The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Səmavi dinlərin ortaq dəyərləri (Tural Əliyev)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2020-06-09 02:16:57

Səmavi dinlərin ortaq dəyərləri (Tural Əliyev)

Səmavi dinlərin ortaq dəyərləri (Tural Əliyev)

Tural Əliyev

SƏMAVİ DİNLƏRİN
ORTAQ DƏYƏRLƏRİ

Bakı - 2018

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-733d-09/15 saylı, 07 dekabr 2018-ci il tarixli razılıq məktubuna

əsasən nəşr edilmişdir

Tural Əliyev

SƏMAVİ DİNLƏRİN
ORTAQ DƏYƏRLƏRİ

3

Ön söz

“İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı
olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də
hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar.”

Ümummilli lider Heydər Əliyev

Tarixin bütün dövrlərində milli-mənəvi dəyərlər cəmiyyətin
inkişafında xüsusi əhəmiyyət kəsb etmişdir. Milli-mənəvi dəyərlər
cəmiyyət həyatının mühüm atributu kimi insanın kamilləşməsində,
cəmiyyətdə düzgün, sağlam mövqe tutmaqda xüsusi rola malikdir.
Mənəvi dəyərlərin tərkib hissələrindən biri də dini dəyərlərdir.

“Dini dəyərlər mənəvi dəyərlərin tərkib hissəsi kimi” silsiləsindən
olan bu kitabın yazılmasının məqsədi oxuculara səmavi dinlərin
ortaq dəyərləri haqqında məlumat verməklə onları maarifləndirmək,
tarixin sınaqlarından uğurla çıxmış bu ümumbəşəri dəyərlər ətrafında
birləşməyə çağırmaqdır. Birlik, barışıq, dini dözümlülük-tolerantlıq,
ümumbəşəri dəyərlərə hörmət və ehtiram ruhunda tərbiyə, yüksək
mənəvi keyfiyyətlərin təbliği əsas hədəflərimizdir.

Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub,
dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə
çevrilib. Əslində, Azərbaycan ərazisi bütün dövrlərdə dini və etnik
ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb,
üstəlik, bura təkcə fərqli dinlərin-yəhudiliyin, xristianlığın mənsubları
deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən müxtəlif İslam

4

məzhəblərinin mənsubları pənah gətiriblər. (Bax: Gündüz İsmayılov -
TOLERANTLIQ: bildiklərimiz və bilmədiklərimiz, Bakı-2014, səh.6)

Ortaq dini dəyərlərə hörmət ruhunda birgəyaşayış Azərbaycan
xalqı üçün adi həyat tərzidir. Müxtəlif millətlərin və din mənsublarının
tarixi vətəni Azərbaycanda milli və dini ayrı-seçkilik yoxdur. Uzun
illərdir ki, yəhudilər də, xristianlar da müsəlmanlarla birlikdə
Azərbaycanda bir ailə kimi yaşayır, bir-birlərinin dini-mənəvi
dəyərlərinə hörmətlə yanaşırlar. Ancaq sabahımız olan gəncliyin
bu ruhda tərbiyəsi üçün başqa maarifləndirmə yolları kimi, dini
maarifləndirməyə də ehtiyac duyulur. Məhz buna görə də dini dəyərlər
haqqında kitabların yazılması bu günün aktual problemlərindən
biridir.

Qloballaşan dünyamızda dini dəyərlər mənəvi dəyərlərin tərkib
hissəsi kimi insanları ayırmağa yox, birləşdirməyə xidmət etməlidir.
Bu baxımdan səmavi dinlərin dəyərləri daha qiymətlidir. Bu dəyərləri
araşdırmaq, onları bir müstəvi üzərindən cəmiyyətə çatdırmaq bu
günümüz üçün xüsusi aktuallıq kəsb edir. Səmavi dinlərin ortaq
dəyərləri ümumbəşəri xarakter daşımaqla bu günümüz üçün çox
vacib olan - insanların bir amal uğrunda birləşməsini ehtiva edir.

Səmavi dinlərin ortaq dəyərləri, ilk öncə milli və bəşəri dəyərləri
özündə birləşdirən ən qiymətli əxlaqi prinsiplərdir. Bu prinsiplər
insanların birgə yaşayışını tənzimləmə qüdrətinə malik yüksək
mənəvi keyfiyyətlərin məcmusudur.

Ortaq dini dəyərlər ətrafında birləşməklə bəşəriyyət
düşmənçilikdən, ayrı-seçkilikdən, qan-qadadan uzaqlaşaraq, özünün
nicatına qovuşa bilər. Ortaq dini dəyərlər tolerantlığın təməl daşıdır.
Buna görə də dinlərin, xüsusən də səmavi dinlərin ortaq dəyərlərinin

araşdırılması, öyrənilməsi və təbliği bəşəriyyətin əbədi sülh arzusunun
reallaşması yolunda ən mühüm addım ola bilər.

Müasir dünyamızda tez-tez səslənən qlobal çağırışlar insanların
insanlıq düşüncəsi ətrafında birləşməsini təmin edə biləcək mühüm
amildir. Bu çağırışlarda mənəvi dünyamızın təməl daşlarından olan
müxtəlif dinlərin, o cümlədən də səmavi dinlərin ortaq dəyərləri
xüsusi əhəmiyyətə malikdir.

Kitabda “din” anlayışına aydınlıq gətirilmiş, ictimai hadisə olan
dinin sosial-siyasi mahiyyəti izah edilmiş, dünya dinlərinin müxtəlif
əsaslarda bölgü və təsnifatı nəzərdən keçirilmişdir. Eləcə də səmavi
dinlər və onların özəllikləri ətraflı izah edilmiş, səmavi kitabların
məzmunu haqqında qısa məlumat verilmiş, bu dinləri birləşdirən
ümumi cəhətlər sonuncu kitab olan “Qurani-Kərim”dən seçilmiş surə
və ayələrə istinadən izah edilmişdir.

Kitabın əsas məzmununu səmavi dinlərdəki ortaq dəyərlərin
müqayisəli təhlili təşkil edir. Burada seçilmiş dəyərlər, ilk öncə, İslam
dinində ayə və hədislərdən misallar əsasında öz təhlilini tapmış, tətbiq
sahələrinə aydınlıq gətirilmiş, sonra isə bu dəyərlər xristianlıqdan
və yəhudilikdən misallarla nəzərdən keçirilmiş, ümumi nəticələr
çıxarılmışdır.

6

Din nədir?

“Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentali-
tetimizin bir fenomeni və ayrılmaz hissəsi kimi qəbul edirik.”

Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli Lideri

Din-ərəb sözü olub “adət-ənənə, cəza, mükafat, itaət, hesabat,
hakim olma və üstün olma, səltənət, hökm və fərman, millət, şəriət»
kimi mənaları ifadə edir. Müasir Avropa dillərində din mənasında
işlədilən “religion” kəlməsinin əsli, latınca olub, “öhdəlik götürmək,
təkrar etmək və oxumaq” mənası ilə yanaşı “insanı Tanrıya bağlayan
vasitə” anlamını da daşıyır.

Din-insanın hiss üzvləri ilə qavranılmayan gözəgörünməz
gerçəkliyi dərk etmək tələbatından irəli gələn ictimai hadisədir.
İnsanın bəzi ehtiyacları məhz dinlə ödənilir, insan əbədiyyət arzusunu
dinlə tənzimləyir. İnsan yaşadığı dünyada hər şeyin ötəri, gəlib-keçici
olduğunu görür: insan doğulur, yaşa dolur, qocalır və ölür. Beləcə
insan anlayır ki, yaşadığı dünyada həyat əbədi deyil. Əgər insan dünya
həyatı ilə hər şeyin bitdiyini düşünsə, ölüm qorxusu hər cür həyat
sevincini onun əlindən alar, əməllərinin mənasını itirər, yaşamaq
çətinləşər, birgəyaşayış mümkünsüz olar. Bu zaman onun köməyinə
din gəlir: din öyrədir ki, bu müvəqqəti dünya həyatından başqa, əbədi
axirət həyatı da var. Bu əbədi həyat-cənnət səadəti Yer üzündə yaxşı
əməllər sayəsində qazanılır.

Dinin mahiyyəti ona verilən düzgün tərifdə öz əksini tapa bilər.
Ancaq müxtəlif zamanlarda dinə verilən təriflər dinin mahiyyətini tam

7

aça bilməmişdir. Səbəbi dinin ideoloji mahiyyətidir. İdeologiyanın
yozumu isə müxtəlif cəmiyyətlərdə fərqli olur. Dini fövqəltəbii qüvvə
və varlıqlara inanmağa əsaslanan dünyagörüşünün, təsəvvürlərin
məcmusu hesab etmək olar. Din ilahi çağırışlara söykənən əxlaq
norması, mənəvi statusdur. Dini etiqad şəxsiyyətin müstəqil seçiminə
əsaslanır. “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə
birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək
və yaymaq hüququ vardır. “Şəxsin dini etiqadını ifadə etməsinə,
ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya
dini öyrənməsinə hər hansı bir maneə törədilə bilməz”, həmçinin
“Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini
mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz.”(Bax: Dini etiqad azadlığı haqqında
Azərbaycan Respublikasının Qanunu, Maddə 1.Dini etiqad azadlığı)

Din ictimai şüur formalarından biri olub bəşər cəmiyyətinin
ayrılmaz faktoru kimi ciddi sosial mahiyyət daşıyır. Din mühüm
ictimai fenomen kimi cəmiyyət həyatını idarəetmə gücünə malikdir.
Din bəzi cəmiyyətlərdə hətta siyasi amilə çevrilərək dövlətin
idarəedilməsinin konstitusion əsası kimi də çıxış edə bilir.

Sivil dövlətlərdə dinin dövlət işlərinə qarışmasına yol verilmir.
Başqa sözlə, qanunla din dövlətdən ayrıdır. Dinin dövlətin işlərinə
müdaxilə predmetinə çevrilməsi onun siyasiləşməsidir ki, bu da
yolverilməzdir.

Çoxəsrlik keçmişə malik dinlər uzun tarixi inkişaf mərhələləri
keçmişlər. Din Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində
məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli
həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına

8

olan tələbatından doğan bir cəmiyyət hadisəsi-ictimai hadisədir. Din
istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər
sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Din insanlar tərəfindən
doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi
olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşması”nın
hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına
dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə
də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir.
Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli
bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq
qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman
nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək,
insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı
dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə
çevrilmişdir.

