The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Anar Əliyev - Azərbaycanda dini vəhdət ənənəsi

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:03:37

Anar Əliyev - Azərbaycanda dini vəhdət ənənəsi

Anar Əliyev - Azərbaycanda dini vəhdət ənənəsi

51

Azərbaycanda məzhəblərarası həmrəylik mühiti

Hazırda Azərbaycanda məscidlərin sayı  2000-i ötüb keçmişdir.
Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur.
Dünyanın ən qədim məscidlərindən biri – 743-cü ildə tikilmiş
Şamaxı Cümə Məscidi Azərbaycanda yerləşir.  Son illər ərzində
İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir,
Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə”
kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuşdur.

Əsrlərdən bəri İslam dünyasının iki böyük şiə və sünni
məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli
məkanda həyata keçirirlər: «Tarixdə bir neçə dəfə onların birliyinə,
həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər
davamlı xarakter almayıb.

Lakin hələ Çar Rusiyası dövründə Xeyriyyəçi Əjdər bəy
Aşurbəyov həm şiələrin, həm də sünnilərin bir məsciddə namaz
qılmasını arzulayırmış. Məscidi də bu arzusunu həyata keçirmək üçün
tikdiribmiş. Bir əsr ötməsinə baxmayaraq bu məscid öz missiyasını bu
gün də davam etdirir. İslam dininin hər iki məzhəbindən olan insanlar
bu məsciddə eyni vaxtda namaz qılır, ibadət edirlər. Məhz buna görə
də Əjdərbəy məscidi dünyada nadir məscidlərdən sayılır. 

Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri
tez-tez bu müqəddəs yeri ziyarət edirlər. Deməli həm də vəhdətin
sözdə yox, əməldə yaşadığını əyani görmək imkanı qazanırlar. 

Əjdərbəy məscidi müxtəlif dövrlərdə ayrı-ayrı adlarla tanınıb.
Aşurbəyovun yadigarına gah «Göy məscid» deyiblər, gah da Əjdərbəy

52

məscidi. Bəzi sakinlər isə buranı «Tatar məscidi» kimi tanıyıblar.
«Vəhdət» və ya «İttifaq» məscidi deyən bakılılar da var. 

Məscid istifadəyə verildiyi zaman günbəzi göy rəngdə olduğu üçün
xalq arasında “Göy məscid” kimi məşhur olub. Bu nadir memarlıq
nümunəsini Bakıya bəxş etmək üçün şəxsi vəsaitini xərcləyən Əjdər
bəy Aşurbəyovun xatirəsini yaşadan insanlar bura “Əjdərbəy məscidi”
də deyiblər. Bayaq qeyd etdiyim kimi, Əjdər bəyin arzusuna uyğun
olaraq burda İslam dininin hər iki məzhəbindən olan insanlar namaz
qıldığı üçün məscid “Vəhdət” və ya “İttifaq” məscidi kimi də tanınıb.
O ki qaldı “Tatar məscidi” məsələsinə...

Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan
sonra bu unikal məscidin də qara günləri başlayır. Dini abidə uzun
müddət təyinatı üzrə istifadə olunmur, baxımsız qalır. İkinci Dünya
Müharibəsindən sonra Bakıda yaşayan tatarlar Stalinə məktub
yazaraq dini ayinləri bu məsciddə icra etmək üçün onlara şərait
yaradılmasını istəyirlər. Stalin tatarların bu xahişinə müsbət yanaşır
və Əjdər bəy Aşurbəyovun yadigarı uzun illərdən sonra dindarların
ixtiyarına verilir. 

Əsas olanı budur ki, adı dəyişsə də məscidin məramı
dəyişməyib. Əsaslı təmirdən və yenidənqurmadan sonra məscidin
istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə
öz çıxışında bu məsələni xüsusi vurğuladı. Dini-mənəvi dəyərlərə
Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğını minnətdarlıqla
qeyd edən Şeyxülislam həzrətləri bildirdi ki, ayrı-ayrı zamanlarda
müxtəlif adlarla çağırılmasına baxmayaraq bu məscid vəhdətə nail
olmaq məqsədindən dönməyib və dönməyəcək.

53

Eyni zamanda müasir dövrdə İslam aləmində məzhəb məsələsinin
ön plana çıxdığı bir dövrdə 2016-cı il yanvar ayının 15-də Bakıdakı
Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları
ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət
namazı qıldılar və bu ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq
olunmağa başladı”.

54

Azərbaycan İslam Həmrəyliyinin mərkəzi

Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”,
onun məntiqi davamı kimi 2017-ci ili “İslam həmrəyliyi ili” elan
etməsi bütün dünyaya “bir-birimizə qarşı dözümlü olaq, hörmətlə
yanaşaq, həmrəy olmağı, dinlər və məhzəblər arasında dialoq
qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din
münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və
tədqiq olunmasıdır. Ümummilli Lider Heydər Əliyev Şərqlə Qərb
arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı
missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi: “Biz Avropa
qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz
öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi
köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın
sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik
və bunu həyata keçirmək üçün indiyə qədər lazımlı işlər görmüşük”.
Fəxrlə deyə bilərik ki, Ulu Öndərin bütün fikir və ideyaları kimi, bu
dünyagörüşü də Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə
uyğun və uğurla davam etdirilir. Artıq Azərbaycan dünyada istər
mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın,
multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında
həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.

