The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Anar Əliyev - Azərbaycanda dini vəhdət ənənəsi

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:03:37

Anar Əliyev - Azərbaycanda dini vəhdət ənənəsi

Anar Əliyev - Azərbaycanda dini vəhdət ənənəsi

ANAR ƏLİYEV

AZƏRBAYCANDA
VƏHDƏT ƏNƏNƏSİ

BAKI-2018

ANAR ƏLİYEV
AZƏRBAYCANDA VƏHDƏT ƏNƏNƏSİ

3

Giriş

Coğrafi baxımdan Şərqlə Qərbin qovşağında yerləşən
Azərbaycanda hər iki sivilizasiya kəsişməkdədir. Ölkəmiz bütün dini
etiqadları və etnik azlıqları ehtiva etməklə dinlərarası, millətlərarası
dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləmişdir.
Respublikamız daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma
şəraitində yaşadığı bir dövlət modelini sərgiləmişdir. Ölkəmizdə
bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad
etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu
vətəndaşı qismində hüquq əldə etməsinə lazımı şərait yaradılmışdır.
Azərbaycanın ən ucqar bölgələrində belə müxtəlif dinlərə məxsus
dini abidələrin qorunub saxlanılması, bərpası istiqamətində görülən
işlər tolerantlığa verilən əvəzsiz qiymətdir. Respublikamızda mövcud
tolerantlığın ən əsaslı isbatı ölkənin ana qanunu, hüquqi təməli hesab
olunan Konstitusiyada dinindən, dilindən asılı olmayaraq bütün
vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunmasıdır. Bu
bir daha Azərbaycanı tolerantlıq məkanı olaraq tanıdır, dini, milli
dialoqun mərkəzi kimi təsdiqləyir.

Azərbaycan  o azsaylı dövlətlərdəndir ki, həm Avropa
təşkilatlarının, həm də İslami strukturların üzvüdür. Respublikamız
İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman
ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam
aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli
bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Təsadüfi deyildir ki, Bakı 2009-cu ildə İslam mədəniyyətinin

4

paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabr ayında  isə Bakıda
keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət
nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir.
2017-ci il 12-22 may tarixlərində baş tutan IV İslam Həmrəyliyi
Oyunları isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi
sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait
yaratmışdı. İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq
oyunları oldu. Bu yarışlar sülhün, əmin-amanlığın, həmrəyliyin
möhkəmlənməsi üçün dünyaya bir çağırış idi. Yarışın əsas şüarı da
“Gücümüz həmrəyliyimizdir” seçilmişdi.

Azərbaycan  dünyəvi dövlət olsa da  əhalinin əksəriyyətini
müsəlmanlar təşkil edir. Ölkəmizdə İslam dini-ənənələri geniş
yayılmışdır.UzunəsrlərdənbəriAzərbaycanİslamsivilizasiyasınınəsas
mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında, müsəlman
intibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu
olmuş və onlar İslam mədəniyyətinin formalaşmasında böyük töhfələr
vermişdilər. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam
dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

5

İslam vəhdət dinidir

İslama görə vəhdət müxtəlif inanclı insanlar arasında bir
körpüdür. İslamın təbliğ edilməsində zor və məcburiyyətin olmaması
Quranda aydın şəkildə göstərilmişdir. “Allah belə buyurur: “Ey
insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-
birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...”
(“əl-Hucurat”, 49/13). İnsanların bir-birini tanıması, qarşılıqlı
münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam
dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Quran tolerant
olmaq üçün ədalətli olmağımızı əmr edir: “Söz söylədiyiniz zaman
qohumunuz olsa belə, ədalətli olun...” (“əl-Ənam”, 6/152).

Allahın “De: “İstər inanın, istərsə də inanmayın” (“əl-İsra”,
17/107). “De: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də
istəyir inanmasın...”  (“əl-Kəhf”, 18/29) sözləri İslamın dini etiqad
azadlığına verdiyi dəyəri göstərir.  Quran «Dində məcburiyyət
(zorakılıq) yoxdur” (“əl-Bəqərə”, 2/256) ayəsi ilə inanmaq azadlığının
prinsipini formalaşdırıb. “Dində məcburiyyət (zorakılıq) yoxdur.
Artıq döğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs
Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə,
o, artığ (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən)
yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”
(“əl-Bəqərə”, 2/256). Yaxud, Qurani-Kərimin başqa bir surəsində
göstərilir ki, “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa
onlarda (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən
Allahı düşməncəsinə söyərlər...”(“əl-Ənam”, 6/108).

6

Göründüyü kimi, burada İslamın digər səmavi dinlərə və dini
konfessiyalara dözümlülük münasibəti göstərilir. Yəni buradan aydın
olur ki, İslam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar
arasında dözümlülük və sülh münasibətini önə çəkir. Quranda irəli
sürülən bu fikirlər İslamda dözümlülüyün prioritet olduğunu göstərən
ən mühüm faktlardan biridir.

Məhəmməd peyğəmbərin özünün sülhpərvər və başqa millətlərə
qarşı dözümlülük nümayiş etdirməsi haqda xeyli tarixi faktlar vardır.
Bu tarixi faktlardan birini şərh edən Şeyxülislam H.A.Paşazadə
özünün “Qafqazda İslam” adlı kitabında yazmışdır: “Məlumdur
ki, İslamın erkən çağlarında, müsəlman cəmiyyətinin hüdudları
hələ Ərəbistan yarımadası ilə məhdudlaşdığı bir vaxtda, Həzrəti
Peyğəmbər qonşu dövlətlərin başçılarına bir sıra xüsusi məktublar
göndərmişdir. Belə məktublardan biri Abdallah bin Hüzeyfə əs-
Səhmi vasitəsilə Sasani şahına göndərilmişdi.”. Artıq yuxarıda
qeyd etdiyimiz kimi, bu vaxt Qafqazın böyük bir hissəsi Sasanilərin
hökmranlığına tabe idi. Həzrəti Peyğəmbərin Sasani şahına göngərdiyi
məktubda deyilirdi:“Bismillahir-Rəhmanir-Rəhim! Allahın rəsulu
Məhəmməddən Fars şahı Xosrova. Salami-sülh o kəsə ki, hidayət
yolunu tutmuşdur və Allaha və Onun rəsuluna iman gətirmişdir və
şəhadət etmişdir ki, Vahid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan
yoxdur və Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir
Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara
rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. Kafirlər üçün belə bir
söz haqlıdır: özünü (Allaha) təslim et – salamat qalarsan! Boyun
qaçırsan atəşpərəstlərin günahları üçün məsuliyyəti sən daşıyırsan”.

Bu məktubdan görünür ki, Məhəmməd peyğəmbər çox təmkin və

7

ləyaqətlə Xosrov şahı İslam dininə sülh yolu ilə çağırır və İslamın əsas
prinsipini aydın şəkildə sayğı ilə şərh edir. Bu məktub Peyğəmbərin
sülhpərvər olduğunu, İslam dininin isə tolerant din olduğunu bir daha
təsdiq edir.

İslamı insanlara çatdıran Həzrət Məhəmməd bütün müsəlmanlara,
xüsusilə idarəçilərə belə buyurub: «Kim müsəlman olmayan əhalidən
birinə zülm edərsə, onların haqqını qiyamət günü mən müdafiə
edəcəyəm”, “Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan aciz
olduğu bir yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan
bir şeyini alarsa, mən həmin adamın düşməniyəm”. “Bir müsəlmana,
yaxud zimmiyə qəsdən zərər verən şəxs lənətlənib”.  Məhəmməd
Peyğəmbər başqa bir hədisində də bildirib: “Allah qiyamət günündə
insanlara əziyyət edənlərə əziyyət edəcəkdir”.

İslam dünyasında başqa dindən olanlara peşə yasaqları yox idi.
Ona görə də xristianlar və yəhudilər çox qazancıl peşələrlə məşğul
olurdular. Xilafətin paytaxtı olan Bağdadda (IX əsr) xristian icmasının
başında saray həkimi xristian dururdu. Yəhudi icmasının başında isə
saray bankiri yəhudi dururdu (Adam Mets təəccüblənərək yazırdı:
“Müsəlman imperiyasında adamı ən çox mat qoyan başqa dindən olan
məmurların çoxluğudur. Müsəlmanlar bu məmurlara tabe olurdular.
Paradoks: bir tərəfdən yəhudiləri və xristianları məcbur edirdilər
ki, onları bildirən nişanları gəzdirsinlər. Onlara icazə verilmirdi ki,
müsəlman evindən hündür ev tikdirsinlər (hərçənd bu yasaqlara çox
az əməl olunurdu). O biri tərəfdən isə həmin dindən olan məmurlar
müsəlmanlara əmr və cəza verirdilər.

8

İslam dininin Azərbaycana gəlişi və
tarixinə qısa baxış

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi,
əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin və məzhəblərin
mövcudluğuna şərait yaratmışdır. Bu baxımdan, Azərbaycan
reallığında məzhəblərarası münasibətlərin öyrənilməsi çağdaş
ölkəmiz üçün də xarakterik əhəmiyyətlər kəsb edir. VII əsrin
əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan İslam tezliklə
dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması
da erkən İslam fütuhatı ilə hicrətin 18-ci (miladın 639-cu) ilindən
başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə
məğlub olub sülh müqaviləsini həmin ildə bağlamışdı. Ərdəbil,
Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir,
ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Tarixçi Bəlazurinin
məlumatına görə, artıq xəlifə Əli ibn əbu Talibin hakimiyyəti dövründə
(656-661) Azərbaycan əhalisinin əksəriyyəti İslamı qəbul etmişdi.
Hər halda, Azərbaycanda islamlaşmanın bəzi mərhələlərini nəzərdən
keçirmək daha məqsədəuyğun olar: Birinci mərhələ kimi VII əsrin
ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən İslam fütuhatı
dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin
süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi
ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi kimi, bu mərhələnin
sonunda İslam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını
qorumaq üçün ilk növbədə və qeyd-şərtsiz yuxarı silk adamları qəbul
edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılır, çünki ərəblər bu

9

siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim
məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr
məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü
qorunub saxlanılırdı. İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi
İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinədək olan
dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah
Məzyədilər və Səccadilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştlik
əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban
kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən
ayinçilik erməni dilində aparılır, davamçıları erməniləşir. Bu dövrdə
İslama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur
tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk
dövrlərindən başlanan şüubilik hərəkatında müşahidə etmək
mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır.
Sərhəd məntəqələrində İslam təsəvvüfü təşəkkül tapır. Dağ
rayonlarında ifrat şiəlik fəallaşır. Üçüncü mərhələ Büveyhilərin
hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik
Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır.
Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar.
Sufilik də özünə xeyli davamçı tapır. Bu dövrün ən gözəl sufi
abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin
ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, Şiəliyin
mövqeləri zəifləyir və şafei məzhəbi aparıcı məzhəb olur. Sufi
təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar İslamı
xristianların təzyiqindən qoruya bilirlər. Beşinci mərhələ monqol
istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir.

