The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-03 07:24:06

Müsəlman ölkələrində kilsələr

Müsəlman ölkələrində kilsələr

Səfər Səfərli

MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ
KİLSƏLƏR

BAKI-2018

Səfər Səfərli

MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ KİLSƏLƏR

redaktorlar: Bəhruz Orucov, Mahir Qəniyev
korrektor: Əli Aslanov

3

GİRİŞ

Din cəmiyyətin mənəvi inkişafında, insanların cəmiyyət
qarşısında məsuliyyətini dərk etməsində, vətənə məhəbbət hissinin
güclənməsində, əxlaq normalarının formalaşmasında mühüm rol
oynayan əsas amillərdən biridir. Dini düzgün şəkildə dərk edib ona
riayət etmək cəmiyyətin tərəqqisinə müsbət təsir göstərdiyi kimi,
onun yanlış şəkildə dərk edilməsi və təbliği cəmiyyətin və dövlətin
tənəzzülünə gətirib çıxaran amildir. Müxtəlif ölkələrdə müxtəlif dini
yanaşmaların olması cəmiyyətin inkişaf istiqamətinə əhəmiyyətli
dərəcədə təsir göstərir. Təsadüfi deyil ki, beynəlxalq arenada
ölkələrarası münasibətlərin formalaşmasında da din faktoru mühüm
rol oynayır.

Dünyada dövlət-din münasibətlərinin inkişafı, dini etiqad
azadlığının təmin edilməsi bilavasitə bəşəriyyətin tərəqqisinə rəvac
verir. Müxtəlif dinlərin nümayəndələri arasında tolerant və qarşılıqlı
hörmət prinsiplərinə söykənən münasibətlərin yaranmasının nəticəsidir
ki, bir sıra ölkələrdə onlara xas olmayan dini abidələrin tikintisinə
əhəmiyyət verilir və sərbəst fəaliyyəti təmin edilir. Əbəs yerə deyildir
ki, İslamın müqəddəs kitabı olan “Qurani-Kərim”də digər dinlərin
nümayəndələrinə hörmət və qayğı prinsipləri aşılanır. Hər bir dinin
nümayəndəsini kitab əhli adlandıran uca Allah “Qurani Kərim”də
açıq-aydın şəkildə insanların tək olan Allaha ibadət etməsini və bir-
birilərinə düşmən kəsilməməsini onlara əmr edir. Hazırda dünyada
baş verən münaqişələrə nəzər saldıqda, din faktorunun ön plana

4

çıxdığını asanlıqla görmək mümkündür. Xüsusilə yaxın Şərqdə baş
verən qanlı müharibələr, din adına törədilən terror aktları buna bariz
nümunədir. Belə münaqişələrin kökündə duran əsas faktorlardan biri
kimi xarici təsirlərin ekspansiyası və dini xurafatı xüsusilə vurğulamaq
olar. Dinin cəmiyyətin formalaşmasında və inkişafında mühüm amil
olması ilə yanaşı, cəmiyyət və ölkələrarası münasibətlərdə həssas
bir məsələ olduğunu unutmaq olmaz. Müxtəlif səmavi dinlərə
məxsus dini abidələrin, ibadət evlərinin dövlət səviyyəsində qorunub
saxlanılması və onlara göstərilən diqqət və qayğı, eləcə də xarici
təsirlərdən qorunmaq ölkədə dini sabitliyin hökm sürməsi üçün
mühüm amillərdən biridir. Bir dövlətin daxilində müxtəlif dinlərin
nümayəndələrinə qarşı hörmət və qarşılıqlı anlaşma yoxdursa, əlbəttə
orada gərginlik və münaqişə qaçılmazdır.

İslam dünyasının bir hissəsi olan Azərbaycanda tarixən müxtəlif
dinlərin və məzhəblərin nümayəndələri sülh şəraitində yaşamış, hər
hansı bir ayrı-seçkiliyə məruz qalmamışdır. Azərbaycanın tarixi
inkişafının xüsusiyyətləri, əhalisinin etnik tərkibi, coğrafi mövqeyi
burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı
dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və
bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla
bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Ölkəmiz tarixən
üç səmavi dinin nümayəndələrinin dostluq şəraitində yaşadığı
və dini zəmində heç bir qarşıdurmanın yaşanmadığı məkandır.
Azərbaycan müsəlman dünyasında da müxtəlif İslam məzhəblərinin
nümayəndələri arasındakı qardaşlıq münasibətləri baxımından öz
nümunəvi təcrübəsi ilə seçilir. Burada məscidlərlə yanaşı, sinaqoq
və kilsələr sərbəst və təhlükəsiz şəraitdə fəaliyyət göstərir.

5

Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan kitabda fərqli
müsəlman ölkələrində fəaliyyət göstərən müxtəlif kilsələrin sayı,
tarixi haqqında kifayət qədər maraqlı məlumatlar vardır. Düşünürəm
ki, kitab mütəxəssislər, eləcə də geniş oxucu kütləsi tərəfindən
yüksək qiymətləndiriləcək və bir sıra müsəlman ölkələrində mövcud
kilsələrlə yaxından tanış olmaq imkanı yaradacaqdır.

6

Müqəddəs Mark Koptik Pravoslav
Baş Kilsəsi, Misir

Müqəddəs Mark Koptik Pravoslav Baş Kilsəsi (St. Mark’s
Coptic Orthodox Cathedral) Misirin Qahirə şəhərinin Abbasiyyə
adlanan ərazisində yerləşir. Bu kafedral koptik pravoslav papasının
iqamət etdiyi yer hesab edilir. Bu ibadət ocağı İsgəndəriyyəli Papa
Kirill VI-nın dövründə inşa edilmiş və 1969-cu ildə onun tərəfindən
inaqurasiya mərasimi keçirilmişdir. Kilsə Yevanqelist Müqəddəs
Markın adını daşıyır. Onun həyatına aid bir sıra əşyalar məhz burada
saxlanılır. Sözügedən kilsə Afrikada və Yaxın Şərqdə ən böyük
kafedraldır. Kafedralın yerləşdiyi ərazi tarixən Anba Ruis kilsəsinə
məxsus olmuş və keçmişdə koptların məzarlığı kimi istifadə
edilmişdir. Bu ərazi 969-cu ildə Fatimilər dövlətinin ordu başçısı
Cövhər əs-Səqəli tərəfindən Koptik Pravoslav Kilsəsinə verilmişdir.

7

Bu torpaq Misirin yeni paytaxtı Qahirənin planlaşdırılması zamanı
Məad əl-Muiz Li-Dinillah sarayına birləşdirilməsi üçün kilsədən
alınmış torpağa əvəz olaraq verilmişdir. XX əsrdə bu ərazi 10 koptik
kilsəni əhatə edirdi, lakin Qalavunun idarəçiliyi dövründə 1280-ci
il 18 fevralda bu kilsələr koptların təqibi nəticəsində dağıdılmışdır.
Sonralar onun oğlunun hakimiyyəti dövründə bu ərazidə iki kilsə
inşa edilmişdir. 1943-cü ildə Qahirə hökuməti sözügedən ərazinin
ictimaiyyətin istifadəsinə verilməsinə qərar verdi. Lakin bu
qərar Həbib əl-Masrinin rəhbərlik etdiyi Ümumi Yığıncaq Şurası
tərəfindən etirazla qarşılandı və əleyhinə kampaniya başladıldı.
Nəticədə kampaniya uğurla başa çatdı və Koptik kilsəsi ərazinin
növbəti on beş il ərzində qeyri-kommersiya məqsədlərlə istifadəsinə
haqq qazandı. Beləliklə də kafedralın inşasına zəmin yarandı.

