The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Rövşən Nəzərov-Saxta hədislərdən doğan radikalizm

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-31 01:09:13

Rövşən Nəzərov-Saxta hədislərdən doğan radikalizm

Rövşən Nəzərov-Saxta hədislərdən doğan radikalizm

51

DİNİ ADI ALTINDA YAYILAN
RADİKALİZM

Dini radikalizm ifadəsi hansısa bir dinin üstün olmasını təbliğ
edərək başqa etiqadın tərəfdarlarına qarşı dözümsüzlük nümayiş
etdirən ifratçı sosial-dini məfhumdur. Müasir zamanımızda din
pərdəsi adı altında həyata keçirilən radikalizm qlobollaşan dünya
üçün əsas təhlükə mənbələrindən biri hesab edilir.

Yuxarıda qeyd edildiyi kimi radikalizm müəyyən bir hədəfə
çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən,
başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma
fəaliyyət növüdür. Dini radikalizm də bu mənada istisnalıq təşkil
etmir. Başqa sözlə, dini radikalizm özündən olmayan dini qruplara
qarşı aqressiv mövqe tutan, digərlərinə qarşı fiziki və ya mənəvi
güc tətbiq edən şəxslərin fəaliyyətidir.

Qərb ölkələrində mövcud olan radikal dini birləşmələr “yeni
dini hərəkatlar” kateqoriyasına daxil edilir. Din sosiologiyası
sahəsində bu mövzuda geniş bir ədəbiyyat nümunələri mövcuddur.
Yeni dini cərəyanlar ənənəvi dinlərin xaricində inkişaf edən və
ya onlardan daha sonra ayrılan cərəyanlar üçün istifadə olunan
termindir. Təhlükəli dinlər arasına daxil edilən bu dini hərəkatlar
yeni üzvlər qazanmaq üçün beyinyuma kimi qeyri-etik üsullara
müraciət etmələri, dini qrupun quruluşu cəhətindən isə xarizmatik
liderlik və cəmiyyətdən təcrid olunma kimi xüsusiyyətlərə görə
tənqid obyektinə çevrilmişlər.

52

Dini radikalizm ifadəsi yeni meydana gəlmiş anlayış deyildir.
Din pərdəsi adı altında həyata keçirilən radikalizm meyilləri
təkcə müasir zamanda deyil, tarixin bütün dövrlərində müşahidə
edilmişdir. Tarixən din uğrunda törədilən müharibələr yaxud
din pərdəsi altında yürüdülən işğalçılıq siyasəti dini radikalizmə
nümunə olmuşdur.

Çağdaş dövrümüzdə dini radikalizm əsasən məzhəblər və
dinlərarası dözümsüzlük, ekstremizm, yaxud dini motivlərlə
həyata keçirilən terror aktlarında daha aydın təzahür edir. İslamın
sülhsevər, tolerant, mötədil din olmasına baxmayaraq, günümüzdə
müsəlman dünyasını zəiflətmək istəyən bəzi qüvvələr bilərəkdən
insanlar arasında bu dini həqiqi mahiyyətindən uzaq, radikal və
sərt mövqe nümayiş etdirən, terror dini kimi tanıtmağa çalışırlar.
Halbuki, İslam dinində nəinki radikallıq yoxdur, ümumiyyətlə bu
ifadənin İslam və din ilə bir sırada işlədilməsi belə gülünc və məntiqə
ziddir. Bu, İslam düşmənlərinin və onların əlaltısına çevrilmiş
qeyri-ənənəvi təriqətlərin çirkin niyyətlərinin göstəricisidir.

Dini radikalizm, ekstremizm və terrorizm bütün bəşəriyyəti
səngərlərlə ayırmağa, onları bir-biriləri ilə heç zaman müzakirə,
dialoq aparmayacaq qədər düşmənçilik toxumları səpməyə çalışan
məfhumlardır.

Qloballaşan dünyada dini radikalizm ciddi narahatlığa səbəb
olan əsas problemlərdən biridir. İslam dinində mövcud olan
cərəyanlar arasında radikallaşma meyilləri əsasən XX əsrin II
yarısından başlayaraq kəskin surətdə artmışdır. Lakin bunu təkcə
müasir dövrə aid etmək düzgün deyil, əksinə tarixin hər dövründə

53

bütün məsələlərdə olduğu kimi dində də müəyyən radikalizm
elementləri müşahidə edilmişdir.

Din naminə aparılan müharibələri və ya din pərdəsi altında
həyata keçirilən işğalçılıq fəaliyyətlərini dini radikalizmə nümunə
kimi göstərə bilərik. Hal-hazırda yaşadığımız dünyada dini
radikalizm və ekstremizm dinlər və məzhəblər arası dözümsüzlük,
zorakılıq, hətta dini simvollar, dini inanc mənbəyi hesab edilən
bəzi əşya və obyektlər üzərində aparılan vandalizm hərəkətləri
yaxud din pərdəsi adı altında törədilən terror aktlarında özünü
göstərir. Təəssüfləndirici məqam ondan ibarətdir ki, XXI əsrin
əvvəlindən etibarən İslam adına həyata keçirilən radikalizm
siyasəti kəskin şəkildə artmışdır. Buna nümunə olaraq, 1980-ci
illərdən etibarən SSRİ-nin Əfqanıstana hücumu ilə başlanan Əfqan
müharibəsini göstərmək olar. Məhz həmin müharibəni müasir dövr
cihadçılığının ilkin mərhələsi hesab etmək mümkündür. Həmin
dövrdən başlayaraq hansısa dini təriqət və ya məzhəbin daxilində
gizlənmiş olan radikal, ekstremist, dözümsüz meyillər inkişaf
edərək bütün dünyada geniş yayılmağa başlamışdır.

Daha sonra yayılan cihadçılıq psixologiyası zamanla bütün
İslam dünyasında təşəkkül tapmış və möhkəmlənmişdir. Əvvəllər
ilkin olaraq “Əl-Qaidə” terror təşkilatı cihadçılıq ənənəsini özündə
ehtiva edən yeganə qüvvə idisə də, XXI əsrin əvvəllərindən
etibarən “İŞİD”, “Nüsra Cəhbəsi”, “Boko Haram” və terrorçuluq
əməlindən istifadə edən bir sıra təşkilatlar da bu sırada özlərinə
yer tutmuşlar.

54

DİNİ RADİKALİZMİN YARANMA
SƏBƏBLƏRİ

Dini radikalizm meyillərinin ortaya çıxması və güclənməsinin
səbəbləri kimi ictimai, siyasi və iqtisadi məhrumiyyətləri, həmçinin
dözümsüzlüyü, xurafat və cahilliyi, savadsızlığı, psixoloji
problemləri, müqəddəs mətnlərin kontekstdən kənar izahı və
qavranılmasını göstərmək olar.

Dözümsüzlük
Dözümsüzlüyün, tolerant olmayan münasibətin əsas
səbəblərindən biri cəhalət, digər din və mədəniyyətlər barəsində
kifayət qədər məlumata sahib olmamaqdır. Belə hallarla mübarizədə
effektiv nəticə əldə etmək üçün tədris müəssisələrində keçirilən
dərslər zamanı şagird və tələbələrə ənənəvi-radikallıqdan uzaq
cərəyan və məzhəblər haqqında geniş məlumat vermək lazımdır.
Müəllim ənənəvi dinlərin üstünlüklərini izah etməli, ümumi
dəyər və prinsipləri vurğulamalı, dini dözümsüzlüyün fəsadları və
dözümlülüyün üstünlüklərini tələbələrə başa salmalıdır. Məlumdur
ki, əsasən orta məktəb tədrisi şagird üzərində uzunmüddətli təsir
buraxmaqla bərabər, həm də cəmiyyət üçün faydalı və layiqli
üzvlərin yetişdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Adıçəkilən sferanı hər zaman diqqətdən kənarda saxlamaq yaxud
lazımi diqqəti göstərməmək gələcəkdə həll edilməsi daha çətin olan

55

problemlərə yol aça bilər. Bu səbəbdən də hər bir kəs radikalizmlə
mübarizədə bacardığı qədər, bütün imkanlarından istifadə edərək
yardım etməlidir. Ümumtəhsil məktəblərində aparılacaq düzgün
təbliğat sonrakı illərdə öz müsbət təsirini göstərəcəkdir.