10

Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi
Fəzlullah Nəimi (vəfatı - 1394) idi. Əbülhəsən Əliyyəl-Əla və şair
Nəsimi (vəfatı - 1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi
şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri
Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı-1464) çox məşhur
olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri
xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487)
davamçılarından idi. İbrahim ibn Məhəmməd Gülşəni (vəfatı - 1534)
XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə
təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən
nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza
nüfuz etmişdir. Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI
əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə
bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının
şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar
“qızılbaşlar” adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn
Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.
Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr
də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə
bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman
din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə
xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq
siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata
göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi
barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış
layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz
Vorontsovun tapşırığı ilə Xarici İşlər Nazirliyinin əməkdaşı N.

11

Xanıkov “Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə” layihəsini
hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun
həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək
üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin
nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan
təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını,
dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər
hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən
etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa
başladılar. “Zaqafqaziya Şiə və Sünni Məhəmmədi Ruhanilər İdarəsi
haqqında Əsasnamə” Dövlət Şurasının təqdimatı ilə Rusiya çarı
tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi. İdarənin təşkilində rus
pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi
Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni
ruhani idarəsi (müftilik) və Şeyxülislamın sədrliyi altında Şiə ruhani
idarəsi (Şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin
hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə
birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki
idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı
quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni
idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili işlər
Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında
məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və
qəzalardakı yerli hakimiyyətlərə tabe idilər. Azərbaycan Demokratik
Respublikası (1918-1920) yaranana qədər Cənubi Qafqaz
müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir.
1918- ci il dekabrın 11-də Şeyxülislam Məhəmməd Pişnamazzadə

12

vəzifəsindən istefa verir. ADR sosial təminat və dini etiqad işləri
naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə
təyin edilir. Bu dövrdə İslamı rasionallaşdırmaq, müasirləşdirmək
meylləri güclənir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və
şeyxülislamlıq təsisatı buraxılır, müsəlman din xadimləri təqiblərə
məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist
Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə
məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması
məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı
25-28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa
Əlizadə Şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk
Şeyxülislamdır, ona qədər Şeyxülislamlar dövlət tərəfindən təyin
edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda
müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və
Şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci
müavini sayılır və sünni məzhəbindən olan müsəlmanların şəriətlə
bağlı məsələlərini tənzim edir. Hazırda bu idarə Qafqaz Müsəlmanları
İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və İslam
təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.

13

Azərbaycana İslamın gəlişindən sonra
digər dinlərə münasibət

İslamın hakim mövqe tutduğu dövrlərdə Azərbaycan ərazisində
xristianlıq və musəvilik kimi dünya dinləri də paralel olaraq mövcud
idi və bu dinlərin daşıyıcıları öz inanclarını sərbəst həyata keçirə
bilirdilər.

İslamın əhli kitab dinlərinə loyal münasibəti bu dinlərə sitayiş edən
xalqların İslam arenasında sərbəst həyat sürmələrinə geniş imkanlar
yaradırdı. Orta çağlarda İslam dünyası, o cümlədən Azərbaycanda
yaşayan müxtəlif xristian və yəhudi icmaları İslam dünyası içində
öz dünyalarını yaratmışdılar. Kilsələr və sinaqoqlar həmişə özlərinin
müxtariyyətliklərini qoruyub saxlayırdılar.

Hətta XII-XIII yüzilliklər xristianlığın Azərbaycanda yenidən
çiçəkləndiyi bir dövrdür. Belə ki, bu dövrdə Qarabağda xristian
albanlar qısa müddətə olsa da Həsən Calalyanın rəhbərliyində Xaçın
çarlığı kimi siyasi təsisat yarada bilmişdilər. Gəncədə Mxitar Qoş
(1130-1213), onun yetirməsi Vanakan, Gəncəli Kirakos (1200-1271),
Vardan (öl. 1271) və s. kimi xristian Alban intellektualları yaşayıb
yaratmışdılar. Mxitar Qoş Albaniya katalikosu III Stepannosun (1155-
1195) təkidli xahişi ilə yazılmış məşhur “Sudebnik” (“Qanunnamə”)
əsərinin müəllifidir. “Qanunnamə”yə heç bir sistem gözlənilmədən
Şərqi Roma imperiyasının qanunları ilə yanaşı, Alban kilsəsinin
qanunları, “Musa qanunları”, kilsə (Aquen, bardis) qanunları daxil
edilmişdir (7, 227). Bundan başqa Mxitar Qoş “Alban salnaməsi”
əsərinin də müəllifidir.

14

1240-cı ildən başlayaraq isə Qanzasar məbədinin nüfuzu artmağa
başladı. Məbədə Həsən Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər.
Bu vaxtdan Qanzasar alban kilsəsinin mərkəzi alban katolikoslarının
iqamətgahı oldu, alban katolikosluğu Qanzasar katolikosu adlanmağa
başladı. Qanzasar katolikoslarının iqamətgahı həm də Artsax
knyazlığının dini və siyasi mərkəzi idi”. Həmdulla Qəzvini “Hüzhət
əl-Qülub” əsərində Ucan şəhərindən danışarkən şəhər əhalisi arasında
xristianların da olduğunu qeyd edir. Şərqi Suriya kilsəsi saborlarının
sənədlərində Partavda V əsrdən, Urmiyada IV əsrdən, Paytakaranda
VI əsrdən, Muğanda VIII əsrdən, Marağa, Təbriz, Uşnuda XIII
əsrdən yepiskopluqların mövcudluğu təsdiq edilir. Xristianlığın əsas
cərəyanlarından biri olan nəsraniliyin Azərbaycanda yayılması ilə
bağlı da faktlar vardır. Akademik V.Bartolld “Xəzəryanı ərazilərin
İslam tarixində yeri” adlı əsərində ərəblərin gəlişi dövründə nəsranilərə
işarə edərək yazır: “Ərəblər Sasanilərin sərhəd ərazilərini tutanda bu
bölgələrin dini kimi xristianlıqdan danışırlar, zərdüştlüyün ardıcılları
isə heç xatırlanmır. Sasanilərin qərb ərazilərində nəsranilik xristianlığın
xüsusi təlimi şəklində təşəkkül tapdı. Onlar Bizansda təqib olunurdular.
Burada isə təqiblər olmadığı üçün nəsranilik hakim vəziyyətdə idi”
(11, 672). Monqol və Səlcuq-türk istilaları dövründə xristianlıq təzə
nəfəs tapıb yeni bir dalğa ilə Şərqə yayılmağa başlamışdı. Bu səbəbdən
də XI-XIII əsrlərdə Azərbaycanda nəsrani məzhəbli xristianlıq daha
fəal yayılmış, bir sıra türk tayfaları xristianlığı qəbul etmiş, kilsə
və monastırlar tikilmişdir. İçəri şəhərdəki - Qız qalasının yanındakı
məscidin yaxınlığındakı xristian kilsəsinin nəsranilərə məxsus olduğu,
eyni zamanda Abşeronun bir sıra qədim qəbiristanlarında nəsrani
müqəddəslərinin sərdabələri olduğu məlumdur.

15

Orta əsrlərdə Azərbaycanda yəhudi icmaları da mövcud idi.
Azərbaycanın Şimal-şərqinə yəhudilərin köçüb gəldiyi hələ lap
qədim dövrlərdən məlumdur. Onların Azərbaycanda məskunlaşması
ilə bağlı tədqiqatçılar arasında fərqli fikirlər mövcuddur. Tarixçi
alim Tarix Dostəliyev “Şimali-şərqi Azərbaycan IX-XV əsrlərdə”
adlı əsərində yəhudilərin Azərbaycanda mənşəyi ilə bağlı, bəzi
tədqiqatçılar tərəfindən irəli sürülən Sasanilərin köçürtdükləri İran
mənşəli əhalinin sonradan iudaizmi qəbul etmələri və bunun əsasında
Azərbaycanda yəhudi icmasının yaranması haqqındakı versiyanı
rədd edərək qeyd edir ki, yəhudilər dünyanın bir çox məmləkətlərinə
səpələndikdən sonra da müxtəlif xalqlar arasında yaşayaraq onların
dillərini qəbul etsələr də, dini mənsubiyyətlərini qoruyub saxlaya
bildikləri kimi Azərbaycanda da öz icmalılığını və dini mənsubiyyətini
qoruyub saxlamışlar. Orta əsrlərdə Azərbaycanın Şimal-şərqində
yəhudi icmalarının yaşaması haqqında orta əsr yazılı mənbələri də
xəbər verir. XIII əsrin ortalarında Monqolustana qədər səfər etmiş və
səyahəti zamanı keçdiyi ərazilər və onların xalqları haqqında qeydlər
aparmış fransalı rahib Vilhelm de Rubruk Dərbənddən cənubda
iki günlük məsafədə yerləşən Şabran (Samaron) şəhərində çoxlu
yəhudilərin yaşadığını söyləyir.

16

Azərbaycan ədiblərinin əsərlərində vəhdət

Nizami Gəncəvi

Azərbaycan poetik məktəbinin nümayəndələrinin əsərlərində
ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini
tuturdu.

Nizami Gəncəvinin əsərləri bu cəhətdən xüsusilə fərqlənir.
Onun yaradıcılığına əsasən deyə bilərik ki, şairin yaradıcılığında
multikultural və tolerantlıq elementlərinə rast gəlmək mümkündür.
O, Makedoniyalı İsgəndərin və antik dövr yunan filosofları – Falis,
Əflatun, Sokrat, Aristotel və s. haqqında dərin bilgilərə malik olmuşdu.
Əsərlərindən də göründüyü kimi, o qədim yunan, hind, filosoflarına
böyük rəğbət bəsləmiş, Əl-Fərabi, İbn Rüşd, İbn Sina və s. kimi İslam
mədəniyyətinin yetişdirdiyi nəhəng intellektualların da yaradıcılığına
bələd olmuş və onların mirasına tez-tez müraciət etmişdir.

Qeyd edək ki, Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək
meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd
edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli,
zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik.
Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin
milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət,
xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan
şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı
mövzularındandır.

Nizami təsvir etdiyi ideal cəmiyyətdə din və etiqad haqqında
təliminin mahiyyətini oradakı insanların düşüncələri ilə verir.

17

Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz...
Birini qəzəbli, acıqlı görsək,
Ona məsləhətlə eylərik kömək.
Qızıla, gümüşə aldanmaz heç kəs,
Onlar bizim yerdə bir şeyə dəyməz.