Kafedral özündə Anba Rui kimi tarixi yeddi kilsəni özündə
birləşdirən qeyri-adi memarlıq nümunəsidir. O, koptik memarlığını
təcəssüm etdirir. Tanınmış koptik inşaat mühəndisi Mişel Baxum
kafedralın struktur dizaynına öz töhfəsini vermişdir. Kafedralda eyni
vaxtda 5000 dindar ibadət edə bilər. Patriarx II Tavadros İsgəndəriyyəli
bu kilsədə fəaliyyət göstərdiyindən ibadət evinin təhlükəsizliyi
yüksək səviyyədə təmin olunur. Kafedralın tamamlanmasından əvvəl
həmin dövrün Roma Katolik papası olan Papa VI Paul Müqəddəs
Markın 828-ci ildə oğurlanmış mirasının qalıqlarını geri qaytara
bildi. Hazırda bu qalıqlar xüsusi şəraitdə saxlanılır. Müqəddəs
Mark Koptik Pravoslav Baş Kilsəsinin inaqurasiya mərasimi Misir
Prezidenti Camal Abdul Nasir, Efiopiya imperatoru Hayle Selasi və
digər xarici ölkələrdən qatılmış din xadimlərinin iştirakı ilə 25 iyun
1968-ci ildə baş tutmuşdur.

8

Müqəddəs Georgi kafedralı, Türkiyə

Müqəddəs Georgi kilsəsi Türkiyənin İstanbul şəhərində hələ də
mövcud olan əsas Yunan Pravoslav kilsələrindən biridir. Bura Yunan
Pravoslav Kilsəsinin böyük patriarxlığı və dünya Şərqi Pravoslav
Xristianlarının mənəvi lideri kimi tanınan Konstantinopolun
ekümenik Patriarxlığının fəaliyyət göstərdiyi yer olmuşdur. Xristian
şəhid Müqəddəs Georginin adına inşa edilmiş bu kilsə çoxlu sayda
mühüm dini xidmətlərin həyata keçirildiyi və patriarx tərəfindən
lazım gəldikdə Müqəddəs və Böyük Cümə Axşamı mərasiminin
keçirildiyi bir yerdir. Bu səbəbdən kilsə Böyük Müridliyin Patriarx
Kilsəsi kimi də adlanır. İstanbulda yerləşən Müqəddəs Georgi
kilsəsinin xristian dünyasındakı nüfuzunu və yüksək statusunu
nəzərə alsaq, ona ayrılan ərazi nisbətən kiçikdir.

Kilsə səhər saat 8:30-dan günorta 4:00-a qədər fəaliyyət göstərir
və təhlükəsizliyi dövlət tərəfindən tam təmin edilir. Buranı ziyarət

9

etmək üçün Yunanıstan və digər Pravoslav ölkələrindən zəvvarlar
axın edir. Kilsənin arxasında Patriarxlığın ofisləri və Patriarx
kitabxanası yerləşir. Kilsə Patriarxlığın ərazisi olmazdan qabaq
monastırlığın bir hissəsi olmuşdur. Kilsə zahirdən bir o qədər
cəlbedici görünməsə də, daxili dizaynı Pravoslav xristianlarının tam
sevdiyi bir üslubdadır. Kilsənin fasadı XIX əsrin ortalarını xatırladır
və neo-klassik üslubda inşa edilmişdir ki, bu da Bizans üslubunda
inşa edilən Pravoslav kilsələrindən kifayət qədər fərqlənir.

Kilsə bir neçə dəfə yenidən inşa edilmiş və öz orijinallığını
qismən qoruyub saxlaya bilmişdir. Patriarx II Timoti 1614-cü
ildə kilsəni yenidən inşa etdirmiş və genişləndirmişdir. Daha sonra
Patriarx II Kallinius tərəfindən yenidən inşa edilmişdir. XVIII əsrin
əvvəllərində kilsədə yanğın baş vermişdir. Bərpa edildikdən sonra
1738-ci ildə yenidən yanğın baş vermiş və 1797-ci ildə patriarx
V Qreqori tərəfindən geniş miqyaslı bərpa işlərinə başlanmışdır.
Sonradan Patriarx VI Georgi tərəfindən kilsənin dizaynı ilə bağlı
bir sıra dəyişikliklər edilmişdir. Patriarx III İoximin dövründə də
bərpa işləri həyata keçirilmişdir. Kilsənin daxili və xarici dizaynı
zənginləşdirilmiş və lazım olan maliyyə xərcləri bütünlüklə
əksəriyyəti Osmanlı imperiyasından kənarda yaşayan Pravoslav
xristianları tərəfindən qarşılanmışdır. Yenidən baş verən yanğından
sonra sonuncu bərpa işləri 1991-ci ildə həyata keçirilmişdir. Hazırda
Müqəddəs Georgi kilsəsi eklümenik patriarxlığının simvolik mərkəzi
və Pravoslav xristianlarının əsas ziyarətgahı kimi fəaliyyət göstərir.
Kilsə bütünlüklə başqa ölkələrdə yerləşən Pravoslav icmalarının
verdiyi ianələr hesabına maliyyələşdirilir.

10

“Məryəm ananın dünyaya gəlişi” kilsəsi,
İndoneziya, Surabaya

Kepanjen kilsəsi kimi də tanınan “Məryəm ananın dünyaya
gəlişi” kilsəsi İndoneziyada yerləşən katolik kilsədir. Təməlqoyma
prosesi 1899-cu ildə başlanmış kilsənin inşa işləri 1900-cu ildə
tamamlanmışdır. Bu, Surabaya şəhərindəki ən qədim katolik kilsə
hesab edilir. Memarı V. Vestmas olan kilsənin tikintisinə 65 min
gulden vəsait xərclənmişdir. (XVII əsrdən 2002-ci ilə kimi qüvvədə
olan Holland pulu). Surabayada katoliklərin sayının getdikcə
artması bu kilsənin inşa edilməsini labüd etmişdir. Kilsənin inşası
1889-cu ildə Pastor Vennekerin 8.815 qulden hesabına müstəmləkə
hökumətindən ərazilərin bir hissəsini alması ilə başlanmışdır.
Gündən-günə katoliklərin sayının artması bu kilsənin yenilən
qurulması və genişləndirilməsini zərurətə çevirmişdi. Kilsənin

11

himayə olunmasında Batavia arxiyepiskopunun mühüm rolu
olmuşdur.

Kilsənin xarici və daxili interyeri qeyri-adi üslubu ilə göz oxşayır.
Təməl qurmaq üçün 799 sütun lazım gəlirdi. Sütunlar Kalimantandan
gətirilən ağac materialdan hazırlanmışdır. Qırmızı kərpiclər
Avropadan idxal edilmiş, sütun və mebellərin hazırlanmasında isə
tik ağacından istifadə olunmuşdur. Kilsə 1945-ci ildə Surabaya
müharibəsi zamanı zərər görmüşdür. Bəzi orijinal kərpiclər qeyri-
bərabər rəngləndiyinə görə yenisi ilə dəyişdirilmişdir.

12

Müqəddəs Luis Kafedralı (baş kilsə),
Beyrut -Livan

Müqəddəs Luis Kapusin Kafedralı kimi də tanınan Müqəddəs Luis
Kafedralı Livanın Beyrut şəhərində yerləşən latın katolik kilsəsidir.
Kilsə 1864-1868-ci illərdə Kapusin missionerləri tərəfindən inşa
edilmiş, Fransa kralı IX Lüdovikin şərəfinə belə adlandırılmışdır.
Kilsə qum-daş fasadları, çəhrayı rəngli taxta pəncərələri və yeni
yüksələn zəng qülləsi ilə kifayət qədər cəlbedicidir. Kilsə bizans
üslubunda inşa edilmişdir. Livanda vətəndaş müharibəsi dövründə
dağıntıya məruz qalmış kilsədə sonradan köklü təmir işləri
aparılmışdır.

1628-ci ildə Beyruta gələn kapusinlərin ibadət etmək üçün yerləri
olmadığından, onlar dini ayinləri köhnə müqəddəs Georgi kilsəsində

13

yerinə yetirirdilər. Nəticədə onlar 1732-ci ildə Beyrutda Riyad Solh
meydanının yaxınlığında Fransa kralı IX Lüdovikin adına ilk kilsəni
inşa etdilər. Daha sonra 1868-ci ildə Bab İdris adlanan əraziyə
köçdükdən sonra onlar Fransa kralı IX Lüdovikin adını daşıyan
hazırki kilsənin inaqurasiya mərasimini keçirdilər. Livanın fransız
mandatlığı dövründə bu yeni kilsə rəsmi mərasimlər üçün istifadə
edilirdi. Buranın kontingenti əvvəllər yalnız latın əhalisi, daha sonra
italyan kapusinlər tərəfindən uğurla idarə edilmiş, sonralar fransız
kapusinlər tərəfindən, hazırda isə Yaxın Şərqdəki Kapusin icması
tərəfindən idarə olunur.