Xurafat
Din adından istifadə edilərək həyata keçirilən radikalizm
adətən cəmiyyətin həyat tərzində və dinində mövhumat, xurafat,
özbaşınalıq, kasıblıq, pozğunluq və s. kimi halların artması ilə
ortaya çıxır. Cəmiyyətin təfəkkürü və dini düşüncəsində xurafat
elementlərinin artması ilə radikalizmin inkişafı düz mütənasiblik
təşkil edir.
Xurafat dinin kobud şəkildə təhrif edilərək insanlara tam
fərqli bir formada çatdırılmasıdır. Bu zaman din bizə Allah istəyən
formada deyil, bir sıra insanların təfəkkürünün məhsulu kimi gəlib
çatır ki, bu da çox təhlükəli bir tendensiyadır. Bəzən cəmiyyətdə
xurafat o qədər geniş vüsət alır ki, insanlar onu həqiqi din hesab
edərək, özləri də fərqinə varmadan onun icraçılarına çevrilirlər.
Bu kimi halların qarşısı alınmadıqda və bu proses uzun müddət
davam etdikdə xurafat insanların gündəlik həyat tərzinə çevrilir və
onunla mübarizə aparmaq çox çətinləşir. Həmin insanlara nə qədər
həqiqəti başa salmaq cəhdləri olsa da, onlar bunu qəbul edə bilmir
və nəticədə dini öz həyatlarında bir ömür boyu yalnış yaşamağa
məhkum olurlar.
Lakin təəssüflə qeyd etməliyik ki, istər tarixin müəyyən
dövrlərində, istərsə də yaşadığımız müasir zamanda müsəlmanların

56

yaşadığı cəmiyyətlərdə bir sıra xurafat nümunələri mövcud olmuş
və bu gün də öz varlığını davam etdirməkdədir. Bir sıra hallarda
din və cəhalətin səbəbi kimi yalnış olaraq din göstərilmişdir.
İslam dinində nəinki xurafat elementləri mövcuddur, əksinə
dinimiz ortaya çıxdığı gündən etibarən xurafat və cəhalətlə
mübarizə aparmaqdadır. Daha dəqiq desək, İslam dininin yaranma
səbəblərindən biri məhz xurafat və cəhalətdir.

Xurafat dini radikalizm, dini fanatizm və bu kimi digər
ciddi problemlərin sadəcə olaraq ilkin formasıdır. Yəni, xurafat
adıçəkilən problemlərə gedilən yolun sadəcə başlanğıcıdır. Qeyd
edilən ciddi problemlərin baş verməməsi üçün biz ilk olaraq
xurafatın yayılmasının qarşısını almağa çalışmalıyıq. Cəmiyyət
üçün ciddi problemə çevrilmək ehtimalı olan bəzi məsələlər
mövcuddur ki, bunlara nümunə olaraq bəzi özünü “din alimi”
adlandıran şəxslər tərəfindən dünyəvi təhsilə qarşı çıxışlar, insana
təkcə dini təhsilin kifayət etməsi, uşaqların, xüsusən qız uşaqlarının
təhsildən uzaqlaşdırılması, oğlan və qız uşaqlarının ayrıca təhsil
alması barədə çağırışlar, erkən nikah, falçılıq və s. göstərmək
mümkündür. Təəssüfləndirici məqam ondan ibarətdir ki, bu kimi
xurafat elementləri insanlara İslam pərdəsi altında çatdırılır və
həmin şəxslər din adından istifadə edərək bu cür mənfi xislətlərini
ortaya qoyurlar.

Yaşadığımız cəmiyyətdə xurafatın yayılmasına birbaşa
formada olmasa da, bilavasitə dinlə bağlı bəzi amillər də təsir
edir. Dindar hesab edilən kontingentin artması ilə xurafatın
yayılmasındakı mütənasiblik buna sübutdur. Başqa sözlə,

57

dindarlaşma prosesində kəmiyyət göstəricisi artdıqca, bu,
keyfiyyət məsələsinə mənfi təsir göstərməməlidir. Əgər
cəmiyyətdə dindarlıq səviyyəsi artarsa, biz çalışmalıyıq ki, bu
artım normal və sağlam təbliğat nəticəsində baş versin.Əks halda
bu dindarlığın nəticəsi xətalı və sağlam olmayan dinin yayılmasına
rəvac verəcəkdir. Səbəb-nəticə qanununa uyğun olaraq da bu hal
xurafatın yayılması ilə nəticələnəcəkdir.

Nə zaman cəmiyyətdə xurafat yaranır? O zaman ki, cəmiyyətdə
elm, təhsil, maarifçilik zəifləyir, məhz o zaman da xurafat və
cahillik həmin cəmiyyətdə inkişaf etməyə başlayır. Dini savadsızlıq
və elmsizlik xurafatın əsas yaranma səbəbidir.

Maraqlı cəhət ondan ibarətdir ki, bəzi məqamlarda dini qəbul
edən insanların sayı artdıqca, bununla bərabər xurafat da artır.
Bunun səbəbini dində axtarmaq düzgün deyildir. Cəmiyyətdə
xurafatın geniş yayılmasının səbəbi əsasən haqqında söhbət
açdığımız təhsil və digər sosial səbəblərlə bağlıdır. Xurafatın
yayılmasının əsas səbəbi dünyəvi təhsil və dini biliklərin paralel
formada və lazımi səviyyədə aparılmamasıdır.

Azərbaycanın dahi klassikləri –Mirzə Fətəli Axundzadə,
Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir
və s. kimi çoxlu sayda ziyalılarımız hər zaman öz fəaliyyətlərində
xurafata qarşı mübarizə aparmışlar. Onlar insanları elmdən uzaq,
nadanlıq və cəhalət içində olan cəmiyyətdə yaşamaq əvəzinə elmli,
mədəni, cəhalətdən uzaq bir toplumda ömür sürməyə dəvət etmişlər.
Lakin onların bu mübarizəsi əksər hallarda bir çox insan tərəfindən
dinin əleyhinə göstərilsə də, zaman keçdikcə hamıya aydın olur ki,

58

bu məhz cəmiyyətdə mövcud olan xurafat və cahilliyə qarşı olan
mücadilə olmuşdur. Ümumiyyətlə, ölkəmizdə heç bir zaman, heç
bir ziyalı dinimizə qarşı mübarizə aparmamışdır.

Yaşadığımız cəmiyyətdə xurafata son qoymaq üçün həm
ideoloji, həm mənəvi, həm də elmi müstəvidə işlər aparılmalıdır.
Cəmiyyətimizdə xurafat, cahillik bəlasının kökünü kəsmək üçün
ilk növbədə ailənin hər bir fərdinin, xüsusilə valideynlərin üzərinə
çox böyük məsuliyyət düşür. Onlar özləri xurafat girdabına
batmamaq üçün elmli, savadlı olmalıdırlar ki, nəticədə də
övladlarını da xurafatdan uzaq, elmli və cəmiyyət üçün faydalı
bir şəxsiyyət kimi formalaşdıra bilsinlər. Bundan başqa, xurafatla
mübarizədə ziyalı insanların üzərinə çox böyük məsuliyyət düşür.
Necə ki, tarix boyu dahi ziyalı və mütəfəkkirlərimiz xurafat və
cəhalətə qarşı barışmaz mövqe sərgiləmişlər, müasir zamanımızda
da savadlı, ziyalı və el ağsaqqallarımız bu mübarizədə qətiyyət
nümayiş etdirməlidirlər.

