The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:28:55

menevi deyerlerimiz Abbas Qurbanov

menevi deyerlerimiz Abbas Qurbanov

51

sevilən və təqdir edilən örnək bir insan olmuşdur. Belə ki, bütün
qaynaqlar onun bu xüsusiyyətini: “Kamal və camal sahibi idi”,
“Fövqəladə zahiri gözəlliyi və qəribə kəmalatı olan, bir bənzəri
tapılmaz yaradılışa sahib idi”; “Son dərəcə gözəl və nüfuzedici
bir çöhrəsi vardı”; “Qırx gün hücrəsində xəlvətdə qalıb, çölə
çıxanda üzünə baxıla bilməyəcək dərəcədə nurani bir parlaqlıq onu
görənlərin gözlərini qamaşdırardı”, və s. kimi sözlərlə tərif edirlər.
Ona “Cəmaləddin” ləqəbinin verilməsi də bu xüsusiyyəti ilə bağlıdır.

Seyid Yəhya təkyə təhsili ilə yanaşı mədrəsə təhsili də
almışdır. Türk, fars və ərəb dilində əsərlər yazmış olması o
dövrün ziyalıları üçün bilinməsi zəruri olan bu üç dilə hakim
olduğunu göstərir. Bundan başqa, əsərlərindən təfsir, hədis,
kəlam və fiqh elmlərini mükəmməl bildiyi məlumdur. Gənclik
illərində Şamaxıdan ayrıldığına dair bir məlumat olmadığına görə
təhsilini də burada tamamladığını güman etmək olar. O dövrdə
Şirvanşahların paytaxtı Şamaxı, yaxşı təhsil verən mədrəsələrin
olduğu əhəmiyyətli bir elm və mədəniyyət mərkəzi olmuşdur.
Bakuvi “Şəfa əl-Əsrar” əsərində müəllimlərindən üçünün adlarını
qeyd edir. Bunlar: Şəmsəddin Axsıkəti, Hafizuddin əl-Gərdəri,
Mövlanə Tacüddin və Qütbəddin əs-Sərabidir. Bu alimlərin
nisbəsindən aydın olur ki, başqa şəhərlərdən və uzaq diyarlardan
Şamaxıya gələn alimlər burada dərs vermişdirlər.

Onu da qeyd edək ki, 2013-cü ildə UNESCO-nun Baş
Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik
yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar
qəbul edilmişdir.

52

Yardım Sevgisi

Yardımsevərsiniz?

Həftə sonu evdə oturursunuz. Kefiniz kökdür. Tapşırıqlarınız
bitib, imtahan da yoxdu. O əsnada ananız səslənir: “Əhməd! Mənim
evdə çox işim var! Dükana gedə bilərsənmi?” Nə edərsiniz? Dərhal
qaçaraq ananızın köməyinə gedərsiniz, yoxsa işdən qaçmaq üçün
bəhanələr axtarasınız? İş görmək istəməyənə bəhanə çoxdur, ancaq
yardım etmək...

Yardım etmək çox qazanclı bir işdir, əziz dostlar!
Peyğəmbərimiz (s) peyğəmbər olduğu halda hər zaman insanlara
yardım etmiş, onun yanına gələnləri əliboş qaytarmamışdır. Bunun
səbəblərindən biri də, əlbəttə ki, insanlara qarşı bəslədiyi sevgi və
mərhəmətdir. Peyğəmbərimiz (s) insanlara yardım edərək Allahın
razılığının necə qazanılacağını da bizə göstərmişdir. Belə ki, bir
hədisi-şərifdə deyilir: “İnsan qardaşına yardım etdiyi müddətdə
Allah da ona yardım edər”. Necə də qazanclı bir müjdədir, elə
deyilmi? Bəs yaxşı, Rəbbimiz nə üçün bir-birimizə yardım
etməyimizi istəyir? Heç kimə yardım etmədən də Allahın rizasını
qazana bilmərik? Yardımlaşmanı bu qədər mühüm edən nədir?

Rəbbimiz hər bir bəndəsini digər bir bəndəsinə əmanət edərək
yaradır. Dünyaya ilk gəldiyimiz anda körpə halımızla bizi anamıza

53

və atamıza əmanət edir. Sonra böyüdükdə yanımızda qardaş-
bacılarımız və ya dostlarımız olur. Qohumlar, qonşular da yaxın
ətrafımızdır. Təbii ki, həyat yoldaşlarını da bir-birinə əmanət
edər. Hər vəziyyətdə digər birinə ehtiyacımız vardır. Rəbbimiz
də bütün bəndələrinin birlikdə böyük bir həmrəylik, anlaşma və
yardımlaşma içərisində yaşamağını istəyir. Bundan başqa bir nəfərə
yardım etmək həmin şəxsə olan sevgimizi də göstərir. Dinimizin
məqsədi də budur, əziz dostlar. Bir də ki, hər zaman deyirik axı:
“Müsəlmanlar qardaşdır”. Elə isə qardaşlar bir-birlərinə yardım
etməlidir.

Yardım başqalarının və ətrafımızdakıların ehtiyaclarını təmin
etmək, yardım-sevərlik isə edilən yardımı ürəkdən etmək və bunu
təbii xarakter halına gətirməkdir.

Bu mövzuda diqqət etməyimiz lazım olan bəzi hallar var,
dostlar. Bunlardan biri, yardıma ehtiyacı olan insanları çox yaxşı
seçməkdir. İndi deyəcəksiniz ki, “Dostumun qələmi olmayanda
məndən qələm istəyir onsuz da. Mən də ona yardım edirəm. Dolayısı
ilə seçməyə gərək qalmır”. Yaxşı, bəs dostun qələmi olmadığını
sənə deməsəydi, onun ehtiyacı olduğunu haradan biləcəkdin?
İstəmədiyi təqdirdə ona yardım etməkdən məsul deyilikmi?
Bunun kimi cəmiyyətdə varlığından xəbərdar olmadığımız, görə
bilmədiyimiz yerlərdə bir çox çətinliyə qatlanmaq məcburiyyətində
qalan fağır və möhtac insanlar var. Onlar üçün nə isə etmədən
dayana bilərikmi?

Məhz yardımlaşmanın məqsədi də budur: İnsanlara dəyər
vermək, ehtiyac sahiblərini axtarıb tapmaq, onlarla maraqlanmaq

54

və Rəbbimizin rizasını qazanmaq. Məhz ona görə də bir
müsəlmanın çox ağıllı və çevik olması, “Ətrafımda kimin nəyə
ehtiyacı var, onlar üçün nə edə bilərəm?” deyə düşünməsi lazımdır.
Bunun dərdini çəkdiyimiz zaman əminəm ki, yardıma ehtiyacı
olanları tapıb onlara faydalı olacaqsınız. İşə sinif yoldaşlarınızdan
başlaya bilərsiniz. Məsələn, yaxşı oxuduğunuzu düşündüyünüz
dərslərdə yoldaşlarınıza yardım edə bilərsiniz, maddi vəziyyəti
yaxşı olmayan yoldaşlarınıza ailənizin də köməyi ilə yardım edə
bilərsiniz.

Bəli, ən başda da dediyimiz kimi iş görmək istəməyənə bəhanə
çoxdur, ancaq yardım etmək başqadır. O, çox qazanclı bir işdir.
Qazancınız xeyirli olsun!

55

İbrətli Hekayə:

Ayaqqabıçı

Yeni gətirdiyi malları vitrinə düzərkən küçədəki bir uşaq
onu seyr edirdi. Məktəblər bağlanmaq üzrə olduğuna görə idman
ayaqqabılarına təlabat artmışdı. Düzdür, yeni gətirdiyi mallar bir
o qədər də lüks deyildi, ancaq kiçik bir dükan üçün kifayət edirdi.
Onların ən gözəlini qarşıdakı vitrinə qoyduqda uşaq vitrinə doğru
bir az da yaxınlaşdı. Ancaq o, bir əl ağacı istifadə edirdi. Həm də
çətinliklə. Ayaqqabıçı ona bir də diqqətlə baxdı. Əynindəki şalvarın
sol ayağı dizinin aşağısından sonra boş idi. Ona görə də sağa-
sola ləngər vururdu. Uşaq ayaqqabılara baxaraq sanki özündən
keçmişdi. Bir müddət belə qaldı. Daldığı xəyallardan ayrılıb yoluna
davam etmək istəyirdi ki, ayaqqabıçı dükandan çıxıb ona səsləndi:

- Balaca! Ayaqqabı almaq istəyirdin? Builki modellər çox
gözəldir.

Uşaq ona baxaraq:
- Həqiqətən də, çox gözəldir! -deyə təbəssüm etdi. Ancaq
doğuşdan etibarən mənim bir ayağım yoxdur.
- Məncə, bu, mühüm deyil! -dedi ayaqqabıçı. Bu dünyada hər
mənada tam olan insan yoxdur ki! Kiminin əli yoxdur, kiminin
ayağı. Kiminin də ağlı, ya da imanı.

56

Uşaq bir söz deyə bilmədi. Ayaqqabıçı isə sözlərinə belə
davam etdi:

- Kaş ki, imanımız əskik olmaqdansa, ayaqlarımız əskik
olsaydı.

Uşağın başı əməllicə qarışmışdı. Bu dəfə ayaqqabıçıya doğru
yaxınlaşıb:

- Başa düşmədim! -dedi. Nə üçün elə deyirsən ki?
- Bunu başa düşmək çox asandır! -dedi ayaqqabıçı. Əgər
imanımız olmasa, cənnətə girə bilmərik. Ancaq ayaqlar olmasa,
problem deyil. Onsuz da orada bütün əskikliklər tamamlanacaq.
Hətta şikəst insanlar sağlam insanlara nisbətən daha çox mükafat
alacaqdır.
Uşaq yenə də təbəssüm etdi. O günə qədər çəkdiyi acılar
yüngülləşmişdi sanki. Ayaqqabıçı vitrinə işarə edərək:
- Baxdığın ayaqqabı sənə yaxşı yaraşar! -dedi. Geyinib baxmaq
istəyirsən?
Uşaq başını aşağı əyərək:
- Üstündə 30 manat yazılıb! Mən onu ala bilmərəm. -dedi.
- Endirim sezonudur, sənin üçün bir az aşağı düşərəm! -dedi
ayaqqabıçı. Endirimlə 20 manata verirəm. Sən də bir tayını aldığın
üçün 10 manat verərsən.
Uşaq bir az düşünüb:
- Ayaqqabının o biri tayı bir işə yaramaz ki! -dedi. Onu kim
alacaq axı?
- Eh sən də! -deyə güldü ayaqqabıçı. Onu da sağ ayağı
olmayan bir uşağa sataram. Sən onu fikirləşmə. Ayaqqabı satan
mən deyiləm?