2017-ci ilin möhtərəm Prezidentimiz tərəfindən İslam Həmrəyliyi
ili elan edilməsi təkcə İslam Aləmində deyil, bütün dünyada məhz
həmrəyliyin xilaskarlıq missiyasını yerinə yetirə biləcəyinə diqqət

55

yönəltməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bununla
nəzərə çatdırılır ki, dünyanı həmrəylik xilas edəcək. Bütün dünyanın
diqqəti həmrəyliyə yönəlməlidir. Bu mənada bəşəriyyətin xilası kimi
həmrəyliyin gündəmə gətirilməsi Azərbaycanın dünyada xilaskarlıq
missiyasının yerinə yetirilməsinə öz töhfəsini verməsi mənasını
ifadə edir. İslam həmrəyliyi ideyasının diqqət mərkəzinə çəkilməsi
həm də dünyanın bir çox ölkələrində İslam anlayışına birtərəfli və
yalnış münasibət bəslənməsinə aydınlıq gətirilməsinə də çağırışdır.
Bu mənada İslamı birmənalı olaraq terrorla əlaqələndirməyin,
məqsədli şəkildə islamofobiya meyillərini yaymağın dünyaya
sülh yox qarşıdurma, böhran gətirdiyini diqqət mərkəzinə çəkmək
dialoqa, sülhə, həmrəyliyə, qarşılıqlı etimada çağırmaq mühüm
bəşəri missiyadır. Heç şühbəsiz, Azərbaycan multikulturalizm
sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini
meydana qoyacaqdır. Bu gün Azərbaycan dünya, eləcə də müsəlman
dövlətlərinə nümunə ola biləcək bir ölkədir. Azərbaycan müsəlman
dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin
inkişafına misilsiz töhfələr bəxş edib. Eyni zamanda çoxmillətli
Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan
nümunəvi birgə yaşayışın, əmin-əmanlığın və multikultural mühitin
yaranmasında İslam dininin də müstəsna rolu olub.

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas
mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və
eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol
oynamışdır. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının,
İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər
mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı
münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni

56

forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan tolerantlıq
mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası
və sivilizasiyalarası dialoqun qurulmasına, islam dəyərlərinin
dünyada təbliğinə böyük töhfələr vermişdir. Həmrəylik, birlik
Azərbaycan xalqının böyük sərvətidir. Bütün dinlərə məxsus tarixi
abidələr dövlət tərəfindən qorunur, ehtiyac duyulduqda dövlət vəsaiti
hesabına bərpa olunur. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar
tikilir. Müxtəlif dinlərə məxsus bayramlar birlikdə qeyd olunur.
Qafqazın ən qədim alban kilsəsi ölkəmizdədir. Qədim zərdüştlük dini,
atəşpərəstlik məbədi qorunub saxlanılır. Başqa sözlə deyilsə bütün
dinlərə hörmət və ehtiram Azərbaycanın dövlət siyasətidir və ölkə
vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır, ümumi inkişafımıza
xidmət edərək ictimai əhval-ruhiyyəni qaldırır. Bəzi siyasi rejimlər
dini fanatizmdən, möhvumatdan öz məqsədləri üçün istifadə edirlər.
Bəzi hallarda dindən qorxu vasitəsi kimi istifadə hallarına da rast
gəlinir. Çox hallarda süni şəkildə yaradılan dinlərarası qarşıdurmalar”
müsəlman kütləsi” anlayışı, acınacaqlı miqrasiya axınları və buna
qarşı mübarizə elə bir fikir formalaşdırır ki, müsəlman dünyasındakı
dini radikalizmin də mahiyyətində savadsızlıq, mədəni gerilik,
maarifsizlik dayanır. Azərbaycan isə İslamın bir din, mədəniyyət və
dəyər kimi əsl mahiyyətini ortaya qoyaraq onu beynəlxalq aləmdə
təhdidlərə qarşı bir imkan, vasitə, güc kimi təqdim edir. Ölkəmiz
multikultural dəyərlərə sədaqətini hər zaman nümayiş etdirib və bu
gün də bu məkanda insanlara irqinə, rənginə, siyasi mənsubiyyətinə
görə deyil, bu ölkənin vətəndaşı olduğuna görə münasibət
bəsləyirlər. Azərbaycanda tanınmış din xadimləri ilə alimlərin dini
maarifləndirmə sahəsindəki birgə fəaliyyəti, həmrəyliyi cəmiyyətə
İslam mədəniyyətinin, dini dəyərlərin əsl mahiyyətini çatdırmaqda

57

mühüm rol oynayır. Son illər Respublikamızda Azərbaycan Milli
Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin birgə
keçirdikləri beynəlxalq miqyaslı elmi konfranslar, seminarlar
İslam ölkələri arasında qarşılıqlı elmi-mədəni əlaqələrin yenidən
öyrənilib araşdırılmasına şərait yaratmışdır. Müstəqil Azərbaycan
- Həmrəylik, Birlik, Əməkdaşlıq hərəkatının əsas hərəkətverici
qüvvəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“İslam həmrəyliyi” haqqındakı sərəncamı müasir dünyada həmrəylik
ideyalarına böyük çağırışlar doğuracaqdır. Eyni zamanda dini baxışları
siyasiləşdirmək istəyən və bunun əsasında ölkələr, məzhəblər arasında
münasibətləri də gərginləşdirməyə çalışanlara da çox gözəl bir cavab
olacaq. Azərbaycanın gücü, nüfuzu və imkanları, o cümlədən mövcud
potensialı və beynəlxalq ictimaiyyətin ona olan etimadı İslam
həmrəyliyinə nail olması kimi mühüm missiyanı üzərinə götürməyə
imkan verir. İnanırıq ki, ölkəmiz bu missiyanı da layiqincə həyata
keçirəcək.

Prezident İlham Əliyev 2017-ci ili «İslam Həmrəyliyi ili» elan
etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların
müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə
dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, müsəlman
həmrəyliyiAzərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası
dialoqa böyük önəm verən Azərbaycan bu sahədə yeni fəaliyyət
mərhələsinə qədəm qoyur: respublikamız İslam həmrəyliyinin ideya və
real fəaliyyət mərkəzinə çevrilir. Təbii ki, ölkəmiz qarşısına qoyduğu
məqsədləri bu illə yekunlaşdırmayacaq, bu xətti davam etdirəcək və
İslam mədəniyyətinin inkişaf etdirilməsi, nüfuzunun yüksəldilməsi,
dünyada yayılması işinə öz dəyərli töhfələrini verəcəkdir.

58

Azərbaycanda Vəhdət mühitinə qarşı olan
təhdidlər

Tarixən ölkəmizdə olan məzhəblərarası birliyə hər dövrdə olduğu
kimi müasir zamanda da təhdidlər mövcuddur.

