The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 07:58:42

Qurani-Kərimdə mənəvi prinsiplər

Qurani-Kərimdə mənəvi prinsiplər

101

istəklər qarşısında möhkəm dayanmağı öyrənir. İkincisi oruc insana
mərhəməti aşılayır. Oruc tutarkən yoxsul insanların halını anlamağa
başlayırıq. Başa düşürük ki, ehtiyacı olan insanlara münasibətdə
daha mərhəmətli və daha ədalətli olmalıyıq. Üçüncüsü oruc tutmaq
bizim bədənimizə də fayda verməkdədir. İlboyu gün ərzində qəbul
edilən qidaların həzm etməyə məcbur etdiyimiz və bizə əmanət olan
bu bədən Ramazan ayında rahatlıq və aramlıq tapır. Dördüncüsü
isə, oruc ailələri, dostları, qohumları, qonşuları birləşdirir. Aylarla
görüşməyən insanları sahur və ya iftar süfrəsi ətrafında gözəlliklə
birləşdirməyə nail olur oruc. Allahın verdiyi nemətlərin də qədrini
oruc tutaraq anlamağa başlayırıq. Bəlkə də hər gün istifadə etdiyimiz
qida məhsullarının nə qədər dəyərli olduğunu Ramazan ayında dərk
edir, nemətlərə şükr etməyə başlayırıq. Bir qüdsi hədisdə keçən ifadə
hər bir müsəlman üçün əhəmiyyətlidir: “Uca Allah buyurur: Oruc
tutmaq mənim üçündür. Onun mükafatını mən özüm verəcəyəm”.
Bəli, oruc elə bir gözəl ibadətdir ki, onun mükafatı Allah nəzdindədir.
Burada bir məsələni xüsusi vurğulamaq lazımdır. Bəzən insanlar
arıqlamaq, kollektivə uyğun hərəkət etmək, şan-şöhrət qazanmaq
və digər məqsədlər üçün oruc tuturlar. Ancaq bunların heç biri oruc
tutmaq hesab edilmir. Oruc tutmağın niyyəti Allah üçün olmalıdır.
Allahdan başqa niyyətlər üçün tutulan orucun Uca Yaradanın
nəzdində heç bir qiyməti yoxdur. Digər bir məsələ isə oruc tutarkən
davranışlarımızla bağlıdır. Oruc olan insan sözlərinə diqqət etməli,
qulağını və dilini qeybətdən, gözünü haramdan qorumalıdır. Aclıq
hissi bizi aqressivləşdirməməli, digərlərinə qarşı daha da nəzakətli
olmalıyıq. Hətta kimsə bizimlə mübahisə etmək istəsə belə, o adama
“mən oruc tutmuşam” deyib mübahisədən çəkinməliyik. Bununla

102

bağlı Allah Rəsulunun (s) xüsusi təlimatı vardır. Biz bu xüsusiyətlərə
riayət etməsək orucumuzu savab və fəzilətdən məhrum etmiş olarıq.

Mahiyyət etibarı ilə oruc tutmaq nəfsani və ruhani olaraq
insanı zənginləşdirir. Oruc ibadəti mənəvi duyğularımızın daha da
yüksəlməsinə səbəb olur. Qurani-Kərimdə buyurulur: “Tövbə edən,
ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı
işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın
hüdudlarını qoruyan o möminləri müjdələ”41. Oruc tutanlar Uca
Yaradanın müjdə verdiyi, doğru yolu seçənlərdir. Hər bir ibadətin
bir çox xüsusiyyəti olsa da, oruc bütün xüsusiyyətləri özündə
cəmləşdirmişdir.

Bağışlamaq fəzilətdir

Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz
və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah

bağışlayandır, qüdrət sahibidir!42

Bağışlamaq Uca Yaradana məxsus ali bir xüsusiyyətdir. İnsanlar
günah etdikləri təqdirdə tövbə və istiğfar (bağışlanma diləmək)
edərək Allaha yönəlir, ondan mədəd umurlar. Bu böyük mənada
ilahi bir termindir və bağışlayan, rəhm edən şübhəsiz ki, Allahdır.
Ancaq bəzi ilahi xüsusiyyətlər var ki, insan bunların mahiyyətini
anlayaraq öz həyatına da tətbiq etməyi bacarmalıdır. Bağışlama

41  ət-Tövbə surəsi, 112
42  ən-Nisa surəsi, 149

103

bu xüsusiyyətlərdən biridir. İnsan böyük mənada bağışlayan deyil,
ancaq özündən asılı olan məsələlərdə bağışlamağı bacarmalıdır. Kin,
nifrət, ayrı-seçkilik insana yaraşmayan, ona baş ucalığı gətirməyən
xislətlərdir. Bağışlamaq və əfv etmək isə mərhəmət və sevginin,
humanizm və xoş niyyətin təzahürüdür. Xüsusilə rəhbər vəzifədə
işləyən insanlar, ailə başçıları, səlahiyyətli şəxslər öz fəaliyyətində
insanpərvərliyi, xoş rəftarı, ədaləti əsas tutmalı, bağışlamaq
ənənəsini daha geniş yaymalıdırlar. Həzrət Peyğəmbərin (s) həyatı bu
baxımdan hər bir insan üçün nümunədir. Peyğəmbərin əmisi Həmzə
çox cəsarətli və güclü bir insan idi. Müsəlmanların məğlubiyyətlə
sınandığı Uhud döyüşündə Həmzə həbəşistanlı Vəhşi adlı bir kölə
tərəfindən şəhid edilir. Vəhşi müşriklərin əmri ilə mizraqla Həmzəni
ürəyindən vuraraq öldürür. Allah Rəsulu (s) əmisinin şəhadətinə görə
çox üzülür. Bu hadisə müsəlmanları da dərindən sarsıdır. Məkkənin
fəthindən sonra peşman olmuş Vəhşi Mədinədə yerləşən Peyğəmbər
məscidinə gəlib Allah Rəsulunun (s) qarşısına çıxır. Bu mənzərəni
görən səhabələr onu öldürmək istəsələr də Peyğəmbər (s) buna imkan
vermir. Vəhşi müsəlman olduğunu və Həmzəni öldürdüyü üçün çox
böyük peşmançılıq keçirdiyini bildirir. O, bağışlanması üçün Həzrət
Peyğəmbərə (s) müraciət edir. Böyük insanlıq nümunəsi olan Allah
Rəsulu (s) Vəhşini əfv edərək ona zərər verilməsinin qarşısını alır.
İslam Peyğəmbərinin bu davranışı mənəvi baxımdan müsəlmanlar
üçün böyük bir örnəkdir. Öz əmisini amansızcasına qətlə yetirən
bir insanı bağışlayan Peyğəmbər (s) bununla biz müsəlmanlara da
ismarıc vermişdir. Bəzən adi bir xətanı, xırda bir qüsuru bağışlamağı
özümüzə rəva bilmir, kin bəsləməyə davam edirik. Halbuki, həyat
çox qısadır. Biz ətrafımızda cərəyan edən proseslərə obyektiv gözlə

104

baxmağı bacarmalıyıq. Xırda qüsurlara görə insanların xətrinə
dəymək, qəlbini qırmaq İslamın bəyənmədiyi əməllərdəndir. Haqsız
yerə etdiyimiz hər bir əməl gec və ya tez bizim qarşımıza çıxacaqdır.
Dinimiz isə bütün hallarda sülhü və qardaşlığı, birliyi və əmin-
amanlığı üstün tutur. Müasir dövrümüzdə insanlararası münasibətləri
təhlil edərkən görürük ki, fərdlər çox vaxt öz davranışlarında
aqressivlik və sərtliyə yol verir, səbirsizlik nümayiş etdirir, yersiz
konfliktlər yaradırlar. Bu da nəticədə cəmiyyətin gərginləşməsinə,
aqressivliyin artmasına, qarşılıqlı anlaşmanın pozulmasına gətirib
çıxarır.

Bağışlama ilə əlaqəli vacib məqamlardan biri uşaqlar və onların
tərbiyəsi ilə əlaqədardır. Şübhəsiz ki, övlad tərbiyəsi hər bir ailə üçün
böyük əhəmiyyət daşıyır. Hər birimiz çalışırıq ki, övladımız əxlaqlı
və tərbiyəli, milli-mənəvi dəyərlərə bağlı, sağlam bir şəxsiyyət
kimi formalaşsın. Ancaq biz övladlarımıza mərhəməti və sevgini,
bağışlamağı və əfv etməyi də öyrətməliyik. Onlar digərlərinə qarşı
insanpərvər və nəvazişli olmalı, bağışlama duyğusuna malik olmalı,
kin və nifrətdən uzaq olmalıdırlar. Psixoloji və sosioloji araşdırmalar
təsdiq edir ki, uşaq vaxtında müəyyən psixoloji travmalar yaşamış,
aqressivlik və sərtliklə üzləşmiş uşaqların mərhəmət duyğusu zəifləyir.
Onlar ətraflarındakı insanlara qarşı qəddar və əzazil olur, yaxınları
və doğmalarının ən xırda xətasını belə bağışlamırlar. Vaxtında tədbir
görmədiyimiz təqdirdə belə insanlar cəmiyyətə də zərər verməyə
başlayırlar. Onların gələcəkdə cinayət törətməsi, başqalarına fiziki
xətər yetirməsi belə istisna deyi. Məhz bu səbəbdən bağışlayıcılığı
artırmaq üçün uşaqlardan və yeniyetmələrdən başlamalı, bu adəti
onlara aşılamalıyıq.

105

Bağışlamaq və əfv etmək hər birimiz üçün vacib xüsusiyyətdir.
Cəmiyyət məhz belə xüsusiyyətlər üzərində yüksəlir. Bir-birimizi
başa düşərək, anlayaraq yaşamaq üçün bağışlamağı bacarmalıyıq.

