The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by Raman Dadashov, 2019-03-14 00:40:11

XXI əsrdən baxış

XXI əsrdən baxış

və iman məsələsi kimi baxılır. Çünki Peyğəmbərimiz
buyurur: “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-
birinizi sevmədikcə iman etmiş olmazsınız”. Başqa bir
hədisdə isə o, müsəlmanları canlı orqanizmə bənzədir:
“Möminlər bir-birlərini sevməkdə, mərhəmətdə,
şəfqətdə bir bədən kimidirlər. Bədənin bir üzvü narahat
olduqda, digər üzvləri də bu iztiraba ortaq olarlar”.

İslamdakı qardaşlıq anlayışını cəmiyyətin
yalnız müsəlman təbəqəsinə aid etmək də doğru deyildir.
Əgər hansısa cəmiyyətdə müsəlmanlarla yanaşı, digər
dinlərin mənsubları mehriban yaşayırlarsa, onların ortaq
dəyərləri və maraqları varsa, deməli, qardaşlıq anlayışı
onları da əhatə edir. Bunun ən gözəl örnəyi Azərbaycan
xalqı və Azərbaycan cəmiyyətidir.

Tarix boyu Azərbaycan ərazilərində müxtəlif
dinlərin və xalqların nümayəndələri birgə, mehriban
qardaşlıq və dostluq şəraitində yaşayıb, onların fərqli
inanclara mənsub olmaları bu qardaşlığa zərrə qədər
də xələl gətirməyib. İslam Vətənimizdə yayıldıqdan
sonra bu qardaşlıq daha da möhkəmlənərək xalqımızın
mənəvi dəyərinə, cəmiyyətimizin inkişafı üçün əsaslı
zəminə və ölkəmizdəki sabitliyin zəmanətinə çevrilib.
Deməli, bu gün hər birimizin üzərinə düşən bir vəzifə
var: gələcəyimiz və rifahımız naminə qardaşlığımızı
qorumalı və daha da möhkəmləndirməliyik.

51

HƏCC: MÜSƏLMANLARIN İLLİK
TOPLANTISI

“Böyük Yaradan əmr etdiyi üçün Ona ibadət
edirik. Məqsədimiz Allahın buyurduqlarına əməl
etmək, ona layiq olmaqdır”. Bu, müsəlmanların
ibadət məsələsinə qısa və ümumi münasibətidir. Lakin
ibadətlərə təkcə bu nəzər nöqtəsindən baxmaq doğru
deyildir. Çünki ibadətlərin bizim üçün həm də bir çox
hikməti var. Məsələn, namazın sağlamlıq baxımından
faydalarını tibb elmi çoxdan sübut edib.

Namaz kimi Həcc ziyarətinin də Allah
dərgahında həm savabı, həm də bizim üçün böyük
faydaları var. Amma Həcc ziyarəti kollektiv ibadət
olduğuna görə, digər ibadətlərdən fərqlənir. Daha
konkret desək, Həcc fərdi faydaları ilə yanaşı, həm
də İslam dünyasının və müsəlmanların həmrəyliyi
baxımından ciddi əhəmiyyət daşıyır.

Dünyanın müxtəlif bölgələrində yaşayan
müsəlmanlar eyni vaxtda və eyni məkanda Allahın
hüzuruna çıxır, onun evini ziyarət edirlər. Bu zaman
müsəlmanların məzhəb, təriqət, milli mənsubiyyət
fərqi, hətta sosial statusları arxa plana keçir. Onlar
Allahın hüzurunda bərabər hüquqda - din qardaşları
kimi çıxırlar. Əslində, bu, həm İslamın böyüklüyünün,
həm də müsəlmanların həmrəyliyinin göstəricisidir. Bu

52

baxımdan Həcci müsəlmanların həmrəylik və qardaşlıq
günü, eyni zamanda illik toplantısı da adlandırmaq olar.

Həccin həyata keçirildiyi məkan Allah evi
olmaqla yanaşı, həm də mübarək İslam Peyğəmbərinin
yaşadığı ərazidir. Həccə gedən müsəlmanlar Allahın
qonağı sayılır və Peyğəmbərimiz həzrət Məhəmmədi
ziyarət etmiş olurlar. Bu mənada Allahın qonağı olmuş
və Peyğəmbəri ziyarət etmiş müsəlmanın həyatı yaxşıya
doğru dəyişməyə, mənəvi cəhətdən saflaşmaya, Allaha
yaxınlaşmaya bilməz. Deməli, Həcc ildə milyonlarla
insanı saflaşdıran mübarək ibadətdir.