Zərdüştlik, Yəhudilik xə Xristian dinləri və onlara dair
işarətlər, atributlar da Nizami Gəncəvinin əsərlərində xoş niyyətlə
xatırlanır:

Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən,
Bir günəşin eşqindən zərrəcə məst deyilsən.
Kaş ki, hindli möbidtək dərk edəsən dünyanı.
Lalənin atəşgahı - laləzardır burada.
Hindli atəşpərəstdir, yanıb çatıb murada.
Hörmüz ki, söz deməyə başladı,
İlahi biliyin qapısını açdı.
Hər dediyinə bir dəlil gətirdi,
Elə bir dəlil ki, nur kimi gözlərdə və ürəklərdə yer tapdı

İsadilli, birgünlük süsən necə nəşəli,
Musanın əli kimi olub sübhün məşəli.
Sular şölə saçırdı Musanın əlləritək.
Nizami Gəncəvinin səhabələr arasında fərq qoymadan onlara bütöv
sevgi nümayiş etdirməsini də əsl İslam əxlaqından irəli gələn dünyagörüşü
ilə izah edirik. Belə ki, şair məşhur beşliyinin sonuncu abidəsi olan
“İskəndərnamə”nin “Şərəfnamə” hissəsində bu məsələyə aydınlıq gətirir:

18

...Əlinin eşqində hərçənd ki, möhkəməm,
Ömərin eşqindən də xali deyiləm.
Eyni zamanda mənim işıqlı dimağımın gözündə,
Əbubəkr şamdır, Osman çıraqdır.
Bu dərviş xislətli dörd sultanla,
Dövlətin dörd təkbirini tamamlamışlar
Elə şair bu beşliyin birinci əsəri olan “Sirlər xəzinəsi”ndə də
eyni mövqedən çıxış edir. Klassik ədəbiyyatda “nət” adlandırılan
“Peyğəmbər mədhi” bəhsində böyük alim və şair sevimli
peyğəmbərimizə müraciətlə yazır:
Ya bir Əlini vuruş meydanına yolla,
Ya bir Öməri şeytanın qabağına yolla

Molla Vəli Vidadi

Molla Vəli Vidadi də Molla Pənah Vaqiflə deyişməsində aşağıdakı
misraları əqidə ifadəsinə çevirir:

Əvvəl Əbubəkr Peyğəmbərə yar,
Ömərdir İslamı eyləyən izhar.
Osmani-Zinnureyn, Heydəri-Kərrar,
Olarlar saqiyi-Kövsər, ağlarsan
Göründüyü kimi, şair bu misralarda Həzrət Əbu Bəkrin, Həzrət
Ömərin iki nur sahibi Həzrət Osmanın və döyüşdə aslan ləqəbli Həzrət
Əlinin cənnətin ən uca pilləsində olan mübarək peyğəmbərimizin
sakin olduğu “Kövsər” çeşməsi yanında olacaqlarını qeyd edir və bu
müqəddəs məqam sahiblərini bir-birindən ayırmağa cəhd edənlərə
qarşı mövqe bildirir.

19

Seyid Əzim Şirvani

S.Ə.Şirvani də əsərlərində bildirirdi ki, insanların müxtəlif dinlərə,
etiqadlara bölünməsinə bir zəruriyyətə ehtiyac yoxdur. O, fikirlərini
bununla əsaslandırırdı ki, müxtəlif dillərə məxsus “xuda”, “boq”,
“tanrı” ifadələri yalnız “Allah” məfhumunu ifadə edir və hamının
ibadət, itaət etdiyi Allah birdir.

Xah boq, xah tanrı, xah xuda
Birdi mənada, ey düri-yekta
Ləfz edirsə ifadə mənanı,
Sərf edər əhli-mərifət anı...
Seyid Əzim Şirvaninin xalqlar arasında dostluq, insana məhəbbət
və s. kimi bəşəri hissləri təbliğ edən əsərləri Azərbaycan bədii
təfəkkürünün inkişafı tarixində orijinal bir mərhələni təşkil edir və bu
gün də aktuallıq kəsb edir.
Şiəmiz sünniyə edər töhmət,
Sünnimiz şiədən edən qeybət,
Bizi puç etdi şiə-sunni sözü,
Əhli-İslamın oldu kor gözü
Seyyid Əzimin “Əkinçi” qəzetinin yaradıcısı Həsən Bəy Zərdabiyə
müraciətlə yazdığı şeir Firudun bəy Köçərli tərəfindən “Azərbaycan
(türklərinin) ədəbiyyatı” toplusunda verməklə məzhəbçilik məsələsi
ilə bağlı öz mövqeyini ortaya qoymuşdur.
Ümumiyyətlə, Hacı Seyyid Əzim Şirvani dəfələrlə bu mövzuya
toxunmuş, bu məsələyə geniş İslami mövqedən yanaşmış, fikir
ayrılığının düşmənçilik səviyyəsinə gəlib çıxmasına öz etirazını
bildirmişdir. Seyyid Əzim “Rəbiül-Ətfal” (Tifllərin baharı) əsərində
oğlu “Mircəfərə xitab” edir ki:

20

“Demirəm sünni ol və ya şiə,
Tək hədəf olma tiri-təşniə”
Şair demirəm sünni və ya şiə ol, tək eyiblilik oxuna (tiri-təşni)
özünü hədəf etmə, deyir. Şair daha sonra şiəliyin hüquqi əsaslarına
toxunaraq oğluna məsləhət görür ki, şiəlik etsə də, radikal şiə təəssübü
iddiasıyla ifrat mövqedə dayanıb hətta peyğəmbər səlavatullahın
əshabı haqqında küfr və lənət edənlərdən özünü fərqləndirə bilsin.
Buna görə də bu yerdə böyük Seyyid Əzim özünü misal göstərir:
Mən özüm şiəyəm, budur sifətim,
Leyk əshabə yox müxalifətim
İfratçı şiə və sünni tərəfdarlarının İslam tarixində adı əbədiləşmiş
dörd xəlifə (Həzrət Əbu Bəkr, Həzrət Ömər, Həzrət Osman və Həzrət
Əli) haqqında dedikləri mənfi fikirlər, lənət oxumaq cəhaləti Seyyid
Əzimi narahat edir. Ona görə də eyni yerdə oğluna “Dilini saxla
lənət etməkdən” deyir, bunun İslamı parçaladığı, Allahın və onun
Rəsulunun adına hörmətsizlik olduğunu diqqət mərkəzinə çəkir

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabirin XX əsrin əvvəllərindəki yaradıcılığı isə
əsasən, müsəlmanların-türklərinin oyanışına, tərəqqisinə və vətən
azadlığına yönəlmişdir. Sabirin şeirləri nə qədər acı, ironiyalı, istehza
ilə dolu və dözülməz olsa da, əslində tənqidi xarakter daşıyan satirik
şeirlərin mahiyyətində mütəfəkkirin vətəninə, millətinə, dilinə,
dininə böyük və sonsuz sevgi bağlılığı var. Sabir ümid edirdi ki,
onun bu satirik şeirləri avamlıq, cəhalət, nadanlıq, dini fanatizm və s.
girdabında olan soydaşlarına, dindaşlarına təsir edəcək, bu bəlalardan
xilas olmağa çalışacaqlar. Məhz bu məqsədlə Sabir soydaşlarını və

21

dindaşlarını, sözün həqiqi mənasında mömin müsəlman və millətsevər
olmağa çağırırdı. Onun fikrinə görə, yalançı vətənpərvərlik, dindarlıq
və sairədən uzaq qaçmalıyıq:

Əqrəb kimi neştər gücü var dırnağımızda,
İslam susuz olsa, su yox bardağımızda,
Hər küncdə min tülkü yatıb çardağımızda,
Min hiylə qurub, rütbəvi ikram alarız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alarız biz!

Eyni zamanda M.Ə.Sabirin fikrincə, şəhadət yoluna davam edən
İmam Hüseyn (ə) və onun məsləkdaşları yalnız din deyil, həm də vətən
və millət şəhidləridir. Ona görə də, millət, vətən və İslam imanını
daxillərində, mənəviyyatlarında bütövləşdirən İmam Hüseyn (ə) və
onun məsləkdaşları şəhadət yolundan geri dönməmişlər. «Növheyi-
milli» şerində də Sabir millət, vətən və İslam imanının bütövlüyündən
çıxış etmişdir. O, bu şeirində yazırdı ki, Quran müsəlman xalqları
arasında bir ittihad olarkən, əksəriyyətimiz buna əməl etmirik.
Halbuki, İslam yarandığı gündən insanlar arasında qardaşlığa, barışa,
müasirləşməyə, elmə və təhsilə xidmət etmişdir. Ancaq çox keçmədi
ki, Yezid ibn Müaviyə kimiləri tapıldı ki, müsəlman xalqları arasında
nifaqa səbəb oldular. İmam Hüseyn (ə) isə İslam birliyi, müsəlman
qardaşlığı naminə ona qarşı çıxaraq, onu parçalayanlara qarşı
mübarizə aparmağa başladı. Buna dözə bilməyən ikiüzlü müsəlmanlar
və onların başçısı Yezid heç bir günahı olmayan peyğəmbər nəvəsinin
qətlinə fərman verdilər.

22

Kim xidmət etdi, ey dil, islamə, ittihadə?
Kim keçdi başü candan bu məsləki-vəfadə?
Məzlumi-Kərbalanı gör, dəşti-Neynavədə,
Xiyuşi təbarın etdi bəzli-tifaqi-millət!

Sabir! Hüseynə pyerəv olmaq gərək və illa,
Mən müsliməm deməklə, yetməz sübutə dəva,
Bax, gör nə şövqilə baş verdi əzizi-Zəhra,
Olsa, nolur bu yolda həm iştiyaqi-millət!
Sabirin yaradıclığında türkçülük, dini birlik məsələsinə gəlincə,
mütəfəkkirin fikrinə görə, türk millətinin daxilindəki nifaqlar bu
günün işi deyil, ötən zamanlarda da bu cür hallar baş vermişdir. Belə
ki, Çingizlərlə Xarəzmşahların, Teymurlarla İldırımların, Teymurlarla
Toxtamışların, Şah İsmayılılarla Sultan Səlimlərin və başqalarının
bir-birilə mübarizə nəticəsində itirən turanlılar - türk milləti və İslam
dini, qazanan isə farslar, ruslar və başqa millətlər olmuşlar. Xüsusilə,
Teymurun Toxtamışı məğlub etməsi rusların işinə yaramış, bununla
da ruslaşmağa və dinimizdən uzaqlaşmağa başlamışıq. Şah İsmayılla
Sultan Səlim arasındakı müharibə isə ona gətirib çıxarıb ki, tək qədim
dinimizə iki təzə ad qoymuşuq: sünni və şiə. Yalnız Nadir şahın türk
millətinin birliyinə çalışdığını, ancaq bunun da nəticəsiz qaldığını
deyən, Sabir yazırdı:

İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya,
Bir qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki, qızışdı olarıq məhv sərapa.

23

Sabirin şeirlərindən hiss etmək olur ki, o, şiəlik və sünnilik,
osmanlılıq və iranlılıq adları altında türk millətinin parçalanmasının
əleyhinə olmuş, türk-müsəlman xalqları arasında ən azı mənəvi
birliyin olmasına çalışmışdır.

Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nəşini qoyduq quru yerdə,
Bir şeyi əcibiz, nə bilim, bir tühəfiz biz,
Öz dinimizin başına əngəlkələfiz biz
M.Ə.Sabir Nadir şahın ölümünə sünni – şiəliyin aradan
qaldırılmasında atdığı ciddi addımların səbəb olduğunu göstərir və
“Fəxriyyə” şerində buna ürək ağrısı ilə acıyır.
M.Ə.Sabir bu şeirdə sünni və şiəlik məzhəblərinin İslamı
parçalamasını göstərməklə bu məzhəb ayrılığının düşmənçilik
səviyyəsinə gəlib çıxmasına şiddətli etiraz səsini ucaldır.