57

Bu sözlər uşağın ağlına batmışdı. Ayaqqabıçı sözlərinə dava
edərək:

- Həm də məktəblisən, elə deyilmi? -deyə soruşdu.
- İkinci sinfə gedirəm, üçüncü sinfə keçdim sayılır! - uşaq
fəxrlə dedi.
- Lap yaxşı! -dedi ayaqqabıçı. 5 manat da məktəbli endirimi
etsəm, yerdə qalır 5 manat. O da ki, endirim payı olsun. Elə isə
ayaqqabı sənindir, satdım, vəssalam!
Ayaqqabıçı uşağın təəccüblü baxışları arasında dükana girdi.
İçəridəki rəflər onun bəyəndiyi modelin eynisi ilə dolu idi. Ancaq
ayaqqabıçı vitrində olanı götürdü. Bir kətil götürüb gəldi və uşağı
oturdub ona yeni ayaqqabısını geyindirdi. Uşağın ayağından
çıxartdığı köhnə ayaqqabı tayını göstərərək:
- Mənim satışım bitdi, -dedi. Sən də mənə bunu satsan
sevinərəm.
- Zarafat edirsən? -deyə kəkələdi uşaq. Onun dabanı deşilmək
üzrədir. Köhnə bir ayaqqabı tayıdır, heç bir qəpik etməz ki!
- Sən də çox geridə qalmısan deyəsən, dostum! -dedi
ayaqqabıçı. Əntiq əşyalardan xəbərin yoxdur? Bir əntiq əşya nə
qədər qədimdirsə, o qədər dəyəri artar. Ona görə də, məncə, sənin
bu ayaqqabın ən az 30-40 manat edər.
Uşaq ard-arda yaşadığı şokların təsirində qalmışdı. Mütləq
bir yuxu olmalı idi bu. Həm də həyatındakı ən gözəl yuxu.
Ayaqqabıçının həyəcandan tərləyən ovuclarına sıxışdırdığı kağız
pullara göz gəzdirdikdən sonra 10 manatı geri uzadaraq:
- Mənə 20 manat bəs edər! -dedi. Axı endirim kampaniyası
başlatmısınız!

58

Ayaqqabıçı onun ürəyini sındırmayıb pulu aldı. Bu vaxt uşağın
yanağından da öpməyi yaddan çıxarmadı. Hər nədəndirsə, yerə-
göyə sığmırdı. Əgər bütün mallarını bir gündə satsa, belə bir sevinc
tapmazdı. Uşaq asta-asta yerindən qalxdı. Sanki artıq əl ağacına
ehtiyac hiss etmirdi. İsti bir təbəssümlə təşəkkür edib:

- Atam haqlı imiş! -dedi. “Atam, şikəst olduğuna görə
kədərlənməyinə gərək yoxdur!” - demişdi.

59

Yardımsevər Xeyriyyəçi:

Hacı Zeynalabdin Tağıyev

Erkən yaşından zəhmətə başlamış, 15 yaşında bənnalıq sənətini
mənimsəmiş, sonralar ticarət fəaliyyəti ilə məşğul olmuş Z.Tağıyev
neft sahəsinə sərmayə qoyaraq sərvət sahibinə çevrilmişdir. Neft
sənayesi firmasının, Bakı ticarət bankının əsasını qoyaraq iri
toxuculuq fabrikini tikməklə, pambıq-parça istehsalına sərmayə
qoymaqla Azərbaycan iqtisadiyyatının məzmununu xammal
təyinatından istehsalçı səmtdə inkişaf etdirmiş, iqtisadiyyatda
müstəmləkə siyasətinə qarşı nümunə göstərmişdir. Tağıyev
fabrikində bezin pudu 24 manat 63 qəpiyə başa gəlirdisə, Hacı
onu camaatın xeyrinə olaraq 19 manat 70 qəpiyə satdırırdı. Bütün
Şərqin müsəlmanları ölülərini dəfn etmək üçün Tağıyev fabrikinin
bezini alırdı. Sırf iqtisadi mənfəət xarakterli bilinən bu addım
siyasi mahiyyətilə, H. Z. Tağıyevi məşhurlaşdıran fərqli fəaliyyət
növünün - xeyriyyəçiliyin mənşəyini təşkil edən dəyərlərdən xəbər
verir. Artıq elə bir məqamdır ki, maddi maraq ehtirası qarşısında
mənəvi tələbat geri çəkilmir, varlığını təsdiqləyir.

Bir sıra milyonçuların əskinaslarla samovar qaladığı, eyş-
işrətə qurşandığı mühitdə H. Z. Tağıyev əxlaqi kamilliyi, mənəvi
bütövlüyü ilə hörmət qazanmışdı. Hacı üçün ailə müqəddəs ocaq

60

idi. Süfrə arxasında əyləşməkdən ailə konsertləri təşkil etməyə
kimi mərasimləri ailə üzvləri ilə birlikdə keçirirdilər. Əzəmətli
mülkünün çox saylı otaqlarının ən sadəsi Hacıya məxsus idi. Xalı
və kənarələr döşənmiş bu otaqda həm də namaz qılırmış. Hətta
çarpayıda deyil, adi döşəkdə...

Bakıda ilk müsəlman Xeyriyyə Cəmiyyətinin sədri H. Z.
Tağıyev olmuşdur. Birinci dünya müharibəsi illərində qaçqınlara,
Nargin adasındakı türk əsgərlərinə yardım göstərmişdir. Bu barədə
Türkiyə mətbuatında Məmməd Sadıq Aran «Qardaş köməyi»
məqaləsi ilə çıxış etmişdir: «Azərbaycan Cəmiyyəti Xeyriyyəsi
Rus işğalındakı Doğu Anadolu vilayətlərinə heyətlər yolladı:
12.000 yetim uşaq topladı, milyonlar dəyərində ərzaq, geyim
əşyası sövq etdi… Rus-erməni məzaliminə son verdirdi… Bu işləri
sadəcə milli vəzifə hissilə yapdı». Cəmiyyətin nəzdində «Fəlakət
və Hərbzadələrə Yardım şöbəsi» yaradılmışdı. Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin Qars, Ərzurum, Tiflisdə xüsusi şöbələri
açılmış və bu şəhərlərdə onun müvəkkilləri fəaliyyət göstərirdi.
Türk əsirləri, qaçqınları ilə bağlı geniş coğrafiyada çoxşaxəli
fəaliyyət göstərən Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti gizli
komitə vasitəsilə Bakıda, Nargin adasında saxlanılan yüzlərlə türk
əsirini qaçırtmaqla Anadoluya göndərə bilmişdi.

H. Z. Tağıyevin xeyriyyəçilik fəaliyyətinin coğrafiyasını
izləmək, milli təyinatını təhlil etmək dolğun informasiya almağa
imkan verir. Təbii ki, xeyriyyəçilik fəaliyyətinin sosial mənşəyi
bəllidir. Maddi ehtiyacı olanlara ünvanlanan xeyriyyəçiliyin
arxasında məhdudlaşan prinsiplər aparıcı yer tuturdumu? Milli

61

yaxud yerli təəssübkeşlik əsas götürülürdümü? H. Z. Tağıyevin
xeyriyyəçilik fəaliyyəti baxımından sonuncu suala həm təsdiqlə-
yici, həm də təkzibedici cavab vermək mümkündür.

Sovet hökuməti bütün sərvətini əlindən alanda Tağıyev «Mən
indi sakitəm, çünki bütün varidatım xalqın əlindədir» demişdi.
Sovet rejimi tam çökməmiş Tağıyev şəxsiyyəti tarixi təcriddən
xilas oldu.

Düz 106 il əvvəl, 1912-ci ildə «Baku» qəzeti yazırdı: «Tağıyev
bütün Qafqaz müsəlmanlarının fəxridir. Onun adı həmişə ehtiram və
məhəbbətlə çəkilir. Müsəlmanlar arasında Tağıyevdən də varlıları
var. Lakin onlar deyil, məhz Tağıyev Qafqaz müsəlmanlarının
dayağı oldu». 100 il sonra isə deyilir: Zeynalabdin Tağıyev bütün
türk dünyasına, İslam aləminə örnək bir xeyriyyəçi olmuşdur.

62

Utanma Hissi və Ədəb

Ey insan! Sənin canının qiyməti və dəyəri bu elm və ədəbdir.
Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə
qədər artsa qədir-qiymətində bir o qədər artar.

Hz. Əli (r.a)

Ancaq və Ancaq Ədəb

Ata-babalarımız “Bizim zamanımızda...” deyə başlayan
bir çox xatirələrini danışırlar. Onlara həyəcanla qulaq asar, görə
bilmədiyimiz o anları zehnimizdə canlandırmağa çalışırıq.
Keçmişdə insanların bir-birilərini daha çox sevib hörmət
etdiklərini, hər kəsə dəyər verdiklərini və hər kəsin bir-birinə daha
alicənab davrandığı bir cəmiyyətin olduğundan bəhs edərlər. Biz
də onlara qulaq asarkən o illərdə yaşasaydıq deyə “ah” çəkirik
Səmimiyyətlərini, məhəbbətlərini, nəzakətlərini dinlədikcə “Niyə
indi də belə deyil?” sualının cavabını axtarırıq. Böyüklərimiz isə
bunun cavabını ədəbin insanlardan uzaqlaşması ilə açıqlayırlar.

Ədəb insanın əxlaqını göstərir, dostlar. Əxlaqın gözəlliyi də
davranışlarda özünü göstərir. Ətrafınızdakı insanlara nəzər salın!
Mütləq ədəb-ərkanlı, alicənab, tərbiyəli insanlar görəcəksiniz.
Onların davranışlarına baxın. Cəmiyyət içində nə qədər dəyərli
olduqlarını siz də sezəcəksiniz. Həqiqətən də, ədəbli insanların

63

halları, hərəkətləri insana ayrı bir gözəllik bəxş edir. Harada necə
davranacaqlarını yaxşı bilirlər. Ancaq bir də bunun əksini düşünün!
Kobud, hörmətsiz insanları... Onların yanında olsanız nə qədər
narahat olarsınız, elə deyilmi? Belə insanlarda həya hissi də azdır.
Çirkin, pis hərəkətlərindən utanmazlar.

