The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Vikipediyada-milli-mənəvi-dəyərlər (1)

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-31 01:11:39

Vikipediyada-milli-mənəvi-dəyərlər (1)

Vikipediyada-milli-mənəvi-dəyərlər (1)

Tərxan Paşazadə

Şəhidlərimizin əziz xatirəsinə ithaf olunur...

Vikipediyada milli-mənəvi dəyərlər.
Vikipediya nədir, nə deyil?

Bakı – 2018

“Vikipediyada milli-mənəvi dəyərlər. Vikipediya nədir, nə deyil?”

Elmi redaktor və ön sözün müəllifi: Əlhəddin Cekli
Redaktor: Aygün Paşazadə

Kitabın üz qabığının dizaynı və tərtibatı: Raman Dadaşov
Fotonun müəllifi: Mehman İbragimov (Gürcüstan)

Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə
Tərxan Paşazadə tərəfindən hazırlanmış və Vikipediya ilə maraqlanan hər kəs
üçün nəzərdə tutulmuşdur. Kitabdan Vikipediya tədqiqatçıları, yeni fəaliyyətə
başlayan istifadəçilər və həmçinin, Vikipediyadakı fəaliyyətində müəyyən
fasilələr vermiş istifadəçilər də köməkçi vasitə kimi faydalana bilərlər.

Qeyd edək ki, kitabın müəllifi olan vikiçi Tərxan Paşazadə 2006-cı ildən
Vikipediyada ilk dəfə öz real adı ilə qeydiyyatdan keçmiş, 2009-cu ildən isə
“Cekli829” adı ilə mütəmadi fəaliyyət göstərir.

© Tərxan Paşazadə, 2018

ISBN 978-9952-37-219-9

3

Ön söz

İnsan kiçik tanrıdır və o, müxtəlif güc və qabiliyyətlərə sahibdir.
Kimisi bunlardan yaradıcı məqsədlər üçün, kimisi də dağıdıcı məqsədlər
üçün istifadə edir.

Vikipediya da insanın yaradıcılığının məhsuludur. Qlobal xaosa
çevrilmiş internet məkanında fəaliyyət göstərən bu layihə bəşəriyyətin
yaratdığı, sahib olduğu irsi itməyə, məhv olmağa qoymur; tarix boyu
əldə olunmuş biliklərin toplanılaraq saxlanılmasını və paylaşılaraq bütün
insanlara əlçatan olmasını təmin edir.

Müasir dövrdə məlumat mənbəyini və onun istehlakçılarını vahid
bir informasiya məkanında birləşdirən qlobal kompüter şəbəkəsi olan
internet çox geniş imkanlara malikdir. İnformasiyanın toplanması və
müxtəlif növ məlumatların azad mübadiləsi üçün internetdəki resursların
əlçatan olması, mütəmadi olaraq yenilənməsi, təkmilləşdirilməsi çox
böyük əhəmiyyət kəsb edir. İnsanların vaxtdan daha səmərəli istifadə
etməsi ilə yanaşı, milli-mənəvi və qlobal-bəşəri dəyərlərin qorunması,
təbliği, inkişafı ilə bağlı məsələlərdə internet resurslarının rolu hər il,
hər ay, hər gün, hər an artmaqdadır. Belə resurslardan biri, hətta tam
əminliklə demək olar ki, birincisi məhz Vikipediyadır. Vikipediyanın
Azərbaycan dilində olan bölməsi də yarandığı tarixdən bu günə qədər
əhəmiyyətli bir inkişaf yolu keçmişdir.

Məhz Vikipediya könüllülərinin fəaliyyətinin nəticəsidir ki,
hazırda Vikiməkan Azərbaycanla bağlı çox sayda kontentə malikdir. Bu
kontentlərin mühüm bir hissəsi də milli-mənəvi dəyərlərimizlə əlaqəlidir.
Müvafiq mövzulu məqalələr tək AzVikidə deyil, Vikipediyanın başqa
dil bölmələrində də mövcuddur. Həmin məqalələrin yaradılmasında
və təkmilləşdirilməsində, Azərbaycan dilində olan Vikipediyanı
zənginləşdirməklə yanaşı rus, ingilis, fransız, alman və başqa dillərdə

4

fəaliyyət göstərən Vikipediya layihələrinə düşmən qüvvələr tərəfindən
daxil edilmiş bir sıra dezinformasiyaların qarşısının alınmasında
azərbaycanlı istifadəçilərin çox böyük töhfələri olmuşdur. Lakin bütün
bunlarla yanaşı Vikilayihələrdə əleyhimizə olan bir sıra məqamlar da
vardır. Belə ki, Azərbaycanla virtual müharibə aparan düşmənlər artıq
bütün sahələrdə, istər siyasi, istərsə də mədəni sahələrdə hücumlar
edirlər. Ona görə də Vikipediya haqqında maarifləndirici nəşrlərin çapı,
xüsusilə də elmi araşdırmaların aparılması bu layihənin inkişafında
böyük əhəmiyyətə malik olmaqla yanaşı, milli maraqlarımızın qorunması
istiqamətində də vacib rola malikdir.

Elmi redaktoru olduğum bu kitabda bəyəndiyim əsas xüsusiyyətlərdən
biri odur ki, müəllif oxucuları Vikipediyada fəaliyyətə təşviq edir,
yeni könüllülər qazanmağa çalışır. Bütün bunlarla yanaşı, müəllifin
fikirlərindən milli-mənəvi dəyərlərin Vikipediya dəyərləri çərçivəsində
milli maraqlara uyğun təqdimatının mümkünlüyü aydın olur.

Əminliklə deyə bilərəm ki, bu kitab Vikipediya ilə maraqlanan hər
kəs üçün dəyərli vasitədir.

Kitabda diqqətimi çəkən əsas məqamlardan biri isə istifadə olunmuş
mənbələr siyahısında arxiv linklərinin də göstərilməsidir ki, onu bu
sahədə yenilik hesab edirəm.

Artıq mən qətiyyətlə deyərdim ki, Vikipediya və digər bütün
Vikilayihələr ən böyük ortaq bəşəri dəyərdir. Biz bu bəşəri dəyərdən
Vikipediya fəlsəfəsinə uyğun formada milli-mənəvi dəyərlərimizin
qorunması istiqamətində də istifadə etməliyik.

Əlhəddin Cekli,
pedaqoq-psixoloq.

5

Müəllifdən

Əslində bu kitabın adı başqa da ola bilərdi. Ancaq mütəmadi
dəyişilən gündəm, aparılan informasiya müharibələri fonunda
müasir dövrün tələbləri elə bir formada cərəyan edir ki, indiki vaxtda
Vikipediyanın gündəlik həyat tərzimizdə oynamalı olduğu əsas rolun
məhz milli-mənəvi dəyərlərlə bağlı olduğunu əminliklə söyləyə bilərəm.
Çünki milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları
olduğuna, bunun Vikipediyada da geniş vüsət almasına görə, bu mühüm
məsələnin diqqətdə saxlanılması zərurəti mövcuddur.

Hər bir xalqın formalaşmasında, onun mənəvi dünyasının
zənginləşməsində, mədəniyyətinin inkişafında, birliyinin möhkəm-
lənməsində milli-mənəvi dəyərlərin müstəsna çəkisi vardır. Milli-
mənəvi dəyərlərin qorunmasında, zərurət olarsa təkmilləşdirilməsində
qloballaşma dövrünün bir sıra məhdudiyyətləri ilə yanaşı, bir çox
imkanları da meydana çıxmışdır.

Belə imkanlardan biri də internetdə olan onlayın ensiklopediyalardan
ən böyüyü – Vikipediyadır. Azərbaycan və azərbaycanlılar üçün ön
planda ana dili olmaqla, onun milli-mənəvi dəyərlərinin qorunması və
təbliği istiqamətində Vikipediya çox dəyərli bir vasitədir. Ərazisinin bir
hissəsi işğal altında olan, düşmənlə müharibənin labüdlüyünə qətiyyən
şübhə edilməyən Vətənimiz üçün, qloballaşan dünyada hazırda virtual
məkanın ən populyar açıq informasiya mənbəyi olan Vikipediyanın ciddi
əhəmiyyət kəsb etdiyini düşünərək, bu mövzuda ətraflı tədqiqatların
aparılması çox vacibdir.

Nəzərə alsaq ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir və
ermənilərin Vikilayihələrdə yalan informasiya daxil etmələri faktlarına
tez-tez rast gəlinir, o halda erməni vandalizminin qarşısının alınması
görülməli olan əsas işlərdən biridir. Azərbaycan tarixini saxtalaşdıran,

6

tarixi abidələrimizi özününkiləşdirən ermənilərə və milli-mənəvi
dəyərlərimizi məhv etməyə çalışan digər vandallara qarşı virtual
şəkildə mübarizə aparmaq üçün Azərbaycan haqqında informasiyanın
Vikipediyanın müxtəlif dil bölmələrində də dərc edilməsi zəruridir.

Vikipediya ilə tanış olduğum zamandan onun necə mükəmməl,
zəngin, rəngarəng olduğunu anladım. İnsanlığın ən gözəl kəşflərindən biri
hesab etdiyim bu möhtəşəm layihəyə hər gün daha çox marağım artırdı.
Nəticədə 21 dekabr 2006-cı ildə öz ad, soyadımla (İstifadəçi:Tərxan
Paşazadə) ilk dəfə bu layihədə qeydiyyatdan keçdim. Lakin texniki
imkanlarımın məhdudluğu, xüsusilə də o dövrdə internetin indiki qədər
əlçatan olmaması səbəbindən bu layihədə mütəmadi fəaliyyət göstərə
bilmirdim. Ancaq bir müddət sonra – 8 fevral 2009-cu ildə “Cekli829”
adı ilə yenidən qeydiyyatdan keçdim; 27 mart 2009-cu ildən isə
davamlı olaraq Vikilayihələrdə fəaliyyət göstərirəm. Bütün bu davamlı
fəaliyyətimin nəticəsi olaraq, 31 avqust 2017-ci il tarixində “Cekli829”
istifadəçi adı ilə Vikimedia layihələrində 300 mininci redaktəmi etmişəm.

Artıq vikiçilik mənim həyat tərzimə çevrilib. Hər gün təxminən 1
saatdan 5 saata qədər və bəzən daha çox – 10-15 saatlıq müddət ərzində
vikilayihələrdə oluram. Bütün bu müddət ərzində Vikipediyadan aldığım
zövqü təsəvvür etməyim düşünürəm ki, sadəcə mümkünsüzdür; yalnız
mənim kimi digər istifadəçi həmkarlarım bu zövqü həqiqi mənada
yaşayıblar. Hələ 2011 və 2012-ci illərdə aktiv iştirakçılarından biri
olduğum Türkcə Vikipediyanın “İş birliyi layihəsi”ndə ən çox mükafat
qazanaraq ilin qalibi olarkən, 2015-ci ildə “Vikipediya Asiya Ayı Səfiri”
fəxri adını qazanarkən və yaxud da hazırladığım “Qarabağ atı” məqaləsi
seçilmiş məqalə statusunu alarkən çəkdiyim zəhmətdən necə zövq
aldığımı təsəvvür etməyim indi sadəcə mümkünsüzdür.

Bütün bunlar virtual uğurlardır, amma düşünürəm ki, biz vikiçilər bu
işləri görməklə ən azı ana dilimizin inkişafında böyük töhfələr vermişik.

7

Hörmətli oxucular, əgər Vikipediyada fəaliyyət göstərmək qərarına
gəlsəniz və bu zaman müəyyən çətinliklərlə qarşılaşsanız, o zaman hər
biriniz bilavasitə mənimlə və yaxud da digər təcrübəli istifadəçilərlə
əlaqə yaradıb, onların köməyindən faydalana bilərsiniz. Şəxsən mən –
“Cekli829” sizlərə kömək etməyə hazıram.

Fəaliyyətinizdə uğurlar!
Vikipediyanın hər bir könüllüsünə, Vikipediyanın inkişafında
əziyyəti olan hər kəsə təşəkkürlər!

Tərxan Paşazadə,
vikiçi.

8

Birinci bölmə:
Vikipediya ilə tanışlıq

I hissə. Vikipediyanın tarixçəsi

“Wikipedia” nə deməkdir?
İngilis dilində yazılışı “Wikipedia” olan Vikipediya sürətli
informasiya və ya sürətli düzəliş texnologiyası olan viki texnologiyasının
tətbiqi ilə internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində
könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyalardan biri və
ən böyüyüdür. Viki texnologiyasını “canlı sənədlər texnologiyası” da
adlandırırlar. Bu texnologiya saytın fəaliyyətinin əsasını təşkil edir.
İki hissədən - “wiki” və “pedia”dan ibarət olan “Vikipediya”
sözünün açıqlaması ilə bağlı bir neçə versiya vardır. Bir çox istifadəçilər
“Wiki” hissəsinin “What I know is?” ifadəsindən alındığını guman
edirlər ki, bunun da azərbaycanca mənası “Mən nə bilirəm?”
deməkdir. Digər bir versiya isə belədir ki, “wiki” havay dilində işlənən
söz olub, “tez”, “cəld”, “sürətli” deməkdir. Sözün “pedia” hissəsi isə
“ensiklopediya” (ingiliscə “encyclopedia”) sözündən götürülmüşdür;
eyni zamanda bu sözün Qədim Yunanıstan mədəniyyətində “hərtərəfli
mədəni təhsil sistemi” mənasında işlənmiş “paideia” sözündən də
yarandığı bildirilir.