“Bir vəqt şah İsmailü- Sultani- Səlimə,
Məftun olaraq eylədik İslamı dünimə.
Qoyduq iki tazə adı bir dini – qədimə,
Saldı bu təşəyyö, bu təsənnün bizi bimə...
Qaldıqca bu halətdə səzayi - əsəfiz biz,
Öz dinimizin başına əngəlkələfiz biz
Sabir təşəyyö (şiəlik), təsənnü (sünnilik) məzhəblərinin İslamdan
çox sonra yarandığını bildirməklə bərabər iki türk dövlətinin məhz
bu məzhəblər vasitəsilə bizim üçün İslamı ikiyə parçaladığını qeyd
edərək məzhəb ayrılığının İslam dininə zidd olduğunu bəyan edir.

24
Məhəmməd Hadi

Məhəmməd Hadi Qurani-Kərimdə qardaşlıq kəlməsinin olduğunu
məzhəb ayrılığına qarşı inanc əsası kimi meydana qoyur:

Nə sünni, şiə var Quranımızda,
Üxüvvət ləfzi var fürqanımızda

Əli bəy Hüseynzadə və “Füyuzat” jurnalı

Qafqazın ilk Şeyxülislamı Axund Məhəmmədəli Səlyaninin və
Axund Əhməd Səlyaninin nəvəsi olaraq Əli Bəy Hüseynzadə ilk dini
təhsilini də Tiflisdə Şeyxülislamlığın nəzdindəki məktəbdə almışdı.
Ənənəvi olaraq şiə-cəfəriliyi təmsil edən Qafqaz şeyxülislamlarının
məşhur simalarının nəslindən olması və Şeyxülislam babasının
himayəsində keçirdiyi uşaqlığı, Hüseynzadənin şiə-cəfəri məzhəbinə
baxışının erkən yaşlardan etibarən formalaşmasına səbəb olmuşdur.
Bununla birlikdə Hüseynzadənin İslam kimliyi anlayışı yalnız
cəfəriliklə məhdudlaşdırılmamış, Əhli-sünnə məzhəblərinə də
müsəlman kimlik içərisində bərabər yer verilmişdir. Hüseynzadə şiə-
cəfəri məzhəbinin bir haqq məzhəb olduğunu müdafiə edərkən, eyni
zamanda bunun İranın icadı olduğuna dair iddianın səhv olduğunun,
dörd Əhli-sünnə məzhəbi kimi Cəfəriliyin də ixtira deyil, ictihad
olduğunu müdafiə etmişdir.

Bu səbəblədir ki, Hüseynzadənin qələmi ilə “Füyuzat”da Osmanlı
dövlət adamı Mithat Paşanın torpaq siyasətini nümunə aldığı Ömər
ibn Xəttabdan “Faruqi-Azam radiyallahu anh həzrətləri” deyə
bəhs etməsinə rast gəlinir, Osman ibn Əffanın şəhadəti əsnasında

25

qanının töküldüyü Qur’ani-Kərim nüsxəsinin Sankt-Peterburqda
saxlanılmasını otuz milyonluq ümum Rusiya müsəlmanları üçün on
üç əsrlik “mətin maddi bir həbl” (həblu’l-mətin) olduğunu vurğulayır,
beləliklə ilk üç raşidi xəlifədən ikisi, ənənəvi şiə anlayışında az
rast gəlinən bir mövqeyə yüksəldilir. “Füyuzat”ın nəşr siyasətində
siyasi şəxsiyyəti baxımından müstəsna yeri olan Mithat Paşanın
“ölü və dəfni-əmvat” mövzusundakı islahatından nümunə verilərək
İran şiəliyi və Ərəbistan vəhhabiliyi də ifrat və təfrit cəhətləri ilə
tənqid olunaraq, ortaq çıxış yolu tapılması nümunə gətirilir. Nəticə
olaraq XX əsrin əvvəllərində Azərbaycan türklərinin dini şüurunun
təşəkkülündə mühüm rol oynamış Füyuzat jurnalında müsəlman
xalqların ayrı-ayrılıqda inkişafı ümumi İslam dünyasının inkişafı
naminə təşviq edilir. Bunu edərkən məzhəblərüstü müsəlman
kimliyinin formalaşdırılması vurğulanır.

Əli Bəy Hüseynzadənin “Füyuzat” jurnalının müxtəlif
nömrələrində dərc olunmuş çox sayda məqaləsində dini kimliklə
əlaqəli üzərində durduğu və milli birlikdə ən böyük maneələrdən biri
saydığı mövzu sünni-şiə məzhəbləri arasındakı ziddiyyətdir. Hətta
“Füyuzat”ın nəşr siyasətində mühüm bir təsiri olan Jön-Türklərə
qarşı yönəldilən ən mühüm tənqidlərdən biri sünni-şiə təfriqəsi
aparmaları ilə əlaqədar idi. “Füyuzat”da üzərində durulan müsəlman
kimliyində isə sünni və şiə məzhəbləri arasındakı təfriqə deyil,
birləşdirici yanaşma mühüm yer tutur. Müsəlman xalqların siyasi,
iqtisadi və mədəni müstəqilliklərini əldə etmə və qoruması üçün
xarici düşmənlərə qarşı ayıq-sayıq olmaları, sünni-şiə təfriqəsinə
qapılmamalarının əhəmiyyəti Məhəmməd Hadinin “Fünun və Məarif”
adlı şeiri ilə də jurnalın birinci nömrəsində öz əksini tapmışdır. Bu

26

yanaşma jurnalın sonuncu sayısında Əli Bəy Hüseynzadənin “Pərdə
eniyor” adlı məqaləsində “Can düşmanı təhdid ediyorken tarafeyni,
ey hace, nedir meseleyi Şiayı-Sünni” sözlərilə Füyuzatın mövzuya
baxışını əks etdirir.

Nəriman Nərimanov

N.Nərimanovun “Nadir şah” əsərində Nadir şah iki məzhəb
haqqında deyir: “Doğrusu şiə-sünni adı eşidə bilmirəm. Gərək bu
iki məzhəb birləşə”. Nadir şah bu əsərdə bunu yalnız bir şəxs olaraq
deyil, həmçinin həyata keçirmək istəyən böyük təfəkkür sahibi kimi
təsvir edilir. Belə ki, o, bu barədə iranlılar və osmanlılar ilə danışıqlar
aparır. İran axundu və yaxud İslam rəhbərinə bu məsələ haqqında ona
kömək etməsini xahiş etmək üçün ayağına minnətci göndərən Nadir
şah Osmanlı sultanına da eyni səviyyədə müraciət edir: “– Mirzə, bu
saat Sultana kağız yaz ki, mən xahiş edirəm, ümumi xeyirdən ötəri iki
məzhəb birləşə”. Bu mütərəqqi addımları sayəsində Nadir şah fitnə
qurbanı olub. Bu humanist addıma ciddi-cəhdlə mane olan qüvvələr
Nadirin oğlunu böhtana salıb, onun gözlərinin çıxarılmasına səbəb
olurlar. Nəticədə isə Nadir şah böyük mənəvi böhran keçirir və yalnız
bundan sonra ona sui-qəsd olunur. Maraqlıdır ki, Nərimanov bu əsərdə
məhz Nadirin facəsini təşkil edən drammatik süjet xəttini sünnilik və
şiəlik məzhəblərini birləşdirməyə çalışan İran şahının arzu, istək və
mübarizəsi üzərində qurmuşdur.

27

Müasir Azərbaycanda dini vəhdətə baxış

Artıq 20 ildən çoxdur ki, müstəqillik əldə etmiş Azərbaycanda
dini-mədəni köklərimizə qayıdış, milli tariximizə həqiqi və obyektiv
baxış, milli-mənəvi dəyərlərə hörmətlə yanaşılması çox mühüm
uğurlarımızdandır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dini,
milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlar qazanmışdır.
Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən,
irqindən asılı olmayaraq Azərbaycan xalqının bütün dövrlərdə
mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da
möhkəmləndirmişdir. Ümumilikdə, Azərbaycan dövləti tərəfindən
mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm
də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq
arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini
daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini
qovuşduran bir məkan kimi beynəlxalq aləmə təqdim edir.

Azərbaycan bu gün sürətlə hərtərəfli inkişaf edərək dünya
sivilizasiyasına inteqrasiya etməkdədir. Müasir inteqrasiya prosesi isə
çoxtərəfli olması və mürəkkəbliyi ilə səciyyələnir. Bunu nəzərə alan
ölkə rəhbərliyi inteqrasiya siyasətini həyata keçirərkən bu prosesin
bütün detallarını diqqətdən qaçırmır və bu yolda səmərəli üsullardan
istifadə edir. İnteqrasiya prosesini demək olar ki, bütün digər ölkələr
də keçməkdədir. Çünki bu proses artıq başlayıb və onu geri qaytarmaq
mümkün deyil.

Belə ki, müasir ictimai inkişafın determinantına çevrilmiş
qloballaşma, informasiya cəmiyyətinə keçid və s. proseslər ауrı-ауrı millət

28

və dövlətlərin bu proseslərə fəal qoşulması ilə yanaşı onlar qarşısında
bir sıra ciddi vəzifələr də qoyur. Bu vəzifələrə dini-mədəni dəyərlərin
ciddi elmi təhlilini aid etmək olar. Onların öyrənilməsi bir tərəfdən,
milli-mənəvi dəyərlərin qorunması, digər tərəfdən isə, qlobal məkana
inteqrasiya prosesində düzgün istiqamətlənməyə yardımçı ola bilər.

Bu gün qloballaşma və ictimai həyatın beynəlmiləlləşməsi
mədəniyyətləri və dinləri yaxınlaşdırır. Ölkələr arasında siyasi,
iqtisadi, sosial və mənəvi həyat sahələrində, informasiya məkanında
qarşılıqlı əlaqələrin genişləndiyi və intensivləşdiyi bir dövrdə
xalqların mədəni-tarixi təcrübəsi formalarının müxtəlifliyinə rəğmən,
insanlığın birliyi problemi artıq yalnız nəzəri deyil, həm də praktiki
həllini tələb edir. Milli, mədəni, tarixi müstəsnalıq ideyasının insan
birgəyaşayışı üçün təhlükəliliyi getdikcə daha artıq dərəcədə dərk
edilməyə başlanmışdır. İndi artıq söhbət kimisə yəhudiliyə, yaxud
xristianlığa və ya İslama çəkməkdən getməməlidir, ümumi səylər
mədəniyyətləri və dinləri bir-birinə yaxınlaşdıran cəhətləri aşkar
edib üzə çıxarmağa yönəldilməlidir. Yəqin ki, doğulmaqda olan
ümumplanetar sivilizasiyanın əsas xüsusiyyəti əqidə plüralizmi
olacaqdır və insanlar aralarında getdikcə daha çox fikir birliyi, əqidə
yekdilliyi və qarşılıqlı anlaşma təsisatları axtarıb tapmaq zərurəti
qarşısında qalacaqlar.