Respublikamız müstəqilliyini bərpa etdikdən
sonra dövlətimiz Azərbaycan vətəndaşlarının dini
etiqad azadlığının təmin olunması, dini bayram, ayin və
mərasimləri sərbəst şəkildə yerinə yetirmələri, eləcə də
uzun illər arzusunda olduqları Həcc ziyarətinə getmələri
üçün geniş imkanlar yaradıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra on minlərlə vətəndaşımız müqəddəs Məkkə və
Mədinə şəhərlərinə gedərək, Allah evini – Kəbəni və
İslam Peyğəmbərinin məzarını ziyarət edib.

Bəlkə də, kimlərsə buna ümumi məlumat,
adi rəqəmlər kimi baxır. Amma düşünsək ki, ateizmin
təbliğ olunduğu Sovetlər dövründə milyonlarla
müsəlman Həcc ziyarətində olmaq arzusu ilə yaşasa

53

da, niyyətinə çatmayıb, o zaman həm bu rəqəmlərin,
həm də müstəqilliyimizin fərqinə və mahiyyətinə
vararıq. Deməli, müstəqilliyimiz həm də inancımızın və
müqəddəs arzularımızın reallaşmasının təminatçısıdır.
Buna görə BÖYÜK YARADANa şükür və dua etməyə
dəyər.

54

MƏZHƏBLƏR: DİN RAHATLIĞI YOXSA
DİNİ QARŞIDURMA?

İslam dünyasının yetərincə problemləri var,
amma bütün problemlərinin kökündə iki amil dayanır:
elm və birliyin olmaması. Maraqlıdır, heç bir dində
İslamda olduğu qədər birliyə və elmə çağırış yoxdur.
İslam yeganə dindir ki, mənsublarının elm sahibi və
həmrəy olmalarını inanc səviyyəsinə kimi qaldırıb,
müsəlmanların rifah və tərəqqisi naminə bunları vacib
buyurub.

Qurani-Kərimin ilk ayəsinin “Oxu” əmri ilə
başlamasını, müqəddəs kitabda “elm” sözünün dəfələrlə
işlədilməsini, İslam Peyğəmbərinin və xəlifələrinin
elmə, təhsilə yüksək qiymət verməsini hər halda heç
kim təsadüf saya bilməz. Təxminən on dörd əsrlik İslam
tarixi müsəlmanların elmə yüksək dəyər verməsi ilə
bağlı inkaredilməz faktlarla zəngindir.

Bir müsəlmana oxuyub yazmağı öyrətmək
müqabilində əsir aldığı düşmən döyüşçüsünü azad
etmək faktına yalnız İslam tarixində rast gəlmək
mümkündür. Bu, elmə, təhsilə verilməsi mümkün olan
ən böyük qiymətdir.

Başqa bir fakt: bizanslıları məğlub edən
müsəlmanlar təzminat kimi var-dövlət yox, imperiyanın
məhşur kitabxanalarında qorunan qiymətli kitabları
tələb etmişlər.

55

Bu gün elmin və tərəqqinin önündə gedən köhnə
dünya – Avropa buna görə İslama və müsəlmanlara
çox şey borcludur. Çünki müsəlmanların indi İspaniya
adlanan Əndəlüs ərazisində qurduqları sivilizasiya
əsrlər boyu avropalılar üçün elmin qaynağı və mərkəzi
funksiyasını yerinə yetirib. Bəlkə də, müsəlmanlar
Əndəlüsü vaxtında “işğal etməsəydilər” bu gün
avropalıların taleyi afrikalıların taleyindən heç nə ilə
fərqlənməyəcəkdi. Çünki müsəlmanlar Avropaya təkcə
özlərini yox, həm də mədəniyyətlərini və elmlərini
gətiriblər.

İslamdakı birlik və həmrəylik anlayışının
dünyada analoqu yoxdur. Müsəlmanların qardaşlıq
anlayışı milli, irqi və sosial fərqliliyin fövqündə dayanır.
Tarixdə bir-birini müdafiə edən və həmrəylik göstərən
xalqlar, dövlətlər, müxtəlif sosial qruplar çox olub,
lakin onların heç birinin birlik anlayışı İslamdakı qədər
mükəmməl deyil. Müsəlmanların Qurani-Kərimdən,
başqa sözlə, inanclarından qaynaqlanan birliklərinə aid
tarixdə yüzlərlə fakt var.

