Gündüz İsmayılov
XXI
ƏSRDƏN BAXIŞ
İSLAM,
QURAN,
MÜSƏLMAN
Bakı 2017
“Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
27 noyabr tarixli, 892 nömrəli Sərəncamına əsasən, Azərbaycan
Respublikasının Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış
vəsait hesabına nəşr edilmişdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-1051/Ç saylı, 18.10.2017-ci il
tarixli məktubu ilə nəşrinə razılıq verilmişdir.
Redaktor: Nahid Məmmədov
Korrektor: Aysel Abdullayeva
Dizayner: Raman Dadaşov
“TUNA PRİNTİNG & PUPLISHING COMPANY”
Kitab müasir dövrümüzdə aktuallıq kəsb edən və əksər
hallarda mübahisə doğuran dini məslələrə həsr olunub. Eyni
zamanda, dində islahata münasibət, şəriət və xurafatın fərqi,
İslam və demokratiya anlayışları, Qurani-Kərimin kim-
lər üçün nazil olması, çağdaş müsəlmanın xüsusiyyətləri,
məzhəblərin və dini bayramların mahiyyəti, eləcə də digər
vacib məqamlar açıqlanıb.
Qeyd edilənlərə parallel olaraq ölkədə dini durumla
əlaqəli bəzi məsələlərə toxunulub, anormal dindarlığın yol
açdığı bir sıra problemlərə diqqət çəkilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
3
MÜƏLLİFDƏN
Qərblə müqayisədə müsəlman Şərqinin xeyli
geridə qalması faktdır. XIX əsrdən etibarən bir çox
müsəlman mütəfəkkir bunun səbəblərini araşdırıb,
müxtəlif izahlar verib. Təbii ki, səbəblər çox ola bilər.
Bəzilərinə görə, Qərbin Şərqi üstələməsinin
kökləri monqol yürüşləri dövrünə qədər gedib çıxır.
Çünki monqol talanları nəticəsində İslam dünyasının
böyük şəhərləri ilə yanaşı, elm, təhsil ocaqları da ciddi
ziyan çəkib. Bu yürüşlər müsəlmanları ən azı bir əsr
geri salıb.
İslam dünyasının geridə qalmasını yeni dünyanın
kəşfi ilə əlaqələndirənlər də var. Bu cür düşünənlərin
fikrincə, Amerikanın kəşfi, Hindistana dəniz yolunun
açılması və tarixi İpək yolunun əhəmiyyətinin
azalması Qərbi üstün mövqeyə çıxarıb və müsəlman
Şərqi tədricən geriləməyə başlayıb. Əsas səbəblərdən
biri kimi, Qərbdə universitetlərin açılmasını və elmi
araşdırma mərkəzlərinin yaradılmasını, xüsusilə kitab
üçün çap dəzgahının icad edilməsini göstərənlər də az
deyil.
Bütün bu səbəblərlə yanaşı, müsəlmanların
geridə qalması daha çox din amili ilə əlaqələndirilir.
4
Böyük çoxluğun qənaəti belədir ki, müsəlmanlardan
fərqli olaraq, xristianlar öz dinlərində islahat apara
biliblər. İslahatın nəticəsi kimi din dövlət işlərindən
ayrılıb, elm, təhsil kilsənin inhisarından və təsir
dairəsindən çıxarılıb, cəmiyyəti inkişafdan saxlayan
kanonik qanunlar dünyəvi qanunlarla əvəz edilib. Bu
baxımdan protestantlığın yaranmasını Qərbdə islahatın
və inkişafın başlanğıcı kimi qəbul edənlər var. Hətta
protestantlığı inkişafın təminatçısı və şərtlərindən
biri sayan Maks Veberin məşhur nəzəriyyəsinə görə,
Avropada iqtisadi tərəqqinin əsasında protestant etikası
dayanır.
Fərqli düşünənlər, dində islahat tərəfdarı
olmayan müsəlmanlar kifayət qədərdir. Bəlkə, elə
buna görədir ki, indiyədək İslamda islahat aparmaq
mümkün olmayıb. Amma hər halda uğursuz da olsa,
dəfələrlə buna cəhdlər göstərilib. İslahat tərəfdarı
olmayanlar, daha doğrusu, bunun qəti əleyhdarları
şəriət qaydalarının dəyişdirilməsini mümkünsüz, hətta
küfr hesab edirlər. Onlara görə, İslamda islahat ideyası
həmişə Qərbin planı olub. Ümumiyyətlə, müsəlmanların
geridə qalmasının səbəbi İslamdan deyil, onların əsl
müsəlman olmamalarından qaynaqlanır. Bu baxımdan
İslamda islahata yox, müsəlmanlara İslamın düzgün
çatdırılmasına ehtiyac var.
Bütün hallarda fakt dəyişməz qalır. Reallıq
5
belədir ki, İslam dünyası, bəlkə də, heç vaxt indiki qədər
zəif olmayıb. Çıxış yolunu dində islahat aparılmasında
görənlər var. Hətta bunun üçün dəfələrlə İslamı, Qurani-
Kərimi modernləşdirməyə cəhdlər göstərilib. İndiyədək
bu, mümkün olmayıb və bəlkə gələcəkdə də olmayacaq.
Biz İslamı, Quranı yox, amma müsəlmanı dəyişdirə
bilərik. Əslində, XXI əsrdən İslama, Qurana baxış,
müsəlmanı dəyişdirmək, daha doğrusu, yeniləmək
arzusudur.
Eyni zamanda, son 20 ilin təcrübəsi göstərir
ki, din digər toplumlar və dövlətlərlə müqayisədə
müsəlman ölkələri üçün siyasi baxımdan daha ciddi
və təhlükəli sahədir. Din müstəqilliyini yeni əldə etmiş
və ənənələri sarsıdılmış xalqlar üçün xüsusilə həssas
məsələdir.
Sovetlər zamanı ateizmə əsaslanan kom-
munizmin cəmiyyətdə rəsmi və intensiv şəkildə
təbliği dini ənənələrin zəifləməsinə və insanların dini
biliklərdən uzaq formalaşmasına gətirib çıxarmışdı.
Sovetlər dağıldıqdan sonra həm kommunizmdən, həm də
ateizmdən imtina olunması, dinə cəmiyyətdə sərbəstlik
verilməsi, milli-mənəvi dəyərlərə qayıdış öz-özlüyündə
müsbət proses olsa da, təəssüf ki, müəyyən problemlərlə
müşahidə olunur. Bu cür vəziyyət isə bəzi dövlətlərin
və dairələrin öz maraqları naminə dindən sui-istifadə
imkanlarını artırır, onlar üçün əlverişli şərait yaradır.
6
Şübhəsiz ki, yenidən müstəqilliyini bərpa
etmiş gənc Azərbaycan dövləti bu proseslərdən
kənarda olmadığı kimi, din pərdəsi altında təhdid və
təhlükələrdən də sığortalanmayıb. Əksinə, digər MDB
dövlətləri, hətta Orta Asiyanın müsəlman ölkələri
ilə müqayisədə Azərbaycana din sahəsində təzyiq və
təhdidlər daha çoxdur.
Əlbəttə, bu, bir çox amillərlə, o cümlədən
Azərbaycanın yerləşdiyi coğrafi-siyasi mövqeyi,
qarşısına qoyduğu strateji məqsəd və hədəfləri, hebelə,
sahib olduğu enerji resursları ilə bağlıdır. Üstəlik,
üzləşdiyimiz təhdidlər təkcə İslam dini istiqamətli
deyil, zaman-zaman digər dinlərlə bağlı da təhdidlərlə
qarşılaşmalı oluruq. Amma üzləşdiyimiz ən ciddi və
təhlükəli təhdidlər əsasən İslam dini istiqamətlidir.
Deməli, hər bir dövlət kimi Azərbaycan da
dini-ideoloji baxımdan hədəflərini müəyyən etməlidir.
Bu hədəflərə din sahəsində dövlətin bütövlüyünə,
cəmiyyətin monolitliyinə və milli məsələlərdə vətəndaş
həmrəyliyinə xidmət edən strateji plan kimi də
yanaşmaq olar. Həm dini-ideoloji, həm də milli, ictimai
təhlükəsizliyimiz dinin cəmiyyətdə hansı formada
təbliğindən asılıdır.
Dövlət dinin təbliğatını aparmır, amma
təbliğatın forma və meyarını müəyyənləşdirə bilir.
7
Bu baxımdan “XXI əsrdən İslama baxış” məhz dinin
Azərbaycan cəmiyyətinə hansı forma və mahiyyətdə
təqdim edilməsini müəyyənləşdirmək cəhdidir. Ümid
edirəm ki, oxucuların böyük əksəriyyəti müəllifin
“İslama baxış bucağı”nı doğru sayacaqdır.
8
İSLAM: İNANC SİSTEMİ, YOXSA SİYASİ
İDEOLOGİYA?
Teoloji terminologiyada dinə müxtəlif for-
mada, bəzən mahiyyətinə uyğun, amma fərqli-fərqli
anlamlarda çoxsaylı tərif və izahlar verilir. İslam
ilahiyyatçılarının dinə verdikləri ən sərrast və lakonik
tərifdə deyilir ki, din insanları həm dünya, həm də axirət
həyatında xoşbəxtliyə aparan ilahi yoldur.
İlk səmavi dində - Yəhudilikdə dünya həyatına
daha çox üstünlük verilir, axirət inancı bir qədər
arxa planda görünür. Qəribə də olsa, bəzi müsəlman
ilahiyyatçıları yəhudilərin bütün dövrlərdə və əksər
cəmiyyətlərdə maddi, dini ifadə ilə desək, dünyəvi
zənginliyini məhz bununla – inanclarından irəli gələn
stimulla əsaslandırırlar.