Bəşər tarixində elə bir dövr olmuşdur ki, insanlar dinin nə
olduğunu bilməmişlər. Sonralar bu və ya digər səbəblər nəticəsində
insanlarda dini etiqad meydana gəlmişdir. Bəzi mütəfəkkirlər dini
təsəvvürlərin əmələ gəlməsi barədə fikir söyləyərək sübut etməyə
çalışmışlar ki, insanın fövqəltəbii qüvvələrə inamı onun təbiət
hadisələri qarşısında acizliyindən yaranmışdır. İnsan öz fəaliyyətinin
uğurunu müstəqil surətdə təmin edə bilməyəcəyini yəqin etdikdən
sonra öz həyatının axarını fövqəltəbii qüvvələrin ümidinə qoymağı
yeganə çıxış yolu seçmişdir.

Tarixin müxtəlif dövrlərində bəşəriyyət dinə və dini inanclara
münasibətini bildirməyə çalışmışdır. Din dünya xalqlarının tarixində
mühüm yer tutur, bütün qitələrin xalqlarının həyatında mövcuddur.
İnsan doğulanda da, dünyadan gedəndə də dini mərasimlər icra

9

olunur. Bir çox ölkələrdə etika, əxlaq qaydaları dini xarakter daşıyır.
Memarlıqda, heykəltəraşlıqda, rəngkarlıqda əldə olunmuş nailiyyətlər
din ilə əlaqədardır.

Təəssüflər olsun ki, dini tarix boyu siyasətə alət edənlər də
olmuşdur. Səlib yürüşlərində iştirak edənlər özlərinin istilaçılıq
niyyətlərini Allahın adı ilə həyata keçirirdilər. Şərq ölkələrində
müxtəlif dini qruplaşmalar arasında mübarizə dəfələrlə qanlı
müharibələr ilə nəticələnmişdi.

Müasir dünyada çox sayda müstəqil dini birliklər mövcuddur.
Afrikadakı Böyük Səhranın cənubunda yerləşən ölkələrin bir
çoxunda və dünyanın bir sıra regionlarında qorunub saxlanmış qəbilə
kultları da nəzərə alınsa, dini birliklərin sayı yüz minlərlə ölçülər.
Ancaq mahiyyətinin dərinliyi və genişliyi baxımından dünyada üç
cahanşümul din mövcuddur: xristianlıq, buddizm və islam.

Azərbaycanda əsas din İslam dini olsa da, burada xristianlıq və
yəhudilik də bərqərardır. Monoteist olan bu üç din Azərbaycanda
tolerant bir mühitdə fəaliyyət göstərir, bu dinlərin mənsubları
səmavi dinlərin ortaq dəyərlərinə hörmətlə yanaşır, dünyaya yeni
multikulturalizm modeli bəxş etmiş müstəqil respublikamızda
gələcəyə nikbinliklə baxan Azərbaycan naminə birgə fəaliyyət
göstərirlər.

Din insanları hiss üzvləri ilə dərk edilən dünya gerçəkliyi
arxasındakı daha əhəmiyyətli gerçəkliyə bağlayan yoldur. Bu yol
insanlara gözəl əxlaq sahibi olmağı, yaxşılıq etməyi, pislikdən
çəkinməyi öyrədən Allah yoludur, Allah sevgisinə qovuşduran yoldur.

10

Dinlərin təsnifatı barədə qısa məlumat

Elm aləminə 5 minə yaxın din məlumdur. Ona görə dinlərin
konkret elmi təsnifatı mövcud deyil. Yalnız müxtəlif əsaslara uyğun
bölgülər mövcuddur. Bu bölgülər ayrı-ayrı məqbul olsalar da, sistemli
ardıcıl bölgü kimi vahid təsnifat yaradılmamışdır. Bu da dinlərin say
çoxluğu və spesifikasının müxtəlifliyi ilə bağlıdır. Dinlərin bölgüsündə
bölgü əsası kimi tarixilik, əhatə dairəsi, coğrafi yayılma arealı, dini
inancın sayı, teoloji əsasların oxşarlığı və s. görürülə bilər.

Bəzi bölgüləri nəzərdən keçirdikdə onların tam təsnifatı əhatə
etmədiyi, yalnız ayrı-ayrı əsaslardan qaynaqlandığı məlum olur.
Məsələn:

“Mövcud dinlər coğrafi yayılmasına və əhatə etdiyi xalqların,
millətlərin və etnik qrupların sayına görə iki qrupa bölünür: 

- milli dinlər;
- dünya dinləri.”

Teoloji əsaslara görə isə dinlər belə bölünür:

“Hər bir dinin Allah və fövqəltəbii varlıqlar, İlahi Vəhy,
dünyanın yaradılışı və sonu, insanın yaradılışı, insanın ruhu və axirət
həyatı, Əhd (Allahla insan arasında razılaşma), Müqəddəs kitablar və
peyğəmbərlər, Cənnət və Cəhənnəm, Qiyamət və axır-zaman və digər
təsəvvür və anlayışlarlardan ibarət ruhani biliklər sistemi və ya teoloji
əsasları vardır. Teoloji əsaslarının oxşarlığına görə dünyada mövcud
dinləri dörd qrupa bölmək mümkündür:

– İbrahimi (Yəhudilik, Xristianlıq, İslam) dinlər;

11

– Brahmani (Hinduizm, Buddizm, Caynizm və Sihhizm, Krişna
Şüuru) dinlər;

– Şərqi Asiya (Daosizm, Konfusiçilik, Sintoizm) dinləri;
– Zərdüştilik;
–Bəhai dini; (Bax: https://www.vahiddin.org/bir-vahid-din-
prizmasindan-tesnifat)
Göründüyü kimi bu bölgüdə göstərilən əsas kobud şəkildə
pozulub, teoloji əsas ərazi kimi verilib: “Şərqi Asiya”.
Bütün bunları nəzərə alaraq aşağıdakı təsnifatı qismən düzgün
edirik:

Göründüyü kimi bu təsnifat sxemi mükəmməl olmasa da
sistemli ardıcıl bölgü kimi elmi təsnifata yaxındır. Bu təsnifatı daha

12

da təkmilləşdirmək mümkündür. Ancaq dinlərin sayı çox olduğu üçün
bütün dinləri təsnifata daxil etmək mümkün deyil, yalnız ümumi
qruplar təsnifat üçün əsas ola bilər. Ümumi qruplar əsasında isə yeni
təsnifatlar hazırlamaq olar.

13

Səmavi dinlər haqqında

Yəhudilik, Xristianlıq və İslam səmavi dinlər hesab olunur.
Səmavi dinlərin əsasını təkallahlılıq (monoteizm) təşkil edir. Bu
dinlərin ehkamları göylərdən endirilən müqəddəs kitablarda - Zəbur,
Tövrat, İncil və Quranda verilmiş, bu dinləri təbliğ etmək üçün
Allah tərəfindən Yer üzünə rəsullar-peyğəmbərlər göndərilmişdir.
Məhz buna görə də bu dinlərdəki dəyərlər ortaq dəyərlərdir. Səmavi
dinlər, adından bəlli olduğu kimi, Allah tərəfindən mələklər vasitəsilə
peyğəmbərlərə göndərilən vəhyə əsaslanır. Bunlara haqq dinləri də
deyilir. Bir sözlə, Xristianlıq, Yəhudilik və İslam dini haqq dinlərdir
ki, sonuncu səmavi kitab olan “Qurani-Kərim” də bunu təsdiq edir:

“De: Ey kitab əhli! Nə qədər ki, siz Tövrata, İncilə və öz Rəbbiniz
tərəfindən sizə nazil edilənlərə [Qurana] əməl etmirsiniz, siz heç bir
şey üzərində deyilsiniz [dayağınız yoxdur]”. (əl-Maidə surəsi, 68)

Ardıcıllarının sayına, artım sürətinə, yayıldığı ölkələrin sayına

görə bu dinləri belə qruplaşdırmaq olar:

№ Səmavi dinlər Ardıcılların sayı Artım sürəti Yayıldığı ölkələrin

sayı

1. XRİSTİANLIQ 1,5 mld. 1,36% 238

2. İSLAM 1,3 mld. 2,13% 204

3. YƏHUDİLİK 14 mln. 0,91% 134

Xristianlıq və İslam Buddizmlə birlikdə dünya dinləri, Yəhudilik
isə milli dinlər qrupuna aid edilir.

14

Yəhudilik

Səmavi dinlərin birincisi Yəhudilikdir. Vahid Allah ideyası
Yəhudilikdən başlanır. Yəhudiliyə qədər heç bir dində bu ideya bu
dərəcədə qabardılmamışdır. Yəhudilik dinlər tarixində, o cümlədən,
səmavi dinlər tarixində ilk dəfə olaraq, çoxallahlılıqdan-politeizmdən
qəti imtina edərək, Allahın bir olduğunu qəbul etmişdir. Yəhudiliyə
görə Allah bütün mövcudluğun ilkin səbəbi və yaradanıdır. Allah
hər tərəfdə: göydə və yerdədir, qaranlıqda və işıqdadır, hər şeyin
fövqündədir. O, ilahi qüdrətdir-əzəli və əbədidir. Allah bütün
məlum və naməlumdadır. Allah təbiət deyil, təbiətin, bütün kainatın
Yaradanıdır.

