51
Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan.”
(Məsəllər 22:24-25)
Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
(Məsəllər 29:11)
Valideynlərə ehtiram və qayğı ilə yanaşmaq
Ana-ataya qarşı yaxşı davranmaq, onlara mərhəmət göstərmək
Quranın müxtəlif ayələrində təkrar-təkrar bildirilmiş bir hökmdür:
“Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl
davranmağı) tövsiyə etdik...” (“əl-Ənkəbut” surəsi, 8)
“Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl
davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik...” (“əl-Əhqaf”
surəsi, 15)
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi
(onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların
biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün
çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz
söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət
qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən
(nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”-
de. (“əl-İsra” surəsi, 23-24)
Quranın bu ayəsi bizə eyni zamanda ana-ataya qarşı göstəriləcək
olan mərhəmətin ölçüsünü də verir. Allah “onlara: “Uf!” belə demə,
üstlərinə qışqırma və onlara xoş söz söylə!” (“əl-İsra” surəsi, 23)
ifadəsiylə möminlərə, valideynlərlə rəftarda ən kiçik bir hörmətsizliyi,
52
ya da mərhəmətsizliyi qadağan etmişdir. Bu səbəbdən, möminlər öz
yanlarında yaşlanaraq, taqətdən düşmüş ana və atalarına qarşı son
dərəcə hörmətlə, nəzakətlə, təmkinlə və qayğıkeşliklə davranarlar.
Onların rahatlığını təmin etmək üçün əllərindən gələni edərlər.
Yaşlılığın gətirdiyi çətinlik və əziyyətləri nəzərə alar və onlar hələ
dilə belə gətirmədən bütün ehtiyaclarını anlayışla və şəfqətlə aradan
qaldırmağa cəhd edərlər. Həm maddi, həm də mənəvi baxımdan
əskiklik və sıxıntı çəkməmələri üçün bütün imkanlarını səfərbər
edərlər. Nə olursa olsun, mülayim və hörmətkar üslublarından güzəştə
getməzlər.
Ancaq bütün bunlarla yanaşı, möminlərin hətta valideynlərinə
belə güzəştə gedə bilməyəcəkləri bir istisna hal vardır. İman edən
kəslərin ana-ataları bəzən inancsız, yaxud Allahı inkar edən şəxslər
ola bilər, hətta onun inancına qarşı çıxa, müdaxilə etməyə çalışa
bilərlər. Belə hallarda da mömin şəxs yenə gözəl sözlərlə və könül
oxşayan bir üslubla onları doğru yola dəvət etməli və öz imanını
valideynlərinin xətrinə olsa belə dəyişdirməməlidir. Qurani-Kərimdə
İbrahim peyğəmbərlə atası arasında keçən dialoqlar bizə belə bir
vəziyyətdə istifadə ediləcək üslub və sərgilənəcək davranış barəsində
yol göstərir. Həzrət İbrahim, bütlərə sitayiş edən atasını bu sözlərlə
haqq dinə dəvət etmişdir:
“(Ya Rəsulum!) Kitabda (Quranda) İbrahimi də yad et (onun
hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru
danışan kimsə (siddiq) – bir peyğəmbər idi. O, bir zaman atasına
belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç
bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan!
Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir
53
(sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca
gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!Atacan!
Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi
olmuşdur! Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə
bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) Şeytana yoldaş olasan!”
(“Məryəm” surəsi, 41-45)
Ancaq Həzrət İbrahimin atası kimi, bəzən belə gözəl bir üslub
və hörmətli bir rəftarla edilən çağırışa məhəl qoymayan kəslər də
ola bilər. Mömin buna baxmayaraq, Allahın bu istiqamətdəki əmrinə
görə, yaşlı və qayğıya möhtac olan ana və atasına qarşı olan hörmət
və mərhəmətli rəftarını dəyişdirməz. Ancaq yanlış bir inanc içərisində
yaşadıqları üçün onların din barəsindəki təbliğlərinə uymaz və bu
barədə onlara itaət etməz. Çünki mömin üçün din barəsində tək yol
göstərici Allahın əmrləridir. Allah möminin belə bir vəziyyətdə necə
davranmalı və nə etməli olduğunu belə açıqlamışdır:
“Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına
cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya
işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf
dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət
günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə
etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (“Loğman” surəsi, 15)
İslam dini böyüklərə hörmətsizlik göstərən müsəlmanı təkcə
yüngül bir qınaqla deyil, həmçinin sərt cəzalarla xəbərdarlıq etmişdir.
“Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən
bizdən deyil!” (Bihar, 72-ci cild, səh-458; Tirmizi, Birr 15; Əbu Davud,
Ədəb 58). Alimlər hədislərdə vurğulanan “bizdən deyildir” ifadəsini
“haram əmələ və ya böyük günaha yol vermişdir” kimi açıqlamışlar.
54
Cəmiyyətin varlığını qoruyub saxlayan, böyüklərlə kiçikləri bir-birinə
bağlayan, cəmiyyətin hər bir fərdi arasında mehribançılıq toxumu
səpən bu meyar müstəsna əhəmiyyətə malikdir. Başqa bir hədisdə isə
buyurulur: “Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah
da ona rəhm etməz.” (Cərir).
Böyüklərə hörmət etmək, kiçiklərə qayğı göstərmək cəmiyyəti
yaşadan ən əsas prinsiplərdən biridir. Kiçikliyində qayğıdan məhrum
olan fərdlər ömürlərinin qalan hissəsini bu duyğudan məhrum halda
yaşayacaqlar. Bu amil isə cəmiyyətdə yeni problemli məsələlərin
ortaya çıxmasına səbəb olacaqdır. Ömürlərini övladlarına həsr etmiş
valideyinlərin özlərinin qayğıya möhtac olduqları bir vaxtda yanlarında
olmaq hər bir övladın üzərinə düşən əsas insani vəzifələrdəndir.
Bəzən biz valideynlərini qocalar evinə atan övladları, gələcəklərini
düşünməyərək övladlarından imtina edən valideynləri görə bilərik.
Halbuki, bir çox ziyalı və mütəfəkkirlərimiz bu davranışın məqbul
hesab edilmədiyini dəfələrlə vurğulamışlar.
Böyüklərə hörmət həm də ona görə əhəmiyyətlidir ki, bizim
dünyaya gəlməyimizdə, şəxsiyyət kimi formalaşmağımızda onların
rolu böyükdür. Danılmaz faktdır ki, Uca Yaradan məhz onların
vasitəsilə bizə bu dünyanı bəxş etmişdir. Bütün bunları nəzərə
alsaq, böyüklərimizin bizim üzərimizdə nə qədər böyük haqqlarının
olduğu aşkardır. Bunun üçün hər bir insan ilk növbədə onu dünyaya
gətirən, körpə vaxtlarından onun qayğısını çəkən, boya-başa çatdıran
valideynlərinə qarşı həlim və mehriban olmalıdır. Peyğəmbərimiz (s)
buyurmuşdur: “Valideyn razı qalarsa, Allah da razı qalar. Valideyn
qəzəblənərsə, Allah da qəzəblənər”. (Ət-Tirmizi).
Ailədə uşaqlar hər zaman valideynlərlə məsləhətləşməli və
55
onların məsləhətlərinə əməl etməlidirlər. Belə münasibət uşaqlarda
böyüklərə hörmət düşüncəsinin inkişaf etməsinə kömək edəcəkdir.
Valideynlərin öz ata və analarına qarşı hörmətlə davranması uşaqlar
üçün gözəl təlim və tərbiyə nümunəsidir. Valideynlər öz ata və
analarına münasibətlərində ehtiramla və nəvazişlə davranarlarsa,
uşaqlar da bunu vəzifə kimi qəbul edərək, valideynlərinə və başqa
böyüklərə hörmətlə yanaşmağa çalışarlar. Ümumiyyətlə ailə daxilində
böyüklərlə kiçiklər arasında mehribançılıq və qarşılıqlı hörmət
ailənin möhkəmliyinin göstəricisidir. İmam Əli (ə) bu barədə belə
buyurur: “Ailənin kiçiyinə mərhəmət göstər, böyüyünə isə hörmət”
(Bihar, 72-ci cild).
Böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Bu
ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim
tarixi köklərə söykənir. Əcdadlarımız özündən böyüklərə, kiçiklərə və
ətrafdakı insanlara daim qayğı göstərmiş, onlara sevgi ilə yanaşmış,
kimliyindən asılı olmayaraq hər kəsə ehtiramla davranmağa
böyük önəm vermişlər. Böyüklərə hörmət hissi əsrlər boyunca
əcdadlarımız tərəfindən cilalanmış, insanın mənəvi dünyasının
bütün xüsusiyyətlərini özündə ehtiva edən formada nəsildən-nəslə
ötürülmüş və müasir gənc nəsilə çatdırılmışdır. Həmin tərbiyə metodu
günümüzdə istər ailədə, istərsə də cəmiyyətdə etik norma kimi əsas
yer tutur.
“Atana və anana hörmət et” əmrinə İncildə tez-tez rast gəlinir:
“Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et...” (Matta
15:4)
“Ata-anana hörmət et...” (Matta 19:19)
56
“İçində vəd olan ilk əmr budur: “Ata-anana hörmət et ki, xoş
güzəranın və yer üzündə ömrün uzun olsun.” (Efeslilərə 6:2, 3).
“Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə.
Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”.
(Mark 10:19, Luka 18:20)
Bu əmrə dörd əsas amil daxildir.
1. Onların qədrini bilin. Ata-anaya hörmətiniz onların
etdiklərini nə dərəcədə qiymətləndirdiyinizdən görünəcək. Həmçinin
bunu onların verdikləri öyüd-nəsihətləri dinləməklə də göstərə
bilərsiniz:
Oğlum, qoy sözlərim qulağında qalsın,Əmrlərimi qoruyub saxla.
Əmrlərimə bağlı qal ki, ömrün uzun olsun, Nəsihətimi göz bəbəyin
kimi qoru. (Məsəllər 7:1-2)
Sənə həyat verən atana qulaq as, Birçəyi ağarıb deyə anana
xor baxma. Oğlum, qəlbini mənə ver. Qoy gözlərin yollarımdan həzz
alsın. (Məsəllər 23:22,26 ).
Müqəddəs Kitab bizi valideynləri “şərəfimiz” kimi görməyə,
yəni onlarla fəxr etməyə səsləyir:
Nəvələr ahılların tacıdır,Oğulların da şərəfi atalardır. (Məsəllər
17:6).
2.Onların səlahiyyətlərini qəbul edin. Ata-anaya hörmətiniz,
xüsusilə, gənc yaşınızdaykən Allahın onlara verdiyi səlahiyyəti qəbul
etməyinizdən görünəcək. “Ey uşaqlar, hər şeydə valideynlərinizin
sözünə qulaq asın...” (Koloslulara 3:20) ayəsində gənclər hər şeydə
valideynlərinin sözünə qulaq asmağa təşviq olunur.