Yəhudiliklə İslam arasında keçid mərhələsi
sayılan Xristianlıqda tam əksinədir: axirət dünya
həyatından üstün tutulur. Buna görədir ki, xristian
ruhanisi ailə həyatı qurmur, dünyəvi həzz və zövqlərdən
uzaq dayanır, özünü bütünlüklə Allaha həsr edir və
həyatını axirət inancına kökləyir.
Sonuncu səmavi din isə özündən əvvəlki
hər iki yanaşma tərzini rədd edir. İslam dünya və
axirət həyatına eyni gözlə baxır və orta yolu tutur.
Məhəmməd peyğəmbər hədislərindən birində buyurur:
9
“Heç ölməyəcəkmişsiniz kimi bu dünya, sanki sabah
öləcəkmişsiniz kimi axirət həyatı üçün çalışın”.
Səhabələrinə özlərini bütünlüklə Allaha, dinə
və ibadətə həsr etmək qadağası qoymuş Məhəmməd
peyğəmbər özü nümunə göstərir: peyğəmbər olmasına
baxmayaraq, ailə qurduğunu, övlad sahibi olduğunu,
ailəsinin ehtiyaclarını ödəmək üçün çalışdığını, eyni
zamanda həm də ibadət etdiyini, namaz qıldığını, oruc
tutduğunu bildirir. Lakin İslama görə, müsəlmanın
dünya həyatı yalnız onun fərdi və ailə həyatı ilə
məhdudlaşmır. İslam fərdi məsuliyyət və fərdin
özünü inkişaf etdirməsi məsələsinin üzərində israrla
dayanır, bununla belə, müsəlmanı dövlət, millət və
din naminə cəmiyyətin həyatında fəal iştiraka təşviq
edir, onun üzərinə uyğun vəzifə və məsuliyyət qoyur,
müxtəlif sahələrdə fəaliyyət prinsipləri və meyarlarını
müəyyənləşdirir. Bu baxımdan İslam fərdilikdən daha
çox cəmiyyətpərəst və ictimaiyyətcil dindir.
Bütün bunlar İslamın yalnız inanc, mənəvi
dəyərlər sistemi deyil, fərdlə yanaşı, cəmiyyəti də öz
prinsiplərinə uyğun formalaşdırmağı qarşısına məqsəd
qoyan və ilahi mahiyyət daşıyan ideologiya olduğunu
deməyə əsas verir. Ancaq bu ideologiya ağına-bozuna
baxmadan bütün digər idarəçilik sistemlərini və
siyasi quruluşları rədd etməyə, nəyin bahasına olursa-
olsun məhz teokratik dövlət qurmağa çağırmır. O,
10
müsəlmanları dünyada və axirət həyatında xoşbəxt
etməyi qarşısına məqsəd qoyur, amma bunun üçün
şəriət qanunları ilə idarə olunan, İslamı siyasi ideologiya
kimi qəbul edən dövlətin qurulmasını vacib hesab etmir.
Əgər mövcud idarəçilik forması onlara həm dünya, həm
də axirət xoşbəxtliyi naminə çalışmaq imkanı yaradırsa,
müsəlmanlar nəinki həmin dövlətə qarşı çıxmamalı,
hətta onu qorumalıdırlar.
Digər tərəfdən, dinin dünya həyatı ilə bağlı
qarşısına qoyduğu əsas hədəfləri var. Bu hədəflər təməl
insan hüquqlarını – vicdan azadlığını, mülkiyyət, ailə
və sağlamlıq hüququnu qorumaq, eləcə də cəmiyyətdə
ədalət anlayışını maksimum təmin etməkdir. Dinimiz
bu hüquqları pozan əməlləri günah sayır. Məsələn,
nikahdankənar cinsi əlaqənin – zinanın cəmiyyətdə ailə
institutunu zəiflədəcəyini və insanların sağlamlığına
zərbə vuracağını nəzərə alan İslam bunu günah, hüquqi
dillə desək, ciddi qanun pozuntusu, cinayət sayır.
Əslində, demokratik cəmiyyətlərdə dövlətin
əsas məqsədləri ilə dinin qarşısına qoyduğu məqsədlər
arasında mahiyyətinə görə prinsipial oxşarlıq var. Bu
baxımdan təməl insan hüquqlarının təmin edildiyi çağdaş
demokratik ölkələrdəki siyasi sistemlər din pərdəsi
altında avtoritarizmin və diktaturanın hökm sürdüyü
müsəlman dövlətlərinin siyasi sistemlərinə nisbətən
İslama daha yaxındır. Bu, müsəlman ideoloqlarının
11
hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində gəldikləri
qənaətdir. Həmin dövrdə Avropanın çağdaş dəyərləri ilə
tanış olan müsəlman mütəfəkkirlərindən birinin Qərblə
Şərq arasında apardığı müqayisə bu gün də maraq
doğurur: “Avropada İslamı gördüm, amma müsəlman
tapmadım, Şərqdə isə müsəlman gördüm, İslamı
tapmadım”.
Avropaya səyahətdən təsirlənən Türkiyənin
istiqlal marşının müəllifi Mehmet Akif Ərsoyun da
qənaəti eyni olmuşdur. O, böyük təəssüflə deyirdi:
“Avropalıların yaşayışı bizim dinimiz, dinləri isə bizim
yaşayışımız kimidir”.
Önəmli məqamlardan biri hər müsəlmanın
dünyada və axirətdə xoşbəxt olmaq üçün “nə etməli və
necə etməli” sualına cavab tapmasıdır. Daha konkret
desək, nədən başlayıb, nə ilə bitirmək lazım gəldiyini
müəyyənləşdirməsidir: əvvəl cəmiyyət dəyişməlidir ki,
sonra idarəçilik quruluşu dəyişsin, yoxsa öncə siyasi
sistem dəyişməlidir ki, ardınca cəmiyyətdə dəyişikliklər
getsin?
Tarixi faktlar və çağdaş dövrümüzdə gedən
proseslər təsdiqləyir ki, cəmiyyəti dəyişdirmədən
nəyin bahasına olursa-olsun sistemi dəyişmək
istəyənlərdən çox zaman başqaları siyası məqsədlər
üçün istifadə edirlər. Belə müsəlmanlar İslamı düzgün
12
anlamamış və ya məqsədli şəkildə təhrif etmiş qüvvələr
tərəfindən yanlış istiqamətləndirilə bilərlər. Ona görə
də unudulmamalıdır ki, İslamın əsas hədəfi siyasi
hakimiyyətə gəlmək, insanların iradəsindən asılı
olmayaraq dövlət üsul-idarəsini dəyişdirib cəmiyyəti
şəriət qanunları ilə idarə etmək deyil. İslamı bu cür
təsəvvür etmək onu siyasi ideologiya çərçivəsinə
salmaq, ilahi mahiyyətindən uzaqlaşdırmaq deməkdir.
Bu məsələdə müsəlmanlara ən mükəmməl örnək yenə
də Məhəmməd peyğəmbərin özüdür.
Allahın müjdəsini yaymağı qarşısına məqsəd
qoyan Peyğəmbərin əsas hədəfi hakimiyyəti ələ almaq və
ya hansısa qəbiləni, cəmiyyəti idarə etmək olmamışdır.
Hətta məkkəli zadəganlar başladığı missiyadan əl çəkməsi
şərti ilə Məhəmməd peyğəmbərə böyük sərvət və Məkkənin
idarəçiliyini vəd etdikdə, o, qəti şəkildə bundan yayınmağa
çalışır. Lakin işgəncələrə məruz qaldıqları üçün dinlərinin
tələblərini yerinə yetirməkdə çətinlik çəkən və inanclarına
uyğun yaşaya bilməyən müsəlmanlar Məkkədən Mədinəyə
hicrət etmək və özlərini müdafiə məqsədilə bu şəhərdə
müstəqil dövlət qurmaq məcburiyyətində qalırlar. Yalnız
bundan sonra Peyğəmbər siyasi idarəçiliklə məşğul olur,
daha doğrusu, siyasi hakimiyyətə məqsəd kimi yox,
missiyasını başa çatdırmaq üçün başqa çıxış yolu qalmadığı
halda vasitə kimi baxır.
Təəssüf ki, İslamı siyasiləşdirmək istəyən
13
qüvvələr vasitəni məqsədə, məqsədi isə vasitəyə
çevirirlər. Halbuki, VII əsrdə - Peyğəmbərin zamanında
olduğu kimi, bu gün də istər müsəlman Şərqində, istərsə
də Qərbdə İslamın siyasi ideologiya yox, inanc sistemi
kimi təbliğ edilməsinə ehtiyac var.
Hazırda təkcə sovet kabusundan xilas olmuş
ölkələrdə deyil, bütün dünyada, o cümlədən müsəlman
Şərqində sürətlə dinə qayıdış prosesi gedir. Bəzən bir
qədər ziddiyyətli və təhlükəli formalar alan bu prosesin
mənfi tərəfi müsəlman Şərqində daha qabarıq nəzərə
çarpır. Bir çoxları İslama qayıdışın mahiyyətini düzgün
dərk edə bilmir və problemin böyük qismi bundan
qaynaqlanır.
