The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Azərbaycanda xeyriyyəçilik ənənələri

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-06 01:46:23

Azərbaycanda xeyriyyəçilik ənənələri

Azərbaycanda xeyriyyəçilik ənənələri

Tural Vəlizadə

AZƏRBAYCANDA
XEYRİYYƏÇİLİK

ƏNƏNƏLƏRİ

Bakı-2018

Tural Vəlizadə

AZƏRBAYCANDA XEYRİYYƏÇİLİK
ƏNƏNƏLƏRİ

3

GİRİŞ

Sevginin, mərhəmətin meyarı olan xeyriyyəçilik ehtiyacı
olana təmənnasız yardım etməkdir. Xeyriyyəçilik, həmçinin
təbiətin qorunmasına, eləcə də cəmiyyətin həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönələn fəaliyyət növüdür. Bu sahə fiziki
şəxslərlə yanaşı təşkilatların və institutların da fəaliyyətini əhatə
edən geniş sferadır. Qeyri-kommersiya sektoru və ya üçüncü sektor
sayılan philanthropy (xeyriyyəçilik) yunan dilindən tərcümədə
philien-sevgi və anthropos-insan mənalarını verən sözlərdən əmələ
gəlib, “insan sevgisi” deməkdir.

Xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və
ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və
ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya
bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən
xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım)
göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan
fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi,
təhsil və ya başqa fəaliyyətdir.

Yer kürəsində mövcud olan müxtəlif təbii resurslar insanların
ehtiyaclarını qarşılaya biləcək həcmdədir. Lakin resursların istifadə
edilməsində olan qeyri-bərabərlik bu ahəngi pozur. Son iki əsrdə
dünyada Qərb fəlsəfəsinin məhsulu – kapitalizmin hökm sürməsi
gəlirlərin bölgüsündə ifrat qütbləşməyə səbəb olmuşdur. Bu da
öz növbəsində dünya müharibələrinin baş verməsi və yoxsulluq
səviyyəsinin artması ilə nəticələnmişdir.

4

XX əsr bəlasına çevrilmiş birinci və ikinci dünya müharibələri,
milli, dini münaqişələr və bu zəmində baş verən terror aktları,
inqilablar, kütləvi miqrasiya dalğaları, qaçqınlıq və b. siyasi,
iqtisadi, sosial problemlərin kökündə dayanan səbəblərdən biri də
dünyada insanlar arasındakı gəlir balansının pozulmasıdır. Varlılar
və kasıblar arasındakı kəskin uçurum terrordan tutmuş insan
alverinə qədər hər cür cinayətkarlığın baş verməsi üçün münbit
şərait yaratmışdır.

Qloballaşan dünyada yoxsulluq və zənginliyin ifrat fərqi
xeyriyyəçiliyə ehtiyacı daha da artırır. Dünyada gəlir bölgüsündəki
ədalətsizlik xeyriyyəçiliyi alternativi olmayan çıxış yoluna
çevirmişdir. Belə ki, son iki əsrdə dünyada varlı təbəqə ilə kasıb
təbəqə arasındakı bərabərsizlik daha da artmışdır. Bu fərqlilik
özünü dövlətlər arasında da göstərir. Son dövrlərin statistik
araşdırmalarına görə dünya əhalisinin 13%-ni təşkil edən zəngin
ölkərin satınalma gücü 45% olduğu halda, dünya əhalisinin 45%-
ni təşkil edən kasıb ölkələrdə bu göstərici sadəcə 9%-dir.

Hazırda yoxsulluqla mübarizədə dövlətlərin, beynəlxalq
qurumların və qeyri-hökumət təşkilatlarının qarşısında önəmli
vəzifələr dayanır. Yoxsul cəmiyyətlərin sosial həyatının
yaxşılaşdırılması istiqamətində xeyriyyəçiliklə yanaşı siyasi
ədalətin, insan hüquqlarının qorunması, irqçilik, milli və dini ayrı-
seçkiliyə qarşı mübarizə, təbiətin mühafizəsi bu vəzifələrin bir
hissəsini təşkil edir.

Dünya miqyasında xeyriyyəçilik dövlətlər və müvafiq
təşkilatlar tərəfindən bir neçə istiqamətdə aparılır. İqtisadi

5

potensialı zəif, əhalisinin əksəriyyəti yoxsul olan, təbii fəlakətlərə
məruz qalan, kütləvi xəstəliklərdən əziyyət çəkən, müharibələrdən
zərər görən ölkələrə qida, təhsil, səhiyyə, yaşayış sığınacaqlarının
verilməsi və məşğulluq sahəsində yardımlar edilir.

Təbiidir ki, bu cür problemlərin aradan qaldırılmasında
xeyriyyəçilik təkcə dövlətlər və müvafiq təşkilatlar tərəfindən deyil,
könüllü fəaliyyətlə məşğul olan şəxslər və onların yaratdıqları
xeyriyyə cəmiyyətləri tərəfindən də aparılır. Könüllü fəaliyyətlə
məşğul olan şəxs könüllü adlanır. Könüllü şəxs başqalarının xeyri
üçün təmənnasız işləyən şəxsdir. Könüllülük isə öz iradəsi və
sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.

Bu gün dünyada ictimai həyatda təmənnasız əmək sərf
еdən milyonlarla könüllülər var. Könüllülük fəaliyyəti altruistik
fəaliyyət sayılır (Altruizm — başqa adamlara təmənnasız xidmət
göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini
qurban verməkdən ibarət əxlaqi prinsip) və insanların həyat
keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz
bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər (məsələn,
iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, əylənmək və s.).

Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər: Əlillərə,
aztəminatlı ailələrə, qocalara, qaçqın və məcburi köçkünlərə
yardım edilməsi; Uşaqlar və gənclərlə işlərin aparılması; Mədəni,
tarixi sərvətlərin qorunması; Ətraf mühitin mühafizəsi və ekoloji
tarazlığın saxlanması; İnsan hüquq və azadlıqlarının, qanunun,
sülh mədəniyyətinin, tolerantlığın təbliği və s (1985-ci ildə iqtisadi
və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi

6

tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif
olunub və həmin tarixdən bu günə qədər qeyd olunur).

Xeyirsevərlik insan hisləri ilə əlaqəli olduğu üçün onun tarixi
qədimlərə dayanır. Zamanla insanın ehtiyacından asılı olaraq
xeyriyyəçiliyin də növləri dəyişib və zənginləşib. Əvvəllər xeyir
vermək təbii şəkildə olurdusa (ərzaq, paltar, sığınacaq), əmtəə pul
münasibətlərinin formalaşmasından sonra bura müxtəlif ianələr də
(ehtiyacı olan bir şəxs və ya cəmiyyət üçün verilən və toplanılan
pul) daxil oldu. Buna “xeyriyyə fandreyzinqi” də deyilir
(fandreyzinq ingilis sözü olub - fund-raising – iki sözün: maliyyə
imkanları və artırmaq, yetişdirmək ifadələrinin - birləşməsindən
ibarətdir. Yalnız xeyriyyə məqsədi ilə toplanmış puldur).

Fandreyzinqə tarix boyu rast gəlmək mümkündür. Müharibə
vaxtı qurumlar hər hansı bir problemin dərhal həlli üçün xüsusi
kampaniyalar, konkret pul məbləği yığmaq üçün tədbirlər
keçirirdilər. Bu cür kampaniyalar müharibə veteranları, əsgərlərin
yetim qalmış uşaqları üçün pul yığmaq və evsiz ailələrin vəziyyətini
yaxşılaşdırmaq üçün keçirilirdi.

7

XEYRİYYƏÇİLİK – MƏNƏVİ DƏYƏRİMİZ
KİMİ

Əslində yardım etmək, xeyir vermək bütün cəmiyyətlərdə
dəyər verilən müsbət insani keyfiyyətdir. Fərqli inanclar
sisteminə (din) malik olan dünya xalqları tarix boyu bu dəyərləri
öz mədəniyyətlərinə uyğun şəkildə yaşatmışlar. Xeyriyyəçilik
müxtəlif zamanlarda yaşamış əksər dinlərin təməl prinsiplərindən
və ibadət formalarından olduğu üçün bir çox xalqların həyatında
ənənə formasını almışdır.

Azərbaycanın qədim dinlər tarixinə malik olması onu deməyə
əsas verir ki, xalqımızın humanizmə, insansevərliyə əsaslanan
zəngin xeyriyyəçilik ənənələri var. Azərbaycanda Zərdüştilikdən
başlanan və özünü İudaizm, Xristianlıq, İslamda təcəssüm etdirən
xeyriyyəçilik əsrlər boyu müqəddəs sayılaraq, ehtiram bəslənən
bir mənəvi-əxlaqi kodeksə çevrilmişdir. Şəfqət, başqasının halına
yanmaq, xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvərlik və
səxavət kimi keyfiyyətlər həmişə xalqımızın ən mühüm həyati
dəyərləri olmaqla yanaşı, indiki dövrdə də bir ənənə kimi yaşadılır. 

Qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycanın İslam
mədəniyyətinin yayılmasında, intibahında özünəməxsus rolu var.
İslam Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin
kök salmış, insanların davranışına, düşüncəsinə, mənəviyyat
və mədəniyyətinə təsir göstərmişdir. Xalqın qədim dinlərdən
təsirlənən ənənələrilə İslam prinsiplərinin çuğlaşması nəticəsində
yeni humanist dəyərlər sistemi formalaşmışdır.

8

Bəs xalqımızın böyük əksəriyyətinin etiqad bəslədiyi İslam
dini xeyriyyəçilik haqqında nə deyir?

İslamdan əvvəl də sonra da heç bir din və fəlsəfi təlim onun
qədər bu mövzuya yer ayırmamışdır. Bir çox dinlərdən fərqli
olaraq bu din yaxşılıq etməyi fərz olan ibadət kimi əmr etmişdir.
Zəkat, fitrə, qurban, yetim haqları və kasıblara yardım İslamın
xeyriyyəçiliyə, yaxşılıq və yardımlaşmağa təşviq etdiyi ibadət
formalarıdır. Digər yaxşı əməlləri isə insanın istəyinə buraxmış,
Allah qatında onların yüksək dərəcədə dəyərləndiriləcəyini vəd
etmişdir.

Tarix boyu insan toplumunda maddi vəziyyət bərabər səviyyədə
olmamışdır. Zəifi, güclüsü, kasıbı, zəngini olan dünyada təzad
olduğu kimi həm də ahəngdarlıq var. Bu ahəngdarlıq fərqliliklərlə
dolu həyatda insanların vəzifələrindən və maddi imkanlarından
asılı olmayaraq bir-birilərinə ehtiyaclarının olmasıdır. Məsələn, bir
çox mövzularda zəngin kasıba, güclü isə zəifə möhtacdır. Varlının
“mənim kiməsə ehtiyacım yoxdur” deməsi doğru deyildir. Çünki
varlının qazanmasında kasıb əməyinin də rolu var. Məsələnin
mənəvi tərəfinə dair çox nümunələr göstərmək olar.

Başqaları ilə birgə yaşadığımız həyatda qarşılıqlı möhtaclıq
paylaşmaq və yardımlaşmaq məcburiyyətini qaçılmaz edir. Bunun
üçün İslam yardımlaşmağı mənəvi həyatımızı əhatə edəcək şəkildə
önə çəkərək dini-əxlaqi vəzifə kimi bizə təlqin edir. Quranın bir
çox ayələrində, Məhəmməd peyğəmbərin hədislərində maddi və
mənəvi xeyriyyəçiliyin insan həyatındakı rolu dönə-dönə vuğulanır,
əmr və tövsiyə şəklində insanlara çatdırılır. “...Yaxşılıq etməkdə

9

və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə
və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin...”
[Maidə, 2].