Savadsızlıq
Meydana gəlməsində əsas məqsədi şəxsiyyət yetişdirmək,
cəmiyyəti dəyişdirmək olan İslam dini, bu mürəkkəb missiyanı
həyata keçirmək üçün məhz elm və təhsil kimi vasitələrdən
istifadə etmişdir. Ən böyük elm sahibi cəlalı böyük olan Allahdır.
Qurani-Kərimin “Ənam” surəsinin 80-ci ayəsində Uca Yaradan
belə buyurmuşdur:
“Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir.
Məgər düşünüb ibrət almırsınız?”

59

İslam dininin əsas qaynağı olan Qurani-Kərim məhz “Oxu”
əmri ilə başlayır. Bir dinin ki bəşəriyyətə ilk əmri “Oxu” kəlməsidir,
məhz bu aspektdən çıxış edərək qeyd etmək olar ki, İslamın elmə,
təhsilə, münasibəti necə yüksək dəyər və prinsiplər üzərində
qurulmuşdur. Həmçinin, Qurani-Kərimdə dəfələrlə vurğulanan
elm kəliməsi insanları cəhalətdə uzaq olmağa sövq edir. Təbii ki,
elm sahibi olmaq üçün vasitə məhz təhsildir. Başqa ifadə ilə desək,
elmə gedən yol təhsildən keçir. Elmə yiyələnmək üçün keçilməsi
vacib olan yol məhz təhsildir.

Bütün cəmiyyətlərin və bu cəmiyyətləri təşkil edən insanın
cövhəri təhsildir. Təhsil inkişafın, tərəqqinin təməlində dayanan
bir anlayışdır. Dinimizə görə elm öyrənmək, təhsillə məşğul olmaq
kişi və ya qadın olmasından asılı olmayaraq bütün müsəlmanlara
vacibdir. Elmli və bilikli olan şəxsin düşüncəsi, dünyaya baxış
pəncərəsi cahil bir adamın düşüncəsindən və dərrakəsindən müsbət
mənada xeyli fərqləndiyi üçün Allah-Təala müqəddəs kitabının
“Zumər” surəsinin 9-cu ayəsində bu barədə belə buyurmuşdur:

“De: Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola
bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl
sahibləri ibrət alar!”

Allah-Təala “düşünmək”, “təfəkkür etmək”, “fikirləşmək”,
“ağıl, təfəkkür sahibi olmaq” kimi əmrləri bizə Qurani-Kərim
vasitəsilə dəfələrlə bildirmişdir. Sadalanan əmrlərin əsasında elmin
özəyini təşkil edən ağıl durur. Uca Yaradan insanı xəlq edərkən ona
məhz ağıl nemətini bəxş etməklə, onu yaradılmışların ən üstünü
etmişdir. Çünki Allah-Təala insandan fərqli olaraq yaratdığı heç

60

bir canlıya ağıl nemətini, düşünmək qabiliyyətini bəxş etməmişdir.
Bunu yalnız biz insanlara hədiyyə etmişdir.

İmam Sadiq (ə) elm əldə etməyin üstünlüyü və vacibliyi
haqqında belə buyurmuşdur:

“Səhəri üç nəfərdən biri olaraq aç: alim, elm öyrənən və elm
əhlini sevən. Bunlardan başqa bir kəs olma ki, onları sevməmək
nəticəsində həlak olarsan. Elm və etiqad vəhdətdə əvəzolunmaz
işlər görə bilər”

Psixoloji problemlər
Ailədə və cəmiyyətdə özünə qarşı biganəlik və laqeydlik hiss
edən, zorakılığa məruz qalan şəxslər, əsasən də psixoloji cəhətdən
tam olaraq formalaşmamış yeniyetmə və gənclər zaman keçdikcə
psixoloji problemlər keçirirlər - özlərinə qapanır, cəmiyyətə
yadlaşırlar. Nəticədə həmin şəxslərdə mənəvi boşluq yaranmağa
başlayır.
Bəzən isə, həmin şəxslərin problemlərinin həll edilə bilməməsi
onlarda natamamlıq kompleksi meydana çıxarır və nəticədə belə
bir həssas psixoloji zamanda onlar asanlıqla radikal qüvvələrin
təsiri altına düşürlər. Çünki radikal qüvvələr qurbanlarını əldə
etmək üçün ilk olaraq onlara özünəinam hissini təbliğ edirlər.

Sosial problemlər
Maddi imkanın zəif olması - işsizlik və yoxsulluq problemləri
insanların radikal qüvvələrin təbliğatının qurbanına çevirən əsas
amillərdən biridir. Radikallar həyat təcrübəsi və dini bilikləri az

61

olan, dinamik, sosial vəziyyətindən şikayətçi olan bəzi şəxsləri,
xüsusən gəncləri həmin sosial problemlərə qarşı etiraz aləti kimi
istifadə edirlər. Bu zaman din pərdəsi adı altında Cihad, “şəhid
olmaq” və ya “əbədi səadətə” nail olmaq kimi həssas məfhumlar
da onlar üçün dünyəvi məhrumiyyətlərin kompensasiyası kimi
təqdim edilir.

62

QURAN VƏ SƏHİH HƏDİSLƏRİN
RADİKALİZMƏ MÜNASİBƏTİ

İslam dininin radikalizmlə uzaqdan-yaxından heç bir
əlaqəsinin olmaması dinimizin müqəddəs Qurani-Kərimin bir sıra
ayələrində öz əksini tapmışdır. Misal üçün, “Bəqərə” surəsinin
256-cı ayəsində Allah-Təala belə buyurur:

“Dində məcburiyyət yoxdur”.
Bu ayədə açıq şəkildə vurğulanır ki, zorakılıq və güc tətbiq
etməklə nəyəsə nail olmaq qəbuledilməzdir. Budur İslamın
mövqeyi. Radikalizmin kökündə insan iradəsindən uzaq, məcburi
əməllər etmək, qətl törətmək yer alır. Özünü müsəlman adlandıran
bəzi radikal şəxslər öz çirkin əməllərini həyata keçirən zaman
utanmadan din adından istifadə edirlər.
Həmçinin “Maidə” surəsinin 32-ci ayəsində belə buyurulur:
“Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad
törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi
olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o,
bütün insanları diriltmiş kimi olur”.
Yuxarıda qeyd edilən ayədən göründüyü kimi İslam dini bir
nəfəri öldürən şəxsi bütün bəşəriyyəti qətlə yetirmiş hesab edir.
Haqsız yerə bir heyvanı belə öldürməyə icazə verməyən İslam dini
insanı müxtəlif bəhanələrlə qətlə yetirməyi qəti şəkildə qadağan
edir. Heç belə bir din radikal ola bilərmi? Təbii ki, xeyr. İslam və

63

radikallıq məfhumları bir-birinə tamamilə yad olan anlayışlardır.
İslam dini yarandığı gündən etibarən insanları həyatlarının

istənilən mərhələsində orta yol tutmağa dəvət edir. İfrat və təfritə
yol vermək dinimizdə bəyənilməyən əməllərdən hesab edilir. Bu
baxımdan Uca Yaradana itaət və onun razılığını qazanmaq üçün
edilən ibadət də istisna deyildir. Başqa sözlə, hətta məsələ ibadət
kimi saf və təmizliyi tərənnüm edən əməl olsa belə, ifrata yol
vermək birmənalı olaraq qəbuledilməzdir. Bunu bariz nümunəsini
Hz. Peyğəmbər tərəfindən səhabələrinə xitab edilərək söylənilən
aşağıdakı hədisdə görmək mümkündür:

“Gücünüzün və taqətinizin yetdiyi qədər (nafilə) ibadət edin.
Allaha xoş olan, çox əməl deyil, az olub davamlı olanıdır”.