Yaxşı, bəs ədəb və həya hissi nə deməkdir? Bunu izah etməyə
çalışaq. Ədəb ağıllı-kamallı, itaətkar olmaq, davranış gözəlliyi və
ya insanlara qarşı xoşrəftar olma mənalarını ifadə edir. Həya isə pis
söz danışmaq və pis hərəkətlər etməkdən uzaq durmaqdır. Həya
sahibi olmayan insanlar pis hərəkətlər etməkdən çəkinməzlər,
çünki utanma hissləri azalmışdır. Əksər hallarda böyüklərimizdən
eşidirik: “Utanmaza bax, böyüklər ayaq üstə dururkən qalxıb bir
yer də vermədi!” deyə. Məhz həya və ədəb bir insanda olmadıqda
yanlış davranışlar ard-arda gəlir. Ancaq bəzi vəziyyətlər də vardır
ki, məsələn, evimizə gələn qonağa “xoş gəldin” deyib içəri dəvət
etmək kimi. Belə hallarda nəzakət qaydalarını tətbiq edərkən ilk
zamanlar ətrafımızdakı insanlardan utana bilər, cəsarətsiz davrana
bilərik. Lakin bunu tətbiq etdikcə o davranışlar bizim xarakterimizə
nəqş olunar və bunu çəkinmədən yerinə yetirməyə başlayarıq.
Məhz buradakı utanma halı sonradan davam etməz. Digər
tərəfdən süfrə arxasında yemək yeyərkən ağzımızı marçıldatmaq,
böyüklərin yanında ayaqlarımızı uzadaraq oturmaq, danışarkən
qeyri-etik kəlmələrdən istifadə etmək, ətrafımızdakılara qarşı
kobud davranmaq kimi yanlış və çirkin hərəkətlər etməkdən uzaq
durmalıyıq.

Rəbbimiz bizi yaradarkən içimizə utanma hissini də

64

yerləşdirmişdir. Məhz buna görədir ki, utanma hissi azaldıqca
insan insanlığından uzaqlaşır. O halda ədəb və həya hər işin başında
gəlməlidir. Təkcə insanlarla olan əlaqələrimizdə deyil, yalnız
olduqda belə ədəbə diqqət etməliyik. Əslində, Rəbbimizin bizi hər
an gördüyünü bildiyimizə görə heç biz yalnız deyilik. Bunu nəzərə
alaraq ədəbli olmağa diqqət etməliyik. Dörd xəlifədən Hz. Osman
(r.a) yalnız olarkən belə daima Allahın hüzurunda olduğu inancı ilə
ədəbə riayət edərmiş, dostlar! Peyğəmbərimizin ətrafında yetişən
xəlifələrdən Hz. Osmanın ədəbi belədirsə, Peyğəmbərimizin
ədəbini siz özünüz təsəvvür edin. Biz də onların izindən getmək
istəyiriksə, ədəbə diqqət etməliyik. Ədəb sayəsində gözəl əxlaqı
əldə edərik. Beləliklə də, həsrətində olduğumuz cəmiyyətlərin
meydana gəlməsinə vəsilə olarıq. Bu mövzuda bizə ən gözəl
nümunə, şübhəsiz ki, Peyğəmbərimizdir. Peyğəmbərimiz “Həya
imandandır”, buyuraraq bizə ədəbin əhəmiyyətini bildirmişdir.

Ata-babalarımız keçmiş illəri həsrətlə xatırlayarkən “İllah
ədəb, illah ədəb!” deməkdə haqlıdırlar, elə deyilmi? İndi siz də
onlara daha çox haqq verəcəksiniz və onların öyüd-nəsihətlərini
daha diqqətlə dinləyəcəksiniz. Bu sayədə hörmətli, şəxsiyyətli
insanlar cəmiyyətdə çoxalmış olur. Kim bilir, bəlkə də Hz. Osman
kimi, Seyid Yəhya Bakuvi həzrətləri kimi gözəl ürəkli insanlar
yenidən yetişəcəkdir.

65

Bir şeir:

Ədəbli ol...

İstədim ki, qaynayım, qarışım bir nəfəsə,
Könlüm öyüd verdi ki, qoşulma hər nakəsə!

Məgər hüma kölgəli bircə nəfər qalıbmı?
Nitqi vəfa qoxulu bir can-ciyər qalıbmı?

Ədəb toxumu səpmək - vəfadan nişanədir,
Dost haqqını gözləmək - vəfadan başqa nədir?

Əkinçi arat şuma ovuc-ovuc dən səpər,
İnanar ki, bir zaman götürəcək bar, bəhər.

Nizami Gəncəvi

66

İbrətli hekayə:

Utanma Hissi İmandandır

Özündən balaca qardaşının qızaran üzünə baxırdı. Qardaşı
başını aşağı əyib utancaq bir şəkildə paltarı ilə oynayırdı. Böyük
qardaşını eşidib eşitmədiyini bilmək olmurdu. Çünki çox sıxılmış,
bir an əvvəl oradan qaçmaq istəyirmiş kimi bir halı vardı.
Ona həmişə bu qədər utanmağın artıq olduğunu deyirdilər. Bu
xasiyyətini tərk etməyi məsləhət görürdülər. Yoxsa ona “qırmızı
üzlü” deyə ləqəb qoşa bilərdilər. Ancaq o, bütün bunlara fikir
vermirdi. Xurma da qırmızı sayılırdı, ancaq dadlı idi. Dəvələrin də
ən çox qızıl olanları qiymətlidir deyilmi? Həm də bu günə qədər
utanmaqdan kim zərər görmüş ki? Ancaq yenə də böyük qardaşının
nəsihətlərinə qulaq asırdı. Axı necə də olsa böyük qardaşımdır,
deyirdi öz-özünə. Şübhəsiz ki, sözlərinə qulaq asmalıydı. Elə o
əsnada bir az aralıdan keçən Peyğəmbərimiz (s) ayaq saxladı və
onlara tərəf baxdı. Peyğəmbərimiz böyük qardaşın nəsihətlərini
eşitmişdi. Peyğəmbərimiz aramla, hər kəlməsi bir-bir sayıla biləcək
bir şəkildə sözə başladı: “Ona dəymə! Çünki həya imandandır.”
(Buxari, İman, 16, I, 11; Müslim, İman, 12, I, 63)

Bu xəbərdarlıq qarşısında böyük qardaş çaşıb qaldı. Bir az

67

əvvələ qədər çəkingən, utancaq olduğunu deyərək tənbeh etdiyi
qardaşına bu dəfə fərqli gözlərlə baxmağa başladı. Deməli, həyası
çox olan şəxsin imanı da çox olurmuş. Məhz ona görə də qardaşı
onun gözünə daha gözəl, daha kamil olaraq göründü. Utancaq
olmamağı üçün onu tənbeh etməkdən vaz keçdi. Kiçik qardaş isə
Peyğəmbərimiz ilə eyni fikirdə olduğu üçün həm çox sevinmiş,
həm də yenə də utanmışdı. İndi daha da çox qızaran üzü, sanki
qızıl gülə oxşayırdı. Bu qardaşlar sonralar Peyğəmbərimizin (s)
bu sözünü də eşidəcəkdilər: “Hər dinin bir əxlaqı vardır. İslamın
əxlaqı da həyadır.” (Malik, Hüsnul-Xuluq, 2, II, 905)

Bu gözəl qardaşlar hər keçən gün İslamı daha da öyrənməyə
can atırdılar. Buna görə də Peyğəmbərimizin sözlərini ağıllarından
çıxarmırdılar. Beləliklə, ikisi də İslamı yaxşı öyrənmək və gözəl
yaşamaq üçün həyanın, utanmanın nə qədər mühüm olduğunu
bilirdilər. Kiçik qardaş onsuz da çox utancaq olduğu üçün bu
mövzuda böyük qardaşından bir addım da irəlidə idi. Lakin hər
ikisi də xidmət, onlara verilən hər hansı bir tapşırığı yerinə yetirmək
xüsusunda heç nədən çəkinmirdilər. Utanma hissinin vəzifələrini
yerinə yetirməyə mane olmasına izin vermirdilər.

68

Əcdada və Tarixi Mirasa Hörmət

Keçmişimizə daş atmayaq ki, gələcəyimiz bizi topa tutmasın

Cənnət Vətənimiz

Vətən bizim yaşadığımız kənddən, şəhərdən qəsəbədən,
rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlas
çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü
bulaqlardan, çoşqun çaylardan, mavi göllərdən başlanır.

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi dağı, daşı, torpağı,
suyu, səması bizim üçün əzizdir, doğmadır.

Əgər öz yaşadığın yerin, böyüyüb təhsil aldığın, boya-başa
çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun
sərvətini qoruma, çoxaltmaq və gələcək nəsillərə saxlamaq
qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən.

Vətən… Bu kəlmə nə qədər də mənalı və dərindir. Deyilişi
şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir.

Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük.
Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir.
Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır.

Mənim vətənimAzərbaycandır. Mən bu gözəl yurdu bütün qəlbimlə
sevirəm, bütün varlığımla bu füsunkar diyara bağlıyam. Mənim
vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Mən vətənimin

69

laləli çöllərini, zirvəsi ağ örpəkli, ətəyi yaşıl meşəli dağlarını, coşqun
çaylarını, füruzə qaşlı üzüyə bənzər göllərini, şır-şır axan bulaqlarını
canımdan artıq sevirəm. Yaşıl ormanlar, mavi səma, ağ çalmalı dağlar,
dərələrdən axan şəffaf çaylar, yurdumun füsunkarlığını biri-min artırır.
Təbiətin əfsanəvi gözəli Göygölə kim vurulmaz?!

Azərbaycanımın, Odlar diyarımın gözəllikləri haqqında
şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazmış, bəstəkarlarımız
musiqi bəstələmiş yazıçılarımız öz əsərlərində dolğun əks
etdirmişlər.

Vətən sevgisi əzəli və əbədi bir qəlb heç vaxt öz təravətini və
gücünü itirmir və elə buna görədir ki, insan bu sevgiyə köklənəndə
dünyanın bütün gücü onun qoluna toplanır, göyün bütün işığı
və nuru onun qəlbinə, fikrinə dolur. Mən də bütün qəlbimdə ana
ocağa, ata yurdum Azərbaycana - Odlar diyarına, bu müqəddəs
torpağa bağlıyam. Onun fərəhi mənim fərəhim, onun kədəri mənim
kədərimdir.

İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz
əngəlliklərə, doğma torpağa dikilmiş bütün məhəbbətli gözlər,
hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq
bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu
döyüş harayi, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub.
Bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə
oxuyanlar da.

Mənim də qəlbimdə doğma yurduma həsr etdiyim öz nəğməm
var. Bu nəğmənin hər kəlməsi Vətəndir, hər notu, hər səsi Vətən
sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir.