Nupediya
Vikipediya layihəsinin tarixçəsi 1999-cu ildən başlayır. Layihənin
baş redaktoru, təşkilatçısı Larri Senqer və layihəni maliyyələşdirən
Cimmi Ueyls olmuşdur. Onlar viki texnologiyası əsasında onlayn

9

ensiklopediya yaratmaq qərarına gəlirlər. Onu “Nupediya” adlandırdılar
və həmin layihə “nupedia.com” saytında fəaliyyətə başlayır.

Yalnız ingiliscə fəaliyyət göstərmiş Nupediya virtual ensiklopediyası
2000-ci ilin mart ayından fəaliyyətə başlamışdır. Onun əsasını alim və
mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanılması təşkil edirdi.
Nupediyaya məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən,
sonda onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin
sentyabr ayında təsisçilər həmin layihənin fəaliyyətini dayandırdılar.
Həmin vaxt isə Nupediyada cəmi 25 tamamlanmış, 74 yoxlama
prosesində olan məqalə var idi.

Vikipediyanın fəaliyyətə başlaması
Nupediya ensiklopediyasının uğursuzluğunu görən Cimmi Ueyls
və Larri Senqer tamamilə başqa bir fəlsəfəyə əsaslanan, biliklərini
paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə fəaliyyət göstərə biləcək
dünyanın ən böyük internet ensiklopediyasını yaratmaq qərarına gəlirlər.
Beləliklə, 15 yanvar 2001-ci il tarixində Vikipediya açıq
ensiklopediyası internetdə ingilis dilində fəaliyyət göstərməyə başlayır.
Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü internet
istifadəçiləri tərəfindən yaradılır və yoxlanılır ki, bu da nəticədə
ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olmuşdur.
Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya qısa zamanda dünyanın
ən məşhur 25 internet saytı sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan
araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox
oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar
arasında 1-ci yeri tutmuşdur.
Klassik mənada ensiklopediya mötəbər müəlliflərdən ibarət
kollektivlər tərəfindən hazırlanan, müxtəlif elmi mərkəzlər tərəfindən
təsdiqlənən etibarlı informasiya mənbəyi olmuşdur. Elektron

10

ensiklopediya adlanan Vikipediya isə bu sahədə ənənəvi məktəbin
bütün qaydalarını yeniləyərək sürətlə yayılmağa başladı. Vikipediyanı
tək ənənəvi kitab halında olan ensiklopediyalarından deyil, həm də
digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq
olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
Vikipediya əksər hallarda həvəskarlar tərəfindən toplanan, ciddi
akademik istinad üçün əsas ola bilməyəcək bir informasiya resursudur.
Burada məlumatların qərəzli və ya doğru olması bir çox hallarda həmin
mövzu üzrə mütəxəssis olmayan həvəskar və ya könüllü idarəçilərin
rəyindən asılıdır.

Layihənin populyar olmasının əsas səbəbi isə onun operativ olması
ilə bağlıdır. Belə ki, son saatlar, bəzən son dəqiqələr ərzində baş vermiş
hadisələr könüllü istifadəçilər tərəfindən dərhal uyğun səhifələrə
yerləşdirilir ki, bu da oxucuların mütəmadi olaraq yeni informasiyalar
ilə təmin olunmasına xidmət edir.

Ensiklopediyanın əsas tələbi yazılan məqalələrdə və əlavə edilən
məlumatlarda neytral nəzər nöqtəsinin (ingiliscə NPOV — Neutral
Point Of View) qorunmasıdır. Yəni burada “Ən gözəl şəhər Bakıdır”,
“Ən maraqlı oyun futboldur” və ya “Azərbaycan xalqının milli-mənəvi
dəyərləri bütün başqa xalqların milli-mənəvi dəyərlərindən üstündür”
kimi şəxsi mülahizələr qeyd edilməməlidir.

Hazırda 300-ə yaxın dildə fəaliyyət göstərən Vikipediya artıq
bir çox vacib sayılan sahələri əhatə etməklə hər kəsə açıq olan onlayn
ensiklopediyadır. Bu layihə mütəmadi olaraq könüllü istifadəçilərin
töhfələri hesabına zənginləşir. Doğrudur, mövcud Vikipediya
məqalələrinin sayı ilə keyfiyyəti arasında ciddi fərqlər vardır. Burada bir-
iki cümləlik məqalələrlə yanaşı, kifayət qədər geniş olan çox sayda iri
həcmli məqalələrə də rast gəlinir. Vikipediyada kiçik həcmli məqalələrin
olması isə adi haldır. Xüsusilə lokal vikilayihələrdə bu hal kütləvi xarakter

11

almışdır. İstifadəçilərin birgə əməyinin nəticəsində bir-iki cümləlik
məqalələrin qısa vaxt ərzində zənginləşdirilməsi mümkündür. Çünki
belə məqalələri hər bir istifadəçi redaktə edərək vaxtaşırı zənginləşdirə,
layihəyə yeni məlumatlar daxil edə bilər. Vikipediya əhalisi artdıqca bu
tip məqalələrin sayı sürətlə azalmaqdadır. Xüsusilə də qarşılarına yüksək
keyfiyyətli ensiklopediya yaratmaq vəzifəsi qoymuş könüllü istifadəçilərin
əməyi hesabına bu layihə mütəmadi olaraq inkişaf etməkdədir.

Vikimedia Fondu
Vikipediya Vikimedia Fonduna bağlı layihədir. Rəsmi adı ingiliscə
“Wikimedia Foundation, Inc.” (qısaca WMF və ya Wikimedia) olan
Vikimedia Fondu qeyri-kommersiya, qeyri-hökumət təşkilatı kimi
Vikipediya başda olmaqla, bir sıra digər azad məzmunlu layihələri
idarə edir; bütün dünyadakı Vikimedia könüllülük hərəkatının və hər il
keçirilən Vikimaniyanın əsas təşkilatçıdır. Fond Cimmi Ueyls tərəfindən
20 iyun 2003-cü ildə ABŞ-nın Florida ştatının Sent-Pitersberq şəhərində
yaradılmışdır.
2018-ci ilin avqust ayına olan məlumata görə cəmi 300 nəfər
işçisi olan Fondun mərkəzi qərargahı ABŞ-nın Kaliforniya ştatının
San-Fransisko şəhərində yerləşir. ABŞ-dan başqa onun bir sıra xarici
ölkələrdə də filialları fəaliyyət göstərir.
Rəsmi internet ünvanı wikimediafoundation.org saytıdır.

Vikimaniya
Vikimedia Fondunun hər il təşkil etdiyi beynəlxalq konfrans olan
Vikimaniya elmi xarakter daşımaqla yanaşı, vikilayihə iştirakçılarının görüşməsi
və fikir mübadiləsinin aparılması üçün nəzərdə tutulmuşdur. Vikimaniyanın
əsas məqsədi Vikipediya əhalisini görüşdürmək, onlara Vikipediyadakı gələcək
planlar haqqında informasiya əldə etməyə şərait yaratmaqdır.

12

Vikimaniyada ilk növbədə Vikimediya Fondunun müxtəlif
layihələrində iştirak edən istifadəçilərlə yanaşı, həm də bu layihə ilə
maraqlanan şəxslər toplaşırlar. Burada onlar məruzələrlə çıxış edir,
müxtəlif layihələr barədə təqdimatlar göstərir, yeni ideyalar təklif
edirlər. Vikimaniya vikimediaçılara müxtəlif sahələrə aid məsələləri
geniş şəkildə müzakirə etmək imkanı verir. Bu məsələlərə azad və
açıq proqram təminatından başlayaraq, biliyin və vikilayihələrin bütün
dünyaya yayılmasına qədər müxtəlif təşəbbüslər aiddir.

Bütün bunlarla yanaşı Vikimaniya həm də müxtəlif mədəniyyətlərin
təmsilçilərinin, fərqli milli-mənəvi dəyərlərə sahib insanların bir araya
gəldiyi tədbirdir.

İndiyə qədər baş tutmuş bütün Vikimaniya tədbirləri bunlardır:
1. “Wikimania 2005” — 5-7 avqustda Almaniyanın Frankfurt
şəhərində keçirilmişdir (iştirakçı sayı: 380 nəfər).
2. “Wikimania 2006” — 4-6 avqustda Massaçusets ştatında,
Kembricdə keçirilmişdir (iştirakçı sayı: 400 nəfər).
3. “Wikimania 2007” — 3-5 avqustda Tayvanda keçirilmişdir
(iştirakçı sayı: 440 nəfər).
4. “Wikimania 2008” — 17-19 iyulda Misirdə, İsgəndəriyyə
kitabxanasında keçirilmişdir (iştirakçı sayı: 650 nəfər).
5. “Wikimania 2009” — 26-28 avqustda Argentinanın Buenos-
Ayres şəhərində keçirilmişdir (iştirakçı sayı: 559 nəfər).
6. “Wikimania 2010” — 9-11 iyulda Polşanın Qdansk şəhərində
keçirilmişdir (iştirakçı sayı: 500 nəfər).
7. “Wikimania 2011” — 4-7 avqustda İsrailin Hayfa şəhərində
keçirilmişdir (iştirakçı sayı: 720 nəfər).
8. “Wikimania 2012” — 12-15 iyulda ABŞ-ın Vaşinqton şəhərində
keçirilmişdir (iştirakçı sayı: 1400 nəfər).
9. “Wikimania 2013” — 7-11 avqustda Çinin Honkonq şəhərində

13

keçirilmişdir (iştirakçı sayı: 700 nəfər).
10. “Wikimania 2014” — 6-10 avqustda Böyük Britaniyanın London

şəhərində keçirilmişdir (iştirakçı sayı: 1762 nəfər).
11. “Wikimania 2015” — 15-19 iyulda Meksikanın Mexiko

şəhərində keçirilmişdir (iştirakçı sayı: 800 nəfər).
12. “Wikimania 2016” — 21-28 iyunda İtaliyanın Ezino-Lario

kommunasında keçirilmişdir (iştirakçı sayı: 1200 nəfər).
13. “Wikimania 2017” — 9-13 avqustda Kanadanın Monreal

şəhərində keçirilmişdir (iştirakçı sayı: 1000 nəfər).
14. “Wikimania 2018” — 18-22 iyulda CənubiAfrika Respublikasının

Keyptaun şəhərində keçirilmişdir (iştirakçı sayı: 700 nəfər).
Qeyd edim ki, sayca 15-ci olacaq “Wikimania 2019”-un 2019-cu

ilin 14-18 avqust tarixlərində İsveç Krallığının Stokholm şəhərində
keçirilməsi planlaşdırılmışdır.

Onu da qeyd edim ki, istifadəçilərimizdən Rövşən Əliyev, Elgün
Atalıyev, Nihat Vəlizadə, Eldar Əzimov və başqaları müxtəlif vaxtlarda
keçirilmiş Vikimaniyanın iştirakçısı olmuşlar.

Arzu edirəm ki, növbəti illərdən birindəAzərbaycanda da Vikimaniya
təşkil edilsin. Bunun üçün dövlət səviyyəsində dəstəyin olmasına,
münasib bir məkanın və zəruri resursların ayrılmasına çox böyük ehtiyac
vardır. Belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi dünyanın
müxtəlif ölkələrindən vətənimizə gələcək intellektual insanlara milli-
mənəvi dəyərlərimizin təqdim olunması baxımından böyük əhəmiyyət
kəsb edə bilər.

Vikilayihələrin maliyyələşməsi
Vikipediya və digər vikilayihələr dünyanın müxtəlif ölkələrindən
olan könüllülər tərəfindən göndərilən ianələr hesabına maliyyələşir. Belə
ki, qeyri-kommersiya təşkilatı olduğu üçün Vikimedia Fondu idarə etdiyi

14

saytlardan rəsmi formada heç bir reklam və digər gəlirlər əldə etmir.
Vəsait əsasən dünyanın müxtəlif ölkələrində olan Vikimedia Fondunun
serverlərinin yerləşdirildiyi binaların icarə haqqı, istifadə olunan elektrik
enerjisi sərfiyyatı, texniki xidmət işçilərinin məvacibi üçün nəzərdə
tutulmuşdur.

İanələrin adətən, 5-20 $ arasında olmasına baxmayaraq, fonda daha
böyük məbləğdə yardımların edilməsi faktlarına da rast gəlinir. Məsələn,
hələ ilk illərdə – 2007-ci ilin 27 dekabrında adını bildirmək istəməyən bir
şəxs Vikimediya Fonduna 286,8 min $ ianə etmişdir.

Vikipediya nə deyil?
Vikipediya nə qədər azad və açıq olsa da, bir o qədər də bir sıra
məhdudiyyətləri özündə ehtiva edir. Bu həm onun ensiklopediklik
xüsusiyyətindən, həm müxtəlif ölkələrin normativ-hüquqi bazalarından,
həm də müxtəlif mədəniyyətlərin təmsilçisi olan istifadəçilərin
fərqli maraqlara malik olmasından və digər məsələlərdən irəli gəlir.
Bəşəriyyətin ortaq dəyərinə çevrilmiş Vikipediya məlumatların
ağına-bozuna baxmadan yazıldığı toplu deyil. Çünki hər hansısa bir
informasiyanın doğru və ya faydalı olması heç də bu informasiyanın
mütləq ensiklopediyaya daxil edilməsinə haqq qazandırmır. Ona görə
də Vikipediyanın əsas prinsiplərini nəzərə alaraq, bütün istifadəçilər
bilməlidirlər ki, Vikipediya aşağıdakılar deyil:
1. Vikipediya kağız ensiklopediyası deyil. Çünki ənənəvi kağız
ensiklopediyalarla müqayisədə Vikipediya müəyyən prinsiplərlə
fəaliyyət göstərən virtual ensiklopediyadır. Buradan belə çıxır ki,
faktların etibarlılığı və digər prinsipləri pozmamaq şərtilə mövzu sayına
və məzmun həcminə heç bir məhdudiyyət yoxdur. Həmçinin bu qayda
məqalə məzmunlarına da tam sərbəstlik vermir. Ona görə ki, məqalə
məzmunu beş əsas prinsipə uyğun olmalıdır.