Azərbaycanın dövlət səviyyəsində dini plüralizm siyasətinin əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yəni bu siyasətin
əsası 90-cı illərin əvvəllərinə gedir. Ümummilli Lider o zaman
Azərbaycanın başı üzərini qara buludlar alanda, dövlətçiliyimiz
təhlükə altına düşəndə azərbaycançılıq ideyasını dövlət siyasətinə
gətirdi. Hazırda prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla

29

davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda olan bu ortam, etnik
qrupların, müxtəlif xalqların nümayəndələrinin və dini icmaların
birgə sülh şəraitində yaşaması dünya miqyasında fenomen hadisədir.
Məlumdur ki, dünyanın bəzi ölkələrində bu cür problemlər hələ də
qalmaqdadır. Amma Azərbaycanda belə hallar müşahidə olunmur.

Ümummilli Lider Heydər Əliyev tolerantlığın cəmiyyətdə mühüm
rol oynadığını vurğulayaraq deyirdi: “Tolerantlıq, dözümlülük çox
geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində
gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası
münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir-birinə
yaxınlaşması deyil, onların bir birinin adətlərinə, mənəviyyatına
dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”.

Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan
şəxsiyyət idi. Heydər Əliyev deyirdi: “Dünyada bir çox böyük dinlər
mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar
İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı
mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət
aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur
etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə
yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin
xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz
əksini tapmışdır. Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu
mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə
mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə,
dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”

30

Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə tolerantlıq mühiti
ÜmummilliLiderimizHeydərƏliyevin“DövlətvəDin”konsepsiyasına
uyğun olaraq inkişaf etmiş, dövlət siyasətinin prioritet istiqamətinə
çevrilmişdir. Alternativi olmayan bu siyasəti uzaqgörənliklə həyata
keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
hazırda ölkəmizdə tolerantlığın və dini etiqad azadlığının təminatçısı
olduğu xüsusi qeyd edilməlidir.

Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqın milli-
mənəvi dəyərlərinin tərkib hissəsi olan dinimizə dövlət qayğısının
bariz nümunəsidir: “Belə ki, milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması və inkişaf etdirilməsi məqsədilə yeni ibadət ocaqlarının
inşası, təmirə ehtiyacı olanların yenidən bərpası istiqamətində çoxsaylı
işlər görülmüşdür. Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə cəmi 17
məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötmüşdür. Təkcə
son 13 il ərzində ölkədə 200-dan çox məscid inşa olunmuş, 80-dən artıq
məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına
uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir
məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində,
Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində, Gəncə şəhər
İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri
aparılmışdır. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa
edilən və Cənubi Qafqazın ən möhtəşəm İslam abidəsinin - Heydər
məscidinin 2014-cü ilin dekabrın 26-da açılışı olmuşdur. Yeri gəlmişkən
qeyd edək ki, hazırda  Heydər məscidində qılınan vəhdət namazı dini
plüralizmin bariz nümunəsi olmaqla yanaşı, həm də dünyayaAzərbaycan
təcrübəsindən yararlanmağın vacibliyini nümayiş etdirir.

31

Heydər məscidində qılınan vəhdət namaz azərbaycanlı dindarlar
arasında vəhdətin, birliyin olmasının birbaşa göstəricisidir.   Bu
məscid 2014-cü ildən istifadəyə verilməsinə baxmayaraq 2015-ci
ilin dekabr ayından kütləvi ibadətə açılmışdır: Heydər məscidində
gündəlik namazları bütün İslam məzhəb və təriqətlərindən olan
dindarlar sərbəst şəkildə icra edirlər. Açılışdan indiyə qədər bütün
cümə namazları vəhdət şəklində qılınmışdır. Növbəli şəkildə cümə
namazlarını bir dəfə əhli sünnə məzhəbindən olan imam, növbəti
cümədə isə şiə məzhəbindən olan axund qıldırır.   Dindarlar üçün
məsciddə çox gözəl bir şərait yaradılmışdır. Hər bir şəxs bu məscidin
inşasında və ərsəyə gəlməsində əməyi olanlar üçün səmimi dualar
edir. Azərbaycan dindarları məzhəbindən və dini görüşündən asılı
olmayaraq İslamın tələb etdiyi birlik və bərabərliyi qoruyub saxlayırlar.
Bu hal və davranışlar, dindarların məzhəbindən, təriqətindən asılı
olmayaraq bir birilərinə qardaşcasına davranmaları bir çox məzhəb
təəssübkeşliyindən əziyyət çəkən ölkələrə bir nümunə, örnəkdir. Bu
günlər məzhəb təssübkeşliyinin viran qoyduğu ölkələri Azərbaycan
gəncliyi və dindarları çox yaxşı görür və onları düzgün analiz
edirlər. Bunun nəticəsidir ki, Azərbaycanda dini zəmində heç bir real
təhlükə və xaos yoxdur. Bütün bunlar Azərbaycanda tolerantlığın
və dini plüralizmin geniş vüsət almasından xəbər verir. Əslində dini
plüralizm, tolerantlıq və multikulturalizm çox sonralar avropalıların,
müxtəlif mədəniyyətə sahib insanların bir cəmiyyətdə yaşaya bilməsi,
onların normal bir həyata bağlanması üçün atılan addım olsa da və
çox zaman müsbət nəticə əldə etməsə də, İslam dini bunun əksi
olaraq başqa din mənsublarının öz dinlərinə etiqad etmələrinə, onları
müsəlman cəmiyyət və dövlətində sərbəst yaşamağa icazə vermişdir.

32

İslam heç bir vaxt zorakılığa, məcburiyyətə yol verməmiş, əqidə
məsələlərinin könüllü yerinə yetirilməsinin tərəfdarı olmuşdur.

Dini plüralizm, tolerantlıq və multukulturalizm ənənələri
Azərbaycanda tarixən mövcud olmuşdur. Bildiyimiz kimi 2016-cı
ildə  ölkəmizdə multikulturalizm ili elan olunmuşdur. Azərbaycanda
müxtəlif dinlərin nümayəndələri bir yerdə mehribancasına yaşamışlar.
Hətta molokanlar kimi öz doğma el-obalarında dini təzyiqlərə
məruz qalanlar öz sərbəstliklərini rahat və təhlükəsiz ibadətlərinin
yerinə yetirilməsini məhz Azərbaycanda tapmışdılar. Azərbaycanda
insanları bir yerdə cümə namazı qılmağa heç kəs məcbur etmir:
Cümə namazının vəhdət şəklində qılınması xalqın öz istəyidir. Bu
İslam tarixində deyil, ümumiyyətlə, bütün dünya dinlərinin tarixində
qalacaq bir hadisədir. Bu, dünyaya önəmli bir mesaj idi ki, məzhəb
ayrılıqları insanları ayırmalı deyil. Məzhəb müxtəliflikləri insanları
qarşılıqlı şəkildə mədəni, mənəvi cəhətdən zənginləşdirə bilər, nəinki
bir-birinə düşmən edə bilər. Bu, çox böyük bir hadisədir. 2017-ci ildə
İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ilə müsəlman
dövlətlərindən bir çox idmançılar, siyasi və mədəniyyət xadimləri
ölkəmizə təşrif buyurmuşdur: Bu mənada Azərbaycanda   vəhdət
namazının qılınması dini plüralizm siyasətinin davam etdirilməsi
baxımından çox böyük əhəmiyyətli tarixi hadisədir.

Tolerantlıq, dini, milli-irqi dözümlülük milli mentalitetimizin
ayrılmaz cəhətlərindəndir. Yüzilliklər boyunca Azərbaycanda xalqlar
vahid və mehriban bir ailə kimi yaşamış, etnik və dini icmalar arasında
dözümlülük əlaqələri formalaşmış, milli, irqi, dini ayrı- seçkiliyə yol
verilməmiş, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq
şəraitində dinc-yanaşı fəaliyyət göstərmişlər.

33

Azərbaycan dünyada ənənəvi dinlər olan İslamın, Xristianlığın,
Yəhudiliyin, bu dinlərin ibadət mərkəzi olan məscidlərin, kilsə və
sinaqoqların dinc, yanaşı fəaliyyət göstərdiyi, tolerantlığın mövcud
olduğu nadir ölkələr sırasındadır. Ölkəmizdə dini etiqad azadlığının
və dini qurumların qanuni fəaliyyətinin təmin edilməsi istiqamətində
zəruri şərait yaradılmışdır.

34

İslamda məzhəblərarası vəhdət

İslam dininin gətirdiyi düşüncə və vicdan azadlığı, insan
fərdlərinin bir-birindən fərqli hiss, anlam və xarakterlərə malik
olması ilə yanaşı, müsəlmanlar arasında bəzi fərqli fikirlərin ortaya
çıxmasını birmənalı olaraq təbii qarşılamaq lazım gəlir. Habelə,
Quran və hədislərdən ibarət “nəss”lərin (dəlillərin) bir qismi üslub və
ehtiva baxımından daha asan anlaşıldığı halda, digər qismi isə ifadə
tərzi və mövzu etibarı ilə çətin anlaşılır. Birinci qismə “möhkəm”
ayələr, ikinci qismə isə “mütəşabih” ayələr aiddir. Bu səbəblə də
bəzən İslamda onun məqsəd və vəzifələrinin anlaşılmasında müəyyən
çətinliklər olmuşdur. Ona görə də bu növdən olan “nəss”lər alimlər
tərəfindən müxtəlif formalarda izah edilmiş və dolayısı ilə fikir
müxtəlifliyinin meydana çıxmasına vasitə olmuşdur. Həmçinin,
Məhəmməd (s) peyğəmbərin vəfatından sonra müsəlmanlar arasında
ixtilafların meydana gəlməsi və nəticədə firqə və məzhəblərin ortaya
çıxması tarixi bir faktdır. Müsəlman tədqiqatçıları İslam tarixinin
erkən dövründə ortaya çıxan fikri hərəkat və ixtilaflara istinad edərək
məzhəblər tarixinin mövzularını təşkil edən digər amilləri də əsas
götürürlər. Həmin amilləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Ölçü və metod fərqi; 2. Xilafətlə bağlı mübahisələr; 3. Siyasi,
əqidə və hüquqi məzhəblərin meydana gəlməsi; 4. Müsəlmanlar
arasında ortaya çıxan daxili toqquşmalar; 5. Müsəlmanların müxtəlif
mədəniyyətlərə aid millətlərlə münasibət qurması; 6. Antik dövr
fəlsəfənin tərcümə edilərək İslam dünyasında yayılması; 7. Quran və
hədislərdən dini hökmlərin əldə edilməsi zərurəti və ictihad.