Orta yol

(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın
(dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar
(əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz
qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin)

arasında orta bir yol tut!43

İslam dini orta yolun tutulmağına diqqət edən və Qurani-Kərimdə
bir neçə dəfə buna işarə edən bir dindir. Bu baxımdan müsəlmanların
orta yolu tutmağa diqqət etməsi bəyənilən əməllərdən biridir. Sual edə
bilərik ki, nədir orta yol? Orta yolu tutmaq üçün nə etmək lazımdır?
Belə sualları inanclı insanlar tez-tez ilahiyyatçılara ünvanlayırlar.
Orta yol nə az, nə çox olanı seçməkdir. İfrata varmamaq və təfritə
düşməməkdir. Qidalandığımızda ac qalmamaq, həm də az yeməkdir.
Biz qeyd etdiyimiz nümunələrlə orta yolun mahiyyətini izah etməyə
çalışsaq da ən əsası bunu praktikada tətbiq etməyi bacarmaqdır.
Həzrət Peyğəmbər (s) daim müsəlmanları orta yol tutmağa çağırmış,
orta yolun ən xeyirli olduğunu qeyd etmişdir. Qurani-Kərimdə orta
yolu tutmaqla bağlı vacib bir mənəvi prinsip müəyyənləşdirilmişdir:
“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər,

43  əl-İsra surəsi, 110

106

bu ikisinin arasında orta bir yol tutarlar”44. Müsəlmanların iqtisadi
həyatına istiqamət verən bu ayə xeyir və bərəkətin də məhz orta yolda
olduğunun göstəricisidir. İbadətdə də orta yolun tutulması ilə bağlı
ayə yuxarıda qeyd edilmişdir. İbadət edərkən riyakarlıq edib səsi
qaldırmaq, yaxud da həddən artıq səssizliyə bürünmək bəyənilmir.
Ancaq burada daha geniş danışılmalı olan mövzu dini əqidədə orta
yolun tutulması ilə bağlıdır. Bu gün dünyada dini zəmində yaranmış
bir çox sıxıntılar məhz orta yol prinsipinə əməl edilməməsi ilə
bağlıdır. Dini terminologiyada orta yolun tutulmasına mötədillik də
deyilir. Ancaq qeyd edildiyi kimi əsas məsələ mahiyyətin anlaşılması
ilə əlaqədardır. Bu gün dinə yanaşmada orta yolu tutanlar az, ifrata və
təfritə düşənlər isə çoxdur. İlk öncə təfritlə bağlı məsələyə toxunmaq
faydalı olar. Təfrit müəyyən edilmiş həddən daha az etmək, tələb
olunanı yerinə yetirməməkdir. İslam dinində Uca Yaradanın müəyyən
etdiyi mənəvi prinsiplər, qaydalar, əmrlər və qadağalara qarşı laqeyd
münasibət özlüyündə də təfrit əlamətidir. Təfrit insanı laqeydliyə
yönəltdiyi kimi, həm də iman hissinin zəifləməsinə səbəb olur. Təfritə
düşən insanlar getdikcə daha da dərinləşən bir biganəlik fikrinə
qapılırlar. Nəticədə isə insan mənəviyyatının sarsılması və dinə qeyri-
obyektiv münasibət formalaşır. Məsələnin ikinci və daha təhlükəli
tərəfi ifratdır. İfrat həddi aşmaqdır. Dini nöqteyi nəzərdən ifrata
varmaq radikalizm, ekstremizm və fanatizmin başlanğıc nöqtəsidir.
Bəzən ətrafımızdakı bəzi insanların sürətlə dindarlaşdığını, ibadətə
qapıldığını, sadəcə dini mövzularda danışdığını, dindar olmayanları
tənqid etdiyini, ailə üzvlərinə dinlə bağlı müxtəlif iradlar bildirdiyini
görürük. Bu ifrata varmaqla yanaşı, həmin şəxsin radikallaşmasının

44  əl-Furqan surəsi, 67

107

da əlamətidir. Biz bu əlaməti diqqətlə izlədikdə radikalizm və
ekstremizmin məhz ifratçılıqdan yarandığının şahidi oluruq.
Radikalizm isə dünyanın üzləşdiyi ən böyük bəlalardan biridir. “Mən
haqlıyam, mənim kimi düşünməyənlər haqsızdır” fikrli ilə başlayıb
“Mən möminəm, mənim kimi düşünməyənlər isə kafirdir” fikri ilə
davam edib, yekunda “Bütün kafirləri öldürmək, cihad etmək bizə
əmr olunub” deyərək yekunlaşan bir prosesdir. Yəqin ki, Yaxın Şərqdə
baş verən proseslərdən hər birimiz xəbərdarıq. Orta yolu tərk edərək
radikalizm girdabına düşmüş şəxslər şəhərləri, kəndləri, qəsəbələri
viran qoyub, minlərlə insanın ölümünə, milyonlarla insanın isə öz
yurdundan didərgin düşməsinə səbəb olublar. Faciəvi hal isə ondan
ibarətdir ki, bunu edənlər İslam dininin adından istifadə edir, öz
cinayətlərini Allaha bağlayırlar. “Hər kəs bir kimsəni öldürməmiş
(bununla da özündən qisas alınmağa yer qoymamış) və yer
üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları
öldürmüş kimi olur”45 ayəsi İslamın baxış bucağını ortaya qoyur.
Həddi aşaraq insanları haqsız yerə öldürənlərin isə İslamla və onun
Peyğəmbəri (s) ilə heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd edilənlərə
istinadən demək olar ki, təfrit də ifrat da Allahın bəyənmədiyi və rədd
etdiyi əməllərdir. Mömin nə təfritə düşməyib, ifrata varmayaraq orta
yolu tutmalıdır.

45  əl-Maidə surəsi, 32

108

Həya

“(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini)
möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi.
Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan
(Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini
(şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət

edənlərdən oldu”.46

Namus insan üçün imanı qədər dəyərlidir. Öz namusunu qorumaq
və əxlaqlı həyat sürmək Uca Yaradan tərəfindən qadınlara əmr
edilmişdir. Namusu qorumadan, əxlaqa sahib çıxmadan dini qorumaq
mümkün deyildir. Xüsusilə bizim cəmiyyətimizdə insanın namusu
onun ailə, şəxsiyyət, mənəviyyat və digər meyarları ilə birbaşa
əlaqəlidir. Qadınların namusunu qoruması öz ərinə olan sədaqət və
ailəsinə olan bağlılığının əsasını təşkil edir. Dinimizdə əxlaq termini
nə qədər vacibdirsə, namus da o qədər vacibdir. Onu da qeyd edək
ki, namus məsələsi sadəcə qadınlarla əlaqəli bir məsələ deyil. Kişilər
də öz namusunu qorumalı və əxlaqlı şəkildə yaşamalıdır. İslam
dinində ailə qurarkən namusun şərt olaraq önə çəkilməsi çox vacibdir.
Qurani-Kərimin “Maidə” surəsinin 5-ci ayəsində buyurulur: “Bu gün
pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə,
sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin
sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin)
azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən

46  ət-Təhrim surəsi, 12

109

qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina
etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün)
sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə
zərər çəkənlərdən olar!”. Namus yolunu tutmayıb zinaya yönəlmək
isə xəyanət və böyük günahdır. Zina qadın və kişi arasında olan ailə
münasibətləri ilə yanaşı, cəmiyyəti və əxlaqi normaları da zədələyir:
“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq
etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya
şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi,
pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə
düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!”47. Başqa
bir ayədə isə Uca Rəbbimiz buyurur: “Zinaya da yaxın düşməyin.
Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”48. Allahın namusa
verdiyi önəm zinaya olan münasibətindən də bəlli olur. Dinimizə görə
zinaya yaxın düşmək böyük günahdır. Zinanın nə qədər böyük günah
olmasının göstəricisi zina edənlərin namuslu insanla evlənməsinə
qoyulan ilahi qadağadan məlum olur. Nur surəsinin 3-cü ayəsində
deyilir: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla
evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir
kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram
edilmişdir”. Zinanın günah olması qədər insanlara zina istinad edib
böhtan atmaq da böyük günah hesab edilir. Uca Yaradan Qurani-
Kərimdə bunu edənlərin cəzalandırılmasını əmr edir: “İsmətli qadınla
zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə
bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç

47  ən-Nəhl surəsi, 90
48  əl-İsra surəsi, 32

110

vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış)
əsl fasiqlərdir”49, başqa bir ayədə isə buyurulur: “Zinadan xəbəri
olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər
dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü)
çox böyük bir əzab gözləyir”50. Tarixdən və hədislərdən məlum
olduğu kimi Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Həzrət Aişə
xanıma bununla bağlı böhtan atılmış və Allah bu böhtanı atanların
lənətə düçar olacağını bildirmişdir. Şübhəsiz ki, bu qədər ağır günahla
bağlı böhtan atmaq qəbuledilməzdir.

Müasir dövrdə namusun qorunması, həyanın mühafizə edilməsi
ilə bağlı bəzən birmənalı olmayan fikirlər də səslənir. Ancaq qeyd
etməliyik ki, ölkəmizdə milli-mənəvi dəyərlərə bağlılıq və namusun
qorunması ailələr üçün çox vacib hesab edilir. Doğrudur, namusun
qorunması və zina məsələsi nədənsə çox vaxt ədalətsiz şəkildə yalnız
qadınlarla əlaqələndirilir. Bunun bəzi subyektiv və obyektiv səbəbləri
ola bilər. Fəqət ümumilikdə bir insanın əxlaqlı insan kimi özünü
təsdiq etməsi üçün namusunu və iffətini qorumağı birinci şərtdir.

49  ən-Nur surəsi, 4
50  ən-Nur surəsi, 23

111

Əhdə vəfa

“Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən
möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda

haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır.
Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə

sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)”!51

Əhdə vəfa, yəni bağladığın əhdi, verdiyin sözü tutmaq insan
üçün ən vacib xasiyyətlərdən biridir. Həzrət Peyğəmbər (s) söz verib
əməl etməməyi münafiqlik əlaməti kimi qiymətləndirmişdir. Əhdə
vəfa dedikdə çoxumuz bunu insanlararası münasibətlər baxımından
qiymətləndiririk. Əslində isə ən böyük vəfakarlıq Allaha qarşı olan
vəfakarlıqdır. Bəqərə surəsinin 40-cı ayəsində İsrail oğulları ilə
Allah arasında olan əhddən bəhs edilir: “Ey İsrail oğulları! Sizə
bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman
peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən
də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa
edim. Yalnız Məndən qorxun!”. Bu ayədə qeyd edilən əhd şübhəsiz
ki, Allahla olan əhddir. Ancaq əhdə vəfa anlayışı daha geniş və
təfsilatlı mənaya malikdir. Söz verib sözünü yetirən insan digərləri
tərəfindən də hörmət və ehtiramla qarşılanır. Uca Yaradan yetimlərə
münasibətdə də əhdə vəfanın əhəmiyyətini möminlərə bildirir:
“Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-buluğa
çatana qədər yaxın düşməyin. (Bu mala ancaq onu qorumaq,