Hələ Allah Rəsulu həyatda olan zaman bəzi səhabələr ona
Allaha daha yaxın olmaq, daha çox savab qazanmaq üçün
müsəlmanlara vacib olmayan müstəhəb ibadətləri özlərinə vacib
hesab edərək və ya günün əksər hissəsini ibadətlə məşğul olaraq,
bir ömür oruc ibadətini tərk etməyərək yaşamaq istədiklərini
bildirmişlər. Hz. Peyğəmbər onların bu istəklərinə belə cavab
vermişdir:

“Allaha and olsun ki, içinizdə, Allahdan ən çox qorxan və
qadağanlarından ən çox çəkinən mənəm. Buna baxmayaraq
bəzən oruc tutub, bəzən yemək yeyirəm, bəzən ibadət edib, bəzən
yatıram, xanımlarla da əlaqəni kəsmirəm. Mənim yolum budur.
Kim mənim yolumu bəyənməsə, məndən deyildir.”

Hz. Peyğəmbərin aşağıda qeyd edilən başqa bir hədisində
yaxşı insanların xüsusiyyətləri haqqında belə buyurulur:

64

“Bilirsinizmi ən yaxşı insanlar kimdir? Sizin içərinizdəki
ən yaxşı əxlaq sahibi olan şəxs. Onlar ki, xoş xasiyyətlidir,
başqalarına əziyyət vermir, başqaları ilə yaxşı dostluq əlaqəsi
qurur”...

Yuxarıda qeyd edilən hədisi şərifdən də aydın görünür ki,
dinimiz insanların dünya işlərini tərk edib təkcə axirət üçün
yaşamalarını bəyənmir. Əsl müsəlman radikallıqdan kənar, insan
haqqlarına riayət etməyi bacaran, cəmiyyət arasında mülayim və
mehriban xasiyyətilə tanınan, zorakı əməllərdən uzaq olan bir
şəxs olmalıdır.

Dini radikalizmlə mübarizə yolları
Radikal dini cərəyanlara qarşı bir sıra metodlardan istifadə
etməklə mübarizə aparmaq mümkündür. Bunlar praktik olmaqla
yanaşı, qazanılan nəticə baxımından sürətli və uğurlu sonluğa
çatmaq üçün kifayət qədər müsbət təsir bağışlayır. Bu kimi
üsullardan istifadə zamanı müəyyən incə nüanslara diqqət etmək
lazımdır. Həmin metodlar bunlardır:

Maarifləndirmə metodu
Maarifləndirmə metoduna əsasən dini inanca sahib olan
insanlar ilk olaraq dini radikalizm, onun mənfi cəhətləri,
acı nəticələri, metodologiyası və s məsələlər barəsində
məlumatlanmalı, daha sonra isə yaxın ətrafındakı şəxslərlə bu
informasiyaları bölüşməlidirlər. Bu metodu tətbiq edən zaman
qazanılan məlumatların doğruluğu dəqiq olaraq incələnməli,

65

ehtimal yalnışlıq, mübaliğə və ya saxta informasiyaların
yayılmasına birmənalı olaraq imkan verilməməlidir. Çünki
radikalizm və ekstremizmlə mübarizə kimi həssas mövzuda
səhv metod, həqiqətdən uzaq olan iddia sonrakı periodda həyata
keçiriləcək tədbirlərə mane ola bilər.

Valideynlər və orta məktəb müəllimlərinin təməl dini biliklərə
sahib olması əsas vacib məsələlərdən biridir. Çünki uşaqlarla ən çox
vaxt keçirən şəxslər orta məktəbdə müəllimlər, evdə isə valideynlər
- xüsusilə analardır. Əgər onların ilkin dini bilikləri kifayət qədər
olmasa təbii ki, uşağa da düzgün məlumat verilməyəcəkdir.
Nəticədə uşaq da təməl dini biliklərə yiyələnə bilməyəcəkdir.
Radikal qüvvələr də əsasən Allaha saf qəlblə inanan lakin dini
bilikləri zəif olan şəxsləri öz tərəfinə çəkməkdə maraqlı olurlar.
Onlar öz tərəfinə çəkmək istədiyi şəxslərə məntiqli, amma yalan
məlumat verərək öz çirkin niyyətlərini həyata keçirirlər. Onların
“toruna” düşən şəxs də məntiqli danışığa inanaraq, bir tərəfdən
də dini savadı olmadığı üçün aldadıldığının fərqinə varmadan
özündən asılı olmayaraq qurbana çevrilir. Sonrakı mərhələlərdə də
radikal və ekstremist qüvvələr həmin şəxsə bütün məsələləri təlqin
edərək ondan istədikləri kimi istifadə edirlər. Nəticədə radikal
qüvvələrin qurbanına çevrilmiş həmin şəxs terrorist və ekstremist
olaraq “Allahın razılığını qazanmaq üçün” ona tapşırılan hər bir işi
cani-könüldən icra edir. Hətta “Allahu Əkbər” deyərək müsəlman
qardaşının başını bədənindən ayırır. Ən acınacaqlısı isə odur ki,
radikal qüvvələr bütün bu çirkin əməllərini din pərdəsi adı altında
həyata keçirirlər.

66

Kitabımızın mövzusu ilə də əlaqəli olaraq radikal qüvvələr
təsiri altına saldıqları insanları aldatma üsulları kimi uydurma
hədislərdən istifadə edirlər. Onlar təsiri altına saldıqları insanların
dini savadlarının az olmasını bildikləri üçün saxta hədisləri səhih
adı ilə təlqin edirlər. Radikallar bu vasitə ilə düşmən mövqedə
olduqları qrup və cərəyanlara qarşı saxta hədislər uyduraraq
“qurbanlarının” qarşı tərəfə nifrətlərini daha da artırmaq məqsədi
güdürlər. Uydurma hədislər vasitəsilə həm də düşmən mövqeyi
bəslənən cərəyan nümayəndələrinin öldürülməsi nəticəsində
müjdə olaraq mükafat vəd edilməsi radikal qüvvələrin yanaşma
metodlarından biridir.

Dini inanca sahib olan, həmçinin dini bilikləri aşağı səviyyədə
olan insanları doğru bir şəkildə maarifləndirmək üçün ilkin olaraq
onlar lazımi və doğruluğuna şübhə olmayan ədəbiyyatlarla təmin
edilməlidir. Nəticənin uğurlu olması üçün bir qədər səbir və diqqət
göstərilməsi vacibdir.

Növbəti mərhələdə isə insanların daha kompakt olduğu
məkanlarda dini maarifləndirici söhbətlər aparılmalı, bu kimi
görüşlərdə radikal qüvvələrin təsiri altına düşmüş insanların
iştirakı da təmin edilməlidir. Bu zaman etik davranış qaydalarına
ən yüksək səviyyədə əməl olunmalı, istənilən provokativ əməl
törətmək niyyətində olan şəxslərə qarşı qətiyyətlə durmaq da
önəmli məsələlərdəndir. Dini maarifləndirmə işinin müsbət təsiri
hətta qısa müddətdə görünməsə belə, bu üsul daha uzun müddət öz
təsirini saxlaması ilə səciyyələnir.