Yəhudilik Musa Peyğəmbər vasitəsi ilə İsrail oğullarına
göndərilmiş dindir. Qurani-Kərimdə bu barədə oxuyuruq: “Ey İsrail
övladları! Sizə bəxş etdiyim nemətimi xatırlayın! Mənə verdiyiniz
əhdə vəfa qılın. Mən də sizinlə olan əhdimə əməl edərəm. Yalnız
məndən qorxun! (əl-Bəqərə surəsi, 40)

Qurani-Kərimdə İsrail oğullarına dini kitab kimi Tövratın
göndərildiyi də öz ifadəsini tapıb: “Biz o zaman sizdən əhd-
peyman alaraq Tur dağını başınız üzərinə qaldırmışdıq. Sizə
göndərdiyimizdən [Tövratdan] möhkəm yapışın, içindəkiləri
unutmayın ki, bəlkə özünüzü qoruya biləsiniz”-demişdik. (əl-Bəqərə
surəsi, 63)

Yəhudilik bəzən Musanın dini mənasında musəvilik (mozaizm)
də adlanır. İsrail İbrahim peyğəmbərin nəvəsi Yəqub peyğəmbərin
adıdır. Yəhudilər Yəqubun on iki nəslindən törədikləri üçün “Bəni

15

İsrail”-“İsrail oğulları” adlanırlar. Onların dili isə qədim ibrani dilidir.
Yəhudiliyin ehkam və prinsipləri yəhudilərin Tanah, qeyri-

yəhudilərin ehkam və prinsipləri isə “Əhdi-ətiq” (Qədim əhd)
adlandırdıqları kitabda toplanmışdır. Tanah Musanın beş kitabından-
Tövratdan, münsiflərin kitablarından, Davud peyğəmbərin
Zəburundan, Süleyman peyğəmbərin Nəğmələr və ibrətamiz
kəlamlarından, həmçinin digər kitablardan ibarətdir. Tanaha 39 kitab
daxildir ki, bunların tarixi də e.ə. XII-II əsrlərə gedib çıxır.

TÖVRAT. Allahdan gələn dörd böyük kitabdan ilki Tövratdır.
Yəhudi dilində Tövrat həm “Rəhbərlik”, “Təlim”, həm də “Beş kitab”
mənasındadır. İbranicə “dövrə” sözünün ərəbcələşmiş forması olan
Tövrat qanun, ittifaq, birlik, razılaşma, müqavilə kimi mənaları bildirir.
İslam ədəbiyyatında Musaya (ə) nazil olan kitab anlamındadır. Yəhudilər
Tövratı Tanahın-Əhdi-ətiqin ən müqəddəs hissəsi hesab edirlər.

“Varlıq” adlanan birinci kitabda dünyanın xəlq edilməsindən,
ilk insanların-Adəm və Həvvanın yaradılmasından, tufandan, İsrail
oğullarına göndərilmiş ilk peyğəmbərlərdən danışılır. “Çıxış”
adlanan ikinci kitabda İsrail oğullarının Misirdən çıxmasından, Musa
peyğəmbərdən və ona nazil edilmiş “On Nəsihət”dən danışılır. “Levit”
adlanan üçüncü kitabda dini ehkamlardan söhbət açılır. “Saylar”
adlanan dördüncü və “İkinci qanun” adlanan beşinci-son kitablarda
isə Misir əsarətindən qurtardıqdan sonra İsrail oğullarının başlarına
gələn əhvalatlardan söz açılır.

Yəhudi dinində Əhdi-ətiq kitablarını izah etmək, mənalandırmaq
üçün sonralar Talmud-çoxcildli təfsir kitabı da yazılmışdır. Talmudda
yəhudi qanunları və rəvayətləri toplanmışdır. Talmudun mətnləri e.ə.
IV-eramızın V əsri arasındakı dövrdə yazılmışdır.

16

Yəhudi inancına görə harada olursa olsun, Tövrat oxunarkən
başın mütləq örtülməsi şərtdir. Açıq başla məbədə girilməz, Tövrat
da oxunmaz. Ayrıca üsuluna görə dəstəmaz almaq və təmiz olmaq
lazımdır.

Tövrata daxil olmuş On Nəsihət yəhudi əxlaqının məhək daşı
hesab edilir. Bu Nəsihətlər çox qiymətli əxlaqi dəyərlər olub digər
səmavi dinlərdə də öz ifadəsini tapmış ortaq dəyərlərdir.

ZƏBUR Allah tərəfindən Davuda (ə) göndərilən Məzmurlar
və Məzamir adı ilə də xatırlanan müqəddəs kitabdır. Lüğətdə
Məzmur “Qavalla deyilən ilahi Davuda enən Zəburun surələrinin
hər biri” mənalarını verir. Məzmur “yazılmış” mənasını verən kitab
mənasındadır. Böyük alimlərdən olan Zəccac Zəburun “hikmətli
kitab» mənasını verdiyini, Ali İmran surəsinin 184-cü ayəsindəki
“Zəbur” sözünün “daşınmağa çağırmaq” mənasını verən “Zəbr”
kökündən olduğunu açıqlamışdır. Kitab da xalqın əleyhinə olan
xüsuslardan daşınmağa çağıran şeyləri bildirdiyi üçün Zəbur deyə
adlandırılmışdır.

İmanın şərtlərindən olan “Allahın kitablarına iman” həqiqi bir
müsəlmanın digər ilahi kitablarla birlikdə Zəbura da inanmasını
zəruri edir. Ancaq yenə İslam bu gün əldəki mövcud olan Zəburun
təhrifə uğradığını da xüsusilə ifadə edir.

Peyğəmbərin (s) səhabələrdən birinə öyrətdiyi bir duada Zəbur
haqqında “Allahım! Peyğəmbərin Məhəmməd hörmətinə, Davuda
enən Zəbur hörmətinə..” ifadəsi qeyd edilmişdir.

Kitabi-Müqəddəs külliyyatında və Əhdi-Cədid hissəsinə mövcud
olan “Məzmurlar” deyə zikr edilən kitabın içində 150 Məzmur vardır.
İlk Məzmur “Nə xoşbəxtdir o adam ki, pislərin öyüdü ilə getməz və

17

günahkarların yolunda dayanmaz” cümlələriylə başlamaqda, 150
Məzmur da “Bütün nəfəs sahibləri Rəbbə həmd etsin, Rəbbə həmd
edin” sözləriylə sona çatmaqdadır. Davuda (ə) endirilmiş Zəburda
ümumiyyətlə onun Allaha yalvarışları və ilahiləri yazılmışdır. Zəburun
ibranicə əsl mətni mənzum formadadır. Zəbur demək olar ki, bütün
dünya dillərinə tərcümə edilmişdir. Zəbur əvvəllər ibranicə olmuş və
ibrani-arami əlifbasıyla yazılmışdı. Xristianlığın yayılmasından sonra
da latıncaya çevrilmişdir.

Bu gün yer üzündə Zəbura tabe bir millət olmasa da, istər
yəhudilər, istərsə də xristianlar ibadət və ayinlərində dua niyyəti
ilə Zəburdan parçalar oxumaqdadırlar. Xüsusilə xristianların bazar
ayinlərində Məzmurdan seçilmiş parçalar oxumağı məlumdur.

18

Xristianlıq

Xristianlıq fövqəlmilli səmavi dindir. Xristianlıq (yun. Χριστός-
məsh olunmuş) İsa Məsihin Əhdi-Cədid dini kitabında əksini tapmış
həyatının təsvirinə və baxışlarına əsalanan monoteist dünya dinidir.
Xristianlıq bizim eranın I əsrinin ikinci yarısında Yaxın Şərqdə-
Fələstində müxtəlif ideya və etiqadların, mədəniyyətlərin kəsişdiyi
bölgədə meydana çıxmışdır. Bölgədəki ərazilər Roma imperiyasına
daxil olduğundan və artıq yəhudiliklə tanış olduğundan xristianlığın
təşəkkülünə həm yəhudi sektaları, həm Yunan-Roma fəlsəfəsi, həm
də Qədim şərq dinləri təsir göstərmişdir. Qədim eradan yeni eraya
keçid dövründə yəhudilik dərin böhran içində idi. Müxtəlif məzhəblər
yaranır, dünyanın axırı-Qiyamət günü haqqında peyğəmbərliklər
peyda olurdu. Hamı öz gəlişi ilə yəhudiləri bu böhrandan xilas edəcək
bir peyğəmbər gözləyirdi. Məhz bu gözləmə məqamında yeni bir
din təbliğatçısı zühur etdi. Xristianlıq öz adını həmin təbliğatçının-
İsanın “Xristos-Məsih” ləqəbindən alır ki, bu da “seçilmiş”, məsh
edilmiş”, “kamil”, “nurlanmış” mənalarındadır. Xristian inancına
görə, İsa qanını və canını insanların nicatı naminə qurban vermiş
Xilaskardır. Allahın göndərdiyi Xilaskar-İsa haqqında rəvayətlər
İncillərdə toplanmışdır. Bu rəvayətlərə görə İsa 2000 il əvvəl bundan
qabaq Bakirə qadın Məryəmdən doğulmuşdur. Doğulduqdan sonra
seçilmişlərdən olduğu insanlara əyan olur: o, beşikdə ikən danışır,
beş yaşında çay kənarındakı palçıqdan 12 quş düzəldir, onlara can
verərək uçurdur, xəstələrə şəfa verir, ölünü dirildir və s. Rəvayətə görə
İsa kahinlərin qəzəbinə düçar olur, həvarilərindən birinin -Yəhudanın

19

satqınlığı nəticəsində həbs edilir, çarmıxa çəkilir, sonra isə möcüzəli
şəkildə dirilərək göyə qaldırılır.

İNCİL. Xristianlığın müqəddəs kitabı Bibliya yəhudilərin Əhdi-
ətiqindən (39 kitab) və xristianların Əhdi-cədidindən (27 kitab)
ibarətdir. Əhdi-cədid kitabları İsanın dünya həyatı başa çatdıqdan
sonra yazılmışdır. Əhdi-cədidin ilk dörd kitabı incillər adlanır. “İncil”
qədim yunan dilin də “müjdə” mənasını daşıyan “Yevangeliye”
sözünün ərəbləşdirilmiş variantıdır.

İncil adı altında 60-a yaxın əsər məlum olsa da kilsə onlardan
yalnız dördünü rəsmən qəbul etmişdir. Bu dörd İncildən ikisi İsanın
on iki həvarisindən olan Matta (Matfey) və Yəhya (İoann) tərəfindən,
ikisi isə onun davamçıları-yetmiş həvaridən olan Mark və Luka
tərəfindən yunan dilində yazıya alınmışdır.