Bunun – elmin və birliyin nəticəsidir ki,
müsəlmanlar təxminən on iki əsrlik müddətdə dünyada
aparıcı qüvvə, söz sahibi olublar. Çünki inanclarından
irəli gələn vəzifə kimi elm arxasınca “uzaq Çinə qədər”
getmiş müsəlmanlar bu müddətdə elm və birlik sahibi
olmağı bacarıblar.

56

Son iki əsrdə İslam dünyası aparıcı mövqeyini
itirib, üçüncü qüvvəyə - idarəedilən tərəfə çevrilib və
bu gün də “zəif bənd” olaraq qalır. Səbəb aydındır:
müsəlmanlar elm və birlikdən, daha doğrusu, bunlara
zəmin yaradan inanclarından uzaq düşüblər, hələ bu,
azmış kimi, İslam dünyasında məzhəb qovğası yaranıb.
Günahkarlar da məlumdur: İslamı və müsəlmanları
sevməyənlər.

İslam dünyası nə vaxtadək üçüncü qüvvə kimi
qalacaq, müsəlmanlar “alın yazılarını” dəyişdirmək
üçün nədən başlamalı və hansı yolla getməlidirlər?
Bu sualların yüzlərlə cavabı ola bilər, amma istənilən
variantda həqiqət birdir: “müsəlmanlar öz talelərini
dəyişdirməyənə qədər Allah onların talelərini
dəyişdirməyəcək”. Bunun üçünsə ilk növbədə cahil-
likdən - məzhəb qarşıdurmasından və savadsızlıqdan
uzaqlaşıb elm və birlik sahibi olmaq lazımdır.

Bu gün İslam dünyasındakı məzhəb qovğasının
kökündə cahillik dayanır. Yalnız müsəlmanların elmi
– istər dini, istər dünyəvi - artdıqca məzhəbçilik,
cahillik aradan qalxa bilər. Buna gedən yeganə yol isə
maariflənmədən keçir.

İslamda məzhəblərin dini məsələlərdən,
xüsusilə də ibadətlə bağlı fikir ayrılığından yarandığını
bildirdikdə dərhal belə bir sual ortaya çıxır: məgər

57

ibadətlə, ümumiyyətlə, bütün dini məsələlərlə bağlı
məqamlar Quranda və həzrət Məhəmməd peyğəmbərin
hədislərində öz əksini tapmayıb? Əgər tapmayıbsa,
nəyə görə hər şeyi bilən Allah müsəlmanlar arasında
qarşıdurma yaranacağını əvvəlcədən bilib, dinlə bağlı
bütün hökmləri Quranda göstərməyib?

İlk baxışdan bu suallar, bəlkə də, məntiqli
görünə bilər, lakin reallıq tamamilə fərqli və daha
məntiqlidir.

Allah Quranda dinlə, ibadətlə bağlı əsas
hökmləri bildirib, Necə ki, Quran yalnız namaz
qılmağı əmr edir, amma namazı necə qılmağı konkret
göstərməyib. Namazı necə qılmağımızı Peyğəmbərdən
öyrənməyimiz məqsədəuyğun sayılıb. Peyğəmbərin
necə namaz qılmasını isə yalnız onun dövründə yaşamış
və onunla görüşmüş insanların nəql etdikləri hədislərdən
öyrənə bilərik. Məsələn, Peyğəmbərin həm əli açıq,
həm də əli bağlı namaz qılması barədə hədislər var.
Şiə alimləri Peyğəmbərimizin daha çox əli açıq namaz
qıldığını əsas götürərək namazın əli açıq qılınmasına
hökm veriblər.

Digərləri bunun əksini iddia edərək, namazın
əli bağlı qılınması hökmünü çıxarıblar. Amma əsl İslam
alimlərindən heç biri iddia etməyib ki, onun hökmünə
əməl etməyənlərin namazı qəbul olunmayacaq. Çünki

58

namazın qəbul olunması üçün önəmli olan şərtlər var ki,
onları əsas məzhəblərin hamısı, demək olar ki, qəbul edir.

