The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

İntihar mənəvi və ictimai müstəvidə 1x32

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:10:21

İntihar mənəvi və ictimai müstəvidə 1x32

İntihar mənəvi və ictimai müstəvidə 1x32

Ceyhun Əliyev

İntihar:

mənəvi və ictimai müstəvidə

Bakı 2018

Ceyhun Əliyev

İntihar:

mənəvi və ictimai müstəvidə

Mündəricat

Müəllifdən...........................................................5

I FƏSİL

İNTİHAR: NİYƏ VƏ NƏ ÜÇÜN?..................9
Psixoloji xəstəliklər və sarsıntılar.....................11
Ailədə ünsiyyət problemi...................................15
Uğursuzluq........................................................19
Maddi çətinlik....................................................23
Dini radikalizm və ekstremizm..........................26
Spirtli içki, qumar və narkomaniya...................30
Sərhədsiz azadlıq və üsyankarlıq......................33

II FƏSİL

İNTİHAR: NECƏ MÜBARİZƏ APARAQ?........36
Risk kütləsi........................................................38
Mübarizə yolları................................................45
Elmi mübarizə...................................................46

İctimai-siyasi mübarizə.....................................48
Praktiki mübarizə..............................................50
İnzibati-hüquqi mübarizə..................................52
Milli strategiyalar..............................................54
Yaponiya............................................................56
Çili....................................................................61
İsveçrə...............................................................63
Şotlandiya.........................................................65

III FƏSİL

İNTİHAR: ÇARƏ DEYİL.............................69
MÜBARİZƏ......................................................72
ÜMİD VƏ ÜMİDSİZLİK...................................78
SƏBİR...............................................................84
SƏMİMİYYƏT VƏ XOŞ RƏFTAR.....................90
SOSİAL ƏDALƏT..............................................94
Yekun.................................................................97
İstifadə edilmiş ədəbiyyat................................100

Müəllifdən

Təəssüflə qeyd etməliyik ki, bu gün
dünyanın ən aktual mənəvi və ictimai
problemlərindən biri intihardır. Hər bir intihar
əslində böyük bir faciədir. Hesablamalara
görə dünyada ildə 800.000 insan intihar
edir. Bütün cəmiyyətlərdə mövcud olan bu
problemin son illərdə daha da kəskin statistik
rəqəmlərlə təzahür etməsinin müxtəlif
səbəbləri var. Dünyada elmi-texniki tərəqqinin
güclənməsi və innovativ texnologiyaların
genişlənməsi nəticəsində “sosial təmas
xəttləri”nin zəifləməsi müşahidə edilir.
İctimai münasibətlər yeni formaya keçərək
daha çox virtual xarakter almışdır. Mənəvi
duyğular maddi tələblərin gerisində qalaraq
tənzimləyici funksiyasını itirməkdədir.
İnsanlar gündəlik qayğılar və sosio-psixoloji

5

yüklənmə nəticəsində bəzən intiharı bir seçim
olaraq qəbul etməyə başlamışlar. Şübhəsiz ki,
mövzu günümüzdə çox həssas və incə xarakterə
malik olduğu üçün mütəxəssislər tərəfindən
də diqqət mərkəzində saxlanılmalıdır.

İntihar fenomeni həm tibbi, həm də
psixoloji baxımdan kifayət qədər araşdırılmış,
bununla bağlı müxtəlif səpkili elmi əsərlər
yazılmışdır. İnsanın bu həddə çatması və
yekunda bu addımı atması öz özlüyündə dərin
elmi araşdırma tələb edən məsələdir. Bunun
başlıca səbəbi ondan ibarətdir ki, cəmiyyətdə
baş verən digər patoloji hallardan fərqli olaraq
intihar insanın özünə yönəlmiş və nəticədə öz
həyatının sonlandırılması ilə nəticələnəcək bir
addımdır. İnsan üçün ən dəyərli məfhumun
həyat olduğunu nəzərə alsaq, intiharın necə
mürəkkəb hadisə olduğunu başa düşmüş
olarıq.

6

Biz bu kitabda məsələyə başqa bir
bucaqdan baxmağa çalışmışıq. Yuxarıda qeyd
edilənləri intiharın fərdilik prinsipi əsasında
formalaşan amilləri olaraq qiymətləndirə
bilərik. Lakin intihar sadəcə insanın özünə
və ətrafına aid olan bir məsələ deyil. Hər bir
intihar hadisəsi kütləvi informasiya vasitələri
tərəfindən işıqlandırıldıqda cəmiyyət üçün
ciddi travmalara səbəb olur. Müxtəlif
insanlar bu kimi hadisələrdən ciddi şəkildə
mənəvi və psixoloji olaraq təsirlənir, hətta
depressiyaya düşə bilirlər. Xüsusilə gənc
nəslin nümayəndələrinin tez-tez bu kimi
məlumatları eşitməsi onların dünyagörüşünə
də mənfi təsir göstərir. Belə olan halda intiharın
mənəvi və ictimai təzahürləri meydana çıxır.
İnsanlar arasında düzgün və məqsədyönlü
maarifləndirmənin aparılmadığı təqdirdə bir
intihar hadisəsi cəmiyyətdə ciddi, travmatik

7

və mənəvi böhran yaratmaq iqtidarındadır.
Bütün bunlar nəzərə alınaraq, intiharın
mənəvi və ictimai təzahürləri ilə bağlı
araşdırmanın nəticəsində bu kitab ərsəyə
gəlmişdir. Kitabın yazılmasının əsas məqsədi
bütün insanlıq üçün təhlükəli tendensiyaya
çevrilmiş intihar fenomeni, onun mənəvi və
ictimai təsirləri ilə effektiv mübarizə yollarını
müəyyənləşdirməkdir

8

I FƏSİL

İNTİHAR:
NİYƏ VƏ NƏ ÜÇÜN?