1.İncil-Marka görə
2.İncil-Mattaya görə
3.İncil-Lukaya görə
4.İncil-Yəhyaya görə
İncil, Allah tərəfindən İsaya (ə) göndərilən, Tövratın əslini
təsdiqləyən, Qurani-Kərim tərəfindən təsdiq edilən və bir mənası da
“yol göstərici, işıqlandırıcı” olan, dörd böyük kitabdan biridir.
Xristianlığın əsas ideyası günaha batmış insanın nicat tapması,
qurtulmasıdır. Bu ideyaya görə bütün insanlar Allah qarşısında günaha
batmışlar-yunan, yəhudi və ya romalı, kölə və ya azad, varlı və ya
yoxsul olmasından asılı olmayaraq bərabər səviyyədə günahkardırlar.
Xristianlığın üç əsas cərəyanı katoliklik, pravoslavlıq və
protestantlıqdır. Bu cərəyanlar xristian kilsələrinin parçalanması
nəticəsində fikir ayrılığı ilə əlaqədar yaranmışdır. 1054-cü xristian

20

kilsəsi Qərb-katolik və Şərq-provaslavlıq kilsələrinə parçalandı.
Katolik kilsəsinin mərkəzi Roma, pravoslav kilsəsinin mərkəzi isə
Konstantinopol oldu. XVI əsrdə Avropada Reformasiya hərəkatı
nəticəsində kilsə strukturu və ayinçilik sadələşdirildi; kilsənin insanla
Allah arasında vasitəçiliyin şişirdilməsinə qarşı çıxmaq nəticəsində
protestantlıq cərəyanı yarandı. Sonralar protestantlıq da sektalara
bölünərək vahid məzhəb rolunu itirmişdir.

21

İslam

İslam səmavi dinlərin sonuncusu sayılır. Bu din VII əsrin
əvvəllərində təşəkkül tapmağa başlamışdır.

İslam-monoteist dinlərdən biri. “İslam” adı, s-l-m kökündən
törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

1. sülh (salam da bu kökdəndir);
2. boyun əymək, itaət etmək (Allaha təslim olmaq).
İslam yeganə Allaha itaət etmək deməkdir.
İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.
• Tövhid-Allahı ibadətə layiq olan yeganə haqq məbud
bilməkdir. Bu, özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva
edir, yəni O, hər bir şeyi bir hikmətə binaən yaradır.
• Nübuvvət-sonuncusu Məhəmməd peyğəmbər olmaqla
124000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək
üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi
vəhyə və bu kitablara iman gətirməkdir. (İslamın  şiə  məzhəbində
hər bir peyğəmbər kimi, Məhəmməd peyğəmbər üçün də Allah
tərəfindən təyin olunan canişinlərin-12 imamın haqq olduğuna iman
gətirilməlidir.)
• Məad- hər bir insanın dünyasını dəyişməsinə və  Qiyamət
günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.
İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
Müsəlmanlar, dinin əsaslarını İslamın müqəddəs kitabı Qurani-
Kərimdən və İslam peyğəmbəri Həzrət Məhəmmədin tətbiqatından
(sünnə) əxz edirlər. Müsəlmanlar hər gün 5 dəfə namaz qılmalı,

22

Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və
fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Həcc ziyarətinə
getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri - xüms və
zəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları
hər bir müsəlmandan böyük günahları tərk etməyi tələb edir.

İslam dünyanın ən geniş yayılmış ikinci böyük dini və
sürətlə yayılan dinlərdən biridir. Dünyada təqribən 1 milyard 720
milyona yaxın müsəlman yaşayır. Əksər müsəlmanlar İslamın iki
cərəyanından birinə mənsubdur; bunların 85-95% sünni, 5-15% şiədir.
Müsəlmanların təxminən 13 %-i ən böyük müsəlman ölkəsi olan
İndoneziyada yaşayır, 25% Cənubi Asiyada, 20% Yaxın Şərqdə, 2%
Orta Asiyada, 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada.
İslam-üç dünya dinindən biridir. İslam icmaları 120-dən çox ölkədə
var. Onlar 1,2-1,5 milyard insanı birləşdirir. 35 ölkənin əhalisinin
çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.

İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda Allah tərəfindən
bir din olaraq insanların hidayəti üçün göndərilib. İslamın peyğəmbəri
və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu
elçisi kimi qəbul olunan qureyşilər qəbiləsi, haşimilər tayfasının
nümayəndəsi Məhəmməd peyğəmbərdir. Məhəmməd peyğəmbər
dünya tarixinin ən nüfuzlu şəxsiyyətlərindəndir.

İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və
Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan
ilahi vəhydir.

İslam öz növbəsində bir neçə məzhəbə (təriqətə) bölünür.
Onlardan ən böyukləri sünni və şiə məzhəbləridir.

Feodal müsəlman cəmiyyətinin inkişafı feodal-hüquqşunaslığın

23

fiqhinin hazırlanmasını tələb etdi. Sünnilərdə fiqhin əsasları və ya
kökləri kimi, Quran və sünnə ilə birlikdə icma və qiyas qəbul edildi.
VII və IX əsrlərdə müsəlman hüququnun qaydaları işlənib hazırlandı.
Sünnilər bu məsələlərdə dörd məzhəbə –hənəfilərə, malikilərə,
şafeilərə, hənbəlilərə bölündülər.

IX-XI əsrlərdə feodal münasibətlərinin inkişafı dövründə
İslamın mistik-asketik istiqaməti –sufilik inkişaf etdi.

Qurani-kərim. Quran (Qurani-Kərim, Qurani-Şərif) İslam dini-
nin müqəddəs və ən əsas kitabıdır. İslam dininə görə Quran Allahın
buyurduğu sözlərdir.

Quranın özünəməxsus adı olan 114 surəsi 6236  ayəsi  var. Ən
uzun surəsi “əl-Bəqərə” surəsi (286 ayə), ən qısa surəsi isə “əl-Kövsər”
surəsidir (3 ayə). Quranın ən uzun ayəsi “əl-Bəqərə” surəsinin 282-ci
ayəsidir.

Surə kəlməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara
gəlir. Bir termin olaraq surə Quranın ən az üç ayədən meydana gələn
bölümlərindən hər birinə verilən addır. Hicrətdən öncə Məkkədə 86
və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. “Ey insanlar”
deyə başlayan surələr Məkkədə, “Ey iman gətirənlər” deyə başlayan
surələr və ayələr Mədinədə nazil olanlardır.

Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi
mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrətverici
bir öyüd olduğu üçün ayə adlanır.

Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun
uzun zaman müddətində – 23 ilə hissə-hissə nazil olmasıdır. Quran
Allah tərəfindən birbaşa deyil, mələk-Cəbrayıl (ə) vasitəsilə nəql
olunmuşdur. Bəzi mənbələrə görə, “əl-Bəqərə” surəsinin son 2 ayəsi

24

Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə (s) vəhy edilmişdir.
“Quran” kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.

Quran ləfzi və mənaları vəhyə istinad edən, qiraəti ilə ibadət edilən,
özünməxsus xüsusiyyətləri olan “əl-Fatihə” surəsi ilə başlayıb “ən-
Nas” surəsi ilə bitən səmavi kitabdır.

Quranın yenə Quranda keçən bir çox adları vardır. Onun ən çox
işlənilən və çox yayılan adı Qurandır. Digər adları isə aşağıdakılardır:

• Əl-Kitab-Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar
üçün də işlənilir.

• Ümmül-Kitab-Ana kitab mənasına gələn. Bu ad Lövhü-
Məhfuz və “əl-Fatihə” surəsi üçün də işlənmişdir.

• Əl-Furqan-Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı
ayədə işlənir.

• Əl-Huda-Hidayət edici deməkdir.
• Əz-Zikr-Zikr həm zikr etmək, həm də şərəf və şərəfli olmaq
mənalarına gəlir.
Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa,
Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox başqa adları
da vardır.
Səmavi dinlər təməldə birdir: səmavi dinlərin ehkamları müxtəlif
vaxtlarda müxtəlif kitablar şəklində endirilsələr də onları birləşdirən
ümumi dəyərlər, vahid Yaradıcı-Allah ideyası var ki, bu, sonuncu
səmavi kitab olan Quranda dəfələrlə ifadə edilir:
“Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.
Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı
(Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.”
(“Ali İmran”, surəsi, 2-3)

25

“Deyin: Biz Allaha iman gətirdik, bizə nazil olana, İbrahimə,
İsmailə, İshaqa,Yaquba və əsbata [nəsilləriinə] nazil olanlara,
Musaya və İsaya göndəriliənlərə, özlərinin Rəbbi tərəfindən
peyğəmbərlərə göndərilənlərə inandıq. Biz onların heç biri arasında
fərq qoymadıq. Biz özümüzü Ona təslim etmişik.” (“əl-Bəqərə”,
surəsi, 136)

Digər surələrdə də bu kimi fikirlərə rast gəlmək mümkündür:
“ən-Nisa”, 26,163-166; “əl-Əraf”, 157; “əl-Ənbiya”, 25,92; “əl-
Muminun”, 51-52; “əl-Ənkəbut, 46; “əz-Zümər”, 65 və s.

26

Səmavi dinlərin
ortaq dəyərləri

Üç böyük səmavi din – Yəhudilik, Xristianlıq və İslamın fərqli
yönləri ilə yanaşı, heç şübhəsiz bir çox ortaq inancları, ibadətləri,
əxlaqi dəyərləri, ortaq cəhətləri vardır. Bu üç monoteist dinin əxlaq
prinsiplərindən bir çoxu sadəcə onlara məxsus olmaqla qalmayıb, artıq
ümumbəşəri dəyərlərin tərkib hissəsinə çevrilmişdir. Üç monoteist
dinin ortaq nöqtələri olduqca çoxdur. Bu barədə aylarla danışmaq,
cildlərlə kitablar yazmaq olar. Bu kiçik həcmli kitabda mövzunu tam
əhatə etmək mümkün olmasa da, Yəhudilik, Xristianlıq və İslamda
üst-üstə düşən mənəvi dəyərlərə və əxlaqi normalara qısa şəkildə də
olsa işıq tutmağa çalışdıq. Gəlin bu dəyərlərə birlikdə nəzər salaq və
onları həyatımıza tətbiq etməyə çalışaq.

Ədalətli olmaq

“Dünyaya hakim olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!”

Nizami Gəncəvi

Ədalət “ədl” sözündən olub, ərəb dilində bərabərlik və insaflı
mənalarını daşıyır. “Ədalət” mücərrəd mənalı sözlərdəndir. İnsanlar
arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər
ədalətli adlanırlar. Dində ədalət zülmkarlığın ziddinə olan bir kəlmə

27

olub, “hər kəsin haqqını özünə vermək” və “hər şeyi öz yerinə
qoymaq” kimi mənalarda işlənir.