Dini inanca sahib olan insanlar arasında maarifləndirmə işi

67

həyata keçirilən zaman görüşlərin təşkil ediləcəyi məkanları
dəqiqliklə seçmək də mühüm məsələlərdən hesab edilir. Bu kimi
yığıncaqlar zamanı görüş yerinin mahiyyəti elə də vacib hesab
edilməsə də, reallıqda kifayət qədər də marağa səbəb ola bilər.
Həmçinin həssas məsələlərə də diqqətlə yanaşılmalı, görüşdə iştirak
edən şəxslərin hisslərinə toxuna biləcək, onların düşüncələrində
istənilən qarışıqlıq yaradacaq ifadə, cümlə və müqayisələrdən
uzaq durmaq lazımdır. Belə görüşlərdə maarifləndirmə missiyasını
üzərinə götürmüş şəxslərin insanlar arasında hörmət və izzət
sahibi olması, hamı tərəfindən qəbul edilməsi əsas fundamental
məsələlərdəndir. Dini bilikləri aşağı olan, cəmiyyətdə kifayət
qədər nüfuza sahib olmayan, əxlaqi qüsurlara malik olan, müəyyən
mənfi hadisələrdə adı hallanmış şəxslərin dini maarifləndirmə işi
ilə məşğul olması nəinki radikalizmlə mübarizdə müsbət nəticə
verəcək, əksinə insanlarda dinə qarşı mənfi rəy formalaşdıracaqdır.

Bütün bunları nəzərə alsaq, dini maarifləndirmə formatlı
tədbirlərin həyata keçirilməsinin ilk baxışdan göründüyü qədər
də sadə olmadığı, diqqət yetiriləcək məqamların kifayət qədər
çox olması da nəzərdən qaçmamalıdır. Bundan başqa adıçəkilən
metodun başqa üsullarla müqayisədə daha çox auditoriya ilə
bağlılığına görə də tədbirləri keçirməyə səriştəsi olan, bilik və
bacarığı kifayət qədər olan şəxslərə üstünlük verilməsi əsas
məsələlərdən biridir.

68

Önləyici metod
Dini radikalizmlə mübarizədə əsas metodlardan hesab
edilən önləyici metod müəyyən mənada maarifləndirmə üsuluna
oxşasa da, onun əsas mənası radikal və ekstremist qüvvələrlə
mübarizədə onların çirkin fəaliyyətlərinə başlamamışdan əvvəl
zərərsizləşdirilməsindən ibarətdir. Bu üsuldan istifadə üçün
fundamental nəzəri və praktik məlumat bazasına yiyələnmək, eyni
zamanda təhlil və analiz aparma, proqnoz vermə bacarıqlarının da
lazımi səviyyədə olması vacib amillərdən biridir.
Önləyici metodda radikal və ekstremist təbliğatla məşğul
olan şəxslərin atacaqları addımlar öncədən nəzərə alınaraq
onlara qarşı bəzi qabaqlayıcı tədbirlər görmək vacib hesab edilir.
Dini ekstremistlər insanların gündəlik həyatda tətbiq etdikləri
hansısa mərasimin keçirilməsinin dinə uyğun olmadığı haqqında
fikirlər səsləndirə bilərlər. Misal üçün radikal düşüncəyə sahib
olan müəyyən şəxslər digər insanların gündəlik həyatda yerinə
yetirdikləri bəzi mərasimlərin keçirilməsinin dinə uyğun olmaması
haqqında fikirlər bildirirlər. Bunun qarşısını almaq məqsədilə
nəzərdə tutulan mərasimlərin İslam dininə uyğun olub-olmaması
barədə məlumatları dəqiqliklə izləmək, şəriətə dair məsələləri
kifayət qədər dini biliklərə malik olan şəxslərlə diqqətlə müzakirə
etmək, zərurət halında dini mətnlərə müraciət etmək vacibdir.
Bu kimi dini məsələrə müraciət edilən zaman düzgün, sağlam və
etibarlı mənbələrdən istifadə etmək lazımdır ki, qarşı tərəfdə hər-
hansı şübhə və tənqid üçün heç bir bəhanə olmasın.

69

Profilaktik metod
Bu metod radikal, ekstremist dini qrupların təsiri altına yenicə
düşmüş insanlarla izahat işi aparmaq və onları dini-ideoloji
baxımdan düzgün yola geri qaytarmaq mənasına gəlir. Bu üsulu
tətbiq edən zaman vaxtdan lazımı qədər effektiv istifadə etmək,
informasiya mənbələri ilə də diqqətlə işləmək lazımdır. Misal üçün
hansısa gənc radikal cərəyanlardan birinin təsiri altına düşmüşsə
bununla əlaqəli dərhal, vaxt itirmədən fəaliyyətə keçmək lazımdır.
Vaxt bu məsələdə ən vacib silahlardandır. Belə ki, tamamilə
radikallaşmayan, yenicə təsir altına düşən şəxslə vaxt itirmədən
aparılacaq profilaktik işlər onu bu təsirdən azad edə bilər.
Həmin şəxslə xoş rəftarla davranmaq və mehriban münasibət
göstərməklə ünsiyyət qurmaq və təsiri altına düşdüyü təriqətin
ideologiyasında mövcud olan yalnış məsələləri izah etmək ən
önəmli müalicə metodlarından biridir. Bu fəaliyyətlə cəmiyyət
arasında hörmət və nüfuza malik olan peşəkar din xadimlərinin
yaxud dini baxımdan təcrübəsi zəngin olan dindarların məşğul
olması daha məqsədəuyğundur. Buna səbəb adıçəkilən metodu
həyata keçirən şəxslər həm insan psixologiyasına dərindən bələd
olmalı, həm də təbliğ etdikləri ideologiyalara ilk növbədə özləri
riyayət etməyi bacarmalı və cəmiyyət içərisində hörmət və nüfuz
sahibi olan şəxs kimi tanınmalıdırlar. Bununla yanaşı, profilaktik
metodla məşğul olan şəxslərin özlərinə də mütəmadi olaraq xüsusi
treninq və kurslar keçirilməsi də nəzərdən qaçırılmamlı, lazımi
nəzəri və praktik məlumatlarla təmin edilməlidirlər.

70

İqtisadi metod
Radikal qüvvələrə qarşı mübarizə yollarından biri də iqtisadi
metod hesab edilir. Belə ki, insanların radikal və ekstremist
qüvvələrin təsiri altına düşməsinin əsas səbəblərindən biri də
maliyyə faktorudur. Radikal, ekstremist qüvvələr öz çirkin
niyyətlərini həyata keçirmək üçün əksər vaxtlarda maddi imkanları
zəif olan şəxslərlərdən istifadə edirlər. Radikallar həmin şəxslərə
maddi dəstək durmaqla onları ələ almağı bacarırlar. Onların
gündəlik məişət problemlərini həll edir, işsiz olanları işlə təmin
edilməsinə yardım edir və s. Nəticədə həmin şəxs də onlardan asılı
vəziyyətə düşdüyü üçün tədricən avtomatik olaraq radikal şəxsə
çevrilir.
Məhz bu səbəbdən də radikal qüvvələrin iqtisadi dayaqlarını
zəiflətmək siyasəti onlara qarşı mübarizə metodlarından biridir.
Çünki radikallar öz havadarlarından aldıqları pullar vasitəsilə
rahat bir şəkildə öz çirkin niyyətlərini həyata keçirirlər. Əgər onlar
maliyyə mənbələri, qazanc yollarından məhrum edilərsə, radikal
fəaliyyətləri üçün yaranmış olan münbit şəraiti itirmək nəticəsində
güclərini itirmiş olarlar.

