The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Rövşən Nəzərov-Saxta hədislərdən doğan radikalizm

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-31 01:09:13

Rövşən Nəzərov-Saxta hədislərdən doğan radikalizm

Rövşən Nəzərov-Saxta hədislərdən doğan radikalizm

Rövşən Nəzərov

SAXTA HƏDİSLƏRDƏN DOĞAN
RADİKALİZM

Bakı-2018

Rövşən Nəzərov
SAXTA HƏDİSLƏRDƏN DOĞAN RADİKALİZM

3

GİRİŞ

Bu kitabın yazılmasında məqsəd hər zaman müzakirə mövzusu
olan uydurma hədislər və xüsusilə son zamanlar qloballaşan
dünyada gedən proseslərdə radikalizm kimi problemlərin ayrı-
ayrılıqda və müştərək olaraq araşdırılmasıdır. Radikalizmin digər
əsas səbəbləri kimi hədis uydurma fəaliyyətləri də ciddi narahatlıq
doğuran məsələlərdəndir. Radikalizmin başlanğıcı olaraq məhz
xurafat, cəhalət, savadsızlıq və uydurma hədisləri göstərmək
mümkündür. Bütün sahələrdə radikalizm meyilləri mövcud olsa
da, xüsusən günümüzdə din pərdəsi adı altında həyata keçirilən
radikalizm daha təhlükəli mahiyyət kəsb edir.

İslamın ana qaynağı olan Qurani-Kərimdən sonra müraciət
edilən əsas mənbə məhz Hz. Peyğəmbərin hədisləridir. Müsəlmanlar
dini məsələlərlə bağlı mütəmadi olaraq İslam peyğəmbərinin söz,
hərəkət və davranışlarına əsaslanaraq öz həyat tərzlərini qurmuşlar.
Lakin təəssüfləndirici məqam ondan ibarətdir ki, zaman-zaman
müsəlmanlar Rəsulullahın hədislərini təhrif edərək dini hökmlərə
dəyişikliklər etməyə cəhd göstərmiş və bəzi məsələlərdə müəyyən
mənada buna nail olmuşlar.

Ortaya çıxdığı gündən etibarən insanlara sülhsevərlik, barış,
şəfqət və mərhəmət hisslərini aşılayaraq onları radikallıq, nifaq və
təfriqədən uzaq olmağa, müsəlmanları “Yaradılanı Yaradana xatir
sevməyə” çağıran, hər zaman orta yolu seçən və bunu bizlərə tövsiyə
edən İslam dini bəzi qüvvələr tərəfindən dünya ictimaiyyətinə
bilərəkdən radikal və terror dini kimi təqdim edilərək gözdən

4

salınır. İslamla heç bir əlaqəsi olmayan şəxslərin din pərdəsi adı
altında həyata keçirdikləri insanpərvərvərlik prinsiplərinə zidd olan
hərəkətlər dini gözdən salmaq məqsədi daşıyır. Bu siyasət bütün
dövrlərdə həmin bədnam qüvvələr tərəfindən həyata keçirilmişdir.

5

HƏDİS ELMİ

Hədis və ya sünnə müxtəlif mənaları ehtiva edən, əsasən
Hz.Peyğəmbərin söz, əməl və davranışlarını özündə birləşdirən
bir məfhumdur. Başqa sözlə, hədis “Peyğəmbər elmi” mənasını
bildirməklə yanaşı Rəsulullahın (şiə məzhəbində məsum imamların
da kəlamları hədis hesab edilir) söz, davranış, rəftar və hərəkəti
fonunda onun hər hansı bir yönü haqqında xəbər verən yazılı
ifadələr toplusudur.

Hədis elmi hədisi bizə çatdıran, onu müxtəlif yönləri ilə izah
və tədqiq edən, araşdıran və bu araşdırmanın üsul və qaydalarını
təsbit edən elmdir. Qısa və məzmunlu bir şəkildə hədis elmini:
“hədisləri təsbit, nəql və anlamağa istiqamətlənən bir elmdir” deyə
tərif etmək mümkündür.

Hədisin iki əsas tərkib hissəsi vardır: «Sənəd» və «Mətn».
Mətn hədisin məzmununu təşkil edir. Başqa sözlə, mətn
hədisin sözləri, ifadə olunduğu maddi şəkli mənasını ifadə edir.
Sənəd isə hədisi rəvayət edən şəxslərin – ravilərin həmin hədisi
bir-birindən nəql etmə ardıcıllığını göstərir və ravilərin adlarının
sıralanmasından ibarət olur. Yəni, «sənəd» anlayışı hədisi rəvayət
edənlər və onun çatdırılma, nəql edilmə “zəncirini” təşkil edən
şəxslər mənasını özündə ehtiva edir. 
Allah-Təalanın yer üzündə insanlar arasından seçərək risalət,
yəni elçilik məqamına layiq gördüyü, sonuncu peyğəmbər Hz.
Məhəmməd Uca Yaradan tərəfindən insanlara göndərilənləri
təbliğ və bəyan etməklə (açıqlamaqla) vəzifələndirilmişdir.

6

Həmçinin o bəşəriyyətə “ən gözəl nümunə” kimi təqdim edilmiş
və iman gətirən insanlardan o müqəddəs şəxsiyyətə tabe olub,
itaət etmələri bildirilmişdir. Hətta Rəsullullaha itaət Allaha itaətlə
bərabər tutulmuş və onun hökmünə tabe olmaq məsələsində heç
bir möminə seçim haqqı tanınmamışdır.

Ona görə də Hz. Peyğəmbərə itaət etməyi imanlarının tərkib
hissəsi olaraq qəbul edən səhabələri, həm sağlığında həm də
vəfatından sonra ona layiq şəkildə tabe olmağa çalışmışlar.
Bunun məntiqi nəticəsi olaraq da hədisləri mühafizə etmə, sonrakı
nəsillərə ötürmə işində xüsusi həssaslıq nümayiş etdirmişlər.

Hədis Peyğəmbər sünnəsinin tərkib hissəsinə daxildir. İslam
təfəkküründə hədis Qurani-Kərimdən sonra ikinci əsas və mötəbər
mənbə hesab edilir.  Bu düşüncə və təfəkkürün əsas səbəbi isə
Qurani-Kərimin “Nəcm” surəsinin 3 və 4-cü ayələridir:

“O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah
dərgahından) nazil olan bir vəhydir”.

Bu ayəyə əsasən, Hz. Peyğəmbərin dilindən çıxan bütün sözlər
doğrudur və insanları hidayət etmək gücünə malikdir. 

Hədisin dini hökmlərin əsaslandırılması (istinbat) zamanı
Qurani-Kərimdən sonra ilk vacib mənbə kimi qəbul edilməsi fikrini
bütün İslam məzhəbləri qəbul və təsdiq etmişlər. Dini hökmlərin
əsaslandırılması zamanı icma, qiyas, ağıl kimi digər metodlar
Quran və sünnədən (hədisdən) sonra gəlir və onlarda qəti hökm
(nəss) olmadığı zaman istifadə edilir.

Əhli-hədis adlandırılan hədis alimlərinin əksəriyyəti hədisin
əhatə dairəsinə yalnız Rəsulullahın yaradılışı ilə əlaqədar (xilqi)

7

olan xüsusiyyətlərini və Onun əxlaqi (xulqi) vəsflərini daxil
etmişlər. Bəzi alimlər isə hədis termininin əhatə dairəsini daha da
genişləndirərək səhabə və tabiunun şəxsi bəyan və fətvalarının da
bu çərçivəyə daxil etmişlər. Nəticədə hədis məfhumu aşağıdakı üç
hissəyə ayrılmışdır:

1) Mərfu hədis
2) Mövquf hədis
3) Maqtu hədis
Hz.Peyğəmbərə aid olan hədislərə mərfu, səhabəyə aid olanlara
mövquf, tabiinə aid olanlara isə maqtu hədis deyilir.
İmamiyyə Şiəsinə görə isə hədis məsumların söz, əməl və
təqrirləridir. Buna əsasən hədis Hz.Peyğəmbər və onun kimi məsum
qəbul edilən qızı Hz. Fatimə və 12 imamın sözləri, əməlləri və
təqrirləridir. Məsum olmayan insanların dediyi sözlərə əsər deyilir.
Yuxarıda qeyd edilənlərdən belə başa düşülür ki, hədis Qurani-
Kərimdən sonra İslam dininin təməl qaynağıdır.

8

HƏDİS VƏ İSLAMİ ELMLƏR

Bəşər tarixinə nəzər yetirildiyində Hz.Peyğəmbər qədər
maraqla qarşılanan və həyatının hər yönüylə kiçik incəliklərinə
qədər araşdırılan ikinci bir şəxsiyyət tapmaq mümkün deyildir.
Belə ki, İslami elmlərin əksəriyyəti Rəsulullahın müxtəlif yönlərini
özünə mövzu seçmişlər. Bunlara nümunə olaraq, bilavasitə
Hz.Peyğəmbərin həyatı ilə bağlı olan və onun sadəcə bir cəhətini
özündə əks etdirən Hədis, Siyər, Şəmail, Dəlail (Xəsais, Mucizat)
kimi elm sahələrini göstərmək mümkündür.

Yuxarıda sadalanan elm sahələrinin kökü birmənalı olaraq
hədis elmində birləşir. Sadəcə bu elm sahələri zamanla hədisdən
ayrılaraq müstəqil bir elm sahəsi kimi fəaliyyət göstərmiş, məzmun
etibarilə zənginləşmişdir. Həmçinin, bu elmlərin ortaq nöqtələri
olmaqla yanaşı, ayrı-ayrı ədəbiyyatları da mövcud olmuşdur.
Adıçəkilən bu elmlərdən bəziləri müstəqil “Elm sahəsi” statusunu
qazanmış, bəziləri isə bir “növ”, “şöbə” olaraq varlığını davam
etdirmişdir.

Elə elm sahələri də mövcuddur ki, onların mövzusu bilavasitə
Hz. Peyğəmbər olmasa da, təməl etibarilə ona da yer verilmişdir.
Bunlar İslam tarixi, Fiqh, Təfsir, Kəlam və Məzhəblər tarixi,
Təsəvvüf, Tibbi-Nəbəvi, Dil və mədəniyyət kimi elm sahələridir.

9

HƏDİS NÖVLƏRİ

Peyğəmbər hədislərinin Səhih, Həsən, Zəif, Mövzu olmaqla
bir sıra müxtəlif növləri mövcuddur.