Müasir Azərbaycanda insanlarımızın, xüsusən də gənclərimizin
İslam dinini mənimsəməsində lazımi tədbirlər hələ də görülməmişdir.
O tədbirlərin olmaması nəticəsində bəzi mənfi hallar meydana çıxır,
ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər
və bunlar da bizim gənclərin milli və mənəvi tərbiyəsinə zərər vurur.
Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan
istifadə etməlidirlər. Biz heç vaxt göz yuma bilmərik ki, ayrı-ayrı
şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək İslam dini
pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini və mənəviyyatını
zədələmiş olsunlar. “İndiki dövrdə dinlərin cəmiyyətin həyatında
oynadığı rol dinamik şəkildə dəyişir”-deyən cənab Prezident İlham
Əliyev bildirmişdir ki, “dinlərdən terrorizmə və ekstremizmə
təhrik vasitəsi kimi istifadə etmək halları”nın qarşısını almaq üçün
“cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin,
dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir. Bu strateji
istiqamət bu gün Azərbaycanda həyata keçirilir və həssas barometrə
daimi nəzarəti və daimi qayğını bütün din adamları hiss edir”.

Qafqazın cənub nahiyəsində yerləşən ərazicə kiçik, lakin bir sıra
cəhətlərinə görə nümunə ola biləcək bu müsəlman ölkəsində bütün
müsəlman məmləkətlərinə, dünyanın super güclərinə, demokratiyanın
beşiyi sayılan dövlətlərə dinlərarası münasibətlərdəki tolerant mühit
örnək ola bilər. Digər müsəlman ölkələri ilə müqayisədə Azərbaycan

59

məzhəblərarası münasibətlərin yaxınlaşmasını daha çox hiss edən
və yaşayan bir ölkədir. Uzun illərdir ki, müsəlman dünyasında
məzhəblərarası dialoq və yaxınlaşma hərəkatı müzakirə obyektinə
çevrilmişdir. Beynəlxalq müstəvidə keçirilən konfranslar və təsis
olunan təşkilatlar və universitetlər məzhəblərarası yaxınlaşma
fəaliyyətinin açıq-aşkar təzahürüdür. Bu sahədə görkəmli müsəlman
alimləri tərəfindən irəli sürülən nəzəriyyələr və konsepsiyalar
mövcud olsa da, hazırkı müşahidələr bu tendensiyanın inkişaf
tempinin müəyyən qədər zəif olduğunu göstərir. Lakin Azərbaycana
gəldikdə isə xalqımızın uzun tarixi boyu şiəli-sünnili iç-içə tolerant
və həmrəylik şəraitində yaşadığını açıq-aydın görürük. Bu isə sübut
edir ki, Azərbaycan bir çox millətlərin, dini konfessiyaların və
məzhəblərin dinc yanaşı yaşamasının unikal nümunəsidir.

60

Azərbaycan dinşünaslığında məzhəblərarası
vəhdət ilə bağlı yazılan əsərlər

Azərbaycan dinşünaslığında bu sahənin bəzi aspektlərinə
dair ayrıca araşdırmalar aparılmış, bəzən də qoyulan problemə
ensiklopedik məlumat çərçivəsində bir sıra ədəbiyyatlarda, elmi
jurnallarda dərc olunan məqalələrdə və respublika səviyyəsində
keçirilən konfranslarda rast gəlmək mümkündür. Azərbaycan
alimlərindən Axund Hacı Mirzə Əbuturab Axundzadənin “İslamda
təfriqə səbəbləri”, A.H.Paşazadənin “Qafqazda islam: tarix və
müasirlik”, “İslamda ümmət və Şüubilik” və “Milli münasibətlər və
din”, Z.M.Bünyadovun “Dinlər, təriqətlər, məzhəblər”, A.Əhədovun
“Azərbaycanda islamın modernləşdirilməsi” və “Azərbaycanda din
və dini təsisatlar”, S.M.Musayevin “İslamda sülh və dözümlülük
konsepsiyaları”,A.Məmmədovun “İslam fundamentalizmi: mahiyyəti,
əsas prinsipləri və təzahür formaları”, M.Quluzadənin “Azərbaycanda
dövlət və din münasibətləri”, Ə.Əliyevin “Din və mənəviyyat”,
M.Məmmədovun “Sosial tərəqqi və din” (17), M.Babaşovun “XIX
əsrdə Çar Rusiyasının Azərbaycanda yeritdiyi milli və dini ayrı-
seçkilik siyasətinin mahiyyəti”, R. Mürsəlovun “Müasir islamdaxili
proseslər (Misir mütəfəkkirlərinin düşüncələrinin təhlili əsasında) adlı
əsərlərini nümunə kimi göstərmək olar. Azərbaycanda məzhəblərarası
yaxınlaşma ilə bağlı sırf nəzəri məqamlardan başqa, mühüm praktik
tədbirlər də həyata keçirilmişdir. Bu tədbirlər Azərbaycanda kənar
qüvvələrin yaratmaq istədiyi məzhəblərarası qarşıdurmanın baş
verməsinin qabağını almışdır. Belə tədbirlər arasında müfti və

61

axundların, ziyalıların təşəbbüsü ilə sünni və şiələrin birlikdə cümə
və digər camaat namazlarını qılması, belə müştərək namazlarda
həmin dövrün qabaqcıl mütəfəkkir və ziyalılarının (Ə.Ağayev,
Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, H. Z.Tağıyev, Pişnamazzadə və s.)
iştirak edib birliyə çağırmaları xüsusi əhəmiyyət daşıyır.

62

Müasir dövrdə İslami vəhdətin şərtləri

İslam dininin vəhdət və birləşdirici amilləri müsəlmanlar arasında
təfriqə və ixtilafa səbəb olan amillərlə müqayisəyəgəlməz dərəcədə
möhkəm və çoxdur.

Məzhəblərarası fikir müxtəlifliyinin əsasını təşkil edən amillərdən
biri də ictihaddır. İctihaddan məqsəd Quran və Sünnə əsasında zaman
və məkan şəraitində ortaya çıxan yeni məsələlərə şəriətin münasibətini
öyrənməkdir.