3.Onlarla hörmətlə davranın “Qoy hər kəs ata-anasına
57
hörmət etsin”. (Lavililər 19:3). Bu, əsasən, nə dediyimizdən və hansı
tərzdə dediyimizdən görünəcək. Düzdür, bəzi valideynlər hərdən elə
davranırlar ki, onlara hörmət etmək çətin olur. Hətta bu halda belə,
uşaqlar hörmətsiz danışıq və davranışdan çəkinməklə valideynlərinə
ehtiram göstərə bilərlər (Məsəllər 30:17) Müqəddəs Kitabda ata və
ana ilə təhqiredici şəkildə danışmaq ciddi günah hesab olunur: “Çünki
Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını
söyən adam öldürülməlidir” (Matta 15:4)
4.Onların qeydinə qalın. Valideynlər yaşlandıqca köməyinizə
ehtiyac duya bilər. Onların qeydinə qalmaq üçün əlinizdən gələni
edəndə ata və anaya hörmət etdiyinizi göstərirsiniz: “Lakin əgər bir
dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə
yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi
öyrənsinlər. Çünki bu, Allahı razı salır. Öz yaxınlarının, xüsusən, ailə
üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan
betərdir.” (1 Timoteyə 5:4,8)
Xristianlıqda da İslamda olduğu kimi ata-anaya itaət mütləq
mahiyyət daşımır. Belə ki, xristianlığa görə də valideynlər övladlarının
etiqadına müdaxilə etməyə çalışarsa, o, onlara itaət etməyə borclu
deyildir. “...İnsana deyil, Allaha itaət etmək daha vacibdir.”
(Həvarilərin işləri 5:29))
Tövratda da valideynlərə hörmət etmək tövsiyə olunur:
“Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda
ömrün uzun olsun.” (Çıxış 20:12)
Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki,
ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş
güzəranın olsun. (Qanunun təkrarı 5:16)
58
Qonşuluq haqqına riayət etmək
Səmavi dinlərdə mərhəmətin təzahürü və birgəyaşayış
normalarından biri kimi qonşuluq haqqına da çox böyük əhəmiyyət
verilmişdir. Belə ki, insan sosial varlıq olaraq birgəyaşayışa möhtacdır
və başqalarına heç bir faydası olmayan, biganə insan cəmiyyət üçün
lazımsız fərdə çevrilir. Bu səbəbdən insan ətrafındakılara, xüsusən
qonşularına yaxşılıq etməyi bacarmasa belə, ən azından onlara
pislik etməməlidir ki, bu da yaxşılığın ən aşağı həddi hesab olunur.
Qonşularla necə davranmaqla bağlı Qurani-Kərimin “ən-Nisa”
surəsinin 36-cı ayəsində buyurulur:
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-
anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq
qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda
qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz
qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri,
lovğalıq edənləri sevməz!” (“ən-Nisa” surəsi, 36).
Ayədə Allah qonşuları yaxın və uzaq olmaqla iki qrupa bölür
və onların hər ikisini ayrı-ayrılıqda xatırladır. Bəzi təfsirçilər bu iki
dəstəni qohum olan qonşular və yad qonşular kimi təqdim etmişlər.
Bəzi alimlər birinci dəstəyə İslam dinində olan müsəlman qonşuların,
ikinci dəstəyə başqa dində olan qonşuların aid olduğunu yazmışlar.
Bəzi təfsirlərdə isə göstərilib ki, birinci dəstəyə səninlə eyni əqidə və
fikri bölüşən qonşular aiddir, ikinci dəstə isə səninlə fərqli əqidəyə və
düşüncəyə sahib olan qonşulardan ibarətdir.
Kimlər qonşu sayılır? Bu sualın cavabı Məhəmməd Peyğəmbərin
59
(s.ə.s.) bir hədisində belə ifadə olunub: “(Adamın evinin) həm qabaq,
həm arxa tərəfindən, həm sağından, həm də solundan 40 evin hər biri
qonşu sayılır” (əl-Kafi, 2-ci cild, səh. 669).
Bir çox mötəbər hədis kitablarında qonşuluq haqqına riayətin
əhəmiyyətini vurğulayan belə bir hədisi-şərif yer alır:
“Cəbrail mənə qonşu haqqında elə təkidlə tövsiyələr verdi ki, elə
bildim, qonşunu qonşuya varis edəcək. (Buxari, “Ədəb” 28; Müslim,
“Birr” 141)
Nəzərə alanda ki, insanın varisi onun anası, atası, övladları,
həyat yoldaşı kimi yaxınlarıdır, o zaman Həzrət Peyğəmbərin (s.ə.s.)
bu sözündən qonşu haqqının necə əhəmiyyətli bir məsələ olduğu
anlaşılır.
Başqa bir hədisdə isə qonşuluq haqqı imanla əlaqələndirilir:
“Kim Allaha və axirət gününə inanırsa, qonşusuna yaxşılıq
etsin...” (Müslim, “İman” 74; Buxari, “Ədəb” 31)
Gördüyümüz kimi, burada qonşulara yaxşılıq etmək kamil
möminliyin bir şərti kimi göstərilmişdir.
Başqa bir hədisdə ehtiyacı olan qonşusundan maddi-mənəvi
dəstəyini əsirgəyənlərə onları axirətdə gözləyən pis aqibət barədə
sərt şəkildə xəbərdarlıq edilir: “Kim haqsız yerə qonşusunu incitsə,
Allah ona cənnətin ətrini haram edər və onun yeri cəhənnəm alovu
olar. Şübhəsiz, Allah sizdən qonşu haqqını mütləq soruşacaq. Kim
qonşusunun haqqını zay etsə, bizdən (yəni müsəlman ümmətindən)
deyil. Kim qonşusunun ehtiyacı olduğu halda ondan maunu (zəkatı,
maddi-mənəvi dəstəyi) əsirgəsə, Allah da qiyamət günündə ondan
öz mərhəmətini əsirgəyər və onu özbaşına buraxar. Allah hər kimi
özbaşına buraxsa (yəni öz mərhəmətindən uzaq salsa), o, həlak olar
60
və Allah onun üzrünü qəbul etməz!” (Vəsail əl-şiə, 5-ci cild, səh.
340-341).
Qonşu haqqının ağırlığını təsəvvür etmək üçün bir çox mənbələrdə
keçən bu hədisə nəzər salmaq kifayətdir. İmam Muhəmməd Baqir (ə)
Həzrət Peyğəmbərdən (s) rəvayət edir: “Qonşusu ac ikən özü tox halda
yatan adam mənə (yəni mənim peyğəmbərliyimə) iman gətirməyib.”
(əl-Kafi, 2-ci cild, səh. 668, əl-Hakim, əl-Müstədrək, 2/15)
Bir gün İslam Peyğəmbəri (s) öz səhabələrindən soruşur: “Qonşu
haqqının nə olduğunu bilirsinizmi? Siz qonşu haqqı barədə az şey
bilirsiniz!” Sonra belə davam edir: “Qonşusu onun əlindən amanda
olmayan (yəni qonşusuna əziyyət verən) adam Allaha və qiyamət
gününə iman gətirməyib. Qonşunun o biri qonşu üzərində haqqı budur
ki, borc istəyəndə versin, ona xoşbəxtlik üz verəndə təbrik etsin, başına
müsibət gələndə onu ovutsun. Öz evini elə tiksin ki, divarı qonşunun
evinə əsən küləyin qarşısını almasın (əgər qonşu icazə versə, eybi
yoxdur). Əgər evə meyvə alıb gətirsə, qonşuya ondan pay versin. Əgər
pay vermirsə, meyvəni evə gizli gətirsin (yəni qonşuya göstərməsin).
Öz uşağını qoymasın ki, çöldə o meyvədən yeyib qonşu uşağını iştaha
gətirsin” (Fəttal Nişaburi. Rövzət əl-vaizin, 2-ci cild, səh. 293-294).
Qonşuluq haqlarına riayət etmək barədə İmam Cəfər Sadiq (ə)
buyurub: “Yaxşı qonşuluq (yəni qonşu haqlarına riayət etmək) ölkəni
abad edər, ömürləri uzadar” (Vəsail əl-şiə, 12-ci cild, səh. 125).
Hədisdən belə anlaşılır ki, qonşuluqda yaxşı davranmaq təkcə bunu
edən fərdlərə deyil, bütün cəmiyyətə xeyir-bərəkət gətirər, insanlara
Allahın razılığını qazandırar. Əksinə, qonşu haqlarını pozmaq,
qonşular arasında düşmənçlik və soyuqluq yaratmaq həm xeyir-
bərəkəti aradan qaldırar, həm də ömrü qısaldar.
61
Başqa bir hədisdə qonşularla pis davrananların ibadətlərinin
belə onlara fayda verməyəcəyi vurğulanır. Həzrət Peyğəmbərdən iki
qadının əməlləri ilə bağlı soruşdular:“Filan qadın gündüzlər oruc
tutur, gecələr namaz qılır və bol sədəqə verir, amma dili ilə qonşuları
incidir”. Peyğəmbər (s) buyurdu: “O ibadətlərin ona faydası yoxdur,
o qadın cəhənnəmə layiqdir”. Dedilər: “Filan qadın isə yalnız vacib
gündəlik namazları qılır, yalnız Ramazan ayında oruc tutur, amma
qonşusunu incitmir”. Allahın Rəsulu (s) buyurdu: “O qadın behişt
əhlidir” (Müstədrək əl-Vəsail, 8-ci cild, səh. 423-424).
Xristianlıqda da qonşu haqqına riayət etmək ən vacib
hökmlərdəndir. İncildə qonşuya qarşı münasibətimizin ölçüsü,
mahiyyəti belə ifadə olunub:
“Bütün Qanun tək bir sözdə tamamlanır: “Qonşunu özün kimi
sev”. (Qalatiyalılara 5:14)
“Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu
qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur. Belə
ki, “zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma” və bunlardan
başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: “Qonşunu
özün kimi sev”. Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə
də məhəbbət Qanunun tamamlanmasıdır. (Romalılara 13:8,10)
Göründüyü kimi, Müqəddəs Kəlamda qonşuluq münasibətlərində
əsas meyar sevgi hesab edilir və qonşusuna sevgi ilə yanaşan birinin
ona zərər verməyəcəyi, pislik etməyəcəyi bildirilir.
İncildə həmçinin, qonşunu sevməyin əbədi həyata sahib olmaq
üçün bir vəsilə olduğu vurğulanır:
“Bir adam İsanın yanına gəlib dedi: “Müəllim, mən nə yaxşılıq
etməliyəm ki, əbədi həyata malik olum?” İsa ona dedi: “Nə üçün
Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır.
62
Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət
et”. O adam İsadan “Hansı əmrlərə?” deyə soruşdu. İsa da dedi:
“Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-
anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”. (Matta 19:16-
19)
Xristianlıqda da İslamda olduğu kimi qonşuluq haqqına riayət
etmək ən vacib məsələlərdən hesab olunur. Hətta, İncildə Allah
sevgisindən sonra ikinci ən mühüm əmrin qonşunu özün kimi sevmək
olduğu bildirilir:
“Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə
toplaşdılar. Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə
Ondan bunu soruşdu: “Müəllim, Qanunda ən böyük əmr hansıdır?”
İsa ona dedi: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün
düşüncənlə sev”. Bu, böyük və əsas əmrdir. Buna bənzəyən ikincisi
budur: “Qonşunu özün kimi sev”. Bütün Qanun və Peyğəmbərlərin
sözləri bu iki əmrə əsaslanır”. (Matta 22:34-40; Mark 12:31; Luka
10:25-28)
Yəhudilikdə də qonşuya pislik etmək ən böyük günahlardan
hesab olunur və möminlərə qonşusunu özü kimi sevmək əmr olunur:
“Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət
haqqını axşamdan səhərəcən özündə saxlama”. (Levililər 19:13)
“Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini
istəmə. Rəbb Mənəm.” (Levililər 19:16)
“...qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla birlikdə
öldürülməlidir”. (Levililər 20:10)
“Lakin kiminsə qonşusu ilə ədavəti varsa, pusquda durub onu
izləyərsə, hücum edərək onu vurub öldürərsə və bu şəhərlərdən
63
birinə qaçarsa, bu adamın şəhərinin ağsaqqalları adam göndərib
onu oradan götürüb öldürmək üçün qan qisası alana təslim etsin”.