35

Müasir dövrdə bəzi İslama zidd qüvvələr məzhəbçilik ideyalarını
rəhbər tutaraq İslam birliyini parçalamağa çalışır və dolayısı ilə
məzhəblərarası fikir ayrılıqlarından ayrı-seçkilik və təfriqə amilləri
kimi istifadə edirlər. Lakin İslam alimləri məzhəblərarası fikir
ayrılıqlarının qaynaqlarını araşdırır və bunun insan fitrətində təbii
mövcudluğunu təsdiq edir, sonra isə bunu ayrı-seçkilik amili kimi
deyil, əksinə, rəy müxtəlifliyi kimi dəyərləndirirlər.

Məzhəblərarası yaxınlaşma hərəkatından danışarkən ilk öncə onun
məzmununu izah etmək və məqsədinə toxunmaq daha məqsədəuyğun
olar.

Qeyd etmək lazımdır ki, İslam məzhəbləri İslamı və onun
hökmlərini başa düşmək üçün yaranan yollardır və bu məzhəblər heç
də İslamdan kənar və ya müstəqil deyildir. Başqa sözlə, məzhəblər
öz forma və surətlərini İslamdan götürmüş və onun əsaslarına-Quran
və sünnəyə söykənirlər. Məzhəblərin yaranmasında və meydana
çıxan fikir ayrılıqlarının başında isə ictihad durur. Belə ki, ortaya
çıxan məsələ və ya hadisə ilə bağlı Qurandan və ya hədislərdən qəti
dəlil və açıq-aydın hökm olmadığı təqdirdə alimlər məsələyə İslamın
məqsədləri çərçivəsində münasibət bildirirlər.

Həmçinin, məzhəblərarası yaxınlaşma hərəkatı müsəlmanların
bir-birini başa düşməsi üçün İslam alimləri tərəfindən İslam
məzhəblərinin obyektiv şəkildə öyrənilməsi və hər bir məzhəbin öz
mənbələrinə müraciət edilməsi, bu və ya digər fikir ayrılıqları olan
məsələlərə aydınlıq gətirməsi məqsədini daşıyır.

Bundan başqa məzhəblərarası yaxınlaşma hərəkatı müsəlmanların
bir-biri ilə sıx əlaqədə olmasını, qarşılıqlı maariflənmənin
gücləndirilməsini və mədəni əlaqələrin möhkəmləndirilməsini,

36

İslamın ana xətləri və əsas prinsipləri üzrə birlik nümayiş etdirməsini
və fikir ayrılıqları olan yerdə bir-birlərini doğru-dürüst başa düşməsini,
həmçinin, rəy müxtəlifliyini təbii qəbul etməklə bərabər anlaşılması
çətin olan məsələlərdə bir-birlərini üzürlü saymasını nəzərdə tutur.

Məzhəblərarası yaxınlaşma hərəkatının məzmunundan bir
məzhəbin o birisinə inteqrasiya etməsi, onları bir-birinə qarışdırıb
ikisindən bir məzhəb yaratmaq başa düşülmür. Məzhəblər arasında
elmi münasibətlərin yaxınlaşdırılması və onların ortaq nöqtəyə
gələ bilmək imkanları vardır. Ona görə də həmin imkanları üzə
çıxarmaq və onları işıqlandırmaq əsas məqsəd və vəzifələrdən biri
sayılır. Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin imkanlardan
birinə toxunaraq deyir: “Məzhəblər arasında elmi münasibətlərin
yaxınlaşdırılması, ortaq nöqtəyə gələ bilmək imkanları var və bu
ortaq nöqtəyə gəlmək bizim borcumuzdur. Misal üçün qeyd edə
bilərik ki, illərlə biz əziyyət çəkirdik, şiələrlə sünnilər Məkkəyə
gedəndə, Allahın evini ziyarət edəndə bəzən elə hallara rast gəlmək
olurdu ki, bu nə Allaha, nə də Onun Peyğəmbərinə (s) xoş gəlmirdi.
Belə ki, şiələr möhürdən istifadə edir, oradakı sünnilər isə buna pis
baxırdılar. Sonradan şiə alimləri tərəfindən çıxarılan qərara əsasən
Məkkə evində möhür qoymaq olmaz, biz hamımız bərabərik”. Sonra
Şeyxülislam Allahşükür sözünə davam edərək buyurur: “Bütün
müsəlmanlarla, gündə beş dəfə namaz qılıram, üzümü qibləyə
çevirirəm, bax bu mənim həmrəyliyimdir. Bu gün Qafqazda çoxlu
məzhəb və təriqətlərin olmasına baxmayaraq onları birləşdirən
Qurandır, İslamdır. O kökdür”.

Məzhəblərarası yaxınlaşma hərəkatı heç bir sünninin və ya şiənin
öz məzhəbini tərk edib hansısa bir məzhəbdə onların birləşməsini

37

nəzərdə tutmur. Yetər ki, İslam dini öz üsul və prinsipləri çərçivəsində
sünni və şiələri qanadları altına alır. İslamda əsas sayılmayan
prinsiplərdə isə onlar arasında yaranan fikir ayrılıqları təbii qəbul
edilir. Çünki fikir ayrılıqlarına səbəb olan məsələlər imanın və İslamın
rüknlərindən hesab edilmir.

Digər bir məsələ isə məzhəblərarası yaxınlaşma hərəkatının
mahiyyətindən sayılan və ortaq məxrəc anlamına gələn onun əsas
prinsipləri məsələsidir. Bunlar isə aşağıdakılardan ibarətdir:

Yuxarıda adı çəkilən məzhəblər Kitab və sünnəyə söykənir,
məzhəblərə aid üsullar isə həmin o iki mənbədən qaynaqlanır.

Həmin məzhəblər imanın və İslamın əsas rüknlərində, dində zəruri
sayılan namaz, oruc, zəkat və s. kimi məsələlərdə müttəfiqdirlər,
onlardan heç birini inkar etmirlər. Əqidə sahəsində isə məzhəblər
arasında meydana çıxan fikir müxtəlifliyi İslam əqidəsinin əsaslarına
heç bir xələl gətirmir və bu, müsəlmanlar arasındakı qardaşlığa da heç
bir xələl gətirməməlidir.

Fiqh sahəsinə aid məsələlərdə məzhəblər arasında müştərəklik
həddindən artıq çoxdur. Bəzi məsələlərdə yaranan fikir ayrılıqları isə
ictihada söykənir və bu, təbii qəbul edilməlidir.

İslam əxlaqı sahəsində isə demək olar ki, məzhəblər arasında heç
bir fikir ayrılığı yoxdur.

Müsəlmanların birlik məsələsi digər məsələlərdən əhəmiyyəti
baxımından fərqlənir və üstünlük təşkil edir. Ona görə də fikir
ayrılıqları olan məsələlərdə müsəlmanların bir-birlərini başa düşməsi,
vəhdət və birliklərini qoruması son dərəcə mühümdür. “Müsəlman
müsəlmanın qardaşıdır” prinsipinə əsasən onlara öz aralarında
qardaşlığı, dostluğu və əməkdaşlığı qorumaq vacibdir.

38

Müxtəlif məzhəblərdən olan müsəlmanlar arasında hər hansı bir
təəssübkeşliyə və imtiyaza yol vermək doğru deyildir. İstər bu imtiyaz
onların məzhəbi, milliyyəti və ya yaşadığı ərazi ilə bağlı olsun, yenə
də fərq etməz. Əsas üstünlük meyarı ancaq Allahın buyurduğu şəkildə
ola bilər: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və
Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi
biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən
hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən
ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər
şeydən) xəbərdardır” (“əl-Hucurat”, 49/13).

Müsəlmanlar heç şübhəsiz ki, Allahın onlar haqqında buyurduğu
xüsusiyyətləri və imtiyazları qorumalıdırlar. Allah-Təala buyurur:
“(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı
ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri
qadağan edir və Allaha inanırsınız…” (“Ali İmran”, 3/110). Başqa
bir ayədə isə belə buyurmuşdur: “(Ey müsəlmanlar!) İçərinizdə
(insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və
pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat),
həqiqətən nicat tapmış şəxslərdir” (“Ali İmran”, 3/104)

İslam dini digər dinlərə, hətta batil əqidə sahiblərinə qarşı bu cür
münasibət bəsləməyi müsəlmanlara tövsiyə edirsə, bəs necə ola bilər
ki, onlar öz aralarında bu münasibəti daha yüksək səviyyədə qoruya
bilməsinlər?! Müsəlmanların məzhəbindən asılı olmayaraq bir-birinə
münasibəti daha gözəl tərzdə, daha sıx şəkildə olmalıdır. İttifaq
əldə etdikləri məsələlərdə birlik və vəhdəti qoruduqları kimi, fikir
ayrılıqları olan məsələlərdə də tolerantlığı qorumağı bacarmalıdırlar.

Müsəlmanların tabe olduqları məzhəb çərçivəsindən kənara

39

çıxaraq digər məzhəbin görüşlərinə və fətvalarına əməl etmək hüququ
da vardır. Yəni, “mənim məzhəbim bunu deyir və mən ancaq buna
əməl edə bilərəm, bundan kənara isə çıxa bilmərəm” deməsi onun
imkanlarını məhdudlaşdırır və bu onun üçün həm də çətinlik yaradır.
İslam Peyğəmbəri (s) dinimizin asanlıq dini olduğunu dəfələrlə
buyurmuşdur. Müsəlman ibadət məsələlərində bir məzhəbin rəyinə,
görüşünü aldığı kimi, müamələ (alış-veriş) sahəsində də digər bir
məzhəbin rəyinə müraciət edə bilər. Həmçinin ayrı-ayrı məsələlərdə
də onun belə etmək haqqı vardır. Lakin bu məsələdə ehtiyatlı və
diqqətli olmaq son dərəcə vacibdir. Belə ki, bunu istəklərimizə yox,
dəlilləri güclü olan hökmlərə tabe olaraq etməliyik. Quranda deyilir:
“Bəndələrimə (Cənnətlə) müjdə ver! O kəslər ki, sözü (öyüd-
nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar
Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə
onlardır!” (əz-Zumər,17-18).

Məzhəblərarası yaxınlaşma hərəkatının əsas prinsipləri
məzhəbindən asılı olmayaraq müsəlmanları öz aralarında daha da sıx
yaxınlaşmağa çağırır. Bu isə vəhdət və birliyin yeganə rəmzidir. Allah-
Təala buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə
əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə
kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən Allahın əzabı
şiddətlidir!” (əl-Maidə, 2).

İslam dünyasının yaşadığı hazırkı bu çətin mərhələ İslam
ümmətindən mədəni vəhdətin möhkəmləndirilməsi üçün bütün
səylərin və güclərin birləşməsini tələb edir. Artıq İslama zidd qüvvələr
İslama qarşı açıq-aşkar düşmənçiliklərini büruzə verərək İslam
dünyasını bütövlükdə mühasirəyə almış, onun kökünü zəiflətmək,

40

imkanlarını məhdudlaşdırmaq, gücünü hədər etmək üçün ciddi
cəhdlər göstərirlər.