15

2. Vikipediya heç bir dövlətin, millətin və ya hansısa dindar
kəsimin ensiklopediyası deyil.

3. Vikipediya azad kürsü deyil.
4. Vikipediya lüğət və ya söz və jarqonların istifadəsi üçün məlumat
kitabçası deyil.
5. Vikipediya məqalələri sözlərin mənasının ifadə edildiyi yer,
sözlərin mənasının ifadə edildiyi siyahı, sözlərin yerlərinə görə istifadəsi
və ya jarqon və frazeoloji ifadələrin işlədilməsi üçün məlumat kitabçası
deyil.
6. Vikipediya şəxsi tədqiqat yeri deyil.
7. Vikipediya istifadəçilərin öz fikirlərini və analitik tədqiqat
nəticələrini və ya yeni, əvvəllər heç bir yerdə çap olunmamış məlumatları
yerləşdirmələri üçün yer deyil. Buna görə də ilkin (orijinal) tədqiqatın
nəticələri, yəni yeni nəzəriyyələrin təqdim olunması, orijinal kəşf, şəxsi
esse, diskussiya forumları, həmçinin qəzet, jurnal və ya xəbər saytı deyil.
8. Vikipediya ilkin mənbə deyil.
9. Vikipediya öncəgörən deyil.
10. Vikipediya azad tribuna və ya bloq olmadığından; söhbət,
müzakirə, təbliğat və ya reklam üçün ayrılmış yer deyil.
11. Vikipediya nə istiqamətləndirmə səhifəsi, nə də şəkil və buna
oxşar media fayllarının saxlanılması yeri deyil.
12. Vikipediya məqalələri yalnız daxili və xarici keçidlərdən ibarət
link kolleksiyası, heç bir seçim aparılmadan ictimai varidatda olan
materialların və informasiyanın kolleksiyası, izahedici yazı ilə müşayiət
olunmayan, sadə şəkillər və ya media fayllar kolleksiyası deyil.
13. Vikipediya bloq, pulsuz hostinq, sosial şəbəkə, tanışlıq xidməti,
xatirə saytı deyil.
14. Vikipediya bu vaxta kimi mövcud olmuş və ya mövcud olan
şeylərin kataloqu deyil.

16

15. Vikipediya məqalələri zəif əlaqəli məlumatların siyahısı və ya
anbarı, genealoji məlumatlar və ya telefon-sorğu kitabçası, kataloqlar,
sorğu materialları, elektron proqram rəhbərlikləri, həmçinin iş üçün
resurslar mənbəyi, satış kataloqları deyil.

16. Vikipediya təlimat kitabçası, yol göstəricisi və ya dərslik deyil.
17. Vikipediya demokratiya, bürokratiya, anarxiya, xaos məkanı və
döyüş meydanı deyil.
18. Vikipediya həmçinin digər, bu siyahıya daxil edilməyən çoxsaylı
dəhşətli ideyalar məkanı deyil.

Statistik göstəricilər
Vikipediya saytı üzrə müxtəlif göstəriciləri izləmək üçün bir sıra
üsullardan istifadə etmək mümkündür. Belə ki, hər bir dil bölməsi üzrə
müxtəlif məlumatlar əldə etmək, müqayisələr aparmaq olar. Məsələn:
Azərbaycanca Vikipediya bölməsi haqqındakı statistik məlumatları əldə
etmək üçün https://az.wikipedia.org/wiki/Xüsusi:Statistika səhifəsinə
daxil olmaqla, həmin anda mövcud olan məqalələrin, bütün səhifələrin
(istifadəçi müzakirəsi, istiqamətləndirmə, kateqoriya, şablon və digər
səhifələr), redaktələrin sayı, istifadəçi statistikası haqqında və s.
məsələlərlə bağlı ətraflı məlumat almaq olar.
http://stats.wikimedia.org/EN/TablesWikipediaAZ.htm səhifəsinə
daxil olmaqla Azərbaycanca Vikipediyada illər və aylar üzrə baş verən
dəyişikliklər haqqında məlumat toplamaq mümkündür.
Həmçinin, http://meta.wikimedia.org/wiki/List_of_Wikipedias
səhifəsinə daxil olan hər bir istifadəçi bütün dil bölmələri üzrə yaradılmış
vikipediyaların statistik göstəricilərini görə bilər. Həmin səhifədə olan
“Wikimedia projects” şablonu vasitəsilə isə digər vikilayihələrin də ayrı-
ayrılıqda statistik göstəriciləri ilə tanış olmaq mümkündür.
Bu layihə ilə bağlı müxtəlif növ statistik alətlər mövcudur ki,

17

Vikipediyanın dil bölmələri ilə yanaşı, müxtəlif dil bölmələrində
fəaliyyət göstərən hər bir istifadəçi öz fəaliyyət statistikasına uyğun
(bütün vikilayihələr üzrə fəaliyyət statistikası, yaratdığı məqalələr,
yüklədiyi şəkillər, tərtib etdiyi şablonlar, yaratdığı kateqoriyalar, ümumi
faliyyətinin statistikası, fəaliyyətinin sahələr üzrə fərqli statistikası və
digərləri) müxtəlif məlumatları əldə edə bilər. Eyni zamanda hər bir
məqalə üzrə də http://tools.wmflabs.org vasitəsilə baxış sayından müxtəlif
göstəricilərə qədər statistik məlumatları əldə etmək mümkündür.

Bəzi istifadəçilərə bunlar çətin gələ bilər. Lakin nəzərə almaq
lazımdır ki, bütün bu bacarıqlara istifadəçilər zamanla təcrübə toplayaraq
yiyələnə bilərlər.

18

II hissə. Vikipediya Azərbaycanda

Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan
bölməsidir. Biz istifadəçilər ona qısaca “AzViki” də deyirik. Əksəriyyət
bunu Azərbaycanın azad açıq onlayn ensiklopediyası da hesab edir.
Lakin belə deyil.
AzViki 2 iyun 2002-ci ildə yaradılmışdır. 2004-cü ilin yanvarından
iki əlifbalı – latın və ərəb əlifbalarında olan layihə kimi az.wikipedia.org
ünvanında fəaliyyətə başlamışdır.
Azərbaycanca Vikipediya yarandığı tarixdən bu günə qədər böyük bir
inkişaf yolu keçmişdir. Azərbaycandilli Vikipediyadakı məqalələrin sayı
layihə fəaliyyətə başladığı gündən artmaqdadır. 2004-cü ili cəmi 25 məqalə
ilə başa vurmuş Azərbaycanca Vikipediyada məqalələrin sayı 2014-cü il
mart ayının 25-də psixoloji 100000 həddini keçmiş və beləliklə bu layihə
Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə adlamışdır. Lakin
azb.wikipedia.org saytının fəaliyyətə başlamasından sonra AzVikidə olan
ərəb əlifbalı məqalələr silinmiş; nəticədə də məqalə sayı xeyli azalmışdır. 29
oktyabr 2015-ci ildə isə yenidən 100000 məqalə həddi keçilmişdir. Beləliklə,
AzViki iki dəfə 100000-lik həddi keçən dil bölməsi statusunu qazanmışdır.
Xüsusilə məqalələrin keyfiyyətinin artırılması baxımından son illərdə
istifadəçilərin çox böyük töhfələri olmuşdur. AzVikinin inkişafında ən
uğurlu il isə 2011-ci il hesab edilə bilər. Həmin il ərzində çox böyük
inkişaf yolu keçmiş bu layihə demək olar ki, ömrünün çiçəklənmə
dövrünü yaşamışdır. AzViki ilə bağlı indiyə kimi qeydə alınmış müxtəlif
vaxtlara aid bəzi statistik və xüsusi məqamlar belədir:
 2004-cü ilin sonu — məqalələrin sayı 25-i keçmişdir.
 2005-ci ilin sonu — məqalələrin sayı 400-ü keçmişdir.
 2006-cı ilin sonu — məqalələrin sayı 980-i keçmişdir.

19

 2007-ci il 9 mart — məqalələrin sayı 5000-ə çatmışdır.
 2007-ci il 22 iyul — məqalələrin sayı 10000-ə çatmışdır.
 2008-ci ilin sonu — məqalələrin sayı 20000-i keçmişdir.
 2010-cu il 20 fevral — məqalələrin sayı 30000 olmuşdur.
AzViki bütün vikipediyaların siyahısında 53-cü sıraya yüksəlmişdir.
 2010-cu il 13 noyabr — məqalələrin sayı 40000 olmuşdur.
 2010-cu il 9 dekabr — redaktə sayı 1000000 olmuşdur. AzViki
bütün vikipediyaların siyahısında 52-ci sıraya yüksəlmişdir.
 2011-ci il 13 yanvar — məqalələrin sayı 50000 olmuşdur.
AzViki bütün vikipediyaların siyahısında 49-cu sıraya yüksəlmişdir.
 2011-ci il 29 iyul — məqalələrin sayı 75000 olmuşdur; həmin
məqalələrin 5819-u ərəb əlifbasında idi.
 2011-ci il 13 dekabr — redaktələrin sayı 2000000 oldu,
məqalələrin sayı isə 83129 idi. AzViki bütün vikipediyaların siyahısında
42-cı sıraya yüksəlmişdir (dərinlik göstəricisi – 21).
 2012-ci il 17 sentyabr — məqalələrin sayı 90000.
 2012-ci il 12 noyabr — redaktələrin sayı 2500000, məqalələrin
sayı 91.000. AzViki bütün vikipediyaların siyahısında 44-cü sırada
(dərinlik göstəricisi – 25).
 2014-cü il 25 mart — məqalələrin sayı 100000. AzViki bütün
vikipediyaların siyahısında 51-ci sırada (dərinlik göstəricisi – 28).
 2016-cı il 16 iyun — məqalələrin sayı 106000. AzViki bütün
vikipediyaların siyahısında 54-cü sırada.
 2017-ci il 26 aprel — məqalələrin sayı 117000. AzViki bütün
vikipediyaların siyahısında 56-cı sırada.
 2017-ci il 31 avqust — məqalələrin sayı 124000.
 2018-ci il 1 may — məqalələrin sayı 134108. Bütün səhifələrin
sayı 345850. AzViki bütün vikipediyaların siyahısında 51-ci sırada
(dərinlik göstəricisi – 31).

20

Qeyd edim ki, bəzi sətirlərdə göstərilən “dərinlik göstəricisi”
(ingiliscə “Depth”) xüsusi statistik düstur əsasında hesablanan keyfiyyət
göstəricisidir. Bu keyfiyyət göstəricisi Vikipediyada dil bölmələrinin
inkişaf səviyyəsini göstərən ölçü vahidi hesab olunur. O məqaləyə və
məqalə olmayan səhifəyə ortalama düzəlişlərdən irəli gələrək hesablanır.
Bu zaman məqalələrin ümumi sayında qaralama məqalələrinin sayı da
nəzərə alınır.

Onu da qeyd edim ki, AzViki indiyə qədər bir çox mübahisəli
məsələlərlə üzləşmişdir. Fəaliyyətə başladığı ilk dövrlərdə
azərbaycanlı istifadəçilərin zəif və ya tam qeyri-fəal olması üzündən
AzViki əsasən Vikipediyanın türk dilində olan bölməsinin bir neçə
istifadəçisi tərəfindən idarə edilirdi ki, nəticədə də bu layihə az qala
Türkcə Vikipediyanın bir bölməsinə çevrilmişdir. Demək olar ki,
həmin vaxtlarda məqalələrin böyük bir hissəsi türk dilinin qayda-
qanunlarına uyğun yaradılırdı. Bir xeyli müddət keçdikdən sonra
azərbaycanlı istifadəçilərin fəallığının artması nəticəsində məqalələrdə
olan qrammatik səhvlərin çox hissəsi yavaş-yavaş aradan qaldırıldı.
Azərbaycan dilini tam bilməyən, orfoqrafik və qrammatik səhvlər
edən istifadəçilərə xəbərdarlıq edilərək, onlara Azərbaycan dilinin
qaydalarına əməl etmələri tövsiyə edildi. Xəbərdarlıqlara əməl etməyən
istifadəçilərin isə fəaliyyətləri texniki baxımdan məhdudlaşdırıldı.
Artıq xeyli müddət keçməsinə, məqalələrdə düzəlişlərin edilməsinə
baxmayaraq, bu gün də həmin dövrdən qalma qrammatik və orfoqrafik
səhvlərlə zəngin və həmçinin yarı Azərbaycan, yarı türk dilində olan
məqalələrə rast gəlmək mümkündür. Bundan başqa hazırda saytda
yeni yaradılan məqalələrin də bir hissəsində çox sayda qrammatik və
sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlinir. Hansı
ki, bu kimi problemlər mütəmadi olaraq hələ uzun müddət də davam
edəcək ki, onları da istifadəçilər zamanla həll edə bilərlər.

21

Onu da qeyd etmək lazımdır ki, hazırda AzVikidə həll edilməli olan
kifayət qədər problemlər var. Fəaliyyətinin ilk illərində Azərbaycan
Respublikasının ərazisində Vikipediyada yer alan informasiyalar etibarsız
sayılırdı. Ziyalıların bir çoxu Vikipediyada işləməyə qarşı gəlməklə
yanaşı, hətta ondan istifadənin də əleyhinə idilər. Şagirdlərin, tələbə
gənclərin bu saytın məlumatlarına istinad etməsi, ondan faydalanması
qəbahət hesab olunurdu. Doğrudur, Vikipediya hələ ki, dünyada etibarlı
mənbə kimi qəbul olunmur; bunun üçün uyğun mexanizmlər hələ ki, tam
mövcud deyil. Amma ondan istifadə edilməsinin məqsədəuyğun hesab
edilməməsi də yanlış istiqamətdir.