(Qanunun təkrarı 19:11-12)
“Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi
torpaqda alacağınız mülkdə qonşunuzun əvvəlki adamlar tərəfindən
qoyulan sərhədini dəyişdirməyin”. (Qanunun təkrarı 19:14)
“Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin
saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm”. (Levililər
19:18)
Tövratda qonşuya qarşı səxavətli olmaq, maddi-mənəvi dəstəyini
ondan əsirgəməmək, hətta ehtiyac olduqda onun borcunu bağışlamaq
tövsiyə olunur:
“Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam
evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər
kəsin yeyəcəyinə görə bölsün”. (Çıxış 12:4)
“İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
Yanında sakit yaşayan qonşun üçün Şər qurma”. (Süleymanın
məsəlləri 3:28-29)
“Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs
qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu
geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların
bağışlanma ili elan edilmişdir”. (Qanunun təkrarı 15:2)
“Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən
nə bəxtiyardır!” (Süleymanın məsəlləri 14:21)
64
Yalan danışmamaq
Yalan-əxlaqi rəzillik və ictimai nizamsızlıq olaraq, yanlış söz,
həqiqətə əks olan haqsız danışıq deməkdir. Yalan, riya olduğun kimi
görünməmək, yaxud göründüyün kimi olmamaqdır. Nifaq və yalan
- bir medalyonun iki üzüdür. Əgər bir kəs bəyənilməmiş, çirkin
bir iş görərsə, yalanla öz mənfi işini ört-basdır etməyə, başqalarını
aldatmağa çalışacaqdır. İnsanları aldatmağa vərdiş etmək nəticəsində
şəxs elə duruma düşə bilər ki, artıq öz eyibini hiss etməsin. Yalançı
ictimai həyatda şəxsiyyət və etibarını düzəltməyə çalışar. Buna görə
də yeni yalanlar danışar. Yalan bir daha göstərər ki, yalançının zahir
və batini arasında uyğunluq yoxdur. Yalan və yalançı bu baxımdan
eynidirlər.
Yalan danışan şəxs öz davranışlarını yenidən düzəltmək üçün
səy göstərərək, çalışar ki, cəmiyyətə doğru şəxs kimi görünsün.
Şəxsi yalan söyləməyə vadar edən amillər ya başqasının qüdrətindən
qorxması, yaxud da mənfəət əldə etmək ehtirasıdır. Ancaq nifaqda
əsas amil gücdən qorxmaqdır. Bu, onu mənfəətdən məhrum edə bilər.
Ya da ona təzyiq göstərə bilər. Onu elə bir işə vadar edər ki, onun
etiqadı ilə uyğun gəlməz. Ona görə də demək olar ki, yalan ilə nifaq
arasında ümumi və xüsusi rabitə vardır.
Quran yalan ilə doğrunu bir-birindən ayırmanın yolunu bunda
görür ki, bir şəxs öz inanc və etiqadına müxalif olan söz danışarsa,
həqiqətdə yalan danışmış olar. Hətta əgər onun sözündə haqlı hissə
olsa belə, ancaq onun adətinə uyğun gəlmədiyi, sözü ilə adətinin
fərqli olduğu üçün yalan söz hesab edilər:
65
“(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına
gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri
olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi
Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı
olduqlarına şəhadət verir”. (“əl-Münafiqun” surəsi, 1)
Beləliklə ola bilsin ki, bir şəxs elə söz deyər ki, yanlış və haqsız
olar. Ancaq bu adam heç vaxt yalan danışmadığından onu yalanda
ittiham etmək olmaz. Əksinə, yalançı insan düz söz danışarsa, bu,
onun yalançı kimi tanınmasını aradan aparmaz. Çünki o, öz adətinin
əksinə olaraq, düz söz danışmışdır. Ona görə də yalanı doğrudan
ayırmanın yolu həmin şəxsin və ya söz danışanın adət və meyarından
asılıdır.
Qurani-Kərimdə yalanın bir neçə amilindən bəhs olunur. Quran
yalanın əsas mənşə və mənbəyini İblisdə görür və yalanın əsasını
qoyanın şeytan olduğu barədə insana xəbərdarlıq edir. Şeytan o
kəsdir ki, bu yolla öz çirkin əməllərinə çatmaq istər. Elə bir varlıqdır
ki, insanları yalan söyləməyə təşviq edər. Quran insanın yaradılışı
haqda məlumat verərkən bildirir ki, İblis öz hədəfinə çatmaq, insanı
xar və rüsvay etmək üçün yalana əl atır. İlk məxluqdur ki, bu yolla
öz hədəfinə çata bilir. Belə görünür ki, yalan danışmayan iblis heç
bir vaxt insanı yolundan azdıra bilməz, ancaq o, insanı yolundan
azdırmaq üçün yalandan and içir. Quran insana xəbərdarlıq edir ki,
şeytan və onun dostları yalançıları yalan danışmağa həvəsləndirər:
“(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə
xəbər verimmi?”
“Onlar hər bir yalançıya, günahkara nazil olarlar”. (“əş-
Şüəra” surəsi, 221,222).
66
Başqa bir amil paxıllıqdır. İnsan başqalarına paxıllıq edərkən
yalan danışar və çirkin əxlaqa giriftar olar. Buna misal - Yusif
peyğəmbərin (ə) qardaşlarıdır. Onlar Yəqubun (ə) etimadını qazanmaq
və mənfəətə çatmaq üçün yalan danışırlar. (“Yusuf” surəsi, 9, 11).
Şübhəsiz ki, yalan bir çox əxlaqi çirkinliklər yaradar. Bu cəhətdən
demək olar ki, paxıllıq İblisin küfr etməkdə ən mühüm amilidir.
Quran başqa amil kimi günahı göstərmişdir. Həqiqətən, yalan
danışmağın kökləri günaha qayıdır. Ona görə də “əl-Casiyə” surəsinin
7-ci ayəsində buyurulur: “Yalana dadanmış, günaha düşkün hər
kəsin vay halına!” Bu ayədə günah - yalanın amili və səbəbi kimi
göstərilir. Quran hiyləni də yalanın amillərindən hesab edir. (“Yusuf”
surəsi, 25, 28) Bu ayələrdən göründüyü kimi, şəxs öz çirkin rəftarını
izah etmək üçün başqa rəftarla özünə bəraət qazandırar. Ona görə də
hiylə və məkr də bu üslubdan sayılar.
Yalan bütün dinlərdə bəyənilməmiş və çirkin əməl hesab edilir.
Ancaq əfsus ki, çox və az miqdarda, insanların çoxu ondan istifadə
edir, öz inanc və adətlərinin əskinə olaraq, yalan danışırlar. İnsanların
bəziləri digərlərindən daha çox yalana meyl göstərirlər. Bu insanlar o
kəslərdir ki, şəxsiyyət baxımından özlərini günaha batırarlar. Ancaq
hər yerdə öz qanunsuz davranışlarını həyata keçirtmək üçün yalana
əl atarlar. Onlar yalan vasitəsilə öz əməllərini bəyənilən əməl kimi
göstərməyə çalışarlar.
Bəziləri bu fikirdədirlər ki, günahın amili yalandır və yalan
danışmaqdır. Baxmayaraq ki, günahın səbəbinin kökləri başqadır,
ancaq insanın günaha meylinin artmasında yalan danışmağı əsas amil
kimi görürlər. Hər bir əxlaqsız rəftar insanda, cəmiyyətdə, dünya və
axirətdə öz təsirini qoyar. Yalanın ən mühüm ictimai təsiri insanların
67
etimadını itirməkdir. İnsanlar arasında yalanın artması, onların bir-
biri haqda düzgün nəticə çıxarmasına mane olur. İnsanlar bir-biri
ilə ünsiyyət bağlayarkən bir-birinə etimad göstərməzlər. Bu məsələ
atalar sözlərimizdə çox gözəl ifadə olunub:
“Yalançının evi yandı, heç kəs inanmadı.”
“Yalan ayaq tutar, yeriməz.”
“Yalanın ömrü qırx gün olar.”
Qurani-Kərim yalanın göstərdiyi başqa bir təsiri, yalanın
yalançının özünə vurduğu ziyanda görür:
“Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir)…”
(“əl-Ğafir” surəsi, 28).
Quran insanlardan istəyir ki, yalandan çəkinsinlər: “...yalan
sözlərdən də çəkinin”. (“əl-Həcc” surəsi, 30) Çünki yalan ilk növbədə
onu söyləyənə ziyan vurar. (“Ali-İmran” surəsi, 94, “əl-Ənam” surəsi,
21, 93 və 144). Dünyada vicdandan məhrum olarlar. (“Yunus” surəsi,
69, “ən-Nəhl” surəsi, 116). İlahi hidayətdən bəhrələnə bilməzlər. (“əl-
Ğafir” surəsi, 28). Axirətdə üzüqara olarlar. (“əz-Zumər” surəsi, 60)
Quran yalanı insanın qəlb xəstəliklərinin artmasına səbəb olan amil
kimi tanıdır. (“əl-Bəqərə” surəsi, 8, 10). Ayələrdən göründüyü kimi,
bu kimi insanlar batini həqiqətlərdən məhrum olarlar. (“əl-Casiyə”
surəsi, 7,8) Nəhayətdə dünyada yalan danışaraq, münafiqlərin
sırasına daxil olarlar. (“ət-Tövbə” surəsi, 77). Yalan insanın şəxsiyyət
balansının pozulmasına səbəb olar. İnsan öz şəxsiyyət balansını
itirməmək, nifaqdan uzaq olmaq üçün yalandan çəkinməlidir. Çünki
yalan bütün günahların qapısıdır. Əgər o qapı bir dəfə açılarsa, onu bir
daha bağlamaq çətin olar.
68
İslamda yalan danışmaq böyük günahlardandır. Həzrət
Peyğəmbər bu barədə buyurmuşdur:
“Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir.”
(“Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 100.)
“Sizə ən böyük günahlardan xəbər verimmi?! Ən böyük günah
Allaha şərik qoşmaq, ata-anaya qarşı pis rəftar etmək və yalan
danışmaqdır.”
(“Cameus-səadət”, 2-ci cild, səh. 322.)
“Yalan insanın üzünü qara edir.” (“Müstədrəkül-vəsail”, 2-ci
cild, səh. 100.)
İmam Baqir (ə) buyurur ki, Əli ibn Hüseyn (ə) öz övladlarına belə
nəsihət edirdi: “Yalandan çəkinin, istər kiçik olsun, istərsə də böyük.
Çünki kiçik yalan insanı böyük yalanı danışmağa cürətləndirir. Məgər
bilmirsiniz ki, Allahın Rəsulu (ə): «Bəndə həmişə doğru danışarsa,
Allah onu doğru danışanların cərgəsində, yox əgər ömrü boyu yalan
danışarsa, onun adını yalançıların sırasına yazar”-deyə buyurub?!”
(“Üsuli-kafi”, 2-ci cild, səh. 338.)