İslamda ən vacib ibadət namazdır. Müsəlmanlara namazdan
sonra zəkat vermənin əmr edilməsi ona ibadət kimi böyük dəyər
verildiyinin göstəricisidir. Zəkat ildə bir dəfə verilən vergidir
və İslamın beş vacib şərtindən biri hesab olunur. Quranda zəkat
vermək haqqında bir çox ayələr mövcuddur: “Namaz qılın, zəkat
verin və rüku edənlərlə birlikdə rüku edin!” [Bəqərə, 43]; “...
Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın
qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək)
edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!...”
[Bəqərə, 83]; “Namaz qılın, zəkat verin! Özünüzdən ötrü
(əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında
taparsınız..”. [Bəqərə, 110]

Zəkat mal ilə edilən icbari yardım olsa da, hər yardım da
zəkat hesab edilmir. Müsəlmanlara ehtiyacından artıq olan
mallarından başqalarına vermələri əmr edilir. Aşağıdakı ayədə
zəkatdan əlavə sədəqə kimi yardım etmək də insanları paylaşmağa
səsləyir. “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul)
qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə
(yolçulara) məxsusdur” [Bəqərə, 215]. Zəkat və fitrə məcburi
olub bəlli miqdarda verildiyi halda, sadəcə istəyə bağlı olan
sədəqənin hüdudları yoxdur. İslamda sədəqə maddi yardımla
bərabər başqalarına söz və davranışla yaxşılıq etmək, onlara
sevgi ilə bağlanmaq anlamına gəlir. İslam zəkat verməkdən, şirin

10

söz söyləməyə, gülər üzlə davranmağa qədər yardımlaşmağın
sərhəddini geniş tutur. “Xoş bir söz və günahları bağışlamaq
əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır” [Bəqərə,
263]. Beləcə, müsəlmanlara yardımlaşma daha geniş formada
buyurulur.

Xeyriyyəçilikdən danışarkən İslam mədəniyyətinin bir parçası
olan vəqflərdən söhbət açmamaq mümkün deyil. Vəqf sözünün
kökü ərəbcədən tərcümədə saxlamaq, həbs etmək, dayandırmaq,
tamamən vermək mənalarını verir. Konkret mənası isə daşınan
və ya daşınmaz əmlakını xeyir iş üçün bağışlamaq və beləliklə
mülkiyyət hüququndan tam və ya qismən imtina etməkdir. Bir çox
yerlərdə vəqflərin yaranması İslamdan əvvələ aid edilsə də onun
bir qurum kimi formalaşıb yayılması VII əsrə - İslamın yaranması
ilə bağlıdır.

Vəqflər yüz illər ərzində müsəlman ölkələrinin sosial, iqtisadi,
mədəni sahələrində müstəsna xidmətlər göstərən xeyriyyəçilik
müəssisəsi olmuşdur. Bu müəssisə yoxsullara, kimsəsizlərə yardım
etməklə yanaşı, elm ocaqlarının, ibadət evlərinin tikilməsinə
və şəhərlərin salınmasına böyük töhfələr vermişdir. Vəqflərin
hesabına kitabxanalar, mədrəsələr, camilər, məscidlər, türbələr,
təkkələr, yoxsullar üçün yeməkxanalar, uşaq evləri, xəstəxanalar,
qonaq evləri, körpülər, şəhərlərdə kanalizasiya sistemi, su yolları
inşa edilmişdir. Hazırda dünyanın bir çox ölkələrində bü cür
vəqflər fəaliyyət göstərir.

11

AZƏRBAYCANDA XEYRİYYƏÇİLİK
(XIX ƏSRİN SONU-XX ƏSRİN ƏVVƏLLƏRİ)

XIX əsrin sonlarına qədər dövlətlər siyasətlərində xeyriyyəçi
və digər sosial təşkilatları diqqət mərkəzində saxlamırdılar. Lakin
gərginləşən siyasi, iqtisadi mühit və beynəlxalq vəziyyət, sosial
həyatın idarə olunmasında yaranan çətinliklər, hökumətləri belə
təşkilatların fəaliyyətini tənzimləmək üçün qanun və qaydalar
qəbul etməyə vadar etdi. Nəticədə XX əsrdə dünya dövlətlərinin
bir çoxunda xeyriyyəçilik sosial siyasətin əsas prioritetlərindən biri
hesab edildi və bu sahədəki problemlərin həlli üzrə araşdırmalara
start verildi. Beləliklə, dünya siyasətində, xüsusilə də liberal
cəmiyyətlərdə bu qəbil təşkilatların rolu artdı. Bu sahə qanuniləşərək
idarəçilik sisteminin bir parçasına çevrildi.

Çar Rusiyasının müstəmləkəsi olan Cənubi Qafqazda XIX əsrdə
yeni kapitalist münasibətlər fonunda ictimai həyata təsir edə bilən
milli burjuaziyaların yaranması regionda sosial təşkilatlanmanı
sürətləndirdi.

Azərbaycanda neft sənayeçilərindən, fabrik-zavod və
manufaktura səviyyəsində olan sənətkar emalatxanalarının
sahiblərindən, tacirlərdən, ev sahiblərindən, təsərrüfatlarını muzdlu
əmək üzərində quraraq kapitalistə çevrilmiş bəylərdən ibarət olan
milli burjuaziya formalaşmağa başlamışdı.

1872-ci ildə iltizam sisteminin ləğvi, 1877-ci ildə çar
hökumətinin dövlət rüsumunu azaltmaq barədə qərarı neft
sənayesinin inkişafına çox güclü təkan verdi. XIX əsrin sonu
XX əsrin əvvəllərində Bakıda neft sənayesinin yüksəlişi xalqın

12

maariflənməsi və xeyriyyəçilikdə maraqlı olan milli burjuaziyanın
təşəkkülünə olduqca güclü təsir göstərdi.

Qədim ənənələri olan Azərbaycan xeyriyyəçiliyi bu dövrdə
geniş miqyas aldı, yeni forma və məzmun kəsb edərək hüquqi
normaya çevrildi. Kapitalist münasibətlərinin sürətli inkişafı Şimali
Azərbaycanda ictimai-iqtisadi münasibətlərlə yanaşı, əhalinin
sosial-mədəni həyatına da öz təsirini göstərdi. Əhalinin təbəqələşmə
prosesi dərinləşdi, zənginlər daha da varlandığı halda kasıb təbəqə
getdikcə yoxsullaşdı. Buna baxmayaraq, bu cür sosial-iqtisadi
şəraitdə xalqın qeydinə qalan, onu elmə, təhsilə aparan demokrat
ruhlu ziyalı sahibkarlar müxtəlif cəmiyyətlər yaratdılar. Nəticədə
xeyriyyə hərəkatı başladı və xalqın xeyriyyəçilik tarixində dərin
izlər qoymuş, təkzibolunmaz xidmətlər göstərmiş mədəni-maarif
cəmiyyətlərinin əsası qoyuldu.

Bu hərəkata XIX əsrin 70-ci illərində böyük maarifçi Həsən
bəy Zərdabinin əhaliyə maddi yardım və maarif sahəsində xidmətlər
göstərən cəmiyyətin yaradılması təşəbbüsü ilə start verildi. Həsən
bəyin böyük çətinliklər hesabına qurduğu cəmiyyətin əsas məqsədi
yoxsul uşaqlarının təhsil və tərbiyəsinə, onların məktəblərə qəbul
edilərək pulsuz oxumalarına şərait yaratmaq idi. Əvvəllər maddi
yardımın toplanmasında problemlər olduğu üçün Həsən bəy 1872-
ci ildə Qafqazı şəhər-şəhər gəzərək, cəmiyyətə üzv toplamağa
başladı. Bu gəzinti öz nəticəsini verdi və Qafqaz şəhərlərindən
cəmiyyətin xəzinəsinə xeyli vəsait daxil oldu. Əfsuslar olsun ki,
bu vəziyyət çox davam etmədi. Bir müddətdən sonra edilən maddi
dəstək azaldı və cəmiyyətin xərcləri gəlirini üstələdi. Nəticədə 1873-
cü ildə cəmiyyət bağlandı. Cəmiyyətin fəaliyyəti qısamüddətli olsa
da, o, təhsil sahəsində bir çox nailiyyətlər əldə etdi.

13

“MÜSƏLMAN XEYRİYYƏ CƏMİYYƏTİ”
Çar hökumətinin 1905-ci il Oktyabr bəyannaməsinin yaratdığı
imkanlardan istifadə edən H.Z.Tağıyev xeyriyyə cəmiyyətinin
yaradılması haqqında hökumət qarşısında təşəbbüs irəli sürdü. Bir
neçə cəhddən sonra cəmiyyətin yaranmasına icazə ala bildi. 1905-
ci ildə yaranmış “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin məqsədi
isə imkansız müsəlmanlara kömək etmək, məktəblərdə oxuyan
kasıb və kimsəsiz uşaqlara müavinət verib onları oxutdurmaq,
qocaları himayə etmək idi.
Cəmiyyət üzvləri əsasən ictimai xadimlərdən və Bakı
varlılarından təşkil olunmuşdu. Onun həmtəsisçiləri Hacı
Zeynalabidin Tağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, İsmayıl
bəy Səfərəliyev, Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy
Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza Vəkilov, Həsən bəy
Ağayev Nəcəfqulu Sadıqov, İsrafil Hacıyev, Həsənağa Həsənov,
Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev,
Əsədulla Əhmədov, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov
olmuşlar. Birinci iclasda H.Z.Tağiyev sədrliyə, İsrafil Hacıyev
müavinliyə, Hacı Mustafayev xəzinədarlığa, Əhməd bəy Ağayev
katibliyə, İsmayıl bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və
Əsədulla Əhmədov idarə heyəti üzvlüyünə seçilmişlər. Cəmiyyətin
kontoru “İsmailiyyə” binasında yerləşmişdi.
Birinci Dünya müharibəsində “Müsəlman Xeyriyyə
Cəmiyyətinin” fəaliyyəti xeyli genişlənərək təkcə Bakıda deyil,
ölkənin bir çox yerlərini əhatə etmişdir. Cəmiyyətin müharibədən

14

əziyyət çəkən insanları ərzaqla, geyimlə təmin etməkdə böyük
xidmətləri olmuşdur. Qeyd etmək lazımdır ki, cəmiyyət Nargin
adasında saxlanılan türk əsirlərinə də öz köməyini əsirgəməmişdir.
Bakıdan başqa, Gəncədə, İrəvanda, Şuşada və Tiflisdə də Müsəlman
Xeyriyyə cəmiyyətləri müxtəlif vaxtlarda fəaliyyət göstərmişdir.

GƏNCƏ MÜSƏLMAN XEYRİYYƏ CƏMİYYƏTİ
Bu dövrdə Bakıdan kənarda yaradılmış azsaylı cəmiyyətlərdən
biri də Gəncə Müsəlman Xeyriyyə cəmiyyətidir. Görkəmli
ictimai xadim Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmış
bu cəmiyyətin nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə
qubernatoru tərəfindən təsdiq edilmişdir. Cəmiyyət idarə heyəti və
ümumi iclas tərəfindən idarə olunmuşdur. Nizamnaməyə əsasən 3
üzvdən ibarət olmuş idarə heyəti sədr, sədr müavini, xəzinədar və
katib cəmiyyət üzvləri arasından ümumi iclasda bir il müddətinə
seçilmişdir. Həmçinin cəmiyyətin 4 nəfər ömürlük fəxri üzvü də
olmuşdur. Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının
ölkə hüdudlarından kənarda orta və ali təhsil müəssisələrinə daxil
olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında
müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi.
Cəmiyyətə daxil olan vəsaitlər üzvlük haqlarından, köçürülən
ianələrdən, cəmiyyətin təşkilatçılığı ilə keçirilən tamaşalardan,
konsert və rəqs gecələrindən və s. əldə edilən gəlirlərdən ibarət idi.
Məktəblilərə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən
soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə kömək məqsədilə
cəmiyyət xeyriyyə yönümlü tamaşalar və konsertlər təşkil edirdi.

15

Bunlarla yanaşı, yoxsul əhalinin qida ehtiyacını ödəmək məqsədi
ilə cəmiyyət Gəncədə əhalinin kasıb təbəqələri üçün xüsusi ərzaq
mağazası da açmışdı.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən, 1918-ci ildə
Qərbi Azərbaycandan olan on minlərlə qaçqına yardım göstərmiş,
onları yurd yerləri ilə təmin etmişdir.