51  ət-Tövbə surəsi, 111

112

artırıb çoxaltmaq və yetimin öz xeyrinə istifadə etmək məqsədilə
əl vurmaq olar). Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində
(qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-
yetirmədiyi haqda sorğu-suala tutulacaqdır)”52. Allah-Təala axirət
günü insanları sorğu-sual edərkən əhdə vəfa edib-etmədikləri barədə
də soruşacaqdır. Bu mövzunun nə qədər əhəmiyyətli olduğu bu
ayədən də məlum olur. Ümumilikdə əhdə vəfa Həzrət Peyğəmbərin
(s) İslamı təbliğ etdiyi ilk dövrlərdən gündəmdə olmuş, möminlərin
mənəvi keyfiyyəti kimi qiymətləndirilmişdir: “(Ya Peyğəmbər!)
And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri
zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində
olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi,
onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi
qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə
(Xeybərin fəthi) ilə mükafatlandırdı53. Təbii ki, Quranda bəhs edilən
əhdə vəfa prinsipinin bu günümüzlə birbaşa əlaqəsi var. İnsanlar
söz verib yerinə yetirməyin məsuliyyətini bəzən dərk etməyərək
buna dırnaqarası münasibət bəsləyir, əhd bağladıqları insanlara
vəfasızlıq edirlər. Xüsusilə ticarət və iş münasibətlərində tez-tez əhdə
vəfasızlıqlar baş verir ki, bunun nəticəsində insanlara zərər dəyir.
Müsəlman kimliyi ilə, şəxsiyyəti ilə etibarlı biri olmalı, digərlərinə
də etibarlı şəxs təsiri bağışlamalıdır. İnanan insan Qurani-Kərim
və Allah Rəsulunun (s) həyatı ilə tanış olduqdan sonra qəti şəkildə
əhdə vəfasızlıq etməməlidir. Əhdə vəfasızlıq etmək sadəcə kiminsə
yanında deyil, birbaşa Allahın yanında etibardan düşməkdir. Biz

52  əl-İsra surəsi, 34
53  əl-Fəth surəsi, 18

113

sözümüzü qarşımızda olan şəxsə görə yox, özümüzə görə tutmalıyıq.
Ucuz və bəsit maraqlara görə sözündən dönmək müsəlman üçün həm
günah, həm də rüsvayçılıqdır. Əhdə vəfadan qaçmaq üçün hiyləyə
əl atmaq, aldatmaq, yalan danışmaq da çox çirkin və iyrənc əməldir.
Tutulmayan söz, yerinə yetirilməyən əhd, pozulan razılıq, hətta
imzalanan müqavilənin icra edilməməsi də əhdə vəfa hökmündədir.
Əhdə vəfa etməyən insanlar vaxt keçdikcə hörmətdən düşər, insanlar
arasında etibarını itirər, bununla yanaşı, Allahın da qəzəbinə düçar
olar. Həzrət Peyğəmbər (s) hədislərinin birində buyurmuşdur ki,
“danışanda düz danışın, söz verəndə sözünüzə əməl edin, sizə əmanət
edilərsə riayət edin...”. Quranın və Allah Rəsulunun tövsiyələrinə
riayət edən şəxs dünyada izzət və şərəf, axirətdə isə əbədi qalacağı
cənnəti qazanar.

Təvazökarlıq və təmkin

“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə
təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları
(xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək

üçün) salam deyərlər”.54

İslam dininin əsas qayəsi insanı təvazökar görməkdir. İman
etmiş insan zəngin olsa belə yoxsulların da halını anlamalı, israfdan
qaçmalı, təmkinli bir həyat yaşamalıdır. Dəbdəbəyə meyllənmək,
dünya malına aludə olmaq təvazökarlığın əlaməti deyil. Təvazökar

54  əl-Furqan surəsi, 63

114

insan dərk edir ki, onu Yaradan Allahdır. Əlində, evində və əynində
nə varsa Allahın razılığı, ona verdiyi ruzi ilə alıb. Bütün bunların
fərqinə varan insan şübhəsiz ki, təvazökar və sadə bir həyat yaşamağı
üstün tutar. Təvazökarlığın ən bariz nümunəsi əlbəttə ki, aləmlərə
rəhmət olaraq göndərilmiş Həzrət Peyğəmbər (s) idi. O, həyatı boyu
təvazökar yaşamış, təvazökarlığı evində, geyimində, yeməyində, bir
sözlə hər bir işində təzahür etmişdir. Ətrafında olan minlərlə səhabənin
heç bir imtiyazını qəbul etməyərək onu mədh etmələrinə belə razı
olmamışdır. O, cəmiyyətin bütün təbəqələrindən olan insanlarla
ünsiyyətdə olmuş, onlarla söhbət etmiş, evlərinə qonaq getmiş, halları
ilə maraqlanmış, yoxsul və varlı arasında ayrı-seçkilik etməmişdir.
Allah Rəsulu (s) uşaqlara səmimi münasibət göstərmiş, qadınlarla
ünsiyyətdə yüksək nəzakət nümayiş etdirmiş, hər bir addımında
sadəliyi ilə insanların könlünü fəth etmişdir. Peyğəmbərdən nümunə
götürmək biz müsəlmanların başlıca vəzifələrindən biridir. Qurani-
Kərimdə kişi və qadınlara müjdə verən ayə bu baxımdan diqqəti
cəlb edir: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar,
mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru
danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar
(yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən,
oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan)
qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər
və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir
mükafat (Cənnət) hazırlamışdır!”55 Ancaq təvazökarlıqda da həddi
gözləmək lazımdır. Təvazökarlıq şərəf və ləyaqətimizin alçalması,
izzət və şərəfimizin sarsılması ilə nəticələnməməlidir. Mömin vüqarını

55  əl-Əhzab surəsi, 35

115

və şərəfini də qorumağı bacarmalıdır.
Təvazökarlığın əksi isə təkəbbürdür: “(Allah) iman gətirənlərin

və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik
Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət
etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə
acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə
bir dost, nə də havadar tapacaqlar!”56.Təkəbbürün Allah nəzdində
böyük günah olduğu digər ayələrdə də qeyd edilmişdir: “Yer üzündə
haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri
ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar
nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr,
onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol
seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri
və ondan qafil olmalarıdır”57. Başqa bir ayədə isə buyurulur: “(Bu
isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi
özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl
(qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar
Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar
olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da
gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu
qayda-qanunda heç bir dəyişiklik tapmazsan!58. Təkəbbür özündən
razılıq, qısqanclıq, nankorluq, eqoistlik və bu kimi bir çox duyğuların
məcmusudur. Belə duyğular insana hakim olduğu təqdirdə o özünü çox
güclü, qüvvətli görür, hər şeyə qadir olduğunu zənn edir. Təkəbbürlü

56  ən-Nisa surəsi, 173
57  əl-Əraf surəsi, 146
58  əl-Fatir surəsi, 43

116

insan elə fərz edir ki, onun heç kimə və heç nəyə ehtiyacı yoxdur.
Məhz bu yanaşma da onun sonunu gətirir. Dinimizə görə əzəmətli
sadəcə Allahdır, insana isə təkəbbür yaraşmır. Möminə yaraşan da
Allaha sığınmaq və ona təvəkkül etməkdir.

Həsəd insanı məhvə sürükləyir

“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə
insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab

və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş
etmişdik”.59

İman etmiş insanın xüsusiyyətlərindən biri də başqalarında olan
nemət səbəbilə heç kimə həsəd aparmamaqdır. Həsədin səbəbi çox
vaxt maddi nemətlər, başqalarının malik olduğu mal, mülk, vəzifə və
ya pulla əlaqədardır. Nəfsimizi idarə etmək, aza qane olmağı bacarmaq
hər kəsə nəsib olmadığı üçün həsəd insanın ağıl və ruhunu əsir almağa
başlayır. Bütün bunlar isə insanın mənəvi dəyərlər sisteminin getdikcə
məhv olmasına gətirib çıxarır. Həsədin ən təhlükəli növlərindən biri
başqasının Allaha olan sevgi və imanına həsəd aparmaqdır. Bununla
bağlı Qurani-Kərimdə deyilir: “(Ey möminlər!) Kitab əhlindən bir
çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki
həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda,
yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər
(hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan

59  ən-Nisa surəsi, 54

117

üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!”60. Həsəd
aparmağın mənalarından biri Allahın təqdirinə etiraz etməkdir. Çünki
başqalarının əlində olan mal, mülk və digər imkanların hər biri
Allahın rizası ilə onlara nəsib olmuşdur. Halal və ya haramlığından
asılı olmayaraq bunun təqdiri Uca Yaradanındır. Allah hər kəsin malik
olduğu neməti özü bölüşdürmüşdür: “(Ya Rəsulum!) Məgər sənin
Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?!
Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında
Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin
dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin
mərhəməti onların yığdıqlarından (dünya malından) daha
yaxşıdır!”61. Həsəd zəncirvari şəkildə insanların başqa günahlara da
yönəlməsinə şərait yaradır. Məsələn, həsəd apardığımız şəxs haqqında
daha çox araşdırma aparır, onun ayıb və qüsurlarını axtarır, həyatı
haqqında məlumat toplayırıq. Bu isə artıq başqa bir günah hesab edilir.
Çünki Uca Yaradan insanlara bir-birinizin ayıblarını arayıb axtarmayın
deyə əmr etmişdir. Bununla da günahlar silsiləsi bitmir. Həsəd aparan
insan həsəd apardığı şəxs haqqında daha çox məlumat əldə etdikdən
sonra bu məlumatlar onda məyusluq, depressiya və digər sıxıntılar
yaratmağa başlayır. Bu sıxıntılar nəticəsində isə öz işlərini keyfiyyətlə
görməyi, ailəsinə diqqət ayırmağı və üzərinə düşən digər vəzifələri
unudur. Həsəd nəticəsində kin, nifrət, hətta düşmənçilik yaranmağa
başlayır. Yəni yekunda həsəd hissi insanın öz əleyhinə çevrilir.
Əslində həsədi bütün pisliklərin başlanğıc nöqtəsi də adlandırmaq
olar. İblisin Adəmə (ə) etdiklərinin təməlində həsəd dayanırdı. İblis

60  əl-Bəqərə surəsi, 109
61  əz-Zuxruf surəsi, 32

118

Adəmə (ə) həsəd apardığı üçün Allaha üsyan etdi. O, Adəmə (ə) həsəd
apardığı onun üçün cənnətdən çıxarılmasına nail olur. Dünyadakı ilk
cinayət də həsəd səbəbindən baş vermişdir. Qabilin Habili öldürməsi
məhz həsədin nəticəsidir. Həsədin sadəcə fərdi deyil, ictimai zərərləri
də çoxdur. Dövrümüzdə baş verən bir sıra cinayətlərin, dünyadakı
nizam-intizamı pozan proseslərin kökündə həsəd dayanır. İnsanlar
və cəmiyyət üçün dağıdıcı xarakterə malik həsədlə həm fərdi, həm
də kollektiv mübarizənin aparılması faydalı ola bilər. Biz insanın və
cəmiyyətin mənəvi keyfiyyətlərini artırmaqla həsədin də qarşısını ala
bilərik. Çünki mənəviyyat həsəd duyğusunun yayılıb genişlənməsinə
mane olan amillərdən biridir. Burada bir məsələni də xüsusi qeyd
edək ki, həsədlə sağlam rəqabət eyni mahiyyətdə deyil. Həsəd insanın
mənəviyyatına mənfi təsir etdiyi halda sağlam rəqabət tam əksinə
motivasiya duyğuları aşılayır. Sağlam rəqabət inkişafın təməlində
duran əsas faktordur. İqtisadiyyat, idman, mədəniyyət və digər bir çox
sahənin təkmilləşməsi, güclənməsi, eləcə də inkişafının təməlində
sağlam rəqabət dayanır. Sağlam rəqabəti həsəd adlandırmaq bizləri
yanılda bilər. Tutaq ki, bir abituriyent öz yoldaşının yüksək nəticə
göstərdiyini görüb, o da yaxşı nəticə göstərməyə çalışırsa, buna var
gücünü sərf edirsə, mübarizə aparırsa bu sağlam rəqabətdir. Yaxud
da, idmançı yarışlarda rəqiblərini üstələyib qalib olmaq istəyirsə bu
həsəd deyil, rəqabətdir. Bunları ayırmağın ən gözəl yolu niyyətə və
nəticəyə baxmaqdır.