Bilik səviyyəsinin müxtəlifliyi, zaman və məkan fərqliliyi alimlər
arasında fikir ayrılıqlarına yol aça bilir. Ona görə də fikir ayrılıqlarına
doğru və ya yanlış arasında qiymət verilə bilər. Amma ictihad əsasında
yaranan fikir ayrılıqlarına iman və ya küfr ölçüsü ilə qiymət vermək
əsla doğru deyildir.

Həmçinin qeyd etmək lazımdır ki, ictihad əsasında meydana
çıxan fikir ayrılıqları İslamın əsas prinsipləri ilə ziddiyyət təşkil etmir.
Bu növdən olan fikir ayrılıqları heç də məzhəblər arasında bitmir.
Bir məzhəbin alimləri arasında belə, bu kimi fikir ayrılıqlarına rast
gəlmək mümkündür. Zərurətdən yaranan fikir ayrılıqlarını tarixin acı
və qərəzli hadisələrindən qaynaqlanan ixtilaflardan fərqləndirmək
lazımdır. Birincisi qəbul olunan, ikincisi isə rədd olunandır.

Məzhəblər arasında dialoqların, görüşlərin, qarşılıqlı anlaşmanın
olması günün aktual və vacib məsələlərindəndir. Təəssübkeşlik və
ifratçılıq öz yerini tərk edərək dözümlülük, ehtiram və hüsn-zənn ilə
əvəz etməlidir. İslama qarşı artan təzyiqlərin özü müsəlmanlara bir
cəbhədə olmağı diktə edir.

63

Müsəlmanlar arasında vəhdət və həmrəylik prinsipini həyata
keçirmək üçün məzhəblərarası yaxınlaşma hərəkatı münasib yol
hesab olunur. Bu gün müsəlmanlara İslamın əsasları çərçivəsində
birləşmələrinə, digər məsələlərdəki ixtilaflarda isə bir-birlərini başa
düşmələrinə olan ehtiyac daha çox hiss olunur. Bəzən İslamın olduğu
kimi təbliğ olunmaması və ya sırf məzhəbçilik təmayülü ümmətin
sırasına təfriqə salan amillərdən biridir. Əlbəttə, hansısa məzhəbi
təbliğ etmək həmin məzhəbin mənafeyi üçündür. Amma unutmaq
olmaz ki, İslamın mənafeyi məzhəb mənafeyinin fövqündə durur

Məzhəblərarası yaxınlaşmanın məqsədini və məzmununu doğru
və dolğun şəkildə açıqlamaqla müsəlmanlara qarşılıqlı inamı və birliyi
aşılamaq mümkün ola bilər. Məzhəblərin bir məzhəbdə birləşməsi
fikrini və ya məzhəbini tərk edib başqa bir məzhəbə keçməsi
məzhəblərarası yaxınlaşmanın məqsədindən deyildir. Məqsəd ortaq
məxrəcə gələ bilmək imkanlarını araşdırmaq, qarşılıqlı anlaşmanı
bərpa etmək və din qardaşlığı münasibətlərini qorumaqdır. İslamın
əsaslarında mövcud olan birliyin qorunmasıdır. “Terrorizmə qarşı
mübarizə” adı ilə müsəlman ölkələrində iğtişaşlara, müharibələrə,
dağıntılara rəvac verən İslama zidd olan qüvvələrə qarşı birləşməkdir.
Müsəlman ölkələrini inkişafdan saxlamaq istəyən, ölkə daxili asayişin
pozulmasına səbəb olan, insanları öz yurdlarından çıxarıb köçkün
vəziyyətə salan islam əleyhdarlarına qarşı mübarizə aparmaqdır.
Qloballaşma və islahatlar adı altında müsəlman ölkələrini qarışdıran
və təbii sərvətlərinə sahib çıxmaq istəyənlərə qarşı diqqətli və ehtiyatlı
olmaqdır. İslam əleyhdarı olan qüvvələrin yalançı “İslam kabusuna”
qarşı hazırladıqları məkrli, məxfi planları məzhəbindən, millətindən,
vətəndaşlığından asılı olmayaraq hər bir müsəlmanı ayıq-sayıq olmaq

64

zərurəti ilə üz-üzə qoyur. Buna görə də məzhəbindən asılı olmayaraq
müsəlmanlar öz aralarında dözümlülüyü və genişqəlbliliyi təmin
etməyi bacarmalıdırlar.

İslam dini böyük insan mədəniyyətinin simvoludur. Hətta
müsəlman olmayanlara qarşı rəhmət və dözümlülük nümayiş etdirən
bir dindir. Belə olduğu təqdirdə, nə üçün müsəlmanlar öz aralarında
İslamın əxlaq dəyərlərini, davranışlarını, gözəlliklərini yaşaya
bilməsinlər?! Vəhdət və qarşılıqlı anlaşma İslamın tərəqqisi üçün
yeganə yoldur.

Bu gün dünyada hər bir müsəlman düşmən dəyirmanına su
tökməkdən, gözəl dinimizi məhv etmək istəyən qərb ideoloqlarının
əlində alətə çevrilməkdən qorunmalıdır. Hər bir müsəlman özünə bu
sualı verməlidir: “Dünyanın bütün irqlərini, millət və nümayəndələrini
bir bayraq altında birləşdirən, digər səmavi din mənsublarına loyal
münasibət bəsləyən bir din, Allah və Peyğəmbəri tərəfindən bir-
birlərinə qardaş elan edilən müsəlmanları parçalaya bilərmi?!”

