında
“qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Məhəmməd
Füzulinin (1494-1556) yaradıcılığını çox vaxt Qərb mədəniyyətində
Barokko ilə müqayisə edirlər. Füzuli üç dildə - ərəb, fars və türk

71

dillərində ölməz əsərlər yaratmışdır. Şairin hər üç dildə “Divan”ları,
ərəbcə “Mətləül-etiqad” adlı fəlsəfi traktatı vardır. Sayca fars
“Divan”ı, sanbalca türk “Divan”ı daha üstündür. Ana dilində qələmə
aldığı qəsidələri orta əsrlər ədəbiyyatında bu janrın parlaq inciləri
səviyyəsindədir. Azərbaycan dilində yazılmış “Leyli və Məcnun”
(1536) poeması isə bu janrda qələmə alınmış unikal örnəklərdən
biridir. Doğrudur, Füzuliyə qədər böyük Nizami fars dilində, Nəvai,
Zəmiri və Həqiri türk dilində bu mövzuda əsərlər qələmə almışdılar.
Ancaq bu poemaların heç birində məhəbbətin Füzuli interpretasiyası
nəzərə çarpmır, yəni Füzuli bunların hamısından fərqli bir əsər
yaratmağa müvəffəq olmuşdur. Poemanın əvvəlində əsərin ilahi eşqə
bir məcaz olduğunu göstərsə də, Füzuli əsər boyu canlı, real, bütün
ziddiyyətləri ilə qəbul edilən insan obrazları yaratmışdır.

Füzuli Azərbaycan ədəbi dilinin sonrakı inkişafında, ən yüksək
səviyyədə şeir dilinə çevrilməsində müstəsna rol oynamışdır. Nəsr
dilinin inkişafında da böyük xidmətləri olan şair ölməz “Şikayətnamə”
əsəri ilə ədəbiyyatın bu sahəsinə özünün layiqli töhfəsini vermişdir.
Şairin həcmcə ən böyük “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”)
əsərinin də əsas mətni nəsrlə yazılmış, şeir parçalarından istifadə
etmişdir.

Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz
türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər
sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarstan,
Özbəkistan, Türkmənistan, hətta uzaq Uyğurstanda belə Füzulinin
əsərləri indiyə qədər oxunur və araşdırılır.

Əlişir Nəvai. Nizaməddin Əlişir Nəvai (1441-1501) indiki
Əfqanıstanın Herat şəhərində zadəgan ailəsində anadan olmuşdur.

72

Dövrünün böyük mədəniyyət mərkəzlərindən olan Herat, Məşhəd
və Səmərqənd şəhərlərində dini və dünyəvi təhsil almışdır. Erkən
çağlardan ədəbiyyata böyük maraq göstərib, özbək və fars dillərində
şeirlər yazmışdır.

Əlişir Nəvai özünü hər zaman dünya ədəbi-fəlsəfi fikrinin
öndəri Nizami Gəncəvinin tələbəsi hesab etmişdir. Altı divan
yaradan mütəfəkkir şairin ilk şeirləri “Bədayeul-bidayə” (1470)
adlı divanında toplanıb. Şair ikinci divanını “Nəvadirul-nəhayə”
adlandırıb. Özbək dilində yazdığı lirik şeirləri “Çahar divan”da
(“Qəraibüs-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadirül-şəvab”
(“Gənclik nadirlikləri”), “Bədaiyul-vəsət” (“Orta yaşın gözəllikləri”),
“Fəvaidül-kibar” (“Böyüklüyün faydaları”) toplanıb. Fars dilindəki
qəzəlləri isə “Divani-Fani” adı ilə məşhurdur.

Şair türkcə şeirlərini “Nəvai”, farsca əsərlərini isə “Fani” təxəllüsü
ilə qələmə almışdır. Ömrünün son illərində yaratdığı bədii əsərlərində
sufiyanə fikirlər daha qabarıq nəzərə çarpır. Onun türk dilində yazdığı
“Lisanüt-teyr” (“Quşların dili”) adlı məsnəvisində sufi dünyagörüşü
xüsusilə geniş işıqlandırılıb.

Türk və fars dillərinin qarşılıqlı müqayisəsinə həsr olunan
“Mühakəmətül-lüğəteyn” (“İki sözlüyü qarşılaşdırma”) adlı
təzkirəsində müəllif bu dillərin özünəməxsusluqlarını müxtəlif
aspektlərdən araşdırmışdır. Müəllif bu təzkirəni türk dilini zəif
sayaraq öz əsərlərini farsca yazan qələm sahiblərinə, müasirlərinə
və soydaşlarına ithaf etmişdir. Təsadüfi deyil ki, özbək ədəbiyyatının
banisi sayılan Əlişir Nəvainin beş divanının dördü türkcə, biri isə
farsca yazılmışdır. Onun beş poemadan ibarət (“Heyrətül-əbrar”,
“Fərhad və Şirin”, “Leyla və Məcnun”, “Səbeyi-səyyarə”, “Səddi-

73

İsgəndəri”) əsərləri türk dilində yaradılan ilk “Xəmsə“ hesab olunur.
Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır.

Şair görkəmli filosof ədiblərdən Xaqani, Nizami və Nəsiminin
əsərlərini dərindən öyrənib və onlara cavab yazmışdır. Əsərləri bir
sıra xalqların dillərinə tərcümə olunmuşdur. Əlyazmaları dünyanın
məşhur kitabxanalarında mühafizə edilir.

Mirzə Fətəli Axundzadə. Onun (1812-1878) maarifçi-realist
görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol
oynamışdır. Axundzadənin 1850-1855-ci illər arasında yaratdığı altı
dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatında ədəbi
məktəb formalaşdırmışdır. Mirzə Fətəli Axundzadə Azərbaycan
ədəbiyyatının ən qabaqcıl ənənələrini davam etdirərək, təkcə bir
yazıçı və şair kimi deyil, həm də alim, filosof, ictimai xadim kimi çıxış
etmiş, bütün yaradıcılığının qayəsini xalqının xoşbəxt həyatının təmin
edilməsində görmüşdür. Xalqın maariflənməsində, çağdaş ədəbi-
mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədəbiyyatın roluna
yüksək qiymət verən M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında
əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı
komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-
Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-
məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-
Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə
vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir. Onun
“Kəmalüddövlə məktubları” (1865), “Aldanmış kəvakib” (1857)
kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və dövlət
quruluşundakı nöqsanları deyil, eyni zamanda, ədibin özünün də

74

içərisində yaşadığı ictimai mühitin və siyasi quruluşun eyiblərini açıb
göstərirdi.

Nazim Hikmət. Nazim Hikmət (1902-1963) zadəgan ailəsində
anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə
daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə
şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. “Sərvliklərdə”
adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunmuşdur.
1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada
Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil almışdır.

1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi “Oraq-çəkic”
qəzetində, “Aydınlıq” jurnalında əsərləri yayımlanmışdır. 1928-ci
ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şerlər kitabı
çapdan çıxmışdır.

1929-cu ildə “835 sətir”, 1930-cu ildə “Baron-3”, 1930-cu ildə
“1+1=1”, 1931-ci ildə “Səsini itirmiş şəhər” kitablarındakı şerlərdə
xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır.
1924-cü ildə yazdığı “Cokonda və Şi-Ya – u” poeması, 1932-ci ildə
yazdığı “Benerci özünü niyə öldürdü” mənzum romanı imperializmin
müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun “Kəllə”, 1932-ci ildə
“Bir ölü evi” (“Mərhumun naləsi”), “Bayramın ilk günü”, 1935-ci
ildə “Şöhrət və ya unudulan adam” pyeslərində kapitalizm quruluşu
kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini
yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şer toplusuna görə
5 il həbs cəzasına məhkum olunmuşdur. Yazar bundan sonra demək
olar ki, hər yeni çap olunan kitabına görə həbs edilmişdir.