Kafedral 1975-ci ilin dekabrında Livan vətəndaş müharibəsi
zamanı qızğın döyüşlərin cərəyan etdiyi ərazilərdən birinə çevrilmiş
və güclü basqınlara məruz qalmışdır. Bu kilsə və ona bitişik monastır
yandırılmışdır. 2000-ci ildə qapılarını yenidən ictimaiyyətin üzünə
açan Müqəddəs Luis kilsəsi hərbi əməliyyatlar bitdikdən sonra
yenidən bərpa olunmuşdur.

14

Müqəddəs Məryəm Ana kilsəsi,
Bukit Mertajam, Malayziya

Malayziyada yerləşən Müqəddəs Ana kilsəsi tanınmış Roma
Katolik kilsələrindən biridir. Bu Penanq yepiskopluğunda xristian
təbəqələrdən biridir. Kilsədə hər il müntəzəm olaraq qeyd olunan,
Müqəddəs Anaya həsr edilmiş bayram mərasiminə Malayziyadan,
eləcə də, qonşu Sinqapur, Tailand, Vyetnam, İndoneziya, Filippin və
Avstraliya kimi ölkələrdən 100 mindən çox zəvvar axın edir. 26 iyul
rəsmi bayram günü də daxil olmaqla mərasim 10 gün davam edir.

Kilsənin inşasına 1846-cı ildə başlanmışdır. İlk dəfə olaraq bu
kilsə təpənin üstündə inşa edilmişdir. Katoliklərin sayı artdığından
yeni kilsənin inşasına qərar verilmişdir. Kilsənin inşa işləri 1888-ci
ildə tamamlanmış və dindarların istifadəsinə verilmişdir. Uzun illər

15

ərzində bu kilsə müqəddəs ananın ildönümünün qeyd edildiyi mühüm
bir məkan olmuşdur. 1950-ci illərdə Malayya (Qərbi Malayziya)
fövqəladə vəziyyət elan edərək kilsə ərazisini qadağan olunmuş yer
elan etdi. 1960-cı ildə fövqəladə vəziyyət aradan qaldırıldı. 1977-ci
ildə kilsədə yenidənqurma işləri başlandı və müqəddəs ana məbədi
kimi yenidən öz statusunu bərpa etdi. İçərisindəki bəzəkli şüşə
və üç zəngdən biri bərpa edildi. Yerli əhalinin getdikcə şəhərə və
şəhərətrafı kəndlərə köçməsi nəticəsində 1958-ci ildə digər bir kilsə
inşa edildi. Bu kilsə 40 il boyunca Yeni Kilsə kimi tanınmış, 2003-cü
ilə kimi bayram mərasimlərinin və mühüm dini ayinlərin keçirildiyi
mərkəz rolunu oynamışdır. Həmin illər ərzində bayram müddətində
zəvvarlar bu kilsə və müqəddəs ana məbədini ziyarət etməli idilər.
Bu ziyarətgahlar arasındakı məsafə 2 kilometr təşkil edirdi. Bu
ərazidə hazırda Kim Sen ibtidai məktəbi fəaliyyət göstərir.

1990-2000-ci illərdə kilsə ilə bağlı köklü dəyişikliklər
edilmişdir. 2002-ci ildə daha bir yeni kilsə inşa edildi. Malayziyada
ən böyük kilsələrdən biri olan bu yeni kilsədə eyni vaxtda 2200
insan ibadət edə bilər. Yeni Müqəddəs Ana kilsəsinin inşa işləri
2000-ci ildə başlamış və 2 il davam etmişdir. Kilsənin açılışı 26
iyul 2002-ci il tarixində Malayziyanın Apostolik nümayəndəsi
tərəfindən həyata keçirilmişdir. Kilsə Malayziya mədəniyyətini
əks etdirən Minankabau dam örtüyündən ibarətdir. Burada kilsə
ilə yanaşı, onun qarşısında Dataran müqəddəs ana adına prospekt
salınmışdır. Həmçinin Müqəddəs Ana kilsəsi ziyarətgah kompleksi
kimi də fəaliyyət göstərdiyindən burada zəvvarların qalması üçün
də lazımi şərait yaradılmışdır. Bundan əlavə kilsənin yaxınlığında
icma mərkəzi, ofis və ruhani evləri inşa edilmişdir. Kilsədə diqqət

16

cəlb edən məqamlardan biri buradakı “Sevgi heykəlləri”dir. 2006-
cı ildə inşa edilmiş bu heykəllər xaç marşrutlarını təsvir edir.
Bundan başqa 26 iyul 2008-ci ildə Müqəddəs Məryəmin şərəfinə
həsr edilmiş bir mağara açılmışdır. 2010-cu il iyun ayında ikinci bir
yaşayış yeri -Müqəddəs Ananın Yurdu kahin Stefen Liyu tərəfindən
açıldı. Hazırda buranın kahini Henri Rajodur. Müqəddəs Ana kilsəsi
özündə iki kiçik ibadətgahı idarə edir: Almadakı hüznlü Məryəm
Ana və Fatimədəki Məryəm Ana.

Adətən katoliklər müqəddəs bayamlarını bir gün qeyd edirlər,
lakin Müqəddəs Məryəm ana günü 10 gün davam edir. Mərasimlərdə
işıqlı dekorasiyalar və müqəddəs yazılardan istifadə edilir.

17

Müqəddəs Patrik Kafedralı, Pakistan

Kəraçi Roma Katolik Arxiyepiskopluğuna aid Müqəddəs Patrik
Kafedralı Pakistanın Kəraçi şəhərində yerləşir. Sind əyalətində ilk
kilsə 1845-ci ildə bu kafedralın ərazisində inşa edilmiş və Müqəddəs
Patrik kilsəsi adlandırılmışdır. Katolik icması üzvlərinin sayının
getdikcə artdığını nəzərə alaraq 1881-ci ildə kilsə daha geniş bir
ərazidə yaradılmışdır. Yeni binanın inşa edilməsindən sonra kiçik
kilsə 1885-ci ildə baş vermiş fırtına nəticəsində dağılmışdır.

Hazırki kilsə Qotik memarlıq üslubunda inşa edilmiş və eyni anda
1500 nəfər dindarı özündə toplamaq imkanına malikdir. Bu kilsə İsa
cəmiyyətinin 3 üzvü tərəfindən dizayn olunmuş və hazırlanmışdır.
Kafedralin dizaynı memar Karl Vaqner tərəfindən hazırlanmış,
binanın tikintisi George Kluver və Herman Lau qardaşlarının
nəzarəti altında həyata keçirilmişdir. Uzaqdan parlaq görünməsinə
baxmayaraq, kilsənin xarici görünüşü bir o qədər bəzəkli deyil.
Kilsənin hündürlüyü və nəcib konturları buranın üstünlüyü hesab

18

edilir. Bütünlüklə daxili dizayn yağla boyanmış və pəncərələr parlaq
şüşədən hazırlanmışdır.

1978-ci ildə kaferal 100-cü ildönümünü qeyd etdi. Pakistan poçt
ofisləri bu münasibətlə xüsusi xatirə nişanlarını buraxdı. Papa I İohann
Pavel bu münasibətlə xüsusi salamlarını və xeyir-dualarını çatdırdı.
1991-ci ilin noyabr ayında kafedral Kəlküttəli Tereza Ana tərəfindən
ziyarət edilmişdir. 1998-ci ildə kilsədə partlayış baş vermişdir.
2003-cü ildə kafedral məşhur memarlıq üslubunun gözəlliyinə görə
“Sind Mədəni İrsinin Qorunması fəaliyyəti” qanununa əsasən dövlət
tərəfindən xüsusi qorunan abidə elan edilmişdir. Bir vaxtlar 2000
nəfərlik yerə malik olan kafedral ölkədə ən böyük katolik kilsəsi
hesab edilirdi. Təmir-bərpa işlərindən sonra kafedral yenilənərək
hazırda eyni vaxtda 5000 nəfəri özündə toplamaq imkanına malik
olmaqla ölkənin ən böyük katolik kilsəsi adını daşıyır.