... özünüzü öldürməyin!
Həqiqətən, Allah sizə qarşı
mərhəmətlidir!

Nisa sürəsi, 29-cu ayə

Dünyada yayılmış bütün dinlər və
ideologiyaların mərkəzində insan faktoru
dayanır. İnsansız dünyanı və cəmiyyəti
təsəvvür etmək mümkün deyil. Bununla
yanaşı, bütün fikir və düşüncələrin mərkəzində
olan insan böyük mənəvi potensiala malik
şəkildə yaradılsa da bəzən təlatümlər içinə
düşərək zəiflik və nadanlıq da göstərə bilir.

9

İslam dini insanı yer üzünün xəlifəsi və ən
şərəfli varlıq olaraq qiymətləndirir. Cismani
və ruhi baxımdan bütün canlılardan üstün
olan insan bu üstünlüyünün fərqinə varmağı
bacarmalıdır. Canın qorunmasını özünün
əsas prinsiplərindən biri olaraq müəyyən
etmiş İslam dini başqası tərəfindən və ya
insanın öz tərəfindən yönəlməsindən asılı
olmayaraq insan öldürməyi böyük cinayət
hesab edir. Dolayısıyla, insanın özünə
qəsd etməsi və həyatını məqsədli şəkildə
sonlandırması İslam dinində qəbuledilməz
və bağışlanılmaz bir günahdır. Lakin qeyd
etməliyik ki, insanın mənəvi sarsıntılara
və psixoloji məngənəyə düşərək bu yola əl
atmasının bir çox səbəbləri vardır. Həmin
səbəblərin araşdırılaraq müəyyən edilməsi bu
problemin aradan qaldırılması üçün başlıca
şərtlərdən biridir.

10

Psixoloji xəstəliklər
və sarsıntılar

İnsan psixoloji baxımdan çox mürəkkəb
bir varlıqdır. Təcrübələr göstərir ki, bir hadisə
müxtəlif xasiyyətli insanlarda fərqli təzahürlər
meydana çıxara bilər. Qısa bir nümunə ilə
deyə bilərik ki, bir insan qan gördüyü halda
ciddi psixoloji travma alırsa, başqa bir insan
eyni vəziyyətdə soyuqqanlılığını qoruya bilir.
Psixolgiyada olan fərdi yanaşma prinsipinin
də başlıca səbəbi budur. Gündəlik həyatımızda
qarşılaşdığımız çətinliklər, müxtəlif neqativ
hallar şübhəsiz ki, insan psixologiyasına
təsirsiz ötüşmür. Bu təsirlərin intensivliyi
artdığında daha dərin psixoloji travmalar
meydana gələrək insanların müxtəlif səpkili
reaksiyalarına səbəb olur.Günümüzdə ən çox

11

diqqət çəkilən məqamlardan biri keçmişdə
insanların daha möhkəm psixologiyaya sahib
olduğu və intiharların daha az olduğu ilə
bağlı iddialardır. Obyektiv qiymətləndirməyə
çalışsaq deyə bilərik ki, bu günki dünyanın
reallıqları ilə əlli il əvvəlki dünyanı müqayisə
etmək ən azından ədalətsizlik olar. Ötən
müddət ərzində insanın yaşadığı bütün
şərtlər və mühit dəyişib. Texnolji inkişafdan
informasiya mübadiləsinə qədər tamam
fərqli bir dünya ilə üz-üzədir bütün insanlar.
Keçmişdə hansısa ucqar kənddə baş vermiş
intihar hadisəsini şəhərdə yaşayan insanın
bilmə ehtimali demək olar ki yox idi. İndi
isə dünyanın istənilən nöqtəsində baş
vermiş hadisə dəqiqələr ərzində ictimailəşir
və gündəmə gəlir. Belə olan halda keçmiş
və bu günün statistikasını aparmaq sadəcə
statistik baxımdan faydalı ola bilər. Digər bir

12

məsələ isə psixoloji yüklənmə ilə bağlıdır.
Müasir dünyada informasiya bolluğu özünün
ardınca psixoloji yüklənmə də gətirir. Diqqət
edirsinizsə insan işdən uzaqlaşıb təbiətin
qoynuna getdiyində, informasiya yükündən
azad olaraq müəyyən sakitlik içində olduğunda
psixoloji baxımdan çox böyük rahatlıq tapır.
Təsadüfi deyil ki, əmək məzuniyyətinə
çıxan bütün insanlar şəhərdən uzaqlaşmağa,
təbiətə yönəlməyə can atırlar. Bütün bunlar
bir daha sübut edir ki, psixoloji sarsıntıların
təsiri vaxtında aradan qaldırılmadığında
xəstəliyə çevrilərək insan həyatı üçün təhlükə
mənbəyi funksiyasını daşıyır. Hər bir halda
intihara gətirib çıxaracaq psixolji xəstəliklər
və sarsıntıların qarşısı vaxtında alınmalıdır.
Bunun üçün ən vacib elementlərdən biri
insanın öz üzərində tənzimləyici tədbirlər
görməsi ilə bağlıdır. Uzun və yorucu iş

13

prosesindən, eləcə də psixoloji gərginlik
yaradan məşğuliyyətlərdən sonra bir müddət
mənəvi və fiziki istiarəhətə diqqət edilməli,
itirilmiş enerji bərpa edilməlidir. Ailələrdə
psixoloji sarsıntıların aradan qaldırılması
üçün tədbirlər görülməlidir. Kəmiyyətindən
asılı olmayaraq hər hansı kollektivə
rəhbərlik edən şəxslər də orada fəaliyyət
göstərən insanların psixoloji durumunu
nəzərə almalı, psixoloji gərginlik yaradacaq
proseslərin inkişafının qarşısını almalıdırlar.
Belə olduğu təqdirdə ümumilikdə psixoloji
xəstəlik və sarsıntılarla bağlı intihar meyilləri
ilə mübarizədə effektivliyə nail olmaq
mümkündür.