İslam məzhəbləri arasında yaxınlaşmanı təmin edə biləcək əsas
amil onlar arasında etiqad edilməsi zəruri məsələlərdə inanc birliyinin
olmasıdır. Müsəlman alimlər bu birliyin əsas arqumentlərini üzə
çıxarmış və təfriqə amillərinin necə və kimlər tərəfindən meydana
çıxarıldığını ortaya qoymuşlar. Allahın birliyinə, varlığına inanan,
eyni Peyğəmbərin (s) ümməti olan, İslamın halalına halal, haramına
haram deyən, eyni Kitaba tabe olan, namazda eyni qibləyə yönələn,
axirətin varlığını təsdiq edən hər iki tərəf, təfərrüata aid məsələlərdə
ixtilaflara düşsələr də bu, əsas inancdakı birliyi poza bilməz. Vəhdət
hər iki tərəfi birləşdirən bir həqiqətdir və “möminlər qardaşdırlar”.
“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinin qayğısına qalmaqda,
bir tək bədənə bənzərlər. Bədəndə bir üzv rahatsız olarsa, bədənin o
biri üzvləri də rahatsız olub yuxusuz qalar” hədisi bütün möminlərə
və ağıl sahiblərinə ibrət alınması lazım olan örnəkləri göz önünə
gətirməkdədir. İslam Peyğəmbəri (s): “Möminlərin arasını vuran
ondan deyildir” buyurmuşdur.

Müsəlman alim və mütəfəkkirlərin məzhəblərarası yaxınlaşma
hərəkatındakı məqsədi isə müsəlmanları hamılıqla Allahın ipindən
möhkəm yapışmağa, qardaşlıq, sevgi və dostluğu öz aralarında
möhkəm tutmağa dəvət etməsindən ibarət idi. Həmçinin müsəlmanların
onların birliyinə xələl gətirən təfriqə amillərini kənara qoymasını,
küfrdə, fasiqlikdə və bidətdə bir-birlərini ittiham etməməsi məqsədini
güdürdü.

41

Azərbaycanda məzhəblərarası vəhdət

Məlumdur ki, Azərbaycanda İslamın ənənəvi təriqətləri - şiəlik və
sünnilik yüz illərdir ki, mövcuddur.

Qeyd edək ki, Çar Rusiyası dövründə şiə və sünni məsələsi
gündəmdə idi. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından
sonra imperiya bölgənin siyasi, iqtisadi və mədəni həyatını tamamilə
nəzarət altına almaq məqsədilə bütün potensialını səfərbər etdi.
Bu niyyətin həyata keçirilməsi yolunda qarşıya çıxan maneələrin
aşılması üçün mümkün olan bütün vasitələrə rəvac verildi. Bölgənin
sosial-etnik tərkibinin dəyişdirilməsi, məqsədyönlü şəkildə milli
şüurun zəiflədilməsi, milli kimliyin və əsrlərlə bərqərar olmuş mənəvi
dəyərlərin unutdurulması istiqamətində atılan addımlar bir qayda
olaraq güclünün haqlı olması və yaxud milli-dini ayrıseçkilik prinsipini
əsas alırdı. Milli inkişafın önünə ağlasığmaz sədlər çəkilir, “parçala
və hökm sür” siyasəti ilə daxili çəkişmələrə, gerilik psixologiyasının
formalaşmasına cəhd edilirdi. Böyük rus imperatoru Ι Pyotrun
1735-ci ildə rus xalqına elan edilmiş vəsiyyətlərindən birində belə
deyilir: “Rusiya dövlətini o zaman Dünya dövləti adlandırmaq olar
ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul
olsun. Vaxtı fövtə vermədən çalışıb İstanbula, qərb torpaqlarına sahib
olmaq lazımdır. Əlbəttə, İstanbula sahib çıxa bilən çar, dünyanın da
sahibi olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Osmanlı
imperiyası və İran arasında fitnə-fəsad, dava-dalaş salmaq lazımdır.
Bu işdə sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Osmanlılarla İran
arasında müvazinətləri elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil

42

tapa bilməsinlər. Nə İrana, nə də Osmanlılara Avropa xalqları ilə təmas
tapmağa imkan vermək olar. Əgər bu ölkələrin müsəlmanları göz açıb
hüquqlarını qansalar, bu bizə böyük zərbə olar. Həm Osmanlı, həm
də İran xanlarını ələ almaq, onların vasitəsilə sünni-şiə ixtilaflarını
qızışdırmaq lazımdır...”.

Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri
üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq
respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı
da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün
ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan
çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan
erməni təcavüzü yaradırdı. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ
münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I
Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri
olmuşdur. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan
istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar
ki, guya Azərbaycandan “İslam təhlükəsi” gözlənilir. Belə separatçı
qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq
məqsədilə din amilini ortaya atırdılar. Əlbəttə, belə cəhdlərin
qarşısının alınmasındakı uğurlar dövlətin yürütdüyü siyasətin, həm
də Qafqaz Müsəlmanları İdarəsinin düzgün fəaliyyətinin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Azərbaycanda keçirilən
“İslam sivilizasiyası Qafqazda” adlı Beynəlxalq Simpoziumda etdiyi
çıxışında bir sıra mühüm fikirlər səsləndirmişdir. Orada səslənən
fikirlər bu gün də öz aktuallığını qorumaqla yanaşı, azərbaycanlı
ilahiyyatçılardan və ziyalılardan müəyyən işlər görmələrini tələb
edir: “Azərbaycanda islamşünaslıq sahəsində XX əsr, demək olar ki,

43

tamam itirilmişdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq
elmini inkişaf etdirmək lazımdır. Bu məqsədlə AMEA, BDU və elmi-
tədqiqat institutları bu vacib sahə üçün xüsusi təşkilatlar, orqanlar,
elmi mərkəzlər yaratmalıdırlar. Belə təşəbbüslər olsa, mən onları
dəstəkləyəcəyəm və bunlar üçün hər cür şərait yaradacağam, arxayın
olun. Bu bizə imkan verir ki, belə istiqamətdə yazılan işlərdə elmlilik,
dünyəvilik, obyektivlik kimi mühüm məqamlar gözlənilsin”.

44

Azərbaycanda tarixən məzhəblərarası vəhdətlə
bağlı atılmış addımlar

Azərbaycan Səfəvi imperiyasında taxta əyləşən Şah II İsmayıl
(23 may 1576-02 noyabr 1577) orta əsrlər tarixində həm qüdrətli bir
sərkərdə, həm də dini islahatçı kimi də tanınır. Din sahəsində atdığı
addımlar reallaşa bilsəydi, Osmanlı-Səfəvi ziddiyyətlərində olan
məzhəb ayrılığını birbaşa həll edə biləcəkdi. Dövrü üçün atılan bu
addımlar həm də cəsarət tələb etməklə, çox riskli idi. O zaman istər
Səfəvi, istərsə də Osmanlı üləması də məzhəb ayrılığının aradan
qalxmasında maraqlı deyildilər.

Şah II İsmayılın dini sahədə həyata keçirmək istədiyi islahat din
xadimləri və ona qarşı olan əmirlər tərəfindən narazılıqla qarşılandı
və onlar da xalqı ona qarşı qaldırmaq üçün bu amildən istifadə etməyə
başladılar. Elə buna görə də onun tacqoyma mərasimi keçiriləndən bir
neçə ay sonra artıq sünniliyə meyilli olması barədə söhbətlər gəzməyə
başladı. Bunu da onunla əlaqələndirirdilər ki, guya II İsmayıl öz kiçik
dairəsində sünniliyə meyilliliklə bağlı çıxış etmişdi. Bu da artıq xalq
arasında narahatlıqlara səbəb olmuşdu. Nəticədə ondan sünniliyin
tərəfdarı kimi şübhələnməyə başladılar.

İsmayıl Mirzənin həyata keçirdiyi ən böyük islahat təbii ki,
dini islahat idi. Tarixi baxımdan möhtəşəm bir addım idi. İslamda
vəhdət yaradılması üçün onun atdığı addım isə şiə üləması tərəfindən
sərt reaksiya ilə üzləşdi. Onu sünniliyə keçməkdə ittiham etməyə
başladılar. Bu məsələyə toxunan İskəndər Bəy Münşi yazır: “İsmayıl
Mirzənin sünnilərə rəğbəti barədə türk və tacik camaatı arasında fikir

45

yarandı, amma onun qorxusundan heç kəs bu haqda söz deməyə cürət
etmədi. Cənnətməkan şahın hakimiyyəti vaxtı təbərra xüsusunda söz
danışan və indi də öz sözlərindən dönməyən bəzi üləmalar sakitcə
dayandılar, etibardan düşdülər, onların xidmətləri qadağan edildi və
çağırış olmadan saraya gəlmək hüququndan məhrum oldular”. İsmayıl
Mirzənin İslamda vəhdət yaratmaq məqsədi ilə atdığı addımının ilki
şiələr tərəfindən Həzrət Əbubəkr, Həzrət Ömər, Həzrət Osman və
peyğəmbərin zövcəsi Həzrət Aişənin lənətlənməsini qadağan etməsi
idi. Bu çox vacib bir addım idi.

“Səfəviyyə” təriqətində yer alan fərqliliklərin məzhəblərarası
ziddiyyətlərdə rolu Şah II İsmayıla yaxşı bəlli idi. Bu mənada onun
apardığı dini islahatın tarixi kökləri var idi və atdığı addımlarla
məzhəb qovğalarına son qoymaq məqsədi güdürdü. Atdığı ən böyük
addımlardan biri də Peyğəmbərin zövcəsi Aişə ilə bağlı idi.

Bütün bunlar sübut etdi ki, İsmayıl Mirzə atdığı addımlarda çox
qətiyyətli idi. V. Hinz də II İsmayılı cəsarətli bir insan kimi təsvir
edərək qeyd edir ki, “o, meydanlarda Əbubəkr, Ömər və Osmana lənət
olunmasını qadağan etdi. Eyni zamanda təəssübkeş şiə alimlərini-Mir
Hüseyn və Mir Seyidəli Vaiz və başqalarını saraydan qovdu, kitab
və möhürlərini zəbt etdi, evlərini viran qoydu. Digər tərəfdən sünni
əqidəsi ilə məşhur olan üləma, o cümlədən Mirzə Məxdum Şərifi,
mövlanə Mirzə Can Şirazi və Mir Məxdum Lalə şah tərəfindən
müxtəlif formada hörmət qazanmış və şərəflənmişdilər. Hətta camaat
arasında tərəfdar axtarmaq üçün beytul-maldan yığılan pulların bir
hissəsini peyğəmbərin canişinlərini lənətləməyən insanlar arasında
dağıtdı. Mirzə Məxduma səlahiyyət vermişdi ki, belə adamları tapsın.
O adamlar ki, pul, mal hərisi idilər, sanki qəfildən başa düşdülər

46

ki, əsilləri sünni imişlər. Bunların çoxu öz adlarını qeyd etdirməyə
başladılar ki, guya heç bir zaman şiə olmayıblar və sünni imişlər.
Qəzvin əhalisinin bir çox sakinləri ki, keçmiş zamanlarda hənəfi və
şafei məzhəbində idilər. Mirzə Məxdum da bu iddialara baxıb 200
tümən pulu onların arasında dağıtdı”].