19

Parameos koptik pravoslav monastırı, Misir

Baramos monastırı kimi də tanınan Parameos koptik pravoslav
monastırı Misirdə yerləşir. Bura Misirin şimalında yerləşən, ən
qədim dörd monastırdan biridir. Bu monastır Məryəm anaya həsr
olunmuşdur. Buranın əsası 335-ci ildə Müqəddəs Makarius tərəfindən
qoyulmuşdur. 407-ci ildə monastır bərbərlər və bədəvilər tərəfindən
dağıdıldıqdan sonra müqəddəs Arsenius tərəfindən bərpa edildi.
Lakin kilsə 410-cu ildə yenidən bərbərlər tərəfindən hücuma məruz
qaldı. Makarius və Arseniusdan başqa 4 və 5-ci əsrlərdə müqəddəs
İsidore və digər keşişlər burada fəaliyyət göstərmişlər.

Bərbərlərin hücumundan sonra 859-cu ildə Papa İsgəndəriyyəli
I Şenuda tərəfindən monastırın ətrafına hasar çəkdirilmişdir. Hazırda
monastır öz qədimiliyi ilə fərqlənir. Monastıra beş kilsə daxildir.
Papa İsgəndəriyyəli I Şenuda tərəfindən inşa edilən divarlar hələ də
mövcuddur. Monastırda həmçinin bir qala, bir qüllə, iki yeməkxana

20

və bir qonaq evi vardır. Papa III Şenudanın dövründə monastırla
bağlı əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilmişdir. İndi
monastırda keşişlərə xidmət etmək üçün bir klinika, bir aptek,
istirahət mərkəzi, eləcə də geniş bir konfrans salonu və 1981-ci ilin
yanvar ayında açılmış iki mərtəbəli bir qonaq evi fəaliyyət göstərir.

21

Müqəddəs Andrey kilsəsi, Sinqapur

Müqəddəs Andrey anqlikan kilsəsi Sinqapurun ən böyük
kilsəsi hesab edilir. Bura anqlikanların toplaşdığı əsas kilsə hesab
edilir. 1822-ci ildən tikintisi nəzərdə tutulan kilsə 1835-ci ildə inşa
edilmişdir. Kilsənin loqosu müqəddəs Andreyin xaçı hesab edilir.
2006-cı ildə bu kilsənin 150 illik yubileyi qeyd olunmuşdur. İlk əvvəl
1822-ci ildə kilsənin inşası üçün Stemford Rafl tərəfindən ianə ayrılsa
da, plan baş tutmamışdır. Sonradan Şotlandiyalı müqəddəs Andrey
tərəfindən ianə ayrılmış və kilsə də onun şərəfinə adlandırılmışdır.

Müqəddəs Andrey kilsəsi ilk dəfə Corc Dramqul Kolman
tərəfindən neo-klassik üslubda dizayn edilmişdir. Kilsənin bünövrəsi
1835-ci ildə qoyulmuş, bir il sonra isə inşa edilmişdir. Kilsənin ilk
yepiskopu Daniel Vilson olmuşdur. 1842-ci ildə çoxsaylı təkliflərdən
sonra kilsədə qübbə inşa edildi. Lakin sonradan qübbə ilə bağlı

22

yaranan təhlükəsizlik məsələsinə görə 1855-ci ildə qübbə ləğv edildi.
Kilsənin xanım Maria Revere Balestiyerin şərəfinə adlandırılan zəngi
vardır. Xanım Maria bu kilsəyə 1843-cü ildə ianə yardımı göstərən
amerikalı konsul Jozef Balestiyerin həyat yoldaşıdır.

İkinci dəfə kilsə Vilyam Buttervor tərəfindən inşa edildi. Yeni
kilsə Qotik üslubundadır. Kilsə binası ilk inşa olunan kilsədən iki
dəfə hündür tikilmiş və qülləsiz hazırlanmışdır. Yeni kilsənin inşası
1861-ci ildə tamamlanmış və həmin ildən dini ayinlərin icrasına
başlanmışdır. 1862-ci ildə yepiskop Vilson kilsənin fəxri yepiskopu
adına layiq görülmüşdür.

Kilsənin şimal və cənub keçidləri orijinal üslubda inşa edilmişdir.
Hər iki keçid kilsənin zal, toplantı otaqları və ofislərlə təmin edilməsi
üçün genişləndirilmişdir. Müqəddəs Andrey kilsəsinin 1973-cü il
28 iyunda ölkənin milli abidəsi olduğu rəsmi şəkildə dərc olundu.
Binanın genişləndirilməsi təşəbbüsü 2003-cü ildə irəli sürülmüşdür.
Bundan öncə arxeoloji araşdırmalar aparılmış və layihə 2005-ci ildə
başa çatdırılmışdır.

Təhlükəsizlik baxımından yeni ibadət zalı əvvəlkindən iki dəfə
daha artıq dərinlikdə inşa edildi. Kilsə ilk əvvəl Neo-Qotik memarlıq
üslubunda inşa edilməsinə baxmayaraq, sonradan Mədrəs xunam
üslubu ilə əvəz edilmişdir. Bəzəkli şüşələrlə dizayn edilmiş kilsənin
xarici və daxili dizaynı bir-birilə vəhdət təşkil edir. Kilsənin xor
dərnəyi Sinqapurun ən qədim musiqi institutu hesab edilir.

23

Müqəddəs Rozari Kilsəsi, Banqladeş

Müqəddəs Rozari Roma katolik kilsəsi Banqladeşin Dəkkə
şəhərində yerləşir. Kilsə eyni zamanda Teyqaon və ya Capmala
Kraliça kilsəsi də adlanır. Bu katolik kilsəsinin təxminən 15650
katolik üzvü var. Kilsəsin baş keşişi Albert Rozariodur. Hər bazar
günü buraya ibadət etmək üçün minlərlə katolik toplaşır.

Portuqaliyalı Aqustinianın missionerləri Dəkkədə xristianlığı
tanıtmışdır. Dəkkədə ikinci kilsə olan Müqəddəs Rozari kilsəsi
1677-ci ildə Teyqaon ərazisində inşa edilmişdir. Bu kilsə ən qədim
mədəniyyət nümunələrindən hesab edilir. Kilsədə üç dəfə yenilənmə
işləri həyata keçirilmişdir. Bu, 1714, 1940 və 2000-ci illərdə baş
vermişdir. Divarın genişliyi və dam örtüyü hissələri arasında fərq
kilsənin şərq hissəsinin daha sonra qurulduğunu göstərir.

24

Müqəddəs Qəlb kilsəsi, Manama-Bəhreyn

Müqəddəs Qəlb kilsəsi Bəhreynin Manama şəhərində yerləşən
Roma katolik kilsəsidir. Bu, Bəhreyndə iki kilsədən biridir. Kilsə
140 minə yaxın insana xidmət edir. Kilsənin baş keşişi Xavier
Desouzadır.