14

Ailədə ünsiyyət problemi

Ailə bütün cəmiyyətlərin özəyi və sosial
bazasıdır. Ailələrdə gedən proses nəticədə
cəmiyyətdə gedən prosesi formalaşdırır. Ailə
institutunun güclü olduğu cəmiyyətlər mənəvi
baxımdan daha möhkəm və dayanıqlı olur.
Şübhəsiz ki, Azərbaycan xalqı tarixi köklərə
və ənənələrə sadiq qalaraq ailə dəyərlərini
hər zaman üstün tutmuş, cəmiyyətimizdə
ailə sütunları möhkəmliyi ilə seçilmişdir.
Günümüzdə də ailəyə olan hörmət və
ehtiram yüksək olsa da bəzi çatışmazlıqları
da müşahidə etmək mümkündür. Müasir
dövrdə virtual dünyanın insanlar üçün ön
plana keçdiyini nəzərə alaraq deyə bilərik ki,
cəmiyyətdə olan qarşılıqlı ünsiyyət problemi
ailələrə də birbaşa sirayət etməkdədir. Atalar
və analar, bacılar və qardaşlar, babalar və

15

nənələr bizim ailə dəyərləri sisteminin ən
vacib elementləridir. Amma etiraf etməliyik
ki, bu gün qeyd etdiyimiz fərdlər arasındakı
münasibətlər istənilən səviyyədə deyil.
Xüsusilə şəhərlərdə və əhalinin sıx yaşadığı
yerlərdə ikinci dərəcəli qohumlarla ünsiyyət
minimum səviyyəyə enmiş, ailədaxili
ünsiyyət isə keyfiyyətini itirmişdir. Biz bir-
birimizi dinləməyi, anlamağı və bölüşməyi
ikinci plana keçirmişik. Virtual aləmdə olan
dostumuzla qardaşımızdan və ya bacımızdan
daha çox ünsiyyət qururuq. Virtual
dostlarımız nəzəri mənada bizim həyatda
qarşılaşdığımız çətinlik və sıxıntılardan
məlumatlı ola bilər, ancaq bizim bu
problemlərimizin həllində praktiki olaraq
iştirak etmirlər. Ailəmiz isə tam əksinə, ən
yaxınımızda olan, eyni dəyərləri və həyatı
paylaşdığımız insanlardır. Onların bizimlə

16

olan səmimiyyəti və bizə olan münasibəti
tam fərqli məcradadır.

Son dövrlər müşahidələr göstərir ki,
bəzi intihar hadisələrinin baş verməsində
və ya qarşısının alınmamasında məhz
ailədə ünsiyyət problemi dayanır. Xüsusilə
bəzi ailələrdəki valideyn-övlad münasi-
bətlərindəki uçurum faciəvi sonluqlara
gətirib çıxarır. Diqqət edirsinizsə bəzi intihar
hadisələrindən sonra valideyn və ya ailə
üzvləri ailə fərdinin hansı səbəbdən intihar
etdiyini bildikdə dəhşətə gəlir, problemdən
məlumatsız olduqlarını bildirirlər. Gündəlik
qayğılar insanları mənəvi qayğılardan
yayındırır. Bəzən ailədə uşaqlarımızın ən
keyfiyyətli qida, geyim və digər tələbat
vasitələri ilə təmin etsək də onları mənəvi
qida ilə təmin etməyi unuduruq. Hər axşam
bir süfrə ətrafında əyləşərək həmsöhbət

17

olmaq, bir-birimizi düşündürən və ya narahat
edən qayğılarla maraqlanmaq çox vacibdir.
Bunu adət halına çevirsək ailədə ünsiyyət
problemini də həll etmiş olarıq.

18

Uğursuzluq

Həyatın ən vacib hədəflərindən biri uğur
qazanmaqdır. Uğur hər bir insan üçün əvəzsiz
motivasiya qaynağıdır. Dünyada yüzlərlə
motivasiya psixologiyası üzrə ixtisaslaşmış
şəxslər uğur qazanmağın yolları barədə
minlərlə kitablar yazıblar. Hər bir fərdin
uğur qazanmaq üçün çalışması, bu yolda
əlindən gələn hər şeyi etməsi təqdirəlayiq
bir haldır. Lakin həyatın reallıqlarını nəzərə
almaq lazımdır. Qayğılar, çətinliklər və
keşməkeşlərlə dolu insan həyatı hər zaman
uğurla müşayiət olunmur. Bəzən uğursuzluğa
uğrayır, xətalara yol veririk. Belə olan
halda fərdi psixolji durum faktoru öz rolunu
oynayır. Bəzi insanlar uğursuzluqdan
təcrübə qazanaraq yenidən cəhd edib
mübarizə apardığı halda, başqa insanlar ilk

19

uğursuzluqdan böyük bir depressiyaya düşür,
hətta intihara əl atırlar. Şübhəsiz ki, burada ətraf
təsirlər də böyük rol oynayır. Cəmiyyətimiz
üçün xarakterik bir nümunəyə diqqət yetirək.
Biz orta məktəbin son illərindən başlayaraq
ali məktəbə qəbul imtahanına hazırlaşır,
müxtəlif kurslara, repetitor yanına gedərək
yüksək nəticə göstərmək üçün var gücümüzlə
çalışırıq. Əslində burada qeyri-adi heç bir şey
yoxdur. Təbii ki, hər bir insan ali təhsil almaq
və həyatda daha yüksək mövqe tutmaq üçün
cəhd etməlidir. Fəqət burada təəssüf ki, ətraf
təsirlər məsələni öz müstəvisindən çıxararaq
ölüm-həyat nöqtəsinə gətirir. Abituriyent
olan gəncin ətrafında elə bir gərgin mühit
yaradılır ki, həmin gənc ali məktəbə qəbul
olmamağı ölümə bərabər hesab edir.
Qohumlar, qonşular, ələlxüsus valideynlərin
təzyiqi imtahan vaxtının yaxınlaşması ilə düz