Ədalət səmavi dinlərin ən mühüm ortaq dəyərlərindəndir. Qurani-
Kərimin 9 surəsində “ədalət” anlayışı konkret izahını tapmışdır:

“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar
arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir..”
(“ən-Nisa” surəsi, 58)

Allah qullarına insanlar arasında ədalətlə hökm verməyi,
özlərinin və ya yaxınlarının əleyhinə olsa belə, ədalətli olmağı əmr
etmişdir. Müsəlman üçün qarşısındakı insanın varlı və ya kasıb olması
və verəcəyi qərarın mənfəətinə zidd olması heç nəyi dəyişdirməz.
Mömin nə olursa-olsun, ədalətdən güzəştə getməz. Bu üstün əxlaq bir
Quran ayəsində belə bildirilir:

“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-
ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən
möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz
şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər
ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz
çevirməyin!..” (“ən-Nisa” surəsi, 135)

“Maidə” surəsində möminlər hökm verərkən hissə qapılmadan,
nəfsə uymadan ədalətli qərar verməyə çağırılır və ədalətli olmaq
təqvaya yaxın hesab edilir:

“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə
yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı
bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin.
Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah
etdiklərinizdən xəbərdardır!” (“əl-Maidə” surəsi, 8)

28

Ədalət mövzusuna həmçinin aşağıdakı ayələrdə də
toxunulmuşdur:

“əl-Bəqərə”, 282; “ən-Nisa”, 58,135; “əl-Maidə”, 8,42; “əl-
Ənam”, 115; “əl-Əraf”, 29,159,181; “ən-Nəhl”, 90; “Sad”, 26; “əş-
Şura” 15; “əl-Hədid” 25; “əl-Mumtəhinə”, 8

İnsan oğlunun hər zaman ehtiyac duyduğu münasibətin adı
ədalətdir. Ədalət çox geniş anlayışdır, sadəcə hər kəsə əməyinin
qarşılığını vermək deyil, həm də hər kəsi layiq olduğu qədər sevmək,
hər kəsə layiq olduğu qədər kin bəsləmək, hər kəsi layiq olduğu
məsafədə tutmaqdır. Hələ bunlarla da tükənmir, ədalət həm də hər şeyi
öz yerinə oturtmaqdır, hər kəsin haqqına riayət etməkdir. Əgər sən
bir nəfərə: “Hər şeyim sənə fəda olsun!”-deyirsənsə, Allah qarşısında
ədalətsiz davranmış olursan, çünki səndə əmanət olan, amma sənin
özününkü hesab elədiyin hər şeyin sahibi sən deyilsən, Allahdır.

Bəzi insanların sevgidə və ya nifrətdə ifrata vardıqlarına şahid
oluruq. Halbuki, ədalətli insan sevgisində də, nifrətində də ədaləti
unutmamalıdır.

Ədalət Allahın sifətlərindən biri olduğu halda, Əhli-beyt (ə)
məktəbi tərəfindən dinin əsaslarından (Üsuliddinin) ikinci əsas kimi
sayılmışdır. Yəni bu məsələ Allahın birliyi, Nübüvvət və s. əsasların
kənarında yerləşdirilmişdir.

İslam inancına görə, Allah-Təala heç vaxt zülmkarlıq etməz və
hətta qarışqanın da belə haqqını tapdalamaz və ona zülm etməz. İlahi
ədaləti iki hissəyə bölmək olar:

• Təkvini ədalət;
• Təşrii ədalət;
Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm

29

sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır.
Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin
ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək
kifayətdir.

Allah-Təalanın hər növ zülmkarlıqdan uzaq olmasının isbatı
üçün ağıl və Quran ayələri, həmçinin rəvayətlərdən istifadə olunur.

Ağılın hökmünə əsasən kainatın xaliqi hər növ zülmkarlıq
və insafsız- lıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah-Təalanın
sifətlərindən biri sayılan “hikmət”-in mənası olmayacaqdır.

Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki
zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq qalmaq
istəyir, ya da kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-Təala isə bütün
bunlardan pak və münəzzəhdir.

Bu gün dünyamızın ən çox ehtiyac hiss elədiyi tolerantlıq da
ədalətdir, ədalətin bir təzahürüdür. Dinindən, irqindən, dilindən,
rəngindən asılı olmayaraq, Allah-Təalanın yaşamaq haqqı verdiyi
insanı Allahın əsəri kimi qəbul etmək, onun zərəri üçün deyil, xeyiri
üçün çalışmaq insanlığın gərəyi, ən başlıcası isə dinimizin tələbidir.

Ədalət Xristianlıqda və Yəhudilikdə də vacib məsələlərdən
biridir. Ədalətə laqeyd yanaşanlar İncildə belə qınanırlar:

“Vay halınıza..! Çünki siz nanə, şüyüd və zirənin onda birini
verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və
imanı atırsınız. Amma onda birini verməklə yanaşı, bunları yerinə
yetirməli idiniz.” (Matta, 23:23)

Kitabın digər fəsillərində də insanlar ədalətli olmağa dəvət
edilirlər:

“Zahirə görə hökm etməyin, ədalətlə hökm edin.” (Yəhya, 7: 24)

30

“Ey ağalar... qullarınıza ədalətli və insaflı olun.” (Koloselilərə,
4:1)

“Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız... Hansı
ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək.” (Matta, 7: 1-2)

“Ey insan, Allah sənə yaxşı olanı bildirdi;
Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən,
İtaətkarcasına Allahınla bir yol getməkdən başqa
Rəbb səndən nə istəyir ki?” (Mikeya 6:8)
“Çünki Rəbb ədaləti sevir,
Heç zaman möminlərini tərk etmir.
Salehlər daim müdafiə olunacaq,
Pislər nəsilliklə kəsilib atılacaq.” (Zəbur 37:28 )
İncildə insanlarla davranışlarında ayrı-seçkiliyə yol verən,
tərəfkeşlik edən və zahirə görə hökm verənlərə etdiklərinin günah
olması və ədalətsizlik edənlərin cəzalandırılacağı barədə xəbərdarlıq
edilir:
“...iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin.
Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla
eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə, gözəl geyinmiş
adama diqqət yetirib “buyurun, burada əyləşin”, kasıba da “sən orada
dur” və yaxud “yerdə otur” deyərsinizsə, öz aranızda ayrı-seçkilik
edib pis fikirli hakimlər kimi davranmırsınızmı?” (Yaqub 2:1-4)
“Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah
etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum
olunursunuz. Çünki kim Qanunun hamısına riayət edərək birində
büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.” (Yaqub 2:9-10)
“Allah hər kəsə əməlinə görə əvəzini verəcək: dözümlə yaxşı

31

əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat,
özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə
qəzəb və hiddət göndərəcək.” (Romalılara 2:6-8)

“Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki
Rəbb tərəfkeşlik etməz.” (Kolosselilərə 3:25)

Tövratda da ədalət gözəl əxlaqlı insanın əsas xüsusiyyəti
kimi göstərilir və doğru insanın pisliklərdən uzaqlaşdığı, heç kimə
haqsızlıq etmədiyi, yoxsulları qoruduğu ifadə edilir:

“Ədalətli olanlar, hər zaman əməlisaleh olanlar necə xoşbəxt
insanlardır!” (Məzmur, 106:3)

“...Mən onu seçdim ki, öz oğluna və özündən sonrakı nəslinə saleh
və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın...”
(Yaradılış, 18:19)

“Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin.
Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.” (Zəkəriyyə, 7:9)

“...Bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin.
Mən istəyini yerinə yetirirəm...” (1 Padşahlar, 3:11-12)

“Rəbb belə deyir: “Ədaləti qoruyun, salehliyə əməl edin...”
(Yeşaya, 56:1)

“Ədalətsiz qanun qoyanların, yoxsullardan ədaləti
əsirgəyənlərin, xalqımın kasıblarının haqqını əlindən alanların, dul
qadınları soyanların, yetimlərin malını ələ keçirənlərin vay halına!”
(Yeşaya, 10: 1-2)

32

Mərhəmətli olmaq

Şübhəsiz, səmavi dinlərin ən mühüm dəyərlərindən biri də
mərhəmətdir.

Mərhəmət-lüğətlərdə “bir kəsin və ya bir başqa canlının
qarşılaşdığı pis vəziyyət səbəbi ilə hiss edilən üzüntü, kədər,
yazığı gəlmə” kimi xarakterizə olunur. Mərhəmətin əksi-sərtlik,
mərhəmətsizlik, zalımlıq, qısqanclıq, soyuqluq, laqeydlik, daş
ürəklilik, eqoizm və duyğusuzluqdur.

Bütün canlı varlıqlara zəiflik, fanilik, möhtaclıq, kövrəklik
kimi duyğular xas olduğundan mərhəmət olmadan həyata davam
etmək mümkün deyildir. Bu dünyada çətinlik, acı və kədər, qorxu,
yoxsulluq və məhrumiyyət, haqsızlıq, bütün insanları birləşdirən
ortaq cəhətlərdir. Hər kəsə Yaradan öz ölçüsündə bu paydan vermişdir.
Yaradılan heç bir varlıq öz yaranmasının və var olmasının, yaşamasının
təməlini özündə tapa bilməz. Öz həyat və kamal zəmanətini öz-özünə
təmin edə bilməz. Köməyə, qorunmağa, diqqət və qayğıya ehtiyac
duymadan, varlığını qoruyub, inkişaf etdirə bilməz. Onun üçün də hər
kəs və hər şey mərhəmətə möhtacdır. Mərhəmət hər kəsin yaxşılığını
istəyib, onlara kömək etməyi arzulamaqdır. Mərhəmət hər kəsə və hər
şeyə anlayışla, qayğı və şəfqətlə yanaşmaqdır. Bütün canlı varlıqların
azadlıq və əmin-amanlıq içində yaşaması üçün inkişafa kömək etmək,
varlıqlarının davamı üçün güc və dəstək vermək mərhəmətin təməli
hesab olunur. Bizim sahib olduğumuz imkanlara, haqq və hüquqlara,
azadlığa başqalarının sahib olmaması içimizdə bir acıma duyğusu
oyandırmalıdır. Əgər bu duyğu oyanarsa, onda bunun adı mərhəmətdir.