Yalan münafiqlik əlamətidir. Həzrət Peyğəmbəri-Əkrəm (s)
buyurmuşdur: “Hətta oruc tutub namaz qılsa və özünü müsəlman
bilsə də, üç xislətə malik olan şəxs münafiqdir: Əmanətə xəyanət
etmək, yalan danışmaq və vədinə xilaf çıxmaq.” (“Vəsailuş-şiə”, 11-
ci cild, səh. 269.)
İmam Əli (ə) buyurmuşdur: “Yalan danışmağı – istər zarafat,
istərsə də ciddi olsun, – tərk etməyən bəndə imanın ləzzətini dada
bilməz.” (“Üsuli-kafi”, 2-ci cild, səh. 34, hədis: 11.)
Yalançı İlahi hidayətdən məhrum olar. Allah-Təala buyurur:
“Allah yalançı və nankor olan kimsəni doğru yola müvəffəq etməz.”
69
(“əz-Zümər” surəsi, 3)
Qurani-Kərimin başqa bir ayəsində buyurulur: “Şübhəsiz ki,
Allah həddi aşanı və yalançını hidayət etməz.” ( “əl-Mömin” surəsi,
28-ci ayə.)
İmam Əli (ə) yalançı şəxs barəsində buyurmuşdur: “Yalançı
ilə yaşamaq sənə yaraşmaz; çünki sənin sözlərini başqalarına,
başqalarının sözlərini də sənə danışar. Birini qurtaran kimi o birini
üstünə artırar. İş o yerə çatar ki, əgər düz danışsa belə, heç kəs
inanmaz. Yalançı camaat arasında düşmənçilik və ədavət yaradaraq,
ürəklərə kin-küdurət toxumu səpər. Elə isə, Allahdan qorxun və təqvalı
olmağa adət edin, ehtiyatlı olun, görün kimlərlə dostluq edirsiniz.”
(“Üsuli-kafi”, 2-ci cild, səh. 639, hədis: 1.)
İslam dininə görə bəzi istisna hallarda yalan danışmağa icazə
verilir:
1.Zəruri hal və çarəsizlik zamanı:
2.İnsanlar arasında sülh və barışıq yaratmaq məqsədilə:
3.Döyüşdə hiylə işlədən və həyat yoldaşına vədə verən zaman:
Xristianlıqda da yalan danışmaq mənfi bir xislət kimi
dəyərləndirilir:
“Çünki ürəkdən pis fikirlər.. yalançı şahidlik və küfr çıxar.”
(Matta, 15: 19) “Bir-birinizə yalan danışmayın..” (Koloselilərə, 3: 9)
Yəhudilikdə də yalandan uzaq durmaq tövsiyə olunur və
yalançıların təmizə çıxarılmayacağı barədə xəbərdarlıq olunur:
“..Bir-birinizə yalan satıb aldatmayın.. Adıma yalandan and
içməyin..” (Levililər, 19: 11-12)
“Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız
adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə
70
çoxları ilə birləşərək ədaləti təhrif edib, yalançı şahid olmayın. (Çıxış,
23: 1-2)
“Yalan işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə.
Çünki Mən haqsıza bəraət qazandırmayacağam.” (Çıxış, 23:7)
Əmanətə xəyanət etməmək
Səmavi dinlərin ortaq dəyərlərindən biri də əmanətə xəyanət
etməməkdir. Verilən və əldə olunan hər şey əmanətdir. Əmanətə xəyanət
Allah qatında çox böyük günahlardan sayılır və əmanətə xəyanət edəni
ciddi cəza gözləyir. Dində əmanət geniş anlayışdır; buraya maddi
əmanətlərlə yanaşı mənəvi əmanətlər də daxildir. Bizi əhatə edən aləmdə
hər şey əmanətdir. Hər əmanət isə bir növ nemətdir və bu nemətlər bizə
Allahın əmanətidir. Hər insanın bədəni də, ona verilmiş ömür də bir
əmanətdir, əmanəti qorumaq isə bizim müqəddəs borcumuzdur.
Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Bilə-bilə
Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə
xəyanət etməyin!” (“əl-Ənfal” surəsi, 27).
Quran dəyərlərində əmanətin böyük əhəmiyyəti vardır. Bütün
əxlaqi, siyasi və iqtisadi sahələrə şamil edilir. O cümlədən: Bütün
maddi və mənəvi nemətlər, Peyğəmbər (s), əhli-beyt, insan özü,
qənimətlər, zəkat, xüms, ümumi mallar, dini ehkam, ilahi vacibatlar,
vəzifə və məsuliyyət əmanətdir.
Əmanət deyildiyi zaman bu, yalnız məhdud mənada, yəni verilən
bir şeyi müəyyən müddətə saxlamaq kimi anlaşılmamalıdır. Hər bir
vəzifə və məsuliyyət insan üzərində əmanətdir. Həmin vəzifə lazımi
şəkildə yerinə yetirilməzsə, bu əmanətə xəyanət edildiyi mənasına
71
gəlir. Ona görə də Allahın, Peyğəmbərin (s) əmrinə itaət etməmək və
boynuna düşən vəzifələri yerinə yetirməmək - əmanətə xəyanətdir. İbn
Abbas deyir: “Hər kim İslami göstərişlərindən nəyisə tərk edərsə, bir
növ Allaha və Peyğəmbərə (s) xəyanət etmiş olar”. Həzrət Peyğəmbər
(s) buyurur: «Hər kim əmanətə xəyanət edərsə, hətta oruc tutub,
namaz qılsa belə münafiqdir. Əmanətə xəyanət etməmək - əsas insani
vəzifələrdəndir. Ona görə də müsəlman olmayanların əmanətinə belə,
xəyanət etmək olmaz.
Quran ayələrindən aşağıdakı nəticələri çıxarırıq:
1.Xəyanət imanla bir yerdə tutmaz. İmanı olan insan əmanətdar
olar.
2.Bəzən düşmənə bir işarə vermək belə, xəyanət hesab olunar.
3.Hərbi sirləri vermək də xəyanətdir.
4.Peyğəmbərə (s) xəyanət etmək - Allaha xəyanət etməkdir.
5. Allaha və Peyğəmbərə (s) xəyanət etmək - özünə xəyanət
etməkdir və ziyanı insana çatar.
6. Xəyanət etmək - fitri olaraq çirkin bir işdir.
7. Agah halda xəyanət etmək çox təhlükəlidir, çünki xəyanətin
çirkin olduğunu və onun doğuracağı pis nəticələri bildiyin halda bunu
edirsən.
Əmanət məhdud mənada verilən bir şeyi müəyyən müddətdə
saxlamaq anlamındadır. İnsanın üzərinə qoyulmuş vəzifə və
məsuliyyət də əmanətdir:
“Möminlər əmanətlərini və əhdlərini qoruyub saxlayarlar!”
(“əl-Muminun” surəsi, 8)
“Onlar əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər”
(“əl-Məaric” surəsi, 32)
72
“O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə
yetirərlər;...” (“əl-Bəqərə” surəsi, 32)
“..Əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinliklə və
cihad zamanı səbr edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da
onlardır!” (“əl-Bəqərə” surəsi, 177)
Əhd etmək və əmanət saxlamaq məsələsində əhdə riayət
etməmək, əmanətə xəyanət Allah qarşısında günah sayılır:
“Əhdə vəfa edin.Çünki əhd cavabdehlikdir.” (“əl-İsra” surəsi, 34)
İmam Səccad (ə) buyurub: “Sahibinə əmanəti qaytarana eşq
olsun, and olsun Məhəmmədi (s) Peyğəmbərliyə məbus edən Varlığa
ki, əgər atam Hüseynin (ə) qatili atamı şəhid etdiyi qılıncı mənə
əmanət üçün versəydi (mən də onu qəbul etsəydim), bu əmanətə
xəyanət etməzdim”. Mühüm fərdi və ictimai xüsusiyyətlərdən biri də
əmanətə sadiq olmaqdır. Əmanətə sadiq olmaq - həmin şeyin xətər
və təhlükədən qorunması deməkdir. Əmanət ərəbcə “Əmn” sözündən
götürülmüşdür və etimad mənasını verir. Çünki əmanətə sadiq olmaq
cəmiyyətin xətər və təhriflərdən amanda olmasına, əmin-amanlığa
səbəb olar.
“Əl-Misbahul-Munir” kitabının müəllifi Qəyyami yazır:
“Əmanətin kökü “Əmn” sözüdür. Mənası qəlbin sakitliyi və aramlığı
deməkdir.”
Əmanətin əksi xəyanətdir ki, əqli və dini nəzərdən ən çirkin
xüsusiyyətdir. Baxmayaraq ki, insanların arasında əmanətə sadiq
olmaqdan söz düşəndə, insanların əksəriyyəti bu xüsusiyyəti mal-
dövlətə aid edirlər. Ancaq onun lüğəti mənasına, ayə və hədislərə
nəzər salsaq, əmanətə sadiq qalmağın geniş mənaya və müxtəlif
şaxələrə malik olduğunu görərik.
73
Əmanəti iki hissəyə bölmək olar: mənəvi və maddi hissəyə.
Bunların hər biri də bir neçə hissəyə bölünür. Mənəvi əmanətlərə:
İslamı, Quranı, imanı, namazı və sairi müsal göstərmək olar. Maddi
əmanətlərə isə: depoziti, qərzül-həsənəni, beytul-malı, bankları,
şəxsi maddi qiymətliləri və sairi misal göstərmək olar. Hədislərimizi
tədqiq edəndə, bu nəticəyə gəlmək olur ki, İlahinin ən böyük əmanəti
həmin məsuliyyətdir ki, Allah bəndələrinə verdiyi iradə kölgəsində
onların ixtiyarına qoymuşdur. Buna görə Həzrət Əli (ə) nəql edir ki,
Peyğəmbər (s) vəfat etməmişdən bir saat əvvəl mənə xitab etmişdir:
“Ey Əbül Həsən! Əmanəti istər yaxşı insana aid olsun, istər pis insana,
istər az olsun, istərsə də çox, hətta iynə və ip misalı kimi - sahibinə
qaytar”.
Hədislərdən görmək olur ki, əmanətə sadiq olmaq və əmanətə
xəyanət etməmək çətin bir işdir. İnsan bu yolda ciddi və ehtiyatlı
olmalıdır ki, şeytanın tələsinə düşməsin. İnsan gərək güclü iradəyə
malik olub, şeytan vəsvəsələri qarşısında müqavimət göstərə bilsin.
Qurani-Kərimdə Allah möminləri belə təsvir edir: “Onlar
əmanətlərinə və əhdlərinə riayət edirlər” (“əl-Muminun” surəsi, 8).
Yəni; Qurani-Kərimə görə əmanətə xəyanət edənlər, həqiqi mömin və
ixlaslı abid ola bilməzlər. Allah kəlamında möminlər əmanətə riayət
etməklə mükəlləf tutulur: “Allah sizə əmanətləri öz sahiblərinə
qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə
hökm etmənizi əmr edir...” (“ən-Nisa” surəsi, 58)
İmam Sadiq (ə) əmanətə xəyanət etməməyin əhəmiyyətinə
diqqət çəkərək buyurur: “İnsanların uzun müddət getdikləri rüku və
səcdəyə diqqət etməyin (təkcə onu dinin nişanəsi kimi qəbul etməyin).
Çünki bu elə bir işdir ki, ona adət ediblər, əgər onu tərk etsələr,
74
nigaran olarlar. Ancaq onların düz danışmağına və əmanətə sadiq
olmaqlarına diqqət edin”. Əgər əmanətə sadiq olmasalar, bilin ki,
dində deyillər.