20

mütənasib qaydada artmağa başlayır. Bəzən
valideyn övladının real potensialını nəzərə
almadan onun qarşısında elə tələblər qoyur
ki, bu ağır nəticələrə gətirib çıxarır. Müxtəlif
obyektiv və subyektiv səbəblərdən ali məktəbə
ilk dəfədən qəbul ola bilməyən gənc böyük
bir boşluğa düşür. O, hamının gileyini və
tənəsini eşitmək məcburiyyətində qalmaqla
yanaşı, bu “xəcalətdən” qurtulmağın yollarını
axtarmağa başlayır. Son dövrlərdə baş verən
bəzi intihar hadisələrində bu motiv çox
qabarıq şəkildə hiss edilməkdədir. Şübhəsiz
ki, uğursuzluğun intihara gətirib çıxarması
zəif və dayanıqsız psixoloji durumda olan
insanlarda müşahidə edilir. Bunun qarşısının
alınması məsələsi isə sırf fərdi prinsiplərə
bağlıdır. Uğursuzluğu fəlakət və faciə kimi
qəbul etsək bu bizə öz ardınca mürəkkəb
psixoloji sarsıntılar gətirəcək. Dünyada

21

böyük uğur hekayələri olan insanların
mütləq əksəriyyəti bu uğura çatana qədər
yüzlərlə uğursuzluqla rastlaşdıqlarını öz
müsahibələrində qeyd edirlər. Bu məsələdə
ailələr və yaşlı nəslin nümayəndələri gəncləri
düzgün şəkildə yönləndirməyi bacarmalıdır.
Hər hansı uğursuzluqdan sonra həyatda yeni
addımlayan insanlara tənə vurmaq, onların
qürurunu sındırmaq, uğursuzluqlarını hər
addımbaşı xatırlatmaq çox yalnış addımdır.
Tam əksinə uğursuzluq nəticəsində depressiv
vəziyyətə düşən insanlara müxtəlif vasitələrlə
kömək etmək, onları yenidən ruhlandırmaq,
tək olmadıqlarını hiss etdirmək və “həyat
davam edir” şüarını onlara aşılamaq böyük
əhəmiyyət kəsb edir.

22

Maddi çətinlik

Etiraf etməliyik ki, günümüzdə maddiyyat
amili və maddi tələbat yaşayış üçün ən
vacib elementlərdən birinə çevrilmişdir. Bu
tələbatın ödənilməsi üçün insanlar gecə-
gündüz çalışaraq müxtəlif sahələrdə fəaliyyət
göstərirlər. Bəzən bu proses çərçivəsində işini
itirənlər, maddi gəliri zəifləyənlər və müxtəlif
səbəblərdən borclu vəziyyətə düşənlər
ola bilər. Belə maddi çətinliklə üzləşən
insanların hadisələrə verdiyi reaksiya fərqli
şəkildə təzahür edir. Psixoloji baxımdan zəif
və iradəsiz xarakterə malik, uzun müddət
eyni məşğuliyyyətlə ailəsini təmin edən
şəxslər dərin bir boşluqla üz-üzə qalırlar.
Gələcəklə bağlı ümidsizliyə qapılaraq
krizis vəziyyətinə gəlir, iqtisadi çətinliklər
psixoloji travmaya çevrilərək həmin şəxsləri

23

intihar həddinə çatdıra bilir. Onu da qeyd
etmək lazımdır ki, hər hansı maddi çətinliklə
üzləşmiş şəxslərin bu addımı atmasını
sırf həmin hadisə ilə bağlamaq doğru bir
yanaşma deyil. İnsanın ümumi psixoloji
və mənəvi vəziyyəti, hadisələrə reaksiyası,
uşaqlıq və yeniyetməlik dövründə aldığı
psixoloji travmalar və digər amilləri nəzərə
almaq lazımdır. Dünya praktikasına nəzər
saldıqda biz görürük ki, belə hallar daha
çox maliyyə böhranı və iqtisadi çətinliklərlə
üzləşmiş ölkələrdə daha çox müşahidə edilir.
Kütləvi şəkildə iş yerlərinin bağlandığı və
işsizlik probleminin normadan artıq, qabarıq
şəkildə ortaya çıxdığı ölkələr qabaqlayıcı
tədbirlər görmədikdə bu problemlər mənəvi
müstəviyə keçərək intihar hadisələrinin
çoxalmasına gətirib çıxarır. Zənnimcə maddi
çətinlik və sosial problemlərlə bağlı intihar

24

hallarını intiharın başlıca səbəbləri sırasına
qoymaq doğru deyil. Aparılan araşdırmalara
görə ən çox intihar hadisələri inkişaf etmiş
ölkələrin payına düşür.1 Əgər insanların rifah
səviyyəsinin və maddi gəlir göstəricilərinin
yüksək olduğu ölkələr intihar halları ilə bağlı
ön sıralarda yer alırsa deməli məsələnin
mahiyyətini maddi deyil, daha çox mənəvi-
psixoloji istiqamətdə axtarmaq lazımdır.