“NƏŞRİ-MAARİF” CƏMİYYƏTİ
XX əsrin əvvəllərində Bakıda 30-dan artıq xeyriyyə cəmiyyəti
fəaliyyət göstərmişdir ki, onlardan biri də nizamnaməsi 1906-cı il
martın 4-də təsdiq edilmiş “Nəşri-savad və maarif”, qısaca olaraq
“Nəşri-maarif” adlanan xeyriyyə cəmiyyətidir. “Nəşri-maarif”in
əsas məqsədi Bakı və ətrafında yaşayan müsəlmanlara Azərbaycan
və rus dillərində təhsil vermək idi. Cəmiyyət yarananda Bakı
quberniyasının baş qazısı və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin
sədri Axund Mir Məhəmməd Kərim Mircəfərzadə sədr, Əhməd
bəy Ağayev isə katib seçilmişdir.
Cəmiyyətin sədrliyinə ziyalı din xadiminin seçilməsi dindar
kütlənin xeyriyyə işlərinə cəlb olunmasına imkan yaratmaqla
bərabər qız məktəblərinə və mütərəqqi hadisələrə qarşı çıxan
mövhumatçı dindarların müqavimətini qırmaqda müstəsna rol
oynadı. İlk olaraq cəmiyyət İçərişəhərdəki Hacı Banu məscidinin,
şəhərin aşağı hissəsindəki Hacı İmaməli məscidinin və şəhərin
dağlıq hissəsində yerləşən Hacı İbrahim məscidinin yanında olmaq
üzrə bir sinifdən ibarət 3 məktəb açdı. Cəmiyyət mərkəzlə yanaşı
Balaxanıda 4 sinifli, Əmircanda 3 və Buzovnada 3 sinifli pulsuz,

16

kitab da daxil olmaqla zəruri tədris ləvazimatı və paltar ilə təmin
edilən məktəblər təsis etdi. Lakin cəmiyyətin maddi imkanlarının
tükənməsi səbəbi ilə Əmircan və Buzovnadakı məktəblər sonralar
müvəqqəti də olsa bağlandı. Bundan başqa, cəmiyyət ali məktəblərdə
təhsil alan maddi imkanı zəif tələbələrə də təqaüd verir, gənclərin
xarici ölkələrdə təhsil almalarını təmin etməyə çalışırdı.

O vaxtki dövrə görə maarifləndirmənin ən böyük problemi olan
pedaqoji kadr çatışmazlığını aradan qaldırmaq üçün 1907-ci ildə
cəmiyyət “Darül-muallimin” və 1908-1909-cu illərdə “İslam”
adlanan kurslar təşkil etmişdir. Bu sahədə ən mühüm addım
isə pedaqoqların diqqətinin ana dilində dərsliklərin yazılması
məsələsinə yönəldilməsi olmuşdur.

Cəmiyyətin ölkədən kənarda – 1909-cu ildə Qars, Oltu və
İğdırda açdığı şöbələr vasitəsilə qardaş türk xalqına göstərdiyi
insani yardım və müharibə zamanı Azərbaycana gətirilmiş kimsəsiz
türk övladlarının təlim-tərbiyəsilə yaxından məşğul olması təqdirə
layiq haldır. Cəmiyyət bəzi mənbələrə görə 1917-ci ildə bəzilərinə
görə isə 1920-ci ildə fəaliyyətini dayandırmışdır.

“NİCAT CƏMİYYƏTİ”
Milli maarifçilik hərəkatına öz töhfəsini vermiş xeyriyyə
cəmiyyətlərindən biri də, əsası Bakıda qoyulan “Nicat”
cəmiyyətidir. Məqsədi xalq arasında savadsızlığı aradan qaldırmaq
olan “Nicat” cəmiyyətinin imkansız, istedadlı uşaqların ibtidai, orta
və ali təhsil almalarına yardım etməkdə, ana dili və ədəbiyyatın,
teatrın inkişafında əvəzsiz xidmətləri olmuşdur. Cəmiyyətin

17

nizamnaməsi 1906-cı ilin avqust ayının 22-də təsdiq edilmiş və
Məmmədəli bəy Səlimbəyov (1906-1907) sədr seçilmişdir. Sonrakı
dövrlərdə cəmiyyətə Həsən bəy Ağayev (9 mart-12 noyabr 1907),
Məhəmməd Əmin Rəsulzadə (12 noyabr 1907-17 dekabr 1913),
eyni zamanda Qasım Qasımov, İsa bəy Aşurbəyov, Əlimərdan bəy
Topçubaşov rəhbərlik etmişlər. 1916-cı ildə isə Murtuza Muxtarov
cəmiyyətin fəxri sədri seçilmişdir.

“Nicat” cəmiyyətinin gündəliyində olan ən vacib məsələ Bakı
və ətraf kəndlərdə, eləcə də ölkənin digər şəhər və rayonlarında
yeni təhsil ocaqlarını açmaq, bir və ikisinifli məktəblərin sayını
daha da artırmaq olmuşdur. Bu istiqamətdə cəmiyyətin Keşlə,
Gəncə, Şamaxı, Quba və s. yerlərdəki bölmələri də fəallıq
göstərmişdir. Cəmiyyətin təşəbbüsü ilə 1906-1910-cu illərdə
Gəncədə “Mədrəseyi-ruhani”, Şamaxıda “Üxüvvət”, Ağdaşda
“Darülfənn”, Nuxada “Həqiqətüs-Sibyan”, Lənkəranda
“Behcət” adlı məktəbləri və böyüklər üçün axşam kursları
açılmışdır.

Məktəblərin təşkilindən sonrakı əsas məsələ dərs vəsaitlərinin
təminatı idi ki, bununla bağlı cəmiyyətin nəzdində yaradılan
pedaqoji ədəbiyyat bölməsi təqdirəlayiq işlər görmüşdü.
Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyasının hazırlanmasında
görkəmli pedaqoq, ədəbiyyatşünas Ə.Hüseynzadə və Ə.Kamalbəy
yaxından iştirak etmişdilər.

Bu tədbirlərin ardından sistemli olaraq cəmiyyətin əhəmiyyət
verdiyi və uğurla həyata keçirdiyi, yerinə yetirilməsi vacib olan
iş ümumi qiraətxana və kitabxanaların açılması idi. Bir çox

18

məktəblərdə maarif, xüsusilə də səhiyyə sahəsində kütləvi qiraətlər
təşkil olunur və mühazirələr oxunurdu. Lakin, bəzi şəhər ətrafı
kəndlərdə cahil dindarların təzyiqi ilə üzləşən qiraətxanalar uğurlu
nəticə vermirdi.

Maarifçilik hərəkatımızın əlamətdar hadisələrindən olan
Azərbaycan müəllimlərinin I qurultayının 1906-cı ilin 15-28
avqust tarixində Bakıda təşkili də “Nicat” cəmiyyətinin gördüyü
işlərdəndir. Azərbaycan pedaqoji fikir tarixində xüsusi yeri olan
həmin qurultayda alınmış qərarlar arasında qurultay tərəfindən
işlənmiş Azərbaycan dili proqramının təsdiqi, ana dilinin
azərbaycanlılar üçün əsas fənn hesab edilməsi və tədris planlarında
ana dilinə ayrılmış saatların artırılması, müsəlman əhalisinin sıx
yaşadığı yerlərdə inspektorlardan birinin müsəlman olması, ana
dilindən dərs deyən müəllimlərin statusunun, məktəblərə daxil olan
müsəlman uşaqlarının sayının iki dəfə artırılması, şəhər və kənd
məktəblərində ixtisas verən şöbələrin, hər bir şəhərdə rus-tatar qız
məktəbinin açılması, Zaqafqaziya Müəllimlər Seminariyasının
Azərbaycan şöbəsinin müsəlman mərkəzlərindən birinə keçirilərək
müəllimlər seminariyasına çevrilməsi və orada Azərbaycan dilinin
əsas fənn kimi tədris edilməsi, müsəlman müəllimləri üçün
pedaqoji kursların təşkil edilməsi tələbləri olmuşdur.

Cəmiyyətin tərkibində yaradılmış teatr bölməsi milli
mədəniyyətin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
Dövrünün tanınmış aktyorlarını bir araya yığaraq tamaşalar
nümayiş etdirmişdir. Tamaşadan yığılan pullar isə ehtiyacı olan
məktəb uşaqlarına verilmişdir. Bu sahədə ən yadda qalan hadisə isə

19

1908-ci il yanvarın 12-də Bakıda H.Z.Tağıyevin teatrında bilavasitə
cəmiyyətin təşəbbüsü ilə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”
operasının göstərilməsi idi. Bu tarixi hadisə təkcə Azərbaycan
deyil, Yaxın Şərqə yenilik gətirərək Şərq mədəniyyətində opera
sənətinin əsasını qoymuşdur.

I Dünya Müharibəsi zamanı döyüş bölgələrində zərər görmüş
Anadoludakı qardaşlarımıza humanitar yardım göndərmək məqsədilə
cəmiyyətin səfərbər olması fəxr ediləsi hadisələrdən biri idi.

BAKI MÜSƏLMAN RUHANİ CƏMİYYƏTİ “SƏADƏT”
1906-cı ildə bir qrup müsəlman ruhani dini məktəb və

mədrəsələrin yeni əsaslarla təşkil olunması məqsədi ilə xeyriyyə
cəmiyyəti qurmaq fikrinə düşür. Böyük çətinliklərə baxmayaraq
1907-ci ilin iyunun 7-də Bakı Müsəlman Ruhani Cəmiyyəti
“Səadət” adlı yeni ruhani cəmiyyətinin nizamnaməsi təsdiq
olunur. Bir ay sonra müsəlmanlar Hacı Qasım bəy məscidində
təsis toplantısı keçirərək tanınmış alim Axund Molla Ələkbər
Abbasquluzadəni sədr, Axund Molla Ağa Əlizadəni isə sədr
müavini və dövrünün tanınmış din xadimlərindən ibarət 14
nəfərlik idarə heyəti seçirlər. Bəhs etdiyimiz dövrdə digər xeyriyyə
cəmiyyətlərindən fərqli olaraq “Səadət”-in üzvləri ancaq dindar
müsəlmanlardan və seyidlərdən ibarət idi.

Cəmiyyət xeyriyyəçilik fəaliyyətini dini təhsilin inkişafına
istiqamətləndirdi. Nizamnaməsində qeyd olunduğu kimi
“Səadət”-in qarşısında duran ən mühüm vəzifə yeni dini təhsil
müəssisələrinin, müəllim institutlarının və başqa ali məktəblərin
açılması idi. 1907-ci ildə Bakıda Lalayevin kirayəyə götürülmüş

20

ikimərtəbəli mülkündəki 14 otaqda cəmiyyətin “Mədrəseyi-
səadət” adlı fərqli bir məktəbi açıldı. Mədrəsənin təşkilində
maarifpərvər tacir Məşədi Yusif Nəcəfov, Hacı Rizvan Babazadə,
axund Əbdürrəhim Hacızadə mühüm rol oynadılar. Fransanın
Sorbonna Universitetində təhsil almış müasir dünyagörüşə,
müxtəlif dil biliklərinə yiyələnmiş Mirzə Ələkbər adında şəxs isə
mədrəsəyə müdir təyin olundu.

Peşəkar pedaqoji kollektivi ilə seçilən mədrəsədə müxtəlif
zamanlarda Əli bəy Hüseynzadə, Fərhad Ağazadə, Axund Hacı
Molla Əbdürrəhim Hadizadə, Üzeyir bəy Hacıbəyov, Məmməd
Hənifə Terequlov, Əli Hüseynov, Kazım bəy Məlikov, Molla Əbdül
Rəhimov, Ceyhun bəy Hacıbəyov, Mirzə Qədir İsmayılzadə, Əli
Terequlov, Musa Rza Əsgərli, Bəhram bəy Axundov kimi görkəmli
şəxsiyyətlər elm tədris edirdilər. Qeyd edək ki, türk dilini tədris
edən Əli bəy Hüseynzadə bir neçə il məktəbə rəhbərlik etmişdir.