119

Yaşlılara və uşaqlara münasibət

“O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-
bağçalar yaradır və çaylar axıdar”!62

Bu dünya çətinlik və imtahan dünyasıdır. Axirətdə dünyadakı
əməllərimizə görə mükafat və ya cəza alacağıq. Ancaq dünyanın bütün
keşməkeşləri ilə yanaşı, səadət bəxş edən, bizi sevindirən dəyərləri
uşaqlardır. İşdən evə nə qədər yorğun qayıtsaq da uşaqlarımızı
görüb yenidən ruhlanırıq. Onların saflığı və təmizliyi, səmimiyyəti
bizə böyük güc verir. Həyatının ilk dövrlərində öz valideynlərinə
möhtac olan uşaqlar daha sonra böyüyüb özləri valideynlərinin
qayğısına qalırlar. Ancaq uşaq eyni zamanda, valideynlər üçün böyük
məsuliyyətdir. Onları tərbiyə etmək, düzgün istiqamət vermək, hər
çətinliklərində yanlarında olmaq valideynlərin borcudur. İnsan
şəxsiyyətinin təməli uşaq vaxtı qoyulur. Uşaqlıqdakı bütün mənfi və
müsbət hadisələr beynimizə həkk olunaraq orada dərin izlər buraxır.
Bu baxımdan uşaqlıq dövrü çox həssasdır. Ancaq biz məsələyə sadəcə
öz övladlarımız və doğmalarımız prizmasından baxmamalıyıq. Bütün
uşaqlara ictimai münasibət sağlam olmalıdır. Onların hüquqlarının
qorunması, sağlam inkişafının təmin edilməsi, yüksək təhsil
almalarına şərait yaradılması və digər məsələlər diqqət mərkəzində
saxlanılmalıdır. Cəmiyyətin gələcəyi uşaqlardan başlayır. Uşaqlara
yönəlməklə gələcəyimizi də təminat altına almış olarıq.

Həzrət Peyğəmbərin (s) uşaqlara xüsusi münasibəti olmuşdur.
Hədislərdə qeyd edilir ki, Allah Rəsulu (s) uşaqlarla söhbət edər,

62  Nuh surəsi, 12

120

onlarla zarafatlaşar, hətta oyunlar belə oynayardı. Onun uşaqlara
olan məhəbbətinə bütün səhabələr şahid olmuşdur. Peyğəmbərin
(s) nəvələri Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) uşaq ikən Allah
Rəsulunun (s) sevgi və mərhəməti ilə əhatə olunmuşdular. Peyğəmbər
onları bağrına basıb qucaqlayar, onlarla müxtəlif oyunlar oynayar,
nazlarını çəkər və onlar üçün dua edərdi. Həzrət Peyğəmbərin (s) bu
davranışı bütün müsəlmanlara uşaqlarla münasibətdə nümunə təşkil
etməkdədir. Biz də bu nümunələri rəhbər tutaraq uşaqlara qarşı sevgi
və mərhəmət dolu münasibət göstərməli, onların qayğısına qalmalıyıq.

Mövzumuzun ikinci hissəsi yaşlı insanlara olan münasibətlə
əlaqədardır. Əslində yaşlılıq və uşaqlıq dövrü bir-biri ilə çox
əlaqəlidir. Bu barədə Qurani-Kərimdə buyurulur: “Hər kəsə uzun
ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə
salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini
zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik).
Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə
qadir olduğunu) dərk etməzlərmi?”63. Həqiqətən də təcrübədə
görünür ki, insanlar yaşlandıqca uşaqlaşırlar. Yaşlı insanlar uşaqlar
kimi həssas və kövrək olurlar. Ayədə də qeyd edildiyi kimi bu
bir ilahi hikmətdir. Ancaq onu da qeyd etməliyik ki, uşaqlara
münasibətdə olduğu kimi yaşlılara da münasibətdə diqqətli və
nəvazişli davranmağı bacarmalıyıq. Yaşlılıq hər kəsin erkən dünyanı
tərk etməyəcəyi təqdirdə üzləşəcəyi bir haldır. Biz özümüz yaşlı
olarkən bizə necə davranılmasını istəyiriksə yaşlılara da o şəkildə
davranmalıyıq. Yaşlılıq gənclik dövrünün bəhrəsini gördüyümüz bir
vaxtdır. İnsanlar gənc ikən əldə etdikləri bilik və təcrübəni yaşlılıq

63  Yasin surəsi, 68

121

dövründə yenidən başqalarına ötürür, dəyərli məsləhətləri ilə gənclərə
yol göstərirlər. Bizim cəmiyyətdə olan “ağsaqqal” institutu məhz
yaşlılara olan hörmət və ehtiramın təzahürüdür. İnsanlar hər hansı
bir addımı atmazdan əvvəl nəslin ağsaqqalına müraciət edərək
ondan məsləhət alırlar. Xüsusilə ailələrin əlamətdar günlərində, toy
məclislərində və digər mərasimlərdə ağsaqqala söz verilir, ondan
xeyir-dua alınırdı. İslam dinində valideynlərə olan münasibət yaşlılara
olan münasibətin bir göstəricisidir: “Rəbbin yalnız Ona ibadət
etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl
davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin
yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara:
“Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş
danış!”64. Yaşlılara hörmət müsəlman olaraq hər birimizin borcu və
ictimai vəzifəsidir.

Salamlaşma ənənəsi

“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə
sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır”.65

Salam ifadəsi və salamlaşma ərəb dilində İslamdan əvvəlki
dövrdə də istifadə edilən bir söz idi. Ancaq İslam dini salama bir çox
məna və əhəmiyyət qatmışdır. İlk öncə onu qeyd edək ki, “Salam”
salamatlıq və əmin-amanlıq bəxş edən mənasında Uca Yaradanın
gözəl adlarından biridir. Qurani-Kərimdə bununla bağlı buyurulur:

64  əl-İsra surəsi, 23
65  ən-Nisa surəsi, 86

122

“O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün
məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə)
salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub
(onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi
hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük
(hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona
qoşduqlarından (şəriklərdən) ucadır”66. İslam dininə görə “Salam
olsun sizə” ifadəsi “Sizə əmin-amanlıq arzulayıram”, “Sizə sülh
arzulayıram”, “Sizə salamatlıq arzulayıram” ifadələri ilə eyni mənanı
daşıyır. Qurani-Kərimin Ənam surəsinin 54-cü ayəsində Həzrət
Peyğəmbərə (s) xitabən deyilir: “Ayələrimizə iman gətirənlər
yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-
Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı
əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis
iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər).
Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!””. İslam dinində
salamlaşma geniş və mənəvi bir məfhumdur. Salam verən insan
qarşısındakı insanla sadəcə olaraq görüşmür. O, öz xoş arzularını,
səmimi niyyətini və ona münasibətini bildirir. Allah Rəsulu (s) salam
verməyin sədəqə olduğunu diqqətə çatdırmış, müsəlmanların öz
aralarında salamı yaymasını tövsiyə etmişdir. Salamın əhəmiyyətini
göstərən məqamlardan biri namazların salamla sonlandırılmasıdır.
Namaz ibadəti dinin dirəyi və əsas istinad nöqtəsi olan bir ibadətdir.
Bu ibadətin də salamla yekunlaşması biz müsəlmanlara salamın ən
gözəl tövsiyəsidir. Salamla bağlı ikinci məqam əsrlər boyu Həzrət
Peyğəmbərin (s) adını çəkən insanlara “əleyhi-s-salam” (Salam olsun

66  əl-Həşr surəsi, 23

123

Ona) deməsidir. Allah Rəsulunun (s) hər adı çəkildiyində ona salam
göndərilməsi salam ifadəsinin gözəllik və əzəmətindən xəbər verir.
Salam eyni zamanda cənnətə girəcək insanların da müjdə kəliməsidir.
Bu barədə vəhyin qaynağı olan Qurani-Kərimdə buyurulur: “Onların
ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə
(səs, maneə) və Əraf (Cənnətlə Cəhənnəm arasındakı səddin
yüksəklikləri) üzərində isə (savabları və günahları, xeyir və şər
əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını
(cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb cənnət əhlinə:
“Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar (əraf əhli)
çox istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış
(lakin Ərafda günahları təmizləndikdən sonra daxil olacaq)
kimsələrdir”67. Başqa bir ayədə isə belə deyilir: “İman gətirib yaxşı
işlər görənlər isə (ağacları) altından çaylar axan cənnətlərə daxil
ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların
orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq
verməsi: “Salam!” (demək) olacaqdır!”68. Göründüyü kimi salam
İslamda sülhün, salamatlığın, xoşbəxtliyin simvoludur. Bütün yaxşı
işlərin əvvəli və axırında salam vardır. Etiraf etməliyik ki, müasir
dövrdə salam öz mahiyyətindən uzaqlaşmaqdadır. Bəzən bu gözəl
ifadə başqa sözlərlə əvəz edilir, yaxud da ağızucu deyilərək öz
əzəmətini itirir. Bu gün qonşuluq münasibətlərində salamın azaldığını
görürük. Xüsusilə bina evində yaşayan insanlar bəzən illərlə gördüyü
qonşusunu tanımır, yaxud da ona salam vermir. Halbuki salamlaşma
ənənəsinin çoxsaylı faydaları vardır. Salamlaşma insanlar arasında

67  əl-Əraf surəsi, 46
68  İbrahim surəsi, 23

124

mehribanlıq və səmimiyyət yaratmaqla yanaşı, onların ünsiyyətinə
xüsusi bir bərəkət qatır. Evdən çıxarkən rastlaşdığımız insanlarla
salamlaşmaq, hal-əhval tutmaq cəmiyyətdə müsbət mühitin
formalaşmasına, sülh və əmin-amanlığa səbəb olur. Bu baxımdan biz
müsəlmanlar öz aramızda salamlaşma ənənəsini qorumalı və davam
etdirməliyik.