1. http://sesqazeti.az/news/social/588271.html

25

Dini radikalizm
və ekstremizm

İlkin baxışda dini radikalizm və
ekstremizmin intiharla ciddi bir əlaqəsinin
olmadığını iddia edə bilərik. Bütün səmavi
dinlərdə və xüsusilə İslam dinində insanın
özünü öldürməsinin qadağan edildiyini
nəzərə alsaq heç şübhəsiz belə görünə bilər.2
Ancaq həqiqətdə dünyada dini radikalizm
və ekstremizm nəticəsində çoxşaxəli intihar
nümunələri mövcuddur. İlk olaraq onu
deyək ki, dini radikalizm və ekstremizmin
ən böyük fəsadlarından biri terror və
terrorçuluqdur. İnsanlığın bəlasına çevrilmiş
terrorizm ölkələrin, şəhərlərin, qəsəbələrin
viran qalmasına, dağılmasına səbəb olmuş,
minlərlə insan terror nəticəsində qətlə

2. Nisa surəsi, 29

26

yetirilmiş, milyonlarla insan öz evindən,
yurd-yuvasından didərgin düşmüşdür. Son
illər ərzində Yaxın Şərqdə dini zəmində baş
verən münaqişələrin acınacaqlı nəticələrini
hər birimiz müşahidə edirik. İslam dini ilə
Qurani-Kərimin prinsiplərinin təhrif edilməsi
nəticəsində radikallıq və ekstremizm meyilləri
artmış və böyük fəlakətlərə gətib çıxarmışdır.
Həmin terrorçuluq və işğalçılıq hadisələri
nəticəsində yüzlərlə insan dözməyərək
intihar etmiş, öz həyatını məqsədli şəkildə
sonlandırmışdır. Xüsusilə qadınlar arasında
bu tendensiya geniş yayılmış, onlar qəsbkarlıq
və zorakılıq qurbanı olmamaq üçün
çarəni intiharda görmüşlər. Dini zəmində
radikalizmin artması ilə bu kimi hadisələrin
çoxalması məsələnin sadəcə bir tərəfidir.
Digər tərəfdə isə radikal dini təbliğatın
qurbanı olan insanlar var. Dini mətnlərdən,

27

hansısa “alimlərin” uydurma fətvalarında
çıxış edərək bu şəxslərə özünü din yolunda
qurban vermək, canından keçmək, nəticədə
guya cənnətə düşmək aşılanmışdır. Üzərinə
partlayıcı maddə bağlayan belə insanlar həm
özlərini, həm də yüzlərlə günahsız insanları
həlak etmişlər. Ən acınacaqlısı isə odur ki,
vaxtaşırı belə intihar terrorçuları qismində
uşaqlardan istifadə edilmişdir. Nə dinin,
nə də həyatın mahiyyətinə bələd olmayan
bu uşaqlar terrorçuların məkrli planlarının
qurbanına çevrilərək intiharı terrora vasitə
olaraq seçmişlər. Təəssüflə qeyd etməliyik
ki, ümumbəşəri və ülvi dəyərlərə malik
İslam dini bəzi terrorçu qruplar tərəfindən
təhrif edildiyində öz məqsədindən çıxaraq
bu kimi cinayətkar əməllərə alət olurlar.
Yuxarıda qeyd edilənlər bir daha deməyə
əsas verir ki, dini radikalizm və ekstremizmin

28

fəsadlarından biri də məhz intihar
hadisələridir. Bu baxımdan günümüzdə dini
ekstremizm və radikalizmlə maarifləndirmə
xarakterli mütəmadi mübarizə intiharların
qarşısının alınmasına da yardım edəcəkdir.

29

Spirtli içki, qumar
və narkomaniya

Zərərli vərdişlər daim cəmiyyət üçün
müxtəlif kataklizmlərin mənbəyi olmuşdur.
Ailədaxili münaqişələr, cinayətkarlıq,
zorakılıq və digər bu kimi ictimai fəsad törədən
hadisələrin mütləq əksəriyyətinin kökündə
zərərli vərdişlər dayanır. Zərərli vərdişlər
nəticəsində cəmiyyət üçün ciddi təhlükələr,
o cümlədən intihar hadisələri də baş verir.
Alkoqollu içki aludəçisi olan və ya narkotik
vasitələrdən istifadə edən şəxslərdə bir müddət
sonra yaranmış psixi pozuntular nəticəsində
intihara meyillilik yaranır. Həyatın onlar üçün
mənasızlaşdığını düşünən belə şəxslər çarəni
bəzən həyatı sonlandırmaqda görürlər. Təbii
ki, zərərli vərdişlərin fəsadları bununla bitmir.

30

Onlar həm sağlamlıqlarına, həm ailə üzvlərinə,
həm də ümumilikdə cəmiyyətə zərər yetirir,
müxtəlif səpkili çətinliklər törədirlər.

Bu mövzu ilə bağlı qumar və şans oyunları
barədə də danışmaq olar. Bəzi şəxslər belə
oyunların aludəçisinə çevrilərək külli miqdarda
vəsait itirə bilirlər. Hətta yaşadığı mənzili belə
şans oyunları və qumarda itirən insanlar var.
Belə insanlar sonradan etdiyi əməllərin fərqinə
vararaq dərin depressiyaya qapılırlar. Yaranmış
külli miqdarda borcdan və ya ailə üzvlərinin
qınağından qurtulmağın “asan” yolunu intihar
etməkdə görən belə insanlar nəticədə cəmiyyət
üçün də mənfi nümunə qoymuş olurlar.

Zərərli vərdişlərlə mübarizə ictimai
baxımdan olduqca əhəmiyyətlidir. Xüsusilə
gənclərin belə zərərli vərdişlərin istifadəçisinə
çevrilməsi onların gələcəyinin sual altına
düşməsinə səbəb olur. Bu məsələdə hər bir

31

kəs məsuliyyətli davranmağı bacarmalıdır.
Öz ailə üzvlərimizin və doğmalarımızın belə
zərərli vərdişlərə aludə olmaması üçün onlarla
maarifləndirmə xarakterli söhbətlər aparmalı,
bu vərdişlərin zərərlərini onlara izah etməliyik.
Bəzən evdə yeniyetmə uşaqların narkomaniya
və ya qumarla bağlı valideynlərinə
ünvanladığı suallar cavabsız qalmamalıdır.
Bəzi valideynlər uşaqların bu kimi suallarını
çox aqressiv şəkildə qarşılayır, onları danlayır
və cavab verməkdən boyun qaçırırlar. Əslində
isə tam əksinə, valideynlər izahlı şəkildə öz
övladlarına bu suallarla bağlı cavab verməli,
onlar üçün “qadağan” hesab edilən mövzularda
danışmaqdan çəkinməməlidirlər. Bəzən öz
övladımızla etdiyimiz səmimi bir söhbət
onların böyük səhv və xətalardan qorunmasına
səbəb ola bilər.