Həzrət Peyğəmbərin (s) bir hədisində əmanətə xəyanət etməyin
hətta insanı dindən çıxara biləcəyi barədə xəbərdarlıq edilir: “O kəs
ki, əmanətə xəyanət edər və onu sahibinə qaytarmaz, bu halda ölsə,
İslam dinində olaraq, ölməmişdir. Çünki, o halda Allahla görüşər ki,
Allah ona qarşı qəzəbli olar”.
Həzrət Peyğəmbər (s) əmanəti qorumaqda o qədər ciddi idi ki,
ona “Əmin” ləqəbi vermişdilər. Belə ki, besətdən qabaq müşriklər
onu görəndə dəyərdilər: “Əmin gəlir.”
İmam Sadiq (ə) buyurur: “Həzrət Əli (ə) Peyğəmbərin (s) yanında
dəyərli məqama iki xüsusiyyətinə görə çatmışdı: düz danışmağı
və əmanətə sadiq olmağına görə”. Həzrət Əlinin (ə) əmanətə sadiq
olmağı bütün işlərdə, xüsusilə də xalqın malını qorumaqda ciddi
əhəmiyyətə malik idi. Onun bəzi dostları ona təklif edirdilər ki,
hökumət işlərinin inkişaf etməsi üçün xalqın malını paylayanda
nüfuz sahiblərinə daha çox pay versin. O, Həzrət də qəzəblə bu
təklifi rədd edərdi və buyurardı: “Mənə əmr edirsiniz ki, öz qələbəm
üçün hökumət etdiyim insanların haqlarına zülm və sitəm etməklə
onlardan istifadə edim? Allaha and olsun ki, nə qədər ki, sağam, gecə
və gündüz vardır, səma ulduzları həmin yerdə doğub və batırlar, heç
bir vaxt belə bir iş görməyəcəyəm. Əgər bu mal mənim də olsaydı,
onların arasında bərabər bölərdim (ədalətə riayət edərdim). O ki,
qalsın ki, Allahın malını bölüm”.
Əmanətlərdən biri də qərzül-həsənədir. Borc alan gərək diqqət
etsin ki, götürdüyü məbləğ əmanətdir. Vaxtı çatanda onu sahibinə
75
qaytarmaq lazımdır. Əgər heç bir üzürlü səbəb olmadan əmanəti
bir saat gecikdirsə, o qədər də xəyanət etmiş olar. Ona görə İmam
Sadiqdən (ə) nəql edilən hədisdə deyilir: “Abdullah ibn Siyabə atası
ilə birlikdə İmam Sadiqin (ə) dostlarından idi. Siyabə dünyadan
köçür, yoxsul olduğu üçün oğlu Əbdürrəhman üçün miras buraxmır.
Siyabənin dostlarından biri Əbdürrəhmanın yanına gəlir. Ona
başsağlığı verəndən sonra min dirhəmi ona borc verir. Əbdürrəhman
həmin pulu qəbul edir və onunla iqtisadi fəaliyyətə başlayır. İşləri
yaxşı gedir və qərara alır ki, Məkkəyə ziyarətə getsin. Anasının
yanına gedir və qərarını ona deyir. Anası ona deyir: Ziyarətə
getməzdən əvvəl atanın dostundan aldığın borcu qaytar. O, atasının
dostunun borcunu qaytarır və təşəkkür edir. Sonra Məkkəyə gedir.
Həcc mərasimini yerinə yetirəndən sonra Mədinəyə gəlir. İmam
Sadiqi (ə) ziyarət etmək üçün onun yanına gedir. İmam Sadiq
(ə) Siyabənin vəfatını eşidəndə çox təəssüflənir. Əbdürrəhmana
başsağlığı verir. Sonra ona buyurur: “Atan sənin üçün miras
buraxıb?” (yəni Məkkəyə hansı pulla getmisən). Cavab verir: “Xeyr,
heç bir miras buraxmayıb”. İmam Sadiq (ə) soruşur: Bəs hansı pulla
Məkkəyə getmisən? Əbdürrəhman borc macərasını ona danışır.
Hələ sözünü bitirməmiş, İmam Sadiq (ə) buyurur: “O min dirhəmi
nə etdin? Sahibinə qaytardın?” Cavab verir: “Bəli, qaytarmışam”.
İmam Sadiq (ə) buyurur: “Əhsən sənə! Düz danışmağına və əmanətə
sadiq olmağına görə sənə eşq olsun”.
Əmanətə xəyanət etməyənlərin üstünlük təşkil etməsi cəmiyyətdə
mənəvi rahatlığa, əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı etimadın
artmasına səbəb olar. Bunun əksi olarsa, qardaşlıq və dostluq
əlaqələri qırılar, insanlar bir-birinə qarşı bədgüman olarlar. İnsanların
76
bir-birlərinə olan güvəninin itməsi cəmiyyətdəki dəyərlərin məhv
olmasına gətirib çıxarar.
Xristianlıqda da maddi və mənəvi əmanətlərə xəyanət etməmək
vacib hökmlərdən hesab olunur. Bu barədə İncildə deyilir:
“Ey Timotey, sənə verilən əmanəti qoru!...” (Timoteyə 1:20)
“Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq
olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? Əgər başqasının
malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim
verər? (Luka 16:11-12)
“Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs
əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı
olardı.” (2 Peter 2:21)
Yəhudilikdə də əmanətə xəyanət etmək günah hesab olunmuş
və qınanmışdır:
“Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən
oğurlanarsa və oğru tapılarsa, zərəri ikiqat ödəsin. Əgər oğru
tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki,
başqa adamın əmanətinə xəyanət etməyib. Hər hansı itmiş bir əşya
– mal-qara, eşşək, qoyun-keçi, paltar barədə “bu mənimdir” deyən
iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir; Allahın
haqsız çıxardığı adam o birisinə zərəri ikiqat ödəməlidir. Bir adama
saxlamağa verilən başqa adamın eşşəyi, mal-qarası, qoyun-keçisi
yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud
aparılarsa bu adamlar arasında Rəbbin adına içilən and olsun ki,
biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu
qəbul etsin, ona zərəri ödəməsin.” (Çıxış 22:7-11)
“Rəbb Musaya dedi: “Əgər bir şəxs günah edib Rəbbə xəyanət
77
edərsə, özünə əmanət edilən, girov qoyulan yaxud oğurluq bir şey
barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə, itmiş
bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların
edə biləcəyi bu günahlardan birini edərsə, o şəxs günah etmiş olur və
təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi, özünə
əmanət edilən ya da tapdığı itmiş əşyanı yaxud barəsində yalandan
and içdiyi şeyin üzərinə beşdə birini də əlavə edərək təqsir qurbanını
gətirdiyi gün sahibinə geri qaytarsın.”( Levililər 6:1-5)
Rəbb Musaya dedi: “Əgər bir şəxs günah edib Rəbbə xəyanət
edərsə, özünə əmanət edilən, girov qoyulan yaxud oğurluq bir şey
barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə, itmiş
bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların
edə biləcəyi bu günahlardan birini edərsə, o şəxs günah etmiş olur və
təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi, özünə
əmanət edilən ya da tapdığı itmiş əşyanı yaxud barəsində yalandan
and içdiyi şeyin üzərinə beşdə birini də əlavə edərək təqsir qurbanını
gətirdiyi gün sahibinə geri qaytarsın. Bu adam Rəbbin qarşısında
təqsirini yumaq üçün kahinin yanına təqsir qurbanı olaraq sürüdən
qüsursuz və dəyərli bir qoç gətirsin. Bununla kahin günah edən adam
üçün təqsirinə səbəb olduğu hər şeyi Rəbbin önündə kəffarə etsin ki,
o bağışlansın”. (Levililər 6:1-7)
78
Oğurluq etməmək (Mülkiyyətin toxunulmazlığı)
Oğurluq bir və ya bir neçə şəxsə aid olan daşınan əmlakın bir
və ya bir qrup şəxs tərəfindən əmlak sahibinin (sahiblərinin) xəbəri
izni və iradəsi olmadan mənimsənilməsi aktıdır. Səmavi dinlərdə
şəri yöndən buna layiq olanlar istisna olmaqla, insanların canı, malı,
mülkü, ailəsi, namusu toxunulmazdır və başqasına məxsus olan
bir malı, əşyanı sahibinin icazəsi olmadan qəsb etmək günah əməl
hesab olunur və cəzalandırılır. Bu baxımdan başqasının malına,
mülkünə göz dikməmək üç dində də iman edənlər üçün vacib əxlaqi
keyfiyyətlərdən biri kimi dəyərləndirilir.
Oğurluq etməklə bağlı Qurani-Kərimdə buyurulur:
“Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik
qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını
öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla
ört-basdır etməyəcəklərinə və heç bir yaxşı işdə sənə qarşı
çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri
zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma
dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir”. (“əl-Mümtəhinə”
surəsi, 12)
İslam dininə görə üzrsüz olaraq oğurluq edənlər sərt şəkildə
cəzalandırılmalı, tövbə edərək özünü islah edənlər isə əfv edilməlidir:
“Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan
cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi,
hikmət sahibidir! Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan)
sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər.
79
Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir”! (“əl-Maidə” surəsi,
38-39)
İncildə də oğurluq etməmək əmr edilir və bu əməldən əl çəkib
halal zəhmətlə qazanmaq tövsiyə olunur:
“...oğurluq etmə....” (Mark, 10:19)
Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz
əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi
olsun. (Efeslilərə 4:28)
Həmçinin, oğurluq etməmək Müqəddəs Kitabda etibarlı insan
olmağın əsas şərtlərindən biri kimi dəyərləndirilir:
“oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını
göstərsinlər...”. (Titə 2:10)
Tövratda da oğurluq etmək qadağan edilmiş və oğrularla əlbir
olanlar qınanmışdır:
“Oğurluq etmə”. (Misirdən çıxış, 20:15; Qanunun təkrarı, 5:19)
“Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın”. (Levililər,
19:11)
“Oğruya qoşulan öz-özünə düşməndir,..” (Süleymanın məsəlləri,
29:24)
“....Oğurluq etmə...Heç kimin evinə tamah salma. Heç kimin
arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə
tamah salma». (Çıxış 20:15,17)
Misallardan da göründüyü kimi, İslama, Xristianlığa və
Yəhudiliyə görə oğurlamamaq, başqalarının mülkiyyətinə tamah
salmamaq möminlərə vacib buyrulan hökmlərdəndir və əxlaqi
dəyərdir.
80
Zina etməmək (Nikaha və ailəyə verilən dəyər,
əsil-nəsəbin qorunması)
Zina dedikdə, bir kişi ilə bir qadının nikahsız, yaxud qeyri-
qanuni şəkildə cinsi əlaqədə olması nəzərdə tutulur.
Zina İslamda, eləcə də əvvəlki səmavi dinlərdə haram və çox
çirkin bir hərəkət, böyük günahlardan hesab edilmişdir. İnsanın
namusunu, şərəf və ləyaqətini, əsil-nəsəbini eləcə də cəmiyyətin
özəyi olan ailə qurumunu hədəf alan bir cinayət əməli olduğu üçün
bütün səmavi dinlərdə zinanın cəzası çox ağırdır.
Qurani-Kərimdə “zina” ifadəsinə 5 ayədə rast gəlinir:
- Ayələrdən birində (“əl-İsra”, 17/32) zinaya yaxın düşməmək
barədə xəbərdarlıq edilir, onun çox çirkin bir iş və pis bir yol olduğu
bildirilir.