1935-ci ildə yazdığı “Taranta Babuya məktublar” poemasında,

75

1936-cı ildə qələmə aldığı “Alman faşizmi və irqçiləri” publisistik
əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunmuşdur.
1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – “Şeyx
Bədrəddinin dastanı” çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış
ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim
Hikmət məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan
məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa”
pyeslərini və s. əsərlərini yazmışdır. Şair həbsxanada çətin şəraitdə
olsa belə möhtəşəm əsərlər yaratmaqda davam etmişdir.

1952-ci ildə “Türkiyədə”, 1955-ci ildə “Qərib adam”, 1956-cı ildə
“İvan İvanoviç vardımı, yoxdumu”, 1960-cı ildə “Domokl qılıncı”
və s. pyeslərini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və
əsərlərinin süjetləri əsasında”Bir məhəlləli iki oğlan”, “Sevdalı
bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim
mənim” adlı filmlər çəkilmişdir.

Məhəmmədhüseyn Şəhriyar. Məhəmmədhüseyn Şəhriyar
(1906-1988) XX əsr Azərbaycan ədəbiyyatının nəhəng, qüdrətli
ədəbi simasıdır. Şəhriyarın adını və sənətini Azərbaycanın şimalı,
yaxud cənubu ilə məhdudlaşdırmaq qeyri-mümkündür. Ustad şairin
əsərləri dünya dillərində, xüsusən fars, ingilis, fransız və s. yayılmış,
öz müəllifini geniş miqyasda tanıdaraq şöhrət qazandırmışdır.

O, yaradıcılığa farsca şeirlər yazmaqla başlayıb, bu dildə gözəl
əsərlər yaradıb. Buna baxmayaraq sənətkarı xalqa sevdirən məhz
ana dilində yazdığı əsərlər olmuşdur. Ona dünya şöhrəti qazandıran
“Heydərbabaya salam” poeması yazıldığı gündən böyük əks-səda
doğurmuşdur. Əsər Azərbaycan ədəbi ictimaiyyətində 1958-ci ildən

76

tanınmağa başlamışdır. “Ədəbiyyat və incəsənət” qəzetinin 1958-ci
il 14 sentyabr sayında professor Həmid Məmmədzadənin “Şəhriyar
Təbrizi” adlı məqaləsi dərc olunmuşdur.

O, klassik şeirin bir çox janrlarında əsərlər yazmışdır. Ədəbiyyatı
yüksək məzmunlu, mükəmməl qəzəl, qəsidə, məsnəvi, qitə və
rübailərlə zənginləşdirmişdir. Hafiz Şirazidən sonra Şəhriyarın
şeirləri İranda lirikanın ən yüksək pilləsi hesab olunmuşdur. Şairin
dərin fikirlər, incə duyğular tərənnüm edən qəzəlləri xalq arasında
geniş yayılmışdır.

Səməd Vurğun. Səməd Vurğun (1906-1956) sovet dövründə
yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan
təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini,
humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə
mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir.
Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı,
obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun
“Azərbaycan” şeirinə, “Aygün”, “Muğan” kimi epik poemalarına,
“Vaqif”, “İnsan” mənzum dramlarına borcludur.

O, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin
“Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”,
Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə
tərcümə etmişdir.

S. Vurğunun yazdığı siyasi məzmunlu və lirik şeirlər 1930-
cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
1934-cü ildə isə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı
kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının

77

dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını
və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız
1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır.

1937-ci ilin ikinci yarısında S. Vurğun özünün ölməz dram
əsərini – “Vaqif”i yazmış və 1941-ci ildə həmin əsərə görə “Stalin
mükafatı”na layiq görülmüşdür. 1939-cu ildən başlayaraq o, Nizami
Gəncəvi haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş,
onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə
çevirmişdir. 1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və
Şirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” mənzum
dramını yazmış və bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq
görülmüşdür.

1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən
dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri
çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda
yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək
hərbçilər arasında yayılmışdır. S.Vurğunun müharibədən sonrakı
dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca
“Muğan” (1948), “Aygün” (1950-1951) və “Zamanın bayraqdarı”
(1952) poemalarını qələmə almışdır.

Çingiz Aytmatov. Çingiz Torekuloviç Aytmatov (1928-2008)
qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısıdır.

8-ci sinfi bitirdikdən sonra Ç. Aytmatov Cambul zootexnikumuna
daxil olmuşdur. 1948-1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd
Təsərrüfatı Universitetində təhsil almışdır. 1952-ci ildə dövri
mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başlamışdır.

Yazarın yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi,

78

həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya
ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz
bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda
yeganə mövzu insan omuşdur.

Seçilmiş əsərlərinin bircildliyinə böyük yazıçının “Gün var əsrə
bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla
qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri daxil edilmişdir.

Yazıçı ən adi həyat hadisələrini belə qlobal səviyyəyə qaldırmağı,
ona ən yüksək fikir zirvəsindən baxmağı bacaran sənətkardır. O təsvir
etdiyi böyük hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür
və göstərir. Onun əsərlərində bəzən ən adi məsələ günəş damlada
əks olunan kimi, ümumdünya məsələsi kimi götürülür. Buna görə
də Ç. Aytmatovun əsərləri yalnız öz ölkəsində deyil, bütün dünyada
maraqla qarşılanır.

Yuxarıda sadalanan bir qisim şair və yazıçılardan artıq bəlli olur
ki, İslam mədəniyyəti ədəbiyyat sahəsində dünya ədəbiyyatına necə
gözəlliklər bəxş etmişdir. Bu bədii irsi davam etdirmək və yaşatmaq
düşünürəm hər bir müsəlmanın mənəvi borcudur.

79

Memarlıq
İslam memarlığının yaranması və inkişafı

İslam dini yarandığı vaxtdan etibarən müsəlmanlar bütün elm
sahələrində axtarşılara başladılar. Bu yolda bir çox uğurlara və
yeniliklərə nail oldular. İslam mədəniyyətinin bir qolu kimi İslam
memarlığı da yarandı və inkişaf etməyə başladı. İslam dünyasında
yeni tipli memarlıq abidələri – məscid, mədərəsə, came, türbə və digər
tikililərin inşaası İslam memarlığının inkişafı üçün zəmin yaratdı.

İslam memarlığı müsəlmanda gözəlliyə, kamilliyə meyl yaradır
və möminlərin baxışlarını vahid Allaha doğru yönəldir. Müsəlmanlar
yüzlərlə bənzərsiz memarlıq abidələri, ibadət evləri yaratmışlar.
Həmin tikililər İslam memarlığının ən uca abidələridir.

İslam memarlığının ilk tikilisi Xatəmul-Ənbiya tərəfindən
tikilmişdir. Bu məscidi Məhəmməd peyğəmbər 623-ci ildə Mədinədə
öz evinin yanında tikdirmiş və inşaasında özü də iştirak etdiyi üçün
tikili “Məscidi-Şərif” adlandırılmışdır. Bu tikili bundan sonra tikilən
bütün məscidlər üçün prototip kimi götürülmüşdür.

Belə demək mümümkündürsə, məscid mahiyyətcə təbiətin
obrazıdır. Bunun nə dərəcə düzgün olduğuna inanmaq üçün müsəlman
memarlığının hər hansı əsərini təsəvvür etmək kifayətdir. İslam
memarlığı tikililərinin interyer və eksteryeri insanların qəlbinə xüsusi
bir rahatlıq gətirir. Bu məbədlərə daxil olanlar sanki sıxıntılarından
azad olur, yerini isə mənəvi gözəllik alır .