32

Sərhədsiz azadlıq
və üsyankarlıq


Daha əvvəl intiharla bağlı qeyd
etdiyimiz səbəblərin müəyyən obyektiv
və subyektiv tərəfləri var idi. İnsanların
fərqli psixologiyaya, ailə mühitinə və həyat
tərzinə uyğun olaraq müəyyən edilmiş
bu kimi səbəblərin içində təəssüf ki,
sərhədsiz azadlıq və üsyankarlıq faktoru da
mövcuddur. Bəzi gənclər özlərini “təsdiq”
etmək, onları sevən insanlara mənəvi zərbə
vurmaq üçün və ya hər hansı qeyri-ənənəvi,
zərərli təbliğatın təsirinə düşərək intihar
yolunu seçirlər. İnternet resursları və sosial
şəbəkələrdə təşkil edilmiş, xüsusilə gənclərin
psixi sağlamlığını məhv etməyə yönəlmiş
“oyunlar”, zərərli proqramlar bu kimi faciəvi

33

hadisələrə gətirib çıxara bilir. Gənclərin
fiziki sağlamlığı qədər mənəvi sağlamlığı
da böyük əhəmiyyətə malikdir. Mənəvi
cəhətdən sağlam olmayan gənc nəinki özünə,
ətrafına da zərər yetirməyə başlayır. Müasir
dünyanın və qloballaşmanın gətirdiyi bir sıra
müsbət yeniliklər var, ancaq unutmamalıyıq
ki, müasirlik mənəviyyatsızlıq demək deyil.
Müasirlik adı altında biz öz dəyərlərimizi və
mənəviyyatımızı itirdiyimiz təqdirdə böyük
təhlükələrlə üzləşə bilərik. İntihar hadisələri
bu təhlükələrdən biridir. Bəzən gözümüz
qarşısında baş verən prosesləri düzgün
dəyərləndirə bilmir, yalnışlıqlara yol veririk.
Bunun nəticəsində müasir və intellektli
hesab etdiyimiz insanlar yekunda mənəvi
dəyərlərimizə sığmayan addımlar atır, bu
dəyərlərə kölgə salırlar. Azadlığın sərhədi
olmayanda o artıq anarxiya və xaosa çevrilir.

34

İntihar yolunu seçərək dünyaya, insanlığa və
ən əsası Allaha meydan oxuyan insan əslində
məğlub olduğunu dərk etmir. Vaxtsız ölüm
həmişə acıdır. Ancaq intihar nəticəsində
hər hansı gəncin vaxtsız ölümü daha acıdır.
Çünki o sadəcə öz həyatını sonlandırmır. O,
özündən sonra ailəsinə böyük bir psixoloji
travma və ictimai qınaq mənbəyi yaradır.
Şübhəsiz ki, intihar yolunu seçən fərdin
həmin vəziyyətə gəlməsi uzunmüddətli
bir prosesin nəticəsidir. Burada ictimai,
psixoloji, mənəvi səbəblər var. Lakin özünü
təsdiq etməyə çalışan kimsə anlamaladır ki,
əslində o, bu addımı ilə özünü təsdiq etmə
şansının üzərindən birdəfəlik xətt çəkir.



35

II FƏSİL

İNTİHAR:
NECƏ MÜBARİZƏ APARAQ?

(İctimai mübarizənin əsasları)

Kitabın birinci fəslində intiharın niyə və
nə üçün baş verdiyini, bir sözlə səbəbləri
haqqında danışdıq. Əlbəttə ki qeyd edilən
səbəblərdən başqa səbəblər də ola bilər və
bu istisna deyil. Lakin səbəb nə olursa olsun
nəticə birdir- İNTİHAR. Bir ömrün bitməsi
və geriyə qalan təəssüf hissi. Ona görə də
belə qərara gəldik ki, kitabın daha geniş
hissəsini intiharla mübarizəyə həsr edək.
Mübarizə dedikdə həm kollektiv şəkildə
olan ictimai mübarizə, həm də hər birimizin

36

mənəvi baxımdan özümüz və ətrafımız
üçün olan profilaktik mübarizə yollarını
nəzərdə tuturuq. İlk olaraq onu qeyd edək
ki, insanlarda belə bir təsəvvür var ki, hər bir
intihar gözlənilməz şəkildə təzahür edir. Bu
təsəvvür kökündən yalnışdır. İntihar edən hər
bir şəxsin söz və hərəkətlərini izləsək əslində
intiharın qarşısını almaqda böyük effektivliyə
nail ola bilərik. Şübhəsiz ki, burada həmin
söz və hərəkətlərin ehtiva etdiyi mənanı
düzgün qiymətləndirmək lazımdır. Adətən bir
insanın intihar yolunu seçməsində bir faktor
və ya tək bir hadisə rol oynamır. Burada bir
çox hadisələr və faktorların cəmindən söhbət
gedir.

37

Risk kütləsi


İntiharla mübarizə günümüzün ən aktual
mövzularından biridir. Bütün dünya ölkələri
intihara qarşı mübarizənin vacibliyini
mütəmadi olaraq qeyd edirlər. Mübarizənin
düzgün istiqamətdə və effektiv təşkilini
həyata keçirmək üçün ilkin risk altında olan
kütləni müəyyənləşdirmək vacibdir.
Stress və depressiya. Risk altında olan
insanların böyük əksəriyyəti stres keçirən
və depressiyaya düşən insanlardır. Müxtəlif
səbəblərdən belə vəziyyətdə olan fərdlər
intiharı yaranmış çətin vəziyyətdən çıxış
yolu olaraq qiymətləndirirlər. Bəzi insanlar
ən xırda çətinlikdən belə depressiyaya düşür
və ya stress keçirirlər. Kritik anda onların
vəziyyətini qiymətləndirmək baş verə biləcək

38

faciənin qarşısının alınması baxımından çox
vacibdir.