Vikipediya Azərbaycan dilinin ərəb qrafikalı əlifbasında
AzVikinin fəaliyyətə başlamasından sonra xeyli müddət gündəmdə
olan əsas problemlərdən biri Vikipediyanın Azərbaycan dilində olan
bölməsində ərəb və latın qrafikalarından eyni zamanda istifadə edilməsi
idi. AzVikinin bu dilin bütün daşıyıcıları üçün nəzərdə tutulması, Cənubi
Azərbaycandan olan soydaşlarımızın da bu ensiklopediyadan daha rahat
istifadə etməsi səbəbindən ensiklopediya iki qrafika (xətt, yazı qrafikası)
üzrə fəaliyyət göstərirdi. Hətta sistemin daha mütəşəkkil, həmçinin kiril
də daxil olmaqla 3 qrafikalı olması yolları da araşdırılırdı. Bu problem
Vikipediya ilə bağlı müxtəlif vaxtlarda keçirilən görüşlərdə ayrı-ayrı
istifadəçilər arasında müzakirə edilsə də həll edilməmiş və problem açıq
şəkildə qalmaqda davam edirdi. Bu məsələnin müsbət cəhətlərindən
biri isə dünyada cənublu və şimallı olan azərbaycanlıların Vikipediyada
vahid bir məkanda birləşməsi olsa da, ümumilikdə Azərbaycan dilinin
vahid əlifba ilə inkişafına maneə idi.
Həmin dövrlərdə AzVikidə Cənubi Azərbaycandan olan
istifadəçilərdən fərqli olaraq Azərbaycan Respublikasından olan
istifadəçilər fəallıqları ilə daha çox fərqlənirdilər. Amma ərəb qrafikası ilə

22

oxuyan və yazan istifadəçilərin sayca çoxalmağa başlaması səbəbindən
ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış məqalələr Azərbaycanca
Vikipediyada çoxalmaqda davam edirdi. Hətta 11 iyun 2012-ci il tarixdə
“Traktorsazi (futbol klubu, Təbriz)” adlı məqalə ilk ərəb əlifbalı məqalə
olaraq həftənin seçilmiş məqaləsi kimi Ana Səhifədə yerləşdirilmişdir.

7 avqust 2011-ci il tarixdə ərəb qrafikası ilə yazılmış məqalələrin
sayı 10.000-ə çatmışdır. 2013-cü ilin III rübündə isə ərəb qrafikası ilə
yazılmış məqalələrin sayı 13.000-ə yaxın idi.

Qeyd edim ki, müvafiq layihənin açılması ilə bağlı MetaVikidə
edilmiş müraciətlər 18 mart və 29 mart 2007-ci il tarixlərində imtina ilə
nəticələnmişdir. Amma davam etmiş müzakirələrdən, həmçinin 2015-ci
ildə Mexikoda keçirilən Vikimaniyada Azərbaycan Respublikasından
və Cənubi Azərbaycandan olan istifadəçilərin Vikimedia Fondunun
nümayəndələri ilə keçirilən görüşündən sonra, nəhayət 14 iyul 2015-
ci ildə Cənubi Azərbaycanca Vikipediya adlandırdığımız ərəb əlifbalı
layihəyə (qısaca AzbViki) MetaVikidə rəsmi razılıq verilmiş və layihə
həmin ilin 22 iyul tarixindən azb.wikipedia.org ünvanında fəaliyyətə
başlamışdır. Bundan sonra AzVikidə olan ərəb əlifbalı məqalələr silinərək
AzbVikiyə köçürülmüşdür.

1 may 2018-ci il tarixdə AzbVikidə 72.318 məqalə olmuş,
qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 11.535 idi ki, onların da cəmi
78-i aktiv idi. AzbViki həmin tarixdə bütün vikipediyaların siyahısında
72-ci yerdə olmuşdur.

Azərbaycanda vikiçilik
Azərbaycan vikiçilərinin böyük bir hissəsi Vikipediyada fəaliyyət
göstərir. Yarandığı tarixdən bu kitabın çapına qədər Vikipediyanın
Azərbaycan dilində olan bölməsində 160 mindən çox istifadəçisi
qeydiyyatdan keçmişdir. Lakin onlardan çox az hissəsi – təxminən 600-

23

700 istifadəçi son 30 gün ərzində redaktə edir. Bu aktiv istifadəçilərin
böyük bir hissəsinin isə Vikipediyaya demək olar ki, heç bir ciddi
töhfələri yoxdur. Əslində bu proses bir çox digər dil bölmələrində də
mövcuddur.

Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının
inkişafı nəticəsində Vikipediya ilə cəmiyyət arasındakı qarşılıqlı bağlılıq
da inkişaf etməkdədir. Son illərdə Vikipediyaya dövlət səviyyəsində
də maraq artmışdır; xüsusilə Azərbaycan Respublikası Prezidentinin
16 yanvar 2013-cü il tarixli, 2664 nömrəli Sərəncamı ilə 2013-
cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilməsindən sonra Respublikamızda bu sahədə
xeyli irəliləyişlər müşahidə olunmaqdadır. Belə ki, ölkə Prezidentinin
28 mart 2013-cü il tarixli, 2815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”ndaAzərbaycan
Respublikasının İKT potensialının gücləndirilməsi məqsədilə
Azərbaycana dair kontentin və Vikipediya kimi qlobal informasiya
resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf
etdirilməsi üzrə tədbirlərin görülməsi planlaşdırılmışdır.

Vikipediyanın Azərbaycan dilində olan bölməsinin inkişafı bu
layihə ilə bağlı cəmiyyətdə müsbət təsəvvürün yaranmasından xəbər
verir. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasında
Vikipediyaya, Vikimedia könüllülük hərəkatına maraq göstərənlər
arasında həm müxtəlif dövlət qurumları, həm də QHT-lər vardır. İndiyə
qədər bu sahədə fərqlənənlərə misal olaraq Azərbaycan Milli Elmlər
Akademiyasının (xüsusilə də İnformasiya Texnologiyaları İnstitutu,
Coğrafiya İnstitutu, Mərkəzi Elmi Kitabxana), keçmiş Mədəniyyət və
Turizm Nazirliyinin, keçmiş Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin, Xəzər Universitetinin, Bakı Slavyan Universitetinin,

24

“İrəli” İctimai Birliyinin, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının,
“Şəms” Tərcümə Xidmətləri Mərkəzinin, BMT İnkişaf Proqramının
adlarını çəkmək olar. Bu kitabın çapı ilə Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin
Təbliği Fondunu da bu cərgəyə daxil etmək olar.

Azərbaycanda vikipediyaçıların ilk görüşü “Sortilegus”un təşəbbüsü
ilə 6 dekabr 2009-cu ildə, saat 16:00-da Bakı şəhərində, Qafqaz Media
Tədqiqatları Mərkəzinin İçəri şəhərdə yerləşən ofisində, Kiçik Qala
128/5 ünvanında (Qoşa Qala qapılarının düz arxasında) keçirilmişdir.
Həmin görüşdə biz 4 fəal istifadəçisi – mən “Cekli829”, “Sortilegus”,
“Wertuose”, “Sefer azeri” və bir proqram mütəxəssisi – “Farhad”
iştirak etmişdik. Əsasən vikipediyaçılarımız arasında dostluq və tanışlıq
münasibətləri yaradılması məqsədilə təşkil edilən tədbirdə bir sıra digər
məsələlər - o cümlədən AzVikinin texniki problemlərinin həlli, gələcək
inkişaf perspektivləri müzakirə edilmişdir. Nəticədə yaxın zamanlarda
mövcud bot probleminin, məqalələrin vikifikasiyasının həlli ilə bağlı
əməli addımların atılması qərara alınmışdır. Görüşdə eləcə də fəal
vikiçilərin klubunun yaradılması təklifi səsləndirilmiş və bəyənilmişdir.

Bundan sonra müxtəlif vaxtlarda və müxtəlif məkanlarda fərdi
təşəbbüslər əsasında görüşlər keçirilmiş; həmçinin bir sıra qurumlar və
şəxslər tərəfindən təlimlər, seminarlar, təqdimatlar, konfranslar da təşkil
olunmuşdur.

İlk görüşün iştirakçısı olmuş Rövşən Əliyev 12 yanvar 2010-cu ildə
“Vikipediya-Azərbaycan” İctimai Birliyini təsis etmiş, lakin təəssüf ki,
onun qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Buna baxmayaraq,
həmin təşkilat 2012-ci il oktyabrın sonuna qədər fəaliyyətdə olmuş,
Azərbaycanda Vikipediya ilə bağlı ilk buklet məhz “Vikipediya-
Azərbaycan” İctimai Birliyi tərəfindən ABŞ-ın IREX təşkilatının maliyyə

25

dəstəyi ilə 3200 tiraj olmaqla çap edilmiş, azı 20 treyninq keçirilmiş,
mediada, o cümlədən bir sıra televiziya verilişlərində Vikipediyanın
təbliğatı aparılmışdır. 2012-ci ilin noyabrından Rövşən müəllim işlə
əlaqədar Türkiyədə yaşadığı üçün həmin təşkilatın daha aktiv fəaliyyəti
olmamışdır.

10 mart 2014-cü il tarixində Bakıda “Park Inn” otelində “Vikipediya
virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər” adı
altında Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçirilmişdir.
Forumda bu sahənin bəzi mütəxəssisləri və istifadəçiləri, ziyalılar
və elm adamları, internet ictimaiyyətinin fəalları, ictimai sferanın
nümayəndələri iştirak etmiş; AzVikinin mövcud durumu ətrafında
fikir mübadiləsi, problemlərin və onların həlli yollarının müzakirəsi
aparılmışdır. Forumun proqramı 2 paneldən ibarət olmuşdur. İlk panel
“Azərbaycandilli Vikipediyanın inkişaf dinamikası” adlanmış, spikerlər
Aydın Mirzəzadə (Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Vikipediya idarəçisi), Hamlet İsaxanlı (Xəzər Universitetinin rektoru),
İradə Ələkbərova (Vikipediya idarəçisi), Rasim Mahmudov (sosial
media eksperti), moderator Rauf Mərdiyev (“İRƏLİ” İctimai Birliyinin
sədri) olmuşlar. “Azərbaycandilli Vikipediyada mövcud problemlər və
onların həlli yolları” adlanan ikinci paneldə isə spikerlər Orxan Quliyev
(Vikipediya idarəçisi), Rəşad Əliyev (Xəzər Universiteti İT Məktəbinin
rəhbəri), Fərid Sadıxlı (“ASAN könüllüləri” gənclər təşkilatının sədri),
Elgün Ataliyev (Vikipediya idarəçisi), moderator İradə Ələkbərova
(Vikipediya idarəçisi) iştirak etmişlər. Təəssüf ki, bəzi səbəblərdən
həmin forumda mənim iştirakım mümkün olmamışdır.

“Vikimedia Azərbaycan”ın qurulması istiqamətində ilk addım
olaraq, 2014-cü ildə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun
yaradılmasından sonra vikigörüşlər daha da intensivləşmişdir.
“Azərbaycan vikimediaçıları” istifadəçi qrupu milli səviyyədə təbliğat

26

tədbirlərinin təşkilində və iştirakında maraqlı olan azərbaycandilli
Vikimedia layihələrinin aktiv istifadəçilərinin yaratdığı qrupdur. Bu
istifadəçi qrupunun üzvləri artıq bir neçə ildir ki, fəaldırlar və başqa işlərlə
yanaşı, universitet tələbələri və Azərbaycanın müxtəlif regionlarındakı
gənclər üçün seminarlar və təqdimatlar təşkil edir, həmçinin Vikixəzinəyə
və Azərbaycan dilindəki digər Vikimedia layihələrinə töhfələr verirlər.
İstifadəçi qrupunun təşəbbüsü ilə 2014-cü ilin oktyabrından AzVikidə
başlayan və hazırda da davam edən “Mövzulu ay” layihəsi mütəmadi
olaraq keçirilmiş, qaliblər mükafatlandırılmışdır. Qrup rəhbəri Elgün
müəllimin və mənim də (digər üzvlərin istifadəçi adları: Namikilisu,
Fortius-94, Eldarado, Eminn) daxil olduğum təşkilat komitələrinin
təşkilatçılığı ilə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu və
“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən təcrübəli
və yeni vikipediyaçılar üçün Vikimedia Fondunun dəstəyi ilə 12-13 avqust
2017-ci il tarixlərində Qax rayonunun İlisu kəndindəki “Ulu” İstirahət
Mərkəzində 2017 Yay Vikidüşərgəsi və 2-3 iyun 2018-ci il tarixlərində
Quba rayonundakı “Quba Holiday Village” istirahət mərkəzində 2018
Bahar Vikidüşərgəsi təşkil olunmuşdur. Qeyd edim ki, Elgün Atalıyevin
təsisçiliyi ilə qeydiyyatdan keçmiş “Azərbaycan Vikimedia Könüllüləri”
İctimai Birliyi tərəfindən son illərdə Azərbaycanda vikimedia hərəkatının
səmərəli fəaliyyəti üçün müvəffəqiyyətli addımlar atılmaqdadır.