70

Mən öz Vətənimi – doğma Azərbaycanımı hədsiz məhəbbətlə
sevirəm. Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə
xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu
qorumaqdır. Xüsusən indiki vaxtda, Vətən ərazisinin 1/5 hissəsinin
yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük
hünərlər gözləyir və mən bütün qanımla, bütün canımla onu
qorumağa hazıram. Mən bu gün Vətənə borcumu oxumaqla, sabah
isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və
mədəni-siyasi müxtəlif sahələrində çalışmaqla verəcəyəm. Vətəni
qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın
şərəf işi, vətəndaşlıq borcudur.

Vətən sevgisi nədir? İlk baxışdan mücərrəd görünən bu anlayış
əslində konkret əməllərdə təzahür edir. Vətəni sevmək, Vətən
naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir
sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim
də Vətən üçün yaşaya, öz əməli ilə Vətənin şöhrətini artıra bilər.
Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun. Əsgər döyüş
meydanlarında vuruşur, Vətən qarşısında borcunu səngərdə yerinə
yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətin iqtisadi qüdrəti
artır. Alim əməyi isə Vətən üçün Günəş işığı ilə müqayisə edilə
bilər.

Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla,
Vətənlə bağlıdır. Vətən borcu vətəndaşlıq borcudur.

Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır,
müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı
və qanı ilə sevir

71

İbrətli hekayə:

Tariximizə sevgi, əcdadımıza hörmət

Hər millət öz tarixinə sevgi ilə bağlıdır. Tarixini bilməyən,
mədəni dəyərlərinə sevgi və hörmətlə bağlı olmayan bir millət
kökləri ilə torpağa bağlı olmayan bir ağac kimi ən zəif küləkdə
məhv olub gedər. Biz də tariximizi və tarixdə yaşayan qiymətli
böyüklərimizi sevməli, onlara qarşı ürəyimizdə dərin bir hörmət
bəsləməliyik. Onların fəzilətlərinə sahib çıxmalı, etdikləri
xətalardan da dərs almalıyıq. Beləliklə də, eyni xətalara düşmək
təhlükəsindən qorunmuş olarıq. Məhz sizə tariximizi sevmək üçün
bir neçə səbəb:

Şah İsmayıl şəxsiyyəti
Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır
yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi
dövründə o, bir neçə zorxana açdırmışdı ki, burada bayram
şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah
İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab
oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur
kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı
ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu
ölkələrin alimləri istifadə edirdilər.

72

Ədalətli dövlət başçısı
Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün
Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: “İndi onun 31
yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Solaxay olsa
da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən
musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını
yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər
gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və
həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı
onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri,
xüsusilə də əsgərlər tərəfindən tanrı kimi sevilir və pərəstiş olunur.
Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz
girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat
çıxaracaq .“
Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan
alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa
başlamışdı.
Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti
gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi,
ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də Şah
İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir
ki, Şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması
xəbəri türk sultanına çatır. Maraqlanan sultan Şah İsmayıla ismarıc
göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu

73

xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini
yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı
göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı
məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və
yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.

74

Elmə və Müəllimə Dəyər Vermək

Əziz müəllimim!

Bir körpə düşünün ki, yeni doğulmuş. Lap körpə, həyata
gözlərini yeni açmış, hər şeydən xəbərsiz, məsum, tərtəmiz bir
körpə... Yanında biri olmadan yaşaya bilərmi? Bir quş balası,
bir pişik balası da elə, anası olmadan bəslənə bilməz. Yeriməyi,
danışmağı və bir çox şeyi öyrənmədən yaşaması çox çətindir.
Deməli, həyata gözlərimizi ilk açdığımız andan etibarən bir
şeylər öyrənməyə ehtiyacımız var. Qaçmadan əvvəl gəzməyə,
danışmadan əvvəl səs çıxarmağa, oyuncaqlarımızla oynamadan
əvvəl onları tutmağı bilməyə ehtiyacımız var. Kiçik ikən
özbaşımıza edə bilməyəcəyimiz bir çox şeyi böyüdükcə öyrənirik.
Ana qucağında başlayan təlim-tərbiyəmiz biz ölənə qədər də davam
edir. Bəs yaxşı, bizə həyatı öyrədən yalnız valideynlərimizdirmi?
Qardaşlarımızın, bacılarımızın, qohumlarımızın, yoldaşlarımızın
və təbii ki, müəllimlərimizin də böyük rolu var.

Altı yaşında dünya necə də böyük görünürdü. Müəllimimizin
hər şeyi bildiyini və bunları haradan öyrəndiyini düşünürdük.
Mən sizin valideyniniz sayılıram deyirdi bizə, sevdiyini və
həmişə də, sevəcəyini söyləyirdi. Bir şey olarsa, mütləq əvvəlcə
mənə deyəcəksiniz dediyində, bizə həqiqətən də dəyər verdiyini

75

hiss edərdik. Ayağımız ilişib sürüşsə gəlib bizi qaldıracağını,
yaramızı saracağını bilirdik. Elə bir güvən vermişdi ki, bizə hər
dediyini kiçik ürəklərimizdə ayrı bir yerə qoyardıq. İlin axırı
yaxınlaşıb ayrılıq vaxtı gəldikdə içimizi bir hüzn bürüyərdi.
Tətil boyunca yoldaşlarımızı, məktəbimizi və müəllimlərimizi
həsrətlə yad edərdik. Uzun illər keçsə də bizə ilk qələm tutmağı
öyrədən insanı unutmağımız mümkündürmü? Yoldaşlığı, sevməyi,
həyatı, bölüşməyi və bir çox şeyi öyrədən insanı unutmağımız
mümkünmü?

Həyatımızda bir çox müəllimimiz olur. Kimini çox sevərik,
ayrılsaq da axtarıb hal-əhvallarını xəbər alarıq. Kimini tez unudarıq,
bəlkə də adını belə eşitmək istəmərik. Çünki biz böyüdükcə
doğrunu və yanlışı açıq şəkildə ayırd etməyə başlayarıq. Məhz
buna görədir ki, sözünə dəyər verdiyimiz qiymətli insanları
müəyyən edərik. Ancaq nə olursa olsun, bizə bir hərf öyrədənin
haqqını unutmaq ən böyük xətalardan biri olar, əziz dostlar. Bu,
üzərimizdəki zəhmətlərini itirmək olar.

Bir anlıq özünüzü iyirmi uşağın qarşısında düşünün, hamısı
sizə baxır. Kimi qorxaq, kimi sevincli, kimi sərt, kimi əsəbi... Siz
nə isə anladırsınız, ancaq qulaq asmırlar. Hətta biri ağlayır, kim
bilir nə olub? Ən arxadan biri yoldaşlarını davamlı narahat edir.
İçlərindən biri yerində oturmur, biri kağızdan təyyarə düzəldir,
digəri şəkil çəkir. Siz, etməyin, deyirsiniz, ancaq sözünüzə qulaq
asan yoxdur. Sanki çarəsiz qalmısınız. Belə bir vəziyyətdə nə
edərdiniz? Çıxıb arxanıza baxmadan qaçardınız, bəlkə də. Hər
insana nə isə öyrətmək, nə qədər də çətindir, elə deyilmi? Hər biri

76

ilə ayrı-ayrı maraqlanıb onları məmnun etmək, hər birinin sevgisini
qazanıb nə isə verə bilmək... Necə də çətin bir peşə, elə deyilmi?

Doqquz yaşında ikən bunu başa düşmək çətin olsa da,
müəllimlərimizin bizdən istədikləri son dərəcə sadədir. Onlar,
sözlərinə qulaq asmağımızı istəyirlər. Müəllimlərimiz nə olursa
olsun, bizim yaxşılığımızı istəyərlər. Bunu belə qəbul etməyimizi
gözləyərlər. Əks halda həm onları kədərləndirmiş, həm də
öyrətdiklərindən istifadə etməmiş olarıq. Məhz müəllimlərimiz
bizdən sevgi ilə dolu bir təbəssüm, onlara qarşı hörmətimizin
bir nişanəsi olan təşəkkür gözləyərlər. İllər keçsə də axtarıb onu
unutmadığımızı bilmək istəyərlər. Böyüyüncə həmişə anlatdığı
kimi gözəl bir insan olmağımızı istəyərlər. Öyrətdikləri sayəsində
həyatda müvəffəq olduğumuzu görmək istəyərlər. Müəllimlərimiz
bizi sevərək öyrətdiklərinin ağlımıza naxış kimi işlədiyi biliklərin
həyatda bizə yol göstərməyini istəyərlər. Unutmayın, bizdən hər
zaman “Müəllimim, canım mənim!” sözünü ürəkdən eşitmək
istəyərlər.

77

İbrətli hekayə:

Müəllimin qiyməti

Rəsulullah (s) Musab bin Umeyri Mədinəyə göndərdi və ona
mədinəlilərə Quranı, İslamiyyətin əmr və qadağanlarını öyrətməyi,
namazlarını qıldırmağı tapşırdı. Musab bin Umeyr qısa zamanda
Mədinəyə çatdı. Orada onu böyük bir sevinclə qarşıladılar. Əsad
bin Zürarənin evində qaldı. Ev sahibi mədinəli ilk müsəlmanlardan
idi. Musab orada insanlara İslamı öyrətməyə başladı. Onun bu
xidməti ilə Mədinədə çox insan müsəlman oldu. Mədinədə olan
qəbilə rəislərindən Sad bin Muaz, Üseyd bir Xudayr hələ müsəlman
olmamışdılar. Bunların halı ətrafdakılara da təsir edir, İslamiyyətin
sürətlə yayılmağına mane olurdu.

Bir gün Musab bin Umeyr bir bağçada oturub ətrafına toplaşan
müsəlmanlara dindən danışır, söhbət edirdi. Bu əsnada Evs
qəbiləsinin rəislərindən olan Üseyd əlində mizrağı olduğu halda
hiddətli bir şəkildə gəlib belə dedi:

- Siz insanları aldadırsınız? Həyatınızdan olmaq istəmirsinizsə,
dərhal burdan çıxıb gedin!

Onun bu qəzəbli halını görən Musab bin Umeyr:
- Hələ bir az otur! Sözümüzü eşit. Məqsədimizi başa düş,
bəyənsən qəbul edərsən. Yox, əgər xoşuna gəlməsə, mane olarsan,
-deyərək çox rahat və alicənablıqla cavab verdi.