1938-39 cu illərdə Geovanni Tirinanzi Bəhreyndə kilsə inşa
etmək üçün ölkənin əmiri ilə görüşmüşdür. Kilsənin təməl daşı
1939-cu ildə atılmışdır. Kilsənin inşası 6 ay davam etmişdir. Kilsədə
ilk mərasim - Milad gecəsi bayramı rəsmi olaraq 3 mart 1940-cı
ildə keçirilmişdir. Bu, Fars körfəzində ilk katolik kilsədir. Kombani
missioner bacılar 1953-cü ildə buraya gəlmiş və hazırda bu məktəb
Apostol Karmelita bacıları tərəfindən idarə olunur. Sonralar Fars
körfəzində neft ehtiyatlarının kəşfi nəticəsində iqtisadi inkişafla

25

əlaqədar buraya işləmək üçün çoxlu sayda katolik miqrant axın
etmişdir. Onların tələbatını qarşılamaq üçün 1958-ci ildə Müqəddəs
Bart zalı inşa edildi. Bu zal ictimai toplantıların həyata keçirilməsinə
və din xadimlərini qonaq etməyə xidmət edirdi. Burada 30 il
ərzində katoliklərin, xüsusilə Cənubi və Cənub-Şərqi Asiyadan
gələn qaçqın və miqrant işçilərin sayının artması kilsənin daha
da genişləndirilməsini zəruri edirdi. Buna görə də Feliko Dinizin
rəhbərliyi ilə 1990-cı ildə yeni kilsə binası inşa edildi. Buraya Kilsə
İcma Mərkəzi və Üçüncü Minillik binası daxil edilmişdir. Kilsə
əsasən Bəhreyndə yaşayan çox sayda qaçqın əhaliyə xidmət edir.
Buradakı katoliklərin əksəriyyəti Hindistan, Filippin, Pakistan,
Banqladeş, Şri-Lanka və Ərəb dövlətlərindən olanlardır. Burada
xidmətlər Fransız, İspan, Ərəb, Malayalam, Tamil, Konqo, Filippin,
Teluqu və Sinhala dillərində aparılmasına baxmayaraq, əsas yeri
İngilis dili tutur. Kilsə eyni zamanda bir sıra ictimai fəaliyyətlər də
həyata keçirir, belə ki, bunlardan ən məşhuru hər il Fevral ayının ilk
həftəsində baş tutan Ailə Günü festivalıdır.

26

Məryəm Ana kilsəsi, Suriya

Məryəm Ana katolik kilsəsi 12-ci əsrdə Suriyanın Tartus
şəhərində inşa edilmişdir. Bu kilsə tarixçilər tərəfindən xristianların
ən yaxşı qorunan abidəsi kimi səciyyələndirilmişdir. Bir əfsanəyə
görə bu yer Müqəddəs Pyotrun əmr olunduğu yerə uyğun gəlir.
Məmlüklərin işğalından sonra kilsə məscidə çevrilmişdir. Hazırda
bu bina Tartusun milli muzeyi kimi fəaliyyət göstərir. Kilsə qədim
Bizans ziyarətgahının yerində inşa edilmişdir. İlk əvvəl kilsə
Roma üslubunda, daha sonra isə Qotik üslubunda inşa edilmişdir.
Məmlüklərin buraya hücumundan sonra kilsə binasının təhlükəsizliyi
gücləndirilmişdir. 1956-cı ildən bəri milli muzey kimi fəaliyyət
göstərən kilsə bəzi arxeoloji əşyaların da sərgiləndiyi yerdir.

27

Müqəddəs Fransis katolik kilsəsi, Yəmən, Ədən

Müqəddəs Fransis Assisi kilsəsi kimi də tanınan Müqəddəs
Fransis katolik kilsəsi Yəmənin Ədən şəhərində yerləşir. Kilsə 1963-
cü ildə inşa edilmişdir. Bu məbəd 1892 və 1974-cü illər arasında
Cənubi Ərəbistan Vikariat bürosunun Apostol kilsəsi kimi fəaliyyət
göstərmişdir. Hazırda bura yalnız prixoda mənsub kilsə statusu
daşıyır. Kilsənin strukturu olduğu kimi qalsa da, qalıqları əhəmiyyətli
dərəcədə sıradan çıxmışdır. İsa Məsihin heykəli dəfələrlə hücumlara
məruz qalsa da, qoruyub saxlaya bilmişdir. Britaniyalılar regionu
idarə etdiyi dövrdə kilsə yanında yalnız oğlanlar üçün nəzərdə
tutulan məktəb fəaliyyət göstərirdi, lakin Yəmən hökuməti sonradan
məktəbə nəzarəti ələ almış, məbəd və məktəb arasında divar inşa
etdirmişdir. 2013-cü ildə kilsə restavrasiya olunmuşdur.

28

Türkiyə, Krım Memorial Kilsəsi

İsa kilsəsi kimi də tanınan Krım Memorial Kilsəsi Türkiyənin
İstanbul şəhərində yerləşir. Kilsə 1858-68-ci illərdə Krım
müharibəsində iştirak etmiş ingilis əsgərlərinin xatirəsinə Sultan
Əbdülməcid tərəfindən ianə edilmiş ərazidə inşa edilmişdir.
Memorial kilsəsinin inşası ilə bağlı ideya ilk dəfə 1856-ci ildə
ortaya çıxmışdır. Binanın layihəsi ilə bağlı memar Vilyam Börces
tərəfindən təkliflər irəli sürülmüşdür. Bir neçə layihənin təklif
olunduğu müsabiqə nəticəsində qalib müəyyənləşmişdir. Lakin
dizayn məsələsində müəyyən anlaşmazlıqlar yarandığından 1863-
cü ildə memar Börcesin Corc Edmund Stritlə əvəzlənməsinə
gətirib çıxartmışdır. Memorial kilsəsinin inşası 19-cu əsrin sonunda
yekunlaşmış, lakin buraya gələn camaatın azlığı səbəbindən kilsə
1978-ci ildə bağlanmışdır. 1991-ci ildə kilsənin fəaliyyəti bərpa
edilmişdir.

29

Kasablanka Kafedralı (Mərakeş)

Kasablanka Kafedralı və ya İsa Məsihin Müqəddəs Qəlbi kilsəsi
Kasablanka şəhərində yerləşən keçmiş Roma Katolik Kilsəsidir.
Kasablankanın mərkəzində yerləşən bu nəhəng kafedral unikal
arxitekturasına görə göz oxşayan bir tikilidir.

Kasablanka Kafedralı 1930-cu ildə, Mərakeşin Fransa
hakimiyyəti altında olduğu dönəmdə tikilmişdir. 1956-cı ildə
Mərakeşin müstəqilliyindən sonra dini məbəd kimi fəaliyyətini
dayandıran Kasablanka Kafedralı ilk öncə məktəb və daha sonra
ziyarətçilərin üzünə açıq bir mədəniyyət mərkəzi kimi istifadəyə
verilmişdir. Sözügedən kafedralda günümüzdə sərgilər və bir sıra
mədəni-ictimai tədbirlər keçirilir. Qərb və müsəlman elemetlərini
özündə birləşdirən kafedral fransız memar Paul Tournon tərəfindən
Neo-Qotik üslubunda tikilmişdir.

Kafedralın Qərb tərəfində yerləşən qoşa qüllələr kvadrat
minarələrə bənzəyir və yuxarı hissələrində olan kiçik pəncərələr
kilsəyə bir növ fərqli görünüş verir .

30

Müqəddəs Pyotr Kafedralı, Mərakeş

Müqəddəs Pyotr Kafedralı Rabat şəhərindəki Golan meydanında
yerləşən Roma katolik baş kilsəsidir. XX əsrin əvvəllərində Art
Deko memarlıq ənənəsində tikilmişdir. Kafedral adından da
göründüyü kimi müqəddəs Pyotra həsr olunmuşdur və Rabatın
Arxiyeparxiyasına daxil olan baş kilsəsidir.

Kafedralın tikintisi 1919-cu ildə başlamışdır. Kafedralın baş
memarı M.Laforş olmuşdur. Açılış mərasimi 1921-ci ildə Hubert
Lyateyin iştirakı ilə baş tutmuşdur və həmin ilin noyabr ayında
kafedral fəaliyyətə başlamışdır. 1930-cu illərdə Kafedrala Rabat
şəhərinin səmasını öz ecazkarlığı ilə bəzəyən iki qüllə əlavə
edilmişdir.

Kafedral hələ də fəaliyyət göstərir. Burada katolik ibadət və
ayinləri bir qayda olaraq hər gün qeyd olunur.

31

Bizim Vəftiz Xanım Kafedralı, Mərakeş

Tanjer Kafedralı kimi də tanınan Müqəddəs Ruh Kafedralı
Mərakeşin Tanjer şəhərində yerləşən Roma katolik baş kilsəsidir.
Kafedral Tanjer Arxiyeparxiyasının baş iqamətgahı kimi xidmət edir.