“İslama qayıdış” dedikdə bu prosesin prioritet
məqamları yaddan çıxmamalıdır. Nəzərə alınmalıdır ki,
İslama qayıdış bu dinin meydana çıxdığı VII əsrə qayıdış
mənasında deyil. İslamı düzgün anlayıb yaşamaq üçün
Məhəmməd peyğəmbərin dövrünə qayıtmamalıyıq,
necə deyərlər, onu dövrümüzə gətirməliyik. Kor-koranə
İslama qayıdış nəinki ciddi fəsadlar doğura, müsəlman
ölkələrə, xüsusilə müstəqilliyini yeni əldə etmiş
dövlətlərə ciddi problem yarada bilər.
Önəmli məqamlardan biri də din və millət
anlayışının qarşı-qarşıya qoyulmasıdır. Müsəlman
ölkələrində, o cümlədən Azərbaycanda İslam
14
milli məfkurəyə, konkret olaraq türkçülüyə -
Azərbaycançılığa zidd sayılmamalı, əksinə, bu iki xətt
uzlaşdırılmış halda paralel aparılmalıdır. İslama qayıdış
heç də insanların milli mənsubiyyətindən imtinası
demək deyil. Müsəlman Şərqində İslamı hakim və
yeganə ideologiya kimi təbliğ etmək müsəlmanlara,
eləcə də türk dünyasına xeyirdən çox zərər gətirə bilər.
Çağdaş dövrümüzdə müsəlmanlar İslama vahid milli
ideologiyanın tərkib hissəsi kimi baxmalıdırlar. Bu
ideologiya hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində
formalaşıb və Azərbaycanın bayrağında öz əksini tapıb:
mavi milli, yaşıl dini mənsubiyyətimizin, qırmızı rəng
isə hürriyyətimizin, gedəcəyimiz yolun simvoludur.
Əslində, İslam ölkələrinin gələcəyi müəyyən
mənada bu formulu özlərinə uyğunlaşdırmalarından,
hakim ideologiyaların tərkibinə İslamı doğru və sağlam
şəkildə daxil edə bilmələrindən asılıdır. Çünki İslamı
siyasiləşdirməklə dinimizin əsas məqsədinə çatmaq –
müsəlmanları, ümumiyyətlə, insanları həm dünya, həm
də axirət həyatında xoşbəxt etmək qeyri-mümkündür.
İslam ölkələri seçim etməlidirlər: bu din ya Orta
Şərq dühalarını ortaya çıxaran inanc sistemi şəklində
saxlanmalı, ya Əfqanıstan taliblərinin, İŞİD-in dininə
çevrilməli, ya da İslamı dolğun, zamanla ayaqlaşan
forma və üsullarla təbliğ etməyin yolu tapılmalıdır.
Çünki bu gün İslam dünyasının mühüm problemləri –
zəiflik və gerilik dindən yox, fərdlərdən qaynaqlanır.
15
DİNDƏ İSLAHAT, YOXSA İSLAHATÇI DİN?
Bəzən inanclı filosoflar səmavi dinlərin
meydana çıxmasını Böyük Yaradanın bəşəriyyətdə
apardığı islahatların nəticəsi kimi izah edirlər. Bir qədər
qəribə səslənsə də, əslində məntiqli fikirdir. Çünki hər
dəfə yeni səmavi dinin meydana çıxması bəşəriyyətin
həyatında nisbətən daha mütərəqqi və sivil mərhələnin,
başqa sözlə, cəmiyyət üçün islahatlar dövrünün
başlanğıcı olub. Bu baxımdan İslamın sonuncu səmavi
din kimi öncəki dinlərin müsbət cəhətlərini özündə
birləşdirməsi və cəmiyyətdə daha dərin islahatlar
aparması təbii və məntiqli iddiadır.
İslamın meydana çıxdığı dövrə görə mütərəqqi,
islahatçı və müasir din olmasını, eləcə də bəşər
tarixində əsaslı dönüş yaratmasını dindar olmayan
insanlar da qəbul edirlər. Amma yeddinci əsrdə İslamın
müəyyənləşdirdiyi qaydaların və prinsiplərin çağdaş
dövrümüzə də şamil olunmasına hamı birmənalı
yanaşmır. Məsələn, dindar olmayan bəzi müsəlmanlar
iyirmi birinci əsrdə qadınların örtünməsinin və ya
kişilərin saqqal saxlamasının vacibliyini məntiqli
saymırlar. Onların fikrincə, yeddinci əsrin qaydaları
ilə iyirmi birinci əsrdə yaşamaq mümkün deyil və
dövrlə ayaqlaşması üçün dində müəyyən islahatların
aparılması, başqa sözlə, dinin müasirləşdirilməsi
zəruridir.
16
Təbii ki, şəriət alimləri və dindarlar İslamın
sonuncu səmavi din olduğunu, Qurani-Kərimin
gətirdiyi qaydaların bütün dövrlərə şamil edildiyini və
bu prinsipin müqəddəs kitabda öz əksini tapdığını əsas
tutaraq, dində islahatlar aparılmasını nəinki qəbul etmir,
hətta bu cür düşünənləri küfrdə günahlandırırlar. Onlar
iddia edirlər ki, İslam şəriəti dinamik hüquq sistemi
olduğu üçün dövrlə ayaqlaşır və mütərəqqi yeniliyə
qarşı çıxmır. Lakin Qurani-Kərimə əsaslanan şəriət
hökmlərinə gəlincə, bunların dövrə görə dəyişdirilməsi
yolverilməzdir.
Göründüyü kimi, tərəfləri birləşdirən ümumi
nöqtələr olmasına baxmayaraq, qızıl ortanı tapmaq
müşkül məsələyə çevrilib və bu həqiqəti on dörd əsrlik
İslam tarixi də təsdiqləyir. Bütün dövrlərdə istər İslam,
istərsə də xristian dünyasında dində islahatlar aparılmasına
cəhdlər göstərilib. Amma hamısı uğursuz olub, dində
islahatlar aparmaq istəyi, ən uzağı, hansısa yeni təriqətin
və ya dini cərəyanın yaranması ilə yekunlaşıb. Bu gün
dünyada mövcud olan dini cərəyanların böyük əksəriyyəti
dində aparılan uğursuz islahat cəhdlərinin məhsuludur.
Nəticədə, bir-birini qəbul etməyən, hətta nifrətlə yanaşan
dini qruplar meydana çıxıb. Bəs nisbətən optimal variant
– orta yol hansıdır?!
Qəribə görünsə də, əslində çıxış yolu İslamın
özündə, başqa sözlə, onun doğru formada, olduğu kimi
17
insanlara çatdırılmasında və islahatçı mahiyyətinin
düzgün izah edilməsindədir. Çünki digər dinlərdən
fərqli olaraq İslam inanc məsələsində insana seçim
hüququ verir və hər kəsin seçiminə hörmətlə yanaşır.
Ən əsası isə odur ki, İslam Yaradanla bəndə
arasında vasitəçilik institutunu qəbul etmədiyi üçün
günahı müəyyənləşdirən yeganə qüvvə kimi Allahı
qəbul edir. Deməli, heç kim başqasını hansısa əməli
yerinə yetirib-yetirməməsinə görə günahlandıra, təqib və
təzyiqlərə məruz qoya bilməz. Demokratiyaya söykənən
bu hüquq prinsipi İslamda birbaşa Qurani-Kərimə
əsaslanır. Bir neçə ayədə, o cümlədən “Bəqərə” surəsinin
256-cı ayəsində dində məcburiyyətə yol verilmədiyi, hər
kəsin əqidə seçimində azad olduğu bildirilir.
Beləliklə, İslam inancına görə kimsə örtünməyə,
saqqal saxlamağa, yaxud başqa bir işə məcbur edilə
bilməz. Belə olduqda dində islahat aparılmasına da
ehtiyac qalmır. Çünki iki yol var və onlar arasında seçim
etmək hər kəsin öz işidir. Dindar bəndə dindar olmayan
şəxsi nəyəsə məcbur etməməli, dindar olmayan isə
islahat adı altında dini görmək istədiyi formaya salmağa
çalışmaqla dindarın heysiyyətinə toxunmamalıdır.
Necə deyərlər, hər kəs öz yolu ilə getməlidir. Bu, təkcə
çıxış yolu deyil, həm də Allahın insanların rahatlığı,
cəmiyyətin sabitliyi üçün göndərdiyi İslamın – islahatçı
dinin - prinsipidir.
18
ŞƏRİƏT VƏ XURAFAT
Neçə əsrdir ki, müsəlman ziyalı dairələrində
şəriət və müasirliklə bağlı mübahisə səngimək bilmir.
İslam dünyasının Qərbdən elmi-texniki, sosial-iqtisadi
cəhətdən geri qalmasından narahat olan müsəlman
intellektualları bunun səbəbini tarixən müxtəlif İslam
cəmiyyətlərində şəriətin tətbiq edilməsində görür, onun
tamamilə ortadan qaldırılmasına çağırırlar. Şəriəti israrla
müdafiə edən, onu İslamla eyniləşdirən və “şəriətçi”
adı ilə tanınan qruplar isə müasir dünyanın tələbilə
ayaqlaşmayaraq, “sonuncu mogikan”ları xatırladır, öz
“Bastilya”ları uğrunda ölüm-dirim savaşı verirlər. Bu
səbəbdən, şəriətçi termini mənfi çalar qazanaraq elmi-
bədii ədəbiyyatda mövhümatın sinoniminə çevrilib.
Şəriətçi dedikdə, insanlar müasirliyə, elmi-texniki
tərəqqiyə, dünyəviliyə, ümumbəşəri dəyərlərə qarşı
çıxan, köhnəlmiş dini qaydaları tətbiq etməyə çalışan
xurafatçı fərdi başa düşürlər.
İslamla şəriəti eyniləşdirmək və sonuncunu kor-
koranə müdafiə etmək yanlışdır. İslam şəriət deyildir.