“Zinaya yaxınlaşmayın. Çünki o, çox çirkin bir iş və pis bir
yoldur” (“əl-İsra”, 32).
- Digər iki ayədə (Furqan, 68; Mumtəhinə, 60/12) zina şirk və
adam öldürmək kimi böyük günahlar arasında sadalanır.
“Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın
haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina
etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər”. (“əl-Furqan”,
68).
Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik
qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını
öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini),
özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri
81
və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə
sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini
qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah
bağışlayandır, rəhm edəndir! (“əl-Mumtəhinə”, 12)
- İslam dininə görə zina həddi Allaha aid haqqlardandır. Eyni
zamanda ailəyə, nəsilə və cəmiyyət nizamına qarşı işlənən bir cinayət
olduğu üçün cəmiyyət haqqlarından sayılır. İslam dininə görə subay
kişi və ya subay qadının zina etməsinin cəzası yüz çubuq (“ən-Nur”,
2), zina edən evli kişi və ya qadının cəzası isə rəcmdir (daşqalaq
edərək öldürmə):
“Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha
və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin
icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə
də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına
aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq
edilməkdir). (“ən-Nur”, 2).
Zina ilə bağlı bəzən fərqli cəzalar (məs.: sürgün) da tətbiq
olunmuşdur.
- “ən-Nur” surəsində (“ən-Nur”, 24/3) eyni zamanda zina
edənlərin ancaq zinakarlarla və ya bir müşriklə evlənə biləcəyi
vurğulanır.
“Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə
bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə
gedə bilər. Bu (belə bir evlənmə), mö’minlərə haram edilmişdir”.
(“ən-Nur” surəsi, 3)
Bəzi ayələrdə (“ən-Nisa”, 15, 25; “əl-Ənam”, 151; “əl-Əhzab”,
30; “əl-Bəqərə”, 169; “ən-Nəhl”, 90; “ən-Nur”, 4-10, 21, 23-25; “ən-
82
Nəml”, 54; “əl-Muminun” 1-7; “əl-Məaric” 29-31) isə mahiyyətcə
birbaşa və ya dolayısı ilə zinanı ifadə edən digər kəlimələrdən istifadə
olunmuşdur.
Xristianlıqda da digər səmavi dinlərdəki kimi zina günah və pis
əməl hesab olunur. Lakin bununla yanaşı zina anlayışına bir qədər
fərqli yanaşmalar da mövcuddur. Misal olaraq, bir kişi və ya qadının
boşanaraq başqası ilə evlənməsi də zina kimi xarakterizə olunur:
“...Zina etmə”... (Mark 10:19; Luka 18:20)
“Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki,
qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş
olur”. (Matta 5:27-28)
“İsa onlara belə cavab verdi: “Arvadını boşayıb başqası
ilə evlənən kəs arvadına münasibətdə zina edir. Ərindən boşanıb
başqasına gedən qadın da zina edir”. (Mark 10:11-12; Luka 16:18)
“İsa sözünə davam etdi: “İnsanı murdar edən insandan gələndir.
İnsanın daxilindən, insanın ürəyindən gələn bunlardır: pis fikirlər,
əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər,
hiylə, şəhvət, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq””. (Mark, 7:20-22)
İncildə Peterin -“Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə
aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib
və gəlməsiniz”-tövsiyəsini diqqətə aldıqda, Xristianlıqdakı zina
anlayışının bir növ “bütün şəhvani düşüncə və davranışlar, əxlaqazidd
əməllər” mənasında işləndiyini demək mümkündür (1 Peter 2:11).
İncildə zinanın cəzası dəqiq göstərilməsə də, zina edənlərin mühakimə
olunacağı (İbranilərə 13:4), belələrinə Allahın Səltənətində yer
olmayacağı (1 Korinflilərə 6:9-10) bildirilir:
83
“Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı
murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə
edəcək”. (İbranilərə 13:4)
“Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını
irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər,
zinakarlar, fahişə kişilər, kişibaz kişilər, oğrular, tamahkarlar,
əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq
almayacaq”. (1 Korinflilərə 6:9-10)
Müqəddəs mətnlərdən belə anlaşılır ki, Həzrət İsa, zina edərkən
yaxalanmış bir qadına rəcm (daşqalaq edərək öldürmə) cəzasını tətbiq
etməmiş, bununla yanaşı zinanın boşanma üçün yeganə keçərli səbəb
olduğunu vurğulamışdır:
“İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını
oraya gətirdilər. Onu ortaya çıxarıb İsaya dedilər: “Müəllim, bu
qadın zina edərkən əməlində yaxalandı. Qanunda Musa bizə əmr
edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?” Bunu İsanı
sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar.
Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. Ondan təkrar
soruşduqları zaman dikəlib onlara dedi: “Sizdən kim günahsızdırsa,
qadına birinci daş atsın”. Sonra yenə əyilib yerə yazı yazdı. Bu sözləri
eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar.
İsanı tək qoydular, qadın da ortada idi. İsa dikəlib ona dedi: “Qadın,
onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?” Qadın “heç
kim, Ağa” dedi. Onda İsa dedi: “Mən də səni məhkum etmirəm, get,
daha günah etmə”. (Yəhya 8:3-11)
“Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı
bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir”.
84
(Matta 5:32; 19:9; Mark 10:11-12; Luka 16:18)
İncildə (Həvari Paul tərəfindən) zinakarın cəmiyyətdən təcrid
olunması tövsiyəsinə də (təklifinə) rast gəlinir:
“Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir
nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər
arasında da rast gəlmək mümkün deyil! Siz hələ lovğa-lovğa
danışırsınız! Bunun əvəzinə yas tutmalı idiniz. Belə əməlin sahibi
aranızdan qovulmalıdır”. (1 Korinflilərə 5:1-2)
Yəhudilikdə “niuf”, “zenut” kimi ibranicə sözlərlə ifadə
edilən zina ən böyük günahlardan hesab olunur. İlk vaxtlar zina
məfhumu əsasən qadının öz ərinin mülkiyyəti olması anlayışı ilə
əlaqələndirilirdi. Qadın ərinin şəxsi mülkiyyəti olduğuna görə, zina
mülkiyyətə təcavüz kimi dəyərləndirilirdi:
“Zina etmə”. (Çıxış, 20:14, Qanunun təkrarı, 5/18)
Zinanın hüquq pozuntusu kimi dəyərləndirilməsi ilə yanaşı, həm
də bu əməli edənlər mənəvi cəhətdən çirkaba batmış (murdarlanmış)
hesab edilirdilər.
“Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama”.
(Levililer, 18:20)
Yəhudilikdə zina həm də Tanrıya qarşı edilən bir günah
(Tekvin, 20/6; 39/8-9) və bütpərəstlik (Huşə 1-3, Yeremya 3) kimi
dəyərləndirilir:
“Etdikləri işlər Allahlarına dönməyə imkan vermir, çünki zina
ruhu var içlərində, Rəbbi tanımırlar”. (Huşə, 5:4)
“..Zina ruhu onları sapdırdı, öz Allahlarından ayrılıb zina
etdilər. (Huşə, 4:12)
“...O biri xalqlar kimi sevinmə, coşma! Çünki öz Allahına
85
vəfasızlıq edərək zina etdin, xırman yerlərinin hamısında zina
qazancına könül verdin. (Huşə, 9:1)
Zina Yəhudiliyin dini mətnlərində pis yol, bəsirətsizlik,
ağılsızlıq, rüsvayçılıq kimi təqdim olunur:
“...Ölkə zinakarlarla doludur.. İnsanlar pis yola düşüb..”
(Yeremya, 23:10)
“Qadınla zina edən qanmazdır, Özünü məhv etmək istəyən belə
edər. Bu kişinin nəsibi kötək, şərəfsizlikdir, Biabırçılığı üzərindən
silinməz”. (Süleymanın məsəlləri, 6:32-33)
“Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə
düşünür, Üz-gözünü gizlədir”.
“Oğrular evləri qaranlıqda yarır, Gündüz gizlənir, işıq nədir,
bilmir”.
“Çünki onların sabahı qatı qaranlıqdır, Zülmətin dəhşəti
onların aşnasıdır”. (Əyyub, 24:15-17)
Yəhudilikdə də zina edənlər çox ağır şəkildə cəzalandırılırlar:
“Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və
qadın-hər ikisi öldürülsün”. (Qanunun təkrarı 22:22)
“Başqa kişinin arvadı ilə zina edənlərə aid: qonşusunun arvadı
ilə zina edən kişi zinakar qadınla birlikdə öldürülməlidir”. (Levililər
20:10)
“Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb
cinsi yaxınlıq etsə, o zaman onların ikisini də o şəhərin darvazasına
çıxararaq daşqalaq edib öldürün”... (Qanunun təkrarı 22:23-24)
Verilən misallardan anlaşılır ki, zina etməmək, nikahın
müqəddəsliyi və ailənin toxunulmazlığı hər üç səmavi dinin ən
mühüm əxlaqi dəyərlərindəndir.
86
Öldürməmək
Səmavi dinlərin ortaq dəyərlərindən biri də can təhlükəsizliyinin
təmin edilməsi, yaxud həyatın qorunmasıdır. Bu dinlərin məqsədi beş
əsas hədəfi gerçəkləşdirməkdir. Bunlar canın, malın, əsil-nəsəbin,
ağlın və dinin qorunmasıdır. Məxluqatın əşrəfi, varlıqların ən dəyərlisi
olan insanın həyatı dinlərin toxunulmazlar siyahısında baş yeri tutur.
İslam dinində də insan hayatına böyük önəm verilmiş, insan
Allahın yerüzündəki xəlifəsi, mələklərin səcdə ettiyi bir varlıq
kimi xarakterizə olunmuşdur. Belə dəyərli bir varlığın həyatını
sonlandırmaq yalnız Allaha məxsusdur. Nəinki başqa biri, hətta
insan özü də öz həyatına son qoya bilməz. İnsan öldürmək İslam
dinində ən böyük günahlardandır və qadağandır. Çünki cəmiyyətdə
kim kimi istəsə çəkinmədən öldürə bilsə, bu ictimai asayişi yox
edər, anarxiyaya və xaosa səbəb olar, həyat yaşanılmaz bir vəziyyətə
gələr. İslam dini insan öldürmənin qarşısını almaq üçün qisas, yəni
edam hökmünü gətirmiş və bu hökmü icra etməyi dövlətə və hakimə
həvalə etmişdir.
Qurani-Kərimdə günahsız bir insanı öldürmək barədə deyilir:
“Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin.
(Onu yalnız və yalnız böyük bir günah işlədikdə, məsələn, iman
gətirdikdən sonra küfrə düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək
olar). Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya
varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas
alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl
etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə
87
kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri ilə) ona artıq kömək
olunmuşdur”. (əl-İsra surəsi, 33)
Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi)
övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların
da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük
günahdır! (əl-İsra surəsi, 31)
Həmçinin, Qurani-Kərimdə haqsız yerə bir insanı öldürməyin
bütün insanlığı öldürməyə bərabər olduğu vurğulanır: “Buna görə də
İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni
öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış)
və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün
insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə
(ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur...” (əl-
Maidə surəsi, 32)
Qurani-Kərimdə Allahın xas (xalis) bəndələrini təsvir edən
ayələrdə haqsız yerə bir cana qıymamaq onların əxlaqi keyfiyyətləri
arasında sadalanır:
“Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın
haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina
etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər”. (əl-Furqan
surəsi, 68).