Məzhəblər arasında fikir ayrılığına səbəb olan
məsələlər önəmli olan, amma namazı pozmayan digər
məqamlarla bağlıdır. Məzhəblər yarandığı vaxtlarda
heç bir alim bu məqamları yerli-yersiz qabartmayıb.
Onlar bir-birilərinin hökmünə hörmətlə yanaşıblar.

Cəfəri (şiə), Hənəfi, Şafii, Maliki və Hənbəli
olmaqla İslamda beş əsas məzhəb var. Bu məzhəblər
yaradıcılarının adları ilə adlandırılır. Maraqlıdır ki, bu
alimlər bir-birilərinə qərəzli və bədniyyətli münasibət
bəsləməyiblər. Hətta sünniliyin ən böyük qolu olan
Hənəfi məzhəbinin yaradıcısı Əbu Hənifə ən böyük şiə
alimlərindən olan altıncı imam Cəfər Sadiqin tələbəsi
olub.

Əslində, belə fikir ayrılıqları, məzhəblər
müsəlmanların qarşıdurması yox, rahatlığı üçündür
və bu cür vəziyyətin yaranacağını əvvəlcədən bilən
Peyğəmbərimiz onu belə qiymətləndirib: ümmətimin
arasındakı fikir ayrılığı onun rahatlığıdır.

Ola bilsin ki, bu, bir qədər qəribə görünsün.
Amma reallıq doğrudan da belədir. Məsələn, şiəliyə və
hənəfiliyə görə bədənin hansısa yerindən çıxmasından
asılı olmayaraq, axan qan dəstnamazı pozur. Amma
İmam Şafi bu hökmü məqbul saymır.

59

Təsəvvür edin ki, harasa gəzintiyə çıxmısınız,
adi səhlənkarlıqdan bədəninizin hansısa yerini cüzi
yaralamısınız və dəstnamaz almaq üçün yaxınlıqda su
yoxdur. Hənəfiliyə görə vaxtı girsə belə, namaz qıla
bilməyəcəksiniz. Çünki dəstnamazınız pozulub. Amma
Şafiiliyə görə, namaz qıla bilərsiniz. Dində bax belə
vəziyyətlərdə fikir ayrılığı müsəlmanın köməyinə çatır
və onun üçün rahatlığa çevrilir.

Bütün bunlardan sonra dinlə, ibadətlə bağlı
xırdalıqların hamısının Quranda göstərilməməsinin
hikmətini anlamamaq qeyri-mümkündür. Bir sözlə,
Allah dinlə bağlı əsas hökmləri bildirib, yerdə qalanları,
dolayısı ilə müsəlmanlara rahatlıq yaransın deyə
açıqlamayıb, necə deyərlər, bu işi alimlərin öhdəsinə
buraxıb.

Belə demək mümkündürsə, bütün məzhəblərin
yalnış və doğru tərəfləri ola bilər. Hər bir müsəlmanın da
məzhəbinin olması normaldır. Əsas odur ki, məzhəbçilik
etməyəsən. Əks təqdirdə öz məzhəbini yüzdə-yüz
doğru, digərlərini isə tamamilə səhv hesab edəcəksən.
Nəticədə isə müsəlmanlar üçün rahatlıq hesab edilən
fikir ayrılığı - məzhəblər - ixtilafa, qarşıdurmaya gətirib
çıxaracaq. Təəssüf ki, müsəlmanların indiki vəziyyəti
elə belədir.

60

MƏSCİDLƏR VƏ MƏZHƏBLƏR

Dünyada elə bir din yoxdur ki, təriqət və
məzhəblərə, eləcə də fərqli cərəyanlara bölünməsin.
Bəlkə də, bunu normal qəbul etmək lazımdır. Çünki
fərqlilikdən müxtəliflik, ondan isə zənginlik yaranır.
Obrazlı ifadə etsək, din Allaha gedən yol, təriqətlər də
bu yolun fərqli bələdçiləridir.

Təbii ki, hər kəs bələdçi seçməkdə sərbəstdir.
Önəmli olan hədəfə doğru irəliləmək və məqsədə
çatmaqdır. Əgər hər kəs eyni yolun yolçusudursa, deməli,
bələdçilərin fərqli olması, məqsədin müqəddəsliyinə
və yolun mahiyyətinə xələl gətirə bilməz. Amma
təəssüf ki, həmişə belə olmur. Bəzən bələdçilər, yəni
təriqətlər insanları nəinki yoldan - dindən- çıxarır, hətta
müqəddəs yolun yolçularını qarşı-qarşıya qoyur, onlar
arasında ixtilaf toxumu səpirlər. Ən qəribəsi də odur ki,
bütün bələdçilər özlərini haqlı sayır, günahı başqasında
axtarır və əməllərinə müqəddəslik donu geyindirirlər.
Halbuki, müqəddəs olan yalnız məqsəd – Allah və ona
gedən yol – dindir.