İslam – Qurani-Kərimdir, Məhəmməd Peyğəmbərin
həyatı və əməlləridir. Şəriət isə müsəlmanların, daha
doğrusu, üləmaların İslamı anlama metodudur. O, İslamı
dərk etməyə cəhd göstərən elmdir, lakin İslamın özü
deyildir. Şəriət müsəlman təfəkkür tarixinin ayrılmaz
ünsürüdür, amma Qurani-Kərimin mahiyyəti sayıla
19
bilməz. O, özündə müxtəlif ilahiyyatçıların subyektif
dünyagörüşlərini, dini yozma tərzlərini ehtiva edir. Ona
görə də, bu elmdə həmin alimlərin səhv, mövhümatçı
düşüncələri, müasirliyə sığmayan, məntiqə zidd
ideyaları əks oluna bilər. Şəriətin təmsilçiləri sayılan
fəqihlər nə qədər dini mükəmməl bilsələr də, nəticədə
insandırlar və ideal deyillər. Onlar hansısa emosiya və
hissin, dövrün şərtlərinin təsiri altında qalaraq, xasiyyət
və şəxsi mülahizələrinə uyğun hökm çıxara bilərlər.
Ona görə də, şəriət alimlərinin fətvaları mükəmməl
sayılmamalıdır. Tarixdə padşah, sultan, xəlifələrə xoş
gəlsinlər deyə, hökmdarların istəyinə uyğun fətva verən
çoxlu müsəlman alimi olub.
Şəriət insani səciyyə daşıdığı halda, İslam ilahi
xüsusiyyətə malikdir. Orta əsrlərdə formalaşmış bu
dini-hüquqi elmi metodologiya ziddiyyətli, mübahisəli,
bəzi hallarda isə qəbul edilməzdir. Şəriətdə xurafat,
hətta gülünc fikirlər yer ala bilər, lakin həqiqi İslamda
əsla!
XXI əsrdə yaşamağımıza baxmayaraq,
hələ də şəriətin adı ilə insan qanı tökən, qadın
haqlarını tapdalayan, azad elmi təfəkkürü təqib edən
“müsəlmanlar” var. Hələ də, Yer kürəsinin Günəş
ətrafında fırlandığını deyənləri kafir elan edib, onların
can və mallarını halal görən məşhur “İslam alimləri”
mövcuddur. Hələ də, sünni ilə şiənin nikahının düz
20
olmadığını, fərqli məzhəb nümayəndələrinin bir-
birlərinin arxasında namaz qıla bilməyəcəklərini
bildirən, din uğrunda özünü öldürməyə icazə verən,
qarşı cəbhədəki müsəlmanın qətlinə izin verən şəriət
“alimləri” var.
Bütün bunların baş verdiyi acı həqiqətdir
və bunlar İslam yox, şəriətdir. Qadınları təhsil
hüququndan məhrum edən şəriətçilərdir! Bəzi
müsəlman ölkələrində fəlsəfə elminin öyrədilməsinə
qadağa qoyan şəriətçilərdir! Terror aktlarına fətvaları
ilə bəraət qazandıran şəriətçilərdir! Günahsız ana
və uşaqların qanlarının tökülməsini rəva görən
şəriətçilərdir! Dünyanı darül-hərb və darül-sülh kimi
iki düşərgəyə bölən yenə də şəriətçilərdir! Bəlkə də, bu
hökmləri çıxaran fəqihlər şəriət baxımından səhvə yol
verməyiblər. Çünki şəriətdə qiyas, icma, rəy kimi hökm
çıxarma üsulları var. Lakin bu şəri hökmlərin Qurani-
Kərimin ruhuna, İslamın fəlsəfəsinə və etik normalarına
uyğunluğu məsələsi böyük şübhə doğurur.
Müqəddəs kitabımız Qurani-Kərim müsəl-
manları birlik və vəhdətə çağırdığı halda, bəzi
müsəlman “alimləri” onları müxtəlif, bir-birləri ilə
yola getməyən məzhəblərə parçaladılar. Qurani-Kərim
qeyri-müsəlmanları polemikaya dəvət etdiyi halda,
bəzi qatı düşüncəli “fəqihlər” şəriəti dözümsüzlüyün
alətinə çevirərək, hər cür tənqidi düşüncəni boğmağa
21
çalışdılar. Qurani-Kərimin saysız ayələri elm və alimin
üstünlüyündən bəhs etdiyi halda, bəzi ilahiyyatçılar
fəlsəfə və digər elmlərə qadağa qoydular.
Bir sözlə, şəriət qüsurlu ola bilər, amma İslam,
daha doğrusu, Qurani-Kərim hər zaman kamilliyini
qoruyacaqdır.
22
İSLAM VƏ DEMOKRATİYA: ANLAŞMA
NÖQTƏLƏRİ VAR
İslamla demokratiya bir-birinə zidd quruluşlar
kimi təqdim edilsələr də, bənzər və ortaq nöqtələri var.
Həmin nöqtələrin tapılması və uzlaşdırılması təkcə
müsəlman cəmiyyətləri üçün deyil, bütün bəşəriyyətə
də faydalı ola bilər. Çünki indiyədək İslamla
düşmənçilikdən həm müsəlmanlar, həm də müsəlman
olmayanlar kifayət qədər zərər çəkiblər.
Demokratik cəmiyyətlərdə dövlətin əsas
məqsədi vətəndaşların hüquq və azadlıqlarını qorumaq,
insanı yeganə dəyər və meyar kimi qəbul etməkdir. Başqa
sözlə, dövlət vətəndaşa xidmət göstərir, cəmiyyətin
idarə edilməsi üçün yazılan qanunlar insanların öz
iradəsi ilə də qəbul olunur.
İslamın da əsas məqsədi insana xidmətdir.
Çünki İslam inancına görə, insan yer üzünün əşrəfidir
(“əl-İsra” surəsi, 70) və Allah bütün məxluqatı insanın
xidmətinə vermişdir (“əl-Bəqərə” surəsi, 22). Amma
cəmiyyətin idarə olunması üçün qanunları insan yox,
onun yaradıcısı – Allah müəyyənləşdirmişdir. Çünki
Allah bütün məxluqatın yaradıcısı olduğuna görə insan
üçün nəyin doğru, nəyin səhv olduğunu daha yaxşı bilir
(“əl-Bəqərə” surəsi, 216).
Göründüyü kimi, həm İslamın, həm də
23
demokratik cəmiyyətin əsas məqsədi Ali Varlığa –
insana xidmətdir, amma bu xidmətin gerçəkləşdirilməsi
mexanizmi fərqlidir.
Demokratiya anlayışına görə, hər kəs seçimində
sərbəstdir: insanın inanmaq və ya inanmamaq hüququ
var. Eyni zamanda hər kəs istədiyi kimi yaşaya bilər,
yalnız bir şərtlə ki, başqalarının hüquqlarını pozmasın,
hamının inancına və seçiminə hörmətlə yanaşsın.
İslama görə də dində məcburiyyət yoxdur
(“əl-Bəqərə” surəsi, 256), hətta peyğəmbərlərə belə,
insanları nəyəsə məcbur etmək hüququ verilməmişdir,
onlar sadəcə, doğru yolu göstərən, haqqı, ədaləti, yaxşı
əməlləri tövsiyə edən seçilmiş şəxslərdir (“ən-Nəhl”
surəsi, 35). Deməli, demokratik cəmiyyətdə olduğu
kimi, İslam da insanın seçim hüququnu tanıyır. Lakin bir
fərqlə ki, Qurana görə, inananlarla inanmayanlar eyni
ola bilməz (“əs-Səcdə” surəsi, 18) və Allah dərgahında
haqq din İslamdır (“Ali-İmran” surəsi, 19).
Bəşəriyyətin iyirminci əsrdə ən böyük
uğurlarından biri irqindən, cinsindən, dinindən və milli
mənsubiyyətindən asılı olmayaraq, insanların bərabərlik
hüququnun tanınmasıdır. Beynəlxalq konvensiyalarda
və dövlət qanunlarında təsbit olunmuş bu bərabərliyi
hələlik real həyatda və dünyanın hər yerində bərqərar
etmək mümkün olmayıb. Ancaq istənilən halda,
24
bərabərlik prinsipi dövrümüzün və demokratik
cəmiyyətin əsas şərtlərindən biri, bəlkə də, birincisidir.
Əslində, bərabərlik anlayışı təkcə demokratik
cəmiyyətlərdə deyil, İslamda da böyük əhəmiyyət
daşıyır. İslam inancına əsasən, insanlar irqi, dini, milli
və cinsi mənsubiyyətinə görə fərqlənsələr də, qanun
qarşısında bərabərdilər, Allah qarşısında üstünlük yalnız
təqvaya görədir (“əl-Hucurat” surəsi, 13).
Təbii ki, bütün bunlar İslamla müasir anlamda
qəbul olunan və başa düşülən demokratiyanın bənzər
və ortaq nöqtələrinin hamısı deyil, belə nöqtələri
kifayət qədər artırmaq olar. Lakin bu cür “nöqtələrlə”
iki quruluşu uzlaşdırmaq da qeyri-mümkündür. Onsuz
da İslamla demokratiya dost ola bilmirlər, amma heç
olmasa düşmənçilik etməsinlər. Görünən odur ki, bunun
üçün yetərincə uzlaşma və anlaşma nöqtəsi var. Bax, bu
barədə düşünməyə dəyər...
25
QURANİ-KƏRİM KİMLƏR ÜÇÜN NAZİL
OLUB?