İslam sülh dinidir

“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin!
Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!”69

İslam kəliməsi ərəb dilində “silm” və “salam” kökündən gələrək
“itaət etmək, sülh, əmin-amanlıq” mənalarına gəlir. Yəni bizim
dinimizin adının mahiyyəti sülh, əmin-amanlıq, xoşbəxtlik, dinclik
ifadələrindən əmələ gəlmiş və öz prinsiplərini bu təməllər üzərində
qurmuşdur. Buna iman etmiş müsəlman sülh və əmin-amanlıq
qaynağına bağlanmaqla həm özünün, həm də ətrafındakı insanların
rahatlıq tapdığı dəyərlərə sahib olur. Qurani-Kərim sülh yaradan insan
haqqında deyir: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur.
Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar
arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir.Allahın
razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə)
böyük mükafat verəcəyik!”70. Dinimizə görə sülh müharibədən

69  əl-Bəqərə surəsi, 208
70  ən-Nisa surəsi, 114

125

bütün hallarda üstündür. İslama görə yalnız özünü müdafiə etmək
məqsədilə müharibə etmək doğrudur. Həzrət Peyğəmbər də daim
sülhün tərəfində olmuş və sülhpərvər insan kimi tanınmışdır.
Müsəlmanlar arasında yaranan bütün mübahisəli məsələlərdə Allah
Rəsulu (s) mümkün qədər sülhə dəvət etmiş, insanların sülh içində
yaşamasını arzulamışdır. Uca Yaradan da nazil etdiyi ilahi vəhydə
sülhə meyl edənə qarşı sülhə meyl etməyin vacibliyini vurğulamışdır:
“Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və
Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir,
(niyyətlərinizi) biləndir!”71. İslamın sülh dini olduğu sabit və güclü
dəlillərlə sübuta yetirilmişdir. İslam sadəcə fərdlər arasında deyil,
millətlər və dövlətlər arasında da sülhün hakim olmasını arzulayır.
Həzrət Peyğəmbər (s) dövrünün hökmdarlarına İslama dəvət məktubu
göndərərkən də onları sülhə dəvət etmişdir. O, hətta müşriklərlə də
Hüdeybiyyə müqaviləsi imzalayaraq sülhün tərəfində olduğunu
bildirmişdir. İlk baxışda müsəlmanların əleyhinə olduğu zənn
edilən bu müqavilə nəticəsində Məkkə müsəlmanlar tərəfindən fəth
edilmişdir. Allah Rəsulunun (s) hədəfi dini könüllərə yaymaq, İslamla
dünyaya əmin-amanlıq gətirmək idi. O, Mədinədə yaşayan fərqli inanc
qrupları ilə sülh və əmin-amanlıq içində yaşamağı üstün tutmuşdur.
O, Mədinədə uzun müddət düşmən olan iki qəbiləni – Övs və Xəzrəci
barışdıraraq sülh yaratmağı bacarmışdır. İslam Peyğəmbəri (s) sülhə
o qədər əhəmiyyət verirdi ki, bir müsəlmanın digər müsəlmanla üç
gündən artıq küsülü qalmasını qadağan etmişdi. Allah Rəsuluna (s)
tabe olmaq prinsipini rəhbər tutan müsəlmanlar da Peyğəmbərin (s)
bu niyyətini görüb ona uyğun hərəkət etmişlər. Bütün bu yazılanlardan

71  əl-Ənfal surəsi, 61

126

sonra ağır da olsa həssas bir məsələyə toxunmaq lazımdır. Bu gün bəzi
qüvvələr İslam dinini terrorda ittiham edir, baş verən bütün hadisələri
İslam və müsəlmanlarla əlaqələndirirlər. Bu proseslərin nəticəsində
də dünyda islamofobiya meylləri güclənməyə, müsəlmanlara qarşı kin
və nifrət, ayrı-seçkilik nümayiş etdirilməyə başlanılıb. İlk öncə onu
qeyd edək ki, terror, cinayət və qətlləri dünyada sadəcə müsəlmanlar
törətmir. Bütün dinlərin nümayəndələri tərəfindən tarixən və vaxtaşırı
belə hadisələr baş verir. Hətta bu hadisələr bəzən müsəlmanların
özünə qarşı da yönəlir. İkincisi isə dünyada törədilən terror aktlarını
özlərini müsəlman adlandıran şəxslər törədə bilər. Ancaq bu İslamın
yox, fərdlərin günahı və cinayətidir. Tutaq ki, bir qəsəbədə kimsə
cinayət törədirsə bütün qəsəbə sakinlərini cinayətkar adlandırmaq
olarmı? Yaxud da bir yolda hər hansı avtomobil qəza edibsə bunda
digər sürücülərin nə günahı var? Əlbəttə ki, digər dinlərdə olduğu
kimi İslam dininin də mənsubları arasında radikallıq, ekstremizm və
fanatizm meylləri müşahidə edilir. Bunu danmaq olmaz. Ancaq bu
meyllərin qaynağı İslam dini deyil. Tarixdə başqa dinlərə etiqad edən
insanlar da bir çox cinayətlər və terror aktları törədiblər. Ancaq bu
qanlı cinayətlərə görə onların dini və milliyyəti ittiham edilməyib.
Bütün bunlar təsdiq edir ki, İslam dininə qarşı yönəlmiş bu ittihamların
arxasında başqa motivlər dayanır. Dünyada İslam dininin sürətlə
yayılmasından narahat olan qüvvələr İslamı daxildən parçalamaq,
eləcə də müsəlmanlara qarşı təzyiqləri artırmaq məqsədilə belə
yollara əl atırlar.

127

Xəstələri ziyarət

“Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir”.72

Xəstəlik hər bir insanın istənilən yaşda üzləşmə ehtimalı olan
bir vəziyyətdir. Biz hər gün yuxudan oyanaraq başımıza nələrin gələ
biləcəyindən xəbərdar deyilik. Hər kəs xəstəliklə üzləşib yatağa düşə
bilər. Bundan sığortalanmış insan yoxdur. İslam dinində də xəstələrə
qarşı çox həssas mövqe vardır. Hətta bəzi ibadətlərlə bağlı xəstələrə
güzəşt və imtiyazlar verilmişdir: “(Oruc tutmaq) sayı müəyyən
olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə
olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.
Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir
yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü
xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu
onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə
qədər xeyirlidir!”73Bununla yanaşı, İslamın ilk dövrlərində cihad
etmək əmr edilərkən xəstələrə güzəşt tətbiq olunmuşdur: “(Cihada
getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz,
bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət
etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil
edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba
düçar edər!”74. Müsəlmanların çox ibadət etməsi, hətta gecə də
ibadətə davam etməsi ilə bağlı ayədə də Allah xəstəliklərin olacağına

72  əş-Şuəra surəsi, 80
73  əl-Bəqərə surəsi, 184
74  əl-Fəth surəsi, 17

128

işarə edir: “(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən
(yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən
yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə
olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü
də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və
saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq
qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə
rüsxət verdi). Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir
ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi
axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq,
digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə
isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın,
zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc
verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah
dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu
görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən,
Allah bağışlayandır, rəhm edəndir!”75. Qurani-Kərimdə olan Həzrət
Əyyub (ə) qissəsi də məhz xəstəliklə əlaqədardır. Ağır xəstəliyə düçar
olan Həzrət Əyyubun duası Uca Yaradan tərəfindən qəbul edilir və
o, şəfa tapır: “Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar
olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən)
qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha)
ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak
olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də
əlavə etdik”76. Xəstələrin ziyarət edilməsi Həzrət Peyğəmbərin (s)

75  əl-Müzzəmmil surəsi, 20
76  əl-Ənbiya surəsi, 84

129

gözəl adətlərindən biri olmuşdur. Allah Rəsulu (s) xəstəni ziyarət
etməyin əhəmiyyəti barədə dəfələrlə fikirlər söyləmiş, bu ziyarətin
çox böyük əhəmiyyəti olduğunu bildirmişdir. O, səhabələrdən kimsə
xəstələndiyində mütləq onu ziyarət edər, əhvalını soruşar, ehtiyacı
ilə maraqlanardı. Xəstələnənlərin şəfa tapması üçün Peyğəmbər (s)
onların yanında Allaha dua edər, şəfa diləyərdi. O, xəstələri təsəlli
edərək insanın xəstələnməsinin onun günahlarına kəffarə olacağını
bildirmişdir. Biz müsəlmanların bir-birimizin üzərində olan əsas
haqqlarından biri xəstə olduğu vaxt onu ziyarət etməkdir. Xəstəni
ziyarət edərək ona ürək-dirək vermək, dəstək olmaq xəstənin də
toxtaqlıq tapmasına səbəb olur. Bu ənənəni qorumaq və gələcək
nəsillərə çatdırmaq çox böyük əhəmiyyət kəsb edir. Xəstəliyə gəldikdə
isə, hər birimiz xəstələndiyimizdə bunu Allahın təqdiri olaraq qəbul
etməliyik. Ancaq xəstəliyi təqdir kimi qəbul edib müalicədən boyun
qaçırmaq doğru deyildir. Müalicə üçün lazım olan bütün işləri
gördükdən sonra səbir edib Allahdan şəfa diləməliyik. Uca Yaradanın
gözəl adlarından biri də Şafidir. Şafi şəfa verən mənasında işlədilir.
Allah bütün xəstələrə şəfa versin.