Məbəd Mərakeş ərazisindəki XX əsrin ikinci yarısına aid müasir
İspan memarlığının yeganə göstəricidir. Bu bina həmçinin İspan
Kafedralı (Catedral Espanola) kimi də tanınır.

Kafedralın 1961-ci ildə açılışı olmuşdur. Memar Luis Martinez-
Feduçi Ruiz tərəfindən klassik ornamentlərə əsasən, müasir memarlıq
texnikaları ilə hazırlanmış və qurulmuşdur. Məbəddə dini ibadət və
ayinlər fransız və ispan dillərində həyata keçirilir.

Kafedralın apsisində rəngarəng şüşə örtüklü vitraj pəncərələr
memar Arkadio Blasko tərəfindən hazırlanmışdır. Bu şüşə örtüklü
vitraj pəncərələr məbədə xüsusi gözəllik qatır. Bu yer kafedralın
əsas cazibədar yerlərindən biridir.

Mərakeşdə otuz ildən çox missionerlik fəaliyyəti ilə məşğul
olan Ata Joze Maria Lerçundinin qalıqları kilsənin altında bir yeraltı
sərdabədə saxlanılır.

32

Müqəddəs Andrey Kilsəsi, Mərakeş, Tanjer

Müqəddəs Andrey Kilsəsi Mərakeşin Tanjer şəhərində mavr
üslubunda inşa edilmiş Anqlikan kilsəsidir.

1880-ci ildə Morokko kralı I Həsən Tanjerdə kiçik bir Anqlikan
kilsəsi tikmək üçün torpaq bağışlamışdır. Kilsə inşa edildikdən sonra
ibadət edənlərin sayının artması səbəbindən məbəd ibadət üçün
kifayət etməmişdir. 1894-cü ildə Müqəddəs Andreyin adını daşıyan
eyniadlı yeni kilsənin inşa edilməsi barədə sərəncam verilir. İnşa
edildikdən sonra kilsə 1905-ci ildə təqdis edilmişdir. Kilsənin daxili
çoxsaylı bəzək işləri xüsusilə Mavr tikiliş üslubunda hazırlanmışdır.

Kilsədə Emili Keni, xolera vaksinini Mərakeşə bəxş edən Vəzzan
Şərifa kimi xalq arasında tanınmış bir sıra şəxslər yad edilmişdir.
Kilsənin qərb tərəfində onu xatırladan barelyef yerləşdirilmişdir.

Kilsə ərazisində Paul Lund, Uolter Haris kimi məşhur ingilis
yazıçıları və eləcə də cəmiyyətdə geniş nüfuza malik şəxslər torpağa
tapşırılmışdır.

33

Qələbələr Xanımı Kafedralı, Seneqal, Dakar

Qələbələr və ya Zəfərlər Xanımı Dakar Kafedralı Afrika
ölkəsi olan Seneqalın paytaxtı Dakar şəhərində yerləşir. Bu ad
Dakar şəhərində olan və katolik kafedralı kimi fəaliyyət göstərən
dini məbədə verilən addır. Kafedral eyni zamanda Dakar şəhərinin
arxiyepiskopunun iqamətgahı da sayılır. Məbəd həcminə görə iri,
insan tutumuna görə də kifayət qədər böyükdür.

Kafedral qədim müsəlman qəbiristanlığının yerində tikilmişdir.
Həmin ərazi hökumət tərəfindən kilsənin inşası üçün ayrılmışdır.

Kafedral 1936-cı il fevralın 2-də Parisin baş yepiskopu Kardinal
Jan Verdier tərəfindən təqdis edilmişdir. 2001-ci ildə kilsədə keçmiş
prezident Leopold Senqurun cənazə mərasimi baş tutmuşdur.

2004-cü ildə vəfat edən kardinal Haykint Tiandom qurbangahının
arxasında Zəfər Qalereyası heykəlinin yanında dəfn edilmişdir.
Kafedral Seneqalda olan ən böyük ibadətgahlardan biri sayılır.

34

Sülh Xanımı Bazilikası, Fildişi Sahili, Yamusukro

Sülh Xanımının Bazilikası (Fransız dili: Basilique Notre-Dame
de la Paix), Fildişi Sahilinin inzibati paytaxtı Yamusukrodakı Sülh
Xanımına həsr edilmiş kiçik Katolik bazilikasıdır.

Bazilika 1985-1989 illər arasında müxtəlif qruplar tərəfindən
verilmiş müxtəlif ianələr hesabına qurulmuşdur. Bəziləri bu kilsənin
tikinti xərclərinin 175 milyon, bəziləri 300 milyon və ya 400 milyon,
bəziləri isə hətta 600 milyon ABŞ dolları olduğu iddiasındadır.

Gümbəzin dizaynı və ətrafındakı plazma Vatikandakı Müqəddəs
Pyotr Bazilikası nümunəsində qurulmuşdur. Bünövrəsi 10 Avqust
1985-ci ildə qoyulmuş və 10 sentyabr 1990-ci ildə bazilikanı Katolik
kilsəsi adından hədiyyə olaraq qəbul edən Roma papası II İohann
Pavel tərəfindən təqdis olunmuşdur.

Ginnesin Dünya Rekordları kitabında dünyanın ən böyük kilsəsi
kimi qeydə alınmışdır. Bazilikanın  30 min kvadratmetr sahəsi var

35

və 158 metr yüksəklikdədir. İbadətgahda eyni vaxtda 60000 nəfər
ibadət edə bilir. Müqəddəs Pyotr Bazilikasında bu rəqəm 18000
nəfərdir. Bazilikada aparılan adi xidmətlərdə, adətən, bir neçə yüz
nəfər iştirak edir. Bazilikaya Polşa Pallottinesi tərəfindən illik olaraq
1,5 milyon ABŞ dolları dəyərində maliyyə vəsaiti ayrılır.

Bazilika İtaliyadan gətirilən mərmər ilə tikilmişdir və Fransadan
gətirilən 75000 kvadrat metr həcmdə müasir vitraj ilə təchiz
olunmuşdur. Daxildə sütunlar bazilika boyunca düzülmüşdür.
Burada 18000 nəfərlik zal yerləşir. Bazilika xaricində iki eyni villa
var. Villalardan birində bazilikanı idarə edən ruhanilər yerləşirlər.
Digər villada olan bir otaq papanın səfərləri üçün qorunur. Bu
otaqdan cəmi bir dəfə istifadə olunub. Bu, papanın bazilikanı təqdis
etdiyi tarixə düşür.

Bazilika, Fransız inşaat şirkəti Dumez tərəfindən inşa
edilmişdir. Bazilikanın tikintisi Fildişi Sahili iqtisadi və maliyyə
böhran yaşandığı dövrə təsadüf etmişdir. Papa İohann Pavel Bazilika
yaxınlığında xəstəxananın inşa edilməsi şərti ilə məbədi təqdis
etməyi qəbul etmişdir. Tikintisi 21,3 milyon avroya başa gəlmiş bu
xəstəxananın inşası 2014-cü ildə yekunlaşdırılmış və 2015-ci ilin
yanvar ayında fəaliyyətə başlamışdır.

36

Qraçanitsa Monastırı, Kosovo

Qraçanitsa Monastırı Kosovada yerləşən Serb Pravoslav
Monastırıdır. 1321-ci ildə Serbiya kralı Stefan Milutin tərəfindən
6-cı əsr bazilikasının qalıqları üzərində tikilmişdir. Monastır Liplan
arxiyepiskoplarının köhnə yaşayış yeri olan və bir serbiya anklavı
olan Qraçanitsa şəhərində yerləşir.

Qraçanitsa XIII əsrdə Müqəddəs Məryəm kilsəsinin xarabalıqları
üzərində qurulmuşdur. Müqəddəs Məryəm kilsəsi isə VI əsrdə
tikilmiş erkən xristian üç növlü bazilikasının xarabalıqları üzərində
qurulmuşdur. Tikili Liplan Yeparxiyasının mərkəzində yerləşirdi.

Monastır 1990-cı ildə Qeyri-Maddi Mədəni İrs Nümunəsi elan
edilmiş və 13 iyul 2006-cı ildə isə Kosovada orta əsr abidəsi kimi
UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir.