Sovetlər dövründən fərqli olaraq indi
azərbaycanlı ailələrin əksəriyyətinin evində Qurani-
Kərim olmasa da, tərcüməsi var. Ümumiyyətlə, orta
statistik azərbaycanlının müqəddəs kitabımıza hədsiz
dərəcədə hörmətlə yanaşması faktdır. Bəlkə də, elə
buna görədir ki, hansısa azərbaycanlı ailəsində Quranı
adi kitab kimi rəfə qoyulmuş vəziyyətdə görmək
çox çətindir. Qurana bu cür hörməti kimlərinsə orta
statistik azərbaycanlının dindarlığının nümayişi kimi
qiymətləndirməsi mümkündür. Amma yəqin, çoxları
razılaşar ki, əslində, bu, bizim dindarlığımızdan
daha çox, Qurana münasibətimizin, ondan necə
çəkindiyimizin göstəricisidir. Çünki evlərində Quran
olanların böyük əksəriyyəti bu ilahi kitabı çalışdığı
qədər əlçatmaz, gözdən uzaq yerlərdə saxlayır.
Kimin necə düşünməsindən asılı olmayaraq
bu, həm də orta statistik azərbaycanlı ilə Qurani-Kərim
arasındakı məsafənin ölçüsüdür. Hər halda Quranı öpüb
gözünün üstünə qoymaqdansa, əlçatmaz yerdə əntiq
əşya kimi saxlamaqdansa, heç olmasa, tərcüməsinə
ayda bir dəfə nəzər yetirmək daha məqsədəuyğundur.
Ən pisi də odur ki, bəzi insanlarda Quranın
ölülər üçün nazil edildiyi, yalnız məscidlərdə və yas
26
mərasimlərində oxunması haqqında yanlış təsəvvür
formalaşıb. Halbuki, bu ilahi kitabın ölülər üçün nazil
edildiyini düşünmək onun ümumi ruhu ilə daban-
dabana ziddir: “O kitabda (Quran) əsla şübhə yoxdur.
O, müttəqilər (Allahdan çəkinənlər və təmizlənmək
istəyənlər) üçün yol göstərəndir” (əl-Bəqərə surəsi, 2).
Qurani-Kərimin başqa bir yerdə - əl-İsra
surəsinin 9-cu ayəsində müqəddəs kitabın digər bir
xüsusiyyəti - insanları doğru yola yönəltməsi, möminləri
müjdələməsi qeyd edilir: “Həqiqətən, bu Quran (bütün
bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər
görən möminlərə böyük bir mükafata nail olacaqları ilə
müjdə verir!”
Maraqlıdır ki, Azərbaycanda daha çox yas
mərasimlərində oxunan Quranın heç bir surəsində ölü-
lərə müraciət edilmir. Əksinə, onun bütün müraciətləri
“Ey iman edənlər”, “Ey insanlar” deyə başlayır. Hətta
Yasin surəsinin 69-70-ci ayələrində Qurani-Kərimin nazil
olması səbəbi və yalnız dirilər üçün göndərildiyi açıq-
aydın bildirilir: “Biz ona (Məhəmməd əleyhissəlama)
şeir öyrətmədik və bu ona heç lazım da deyildir (heç
yaraşmaz da). Ona vəhy olunan ancaq öyüd-nəsihət və
(haqla batili ayırd edən) açıq-aşkar Qurandır ki, onunla
diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və
o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü)
kafirlər barəsində gerçək olsun”.
27
İslam inancına görə, Quranın nazil olması
Allahın bəndələrinə şəfqətli və mərhəmətli
davranmasının göstəricisidir. Çünki Yaradan
Qurani-Kərim vasitəsi ilə bəndələrini zülmətdən
nura çıxartmışdır: “Sizi zülmətlərdən nura (küfrdən
imana) çıxartmaq üçün öz bəndəsinə (Məhəmməd
əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah
sizə şəfqətlidir, mərhəmətlidir” (əl-Hədid, 9).
Müsəlman sosioloqların apardığı araşdırmaların
nəticələrinə görə, İslam dünyasında bütün dövrlərdə,
hətta çağdaş zamanımızda dinlə əlaqəli xurafat
meyillərinin böyük əksəriyyəti müsəlmanların Qurani-
Kərimi bilməməsindən qaynaqlanır. Sosioloqlar
nümunə kimi müsəlman ölkələrində baxıcılığın geniş
yayılmasını göstərirlər.
İş ondadır ki, Qurani-Kərimdə baxıcılığın
qadağan edilməsi və böyük günah olması barədə açıq-
aydın dəlillər var. Amma bəzi müsəlmanlar baxıcıların,
hətta cadugərlərin “xidmətlərindən” istifadə edirlər.
Bunun İslama zidd olduğunu dedikdə isə məlum olur
ki, həmin müsəlmanların Qurani-Kərimdən xəbərləri
yoxdur. Deməli, İslam dünyasında xurafatla bağlı
problemlərin həlli həm də müsəlmanların Qurani-
Kərimlə əyani tanışlığından keçir.
Yas mərasimlərində Quran oxunmasına gəlincə,
28
bunda dinə zidd məqam axtarmağa dəyməz. Çünki
ölülər üçün Quran, xüsusilə də axirət həyatından bəhs
edən Yasin surəsinin oxunması ilə bağlı Peyğəmbərdən
rəvayət edilən hədisi-şərif var. Elə buna görədir ki, yas
mərasimlərində daha çox Yasin oxunur. Amma dini
baxımdan müsəlmanın həyatda ikən Quran oxuması
dünyasını dəyişdikdən sonra kiminsə ona Quran
oxumasından daha savabdır.
29
QURAN VƏ ÇAĞDAŞ MÜSƏLMAN
Bütün dövrlərdə mədəni və ləyaqətli insan
yetişdirmək cəmiyyətin və dinin əsas məqsədlərindən
biri olub. Bu məqsədlə indiyədək müxtəlif təhsil və
tərbiyə modelləri hazırlanıb. Bu modellərin əksəriyyəti
forma və məzmununa görə fərqlənsələr də, mahiyyət
etibarı ilə, demək olar ki, eynidirlər.
İslamın çağdaş, mədəni və ləyaqətli müsəlman
modeli müqəddəs kitabımız Qurani-Kərimə əsaslanır
və bütün dövrlər üçün dəyişməz qalır. Çünki Quranda
buyurulanlar həmişə keçərlidir və “müsəlman” adını bu
dinin mənsublarına Allah özü vermişdir. Başqa sözlə,
Quran ideal sayıla biləcək insanın tam portretini çəkib və nə
qədər zaman keçməsindən asılı olmayaraq, müsəlmanların
bu modelə uyğun yaşamaları tövsiyə edilib.
“Müsəlman” ərəb dilindən tərcümədə “Allaha
təslim olan” deməkdir. Müsəlman olmağın ilk şərti
Kəlimeyi-şəhadət gətirməkdir: “Əşhədü ənlə ilahə
illallah və əşhədü ənnə Muhammədən rəsulallah”.
Müsəlmanlıq müəssisəsinin əlifbası olan bu kəlmənin
mənası “Mən şəhadət verirəm ki, Allahdan başqa heç bir
tanrı yoxdur və Məhəmməd onun elçisidir” - deməkdir.
Bunu deyən kəs müsəlman olur, yəni Allahın varlığını
və ondan başqa heç bir ilahi gücün olmadığını qəbul
etmiş sayılır.
30
“Müsəlman” o kəsdir ki, Allahın buyruğuna
əsasən, gündəlik namazlarını qılır, oruc tutur, zəkat
verir, həyatını Allahın razı olacağı tərzdə qurur, yaşayır
və əsl müsəlman kimi də dünyasını dəyişir. Lakin bu,
çağdaş, mədəni və ləyaqətli müsəlman modelinin
yalnız bəzi meyarlarıdır. Çağdaş müsəlman olmaq
üçün təkcə ibadət etmək kifayət deyil. Əlbəttə, Qurana
görə, müsəlman hər şeydən öncə sağlam və sarsılmaz
imana sahib olmalıdır (əl-Bəqərə surəsi, 3-4). O, bu
imanın təzahürü olaraq Allaha və Peyğəmbərinə itaət
etməli, bütün ibadətlərini qüsursuz yerinə yetirməli (əl-
Bəqərə surəsi, 3; ən-Nur surəsi, 51; ət-Tövbə surəsi,
71), haram və günahlardan çəkinməlidir. Lakin bütün
bunlarla yanaşı, gözəl əxlaqlı müsəlman faydasız, boş
işlərlə məşğul olmamalı, namusunu qorumalı, sözünün
üstündə durmalı, əmanətə xəyanət etməməlidir (əl-
Mömin surəsi, 1-11).
Qurana görə, çağdaş müsəlmanın əsas
xüsusiyyətlərindən biri də yaxşılığı tövsiyə edib,
insanları pislikdən uzaq tutmağa çalışmaqdır (ət-Tövbə
surəsi, 71). O, Allaha verdiyi vədi yerinə yetirməli,
sövdələşməni pozmamalı, Allahın buyurduğu haqlara
əməl etməli, pisliyə yaxşılıqla qarşılıq verməlidir (ər-
Rad surəsi, 20-22).
Eyni zamanda, Qurana görə, ləyaqətli
müsəlman bolluq və qıtlıq dövründə Allah yolunda
31
əliaçıq olmalı, əsəbilikdən uzaq durmalı, insanları
bağışlamağı bacarmalı, günah işlədikdə dərhal tövbə
etməli, bilə-bilə günah və xətaya yol verməməlidir (Ali-
İmran surəsi, 134-135).