İslam inancına görə, məscid Allahın evidir.
Bələdçisinin kimliyindən asılı olmayaraq, Yaradana
doğru gedən bütün yolçular bu müqəddəs məkanda bir
araya gəlirlər. Əgər məscid Allahın evidirsə, deməli,
məzhəbi və təriqəti nə olursa-olsun, ora gələn bütün

61

müsəlmanlar Yaradanın qonağıdır.

Allah ədalətli və mərhəmətlidir, ona görə də
qonaqları arasında məzhəb və təriqət fərqi qoymaz.
Ən əsası isə Yaradana üz tutan qonağı Allahın evinə
buraxmamağa heç kimin haqqı yoxdur. Lakin təəssüf
ki, müsəlmanlar məzhəb və təriqətlərə bölündüyü kimi,
məscidləri də bölmək istəyənlər var. Əgər bir məscid
yalnız sünnilərin və ya şiələrin, yaxud digər təriqət
mənsublarının ibadət yeridirsə, onda həmin məscid
necə Allahın evi ola bilər?! Deməli, o, Allahın yox,
yalnız hansısa təriqətin mənsublarının evidir.

İslam VƏHDƏT dinidir. Müsəlmanların Allahı,
Kitabı və Peyğəmbəri birdir. Bütün müsəlmanlar
məscidə eyni məqsədlə - Yaradanın hüzuruna çıxmaq,
namaz qılmaq, dua etmək və Qurani-Kərimi oxumaq
üçün gedirlər. Təsəvvür edin ki, bir müsəlman bu
məqsədlərlə məscidə gəlir, amma məzhəbi və ya təriqəti
fərqli olduğu üçün Allahın evində Onun hüzuruna çıxa
bilmir, daha doğrusu, buna imkan verilmir. Bu mənzərəni
təsəvvür etmək belə qorxulu və utancvericidir. Çünki
belə hərəkət nə İslama, nə də müsəlmana baş ucalığı
gətirə bilər.

Min dörd yüz ildir İslam Azərbaycana
gəlib. Bu müddət ərzində İslamın müxtəlif təriqət və
məzhəblərinin mənsubları birgə, eyni xalqın və eyni

62

dinin bərabər hüquqlu nümayəndələri kimi yaşayıblar.
Çünki dinimiz xalqımızın bölünməsinə yox, birliyinə
və həmrəyliyinə xidmət edib. Bunun nəticəsidir
ki, Azərbaycanda Allah evləri heç vaxt məzhəb və
təriqətlərə görə bölünməyiblər. Amma bu gün İslam
pərdəsi altında “məzhəbbazlıqla” məşğul olan və yad
dəyirmanına su tökən bir qrup “din qardaşımızın” bu
sahədə bəzi ölkələrin “təcrübəsini” Azərbaycanda
yaymaq istəməsi həqiqətdir.

Yaradanın evində bölücülüklə məşğul olmaq,
müsəlmanlar arasında nifaq salmaq Allah dərgahında
böyük günah, cəmiyyət və xalq qarşısında isə ağır
cinayətdir. Bəlkə də, bu dünyada cəzadan qaçmaq
mümkündür, amma Allah dərgahında əsla!..

63

MOLLA: VƏZİFƏ, PEŞƏ YOXSA MİSSİYA?

Digər səmavi dinlərdən fərqli olaraq İslamda
Allahla bəndə arasında vasitəçilik funksiyasını yerinə
yetirən və xüsusi status daşıyan şəxslərdən ibarət ayrıca
qurum və ya sosial təbəqə yoxdur. Müsəlman hansısa
din xadiminin - mollanın, imamın, axundun iştirakı
olmadan Allaha yaxınlaşa, arzularına çatması məqsədilə
dua, günahlarının bağışlanması üçünsə tövbə edə bilər.