Vikipediya barədə sosial şəbəkələrdə gedən müzakirələrlə yanaşı
ənənəvi mediada da tez-tez məlumatlar dərc edilir ki, bu da bu layihəyə
ölkədə böyük maraq olduğundan xəbər verir. Bu sahəyə marağın
artması nəticəsində Azərbaycanda Vikipediya ilə bağlı müxtəlif
problemlər kütləvi informasiya vasitələrində daha çox işıqlandırılır
ki, bu növ məlumatlarla AzVikidə olan “Vikipediya:KİV Vikipediya
haqqında” səhifəsində ətraflı tanış olmaq mümkündür. Onu da deyim
ki, Azərbaycanda indiyə qədər layihə ilə bağlı bir sıra elmi məqalələr,

27

kitab və kitabçalar, bukletlər və s. nəşr olunmuşdur. Yeri gəlmişkən,
qeyd edim ki, müvafiq mövzuda Azərbaycanda ilk kitab 2010-cu ildə
Bakıdakı “İnformasiya texnologiyaları” nəşriyyatında nəşr olunmuşdur.
Müəllifləri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun
direktoru Rasim Əliquliyev və həmin institutun əməkdaşı, vikipediyaçı
İradə Ələkbərova olan “Vikipediya. Virtual ensiklopediya” adlı kitab
Vikipediyanın yaranma tarixinə, həmin dövrdəki vəziyyətinə və mövcud
problemlərinə həsr olunmuşdur. Onu da bildirim ki, Azərbaycanda
Vikipediyaya dair müdafiə olunmuş ilk dissertasiya işinin müəllifi də
İradə Ələkbərovadır. Belə ki, o, 3338.01 - “Sistemli analiz, idarəetmə
və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Viki-mühitdə informasiya
müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin
işlənməsi” mövzusunda dissertasiya işini 2018-ci ildə müdafiə etmişdir.

Bu məqamda AMEA-nın Vikipediya ilə bağlı fəaliyyətini bir qədər
də ümumiləşdirilmiş formada diqqətə çatdırmaq istəyirəm. Belə ki,
15 yanvar 2014-cü il tarixində AMEA-nın Rəyasət Heyəti tərəfindən
Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-
mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin
vəzifələri haqqında qərar qəbul edilib. Həmin vəzifələrin icrası üçün
AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında viki-qrupların,
İnformasiya Texnologiyaları İnstitutunda Viki Mərkəzin yaradılmasına
dair göstəriş verilib. AMEA Rəyasət Heyətinin 4 fevral 2016-cı il tarixli
qərarında isə Vikipediya ensiklopediyası ilə bağlı fəaliyyətin daha da
gücləndirilməsinin vacibliyi qeyd olunub.

Qeyd etmək lazımdır ki, mətbuatda tez-tez VikipediyadaAzərbaycanla
bağlı kontentlərdə ölkəmiz haqqında qərəzli informasiyaların yer
alması, xüsusən də ingilis, rus, fransız və digər bölmələrdə, hətta qardaş
bildiyimiz Türkiyənin rəsmi dilində olan Vikipediya bölməsində səhv

28

informasiyaların verilməsi ilə bağlı haqlı fikirlər səsləndirilir. Doğrudur,
bunda erməni diasporasının və lobbisinin təsirləri şübhəsizdir. Nəzərə
almaq lazımdır ki, bu artıq bir informasiya müharibəsidir. Bütün bu
problemləri aradan qaldırıb, bu müharibədə üstünlük əldə etmək üçün
isə həqiqi vətənpərvər könüllülərə ehtiyac var. Çünki informasiya
müharibəsinin iştirakçısı olmaq üçün vətəndaşlıq borcundan irəli gələn
könüllülük əsas şərtdir.

Bunlardan başqa sosial şəbəkələrdə də müxtəlif insanlar tərəfindən
mütəmadi olaraq Vikipediyanın müsbət və ya mənfi tərəfləri ilə bağlı
məlumatlar, fikirlər səsləndirilir, müzakirələr aparılır. Artıq bir sıra sosial
şəbəkələrdə sırf bu layihə haqqında müzakirələrin aparıldığı qruplar,
səhifələr mövcuddur ki, azərbaycandilli vikiçilərin bir hissəsi belə
məsələlərdə çox fəallıq göstərirlər.

Mövzulu ay
“Mövzulu ay” layihəsi Azərbaycandilli Vikipediya istifadəçilərinin
müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsidir. Layihənin
əsas məqsədi də məhz birgə işləyərək, keyfiyyətli və tam həcmli məqalələr
yaratmaqdır. AzVikidə hazırda davam edən bu layihə 2014-cü ilin oktyabr
ayında keçirilmiş “Memarlıq ayı”ndan etibarən fasiləsiz olaraq hər ay
təşkil edilir. Çox sayda istifadəçilərin böyük həvəslə qatıldığı bu layihənin
bəzi ayları Azərbaycanla bağlı olmuş, ölkəmiz haqqında çoxlu kontentlər
yaradılmışdır. Bu qəbildən 2017-ci ilin yanvarı “Cənubi Azərbaycan
ayı”, martı “Azərbaycan ayı”, iyunu “Naxçıvan ayı”, iyulu “Vikidata-
Azərbaycanlılar ayı”, 2018-ci ilin avqust ayı isə “Bakı ayı” olmuşdur
ki, həmin aylar ölkəmizlə birbaşa əlaqəli idi. Bundan başqa AzViki də
daxil olmaqla Vikipediyanın bir sıra dil bölmələrində hər il mart-aprel-
may aylarında “Vikibahar”, noyabr ayında isə “Asiya ayı” layihələri təşkil
olunur ki, həmin layihələr də xarici dil bölmələrində Azərbaycanla bağlı

29

xeyli sayda məqalələrin yaradılması ilə nəticələnir.
Mənim də aktiv iştirakçısı olduğum “Mövzulu ay” layihəsində

“Qolcomaq”, “White Demon”, “Namikilisu”, “Anar kerimxanov”,
“Rəşid Nurməmmədov”, “Wikipediya M”, “Sefer azeri”, “Aykhan
Zayedzadeh”, “Elnur Neciyev”, “Həlimə”, “Rorschach92” adlı
istifadəçilər ən çox fərqlənənlərdir.

“Mövzulu ay” layihəsinin Azərbaycanla bağlı ən çox diqqəti cəlb
etmiş ayı isə hesab edirəm ki, 2018-ci ilin may ayı olub. Ölkəmizdə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi
və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi də Vikipediyadakı könüllülərimizin
fəaliyyətinə müsbət təsir göstərmişdir. Nəticədə azərbaycandilli
vikiçilərin müvafiq mövzuda Vikipediyaya verdikləri töhfələr xeyli
artmışdır. Xüsusilə də 2018-ci ilin may ayının AzVikidə “Azərbaycan
Xalq Cümhuriyyəti ayı” elan edilməsi AXC mövzulu yeni məqalələrin
yaradılması və mövcud məqalələrin təkmilləşdirilməsi üçün istifadəçilərə
böyük stimul olmuşdur.

Qeyd edim ki, “Azərbaycan Xalq Cümhuriyyəti ayı” AzVikinin
“Mövzulu ay” layihəsinin bir hissəsi kimi “Azərbaycan vikimediaçıları”
istifadəçi qrupu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti haqda
məqalələrin yazılması üçün yaradılmış və həmin layihə çərçivəsində
mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulmuş,
yekun nəticələri kifayət qədər məhsuldar olmuşdur. Bakı vaxtı ilə 1
may tarixində saat 00:01-də başlayan “Azərbaycan Xalq Cümhuriyyəti
ayı” 31 may tarixində saat 23:59-da başa çatmışdır. Bundan sonra
“Mövzulu ay” layihəsinin “Qiymətləndirmə Komissiyası” tərəfindən
iştirakçıların nəticələri qiymətləndirilmiş, yüksək nəticə göstərən
istifadəçilərə stimullaşdırıcı mükafatlar verilmişdir. İyun ayının 18-də isə
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında

30

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirdə
“Azərbaycan Xalq Cümhuriyyəti ayı” ilə bağlı Vikipediyada görülən
işlərin yekun nəticəsi təqdim edilmişdir. Qeyd edim ki, Azərbaycan
Xalq Cümhuriyyəti ordusuna, generallarına, nazirlərinə, təşkilatlarına və
digər sahələrə həsr olunan bu məqalələrin bir hissəsi həm AMEA-nın
Mərkəzi Elmi Kitabxanasının “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə
əməkdaşlığı çərçivəsində, həm də müxtəlif istifadəçilər tərəfindən xarici
dillərə tərcümə olunaraq, digər dillərdə olan Vikipediya bölmələrinə də
yerləşdirilmişdir.

Viki Abidələri Sevir
Vikipediyanın ən maraqlı və əhəmiyyətli layihələrindən biri də
“Viki Abidələri Sevir” (ingiliscə: “Wiki Loves Monuments”) layihəsidir.
Həmin layihə hər ilin sentyabr ayında keçirilən beynəlxalq fotoşəkil
müsabiqəsidir. Bu müsabiqə insanları öz ölkəsində yerləşən abidələrin
şəkillərini çəkib “Wikimedia Commons” layihəsinə yükləməyə
həvəsləndirir. Onun əsas məqsədi iştirakçı ölkələrdəki memarlıq irsinə
diqqəti cəlb etməkdir.
Qeyd edim ki, ilk dəfə olaraq bu müsabiqə 2010-cu ildə Niderlandda
təşkil edilmişdir. Növbəti ildə müsabiqə Avropanın daha bir neçə
ölkəsində keçirilmiş və 5000-dən artıq iştirakçı tərəfindən “Wikimedia
Commons”a yüklənilmiş 168208 şəkil ilə “Ginnesin Rekordlar Kitabı”na
əsasən, ən çox içtirakçısı olan fotomüsabiqə kimi dünya rekordu
qazanılmışdır. Növbəti illərdə müsabiqə daha geniş coğrafiyanı əhatə
etmiş, yeni rekordlar əldə edilmişdir.
Müsabiqənin qaydaları asandır. Belə ki, iştirakçı ölkə abidələrin
ünvanı və inventar nömrəsi ilə siyahı təqdim etməlidir (Azərbaycan
tərəfindən bu siyahını Vikipediya könüllüləri hazırlamışdır). İştirak
edənlər isə həmin siyahıda olan abidələrin şəkillərini sentyabrın 1-dən

31

30-ə kimi “Wikimedia Commons”a yükləməlidirlər. Müsabiqədə iştirak
edən fotoşəkil istənilən vaxt çəkilə bilər, ancaq sentyabr ayında müəllif
hüquqları üzrə uyğun lisenziya ilə yüklənilməlidir.

Azərbaycandan olan istifadəçilər bu müsabiqəyə 2013-cü ildən
qoşulublar. Bu müsabiqə bizim üçün Vikipediyanı illüstrativ materiallarla
təmin etmək və Azərbaycanda mədəni irsin mühafizəsi məsələsinə diqqəti
çəkmək məqsədi daşıyır. Hər il bu müsabiqələrdə istifadəçilərin iştirakı
ölkəmizlə bağlı müvafiq kontentlərin zənginləşməsində böyük əhəmiyyət
kəsb edir. Layihənin təşkilində ən aktiv azərbaycanlı istifadəçilərdən isə
“Interfase” və “Sefer azeri”ni qeyd etmək olar.

Viki Yeri Sevir
Vikipediyanın ən maraqlı və əhəmiyyətli layihələrindən digəri də
“Viki Yeri Sevir” (ingiliscə: “Wiki Loves Earth”) layihəsidir. Həmin
layihə hər ilin may ayında keçirilən beynəlxalq fotoşəkil müsabiqəsidir.
Bu müsabiqə insanları öz ölkəsində yerləşən təbii sərvətlərin və müxtəlif
təbiət abidələrinin şəkillərini çəkib “Wikimedia Commons” layihəsinə
yükləməyə həvəsləndirir. Onun əsas məqsədi Vikilayihələri illüstrativ
materiallarla təmin etmək və təbiətin mühafizəsi məsələsinə diqqət
çəkmək məqsədi daşıyır.
“Vikimedia Ukrayna”nın təşəbbüsü ilə ilk dəfə pilot layihə kimi
2013-cü ildə keçirilmiş bu müsabiqəyə Azərbaycandan olan istifadəçilər
2014-cü ildən qoşulublar.
Müsabiqədə iştirak etmək üçün yüklənən fotoşəkillər beynəlxalq
qaydalar əsasında hazırlanmış aşağıdakı tələblərə cavab verməlidir:
• Şəxsən şəkli yükləyən istifadəçinin özü tərəfindən çəkilməlidir;
• Azərbaycan ərazisində yerləşən və təsbit edilmiş təbiət irsinin
(meşə, dağlar, çaylar, flora, fauna və s.), milli park və ya dövlət tərəfindən
qorunan ərazinin şəkli olmalıdır;

32

• “Wikimedia Commons”a 1 may, Bakı vaxtı ilə saat 00:00-dan tez
və 31 may, saat 23:59-dan gec olmamaq şərtilə CC-BY-SA 4.0 lisenziyası
və ya digər azad lisenziya altında yüklənməlidir. Amma fotoşəkil özü
müsabiqədən qabaq da çəkilə bilər;

• Həqiqəti əks etdirməlidir. Şəklin etibarlılığına təsir göstərməyən
qrafik redaktorlarda onun üzərində işlənməyə icazə verilir (məsələn,
kəsmə və ya rəng korreksiyası), lakin retuş etmək və ya əhəmiyyətli
elementləri əlavə etmək olmaz.

• Hər bir istifadəçi bir və ya bir neçə fotoşəkil yükləyə bilər. Hər
bir şəkil müsabiqədə ayrı-ayrılıqda iştirak edir.