78

Üseyd sakitləşdi və:
- Düz deyirsən, dedi. Sonra da mizrağını yerə qoyub oturdu.
Musab bin Umeyr ona İslamiyyəti anlatdı və Qurani-Kərim
oxudu. Qurani-Kərimi misilsiz bəlağəti və şirin üslubunu eşidən
Üseyd özünü saxlaya bilmədi və:
- Bu necə də gözəldir, necə də yaxşı sözlərdir. Bu dinə girmək
üçün nə etmək lazımdır, -deyə soruşdu.
Gözəl üzlü və şirin dilli müəllim cavab verdi:
- “Lə iləhə illəllah, Muhammədən rasulullah” demək kifayətdir.
Musab bin Umeyrin bu sözündən sonra kəlmeyi-şəhadət gətirib
müsəlman olan Üseyd sevindiyindən yerində dayana bilmirdi.
Bundan sonra Mədinə əhalisi sürətlə müsəlman oldu. Allah
Rəsulu isə yaxşı bir müəllimin bunları edə biləcəyini bilirdi.
Gələcəkdəki İslam yurdunun bünövrəsini qurmaq üçün Musab bin
Umeyri seçmişdi. Bu sayədə Mədinə qısa bir müddət sonra İslam
Dövləti üçün hazır bir paytaxt halına gəldi. Deməli, müsəlmanlara
Mədinəni hədiyyə edən Musab bin Umeyr (r.a) yaxşı bir müəllim
idi. Ona görə də Mədinə İslamın işığı ilə aydınlandı və yaxşı bir
müəllimin əlində formalaşaraq İslama beşik olacaq bir dövlət halına
gəldi. Beləliklə də deyə bilərik ki, ən böyük hörməti müəllimlər
haqq edir.

79

Şəfqətli olmaq

Böyük qazanc

Aranızda heç çiçək yetişdirən oldumu? Ancaq dibçəkdə deyil,
bağçanın ən gözəl yerində. Mən, torpağı qazıb içinə toxumu
gözəl şəkildə qoymaqdan bəhs edirəm. Sonra da onunla hər
gün maraqlanıb onu sulamaqdan... Sizin sevginizlə böyüyən bir
çiçək nə qədər sevinc verər, elə deyilmi? Bir ananın körpəsinə
baxması, bir heyvanın balasını bəsləməsi kimi... Ana üçün
körpəsi necə qiymətlidirsə, yetişdirdiyiniz çiçək də sizin üçün o
qədər qiymətli olar. Necə də gözəl demişdir bir böyüyümüz: “Bir
qəlbdə sevgi yoxdursa, o qəlbdə mərhəmət də yoxdur. O qəlb
ətrafına mənfi hisslər yayar”. Məhz bir çiçəyi belə böyütmək üçün
hiss edilən xoşbəxtlik, yaşanan həyəcan sevginizin mərhəmətlə
bütünləşməsindəndir. İndi bir düşünün görək! Nələrə qarşı
mərhəmətlisiniz, həyatda nələri sevirsiniz? Məsələn, məktəbə
gedərkən bir pişik gördünüz, ancaq heç bir şey etmədiniz. Əksinə,
ondan iyrənib uzaqlaşdınız, əlinizdəki qoğalı belə ona vermək
istəmədiniz. Bir dəfə də qardaşınız sizinlə bir oyun oynamaq
istədikdə ona pis sözlər deyərək yanınızdan qovdunuz və ananız
sizdən kömək istədikdə onu rədd etdiniz. Bəs yaxşı, sevmirsinizmi
ananızı, atanızı, bacı-qardaşınızı və küçədəki pişiyi?

80

Rəbbimiz bizimlə bərabər bir çox canlını da yaratmışdır.
Onlarla birlikdə yaşamağımızı istəməsəydi bizi başqa bir yerdə
yaradardı, elə deyilmi? Deməli, onları bizə əmanət etdi, bizdən
onlara ən yaxşı şəkildə baxmağı, onlara sahib çıxmağımızı istədi.
Bəlkə bir tikə çörəklə bir göyərçinin qarnını doyduracağıq,
qonşumuz xəstə ikən bir qazan şorba bişirib aparacağıq, bəlkə də
bir yetimin başını oxşayıb ona yalnız olmadığını deyəcəyik... Bu
kiçik davranışları səmimi şəkildə etmək, sizə düşündüyünüzdən
də çox şeylər qazandıracaq. Necə ki, həyatında heç bir gözəl
davranışı olmadığı halda yalnız bir itə ayaqqabısı ilə su verən bir
qadının cənnətə girdiyini, evindəki pişiyi ac və susuz saxladığı
üçün bir qadının da cəhənnəmə girdiyini Peyğəmbərimiz (s) xəbər
vermişdir.

O halda yaradılanlara qarşı sevgimizi mərhəmətlə bütün-
ləşdirməyə nə deyirsiniz? Bir qağayı ilə səmada süzməyə, quşlarla
ağaclarda nəğmə deməyə, çiçəklərlə danışıb torpaq ilə fərəhlənməyə
qoşulursunuzmu? Bütün insanların dərdi ilə həmdərd olmağa,
yarasına məlhəm olmağa gəlirsinizmi, mərhəmət əliniz uzanırmı?

81

İbrətli hekayə:

Qəlbini quşlara verən uşaq

Biri varmış, biri yoxmuş. Bir zamanlar dağlardan qopub gələn
şəlalələrin arasında şirin, şipşirin kiçik bir kənd varmış. Günəş,
ən gözəl orada gülərmiş. Yer üzünün ən gözəl bitkiləri, çiçəkləri,
heyvanları da orada imiş. Ən vəhşi heyvanlardan ən səssiz böcəyə
qədər bütün canlılar qardaşca yaşayarmış. Bir yaşıl xalı kimi yerləri
örtən çəmənlər, haradan çıxıb haraya getdiyi bilinməyən şır-şır
axan bulaqlar, rəngarəng çiçəklər və cürbəcür bəzəkli quşlarla bu
misilsiz yer bir başqa həyat sevinci verirmiş insanlara.

Məhz bu kənddə zəki, çox zəki, ağıllı, həm də çox ağıllı kiçik
bir uşaq yaşayarmış. Zeynəb adındakı bu sevimli uşaq insanları,
heyvanları, quşları, çiçəkləri, ağacları, bir sözlə təbiətdəki gözəl
olan hər şeyi çox sevərmiş. O, bu sevgisini yalnız söz ilə deyil,
fürsət düşdükcə əməli ilə də sübut edər, insanların, heyvanların,
canlı-cansız təbiətdəki bütün məxluqatın haqsız hücumlara hədəf
olmaları qarşısında içində hədsiz bir qəzəb və kədər hiss edərmiş.
Ona görə də həmişə gücsüz və haqlı olanın tərəfini tutarmış. Çünki
Zeynəb ətrafından daima əməyi, xeyirxahlığı, mərhəmətli olmağı,
sevgini, yaxşılığı, doğruluğu, dürüstlüyü, təmizliyi, əxlaqlı və
ədalətli olmağı öyrənmişdi.

82

Zeynəb harda saralıb-solmuş bir çiçək görsə, tez gedib su
gətirər, çiçəyi iyləyib oxşayar, yenidən həyata qaytararmış. Hər
şey elə ona öyrəşmişdi ki, bir gün ortalıqda görünməsəydi, çiçəklər
kədərdən solar, kəpənəklər uçmaz, quşlar nəğmə oxumazmış.

Məhz Zeynəb bu ecazkar təbiətin qoynunda dünyaya göz
açmış, orada böyümüş, orada tanımış çiçəkləri. Quşlarla dostluğu,
yoldaşlığı da orada başlamış. Balaca ürəyi dünyanı içərisinə alacaq
qədər geniş, sevgisi dünyanı qızdıracaq qədər isti imiş. Heç bir
canlının başqa bir canlıya haqsızlıq etməsinə könlü razı olmazmış.
Onun bu səsini eşidən hər canlı, bütün pislikləri unudar, yalnız
yaxşılıq düşünərmiş.

Bir gün Zeynəb bu gözəl kəndindən ayrılmaq məcburiyyətində
qalmış. Atası onu götürüb uzaq bir şəhərə aparmış. Ancaq gətirildiyi
şəhər beton yığınları ilə bağlı, nəfəs ala bilməyəcək dərəcədə
qələbəlik və səsli-küylü imiş. Doğulub boya-başa çatdığı yerlərə heç
oxşamadığı kimi, hər axşam böyük zavod borularından çıxan qapqara
tüstü şəhərin üstünə yayılırmış. Şəhərin nəfəsi kəsilərmiş. O zaman
göy üzü işığını itirir, küçə lampaları belə çətinliklə işıq saçarmış.

Burada insanlar özlərini qalın beton divarlar arxasına, quşları
qəfəslərə, çiçəkləri ucsuz-bucaqsız təbiətdən qoparıb dibçəklərə
qoyarlarmış. Qəfəsdəki quşlar ac deyilmiş, ancaq azadlıqları
yoxmuş. Dibçəkdəki çiçəklər susuz deyilmiş, ancaq təbii gözəllikləri
qalmamış. Çiçəklərin rəngləri və ətirləri, quşların nəğmələri süni
imiş. İnsanların sevincləri, gülüşləri və ağlayışları da...

Məktəbə getmiş Zeynəb. Siniflər uşaqlarla doluymuş, ancaq
Zeynəb yalnızmış, heç cürə öyrəşə bilməmiş qələbəliyə, şəhər

83

həyatına. Bu qədər izdiham arasında tək-tənha qalmış, nə o
anlada bilmiş özünü başqalarına, nə də başqaları onu anlamaq
istəmiş. Zeynəbin bu halına müəllimə çox üzülürmüş. “Sən zəki
və istedadlı bir uşaqsan! Günlər tez keçər, bura da öyrəşərsən.”
-deyərək Zeynəbə təsəlli verməyə çalışarmış. Lakin o, fikirliymiş,
sanki şüurunu itirmiş kimi elə hey baxarmış ətrafına. Çiçəklərin
dibçəklərə, quşların qəfəslərə qoyulmasına bir məna verməyə
çalışmış, ancaq bacara bilməmişdir. Gün keçdikcə səssizləşmiş,
danışmaz, gülməz olmuş və yeməkdən, içməkdən kəsilmiş. Sanki
uzaq diyarlarda dilsiz, qolsuz, qanadsız qalmış. Get-gedə özünə
qapanmış, edilən bu haqsızlıqlara qəzəblənmiş, ancaq qışqırıb
bağırmamış, səssizliklə öz etirazını bildirmiş.

Günlər sel kimi, həftələr yel kimi keçib getmiş. Zeynəb zəki, enerjili,
bacarıqlı və diqqətli bir uşaq imiş. Zamanla ətrafındakılara sevimli,
duyğulu, insanları incitməməyə diqqət göstərən, hər kəsin köməyinə
tələsən bir uşaq olduğunu göstərmiş. Hətta onun bu xüsusiyyətlərini
müəllimlər digər uşaqlara danışıb onu nümunə göstərərlərmiş.