İnzibati metod
İnzibati metod dedikdə radikallıq və ekstremizm yolunu
seçən dini cərəyanlar və onların tərəfdarları ilə mübarizə
işinin qanunlar vasitəsilə, əsasən hüquqi müstəvidə, cərimə və
cəzalardan istifadə etməklə tənzimləmək nəzərdə tutulur. Bu
yolda məsuliyyət birbaşa olaraq dövlət qurumlarının üzərinə

71

düşsə də, yerli dini qurumlar və dini icmalar da müəyyən qədər
töfhələrini əsirgəməməlidirlər. Aparılan müşahidə və təhlillər,
əldə edilən nəticələr onu deməyə əsas verir ki, radikal şəxslər
bir çox hallarda mövcud olan dini icmaların fəaliyyətinə kobud
şəkildə müdaxilələr edir, xüsusilə də dini ayinlərin icrası zamanı
süni maneələr törədir və ya qanunları, daxili nizam-intizam
qaydalarını pozan hərəkətlərə yol verirlər. Bəzi hallarda dini
icmalar belə neqativ hallarla üzləşmələrinə baxmayaraq özlərinin
həyatı təhlükələrindən qorxduqları və ya dini qurum ətrafında
xoşagəlməz söz-söhbətin yaranmaması üçün bu vəziyyətə
biganə qalırlar. Bəzən də onlar məsul dövlət orqanlarına xəbər
vermədən məsələni özləri həll etməyə çalışırlar. Nəticədə daha
xoşagəlməz məsələlər meydana gəlir. Bu səbəbdən də dini icma
nümayəndələri adıçəkilən sferada mövcud olan qayda-qanunları
lazımı səviyyədə öyrənməli və radikal-ekstremist istiqamətli
ünsürlər ilə hüquqi müstəvidə mübarizə aparmağın yollarına
yaxından bələd olmalıdırlar.

Dini icma üzvləri anlamalıdırlar ki, qanunsuz olaraq dini
ayinlərin icrasına maneə törətmək və ya radikal yönümlü
ədəbiyyat nümunələrini insanlar arasında yaymaq qanunla qadağan
edilmişdir. Kimsə bunu edərsə, qanun qarşısında cavab verməli
olacağını unutmamalıdır. Başqa ifadə ilə desək, məlumat sahibi
olmaq insana lazımi anlarda düzgün addımı atmaq üçün əsas verir.

Ancaq başqa bir məsələni qeyd etmək zəruridir ki, inzibati metod
ən son müraciət edilməli mübarizə üsuludur. Radikal, ekstremist
yönümlü şəxslərlə mübarizə aparmaq üçün maarifləndirmə metodu

72

ən effektiv yoldur. Radikal və ekstremist qüvvələrin təsirinə məruz
qalmış şəxslərin üzləşəcəyi ictimai qınağın formalaşmasının
da mübarizənin kifayət qədər uğurla nəticələnməsinə töhfə verə
biləcəyini qeyd etmək lazımdır.

Beləliklə sağlam və düzgün dini fikirləri özündə ehtiva edən
ənənəvi dini cərəyan və məzhəblərin prinsipləri dini inanca sahib
olan şəxslər tərəfindən əsaslı şəkildə öyrənilməli və onlar gələcək
nəsillərə olduğu kimi təbliğ olunmalıdırlar.

Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa
etdikdən sonra ölkədə yaranmış qarışıqlıqdan, müharibə şəraitinin
çətin günlərindən istifadə edən çoxlu sayda xarici missioner
təşkilatlar humanitar yardım və dəstək missiyası adı ilə olkəmizə
ayaq açmağa başladılar. Həmin qruplar gəliş məqsədlərinin
humanitar yardım olaraq göstərmələrinə rəğmən, əsas gizli
niyyətləri ölkəmizin o dövrdəki çətin vəziyyətindən, qaçqın və
məcburi köçkünlərin ağır psixoloji və sosial durumundan istifadə
edərək öz ideyalarını yaymaqdan ibarət olmuşdur. Nəticədə
xalqımız üçün həmin dövrə qədər yad hesab edilən qeyri-ənənəvi
cərəyan və məzhəblərin ölkəyə ayaq açmasına münbit şərait
yaranmışdır. Təəssüf hissi ilə qeyd edə bilərik ki, o dövrdə ölkəyə
müxtəlif adlarla ayaq açan xarici missionerlər müəyyən qədər
öz məqsədlərinə nail olmağı bacarmışlar. Belə ki, təbliğat və
həvəsləndirmə nəticəsində ölkə əhalisinin müəyyən bir hissəsinin
ayrı-ayrı din, təriqət və məzhəblərə meyil edərək qoşulması halları
sürətlənmişdir.

Missioner dini təşkilatların fəaliyyəti Azərbaycan dövlətçiliyinə

73

zidd olmuşdur. Bu səbəbdən də təhlükənin ciddiyyətinin fərqinə
varan dövlətimiz  Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
1995-ci ildən sonra belə təhlükəli təriqətlərə qarşı aktiv tədbirlər
planı həyata keçirməyə başlamışdır. Belə ki, destruktiv fəaliyyətlə
məşğul olan xarici dini təbliğatçılar ölkədən qovulmuş, müxtəlif
dini qurumların maliyyə axınları gözaltına alınmışdır.

Vaxtında atılan adımlar nəticəsində bütün dini qurumlar öz
fəaliyyətlərini ölkə qanunvericiliyi ilə uyğunlaşdırmağa məcbur
olmuşlar. Nəticədə təriqətçi və məzhəbçi qrupların aktivliyi
azalmış və bu qrupların xalq arasında nüfuzları itməyə başlamışdır.

74

XURAFATLA ƏLAQƏLİ
UYDURMA HƏDİSLƏR

Hz. Peyğəmbərin sözü deyə uydurulan hədislər arasında
İslam dini ilə heç bir əlaqəsi olmayan mövhumat, cahillik və
xurafat ənənələrin artmasına səbəb olacaq çoxlu sayda nümunələr
mövcuddur. Həmin nümunələr bir sıra şəxslər tərəfindən
uydurularaq xalq arasında dinin tərkib hissəsi kimi yayılmışdır.
Bu uydurma hədislər insanların zehninə dini ritual olaraq o qədər
dərin həkk olunub ki, bəzilərinə bunun yanlış olduğunu bildirən
zaman heç cür razılaşmır və qəbul etmirlər.

Yuxarıda qeyd edildiyi kimi xurafat elementləri, cəmiyyətin
mövhumat içində yaşaması və onun insanlar arasında gündəlik
həyat tərzinə çevrilməsi radikalizmin yaranması və inkişaf
etməsinə rəvac verən amillərdəndir. Başqa sözlə ifadə etsək,
xurafat və mövhumatı radikalizmin ilkin mərhələsi adlandırmaq
olar. Bu tipli hədis adı altına təqdim edilmiş xurafat nümunələrinə
aşağıdakıları nümunə göstərmək olar:

“Namaz qılan bir adamın qarşısından uzunqulaq, qara it ve
qadın keçərsə namazı batil olar”

Alimlərin əksəriyyəti yuxarıda qeyd edilən ve edilməyən
şeylərin namaz qılanın qarşısından keçməsi ilə namazın batil
olmayacağı fikrindədirlər. Halbuki, cahiliyyə dövründə əşya kimi
alınıb-satılan qadına İslam dini çox böyük dəyər vermiş, hər zaman
onu yüksək qiymətləndirmişdir.