Eyni zamanda İslam inancına görə, heç kim,
hətta müctəhid də Allah və ya din adından danışa bilməz.
Çünki insan əməllərinə görə Allah dərgahında özü cavab
verəcək və onun günahlarını Yaradandan başqa heç bir
qüvvə bağışlaya bilməz. Bu baxımdan müsəlman dini
vəzifələrini başqalarının iştirakı və müdaxiləsi olmadan
yerinə yetirməlidir.

İslamın yayıldığı ilk dövrlərdə ruhani sinfi
olmamış, hər bir müsəlman bütün dini ayinləri özü
yerinə yetirmişdir. Lakin zaman keçdikcə müsəlmanların,
xüsusilə dini ayinlərin icrasını bacarmayanların sayı
çoxalmış və onların icrası üçün ayrıca şəxslərin yetişməsinə
ehtiyac yaranmışdır. Nəticədə cəmiyyətin dini tələbatını
ödəmək məqsədilə ruhanilər meydana gəlmişdir.

Bu gün səmavi və ya qeyri-səmavi olmasına
baxmayaraq, bütün dinlərdə və cəmiyyətlərdə ruhani
sinifi mövcuddur. Ümumi şəkildə din xadimləri və ya
ruhanilər adlandırılan bu təbəqənin tərkibi müxtəlifdir.

64

Əlbəttə, onların arasında aparıcı qüvvə dini ayinləri,
xüsusi ilə yas mərasimlərini icra və idarə edən
ruhanilərdir ki, bunlar da ayrı-ayrı dinlərdə fərqli adlarla
çağırılırlar: Xristianlıqda keşiş, Yəhudilikdə ravvin,
İslamda isə molla.

Əslində, müsəlman xalqları və İslam dünyası
rəngarəng olduğu üçün dini mərasimlər, onların icrası
da müxtəlif və rəngarəngdir. Təbii ki, bu mərasimləri
icra edənlər də müxtəlif adlarla çağrılır: molla, imam,
xoca, şeyx... Bu gün Azərbaycanda qəbul olunmuş
variant “molla”dır. Lakin bu da həqiqətdir ki,
“molla”nın tarixən ifadə etdiyi anlam, daşıdığı status
bugünkü mənasından və statusundan tamamilə fərqlidir.
Bunu “molla” sözünün lüğəvi mənası da təsdiqləyir.
Bəzi mənbələrdə “molla”nın mənası “mövla” sözünün
deformasiya edilmiş forması kimi göstərilir. “Mövla”
isə ağa, rəhbər mənalarını verir. Başqa bir izaha görə,
“molla” ərəb dilində “mələ” kökündən olub, “dolu”
mənasındadır. Yəni savadlı ruhanilərə ‘‘molla’’
deyilməsində məqsəd onların dini elmlə dolu olmasıdır.
Lakin bu da sonuncu variant sayılmır. Bəzi mənbələrə
əsasən, “molla” kəlməsi fars mənşəlidır və “savadlı,
imanlı insan”, “ziyalı” deməkdir.

Bu variantlardan hansının nə dərəcədə doğru
olması o qədər də əhəmiyyətli deyildir. Əsas odur
ki, bütün variantlarda “molla” elmi, zəkası, imanı və
qabiliyyəti ilə seçilən, insanları arxasınca apara bilən

65

şəxslərə verilmiş ad və statusdur. Tariximizin müəyyən
mərhələsində böyük şəxsiyyətlərimizə “molla” deyə
müraciət edilməsi və bu statusun onların adlarında
öz əksini tapması faktı da bunu deməyə əsas verir.
Məsələn, böyük Azərbaycan şairi Molla Pənah Vaqif
ruhani olmamış, amma savadlı və bacarıqlı şəxsiyyət
kimi Qarabağ xanlığında vəzir – ikinci şəxs statusunda
yüksək vəzifə tutmuşdur. Həmin dövrdə “molla”
adı oxumaqla, təhsil almaqla əldə edilməsi mümkün
olmayan fitri istedadın, yüksək intellektin, dərin elmin
və zəkanın ifadəsi idi. Xalq arasında “Hər oxuyan Molla
Pənah olmaz” – deyimi məhz bu cür məntiqi yanaşmanın
nəticəsində yaranmışdır. Lakin zaman keçdikcə “molla”
sözü yüksək “statusunu” itirmiş, daha çox ruhanilərə
verilən ümumi ad kimi xarakterizə olunmuşdur.