Zaman keçdikcə İslam abidələrini iri ölçülü yaratmaq zərurəti ilə
əlaqədar abidələrin örtük konstruksiyalarının momentsiz nəzəriyyəyə

80

əsaslanan hesablanması meydana çıxdı. Örtük konstruksiyalara təsir
edən xarici qüvvələr nəticəsində en kəsikdə həlqəvi və meridial
qüvvələr yaranır ki, bu da məscid, türbə və məbədlərin möhkəmliyini
və dayanıqlığını təmin edir. Bu xüsusiyyətləri Əcəmi Əbubəkr oğlu
Naxçıvaninin memarı olduğu bütün abidələrində görə bilərik. Bu cür
mürəkkəb tərkibi birləşmə əsasında özünəməxsus səciyyəvi mənalar
daşıyan gözəllik anlamları – rəmzlər yaranırdı: “Cəmal” (ilahi, kamil
gözəllik) – məscid günbəzi; “cəlal” (ilahi əzəmət) – minarələr, “sifat”
(ilahi keyfiyyətlər) – məscidlərin bayır divarlarına həkk olunmuş
kitabələr (yazılar) və s. bunlara misal kimi göstərmək olar. Məscidin
əsas elementlərindən biri olan günbəzin özü ruhu, otaqonal özül
mələk rütbəsi, dördgünəşli binanın özülü isə Yer həyatının rəmzini
ifadə edir.

Orta əsr Şərq memarlığının inkişafında Məhəmməd ibn Musa
Xarəzminin “Əl-cəbr və müqabilə” əsəri mühüm yer tutur. Bu əsər
İslam memarlığının yaranması və inkişafında mükəmməl harmoniya
ideyası nəzəriyyəsini özündə əks etdirir.

Müsəlman dünyasında bina və qurğuların layihələndirilməsinə Əl-
Fərabi fəlsəfi konsepsiya həllini gətirmişdir. Konsepsiyanın məzmunu
ondan ibarətdir ki, bu proses insanın yaşayış tərzinə uyğun ağıllı
prinsiplərlə insan bədəninin quruluşu və kosmik vahidlik qanunlarına
əsasən qurulur. Layihələndirmə üçün tabe olduğu kosmik vahidliyin
harmonik qanunu dərk edilməlidir. Bu nəzəriyyənin vasitəsi ilə daha
mükəmməl memarlıq formalarının meydana gəlməsinə şərait yarandı.
Əl-Fərabinin digər “Əlverişli həndəsi əməliyyatlar” əsəri memarlıq
nümunələrinin həndəsi əsasını təşkil etmişdir. Əcəmi Naxçıvaninin
yaratdığı memarlıq əsərlərində bundan məharətlə istifadə olunmuşdur.

81

Ənənəvi memarlıqda həndəsə müasir mühəndislikdən fərqli
olaraq, onun yalnız kəmiyyət və fiziki parametrləri ilə bağlı deyildir.
Həndəsə tənasüblük qanunlarında təzahür edən keyfiyyət xassəsinə
malikdir ki, onun sayəsində bina bənzərsiz vəhdət və ahəngdarlıq
qazanır. Tənasüb qanunları adətən, dairənin onun çevrələdiyi
münəzzəm formalara bölünməsi yolu ilə əldə edilir. Hər hansı binada
mövcud olan bağlılıqlar prinsip etibarilə dairədən doğur və bu,
varlığın vəhdətinin simvoludur. Çoxtərəfli bünövrələr üzərində ucalan
günbəzlər məhz bu simvoldan söz açır. Bu isə Əl- Kindi tərəfindən
əsası qoyulan, Əl-Fərabi tərəfindən daha da inkişaf etdirilərək sistem
halına salınan həndəsi mütənasibliyin əsasını təşkil edən çevrənin
bərabər hissələrə bölünməsi nəticəsində yaranan düzgün çoxbucaqlar
sistemidir. Bu sistem Əcəmi memarlıq formalarının (kvadrat, düzgün
altıbucaqlı, düzgün beşbucaqlı, ilahi mütənasiblik, qızıl bölgü)
həndəsi əsasıdır və memarlıqda həndəsi mütənasiblik növləri ortaya
çıxır. Orta əsr müsəlman Şərq fəlsəfəsində düzgün həndəsi quruluşa
malik olan abidələrin yaranmasında həndəsi mütənasiblik prinsipləri
yeni formada təzahür etmişdir. Kainatı təşkil edən dörd ünsür – torpaq,
su, od, hava arasındakı qanun ilahi mütənasiblik qanununun “qızıl
bölgü” prinsipidir. İslam memarları öz əsərlərində ilahi mütənasiblik
qanununun “qızıl bölgü” prinsipini əsas götürmüşlər.

İslam mədəniyyətinin Azərbaycanda yayılması ilə memarlıq və
inşaatda dəyişikliklər meydana gəldi. Müsəlman abidələri üzərində
salınan nəbati və həndəsi naxışlar bu dünya ilə axirət arasında
vəhdəti memarlıq və tikintidə əks etdirirdi. Bu naxışların hər birinin
özünəməxsus açıqlaması və mənası vardır. Azərbaycanda İslam
memarlığının inkişafında xüsusi xidmətləri olan memarların Şərq

82

ölkələrində aldıqları təhsil sayəsində yaratdıqları memarlıq nümunələri
gözəlliyi və möhtəşəmliyi ilə insanları valeh edir. Buna misal olaraq
Bakıdakı Təzəpir məscidinin memarı Zivər bəy Əhmədbəyov İslam
memarlığına əsaslanaraq layihələndirmədə öz ustalığını məharətlə
göstərə bilmişdir.

İslam abidələrinin yaranmasında inşaat sənətini xüsusi
vurğulamaq gərəkdir. Orta əsrlərdə inşaatın təşkili və iş texnikası
barədə ətraflı məlumatı Şərq miniatürlərinin təsvirlərindən ala
bilirik. İnşaatın inkişafı üçün inşaat alətlərinin istehsal prosesinin
təşkili böyük əhəmiyyət kəsb edir. XV əsrdə Şərqdə inşaat işlərinin
təşkili düzgün tərtib olunmuş istehsal sistemi üzərində qurulmuşdur.
Tarixçi Rəşidəddin qeyd edir ki, tikinti materiallarının düzgün
işlənməsi və müvafiq məbləğin ayrılması və xərclənməsi, ustaların
işə dəvət edilməsi vəzifəli şəxslərə tapşırılırdı. Daha sonra o yazır ki,
memarlıq layihəsini hazırlamaq üçün cizgilər tərtib edən memarlar,
smeta xərclərini hazırlamaq üçün məmurlar və təcrübəli mirzələr işə
cəlb olunurdu. Həmçinin binaların planlarının quruluşu və memarlıq
dekorunun hissələrinin tərtib olunmasında geniş istifadə olunan modul
sisteminin əhəmiyyətinə də xüsusi fikir verilirdi. Layihələndirmə
zamanı tikilməsi nəzərdə tutulan binanın kiçik formada modeli
hazırlanırdı. Bu model memar üçün əyani formada bir vəsait idi.
Mürəkkəb memarlıq kompleksinin tikilişində bir qayda olaraq
onların maketi hazırlanır, sonra tikintiyə başlayırdılar. Memarlıq
abidələrinin əksəriyyətinin salamat qalması tikinti sənətinin yüksək
səviyyədə inkişafını göstərir. İnşaatçılar zəlzələnin dağıdıcı təsirini
nəzərə alaraq, ilk növbədə fəza kompozisiyası sisteminə, tikintinin
ümumi kütləsinə və onun binanın müxtəlif sistemləri arasında

83

bölüşdürülməsinə uyğun gələn inşaat materiallarının seçilməsinə
böyük önəm verirdilər.