Səhih Hədis

“Səhih” kəliməsi sağlam, düzgün, möhкəm mənalarını
bildirir. Səhih hədis isə, düzgün və sağlam olmasına, həmçinin
Hz. Peyğəmbərə yaxud birinci qaynağına aid olduğunda şübhə
olmayan xəbərdir. Başqa ifadə ilə desək, birinci qaynağa aid
olması qəti olaraq bilinən hədisə səhih hədis deyilir. Səhih hədisin
doğru olması hər kəs tərəfindən qəbul edilir. Səhih hədisin bir sıra
dərəcələri vardır.

Səhih hədisə əməl etmək vacib hesab edilir. Səhih hədislərlə əməl
etməyin vacib olmasına dair bütün İslam alimləri ittifaq etmişlər.
Hər hansı bir hədisin səhih olması və Hz. Peyğəmbərdən rəvayət
edilməsi dəqiq məlum olarsa, həmin hədis dini bir hökm olaraq
qəbul edilir.

Həsən Hədis

Həsən kəliməsi “gözəl, xoş” mənalarını bildirir. Həsən hədis isə
“müəyyən xüsusiyyətlərə sahib olan bir hədis növüdür”. Həsən hədisin
tərifində müxtəlif fikirlər mövcuddur. Əksər alimlər tərəfindən qəbul
edilən tərif belədir: Ədalət şərtini daşımaqla yаnаşı, zəbt yönündən
səhih hədis ravilərinin dərəcələrinə çatmayanların kəsiksiz isnadla
rəvayət etdikləri şaz və illətsiz hədislərə həsən hədis deyilir.

10

Həsən hədis, səhih hədis qədər güclü olmamasına baxmayaraq,
eyni səhih hədis kimi dəlil olaraq ələ alına bilir. Ancaq həsən hədis
səhih hədisə uymasa, həsən hədis tərk olunur, səhih hədis tətbiq
edilir.

Zəif Hədis

Zəif hədis özündə səhih və həsən hədislərin xüsusiyyətləri
olmayan hədis növüdür. Başqa cür tərif etsək, zəif hədis səhih və
həsən hədisin şərtlərindən bir yaxud bir neçəsini özündə daşımayan
hədisdir. Zəif hədisin aşağıdakı əlamətləri vardır:

1. Hədisi rəvayət edən ravilər adil deyildir.
2. Hədisi rəvayət edən ravilər zabit (hafizəsi qüvvətli) deyildir.
3. Hədisin isnadı müttəsil deyildir, yə’ni hədisin sənədindəki
ravilərdən biri və ya bir neçəsi alınmışdır.
4. Hədisi rəvayət edənlərin biri yaxud bir neçəsi məchuldur,
yə’ni bu ravilərin ədalət və zəbt bахımındаn vəziyyətləri məlum
deyildir. 
5. Hədis səhih və möhkəm rəvayətlərə müxalifdir, yəni,
şazdır. Hədisin ifadələrində Hz. Peyğəmbərin sözlərindəki açıqlıq
və ahəng hiss edilmir.
6. Başqalarına aid sözlər, Hz. Peyğəmbərin sözlərinə
qarışdırılmış və ona aid edilərək göstərilmişdir.
Nəticə olaraq qeyd etmək olar ki,əgər hədisdə sadalanan bu
əlamətlərdən biri və ya bir neçəsi mövcuddursa, həmin hədis zəif
hesab edilir.

11

Mövzu (Uydurma) Hədis

Hz. Peyğəmbərə aid olmadığı halda Onun adına uydurulmuş
və Ona nisbət edilmiş sözlərə mövzu hədis deyilir. Mövzu
hədislərin ilk dəfə ortaya çıxması məsələsində müxtəlif görüşlər
olmasına baxmayaraq, alimlərin əksəriyyətinin fikrincə dördüncü
xəlifənin vəfatından sonra meydana gəlmişdir.

Mövzu hədisləri əsasən dini siyasiləşdirməkdə maraqlı olan
qüvvələr tərəfindən qələmə alınmışdır. Təəssüf hissi ilə qeyd edə
bilərik ki, sonradan mövzu hədis fəaliyyətinə bir sıra firqə və
camaatlar qoşulmuş və hicri 2-ci və 3-cü əsrdə zirvə nöqtəsinə
çatmışdır. Baxmayaraq ki, Hz. Peyğəmbər bu mövzudakı hədisləri
çox açıq şəkildə tənqid etmişdir. Bəzi səhabə və tabiunlar Hz.
Peyğəmbərlərin hədislərindəki xəbərdarlıqlardan çəkindikləri
üçün, “səhv edərəm, əksik və ya artıq deyərəm” qorxusuyla
Rəsululluhdan daha çox hədis rəvayət etməmişlər.

Mövzu hədisləri araşdıran zaman onların bir qisminin İslama
zidd, məntiqdən uzaq olduğu, gülüş obyektinə çevrildiyi, bir
qisminin isə İslama zidd olmadığı, gözəl, faydalı sözlər olduğu
məlum olur. Hansı cür mövzu hədis olursa olsun, Hz. Peyğəmbər
adına onlarla əməl etmək doğru olmadığı kimi, bu cür uydurmaları
ona nisbət edərək nəql etmək nəinki düzgün deyildir, hətta haram
hökmündədir.

Uydurulan hədislərin Hz. Peyğəmbərin lehində və əleyhində
olması rəvayət edən şəxsi heç zaman məsuliyyətdən azad etməz.
Vacib olan məsələ Hz. Peyğəmbərə aid olmayan bir sözün, ona
məxsus olduğunu söyləməmək və Allah Rəsulunun adına yalan

12

uydurmamaqdır. Hədis rəvayətində axtarılan bu elmi dürüstlüyə
günümüzdə də riayət edilməsi mühüm və önəmli məsələlərdən
hesab edilir. Elm sahibi olan bəzi alimlər, nəql etdikləri bəzi
mövzu hədislərdən sonra bu cür hədisləri dəyərləndirərkən
“Mənası doğru, ancaq uydurmadır, Hz. Peyğəmbərə aid deyildir.”
ifadələrinə yer vermişlər. Bu kimi fikirlərə hədis kitablarında tez-
tez rast gəlinir.

Tarix boyu rast gəlinən problemlərdən biri də, bəzi hədislərin
mövzu olub olmaması məsələsindəki fərqli dəyərləndirmələrin və
ictihadların ortaya çıxmasıdır. Bu da, dəyərləndirmə ilə məşğul
olan hədis alimlərinin fərqli kriteriyalar, metodologiyalar və
anlayış tərzlərinə sahib olmalarından qaynaqlanan amillərdəndir.
Başqa ifadə ilə desək, mövzu hədislərin hər biri üzərində ittifaq
edilməyib, bəzi hədisçilərin mövzu dediklərinə digərləri etiraz
edərək, hədisin mövzu olmadığını söyləmişlər. Çünki bu nəticə
ictihadi olaraq verilmiş bir qərardır. Bunun ən bariz örnəyi Suyuti
(ö.911/1505) ilə İbnul-Cevzi (ö.597/1201) arasında yaşandığı
müşahidə edilir. İbnul-Cevzinin mövzu olaraq qəbul etdiyi bir
çox hədis, Suyuti tərəfindən mövzu olaraq qəbul edilməmişdir.
Bu vəziyyət hər iki alimin hədis üzərində araşdırma və incələməsi
nəticəsində verdiyi ictihadi hökmdən qaynaqlanır. Alimlərin
vermiş olduqları bu tipli dəyərləndirmələrə hörmət etmək
lazımdır.

Bu mövzudakı ümumi olaraq qəbul edilməli olan qənaət bu
olmalıdır ki, əgər bir hədisə işinin əhli olan bir mühəddis tərəfindən
uydurma hökmü verilmişsə, o hədisə başqa biri uydurma deyildir

13

desə belə o hədis üzərində heç bir şübhə yeri olmamalıdır. Nəticə
etibarilə həmin hədislə əməl etməyi özünə rəva bilməsi olduqca
çətin məsələlərdəndir.

Aşağıda mövzu hədislərə bir sıra nümunələr göstərilmişdir:
“Dünya bir qaya üzərində, o da bir öküzün boynu üzərindədir.
Öküz boynunu hərəkət etdirdiyi zaman qaya tərpənir və yer sallanır
ki, buna da zəlzələ deyilir.»
“Təkəbbürlü olana qarşı təkəbbürlənmək sədəqədir.”
“Kim aşiq olur, iffət göstərir və bunu gizlədərək ölürsə, o
şəhiddir”.
“Duz sizə lazımlıdır. Çünkü yetmiş dərdin dərmanıdır”.
“Şübhəsiz gül, peyğəmbərin tərindən yaradılmışdır”.
“Yeməyə üfürmək bərəkət gətirir”.
“Bir dirhəm faiz yeyən kəs, otuz altı dəfə zina etmiş kimi olur.
..”
“Allahın ilk yaratdığı şey ağıldır ...”
“Çox danışan çox yanılır ...”
“Uşaqlarınızı məscidlərinizdən uzaqlaşdırın”
“Gözəl üzə baxmaq ibadətdir”.
“Çətin vəziyyətə düşsəniz məzarda olanlardan yardım istəyin”.
“Kim şahmat oynayarsa, o məlundur”.
“Ümmətimin alimləri İsrailoğullarının peyğəmbərləri
kimidir.”
“Möminin artığı şəfadır”.
“Şərab içən kəs (Allaha) şirk qoşmuş olur”.
“İnsanlar, idarə edənlərinin dinindədirlər.”

14

Təsəvvüflə əlaqəli dairələrdə də çoxlu sayda uydurma hədis
istifadə edilir və onlar “yararlandıqları” bu hədislərin özlərinə
görə uydurma olmadığını iddia edirlər. Mütəsəvvüflər əsasən yuxu
yolu ilə hədisləri Hz. Peyğəmbərdən birbaşa olaraq aldıqlarını
söyləyərək, bu hədis əldə etmə üsulunun, hədis alimlərinin
metodlarından daha sağlam və mötəbər olduğunu iddia edirlər.
Məhz bu səbəbdən də, tarix boyu hədis əldə etmə üsulları
mövzusunda hədisçilərlə mütəsəvvüflər arasında görüş fərqlilikləri
mövcud olmuşdur. Sufilərin ümumilikdə baş vurduqları önəmli
metodlardan biri ilham və yuxu yoluyla hədis əldə etmək və ya
əldə edilən hədisləri yenidən bu yollarla Hz. Peyğəmbərə nisbət
etməkdir. Çünki sufilərə görə imtina edilməsi mümkün olmayan
ilhamın hədis əldə etmədə yeri və önəmi böyükdür. Ümumilikdə,
hədis alimlərinin demək olar ki, mütləq əksəriyyəti isə yuxu və
ilham vasitəsilə hədis əldə etməyin mümkün olmaması barəsində
ittifaq etmişlər.