Çağdaş, ləyaqətli müsəlman, həm də vüqarlı,
təvazökar olmalı, Allaha ürəkdən və səmimi dua etməli,
israfdan və xəsislikdən qaçmalı, bunların ikisi arasında
orta yol tutmalı, kimisə öldürməməli, zinadan uzaq
durmalı, Allahın ayələrinə qarşı son dərəcə həssas
olmalı və yalançı şahidlik etməməlidir (əl-Furqan
surəsi, 67-77).
Zamanla ayaqlaşmaq, elmin, texnikanın
inkişafından yararlanmaq, övladlarının, ümumiyyətlə,
gənc nəslin təhsil almasına çalışmaq çağdaş
müsəlmanın əsas hədəfi olmalı, haqlı mübarizədən heç
vaxt çəkinməməlidir. Çünki İslam qız və oğlan fərqi
qoymadan müsəlmanların təhsil almalarına çox böyük
dəyər verir.
İslama görə başqaları müsəlmanın nə dilindən,
nə də əməlindən zərər görməlidir. Çünki insan, Allahın
yer üzündəki xəlifəsidir. Çağdaş və mədəni müsəlman
bütün müsəlmanlarla qardaş olmalı, başqaları ilə xoş
rəftar etməlidir. Həmçinin, o, əxlaq və davranışları ilə
cəmiyyətdə örnək sayılmalı, səliqəli geyinməli, gözəl
ailə başçısı, xeyirxah ata, yardımsevər insan kimi
32
xarakterizə edilməlidir.
Özünü çağdaş, ləyaqətli müsəlman hesab edən
insan Vətəni, dövləti və yaşadığı cəmiyyət qarşısında
daşıdığı məsuliyyəti dərk etməli, xalqının milli-
mənəvi dəyərlərinə sadiq olmalı və onları qorumağı
bacarmalıdır. İslam peyğəmbəri Həzrət Məhəmməddən
rəvayət olunan hədislərdən birində buyurulur: “Səhər
və ya axşam Allah yolunda vətən üçün edilən yürüş,
dünyadan və dünyadakı şeylərin hamısından, şübhəsiz,
daha xeyirlidir”.
Göründüyü kimi, Peyğəmbərimiz bu hədisdə
Vətəni müdafiə etməyi, onun uğrunda vuruşmağı hər
şeydən üstün tutaraq, ən xeyirli əməl kimi dəyərləndirir.
33
MÜSƏLMAN VƏ “İSLAMÇI”
İslam dini bütün müsəlmanların ortaq dəyəri,
onları birləşdirən mənəvi körpü və yüz milyonlarla
insanın Yaradanla ünsiyyət vasitəsidir. Müsəlmanın
mənəvi vəzifəsi bu ortaq dəyərə sadiq qalmaq, din
qardaşları arasındakı körpünü qorumaq və müqəddəs
ünsiyyət vasitəsindən çirkin məqsədlər üçün istifadə
etməməkdir. Heç bir müsəlmanın, hətta İslamı ən
mükəmməl bilən və ona uyğun yaşayan saleh əməlli
möminlərin belə, kimisə təftiş etməyə və İslam adından
danışmağa haqqı yoxdur.
Din Yaradana məxsusdur və Onun yer
üzündə qoyduğu qanunlar toplusudur. Deməli, həm
bu qanunları pozanların cəzasını, həm də onlara əməl
edənlərin mükafatını yalnız Yaradan verə bilər. Əslində,
müsəlmanla “İslamçı”nın fərqi buradan yaranır.
Müsəlman Yaradanın buyruqlarına əməl edir, inancına
uyğun yaşamağa çalışır və mükafatını yalnız Ondan
gözləyir.
“İslamçı” isə Yaradanın buyruqları əsasında
guya özünə və inancına uyğun yaşayır, amma
başqalarının inancını və həyatını təftiş etməyə, hətta
buna görə onu cəzalandırmağa çalışır. Nəticədə
müsəlmanla “İslamçı” formaca eyni dini paylaşsalar
da, mahiyyət etibarilə tamamilə fərqlənirlər. Ən pisi
34
odur ki, bu fərqlilik onların ortaq dəyərini, birləşdirici
körpüsünü – İslam dinini sarsıdır.
Nə qədər qəribə də olsa, bu vəziyyətdə İslam
onları birləşdirmək əvəzinə ayırır. Amma bu bölücülük
İslamdan, Qurani-Kərimdən yox, onun düzgün izah və
təbliğ edilməməsindən, başqa məqsədlər üçün istifadə
olunmasından qaynaqlanır.
Hər din formalaşdığı ilk gündən öz qayda-
qanunlarını cəmiyyətdə tətbiq etməyə və insanları özünə
uyğun yönləndirməyə çalışır. Digər dinlər kimi, İslamın
da ilk baxışdan məqsədi daha çox müsəlmanlaşdırmaq,
yaxşı mənada hökmranlığını təmin etmək, bir sözlə,
insanların xoşbəxt yaşamaları üçün cəmiyyəti
dəyişdirməkdir. Bunun üçün gerçək müsəlman birinci
özünü, sonra ətrafını dəyişdirmək istəyir. Amma
məqsədinə çatmaq naminə bütün vasitələrə əl atmır,
əksinə, daha çox şəxsi nümunə göstərməyə üstünlük
verir. Onun üçün cəmiyyəti nəyin bahasına olursa-
olsun, dəyişdirmək məqsəd deyil, vasitədir. Çünki
gerçək müsəlmana görə, insanlar dinə yox, din insanlara
xidmət etməlidir ki, cəmiyyətdə xoşbəxt yaşamaq
mümkün olsun.
“İslamçı” isə bunun əksini düşünür. Onun üçün
cəmiyyəti dəyişdirmək əsas məqsəd, güc, zorakılıq və
terror isə məqsədə çatmaq üçün vasitədir. “İslamçı”nın
35
əqidəsinə görə, din insanlara yox, insanlar dinə xidmət
etməli və bu xidmətin səviyyəsi tökülən qan və aparılan
amansız mübarizə ilə ölçülməlidir.
Əvvəlki dövrlərlə müqayisədə qloballaşan
dünyada gerçək müsəlmanların işi daha çətin və
üzərlərinə düşən missiya daha böyükdür. Bu gün gerçək
müsəlmanlar məqsədlərinə çatmaq üçün cəmiyyətdən
əvvəl özlərini və “İslamçı”ları dəyişdirməlidirlər. Çünki
özünü və “özününküləri” dəyişdirmədən başqalarını
dəyişdirmək qeyri-mümkündür.
36
DİNDAR VƏ QANUN
İslam inancına görə, Allah dərgahında hər
kəs bərabərdir, üstünlük yalnız təqvaya - güclü
imana görədir ki, bunu da müəyyənləşdirən yeganə
Yaradandır. Təbii ki, bu yanaşmanın “dünyəvi variantı”
da var: dinindən, milli və sosial mənsubiyyətindən asılı
olmayaraq hər kəsin qanun qarşısında bərabər olması
prinsipi. Amma dindar olmaq dünyəvi qanunların
yaratdığı məsuliyyətdən “qaçmağa” əsas vermir.
Əksinə, digərlərindən fərqli olaraq dindar həm Allah,
həm də qanun qarşısında olmaqla ikili məsuliyyət
daşıyır. Əlbəttə, bu, daha şərəflidir, amma üstünlük
meyarı deyil. Çünki imtiyaz verən dindarlıq təmənnalı
olduğu üçün səmimi qəbul edilə bilməz.
Müsəlman üçün ən mükəmməl örnək
peyğəmbərimiz həzrət Məhəmməddir. O, iyirmi üç
illik peyğəmbərlik dövründə Allahın elçisi olmasına
baxmayaraq, dünyəvi işlərdə özünə heç bir imtiyaz
istəməyib. Digər müsəlmanlar kimi, ailəsinin
ehtiyaclarını ödəmək üçün çalışıb, lazım gəldikdə
düşmənlə də döyüşüb, ən əsası müsəlman cəmiyyətinin
idarə olunduğu qayda və qanunlara hörmətlə yanaşıb.
Peyğəmbərimiz qanunun aliliyi məsələsində heç kimə,
hətta öz doğmalarına belə güzəştə getməyib.
Onun zamanında nüfuzlu ailədən olan bir xanım
37
indiki ifadə ilə desək, cinayət törədir. Müsəlmanlar
arasında hörmət sahibi olan şəxslər Peyğəmbərimizdən
həmin qadının bağışlamasını xahiş edirlər. Amma
həzrət Məhəmməd “bunu edən qızım Fatimə belə olsa,
cəzasını verərəm” buyurur. Deməli, Peyğəmbərimizin
və onun sevimli qızının qanun qarşısında heç bir
üstünlüyünün olmadığı halda bəzi “müsəlmanların”
özlərini “yuxarıdan” aparması nə İslama, nə də əxlaqa
uyğundur.
İslam dünyasındakı müqəddəs məkanları
ziyarət etmək, özünü hacı, kərbəlayi və məşədi
adlandırmaq hər bir müsəlmanın hüququdur. Eyni
zamanda, namaz qılmaq, oruc tutmaq, hicab bağlamaq
və digər şəri tələblərə əməl etmək də müsəlmanın
dini borcudur. Cəmiyyət hər kəsin seçiminə hörmətlə
yanaşdığı kimi, bütün bunlara da normal yanaşmalıdır.
Amma heç kim hacı, kərbəlayi və ya məşədi olması
yaxud namaz qılması, oruc tutması, hicab bağlaması
üçün cəmiyyətdən hər hansı güzəşt və ya imtiyaz
ummamalıdır. Çünki bütün bunları etməkdə məqsəd
üstünlük əldə etmək yox, Allahın rizasını qazanmaqdır.