Müsəlmanlar bunu da unutmamalıdırlar ki, parlaq keçmişlərində
malik olduqları mənəvi xəzinələrə bu gün də sahibdirlər. Bu, bitib-
tükənməyən xəzinələrin zirvəsində duran və heç bir təhrifə uğramayan
Qurani-Kərimdir. Müsəlmanları Quran yolunda sabitqədəm edəcək bir
əsas amil vardır ki, o da vəhdətdir. Buna görə də yaşadığımız çağdaş
əsr mütləq müsəlmanların oyanış əsri olmalıdır. Müsəlmanların
üzləşdiyi zillət, təfriqə və pərakəndəlik vəhdət prinsipini daha da
aktuallaşır. Qurani-Kərim tam aydınlığı ilə başa salır ki, qurtuluş
yolu ancaq və ancaq Allahın ipindən yapışmaqda və birlikdədir. Buna
görə də İslam məzhəbləri arasında mövcud olan müştərək prinsiplərə
söykənib məhəbbət, dostluq və vəhdətə mane ola biləcək kiçik və

65

lüzumsuz ixtilaflara son qoyulmalıdır.
Müasir dövrdə qloballaşma prosesinin geniş vüsət aldığı, dünya

dövlətləri arasında siyasi, iqtisadi, ticarət və sosial-mədəni əlaqələrin
genişləndiyi, sivilizasiyalar və məzhəblərarası dialoq formalarının
intensivləşdiyi bir şəraitdə müsəlman cəmiyyətlərinin bu prosesdə
getdikcə artan rolunu nəzərə alaraq, məzhəblərarası yaxınlaşma
hərəkatının nəticələrinə universal bir təlim kimi həm dinşünaslıq,
həm də islamşünaslıq mövqeyindən münasibət bildirmək son
dərəcə mühüm və aktualdır. Bu gün məzhəblərarası yaxınlaşmanın
aktuallığını şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, dini
dirçəliş və inkişaf, yeni siyasi durum dinlər və məzhəblər arasında
tarixən mövcud olan ixtilafları dərinləşdirməklə yanaşı, onlar arasında
əlaqə və yaxınlaşmanı da bir zərurətə çevirmişdir.

Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr belə açıq-
aydın göstərir ki, bu gün ixtilaf və münaqişələri hərbi yolla həll etmək
mümkün deyildir. Siyasi yollar, sülh və danışıq, qarşılıqlı anlaşma
yolları araşdırılıb aşkar edilməlidir.

66

Azərbaycanda mövcud olan dini vəhdət ilə bağlı
söylənən fikirlər

Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək
olduğunu həm dinşünas alimlər, həm də müxtəlif dinlərin
nümayəndələri dəfələrlə etiraf etmişlər. Belə ki, dinlərarası dialoqla
bağlı Bakıda keçirilən beynəlxalq konfransların birində iştirak edən
Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril öz çıxışında tarixdən
misal gətirərək Azərbaycanda bütün dinlərin nümayəndələrinə, eləcə
də pravoslavlara qarşı heç vaxt ayrıseçkilik edilmədiyini vurğulayaraq
bildirmişdir: “Azərbaycanda pravoslav xristianlar heç vaxt təqib
edilməmişdir. Buradakı ruslar heç vaxt həyati təhlükə ilə üzləşib
öz evlərini tərk etməmişlər. Tarixi vərəqləyəndə məlum olur ki,
əcdadlarımız ümumi təhlükələrə qarşı çiyin-çiyinə vuruşmuşlar. 1905-
ci ildə müsəlman və pravoslav ruhaniləri millətlərarası və dinlərarası
ayrı-seçkiliyin qızışdırılmasına qarşı birgə çıxış etmişdilər”.

Azərbaycanın tarixən tolerant ölkə olduğunu ölkəmizdə yaşayan
başqa dinin rəhbərləri də dəfələrlə qeyd etmişlər. Məsələn, Rus
Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu
Aleksandr İşein Bakıda keçirilən beynəlxalq konfransların birində
1913-cü ildə Bakı şəhərində yaşayan əhalinin statistikasına əsaslanaraq,
onların dini tərkibindən bəhs edərək demişdir: “Bu dövrdə bu yerdə
(1913- cü ildə Bakı şəhəri nəzərdə tutulur) 76 965 - müsəlman, 76
927 - xristian, 9592 - yəhudi, 3801 - lüteran, 2902 - katolik, 4496 -
sektant, 262 - köhnə təriqətçi yaşayırdı. Həmin illərdə Azərbaycanda
məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar,

67

məbədlər fəaliyyət göstərmişlər. Məhz həmin illərdə Roma katolik,
lüteran və bir sıra protestant cəmiyyətləri formalaşmışdı. Maraqlıdır
ki, bu dövrdə tolerantlıq prinsipinə nəinki riayət olunurdu, hətta bu
prinsip Azərbaycanda inkişaf edirdi”.

Qafqaz bölgəsində sülhün və əmin-amanlığın təmin olunması,
ayrı-ayrı xalqların bir-birinin milli-mənəvi dəyərlərinə daim hörmətlə
yanaşmasının vacibliyini vurğulayan Gürcüstan patriarx katalikosu II
İlya Bakıda keçirilən beynəlxalq konfransların birində çıxış edərək
xalqlararası və dinlərarası dostluğu əks etdirən faktlardan danışaraq
demişdir: “Mən elə bir ailədə böyümüşəm ki, bizim ən çox qonağımız
məhz müsəlmanlar olurdu. Məhz öz uşaqlıq illərimi yada salıb
onların bizə təşrif buyurduqlarını xatırlayıram. Bizim böyüklərimiz
dost müsəlmanlar üçün ən gözəl otaqlarını hazırlayırdılar. Orada
xalçalar döşəyirdilər ki, qonaqlar burada öz müsəlman qaydaları ilə
ibadətlərini etsinlər”.

Azərbaycanda multikulturalizmin və dini tolerantlığın yüksək
səviyyədə olması son illərdə respublikamıza gələn müxtəlif peşə
adamlarının diqqətini daha çox cəlb edir. Məsələn, 2011-ci ilin iyul
ayında Avropa Şurası Parlament Assambleyasındakı Avropa Xalq
Partiyası qrupunun nümayəndə heyəti respublikamızda səfərdə
olarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK)
“Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək
dinlərarası dialoq və yaAvropa dəyərlərinə dair” mövzusunda keçirilən
“dəyirmi masa”da iştirak etmişlər. “Dəyirmi masa”da müzakirələrə
qoşulan nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament
Assambleyasındakı Avropa Xalq Partiyasının sədri Luka Volente
Azərbaycanda tolerantlıq ənənəsinin qədimliyini və müasirliyini

68

xüsusi vurğulayaraq, onun bu gün bütün dünya, xüsusilə Avropa üçün
örnək ola biləcəyindən danışmış və qeyd etmişdir ki, “Dinlərarası
dialoq bu gün yaxşı düsturdur və onun üzərində müntəzəm işləmək
lazımdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən öyrənmək
lazımdır. Azərbaycan tolerantlığının ən böyük dəyəri isə ondadır ki, o,
siyasi qərar deyil, xalqın təbii həyat tərzidir”. Luka Volente ölkəmizi
Avropa məkanı ilə müqayisə edərək vurğulamışdır: “Tolerantlığın
Azərbaycan modeli bizim üçün çox maraqlıdır. Bu model bir çox
ölkələrə, o cümlədən müsəlman ümmətinə də örnək ola bilər. Biz
Avropada görmək istədiklərimizi Azərbaycanda görürük”.