Aparılan araşdırmalarda təsəvvüfdə təməl əsas olaraq istifadə
edilən 420 hədisin səhihliyi araşdırılmış və nəticədə bunların 15%-i
uydurma, 21%-i zəif, 10%-i hədis qaynaqlarında tapılmamış, 6%-i
də haqqında hökm verilməmiş hədislər olaraq təsbit edilmişdir.

Yuxarıda qeyd edilən araşdırmaların nəticəsindən aydın olur
ki, təsəvvüf sahəsində çalışan hədis alimlərinə görə səhih olmayan
çoxlu sayda hədis dəlil olaraq istifadə edilir. Təsəvvüf dairələrində
həqiqət olaraq qəbul edilən və mövzu kimi tanınmayan, ancaq
hədis alimləri tərəfindən uydurma olaraq qəbul edilən bu hədislərə
aşağıdakı nümunələri göstərmək olar:

15

“Ölmədən əvvəl ölün”
“Dünyanı sevmək hər pisliyin başıdır”.
“Əmmamə ilə qılınan namaz, əmmaməsiz qılınan iyirmi beş
namaza, Əmmamə ilə qılınan Cümə namazı, əmmaməsiz qılınan
yetmiş cüməyə bərabərdir. Əmmamə ilə namaz qılmaqda on min
savab vardır. «

16

HƏDİS ELMİNİN TARİXÇƏSİ

İslamın yaranması ilə ortaya çıxan hədis, müəyyən
mərhələlərdən keçərək günümüzə qədər gəlib çatmışdır. İlk öncə
hədislərin əzbərlənərək qorunması, şifahi olaraq nəql edilməsi,
yazılması, bir yerə toplanması və kitablarda təsnifi, ayələrdən
hökmlərin əldə edilməsi, mənası tam aydın olmayan hissələrin
açıqlanması, ravilərin tənqidi ilə əlaqəli yazılmış əsərlər və bunların
müəllifləri hədis tarixinin tədqiqat sahəsini meydana gətirir.

Hədis tarixinin mövzusuna gəlincə isə, qısa olaraq, hədislərin
Hz. Peyğəmbərdən eşidildiyi və ya görüldüyü şəkildə rəvayət
edilməsi də daxil olmaqla, fərqli dövrlərdən sonra necə və hansı
formada nəsildən-nəsilə ötürüldüyünü və s. təşkil edir.

Hz. Peyğəmbərin səhabələri bu müqəddəs şəxsiyyətdən
gördüklərini və eşitdiklərini diqqətlə əzbərləmiş və fürsət düşən
kimi yazaraq qeyd etmiş, özlərindən sonra yaşayan tabiun nəslinə
ötürməyə çalışmışlar. Hicri ikinci əsrin əvvəllərindən başlayaraq,
bəzi hədis təsnif sistemləri yaranmış və ilk yazılı əsərlər qələmə
alınmışdır. Tabiun nəsli də öz zamanlarında inkişaf etdirilən
isnadlı rəvayət sistemi ilə hədislərin bir hissəsini yazıya köçürmüş,
başqa sözlə tədvin etmiş, bir hissəsini də şifahi olaraq rəvayət
etməklə sonrakı nəsilə ötürmüşdür. Ətbaut-tabiun dövründə isə
hədis öyrənmə və sonrakı nəsillərə öyrətmə - hədis təlim və tədris
metodları daha da mükəmməl vəziyyətə gəlmiş və nəticədə hədislər
yazılı qaynaqlara keçərək günümüzə qədər gəlib çatmışdır.

İslamın ilk üç nəsli olan səhabə, tabiun və ətbaut-tabiunun Hz.

17

Peyğəmbərin hədisi və sünnəsi yazılı qaynaqlarda yer alana qədər
onların qorunması və yayılmasında çox böyük xidmətləri olmuşdur.
Lakin hədisləri qeyd olunan ilk üç nəsil ilə məhdudlaşdırmaq
mümkün deyildir. Ona görə də, hədis elminin tarixi inkişafı, hədis
ədəbiyyatının meydana gəlmə və müasir dövrümüzə qədər gəlib
çatma mərhələləri əsas şərt kimi götürülərək tədqiq olunmalıdır.

Hicri ilk iki əsrdə İslam coğrafiyasının olduqca genişlənməsi,
yeni şəhərlərin qurulması və səhabələrin əksər hissəsinin müxtəlif
səbəblərlə həmin ərazilərə gedərək orada məskunlaşması
müşahidə olunmuşdur. Xüsusilə hicri birinci əsr İslam toplumunda
sürətli inkişafın yaranması, əhalinin müxtəlifliyi və siyasi-sosial
təlatümlərin yaşanması səbəbilə hədis tarixinin ən həssas dövrünü
təşkil edir.

Məhz bu dövrdə - hicri birinci əsrdən etibarən hədis uydurma
fəaliyyətləri də ortaya çıxmış və mənfi bir tendensiya olaraq özünə
yer tapmağa çalışmışdır. Buna cavab olaraq, həmin dövrdə kitabət,
hifz, tədvin və təsnif fəaliyyətlərinin həyata keçirilməsi hədislərin
qorunması və müasir dövrümüzə qədər gəlib çatmasında müstəsna
rol oynamışdır.

18

HƏDİSLƏRİN ƏZBƏRLƏNMƏSİ

Hafizəsi güclü olan səhabələr hədisləri Hz.Peyğəmbərdən
şifahi, həmçinin müşahidə yolu ilə yaxud başqa bir səhabədən
eşidərək əzbərləmiş və öyrənmişlər. Bu proseslər Hz.Peyğəmbər
zamanında başlanılmış və sonrakı dövrlər də davam etdirilmişdir.

Hədisin əsas müzakirə mövzusu və varlığı Hz.Peyğəmbərdir.
Lakin hədislərin sonrakı nəsillərə çatdırılmasında, hədis ricalının
ilk təbəqəsini formalaşdıran səhabə nəslinin müstəsna xidmətləri
olmuşdur. Allah Rəsulunun müsəlman müasirləri adlandırılan
səhabə yaxud əshab, ümumi mənada “müsəlman olaraq
Hz.Peyğəmbəri görən və həmin imanla yaşayaraq ölən şəxs”
mənasını ehtiva edir.

Səhabələr fərqli sayda hədis rəvayət etmələri baxımından
iki yerə bölünürlər: “muksirun” və “muqillun” səhabələr. Daha
çox hədis rəvayət edən səhabələrə “muksirun”, daha az rəvayət
edənlərə isə “muqillun” səhabələr deyilir. Səhabələrin bəzilərinin
daha çox, digərlərinin isə nisbətən az hədis rəvayət etmələrinin
bəzi səbəbləri var.

Hədislərin qorunub saxlanılmasında səhabə nəslinin müstəsna
xidmətləri mövcuddur. Bu nəsil Hz. Peyğəmbərdən əldə etdikləri
bilikləri bezmədən bir ibadət eşqi ilə əzbərləyərək və müzakirə
edərək öyrənmiş, imkan daxilində yazaraq özlərindən sonrakı
tabiun nəslinə düzgün bir formada ötürməyi bacarmışlar. Həm
müqəddəs kitabımız olan Qurani-Kərimin bizə qədər gəlib
çatmasında, həm də dini yaşayış haqqında dolğun məlumat sahibi

19

olmağımızda səhabə nəslinin müstəsna xidmətləri vardır. Hazırda
bizlərə gəlib çatan hədis külliyyatı və ədəbiyyatı onların səylərinin
bir nəticəsidir.

Səhabə dövründə hədislərin öyrənilməsi və qorunması
baxımından iki müxtəlif fəaliyyət sahəsi mövcud olmuşdur.
Həmin fəaliyyət sahələrindən biri hədislərin səhabələr tərəfindən
əzbərlənməsi, digəri isə hədislərin yazıya köçürülməsidir. Hədislər
əvvəlcə əzbərləmək yolu ilə mühafizə edilsə də, sonralar yazıya
köçürülməklə qorunmuşdur.

20

HƏDİSLƏRİN YAYILMASI

Tarixən İslam alimləri, həmçinin vicdanlı hədis rəvayət edən
şəxslər uydurma hədislərin yayılmaması üçün son dərəcə həssaslıq
göstərmişlər. Onlar doğruluğunu təsbit etmək üçün hədisin həm
mətnində, həm də sənədində çoxsaylı metod və üsullardan istifadə
etmişlər.

Hər hansı bir hədisi rəvayət edən zaman ravi onu digərinə bir
sıra üsullarla ötürə bilər. Həmin metodlara nümunə olaraq eşitmə
(sima), yazdırma (kitabət), yazısından oxumaq, imla (diqtə) və
s. göstərmək mümkündür. Başqa bir üsul isə ondan ibarətdir ki,
ravi sənəd zənciri ilə ona çatan hədisi (və ya hədisləri, hətta hədis
kitablarını) sonrakılara rəvayət etməsi üçün növbəti raviyə yazılı
və ya şifahi surətdə icazə verir. İslam tarixində hədis rəvayət edən
şəxslərdən və hədis alimlərindən rəvayət etmək icazəsi almış çoxlu
sayda şəxslər mövcud olmuşdur. Sənədin əvvəlində bir qayda
olaraq, hədisin yazıya köçürülməsindən öncəki son ravinin adı
gəlməlidir.

21

HƏDİSİN İSLAMDAKI YERİ

Hədisin və sünnənin dindəki əhəmiyyətini lazımı qədər dərk
edən səhabələr hər cəhddə və hər mövzuda Hz. Peyğəmbəri
izləməyə çalışırmışlar. Səhabələr Rəsulullahdan öyrəndikləri bu
bilikləri əməli olaraq öz həyatlarında tətbiq etmişlər. Beləliklə,
öyrəndikləri ilə əməl etmələri, həmin hədisin onların yaddaşlarında
əbədi olaraq qalmasına səbəb olurdu.

Hədislərin bütün dövrlərdə əzbərlənməsinin bir sıra səbəbləri
vardır. Bu səbəblərdən biri də dini yayma (təbliğ) vəzifə və
məsuliyyətinin həmin zamanın insanlarının zehnlərinə siraət
etməsidir. Çünki, onlar dünya və axirət səadətinin, digər xalqlar
arasında şərəfli bir statusa sahib olmağın yalnız İslam dini ilə
mümkün ola biləcəyi düşüncəsini qəlbən mənimsəmiş şəxslər
olmuşlar.