33

Mərhəmət başqasının gücsüzlük, çətinlik və dərdi ilə maraqlanmaq,
onun vəziyyətinə görə kədərlənmək və şəfqət göstərmə, onunla
birliktə iztirab çəkməkdir. İnsanlar bir problemdən əziyyət çəkirsə,
əgər düşünürüksə, o, buna layiq deyil, ona duyduğumuz şəfqət, yaxşı
niyyətli bir üzüntüdür. Dərd və sıxıntı içərisində olan adamın dərdinə
ortaq olmaq, üzüntüsünə kədərlənmək və ona kömək etmək çox
məsuliyyətli və mərhəmətli bir əməldir. Mərhəmət, varlıqlardan heç
birinə zülm və haqsızlığı rəva görməyib, içlərində zərərli olmayan
gücsüzlərin zəif hallarına yanıb, imdad və yardımlarına yönəlməkdir.
Mərhəmətli insan başqalarından tamam ayrı bir mənlik və şəxsiyyətlə
fərqləndiyi kimi, başqalarının hal və vəziyyətlərini dərk edərək, onlara
hər mənada dayaq olar. İnsanlara mərhəmətlə yanaşdıqda, onların
daha yaxşı həyat şəraitinə qovuşmasını, hətta bizim kimi olmasını
istəyirik.

Mərhəmət eyni zamanda həm ədalət, həm də bərabərlik
duyğusunun qaynağıdır.Aralarında əlbəttə ki, bir fərq vardır. Mərhəmət
bizi yaxşılıq etməyə, başqalarının vəziyyətinə maraq göstərmək və
kömək etməyə yönəldən bir duyğudur. Bu maraq və yardım, ağıllı,
məntiqi, hüquqi bir ölçü və qanuna görə edildikdə də ədalət ortaya
çıxır. Mərhəmət qarşı tərəfin kimliyindən asılı olmayaraq, hər kəsə
bərabər payladığımız bir acıma duyğusu olmalıdır. Bir başqasının
başına gələn mənim də başıma gələ bilər. Mərhəmət insanların
bərabərliyi anlayışına söykənir. İnsan olaraq, hamımız iztiraba qarşı
həssasıq, ağrı-acı hamımızı yaralayır. Hər fərdin insanlığının bərabər
dəyər daşıdığı bir dünya anlayışı içərisində ancaq mərhəmət fərqlənə
bilər. Mərhəmət sahibləri, digərlərinin yaşadığı iztirabın nə qədər ağrı
verici olduğunu təxəyyül edə bilən insanlardır. Mərhəmət ağrı, ya da

34

kədərə duyulan hissdir, başqa sözlə, başqasının dərdinə şərik olmaqdır.
Mərhəmət əxlaqi olaraq başqasının çəkdiyi ağrı-acıya, iztiraba görə
qəmgin olmaqdır. Mərhəmət bu hüznün özüdür, daha doğrusu bu kədər
mərhəmətin başlanğıcı və ən kiçik vahididir. Mərhəmət başqasının
iztirabını paylaşmaq və ya onun əzab çəkməsinin yaxşı, ya da pis
səbəblərini paylaşmaq demək deyil. Bu, nə olursa olsun, bir iztirab
qarşısında laqeyd qalmağı və kim olursa-olsun bir canlını bir obyekt
kimi qəbul etməyi rədd etməkdir. Mərhəmət hissi günahkarlara da
şamil olunur. Pislik edən bir kimsənin içindəki kin-küdurətə, səfalətə
baxmayaraq, onun iztirabına qarşılıq olaraq mərhəmət etmək, onun
içini gəmirən pislik qarşısında yaxşılıq nümayiş etdirməkdir. Həqiqi
mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi,
Onun yaratdığı varlıqlara qarşı ürəyində bir istilik hiss etməsinə
səbəb olar. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı doğrudan
bir söhbət və yaxınlıq hiss edər.

Ətrafınızdakı insanlardan “Mərhəmət nədir?” deyə
soruşduğunuzda və ya “Mərhəməti mənə təsvir edər bilərsənmi?”
dediyinizdə bir çox fərqli cavab və misalla qarşılaşarsınız. Bəziləri
küçədəki ac itləri doyuran qonşusunun həyatında gördüyü ən
mərhəmətli insan olduğunu söyləyər. Bəzisi mərhəməti özünə xəstə
olarkən baxan bir yaxınının göstərdiyi qayğı və yaxınlığı nümunə
göstərərək təsvir edər. Bəziləri ölənlərin arxasından ağlayan
yoldaşının sanki mərhəmət simvolu bir insan olduğundan bəhs edər.
Ümumiyyətlə, verilən təriflər bir-birinə bənzəyir. Halbuki, bunların
heç biri həqiqi mərhəməti tam mənası ilə ifadə edə bilməz.

Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha
olan sevgisi, Onun yaratdığı varlıqlara qarşı qəlbində bir sevgi hiss

35

etməsinə səbəb olur. Allahı sevən insan Onun yaratdıqlarına qarşı
birbaşa məhəbbət, şəfqət və mərhəmət hiss edər. Özünü və bütün
insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və
bağlılıq səbəbindən, Quranda əmr edildiyi istiqamətdə insanlara qarşı
gözəl əxlaqlı davranar. Allahın mərhəmət barəsində əmr etdiklərini
yerinə yetirər. Bir insanın Quranın bu əmrlərini tamamilə yerinə
yetirməsiylə həqiqi mərhəmət ortaya çıxar. Çünki Quranda insanları
həqiqi mərhəmətə yönəldən, bu yönə təşviq edən bir çox ayə vardır:

“De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De:
“Allahındır!” O Öz-özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə
qarşı rəhmli olmağı Özü üçün əzəldən O müəyyən etmişdir)...” (“əl-
Ənam”, surəsi, 12)

(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla
(döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin.
Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından
dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan)
bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə
Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!
(“Ali İmran” surəsi, 159)

Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb:
“Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib
bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.

(“əl-İsra”, surəsi, 24)
O, Öz mərhəmətini istədiyi kəsə şamil edir. Həqiqətən, Allah
böyük fəzilət sahibidir! (“Ali-İmran” surəsi, 74)
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən
zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət

36

yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda
(bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır! (“ər-Rum”
surəsi, 21)

Bir hədisdə buyurulur:
“Mərhəmət edənlərə Rəhman da mərhəmət edər. Siz yer
üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət
etsin.”

(Tirmizi, 1924)
Allaha bəslənən sevgi ilə, mərhəmət duyğusu arasında çox böyük
bir fərq vardır. Bu fərq Allaha qarşı hiss edilən duyğunun yalnız saf
sevgidən meydana gəlməsindən qaynaqlanır. Mərhəmətdə sevgi ilə
birlikdə qarşıdakının acizliyindən ötrü duyulan bir acıma hissi vardır.
Allaha duyulan sevginin içində isə mərhəmət yoxdur. Çünki Allah
bütün nöqsanlardan, acizliklərdən və qüsurlardan uzaqdır. İnsanın
özünü və hər şeyi yaradan Allaha qarşı hiss etdiyi duyğu, ancaq
ürəkdə sevgi, həyəcan, heyranlıq meydana gətirən güclü bir “eşq”
hissidir. Bu səbəbdən, saf sevgi yalnız Allaha bəslənəndir. Mərhəmət
isə Allahın yaratdığı aciz və gücsüz olan varlıqlara qarşı hiss edilən
bir duyğudur.
Quranda həqiqi mərhəmətin necə olmalı olduğu, mərhəmətli
bir insanın xüsusiyyətləri, mərhəmət hissinin bir insanın əxlaqında
nə kimi fərqlər meydana gətirdiyi, mərhəmətli insanların ətraflarında
yaratdığı təsir, müxtəlif nümunələrlə izah edilmişdir. Quran ayələrində
mərhəmət və şəfqətin əskikliyindən qaynaqlanan zalımlıq təfsilatı
ilə təsvir edilmişdir. Bunun nəticəsində yaxşılar və pislər, zalımlar
və mərhəmətlilər bir-birlərindən açıq şəkildə görülən fərqlərlə ayırd
edilmişlər.

37

Qurana görə, möminlər fitri olaraq Quran əxlaqından zövq alacaq
və ancaq bu əxlaqı yaşadıqlarında mənəvi rahatlıq tapacaq şəkildə
yaradılmışlar. Bu səbəblə, Quranda bildirilən mərhəmət anlayışını
yaşamaqda heç bir çətinlik hiss etməz, əksinə bunu imanlarından
qaynaqlanan təbii bir əxlaq olaraq yaşayarlar.

Allah iman gətirib yaxşı işlər görən və möminlərə qarşı
mərhəmətli olan bəndələrinə, öz qatından “bir bağışlanma və böyük
bir əcr” vəd etmişdir:

“...Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah
məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd
buyurmuşdur!” (“əl-Fəth” surəsi, 29)

Qurani-Kərimdə Allahın mərhəmətinin günahkarlara da şamil
olacağı müjdələnir və onlar tövbəyə dəvət edilir:

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim
(günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim!
Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün
günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!
(əz-Zümər surəsi, 53)

Bir gün nəvələrini öpüb oxşayarkən bir bədəvi Peyğəmbərin (ə)
hüzuruna gəlir. Övlada qarşı şəfqət hissindən məhrum olan bu şəxs
gördüyü mənzərə qarşısında heyrətini gizlətməyib belə deyir:

– Mənim on uşağım var, amma onlardan heç birini öpməmişəm.
Peyğəmbər buyurdu:
“Əgər Allah sənin qəlbindən mərhəmət hissini çıxarıb atıbsa,
mən nə edə bilərəm? Mərhəmət etməyənə, mərhəmət edilməz.”
“Səhih-Buxari”, Ədəb, 18-ci hədis

38

Xristianlıqda da mərhəmət mövzusu xüsusi əhəmiyyət kəsb
edir. Mövzu ilə bağlı İncildə keçən mətnlərə diqqət yetirək:

25 “Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi:
“Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?”
26İsa ondan soruşdu: “Qanunda nə yazılıb? Orada nə oxuyursan?”
27Bu adam İsaya belə cavab verdi: “Allahın Rəbbi bütün qəlbinlə,
bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və
“Qonşunu özün kimi sev”. 28İsa ona dedi: “Sən düz cavab verdin,
buna əməl et və yaşayacaqsan”. 29Amma o özünə haqq qazandırmaq
üçün İsadan soruşdu: “Bəs mənim qonşum kimdir?” 30İsa belə cavab
verdi: “Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların
əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan
halda qoyub getdilər. 31Təsadüfən o yoldan bir kahin enirdi. Bu
adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. 32Bir Levili də
ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. 33O
yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi.
34Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı.
Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona
qayğı göstərdi. 35Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə
verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa,
mən geri qayıdanda sənə verərəm”. 36Səncə bu üç nəfərdən hansı
quldurların əlinə düşən adamın qonşusu idi?” 37Qanunşünas cavab
verdi: “Ona mərhəmət göstərən”. İsa da ona dedi: “Get, sən də elə
et”. (Luka 10:25-37).

