The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Azərbaycanda xeyriyyəçilik ənənələri

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-06 01:46:23

Azərbaycanda xeyriyyəçilik ənənələri

Azərbaycanda xeyriyyəçilik ənənələri

51

illərində sosial-demokrat ideyalarına meyl göstərmişdir.  1905-ci
il hadisələrindən sonra bir sıra ziyalılar kimi İsa bəy də çarizmin
müstəmləkə zülmünə qarşı mübarizə aparan “Difai”, “İttihad” və
“Hümmət” partiyalarına üzv olmuşdur.

İ.Aşurbəyov  Ə.Ağaoğlunun 1905-ci ildə nəşr etdiyi “İrşad”
qəzetində naşirlik etməyə başlamış və qəzeti maliyyələşdirmişdir.
1906-cı ildə “Dəvət” qəzetinin redaktor naşiri kimi
çalışmışdır. 1910-cu ildə dörd il müddətinə Bakı şəhər dumasının
üzvü seçilmiş İsa bəy müsəlmanların “Nicat” maarif təşkilatının,
Bakı quberniyası əhalisinin savadsızlığının ləğvi üçün yaradılmış
“Nəşri-maarif”in, “Səadət”in, “Bir damla süd” cəmiyyətlərinin
işində fəal iştirak etmişdir.  Birinci dünya müharibəsi  zamanı isə
İ.Aşurbəyov türk əsirlərinə kömək məqsədilə yaradılmış, qeyri-
qanuni fəaliyyət göstərən “Qırmızı xaç” cəmiyyətinin işinə də
yaxından köməklik göstərmişdir. 

Aşurbəyov tanınmış xeyriyyəçi idi. Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasının ilk tamaşalarından biri Aşurbəyovun
Persidski (indiki Murtuza Muxtarov) küçəsindəki evində nümayiş
etdirilmişdir. 1912-ci ildə Aşurbəyov Hacı Zeynalabdin Tağıyevin
“Kaspi” qəzetinin mətbəəsində fəaliyyət göstərmiş, sonradan
həmin mətbəəni icarəyə götürərək şəxsi mülkünün zirzəmisində
yerləşdirmiş, Mirzə Ələkbər Sabirin satirik şeirlərini, müəllimlər
üçün həftəlik “Şəlalə” və “Vodopad”, şagirdlər üçün isə “Məktəb”
jurnallarını Azərbaycan və rus dillərində nəşr etdirmişdir.

1918-ci ildə  mart soyqırımı  zamanı Aşurbəyov şəxsi
əlaqələrindən istifadə edərək türk qoşunlarının  Bakıya  daxil

52

olmasına fəal kömək göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Xalq Maarifi Nazirliyinin nəzdindəki nəşriyyata rəhbərlik
etmişdir.

Sovet hakimiyyəti qurulduqdan sonra yenidən nəşriyyata
rəhbərlik etməyə dəvət olunmuşdur. Lakin 1925-ci ildə
N.Nərimanovun ölümündən sonra keçmiş fəaliyyətinə görə
tutduğu vəzifədən uzaqlaşdırılmışdır. İ.Aşurbəyov dostlarının
köməyi ilə Səhiyyə Nazirliyinin dərman bitkiləri şöbəsinə işə
düzəlmiş və uzun müddət Naxçıvanda ezamiyyətdə olmuşdur.
Daha sonralar ərəb və fars dillərini mükəmməl bildiyinə görə,
SSRİ EA Azərbaycan Filialına işə dəvət edilmişdir.

Repressiyadan yaxa qurtara bilməyən İsa bəy “xarici ölkələrlə
casusluq əlaqələrinə və millətçi hərəkatda iştirakına görə” 1937-ci
il dekabrın 31-də həbs edilmiş, 1938-ci ilin  oktyabrında millətçi
kimi güllələnmişdir.

TEYMUR BƏY AŞURBƏYOV VƏ AİLƏSİ
Tanınmış mesanat, böyük torpaq sahələrinin və neft quyularının
sahibi Teymur bəy Aşurbəyov ictimai fəallığı ilə seçilən
neftxudalardan olmuşdur. Alicənablığı ilə xalqın yaddaşında qalan
xeyirxah insan Teymur bəy Sabunçu xəstəxanasının, məktəblərin
tikintisinə, kimsəsizlərə və ehtiyacı olan insanlara böyük maddi
vəsait xərcləmişdir. Deyilənlərə görə, son dərəcə səxavətli və
genişqəlbli olan bu insan öz qoyun sürülərini kasıb kəndlilər
arasında bölüşdürmüşdür. Öz vəsiyyətinə əsasən, Kərbəlada dəfn
olunmuşdur.
Bakının əsrarəngiz tarixi memarlıq abidələri sırasında onun da

53

tikdirdiyi binaları görə bilərik. Hazırda Qoqol küçəsi 28 ünvanında
yerləşən, Teymur bəyin oğlu üçün inşa etdirdiyi malikanə paytaxtın
ən gözəl memarlıq nümunələrindən biri sayılır. O dövrün bir çox
binaları kimi, bu imarətin də layihəsi memar, mühəndis İosif
Vikentyeviç Qoslavskiyə (1865-1904) məxsusdur.