Bu layihənin təşkilində ən aktiv azərbaycanlı istifadəçilər kimi
“Interfase”, “Wertuose” və “Sefer azeri”ni qeyd etmək olar.

100vikigün
İstifadəçilərimizin maraq göstərdikləri layihələrdən biri də
“100vikigün” layihəsidir. 16 yanvar 2015-ci ildə MetaVikidə
“100wikidays” adı ilə başladılmış bu layihə sanki bir psixoloji test,
zamanla yarış, şəxsi sınaqdır. Əsas mahiyyəti odur ki, bu layihəyə
qoşulan istifadəçi ardıcıl olaraq 100 gün ərzində hər gün azı 1 məqalə
yaratmağı və yaxud da ki, bir şəkil yükləməyi qarşısına məqsəd qoymalı
və 100 gün ərzində bu məqsəd üçün çalışmalıdır.
Artıq 200-dən çox istifadəçi bu layihəyə qoşulmuşdur ki, onların da
1/3 hissəsi qoyulan məqsədə nail olmuşdur. Sevindirici haldır ki, mən
və həmkarım Araz Yaquboğlu da 100 günü tamamlayıb, hədəfə çatan
istifadəçilər sırasındayıq. Qeyd edim ki, mən 26 may - 2 sentyabr 2015-
ci il tarixlərində bu layihədə ilk 100 günü tamamlamışam. Düşünürəm
ki, bu sınaqdan keçmək hər bir istifadəçi üçün çox maraqlı olardı.

33

Təlim və təqdimatlar
Vikipediya ilə yaxından maraqlananlar bilir ki, biz könüllülərin
bəzilərimizin fəaliyyəti heç də yalnız Vikipediyada redaktə etməkdən
ibarət deyil. Mən də daxil olmaqla bəzi istifadəçilərimiz Azərbaycanda
Vikipediyanın təbliği istiqamətində də mümkün olan imkanlardan və
müxtəlif vasitələrdən istifadə edərək çalışırıq ki, vikiçilər – xüsusilə
də Vətənimizin maraqlarını, milli-mənəvi dəyərlərimizi Vikipediya
fəlsəfəsinə uyğun bu layihədə qoruya biləcək vikiçilər artsın. Ona görə
də bu sahədə şəxsən özümün fəaliyyətimlə bağlı gördüyüm işlərin bir
hissəsini – təlimlər və ya digər tədbirlər zamanı göstərdiyim təqdimatların
bəzilərinin adını diqqətinizə təqdim edirəm:
• 13 yanvar 2013-cü ildə Sumqayıtda “Vikipediya: Biliklərimizi
paylaşaq!” adlı təqdimatla çıxış etmişəm.
• 21-22 sentyabr 2013-cü il tarixlərində Novxanıda keçirilən
“VikiHərəkat” layihəsində “Vikipediya: Biliklərimizi paylaşaq!” adlı
təqdimatla çıxış etmişəm.
• 12 avqust 2017-ci il tarixində Qax rayonunun İlisu kəndindəki
“Ulu” İstirahət Mərkəzində keçirilmiş Vikidüşərgədə “Vikipediyaçının
müsahibəsi” adlı təqdimatla çıxış etmişəm.
• 26 sentyabr 2017-ci il tarixində Bakıda AMEA-nın Coğrafiya
İnstitutunda keçirilən tədbirdə “Vikipediyanın coğrafiyası” adlı
təqdimatla çıxış etmişəm.
• 3 noyabr 2017-ci il tarixində Gəncədəki Heydər Əliyev
Mərkəzində keçirilən tədbirdə “Bəşəri dəyər: Vikipediya” adlı təqdimatla
çıxış etmişəm.
• 22 noyabr 2017-ci il tarixində Qubadakı Heydər Əliyev
Mərkəzində keçirilən tədbirdə “Bəşəri dəyər: Vikipediya” adlı təqdimatla
çıxış etmişəm.
• 9 dekabr 2017-ci il tarixində Ağsudakı Orta əsr Ağsu şəhəri

34

Arxeoloji Turizm Kompleksində keçirilən tədbirdə “Bəşəri miras:
Vikipediya” adlı təqdimatla çıxış etmişəm.

• 1 fevral 2018-ci il tarixində Bakıdakı Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində keçirilən beynəlxalq konfransda
“Vikipediyada mədəni irs və turizm” adlı təqdimatla çıxış etmişəm.

• 10 mart 2018-ci il tarixində Bakıda “İRƏLİ” İctimai Birliyinin
ofisində keçirilən layihədə “Vikipediyada Azərbaycan” adlı təqdimatla
çıxış etmişəm.

• 1 iyun 2018-ci il tarixində Qubada keçirilən layihədə “Müasir
dövrün “əkinçilər”i Vikipediyada” adlı təqdimatla çıxış etmişəm.

• 2 iyun 2018-ci il tarixində Qubada keçirilmiş Vikidüşərgədə
“Azad xəbərin ünvanı Vikixəbər” adlı təqdimatla çıxış etmişəm.

• 13-14 oktyabr 2018-ci il tarixlərində İsmayıllıda keçirilən
layihədə “Keçmiş və gələcəyin bugünkü məkanı: Vikipediya” adlı
təqdimatla çıxış etmişəm.

Vikipediyaçılar ailəsi
Bu bölmədə sizləri maraqlı və dəyərli bir ailə ilə tanış etmək
istəyirəm. Doğrudur, eyni ailənin azı 2 üzvünün Vikipediyada
fəaliyyət göstərməsi, hətta vikiçilərin evlənməsi hallarına dəfələrlə rast
gəlinib. Amma ölkəmizdə bir ailə də var ki, həmin ailəni qətiyyətlə
“Vikipediyaçılar ailəsi” hesab etmək olar. Bu ailənin Vikipediyadakı
fəaliyyəti haqqında məlumatlar Azərbaycan mediası sayəsində 2015-ci
ildən ictimaiyyətləşmişdir. Belə ki, həmin il Azərbaycanca Vikipediyada
maraqlı bir hal baş vermişdir; iyun ayında “Olimpiya oyunları ayı”
mövzusunda keçirilmiş “Mövzulu ay” layihəsində ilk üçlüyü eyni
ailənin üzvləri tutmuşlar. Diqqət çəkən hal isə bu olmuşdur ki, AzVikinin
idarəçilərindən biri olan Araz Yaquboğlu 3-cü olmuş, vikipediya
istifadəçiləri olan oğlu və qızı isə onu qabaqlayaraq 1-ci və 2-ci yerləri

35

bölüşmüşlər. Həmin vaxt Araz müəllimin oğlu Təhmasib Nəsibli
Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kursunda, qızı Firuzə
Nəsibli isə Bakı Dövlət Universitetinin 2-ci kursunda təhsil alırdılar.

Onu da qeyd edim ki, Araz müəllimin övladlarından başqa kiçik
qardaşı Elməddin Hacıyev də Vikipediya istifadəçilərindən biridir. Araz
müəllimi Vikipediya ilə tanış edən də məhz qardaşı olmuşdur. Belə ki, boş
vaxtlarında araşdırma ilə məşğul olanAraz müəllim, əsasən araşdırılmayan
aşıq və şairlər haqqında, onların nəsil şəcərələri, valideynlərinin vətəni
olan Qərbi Azərbaycanla bağlı mütəmadi yazılar hazırlayıb çap etdirir.
2010-cu ilin aprelində kiçik qardaşı Elməddin ona Vikipediya haqqında
məlumat verir və təklif edir ki, bu saytda fəaliyyət göstərsə daha yaxşı
olar. Beləcə Araz müəllim də Vikipediya istifadəçisi olur...

36

III hissə. Vikipediyanın faydaları və zərərləri

Vikipediyanın əhəmiyyəti
Dünyanın ən böyük internet ensiklopediyası olan Vikipediya artıq
internet istifadəçilərinin böyük əksəriyyətinin mütəmadi müraciət etdikləri
məkana çevrilmişdir. Vikipediyanın bu cür məşhurlaşmasının əsas
səbəblərindən biri onun “tez dəyişən”, daha dəqiqi isə “tez təkmilləşən”
olmasıdır. Yəni digər ənənəvi ensiklopediyalarda son hadisələr haqqında
məlumatları yeniləmək mümkün olmadığı halda, Vikipediyada bu cüzi
bir vaxt tələb edir. Hətta bəzi siyasi xəbərlər, gündəmdə olan məsələlər bir
çox saytlarla müqayisədə Vikipediyada daha tez yazılır.
Vikipediyanın əhəmiyyətindən danışarkən aşağıda qeyd edilən əsas
məsələlərə diqqət yetirmək lazımdır:
1). 300-ə yaxın dildə olduğundan və eyni məqalə müxtəlif dillərdə
fərqli şəkildə yazıldığından, dünyanın istənilən nöqtəsindən hər bir kəs
bu ensiklopediyanın yaradılmasında və zənginləşdirilməsində sərbəst
şəkildə iştirak edə bilər.
2). Hər hansı bir məqalə ilə tanış olan istifadəçinin həmin mövzuda
digər dillərdə yazılmış məqalələrlə də tanış olması mümkündür.
3). Vikipediyada əvvəllər yaradılmış məqalələrdə bir müddət sonra
yenidən düzəlişlər və təkmilləşdirmələr aparıla bilər. Vikilayihələrə daxil
edilmiş məlumatlar azad istifadəyə malikdir və Azad Proqram Təminatı
Fondunun yaratdığı azad proqram təminatı lisenziyası olan GNU FDL /
GFDL lisenziyası altında yayımlanır.
4). Hər bir məlumat və ya fikir Vikipediya əhalisi tərəfindən qəbul
edilmiş və Vikipediyanın əsas prinsiplərindən biri olan “Neytral mövqe”
qaydasına uyğun şəkildə və qərəzsiz tərtib edilməlidir.
5). Əvvəllər yaradılmış mətn və ya məqalə, eləcə də hər hansısa
məlumatın vaxtaşırı dəyişdirilməsi və zənginləşdirilməsi mümkündür.

37

6). Müəlliflik hüquqlarına və digər zəruri qaydalara uyğun
olaraq, müxtəlif növ xüsusi informasiyanı (mətn, şəkil və səs faylları)
çəkinmədən Vikipediyaya daxil edib, azad istifadəyə vermək olar.

7). Etibarlı mənbə anlayışına ciddi əhəmiyyət verilməsi də, bu son
nəticədə Vikipediyanın əhəmiyyətli bir sayta çevrilməsinə səbəb olur.
Burada istifadəçilər hər hansı informasiya ilə tanış olmaqla yanaşı həmin
mövzuya aid müxtəlif mənbələrlə də tanış olmaq imkanı əldə edirlər.
Belə ki, Vikipediyada az da olsa istifadəçilər arasında mübahisə və ya
münaqişə yaradacaq mövzular mövcuddur. Belə problemlərin həlli
ilk növbədə etibarlı mənbələrlə mümkündür. Əgər istifadəçilər əsaslı
sübutlar və dəlillər göstərsələr, belə məqalə və yaxud da məqalə daxilində
yerləşən informasiya ləğv edilə, dəyişdirilə bilər. Bu səbəbdən də mətn
və ya məqalələrə yerləşdirilmiş hər hansı informasiya üçün etibarlı
mənbələrin göstərilməsi onların davamlılığını təmin edir.

Passiv informasiya yığını üçün nəzərdə tutulmamış internet
məkanında, ilk növbədə isə Vikipediyada olan informasiyaların tez bir
zamanda könüllü istifadəçilər tərəfindən yenilənməsi, Vikipediyadan
şagirdlərin, tələbələrin, müxtəlif peşə sahiblərinin, elmi işçilərin istifadə
etməsi üçün geniş imkanlar yaradır və bu proses davamlı olduğu qədər
də artıq adi bir hal almışdır.

Dilimizin qorunmasında və inkişafında Vikipediyanın rolu
İnsan cəmiyyəti inkişaf etdikcə ən böyük bəşəri dəyərlərdən biri
olan yazılı ədəbi dil təkmilləşərək, zənginləşir ki, bu zaman onun
fəaliyyət meydanı daha da genişlənir. Dövrümüzdə belə meydanlardan
biri də virtual aləmdir. Virtual aləmdə geniş internet istifadəçisi kütləsini
özünə cəlb edən Vikipediyanın müxtəlif dil bölmələrinin yaradılmasında
hər bir xalqın, müvafiq dilin daşıyıcılarının milli-mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən dil məsələsi hər zaman birinci sırada dayanır.

38

Kimliyindən, cinsindən, dinindən və dilindən asılı olmayaraq hər
kəsə redaktə etmək imkanı verən Vikipediya layihələri bütün dillərin
qorunmasına, inkişafına, daha da zənginləşməsinə qayğı ilə yanaşır.

Bizim ölkəmizin –Azərbaycan Respublikasının dövlət diliAzərbaycan
dilidir və bu dilin inkişafı üçün dövlətimizlə yanaşı bir çox təşkilat, birlik,
müxtəlif elmi müəsisələr və digərləri mütəmadi olaraq məşğul olurlar.
Bu gün bu siyahıda ön cərgədə dayananlardan biri də heç şübhəsiz ki,
Vikipediya və vikipediyaçılardır. Azərbaycan dilinin qorunması və
onun inkişafında Vikipediyanın, vikipediyaçıların rolu mütəmadi olaraq
artaraq, ənənə halını almışdır. Respublikamızda fəaliyyət göstərən
kütləvi informasiya vasitələrinin son dövrlərdə müxtəlif mövzularla
bağlı Azərbaycanca Vikipediyaya tez-tez müraciət etməsi də buna əyani
sübutdur. Xüsusilə gündəmə düşən mövzularda, müxtəlif şəxslər barəsində
mediada yayılan məlumatlarda Vikipediya məqalələrindən istifadə kütləvi
hal almışdır. Çünki jurnalistlər üçün Vikipediya artıq əhəmiyyətli və rahat
bir araşdırma məkanına, informasiya mənbəyinə çevrilmişdir.