Müstəqillik dövründə respublikamızda dini tolerantlığın real
şəkildə həyata keçirilməsində ölkə rəhbərliyinin, o cümlədən
Prezident İlham Əliyevin dini etiqad azadlığının təminatçısı olduğu
xüsusi qeyd edilməlidir. Məlumdur ki, çoxkonfessiyalı ölkə olan
Azərbaycanda tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur.
Bu dini abidələrdən biri də Oğuz rayonunun Nic kəndində yerləşən və
udilərə məxsus olan Müqəddəs Yelisey (Çotari) kilsəsidir. Qeyd edək
ki, alban-udi dini abidələrindən olan Müqəddəs Yelisey kilsəsi 1723-cü
ildə tikilib və udilərin əsas ibadət məbədi kimi fəaliyyət göstərmişdir.
Lakin 1836-cı ildən bu kilsə “Rusiya müqəddəs Sinodu”nun xüsusi
qərarı ilə erməni qriqoryan kilsəsinin sərəncamına verilmişdir. Həmin
vaxtdan udilər bu qərara etiraz əlaməti olaraq kilsəyə getməmiş və
o vaxtdan istifadəsiz qalan kilsə dağılmaq səviyyəsinə düşmüşdür.
Lakin ölkə Prezidenti İlham Əliyev 2005-ci ildə Nic kəndində
sakinlərlə görüşdükdən sonra alban tarixi-dini abidələrinin bərpasına
dair göstəriş vermişdir. Məhz Prezidentin bu göstərişindən sonra
alban dini-tarixi abidələrinin bərpasına başlanılmış və udilərin dini

69

mədəni irsinin bərpasına şərait yaradılmışdır. Abadlaşdırılan və
bərpa edilən bu cür abidələrdən biri də Qafqazda, eləcə də dünyada
ən qədim Xristianlıq məbədlərindən sayılan, vaxtilə Şəkinin Kiş
kəndində inşa edilən alban kilsə-muzeyidir. Bizim eranın IV-V
əsrlərinə aid olan bu kilsənin təmirinə 2000-ci ildə başlanmış, 2003-
cü ildə isə bu dini-tarixi abidə əsaslı şəkildə bərpa olunaraq istifadəyə
verilmişdir. Eyni zamanda, Nic kəndində və Oğuz rayonunun digər
kəndlərində alban-udi dini icmaları yaradılmışdır. Bütün bunlar
Azərbaycan Respublikasında dini tolerantlıq mədəniyyətinin yüksək
səviyyədə olduğunu göstərən faktdır. Həyata keçirilən bu tədbirlər
erməni KİV-nin guya Azərbaycanda xristianların, o cümlədən udilərin
sıxışdırılması və assimilyasiyası haqqında irəli sürdüyü böhtan və
cəfəngiyata zərbə vurmuşdur.

Qeyd edək ki, Alban-Udi Xristian İcmasının dirçəldilməsi və dini
məbədlərin bərpası, təkcə Azərbaycan tarixində deyil, həm də bütün
dünyada mühüm əhəmiyyət daşıyır və ölkəmizin dini tolerantlıq
mədəniyyətinin səviyyəsini bir daha təsdiqləyir. 2011-ci ildə DQİDK-
da dinlərarası dialoqla bağlı təşkil edilmiş “dəyirmi masa”da çıxış edən
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanın
tolerantlığın vətəni olduğunu vurğulayaraq bildirmişdir: “...
Tolerantlıq fransız sözü olsa da, onun vətəninin Azərbaycan olduğunu
hesab etmək mümkündür. Ölkəmizdə elə bir məkan var ki, cəmisi
100 kvadratmetrlik balaca bir sahədə (hazırkı Oğuz rayonunun
Nic kəndi nəzərdə tutulur) üç dinə - İudaizm, Xristianlıq və İslam
dininə aid məbədlər yanaşı inşa edilmişdir, belə bir fakta dünyada
çox az halda şahid ola bilərsiniz”. Öz çıxışında R.Mobili 1836-
cı ildə çar Rusiyası tərəfindən Alban kilsəsinin erməni Eçmiədzin

70

kilsəsinə tabe edilməsini və alban-udilərin qriqoryanlaşdırılması
və erməniləşdirilməsi prosesini vurğulayaraq tədbirdə iştirak edən
Avropa Parlament Assambleyasının nümayəndələrinə müraciətlə
söyləmişdir: “Amma mən qədim Azərbaycan mədəniyyətinin varisi
olan bir xalqın nümayəndəsi kimi avropalı deputatların diqqətinə
çatdırmaq istərdim ki, bu ölkənin yerli xalqı bizik, ermənilər deyil,
bu gün malik olduğumuz milli-dini dözümlülük keyfiyyəti Azərbaycan
gerçəkliyini əsrlər boyu öz mənəvi dəyərlərində yaşayan alban-
udilərin yaşayış tərzindədir”.

Öz çıxışlarında dəfələrlə din və mədəniyyətlə bağlı beynəlxalq
tədbirlərin Bakıda keçirilməsinin böyük siyasi əhəmiyyət kəsb
etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın dinlərarası
dialoqa böyük töhfə verəcəyini də bildirmişdir: “Mən şübhə etmirəm
ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və
ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət
göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq
istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir
növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir
tərəfdən, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox
yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün
böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-
nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər,
verir və verməyə davam edəcəkdir”.