Qraçanica Monastırı məşhur arxitektor Stefan Milyutinin son
memarlıq işlərindən biridir.

37

Stefan Milyutinin kilsənin cənub divarında yazılmış şərhlərində
belə deyilir: “Mən Qraçanitsanın müqəddəs məbədinin qalıqlarını
və xarabalıqlarını gördüm, onu yenidən bərpa edərək onu içəridən
və bayırdan boya ilə bəzədim”. Monastıra bir neçə onillikdən sonra
qala əlavə edildi. Qraçanitsa Kosovo Döyüşü zamanı (1389) ziyan
çəkmişdir.

Osmanlı hakimiyyəti dövründə Qraçanitsa mühüm bir
mədəniyyət mərkəzinə çevrilmişdir. II Dünya Müharibəsindən sonra
o, monarxlar tərəfindən yenilənmiş və o gündən bəri monastır kimi
xidmət edir. Bu gün monastırda müxtəlif sahələrdə fəaliyyət göstərən
çox sayda rahibələr çalışır.

1999-cu ildə monastır NATO təyyarələri tərəfindən iki dəfə
bombalanmışdır. Kosovo müharibəsindən sonra (1998-99) Raska
Yepiskopluğu və Prizren Artemij Radosavleviç Prizrendəki
rəhbərliyini monastıra rəsmi olaraq köçürdü və o vaxtdan monastır
Serbiya ictimaiyyətinin Kosovada yalnız mənəvi deyil, həm də milli
və siyasi mərkəzinə çevrildi. Qraçanitsa Serbo-Bizans ənənələrində
Orta əsr Serbiya sənətinin ən yüksək nöqtəsidir.

38

Müqəddəs Antoni Padua Kilsəsi, Türkiyə

Müqəddəs Antoni Padua Kilsəsi və ya Sent Antuan Bazilikası
kimi tanınan məbəd bazilikadır və İstanbuldakı Roma Katolik
Kilsəsinin ən böyük kilsəsidir. Bəyoğlu ərazisində İstiqlal Bulvarında
171 nömrəli məkanda yerləşir.

Əsl Padua Kilsəsi 1725-ci ildə İstanbulun yerli italyan icması
tərəfindən tikilmişdir, lakin uçurulduqdan sonra həmin yerdə inşa
edilmiş hazırkı bina ilə əvəz edilmişdir. Hazırki Antoni Padua
kilsəsi İstiqlal prospektindəki yanaşı, tikililər (Müqəddəs Antone
mənzilləri) ilə birlikdə, 1906-1912 arasında Venesiya Neo-Qotik
üslubunda inşa edilmişdir. Bu tikililərin inşası əsasən Venesiya və
Genoadan olan və 20-ci əsrdə sayları 40,000 nəfər olan İstanbulda

39

yaşayan İtalyan icması tərəfindən tikilmişdir. Kilsə binası İstanbul
və Ankarada bir çox digər əhəmiyyətli binaları da hazırlayan
İstanbullu memar Giulio Monqeri tərəfindən ucaldılmışdır. Kilsə
kiçik bir bazilika sayılır və İtalyan keşişlər tərəfindən idarə olunur.
Şənbə günü ibadəti italyan dilində aparılır və saat 19:00-dan etibarən
başlanır, bazar günü ibadətləri Polyak 09: 30da, İngilis dilində 10:
00, Türk dilində saat 17: 00-da və çərşənbə axşamı saat 11: 00-da
başlayır. Həftə içi ibadətləri saat 08: 00-da İngilis dilindədir.

Papa İohann XXIII Papa seçilməzdən 10 il əvvəl Vatikanın
Türkiyədəki səfiri olduğu dönəmdə bu kilsədə vaizlik etmişdir.
Türk dilini səlis bildiyinə və İstanbula, ümumiyyətlə Türkiyəyə olan
rəğbətinə görə Papa İohann XXIII Türkiyədə “Türk Papası” ləqəbi
ilə tanınır.

40

Müqəddəs Məryəm Rozariya Kilsəsi, Qatar

Xanım Rozariya kilsəsi Qətərin paytaxtı Doha şəhərində
yerləşən Roma katolik kilsəsidir. Əbu Hamur Dini Kompleksində
digər xristian məzhəblərinə məxsus kilsələr ilə yanaşı yerləşir. Bu
kilsə VII əsrdə Müsəlman fəthlərindən bəri ölkədə ucaldılmış ilk
kilsədir və Ərəb müsəlman əmirliyində də ilk xristian məbəd sayılır.

Kilsə Qətər əmiri Hamad bin Xəlifə Əl Tani tərəfindən verilmiş
torpaqlarda təxminən 20 milyon dollara inşa edilib. İslam dini
qaydalarının üstünlük təşkil etdiyi Qətər qanunvericiliyinə görə,
kilsə xristian dininə xas olan hər hansı simvolları o cümlədən xaç,
zəng və ya kilsənin xaricində olan qülləyə bənzər tikilinin əks
etdirilməsi yol verilməzdir.

41

Kilsə 14 Mart 2008-ci ildə Qətərin baş nazir müavini Abdullah
Bin Hamad Əl-Attiyahın, baş yepiskop Muncid Al Haşem, Müqəddəs
Taxt-tacın körfəz ölkələrindəki səfiri, Ərəb Vikariatlığının apostolu
yepiskop Paul Hinder, baş yepiskop Cüzeppe Andrea və bir sıra
Qətər rəsmilərinin iştirakı ilə baş tutan açılış mərasimində kardinal
İvan Dias tərəfindən təqdis edilmişdir.

Kilsə Şimali Ərəbistan Apostol Vikariatlığının ayrılmaz
hissəsidir və Qətərdə təxminən 200.000 katolik şəxsə xidmət göstərir.
Katolik denominasiyasına məxsus insanların əksəriyyəti əsasən
Filippin, Hindistan, Cənubi Amerika, Afrika, Livan və Avropadan
gələn miqrant işcilərdir.

42

Müqəddəs İosif Kafedralı, Əbu Dabi

Əbu Dabi Müqəddəs İosif Kafedralı Əmirliklərdə Musaffahdakı
Müqəddəs Paul kilsəsindən sonra iki katolik kilsəsindən biridir.
Kilsə Hava Limanı və On yeddinci Küçənin kəsişdiyi yerdə yerləşir.

İlk Kilsə 1962-ci ildə Abu Dabinin sabiq əmiri Şeyx Şaxbutun
bağışladığı torpaq sahəsində tikilmişdir. 1964-cü ildə tikintinin
təməl daşı qoyulmuş və ərazi təqdis edilmişdir. Kilsənin tikintisi
memar Barnabar Madiyə həvalə edilmiş, 1965-ci ildə açılış mərasimi
keçirilmişdir.

İbadətlər müxtəlif dillərdə aparılır və ölkədə məskunlaşmış
əcnəbilərin dillərinə uyğun olaraq, əsasən İngiliscə, həmçinin
Ərəbcə, Taqaloq, Malayalam, Sinhal, Urdu, Konqo, Tamil və
Fransız dillərində icra olunur.

19 mart 1981-ci il tarixində kilsə Əbu-Dabidəki hazırda
yerləşdiyi yerinə köçürülmüşdür. 25 fevral 1983-cü ildə kilsə Katolik
Kilsəsinin Cənubi Səudiyyə Vikariatlığına xidmət edən kafedrala

43

çevrilməklə yepiskop Bernart Qremolinin rezident iqamətgahı
olmuşdur. Həmin ildə də açılış mərasimi baş tutmuşdur. Yepiskopa
məxsus ev və məktəb eyni kompleksin tərkibindədir. Bununla yanaşı
2013-cü ildə kilsəyə bir sıra tikililər əlavə olunmuşdur.

Vikariatlığın yurisdiksiyasına Oman, Birləşmiş Ərəb Əmirlikləri
və Yəmən kimi ölkələr daxildir. 30 yanvar 2005-ci ildə, Qremolinin
istefası ilə yepiskop Paul Hinder yeni yepiskop olaraq təyin edildi.
Günümüzdə prixodun 100-dən çox millətdən 100.000-ə qədər üzvü
var. Ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq kilsə üzvlərinin
sayında artım müşahidə olunur. Belə ki, ibadətlər zamanı kilsədə
adam sayının çox olduğu görünməkdədir.