Zeynəb bir tərəfdən ətrafına uyğunlaşmağa, digər tərəfdən də
özünə yeni məşğuliyyətlər tapmağa çalışırmış. Məhz o günlərdə
evlərinin qarşısındakı kiçik bağçanı səliqəyə salmaq gəlmiş ağlına
və indiyə qədər bunu düşünmədiyi üçün özünü qınamış. O gündən
sonra ən böyük məşğuliyyəti bağçası olmuş. O bağçaya müxtəlif
bitkilər, çiçəklər əkmiş. Əkdikləri boy atıb böyüdükcə bütün boş
zamanlarını onlara baxmağa həsr etmiş.

Zeynəb çiçəklərin yanında xoşbəxt olmasına baxmayaraq,
ancaq yenə də daxilən hüzünlənirmiş. Çünki Zeynəb, bu insanları

84

başa düşmürmüş. Onlar, özlərini təbiətdən uzaq, beton divarlar
arxasına həbs etdikləri azmış kimi, quşları da qəfəslərə qoyurlarmış.

Hər şey bir yana da... O böyük şəhərlərin meydanlarında
gördüyü sürü ilə tənbəl göyərçinlərə, çirkli kanal sularında nazlana-
nazlana üzən qu quşlarına nə deməliydi! Belə qanadları olduğu
halda şəhərin o pis havasında, suyunda necə qalırdılar? Səs-küylü
sənaye qurğuları, səmanı çirkləndirən zavod boruları, maşın səsləri,
zəhərli qazlarla, musiqi sədalarıyla bağıran səsgücləndiricilər və
zövqsüz binaların arasında necə yaşanır? Zeynəb bu sualları tez-
tez soruşmuş özündən, ancaq cavab taba bilməmiş. Uşaq ağlı bu
sualları başa düşməyə, onlara cavab tapmağa kifayət etməmiş.

Günlərin bir günü qəzəbi o qədər coşmuş ki, gedib atasının
təmir işlərində istifadə etdiyi kəskin, çox kəskin mişarı götürüb
çıxmış küçəyə. Qəfəs gördüyü ilk evə girmiş və qəfəsi kəsmiş.
Həmin gündən sonra hər gecə evlərə girib qəfəslərin taxtalarını
kəsərək quşlara azadlıqlarını verməyə başlamış. Zeynəbin bu
hərəkətləri qəfəs sahiblərini dəli etmiş təbii ki. Onu tutub polisə
təslim etmişlər.

Polislər zəhmlə baxmışlar Zeynəbə. Polislərin ən yaşlısı qalın
bir səslə: “Bütün bunları nə üçün etdin?” -deyə soruşmuş. Polislərin
bütün suallarına Zeynəb susaraq cavab vermiş. Polis qəzəblənmiş
və Zeynəbi danlamış. “Səndə heç mərhəmət hissi yoxmu, qəlb
yoxmu?” -demiş. Zeynəb isə: “Mən qəlbimi quşlara verdim.”
-deyərək ilk və son cavabını vermiş. Polislər öz aralarında pıçıldaşıb
danışmışlar. Nəhayət Zeynəbin bir quş kimi dəmir qəfəsə salınıb
uzaq və ucsuz-bucaqsız bir meşəyə qoyulmasına qərar vermişlər.

85

Bu xəbər dünyadakı bütün quşlara ildırım sürəti ilə yayılmış. Bir
çox quş toplanıb səmada dövrə vurmuşlar. Sonra da hamısı birlikdə
hücum etmişlər qəfəsə. Bir neçə gün dimdikləmişlər qəfəsi, ancaq
nazlı dimdikləri qəfəsi qırmağa kifayət etməmiş. Qəfəsi parçalayıb
Zeynəbi azadlığa qovuşdura bilməmişlər.

Günlərlə düşünmüşlər və nəhayət hamısı gücünü birləşdirərək
Zeynəbi öz kəndlərinin gözəl meşəsinə aparmağa qərar vermişlər.
Bütün quşlar qanad açıb qırx gün, qırx gecə dağ demədən, dəniz
demədən uçmuşlar. Yağış yağanda hamısı birlikdə qanadlarını
qəfəsin üstünə sərib Zeynəbi qorumuşlar. Günəş çıxanda
sevinmişlər. Dünyanın hər yerindən cürbəcür yeməklər və müxtəlif
kitablar gətirmişlər. Quşlar hər axşam qəfəsin ətrafına yığışıb öz
nəğmələriylə Zeynəbə təsəlli vermişlər. Lay-lay deyərək yatırmışlar,
hər səhər yenə o gözəl səsləriylə oyandırmışlar. Birlikdə gülüb
oynayaraq nəğmə demişlər. Zeynəb onlara şeirlər oxumuş, nağıllar
danışmış. Məhz o gündən bu günə qədər dünyanın bütün quşları
balalarına quşlara qəlbini verən uşağın nağıllarını danışarmış.
Ona görə də dünyanın hər yerində quşların yalnız səhər və axşam
nəğmə oxuduğu deyilir.

86

Çalışqan və Səbirli Olmaq

Çalışan qazanır

Dünyaya gəldiyimiz andan etibarən daim mübarizə içindəyik.
Doğularkən, ilk addımlarımızı atarkən, ilk dişimizi çıxardırkən
yaşadığımız çətinlikləri əksəriyyətimiz unutmuşuq bəlkə də.
Bundan başqa, məktəbə başladığımız ilk gün də heç asan
olmamışdır. Oxumağı, yazmağı öyrənmək, yeni insanlarla tanışlıq
və təbii ki, böyümək... Əminəm ki, hər birinizin həyatında bu
mərhələlər fərqli çətinliklərlə keçmişdir. Kimimiz bu günləri
atasından və anasından dəstək alaraq keçirərkən, kimimiz də yalnız
başına keçirmək məcburiyyətində qalmışdır.

Yaxşı, həyat nə üçün asan deyil? Çətinliklər bəzən böyük bir
əngəl kimi qarşımıza nə üçün çıxar, heç düşündünüzmü? Çətinlik
olmasa, asanlığı bilməzdik, cəhd etmək nədir bilməzdik. Ən əsası
həyatı öyrənə bilməzdik, dostlar! Məsələn, məktəbdə imtahan olur,
elə deyilmi? Bu imtahanlar hər dəfə asan da olmur. Çalışmasanız
yaxşı qiymət ala bilməzsiniz və çətinlik çəkərsiniz. Təsəvvür edin
ki, çox çalışdınız, ancaq yenə də yaxşı qiymət ala bilmədiniz və
bu dərsdə çox çətinlik çəkirsiniz. Nə edərsiniz? Dərhal məktəbdən
çıxarsınızmı? Təbii ki, xeyr! Əlinizdən gəldiyi qədər səy
göstərərsiniz, daha planlı bir çalışma ilə bunun öhdəsindən gələ

87

bilərsiniz. Məsələn, bəzi dostlar dərhal kədərlənib müvəffəqiyyət
qazana bilməyəcəklərini düşünürlər. Lakin bir az cəhd etmək və
əzmlə işə sarılmaq lazımdır. Yaxşı, nədir əzmlə cəhd etmək, necə
olur, heç düşündünüzmü?

Çalışmaq bütün məxluqatın vəzifəsidir, dostlar. Əslində
ətrafınıza diqqətlə baxsanız tənbəlliyin yalnız insanda olduğunu
görərsiniz. Günəş heç “Mən bu səhər çox yorğunam, çıxmayacam!”
deyirmi? Və ya bir çiçək açarkən çətinliyə düşüb bu işdən vaz
keçərmi? Arılar “Bu gün heç kefim yoxdur, bal verməyəcəm!”
deyirmi? Bunları görməyib çalışmamaq, insan üçün quyunun
dibindən çıxarılmağı gözləmək kimidir. Quyudan yuxarı qalxmaq
üçün çabalayacağıq, yuxarı səslənib kömək istəyəcəyik ki, çıxa
bilək. Həyatın çətinliklərini onlarla mübarizə aparmadan keçə
bilmərik. Təbii ki, bu mübarizədə səbir də lazımdır. Çətinliklər
bir anda keçilməyə bilər, əzmlə çalışarkən səbirlə gözəl nəticələr
gözləməliyik. Bir atalar sözündə deyildiyi kimi: “Əmək olmadan
yemək olmaz!” Çalışmadan pul qazanmaq olmaz, elə deyilmi?
Rəbbimiz çalışan bəndəsini sevər və ona kömək edər. Çalışmağın
da bir ibadət olduğunu deyən Peyğəmbərimiz həyatı boyunca heç
dayanmadan çalışaraq bizə ən gözəl nümunə olmuşdur.

88

İbrətli hekayə:

Tək hərəkət

Yaponiyada bir uşaq on yaşlarında ikən ciddi bir maşın qəzası
keçirmiş və sol qolunu itirmişdi. Ancaq uşağın böyük bir idealı
vardı. Cüdo idman növünü çox sevən bu uşaq böyüdükdə yaxşı
bir idman ustası olmaq istəyirdi. Sol qolunu itirdikdən sonra bütün
xəyalları məhv oldu uşağın. Sanki kiçik uşağın dünyası başına
yıxılmış və uşaq həyatdan küsmüşdü.

Uşağının gündən-günə böyük bir depressiyaya düşdüyünü
görən ailəsi bütün bu hadisələrə çox kədərləndi. Atası Yaponiyanın
ən məşhur cüdo ustalarından birinin yanına gedib məsələni danışdı.
Ondan nə edə biləcəklərinə dair bir fikir almaq istəyirdi. Müəllim
dərdli ataya dedi ki: “Oğlunuzu sabah bizim məktəbə gətirin!
Uşağı bir görək, sonra fikirləşərik!”

Axşam evə gəldiyində oğlunu qarşısına qoyan ata müəllimlə
görüşdüyünü dedi. Uşaq dodaqlarını büzüb ağlamağa başladı. “Bu
tək qolumla nə edəcəyimi düşünürsən, ata!” -dedi. Lakin ertəsi gün
atası oğlunu çətinliklə də olsa yola gətirib müəllimin yanına apardı.
Müəllim uşağı təpədən-dırnağa süzdükdən sonra ataya dedi ki:
“Oldu, mən bu igidi şagird olaraq qəbul edirəm. Sabah əşyalarını
gətir, dərhal məşqə başlayaq”. Uşaq: “Eee, ancaq müəllim!” -deyib

89

etiraz etdi. “Mən sözümü dedim. Sabah saat səkkizdə əşyalarınla
bərabər dərsdə olmalısan!” -deyə ciddi bir şəkildə müəllim fikrini
bildirdi.