75

“Yaşlı qadınların dinindən yapışın”.
Alimlərin rəyinə əsasən hədis adı ilə uydurulmuş bu fikrin
səhih və ya zəif olsun, hər hansı bir dayanacaq nöqtəsi yoxdur.
“Din ağıldır. Dini olmayanın ağlı da yoxdur”.
Hədis batildir. Hədisin istinad edildiyi Nəsainin təbirincə, “bu
batil və münkər bir hədisdir”.
“Kim bir hədis söylədiyi zaman asqırılarsa, o haqqdır”.
Hədis olaraq qeyd edilən bu fikir batildir və xurafat
elementlərini özündə əks etdirir.
“Hər kim Qurandan başqa bir şeylə şəfa istəyərsə, Allah ona
şəfa verməsin”.
Bu hədis tibbi müalicəni tərk edib, yalnız Quran qiraətinə
güvənməyə işarə edir. Bu isə Hz. Peyğəmbərin sünnəti ilə qətiyyən
uyğun deyildir. Rəsullullah özü dəfələrlə tibbi müalicə olunub
və bunu insanlara tövsiyə etmişdir. Bu barədə Hz. Peyğəmbərin
səhih hədislərinin birində belə buyurulur: “Ey Allahın qulları!
Müalicə olunun. Allah endirdiyi hər xəstəlik üçün bir də dərman
endirmişdir”.
“Həcc evlilikdən əvvəldir”.
“Kim həccə getmədən əvvəl evlənirsə, günah ilə başlamışdır”.
Hər iki hədis uydurmadır. Həmçinin, hədisin sənədində yer
alan iki ravi hədis uyduran şəxslər kimi tanınırlar. Baxmayaraq ki,
İslam dini insanları daha erkən yaşında evlənməyi təşviq etmiş,
hətta ailə həyatı qurmağı imanın yarısı olaraq qiymətləndirmişdir.
“Hörümçək şeytandır, Allah onun şəklini dəyişdirmişdir, buna
görə də onu öldürün”.

76

Tamamilə xurafat elementlərini özündə əks etdirən bu fikir
batil hökmündədir. Məişət səviyyəsində olsa da, çox təəssüf ki, bu
fikir bəzi insanların zehnlərində hələ də yer almaqdadır.

“Biriniz bir daşa inanc bəsləyərsə, ona faydası olur”.
Saxta hədislərdən olan bu fikir tamamilə uydurmadır. İbn
Qayyim bu barədə belə deyir: “Bu söz daşlar haqqında hüsni-
zənndə olan bütlərə sitayiş edənlərin sözlərindəndir”.
“Əqiqdən üzüklər taxın, çünki həqiqətən üzərində olduğu
müddətcə insana kədər yaxın olmaz”.
“....çünki həqiqətən əqiq fəqirliyi yox edər”.
Müəyyən məqsədlər naminə uydurulan bu kimi fikirlər
tamamilə mövhumatçılıqdan ibarətdir. Bu və buna bənzər hədis
adı ilə uydurulan fikirlər xalq arasında o qədər məşhurlaşmışdır
ki, insanların əksəriyyəti bunların konkret olaraq İslam dinindən
qaynandıqlarına inanmışlar. Nəticədə gündəlik həyatlarını buna
uyğun yaşamışlar.

77

QADINLAR ƏLEYHİNƏ
UYDURULMUŞ HƏDİSLƏR

Qadınların əleyhinə uydurulmuş aşağıdakı mövzu və ya
uydurulmuş hədislər xalq arasında çox yayılmışdır:

“Qadınlar evlərin lampalarıdır, ancaq onlara oxuma yazmağı
öyrətməyin”

“Qadınlarla danışın, onlarla məsləhətləşin. Sonra da əksini
edin”.

“Sizdən bir kəs məsləhət etmədən bir işə başlamasın. Əgər
məsləhət edəcək bir kəs tapılmazsa, bir qadınla məsləhətləşsin və
onun dediyinin əksini etsin. Çünki onun dediyinin əksini etməsində
bərəkət vardır”.

“Qadınlar olmasaydı, kişilər Cənnətə girəcəkdi”.

78

RADİKALİZMƏ SƏBƏB OLAN
UYDURMA HƏDİS NÜMUNƏLƏRİ

İslam adından istifadə edilərək irəli sürülən uydurma
hədislər müqəddəs Qurani-Kərimə tamamilə ziddiyyət təşkil
edir. İnsanlara hədis adı ilə təqdim edilən aşağıda qeyd edilən bu
uydurma fikirlər birbaşa olaraq radikalizm və ekstremizmə səbəb
olan nümunələrdir.

“Namazı tərk edən şəxs dindən çıxar”.
İslam dininə görə namaz qılmamaq böyük günahlardan hesab
edilir. Amma namaz qılmayan şəxs kafir deyil, yalnız günahkar
olar. Allah istəyərsə onu bağışlayar, istəyərsə cəzalandırar.
Günümüzdə din pərdəsi adı altında radikallıq nümayiş
etdirənlər bu kimi uydurma hədisləri əsas gətirərək insanları
qətlə yetirməkdən belə çəkinmirlər. Bu çirkin əməllərini belə
əsaslandırırlar ki, bir şəxs dindən çıxarsa, onun qanı halaldır.
Yəni, namaz qılmayan şəxs də kafir olduğu üçün nəinki onu
öldürmək olar, hətta onlar bunun nəticəsində guya savab
qazanaraq Allahın razılığını əldə edəcəklər. Təəssüf hissi ilə
qeyd etmək lazımdır ki, belə təfəkkürə sahib olan insanlar
özlərini müsəlman adlandırırlar. İslam düşmənləri də həmin
insanlardan dinimizi zəiflətmək üçün çox rahatlıqla istifadə
edirlər.
“İçki içməkdə beşinci dəfə israr edənləri öldürün”.

79

Qurani-Kərimdə mövcud olmayan bu hökm xurafat vasitəsilə
İslama daxil edilmişdir. Halbuki ayələrdə içki içdiyi halda
müsəlman olan şəxslərdən bəhs edilir: “Ey iman gətirənlər!
Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar)
olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl
edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın”. (“ən-
Nisa”, 4/43)

Qeyd edilən ayədə vacib bir hökm var. İçki içən müsəlman
günaha girir, amma İslamdan çıxmır, kafir olmur. Şəxs o
zaman kafir hesab edilər ki, o Allahın təkliyinə, müqəddəs
kitablara, axirətə, mələklərə, (Şiə məzhəbinə görə imamlara)
iman gətirməsin. Əks halda, hansı bir günah qazanmaq müsəlmanı
kafir etməz.

80

UYDURMA HƏDİSLƏRLƏ
ƏLAQƏLİ ƏSƏRLƏR

Məqdisi (ö.507/1113):
Təzkiratu-l-Mövzuat.

Əl-Cüzəkani(ö. 543/1148): 
Əl-Əbatil və-l-mənakir və-s-sihah və-l-məşahir

Əbu-l-Fərəc İbnu-l-Cövzi(öl. 597 H) :
Kitabul-Mövzuat minəl-Əhadisil-Mərfuat əsəri.

Ömər əl-Mevsıli(ö.622/1225):
Əl-Muğni anil-hıfz vəl Kitab.

Əs Sağani(ö.650/1252):
Əl-Mövzuat.

İbn Ərrak(ö. 963/1556): 
Tənzihu-ş-şəriəti-l-mərfua ani-l-əxbariş-şəniati-l-mövzua

Əl-Fəttəni(ö. 986/1578): 
Təzkiratu-l-mövzuat fi-l-əhadisi-l-mərfuat

81

İbn Kayyım el-Cevziyye(ö.751/1350):
Əl-Mənarul-Münif fis-Sahih vəd-Dalf.
Zerkeşi (ö.794/1392):
Ət-Təzkira fil-Əhadisil-Müştəhira.

Səhavi ( ö.902/1 496):
Əl-Məkasidul-Həsənə.

Suyuti (öl. 911 H) :
Əl-Ləalil-Masnu afil-Ahadisil-Mövzua

İbnud-Deyba əş-Şeybani(ö.944/1537):
Təmyizut-Tayyib minəl-Habis.

İbnu’l-Arrak (öl. 963 H) :
Tənzihuş-Şəriatil-Mərfua anil-Əhadisiş-Şəniatil-Məvzua

Fetteni( ö.986/1578):
Təzkiratül-Mövzuat.