44

Əbu Dabi Yevangelik İcma Kilsəsi

Əbu Dabi Yevangelik İcma Kilsəsi 1972-ci ildə kiçik bir
qrupdan ibarət olan ingilis dilli xristianların Həmdan küçəsində Karl
və Barbara Şerbekə məxsus evlərində bir araya gəlməsi ilə fəaliyyətə
başlamışdır. Şerbeklər ailəsi əl-Eyndə səhrada Xristian xəstəxanasını
təsis edən “TEAM” şirkətinin üzvləri idi. Getdikcə genişlənən icma
üzvləri Şerbeklərə məxsus otaqdan anbara keçmişdir. Tezliklə,
“TEAM” Əbu-Dabi rəhbərliyindən öz işçilərinə ev tikmək üçün
əmlak xahiş edir və xristianlar üçün dua yeri olaraq əmlakdan
istifadə etmək istədiklərini açıqlayır. Tikintiyə icazə verilmiş, və
hava limanı yolunun kənarında böyük açıq havada yerləşən məscidin
qarşısındakı sahə ayrılmışdır. 1975-ci ildə ilk binanın tikintisi başa
çatdırılaraq kilsənin yeni əraziyə köçürülməsi həyata keçirilmişdir.
Tikililərdə ərəb və hind kilsələri fəaliyyət göstərirdi.

45

1990-cı ilə qədər 10 icma birliyi Mərkəzdə müntəzəm olaraq
ibadət xidmətlərini həyata keçirmişdir. Çox saylı müraciət və dini
ayinlərdən sonra Bələdiyyə tərəfindən Yevangelik İcma Mərkəzinə
yeni torpaq sahəsi ayrılır. Kilsənin tikintisi üçün təməl qoyma
mərasimi 1993-cü il yanvar ayında baş tutmuşdur. Ardınca Kilsə
icması 1994-cü il aprel ayında yeni binaya köçmüşdür. Kilsədə dini
ayinlər fərqli etnik qruplar tərəfindən və müxtəlif dillərdə icra edilir.
Yevangelist İcma Kilsəsi 1995 və 2000-ci illərdə daha da böyüyərək
əlavə icma üzvlərinin sayını artırmışdır.

46

Müqəddəs Mixayil Katolik Kilsəsi, Şərca

Birləşmiş Ərəb Əmirliklərinin Müqəddəs Mixayil Katolik
Kilsəsi Şərca şəhərindəki Yərmuk ərazisində yerləşən Roma Katolik
kilsəsidir.

İlk Müqəddəs Mixayil Katolik Kilsəsi 1971-ci ildə ata Barnabas
tərəfindən təsis edilmişdir və ilk olaraq Britaniya Hava Qüvvələri
bazasının yaxınlığında kiçik bir bina idi. 1973-cü ildə ata Barnabas
onu Britaniyalı zabitlərin cəmləşdiyi yerə çevirmişdir. r. Kilsə
idarəçiliyi ata Barnabasdan sonra fərqli şəxslərə həvalə edilmişdir.
Prixoda gələnlərin sayının artması ilə əlaqədar kilsənin də binasının
həcmi böyüməyə başlamışdır. Yeni kilsə binası ata Anqelo Fumiselli
və onun qrupu tərəfindən yepiskop Bernard Qremolinin nəzarəti
altında ucaldılmışdır.

Kilsə 2 oktyabr 1997-ci ildə Vatikan kardinalı Artinz tərəfindən
təqdis edimiş, kilsənin ilk kahini olaraq ata Angelo təyin olunmuşdur.

47

6 iyul 2007-ci ildə ata Angelo 18 illik fəaliyyətindən sonra İtaliyaya
dönmüş və kilsəsinin keşişi vəzifəsi Ani Xaviyerə həvalə edilmişdir.
Kilsədə 35 icma qrupu həftəlik ibadətə gəlir. İbadətlər 8 dildə həyata
keçirilir. 2018-ci ilin oktyabr ayından etibarən kilsəyə ata Varqes
Kempoli başçılıq edir.

48

Müqəddəs Apostol Filipp Rus Kilsəsi, Şərca

Dubaydan 20 dəqiqə məsafədə olan Şərca şəhərində yerləşən
Rus Pravoslav Kilsəsi ölkənin ən böyük kilsəsidir. Gözəl bəzəkli
mavi qübbələri, zəngin simvolizmi və kilsənin içindəki dini ikonaları
və şəkilləri kilsəyə əlahiddə gözəllik qatır. Kilsədə mövcud bu
gözəlliklər dinindən və ya əqidəsindən asılı olmayaraq, hər kəsin
zövqünü oxşayır. Məbəd adətən axşamlar açıq olsa da, ən çox
izdiham bazar günləri yaşanır; bayramlarda 20 mindən çox ziyarətçi
ibadətgaha gəlir

2007-ci ildə Əziz Şeyx Sultan bin Məhəmməd əl Qasemi Rus
Pravoslav kilsəsinə mədəniyyət və təhsil mərkəzinin tikintisi üçün
torpaq ayırdı. Kilsənin təməl qoyma mərasimində Moskva və bütün
Rusiyanın mövcud Patriarxlığının, eləcə də Əmirliklərin o cümlədən
Əziz Şeyx Sultan bin Məhəmməd əl Qasemi də iştirak etmişdir.

2011-ci ilin avqustunda Ərəb Yarımadasında ilk rus pravoslav

49

kilsəsi olan Müqəddəs Apostol Filipp Rus Kilsəsinin tikintisi başa
çatıb. Kilsə I əsrdə xristianlığı bu yerlərdə təşviq edən İsa Məsihin
həvarisi Filippin adını daşıyır. Məbəd ölkədə yaşayan pravoslav
əqidəli xirstianları cəm edir.

Rus Pravoslav Kilsəsinin nəzdində mədəniyyət-təhsil mərkəzi
də fəaliyyət göstərir.

Mərkəzdə dini bilikləri tədris edən bazar məktəbləri var. Burada
təcrübəli, dini savada malik pedaqoqlar tərəfindən dərslər keçirilir.
Dərslər müxtəlif yaş qruplu şəxslər üçün o cümlədən, kiçik orta
və böyük uşaq qrupları, həmçinin böyüklər üçün təşkil edilmişdir.
Mədəniyyət mərkəzində eyni zamanda sistemli rus dili təhsili
olmayan və qarışıq ailələrdən olan uşaqlar üçün rus dili kursları
fəaliyyət göstərir. Kilsədə bədii tikmə və tikiş üzrə müntəzəm siniflər
mövcuddur.

50

Müqəddəs Məryəm Katolik Kilsəsi, Dubay

Müqəddəs Məryəm Katolik Kilsəsi Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti və baş naziri Şeyx Rəşid bin Səid əl-
Məktum tərəfindən əsası qoyulmuş kilsədir. O, 1966-cı ildə kilsəni
təsis etmək üçün torpaq sahəsi bağışlamışdır. Reverend ata Eusebio
Daveri və onun işçi qrupu bu layihəni həyata keçirmişdir. Şeyx
Rəşid bin Səid əl-Məktum 7 aprel 1967-ci ildə Müqəddəs Məryəm
Katolik Kilsəsinin təmtəraqlı açılışında iştirak etmişdir. İbadətgah
Maqliakani tərəfindən təqdis edilmişdir.

Ölkədə olan katolik xristianların sayının artması səbəbindən
1988-ci ildə köhnə kilsə uçurulmalı olur. Çünki köhnə kilsə ibadətə
gələn ziyarətçilərin sayı çoxluğundan kifayət etmirdi. Yerində yeni
kilsə tikilməyə başlanır. Kilsənin açılışı 3 noyabr 1989-cu ildə
olmuşdur. Kilsə 2000-dən çox insana xidmət göstərir. İbadət dilləri
əsasən ingilis, ərəb, tamil, urdu və portuqal dilləridir. Bəzi iddialara


Click to View FlipBook Version