İncildə, öldürməmək əbədi həyatı qazanmaq üçün vacib olan
əxlaqi keyfiyyətlərdən biri kimi təqdim olunur:
“İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi.
Onun qarşısında diz çökərək soruşdu: “Ey yaxşı Müəllim, mən nə
etməliyəm ki, əbədi həyatı irs olaraq alım?” İsa ona dedi: “Mənə niyə
yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. Onun əmrlərini
88
bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik
etmə. Kimisə aldatma. Ata-anana hörmət et”. (Mark 10:17-19)
Tövratda da adam öldürmək, günahsız bir insan haqqında ölüm
hökmü çıxarmaq qəti şəkildə qadağan olunur və bu əməli edənlərə
bəraət verilməyəcəyi barədə xəbərdarlıq olunur:
“Adam öldürməyəcəksən”. (Misirdən çıxış, 20:13; Qanunun
təkrarı, 5:17)
“Yalandan uzaq duracaq, günahsız və doğru adamı
öldürməyəcəksiniz. Çünki Mən pis adamı bağışlamıram”. (“Yalan
işdən uzaq ol. Günahsıza və salehə ölüm hökmü vermə. Çünki Mən
haqsıza bəraət qazandırmayacağam”.) (Misirdən çıxış, 23:7)
Zəburda Davud oğlu Süleymanın məsəllərində deyilir:
“Oğlum, səni yoldan çıxarmağa çalışan günahkarlara təslim
olma. Belə deyə bilərlər: «Bizimlə gəl, adam öldürmək üçün
pusquda duraq, zövq üçün günahsızları tələyə salaq”. (Süleymanın
məsəlləri, 1:10-11)
Tövrat, Zəbur və İncilə nəzər saldıqda, insan həyatına çox böyük
önəm verildiyinə şahid oluruq. Müqəddəs Kitab dinindən, irqindən,
millətindən, soyundan, sosial durumundan, yaşından asılı olmayaraq,
insan həyatının Allah yanında dəyərli olduğunu öyrədir. Həyata,
xüsusilə insanın həyatına verilən bu dəyər bütün dövrləri əhatə edən
“On əmr”in bir maddəsi olan “Öldürməyəcəksən” ibarəsi ilə Allah
tərəfindən açıq və qəti şəkildə ifadə edilmişdir.
89
Təkəbbürlənməmək (Təvazökarlıq)
Üç səmavi dinin ortaq mənəvi dəyərlərindən biri də
təkəbbürlənməmək, yaxud təvazökar olmaqdır. Ərəb sözü olan
“Təkəbbür” iddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, dikbaşlıq kimi
mənalara gəlir. Təkəbbürün əksi olan “təvazö” də ərəb sözü olub,
öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə
qürrələnməyi sevməmə, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olma;
sadəlik kimi mənaları ifadə edir.
İslam dininə görə qüsursuzluq yalnız Allaha məxsusdur. Mömin
qəsdən, ya da bilməyərək səhv edə bilər, hər dəfə qəlbən Allaha
yönələrək tövbə edər, bir daha eyni səhvi təkrar etməməyə çalışar.
Özünü səhvsiz və günahsız göstərməyə, başqalarını əskik görərək
özünü ucaltmağa çalışmaz. Səmimiyyətsiz şəkildə gördüyü işlərin
özlərini xilas edəcəyini zənn edərək təkəbbürlənənlər (lovğalananlar,
qürrələnənlər) Allahın razılığını və rəhmətini qazana bilməyəcəklər:
“(Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi?
Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar və onlara xurma
çərdəyindəki nazik tel qədər zülm olunmaz!”. (“ən-Nisa” surəsi, 49)
“Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri
yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”. (“əl-İsra”
surəsi, 37)
“(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə
(Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki
sən alçaqlardansan!” (“əl-Əraf” surəsi, 13)
İslam Peyğəmbəri qürur və təkəbbür haqqında belə buyurmuşdur:
90
“Sizə cəhənnəmliklərin kimlər olduğunu xəbər verimmi? Onlar qatı
ürəkli, malını xeyirdən əsirgəyən, təkəbbürlü şəxslərdir” (Riyazus-
salihin, 2/45).
Bir gün Rəsulullah buyurur ki, “Qəlbində zərrə qədər təkəbbür
olan şəxs cənnətə girə bilməz”. Səhabələrdən Malik ibn Mirarə “Ya
Rəsulullah, insan istəyər ki, paltarı və ayaqqabısı gözəl olsun” deyə
bildirir. Bunun cavabında Rəsulullah belə buyurur: “Allah gözəldir,
gözəlliyi sevir. Təkəbbür isə haqqı qəbul etməmək, insanları özündən
aşağı görməkdir” (Riyazus-salihin, 2/44).
İslam dininə görə təkəbbür və qürur mənəvi bir xəstəlikdir.
Allahın sevmədiyi bu cür təkəbbürlü və lovğa şəxsləri nəinki yadlar
hətta ən yaxın adamları belə sevməz. Çünki bu cür insanlar eqoist
olur, ən gözəl şeyləri daima özlərinə layiq görür, hər kəsdən ehtiram
gözləyir və etdikləri şeylərin hər kəs tərəfindən bəyənilməsini arzu
edirlər. Ən pisi isə odur ki, səhvə yol verdiklərini qəbul etmir,
sərvətləri və şöhrətləriylə, bilikləri və zahiri gözəllikləri ilə öyünürlər.
Amma bir gün bütün bunların əllərindən çıxacağını düşünmürlər.
Təkəbbür eyni zamanda bir şirk ünsürüdür, yəni özünə
tanrılıq yükləməkdir, öz acizliyinin fərqində olmamaqdır. Çünki,
təkəbbürlənmək haqqı yalnız mütləq güc və qüdrət sahibi olan Allaha
məxsusdur.
İslam dininə görə möminlər təkəbbür və lovğalıqdan uzaq
durmalı, təvazökar olmalıdırlar. Bu barədə Qurani-Kərimdə belə
buyurulur:
“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa
gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb
qürrələnəni sevmir”. (“Loğman” surəsi, 18).
91
Təvazökarlıq inananların ortaq xüsusiyyətidir. Allah ayələrində
təkəbbürlü insanları sevmədiyini bildirmişdir. İnananlar onlara
saysız-hesabsız nemətləri verənin, hər şeyin yeganə sahibinin Allah
olduğunu və Onun qarşısında nə qədər aciz olduqlarını dərk etdikləri
üçün təkəbbürlənmirlər.. Ağılın, biliyin, gözəlliyin, var-dövlətin,
etibarın və digər keyfiyyətlərin özlərindən qaynaqlanmadığını,
onların Allah’ın bir lütfü olduğunu bilirlər. Allah Quranda inananların
təvazökar davranışını belə ifadə etmişdir:
“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə
təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına
gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam
deyərlər. (“əl-Furqan” surəsi, 63)
Digər Quran ayəsində də təvazökar möminlər Cənnətlə
müjdələnmişlər:
“...Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən
itaət edənlərə müjdə ver”. (“əl-Həcc” surəsi, 34)
Xristianlığa görə də lovğalanmaq, insanları özündən aşağı
görmək pis xislət hesab olunur və təvazökarlıq təqdir olunur.
İncildə, qürurlanıb özünə ucaltmaq istəyənin, əslində, alçaldığı ifadə
edilmişdir:
“..Çünki öz-özünü ucaldan hər kəs alçaldılacaq, öz-özünü
alçaldan isə ucaldılacaq. (Luka, 18: 14)
Allah’ın qarşısında heç bir insan öyünməsin… Buna görə
yazıldığı kimi, öyünən Rəbblə öyünsün”. (1 Korinflilərə, 1: 29, 31)
Lakin Allah daha cox lütf verir. Bunun üçün belə deyilir:
“Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərir “ (Yaqubun
Məktubu, 4:6)
92
“İnsanı təkəbbürü alçaldar,…” (Məsəllər 29:23)
“Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə
dedim: “Gücünüzü göstərməyin, Buynuz çıxartmayın, Dikbaş-dikbaş
danışmayın” (Məzmur, 75:4-7)
Təvazökarlığın əhəmiyyəti və bu cür davranan insanların Allah
qatında üstün insanlar olduğu İncildə belə ifadə edilir:
“Tamamilə təvazökar və həlim, səbirli olub bir-birinizə məhəbbət
və şəfqətlə yaxınlaşın”. (Efeslilərə, 4:2)
Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz,
lovğalanmaz. (1 Korinflilərə, 13:4)
Heç bir işi xudbinliklə və ya şöhrətpərəstliklə etməyin. Qoy hər
biriniz təvazökarlıqla digərini özündən üstün saysın. (Filiplilərə, 2:3)
İncildə, təvazökarların Allah qatında yüksək məqama
ucaldılacağı müjdələnir:
Aranızda ən böyük olan xidmətçiniz olsun. Kim özünü yüksəldərsə,
aşağı tutulacaq və kim özünü aşağı tutarsa ,yüksəldiləcək. (Matta,
23:11-12)
Beləliklə, kim bu uşaq kimi sadəqəlbli olarsa, səmavi səltənətdə
ən böyük odur. (Matta, 18:4)
Yəhudilikdə də özünü öymək, təkəbbürlülük pis əxlaq göstəricisi
hesab olunur. Bu barədə Tövratda deyilir:
“Müdrik müdrikliyi ilə öyünməsin, igid öz gücü ilə öyünməsin,
varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən
Rəbbin dünyada məhəbbət, ədalət və salehlik yaratdığını dərk edir və
Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram”. Rəbb belə bəyan
edir. (Yeremya, 9:23-24)
“Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, pislərə
93
dedim: “Gücünüzü göstərməyin.. Dikbaş-dikbaş danışmayın”. İnsanı
yüksəltmək nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. Hökm verən
Allah isə həm alçaldır, həm yüksəldir”. (Məzmur, 75:4-7)
Pis insan könlünün istəkləri ilə fəxr edir.. Təkəbbürlü, pis insan
Allahı axtarmaz … (Məzmur, 10:3-4)
Tövratda təkəbbürlü olmaqdan çəkinməyin vacib olduğu,
Allahın təvazökar bəndələrindən razı olduğu bildirilir. Tövrata görə
inananlar təvazökar olmaqla məsuldurlar, təkəbbürlülər isə mütləq
alçaldılacaqlar:
“Eşidin və qulaq asın, qürurlu olmayın, Çünki Rəbb belə
söylədi”. (Yeremya, 13:15)
“...Ey Rəbbin hökmünə əməl edən sizlər, ölkədəki təvazökar
insanlar, Rəbbə meyil salın! Salehliyə meyil salın! Təvazökarlığa
meyil salın!.. (Sefanya, 2:3)
Məzlum xalqı qurtarırsan, lovğalara göz qoyursan, onları
alçaldırsan. (2 Şamuel, 22:28)
Tövratda, tövbə edərək pis yoldan dönən təvazökarların
bağışlanacağı vəd edilir:
“...Təvazökar olsalar, dua edib Məni axtarsalar və pis yollardan
geri qayıtsalar... onların günahını bağışlayacağam və torpaqlarını
bərəkətləndirəcəyəm”. (2 Salnamələr, 7:14)
94
Nəticə
İudaizm (Yəhudilik), Xristianlıq və İslam dinlərinin ən
mühüm ortaq nöqtəsi Allaha (Vahid Yaradana) iman və Onu hər şeydən
çox sevməkdir. Hər üç səmavi dində inananlara Yaradana şükür
etmək, Ondan ümidini kəsməmək, Allaha pənah apararaq dua etmək
buyurulur. Bu dinlərin təbliğində nəzərə çarpan digər vacib məqam
insanları sevməkdir. İnsanın yer üzünün ən dəyərli varlığı hesab
olunduğu səmavi dinlərdə sevginin təzahürü olaraq, yardımlaşmaq,
həmrəylik, fədakarlıq, paylaşmaq, insanların çətinliklərini və qəm-
kədərini aradan qaldıraraq onları sevindirmək təşviq olunur.