Müharibə və münaqişə zonaları. Dünya-
da tarixən bir çox müharibə və münaqişələr
baş vermiş, milyonlarla insan bu hadisələr
zamanı həlak olmuşdur. Müharibə hər bir
insan üçün çox ağır və faciəvi bir hadisədir.
Müharibənin nə olduğunu xalqımız da yaxşı
bilir. Torpaqlarımızın 20 %-nin Ermənistan
tərəfindən işğal edilməsi, bir milyondan
çox qaçqın və məcburi köçkünümüzün
olması müharibənin acı nəticələrinin bariz
nümunələrindəndir. Qarabağ müharibəsi və
Xocalı soyqırımı ilə bağlı olan tarixi faktlarda,
o cümlədən bədii əsər və filmlərdə müharibənin
nə qədər çətin psixoloji sarsıntı olduğunu
açıq şəkildə görmək mümkündür. Şübhəsiz
ki, dünyanın bütün nöqtələrində müharibə və
münaqişələrlə bağlı eyni vəziyyət hökm sürür.

39

Müharibə dövrü və müharibədən sonrakı dövr
həmin müharibənin iştirakçıları və şahidləri
üçün psixoloji sınaq dövrüdür. Bir çox insanlar
müharibədə şahidi olduğu dəhşətli mənzərələri
sonrakı dövrdə də xatırlayır, hətta yuxularında
görürlər. Bu proseslərin ağır psixi yükünü
nəzərə alaraq bir çox mütəxəssislər risk kütləsi
içində müharibə və münaqişə ocaqlarında
yaşayan insanları qeyd edirlər.

Yeniyetmə və gənclər. İnsan həyatının
ən maraqlı dövrü yeniyetməlik və gənclik
dövrüdür. Qayğılarımızın az, həyəcanımızın
isə çox olduğu bu dövrün özünəməxsus
xüsusiyyətləri vardır. Şəxsiyyətin formalaş-
dığı bu dövr ağ kağıza yazılan yazı kimi-
dir əslində. Bütün ruhi sarsıntılar və təla-
tümlərin əksəriyyəti bu dövrə təsadüf edir.
Təcrübəsizlikdən edilən xətalar bəzən dərin iz
buraxır yeniyetmə və gənclərdə.

40

Son araşdırmalar onu göstərir ki, intiharın
yaşı sürətlə gəncləşməkdədir. Səbəblərin
bəzilərini əvvəlki fəsildə qeyd etmişdik.
Araşdırmalara əsalanaraq deyə bilərik ki,
hazırda ən böyük risk kütlələrindən biri də
məhz yeniyetmələr və gənclərdir.

Genetika. Bəziləri üçün risk kütlələri
ilə bağlı genetika ifadəsi qəribə görünə bilər.
Ancaq sosial və elmi araşdırmalar bunun tam
əksini deyir. Genetik faktor günümüzdə bir çox
hallarda qarşımıza çıxır. Xarici görünüş, həyat
tərzi, sağlamlıq və digər anlayışların hər birində
müəyyən faiz dərəcəsində genetikanın rolu var.
İntihar da istisna deyil. Müasir elmi tədqiqatlar
sübut edir ki, ailəsində, qohumlaında, bir sözlə
genlərində intihar edən şəxs olan insanların
intihara cəhd etmək ehtimalı daha çoxdur.
Dolayısıyla genetik keçmişində intihar etmiş
şəxslər olan fərdlər risk kütlələri daxilindədir.

41

Ağır xəstəliklər. Xəstəlik hər bir
insan üçün arzuolunmaz və ağır psixoloji
sarsıntılarla müşayiət olunan bir prosesdir.
Təbii ki, insanların xəstəliyə reaksiyası
fərqli şəkildə təzahür edir. Bəzi insanlar
özündə güc taparaq xəstəliyinin ağırlığından
asılı olmayaraq mübarizə aparır, təslim
olmurlar. Bu addım mənəvi və ictimai
nümunəvilik baxımından olduqca vacibdir.
Lakin öz xəstəliyini öyrəndikdən sonra dərin
depressiyaya düşən və ölümü arzulayanlar
da az deyil. Təsadüfi deyil ki, bəzi ölkələrdə
xəstələrin öz həyatını könüllü şəkildə
sonlandırmaq hüququ var ki, buna tibb
terminologiyasında evtanaziya deyilir.
Xəstəxanalarda çalışan tibb işçiləri ilə
aparılan söhbət zamanı müəyyən edilmişdir
ki, həqiqətən də ağır xəstəlikdən əziyyət çəkən
bəzi şəxslər çıxış yolunu intiharda görür.

42

Onlar ağır xəstəliyin məntiqi nəticəsinin
ölüm olduğunu düşünərək ümidsizliyə
qapılır, ağrı-acının tez sonlandırmaq üçün
intihar etmək qərarına gəlirlər. Bunun
qarşısının alınması məqsədilə bir çox müasir
xəstəxanalarda psixoloqlar ağır xəstəlikdən
əziyyət çəkən şəxslərlə mütəmadi olaraq
profilaktik söhbətlər aparırlar.

Təcrid. İnsan sosial bir varlıqdır. Mühit,
ünsiyyət və əlaqə onu özünəqapanmadan
qoruyan immun sistemə bənzəyir. Həyatın
gedişatına uyğun olaraq bəzən müxtəlif
mənəvi sıxıntılar, ümidsizlik, özünəinam
hissinin azalması və digər bu kimi hadisələr
nəticəsində insanlarda özünütəcrid meyli
yaranır. Sosial mühitdən getdikcə uzaqlaşan
insanlarda müxtəlif depressiv fikirlər
formalaşmağa başlayır. Belə vəziyyət
hər kəsdə ola bilər. Lakin bu vəziyyətin

43

uzun müddət davam etməsi sosial təcridin
psixoloji təcridlə əvəz olunmasına gətirib
çıxara bilər. Psixoloji təcrid isə intiharın ən
önəmli səbəblərindən biridir. Qeyd edilənləri
də nəzərə alaraq deyə bilərik ki, təcrid
olmuş və ya özünü təcrid etmiş insanlar risk
kütləsindədir.