Şagird Yaqub həqiqi məsihçiləri bir-birlərinə qarşı
mərhəmətli olmağa səsləyərək yazmışdı: “Mərhəmət göstərməyənə
hökm mərhəmətsizdir”

39

(“Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə
olunur. Mərhəmət mühakiməyə qalib gəlir”.)

(Yaqub 2:13).
“Yaxşı əməlimiz həqiqi mərhəmətin təzahürü olsun deyə, o
bizim özümüzdən-sevən ürəyimizdən və səxavətimizdən gələn ənam
olmalıdır (Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə
görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir)”.
(2 Korinflilərə 9:7).
“Nə bəxtiyardır mərhəmətli olanlar!
Çünki onlara mərhəmət ediləcək”.
(Matta 5:7).
Yəhudiliyin müqəddəs kitabı Tövratda Allahın insanlara qarşı
mərhəmətli və bağışlayıcı olması belə ifadə olunur:
“....Kimə istəsəm, lütf göstərərəm, kimə istəsəm, rəhm edərəm”.
(Çıxış 33:19)
“Rəbb Onu sevənlərin hamısını hifz edər, bütün pis adamların
isə kökünü kəsər.” (Məzmurlar, 145: 20)
“Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir.”
(Məzmurlar, 103: 8)
“Rəbbin məhəbbətinə görə məhv olmadıq, çünki mərhəməti
tükənməzdir”. (Mərsiyələr, 3: 22)

40

Səbirli olmaq

Səmavi dinlərdə inananlar üçün çox mühüm əhəmiyyət kəsb
edən dəyərlərdən biri də səbirli olmaqdır.

İnsanın həyatda qarşılaşdığı çətinliklərə, sıxıntılara sinə
gərməsinin adı səbirdir. Dindar olub olmamasından asılı olmayaraq,
hər bir insanın həyatda uğur qazanması üçün səbirli olması şərtdir.
Səbr insanı ağılsız addımlar atmaqdan, sonradan peşman olacağı
əməllərdən qoruyan bir qalxan kimidir.

İslam dininə görə insan hövsələsiz yaradılmışdır, hər arzusunun
tezliklə həyata keçməsini istəyir. Halbuki hər iş üçün Allah qatında
müəyyən edilmiş bir zaman var. Heç kim bunu önə keçirməyə və ya
təxirə salmağa qadir deyil. Yəni mömin səbir etməyi bacarmalıdır.
İstər elçilər, istərsə də inananlar qarşılarına çıxan çətinliklərə ölənə
qədər səbir ediblər.

Quranda “Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün
bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et”! (“əl-Müddəssir”
surəsi, 7) hökmü bildirilmişdir. Yəni səbr etmək bir ibadətdir. Qısa
dünya həyatında səbir edənlər belə müjdələnmişlər:

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can
(övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə
imtahanlara) səbr edən şəxslərə müjdə ver”! (“əl-Bəqərə” surəsi, 155)

İslam Peyğəmbəri səbri “sevincin açarı” adlandırmış və səbr
edənlərin zəfər çalacağını vurğulamışdır.

Qurani-Kərimdə səbir edənlərin Allah tərəfindən dəstəkləndiyi
belə ifadə edilmişdir:

41

“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə
çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin,
çünki Allah səbr edənlərlədir”! (“əl-Ənfal” surəsi, 46)

Xristianlıqda da inananlara mülayim, səbirli olmaları tövsiyə
edilir və səbrin qurtuluşa aparan yol olduğu vurğulanır:

“Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim
rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. Ona qarşı olanları
həlimliklə tərbiyə etməlidir”. (2 Timoteyə, 2:24)

“Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə
dözün”. (Efeslilərə, 4:2)

“Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin,
cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli
olun”. (1 Saloniklilərə, 5:14)

Amma sonadək səbir edən xilas olacaq. (Matta, 24:13) 
İnsanların çoxu səbri passiv bir gözləmə, yaxud insanlarla
mülayim, nəzakətli davranış kimi görsələr də, İncildə “səbir” kimi
tərcümə edilən sözlərin əksəriyyəti aktiv, dinamik mənalar ifadə edir.
Buna misal olaraq, İbranilərə 12:1-ə nəzər salaq:
“Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə
olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran
günahı tərk edib qarşımızdakı yarışda dözümlə (səbrlə) qaçaq”.
(İbranilərə 12:1 )
Yarışa qatılan şəxs passiv bir şəkildə gözləyərək qalib ola bilərmi?
Əlbəttə ki, xeyr! Aydın olur ki, buradakı “səbirlə” kəlməsi “davam
gətirmə gücü” mənasında işlənmişdir. Bir sözlə, Müqəddəs Kitabda
səbir, bir məqsədə çatmaq üçün dözmək, sınaqlara tab gətirmək və ya
bir vədin yerinə yetməsini gözləməkdir. İncildə iman gətirənlərə səbr

42

barəsində peyğəmbərlərdən nümunə götürmələri buyurulur:
Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab

gətirmək və səbir nümunəsi kimi götürün. (Yaqub 5:10)
Yəhudilikdə də səbr etmək bəyənilən və təşviq edilən

əməllərdən hesab olunur. Tövratda səbrin əhəmiyyəti vurğulanır və
səbir edənlərin üstün olduqları bildirilir:

“İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq
şəhəri almaqdan üstündür.” (Məsəllər 16:32)

Ağıllı insan səbirlidir, başqasının günahını bağışlamaq ona şərəf
gətirər. (Süleymanın məsəlləri, 19:11)

“Kəmhövsələ dava yaradar, səbirli münaqişəni sovuşdurar”.
(Süleymanın məsəlləri, 15:18)

Zəburda, Rəbbin razılığını qazanmaq üçün səbrin önəminə
diqqət çəkilir:

“Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə...” (Məzmur,
37:7)

43

Şükür etmək

Şükür etmək-verdiyi nemətlərə qarşılıq olaraq, Allaha bəslənən səmimi
sevgi və minnətdarlıq hisslərini dilə gətirmək, eyni zamanda bütün nemətlərin
sahibinin Allah olduğunu etiraf etməkdir. İnsan bir az diqqət yetirsə, Allah
tərəfindən onun sərəncamına saysız-hesabsız nemət verildiyinin fərqinə
varar. Təkcə, əlinizdəki bu kitabı oxuduğunuz anda bədəninizdəki yüz trilyon
hüceyrənin hər birinin sizin üçün çalışması və öz vəzifəsini qüsursuz bir
şəkildə icra etməsi belə Allahın insana nə qədər böyük nemətlər bəxş etdiyinin
fərqində olmaq üçün kifayət edər.

İslama görə möminlər hər vəziyyətdə Allaha şükür etməli və bədbinliyə
qapılmamalıdırlar. Şükür etmək Quranın müxtəlif ayələrində keçən, iman
gətirənlərin xüsusi həssaslıqla yanaşmalı olduqları və səmimiyyətlə yerinə
yetirilməli olan bir ibadətdir:

“Xeyr, yalnızAllaha ibadət et və (Onun nemətlərinə) şükür edənlərdən
ol!” (əz-Zumər, 66)

“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət
edirsinizsə, Onun nemətinə şükür edin!” (“ən-Nəhl” surəsi, 114)

Mömin kimsə başqalarının bilmədikləri bir sevinc yaşayar. Çünki
mömin bəndəyə nemət verildikdə nemət sahibi Allaha şükür edər. Beləliklə,
ona verilən nemət daha da artar. Ona müsibət baş verdikdə isə səbr edər və
onun əvəzində savab qazanar. Belə halda müsibət ona təsir etməz və heç bir
zərər verməz. Bu barədə Həzrət Peyğəmbər (s) buyurmuşdur:

“Möminin işi necə də qəribədir. Onun bütün işləri xeyirdir və bu yalnız
möminə məxsusdur. Onu bir iş sevindirdikdə Allaha şükür edər və bu onun
üçün xeyirli olar. Ona bir pislik baş verdikdə səbirli olar və bu onun üçün

44

xeyirə çevrilər” (Müslim: 4\ 2295\ 2999.)
İncildə “hər vəziyyətdə şükür edin..” deyilir. (1 Saloniklilərə 5:18)

Həzrət İsanın hayatından bəhs edən bölümlərdə onun müxtəlif vasitələrlə
Allaha şükür etdiyi ifadə edilir. Şübhəsiz, bu gözəl davranış inananlar içün bir
nümunədir.

“Şagirdlər Ona dedilər: “Bu çöllükdə bu qədər camaatı doydurmaq
üçün çörəyi haradan tapaq?” İsa onlardan soruşdu: “Neçə çörəyiniz var?”
Onlar dedilər: “Yeddi və bir az da kiçik balığımız var”. Onda İsa camaata
əmr etdi ki, yerə otursunlar. Yeddi çörəklə balıqları götürdü və şükür edərək
bölüb şagirdlərə, şagirdlər də camaata verdi. Hamı yeyib-doydu. Artıq qalan
hissələri yığdılar, yeddi səbət doldu. Yemək yeyən adamların sayı isə qadınlar
və uşaqlardan başqa, dörd min nəfər idi”. (Matta 15: 33-38)

Tövratda da iman gətirənlərə şükür etmələri buyurulur. Bununla bağlı
deyilir:

Ey Rəbbin möminləri,
Onu tərənnüm edin,
Müqəddəsliyini yada salın,
Ona şükürlər edin. (Zəbur 30:4)

Ona görə susmayacağam,
Səni ucadan tərənnüm edəcəyəm.
Ya Rəbb Allahım,
Sənə daim şükür edəcəyəm! (Zəbur 30:12)

Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm,
Bütün xariqələrini deyəcəyəm.