Göründüyü kimi, ölkə başçısı son illər Azərbaycanın dinlərarası
dialoqun mərkəzinə çevrilməsini iki amillə şərh etmişdir: birincisi,
bu məsələni ölkədə dini və milli zəmində vəziyyətin yaxşı olmasının
təzahürü kimi şərtləndirmiş, ikincisi isə, regionda dinlərarası dialoqun

71

praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycanın töhfəsi
kimi dəyərləndirmişdir. Həmçinin cənab Prezident ölkədə dini və
milli zəmində vəziyyətin yaxşı olmasını belə əsaslandırmışdır:
“Qeyd etdiyim kimi, əsrlər boyu Azərbaycanda bütün millətlərin,
bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar, ölkəmizin
inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu proses uğurla
davam edir. Azərbaycanda bütün azadlıqlar mövcud olduğu kimi, dini
azadlıqlar da tam şəkildə təmin edilir”.

Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin
konfransının açılışında nitq söyləyən Prezident İlham Əliyev
bildirmişdir ki, “Biz buna da çox sevinirik və çox şadıq ki, bu gün Şərqlə
Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin
nümayəndələri iştirak edirlər. Biz buna çox böyük önəm veririk. Bunun
çox böyük əhəmiyyəti var. Çünki indiki zamanda bir çox hallarda
sivilizasiyalararası, mədəniyyətlərarası dialoqdan danışılır, ancaq
bununla bərabər, dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi
hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki,
bu gün Azərbaycanda başlayan Bakı prosesi mədəniyyətlər arasında
olan dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz
dəyərli töhfəsini versin”.

2009-cu ildə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə
əməkdaşlığa doğru” mövzusunda Bakıda keçirilən beynəlxalq
konfransdır. Konfrans iştirakçıları – dünyanın müxtəlif dövlət
institutlarının, dini, ictimai qurumların nümayəndələri müasir dövrdə
dinlərarası dialoqu müxtəlif sivilizasiyaların yaxınlaşmasına təkan
verən səmərəli fəaliyyət forması kimi çox yüksək dəyərləndirmişlər.
Konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın tarixən

72

yüksək dini tolerantlıq mədəniyyətinə malik bir ölkə olduğunu
bütün tədbir iştirakçılarına bəyan etmişdir: “Azərbaycan əsrlər boyu
dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-
siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda
dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub.
Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda müstəqil
Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən
dini qurumların əməyinin praktiki nəticəsidir”.

73

Nəticə

Hazırda dünyada baş verən siyasi proseslər, xüsusilə də müsəlman
ölkələrindəki müharibə və münaqişələrin, həmçinin bir sıra ölkələrdə
islamafobiyanın günü-gündən artması İslam ölkələrinin birləşməsinin,
həmrəyliyinin nə qədər çox vacib olduğunu bir daha sübut edir.
Bugün İslam ölkələri arasında birliyin, həmrəyliyin lazımi səviyyədə
olmaması İslama düşmən olan qüvvələrin daha da güclənməsinə,
onların öz çirkin fikirlərini, planlarını daha rahat şəkildə həyata
keçirməsinə şərait yaratmışdır.

İslam ölkələrini bir-birinə qarşı qaldırmaq, onları düşmən etmək
üçün İslam düşmənləri zaman-zaman təriqət, məzhəb söhbətləri
yaradır, müsəlman ölkələrinin ərazilərində terror təşkilatları
formalaşdıraraq həmin ölkələrin ərazilərindən digər İslam ölkələrinə
qarşı çoxsaylı terror hadisələri, təxribatlar həyata keçirir. İslam
düşmənlərinin müsəlman ölkələrinin əli ilə İslam adından istifadə
edərək məkrli planla törətdiyi terror hadisələrinin, qanunsuzluqların
arxasında İslam dininin gözdən salınması, müsəlman ölkələrinin
məhv edilərək, onların birləşə bilməməsi, güclənməməsi dayanır.
Elə buna görə də müasir dövrümüzdə bir çox İslam düşməni olan
qüvvələr İslam ölkələrinin iqtisadiyyatını zəiflətməyə çalışır, onların
bir-biri ilə dostluq, qardaşlıq əlaqələrinin inkişaf etməsinə mane olur.

İslam dünyasında indiki dövrdə həmrəyliyə çox böyük ehtiyac
var və bu həmrəyliyin yaranması üçün ilk addımı atanlardan biri
də məhz Azərbaycandır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi çox

74

böyük əhəmiyyət kəsb edən bir hadisə idi və bu hadisə gələcəkdə
müsəlman ölkələrində baş verən terror hadisələrinin, qarşıdurmaların
qarşısının alınmasında, dünyada sülhün yenidən bərqərar olmasında,
İslam ölkələri arasında birliyin, həmrəyliyin yaranması üçün edilən
ən uğurlu işlərdən biridir. Keçmişdən bugünədək Azərbaycan İslam
dininin yayılmasında, qorunmasında mühüm rol oynayan ölkələrdən
biri kimi İslam sivilizasiyasının əsas mərkəzlərindən olmuşdur. Hələ
sovet dövründəki dinlə bağlı sərt qadağaların, ağlasığmaz cəzaların
mövcud olmasına baxmayaraq ölkə ərazisində dini ayinlərin icra
edilməsi üçün xeyli sayda məscidlər fəaliyyət göstərmişdir və bugün
həmin məscidlərin sayı iki mindən artıqdır.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının,
İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər
mötəbər qurumların üzvü seçilərək İslam dünyası ilə qarşılıqlı faydalı
münasibətlər qurmuş, bu münasibətlər İslam dünyasına, müsəlman
ölkələrinə hər zaman faydalı olmuşdur. 2009-cu ildə Bakı və 2018-
ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan
olunması Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun qurulmasında, islam dəyərlərinin qorunaraq dünyada
təbliğ edilməsinə böyük töhfələr verdiyinin nümunəsidir. IV İslam
Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi isə
ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi uğrunda atdığı
növbəti uğurlu addımıdır. Azərbaycan Respublikası bu möhtəşəm
oyunları keçirməklə bir daha İslam ölkələrinin həmrəy olmasında,
birləşməsində qərarlı olduğunu göstərərək, həm də öz dini dəyərlərinə
sadiq qaldığını bəyan etdi. Azərbaycan bird aha bütün dünyaya mesaj
göndərdi ki, İslam dünyasını, müsəlman ölkələrini bir-biri ilə düşmən

75

etmək istəyənlər, müsəlman ölkələrində terror hadisələri törədərək,
onları bölmək, aralarında nifaq salmaq, qətlimam törətmək istəyənlər
öz arzusuna çatmayacaq. Çünki Azərbaycan da müsəlman dünyasının
bir parçasıdır və İslam ölkələri arasında terror hadisələrindən, mənfi
proseslərdən ən çox əziyyət çəkənlərdən biridir.