XI əsrin ikinci yarısı XII əsrin əvvəllərində aparılan tikinti işləri
Azərbaycan memarlığının yeni bina növləri (mədrəsə, qülləvari
türbə), konstruktiv fəndlər (ikiqatlı örtük, mərkəzi dayaq sütunu),
quruluş elementləri (silindrik minarə, baştağ), bəzək vasitələri
(həndəsi naxış, şirəli kərpic, bloklarla) zənginləşirdi. Bu zaman
orta əsr Azərbaycan memarlığı üçün xas olan ümumi üslub sistemi
də formalaşırdı. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu
əsrlərdə memarlıq quruluşunda standartlaşdırılmış elementlərdən də
geniş istifadə olunurdu. XII əsrdə birtərəfli üzlük binaların yerini
ikitərəfli sadə üzlük blokları tuturdu. Ustalar bu üsulu kompleksdə
dəfələrlə təkrar etməklə abidənin bədii tərtibat cəhətdən çox gözəl
görünüşünə nail oldular. Burada polixrom mozaik elementlərdən
və standart bloklardan geniş istifadə edilirdi. Bundan əlavə bir sıra
memarlıq hissələrinin bəzi elementləri, xüsusilə stalaktitlər və
onların standartlaşdırılmış komponentləri əvvəlcədən hazırlanırdı.
Monumental binaların üz örtüyü ölkənin müxtəlif şəhərlərində vahid
bir konstruktiv sxemə malik idi. Hörgü işi qurtardıqdan sonra binanın
şirəli kərpiclərlə üzlənməsi prosesinə başlanırdı. Üzlü kərpiclər bir
qayda olaraq kəc məhlulla bərkidilirdi. Bu məhlulun möhkəmliyini
nəzərə alaraq ustalar ondan seysmik zonalarda tikililərdə geniş
istifadə edirdilər.

XI-XV əsrlərdə Azərbaycan memarlığı özünəməxsus bir görkəm
almışdı. Qədim dövrlərdən bəri formalaşan memarlıq ənənələri İslam
memarlığı ilə çuğlaşıb yeni memarlıq məktəblərinin yaranmasına
səbəb olmuşdur. Artıq X əsrdən başlayaraq yeni memarlıq məktəbləri

84

meydana gəlmişdi. Bu dövrdə formalaşmış Aran, Naxçıvan, Şirvan-
Abşeron memarlıq məktəblərini misal kimi göstərmək olar.

Aran memarlıq məktəbi. Memarlıq məktəblərinin içərisində
ilk yaranan Aran memarlıq məktəbidir. Azərbaycan Ərəb xilafətinin
tərkibində olduğu vaxtlar Bərdə məhşur şəhərlərdən biri sayılırdı.
Qədim dövrdən bəri mövcud olan memarlıq ənənələri İslam
memarlığından gələn tipoloji xüsusiyyətlərin birləşməsi nəticəsində
Azərbaycan memarlığının ilk rüşeymləri özünü Bərdə şəhərində
göstərir. Bərdədə əmələ gələn memarlıq istiqaməti ölkədə feodal
dövlətlərinin müstəqilləşməsi prosesində, yerli ənənələrin güclənməsi
ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ
gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma ənənələri
daha sonra Gəncədə davam etdirilir. X əsrdə Gəncədə Şəddadilərin
apardığı geniş inşaat işləri bu şəhəri Azərbaycanın görkəmli memarlıq
mərkəzinə çevirir. Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri
Gəncədə daha bariz şəkildə formalaşmışdı.

Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz
təsir dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta
hissəsinə yayılır. XI əsrdən başlayaraq Beyləqan və daha sonra Şəmkir
şəhərləri də əhəmiyyətli memarlıq mərkəzinə çevrilir. Beləliklə, Aran
memarlıq məktəbinin əhatə dairəsi xeyli genişlənmişdi.

Aran memarlıq məktəbinin bu zaman əsas mərkəzlərindən olan
Şəmkir və Gəncə monqol işğalından sonra tamamilə dağıdılmış və
sonralar bir daha əvvəlki vəziyyətinə qayıda bilməmişdi.Aran memarlıq
məktəbinə daxil olan şəhərlər və onların abidələri tamamilə dağıdıldığı
üçün əlimizdə kifayət qədər faktik material və kitabələr yoxdur.

85

Aran memarlıq məktəbi bir sıra cəhətlərilə yaxşı tədqiq olunmuş
Naxçıvan memarlıq məktəbinə oxşardır. Bu yaxınlıq hər şeydən əvvəl
eyni inşaat materialının tətbiqilə izah edilməlidir. Hər iki memarlıq
məktəbində inşaat materialı kərpic idi. Aran memarlığının əhəmiyyətli
xüsusiyyətlərindən biri divar hörgüsünün səciyyəvi cəhətləridir.
Memarlıq tarixində Gəncə hörgüsü adı ilə tanınan bu hörgünün əsas
xüsusiyyəti çaydaşı ilə kərpici birlikdə müəyyən naxış şəklində
işlədilməsidir. Gəncədə bu hörgü çaydaşının ətrafını çərçivələyən
kərpic şəklində təzahür edir. Şəmkirdə isə bu hörgü daha əlvan şəkil
alır. Burada kərpic və çaydaşı ilə yanaşı, hörgüyə ağ daş da daxil
olur. Beləliklə, Aran hörgüsü rəngarənglik kəsb edir, polixromik olur.
Əminliklə deyə bilərik ki, Naxçıvan memarlıq məktəbində XII əsrdən
başlayaraq, rəngli kaşı işlədilməsi ilə əlaqədar olan rəngarənglik daha
əvvəl Aran memarlığında ənənə şəklini almışdır.

Naxçıvan memarlıq məktəbi. XII əsrdən başlayaraq Naxçıvan
şəhərinin əhəmiyyətinin artması ilə əlaqədar burada sənətkarlıq
və memarlıq inkişaf etməyə başlamışdır. Burada yerli ənənələr ilə
Azərbaycan memarlığına xas xüsusiyyətlərin birləşməsi nəticəsində
özünəməxsus memarlıq - bədii məktəbi yaranmışdır.

Naxçıvan memarlıq məktəbi üçün kərpic hörgüsü, kərpicdən
quraşdırılmış inşaat quruluşları, müxtəlif biçimli kərpicin məharətlə
tətbiqi və kərpicin birrəngli yeknəsəqliyindən uzaqlaşmaq üçün
rəngli kaşı və gəc ünsürlərinin memarlıq bəzəyinə daxil edilməsi
səciyyəvidir.

Binaların kompozisiya və həcm quruluşunda da Naxçıvan
memarları ümumşərq memarlığında görkəmli yer tuta bilən üsullar

86

yaratmış və tətbiq etmişlər. Naxçıvan memarlıq kompozisiyaları
üçün monumentallıqla bərabər zəriflik də diqqəti cəlb edən bir
xüsusiyyətdir. Naxçıvan sənətkarlarının həndəsi ornament quruluşu
yaratmaq məharətləri və inşaatda ondan çox səmərəli yollarla
istifadə edilməsi də bu məktəbin daxilində yaradılan memarlıq-inşaat
üsullarına daxildir.

Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu
Naxçıvani orta əsr Azərbaycan memarlığının inkişafında dərin izlər
buraxmışdır. Özündən sonrakı memarlıq sənətinə istiqamətverici təsir
göstərmişdir.

Naxçıvan memarlıq məktəbinin ən məşhur abidələrinə Yusif
Küseyr oğlunun türbəsi, Möminə xatın türbəsi, Gülüstan türbəsi,
Marağada qırmızı günbəz, Marağada Göy günbəz, Urmiyada
Dairəvi türbə və digərləri daxildir. Onu da qeyd etmək lazımdır ki,
Naxçıvan memarlıq məktəbini bəzən Naxçıvan-Marağa memarlıq
məktəbi də adlandırırlar. Bu məktəbin belə adlandırılması da təsadüfi
deyildir. Yuxarıda misal çəkdiyimiz abidələrin içərisində Marağadakı
abidələrin də adları var. Naxçıvanda yaranmasına baxmayaraq,
bu məktəbin təsiri özünü başqa şəhərlərin memarlığında da biruzə
vermişdir.