Türkiyə tarixçilərinin əksəriyyəti hələ də Şah II İsmayılın dini
sahədə apardığı islahata obyektiv yanaşa bilməmiş və birtərəfliyə
yol vermişlər. Türkiyə tarixçilərinin əsərlərini təhlil edən T. Nəcəfli
yazır ki, onların əsərlərində Şah II İsmayılın dini islahat keçirərək
şiəliyi mötədil hala gətirməsi və sünniliyə meyil etməsi öz əksini
tapmışdır. Bunların içərisində F.Sümer isə İsmayıl Mirzənin dini
islahatına düzgün qiymət verə bilmişdir. F.Sümer yazır: “Şah II
İsmayıl şiəliyi mötədil bir hala gətirmək və sünniliyə xoş münasibət
bəsləməyi nümayiş etdirməyə çalışırdı. Özü Aişənin lənətlənməsini
doğru hesab etmirdi. Bu düşüncəsini də məclislərində iştirak edənlərə
bəzən açıq, bəzən də qapalı bir şəkildə ifadə edirdi. Şah II İsmayılın
bu islahatla bağlı ondan narazı qalan və xalq arasında təbliğat aparan
qızılbaş tayfa nümayəndələrini cəzalandırması səhnəsinə toxunan
F.Sümer maraqlı və doğru nəticəyə gəlir. Yazır ki, “baş verənlər
şiəliyin İranda xalq kütləsi arasında qüvvətli köklərə malik olduğunu
açıq meydana qoymuşdu ki, səksən ildən artıq bir zaman və iki
nəslin keçməsi ilə bunu təbii saymaq lazımdır”. II İsmayıl dövrünə
münasibət bildirən S.A.Arjomand da özünün ingilis dilində qələmə
aldığı “Səfəvi dönəmi İranda dini azlıq (Guluvv), sufilik və sünnilik
(1501-1722)” məqaləsində yazır ki, “qaynaqlar arasında II İsmayılın
dini siyasətinin ən obyektiv anlamı “Tarix-i Aləmara-yi Abbasi”də
əksini tapmışdır. Buradan bəlli olur ki, II İsmayılın dini siyasətinin

47

həyata keçməməsinin əsas səbəbi XVI yüzilliyin sonlarında İranda
şiəliyin çox böyük üstün gücə malik olmasındadır. Onun bu siyasətinə
toxunan yaxın dövrün tarixçiləri məsələyə düzgün münasibət bildirə
bilməmişlər. Onun sünnilərlə şiələr arasında barış yaratmaq istəyi
sünnilərin rəğbətini qazanmaq istəyi kimi vurğulanmışdır.

İslam aləmində çoxəsrlik sünnü-şiə qarşıdurmasına son qoymaq
istəyi Nadir şahı şiəliyin islamın 5-ci məzhəbi (hənəfilik, hənbəlilik,
şafeilik, malikilikdən sonra) elan edilməsi   təklifi ilə çıxış etməyə
sövq edir. Şahın fikrincə, bu qəbul edilsə islam aləmində dini əsasda
düşmənçiliyə və hər hansı ziddiyyətə son qoyulacaqdı.

Çar Rusiyası dövründə Bakıxanovun Nadir şaha verdiyi qiymətlə,
Sovetlər Birliyi və müstəqil Azərbaycan tarixçilərinin verdiyi qiymət
arasında xeyli fərq vardır. Belə ki, Bakıxanov “Nadir həzrətləri”
adlandırdığı Əfşarlar sülaləsinin qurucusunu böyük hörmətlə anmış,
onun süquta uğramış Səfəvilərin davamçısı kimi uğurlarını təqdir
etmiş, ən vacibi Nadir şahın Türkiyə və İran əhalisi arasında geniş
yayılmış sünni və şiə məzhəb davasının aradan qaldırması cəhdini
müsbət dəyərləndirmişdir. Halbuki SSRİ və mütəqil Azərbaycanın
tarixçiləri Nadir şahın bu böyük addımını daima görməzdən gəlmiş,
bir dəfə də olsun belə onun bu böyük ideyasını yad etməmişlər.

Deməli, Nadir şahın Türk-İslam dünyası üçün ən mühüm
işlərindən birincisi, sünni və şiə məzhəblərini aradan qaldıraraq
Türk Birliyinin qurulmasına nail olmaq istəməsi idi. Bu, 1736-cı
ildə keçirilən Muğan qurultayında da öz əksini tapmışdır. Bakıxanov
yazır: “İran üləmasının ittifaqı ilə ümumxalq qarşısında belə bir
qərar çıxarıldı: bəzi məsələləri dəyişdirmək və şərəfli (dini) şəraiti
sabitləşdirməklə, iki məzhəb – şiə və sünni məzhəbləri arasındakı

48

ixtilafa nəhayət verilib İslam əhalisi arasındakı ədavət qaldırılsın.
Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də qəbul
olunmadı”. Əslində bu addım ilk növbədə, Nadir şahın  iradəsinin
nəticəsi idi. Nadir şah gələcəkdə bu problemin Türk-İslam dünyasına,
özəlliklə də Türk dünyasına, Azərbaycana vuracaq zərəri görür və
bunu aradan qaldırmaq istəyirdi. Amma yazıqlar olsun ki, Nadir şahın
bu iradəsinə Osmanlı dövləti müsbət cavab vermədi. Üstəlik, Nadir
şah Türk Birliyi ideyasının qurbanı oldu.

Nadir şahın Türk Birliyi ideyasının qurbanı olmasına bəlkə, ilk dəfə
A.A.Bakıxanov toxunmuşdur. Hər halda Bakıxanov yazır ki, Nadir
şahın bu ideyasından sonra ona oğlu Rzaqulu xan tərəfindən sui-qəsd
təşkil edildi. Şübhəsiz, Rzaqulu xan burada bir qurban idi. Əslində
Nadir şah Əfşara sui-qəsd təşkil edənlər fars şiəçiləri, fars zərdüşti
mollalar idilər. Onlar Nadir şahın ətrafındakı bəzi xanları da inandıra
bilmişdilər ki, Nadir şahın məzhəb ideyasının aradan qaldırılması
istəyi zərərlidir. Özəlliklə, şiəçiliyin aradan qaldırılmasını İranın sonu
kimi qələmə verən Fars şiəçiləri əslində özlərini düşünürdülər. Onlar
anlayırdılar ki, əgər Nadir şahın Türk birliyi ideyası gerçəkləşsə, yəni
şiə və sünni məzhəbləri aradan qaldırılsa, o zaman onların İranda
mövqeləri sıfıra düşəcəkdir.

Ona görə də fars zərdüşti-şiəçi mollaları və onların havadarları
öncə Nadir şahın ətrafını, daha sonra özünü təmizləmək qərarını
verdilər. Fars zərdüşti-şiəçi mollaları Nadir şahın yaxın ətrafında
olan bəzi Türk xanlarını, ola bilsin Rzaqulu xanı da (bu dəqiq deyil)
inandırmışlar ki, şiəçilik aradan qalxsa, yalnız İranın deyil, onların
da sonu gələcək. Bu məqsədlə onlar Nadir şahda şübhə yaratmaq,
eyni zamanda ona əhali arasında olan münasibəti dəyişmək üçün

49

taxtdan salınmış 2-ci Şah Təhmasibi öldürdülər. Halbiki Nadir şah
istəsəydi taxta çıxdığı ilk gündə, ya da az sonra 2-ci Şah Təhmasibi
öldürdə bilərdi. Bir tərəfdən Osmanlının məzhəb davasını aradan
qaldırmaq istəməməsi, digər tərəfdən fars şiəçilərinin əliylə bəzi
xanlar tərəfindən (çox güman ki, Rzaqulu xanı da bu faciəyə təhrik
ediblər, ya da iz azdırmaq üçün onun boynuna atıblar) sui-qəsdə
məruz qalması yalnız Nadir şah üçün deyil, Türk-İslam dünyasının
birliyinə də çox ağır zərbə oldu. Bunu, Bakıxanov indiki Azərbaycan
tarixçilərindən daha real görmüş və ürəkağrısı ilə bunu iki cümlədə
dəqiq yazmışdır:  “Nadir şah atalıq şəfqətini toplayıb, şahzadəni kor
etdirdi və özünün dövlət çırağını söndürdü. Bundan sonra, Nadir şah
hamıdan bədgüman olub, məmləkəti idarə etmək işlərində məsləkini
dəyişdi”.

Əslində Nadir şahda baş verən dəyişiklik, sünni və şiə
məzhəblərinin aradan qaldırılmasından, türk-müsəlman dövlətlərinin
birlliyindən əl çəkməkdən çox kimlərlə, hansı vasitələrlə bu ideyanı
gerçəkləşdirə bilməsi ilə bağlı idi. O, bu yolda oğlunun gözünü kor
etdirməklə yanaşı, ona əngəl olan fars zərdüşti mollalarına və onların
əlaltısına çevrilən bəzi xanlara qarşı daha radikal addımlar atdı.

Mirzə Ələkbər Sabir də 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında
nəşr olunan “Fəxriyyə” şeirində Nadir şahın qətlində sünni və şiə
məzhəblərinin aradan qaldırılmasının əleyhdarlarının mühüm rol
oynadığını açıq şəkildə yazır: “Nadir bu iki xəstəliyi (yəni sünni və şii
məzhəblərini) tutdu nəzərdə, İstərdi əlac eyləyə bu qorxulu dərdə, Bu
məqsəd ilə əzm edərək girdi nəbərdə, Məqtulən onun nəşini qoyduq
quru yerdə”. Sabirin bu sözləri açıq şəkildə ona işarədir ki, Nadir
şahın öz qohumları tərəfindən öldürülməsi tamamilə cəfəngiyyatdır.

50

Nadir şahı qətlə yetirənlər fars zərdüşti mollalar, massonlar, bir sözlə
türk düşmənləri olmuşlar.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin
Rəsulzadə də 1919-cu ildə “Azərbaycan” qəzetində (28 aprel 1919)
nəşr olunan “Azərbaycan və İran” məqaləsində haqlı olaraq yazırdı
ki, Nadir şah ilk öncə, Türk birliyi ideyasının qurbanı oldu. Rəsulzadə
yazır: “Nadir şahın fikir ittihadını zənn edərsəm “Nadir şah” əsərini
təmsil edən azərbaycanlılar yalnız tərvic degil, tətbiq də etmişlərdir.
Yalnız oğlunun gözü müqabilində çıxaracağı batmanlarla göz təhdidi
ilə degil, eyni zamanda da məəttəəssüb və dar mollalara qarşı işlətdiyi
siyasətə qurban olan Nadirin fikrini - məzhəb qovğalarının aradan
qaldırılmasını - qövldən-felə gətirənlər yenə “ətraki-müsəlmani-
Qafqaz”dır” (yəni Qafqaz müsəlman türkləridir)”. Göründüyü kimi,
Rəsulzadə də hesab edir ki, Azərbaycan türkü olan Nadir şah fars
şiəçilərinin, fars mollalarının siyasətinə qurban getmiş, onların əli ilə
qətlə yetirilmişdir.


Click to View FlipBook Version