Bundan başqa hədislərin əzbərlənərək bəşəriyyətə çatdırılması
ilə əlaqədar Hz.Peyğəmbərin müsəlmanları təşviq etməsi,
səhabələrin dini qoruyub saxlama düşüncələrinin genişlənməsinə
yol açmışdır. Belə hədislərin birində Hz.Peyğəmbər belə
buyurmuşdur: “Sözlərimi dinləyib yadda saxlayan və yadda
saxladıqlarını eynilə başqalarına çatdıranların Allah üzünü
ağartsın!”

Digər bir hədisdə isə təbliğ vəzifəsini açıq-aşkar surətdə
xatırlatmışdır: “Burada olanlarınız, (burada) olmayanlara
(eşitdiklərini) çatdırsın...”

Qeyd olunan bu kimi təşviqlər səhabə Əbu Zər əl-Ğifarinin bu

22

sözləri timsalında öz əksini tapırdı: “Qılıncı boynuma dayasanız,
mən də Allah Rəsulundan eşitdiyim bir hədisi başım kəsilənə qədər
təbliğə vaxt tapacağımı bilsəm, o sözü əlbəttə ki, sizə çatdıraram”.
Bütün bu sadalananların, hədislərin əzbərlənərək başqalarına təbliğ
edilməsini aşkar bir surətdə təşviq etdiyi aydın sezilir.

Hər fürsətdə insanları elm öyrənməyə, oxumağa, yazmağa
və düşünməyə həvəsləndirən Hz.Peyğəmbər təlim-tərbiyə
məsələlərində müasir dövrümüzdə əhəmiyyətini itirməyən müəyyən
üsul və qaydalara əsaslandığı və onları bir prinsipə çevirdiyi
müşahidə edilməkdədir. Hədislərin dəqiq bir şəkildə öyrənilməsi,
əzbərlənməsi və bəşəriyyətə çatdırılmasında vacib olan bu metodları
qısaca olaraq aşağıdakı kimi şərh etmək mümkündür:

Hz. Peyğəmbər səhabələr üçün tez-tez “elm məclisləri” təşkil
etmişdir. İslamın ortaya çıxdığı ilk dövrlərdə, xüsusilə Məkkə
dövründə Hz. Peyğəmbərin əshabına elm tədris edə biləcəyi
xüsusi bir məkan olmadığı üçün, insanlar Ərkam b. Əbi Ərkam
adlı səhabənin evində toplaşmış və burada Allah Rəsulundan yeni
nazil olmuş Qurani-Kərim ayələrinin açıqlamasını mənimsəmişlər.

Hicrətdən sonrakı Mədinə dövründə isə İslam təlim-tərbiyə
metodunun daha sistemli bir şəkil aldığı müşahidə edilməkdədir.
Hz. Peyğəmbərin evinə bitişik olan Məscidi-Nəbəvidə həm
gündəlik ibadətlər yerinə yetirilmiş, həm də elm məclisləri təşkil
edilmişdir. Hz. Peyğəmbərin elmi yığıncaqları yalnız kişilərə aid
deyil, o, eyni zamanda qadınların müraciətləri əsasında onlara da
müəyyən bir gün təyin etmiş və onların təlim-tədrisi ilə şəxsən özü
məşğul olmuşdur.

23

Başqa bir məqam ondan ibarətdir ki, bir qisim səhabə
həyatlarını tamamilə elm və üryana həsr edərək, müntəzəm olaraq
Hz. Peyğəmbərin yanında olmuş və onun elmindən yetərincə
istifadə etmişlər. Məscidi-Nəbinin “Suffə” deyilən bir bölümündə
məskunlaşan müsəlmanlar digər səhabələrin onlara ikram etdikləri
ilə həyatlarına davam etmişlər. Həmin səhabələrə “Əshabı-Suffə”
deyilir. Onlar Allah Rəsulu tərəfindən təyin edilən müəllimlərin
dəstəyi ilə Qurani-Kərim, əqidə, yazı və qiraət öyrənmişlər. Yekun
olaraq Suffəni İslami elmlərin tədris edildiyi ilk tədris qurumu
adlandırmaq mümkündür.

Həmçinin, Hz. Peyğəmbərin şəxslərə anlayış səviyyələrinə
görə davranması, dil və ləhcə fərqliliklərini diqqətə alması, eyni
zamanda tədris zamanı asanlığı və qısa yolu seçməsi, səhabələrə
qarşı mehribancasına davranması onun təlim-tərbiyə metodlarının
əsasını təşkil etmişdir.

24

HƏDİSLƏRİN YAZILMASI

Hədislərin yazı üzərinə köçürülməsi hədis ədəbiyyatında
“kitabətul-ilm”, “kitabətul-hədis” və “təqyidul-ilm” kimi
terminlərlə ifadə edilmişdir. Hədislərin yazılması prosesi hədis
elmində çox əhəmiyyətli bir rola malikdir. Çünki hədisləri yazı
üzərinə köçürmədən sünnəyə aid olan informasiyaları qoruyub
saxlamaq və gələcək nəsillərə çatdırmaq mümkün deyildir.

İslamdan öncə ərəblər arasında yazı, əsaslı formada təşəkkül
tapmamışdır. Onlar vacib gün və hadisələri, şeirlərini, xitablarını,
soy kökləri haqqındakı məlumatlarla bağlı rəvayətlərin yazıya
köçürülməsinə əhəmiyyət verməmişlər. Həmin informasiyaların
qorunmasında hafizəyə daha çox üstünlük verilmişdir. Bunun əsas
səbəbi isə onların köçəri surətdə həyat sürmələri olmuşdur.

Bəzi alimlərin və ravilərin fikrincə, Hz. Peyğəmbər tərəfindən
hədislərin yazılması qadağan edilmişdir. Əksər alimlər isə bunun
yanlış olduğunu, əksinə Rəsulullahın heç zaman hədislərin
yazılmasına qadağa qoymadığını bildirmişlər. Onlar bu fikirlərini
Hz. Peyğəmbər tərəfindən hədis yazmağa icazə verildiyini təsdiq
edən aşağıdakı nümunələrlə sübut etmişlər.

Rəsulullahın səhabəsi Abdullah b. Əmr belə rəvayət edir: “Hz.
Peyğəmbərdən eşitdiyim hər şeyi əzbərləmək məqsədilə yazırdım.
Bir gün Qureyşlilər mənə bunu qadağan etdilər və: “Allah
Rəsulundan eşitdiyin hər şeyi yazırsan. Halbuki, O da bir insandır;
hirsləndiyi zamanda da, sakit olduğu vaxtlarda da danışır. (O halda,
sən bunları necə yaza bilərsən).” dedilər. Bu hadisədən sonra bir

25

müddət heç nə yazmadım. Daha sonra vəziyyəti Rəsulullaha
danışdım.

“Əli ilə ağzına işarə edərək: Yaz! Allaha and olsun ki, buradan
haqqdan başqa bir şey çıxmaz”. buyurdu.”

Digər bir rəvayətdə “Ənsardan olan bir şəxs Hz. Peyğəmbərin
hüzuruna gəlib hafizəsindən şikayət edərək, Rəsulullahdan eşitdiyi
bir çox hikmətli sözü yadında saxlaya bilmədiyini demişdi. Hz.
Peyğəmbər əli ilə yazmaq işarəsi edərək : “Sağ əlindən kömək
istə!...” buyurmuşdur.”

Hz. Peyğəmbər Məkkənin fəthi günü bir xütbə söyləmişdir.
Əbu Şah adıyla tanınan Yəmənli bir şəxs, dinlədiyi bu xütbənin
ona verilməsini istəmişdir. Hz. Peyğəmbər də: “Onu Əbu Şah üçün
yazın” buyurmuşdur”. Görüldüyü kimi, Hz. Peyğəmbər sözlərinin
Əbu şah üçün yazılmasını səhabələrə açıq bir şəkildə əmr etmişdir.

Ənəs b. Malikin rəvayətinə görə isə Hz. Peyğəmbər: “Elmi
(hədisləri) yazıyla təsbit edin!” buyurmuşdur.

Sadalanan rəvayətlərlə bərabər, Hz. Peyğəmbər dövründə
hədislərin yazıldığını göstərən bir sıra məlumat və informasiyalar
vardır. Bunlardan ən önəmlisi Rəsulullah sağ ikən səhabələrin
yazdığı “səhifə” adıyla məşhur olan yazılardır. Bu hədis risalələrini
yazan səhabələr arasında 1000-ə yaxın hədisi özündə cəm edən “əs-
Səhifətus-Sadiqə”nin müəllifi Abdullah b. Əmr (v. 63/682) başda
olmaqla Hz. Əli (v.40/660), Səd b. Übadə (v.15/636), Muaz b. Cəbəl,
Əmr b. Həzm əl-Ənsari, Səmurə b. Cündəb ( v.58/677), Abdullah b.
Abbas (v. 68/687), Cabir b. Abdullah (v. 78/697), Abdullah b. Əbu
Əvfa (v. 86/705), və Ənəs b. Malik (v. 93/712) vardır.

26

Qeyd etdiyimiz və səhabələrə aid olan hədis səhifələri müstəqil
kitablar halında bizə gəlib çatmasalar da, bu səhifələrin ehtiva
etdiyi mövzular Əhməd b. Hənbəlin əl-Müsnədində göstərilmişdir.

Həmçinin, tarixi qaynaqlardan və günümüzə qədər gəlib çatan
məlumatlardan da görünür ki, Hz. Peyğəmbər şəxsən Qurani-
Kərim xaricində müəyyən yazılar yazdırmışdır. Rəsulullahın
hicrətinin əvvəllərində yəhudilərlə imzalanan konstitusiya mətni,
dinə dəvət məqsədilə göndərdiyi diplomatik məktublar, bəraətlər
(əmannamə), valilərə verdiyi təlimatlar, Hüdeybiyyə sülhü,
müəyyən sənəd və hökmlər, Onun hələ dünyada yaşadığı zamanda
qələmə aldırdığı qaynaqlarda açıq bir formada yer alır.

Bütün bu sadalananlar Hz. Peyğəmbərin həyatının sonuna
yaxın hədislərin yazılmasına etiraz etmədiyini və hələ sağ ikən
müəyyən yazma və oxuma qabiliyyətinə malik olan səhabələr
tərəfindən hədislərin yazılmağa başladığının göstəricisidir.

27

ŞİƏ MƏZHƏBİNƏ GÖRƏ HƏDİSLƏRİN
YAZILMASI VƏ TƏSNİFİ

Şiə məzhəbinə görə Hz. Peyğəmbər ona məxsus olan sözlərin
yazıya köçürülməsini heç zaman qadağan etməmişdir. Əksinə,
İslamın yayıldığı ilk əsrlərdən başlayaraq hədislər yazılmışdır.