Şirvan-Abşeron memarlıq məktəbi. Azərbaycan memarlığı üçün
əhəmiyyətli olan memarlıq məktəblərindən biri də Şirvan-Abşeron
memarlıq məktəbidir. Şirvanşahlar dövlətinin Kəsranilər sülaləsi
zamanı möhkəmlənməsi, inşaat üçün əlverişli şəraitin yaranması
yerli memarlıq məktəbinin çiçəklənməsi üçün zəmin yaratmışdır.
Şirvan dövlətinin ərazisi təbii inşaat daşı ilə zəngin olduğu üçün

87

bu ərazidə hələ qədim dövrdən başlayaraq əhəng daşı bir inşaat
vasitəsi və binaların bəzəyində oyma şəklində tətbiq edilən yeganə
material olmuşdur. Bu məktəbin üslub xüsusiyyətləri daş və onun
üzərində tətbiq edilən ornamental oymanın birlikdə təsiri əsasında
formalaşmışdır. Bu dövrün ən qiymətli abidələri kimi Bakıdakı Sınıq
Qala minarəsi, Qız qalası, xatirə abidələrindən olan Bərdə, Qarabağlar,
Xaçıntürbətli, Salmas, Xiyav, Füzuli bölgəsi Aşağı Veysəlli kəndində
tikilən abidələr, Zəngilan bölgəsindəki abidələri, Olcaytu Xudabəndin
türbəsi, Təbrizdə Göy məscidi, Pirsaatçay xanəgahı, Şirvanşahlar
sarayını misal göstərmək olar.

İslam dünyasında şəhərsalma. İslamdan əvvəl şəhərlərə, onun
tərkib hissəsi olan bina və qurğulara, sanitariya, mühəndis vasitələrinə
yer seçilməsi, onların salınması haqqında bir çox alimlər öz fikirlərini
söyləmişlər.

Buna misal kimi e.ə. 16-13-cü illərdə Yuli Sezarın və imperator
Avqustun mühəndisi və memarı Mark Vitruvi Pollian texniki elmlərin
ensiklopediyası traktatında “Memarlığa dair on kitab”ında şəhər
yerlərinin seçilməsi və planlaşdırılmasını göstərmişdir. O qeyd
etmişdir: “Mühəndis inşaatçı savadlı olmalı, bacarıqlı şəkil çəkməli,
həndəsəni öyrənməli, hərtərəfli tarixi bilməli, diqqətlə fəlsəfəyə qulaq
asmalı, hüquq məsələlərini, astronomiya və göy cisimləri haqqında
qanunları bilməlidir”.

İslam dini yayıldıqdan sonra bir çox sahələrdə olduğu kimi
şəhərsalmada da inkişaf baş vermişdir. Müsəlman memarları dünya
şəhərsalma və memarlıq irsinə çox önəmli və orijinal pay vermişlər.
Digər müsəlman ölkələri kimi şəhərsalmanın bəxş etdiyi töhfələrə

88

Azərbaycan ərazisində olan çoxlu şəhərsalma və memarlıq abidələri
aiddir. Sənətkarlarımız Azərbaycan memarlığının mövqe və gücünü
daha qabarıq üzə çıxarmağı bacarmışlar.

Şəhərlərin salınması ilə bağlı bir çox müsəlman alimlərin fikirləri
vardır. Tarixçi İbn Xəldun qeyd edir ki, şəhər həyatı ilə mənəvi rahatlıq
arasında sıx əlaqənin olması sivilizasiyanın zəruri təminatıdır.

IX əsrin sonu X əsrin əvvəllərində Yaxın Şərqdə şəhərlər
güclü inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrün əsas
xüsusiyyətlərindən biri o idi ki, şəhərlər ölçüsünə görə daha da
böyüyürdü. XI-XII əsrlərdə şəhərlər yeni memarlıq növləri ilə daha
da zənginləşirdi.

İslam dünyasının iri mərkəz şəhərlərinin əhalisini ərzaq və
geyim ilə təmin etmək üçün inkişaf etmiş kənd təsərrüfatı və təchizat
sistemləri lazım idi. Bu isə öz növbəsində əkin sahələrinin suvarma
və yetişdirilməsi, məhsulun emalı texnologiyasından asılı idi. İslam
dünyasında şəhərsalma yerinin düzgün seçilməsi və bina qurğularının
layihələndirilib düzgün yerləşdirilməsi böyük əhəmiyyət kəsb edirdi.
Yaşayış üçün tikilən binanın yerinin seçilməsində yerin iqlim və
relyefi, ətraf mühitin təmizliyi, ərazinin səhiyyə vəziyyəti kimi
şərtlərin nəzərə alınması vacib amil idi. İqlim şəraiti nəzərə alınarkən
ilk növbədə havanın hərarəti, nəmliyi, su ehtiyatı və s. kimi amillərə
daha böyük əhəmiyyət verilmişdir.

Orta əsr müsəlman Şərqində yaşayış məntəqəsinin tikintisi
əvvəlcədən hazırlanmış plana əsasən aparılırdı. Burada əhalinin
sağlamlığının qorunması məsələsi nəzərə alınırdı. Misal olaraq
Mahmud Qazan xanın (1295-1304) vəziri Rəşidəddin tərəfindən
salınmış Rəbi-Rəşid məhəlləsini göstərmək olar. Məhəllə enli küçələri

89

və meydanları, səhiyyə obyektləri – hamam, aptek, xəstəxana və s.
olan düzgün həndəsi quruluşu ilə fərqlənirdi.

Eyni zamanda isti iqlim şəraitində olan məntəqələrə sərin havanın
daxil olması da əsas məsələlərdən biri idi. Əhalinin su təhcizatı
məsələsi xüsusi əhəmiyyət kəsb edirdi. Orta əsrlərdə şəhərin su ilə
təmin edilməsində kəhrizlər və ovdanlar saxsı borulardan ibarət su
kəmərlərindən az əhəmiyyət daşımırdı. Hələ IX-X əsrlərdəAzərbaycan
şəhərlərində saxsı və metal borulardan yeraltı su kəmərləri mövcud
idi. Burada yeraltı və qrunt suları xüsusi ovdanlara yığılırdı. Onu da
qeyd etmək lazımdır ki, bu ovdanlar və borular şəhərin su təminatını
ödəməklə yanaşı, maddi mədəniyyət nümunəsi hesab oluna bilər.

Orta əsrlərdə Yaxın Şərqdə su enerjisindən istifadə edilən tikililərə
xüsusi əhəmiyyət verilirdi. Mühəndislər hər bir çayın üzərində neçə
dəyirman quraşdırmağın mümkünlüyünü hesablayırdılar.

Həmçinin şəhərlərdə xəstəxanaların salınması əsas yerlərdən
birini tuturdu. İslam dünyasında ilk xəstəxana 707-ci ildə müsəlman
hökmdarlarından Vəlid ibn Əbdülməlik tərəfindən qurulmuşdur.
Xəstəxananın bütün xərcləri dövlət tərəfindən ödənilmişdir. 850-
ci ildə artıq müxtəlif yerlərində 34 xəstəxana vardı. Hələ XIII-XIV
əsrlərdə Cənubi Azərbaycanın şəhərlərində 67 xəstəxana mövcud
idi. Təbrizin saray xəstəxanasında eyni zamanda 1000 nəfər müalicə
olunurdu. Kasıb və imkansız insanların müalicələri xüsusi evlərdə
həyata keçirilirdi ki, bunun da xərci feodal və dini müəssisələrin
hesabına olurdu.