Mədrəsədəki təhsil sisteminin özünəməxsusluğu ondan
ibarət idi ki, burada dini elmlərlə yanaşı dünyəvi elmlər də tədris
olunurdu. Yuxarı və aşağı siniflərə dərs yükü nəzərə alınaraq
İslam dininin əsasları, Qurani-Kərim, şəriət, müsəlman və rus
hüsnxətti, nəqqaşlıq və rəsm, ana-dili, fars, ərəb, fransız, alman,
rus dilləri, tarix, təbiət, coğrafiya, Rusiya tarixi, qədim tarix,
riyaziyyat və həndəsə fənləri tədris olunurdu. Şagirdlər hər dərs
ilinin sonunda şifahi və yazılı imtahanlar verir və müvəffəqiyyət
qazandıqları halda növbəti şöbəyə keçirdilər. Mədrəsənin daha
bir özəlliyi təhsilini başa vurandan sonra şagirdlərin gimnaziya və
realnı məktəbdə oxumaq hüququ əldə etmələri idi. Ən başlıcası
isə, burada təhsil alan şagirdlərin ana dilindən başqa beş xarici dil
öyrənmələri onlar üçün yeni imkanlar yaradırdı.

21

1910-cu ildə cəmiyyət “Şah məscidi”-nin nəzdində iki sinifdən
ibarət əlifba şöbəsi və Hacı Səməd Heydərov adlı xeyirxah şəxsin
məktəbə bağışladığı binada “Səmədiyyə” adlı yeni bir şöbə
açdı. Bakıda açılmış digər “Nur” adlı bir şöbə Hacı İmamverdi
məscidinin tərkibində fəaliyyət göstərirdi. Mədrəsənin nəzdində
yaradılan axşam kursları da əhalinin savadlandırılması işində
yaxından iştirak edib. Cəmiyyət həmin ildə mədrəsə binalarının
darısqallığı problemini həll etmək üçün yeni bina tikmək qərarına
gəldi. I Dünya müharibəsinin başlaması səbəbindən bina hərbi
xəstəxana kimi istifadə olundu.

Cəmiyyətin həyata keçirdiyi digər bir tədbir də kitabxananın
açılması ilə bağlı olmuşdur. Kitabxananın açılmasından sonra
oradakı kitabların toplanması praktikası da tamamilə xeyriyyəçilik
ənənələrinə uyğun həyata keçirilmişdir. Ayrı-ayrı ziyalılar
tərəfindən kitabxanaya kitab bağışlama kampaniyası başladılmış,
qısa müddət ərzində kitabxananın fondunda ərəb, fars, türk və rus
dillərində külli miqdarda maraqlı kitablar toplanmışdır. Cəmiyyətin
Bakıdan başqa digər bölgələrdə də şöbə açdığına dair mənbələrdə
məlumatlara rast gəlmək mümkündür.

SƏFA CƏMİYYƏTİ
Xeyriyyəçilik tariximizdə təhsilin və mədəniyyətin inkişafına
xidmət göstərən qurumlardan biri də “Səfa” xeyriyyə cəmiyyətidir.
1910-cu ilin 12 iyulunda təsis edilmiş “Səfa” cəmiyyətinin ilk işi
Bakıda eyni adlı məktəb açmaq olmuşdur. Bu məktəb özünün
müstəqil binası olan ilk məktəb hesab olunur. Güman edilir ki,
həmin məktəb binası 1910-cu ildə varlı ziyalılardan olan Əlibala

22

Zərbəliyev tərəfindən inşa edilərək cəmiyyətə bağışlanmışdır.
1914-cü ildən sonra maarifçilik fəaliyyətini bir qədər genişləndirən
cəmiyyət Biləcəri, Binə, Qobu kəndlərində məktəb, Quba qəzasının
Dəvəçi kəndində rus-müsəlman məktəbləri açmağa müyəssər
olmuşdur.

1914-cü il yanvarın 6-da “Səfa” cəmiyyəti fəaliyyətini
dayandırmış və bazasında “Cəmiyyəti-Səfa” adlı yeni bir cəmiyyət
təsis edilmişdir. Şəhər dumasının cəmiyyətin bütün əmlakının
yeni cəmiyyətə verilməsi haqqında qərarından sonra cəmiyyət
1918-ci ilə qədər bu adla fəaliyyətdə olmuşdur. Yeni yaradılmış
“Cəmiyyəti-Səfa” yaşlı və böyüklər üçün axşam kursları açmış,
mövcud məktəblərin birini rus-tatar məktəbinə çevirmişdir. 1917-
ci ildə çətinliklərə baxmayaraq cəmiyyət qızlar üçün tikiş, əl işi
öyrədən peşə yönümlü kurslar təsis etmişdir. Cəmiyyətin son işi
olan həmin kursların ömrü az olsa da, bu müddət ərzində imkansız
ailələrin uşaqlarının müəyyən qisminin pulsuz oxumasına imkan
yaratmışdır. “Səfa” cəmiyyəti açdığı təhsil müəssisələrindən başqa,
Bakı şəhərində tikilən digər məktəblərə də yardım göstərmişdir.

Digər cəmiyyətlər kimi “Səfa” cəmiyyətinin də nəzdində
incəsənətlə məşğul olan, dövrünün görkəmli aktyorları, yazıçı
və dramaturqları öz ətrafında birləşdirən xüsusi teatr truppası
fəaliyyət göstərirdi. Opera müğənnilərinin səslərini qrammafon
vallarına yazdıran cəmiyyət həmçinin milli operanın inkişafında
da müstəsna rol oynamışdır.

23

BAKIDAKI DİGƏR CƏMİYYƏTLƏR
XX əsrin əvvəllərində Balaxanıda “Orta təhsilin yayılmasının
Balaxanı cəmiyyəti” adlı maarifçilik cəmiyyəti mövcud idi. 1910-
cu ildə açılmış bu cəmiyyət Balaxanı və Sabunçuda kişi, qadın və
qarışıq təhsil müəssisələrinin təşkilatı ilə məşğul olurdu. Cəmiyyətin
rəhbərlərindən biri olan F. F. Zeys neft sənayesi sahibkarı idi.
Bu sahədə araşdırmalar onu göstərir ki, XX əsrin əvvələrində
Bakıda bir  sıra imkansız uşaqları maarifləndirən xeyriyyə
cəmiyyətləri mövcud olub:
“Bakı  şəhər məktəblərinin  şagirdlərinə  kömək  cəmiyyəti” -
1907-1916-cı illər;
“Bakı ticarət məktəbinin ehtiyac duyan şagirdlərinə kömək
cəmiyyəti”-1907-1916-cı illər;
“İmperator II Aleksandr adına Bakı kişi gimnaziyasının ehtiyac
duyan şagirdlərinə kömək cəmiyyəti” - 1907-ci il;
“İkinci  Bakı  şəhər  məktəbinin  və  Bakı  şəhərinin  rus-
tatar  məktəblərinin  ehtiyac duyan  şagirdlərinə kömək  cəmiyyəti”
- 1907-ci il;
“Bakı yəhudi maarifçilik cəmiyyəti  “Talmud-Torun” - 1911-
1913-cü illər;
“Şüvəlan  müsəlman maarifçilik  cəmiyyəti  “Millət  bağçası” -
1911-ci il;
“Bakı cəmiyyəti “Bizim məktəbimiz” - 1915-ci il;
“Elm” özünütəhsil Bakı cəmiyyəti” - 1911-ci il;
“Bilik-Güc” cəmiyyəti - 1911-ci il;
“Bakı real məktəbinin yoxsul şagirdlərinə kömək cəmiyyəti” -
1911-ci il.

24

BAKI MÜSƏLMAN QADIN XEYRİYYƏ CƏMİYYƏTİ
Bu dövrdə qadın hüquqlarının qorunması heç də ürək açan

səviyyədə deyildi. Qadınların öz hüquqlarının müdafiəsindəki
acizliyinin və ictimai həyatdakı qeyri-fəallığının kökündə qadınlar
üçün təhsilin yox dərəcəsində olması idi. Lakin, həmin dövrün
ziyalı qadınlarının təşəbbüskar xeyriyyəçiliyi Azərbaycanda qadın
təhsilinin inkişafına olduqca müsbət təsir göstərdi.

Çar hökuməti müsəlman əhalinin savadlanmasına qarşı olsa
da, genişlənən maarifçilik hərəkatının qarşını ala bilmirdi. XIX
yüzilliyin II yarısından etibarən xeyriyyə cəmiyyətlərinin vasitəsi
ilə qız məktəblərinin açılması əhali arasında savadlı müsəlman
qadınlarının sayının artmasına səbəb olurdu. Bu da öz növbəsində
sağlam düşüncəli cəmiyyətin bünövrəsini sığortalayır və daha
irəlidə baş verəcək ictimai tərəqqinin nüvəsini təşkil edirdi.

1908-ci ildə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım
Məlikova təhsilli müsəlman qadınlarını öz ətrafına toplayaraq
Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin əsasını qoydu.

1910-cu ildə Sofiya Şahtaxtinskayanın təşəbbüsü ilə
Tiflisdə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti yaradıldı və
Gövhərxanım Qacar sədr seçildi. Həmin ilin əvvəlində Tiflisdə
Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin əsası
qoyuldu. Gövhər xanım Qacar, Nigar xanım Şıxlinskaya, Məsimə
xanım Talışinskaya və Səltənət xanım Əhmədova cəmiyyətə daimi
üzv seçildilər. Cəmiyyətin sədri Gövhər xanım Qacar, müavini
Həmidə xanım Cavanşir, xəzinədar isə Mina xanım Talışinskaya
oldu. Qısa zamanda həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.

25

Cəmiyyətin nəzdində bir neçə qız məktəbi yaradıldı. Eyni zamanda,
qadınlardan ibarət dram dərnəkləri təşkil olundu.

Bundan iki il sonra, Hənifə Zərdabinin təşkil etdiyi xeyriyyə
cəmiyyəti əsasında Murtuza Muxtarovun həyat yoldaşı Liza
xanım Muxtarova Bakı “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaratdı.
Xeyriyyəçiliklə bərabər Azərbaycan qadınlarına elm, təhsil
verən, şagirdlərə maddi yardım göstərən “Bakı Müsəlman
Qadın Xeyriyyə Cəmiyyəti”nin bu dövrün ictimai və sosial
həyatında xüsusi xidmətləri oldu. 1917-ci ildə cəmiyyət tərəfindən
Bakıda yoxsul qızlar üçün peşə məktəbi açıldı. 1918-ci il mart
soyqırımından sonra fəaliyyətini dayandırmağa məcbur oldu.

“MÜQƏDDƏS NİNA” CƏMİYYƏTİ
“Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin əsası 1846-cı ildə
Tiflisdə qoyulmuşdur. Cəmiyyətin nizamnaməsi həmin ilin dekabr
ayının 17-də təsdiq edilmişdi. 30 aprel 1848-ci ildə isə Şamaxı
bölməsi açılmışdır. 1859-cu ildə Bakı quberniyanın paytaxtı olandan
sonra 1861-ci ildə «Müqəddəs Nina» xeyriyyə cəmiyyəti və onun
eyni adlı məktəbi də Bakıya köçmüşdür.
1886-cı ildə İçərişəhərin qala divarlarına yaxın yerdə “Müqəddəs
Nina” qızlar gimnaziyası üçün ikimərtəbəli binanın tikintisinə
başlanılmışdı. Binanın tikintisi Hacı Zeynalabdin Tağıyevin və bir
neçə Bakı milyonçusunun vəsaiti hesabına tamamlanmışdır. Lakin
gimnaziya öz fəaliyyətini 1918-ci ilədək davam etdirə bilmişdir.
1918-1920-ci illər ADR dövründə bu binada hərbi akademiya
fəaliyyət göstərmişdir. Bundan əlavə cəmiyyətin gimnaziyasının
İrəvanda, Şəkidə, Gəncədə bölmələri fəaliyyət göstərmişdir.

26

Adları çəkilən cəmiyyətlərdən əlavə, XIX əsrdə Azərbaycanda
bir neçə cəmiyyət və xeyriyyəçilər tərəfindən qız məktəbləri təsis
edilmişdir. Bunlara Zaqatala xeyriyyə cəmiyyətinin qız məktəbi
(01.10.1864), Bakı qız gimnaziyası (1874), Şuşa xeyriyyə
cəmiyyətinin qız məktəbi (26.10.1875), Gəncə qız progimnaziyası
(1899), Gənc qız gimnaziyası (1902), Şəfiqə Əfəndizadənin Şəkidəki
qız məktəbi (1894), Gəncə rus-Azərbaycan məktəbi nəzdində
qız şöbəsi (1901), Bakıda ilk rus-Azərbaycan qız məktəbi (Hacı
Zeynalabdin Tağıyevin qız məktəbi) və s. misal göstərə bilərik.