Bu əqidəyə sahib olan insanların etiqadına əsasən Allah
Rəsulunun Hz. Əliyə yazdırdığı yetmiş zira uzunluğundakı
“Camia” adlı səhifədə fərdlərin ehtiyac duyduğu hər şey, qiyamət
gününə qədər meydana gələcək bütün hadisələr, halal və haramlar,
hətta cənnətlik insanların adları da yazılmışdır. Bu səhifə Hz. Əli
vasitəsilə imamlara keçmişdir.

Həmçinin, Rəsulullaha Merac gecəsi verilən, Ondan Hz. Əliyə
və digər imamlara keçən “Divanuş-şiə” adlı kitabda da bu cür
məlumatlar öz əksini tapmışdır.

Hz. Əli dövründən başlayaraq mövcud olan yazı fəaliyyəti
İmam Zeynəlabidin, İmam Muhəmməd Baqir və xüsusən İmam
Cəfər əs-Sadiq zamanında davam etdirilmiş, çox sayda alimlər
əksəriyyəti imamların sözlərindən ibarət olan hədis məcmuələrini
yazmışlar.

Yuxarıda adları qeyd edilən əsərlərdən formalaşan və
İmamiyyə şiəsinin Qurani-Kərimdən sonra ən çox güvəndiyi dörd
təməl hədis kitabı olan “Kutubu-ərbəə”, əhli-sünnənin “Kutubu-
sittə”si ilə səviyyəcə eyni əhəmiyyətə malikdir. Bunların ilki və
ən vacibi Kuleyni tərəfindən təsnif edilən məşhur “əl-Kafi” adlı
əsərdir.

28

UYDURMA HƏDİS

Müəyyən məqsədlər naminə bəzi yalançı və cahil şəxslər
tərəfindən Hz. Peyğəmbərin söyləmədiyi sözləri və fikirləri
yalandan ona nisbət edərək və iftira yaxaraq, həmçinin məşhur
hədis ravilərindən quraşdırdıqları isnadları əlavə edərək hədis
adıyla ifadə edilmiş yalan sözlərə uydurma hədis, uydurma söz və
ya mövzu hədis deyilir.

Başda İslam düşmənləri olmaqla, bəzi yalançı və cahil şəxslər
aid olduqları qəbilələri, firqə və məzhəbləri, dillərini, şəhərlərini,
öz inandıqlarını tərifləmək, ticarətdə qazanc əldə etmək, tabe
olduqları rəhbərlərə yaltaqlanmaq, idarəçilərin nəzərində yüksək
mərtəbələr qazanmaq, məscidlərdə moizə oxuduqları camaatı cuşə
gətirmək və özlərinə yönləndirmək, insanları müəyyən bir yola
təşviq etmək, müsəlmanlar arasında fitnə çıxarmaq, qarşısındakı
şəxsi aşağılamaq və ya yüksəltmək üçün çox sayda hədislər
uydurmuşlar.

Bəzi alimlər uydurma hədis ifadəsinin işlədilməsinə qarşı
çıxmışlar. Beləki, onlar uydurma kəliməsinin hədis məfhumu ilə
yanaşı işlədilməsinin doğru olmadığını, uydurma hədis ifadəsinin
əvəzinə hədis adıyla uydurulmuş söz yaxud “əl-hadisul-məvzu”,
“əl-hadisul-muhtəlak” və ya “əl-hadisul-masnu” kimi terminlərlə
ifadə edilməsini daha düzgün hesab etmişlər.

Səhabələr hər şeydən daha çox sevdikləri Rəsuli-Əkrəmin
adından yalan danışmamaq üçün böyük diqqət göstərmişlər. Bu
barədə səhabələrdən bir qisminin söylədiyi sözləri qeyd etmək olar:

29

Məşhur səhabələrdən biri olan Ənəs b. Malik (ö. 93/717) belə
demişdir: “Allaha and olsun ki, biz yalan söyləməz, yalanın nə
olduğununu da bilməzdik”

Bəra b. Azib isə (ö. 72/691) : “Sizə rəvayət etdiyimiz hər
hədisi birbaşa Rəsulullahdan eşitmiş deyilik; bir qismi birbaşa Hz.
Peyğəmbərdən, digərləri isə yoldaşlarımızdan eşitdiklərimizdir.
Biz yalan söyləmərik”.

Hədis uydurma fəaliyyətinin başlanması

Hədislərin müsəlmanlar arasında İslamın ana qaynağı olan
Qurani-Kərimdən sonra müstəsna əhəmiyyət kəsb etməsi və ən
önəmli mənbə olaraq qəbul edilməsi bəzi şəxsləri özlərinə sərf edən
niyyətlərini həyata keçirmək üçün məhz Hz. Peyğəmbər adından
yalan uyduraraq istifadə etməyə ruhlandırmışdır. Əksər qiymətli
şeylər saxtalaşdırıldığı kimi hədis də istisna deyil olmamışdır.

Hz. Peyğəmbər vəfat etdikdən sonrakı dövrdə - xəlifələrin
zamanında həyata keçirilən fəthlər nəticəsində İslam dini geniş
ərazilərə yayılmağa başlamışdır. Ərazilərin genişlənməsi, fərqli
millətlərə mənsub olan xalqların İslam dinini qəbul etməsi bir sıra
siyasi gərginliklərə də səbəb olmuşdur. İlk xəlifələr zamanında
hədis uydurma fəaliyyətlərinin başlanması və mövcudluğu barədə
qaynaqlarda hər hansı bir məlumat yoxdur. Buna səbəb həmin
dövrdə İslam ümmətinin birlik və bərabərlik içində yaşaması idi.

Hədis uydurma fəaliyyətinin nə zamandan etibarən başlanmasını
dəqiq olaraq müəyyən etmək çətindir. Bəzilərinə görə bu fəaliyyət
Hz. Peyğəmbər həyatda ikən, lakin əksər alimlərin fikrinə əsasən

30

sistematik olaraq hədislərin uydurulması üçüncü Rəşidi xəlifəsi
olan Osman ibn Affanın (644-656) hakimiyyətinin sona çatması
ilə başlamışdır. Məhz bu dövrdə müsəlmanlar firqələrə bölünmüş
və ayrı-ayrılıqda onlar hər biri özlərini haqlı hesab etmişlər.
Hər bir firqə özünün doğru və haqlı olduğunu sübut etmək üçün
Quran ayələri və hədislərdən dəlillər axtarmaq məcburiyyətində
qalmışlar. Bəzi qruplar bu qaynaqlardan özlərinin doğruluğuna
yetərli dəlil və sübut tapa bilmədikdə Rəsulullahın adına yalan
uyduraraq özlərinə tərəfdar toplamağa çalışmışlar.

Hz.Əlinin şəhid edilməsi ilə dərinləşən siyasi çaxnaşmalarda
ixtilafda olan bir tərəf qarşı tərəfi - müxaliflərini tənqid etmək,
öz tərəfdarlarını isə tərifləmək məqsədilə bu cür yalan xəbərlər
yaymağa başlamışdır. Beləcə siyasi məqsədlər naminə başladığı
görülən hədis uydurma fəaliyyətləri sonrakı daxili ixtilaflarda
digər faktorların ortaya atılması ilə məşhurlaşmış və təhlükəli
həddə çatmışdır. Hz. Peyğəmbər belə buyurur:

“Kim mənim adımdan bilərəkdən yalan danışarsa, oddan
hazırlanmış yerini hazır bilsin!”

Sanki Rəsulullah özündən sonra bəzi müsəlmanların
dünya mənfəəti naminə onun adından yalan danışaraq insanları
çaşdıracaqlarını bildiyi üçün belə bir xəbərdarlıq etmişdir. Lakin
təəssüf hissi ilə qeyd edə bilərik ki, özünü “müsəlman” hesab edən
bəzi dünyapərəst və cahil yalançılar bu hədisə məhəl qoymayaraq
Allah elçisinin adından yalan dolu sözlər uydurmağa özlərində
cəsarət tapmışlar.

31

HƏDİS UYDURMA FƏALİYYƏTİNİN
SƏBƏBLƏRİ

1.İslam dininə qarşı olan düşmənçilik

Tarixən müsəlmanlar arasında çaxnaşma və fitnə salmaq,
onların birlik və bərabərliyini pozmaq, inanc və əqidələrinə
zərbə endirmək istəyən qüvvələr İslamı zəiflətmək, onu aradan
qaldırmaq üçün çox çalışmışlar. Lakin İslam dininin ana qaynağı
olan Qurani-Kərimin öz ecazkarlığı ilə toxunulmaz və aşılmaz
bir qala olduğunu çox yaxşı anlayan dinimizin düşmənləri öz
çirkin niyyətlərini hədislər üzərində həyata keçirmək yolunu
seçmişlər. Bunun üçün həmin qüvvələr əməli fəaliyyətə üstünlük
vermişlər.

Həmçinin, onlar hədis uydurma fəaliyyətlərini müsəlman
pərdəsi adı altında yerinə yetirməyə üstünlük vermişlər. Həmin
şəxslərin din pərdəsi adı altında həyata keçirdikləri fəaliyyətlər
sayəsində sülh və barış dini olan İslamı alçaltmağa, gözdən salmağa
çalışmışlar. Misal üçün, özünü insanların gözündə müsəlman kimi
tanıdan, lakin həqiqətdə İslam düşməni olan Əbdülkərim ibn Əbil-
Avca (vəfatı 160/776) adlı şəxs, asılmaq anında “dininizdə halalı
haram, haramı halal göstərən min hədis uydurdum” kimi fikir
ifadə edərək, əslində nə qədər yolundan azmış biri olmasını etiraf
etmişdir. Bu məzmunda çox sayda nümunələr qeyd etmək olar.