130

Dostluq

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya
qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-
qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan)

müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul
və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri,

lovğalıq edənləri sevməz”!77

Dostluq insan üçün mənəvi münasibətlər baxımından çox vacib
duyğulardan biridir. İki şəxs arasında sadə münasibətdən başlayıb
sevgi, hörmət, qayğı və güclü bağlılığa çevrilən münasibətə dostluq
deyilir. Dostların bir-birinə münasibətində sağlam niyyət və müsbət
təsir böyük əhəmiyyətə malikdir. Dinimizə görə özümüzə yanlış
insanı dost tutduğumuz təqdirdə, o bizi böyük bəlalara düçar edə bilər.
Bununla bağlı Qurani-Kərimdə deyilir: “Vay halıma! Kaş filankəsi
özümə dost etməyəydim. And olsun ki, Quran mənə gəldikdən
sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı.
Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra)
yalqız buraxar (zəlil, rüsvay edər)”78. Əsl dostluq isə İslama görə
insanı Allaha bağlayan, saleh əməllərə sövq edən və mənəvi fayda
verən dostluqdur. İnsan özünə və Allaha düşmən olan kəslərlə dostluq
etməməlidir: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də
özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn
haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda,

77  ən-Nisa surəsi, 36
78  əl-Furqan surəsi, 28-29

131

siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz
Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri
və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və
Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim
düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz
(dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız
və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi)
bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq
edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!”79.
Dostluq münasibətlərində səmimiyyət və sədaqət prinsipləri xüsusi
rola malikdir. Biz öz dostlarımıza qarşı səmimi olmalı, onların xəta
və səhvlərini özlərindən gizlətməməli, dostlarımızdan dəstəyimizi
əsirgəməməliyik. Burada vacib məqamlardan biri də sədaqətlə
bağlıdır. Dostluğun əsas göstəricilərindən biri sədaqətdir. Bir-birinə
sadiq olan və uzun müddət dostluq edən şəxslərə digərləri tərəfindən
də hər zaman böyük hörmət bəslənilmişdir. İnsanların dostluqdan
uzaqlaşması isə daha çox xəyanətlə üzləşən, etimadı doğrultmayan
dostlarla bağlıdır. Şübhəsiz ki, dostluq dünyəvi xarakterə malikdir.
Yəni axirətdə dostun dosta heç bir faydası ola bilməz. Bununla bağlı
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Alış-verişin,
dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü)
gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər
(bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!”80. Ancaq
dünya həyatını dostsuz təsəvvür etmək mümkün deyil. Dostsuz
həyat hərəkətsiz və mənasız görünər. Əsl dost insan üçün dayaq

79  əl-Mumtəhinə surəsi, 1
80  əl-Bəqərə surəsi, 254

132

və dəstəkdir. Bir çətinliklə qarşılaşdıqda insanlar sadiq və yaxın
dostlarına müraciət edirlər. Dostluq eyni zamanda fədakarlıq və
möhkəmlik üzərində qurulmalıdır. İnsan öz dostuna görə əziyyətə
və çətinliyə qatlanmağı da bacarmalıdır. Dostluq sadəcə cismani bir
münasibətdən ibarət deyil. Dostluq eyni zamanda könül bağlılığı və
mənəvi birlikdir. İnsanlar üçün ən məsuliyyətli məsələlərdən biri
dost seçimi ilə bağlıdır. Bəzən kifayət qədər sınaqlardan keçməmiş
münasibətə dostluq adını vermək daha sonra peşmançılıqla nəticələnir.
Hər yoldaşlığı və münasibəti dostluq mərtəbəsinə qaldırmaq da doğru
bir yanaşma deyil. Dostluq sınaqlardan keçmiş, məşəqqətlər görmüş,
illərin dəyər qatdığı münasibətə deyilir. Hər adama dost demək “dost”
sözünün ucuzlaşmasına da gətirib çıxarır. Xüsusi bir məsələ də ondan
ibarətdir ki, bütün dostluqların fövqündə dayanan dostluq Allahla
olan dostluqdur. Qurani-Kərimdə bununla bağlı ayə vardır: “Allah
(Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa
tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır).
Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar
cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!81 Dostluğa
Azərbaycan milli düşüncəsində də xüsusi yer verilir. Xalqımız
üçün dostluq müqəddəs hesab edilir. Dostluqla bağlı bir sıra atalar
sözlərimiz də var: “Dost dar gündə tanınar”, “Örtülü bazar dostluğu
pozar”, “Dost dosta tən gərək, tən olmasa gen gərək”.

81  əl-Bəqərə surəsi, 257

133

Şəhidlik ən uca zirvədir

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin.
Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk

etmirsiniz”.82

Şəhid ərəb dilindən tərcümədə “şahid olan” deməkdir. Şəhidlik
kitabımızın ən önəmli mövzusudur. Bu mövzu ətrafında nə qədər
danışsaq və yazsaq, yenə də azdır. Şəhid demək canlı olan,
ölümsüzləşən, ucalan, yüksələn deməkdir. Şəhid dəyərdir, güc
mənbəyidir, mənəviyyat qaynağıdır, dinin, vətənin, torpağın təməl
daşıdır. Şəhidlərin şəhadəti ən uca insanlıq zirvəsi, böyük şəxsiyyət
nümunəsidir. İslam dininə görə şəhidlərə “ölü” demək olmaz. Onlar
diridirlər, lakin biz bunu anlamırıq. Şəhidin qanı müqəddəsdir. Çünki
o qan hədər yerə axmamışdır. Şəhidlər bir ümmət, millət və ya xalq
üçün əbədiləşən istinad nöqtəsidir. İslam dinində şəhidlərə olan hörmət
və ehtiramın mahiyyətini dərk etmək üçün dinin yayıldığı ilk dövrlərə
müraciət etmək lazımdır. Təsəvvür edin ki, şəhidliyə İslam dinində
o qədər dəyər verilmişdir ki, səhabələr şəhid olmaq üçün yarışmış,
mübarizə aparmışdır: “Möminlər içərilərində elələri də vardır ki,
Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda)
şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri
sözü) əsla dəyişməzlər ki”83. Şəhidlərin Allah nəzdində olan məqamı
ilə bağlı Ali-İmran surəsinin 169 və 170-ci ayələrində Uca Yaradan
buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü

82  əl-Bəqərə surəsi, 154
83  əl-Əhzab surəsi, 23

134

zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında
ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən
onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca
gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış)
kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-
qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. Şəhidlərin cənnətdə
ən uca mərtəbədə, peyğəmbərlərlə birgə olacağı da Qurani-Kərimdə
öz təsdiqini tapmışdır: “Allaha və Peyğəmbərə itaət edənlər
(axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər),
siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst,
peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və
salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə
də gözəl yoldaşlardır!”. Digər bir ayədə isə buyurulur: “Allaha və
peyğəmbərinə iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında
olan siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir.
Onların (qiyamət günü) öz mükafatları və (qıl körpüsü üstündə
onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub ayələrimizi
yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər84 Həzrət
Peyğəmbər (s) şəhidlik haqqında səhabələrə o qədər gözəl fikirlər
söyləmiş, ilahi kəlimələr çatdırmışdı ki, səhabələr şəhid olmağa can
atırdılar. Əlbəttə ki, Allah Rəsulu (s) səhabələrin cavan yaşda həlak
olmasını istəmirdi. Ancaq müşriklərin hücumları nəticəsində döyüşlər
baş verir, səhabələr də bu döyüşlərdə şəhid olurdular. Şəhidlik
sadəcə dinlə bağlı deyildir. Vətənini, torpağını, evini, malını, canını,
namusunu, ailəsini qorumağa çalışarkən həlak olanlar da şəhiddir.

Bizim xalqımız üçün şəhidlik anlayışının xüsusi bir mahiyyəti

84  əl-Hədid surəsi, 19

135

vardır. Ölkəmiz 25 ildən artıqdır ki, müharibə şəraitində yaşayır. Bir
milyondan çox qaçqın və məcburi köçkünümüz var. Azərbaycanın
əzəli və əbədi torpaqları Ermənistan tərəfindən işğal edilmişdir.
Günahsız insanlarımız öldürülmüş və ya əsir düşmüş, bəşəriyyətdə
bənzəri olmayan cinayətlərdən biri – Xocalı soyqırımı törədilmişdir.
Müharibə dövründə istər 90-cı illərin əvvəllərində, istər sonrakı
dövrlərdə, istər 2016-cı ilin Aprel döyüşlərində əsgər və zabitlərimiz
ərazi bütövlüyümüzü qorumaq uğrunda şəhid olaraq canlarını fəda
etmişlər. Bu səbəbdən də şəhidlik xalqımız üçün mənəvi bir ucalıq,
qəhrəmanlıq nümunəsidir. Biz də əminik ki, şəhidlərimiz ölməyib,
onlar diridirlər. Onlar da bizim kimi torpaqlarımızın işğaldan azad
olunacağı günü gözləyərək bayrağımızın torpaqlarımıza sancılacağı
dəqiqələrdə rahatlıq tapacaqlar.

Halallıq dinin əmridir

“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin,
Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-
açığına düşməndir”.85

Allah insanlar üçün yer üzündə saysız-hesabsız nemətlər yaratmış,
bu nemətlərin bir çoxunun da halal olduğunu bildirmişdir. Qurani-
Kərimdə deyilir: “Allahın sizə verdiyi ruzidən halal və təmiz
olanını yeyin. İnandığınız Allahdan qorxun!”86. Təbii ki, dünyanın

85  əl-Bəqərə surəsi, 168
86  əl-Maidə surəsi, 88

136

imtahan yeri olduğunu nəzərə alsaq burada bəzi məhdudiyyətlərin
də olması təbiidir. Bu məhdudiyyətlərə isə dini terminologiyada
haram deyilir. Yəni biz halal və haram olaraq müəyyən edilmiş
nemətlərlə qarşılaşsaq da bir müsəlman olaraq halallardan istifadə
edib haramlardan çəkinmək bizim borcumuzdur. Haram dedikdə
isə Qurani-Kərimdə istifadəsi qadağan edilənlər nəzərdə tutulur.
Bununla bağlı Bəqərə surəsinin 173-cü ayəsinə nəzər salaq: “O
(Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan
başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti
haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla
mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər)
bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur.
Allah bağışlayandır, mərhəmətlidir!”. Kafir olanların harama meyl
etməsi ilə bağlı “Onların bir çoxunu günah işləməyə, düşmənçilik
etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü
işlər necə də pisdir!”87 ayəsi haramın mömin insana yaraşmadığını
bildirmişdir. Halal-haram məsələsində böyük həssaslıq olmalıdır.
Çünki bəzən insanlar bilmədiyi halda bir çox şeylər haqqında halal
və ya haram hökmləri verir, bir növ Allahın işinə qarışmış sayılırlar.
Bununla bağlı ilahi vəhy qaynağında buyurulur: “Diliniz (bizə belə
əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz):
“Bu halaldır, o haramdır!” – deməyin, çünki (bununla) Allaha
iftira yaxmış olarsınız. Allaha iftira yaxanlar (axirət əzabından)
nicat tapmazlar!”88. Halal və haramla bağlı ikinci məsələ həddi
aşmaqdır. Bəzi insanlar haramdan çəkinirəm deyə halal olanları da

87  əl-Maidə surəsi, 62
88  ən-Nəhl surəsi, 116

137

özünə haram edərək ifrata varır. Qurani-Kərim bu məsələyə də açıq
izah vermişdir: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu
pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın.
Doğrudan da, Allah həddi aşanları sevməz!”89. Halal və haram
məsələsi Qurani-Kərimdə öz əksini tapmış, Həzrət Peyğəmbərin (s)
təcrübəsində tətbiq edilmişdir. Halal və haram sadəcə qida ilə bağlı
bir anlayış deyil. Bununla bağlı Qurani-Kərimdən bir neçə nümunə
təqdim edirik: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir
qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud
müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə
haram edilmişdir”90, “Bir-birinizin mallarını haqqınız olmadığı
halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram
olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı)
hakimlərə (rüşvət) verməyin!”91, “Sələm (müamilə, faiz) yeyənlər
(qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin
vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş
də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah
alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir.
İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu
işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona
bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə)
qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”92,
“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız,

89  əl-Maidə surəsi, 87
90  ən-Nur surəsi, 3
91  əl-Bəqərə surəsi, 188
92  əl-Bəqərə surəsi, 275

138

qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız,
arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın
himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram
edildi”93. Qurani-Kərim ayələri halal və haramın hədlərini böyük
ölçüdə müəyyənləşdirmişdir. Müsəlmanların əsas vəzifəsi də məhz bu
ayələr çərçivəsində öz hərəkət və davranışlarına istiqamət verməkdir.
Onu da unutmamalıyıq ki, Allahın müəyyən etdiyi halal və haramların
əsas hədəfi insanın səadəti, xoşbəxtliyi, eləcə də yer üzündə əmin-
amanlığın yaranması üçündür. 