Xeyriyyəçilik hesabına qurulan qız məktəblərindən biri də 1850-
ci il yanvarın 1-də İrəvanda əsası qoyulan “Müqəddəs Ripsimi”
məktəbi idi.

HİDAYƏT CƏMİYYƏTİ
1904-cü ildə Bakıda ruhanilərin və ziyalıların təşkilatçılığı
və general-qubernator Fadeyevin icazəsi ilə “Hidayət” adlı bir
cəmiyyət yaradıldı. Bu cəmiyyəti digərlərindən fərqləndirən
xüsusiyyət onun cinayətkarlıq və dini fanatizmlə mübarizəyə görə
yaradılması idi. Bakıda kütləvi cinayətlərin baş alıb getdiyi bir
vaxtda belə cəmiyyətin açılması əhali üçün olduqca əhəmiyyətli
hadisə idi. Əhalini incidən, insanlara qarşı amansız rəftar edən
qoçular cəmiyyət tərəfindən müəyyən edilərək cəza tədbirləri
görülməsi üçün adları general-qubernatora təqdim olunurdu.
H.Z.Tağıyev, İsa bəy Hacınski, Bakı qazısı Mir Məhəmməd
Kərim, ruhani-alim, axund Molla Ruhulla, Mustafa bəy Əlibəyov
kimi şəxlərin üzv olduğu bu cəmiyyətin nizamnaməsi Əhməd bəy
Ağayev tərəfindən tərtib edilmişdi. “Hidayət” cəmiyyəti həmçinin

27

dini fanatizmə və xurafata qarşı çıxır, açıq şəkildə mətbuatda
maarifləndirmə işləri apararaq bu halları pisləyirdilər. Bir neçə
mötəbər din xadimi ilə eyni cəbhəni bölüşsələr də xeyli sayda
fanatik dindarın etirazına səbəb olurdular.

28

AZƏRBAYCAN MESENATLARI

HACI ZEYNALABDİN TAĞIYEV
Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının
Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin
(Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs
Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə
Bakıda anadan olmuşdur. Azərbaycan xeyriyyəçilik hərəkatının
banilərindən olan H.Z.Tağıyev həm neftxuda, dəyirman sahibi,
fabrikant, həm də böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin,
böyük meşələrin, bir çox ölkələrdə geniş sarayların sahibi idi.
1905-ci il Oktyabr bəyannaməsindən sonra ölkənin hər yerində
bir sıra xeyriyyəçi cəmiyyətlər yaranmışdı. Bu cəmiyyətlərin
yaradılmasında, ölkə mətbuatının və incəsənət sahəsinin inkişafında
Tağıyevin danılmaz rolu olmuşdur. Bu dövrdə əksər xeyriyyə
cəmiyyətləri onun şəxsi hesabına və ya yaxından köməyi ilə
yaradılmışdır (Məs: “Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Nəşri-
maarif” və “Nicat” maarif cəmiyyətləri).
O, 1881-ci ildə Bakıda, o zamanın irəlidə gedən ziyalılarını:
Əhməd bəy Ağayevi, Əli bəy Hüseynzadəni, Əlimərdan bəy
Topçubaşovu (qəzetin redaktoru) və başqalarını öz ətrafına
toplayaraq “Xəzər” qəzetini nəşr etdirmişdir. 1897-ci ildə “Lifli
materialların emalı üzrə Qafqaz səhmdar cəmiyyətini” yaratdı. Digər
yerli sahibkarlarla ticarət əməliyyatlarının aparılması üçün 1914-cü
ildə Bakı kommersiya bankının əsasını qoydu və bu bankın idarə
heyətinin nümayəndəsi seçildi. 1916-cı ildə Tağıyev Azərbaycanda

29

və Dağıstanda fəaliyyət göstərən “Tağıyev balıq sənayesi səhmdar
cəmiyyətinin” əsasını qoydu.

Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyi sosial həyatın hər
sahəsini əhatə etmişdir. Yoxsul müsəlmanlara əl tutmaqla yanaşı,
onların təhsilinə və maariflənməsinə də qayğı göstərmişdir. Hacı
sağlığında məktəb açanlara yardım etməklə, gəncləri xaricə oxumağa
göndərməklə sağlam düşüncəli ictimaiyyətin formalaşmasına xidmət
etmişdir. Onun bu xidmətləri sayəsindəAzərbaycanda alimlər, ictimai
xadimlər və bir çox öz sahəsinin peşəkarları yetişmişdir. Tağıyevin
vəsaiti hesabına Azərbaycanın oğul və qızları İngiltərə, Almaniya,
Fransa və Rusiya kimi ölkələrdə təhsil almışlar. Məhəmməd Əmin
Rəsulzadə, Nəriman Nərimanov və başqaları onun vəsaiti ilə
oxumuşdur.

O, 1901-ci ildə 300 min manatlıq vəsaiti hesabına Bakıda
müsəlman dünyasının ilk dünyəvi qızlar məktəbini tikdirmişdir. Bu
bütün Zaqafqaziyada yeganə müsəlman qız məktəbi idi. Binanın
tikintisinə 1898-ci ildə başlanılmışdır. Qızlar məktəbinin açılmasına
yerli ruhanilər və bir neçə tanınmış adamlar mane olsalar da, 1901-
ci ildə məktəbin təntənəli açılışına nail olunmuşdur. Bu məktəbin
binasında indi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu yerləşir
(Bakı şəhəri, İstiqlaliyyət küç., 26).

Burada təhsil müddəti dörd il idi və ilk məzunlar məktəbi 1905-ci
ildə bitirmişdilər. Tağıyevin təqdimatı ilə Həsən bəyin xanımı Hənifə
Məlikova məktəbin direktoru və rus dili müəllimi təyin edilmişdi.

Tağıyev, həmçinin Rusiya Dövlət Bankına məktəbin fəaliyyəti
və tələbələrin gələcək təhsili üçün qızıl rubllar şəklində vəsait də

30

qoymuşdur. Banka qoyulan pulun məbləği o qədər böyük idi ki,
çar 2-ci Nikolay Tağıyevə şəxsən məktub yazaraq təşəkkürünü
bildirmişdi.

Tağıyevdən nümunə götürülərək başqa və daha kiçik qızlar
üçün nəzərdə tutulan məktəblər açılmışdır. 1915-ci ildə Bakıda
artıq 5 qız məktəbi var idi. 1908-1909-cu illərdə hökumət tərəfindən
maliyyələşdirilən ilk müsəlman-rus qız məktəbi açılanda, şəhər
Duması Hənifə xanımdan həmin məktəbin direktorluğunu öz üzərinə
götürməsini xahiş etmişdi.

Qızlar üçün məktəblərdə dərs deyə biləcək müəllimlər çox
deyildi. Tağıyev bu problemi də aradan qaldırmaq üçün 1913-cü
ildə ibtidai məktəb müəllimlərinin təhsili üçün icazə aldı. Lazımi
hazırlıqlardan sonra 1915-ci ilin sentyabrından elə eyni binada
ikiillik pedaqoji təhsil verən kurslar açıldı.

Tağıyevin incəsənətə göstərdiyi diqqət Azərbaycanda teatrın və
bir neçə belə sahənin çiçəklənməsinə səbəb olmuşdur. O, 1883-cü
ildə dram teatrının binasını tikdirmiş, 1893-cü ildə isə teatr binasını
genişləndirmişdi. 1909-cu ildə irticaçı qüvvələr binanı yandırdıqdan
sonra Tağıyev onu yenidən tikdirmişdi. İlk qadın aktrisalar məhz bu
teatrın səhnəsində fəaliyyətə başlamışlar.

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. İnsanlar
ora gedib-gələndə əziyyət çəkdiyinə görə Hacı Zeynalabdin tikintisi
başa çatmış dəyirman binasını dustaqxana kimi istifadə edilməsi
üçün hökumətə vermişdi. Xaricdən gətirdiyi dəyirman avadanlığını
toxuculuq fabriki yerləşən əraziyə daşıtdırmış, orada dəyirman
tikdirmişdir.

31

Bakıda bir çox tarixi bina, abidələrin tikilməsinə vəsait
ayıranlardan biri də Hacı Zeynalabdin Tağıyevdir. Tağıyevin
tikdirdiyi binalar sırasında Azərbaycan Tarixi Muzeyi, Şirniyyat
Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasını
göstərmək olar. Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura,
eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet
Teatrının tikintisi üçün bütün xərcləri də Hacı Zeynalabdin ödəmişdir.

1917-ci il fevralın 18-də Bakının su təchizatının yaxşılaşdırılması
üçün Şollar-Bakı su kəmərinin açılışı keçirildi. Bu tarixi hadisənin
ərsəyə gəlməsində Hacının zəhməti çoxdur. Həm maddi dəstəyi, həm
də hər an camaatın yanında olması onu xalqın gözündə qəhrəmana
çevirmişdi.

Qeyd edək ki, məşhur Azərbaycan xeyriyyəçi qadınlarından
olan, Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona Ərəblinskaya
xeyriyyəçilik işlərində yaxından iştirak etmişdir.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi
ilə vəziyyət kökündən dəyişdi. İnsanların mülkiyyəti əlindən alınır,
milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın
maraqlarına yönəlirdi. Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə
mülk seçmək imkanı verildi. O, özünün artıq əlindən alınmış keçmiş
mülklərindən yalnız Mərdəkandakı bağ evini seçdi.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101
yaşında vəfat etmişdir. Böyük xeyriyyəçi üç gün sonra sentyabrın
4-də dəfn edilmişdir.

32

ŞƏMSİ ƏSƏDULLAYEV
Dünya neft sənayesi tarixinin görkəmli nümayəndəsi, “Nobel
qardaşlarının qənimi” kimi tanınan neft maqnatı Şəmsi Əsədullayev
1840-cı ildə Bakının Əmircan kəndində dünyaya gəlmişdir. O,
neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə
edən neft taciri olmuşdur. Ş.Əsədullayev maddi imkanlarını
xeyriyyəçilik işlərinə sərf etmiş və “Nəşri-maarif” cəmiyyətinin
üzvü kimi də fəaliyyət göstərmişdir.
Bakı kəndlərində neft hasilatı ilə məşğul olan Şəmsi Əsədullayev
yerli sakinləri işlə təmin etmiş, kənddə müxtəlif səpkili tikililər inşa
etdirmişdir. Bir vaxtlar tikdirdiyi binalar bu gün də kənd camaatı
arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının
evləri” adlanır. Ramana qalasının arxasında milyonçuya aid fəhlə
yataqxanaları mövcud olmuşdur.
Şəmsi Əsədullayev 1903-cü ildə Moskvaya köçmüş, orada və
Peterburqda bir neçə mülklər tikdirmiş, maarifçilik və xeyriyyə
işlərini genişləndirmiş, yoxsul uşaqlar üçün məktəblər yaratmışdır.
Bakıdakı mülklərlə yanaşı, Peterburqda Neva sahilində, Qış
Sarayının olduğu rayonun yaxınlığında möhtəşəm bina inşa
etdirmişdir. Moskvadakı Kiçik Tatar döngəsində tikdirdiyi
evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə
bağışlamışdı. 1917-ci ilin may ayında təşkil olunan Ümumrusiya
müsəlmanlarının qurultayı da Ş.Əsədullayevin müsəlmanlara
bağışladığı binada keçirilmişdi.
Vətənindən kənarda yaşamasına baxmayaraq Şəmsi
Əsədullayev daim doğma torpağının, soydaşlarının təəssübünü

33

çəkmiş, millətinin hərtərəfli tərəqqisinə çalışmışdır. O, 1905-ci ilin
avqust ayında Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda
keçirilmiş birinci qurultayının da iştirakçısı olmuşdur. 1913-
cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə Tiflis
Müəllimlər İnstitutunda öz adına iki təqaüd təsis etmişdir.