Əli əl-Qari (öl.1014 H) :
əl-Mövzuatul-Kübra

Acluni(ö.l162/1749):
Kəşful-Hafa.

82

Şövkani( ö.l250/ 1832):
Əl-Fəvaidu1-Mecmua fil-Əhadisil Mövzua.
Dərviş əl-Hut(ö.l276/1859):
Əsnəl-Mətalib.

Əl-Ləknəvi (öl.1304 H) :
əl-Asarul-Mərfua fil-Ahbari’l-Mevzua

M. Yaşar Kandəmir :
MövzuHədislər

Harun Ünal: 
Uydurma Hadisler 6 cild; Mevzûât (Mevzû Hadisler) 

Sadık Cihan: 
Uydurma Hadislerin Doğuşu ve Sosyo-Politik Olaylarla İlgisi

83

NƏTİCƏ

Son olaraq bunu qeyd edə bilərik ki, uydurma hədislər
mövzusunda alimlər də daxil olmaqla, cəmiyyətin bütün
fərdləri həssaslıq nümayiş etdirmək və məsuliyyətli davranmaq
məcburiyyətindədirlər. Hər bir kəs istifadə edəcəyi hədis
mövzularında son dərəcə həssas davranmalı, xüsusilə uydurma
hədislərdən istifadə etməməlidir. Hədis nəql etmək məsələsi adi və
bəsit bir iş hesab edilməməli, eyni zamanda onun İslamda ikinci
qaynaq olması heç zaman unudulmamalıdır. Zəif və uydurma
hədislərin aydınlaşdırılmadan səhih hədis kimi nəql edilməsi
dini baxımdan doğru deyildir. Hər bir hədisin hökmü və əməl
yönü fərqli olduğu üçün hədislərin lazım olan yerdə istifadə
edilməsi, səhihə səhih, zəifə zəif, uydurmaya uydurma deyilməsi
və bir-birilə qarışdırılmaması önəmli məsələlərdəndir. Hədislər
səhihliyi baxımından qaynaqlardan araşdırmalı və ya bu işdə elm
sahiblərindən soruşularaq cəmiyyətə də belə təbliğ edilməlidir.

Acınacaqlı məqam odur ki, radikalizm, ekstremizm, terrorizm
terminlərinin əksər hallarda İslam dini ilə yanaşı işlədilir. İslam
düşmənləri çox zaman məhz əqidə, məzhəbçilik kimi həssas
nöqtələrdən istifadə edərək müsəlmanları parçalamağa və
zəiflətməyə çalışmışlar. Uydurma hədislərlə birbaşa, yaxud
dolayısı yolla əlaqəli olan radikalizm bəlasına son qoymaq üçün
insanların maariflənməsinə, xurafat və cəhalət məngənəsindən
xilas edilməsinə böyük ehtiyac vardır. Bunun üçün müsəlmanlar

84

heç zaman olmayan qədər birlik və həmrəylik nümayiş etdirməyə
borcludurlar.

İslam həmrəyliyi məsələsində ölkəmiz də digər müsəlman
ölkələrinə nümunə olaraq göstərilir. Ölkəmiz bu uğura müstəqillik
əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və günümüzdə
ölkə prezidenti cənab İlham Əliyevin apardığı din siyasəti
nəticəsində nail olmuşdur. 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi”
ili kimi qeyd edilməsi bunun bariz nümunəsidir.

Azərbaycan 20-ci əsrin sonlarında yenicə müstəqillik əldə
etdiyi zamanlarda başqa sahələrdə olduğu kimi dini sferada da
böyük boşluqlar olmuşdur. Buna əsas səbəb isə keçid dövrünü
yaşayan Azərbaycanın əzəli torpaqlarının erməni təcavüzkarları
tərəfindən işğal edilməsi olmuşdur. Müstəqilliyin ilk dövrlərindəki
hərc-mərclik, bu və ya digər problemlər, xarici dini təşkilatların,
missioner qüvvələrin ölkəmizə “xeyriyyə yardımı” və s. adı ilə
ayaq açmasına səbəb olmuşdur. Həmin dövrdən etibarən ölkədə
müxtəlif qeyri-ənənəvi dini cərəyanlar yayılmağa başlamış və
təəssüflər olsun ki, bu günə qədər din pərdəsi adı altında fəaliyyət
göstərməyi bacarmışlar.

Ölkəmizdəki sabitlik və inkişafı gözü götürməyən bəzi
xarici və daxili qüvvələr zaman-zaman həmin qeyri-ənənəvi dini
cərəyanlardan istifadə etməklə ölkədə çaxnaşma və qarşıdurma
yaratmağa cəhd edirlər. Onlar bütün mümkün vasitələrdən istifadə
etməklə bizim ölkədə radikallığı yaymaqda maraqlıdırlar. Çünki
din, ideolgiya insanların ən həssas nöqtəsi olduğu üçün bu yolla
qarışıqlıq yaratmaq daha asan olur.

85

Lakin ölkəmizin inkişafı, dövlətimizin güclənməsi, aparılan
uğurlu dövlət-din siyasətinin doğru bir şəkildə həyata keçirilməsi
çirkin niyyətli insanların öz məqsədlərini reallaşdırmasına imkan
verməmişdir.

Sevindirici hal odur ki, xalqımız tarix boyu din və
məzhəbçilik məsələlərinə həssaslıq göstərmişdir. Nəticədə ölkədə
indiyə qədər din və məzhəb zəminində heç bir qarşıdurma baş
verməmişdir. Qədirbilən xalqımız dinindən, məzhəbindən, etnik
mənsubiyyətindən asılı olmayaraq hər zaman mehriban dostluq və
qardaşlıq şəraitində yaşamışdır. Keçmiş əcdadlarımız tərəfindən
qorunub saxlanılan bu ənənələr indiki və gələcək nəsillərin
üzərində böyük məsuliyyət yaradır. Biz hər birimiz bir vətəndaş
olaraq öz məsuliyyətimizi dərk etməli və bu istiqamətdə əməli
fəaliyyət göstərməliyik.

Mündəricat

Giriş ..............................................................................................3
Hədis Elmi ....................................................................................5
Hədis və islami elmlər ..................................................................8
Hədis növləri .................................................................................9
Hədis elminin tarixçəsi ...............................................................16
Hədislərin əzbərlənməsi .............................................................18
Hədislərin yayılması ...................................................................20
Hədisin İslamdakı yeri ................................................................21
Hədislərin yazılması ...................................................................24
Şiə məzhəbinə görə hədislərin yazılması və təsnifi ....................27
Uydurma hədis ...........................................................................28
Hədis uydurma fəaliyyətinin səbəbləri .......................................31
Hədis Uydurma Metodları ..........................................................37
Saxta hədisləri aşkar etmə metodları ..........................................39
Uydurma hədislərin fəsadları ......................................................44
Hədis uydurmağın hökmü ..........................................................46
Hədis uydurma fəaliyyətlərinə qarşı elmi, maarifləndirmə
tədbirləri .....................................................................................47
Radikalizm ................................................................................. 49
Din adı altında yayılan radikalizm ...............................................51
Dini radikalizmin yaranma səbəbləri ..........................................54
Quran və səhih hədislərdə radikalizmə münasibət ......................62

Dini radikalizmlə mübarizə yolları ............................................ 62
Xurafatla əlaqəli uydurma hədislər ............................................ 74
Qadınlar əleyhinə uydurulmuş hədislər ..................................... 77
Radikalizmə səbəb olan uydurma hədis nümunələri .................. 78
Uydurma hədislərlə əlaqəli əsərlər .............................................80
NƏTİCƏ .................................................................................... 83

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version