Müraciət zamanı dolğun, obyektiv məlumatların əldə edilməsi üçün
könüllülərin yaratdığı məqalələrin keyfiyyət və həcm göstəricilərinin
yüksək olması əsas şərtlərdən biridir. Ona görə ki, ölkəmizin təhsil
sisteminin təmsilçiləri – şagirdlər, tələbələr, müəllimlər, elmi işçilər,
həmçinin digər oxucular internetdə apardıqları axtarışlar zamanı ilk
növbədə digər dillərdə deyil, məhz Azərbaycan dilində axtarışlara
başlayır. Bu zaman isə xüsusilə “Google” başda olmaqla müxtəlif axtarış
saytlarında, AzViki bölməsinə yönləndirmələr birinci görünür. Bu da
Vikipediyaya həm ondan istifadə üçün, həm də ona yeni könüllülərin
cəlbi üçün böyük üstünlük qazandırır.

Vikipediyaya peşəkar tərcüməçilərin marağı da Azərbaycan dilinin
inkişafında özünü göstərir. Artıq dünyanın müxtəlif dillərindən müxtəlif
sahələrə, istər klassik, istərsə də müasir mövzulara aid məqalələrin

39

könüllü tərcüməçilər tərəfindən tərcümə edilərək AzVikiyə daxil
edilməsi də uğurla yerinə yetirilmiş və bu proses davam etməkdədir. Bu
tərcümələr zamanı sözlərin qrammatik və orfoqrafik cəhətdən düzgün
olması, yeni sözlərin əmələ gəlməsi və istifadə edilməsi əsas şərtlərdən
biridir ki, peşəkar tərcüməçilər belə problemlərin öhdəsindən məharətlə
gəlməyi bacarırlar.

Biz vikiçilər düşünürük ki, dilimizin daha da inkişafı üçün təkcə
Azərbaycanda yaşayan azərbaycanlıların deyil, dünya azərbaycanlılarının
birləşdiyi bir məkana – Vikipediyanın Azərbaycan dilində olan
bölməsinin inkişafına hər kəs öz köməkliyini göstərməlidir.

Bundan başqa ümummilli dəyərlər sistemimizə daxil olan azsaylı
xalqlarımızın dillərinin qorunmasında da Vikipediyanın geniş imkanları
sərhədsizdir. Məsələn, mən belə imkanlardan istifadə edərək, 2012-ci
ilin mart ayının 1-də yeddi Şahdağ xalqından biri olan xınalıqlıların
ana dilində — Xınalıq dilində Vikipediyanın açılması üçün MetaVikiyə
müraciət etmişəm. Hətta həmin dil bölməsinin Vikiİnkubator layihəsində
olan Vikipediya layihəsində Xınalıq dilində 60-dan artıq məqaləni ilkin
səviyyədə hazırlamışam.

Vikipediyanın elm və təhsildə tətbiqi
XX əsrin sonlarından etibarən informasiya və kommunikasiya
texnologiyaları cəmiyyətin inkişafına təsir edən əsas amillərdən birinə
çevrilmişdir. Xüsusilə İKT-nin son dövrlərdəki sürətli inkişafı elm və
təhsil başda olmaqla, dövlət strukturlarında və vətəndaş birliklərində,
iqtisadi və sosial sahələrdə, mədəniyyət sahəsində və bütövlükdə
insanların həyat tərzində özünü açıq-aşkar göstərir.
İKT-nin sürətli inkişafı ilə əlaqədar dünyada hər il internet
istifadəçilərinin sayı artmaqda davam edir. Bu tendensiya ölkəmizdə
də yüksələn xətlə inkişaf etməkdədir. Belə vəziyyət elmə və təhsilə öz

40

təsirini göstərməyə bilməzdi. Lakin əvvəllər elm və təhsil sahələrində
çalışanlar arasında Vikipediyaya münasibət fərqli formada idi. İlk illər
ümumiyyətlə vikilayihələrdə olan məlumatları elm və təhsil sahələrinə
yad hesab edirdilər. Hətta həmin məlumatları tam əsassız və mənasız
adlandıran bir sıra ziyalılar tərəfindən bu sahədə təcrübələrinin az olması
səbəbindən bəzən Vikipediyanın əleyhinə təbliğat da aparılırdı. Buna
baxmayaraq, Vikipediyada sayı gündən-günə artan milyonlarla könüllü
istifadəçi müxtəlif dillərdə məqsəd və biliklərini tam sərbəst, azad şəkildə
paylaşmağa davam edir, həvəsdən düşmədən çalışırdılar. İnformasiya
cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol
olduğu artıq Vikipediya sahəsində də öz təsdiqini tapmışdır.

Zaman keçdikcə Vikipediya elmin müxtəlif sahələrində böyük
müvəffəqiyyət qazandığı kimi özünü təhsil sahəsində də göstərməyə
başladı. İnsanın mənəvi siması olan, mədəniyyət, təlim-tərbiyə və
mənəvi dəyərlərin təsiri altında formalaşan təhsilin inkişafında artıq
Vikipediyanın da öz xüsusi yeri vardır. Müxtəlif mövzular üzrə
axtarış aparan şagirdlər, tələbələr, həmçinin elmi iş yazan bir çox elm
adamları mütəmadi olaraq Vikipediyaya müraciət edirlər. Sayı artan
istifadəçilər arasında gənc nəslin nümayəndələrilə yanaşı yeniyetmələr
də çoxalmaqdadır. Vikipediyada qeydiyyadan keçən istifadəçilərin çox
hissəsi yeniyetmələrdir ki, onlar da əsasən ya şagird və ya da tələbələrdir.

Heç bir elm ocağı müasir dövrdə kompüter və internet olmadan
inkişaf edə və uğur qazana bilməz. Bu səbəbdən də bütün dünyada
olduğu kimi Azərbaycanda da elm və təhsil sahəsində Vikipediyaya olan
qeyri-kafi münasibət dəyişməkdədir. Təkcə dərsləri hazırlayan şagird və
tələbələr deyil, elmi işlərlə məşğul olan elmi işçilər də artıq Vikipediyaya
müraciət etməklə yanaşı Vikipediya əhalisinə qoşulur, öz bildiklərini
digərləri ilə paylaşmağı üstün tutaraq Vikipediya istifadəçisinə çevrilirlər.

41

Vikipediya məşğulluğun təmin olunması vasitəsi kimi
Azərbaycanca Vikipediyada qeydiyyatdan keçən istifadəçilərin
sayının çox olmasına baxmayaraq, onların çox az hissəsi aktivdir.
Vikipediyanın fəaliyyətə başlamasının ilk illərində layihə haqqında
məlumatın az olması səbəbindən qeydiyyatdan keçmiş istifadəçilərin
böyük bir hissəsi həm viki texnologiyası ilə işləməyi bacarmır, həm
də redaktə qaydaları haqqında onların heç bir anlayışları yox idi. Bu
cür istifadəçilər isə qeydiyyatdan keçdikdən sonra adətən qeyri-aktiv
olurlar. İstifadəçilərin digər hissəsi isə viki texnologiyası ilə işləmə
vərdişlərini mənimsəməyi bacarsalar da, Vikipediyanın qayda-qanunları
ilə razılaşmırdılar. Amma çətinliklərə baxmayaraq Azərbaycanca
Vikipediya hər zaman inkişaf etməkdədir.
Təəssüf ki, bütün dünyada olduğu kimi hazırda ölkəmizdə də
yaşından aslı olmayaraq internet istifadəçilərinin çox hissəsi geniş
imkanlara malik internetdən heç də səmərəli istifadə etmir; onlar özlərinin
boş vaxtlarını sosial şəbəkələrin əhəmiyyətli, faydalı tərəfinə deyil,
ziyanlı, boş, mənasız xarakterli tərəfinə sərf edirlər. Halbuki, internet
istifadəçilərinin öz potensiallarını tapmaları baxımından Vikipediya çox
gözəl bir vasitədir.
Müxtəlif istiqamətlər üzrə ixtisaslaşmaq istəyən, həmçinin dil
biliklərini inkişaf etdirmək istəyən istifadəçilər də Vikipediyanın uyğun
dil bölmələrində, müvafiq səhifələrdə fəaliyyət göstərərək, vərdiş və
bacarıqlarını artıra bilərlər.
Xüsusilə də tələbələrin, evdar qadınların, yaşlı nəslin təmsilçilərinin,
sağlamlıq imkanları məhdud olan insanların Vikipediyaya cəlb olunması,
onların vikicəmiyyət üzvlərinə çevrilməsi, hər birinin fərdi şəkildə
məşğuliyyətlərinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Vikipediyaya müxtəlif insanların gəlişi bu layihəni daha da rəngarəng
edər, daha da zənginləşdirər. Ona görə də hamıya açıq olan bu layihədən

42

hər kəsin faydalanması, ona töhfə verməsi ümumi işin xeyrinə olmaqla,
insanlığın inkişafına xidmət edə bilər.

Vikipediyanın mənfi təsirləri
Vikipediyanın hər kəsə açıq ensiklopediya olması, hər bir
istifadəçinin hətta qeydiyyatdan keçmədən belə asanlıqla redaktə edərək
dəyişiklik etməsinin müsbət cəhətləri nə qədər çoxdursa, bir o qədər
də mənfi cəhətləri vardır. Mənfi cəhətlər müxtəlif olduğu kimi onların
qarşısının alınma yolları da müxtəlifdir. Təbii ki, resursun açıq olması,
hamının asanlıqla redaktə edərək dəyişiklik etməsi, eyni zamanda bir sıra
problemlərin yaranması ilə də nəticələnir. Qeyd edim ki, mənfi cəhətlər,
problemlər özünü əsasən iki formada – fərdi və qrup formasında göstərir.
Fərdi şəkildə özünü göstərən mənfi təzahürlərin ən başlıcası
vikicəmiyyət tərəfindən “vikiqolik”, bəzən isə “vikipediyaqolik” adlanan
bir xəstəliyin mövcudluğu haqqında müxtəlif fikirlərin səslənməsidir.
Bəziləri bunu zarafat kimi, digərləri isə ciddi qəbul edir. Vikiqolik
adətən mütəmadi olaraq Vikipediyada son dəyişiklikləri izləyir, vaxtının
çoxunu – gün ərzində təxminən 6-7 saat, bəzən 11-12 saat vaxtı yeni
məqalələrin yaradılmasına, mövcud məqalələrin redaktəsinə, yeni
faylların yüklənməsinə sərf edir. Bu xəstəliyə düçar olan istifadəçilər
real həyatda tez-tez icra etdikləri digər işləri yarımçıq dayandıraraq
Vikipediyaya daxil olur və ən azı bir neçə kiçik redaktə edirlər. Bu cür
halları aradan qaldırmaq üçün hər kəs öz iradəsinin sözünə qulaq asmağı
bacarmalıdır. Əks halda “bu xəstəlik” xroniki hala düşə bilər. Çünki
Vikipediyada gün ərzində 2-3 saat olmaq kifayət edir ki, lazımi qədər
dəyişikliklər aparılsın.
Qrup şəkildə özünü göstərən mənfi təzahürlərin ən başlıcası isə
müxtəlif qrupların maraqlarının toqquşmasıdır ki, bu da bir sıra hallarda
Vikipediyada öz əksini tapır. Belə məsələlərdən mütəmadi olaraq

43

əziyyət çəkənlər sırasında Azərbaycanla bağlı kontentlərdə işləyən
istifadəçilər də vardır. Xüsusilə xarici dil bölmələrində - RuViki, EnViki,
FrViki və digərlərində azərbaycanlı istifadəçilərin fəaliyyətinin zəif
olması səbəbindən erməni və ermənipərəst istifadəçilər demək olar
ki, Azərbaycana aid bütün məqalələrə nəzarət edir, öz maraqlarına
uyğun qərəzli və saxta məlumatların yerləşdirilməsinə, saxlanılmasına
və dezinformasiyanın təbliğinə nail olurlar. Xüsusilə də Qarabağ
mövzusuna dair məqalələrdə tez-tez azərbaycanlı və erməni istifadəçilər
arasında fikir müxtəlifliyi əmələ gəlir, ciddi müzakirələr gedir, gərgin
redaktə müharibəsi başlayır. Redaktə müharibəsi zamanı kimin haqlı,
kimin haqsız olduğunu müəyyən etmək heç də asan olmur. Bu zaman
üçüncü - neytral tərəfin də mübahisəni necə həll edəcəyi əsas şərtlərdən
biridir. Lakin digər mövzular da daxil olmaqla azərbaycanlı və erməni
vikipediyaçılar arasında redaktə müharibələri və qızğın müzakirələr
ingiliscə, fransızca, rusca, hətta türkcə və farsca dil bölmələrində də
baş verir. Bu cür xoşagəlməz halları aradan qaldırmaq üçün hər bir
azərbaycanlı istifadəçi həm dil, həm də elmi biliyə sahib olmalı və
ensiklopedik mənbələr əldə etməklə yanaşı, yaxşı təcrübəyə malik
olmalıdır.