Şəmsi Əsədullayev Mərdəkanda XIX əsrin axırlarında tikilmiş
əzəmətli bağın sahibi idi. Bu bağ özünün çox böyük sahəsi və
möhtəşəm arka qapısı ilə fərqlənmişdir. Sovet hökuməti bu bağı
müsadirə edərək, sanatoriyaya çevirmişdir. Əsədullayev 1913-cü il
21 apreldə Yaltada günvurmadan, 72 yaşında vəfat etmişdir. Onun
meyiti Bakıya gətirilərək dəfn edilmişdir.

AĞA MUSA NAĞIYEV
Tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi
Musa Nağıyev 1849-ci ildə Bakıda doğulmuşdur. Bakı şəhərində
XX əsrin əvvəllərinə məxsus bir çox binaların tikintisi Ağa Musa
Nağıyevin adı ilə bağlıdır. Əsasən məktəb və xəstəxanalar üçün
nəzərdə tutulan bu binalar tikinti üslubu ilə şəhərə füsünkar gözəllik
verir. Bu binaların bir çoxunun inşasında qədim Şərq və Avropa
memarlıq məktəblərinin ən kamil nümunələrindən əxz edilən
üsullar nəzərə alınmaqla yanaşı, arxitektura və dizayn məsələləri,
həm də Ağa Musa Nağıyevin özünün təklifləri, mülahizələri əsas
götürülmüşdür. Deyilənlərə görə, Nağıyev Bakıda 98 bina inşa
etdirmişdir.
O, “Cəmiyyəti xeyriyyə” üçün möhtəşəm bina inşa etdirərək,
oğlunun xatirəsinə binaya İsmailiyyə adını vermişdir. Bu bina

34

ilə yanaşı orta məktəbin tamamlanmamış üçüncü mərtəbəsinin
inşasını da öz üzərinə götürmüşdü. O, həmçinin şəhərdə xəstəxana
tikdirmiş və Bakının su təchizatı üçün xeyli pul xərcləmişdi.

28 May küçəsinin sağ və sol tərəfindəki demək olar ki, bütün
binalar Nağıyevə məxsus olmuşdur. Yəhudilər üçün sinaqoq, indiki
M.A.Əliyev küçəsindəki məscid də onun vəsaiti hesabına inşa
edilmişdir. Musa Nağıyevin maddi dəstəyi ilə şəhərin mərkəzində
yaşayış evləri, Azərbaycan prospektində Mərkəzi Poçtun köhnə
binası, Nigar Rəfibəyli küçəsində qanuni yaşayış binası, Səməd
Vurğun küçəsində Qış klubu (Zabitlərin cari evi) və s. memarlıq
nümünələri ərsəyə gəlmişdir.

Onun şəxsi hesabına tikdirdiyi binaların bir çoxunda bu gün
nazirliklər, teatrlar fəaliyyət göstərir. İqtisadiyyat Universiteti,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “LUKOYL”
şirkətinin yerləşdiyi bina və bir çox binalar Musa Nağıyevin
yadigarlarıdır.

O, ilk orta məktəbin qəyyumluğunu üzərinə götürərək, hər
il 25 müsəlman uşaqdan ibarət siniflərin əlavə olunmasına və
hazırlanmasına nail olmuşdu. Bunun nəticəsində qısa müddət
ərzində müsəlman şagirdlərin sayı 50 faizə çatmışdı. 

İSA BƏY HACINSKİ
XIX əsrin ən varlı neft sənayesi sahibkarlarından olmuş İsa
bəy Hacınski 1860-cı ildə Bakıda dünyaya gəlmişdir. İsa bəyə
miras qalan böyük torpaq sahələrində neft yataqlarının aşkar
edilməsi onu milyonçuya çevirmişdir. Onun quyularından çıxan

35

neftin ümumi həcmi bir neçə ilə yarım milyon puda çatmışdır.
Himayəsində çalışan fəhlələr isə Nobelin, Rotşildin, Montaşovun
işçilərinin aldığı maaşdan qat-qat çox əməkhaqqı almışlar. O,
uzun illər ərzində “Neft sənayesi və ticarət” cəmiyyətinin sədri,
şəhər dumasının deputatı və Bakı Şəhər rəisi yanında neft işləri
üzrə şirkətin üzvü olmuşdur. İsa bəy həmçinin, “Qara şəhərdə”
kerosin zavoduna sahiblik etmişdir.

Savadlı, eyni zamanda bir neçə xarici dil (ərəb, fars, ingilis,
fransız və alman) bilən İsa bəy xeyriyyəçi kimi maarifçiliyə də xüsusi
önəm vermişdir. Müsəlman Xeyriyyə cəmiyyətinin təsisçilərindən
biri – İsa bəy uzun müddət Bakı Kişi gimnaziyasının fəxri
himayədarı olmuşdur. Gimnaziyanın azərbaycanlı məzunlarından
25 nəfəri İsa bəyin hesabına Rusiyanın müxtəlif şəhərlərinə təhsil
almağa göndərilmişdir. İsa bəy Hacinski məktəbin bütün xərcini
öz üzərinə götürmüş, hətta şagirdlərin yay fəslində dincəlməsi
üçün Pyatiqorsk yaxınlığında, Vladiqafqaz dəmir yolunun Karras
stansiyası ərazisində boş torpaq sahəsi alıb orada gözəl bir mülk də
tikdirmişdir.

Gimnaziya pullu idi, amma kasıb uşaqları burada pulsuz təhsil
alırdılar. Gimnaziyada humanitar elmlərə – tarix, latın, yunan
və fransız dili dərslərinə xüsusi fikir verilirdi. Məktəb o dövrün
müasir təhsil imkanlarına sahib idi. Buranı qurtaran tələbələr
universitetlərə daxil olmağa hazırlaşırdılar. Hal-hazırda bu binada
Bakının 4 saylı şəhər xəstəxanası yerləşir.

Hacınskilər Bakının bir neçə yerində mülk sahibi idilər. Bunlara
Ə.Cavad küçəsi, 12, Bül-Bül prospekti, 63, Füzuli küçəsi, 39 və

36

s. ünvanındakıları misal göstərmək olar. Binaların ən əzəmətlisi
1912-ci ildə tikilmiş “Hacınskinin evi” kimi tanınan və Qız
qalasının yaxınlığında yerləşən binadır. Neftçilər prospekti, 103
ünvanında yerləşən binanı tikdirmək üçün o, memarı İtaliyadan
dəvət etmişdir. 1910-cu ildə Hacınski kinoproyektor gətizdirmiş
və mütəmadi olaraq orada yeni filmlərin nümayişini keçirmişdir.
İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan
heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu
aslan heykəlləri atılan düşmən qumbaralarından dağılmışdır.

Bakı bulvarının salınmasında İsa bəy Hacınski çox sərmayə
qoymuşdur. Ona görə də, mülkünü məhz dəniz kənarında tikdirməyi
qərara almışdır. Yeri gəlmişkən qeyd edək ki, ilk bulvarımız indiki
Kukla teatrının binasından Azneftin binasına qədər olan sahəni
əhatə etmişdir.

İsa bəy Hacinski 1918-ci il mart qırğınlarından sonra
çox sarsılmış, evinə və biznesinə dəyən zərər onun ölümünü
tezləşdirmişdir. İsa bəy 1919-cu ilin yanvar ayında vəfat etmişdir.

MURTUZA MUXTAROV
Milli burjuaziyamızın iri neft sahibkarı, görkəmli ictimai
xadim, mesenat Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan
kəndində anadan olmuşdur.
Bakıdakı bütün xeyriyyə cəmiyyətlərinə maddi köməyini
əsirgəməyən Muxtarov Bakı real məktəbinin və Temirxan-Şurin
qadın gimnaziyasının himayədarı, dağlılar arasında savadın
və texniki biliklərin yayılması, Peterburq müsəlman xeyriyyə
cəmiyyətlərinin fəxri üzvü, ali və orta ixtisas məktəblərinin

37

tələbələri üçün 40 təqaüdün təsisçisi olmuşdur. Qərb təfəkkürünə
və zəngin dünyagörüşünə sahib olması onu xurafata və geriliyə
qarşı mübarizəyə sövq etmişdir. Bu məqsədlə o, Bakıda “Tərəqqi”
qəzetini nəşr etdirmiş, məktəblər tikdirmişdir.

Murtuza Muxtarovla bərabər həyat yoldaşı Liza xanım
da xeyriyyə işləri ilə məşğul olmuş, ərinə yaxından köməklik
göstərmişdir. Liza Muxtarova 1914-cü ildə yaradılan Bakı Qadın
Xeyriyyə Cəmiyyətinə başçılıq etmişdir. O, eyni zamanda vərəmlə
mübarizə üzrə Qafqaz cəmiyyəti Bakı şöbəsinin idarə heyətinin üzvü
olmuşdur. 1913-cü ildə təşkil edilmiş “Uşaq xəstəxanası” xeyriyyə
cəmiyyətinin ən fəal üzvlərindən olan Liza xanım Bakıda məxsusi
uşaq müalicəxanasının yaradılmasına da yardım göstərmişdir.

Onun maarifçilik və tərbiyəçilik fəaliyyəti daha geniş idi. Öz
övladı olmayan Liza xanım dəbdəbəli sarayında pansion yaradaraq,
yetim və yoxsul ailələrdə böyüyən qızların burada təlim-tərbiyə
almasını təşkil edirdi. Muxtarovun Səhmdar Cəmiyyətinin idarə
heyətinin üzvü olan Liza xanım “Nicat” və “Bakı Müsəlman
Xeyriyyə Cəmiyyəti”nə də dəstək verirdi.

Muxtarovun xalqına qoyduğu ən dəyərli miras tikdirdiyi
əzəmətli binalardır. Bakıda, Rusiyada eləcə də, Avropanın
müxtəlif şəhərlərində göz oxşayan bir çox binaların inşası onun
adı ilə bağlıdır. Vladiqafqaz şəhərindəki məscid, Kislovodskdakı
möhtəşəm tikili, İtaliyanın Florensiya şəhərindəki bir neçə bina
onun vəsaiti hesabına tikilmişdir.

O, Avropa səyahətində olarkən Venesiyada gördüyü binanın
eynisini 1912-ci ildə Bakıda tikdirir. İndi bu ecazkar bina “Səadət”
sarayı adlanır. Oktyabr inqilabından sonra bina Əli Bayramov
adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi

38

fəaliyyət göstərmişdir. Hazırda nikah evi kimi istifadə olunur. Bina
1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə “Ölkə
əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na
daxil edilmişdir.

Murtuza Muxtarovun yadigarlarından biri də Mərdəkanda
Azərbaycan Milli Elmlər Akademiyasının  Dendrologiya
İnstitutunun  yerləşdiyi bağdır. 1895-1920-ci illərdə salınan bağ
1925-ci ildə dövlət mülkiyyətinə keçmiş, sonradan müxtəlif
təşkilatların tərkibində olmuşdur.

1920-ci ildə Murtuza Muxtarov Sovet hakimiyyətinə tabe
olmayaraq öz şəhər evində bir bolşevik əsgərini öldürərək ikinci
gülləsi ilə də özünə qəsd etmişdir. 1908-ci ildə inşa etdirdiyi
“Murtuza Muxtar məscidi”nin həyətində dəfn edilmişdir. Liza
xanım Türkiyəyə qaçaraq oradan da Avropaya köçmüşdür. Bəzi
mənbələrə görə Liza xanım 1950-ci illərdə Parisdə vəfat etmişdir.

AĞABALA QULİYEV
Ağabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində dünyaya
gəlmişdir. XIX əsrdə yaşamış mesenat, milyonçunun var dövlətinin
əsas mənbəyi dəyirman sahəsi olmuşdur. Dəyirmanlar kralı kimi
tanınan Ağabala Quliyev həm də ictimai xadim kimi tanınmışdır.
Bu dövrdə Bakının ictimai-sosial həyatının bir çox sahələrində
Ağabala Quliyevin maddi və mənəvi dəstəyini görmək mümkündür.
Onun ictimai və mədəni tədbirlərdə, xüsusəndə xalq təsərrüfatının
inkişafında xeyli xidmətləri olmuşdur.
Müsəlman Xeyriyyə cəmiyyətinin ilk müəssislərindən biri

39

də Ağabala Quliyevdir. Birinci Dünya müharibəsi zamanı Bakı
Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyətinin genişlənməsi belə
mesanatların humanist prinsipləri hesabına baş verirdi.