Ertəsi gün uşaq səhər tezdən atası ilə birlikdə məktəbə gəldi.
İsinmə hərəkətlərindən sonra müəllim ona bir hərəkət göstərdi və
dedi ki: “Bütün gün ərzində bu hərəkəti məşq edəcəksən”. Uşaq
bütün gün deyil, bütün həftə ərzində yalnız bu hərəkət üzərində işlədi.
Həm də heç etiraz etmədən. Sonra müəlliminin yanına gedib maraqla
soruşdu: “Müəllim, bir həftə ərzində eyni hərəkət üzərində işləyib
öyrəndim. Artıq başqa bir hərəkətə keçə bilərikmi?” Müəllimin
cavabı isə çox qısa və konkret oldu: “Sən çalışmağa davam et!”

İkinci həftə, ikinci ay, altıncı ay deyərək aradan bütöv bir il
keçdi və uşaq bu il ərzində eyni hərəkət üzərində işlədi. Bəzən
gedib: “Müəllim, başqa bir hərəkət öyrənməyəcəyəm?” -deyə
soruşsa da, cavab eyni olmuşdu: “Sən çalışmağa davam et!”

Bir ilin axırında uşaq dedi ki: “Müəllim, bezdim! Artıq başqa
hərəkətə keçsək olmaz?” Müəllim ona belə cavab verdi: “Dünyada
bu hərəkəti ən sürətli edən idmançı sən olmadıqca başqa hərəkətə
keçə bilmərik!”

Növbəti aylarda da uşaq bezmədən, yorulmadan eyni hərəkət
üzərində işləməyə davam etdi. Bir gün müəllim dərsdən sonra
onu qarşısında oturdaraq dedi ki: “Hazırlaş! Səni ölkə daxilində
keçirilən milli cüdo çempionatına yazdırdım. Sabah ilk döyüşünə
çıxacaqsan!”

O, qulaqlarına inana bilmədi, sanki şok olmuşdu. Həm bir qolu
yox idi, həm də cüdoda bildiyi yalnız tək hərəkət vardı.

90

“Məşhur cüdoçuların iştirak edəcəyi ölkə çempionatında heç
bir şansının olmayacağını bilmək üçün çox zəki olmağıma ehtiyac
yoxdur!” -deyə düşünmüşdü. Lakin müəlliminə bəslədiyi dərin
hörmət səbəbi ilə etiraz edə bilmədi.

Çempionatın ilk günündə o, növbəsi gəldikdə böyük bir
həyəcanla rinqə çıxdı. Rəqibi, qarşısında tək qollu bir idmançı
gördükdə ona istehza ilə baxdı. Ancaq döyüş başlayan kimi
o, bildiyi tək hərəkəti sürətlə işlətdi və hələ nə baş verdiyini
bilmədən rəqib özünü yerdə gördü. Uşaq ilk müsabiqədə qalib
gəlmişdi. İkinci rəqibi də məğlub etmək çətin olmadı. Üçüncünü
də... Uşaq heyrət içində qalmışdı. Müsabiqədə iştirak edən digər
iştirakçılar da... Beləcə o, dörddə bir finaldan sonra yarım finala
vəsiqə qazandı. Final döyüşündə isə onun qarşısına son illərdə
keçirilən müsabiqələrin qalibi olan ən yaxşı cüdoçu çıxmışdı. O,
müəlliminin yanına gəldi:

-“Müəllim, təsadüfən bu yerə qədər gəldik, ancaq rəqibimə
baxın! Mənim isə bir qolum yoxdur və bildiyim tək bir hərəkət
var. Bu yerə gəlmək məni qane edir! Heç olmasa indi çıxıb biabır
olmayım! İcazə verin yarışmadan geri çəkilim!”

-“Olmaz!” -dedi müəllim. “Özünə inan, çıx və döyüş! Məğlub
olsan da qürurunla ol, ancaq meydandan qaçma!”

O, çarəsiz bir şəkildə rinqə çıxdı. Döyüş başladı. Güclü
rəqibinin qarşısında həyəcanla bildiyi tək həmlə üçün fürsət
axtararkən, birdən rəqibin üzərinə hücumun uyğun olduğunu gördü
və o məşhur tək fəndi işlətdi. Budur, o, çox güclü rəqibinə qalib
gəlmiş və çempion olmuşdu. Kuboku alan kimi dərhal müəlliminin

91

yanına qaçdı: “Müəllim, bu iş necə oldu? Mənim bir qolum yoxdur
və bildiyim tək hərəkət var. Necə oldu ki, mən qalib gəldim?”
Müəllim ona belə cavab verdi: “Bax, oğlum! Bir ildən artıqdır ki,
“tək hərəkət” üzərində məşq edirdin. O qədər çox çalışdın ki, artıq
yer üzündə həmin hərəkəti səndən daha yaxşı edə bilən heç kimsə
qalmadı. Bu, qalib gəlməyinin birinci səbəbidir. İkincisi də həmin
hərəkətə qarşı ediləcək yalnız bir müdafiə hərəkəti var ki, o da
rəqibinin səni sol qolundan tutmasıdır!” Müəllim cüdo dərsindən
sonra ona unuda bilməyəcəyi bir həyat dərsi verən bu sözləri əlavə
etdi: “İnsanların əskikləri bəzən onların ən güclü tərəfləri ola bilər.
Bir şərtlə ki, bu əskiklik beyinlərində olmasın!”

92

Sözündə Durmaq

Söz ağızdan bir dəfə çıxar!

“Söz ağızdan bir dəfə çıxar!” cümləsini eşitmisiniz. Nə üçün
belə bir cümlə işlədilmişdir deyirsiniz? Bir sözü ikinci dəfə təkrar
edə bilmərikmi? Bu sözlə anladılmaq istənilən bu deyil. Bu cümlə,
deyilən sözün yerinə yetirilməsindəki həssaslığı bildirir. Söz
ağızdan bir dəfə çıxar, dediyim sözü yerinə yetirərəm, unutmaram!
Söz verdimsə, verdiyim sözün məsuliyyətini yerinə yetirərəm,
sözümün üstündə duraram, deməkdir. İddialı bir cümlə kimi
görünsə də, insanda olması vacib olan bir keyfiyyəti ifadə edir.
Necə?

Atanız, sinfinizi keçsəniz sizə velosiped alacağını dedi. Ancaq
bu sözünün üstündə durmadı, hansı hisslər keçirərsiniz? Eyni
şəkildə siz də atanıza verdiyiniz sözü unutmuş olsanız, atanız bir
daha sizin sözünüzə inanarmı?

Başqa bir misal da verək. Sinif yoldaşınız ilə müəyyən bir
saatda görüşüb məktəbə birlikdə gələcəyinizi planlaşdırmısınız.
Ertəsi gün qərarlaşdırdığınız yerə dediyiniz saatda getdiniz.
Bir xeyli gözlədiniz, ancaq dostunuz gəlmədi. Sonra məktəbə
getdiniz. Məktəbə gedib sinfə girdikdə nə görsəniz yaxşıdır?
Dostunuz məktəb çoxdan gəlibmiş! Hansı hissləri keçirərsiniz?

93

Çox əsəbiləşdirici bir haldır, elə deyilmi? Hələ bir də dostunuzun
qərarlaşdırdığınız yerə gəlməməyinin heç bir səbəbi yoxdursa,
yəni verdiyi sözü yaddan çıxarmışsa ona olan bütün etibarınız
azalmağa başlayar. Bilirsinizmi, buna oxşar bir hadisə böyük
bir mütəfəkkir ilə dostu arasında yaşanmışdı. Dostu onu günorta
yeməyinə dəvət etmiş. Ancaq həmin gün şiddətli yağış yağmış.
Dostu da o mütəfəkkirin bu yağışda gələ bilməyəcəyini düşünüb
qonşuya getmiş. Lakin şiddətli yağışa baxmayaraq, mütəfəkkir söz
verdiyi kimi dostunun evinə gəlmiş, ancaq dostunu evdə tapmamış.
Dostuna salam söyləməyi evdəkilərə deyib oradan ayrılmış. Ertəsi
gün dostu nə qədər üzr istəsə də mütəfəkkir: “Bir söz ya ölüm, ya
da ona yaxın bir fəlakətlə yerinə yetirilməzsə, üzrlü qəbul edilər.”
-deyərək dostu ilə təxminən altı ay görüşməmişdir.

Sözündə durmamaq özü ilə birlikdə etibarı, sevgini,
fədakarlığı da insandan silib aparır. Peyğəmbərimiz bir hədisi-
şəriflərində: “Münafiqliyin əlaməti üçdür: Danışdığı zaman yalan
deyər, söz verdikdə sözünün üstündə durmaz, bir şey əmanət
edildikdə xəyanət edər.” (Buxari, İman, 25; Müslim, İman, 25)
-buyurmuşdur. Münafiqlik, ikiüzlülük, yəni sözü ilə əməli üst-üstə
düşməyən insandır.

Verdiyi sözü yerinə yetirməyən, eyni zamanda yalan danışmış
olur. Sözlərində yalan olan insan cəmiyyətin sevgisini də, hörmətini
də itirər. Belə bir insana heç kim etibar etməz. Ətrafınızda əminlik
xüsusunda axtarılan bir şəxs olmaq xoşunuza gələr, yoxsa heç bir
mövzuda kömək istənməyən bir şəxs olmaqmı? İnsan ətrafına əli
ilə, dili ilə faydalı olmalıdır deyirik, elə deyilmi? Ətrafımızdakı

94

insanlar bizə etibar etməsələr, onlara qarşı necə faydalı ola bilərik?
Ona görə də ağzımızdan çıxan hər sözə diqqət etməliyik.

Verdiyimiz sözün üstündə durmaq qədər, yerinə yetirə
bilməyəcəyimiz sözlər verməməyimiz də çox mühümdür. Ona
görə də nəyi, nə üçün söylədiyimizi yaxşı bilməli, düşünərək
danışmalıyıq. Bundan başqa, dediyimiz sözü nə olursa olsun mütləq
yerinə yetirmək üçün səy göstərməliyik. M. Akifin də dediyi kimi:
“Ölüm, ya da ona yaxın bir fəlakət olmadıqca” verdiyimiz sözü
yerinə yetirməliyik.