Burada bütün müsəlman şəhərləri haqqında məlumat yerləşdir-
mək qeyri-mümkün olduğu üçün İslam dünyasında daha çox məşhur
olan bir neçə şəhər haqqında məlumat verək. Müasir dövrümüzdə

90

İslam mədəniyyətini özündə ehtiva edən gözəl şəhərlər (Mosul, Hələb,
Rakka, Dəməşq və digər) darmadağın edilib. Dünya üçün mədəniyyət
beşiyi sayılan həmin şəhərlərdən yalnız xarabalıqlar günümüzə qədər
gəlib çatmışdır. Lakin bunlarla bərabər İslam mədəniyyətinin ən
gözəl nümunələrini yaşadan şəhərlər (Bakı, İstanbul, Doha, Küveyt,
Kuala-Lumpur , Qahirə və digər) gündən-günə inkişaf edir və dünya
mədəniyyətinə öz töhfələrini verməkdədirlər.

İslam dünyasında ilk seçilmiş şəhərlərdən biri Bəsrə şəhəridir. Bu
şəhər İraqın cənubunda 635-ci ildə xəlifə Ömər ibn əl-Xəttab tərəfindən
salınmışdır. Açıq rəngli daşlardan inşa olunan şəhər uzaqdan ağ
effekti verdiyinə görə ərəb dilində “ağ” mənasını verən “Bəsrə” adını
almışdır. Bəsərə VIII-IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin
formalaşmasının, İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc,
saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-
ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi
mövqeyini tədricən itirməyə başlamışdır. 923-cü ildə qərmətilərin
hücumuna məruz qaldı, 947-ci ildə Büveyhilər tərəfindən zəbt
olundu. XI əsrin ortalarından Səlcuqi dövlətinin tərkibində idi. 1258-
ci ildə monqollar şəhəri işğal edib viran qoydular. XIV–XVI əsrlərdə
monqol və türk canişinləri tərəfindən idarə olunmuşdur. 1538-ci ildə
Osmanlı imperiyasının Bağdad paşalığına daxil edilmiş, 1884-cü
ildən eyniadlı vilayətin əsas şəhəri olmuşdur.

Əli məscidi, Təlxə, Əz-Zübəyr, İbn Sirin və Həsən məqbərələri
Bəsrə şəhərinin tarixi memarlıq abidələrindəndir. XVIII–XIX əsrlərdən
Bəsrənin müasir hissəsində fəal tikinti işlərinə başlanmış, şəhər çoxsaylı
kanallarla bölünmüşdür. XX əsrin əvvəllərində Bəsərədə M. Lok, L.
Cons və başqa memarların planı əsasında abadlıq işləri aparılmışdır.

91

Digər ilk yaranan müsəlman şəhərlərindən biri İraqın paytaxtı
olan Dəclə çayı sahilində yerləşən Bağdad şəhəridir. 762-ci ildə
Abbasilər dövründə əsası qoyulmuşdur. Yarandığı zaman “Mədinət
əs-Salam” (Sülh şəhəri) adlanmışdır. Burada çoxlu universitetlər,
təhsil müəssisələri, teatrlar, muzeylər və tarixi abidələr vardır.

Hələb dünyanın ən qədim insan məskənlərindən biridir. Ticarət
baxımdan önəmli olan şəhər Aralıq dənizi və Fərat çayı hövzəsində
keçid məntəqəsi rolunu oynamışdır. Şəhərin mərkəzi hissəsindəki
tikililər XIII əsrdən XIX əsrə kimi inşa edilmişdir.

Hələbin memarlıq nümunələrindən olan Böyük məscidin əsası
715-ci ildə Əməvi xəlifəsi I Valid tərəfindən qoyulmuşdur. Zəkəriyyə
peyğəmbərin qəbrinin orada olması ehtimal edilir. Digər memarlıq
nümunələrinə misal kimi Altun Buğa Məscidi (1318), əl-Tavaşi
məscidi (XIV əsr, 1537-ci ildə restavrasiya olunub), Xeyr Beyin
mavzoleyi (1514), Mədrəsə Zahiriyyəni (1217) göstərmək olar.

Çoxəsrlik tarixi boyunca Dəməşq (Şam) assuriyalılar, farslar,
makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala
məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və
mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşq həm də
dünyanın ən qədim paytaxt şəhəri olmuşdur. Belə ki, e.ə. XIII əsrin
əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının
paytaxtı idi. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin
XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının e.ə. IV
minillikdə qoyulduğunu, Nuh dövründəki böyük daşqından sonra
ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazmışdır. Şəhərin
mövcudluğuna dair ilk yazılı abidə e.ə. XV əsrə aiddir. Şəhər 661-
750-ci illər arası Əməvilər xilafətinin paytaxtı olduğundan müsəlman

92

dünyasının ən böyük siyasi, dini və ticarət mərkəzinə çevrilir. 1260-
cı ildə Dəməşqi Misir Məmlükləri ələ keçirmişlər. Həmin dövrdən
Dəməşq sürətlə inkişaf etməyə başlamışdır. Dəməşqdən Avropaya
çox yüksək keyfiyyətli polad və şüşə ixrac olunurdu.

Qədim şəhərlər kimi Dəməşqin də köhnə və yeni hissələri
mövcuddur. Şəhərin yeni tikililəri çox olduğundan şəhər daha çox
Avropa təsirini xatırladır, amma bütün yeni tikililərlə yanaşı ərəb
memarlıq üslubu özünü qoruyub saxlayır. Dəməşqin qədim hissəsi
yaxşı mühafizə olunmuş qala divarı ilə əhatə olunub. Şəhərin qədim
girişləri olan Bab Tumə, Bab Şərqi, Bab Hərir və Bab əs-Səlam
darvazaları indiyədək qorunub saxlanmışdır. Şəhərin köhnə hissəsində
onlarca qədim bina və tarixi abidələr var. Şəhərdə 300-dən artıq
məscid mövcuddur. Şəhərin ən böyük məscidi Əməvilər məscidini
şəhərin simvolu adlandırmaq olar. 1750-ci ildə türk qubernator Əsəd
Paşa Əl-Əzəmin tikdirdiyi və onun şərəfinə Əl-Əzəm adlandırılmış
sarayı şəhərin memarlıq nümunələrinin ən əzəmətlisi hesab etmək
mümkündür.

İstanbul adına tarixdə ilk dəfə X əsrdə ərəb, sonradan türk
mənbələrində rast gəlinir. İstanbul şəhəri dünyanın ən qədim
mədəniyyət mərkəzlərindən biridir. XV əsrədək Bizansın paytaxtı
olmuş şəhər islam-türk mədəniyyətinin verdiyi töhfələrlə daha da
gözəlləşmişdir. İstanbul ərazisində ilk yaşayış qalıqları şəhərin
Asiya hissəsində tapılıb və neolit dövrünə aiddir. Məşhur Topqapı
yaxınlığındakı tikinti xarabalıqları isə tunc dövrünə aid edilir.

İstanbul 1453-ci il may ayının 29-da Bizansdan alınaraq
Osmanlının paytaxtı elan edilmişdir. İstanbulun Topqapı Sarayında
qeyd edilib: “Peyğəmbər, ruhun şad olsun, şəhər müsəlmanlarındır”.

93

Əhalisinin mütləq hissəsi müsəlman olan ölkədə Konstantinopol
pravoslav kilsəsinin Mərkəzi və Konstantinopol – Yeni Roma və
Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopunun iqamətgahı
yerləşir.

Görkəmli ərəb alimi, coğrafiyaşünas və səyyahı Yaqut Əl-Həməvi
Bakı haqqında belə demişdir: “Bakının havası yaxşı, suyu şirindir.
Bu şəhərin xüsusiyyətlərindən biri də odur ki, burada gecə və gündüz
külək əsir”.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim
zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar.
Bakı şəhərinin fiziki-coğrafi şəraiti, şimaldan-cənuba, qərbdən-şərqə
gedən miqrasiya və ticarət yollarının kəsişməsinin mərkəzində
yerləşməsi (İpək Yolu), iqlim şəraiti və ən qədim zamanlardan yer
üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Şəhər XII əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər
dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı
xanlığının əsas şəhərlərindən biri idi.