1917-ci ilin aprel-may aylarında Bakıya Türkiyədən gələn
qaçqınları yerləşdirmək, yedirtmək, isti paltarla təmin etmək
sahəsində cəmiyyət xeyli iş görmüşdü. Xeyriyyə cəmiyyətinin
ümumi fondundan başqa Bakı varlıları, o cümlədən Ağabala
Quliyev qaçqınlar üçün ərzaq: un, düyü ayırmışdı. Sonralar Qafqaz
cəbhəsindən də çoxlu türk və alman əsirləri gətirilmişdi. Onların
da qayğısına qalmağı cəmiyyət unutmamışdır.

Ağabala Quliyev digər mesanatlardan fərqli olaraq şəhərdə
hündür binalar ucaltmağı sevmirdi. Lakin Bakının Poluxin
küçəsində tikdirdiyi yaşayış binası şəhərin ən əzəmətli binalarından
biri hesab olunur. Bu bina hazırda da şəhərə xüsusi gözəllik verir.
Ağabala Quliyevin evi - Bakı şəhərində, Murtuza Muxtarov küçəsi,
24 ünvanında yerləşən tarixi binadır. BinaAzərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı
ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.

1878-ci ildə Bakıdan Batuma neft kəməri çəkilməsi
məsələsində meydana çıxan problemlərin həllində A.Quliyev
məşhur rus mühəndisi V.Q.Şaxovla birlikdə əsas pay sahibi oldu.
Kəmərin çəkilməsi üçün təşkil olunmuş şirkətin sədrliyini də
Ağabala Quliyev öz üzərinə götürmüşdü.

1878-ci ildə Bakıda ilk dəfə olaraq, şəhər dumasına seçkilər
keçirilmişdi. Seçilənlər içərisində H.Z.Tağıyev, Şəmsi Əsədullayev,
Musa Nağıyev, Əjdər bəy Aşurbəyov, İsa bəy Hacınski ilə yanaşı

40

Ağabala Quliyev də olmuşdur. Dumanın iclaslarında Quliyev heç
zaman passiv mövqe tutmamış, müzakirə olunan, xüsusilə ərzaqla
əlaqədar məsələlərdə həmişə xalqın mövqeyindən çıxış etmişdir.

HACI HACIAĞA DADAŞOV
Hacıağa Dadaşov 1828-ci ildə İçərişəhərdə dünyaya
gəlmişdir. Rusiya imperiyasının “I dərəcəli taciri” titulu 1876-cı
ildə Azərbaycanda ilk dəfə ona verilmişdir. Uzun müddət Bakı
Dumasının nümayəndəsi olmuş Hacıağa Dadaşov çar tərəfindən
mülki müşavir (statski sovetnik) rütbəsinə layiq görülmüşdür.
Milyonçu ailə olan Dadaşovların gəlirlərinin böyük hissəsi
qeyri-neft sektorunun payına düşürdü. Bakı şəhərində 40-
dək mülkün sahibi Hacı Ağa Dadaşovun biznesinin əsasını
gəmiçilik təşkil etmişdir. Onun bu sahədəki fəaliyyəti nəticəsində
Azərbaycanda gəmiçilik yüksək keyfiyyətli və müasir standartlara
cavab verən səviyyəyə çatmışdır.
Genişürəkli, yardımsevər insan olmuş Hacıağa Dadaşov var-
dövlətini xalqın savadlanması və rifahı yolunda xərcləməkdən
çəkinməmişdir. O, çar III Aleksandrdan icazə alaraq Bakıda ilk
Avropa tipli oğlanlar məktəbini təsis etmişdir. Dadaşovlar Qori
Müəllimlər Seminariyasının da himayədarlarından olmuşlar.
Bu dövrdə orada Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Cəlil
Məmmədquluzadə kimi görkəmli ziyalılarımız orada təhsil
almışlar.
Azərbaycanda ilk qocalar və kimsəsiz uşaqlar evinin
açılması da onun adı ilə bağlıdır. O, Bilgəhdəki mülkünü qocalar
evinə çevirmiş, Lənkəranda isə yetim uşaqlar üçün körpələr evi
tikdirmişdir. Xeyriyyəçilik tədbirlərində fəal iştirak etmiş Hacıağa

41

Dadaşov Bakıya çəkilən Şollar su kəmərinin inşasına xərclənən
vəaitin 25%-ni vermişdir.

Hacının şəhərdə çoxlu mehmanxanası, karvansarayı, yaşayış
evləri var idi. Bunlardan biri 28 may küçəsində yerləşən 23 saylı
orta məktəbin binasını, S.Vurğun küçəsində yerləşən Diasporla İş
üzrə Dövlət Komitəsinin binasını, Z.Əliyeva küçəsində yerləşən
Dövlət Sərhəd Xidmətinin binasını və s. göstərmək olar. Vaxtilə
“Metropol” mehmanxanası olmuş indiki Nizami adına Ədəbiyyat
Muzeyi Tiflisdə hərraca çıxarılanda Hacıağa Dadaşov oranı 99 000
manata almışdır.

Bakıdakı məscidlərin tikintisi və bərpasında Dadaşovlar çox
işlər görmüşlər. Məsələn, İçərişəhər Cümə məscidini Hacının
qardaşı Şıxəli Dadaşov tikdirmişdir. O, həmçinin Bakının bir çox
kəndlərində məscid tikdirmiş, su xəttləri çəkdirmişdi.

YUSİF AĞA DADAŞOV
Hacıağa Dadaşovun böyük oğlu, milyonçu və xeyriyyəçi Yusif
ağa Dadaşov 1870-ci ildə İçərişəhərdə anadan olmuşdur. 
Dadaşovlar Xəzər dənizində bir çox gəmilərin  sahibi olmuşlar
(“İosif Dadaşov”, “Kapitan”, “Kette” və s.). Gəmiçiliklə 20
yaşında məşğul olmağa başlamış Yusif Ağa kontorda idarəçilik
işləri görərək bir neçə ilə gəmiçilik idarəsinin sahibi, daha sonra
bankir olmuşdur.
Təhsili Avropada almış Yusif Ağa Dadaşov Stokholm
Universitetini əla qiymətlərlə bitirmiş, rus, fransız və digər Avropa
dillərinə mükəmməl yiyələnmişdir. Rusiya, İran, Buxara xanlığı və
digər dövlətlərlə diplomatik əlaqələrin yaranmasında xidmətlərinə

42

görə bu ölkələrin başçıları tərəfindən orden və medallara layiq
görülmüşdür.

Dumanın üzvü olmuş,  II Nikolayın həqiqi mülki müşaviri
vəzifəsini tutmuş, çoxlu orden və medallarla təltif edilmişdi.
Romanovların 300 illiyi münasibətilə keçirilən mərasimə  Bakı
quberniyasından yalnız Yusif Ağa çağırılmışdır.

O, gəmi ticarətindən əldə etdiyi gəlirin əksəriyyətini xalqın
maariflənməsinə (Qori Müəllimlər Seminariyası  və «Qız
məktəbi»nə) sərf etmişdir. Bakı quberniyasının müsəlmanları
arasında maarifin yayılmasına çalışan “Nəşrül-Maarif”
cəmiyyətinin ömürlük fəxri üzvü olmuşdur.  Bakı-Batum neft
kəmərinin çəkilməsinə, Bakı duması binasının inşasına xeyli
vəsait sərf etmiş Dadaşov  Maksim Qorkinin,  D.İ.Mendeleyevin,
neft geologiyası mütəxəssisi İ.M.Qubkinin Bakıya səfərlərini
maliyyələşdirmişdir.

Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub
saxlanmasında yaxından iştirak edən Dadaşov Bibiheybət məscidini
bərpa etdirmiş, həmçinin Buxara əmirinin Moskvada tikdirdiyi
məscidə qırxçıraqlı qəndil və qiymətli xalılar bağışlamışdır. 

1918-ci ilin mart ayında Bakıda törədilən soyqırım zamanı
Dadaşov milli hökumətin qurulmasına maliyyə yardımı göstərmiş,
öz dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır.
Özləri tərəfindən Rusiyaya silah ardınca göndərilən gəmini
qarşılamağa gedən Dadaşov geri qayıtdıqda S.Lalayanın daşnak
qrupu ilə qarşılaşmışdır. Lalayanın onun qılıncının altından
keçməsi tələbinə Dadaşov belə cavab vermişdir: “Mən türkəm.

43

Türk ölər, lakin heç vaxt erməninin qılıncının altından keçməz”.
Qəzəblənmiş ermənilər ona işgəncələr verərək qətlə yetirmişdilər.
Dadaşovu qətlə yetirən ermənilər onun brilyant və digər qiymətli
daşlarla bəzədilmiş mundirini ələ keçirmişdilər. Qeyd edək ki,
Yusif Ağa Dadaşovun qəbri hələ də tapılmamışdır.

MİRZƏ ƏSƏDULLAYEV
Mirzə Əsədullayev 1875-ci ildə Bakıda, Şəmsi Əsədullayevin
ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı gimnaziyasında başa
vurduqdan sonra karyerasına atasının neft şirkətində başlamışdır.
Neft hasilatı sahəsindəki fəaliyyəti ilə əlaqədar Rusiya və
Avropa şəhərlərinə tez-tez səfər etməsi onun mütərəqqi ideyalar
qazanmasında mühüm rol oynamışdır. Zaman keçdikcə təkcə iş
adamı kimi deyil, həm də ictimai xadim kimi hörmət və nüfuz
sahibinə çevrilmişdir. O, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə
sədrlik etmiş, xalqın hərtərəfli inkişafına xidmət edən tədbirlər
təşkil etmişdir. Bu isə dövrünün aktual probleminə çevrilmiş
xurafat və cəhalətə güclü zərbə olmuşdur.
Millətin təəssübünü çəkən Mirzə Əsədullayevi Azərbaycan
dilində mətbu orqanların az olması kimi məsələlər ciddi narahat
edirdi. Ona görə də 1915-ci il martın 11-də “Qardaş köməyi” adlı
qəzeti nəşr etdirməyə başlamışdır. Qəzetin nəşrindən əldə olunacaq
gəlirin hərbzadə müsəlmanların nəfinə, o cümlədən Birinci Dünya
müharibəsi zamanı çar ordusundakı Azərbaycanlılardan ibarət
süvari qoşun hissələrinin döyüşçülərinə sərf ediləcəyi bildirilmişdi.
Əfsuslar olsun ki, qəzetin cəmi bir nömrəsi işıq üzü görmüşdür.

44

Mirzə Əsədullayevin dövlət idarəçiliyindəki çoxşaxəli
fəaliyyəti qısa müddətli olsa da mühümlüyü ilə diqqət çəkir. 1917-
ci il fevral inqilabından sonra, yəni mart ayında Mirzə Əsədullayev
Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü
seçilir. 1918-ci ildən isə Bakı neft sənayeçiləri qurultayı şurasının
sədri olur. Həmin ilin noyabrında Azərbaycan Milli Şurasının
“Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una
əsasən neft sənayeçiləri qurultayı şurasından Cümhuriyyət
parlamentinə üzv seçilir. Mirzə Əsədullayev “Müsavat” və bitərəf
fraksiyasına daxil idi.

1918-ci il dekabrın 26-da Azərbaycan Respublikası Nazirlər
Şurasının sədri Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət
kabinetində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir.
Həmin dövrdə Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin
yaradılması və yerli sənayenin inkişaf etdirilməsi istiqamətində
Mirzə Əsədullayev çox cəhd göstərmiş və xeyli əməli addımlar
atmışdır. Lakin təəssüf ki, zamanın gərdişləri ona nazir kürsüsündə
çox oturmağa imkan verməmişdir.