Əgər bir müsəlman hacı olduğu və ya namaz qıldığı
üçün özünü başqalarından fərqləndirməyə, cəmiyyətin
hörmətini qazanmağa, nəhayət, üstünlük əldə etməyə
çalışırsa, deməli, həmin “dindarın” nə özü, nə də niyyəti
səmimidir.
38
Qanuna hər kəsin münasibəti eyni olmaya
bilər. Hətta qanunun hansısa müddəasını qəbul
etməmək və bunu açıq ifadə etmək də mümkündür. Bu,
demokratik cəmiyyətin əsas şərtlərindən biridir. Amma
münasibətinin necə olmasından asılı olmayaraq, hər kəs
qanuna hörmət və əməl etməyə borcludur. Bu məsələdə
cəmiyyət dindarlardan daha həssas münasibət gözləyir.
Çünki dindar digərlərindən fərqli olaraq adi vətəndaş
deyil, özü ilə yanaşı həm də mənsub olduğu dini təmsil
edir. Bu baxımdan cəmiyyətin dinə münasibəti müəyyən
mənada ondan asılıdır.
İnanclı insan öz əxlaqı və hərəkəti ilə cəmiyyətin
həm ona, həm dinə, həm də dövlətə münasibətini
formalaşdırır. Amma digər tərəfdən nəzərə almaq
lazımdır ki, dövlətinə və onun qanunlarına hörmətlə
yanaşmayan dindar xalqın sevgisini qazana bilməz. Ona
görə ki, dövlət də, onun qanunları da xalqa məxsusdur.
Xalqın gözü isə tərəzidir, o, dinbazı dindardan ayırmağı
bacarır.
39
İSLAM HƏMRƏYLİYİ: MƏQSƏD YOXSA
VASİTƏ?
XXI əsrdə dünyanın mövcud vəziyyətini bir
anlıq təsəvvür edək: sürətli texnoloji inkişaf, böyük
miqrasiya, qloballaşma, əhalinin çoxalması, “uzaq
məsafə” anlayışının getdikcə itməsi və dünyanın
kiçilərək “kəndə” çevrilməsi. Amma müasir dünyamızın
mənzərəsinin aydın görünməsi üçün bunlar kifayət
deyil. Əlavələr edək: dini, etnik, irqi, cinsi ayrı-seçkilik,
ikili standartlar, məzhəb qarşıdurması, islamafobiya,
antisemitizm, müharibələr, terrorizm, aclıq, səfalət,
ədalətsizlik və s. Bu dəhşətli mənzərə qarşısında sadə
bir sual yaranır: çıxış yolu nədir və ümid nəyədir?
Bəşəriyyətin xilası üçün artıq peyğəmbərlər
gəlməyəcək, sonuncu Həzrəti Məhəmməd idi. Bəlkə,
Həzrəti İsanın, Sahib-əz-Zamanın zührunu gözləyək?!
Bu da çıxış yolu deyil! Elə isə nə?! Məncə, ilahi
mesaja baxmaq lazımdır: Allah-Təala Qurani-Kərimin
Ali-İmran surəsinin 104-cü ayəsində buyurur: “Sizin
içinizdən xeyrə çağıran, yaxşılığı əmr edib, pislikdən
uzaqlaşdıran bir toplum olsun”. Məntiqi nəticə budur:
bəşəriyyətin nicatı, dünyanın dəhşətli mənzərəsinin
dəyişdirilməsi üçün çıxış yolu, Yaradanın əmr
etdiyi kimi, insanları yaxşılığa çağırmaq, pislikdən
uzaqlaşdırmaqdır. Həmrəylik isə bu cür düşünənlərin,
bu məqsədlə çalışanların, bu niyyətlə yaşayanların bir
40
araya gəlməsi və səfərbər olmasıdır. Başqa ifadə ilə
desək, pislikdən uzaqlaşdırmaq, yaxşılığa çağırmaq
ilahi əmr, bəşəri vəzifə və müasir dövrün çağırışıdır.
Həmrəylik məqsəd yox, vasitədir, bəşəriyyəti
xilas etmək istəyənlərin ittifaqıdır. Qurani-Kərimin Ali-
İmran surəsinin 110-cu ayəsində bu insanlar haqqında
belə buyurulur: “Siz insanların yaxşılığı üçün ortaya
çıxarılmış ən xeyirli ümmətsiniz. (Çünki siz) yaxşılığa
çağırır, pislikdən vaz keçirir və Allaha inanırsınız”.
Bəs İslam həmrəyliyi nədir?! Xristianlığa,
yəhudiliyə, digər dinlərə qarşı cəbhə yaratmaqdırmı?!
Terrora, ekstremizmə haqq qazandırmaqdırmı?! Qadın
haqlarına, mədəniyyətə, təhsilə, elmə, müasirliyə qarşı
çıxmaqdırmı?! Məzhəb davasına rəvac verməkdirmi?!
Əsla!!!
İslam inancına görə, iki cür qardaşlıq var: din
qardaşlığı və bəşər qardaşlığı. Müsəlmanlar bizim
din qardaşlarımız, yəhudilər, xristianlar, digər dinlərə
mənsub olanlar isə bəşər qardaşımızdır.
Axı biz həm də eyni atanın – Adəmin
övladlarıyıq, fərqli dinə, fərqli irqə, fərqli millətə
mənsub olsaq da qardaşıq. Qardaşlar savaşmaz, bir-
birinə dəstək və həmrəy olar!
Qurani-Kərimə görə, günahsız birini öldürmək,
41
bütün bəşəriyyəti öldürmək kimidir. Bir nəfəri xilas
etmək isə bütün bəşəriyyəti xilas etmək deməkdir. İslam
həmrəyliyi terror etmək, öldürmək yox, xilas etmək
naminə birləşməkdir!
İslam inancına görə, cənnət qadının –
Ananın ayaqları altındadır! Beşikdən qəbrə qədər
oxumaq vacibdir, elmlə məşğul olmaq ibadətdir!
İslam həmrəyliyi qadın haqlarına hörmət, cəhalətə,
xurafata nifrət, elmə, təhsilə dəyər vermək naminə
ittifaq bağlamaqdır! İslam həmrəyliyi bu cür yüksək
dəyərlərə xidmət edən İslamı terror, zorakılıq, cəhalət
dini kimi təqdim edənlərə qarşı haqq və ədalət naminə
birləşməkdir!!! İslam həmrəyliyi məzhəb davası salıb
məzhəbçilik edənləri, dini siyasiləşdirib insanların
heysiyyəti ilə oynayanları, inancımızı alətə çevirənləri
ifşa etməkdir. İslam həmrəyliyi dünyanı qan gölündə
boğmaq istəyən, müsəlmanları terrorçu kimi qələmə
verən, təcavüzə və təcavüzkara haqq qazandıranları
qınamaq, Xocalıda günahsız insanların soyqırımına,
Ermənistanın işğalçılıq siyasətinə göz yumanlara qarşı
Haqqı və haqlıları müdafiə etməkdir.
Bəs İslam həmrəyliyinin Azərbaycan modelinin
əsas xüsusiyyətləri nədir?! Yəhudilər 26 əsrdir
Azərbaycanda yaşayır. 2600 il ərzində bir yəhudinin
burnu bir azərbaycanlı tərəfindən qanadılmayıb.
Xristianlığın ölkəmizdə təxminən 2 min illik tarixi var.
42
Biz xristianlıqla bağlı tariximizə alnıaçıq baxırıq!
Yəhudi, xristian, müsəlman, şiə, sünni ayrı-
seçkiliyi salmırıq. Çünki biz dini, irqi, milli mənsubiyyəti
nə olursa olsun yaradılmışı Yaradana xatir sevirik.
Çünki biz təkcə bu vətənin havasını, suyunu, çörəyini
deyil, həm də taleyini paylaşırıq. Bizim gücümüzün,
bizim birliyimizin, həmrəyliyimizin sirri bax bundadır!
43
DİNİ BAYRAMLAR: MƏNƏVİYYATLA
MADDİYYATIN VƏHDƏTİ
Cəmiyyəti bütöv saxlayan və inkişafını təmin
edən təkcə sosial-iqtisadi sistem, maddi maraqlar deyil,
həm də mənəvi dəyərlərdir. Ortaq mənəvi dəyərləri
olmayan cəmiyyət iqtisadi cəhətdən nə qədər güclü
olsa da, məhvə məhkumdur. Bəlkə, elə buna görədir ki,
İslam filosofları mənəviyyatı maddiyyatın kölgəsində
“inildəyən” cəmiyyəti ruhsuz bədənə bənzədirlər.
Hər bir xalqın elə dəyərləri var ki, onu alıb-
satmaq, tapdalamaq qeyri-mümkündür. Bu cür dəyərləri
olmayan, olsa da, sonradan pozulan cəmiyyət xalq
kimi yaşamaq hüququnu itirir, zəif kütləyə çevrilir.
Nəticədə xalqın yüz illər boyu formalaşdırdığı mənəvi
mədəniyyət öz yerini maddiyyata söykənən kütlə
mədəniyyətinə verir. Deməli, kütləni xalqa çevirən və
onu bütöv saxlayan əsas qüvvə mənəvi dəyərlərdir.