Teymur bəy övladları – Əli bəy və Bala bəyə gözəl təhsil
vermişdir. Oğlanları xeyriyyəçilikdə heç də atalarından geri
qalmamışlar. Aşurbəyov qardaşları saysız xeyriyyəçilik tədbirinin
təşkilinin iştirakçıları olmuşlar. Buxara əmirinin təşəbbüsü ilə
Sankt-Peterburqda məscid tikiləndə Bakının milyonçuları kimi
Aşurbəyovlar da onun tikilməsinə böyük məbləğlər ayırmışdılar.
Məscid tam hazır olduqdan sonra Bala bəy onun tikilməsinə sərf
etdiyi vəsaitlərdən əlavə məscidə dua edilən otaq üçün dəbdəbəli
büllür çılçıraq hədiyyə etmişdir.

Bala bəy Aşurbəyovun həyat yoldaşı İsmət Aşurbəyova fars,
alman, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən yüksək
mədəniyyətə malik bir xanım idi. Dövrünün ziyalı xanımları
kimi ictimai işlərdə fəal iştirak etmiş və «Müqəddəs Nina» Qadın
Xeyriyyə Cəmiyyətində təmsil olunmuşdur.

1920-ci ildə “XI Qızıl Ordu”nun Azərbaycanı işğal etməsi
ilə digər Bakı milyonçuları kimi Aşurbəyovlar da sahib olduqları
hər şeyi itirdilər. Vəziyyəti düzgün dəyərləndirən Bala bəy ata
imarətini, Mərdəkandakı bağı və bir çox digər imarətlərini könüllü
şəkildə bolşeviklərə təhvil verdi. Bundan sonra o, ailəsi ilə birlikdə
İstanbula köçdü. Doğma vətəni üçün darıxan Bala bəy 1926-cı ildə
ömrünün ən böyük səhvini etdi. O, Bakıya qayıtdı və 1937-ci ildə
həbs olundu. Daha sonra Qazaxıstan şəhərlərinin birində güllələndi.
Üç il sonra 1940-cı ildə böyük qardaşı ürəktutmadan vəfat etdi.

54

Məşhur Azərbaycan tarixçisi, şərqşünas, Azərbaycan SSR
Dövlət mükafatı laureatı Sara Aşurbəyli (1905-2001) Bala bəy və
İsmət xanımın böyük qızları olmuşdur.

XIX əsrdə Bakıda neft bumunun baş verməsi xeyriyyəçilik
tariximizdə önəmli yer tutdu. Lakin bu o demək deyil ki, xeyriyyəçilər
yalnız Bakının neft maqnatlarından və ya digər şəhərlərin milyonçu
mülkədarlarından ibarət idi. Oxumaq və yazmağı öyrətməyi, su və
yol çəkdirməyi, ağac əkməyi, məktəb, məscid tikdirməyi xeyriyyə
işi kimi qəbul etsək görərik ki, bu dövrdə Azərbaycanın bütün
regionlarından xeyriyyəçilər çıxmışdır. Müxtəlif peşə sahibləri
– pedaqoq, həkim, mühəndis olan xeyriyyəçilər xalqın bütün
zümrələrini təmsil etmişlər. Tarixdə adı az hallanan, haqqında
məlumat məhdud olan lakin böyük işlər görmüş bəzi xeyriyyəçilərin
əməllərindən indiyə qədər bəhrələnirik. Aşağıda adı çəkilən şəxlərin
hər biri xeyirsevər insan kimi həmişə xalqının yanında olmuşlar.

ABDULLA ZƏRBƏLİYEV

Məşhur azərbaycanlı milyonçu, mesenat Kərbəlayi Abdulla

Zərbəliyev Bakı Şəhər Dumasının və bir çox xeyriyyə təşkilatlarının

üzvü olmuşdur. O, 1849-cu ildə Bakıda anadan olmuşdur. Əvvəlcə

mollaxanada, sonra mədrəsədə təhsil almışdır. Şəhərdə mülkün,

Sabunçu-Balaxanı sahəsində neft mədənlərinin və atasından miras

qalmış ağ neft zavodunun sahibi olmuşdur. O, Bakının «Aşağı

məhəllə» adlanan indiki Rəsul Rza və Mirzağa Əliyev küçələrinin

kəsişdiyi yerdə ikimərtəbəli evdə yaşamışdır.

Əhməd bəy Ağayevin yaratdığı «Difai» milli hərəkatını ilk

maliyyələşdirənlərdən biri də Kərbəlayı Abdulla olmuşdur. O,

55
həmçinin indiki Dilarə Əliyeva küçəsi, 155 ünvanında yerləşən
“Kərbəlayı Abdulla məscidi”ni inşa etdirmişdir. Kərbəlayı Abdulla
1933-cü ildə mülklərini bolşeviklərə təhvil verməkdən imtina
etdiyi üçün həbs edilmiş, Bayıl təcridxanasına göndərilmişdir. O,
84 yaşında vəfat etmiş, Mirmöhsün Ağanın məzarı yaxınlığında –
ikinci mərtəbəyə qalxan pilləkənin arxa tərəfində dəfn olunmuşdur.‎

AĞA BƏY MUSTAFABƏYOV
Azərbaycan xeyriyyəçilərindən olan Ağa bəy İbrahim bəy
oğlu 1873-cü ildə Cavanşir qəzasının Maqsudlu kəndində dünyaya
gəlmişdir. İlk təhsili mollaxanada və mədrəsədə almışdır. Şuşa real
məktəbində təhsilini artırmış, daha sonra Tiflis kişi gimnaziyasında
təhsilini davam etdirmişdir.