1988-ci ildən bəriAzərbaycanın 20% torpağı Ermənistan tərəfindən
işğal edilmişdir. Bu işğaldan sonra Azərbaycan ərazisində qanunsuz
olaraq qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır.
Azərbaycanın bir milyondan artıq vətəndaşı öz dogma yurdundan,
el-obasından didərgin salınmışdır. Artıq uzun illərdir ki, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində
həllini tələb edir. Amma işğalçı Ermənistanın havadarları və İslam
düşmənləri hər dəfə terrorçulara dəstək verir, münaqişənin sülh yolu
ilə həll edilməsinə köməklik göstərmir. Ermənistan ordusu bütün
dünyada misli-bərabəri olmayan bir soyqırım törədərək, Xocalıda
körpələri, qadınları, qocaları vəhşicəsinə qətlə yetirmiş, işğal olunmuş
Azərbaycan torpaqlarında tarixi abidələri, qəbiristanlıqları, məscidləri
və dini ibadət yerlərini darmadağın etmişdir. 25-26 fevral hadisələri
zamanı Xocalıda 613 nəfər öldürülmüşdür ki, bunlardan 63-ü uşaq,
106-sı qadın, 70-i isə qocalar olmuşdur. Həmin vaxt 8 ailə tamamilə
məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirmiş, 487 nəfər, o cümlədən 76 uşaq yaralanmışdır. 1275
nəfər əsir götürülmüş, 150 Xocalı sakini isə itkin düşmüşdür.

Hal-hazırda ermənilər işğal olunmuş Azərbaycan ərazilərində,
Qarabağda qeyri-qanuni biznes fəaliyyəti, orqan ticarəti ilə
məşğuldur. Onlar Azərbaycana məxsus yeraltı və yerüstü sərvətləri

76

saxta erməni brendləri adıyla dünya bazarına, xarici ölkələrə
çıxararaq qanunsuz ticarət edirlər. Azərbaycanın işğal edilmiş
ərazilərində narkotika plantasiyaları yaradaraq, bütün dünya üçün
təhlükəli olan narkomaniyanın geniş şəkildə yayılmasına şərait
yaradırlar. Bu saxtakarlığın, qanunsuzluğun qarşısının alınmasında və
dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında İslam ölkələrinin
həmrəyliyinin böyük əhəmiyyəti vardır. İslam ölkələri bu sahədə
dini bir, qibləsi bir, Allahı bir, peyğəmbəri bir olan Azərbaycana
həmrəylik nümayiş etdirməlidir. İslam Əməkdaşlıq Təşkilatı ölkələri
Ermənistanın Azərbaycan ərazilərində qanunsuz hazırladığı saxta
erməni məhsullarının öz ölkəsinə girişini qadağan etməli, KİV-lər
ermənilərin və onların havadarlarının vəhşiliyini, qanunsuzluğunu,
saxtakarlığını mətbuatda davamlı surətdə işıqlandırmalı, bütün
dünyanın diqqətini bu terror, işğala yönəldərək Azərbaycana dəstək
olmalıdır. Çünki İslam dünyasında baş verən terror hadisələrinin,
problemlərin həll olunması üçün yeganə çıxış yolu səylərin
birləşdirilməsi və qarşılıqlı dəstək mexanizminin yaradılmasıdır. Ona
görə ki, bugün dünyada baş verən terror hadisələri, təxribatlar yalnız
müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün faciədir. Son illərdə
baş verən terror hadisələri zamanı yaşayış məskənləri, təhsil ocaqları,
dini-ibadət yerləri dağıdılaraq məhv edilmiş, minlərlə uşaq valideyn
himayəsindən məhrum olmuş, on minlərlə insan həyatını itirmiş,
ya da ömürlük şikəst olmuşdur. Dünyada sülhün olması, insanların
azad, rahat və qorxusuz şəkildə yaşaması üçün İslam ölkələri mütləq
şəkildə həmrəy olmalıdır. Bu həmrəylik dünyanı terrordan, insanlığın
məhvindən xilas edəcək, uşaqlar ölməyəcək, ölkələr sülh və dinc
şəraitdə yaşayacaq.

77

Mündəricat

Giriş .............................................................................................3
İslam Vəhdət Dinidir.....................................................................5
İslam dininin Azərbaycana gəlişi və tarixinə qısa baxış ..............8
Azərbaycana İslamın gəlişindən sonra digər dinlərə münasibət .13
Azərbaycan ədiblərinin əsərlərində vəhdət ................................16
Müasir Azərbaycanda dini vəhdətə baxış ...................................27
İslamda məzhəblərarası vəhdət...................................................34
Azərbaycanda məzhəblərarası vəhdət..........................................41

Azərbaycanda tarixən məzhəblərarası
vəhdətlə bağlı atılmış addımlar....................................................44

Azərbaycanda məzhəblərarası həmrəylik mühiti.........................51
Azərbaycan İslam Həmrəyliyinin mərkəzi.................................54
Azərbaycanda Vəhdət mühitinə qarşı olan təhdidlər..................58

78

Azərbaycan dinşünaslığında məzhəblərarası
vəhdət ilə bağlı yazılan əsərlər....................................................60
Müasir dövrdə İslami Vəhdətin şərtləri........................................62
Azərbaycanda mövcud olan
dini vəhdət ilə bağlı söylənən fikirlər..........................................66
Nəticə.........................................................................................73

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version