Mənəvi dəyərlər bir qədər mücərrəd
anlayış sayılsa da, əslində, mahiyyətcə konkret,
əhatə baxımından geniş məna kəsb edir. Məsələn,
cəmiyyətin mütləq əksəriyyətini əhatə edən bayramlar
həm də xalqın mənəvi dəyəri sayılır. Dini və ya milli
mahiyyətdə olması həmin bayramların əhəmiyyətini
azaltmır. Amma dini xarakter daşıması onun əhatə
dairəsini genişləndirir. Misal üçün, Novruz əsasən Türk
44
dünyasında və bəzi Şərq ölkələrində qeyd edilir, amma
Qurban və Ramazan bayramları bütün İslam aləmini
əhatə edir.
Bəzən cəmiyyətdə dini bayramlar dindarların
bayramı kimi təqdim olunur. Ən qəribəsi də odur ki,
bəzi dindarlar bununla razılaşırlar. Halbuki, Ramazan
və Qurban təkcə dindarların deyil, bütün müsəlmanların
bayramıdır. Əslində, müsəlmanları dindar və dindar
olmayan qruplara ayırmaq cəmiyyəti, böyük mənada
isə İslam dünyasını bölmək anlamına gəlir. Bu cür
ayrı-seçkilik İslamın vəhdət prinsipinə və fəlsəfəsinə
tamamilə ziddir.
Səmavi din olduğu və ilahi mesaja əsaslandığı
üçün İslamın gətirdiyi qanun və prinsiplər, eləcə də
bu dinin bayramları yalnız fərdin və bəşəriyyətin
mənafeyinə xidmət edir. Bu baxımdan dini
bayramlarımız cəmiyyətin, ümumilikdə İslam
dünyasının birlik və bərabərliyinə təkan vermək, sosial-
iqtisadi problemlərinin həllinə kömək göstərmək üçün
güclü vasitədir. Deməli, mahiyyətində həm dini, həm
də iqtisadi məsələlər dayandığı üçün dini bayramlar
daha güclü dəyərə çevrilə bilər. Lakin təəssüf ki, bu
bayramların bəzən iqtisadi, bəzən də mənəvi tərəfləri
daha çox qabardılır, nəticədə onlar cəmiyyətə yarımçıq
təqdim olunur.
45
Məsələn, Qurban bayramını yalnız kasıblara,
kimsəsizlərə ət paylamaq və ya əl tutmaq kimi təqdim
etmək ən azı savadsızlıqdır. Çünki Qurbanın əsas
mahiyyətini cəmiyyətdə ət bolluğu yaratmaq prinsipi
təşkil etmir. Əgər belə bir məqsəd olsaydı, Yaradan onu
“Qurban” yox, “ət bayramı” adlandırardı. “Qurban”ın
yaranma tarixi də bunu deməyə əsas verir: İbrahim
peyğəmbər Allaha verdiyi sözə əməl edərək, oğlu
İsmayılı qurban kəsmək istəyir, Allah isə İsmayılın
əvəzinə qurban kəsmək üçün qoç göndərir.
Deməli, İbrahim peyğəmbərin məqsədi
insanlara ət paylamaq deyildi, Yaradana sədaqətini
nümayiş etdirmək və layiqli bəndə olduğunu sübut
etmək idi. Belə məntiqi nəticə çıxır ki, qurban
kəsməzdən öncə Yaradana sadiqliyimizi, saleh əməllər
gördüyümüzü və layiqli müsəlman olduğumuzu sübut
etməliyik. Yalnız bundan sonra kəsdiyimiz qurban,
verdiyimiz sədəqə, etdiyimiz kömək Allah dərgahında
qəbul oluna bilər.
Qurban kimi Ramazan bayramının da məqsədi
təkcə sosial-iqtisadi məsələlərlə izah edilməməlidir.
Əgər Ramazan bir ay ac qalmaqdırsa, deməli, onun
pəhrizdən heç bir fərqi yoxdur. Əksinə, Ramazan bir ay
müddətində ehtiyacı olanlara əl tutmaqdırsa, onda bu
bayram xeyriyyə aksiyasıdır.
46
Təbii ki, bütün bunlar ayrı-ayrılıqda Ramazanın
mahiyyətinə və fəlsəfəsinə ziddir. Çünki Ramazan
həm qardaşlıq, həm birlik və bərabərlik, həm qarşılıqlı
yardımlaşma, həm də mənəvi saflıq və fiziki sağlamlıq
ayıdır. Amma bütün bunlarla yanaşı, hər iki bayramın
cəmiyyət üçün iqtisadi və maddi cəhətdən faydası da
var. Önəmli olan da bax budur: maddiyyatla mənəviyyatı
uzlaşdırmaq. Çünki sağlam cəmiyyətin qurulması məhz
bundan asılıdır.
47
RAMAZAN: VƏHDƏT VƏ QARDAŞLIQ AYI
İbadətlə yanaşı, birliyə və həmrəyliyə böyük
önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi
xarakterizə olunması təsadüfi deyildir. Çünki dinimizin
əsas məqsədi təkcə ibadət edən insan yetişdirmək yox,
cəmiyyət, dövlət və ailə üçün faydalı olan, fərdilikdən
daha çox, ictimai maraqları güdən və həmrəylik naminə
toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi
vətəndaş formalaşdırmaqdır. Bu isə birlik və həmrəyliyə
təkan verən qardaşlıq anlayışının cəmiyyətdə hansı
səviyyədə yayılmasından və qəbul edilməsindən
asılıdır. Bu baxımdan sülh, əmin-amanlıq ayı olan
Ramazan cəmiyyətdə vəhdət və qardaşlıq anlayışlarının
təbliği üçün həm böyük potensiala malikdir, həm də
gözəl fürsətdir.
Şübhəsiz, güc birlikdən yaranır, birlik isə
milli-dini nəticədir. Bu nöqteyi-nəzərdən bütün
hallarda dəyişməz bir həqiqət var: biz cəmiyyətimizdə
güclü birlik və qardaşlıq atmosferi formalaşdırmaq
imkanına sahibik. Çünki həm müqəddəs kitabımız
Quranı-Kərimin birlik və bərabərlik çağırışları, həm
milli dəyərlərimiz, həm də xalq kimi ortaq xarakterik
keyfiyyətlərimiz həmrəy olmağımız və birliyimizi gücə
çevirməyimiz üçün böyük mənəvi bazis ola bilər.
Həmrəylik bizim üçün əsas şüar məqsədi
deyil, son hədəfə - müqəddəs amala çatmağımız üçün
48
əvəzedilməz, alternativsiz vasitədir. Çünki imperiyalar
arasında bölüşdürülmüş, dəfələrlə təcavüzə məruz
qalmış və son iyirmi beş ildə ərazisinin iyirmi faizi
işğal olunmuş Azərbaycanın bütövlüyünə qovuşması,
xalqımızın layiq olduğu kimi yaşaması, bir sözlə,
böyük gələcəyimiz güclü həmrəyliyimizdən keçir. Bu
baxımdan Ramazan həmrəyliyimizə - böyük uğura
aparan yolda bizə güclü təkan ola bilər.
İslamda qardaşlıq anlayışının sərhədləri təkcə
ailəni yox, demək olar ki, cəmiyyətin bütün təbəqələrini
əhatə edir. Hətta bir çox hallarda İslamdakı din
qardaşlığı qan qardaşlığı anlayışını üstələyir. Deməli,
dinimizin qardaşlıq anlayışına münasibəti bu məsələyə
ənənəvi münasibətdən xeyli fərqlidir.
İslama görə, cəmiyyət eyni mənəvi və maddi
dəyərləri paylaşan, ümumi maraqlar naminə vahid
mövqedən çıxış edən böyük ailədir. Onun üzvləri sosial
və mədəni statuslarından asılı olmayaraq, qardaşdırlar.
Ən əsası, onlar aralarındakı qardaşlıq münasibətlərinə
görə təkcə cəmiyyət və qanun qarşısında yox, həm də
Allah dərgahında məsuliyyət daşıyırlar.
Qurani-Kərimdə müsəlmanları birliyə və
həmrəyliyə çağıran, aralarındakı münasibətləri yalnız
qardaşlıq prinsipi ilə tənzimləməyə təşviq edən kifayət
qədər ayə var. Həmin ayələrdən birində - “Ali-İmran”
surəsinin 103-cü ayəsində buyurulur: “HamılıqlaAllahın
49
ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə
bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi
nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O
sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti
sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan
bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi.
Allah öz ayəsini sizin üçün bu şəkildə aydınlaşdırır ki,
haqq yola yönəlmiş olasınız”.
İslam tarixində qardaşlığın ən gözəl
nümunələrinə Peyğəmbərimiz Həzrət Məhəmmədin
zamanında rast gəlinib. Müsəlmanlar Həzrət
Məhəmmədi təkcə Yaradanın göndərdiyi peyğəmbər
yox, həm də qardaş kimi qəbul ediblər. Peyğəmbərimiz
də öz növbəsində onlarla qardaş kimi davranıb və bu
sahədə ən gözəl örnək özü olub. O, hədisi-şəriflərindən
birində buyurub: “Müsəlman müsəlmanın qardaşıdır.
Ona zülm verməz, düşmənə təslim etməz. Din
qardaşının ehtiyacını ödəyənin Allah da ehtiyacını
ödəyər. Müsəlmanın bir sıxıntısını aradan qaldıranın
Allah da qiyamət günündə sıxıntısını aradan qaldırar.
Bir müsəlmanın ayıbını örtənin, Allah da qiyamətdə
ayıblarını örtər”. Peyğəmbərimizin başqa bir hədisində
isə: “Müsəlmanın (din) qardaşına təbəssümü də
sədəqədir” - buyrulub.
İslamda müsəlmanın din qardaşını sevməsi təkcə
mənəvi borc sayılmır. Buna dinimizdə həm də inanc
50