Bilmədiyiniz işin ardınca getməyin

“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın
bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və
ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində)

sorğu-sual olunacaqdır”.94

Qurani-Kərimdə dini hökm və göstərişlərlə bərabər ictimai,
sosial, iqtisadi və digər sahələr üzrə də insanlara istiqamətlər
müəyyənləşdirilmişdir. Bundan belə nəticəyə gəlmək mümkündür
ki, Allah insanın sosial-ictimai yönlərinin də doğru şəkildə
tənzimlənməsini istəyir. Yer üzündə inkişaf və tərəqqinin şərtlərindən
biri də inanclılar üçün Allahın rizası əsasında fikir və düşüncənin
formalaşmasıdır. Yuxarıda qeyd edilən ayə əhəmiyyətli bir mənəvi

93  ən-Nisa surəsi, 23
94  əl-İsra surəsi, 36

139

prinsip ortaya qoyur: Bilmədiyiniz bir şeyin ardınca getməyin! Bu
prinsip insanın həyatda uğur və müvəffəqiyyət əldə etməsi üçün
strateji əhəmiyyətə malikdir. Əgər dünyada indiyə qədər baş verən
prosesləri nəzərdən keçirsək, xüsusilə İslam aləmindəki problemlərin
əsas səbəblərindən biri cəhalətdir. Cəhalət bizim üçün sadə bir ifadə
kimi görünsə də bütün mənfi tendensiyaların kökündə bu anlayış
dayanır. Cəhalət özü də fərdi və ictimai formada təzahür edir. Fərdi
cəhalət insanın elmdən, bilikdən, mütaliə və təfəkkürdən uzaqlaşaraq
yuvarlandığı bir uçurumdur. Bu elə bir təhlükəli yanaşmadır ki,
insanın bütün həyatını və gələcəyini məhv edə bilər. Radikalizm,
ekstremizm, xurafat, fanatizm və digər bu kimi tendensiyaların
kökündə dayanan cəhalətin özüdür. Doğrudur, insanların cəhalətindən
istifadə edən qüvvələr bu tendensiyaları daha gücləndirirlər. Ancaq
məsələnin başlanğıc nöqtəsi yenə də cəhalətdir. İctimai cəhalət isə hər
hansı bir cahillik ehtiva edən fikir və yanaşmanın, yaxud da ənənənin
cəmiyyətdə hakim olmasıdır. Bütün bunlar nəticə etibarı ilə insanların
əleyhinə yönəlmiş və onlara zərər verən proseslərdir. Qurani-Kərimdə
buyurulur: “Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər
barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər
barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah
bilir, siz bilməzsiniz!”95. İnsanların bilmədiyi işin ardınca getməsi
cahillik olduğu qədər, bilmədiyi mövzular barəsində mübahisə etməsi
də cahillik əlamətidir. İnsan ya bilmədiyi bir işin ardınca getməməli,
ya da bilib öyrəndikdən sonra getməlidir. Diqqət etmisinizsə insan
bilmədiyi bir nəsnə haqqında danışanda səhvlərə yol verir. Həmin
etdiyi səhvlər isə bilənlər tərəfindən dərhal müəyyən edilir və həmin

95  Ali-İmran surəsi, 66

140

şəxsə irad tutulur. Yaxud da bilmədiyi bir sahədə fəaliyyət göstərən
insan mütəmadi qaydada təcrübəsiz hərəkətlərə yol verdiyi üçün
uğursuzluğa düçar olur. Bilmədiyimiz iş, bilmədiyimiz hərəkət,
bilmədiyimiz söz bizim üçün müvəffəqiyyətsizlik gətirməklə yanaşı,
həm də digərləri tərəfindən cahil insan kimi qiymətləndirilməyimizə
səbəb ola, bizi günaha batıra bilər: “O zaman ki, siz (münafiqlərin
yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və
onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız.
Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz
danışmaq) Allah yanında çox böyük günahdır!96 Dinimizə görə ən
böyük günahlardan biri Allahla bağlı, Onun haqqında bilmədiyimiz
şeyləri danışmaqdır: “De: “Rəbbim yalnız aşkar və gizli alçaq
işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız
zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir
şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri
deməyinizi haram buyurmuşdur”97. Başqa bir ayədə isə deyilir:
“(Müşriklər:) “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak
və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və
yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın Özünə övlad
götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı
bilmədiyiniz şeyimi deyirsiniz?”98. İslam dini bütün sahələrdə, eləcə
də dini sahədə elmə, biliyə yönəlməyi əmr edib, insanları cəhalətdən
uzaqlaşmağa çağırır.

96  ən-Nur surəsi, 15
97  əl-Əraf surəsi, 33
98  Yunus surəsi, 68

141

İntihar çarə deyil

“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna
olmaqla, birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə)
yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı
mərhəmətlidir”!99

Dünyada yayılmış bütün din və ideologiyaların mərkəzində
insan faktoru dayanır. İnsansız dünyanı və cəmiyyəti təsəvvür
etmək mümkün deyil. Bununla yanaşı, bütün fikir və düşüncələrin
mərkəzində olan insan böyük mənəvi potensiala malik şəkildə
yaradılsa da bəzən təlatümlər içinə düşərək zəiflik və nadanlıq da
göstərə bilir. İslam dini insanı yer üzünün xəlifəsi və ən şərəfli varlıq
olaraq qiymətləndirir. Cismani və ruhi baxımdan bütün canlılardan
üstün olan insan bu üstünlüyünün fərqinə varmağı bacarmalıdır.
Canın qorunmasını özünün əsas prinsiplərindən biri olaraq müəyyən
etmiş İslam dini başqası tərəfindən və ya insanın öz tərəfindən
yönəlməsindən asılı olmayaraq insan öldürməyi böyük cinayət hesab
edir. Dolayısıyla, insanın özünə qəsd etməsi və həyatını məqsədli
şəkildə sonlandırması İslam dinində qəbuledilməz və bağışlanılmaz
bir günahdır. Lakin qeyd etməliyik ki, insanın mənəvi sarsıntılara və
psixoloji məngənəyə düşərək bu yola əl atmasının bir çox səbəbləri
vardır. Həmin səbəblərin araşdırılaraq müəyyən edilməsi bu
problemin aradan qaldırılması üçün başlıca şərtlərdən biridir. İntihar
probleminə sadəcə qınaq, yaxud da günah pəncərəsindən baxmaq

99  ən-Nisa surəsi, 29

142

da doğru deyil. Məsələnin mahiyyətini doğru müəyyənləşdirmək,
hər bir hadisəyə fərdi yanaşmaq lazımdır. Mövzu o qədər mürəkkəb
xarakterə malikdir ki, ciddi təhlil və araşdırma tələb edir. Əgər
insan malik olduğu ən qiymətli dəyərdən – həyatından vaz keçirsə,
deməli burada kifayət qədər ciddi psixoloji və ya sosial əsaslar var.
Doğrudur, dinimiz intihara qarşı qəti mövqe nümayiş etdirmiş, onun
ən böyük günahlardan biri olduğunu bildirmişdir. Şübhəsiz ki, iman
və etiqadı güclü olan insanların intihara yönəlmə ehtimalı daha azdır.
Fəqət bütün insanların etiqad hissi güclü olmaya bilər. Eyni zamanda,
güclü bir insan hər hansı hadisədən sarsılaraq müəyyən təlatümlü
vəziyyətə düşə bilər. Bütün bunlar əlbəttə ki, fərdi yanaşma tələb edən
məsələlərdir. Bu gün cəmiyyətdə intihar hadisələrini araşdırdıqda bir
neçə məqamla rastlaşırıq. Birincisi, günümüzdə intiharın səbəblərinə
baxdıqda psixoloji faktorlar sosioloji faktorlara nisbətdə üstünlük
təşkil edir. İnsanlar psixoloji travmalar və sarsıntılar nəticəsində
depressiyaya düşür, intiharı bir seçim, yaxud da problemlərdən
qaçış yolu kimi qiymətləndirirlər. Ailədaxili problemlər də intihara
rəvac verən həddə çata bilər. Valdeynlər arasında olan münasibət
uşaqlarda psixoloji gərginlik yaratdığı kimi, valideynlər özünü
də intihar həddinə çatdıra bilər. İkincisi isə, daha ağır və təhlükəli
bir prosesdir. Bu gün intiharın “gəncləşməsi” prosesi müşahidə
edilir. 13-14 yaşlı, bəzən daha az yaşda olan uşaqlar öz həyatlarına
qəsd edirlər. Nədir buna səbəb? Qayğısız uşaqlar hansı çıxılmaz
vəziyyətlə üzləşib intihara yönəlirlər? Çox çətin sualdır. Ancaq
biz bəzən bu həqiqətlə qarşı-qarşıya qalırıq. Ağır psixoloji düyün
olan bu məsələyə qarşı ictimaiyyətin çox həssas olması vacibdir.
Yeniyetməlik dövründə uşaqların hər bir məsələyə qarşı emosional

143

münasibəti olduğu üçün onların hərəkət davranışlarına nəzarət
etməli, yersiz təzyiq göstərilməməli, hər hansı bir uğursuzluqlarına
ciddi reaksiya verilməməlidir. Bəzən, ali məktəbə qəbul olmaq üçün
hazırlaşan yeniyetmə qarşısında elə yüksək tələblər, yaxud da təzyiq
yaradılır ki, həmin yeniyetmə uğur qazanmadıqda onun üçün həyatın
bitdiyini düşünür. Beləliklə, intihar və faciə üçün şərait yaranır. Bu
gün etiraf etməliyik ki, intiharın başvermə səbəblərindən biri də
laqeydlikdir. Biz ailə və doğmalarımıza, qohum və qonşularımıza,
dostlarımız və qardaşlarımıza qarşı getdikcə laqeydləşirik. Bəzən
ailəmizi maddi cəhətdən təmin etsək də, onların mənəvi vəziyyəti
ilə yetərincə maraqlanmırıq. Onların çətinlikləri və qayğılarından
xəbərsiz olduğumuzdan bəzən vaxtında obyektiv reaksiya göstərmir,
qabaqlayıcı tədbirlər görmürük.