AĞA BƏY SƏLİMXANOV
Xeyriyyəçi Ağa bəy 1845-ci ildə Bakı şəhərində Hacı Həsən
bəyin ailəsində anadan olmuşdur. Şəhər məktəbini bitirmişdir.

BABA BƏY YEQANBƏYOV
Baba bəy Yeqanbəyov 1863-cü ildə Şuşa qəzasının Vərəndə
sahəsinin Mirzəcamallı (Yiyənbəyli) obasında doğulmuşdur.
O, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların
müdafiəsinə qalxan bir şəxs olmuşdur. Qonaqpərvərliyi ilə tanınmış
Baba bəy su və yol xətləri çəkdirmişdir. Baba bəy Xudaverdi bəy
oğlu Yeqanbəyov 1937-ci ildə represiyya qurbanı olmuşdur.

56

BALA BƏY TAĞIZADƏ
Qarabağ bəyi, xeyriyyəçi Bala bəy Tağızadə 1887-ci ildə
Saatlı оbasında anadan olmuşdu. Bala bəy Bərdə şəhərinə köçmüş,
40 otaqlı, xarici və daxili xüsusi zövqlə işlənmiş ev tikdirmişdir.
Bala bəy Tağızadə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
sonra mülkünü dövlətə bağışlamışdır. Onun tikdirdiyi bina
yerli əhəmiyyətli memarlıq abidəsi kimi 9 saylı inventar kimi
qeydiyyatdadır. Hazırda burada Balabəy kənd sahə xəstəxanası
fəaliyyət göstərir.

CABBAR BƏY MƏRDANBƏYOV
Cabbar bəy Ağalar bəy oğlu Mərdanbəyov 1828-ci ildə
Qarabağın Bərgüşad mahalının Məzməzək kəndində dоğulmuşdur.
Şəxsi təsərrüfatı olan Cabbar bəy Mərdanbəyov xeyriyyəçilik və
quruculuq fəaliyyəti ilə məşğul olmuşdur. O, bir neçə abidəni bərpa
etdirmiş, kəndlərinə yol çəkdirmiş, yoxsullara müxtəlif yardımlar
etmişdir.

CƏMİL BƏY HAQVERDİYEV
Cəmil bəy Haqverdiyev 1882-ci ildə Şuşa şəhərində anadan
olmuşdur. Cəmil bəy Şuşa real məktəbini bitirmişdi. Müxtəlif
dövlət idarələrində çalışmış, həmçinin xeyriyyəçi kimi də fəaliyyət
göstərmişdir. O, 18 mart 1938-ci ildə repressiyaya məruz qalmışdır.

CƏMİL BƏY XAZALANSKİ
Xeyriyyəçi Cəmil bəy Xazalanski 1850-ci ildə Şuşada
doğulmuşdur. İbtidai təhsilini mollaxanada almış, sonra Şuşa şəhər

57
məktəbini bitirmişdir. O, xeyriyyəçilik işləri ilə məşğul olmuş,
dullara, yetimlərə, imkansız ailələrə əl tutmuş, yol çəkdirmiş, arx
qazdırmışdır. Şuşa qəzasının Poladlı kəndində kəhriz vurdurmuş,
rəiyyətlərə yardım etmişdir.

CƏMİL BƏY KÖÇƏRLİNSKİ
Cəmil bəy Köçərlinski 1871-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra
mədrəsədə təhsilini davam etdirmişdi. Ata mülkünü idarə etmiş və
xeyriyyəçiliklə məşğul olmuşdur.

ÇƏRKƏZ BƏY ƏLİBƏYOV
Xeyriyyəçi, mülkədar Çərkəz bəy Əlibəyov 1866-cı ildə
Şuşa qəzasının Kəbirli sahəsinin Qiyaməddinli kəndində dünyaya
gəlmişdir. Onun Ağcabədi, Bərdə və Kəlbəcərdə iki yüz hektardan
çox əkin, örüş və yaylaq sahələri, on minlərlə xırda və minlərlə
iri buynuzlu mal-qarası, yüzlərlə cins Qarabağ atı, qırxdan çox
dəvəsi, kəhrizləri, un və istiot dəyirmanları olmuşdur.

ÇİNGİZ AĞA DİLBAZOV
Çingiz ağa Dilbazov 1861-ci ildə Qazaxda dünyaya gəlmişdir.
Xeyriyyəçi olmuş Çingiz ağa Qazax şəhər poliklinikasının binasını
tikdirmişdir. 1931-ci ildə Qazax qəza icraiyyə komitəsinin sədri ona
evini xoşluqla hökumətə verməyi təklif etdikdə, bu şərtlə razılaşır
ki, buradan səhiyyə ocağı kimi istifadə edilsin. İndi həmin binanın
qarşısında bu məzmunda bir lövhə vurulmuşdur: “Bu bina 1912-

58

1918-ci illərdə Dilbazi Çingiz ağa Rəhim ağa oğlu tərəfindən şəxsi
ev kimi tikilmişdir. O, 1918-31-ci illərdə bu binada yaşamışdır”.
Çingiz Ağa Dilbazov 1942-ci ilin yanvarında vəfat etmiş və
Gəncədə dəfn olunmuşdur.