İslam və müsəlmanlara qarşı nifrət, düşmənçilik, onların
vəhdət və birliyini pozmaq bu dinin düşmənlərinin əsas məqsədi

32

olmuşdur. Əvvəllər qeyri-müsəlman olan bəzi kafir, məcusi və
bütlərə ibadət edənlər fəthlər nəticəsində İslamı qəbul etmək
məcburiyyətində qaldıqdan sonra hər fürsətdə dinimizi aradan
aparmaq, onu dəyişdirmək, müsəlmanlar arasında fitnə salmaq
və inkarçılığı yaymaq fəaliyyəti ilə məşğul olmuşlar. Bunun
nəticəsidir ki, Hammad b. Zeyd, «kafirlər Hz. Peyğəmbərə
isnad edərək on dörd min hədis uydurub» söyləmişdir. Allah
düşmənlərinin hədis adı ilə uydurduğu sözlərdən biri də «Allahın
atın tərindən yaradıldığı» fikrini ifadə edən rəvayətdir. Bu
rəvayətə əsasən, guya «Allahın elçisinə, ‘Rəbbimiz nədən
yaradıldı?’ deyə sual edilmiş, Hz. Peyğəmbər də «Rəbbimiz nə
axan su, nə yer, nə də göydən yaradılmışdır. O əvvəl bir at yaratdı
sonra onu tələsdirdi və at tərlədi. Allah özünü bu tərdən yaratdı»
cavabını vermişdir. Bu cür saxta rəvayəti qəlbində azca olsa da,
imanın işartısı olan müsəlmanın uydurması qeyri-mümkündür.
Eləcə də, bu hədis ağıla zidd olduğu üçün düşünə bilən hər kəs
tərəfindən rədd edilmişdir.

2. Məzhəb, irq, qəbilə təəssübkeşliyi

Hz. Peyğəmbərin vəfatından sonra İslam ümməti arasında
fikir ayrılıqlarının meydana çıxması, müxtəlif qrup və firqələrin
yaranması da hədis uydurma fəaliyyətinin yaranma səbəbləri
arasında yer alır. Həmçinin, məxsus olduqları irq, dil və məzhəbini
başqa dil, məzhəb və irqlərdən üstün tutmaq məqsədi ilə bəzi
şəxslər hədis adı ilə bir sıra sözlər uydurmuşlar. Buna nümunə
olaraq “Sizə toxunmadıqları müddətcə siz də türklərə toxunmayın,

33

çünki ümmətimin mülklərini əllərindən alacaq və Allahın özlərini
dəyişdirəcəyi ilk birlik onlardır” uydurmasını qeyd etmək olar.

Bu qruplar özlərinin haqq olduqlarını sübut etmək naminə
fikirlərini güclü dəlillərlə isbat etmək məcburiyyətində qalmışlar.
Bunun üçün onlar ilk öncə fəaliyyətlərinə Hz. Peyğəmbər adından
istifadə etməklə rəhbərlərinin şənini yüksəldən, həmçinin özlərinə
əks cəbhədə olan qrup və firqələrin əleyhinə olan hədislər emal
etməkdən belə çəkinməmişlər. Onların bu işi həyata keçirməsində
İslam düşmənlərinin də müstəsna “xidmətləri” olmuşdur.

Bəzi insanlar arasında həddindən artıq məzhəb təəssübkeşliyi
əksər hallarda din şüurunun üstünə çıxaraq, hətta Allah və
Peyğəmbərə yalan isnadedəcək dərəcədə həddini aşmışdırlar.

Həmin dövrdə hədislərin sistemli bir şəkildə, həmçinin rəsmi
və yazılı formada cəm olunmaması da hədis uydurma fəaliyyəti ilə
məşğul olan yalançı, məzhəbçi şəxslərin Hz. Peyğəmbərin söz, fel,
davranışlarını təhrif etmə və dəyişdirmə imkanlarını artırmışdır.

3. Şəxsi mənfəət qazanma düşüncəsi

Müəyyən şəxslər dünya mənfəəti əldə etmək üçün bəzi
şəxslərə xoş olsun deyə dinlərini və əqidələrini satmışlar. Kimisi
cəmiyyətin, rəhbərin nəzərində ucalmaq üçün, kimisi maddi qazanc
əldə etmək naminə, insafsızcasına müqəddəs İslam dini, Allah və
Rəsulu adına saxta hədislər emal etmişlər.

Xüsusilə İslam adına moizə deyənlər insanları məmnun
etmək üçün və onlardan daha çox mənfəət qazanmaq üçün çox
sayda məntiqə zidd hədislər uydurmuşlar. Buna nümunə Əhməd

34

ibn Hənbəl və Yəhya ibn Mainin də adının keçdiyi bir hadisədir:
Bir gün bu iki hədis alimi Bağdadda Rusafə məscidində olmuşlar.
Namaz bitdikdən sonra kürsüyə çıxan bir qissəçi vaiz sənədində
Əhməd ibn Hənbəl ilə Yəhya ibn Mainin adının da keçdiyi bir
isnadla “Hər kim la ilahə illəllah deyərsə, Allah bu sözün hər
kəlməsindən qurşağı qızıldan və tükləri mərcandan olan quş
yaradar”deyə hədis rəvayət edir. Bunu eşidən İmam Əhməd ilə
İmam Yəhya heyrətlə bir-birinə baxır və bir-birinə sən belə hədis
rəvayət etdinmi? deyə soruşurlar.(İbn Cövzi, Mövzuat, II, 123-
124.) Hər ikisi belə bir hədis eşitmədiklərini ifadə edirlər. Həmin
şəxs sözünü bitirib insanlardan bəxşiş yığan zaman Yəhya ibn
Main əliylə onu yanına çağırdı və ona “Bu hədisi sənə kim rəvayət
etdi? Bu Əhməd ibn Hənbəl, mən də Yəhya ibn Mainəm. Belə bir
sözün Peyğəmbərə aid olduğunu əsla eşitməmişik. Əgər mütləq
yalan danışmalısansa, bizim adımızı bu işə qarışdırma.”dedi.
Moizəçi ona «sən Yahya ibn Mainsən?”–deyə soruşdu. Yəhya bəli
deyincə, moizəçi ona “Çoxdan bəri Yəhyanın axmaq olduğunu
eşitmişdim. Ancaq belə olduğunu indi daha yaxşı başa düşdüm”–
deyə cavab verdi. Yəhya ona “Mənim axmaq olduğumu hardan
bildin?”- deyincə moizəçi“Sanki dünyada sizdən başqa Yəhya ibn
Mainvə Əhməd ibn Hənbəl yoxdu? Mən adı Əhməd ibn Hənbəl
və Yəhya ibn Main olan on yeddi nəfərdən hədis yazdım.”- dedi.
Bu gözlənilməz cavab qarşısında donub qalan Əhməd ibn Hənbəl
əlləriylə üzünü bağlayaraq: “Burax getsin”–dedi. Moizəçi də
istehzalı hərəkətləri ilə oradan ayrılıb getdi.

35

4. Dinə xidmət etmə arzusu

Maraqlıdır, hədis uydurma fəaliyyəti ilə məşğul olan insanlar
arasında məqsədi müsəlmanları yaxşı əməllərə sövq etmək və
onları pis əməllərdən çəkindirmək olanlar da olmuşdur. Onlar bu
yolla Allahın razılığını qazanmaq niyyətində olmuşlar. Saxta hədis
uyduran bu kateqoriyaya sahib olanlar din üçün ən təhlükəli şəxslər
hesab edilir. Çünki bu əməli edənlərin bəziləri cəmiyyətin örnək
aldığı şəxslər olmuşlar. Onların hədis deyə uydurduqları sözlər
hər kəs tərəfindən birmənalı olaraq qəbul ediləcək və bunun əksini
ağıllarına belə gətirməyəcəklərdi. Bu səbəbdən də onlar dinə zərər
vermək istəyənlər qədər zərərli olmuşlar.

Niyyət və məramlarının nə olmasından asılı olmayaraq, hədis
uydurmağa rəvac verənlər, vacib və ya mübah, haram və ya məkruh
hökmlərindən birinə aid şəri hökmü Hz. Peyğəmbərə nisbət
edərkən, nəticə etibarıyla Allaha qarşı yalan söyləmiş olurlar.

Adı çəkilən şəkildə uydurulan hədislərə nümunə olaraq, belə
bir saxta hədisi göstərmək olar: Həzrət Peyğəmbər Übey ibn Kaba
xitab edərək belə demişdir: “Ey Übey hər kim Fatihə surəsini
oxuyarsa ona bu qədər savab verilər”. Bəzi hədislərə görə Həzrət
Məhəmməd Quranın sonuna qədər hər bir surənin fəziləti ilə əlaqəli
eyni şeyləri söyləmişdi. Hədis deyə uydurulan bu sözlərdən belə
aydın olur ki, müqəddəs Qurani-Kərimin hər bir surəsini oxumaq
başqa bir savaba vəsilə olacaqdır.

Nə qədər qəribə səslənsə də, Allahın razılığını qazanmaq üçün
hədis uyduranlar və bunun əvəzində savab gözləyənlər bu işin pis
bir əməl olduğunu fikirləşmirlər. Belə anlaşılır ki, həmin şəxslər

36

İslamın əsl mahiyyətindən xəbərsizdirlər. Fərqində belə deyillər ki,
hər nə qədər etdikləri iş xeyirli kimi görünsə də, bu hərəkət İslamın
təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

37

HƏDİS UYDURMA METODLARI

Hədis uydurma fəaliyyəti ilə məşğul olanlar heç də hər zaman
açıq-aşkar formada hədis uydurmağa cəsarət edə bilməmişlər.
Həmin şəxslərin hər biri ayrı-ayrılıqda fərqli üsul və üslubla öz
çirkin niyyətlərini həyata keçirməyə çalışmışlar.

1. Uydurma olanları səhih hədislərlə qarışdırmaq
Hz. Peyğəmbər müharibə ərəfəsində Hz. Əlini Mədinə
şəhərində nəzarətçi kimi saxladığı zaman ona belə buyurmuşdur:
“Musaya görə Harun nə isə, mənə görə də sən osan”. Bu hədisin
səhih olmasına baxmayaraq, hədis uydurma fəaliyyəti ilə məşğul
olan Həfs ibn Ömər ibn Dinar əl-İli adlı şəxs bu hədisin əvvəlinə
“Mədinə ikimizdən birimizin olmadığı müddətcə düzəlməz”qismini
əlavə etməklə öz saxtakarlığını ortaya qoymuşdur.
2. Hədis sənədlərindən hansısa biri üzərində dəyişiklik etmək.
Hədisin sənədində mövcud olan yalançı bir ravinin adını
çıxarmaq, sənəddəki ravilərdən birinin əvəzinə öz adını yazmaq,
şəxsən görüşərək danışmadığı bir nəfərdən hədis öyrəndiyini iddia
etmək belə saxtakarlıqları həyata keçirmə metodlarıdır.
3. Uydurulan sözün başına mötəbər sənəd əlavə etmək.
Hədis uydurma fəaliyyəti ilə məşğul olan bir sıra xəyanətkarlar
bu metoddan istifadə etmişlər. Hədis alimləri belə saxtakarlıqları
ayrı-ayrılıqda müəyyən edərək “bu söz bu sənədə yamanmışdır”
kimi ifadələrlə onların yalanlarını ortaya çıxartmışlar.
4. Müxtəlif hədislərin sənəd və mətnlərini biri-birinə
qarışdırmaq.