Verdiyi sözü yerinə yetirmək üçün bir nəfəri üç gün gözləyən
“Məhəmmədul-Əmin” deyə xitab edilən Peyğəmbərin ümməti
olaraq məsuliyyətlərimizi dərk etməliyik. Onun bizə tövsiyə etdiyi
kimi bir mömin ola bilməyin həyəcanı içində hərəkət etməliyik.
Əks təqdirdə həm onun, həm də Rəbbimizin sevgisini itirərik.

95

İbrətli hekayə:

Sözündə duran gənc

Hz. Ömər xəlifəliyi zamanında bir gün yoldaşları ilə söhbət
edirdi. Bu əsnada iki nəfər cavan gəldi. Onların yanında qollarından
möhkəm tutduqları bir cavan da vardı. Qollarından tutulan cavan
təmiz paltarlı idi və mərd bir insana oxşayırdı. Onlardan biri
gəlişlərinin səbəbini belə anlatdı: “Bu cavan atamızı öldürdü. Bu
insandan şikayət etməyə gəldik. Onun cəzalandırılmasını istəyirik.”

Hz. Ömər hər iki tərəfin də ifadələrini aldı, onları diqqətlə
dinlədi. Hadisənin necə baş verdiyini yaxşıca öyrəndikdən sonra
qatil olan cavanın edam edilməsinə hökm verildi. O, qərarı sakitcə
dinlədikdən sonra dedi ki:

“Siz möminlərin əmirisiniz. Əmriniz başımızın üstündədir.
Qərarın yerinə yetirilməsinə hazıram. Ancaq atam vəfat
etməmişdən əvvəl pullarını ayırmış, mənə belə vəsiyyət etmişdir:
“Oğlum! Bunlar sənin, bunlar da qardaşınındır. Qardaşın böyüyənə
qədər onun malını sən mühafizə et!” Mən də bu pulları bir yerə
basdırdım. İndi mən edam edilsəm həmin pullar orada qalar.
Çünki pulların yerini məndən başqa bir insan bilmir. Yetim haqqı
tapdalanar. Mənə üç gün möhlət verin, gedib əmanəti bir nəfərə
təslim edim, sonra gəlim.”

96

Hz. Ömər:
- Yerinə bir zamin qoymalısan, -buyurdu.
- Burada iştirak edənlərin biri mənə zamin olsun.
- Zamini göstər!
Cavan orada olanların üzünə diqqətlə baxdı. Sonra Əbu Zər
Qifari həzrətlərini göstərərək: “Bax bu insan mənim zaminim
olsun.” -dedi.
Hz. Ömər:
- Ey Əbu Zər, zamin durursanmı?
- Bəli, üç gün sonra geri qayıdacağına mən zamin dururam.
Aradan üç gün keçdi. Ona verilən möhlət bitmək üzrə idi.
Şikayətçilər gəlmiş, lakin cinayətkar gəlməmişdir. Şikayətçilər
dedi ki:
- Ey Əbu Zər, zamin durduğun insan gəlmədi! Madam ki, o
gəlmədi, zamin olaraq sən onun yerinə cəzanı çəkmədikcə buradan
ayrılmarıq.
Əbu Zər təmkinli bir şəkildə onlara bu cavabı verdi:
- Hələ vaxt var. Vaxt bitənə qədər gözləyin. Əgər gəlməsə,
mən hazıram.
Nəhayət vaxt tamam oldu. Əbu Zər də ortaya çıxıb cəzasını
çəkməyə hazır olduğunu bildirdi. Elə bu əsnada toz duman içində
bir nəfərin gəldiyini gördülər. Gələn həmin cavan idi. O, gecikdiyi
üçün üzr istəyərək: “Pulları çıxarıb dayıma təslim etdim. Qardaşımı
da ona əmanət etdim. Dayımgil xeyli uzaqda olduğu üçün, ancaq
indi gəlib çata bildim.”
Orada olanlar bu cavanın sözünün üstündə durmasına heyran

97

oldular. Bu xüsusu ona dediklərində o, belə cavab verdi: “Mərd olan
həqiqi müsəlman sözünün üstündə durar. Mən, arxamdan “Artıq
bu dünyada sözünün üstündə duran qalmadı.” dedirtmərəm.”

Əbu Zər həzrətlərindən bu cavanı tanımadığı halda necə zamin
durduğunu soruşanlara: “O, mənə etibar edərək: “Bu insan mənim
zaminim olsun.” dedi. Bunu rədd etməyi mərdliyə, insanlığa
sığışdırmadım. Mən də “Bu aləmdə fəzilət, yaxşılıq qalmayıb.”
dedirdə bilmərəm.”

Bu hadisəyə şahid olan şikayətçilər: “Biz də “Bu dünyada
kərəm sahibi, comərd qalmadı.” dedirə bilmərik. Allah rizası üçün
şikayətimizi geri götürdük. Ölənin varisləri olaraq bu cavanı əfv
edirik.” -dedilər.

98

Ağıllı Olmaq

Ağıllı ol, ağlını işlət

Böyüklərin “Ağıllı ol!” öyüdünü bir çoxunuz eşitmisiniz.
Yaxşı, ancaq necə ağıllı olunur? Ağıl insanı heyvanlardan ayıran
ən böyük xüsusiyyətdir. Ona görə də istəyirsinizsə, əvvəlcə ağıl
nədir sualına cavab axtaraq.

Ağıl başa düşməyimizi və bilməyimizi təmin edən bir gücdür.
İnsanın sahib olduğu ən dəyərli xəzinədir. Belə ki, ağlı olmayan
insanı Rəbbimiz heç bir haldan məsul tutmamışdır. Yəni ağıl
Rəbbimizin əmrlərindən, bizə verdiyi qulluq vəzifələrindən məsul
olmaq üçün vacibdir.

İndi yaxşı düşünün, əziz dostlar! Düşünməyimizi, başa
düşməyimizi, öyrənməyimizi təmin edən ağlımız olmasaydı, nə
olardı? İnsanların dedikləri sözlər bizim üçün heç bir şey ifadə
etməzdi. Heç bir işi yetirə bilməz, yeni şeylər icad edə bilməz,
doğru-düzgün danışa bilməz, eşitdiklərimizin nə mənaya gəldiyini
başa düşə bilməzdik. “Ağıla sahib olmaq necə də böyük nemətdir!”
dediyinizi sanki eşidirəm.Ancaq ağıla sahib olmaqla ağıllı olunmur,
əsas o ağlı işlətmək lazımdır. Yaxşı, bu necə olacaq?

Dünya yaradıldığı andan etibarən bir çox insan yaşamışdır. Bir
qismi ağlını işlədərək gözəl işlərə imza atmış, adının bu zamana

99

qədər gəlib çıxmasına nail olmuşdur. Kimisi də yanlış və ya
mənasız işlərdə ağlını işlətdiyi üçün müvəffəq ola bilməmişdir.
Əksinə özündən sonra gələn nəsillərə də mənfi yöndə təsir edərək
daha da pis vəziyyətə düşmüşdür. Ona görə də ağlımızı işlədə
bilmək üçün ilk növbədə özümüzə doğru bir nümunə seçməliyik.
Nümunə götürəcəyimiz şəxs davranışlarında, işlərində, həyatında,
bir sözlə hər mövzuda doğru olmalıdır ki, ağlını işlədə bildiyindən
əmin ola bilək, elə deyilmi? Bu mövzuda bizim üçün ən gözəl
nümunə əlbəttə ki, Rəsulullahdır (s). Onun həyatında yanlış bir
şey tapa bilərsinizmi? Ağıllı bir insan onun öyüdlərinə qulaq asdığı
müddətdə doğru yoldadır. Lüzumsuz xətalardan, yanlışlardan uzaq
qalar.

Bir də bu cür düşünək. Elektrikli məişət cihazının necə işlədiyini
bilməsəniz nə edərsiniz? Ya bilən birindən soruşarsınız, ya da
istifadə qaydalarını bildirən kitabçanı oxuyarsınız, elə deyilmi?
Ancaq bunları etmədən həmin aləti qurdalamağa çalışsanız, onu
xarab edə bilərsiniz. Hətta bir də işlədilə bilməz vəziyyətə gətirmiş
ola bilərsiniz. Deməli, ağıllı bir insan bir işə başlamadan əvvəl nəyi,
nə zaman edəcəyini yaxşı bilməlidir. Araşdırmadan, öyrənmədən
hərəkət etməməlidir. Yoxsa geri dönülməz yanlışlar meydana gələ
bilər.

Bəzən böyüklərimiz “Ağılı işlədə bilmək üçün ayıq-sayıq ol!”
ifadəsini işlədirlər. Ayıq-sayıq olmaq baş verə biləcək nəticələri
əvvəlcədən təxmin edə bilmək və belə vəziyyətlər üçün tədbir
almaqdır. Yoldakı quyunu görməyənlər onun içinə düşər. Ancaq
ayıq-sayıq olan quyunu fərq edər və içinə düşməmək üçün yanından

100

keçər. Həyatda da qarşımıza əngəllər çıxdıqda həmin əngəlləri aşa
bilmək üçün düşünərək hərəkət etsək, yoldakı əngəlləri dəf edə
bilərik. Belə vəziyyətlərdə böyüklərin təcrübələri, öyüdləri bizə
kömək edər.

İmtahandan aşağı qiymət almamaq üçün yalnız valideynləri-
niz hirslənməsin deyə çalışarsınızsa və ya qiymətlərinizi gizlə-
dərsinizsə, ağıllı hərəkət etməmiş olarsınız. Ətrafınızda baş verən
hadisələri “necə olsa mənimlə əlaqəli deyil” deyərək göz ardı
etsəniz, gördüyünüz yanlışları düzəltmək üçün səy göstərməsəniz,
insanların dərdlərini dinləmədən haqsız yerə birilərini
günahlandırsanız, tam mənada başa düşmədən özünüzə görə bir
çox şeyi tənqid etsəniz, oxumaqdan, öyrənməkdən, çalışmaqdan
geri dursanız ağıllı hərəkət etmiş sayılmaz, ağlınızı işlətməmiş
olarsınız.

Nəticə olaraq anaların qızlarına mətbəxdə tez-tez dediyi bir
söz var: “Bişirdiyin mənim, öyrəndiyin sənin olsun!” Məhz bu söz,
insana ağlını işlətməyini öyüdləyən bir sözdür. Etdikləriniz başqa
insanların xeyrinə və zərərinə olacaq, ancaq siz yaxşı və pis çox şey
öyrənəcəksiniz. Ona görə də ağlınızı doğru istiqamətdə işlədərək
həyatınızda yanlışları azaltmağa, müvəffəqiyyətə doğru məsafə qət
etməyə səy göstərin. Beləliklə, siz də adınızı, əsərlərinizi tarixin
yaddaşına yaza bilərsiniz.


Click to View FlipBook Version