45

Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm,
Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm! (Zəbur 9: 1-2)

Dərgahına şükürlərlə,
Həyətlərinə həmdlərlə gəlin.
Ona şükür edin,
İsminə alqış söyləyin. (Məzmurlar 100:4)

Rəbbə həmd edin!
Ey Rəbbin qulları, həmd edin,
Rəbbin isminə həmd edin! (Məzmur 113:1)

Ey Allah, biz Sənə şükür edirik,
Bizə doğma olan isminə şükür olsun, (Zəbur, 75/1)

Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək,
Möminlərin Sənə alqış edəcək. (Məzmurlar 145:10)

46

Qəzəbi boğmaq (Təmkinlilik)

Qəzəb insanın hadisələri sağlam məntiqlə və ağılla
qiymətləndirməsinə, düzgün və ədalətli qərar verməsinə mane olur.
Atalarımız gözəl deyiblər: “Acıqlı başda ağıl olmaz.”

İslama görə, qəzəb insanı Allah›ın istədiyi şəkildə davranmaqdan,
anlayışlı və mərhəmətli olmaqdan çəkindirir. Məhz bu səbəbdən,
mömin qəzəbini boğmalıdır. Bu, insanı qəzəb və hiddət hisslərinin
səbəb olacağı xətalı davranışlardan və müxtəlif zərərlərdən qoruyar.
Quranda qəzəbini boğanların əxlaqı təriflənmişdir:

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara)
xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah
yaxşılıq edənləri sevər. (“Ali-İmran”, 134)

Bəzi insanlar hər şeyə hiddətlənir, əsəbi, sərt və amansız olurlar.
Bəziləri də tez əsəbiləşsələr də, hirsləri tez soyuyur. Buna görə də
İslam Peyğəmbəri (s) qəzəblənmə və hirsin soyuması baxımından
insanları üç qrupa bölmüş və hansının daha fəzilətli olduğunu
vurğulamışdır. Eyni zamanda qəzəblənəndə hirsi soyutmağın yollarını
da göstərmişdir. Əbu Səid əl-Xudrinin nəql etdiyi bir rəvayətdə Həzrət
Peyğəmbər (s) belə buyurur:

“Xəbəriniz olsun, bəziləri gec hirslənir, hirsi tez soyuyur, bəziləri
də tez hirslənir, tez sakitləşir. Belələri bir-birini tarazlayır. Elələri də
var ki, tez qəzəblənir, ancaq hirsi gec soyuyur. Bilin ki, bunların ən
xeyirlisi gec hirslənib tez sakitləşəndir. Ən şərlisi isə tez hirslənən,
ancaq hirsi gec soyuyandır… Bilin ki, qəzəb insanın qəlbində bir
qordur. Gözlərin qızarmasını, ovurdların şişməsini görmürsünüz?

47

Kim qəzəblənməyə başladığını hiss edərsə, yerə (torpağa) təmas
etsin…” (Tirmizi, Fitən 26, 2191).

Peyğəmbər (s.ə.s.) qəzəbinə qalib gələnləri həqiqi pəhləvana
bənzətmişdir. İbn Məsuddan: Rəsulullah (sallallahu əleyhi və səlləm)
bir gün: “Siz aranızda kimi pəhləvan sayırsınız?” deyə soruşdu.
Əshab (r.a.): “Heç kimə yıxılmayan, məğlub olmayan adamı!”
dedilər. Rəsulullah (s.ə.s.): “Xeyr” – dedi, – əsl pəhləvan güləşdə
rəqiblərini məğlub edən deyil, əsəbiləşdiyi zaman nəfsinə hakim
olandır” (Buxari, Ədəb 3, 4779).

Allahın Elçisi qəzəbi oda bənzətmişdir. Bu səbəbdən hirsi
soyutmaq üçün torpağa toxunmaq kimi suya təmas da faydalıdır. Əbu
Vail nəql edir:

“Urvə ibn Məhəmməd əs-Sədinin yanına gəldik. Bir şəxs
söhbət əsnasında Urvəni hirsləndirdi. Urvə gedib dəstəmaz aldı və
dedi: Atam demişdi ki, babam Atiyə (r.a.) Rəsulullahın (s.ə.s.) belə
söylədiyini rəvayət edirmiş: “Qəzəb şeytandandır, şeytan da oddan
yaradılmışdır, odu isə su ilə söndürərlər. Elə isə hislənəndə dərhal
durub dəstəmaz alın.” (Əbu Davud, Ədəb 4, 4784).

Qəzəb hissindən boğulan insan düzgün qərarlar verə bilmir. Buna
görə də İslamda qəzəbli halda hökm vermək qadağan olunmuşdur. Bu
barədə Allahın Rəsulu (s.ə.s.) buyurmuşdur: “Heç kim qəzəbli ola-
ola iki şəxs arasında hökm verməsin.” (Buxari, Əhkam 13; Müslim,
Əqdiyə 16, 1717; Tirmizi, Əhkam 7, 1334; Əbu Davud, Əqdiyə 9,
3589; Nəsayi, Qudat 17, 8, 337, 238).

İncildə də qəzəbin pis xüsusiyyət olduğu, qardaşına
qəzəblənənlərin mühakimə olunacaqları bildirilir və qəzəblənsək belə
hisslərimizə hakim olub günah işləməmək tövsiyə olunur:

48

“Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı,
böhtançılıq büsbütün sizdən uzaq olsun.” (Efeslilərə, 4:31)

“Mən isə sizə deyirəm ki, qardaşına və bacısına hirslənən hər
kəs mühakimə olunacaq..” (Matta, 5:22)

“Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl
qəzəbinizi soyudub iblisə yer verməyin.” (Efeslilərə 4:26-27)

Bəzən insan qəzəblənməkdə haqlı ola bilər, lakin Allahın
Kəlamında daima qəzəblənən insanın xilas olmayacağı bildirilir:

“Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq,
murdarlıq, pozğunluq, bütpərəstlik, sehrbazlıq, düşmənçilik,
münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr,
paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər
xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər
Allahın Padşahlığını irs almayacaqlar.” (Qalatiyalılara 5:19-21)

Tövratda Qabil və Habilin timsalında qarşısıalınmaz və yersiz
qəzəbin necə ağır nəticələr doğura biləcəyinə şahid oluruq. Allah
Qabilin qurbanını qəbul etmədikdə o, bərk qəzəblənmiş və onun
qəzəbi həddini aşaraq, qardaşını öldürməsi ilə nəticələnmişdi. Adətən,
qeyri-kamil insanların keçirdiyi qəzəb bu cür olur:

“Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili
doğdu. Həvva dedi: “Rəbbin köməyi ilə bir insan qazandım.” Sonra
o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi.
Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha
təqdim gətirdi. Habil də sürüsündə ilk doğulan heyvanlardan bir
neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini
qəbul etdi, ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə
də Qabil bərk qəzəblənib qaşqabağını salladı. Rəbb Qabilə dedi:

49

“Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? Əgər yaxşı
iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə,
günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona
üstün gəlməlisən». Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar
çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu
öldürdü.” (Yaradılış 4:1-8)

Allah ninevalılara mərhəmət göstərəndə Yunus peyğəmbər
buna görə bərk əsəbləşir. Allah peyğəmbərə hirslənməyin düzgün
olmadığını və peşmançılıq keçirən bu insanlara rəhm etməli olduğunu
deyərək, ona nəsihət edir:

Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona
görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı
göndərmədi. Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi.
Rəbb dedi: “Hirslənməyin yaxşı işdirmi?”… Onda Rəbb dedi: “Sən
zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə
məhv olan bitkiyə acıyırsan. Bəs sağ əlini sol əlindən ayıra bilməyən
yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər
Ninevaya Mən necə acımayım?” (Yunus 3:10; 4:1,4,10,11)

Bu nümunələr göstərir ki, qeyri-kamil “insanın qəzəbi onu Allah
qarşısında saleh etmir”, (Yaqub 1:19-20) çünki, salehlər qəzəbləndikdə
yalnız Allah üçün qəzəblənər, nəfslərinə görə qəzəbləndikdə isə
hisslərini cilovlayaraq, səbr və təmkinlə davranarlar.

Zəburda da inananlara qəzəbinə hakim olmaq tövsiyə edilir və
qəzəbinə məğlub olmaq ağıllı insana xas olmayan xüsusiyyət hesab
edilir:

“Səfeh dərhal qəzəbini büruzə verər, uzaqgörən şərəfsizliyin
üstünü örtər.” (Süleymanın məsəlləri, 12:16).

50

“Hövsələsizlik ağılsızlıq gətirər..” (Süleymanın məsəlləri, 14:17)
“Qəzəblənməyə tələsmə, çünki qəzəb ağılsızların ürəyində yuva
salar”. (Vaiz, 7:9)
Müqəddəs Kitabda bildirilir ki, qarşısıalınmaz qəzəb həm bu
hissləri keçirən insanın, həm də ətrafındakı insanların zərərinədir:
“Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.”
(Məsəllər 29:22)
Zəburda qəzəbi biruzə vermək zəiflik əlaməti kimi təqdim
edilir, qəzəbinə hakim olan şəxs əsl güc-qüvvət və hikmət sahibi
hesab olunur:
“İgid olmaqdan səbirli olmaq yaxşıdır, Nəfsə hakim olmaq
şəhəri almaqdan üstündür.” (Məsəllər 16:32)
“Təmkinsiz adam divarı uçurulmuş, divarsız şəhərə bənzəyir”
(Məsəllər 25:28)
“...Səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün
narahat olma. Qəzəbi at, hiddətdən çəkin, narahat olma, bunlar
insanı şərə salar.” (Məzmur, 37:7-8)
Müqəddəs Kitabda qəzəbi boğmaq üçün ağlını işlədərək ona
səbəb olan məsələni hərtərəfli araşdırdıqdan sonra qərar vermək,
(Məsəllər 19:11) münaqişə yaranan yerdən uzaqlaşmaq, (Məsəllər
17:14) qəzəblənməyə meylli insanlarla oturub-durmamaq, (Məsəllər
22:24-25) hisslərimizin bizi yox, bizim hisslərimizi idarə etməmiz
(Məsəllər 29:11) tövsiyə olunur:
“İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq
ona şərəf gətirər.” (Məsəllər 19:11)
“Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava
başlanmamış münaqişəni tərk et.” (Məsəllər 17:14)
“Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.


Click to View FlipBook Version