38

5. Rəvayətində xəta etdiyini sonradan anlamış olmasına
baxmayaraq, insanlar arasındakı etibarını itirməmək üçün
xətasında israr etmək.

39

SAXTA HƏDİSLƏRİ AŞKAR ETMƏ
METODLARI

Bir hədisin uydurma, saxta olduğunu müəyyən etmək üçün
bir sıra metod və üsullar mövcuddur. Onlara nümunə olaraq
aşağıdakıları qeyd etmək mümkündür:

1. Qurana zidd olmaq
Hədislərin uydurma olduğunu göstərən əsas əlamətlərdən biri
hədis adıyla meydana çıxarılan sözlərin İslamın ana qaynağı olan
Qurani-Kərimə və onun prinsiplərinə ziddiyyət təşkil etməsidir.
İzah edilə bilməyəcək dərəcədə Qurani-Kərimin açıq-aydın ayələri
ilə, həmçinin “mütəvatir” və mənası aydın hədislərlə, Quran və
Sünnədən götürülmüş ümumi qaydalarla ziddiyyət təşkil edən
sözlər də uydurmadır. Nümunə olaraq Hz. Peyğəmbərə nisbət
edilən aşağıdakı uydurma hədisi qeyd etmək mümkündür:
“Dünyanın ömrü yeddi min ildir, biz yeddinci minilliyin
içindəyik” kimi uydurulan bu hədis Qurani-Kərimə tamamilə
ziddir. Belə ki, “Əraf” surəsinin 187-ci ayəsində Uca Yaradan belə
buyurur:
“(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında
soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə
məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs
bilə bilməz”. 
Həmçinin, əgər yuxarıda qeyd edilən uydurulmuş hədis səhih
olsaydı, hicrətin ilk illərində qiyamət qopmalı idi.
Ümumiyyətlə istənilən hədisin səhih və ya uydurulmuş

40

olduğunu araşdırarkən ilk növbədə onu Qurani-Kərim ilə
qarşılaşdırmaq lazımdır. Əgər bu hədis ilk baxışdan Qurani-
Kərimin prinsiplərinə ziddiyyət təşkil edirsə bu, hədisin uydurma
olduğu anlamına gəlir.

2. Mötəbər hədis kitablarında yer almamaq
Hədis adı altında ortaya çıxan saxta sözlərin əksəriyyətinin
günümüzdə əldə mövcud olan mötəbər hədis kitablarında yer
almaması onun uydurma olduğuna dair dəlil kimi qəbul edilir. Belə
ki, həmin uydurma hədislərə moizə, təfsir, siyər və tarix kitablarında
rast gəlinsə də, onlar mötəbər hədis kitablarında yer ala bilməmişdir.
3. Ləfz və ya mənadakı pozuqluq
Hədis adı ilə ortaya çıxan saxta sözlərin mahiyyətinin
Peyğəmbər sözü və kəlamına uyğunsuzluğu, həmçinin leksik
normalara uyğun olmaması, həmin sözün uydurma olduğuna
dəlalət edir.
Həvəsləndirmə və rahatlandırma məqsədilə hədis uyduranların
hədisi həddindən artıq bəlağətli olaraq təqdim etmələri və İslam
düşmənlərinin dinimizi bu vasitə ilə gülüş obyektinə çevirmələrinə
səbəb olacaq sözlər deməsinə səbəb olmaları da bu qrupa daxildir.
Buna nümunə olaraq aşağıdakı hədis adı ilə uydurulan məsələni
qeyd etmək mümkündür:
“Yaşıllığa və gözəl qadına baxmaq görmə qabiliyyətini
artırar”.
Hz. Peyğəmbərə nisbət edilən bu saxta sözlər İslam dini ilə
tamamilə ziddiyyət təşkil edir. Çünki naməhrəmə baxmaq dinin
qadağan etdiyi məsələlərdəndir.

41

Az əmələ görə çoxlu savab vəd etmək və ya kiçik bir günaha
görə şiddətli cəzalarla qorxutmaq, həmçinin məna etibariylə pozuq
və ölçüsüz olmaq uydurma hədislərin əsas xüsusiyyətlərindəndir.
Uydurulmuş sözlər ləfzdəki xətalardan daha çox, mənadakı səhv
ifadə tərzinə görə təsbit edilərək şərh edilmişdir.

4. Ağıl, məntiq, müşahidə və tarixi hadisələrə ziddiyyət
təşkil etmək

İslam dini hər zaman insanları düşünməyə, təfəkkür etməyə
dəvət edir. Əksinə, ağıl və məntiqə zidd olan şeyləri qəbul
etməməyə çağırır. Bu baxımından uydurma hədislər məsələsi də
istisna deyildir.

Lakin təəssüf hissi ilə qeyd edə bilərik ki, bəzi şəxslər ara-sıra Hz.
Peyğəmbər adına yalan söyləyərək və iftira yaxaraq saxta hədislər
uydurmaqdan çəkinməmişlər. Buna nümunə olaraq“Hicrətin 600-
cü ildən sonra dünyaya gələn varlıqlara Allahın heç bir ehtiyacı
yoxdur”uydurmasını göstərmək olar. Buradan açıq-aşkar görünür
ki, Hz. Peyğəmbərə nisbət edilən bu uydurma hədis ağıl, məntiq
və tarixi həqiqətlərə ziddir. Çünki, o tarixdən sonra İslam dini və
bəşəriyyət qarşısında sözün əsl mənasında qiymətli xidmətləri olan
çox sayda şəxsiyyətlər yaşamışlar.

“Soyuqdan çəkinin. Çünki qardaşınız Əbu Dərdanı soyuq
öldürmüşdür.” Uydurma olan bu hədis tarixi həqiqətə ziddiyyət
təşkil edir. Buna səbəb isə hədisdə adı qeyd olunan Əbu Dərdə adlı
şəxsin Hz. Peyğəmbərin vəfatından 22 il sonra, yəni hicrətin 32-ci
ilində dünyasını dəyişməsidir.

42

5. Linqvistik qüsurluluq (forma qüsuru).
Ərəb bəlağət elminin dərin bilicilərinin hədisə bir dəfə
nəzər yetirmələri kifayədir ki, onlar söz, söz birləşməsi, cümlə
quruluşunun doğru olub-olmadığını anlasınlar. Onlar üçün
cümlələrdəki çatışmazlıqları görmək çox asandır.
6. Məzmundakı ziddiyyət - leksik qüsur.
Yəni, hansısa hədis heç bir izah olmadan inkaredilməz əqli
reallıqlara, ümumi ədəb normaları və hökmlərə, tarixi həqiqətlərə,
bəşəriyyətdəki ilahi qanunauyğunluqlara ziddiyyət təşkil edə bilir,
nəticədə bu sözlər insanı nəfsi istək (şəhvət) və fəsada sürükləyir.
Buradan aydın olur ki, belə sözlər uydurmadır.
7. Adi bir əməl üçün əldə ediləcək savabın miqdarının hədsiz
dərəcədə şişirdilməsi və ya kiçik günaha görə qazanılacaq çox
dəhşətli əzabdan bəhs edən hədislər də uydurmadır.
Məşhur hədis alimi Sibai bu mövzuda belə qeyd edir: “Bunlar
alimlərin qoyduqları ən mühüm qaydalardır. Bu qaydalar hədisləri
tənqid etmək, səhih olanlarını uydurma olanlarından fərqləndirmək
üçündür. Bu qaydalar göstərir ki, bəzi şərqşünaslar və tərəfdarlarının
sonralar iddia edəcəyi kimi, hədis alimləri təkcə istinadları (rəvayət
“zəncir”lərini) öyrənməklə kifayətlənməmişlər, onların əsas diqqəti
yalnız ravilərin kimliyini, şəxsiyyətini, keyfiyyətlərini öyrənməyə
yönəlməmişdi. Əksinə, onlar hədislərin həm istinadlarını, həm də
mətnlərini araşdırmışlar. Hədis alimləri istinadla bağlı dörd, mətnlə
bağlı yeddi uydurma əlamətdən söz açmışlar. Onlar heç bununla da
kifayətlənməmiş, bədii (ədəbi) zövqü də hədisləri tənqiddə, onları
saf-çürük etmədə əsas götürmüşlər”.

43

HƏDİSİN İSNADINDA UYDURMA
ƏLAMƏTLƏRİ

1. Hədisi rəvayət edən şəxs hər kəs tərəfindən yalançı olaraq
tanınmalı, bu ravi tərəfindən rəvayət edilən hədisləri heç bir
güvənilir ravi nəql etməməlidir.

2. Hədis uyduran şəxsin uydurmaçı olması dəqiq şəkildə
təsdiqini tapmalıdır.

3. Bir ravi elə bir ravidən hədis nəql etməlidir ki, onların
görüşməsi mümkünsüz olsun. Məsələn, ravi digər ravinin
vəfatından sonra doğulsun, dinlədiyini iddia etdiyi yerdə olmağı
təsdiqlənməsin.

4. Bəzi hallarda hədis adı ilə uydurulan sözlərdə ravinin sosial
statusu, psixoloji motivləri açıq-aşkar hiss edilir. Məsələn, belə
bir uydurma hədis də var: “Hərisə (qaynadılmış ət və buğdadan
hazırlanmış yemək) beli möhkəmlədir”. Lakin araşdırılan zaman
məlum olmuşdur ki, bu hədisi uydurmuş Məhəmməd ibn Həccac
ən-Nəxəinin peşəsi hərisə satmaq imiş.

44

UYDURMA HƏDİSLƏRİN FƏSADLARI

Niyyət və məramından asılı olmayaraq hədis adı altında
pərdələnərək uydurulub ortaya atılan sözlər İslama və müsəlmanlara
böyük zərərlər verməkdədir. Həmin zərərlərə nümunə olaraq
aşağıdakı nüanslara diqqət etmək olar:

1. İslamı doğru anlamağa mane olmaq
Hz. Peyğəmbər, bir tərəfdən dinimizin ana qaynağı olan Qurani-
Kərimi insanlara təbliğ etmiş, digər tərəfdən də onun lazımı qayda
və formada izahını vermişdir. O gündəlik yaşam tərzi ilə ümmətinə
nümunə olmuşdur. Allah Rəsulunun sözlərini və ya davranışlarını
öyrənmək İslamı tanımaq baxımından böyük əhəmiyyət kəsb edir.
Bu barədə uydurma olaraq meydana çıxan sözlər dinimizi və onun
əsas təbliğçisi olan Hz. Peyğəmbəri anlamaq adına ciddi təhdid və
əsas maneələrdən biridir. Bunu yaxşı dərk edən İslam düşmənləri
saxta hədis uydurma fəaliyyətlərini genişləndirməkdə maraqlı
tərəf kimi çıxış etmişlər.