Bu məsələdə önəmli məqamlardan biri də
xalqın ədəbi və mədəni sərvətinə çevrilmiş “Molla
Nəsrəddin”lə bağlıdır. Şübhəsiz, mollaya şifahi
ədəbiyyatımızdakı “Molla Nəsrəddin” obrazının
həyatdakı tam prototipi kimi baxmaq doğru olmazdı.
Əslində, xalq bu obrazın dili ilə demək və görmək
istədiklərini yumorla, amma ciddiliyini pozmadan
ifadə edir. Molla savadlı, uzaqgörən olduğu və
insanları arxasınca aparmağı bacardığı üçün xalqın öz
ürəyindəkiləri onun dili ilə ifadə etməsi başadüşüləndir.

****

Təqib və təzyiqlərlə müşayiət olunan yetmiş bir

66

illik Sovet rejimindən sonra Azərbaycan ruhanisinin,
başqa sözlə, mollanın əvvəlki səviyyəsini və statusunu
bərpa etmək çətindir. Bunun nəticəsidir ki, molla dedikdə
hələ də bir çoxlarının təsəvvüründə yas mərasimləri
canlanır. Kimin necə qəbul etməsindən asılı olmayaraq,
bu gün bizim əsl din xadimlərinə, elmlə dolu mollalara
ehtiyacımız həmişəkindən daha çoxdur. Təbii ki, elmi
imanı, imanı da elmi kimi güclü olan ruhanilərimiz
bu gün də var. Amma əsas məsələ onların sayının
çoxalması, sıralarının möhkəmlənməsi və kəmiyyətlə
keyfiyyət arasında mütənasibliyin yaranmasıdır.

Həmişə xalqın içində və yanında olan əsl
din xadimlərimiz bütün dönəmlərdə cəmiyyətin
hərəkətverici qüvvəsi hesab edilən ziyalı təbəqəsinin
tərkib hissəsi olmuşlar. Ruhanilərimiz ziyalılarımızla
birgə üzərlərinə düşən tarixi missiyanı layiqincə yerinə
yetirmiş, xalqın taleyüklü məsələlərinin həllində
yaxından və aktiv iştirak etmişlər. Deməli, on milyonluq
ölkənin və əlli milyonluq xalqın yeganə dövlətinin
daha da möhkəmləndirilməsində fəal iştirak etmək
Azərbaycan ruhaniliyinin tarixi missiyasından irəli
gələn müqəddəs vəzifəsidir.

Bu MÜQƏDDƏS VƏZİFƏNİ yerinə
yetirmək Allah dərgahında SAVAB, xalq qarşısında isə
ŞƏRƏFDİR.

67

MÜNDƏRİCAT

MÜƏLLİFDƏN.....................................................................3
İSLAM: İNANC SİSTEMİ,
YOXSA SİYASİ İDEOLOGİYA?.........................................8
DİNDƏ İSLAHAT, YOXSA İSLAHATÇI DİN?.................15
ŞƏRİƏT VƏ XURAFAT......................................................18

İSLAM VƏ DEMOKRATİYA:
ANLAŞMA NÖQTƏLƏRİ VAR.........................................22

QURANİ-KƏRİM KİMLƏR ÜÇÜN NAZİL OLUB?........25

QURAN VƏ ÇAĞDAŞ MÜSƏLMAN...............................29

MÜSƏLMAN VƏ “İSLAMÇI”...........................................33

DİNDAR VƏ QANUN........................................................36

İSLAM HƏMRƏYLİYİ: MƏQSƏD YOXSA VASİTƏ?....39

DİNİ BAYRAMLAR: MƏNƏVİYYATLA
MADDİYYATIN VƏHDƏTİ...............................................43

RAMAZAN: VƏHDƏT VƏ QARDAŞLIQ AYI................47

HƏCC: MÜSƏLMANLARIN İLLİK TOPLANTISI..........51

MƏZHƏBLƏR: DİN RAHATLIĞI
YOXSA DİNİ QARŞIDURMA?.........................................54

MƏSCİDLƏR VƏ MƏZHƏBLƏR.....................................60

MOLLA: VƏZİFƏ, PEŞƏ YOXSA MİSSİYA?..................63

Çapa imzalanmışdır: 20.10.2017
Kağız formatı: 70x100 1/16
Tiraj: 3000

“TUNA PRİNTİNG & PUPLISHING COMPANY”


Click to View FlipBook Version