ƏMRALI BƏY NƏBİBƏYOV
Varvaralı Əmralı bəy Nəbibəyov (1844-1917) səxavətli və
əliaçıq şəxs olmuşdur. O, 1908-ci ildə kənddə qırmızı kərpicdən
tağlı körpü, 1903-cü ildə məscid və mədrəsə, 1911-ci ildə həm su,
həm də mazutla işləyən böyük dəyirman tikdirmişdir. Bəstəkar
Üzeyir Hacıbəyov gənclik illərində və təhsil aldığı dövrdə Əmralı
bəydən çox böyük qayğı və yardım görmüşdür. 1917-ci ildə Əmralı
bəy öldükdən sonra Ü.Hacıbəyov bəyin qızı Bahar xanımı qızlığa
götürmüş, onun hamisi olmuşdur.

FƏRRUX BƏY VƏZİROV
Azərbaycanın ilk Avropa təhsilli mühəndisi Fərrux bəy
Vəzirov  1857-ci ildə  Şuşada dünyaya gəlmişdir. 1882-ci ildə
Bakı rеal məktəbini, 1886-cı ildə isə Sankt-Peterburq Dağ-
Mədən İnstitutunu bitirmişdir. O, Avropa tipli binalar inşa
etdirmiş, pambıqtəmizləmə zavodu tikdirmişdir. Fərrux bəy
xalqın maariflənməsinin və sağlamlığının da qеydinə qalmışdır.
Belə ki, o Hindarx kəndində məktəb və xəstəxana tikdirmiş,
böyük şəhərlərdən müəllimlər və həkimlər dəvət еtmişdir. Onun
məktəbində oxuyan uşaqlar pulsuz dərsliklərlə və gеyimlə təmin
olunmuşdular.

59
Fərrux bəy 1906-cı ildə Sankt-Peterburq şəhərinə köçmüşdür.
Burada ictimai, siyasi və iqtisadi məsələlərlə məşğul olmuşdur.
İmpеriyanın mərkəzində müsəlmanların haqlarını müdafiə
etmişdir. Fərrux bəy 1920-ci ildə dünyadan köçmüşdür.

HACI AĞADADAŞ HAQVERDİYEV
Milyoner, xeyriyyəçi Hacı Ağadadaş Haqverdiyev Qafan və
Gədəbəy mis mədənlərinin sahibkarı, III Dumanın üzvü olmuşdur.
Bir neçə gənci xaricdə təhsil almağa göndərmişdir.

HACI BƏHRAM BƏY TƏKLƏ
Qarabağ bəylərindən olan Hacı Bəhram bəy Təklə ağsaqqalı,
həm də xeyriyyəçi olmuşdur. O, 1818-ci ildə Qarabağın
Dəmirçihəsənli mahalının II Təklə Əmiralılar obasında dünyaya
gəlmişdir. Hеyvandarlıqla, qismən də əkinçiliklə məşğul olmuşdur.

HACI ƏLƏKBƏR BƏY NƏSİRBƏYОV
Hacı Ələkbər bəy Nəsirbəyоv 1857-ci ildə Şuşa qəzasının
Vərəndə sahəsinin Dədəli оbasında dоğulmuşdur. İlk təhsilini
mоlla yanında almışdır. Bakı qəzasında dövlət idarələrində məmur
işləmişdir. Hacı Ələkbər bəy qurucu və xeyriyyəçi bir şəxsiyyət
olmuşdur. Qaryagin kəndində dəyirman, məscid, klub tikdirmiş,
kəhriz vurdurmuşdur. 1923-cü ildə vəfat etmişdir.

HACI HƏSƏN RƏFİYEV
Maarifçi ziyalı, xeyriyyəçi Hacı Həsən Rəfiyev Gəncədə
doğulmuşdur. Gəncə üsyanının (1920) iştirakçısı olmuşdur.

60
Erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınlarında zərər
çəkmişlərə yardım komitəsi yaradılmış və Həsən Bəy Rəfiyev ora
üzv seçilmişdir. 1920-ci ildə Gəncədə vəfat etmişdir.

HACI MÖVLAMVERDİ KÜRDMAHMUDLU
Hacı Mövlamverdi 1818-ci ildə Cavanşir-Dizaq mahalının
Kürdmahmudlu obasında dünyaya gəlmişdir. O, ilk təhsilini
molla yanında almışdır. Xeyirxah insan olan Hacı Mövlamverdi
heyvandarlıq və əkinçiliklə məşğul olmuşdur. Hacı Mövlamverdi
su çəkdirmiş, imkansızlara köməklik göstərmişdir. O, təhsilə,
mədəniyyətə önəm vermişdir. Bölgənin sayılan ağsaqqalarından
olmuşdur. İlyas Əfəndiyevin əsərlərində adı çəkilir.

HACI SULTANƏLİ
Hacı Sultanəli 1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya
gəlmişdir. Dövrünün xeyriyyəçi və zəngin adamlarından olan
Hacı Sultanəli 1904-1910-cu illərdə Nizami metrostansiyasının
yaxınlığında yerləşən “Hacı Sultanəli” məscidini və bir neçə
məscidi inşa etdirmişdir. O, 1921-ci ildə ürək tutmasından
dünyasını dəyişmişdir. Hacı Sultanəli Ləhiş bağlarında tikdirdiyi
məscidin yaxınlığında dəfn edilmişdir.