Bakıda ilk memarlıq abidələri məbədlər və atəşgədələr olmuşdur.
VI əsrdə Bakıda Qız qalası inşa edilmiş, şəhər qala divarları ilə
əhatə edilmişdi. Ərəb istilası zamanı atəşgədələr dağıdılmışdır. Bakı
“İçərişəhər” adlanan sahədə inkişaf etməyə başlamış, dəniz sahilində,
təxminən indiki Qız qalasının yaxınlığında ilk binalar tikilmişdir.
X–XI əsrlərdən tikinti işləri dəniz yanı sahədə aparılırdı. Bu dövrün
məlum memarlıq nümunəsi Sınıq qala minarəsidir.

XIII əsrdə Şirvanşahların “Bayıl qəsri” iqamətgahının tikilməsi
şəhərin inkişafında ən əhəmiyyətli hadisə olmuşdur. Bürclü divarlarla
əhatə olunmuş kompleks daş üzərindəki oyma yazı və təsvirlər

94

qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. XIV əsrdə Bakıda
bir sıra yeni tikililər inşa edilmişdir. Bunların ən əhəmiyyətlisi yalnız
minarəsi qalmış Cümə məscidi və indiki Milli Elmlər Akademiyası
Rəyasət Heyəti binasının qala divarları ilə birləşdiyi yerdə dördbucaqlı
bürcdür. XVI əsrdə İçərişəhərdə Azərbaycan memarlığının ən gözəl
abidələrindən olan Şirvanşahlar sarayı kompleksi yaradılmışdır.
Şəhərin sahəsi genişləndirilmiş, karvansara, məscid, yeni qala divarları
tikilmiş və İçərişəhər indiki sərhədləri daxilində formalaşmışdır.
XVI əsrdə Şirvanşahlar sarayının Şərq darvazasının baş tağı və Bakı
hakimlərinin İçərişəhərdən kənarda divarla əhatə olunmuş iqamətgahı
tikilmişdir.

XVII əsrdə şəhərin bir hissəsinin ticarət mərkəzinə çevrilməsi
ilə əlaqədar burada bir sıra bina – 5 karvansaradan ibarət ticarət
kompleksi, bazar meydanının tağlı eyvanı, məscid, zorxana və s. inşa
edilmişdi. Şəhərin ətrafına ikinci qala divarları çəkilmişdi. Şamaxı
darvazası, qala divarlarından xaricdə isə “Xəlfədam” adlı yaşayış
məntəqəsi salınmışdı.

Fəxrlə qeyd edə bilərik ki, bugün Bakı İslam mədəniyyətinin ən
qabaqcıl mərkəzlərindən birinə çevrilib. Öz zəngin maddi-mədəni
sərvətləri ilə Bakı dünya mədəniyyəti şəhərlərinin incilərindən biri
sayıla bilər.

Ümumiyyətlə, İslam dünyasında şəhərsalmanın inkişafına
Azərbaycan təkcə Bakı ilə deyil, Bərdə, Naxçıvan, Təbriz, Şamaxı və
digər şəhərləri ilə möhtəşəm töhfələrini vermişdir.

95

Müsəlman memarlar

Dünya mədəniyyəti xəzinəsinə əvəzolunmaz abidələr
bəxş edən memarlıq nümunələrinin yaranmasında müsəlman
memarlarının əvəzsiz xidmətləri olmuşdur. Müsəlman memarlar
təkcə öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək deyil,
İslama və Allaha xidmət etməkdən məmnunluq duyurdular. İslam
memarlığının yaranması İslam dininin şəriət qaydalarını, dini
ayinlərin icrasını həyata keçirməkdən ötrü məscidlərin tikintisi
ilə əlaqədar olmuşdur. İslam dünyasında memarlar həmişə yüksək
mövqe tutmuşdur. Bunu onlara verilən ləqəblərdən görə bilərik.
Məsələn, Məhəmməd Naxçıvaninin sadaladığı memar və mühəndis
ləqəblərinin çoxu, yəqin ki, özündən öncəki dövr üçün də səciyyəvi
olmuşdur: sədrimüəzzəm (böyük sədr), şəmsəd-dövlə-vəddin
(dövlətin və dininin günəşi), malikül-memaran (memarlar başçısı),
malikül-əkabir-əl-mühəndisin (böyük mühəndislər başçısı),
qüdvətül-mihrətülmemarin (bacarıqlı memarların rəhbəri) və s.
Bu ləqəblərdən memarların ictimai mövqeyinin durumu müəyyən
qədər bizə aydın olur.

İslam dünyasında memarlar bir çox elmlərə yiyələnməli idilər.
Sənətkarla alim arasında fərq elə də duyulmur, alim eyni dərəcədə
sənətkar, sənətkar isə alim olmalı idi. Elmlə sənət arasında körpü
sayılan memarlıq daha çox universallıq, daha dərin bilik sahibi
olmağı tələb edirdi. Elə bunun nəticəsidir ki, yaratdıqları əsərlərdə
incə bədii düşüncə ilə dərin elmi təfəkkürün vəhdəti özünü göstərir.

İslam memarlığının ilk abidəsi Məhəmməd peyğəmbərin özünün

96

iştirakı ilə 623-ci ildə Mədinədə evinin yanında tikdirdiyi “Məscidi-
Şərif” dir. Ondan sonra İslam memarlığının təməli qoyulmuşdur. On
dörd əsr ərzində İslam memarlığı və inşaat sənəti üzrə bir çox dünya
şöhrətli sənətkarlar yetişib. Bu memarlar içərisində Azərbaycan
memarları da xüsusi yeri tutur. Lakin onu da qeyd etmək lazımdır ki,
1920-ci ildən ölkəmizdə İslam dini və mənəviyyatına böyük zərbə
vurularaq məscid, dini abidələrimiz dağıdılmış və qalanlarından
anbar, klub və kitabxana kimi istifadə edilmişdir. Bundan sonra
İslam memarlığının inkişafında dərin uçurum mərhələsi baş vermiş
və bu sahədə memarlar yetişməmişdir. Müstəqilliyimizi bərpa
etdikdən sonra din azadlığı əldə etmiş müsəlmanlar nəinki dağıdılmış
məscidləri, ibadətgahları, hətta yüzlərlə dini abidələri bərpa etmiş
və yenilərini layihələndirib, tikmişlər. Müstəqillik qazandığımız
dövrdən bugünə kimi bir-birindən gözəl məscidlərin tikintisinin
şahidi oluruq. Əgər sovet dönəmində Azərbaycanda 17 məscid
fəaliyyət göstərirdisə, günümüzdə onların sayı iki mini keçmişdir.

Azərbaycan memarlarının dahiliyi bir çox başqa ölkələrdə
səs-səda yaratmışdır. Hətta müsəlman abidələrini yaratmaq
üçün Azərbaycandan memarlar dəvət olunmuşdur. Rus memarı
V.S.Yeqorov öz yazılarında qeyd edir: “Azərbaycan memarlarının
yaradıcılıq fəallığı çox yüksəkdir, onların böyük məharəti
sevindiricidir”.

Burda İslam memarlığı tarixində bütün memarların adını qeyd
edə bilmirik. Lakin XI-XX əsrlərdə müsəlman dünyasında məşhur
olan və İslam memarlığına əvəzsiz töhfələr verən bir neçə memar
haqqında məlumat verməyimiz mümkündür.

97

Əhməd Məhəmməd oğlu – XII əsr Azərbaycan memarı.
Marağada Göy günbəz məscidinin memarı olmuşdur. Məscidin səthi
və dairəvi çıxıntılarında göy keramikadan istifadə olunduğu üçün
Göy günbəz adlandırılmışdır.