2. İslam dinini təhrif etmək
Digər dinlərdən ən sonuncu və ən mükəmməl olması ilə
fərqlənən İslama, ona aid olmayan bəzi nüansları əlavə etmək
yaxud müəyyən məqamları ondan çıxarmaq bu dini təhrif etmək
mənasını ifadə edir. Qəbuledilməz faktdır ki, İslam dininin heç
kimin yalanına ehtiyacı yoxdur.

45

3. Müsəlmanları dindən soyutmaq
Bəlağəti, həvəsləndirmə və ya qorxutma qüvvəsi yüksək olan
uydurma sözlər ya təməl dini prinsip və əmrləri əhəmiyyətsiz
etmiş ya da insanların dindən uzaqlaşmasına səbəb olmuşdur.
Hədis pərdəsi adı altında ortaya çıxan uydurma sözlər insanlar
arasında batil inanc və xurafatların geniş şəkildə yayılmasının əsas
səbəblərindən biridir.

4. Müsəlmanlar arasında ayrılıq və düşmənçiliyi yaratmaq
İslam düşmənlərinin müsəlman şəxslər arasında fitnə və
ayrılıq toxumu səpmək, müsəlmanları müxtəlif yollarla bir-birinə
düşmən etmək üçün istifadə etdiyi ən asan və geniş yayılmış metod
hədis adı ilə uydurma sözlərin yayılmasıdır. Allah, din, peyğəmbər
adına yayılan uydurmalar müsəlmanlar arasında məzhəbçilik,
təəssübkeşlik, özü kimi düşünməyənləri rədd etmək duyğularını
gücləndirən və İslam ümmətinin birliyinə zərbə vuran əsas
amillərdəndir.

46

HƏDİS UYDURMAĞIN HÖKMÜ

İslam dininə görə Hz. Peyğəmbərin adından sui-istifadə edərək
yalan və iftira yolu ilə hədis uydurmaq haram əməldir. Hətta bu
fəaliyyətlə məşğul olmaq haramların ən pisidir. Yuxarıda qeyd
edilən “Kim mənə nisbət edərək yalan uydursa cəhənnəmdəki
yerini hazırlasın” hədisi bu əməlin haram olduğunu açıq aşkar
sübut edən dəlillərdəndir. Nəzərə alsaq ki, dinimizdə yalan
danışmaq da haram əməllərdən hesab edilir. Üstəlik yalan Allah
və Peyğəmbər adına olduqda, onun necə çirkin bir əməl olduğunu
anlamaq heç də çətin deyildir.

Saxta olduğunu bilərək hədis adı ilə uydurulanları rəvayət
edən, həmçinin uydurma olduğunu bəyan etməyən şəxslər böyük
günah sahibidirlər. Əgər bir kimsə hədisin uydurma olduğunu
bilmədən nəql etsə, günahkar hesab edilməz. Lakin, həmin şəxs
vacib əhəmiyyət daşıyan bu mövzuya az diqqət göstərdiyi üçün
çox böyük xəta etmiş hesab edilir.

Uydurma hədisləri, müsəlmanları maarifləndirmək, İslam
dinini təhrif edilməkdən qorumaq məqsədilə izah etmək məqsədilə
nəql edən insan nəinki günahkar hesab edilir, əksinə onun savab
qazandığı ehtimal olunur. Çünki, müsəlmanların adı çəkilən
mövzuda maarifləndirilməsinə çox böyük ehtiyac vardır.

Əvvəllər hədis elmində hədisi söyləyərkən, onun sənədini
göstərməklə bu hədisin uydurma və ya doğru olduğu aşkar olurdu.
Lakin günümüzdə yalnız hədisin sənədini qeyd etməklə onun
vəziyyətini aşkar etmək mümkün deyildir. Buna səbəb odur ki,
müasir dövrdə sənəddə hədisin saxtalığını aşkar edən şəxslər azlıq
təşkil edir.

47

HƏDİS UYDURMA FƏALİYYƏTLƏRİNƏ
QARŞI ELMİ, MAARİFLƏNDİRMƏ
TƏDBİRLƏRİ

İndiyə qədər hədis uydurma fəaliyyəti ilə məşğul olan şəxslərə
qarşı bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər arasında
“peyğəmbər varisi” adlandırılan alimlər, xüsusilə mühəddislər,
hədis alimlərinin hədislərin istismar edilməsinə qarşı göstərdikləri
sərt mövqe İslam düşmənlərinin bu sahədə daha çox rahat qol-
qanad açmağına imkan verməmişdir. Nəticədə hədis elminin bir
sıra sferaları ilkin dövrdə təşəkkül tapmış və peyğəmbər sünnətinin
originallığının qorunub saxlanmasına şərait yaranmışdır. Hədis
alimlərinin bu mövzuda həyata keçirdikləri önləmə tədbirlərini
aşağıdakı kimi təsnifləndirmək olar:

1. Səhih və doğruluğunda şübhə olmayan hədislərin
müstəqil əsərlərdə cəm edilməsi.

Hədis üsulunda səhih hədisləri müstəqil əsərlərdə toplamaq
kimi bir ənənə mövcuddur. Başqa sözlə sağlam və etibarlı bir
sənədlə müsəlmanlara ötürülmüş, Rəsulullaha aid olmasında
şübhə olmayan hədislərin mühəddislər tərəfindən xüsusi kitablarda
birləşdirilməsi, saxta olanların üzə çıxması adına elmi tədbirlər
silsiləsinin ilki olaraq tarixə düşmüşdür.

Hədislərin təsnifləşdirilərək səhih, həsən və zəif hədislər

48

kimi ələ alınması və bu mövzuda yazılan fundamental əsərlərdə
yer alması da uydurma hədislərə qarşı qazanılmış növbəti elmi
nəaliyyətlərdəndir.

2. Hədis tənqidinin ortaya çıxması.
Üləmalar, istər sənəd, istərsə də mətn tənqidini böyük bir
incəliklə yerinə yetirərək istinad sistemi tətbiq etmiş və nəticədə
bununla bağlı elmi qollar yaratmışlar. Həmçinin, səhabə nəslindən
başlayaraq cərh və tədil ustadları püxtələşmiş, rəvayətinə sahib
olduqları şəxsləri izləmiş, araşdırmış, etibar olunmalarını açıqlamış
və sübut etmişdir. Həmin dövrdən etibarən cərh və tədil elmi
müstəqil bir elm sahəsi olmuşdur.

3. Raviləri tanıdan əsərlərin yazılması
Bioqrafiya (tərcümeyi-hal), təbəqət, tarix və vəfayat kimi
kitabların yazılması hədisi rəvayət edən raviləri tam mənası ilə
tanıtmaq yolunda atılmış önəmli addımlardan biridir. Bundan
əlavə cərh və tədil vəziyyətlərinə əsasən başqa adlarla tanınan ravi
qrupları üçün müstəqil yaxud qarışıq əsərlər qələmə alınmışdır. Bir
sıra ərazilərdə püxtələşmiş alimlər üçün də bölgə və şəhər tarixləri
ilə bağlı əsərlər çap edilmişdir. Məhz bu əsərlərin yazılması
mühəddislər tərəfindən hədis rəvayət etməklə məşğul olan ravilərin
vəziyyətlərin müəyyən edilməsinə zəmin yaratmışdır.

49

RADİKALİZM

Radikalizm (Radicalism) sözü latın dilindən tərcümədə
“radix” [radiks] kəlməsindən törəyərək kök mənasını bildirir.
Ümumilikdə lüğəvi məna baxımından köklü və ifrat dərəcədə
dəyişikliyi müdafiə edən görüşlərə radikalizm deyilir. Bu görüş
tərəfdarlarına da radikal adı verilir. Radikallar digər insanların
haqq və hüquqlarına hörmət göstərməyərək, hətta onları pozmaq
bahasına olsa belə, öz məqsəd və hədəflərinə çatmaq üçün
fəaliyyət göstərən şəxslərdir.

Günümüzə qədər radikalizm ifrat liberal, qatı solçu, sağçı və
dindar kimi fərqli siyasi axınlar üçün istifadə edilmişdir. Lakin
bunların hər birinin ortaq xüsusiyyəti, yaşadıqları dövrün ictimai
və siyasi quruluşunda əsaslı dəyişikliklər etmək istəmələridir.

Fəlsəfi aspektdən yanaşsaq, radikalizm mövcud ictimai
münasibətlərin əsaslı şəkildə dəyişdirilməsinin tərəfdarı olan
siyasi-ideoloji hərəkatlara verilən addır. Tarixən fərqli zaman və
məkanlarda radikalizmin müxtəlif formaları müşahidə edilmişdir.

Radikalizm sözü ilk dəfə 18-ci əsrdə İngiltərə parlamentinin
üzvləri tərəfindən seçki sistemi ilə bağlı “radikal reform” şəklində
istifadə edilmişdir. Sonrakı dövrlərdə elmi ədəbiyyatda siyasətdən
incəsənətə, ədəbiyyatdan dinə qədər köklü dəyişikliklərin tərəfdarı
olan qruplar üçün “radikal” terminindən istifadə olunmuşdur.

Radikal ifadəsi hər bir sahədə istifadə oluna bilər. Radikallıq
həyatın istənilən sferasında kəskin mövqe ortaya qoymaq və ancaq

50

öz fikirlərini hər vəchlə (düzgün və səhv olmasına baxmadan)
cəmiyyət arasında qəbul etdirmək və həyata keçirtməkdir.

Radikal şəxsin vəziyyəti, xəstə olan birinin xəstəliyinin səbəbini
müəyyən edə bilməyən və nəticədə onu öz bildiyi kimi müalicə
edən, digər ixtisaslı həkimlərin rəy və fikirlərini öyrənməyərək,
səhv müalicə yolunu seçən və cahilliyini səhv əməlləri ilə ört-
basdır etməyə çalışan həkim misalı kimidir.

Alman klassik fəlsəfəsinin məşhur filosofu Marks Hegelin
“Hüquq Fəlsəfəsinin tənqidi” adlı əsərində radikalizm haqqında
belə qeyd edilir: «Radikal olmaq işi kökündən ələ almaq və
dəyişdirməkdir. Kök də insan üçün insanın özüdür».


Click to View FlipBook Version