İntihar cəmiyyət üçün təhlükəli bir fenomendir. Cəmiyyətə
və insanlara mənfi təsir edərək gərginlik yaratmaq iqtidarındadır.
Müqəddəs dinimizə görə Allaha bel bağlayan, Ona iman gətirən və
təvəkkül edən şəxs intihara yönəlməməlidir. İntihar çarə deyil və heç
bir çətinlik intiharla yekunlaşmır. Tam əksinə, intihar nəticəsində
intihar edənin ailəsi böyük bir travma, tərif edilməsi mümkünsüz olan
bir faciə yaşayır. İntihar edən şəxs isə axirət həyatında etdiyi günaha
görə ağır bir imtahanla üzləşir. Unutmayaq ki, həyat hər şeyə rəğmən
dəyərlidir və onu yaşamağa dəyər.

144

Yetimlərə qayğı

“Yetimlərin mallarını (həddi-buluğa çatdıqda) özlərinə verin və
pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı
sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə
dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin!

Həqiqətən, bu, böyük günahdır”.100

Dünya həyatı hər kəs üçün sınaq və imtahandan ibarətdir. Bəzisi
malı və canı, başqası övladları, digəri isə valideynləri, yaxud da
onların yoxluğu ilə imtahana çəkilir. Müsəlman kimliyinin ən vacib
xüsusiyyətlərindən biri hər hansı məhrumiyyətlə üzləşmiş insanlara
qayğı göstərmək, onların qeydinə qalmaqdır. Yetimlər bir və ya hər
iki valideynini itirən, ana nəvazişi və ata məhəbbətindən məhrum
insanlardır. Uca Yaradanın təqdiri olaraq yetim qalmış bu insanların
hamisi dinimizə görə müsəlmanlar olmalıdır. Bir insanlıq borcu olaraq
yerinə yetirməli olduğumuz bu qayğının əvəzi axirətdə müsəlmanlara
veriləcəkdir. Qurani-Kərim yaxşı əməlin mahiyyətini aşağıdakı ayə
ilə açıqlayır: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana
və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl
sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın
nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan,
(Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə
baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə,
yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara),
dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb

100  ən-Nisa surəsi, 2

145

zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar
ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad
zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində
və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!”101.
Yetimlərin mallarını haqsız yerə yemək və ya sərf etmək də Quranın
qətiyyətlə pislədiyi davranışlardandır: “Həqiqətən, yetimlərin
mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda
çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”102.
Yetimə dəstək göstərmək, arxa durmaq, onu yedirmək də müqəddəs
Kitabımızda bəyənilən və təşviq edilən əməllərdəndir: “Onlar öz
iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah
rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə
yedirərlər”103. Allahın bizə bəxş etdiyi ruzidə də yetimin haqqı var:
“(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında
soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya,
(yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran)
müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz
xeyirli işi biləndir104”. Aləmlərə rəhmət olaraq göndərilmiş Həzrət
Peyğəmbər (s) də yetim idi. O, hələ dünyaya gəlməmiş atasını,
kiçik yaşlarında isə anasını itirmişdi. Əvvəlcə babasının, sonra isə
əmisinin himayəsində qalmışdı. Qurani-Kərimin Duha surəsinin
6-10-cu ayələrində Həzrət Peyğəmbərə xitabən buyurulur: “Məgər
O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın

101  əl-Bəqərə surəsi, 177
102  ən-Nisa surəsi, 10
103  əl-İnsan surəsi, 8
104  əl-Bəqərə surəsi, 215

146

(yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol
göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə
isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma!”. Sonuncu
Peyğəmbərin (s) yetim olması bizə eyni zamanda Allahın hikmətindən
xəbər verir. Rəbbimiz bu təqdiri ilə Həzrət Peyğəmbəri (s) yetimlərə
yoldaş etmişdir.

Müasir dövrdə də yetimlərə diqqət və qayğının göstərilməsi çox
əhəmiyyətlidir. Yetimlərə dayaq olmaq, həyatda özlərinə yer tapmaları
üçün dəstək göstərmək, çətin anlarında onları tək qoymamaq, sıxıntıya
düşdüklərində əl tutmaq biz müsəlmanların borcu və vəzifəsidir. Onlar
bizə Allahın əmanətidir. Əslində biz də yetimlərə göstərəcəyimiz
münasibətə görə sınanır, imtahana çəkilirik. Bu imtahandan üzü ağ
çıxmaq üçün Qurani-Kərim və İslam Peyğəmbərinin (s) yolu ilə
getmək vacibdir.

147

Allah heç kimi gücündən artıq yükləməz

“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə
mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl
də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi
tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey
Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə!
Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma!
Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən
(mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”105

İnsan çox mürəkkəb bir psixologiyaya malik varlıqdır. Bəzən ruhi
vəziyyəti sabit və sakit, bəzən isə gərgin və təlatümlü olur. Əlbəttə
ki, ətrafımızda baş verən proseslər bizə təsirsiz ötüşmür. Hətta bəzi
məqamlarda başımıza gələn xoşagəlməz hadisələrdən dolayı hər kəsi,
Allahı belə ittiham edirik. Ancaq bu kitabda qeyd edilməsini istədiyimiz
ən vacib mənəvi prinsiplərdən biri yuxarıda qeyd edilən ayənin prinsipidir:
“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər”. Bizim nə
qədər gücümüz olduğunu, nəyə gücümüz yetdiyini, nəyin qarşısında
aciz qaldığımızı ən yaxşı bilən bizi yaradan Allahdır. O, insanın hansı
çətinliklərə tab gətirib gətirməyəcəyini gözəl bilir. Məhz bu səbəbdən
başımıza gələn hadisələr, çiynimizdə olan ağır yüklər bizim daşıya
bildiyimizdən zərrə qədər artıq deyil. Çünki Allah ədalətlidir. O, insanlara
zülm etməz, əziyyət verməz. Biz özümüz özümüzə və ya başqalarına
zülm edir, sonra isə şikayətlənirik. Ona görə də həyatda başımıza nə
gəlirsə gəlsin unutmayaq ki, O, bizi gücümüzdən artıq yükləməz.

105  əl-Bəqərə surəsi, 286

148

Zülm etməyin

Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu
cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox

asandır!106

Zülm - ədalətsizlik və haqsızlıq etmək, başqasına haqqını
verməmək, əmanətə xəyanət etmək, böhtan atmaq və digər bu kimi
günahların xülasəsidir. Ən böyük zülmlərdən biri isə şirk, yəni
Allaha şərik qoşmaq hesab edilir. Loğman surəsinin 13-cü ayəsində
deyilir: “(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman
öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik
qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır
günahdır!)””. İnsanların haqqını qəsb etmək, torpağını zəbt etmək,
şərəf və ləyaqətini alçaltmaq, təhqir etmək, hətta birinə yalan danışmaq
da zülmdür. İnsan zülm etməklə əslində öz əleyhinə çalışmış hesab edilir:
“Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa
başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı
kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə
etdiklərinizi sizə xəbər verəcəyik”107. Zülmün axirətdə böyük əzaba
səbəb olacağı da Qurani-Kərim ayələrində bildirilmişdir: “Əgər zülm
etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın
əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri
zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar,
onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və

106  ən-Nisa surəsi, 30
107  Yunus surəsi, 23

149

heç kəsə günahından artıq cəza verilməz)”108. Zülm edən insanlardan
uzaq olmaq da dinimizin əmrlərindən biridir: “Zülm edənlərə (rəğbət
bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş
toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz
(himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də
Onun əzabından heç bir) kömək olunmaz!”109. Müsəlmanların
əsas vəzifələrindən biri imkanı yetdiyi qədər zülmün qarşısını almaq,
zülmə qarşı mübarizə aparmaqdır. Nəticə etibarı ilə günahların mütləq
əksəriyyəti ya insanın özünə, ya da başqasına qarşı zülmdür. Biz
günahlardan çəkinməklə zülmdən də çəkinmiş oluruq.

Vəhdət dinin təməlidir

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və
(firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi

nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin
qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-
birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında
ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu

şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”110

İslam dini mahiyyət etibarı ilə birlik və həmrəylik dinidir. Başqa
bir ifadə ilə İslama görə vəhdəti təmin etmək və qorumaq müsəlman
üçün ən mühüm əmrlərdən biridir. Əlbəttə ki, İslam dini daxilində

108  Yunus surəsi, 54
109  Hud surəsi, 113
110  Ali-İmran surəsi, 103

150

müxtəlif məzhəblər və bu məzhəblərin dini məsələlərə özünəməxsus
şərhləri var. Fəqət İslamın təməl prinsipləri vahid mərkəzlidir. Qurani-
Kərim bütün məzhəblərin ana qaynağı və təhrif edilməmiş ilahi vəhydir.
Kitabı, peyğəmbəri, qibləsi bir olan müsəlmanları digər məsələlərdə
fərqli düşünmələri təbii və normaldır. Biz bu fərqlilikləri zənginlik
və ahəng olaraq qəbul etməliyik. Kimsə öz məzhəbini müdafiə etmək
məqsədilə digər məzhəblərin dəyərlərini təhqir etməməli, qardaşlıq
və birlik mühitinə təsir edəcək, vəhdətə kölgə salacaq hərəkətlərə yol
verməməlidir. Hər bir müsəlmanın yolu Allahadır. Müsəlman məzhəbli
olmalıdır, amma məzhəbçi olmamalıdır. Öz məzhəbini dinin üzərində
görmək batil bir inancdır. Dini parçalamaq isə Qurani-Kərimə görə
insanı küfrə apara bilər: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-
firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi
Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini
bildirəcəkdir!”111. Dünyada gedən proseslər fonunda İslam dünyasında
vəhdət və birliyin nə qədər vacib olduğu birmənalıdır. Müsəlmanlar
arasında nifaq və parçalanma yaratmaq istəyən qüvvələrin dəyirmanına
su tökmək qətiyyən qəbuledilməzdir. Bu gün müsəlmanların birlik və
vəhdətə daha çox ehtiyacı var. Allahın əmri də aydındır: Parçalanmayın!
Bölünmək və parçalanmaq müsəlmanlar üçün bir çox fəlakətlərə yol aça
bilər. Bu baxımdan vəhdəti qorumaq, birliyi təmin etmək üçün hər kəs
öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməlidir. Məzhəbçiliyin,
radikalizm və ekstremizmin hansı nəticələrə gətirib çıxardığını bilmək
üçün Yaxın Şərqə və oradakı viran qalmış şəhərlərə baxmaq kifayətdir.
Ona görə də bütün təhriklərə rəğmən müsəlmanlar vəhdəti qorumalı,
birliyi təmin etməlidirlər. Azərbaycan vəhdət təcrübəsi baxımından

111  əl-Ənam surəsi, 159


Click to View FlipBook Version