HACI ZEYNALABDİN ƏLİYEV
Azərbaycan mesenatı, tacir Hacı Zeynalabdin Əliyev 1858-
ci ildə  Şuşa qəzasının  Seyidli  (indiki  Ağdamın  Seyidli kəndi)
kəndində anadan olmuşdur. Qarabağın ictimai həyatında yaxından

61
iştirak edən Hacı Zeynalabdin Əliyev Şuşa şəhər dumasına üzv
seçilmişdir. O, Azərbaycanın mütərəqqi fikirli ziyalıları ilə dostluq
etmiş, maarifə böyük diqqət yetirmişdir. Hacı Zeynalabdin Əliyevin
Qarabağda qoşa dəyirmanı, dükanları, karvansarayları, geniş
torpaq sahələri, meyvə bağları olmuşdur. Sovet hakimiyyətinin
ilk illərində Hacı Zeynalabdin Əliyevin bütün var-dövləti əlindən
alınmış, özü isə həyatının sonuna kimi yeni hökumətin təzyiqləri
ilə yaşamışdır. O, 1936-cı ildə vəfat etmiş, Seyidlinin “Qaraağacı”
qəbirstanlığında torpağa tapşırılmışdır.

İSMAYIL BƏY KÖÇƏRLİNSKİ
Köçərlinskilərin daha bir nümayəndəsi, Qarabağ bəyi İsmayıl
bəy Köçərlinski 1876-cı ildə Şuşa şəhərində doğulmuşdur.
Xeyriyyəçi, maarifpərvər şəxs olan İsmayıl bəy ibtidai təhsilini
molla yanında almış, sonra Şuşa Real məktəbini bitirmişdir. Şuşa
Qəza idarəsində məmur işləmişdir.

İSMAYIL BƏY SƏFƏRƏLİYEV
Tanınmış xeyriyyəçi, milyonçu, İsmayıl bəy Səfərəliyev
Müsəlman Xeyriyyə Cəmiyyətinin təsisçilərindən biri olmuşdur.
O, cəmiyyətin türk hərbi əsirlərə nəzarət üzrə təyin edilmiş
nümayəndəsi olmuşdur.

İSRAFİL AĞA KƏRBƏLAYEV
Qazax qəzasının tanınmış bəyi, xeyriyyəçi İsrafil ağa
Kərbəlayev 1866-cı ildə Ağstafa rayon Qıraq Kəsəmən kəndində

62
anadan olmuşdur. İsrafil ağa Qazax şəhərində hamam, Cümə
məscidi və 3 nömrəli məktəbin binasını tikdirmişdir. O, kəndinin
sakinləri ilə daim maraqlanmış, çoxlu xeyriyyəçilik və abadlıq
işləri görmüşdür. Azərbaycanı bolşeviklər işğal etdikdən sonra
İsrafil Ağanın bütün əmlakı müsadirə edilmişdir.

KƏRBƏLAYİ İSRAFİL HACIYEV
Əslən Xızı bölgəsinin Fındığan kəndindən olan Kərbəlayi
İsrafil neft mədənlərinin, Xəzərdə ticarət gəmisinin, Bakıda 17
mülkün, Soçidə torpaq sahəsinin, Mərdəkanda villanın, çörək
zavodunun, bir neçə bağın sahibi olmuşdur. Onun Şamaxinka
küçəsindəki (Cabbarlı, 12) məşhur evi 1910-1912-ci illərdə Polşalı
memar İ.Ploşko tərəfindən tikilmişdir. O, həmçinin Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinə üzvlük etmişdir, həmişə yoxsullara əl
tutmuş və yetimlərin havadarı olmuşdur.

KƏRBƏLAYI ZÜLFÜQAR BAĞIROV
II gildiya taciri, xeyriyyəçi Kərbəlayı Zülfüqar Bağırov
1875-ci ildə Şuşa şəhərində doğulmuşdur. Şuşa şəhər məktəbini
bitirmişdir. Şuşa şəhərinin Təzə məhəlləsində xeyriyyəçiliklə
məşğul olmuşdur.

QASIM BƏY BƏDƏLBƏYOV
Qasım bəy Əhməd bəy oğlu Bədəlbəyov 1856-cı ildə Şuşa
qəzasının Kəbirli sahəsinin Sarıhacılı obasında anadan olmuşdur.
Xeyriyyəçi kimi fəaliyyət göstərmişdir.

63
MAHMUD AĞA MƏMMƏDZADƏ (1826-1896)
Mahmud Ağa Məmmədzadə Qafqazda tanınmış musiqi
xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir
mesenat – incəsənət himayəçisi olub.

MƏŞƏDİ MAHMUD BƏY MÜQİMOV
Xeyriyyəçi Mahmud bəy Müqimov 1857-ci ildə Şuşa şəhərində
anadan оlmuşdur. İbtidai təhsilini mоlla yanında almışdır. Ona II
gildiya tacir dərəcəsi verilmişdir. Şuşada və Ağcabədidə kasıblara
kömək etmiş, onları ərzaqla təmin etmişdir.

MƏŞƏDİ BƏYLƏR FƏTTAHOV
Məşədi Bəylər Fəttahov (II gildiya tacir, xeyriyyəçi) 1867-ci
ildə Şuşa şəhərində doğulmuşdur. İstər Şuşa, Qaryagin məsçidinin
abadlaşmasında, istər də Qarabağ düzünə su çəkilməsində Bəylər
Fəttahov xüsusi fəallıq göstərmişdir. Qarabağ camaatının xeyir-
şərində, o həmişə hamıya nümunə olmuşdur.