Risk kütləsi dedikdə sadəcə yuxarıda
qeyd edilənlər nəzərə alınmamalıdır.
Müxtəlif vəziyyətlərdən asılı olaraq hər
bir insan intihara əl atmağı düşünə bilər.
Həyat o qədər mürəkkəb və keşməkeşli
xüsusiyyətə malikdir ki, heç kim özünü
sığortalanmış hesab etməməlidir. Ancaq
həyata keçirilən profilaktik tədbirlər, düzgün
yanaşma və maarifləndirmə risk kütləsinin
genişlənməsinin qarşısını ala bilər.

44

Mübarizə yolları

İntihar halları mənəvi və ictimai
problem olaraq hər kəsi narahat etməlidir.
Bu problemlə mübarizə hər hansı təşkilatın,
dövlətin, qurumun və ya dinin problemi
deyil. İntihar insanlıq və dünya üçün qlobal
bir problemdir. Bununla bağlı vaxtaşırı
beynəlxlaq tədbirlər keçirilmiş, mübarizə
proqramları hazırlanmış, müxtəlif metod və
vasitələrdən istifadə edilmişdir. Lakin ümumi
statistik rəqəmlər deməyə imkan verir ki,
intiharla mübarizə kifayət qədər effektiv
nəticə verməmişdir. Bununla belə beynəlxalq
səviyyədə bir sıra istiqamətlər üzrə müəyyən
nəticələr əldə edilimişdir.

45

Elmi mübarizə

Son onillikdə intihar və intiharameyilli
insanların əlamətləri ilə bağlı çoxsaylı
elmi məqalələr yazılmış, məlumat sferası
genişləndirilmişdir.

a) Səbəblərin aşkar edilməsi –
Elmi araşdırmalar nəticəsində intiharın
səbəblərinin müəyyən edilməsi istiqamətində
demək olar ki, konkretləşdirmə prosesi
getmişdir. Bioloji, psixoloji, genetik, ictimai-
mədəni fərqliliklər, habelə alkoqolizm
və narkomaniyanın intihar fenomeni ilə
qarşılıqlı əlaqəsi təsbit edilmişdir.

b) Risk və müdafiə faktorlarının
müəyyən edilməsi – Əhali arasında
keçirilmiş sorğular, psixoloji testlər və
digər araşdırmalar nəticəsində risk kütləsi
müəyyən edilmiş, müdafiə mexanizmləri ilə

46

bağlı konkret təkliflər qoyulmuşdur. Sosial
dəstəyin intihara qarşı mübarizədə effektivliyi
təsdiq edilmişdir.

c) Etnik-mədəni fərqlərin təsiri –
İntiharın yayğın olduğu ölkələrin sosial-
mədəni strukturu araşdırılmış və psixoloji
sarsıntıların xalqların mədəniyyəti ilə
əlaqəli olaraq təsir gücünə malik olduğu
müəyyənləşdirilmişdir.

47

İctimai-siyasi mübarizə

a) Milli strategiyalar – İntiharla
bağlı yüksək statistik göstəricilərə malik
28 ölkədə mübarizə məqsədi ilə milli
strategiya hazırlanmışdır. Burada əsas
hədəf düşünülmüş və sistemli mübarizənin
təşkil olunmasıdır. Milli strategiyalar həmin
ölkələrin parlamentlərində müzakirə edilmiş,
bununla bağlı mütəmadi olaraq ictimaiyyət
məlumatlandırılmışdır.

b) Ümumdünya intiharla mübarizə
günü- Dünya ictimaiyyəti tərəfindən intiharın
ciddi bir sosio-psixoloji problem olduğunun
qəbul edilməsi nəticəsində ilk dəfə olaraq 10
sentyabr 2003-cü ildə Ümumdünya intiharla
mübarizə günü təsis edilmişdir. Hər il qeyd
edilən Ümumdünya intiharla mübarizə

48

günü bu sahədə geniş maarifləndirmə işinin,
beynəlxalq konfrans və panellərin təşkilinə
şərait yaratmışdır.

c) İntihar və onunla mübarizə ilə
bağlı mütəxəssislər üçün ixtisasartırma
kurslarının, təkmilləşdirmə proqramla-
rının təşkili – Elmi-akademik sferada
psixoloq və sosioloqlar, eləcə də müstəqil
araşdırmaçılar üçün tədqiqat qrupları, kurslar
və digər proqramlar müəyyən edilərək icra
edilmişdir.

49

Praktiki mübarizə

a) Mütəxəssislərin cəlb edilməsi –
İntihara cəhd etmiş və ya meyilli şəxslərlə
praktiki istiqamətdə iş aparılması üçün
mütəxəssislərin cəlb edilməsi olduqca
aktual məsələdir. Əvvəlki dövrdə dünya
praktikasında belə bir ənənə demək olar
ki, yox səviyyəsində idi. Son 30 ildə
intiharın elmi, ictimai-siyasi və praktiki
baxımdan araşdırılması, mübarizə yollarının
müəyyən edilməsi bu sahədə ixtisaslaşmış
mütəxəssislərə tələbatı da artırmışdır. Praktiki
mübarizədə mütəxəssislərin müdaxiləsi çox
vaxt baş verə biləcək faciənin qarşısının
alınmasında effektiv rol oynayır.

b) Dəstək qrupları – Dünyada intiharla
mübarizə istiqamətində fəaliyyət göstərən

50


Click to View FlipBook Version