İlahi dinlərin əsas qayəsi insanın dünya və axirət səadətini
təmin etməkdir. İnsanın dünyadakı rahatlığı və xoşbəxtliyi yalnız
ədalətin bərqərar olması və sülhün təmin edilməsi ilə mümkün ola
bilər. Məhz buna görə, səmavi dinlərdə inananlara ədalətli olmaq
və sülhü qorumaq əmr edilmişdir. Belə ki, hər üç dinin mənsubları
etdikləri əməllərə, dünyadakı davranışlarına görə ilahi məhkəmədə
hesaba çəkiləcəklərinə və heç bir zülmün, ədalətsizliyin cəzasız
qalmayacağına inanırlar. Bu səbəbdən səmavi dinlərdə Allahın
razı qalacağı savab əməllər və Ona xoş gəlməyən, günah sayılan
davranışlar açıq şəkildə bildirilmişdir. Saxta ilahlara tapınmaq, yaxud
şirk (Allaha ortaq qoşmaq), valideynlərə hörmətsizlik, günahsız yerə
adam öldürmək, zina etmək, oğurluq, yalan danışmaq, qonşuluq
hüquqlarını pozmaq, təkəbbürlülük, böhtançılıq, qəddarlıq hər üç
dində günah sayılan əməllərdəndir. Eyni zamanda, valideynlərlə
hörmətlə, şəfqətlə davranmaq, başqalarının hüquqlarını pozmamaq,
95
mülkiyyətinə izinsiz toxunmamaq, dürüstlük, zəhmətkeşlik,
təvazökarlıq, səbirli, mərhəmətli, səxavətli, iffətli və həyalı olmaq
həm Yəhudilikdə, həm Xristianlıqda, həm də İslamda bəyənilən,
təqdir olunan əməllərdən hesab olunur. Bunlarla yanaşı, ailənin
müqəddəsliyi, ərlə arvad arasında sədaqət, vəfa, anlayış, sevgi,
cütlüklərin qarşılıqlı hüquq və vəzifələri, əsil-nəsəbin qorunması hər
üç dində xüsusi önəm verilən məsələlərdəndir. Bir sözlə, müxtəsər
şəkildə ifadə etsək, əxlaqlı, fəzilətli, ruhən və bədənən kamil insan
yetişdirmək səmavi dinlərin əsas ortaq hədəflərindəndir.
Səmavi dinlərin ortaq dəyərlərinin öyrənilməsi və təbliği milli-
mənəvi və ümumbəşəri dəyərlərin bir ortaq müstəvidə birləşməsi
üçün əsas ola bilər. Bu üç dinin ortaq dəyərlərini bir araya gətirmək,
ümumbəşəri dəyərlər sistemini yaratmaqla bəşəriyyəti qan-qadadan,
ayrı-seçkilikdən qurtarmaq mümkündür. Bu, qloballaşmağa gedən
dünyamızın əsas hədəfi olmalıdır. Bu hədəf səmavi dinləri bir araya
gətirən müstəqil Azərbaycanımızda dəstək almaqla multikultural
dəyərlərin faydalılıq əmsalını yüksəldən yeni tolerantlıq modelini
ehtiva edir.
Bəşəriyyətin sivilizasiyada çatacağı ən yüksək nöqtə yəhudi,
xristian və müsəlmanların, eləcə də Allaha inanan bütün insanların
sülh və dostluq şəraitində yaşayacağı xoşbəxt bir dünya olacaq.
Tarixin qan, gözyaşları və ağrılarla dolu bütün dövrlərində insanlıq
bu gözəl mühitin həsrətini çəkmişdir. Fərqli din və mədəniyyətlərə
mənsub olan insanları görmək istədiyimiz kimi deyil, obyektiv
şəkildə, tələsik qərar vermədən, təəssübkeşlik etmədən onların özlərini
təqdim etdikləri kimi, yaxud olduqları kimi qəbul etmək cəmiyyətlər
arasında sülh və dostluq qurmağın ən düzgün yoludur. Bu, müxtəlif
96
din və mədəniyyət mənsublarının bir-birlərini düzgün şəkildə tanıyıb
anlamalarını təmin edəcək, Yaradanın varlığına inanan insanların
ortaq dəyərlərinin fərqli yönlərindən qat-qat çox olduğunu, Allah
sevgisinin insanı sevməyi tələb etdiyi gerçəyini ortaya qoyacaqdır.
Zaman gələcək dünya ortaq dini dəyərlər əsasında bəşəriyyətin
nicatını təmin edəcək monoteist bir dünya dini yaradacaq. İnsanlar
arasında nifaqı aradan qaldıracaq, dünyaya əbədi sülh bəxş edəcək
simvolik xarakter daşıyan vahid dünya dininin yaradılması qəlbində
ədalət, mərhəmət, dilində həqiqət, davranışında hörmət, dünyanı
vahid bir vətən kimi düşünən, müharibələrə, tökülən insan qanlarına
“YOX!” deyəcək insanların əzəli və əbədi arzusudur! Bu arzunun
maddi və mənəvi bünövrəsi bəşər övladına göndərilmiş səmavi dinlər,
bir-birini tamamlayan səmavi kitablar: TÖVRAT, ZƏBUR, İNCİL və
QURANDIR!
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü!”
Hüseyn Cavid
97
İstifadə olunmuş ədəbiyyat:
1. Azərbaycan Respublikasında Dövlət Din münasibətlərini
tənzimləyən rəsmi sənədlər, Bakı, “Elm və təhsil”, 2015
2. Ayə və hədislərin işığında İslam Əxlaqı, Dr. Recep Kılıç,
Ankara 1994, 100 səh. (Azərbaycan türkcəsinə çatdıranı Doç. Dr.
Fazil Karaoğlu İsmailov)
3.G.İsmayılov, Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz,
Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya mərkəzi, 2014
4.Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi, Yenidən
işlənmiş XVII nəşr, Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov,
V.M.Məmmədəliyev, məsləhətçi redaktor Şeyxülislam A.H.Paşazadə,
Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya mərkəzi, 2016
5.Müqəddəs Kitab: Əhdi-Ətiq və Əhdi-Cədid. Müqəddəs Kitab
Şirkəti, Bakı, 2012
6.Mehman İsmayılov, “İslam: mənəvi dünyadan sosial həyata”,
Bakı-2018
7.Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə
bağlı fikirləri. 2016, Tərtibçi: Cahandar Əlifzadə
98
İnternet resursları:
https://bilgizma.com/semavi-din-nedir/
http://www.nkfu.com/dinlerin-benzer-ozellikleri-nelerdir/
https://www.antoloji.com/dinlerdeki-temel-dusunceler-ve-
ortak-ozellikler-siiri/
https://azerdict.com/az/izahli-luget/
t%C9%99k%C9%99bb%C3%BCr
https://azerdict.com/az/izahli-luget/t%C9%99vaz%C3%B6
http://az.islam.az/news/a-536.html
http://az.islam.az/news/a-564.html
https://sorularlaislamiyet.com/hristiyanlik-ve-yahudilikte-zina-
gunah-mi
http://tovratdanhkmtlr.blogspot.com/2011/11/tovratda-qurana-
uygun-mr-v-qadagalar.html
https://islamansiklopedisi.org.tr/zina
https://www.gotquestions.org/Turkce/sabir-Kutsal-Kitap.html
https://dergipark.org.tr/download/article-file/436845
http://deyerler.org/436052-tjvazgkarldddn-jlamjtljri-djrjcjljri-
vj-bjrjkjtljri.html
https://sorularlaislamiyet.com/hristiyanlik-ve-yahudilikte-zina-
gunah-mi
http://ktp.isam.org.tr/pdfdrg/D02498%5C2002_2/2002_2_
ATESAO.pdf
99
https://yeniheyat.com/muqeddes-kitab/
https://www.ilkehaber.com/yazi/dinlerin-ortak-degeri-insan-
haklari-14740.htm
http://www.millicozum.com/mc/mayis-2004/dort-kitabin-ortak-
mesaji
https://abet8snfdinkltrveahlakbilgisi.weebly.com/uumln304te-
5--d304nler-ve-evrensel-ouml286uumltler304.html
https://www.bilginadamlar.com/ilahi-dinlerin-ortak-ozellikleri/
https://www.nkfu.com/dinlerin-benzer-ozellikleri-nelerdir/
https://az.wikipedia.org/wiki/Din
https://az.wikipedia.org/wiki/Kateqoriya:S%C9%99mavi_
dinl%C9%99r
https://realislamblog.wordpress.com/2012/08/17/dinl%C9%99rim-
umumi-t%C9%99snifati-1-ci-hiss%C9%99/
https://www.meryemana.net/kilise/emir
https://musavat.com/news/semavi-dinlerde-bosanma-ve-
zina_518649.html
https://www.die-bibel.de/media/articles/pdf/8266.pdf
http://www.kurandasevgi.gen.tr/kkitaplar/bolum14/baslik2.htm
https://incil.info/kitaplistesi
https://www.jw.org/az/muqeddes-kitab-telimleri/suallar/ata-
anana-hormet-et/
https://yeniheyat.com/incil/luka/
https://wol.jw.org/az/wol/d/r81/lp-ajr/2007687
https://www.gotquestions.org/Turkce/sabir-Kutsal-Kitap.html
100
http://www.wikisitesi.com/semavi-dinler-nelerdir-hakkinda-
bilgi.html
https://islamansiklopedisi.org.tr/din
https://dusunbil.com/semavi-dinlerde-hukuk-esitlik-ve-tabular/
http://www.imamhatipler.com/imam-odasi/merhamet-ile-ilgili-
hadis-ve-ayetler/404/
https://ilahiyat.cu.edu.tr/tr/dergi/2002_2-2/A.Ates.pdf
https://studylibtr.com/doc/1380424/dinler---video.eba.gov.tr
https://slideplayer.biz.tr/slide/2877498/
http://genderi.org/dinler-ve-evrensel-ogutleri-din-evrensel-bir-
gercekliktir.html
https://slideplayer.biz.tr/slide/11866663/
http://www.anl.az/down/meqale/525/2016/iyul/499418.htm
https://www.islamevi.az/?p=947
http://azkurs.org/islamn-gozellikleri.html?page=17
http://deyerler.org/
https://www.jw.org/az/muqeddes-kitab-telimleri/suallar/
muqeddes-kitabda-qezeb-haqda/
http://www.meneviyyat.az/kin-ve-qezebden-xilas-olmaq/
https://www.islamtimes.org/az/
article/30039/%C9%99man%C9%99t%C9%99-v%C9%99fa
http://www.dqdk.gov.az/az/view/articles/276/islamda-boyuye-
hormet-kichiye-merhemet-prinsipi
https://www.vahiddin.org/bir-vahid-din-prizmasindan-tesnifat