MƏŞƏDİ ƏLƏKBƏR LƏTİFOV
Mоlla Mеhdiqulunun üçüncü оğlu Ələkbər Lətifov 1882-ci
ildə Şuşa şəhərində dünyaya göz açmışdır. Əvvəlcə sabun dükanı
açmış, sabun bişirib satmaqla məşğul olmuşdur. Daha sonra
varlanıb xeyli dükan sahibinə çevrilmişdir. Xeyriyyəçiliklə məşğul
olmuş, imkansızlara müxtəlif yardımlar etmişdir.

64

MƏŞƏDİ ƏLİ RƏFİYEV
Azərbaycan istiqlal hərəkatının iştirakçılarından biri,
xeyriyyəçi Məşədi Əli Rəfiyev (1886, Gəncə - 1948, İstanbul)
İlk təhsilini Gəncənin “Şah Abbas” məscidi yanındakı mədrəsədə
almış, sonra Yelizavetpol (Gəncə) klassik gimnaziyasını bitirmişdir.
Maliyyə və kommersiya işləri ilə məşğul olmuş, Gəncə Müsəlman
Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti
göstərmişdir. Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı
Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman
Xeyriyyə Cəmiyyətinin fəxri üzvü kimi təsdiq edilmişdir. 1909-
13-cü illərdə Gəncə şəhər dumasında qlasnı kimi çalışmışdır.
Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə qoşulmuş,
Türk Ədəmi-Mərkəziyyət partiyasının, bu partiyanın Müsavatla
birləşməsindən sonra Türk Ədəmi-Mərkəziyyət Müsavat
Partiyasının fəal üzvü olmuşdur. Nəsib bəy Yusifbəylidən sonra
Müsavatın Gəncə təşkilatına rəhbərlik etmişdir. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ilk milli Gəncə Dövlət Bankının müdiri
olmuşdur. Aprel işğalından (1920) sonra qardaşları ilə birlikdə
sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının (1920) təşkilində
fəal iştirak etmişdir. Üsyan qəddarlıqla yatırıldıqdan sonra
təqiblərdən qurtularaq Türkiyəyə mühacirət etmiş, Müsavatın
Xarici Bürosunun fəallarından olmuşdur.

MƏŞƏDİ İBRAHİM KOSALI
Qazaxın məşhur Vəkil – oğulları nəslindən olan Məşədi
İbrahim ağa Kosalı dövrünün maarifçi – xeyriyyəçisi, mütaliəni
sevən ziyalılarından biri olmuşdur.

65

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif, təhsil
müəssisələrinin milliləşdirilməsi sahəsində ilk tədbirlərdən biri,
heç şübhəsiz, Zaqafqaziya (Qori) Müəllimlər Seminaryasının
Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyin
1918-ci il tarixli qərarı olmuşdur. Bu işdə Məşədi İbrahim ağa
Kosalı (Vəkilov) (1872-1931) yaxından iştirak etmiş, 1918-ci ildə
17 otaqlıq şəxsi mülkünü tədris binası kimi seminariyaya hədiyyə
etmişdir.

MİRZƏ KƏRİM BƏY RƏFİBƏYOV
Məmur olan Mirzə Kərim bəy Rəfibəyov 1814-cü ildə Gəncə
şəhərində anadan olmuşdur. Mədrəsədə təhsil almış, savadlı
olduğuna görə mirzə ünvanı daşımışdır. Xeyriyyəçi olmuşdur.

RZA BƏY MÜQİMOV
Məşhur Müqimovlar nəslinin nümayəndəsi, II gildiya taciri
olan Rza bəy Müqimov həm də xeyriyyəçiliklə məşğul olmuşdur.
Hacı İbrahim bəyin ikinci оğlu Rza bəy  1865-ci ildə  Şuşada
doğulmuşdur. Məscidləri abadlaşdırması və su kəhrizlərinin
çəkdirilməsi ilə tanınmışdır.

SƏMƏD AĞA KƏSƏMƏNLİ
Göyçənin varlı bəylərindən, xeyriyyəçi  (1868-1919) Səməd
ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının
Zod kəndində anadan olmuşdur. Böyük Məzrədən Kəlbəcərin
Dəmirçidam kəndinə qədər ərazilər və Dərə kəndi onun ixtiyarında
olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl

66

adamlar sırasında Səməd ağanın xüsusi yeri var. O, yüksək
mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim
maraq göstərmiş, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük
şəhərlərində təhsil almasına şərait yaratmış, maddi köməklik
göstərmişdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş
və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin
təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açmış və məktəbin
xərclərini öz üzərinə götürmüşdür. O, həm də Mirzə Bəylərin və
Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının
Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur.
Səməd ağa 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq
etdiyi terror qruplaşması tərəfindən qətlə yetirilmişdir.

TEYMUR BƏY QULUBƏYOV
Xeyriyyəçi milyonçu Teymur bəy Qulubəyov (1885-1918)
neft qüllələrinin sahibi və bir neçə kerosin-benzin zavodlarını
birləşdirən ticarət evinin yaradıcılarından biri olmuşdur. O,
Nəcəfqulu Məmmədov ilə birlikdə 1909-cu ildə «T.Qulubəyovun
və N.Məmmədovun ticarət evi»ni təşkil etmişdir. Ticarət evinin
Balaxanıda və Sabunçuda neft mədənləri, kerosin və benzin
zavodları olmuşdur.