1920-ci ildə Azərbaycan SSR hökumətindən rəsmi icazə
alaraq xaricə getmiş, ömrünün sonuna kimi Parisdə yaşamışdır.
1936-ci ildə Parisdə dünyasını dəyişən Mirzə Əsədullayev şəhərin
müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

KAMPAN QƏDİMOV
Kampan Qədimov 1853-cü ildə Bakının Balaxanı kəndində
anadan olmuşdur. Əsl adı Əlibaxış olan milyonçu mesenatın

45

səxavətli və xeyirxah əməllərindən indi də xalq arasında
danışılır. Dünyanın 7-ci neft maqnatı Məşədi Kampan xalqın
dolanışığı haqqında tez-tez maraqlanan və əlindən gələn yaxşılığı
əsirgəməyən sahibkar olmuşdur. Onunla bağlı xalq arasında çox
əhvalatlar mövcuddur.

Yoxsul ailələrə əl tutan milyonçu həm ərzaq həm də pul
formasında yardımlar edirmiş. Məktəblərin, məscidlərin
tikintisində ona edilən müraciəti heç vaxt geri çevirməmiş,
lazımından artıq vəsait vermişdir və bunu heç kimin bilməməsini
istəmişdir. Ömrünün sonuna kimi Balaxanıda 21 otaqlı evində
yaşamışdır.

Sovet hakimiyyəti dövründə milyonçulara qarşı aparılan
repressiya Məşədi Kampandan yan keçmişdir. Deyilənlərə
görə o dövrün hakimiyyəti ona kasıblara yardım etdiyinə görə
dəyməmişdir. Həmişə xalqın həmişə yanında olan milyonçu
1928-ci ildə dünyadan köçmüşdür. Kampan Qədimov Balaxanı
qəbiristanlığında dəfn edilmişdir.

ƏLƏKBƏR BƏY RƏFİBƏYLİ
Görkəmli ictimai və siyasi xadim Ələkbər bəy Rəfibəyli 1839-
cu ildə Gəncədə anadan olmuşdur. Progimnaziyanı bitirmiş, ilk
təhsilini rus dilində almışdır. Peterburqda kənd təsərrüfatı üzrə
təhsil aldıqdan sonra Gəncəyə qayıtmışdır. 1870-ci ildən 1896-cı il
avqustun 10-dək polis sistemində fəaliyyət göstərmişdir. O, 1895-
1896-cı illərdə Yelizavetpol polismeysteri vəzifəsində çalışmışdır.
Ələkbər bəy 1896-cı ildən başlayaraq maarifçi və xeyriyyəçi

46

kimi geniş fəaliyyət göstərmişdir. Əlaqələrindən istifadə
edərək Gəncəyə Türkiyədən müasir təlim verəcək müəllimlərin
gətirilməsinə çalışmışdır. Gənclərin xaricdə təhsil almasına da xeyli
səy göstərmişdir. Ələkbər bəy Rəfibəyli “Gəncə müsəlman dram
məclisi”nin yaradılmasının, Gəncə milli məktəbinin açılmasının,
Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk
təşəbbüskarlarından olmuşdur.

O, həmçinin “Difai” partiyasının Gəncə təşkilatının
rəhbərlərindən biri idi. 1905-ci ildə Gəncədə silahlı erməni-daşnak
dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının qarşısını almaq
üçün Ələkbər bəy ümumi səfərbərlik keçirmiş, xalqa rəhbərlik
etmişdir. Erməni vəhşiliklərini ifşa etmək məqsədilə 1905-ci il
noyabrın 1-dən başlayaraq qanlı soyqırımı faktlarını ardıcıl surətdə
rus dilində qeydə almış, çoxsaylı məqalələr dərc etdirmiş, 245
müxbir məktubunun əksəriyyətini şəxsən özü yazmışdır.

O, barışıq yaratma, əsirdəyişmə heyətlərinin nüfuzlu üzvü idi.
Ələkbər bəy Rəfıbəyli 22 il ərzində Gəncə Bələdiyyə şurasının
- Dumanın üzvü olmuşdur. O, Yelizavetpol qubernatorunun
1906-cı il 30 iyun tarixli fərmanı ilə Gəncə Müsəlman Xeyriyyə
Cəmiyyətinin ömürlük fəxri üzvü kimi təsdiq edilmişdir. 1905-
ci ildə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı
törətdikləri soyqırımları zamanı və bundan sonra fəal milli
mövqeyinə görə hökumətin məxfi nəzarətində olan Ələkbər bəy
1908-ci il iyulun 31-də general-qubernatorun fərmanı ilə 5 il
müddətinə Orenburq quberniyasına sürgün edilmişdi. General-
qubernator, eyni zamanda, Qafqaz canişininə müraciət edərək,

47

onun qlasnılıqdan geri çağırılması məsələsini qaldırmışdı. Lakin
sürgün baş tutmamış, Rəfıbəyli 1909-1913-cü illərdə Yelizavetpol
şəhər dumasının qlasnısı kimi fəaliyyətini davam etdirmişdir.
Mübariz milli mövqeyindən geri çəkilməyən Ələkbər bəy 1905-
1911-ci illər İran inqilabı zamanı Səttar xan dəstələrinə silah və
sursatla yardım göstərmişdir. Birinci dünya müharibəsi dövründə
Türkiyənin zərərçəkən əhalisinə yardım göstərilməsi üçün icazə
alınması, almanların Sibirə sürgün edilməsi haqqında 1915-ci il
tarixli çar fərmanının Azərbaycan almanlarına şamil edilməməsi
məhz Ələkbər bəyin cəsarətli mövqeyi və diplomatik çalışmaları
sayəsində baş tutmuşdu. Birinci dünya müharibəsi (1914-1918)
zamanı rus komandanlığı zəifləyən Rusiya ordusunun say tərkibini
artırmaq məqsədilə Qafqaz türklərindən (azərbaycanlılardan) də
əsgər götürməyi və onları Türkiyəyə qarşı döyüşlərə cəlb etməyi
qərara almışdı. Bu məkrli planın baş tutmasına mane olmaq üçün
Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov və Ələkbər
bəy Rəfibəylidən ibarət nümayəndə heyəti Tiflisdə Qafqaz
general-qubernatoru ilə danışıqlar aparmışdılar. Nəticədə, Qafqaz
türklərinin orduya məcburi qaydada deyil, könüllü cəlb edilməsi
qərara alınmışdı. Fevral inqilabından (1917) sonra Ələkbər bəy
Rəfıbəyli Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət
göstərmişdir. Nuru paşanın komandanlığı ilə Azərbaycana köməyə
gələn Qafqaz İslam Ordusunun fəaliyyətinin Gəncə dövründə
Ələkbər bəy Rəfibəyli xüsusi rol oynamışdır. Ələkbər bəy Rəfibəyli
xalqın güzəranı, məişəti və həyat tərzinin, şəhər təsərrüfatının
hərtərəfli bilicisi olmuş, publisist kimi də fəaliyyət göstərmiş,

48

qəzetlərdə vaxtaşırı məqalələr dərc etdirmişdir. O, “Tərcüman”
qəzetinin tanınmış yazarlarından biri idi.

Ələkbər bəy Rəfibəyli 1919-cu ilin aprel ayında Gəncədə vəfat
etmişdir.

NABAT AŞURBƏYOVA
Aşurbəyovlar ailəsi Bakının nüfuzlu zadəgan ziyalıları arasında
xüsusi yer tutmuşdur. Bu nəslin nümayəndələrinə görkəmli
neft istehsalçılarının, böyük təhsil müəssisələri qəyyumlarının,
maarifçilərin, himayədarların, nəşriyyat fəaliyyəti ilə məşğul
olanların, həmçinin ən səxavətli xeyriyyəçilərin arasında rast gələ
bilərik.
Azərbaycanın ilk xeyriyyəçi qadını Nabat Aşurbəyova
1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində
dünyaya gəlmişdir. Nеft mədənlərinə, imarətlərə, böyük torpaq
sahələrinə malik olmuş Aşurbəyovların xanım nümayəndəsi Nabat
Aşurbəyova xеyirxahlığına görə daha da məşhurlaşmışdır.
Nabat xanım hər cümə evlərinin qapısını kasıblara açmış,
onları yedizdirmiş və ərzaqla təmin etmişdir. Tikdirdiyi hamam
(hamam tatar küçəsində yerləşirdi – sovеt dövründə Krupskaya,
indi A. Topçubaşov) həftənin bir günü yoxsul əhali üçün pulsuz
fəaliyyət göstərmişdir. O, Sabunçu xəstəxanasında kasıb və
yеtimlərin müalicə xərclərini öz hesabına ödəmişdir.
Şollar su kəmərinin çəkilməsində Nabat xanım da digər
milyonçular kimi külli miqdarda pul xərcləmişdir. Onun
xeyriyyəçiliyinin zirvəsi Bakı şəhərində tikdirdiyi (1905-1914-cü

49

illər) Təzəpir məscididir. Bu məscidin tikilməsində o, ilk diplomlu
azərbaycanlı mеmar, Sankt-Pеtеrburq Mülki İnşaat Mühəndisliyi
İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən
yararlanmışdır. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş mеmarı
olmuşdur. Nabat xanım Zivər bəyə xeyli vəsait vеrərək, onu
məşhur məscidlərin mеmarlığını öyrənmək üçün Şərq ölkələrinə
еzam еtmişdir. Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür
ikimərtəbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini
təqdim еtmişdir. Lakin Bakı qubеrnator idarəsi pravoslav
ruhanilərinin fətvası ilə minarənin ancaq bir mərtəbəsinin
tikilməsinə icazə vermişdir. Əgər məscidin minarəsi iki mərtəbəli
olsaydı, öz hündürlüyü və yaraşığına görə еlə həmin dövrdə (1897-
ci il) və yaxınlıqda tikilmiş Alеksandr Nеvski pravoslav kilsəsini
kölgədə qoyardı.

Qısa minarə ilə tikilməsinə baxmayaraq, Təzəpir məscidi o
dövrdə Bakının ən iri və möhtəşəm məscidi olmaqla yanaşı, həm
də şəhərə yaraşıq vеrən gözəl mеmarlıq abidəsi kimi əbədiləşdi.
Məscid 1918-ci il Mart Soyqrımında bir çox müsəlmanların
sığınacaq yeri olmuşdu.

Nabat xanım məscidin tam hazır formasını görməmişdir. O,
1912-ci ildə 117 yaşında vəfat etmişdir. Onun ölümündən 2 il
sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu
Rzayеv başa çatdırmışdır. Nabat xanım və oğlu Hacı Abbasqulu
məscidin girişində dəfn еdilmişlər.

50

ƏJDƏR BƏY AŞURBƏYOV
Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik Göy
məscid isə Aşurbəyovların digər nümayəndəsi Bakının neft taciri,
milyonçu və mesenat Hacı Əjdər bəy Aşurbəyov tərəfindən inşa
etdirilmişdir. Əjdər bəy Aşurbəyov 1858-ci ildə Bakıda anadan
olmuşdur.
O da digər Aşurbəyovlar kimi geniş xeyriyyəçi işlərlə məşğul
olmuş, 10 ildən çox Bakı Şəhər Dumasının üzvü kimi fəaliyyət
göstərmişdir. Əjdər bəy Azərbaycan tarixində daha çox Göy məscid
adlandırılan möhtəşəm məbədi tikdirməsi ilə yadda qalmışdır.
Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi
ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınmış, sonradan “Əjdərbəy
məscidi” adlandırılmışdır. Eyni zamanda, məbədin günbəzi
göy rəngdə olduğundan xalq arasında ona “Göy məscid” də
deyilir.
Sovet hakimiyyəti illərində Əjdərbəy məscidi də repressiyaya
məruz qalmış, lakin II Dünya müharibəsindən sonra yenidən xalqın
istifadəsinə verilmişdir.

İSA BƏY AŞURBƏYOV
İctimai-siyasi xadim, publisist, pedaqoq, jurnalist, naşir,
neft milyonçusu, xeyriyyəçi İsa bəy Aşurbəyov  1878-ci
ildə  Bakı  şəhərində doğulmuşdur. Atası Hacı Mehdiqulu bəy
Aşurbəyov 1890-cı ildə quyusundan neftin fontan vurması ilə
milyonçu olmuşdur. İlk təhsilə Bakıda mollaxanada başlayan İsa
bəy altı sinifli şəhər məktəbini bitirmişdir. Aşurbəyov gənclik


Click to View FlipBook Version