Məhəmməd Əbubəkr oğlu – XI əsr Azərbaycan memarı. Bakıda
İçərişəhərdə yerləşən Sınıq Qala məscidinin memarı olmuşdur.
Məscid 1078-ci ildə tikilmişdir. Məscidin divarındakı kitabədə
abidənin tikilmə tarixi və kim tərəfindən inşa edildiyi yazılmışdır.
Təsadüfi deyil ki, əvvəllər məscid memarın adı ilə “Məhəmməd”
məscidi adlanmışdır.

Əcəmi Əbubəkr oğlu Naxçıvani – XII əsrdə yaşamışdır.
Azərbaycan memarlığının ən görkəmli nümyəndələrindən biridir.
Naxçıvan memarlıq məktəbinin banisidir. Onun yaradıcılığı Yaxın
Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir. “Şeyxül-
mühəndisin” (mühəndislərin başçısı) ləqəbi ilə tanınmışdır. Əcəminin
yaratdığı əsərlər Naxçıvanın mərkəzində yerləşir. Yusif bin Küseyr
(Atababa türbəsi), Möminə Xatun türbələrini, qoşa minarəli baştağ
kompozisiyası şəklində qurğunu, dövrümüzədək gəlib çıxmayan
Cümə məscidini və “darülmülk” adlandırılan Eldəgizlər sarayını
yaratmışdır.

XII əsrdən sonra da Əcəminin Naxçıvandakı abidələri bir
nümunə kimi müxtəlif sənətkarlara nəinki ölkə daxilində, hətta
Azərbaycanın sərhədlərindən uzaqlarda da təsir göstərmişdir. Əcəmi
yaradıcılığından Azərbaycan, Şərq və hətta Avropa ölkələrinin
memarları bəhrələnmişlər. Bu sənətkarların memarlıq əsərlərində

98

Naxçıvan və ona yaxın ərazidə tikilən bir çox abidələrdəki Əcəmiyə
xas memarlıq üsullarının bu və ya başqa şəkildə təzahürünü görmək
mümkündür.

Əcəmi yaradıcılığı XII əsr Azərbaycan mədəniyyətindəki
intibahın parlaq təzahürlərindəndir.

Usman Fəxrəd-Din Əhməd əl-Maraği əl Əmin – XIII əsr
Azərbaycan memarı. Marağa rəsədxanasının memarı.

Məsud Davudoğlu – Şirvan-Abşeron memarlıq məktəbinin
nümayəndəsi olmuşdur. Bakıdakı Qız qalasının memarı olduğu
ehtimal olunur. Çünki qalanın kufi xətti ilə yazılmış daş kitabəsində
memarın adı həkk olunmuşdur (Qübbə Məsud bin Davud).

Əbdülməsud oğlu – XIII əsr Azərbaycan memarı. 1232-ci ildə
tikilmiş Mərdəkan qəsrinin memarı olmuşdur. Qəsrin daxili bürcünün
üzərindəki kitabdə memarın adı yazılmışdır (Memar bin Əbdülməsud).

Mahmud Səd oğlu – XIII əsrin II yarısı XIV əsrin əvvəllərində
yaşamış Azərbaycan memarı. Şirvan-Abşeron memarlıq məktəbinin
ən yaxşı nümunələrindən olan Bibiheybət məscidinin minarəsini
(1301), Nardarandakı qəsrin (1301) və İçərişəhərdəki Molla Əhməd
məscidinin müəllifidir.

Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani – XIV əsr Azərbaycan
memarı olmuşdur. 1322-ci ildə tikilmiş Bərdə türbəsinin memarıdır.

99

Tacəddin Əlişah Təbrizi – XIV əsr Azərbaycan memarı
olmuşdur. 1310-1320-ci illərdə tikilmiş Təbrizdəki Əlişah məscidinin
layihələndiricisi və memarıdır. Onu da qeyd emtək lazımdır ki,
Tacəddin Əlişah Təbrizi Elxani hökmdarı Olcaytu Məhəmməd
Xudabəndənin vəziri olmuşdur.

Usta Fəxxar Zeynəddin Şəms Təbrizi – XIV əsr Azərbaycan
memarı. Səmərqənddə orta əsrlərə aid Şahi-Zində nadir memarlıq
abidə kompleksinə daxil olan Şadi-Mülk əkə türbəsinin (1372)
kitabəsində Usta Zeynəddin Şəms Təbrizinin adı qeyd olunmuşdur.

Yusif bin Zahir – XV əsrdə yaşamış Azərbaycan memarı. Onun
işlərindən bizə məlum olan təkcə Qəbələ şəhərinin Hərzə kəndində
yerləşən 1446-cı ildə tikilmiş Şeyx Bədrəddin türbəsidir. Memarı adı
abidənin yuxarı hissəsində yerləşən kitabədə qeyd olunmuşdur.

Memar Əli – XV əsr Azərbaycan memarı. 1435-ci ildə tikilən
Bakıdakı Şirvanşahlar ansamblına daxil olan türbənin müəllifidir.
Onun adı türbənin timpanlarında yerləşən medalyonların içərisində,
daş üzərində həkk edilmişdir.

Xoca Əli Hafiz Təbrizi – XV əsr Azərbaycan memarıdır.
Heratda İçqalanın (XV əsr), 1201-ci ildə tikilən Cümə məscidinin
zəlzələdən sonrakı memarı (1498-1500) olmuşdur. Həmçinin şəhərin
yaxınlığındakı Gövhərşad məscidi və Müsəlla ansamblının (1417-
1438) tikintisində iştirak etmişdir.

100

Xacə Əli Kücəçi – XV əsr Azərbaycan memarı. Təbrizdəki Göy
məscidin (Cahanşah məscidinin) və onun mərkəzi tikilisi Müzəffəriyyə
kompleksinin Xacə Əli Kücəçi tərəfindən tikildiyi ehtimal edilir.

Şirazi Qəvaməddin – XV əsr Azərbaycan memarı olmuşdur.
1425-1429-cu illərdə Heratda Xoca Ənsari türbəsini inşa etmişdir.

Xoca Sinan Əbdülrəhman – 1489-1588-ci illərdə yaşamış,
Osmanlı memarı. İslam dünyasında şöhrət tapmış, Osmanlı türkləri
arasında “Sərv memari-cahan qoca Sinan” (Dünya memarlığının başı
Ulu Sinan) ləqəbi qazanmışdır. Memar Sinan Osmanlı-türk incəsənəti
tarixində bütöv bir mərhələ yaratmış, dünya memarlıq tarixində
silinməz iz qoymuşdur. Onun bilavasitə layihəsi və rəhbərliyi altında
515 bina və qurğu, o cümlədən, 22 türbə, 18 məqbərə, 84 böyük və 51
kiçik məscid, 57 mədrəsə, 171 imarət, 3 xəstəxana, 7 akveduk, 5 su
kəməri, 8 körpü, 18 karvansara, 8 türmə, 88 hamamxana, 35 saray, 7
darulkurra inşa edilmişdir.

İstanbuldakı Şahzadə (1548) və Süleymaniyyə (1550-1557)
cameləri, İbrahim paşa (1551), Əhməd paşa (1555), Rüstəm paşa
(1565), Kilpinq Əli paşa, Azan Kapı (Məhəmməd paşa, 1577), Kılıç
Əli paşa (1580) məscidləri, Xeyrəddin Barbaros (1541), Xosrov
paşa (1543), I Sultan Süleyman (1559-1560) türbələri, Bəyazid
(1501), Çinili (1543) və s. hamamlar, Qayseridə Kurşunlu came
(1585), Ədirnədəki Səlimiyyə camesi (1569-75), Əli paşa bedestanı
(Örtülü Bazar, 1569), Yalnızgöz körpüsü (indiki Yevpatoriya, XV
əsr), Krımdakı Gözləv qalasında (indiki Yevpatoriya) Cümə məscidi
(Xan camesi, 1552), Kəfə (indiki Feodosiya) şəhərində, Səlimiyyə


Click to View FlipBook Version