YUSİF BƏY YUSİFBƏYOV
Yusif bəy Mirzə Yusifbəyov 1844-cü ildə Şuşa şəhərində
doğulmuşdur. O, dövlət idarəçiliyi ilə yanaşı xeyriyyəçilik
sahəsində də fəaliyyət göstərmişdir.

67

QADIN XEYRİYYƏÇİLİYİ

XVIII əsrdə Avropada qadınların ictimai sferadakı fəaliyyət
və səlahiyyətləri tədricən genişlənməyə başladı. Bir sıra
cəmiyyətlərin, klubların yaranması qadınların sosial həyatın
hər sahəsinə verə biləcəyi faydaları ortaya çıxartdı. İlk olaraq
Fransada “salon” adlandırılan yığıncaqlar təşkil olundu. Burada
ziyalı qadınlar maariflənmənin vacibliyini təbliğ edir, qadının
mədəniyyət və elmdə, eləcə də idarəçilikdə məhdud iştirakının
yaratdığı fəsadları ictimaiyyətə çatdırırdılar. Qadınları hər sahədə
aktiv olmağa səsləyən belə cəmiyyətlər onlara teatra getməyi,
ədəbiyyat nümunələri ilə tanış olmağı, siyasi prosesləri izləməyi
və öz hüquqlarını öyrənməyi məsləhət görürdülər.

Yeni dövr tariximizə nəzər saldıqda Azərbaycan qadınının bir
sıra ictimai, sosial proseslərdəki yerini və rolunu aydın şəkildə
görə bilərik. Qadınlarımızın XIX əsrin sonu - XX əsrin əvvəllərinə
aid xüsusilə maarifçilik və xeyriyyəçilikdə fəallıqlarının çox
gözəl nümunələri mövcuddur. Bu dövdə xeyriyyəçilik tədbirləri
təşkil etməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və
klublarının yaradılması qadının ictimai həyatdakı rolunu daha
da artırmaqla yanaşı təhsil, mədəniyyət və incəsənətin inkişafına
güclü təkan verdi. Xurşidbanu Natəvan, Gövhər xanım Qacar,
Nabat Aşurbəyova, Hənifə Məlikova, Məsimə xanım Talışinskaya,
Səltənət xanım Əhmədova, Mina xanım Talışinskaya, Sona
Ərəblinskaya, Liza Muxtarova, Mariya Əsədullayeva, İsmət
Aşurbəyova, Sona Hacıyeva, Həmidə Məmmədquluzadə, Pəri

68

xanım Topçubaşova, Nigar xanım Şıxlinskaya, Xədicə Əlibəyova,
Rahilə Qazıyeva, Sara Vəzirova, Məryəm Bayraməlibəyova,
Rəfiqə Əzimzadə və b. Azərbaycan qadın xeyriyəçiliyinin əsas
aparıcı şəxləri kimi tarixə düşmüşlər.

Azərbaycan artıq XX əsrin əvvəllərində müsəlman Şərqində
qadınların öz hüquqları uğrunda mübarizə apardığı ilk ölkə idi. Bu
sosial hərəkata Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar
başçılıq edirdilər. Belə ziyalı qadınların içərisində milyonçu
ailələrin üzvləri ilə yanaşı, millətinə və vətəninə bağlı pedaqoqlar
da olmuşdur.

69

MÜASİR AZƏRBAYCAN XEYRİYYƏÇİLİYİ:
MEHRİBAN XANIM ƏLİYEVA

Azərbaycanda ictimai həyatın xüsusi sektoru olan xeyriyyəçilik
institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq
inkişaf etdirilir. Tarixi ənənələrimizi qorumaq və inkişaf etdirmək
üçün səmərəli vasitə olan müasir xeyriyyəçilik institutunun
yaradılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-
nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Bu gün Mehriban xanımın başçılığı ilə Heydər Əliyev Fondu
Azərbaycanda bütün sosial sahələrin inkişafı, ölkəmizlə bağlı
həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin
qorunması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası
istiqamətində bir çox layihələr həyata keçirir. Azərbaycanda və
xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər,
uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial
mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun geniş
fəaliyyət istiqaməti mövcuddur.

Fondun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də
ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır. “Tolerantlığın
ünvanı - Azərbaycan” layihəsi əsasında dini abidələr bərpa
edilərək, istifadəyə verilmişdir. Fond tərəfindən müxtəlif vaxtlarda
Bakıdakı Müqəddəs Məryəm və Pravoslav kilsələrində təmir-
bərpa işləri aparılmışdır.

Heydər Əliyev Fondu “Or-Avner” Beynəlxalq Fondu ilə birgə

70

Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik “Xabbad Or-
Avner” təhsil mərkəzi inşa olunmuşdur.Azərbaycanda məskunlaşan
xalqların etnomədəni komponentlərinin inkişafına yönələn
tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda
görülən işlər, dövlətin bütün millətdən olan insanlara diqqət və
qayğı ilə yanaşmasının nəticəsidir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Respublikanın müxtəlif
regionlarında yeni təhsil və səhiyyə ocaqlarının əsasının qoyulması
və bərpası, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq
evləri və internat məktəblərinin inkişafına dəstək” layihələrinin
reallaşdırılması, Daun Sindromlu Şəxslərin Reabilitasiyası
Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox
insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi
Azərbaycan xeyriyyəçilik tarixinin yeni səhifəsidir.

Azərbaycanın zəngin mədəniyyət və incəsənət nümunələrinin
(xalçaçılıq, muğam və s.) təbliğatını aparmaq məqsədi ilə Fond
dünyanın bir çox ölkərində sərgilər, konfranslar, seminarlar təşkil
edir. Bütün millətlərin öz mədəniyyət nümunələrinə sahib çıxdığı və
qoruduğu bir vaxtda Azərbaycanın maddi və qeyri-maddi mədəni
irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına salınması
Mehriban xanım Əliyevanın səyləri nəticəsində baş verir.

Mehriban Əliyevanın bu istiqamətdə atdığı önəmli
addımlardan biri də Azərbaycan muğamının dirçəldilməsi və onun
beynəlxalq səviyyədə geniş təbliğ etdirilməsidir. Təsadüfi deyil
ki, Azərbaycanın Birinci Xanımı, Mehriban xanım Əliyevanın
Kanadada “İlahə Muza - Azərbaycan Muğamının Hamisi” adlı

71

abidəsi qoyulmuşdur. Bu abidə elit mənzərəli Niagara on the Lake
şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən
birini bəzəyir.

Azərbaycandakı xidmətləri ilə yanaşı Mehriban xanım
beynəlxalq səviyyədə də geniş miqyaslı xeyriyyəçilik tədbirləri
həyata keçirir. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə
nüfuzunun artmasına və digər dövlətlərlə dostluq münasibətlərinin
qurulmasına xidmət edir. Əbəs yerə deyil ki, Mehriban xanım
dəfələrlə xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən
müxtəlif orden və diplomlarla təltif olunmuşdur.

Mehriban xanım Əliyeva 2004-cü ildən Azərbaycanın şifahi
xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və
inkişaf etdirilməsi sahəsindəki gördüyü işlərə görə, UNESCO-
nun Xoşməramlı Səfiri adını daşıyır. O, 2005-ci ildə “İlin Qadını”
seçilmiş, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə,
təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və
Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı
töhfələrinə görə, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq
Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası
dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və
fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə
görə, ISESCO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali
ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, “Qızıl
ürək” beynəlxalq mükafatı ilə təltif edilməsi onun dünya

72

miqyasında əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini
əyani olaraq təsdiqləyir.

Mehriban xanım Əliyeva Azərbaycanla Polşa arasında
dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Polşa
Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı
ordeni ilə, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə görə,
Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu”
ordeninin zabit dərəcəsi ilə, UNESCO-nun “Qızıl Motsart” medalı
ilə təltif olunmuşdur. O, həmçinin Türk Dünyası Mədəni İrsinin
zəngin parçası olan Azərbaycan Türklərinin Maddi və Qeyri-
Maddi Mədəniyyət Abidələrinin Qorunması və Təbliği sahəsində
böyük xidmətlərinə görə TÜRKSAV-ın “Türk dünyasına
xidmət” mükafatına layiq görülmüşdür. Prezident İlham Əliyevin
Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və
mədəni həyatında səmərəli fəaliyyətinə görə, “Heydər Əliyev
Mükafatı”na layiq görülmüşdür.

Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan
“Ekovitrin” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə,
Azərbaycanın Birinci Xanımı 2011-ci ilin yekunları üzrə “İlin
Birinci Xanımı” nominasiyasının qalibi olmuşdur. Mehriban
Xanım “İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı ilə
təltif edilmişdir.

2017-ci ildə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi

73

köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə
II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif
etmişdir.

Bu gün Heydər Əliyev Fondu xarici ölkələrdə nadir mədəni
irsin qorunmasına ciddi töhfələr verməkdədir. Fond Parisdəki
Notr-Dam, Strasburqdakı Kafedral kilsələrinin, o cümlədən
Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayının,
İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının,
Bolqarıstanın Veliko Tırnovo şəhərindəki “Trapezitsa”
Memarlıq Muzeyi Qoruğunun, Vatikandakı Müqəddəs Sebastian
sərdabələrinin, Müqəddəs Marçellinio və Pietro katakombalarının,
həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər
əlyazmalarının bərpasını həyata keçirmiş və ya bərpasına maliyyə
yardımı göstərmişdir.

Bütün bu sadalananlar Azərbaycanda tarixən mövcud olan
mesanatlıq ənənəsinin dünyada tanınmasına, müasir Azərbaycan
xeyriyyəçiliyi institunun formalaşmasına və xalqımızın humanist,
xeyirxah dəyərlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

MÜNDƏRİCAT

GİRİŞ..............................................................................................3

XEYRİYYƏÇİLİK – MƏNƏVİ DƏYƏRİMİZ KİMİ..................7

AZƏRBAYCANDA XEYRİYYƏÇİLİK (XIX ƏSRİN
SONU-XX ƏSRİN ƏVVƏLLƏRİ).............................................11

AZƏRBAYCAN MESENATLARI..............................................28

QADIN XEYRİYYƏÇİLİYİ.......................................................67

MÜASİR AZƏRBAYCAN XEYRİYYƏÇİLİYİ:
MEHRİBAN XANIM ƏLİYEVA................................................69

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version