Vikipediyanın qadağan edilməsi
Bir çox ölkələrdə oxunaqlığına görə reytinq cədvəllərinin
ön sıralarında olan Vikipediyadan istifadə günümüzün ən aktual
məsələlərindən biridir. İnternetin olduğu hər yerdən Vikipediyaya
daxil olmaq mümkündür. Lakin buna baxmayaraq demokratiyaya, söz
azadlığına qarşı çıxan bir sıra dövlətlər vardır ki, onlar hər kəsin redaktə
edə biləcəyi, tez bir zaman ərzində dəyişməsi və yaxud mükəmməlləşməsi
mümkün olan açıq, onlayn ensiklopediya olan Vikipediyanın fəaliyyətinə
və inkişafına hər vəchlə mane olmağa çalışırlar. Hətta bəzi ölkələr

44

tərəfindən Vikipediyanın fəaliyyəti müəyyən qədər məhdudlaşdırılır,
yaxud da tamamilə qadağalar qoyulur, vikipediyaçılara mənəvi, fiziki,
psixoloji təzyiqlər göstərilir, hətta hüquq-mühafizə orqanları tərəfindən
onların azadlıqları məhdudlaşdırılır. Bu cür ölkələr sırasında İran İslam
Respublikasını, Çin Xalq Respublikasını, Koreya Xalq Demokratik
Respublikasını, Kuba Respublikasını, Venesuela Bolivar Respublikasını
və başqalarını misal göstərmək olar. Heç şübhəsiz ki, belə dövlətlər
ilk növbədə gənclərin Avropa və Amerika mədəniyyətinə inteqrasiya
edəcəyindən, onların təlim-tərbiyəsinə “dəyəcək zərər”dən qorxurlar.

Qonşumuz olan İranın hakimiyyət orqanları 3 dekabr 2006-cı ildən
ölkə ərazisində Vikipediyanın istifadəsinə qadağa qoymuşdur. Həmin
vaxt bu ölkənin internet istifadəçiləri təkcə Vikipediya saytı deyil, bir
çox digər saytlardan istifadə etmək hüququndan məhrum edilmişdir. İran
hakimiyyəti rəsmilərinin fikrincə buna əsas səbəb əxlaqa və İslam dininə
zidd olan məlumatların həmin sayt və bloqlarda yerləşdirilməsidir. İranda
teokratiya ilə demokratiya arasında kəskin mübarizənin getdiyi bir dövrdə
hakimiyyət orqanları tərəfindən saytların bağlanması ilə yanaşı bu sayt
sahibləri və həmçinin istifadəçilər üçün də müxtəlif cəza üsulları tətbiq
edirlər. Qərb mədəniyyətinə qarşı çıxan İran hökuməti İslam mentalitetinə
zidd olan materialların yayımlanmasında iştirak edən saytlarla yanaşı,
Vikipediyanın da istifadəsinə qadağa qoymasını tam əsaslandıra
bilmədiyindən, 2009-cu ildə qoyulmuş qadağanı ləğv etmişdir.

Dünya ölkələri arasında əhalisinin sayına görə birinci olan Çin
Xalq Respublikasında da Vikipediyanın fəaliyyətinə bir neçə dəfə
qadağalar qoyulmuşdur. İrandan fərqli olaraq Çində Vikipediyanın
qadağan olunması dinlə bağlı deyil, sırf hakimiyyət orqanlarının apardığı
siyasətlə əlaqədar olmuşdur. Amma 2008-ci ildə bir çox saytlarla yanaşı
Vikipediya saytına qoyulmuş qadağalar tam aradan qaldırılmışdır.

Göründüyü kimi müasir dövrdə elektron resurslar, onlayn istifadə

45

xidmətlərinin dayanmadan sürətlə inkişaf etdiyi bir vaxtda bəzi ölkələrin
Vikipediya kimi virtual ensklopediyanı cəmiyyət üçün zərərli faktor,
milli-mənəvi dəyərlərə zidd hesab etməsi ictimaiyyət tərəfindən heç də
doğru hesab edilmir və bir müddət sonra qoyulmuş qadağalar aradan
qaldırılır.

Amma hələ də davam edən bir qadağa var ki, onun əks-sədası
ölkəmizdə də böyük müzakirələrə səbəb olmuşdur. Həmin qadağa qardaş
Türkiyə Respublikasında tətbiq edilmişdir. Hələ 17 noyabr 2014-cü il
tarixindən etibarən bəzi məqalələrə - xüsusilə də seksual xarakterli bir
sıra məqalələrə Türkiyədən baxmaq məhdudlaşdırılmışdır. 2017-ci ilin
aprel ayının 29-da isə Vikipediyanın bütün dil bölmələrinə giriş qadağan
olunmuşdur. Türkiyənin Vikipediyaya giriş qadağası qoymasının bir sıra
səbəbləri vardır ki, onlardan əsas səbəb kimi bu layihədə yayımlanan
bir neçə məqalədə “Türkiyəni terror təşkilatları ilə eyni zəmində
göstərən ifadələrin tapılması” olmuşdur. Türkiyə rəsmiləri Vikipediya
rəhbərliyindən bu qərəzli və qeyri-obyektiv məqalələrin mətnlərinin
dəyişdirilməsini tələb etmiş, lakin Vikipediya idarəçiləri bunun “söz
azadlığı”na zidd olduğunu əsas gətirərək onları dəyişdirməmişdir. Buna
görə də ölkədə Vikipediyaya qadağa qoymaq zərurəti yaranmış və bu
qadağa tətbiq edilmişdir. Təəssüf ki, bu qadağa hələ də davam etməkdədir.

46

İkinci bölmə:

Vikipediyada fəaliyyət

IV hissə. Vikicəmiyyət

Vikipediya əhalisi
Vikicəmiyyət üzvlərinin qarşılıqlı hörməti əsasında fəaliyyət
göstərən Vikipediya istifadəçilərini bir neçə qrupa bölmək olar: anonim
istifadəçilər, qeydiyyatdan keçmiş istifadəçilər, interfeys idarəçiləri,
idarəçilər, bürokratlar, təftişçilər, stüardlar və sair – bütün bunlar
Vikipediya əhalisi adlanır. Eləcə də ayrıca psevdoistifadəçilər – botlar
da mövcuddur. Hansı ki, həmin botlar avtomatik proqramlar olub,
məqalələrdə texniki səhvlərin düzəlişini aparır, yeni səhifələr yaradırlar.
Passiv istifadəçi — Vikipediyadan yalnız hər hansısa informasiyanı
əldə etmək üçün istifadə edən istifadəçidir. Onlar Vikipediya
istifadəçilərinin böyük bir hissəsini təşkil etsələr də redaktələrdə və
Vikipediya müzakirələrində iştirak etmirlər. Amma Vikipediyadan
kənarda, xüsusilə də sosial şəbəkələrdə, mətbuatda Vikipediyaya
münasibətlərini həm tənqid, həm də tərif formasında ifadə etdikləri
dəfələrlə müşahidə olunmuşdur.
Anonim istifadəçi — Vikipediyada qeydiyyatdan keçmədən
fəaliyyət göstərir. O, tam və ya yarım mühafizə edilməyən istənilən
məqaləni redaktə edə, yeni məqalə yarada bilər. Lakin layihəyə fayl və
şəkillər yükləyə və məqalələrin adını dəyişə bilməz.
Qeydiyyatdan keçmiş istifadəçi — anonim istifadəçi ilə müqayisədə
daha çox hüquqa malikdir. O, Vikipediyanın interfeysini öz zövqünə
uyğun qura, müzakirələrə şəxsi imzası ilə qatıla, öz istifadəçi səhifəsini

47

yarada, bu səhifədə özü haqqında məlumatlar yerləşdirə, fikirlərini qeyd
edə, digər istifadəçilərdən mesajlar ala bilər. Əgər qeydiyyat zamanı
elektron poçt ünvanını göstəribsə, vacib xəbərlər birbaşa istifadəçinin
poçtuna da göndərilə bilər. O, yaratdığı, redaktə etdiyi və ya sadəcə
onu maraqlandıran məqalələrə digər istifadəçilər tərəfindən edilən
dəyişiklikləri də izləmək imkanına malik olur. Anonim istifadəçidən
fərqli olaraq layihəyə fayl və ya şəkillər yükləyə və məqalələrin adını
dəyişə bilərlər. Anonim istifadəçilərdə olduğu kimi redaktə zamanı
məqalələrə xarici keçid əlavə etmək istədikdə, onlardan CAPTCHA
(üzərində söz və rəqəmlərdən ibarət olan şəkil formasında təhlükəsizlik
kodu) daxil etmək tələb olunur.

Avtotəsdiqlənmiş istifadəçi — anonim və qeydiyyatdan keçmiş
istifadəçilərlə müqayisədə daha çox hüquqa malikdir. Onun üstün
hüquqlarına yeni səhifələri “Səhifəni patrullanmış kimi işarələ” kimi
qeyd etmək, səhifələrin adını dəyişmək, yarımmühafizə edilən səhifələri
redaktə və mövcud faylların yeni versiyasını yükləmək daxildir. Onlardan
demək olar ki, heç bir halda CAPTCHA daxil etmək tələb olunmur. Bu
status ilk 4 gün ərzində ən azı 10 redaktə etmiş və qeydiyyatdan keçmiş
istifadəçilərə avtomatik olaraq sistem tərəfindən verilir. Lakin Tor
şəbəkəsindən redaktə edənlərə bu status ilk 90 gün ərzində 100 redaktə
etmiş istifadəçilərə verilir.

İnterfeys idarəçisi və ya texniki idarəçi — layihədəki bütün CSS/
JS səhifələrini (MediaWiki:Common.js, MediaWiki:Vector.css kimi
səhifələri və ya Xüsusi:Gadgetsdəki qadjetləri), digər istifadəçilərin
istifadəçi fəzasında olan CSS/JS səhifələrini və MediaWiki adlar fəzasında
olan sistem mesajlarını redaktə etmək səlahiyyətlərinə malik istifadəçidir.
Kodlaşdırma tələb edən bu cür səhifələr layihənin görünüşünə və səhifələrin
davranışına təsir edir. CSS/JS səhifələrini redaktə etmək məsuliyyətli işdir.
Bu status məsuliyyətli, bu cür səhifələrdə müəyyən qədər təcrübəsi və ya

48

anlayışı olan, etibarlı istifadəçilərə verilməlidir. İnterfeys idarəçisi statusu
30 iyul 2018-ci ildən etibarən layihələrdə işləkdir.

İdarəçi — vikicəmiyyət tərəfindən səsvermə yolu ilə seçilir.Anonim,
qeydiyyatdan keçmiş və avtotəsdiqlənmiş istifadəçilərlə müqayisədə
daha çox hüquqlara malikdir. O, qaydalar çərçivəsində istənilən məqaləni
mühafizə altına ala, silə, qaydaları pozan istifadəçiləri bloklaya (loqin və
ya İP ünvanına görə), eləcə də əksinə, məqalənin mühafizəsini qaldıra,
silinmiş məqaləni bərpa edə bilər, həm də bloklanmış istifadəçinin
blokunu ləğv edə bilər.

Bürokrat — vikicəmiyyət tərəfindən səsvermə yolu ilə seçilir.
Digər istifadəçilərə idarəçi və bürokrat statusu vermək kimi texniki
imkana malik olan istifadəçidir. Lakin bürokrat sonradan istifadəçini bu
statusdan məhrum etmək hüququna malik deyil. Bunu yalnız stüard və
ya baş layihəçi edə bilər.

Təftişçi — vikicəmiyyət tərəfindən səsvermə yolu ilə seçilir. Çox
az sayda istifadəçiyə bu hüquqlardan istifadə etmək icazəsi verilir.
Bu cür istifadəçilər digər istifadəçilərin IP-lərini müəyyənləşdirə,
başqa serverlərdə qeydiyyatdan keçmələri ilə bağlı mülahizələr irəli
sürə və vandallıqla, ziyanvericiliklə məşğul olduqları halda onların
bloklanmasını təklif edə bilərlər. Lakin müşahidələr göstərir ki, IP
dəyişmə proqramlarından istifadə edən istifadəçilərin saxta istifadəçi
adlarının müəyyənləşdirilməsi təftişçilər tərəfindən o qədər də mümkün
olmur. Bunun üçün yüksək dərəcədə bacarıq və təcrübəyə, xüsusilə də
fərdi mülahizə yürütmək qabiliyyətinə malik olmaq lazım ola bilər.

Stüard — vikicəmiyyət tərəfindən səsvermə yolu ilə seçilir.
İstifadəçilərin Vikipediyaya istənilən müraciətlərini qaydalara uyğun olaraq
həll və ya rədd etmək hüququna malikdir. Stüard da bürokrat kimi, digər
istifadəçilərə idarəçi və ya bürokrat statusu verə bilər. Lakin bürokratdan
fərqli olaraq, stüard bu statusu sonradan ləğv etmək hüququna malikdir.

49

Baş layihəçi — Vikipediyanın baş layihəçisinin hüquqları stüardın
hüquqları ilə eynidir. Lakin o, sistemi əsaslı surətdə dəyişmək hüququna
malikdir. Bəzi layihəçilər Vikipediyanın işlədiyi serverlərə də daxil ola
bilərlər. Vikipediyanın bütün hüquqları isə Vikipediyanın yaradıcısı
Cimmi Ueylsə məxsusdur.

Rəsmi prinsiplər və Vikipediya qaydaları
Vikipediya qaydaları Vikipediyada fəaliyyət göstərən bütün
istifadəçilər üçün nəzərdə tutulub. Bu qaydalar Vikipediyanın iş
prinsiplərini müəyyən edir və belə desək Vikipediyanın dəyərlər
sistemini formalaşdırır. Vikipediya qaydalarına Vikipediyanın bütün dil
bölmələrinə şamil edilmiş rəsmi prinsiplər və vikicəmiyyət tərəfindən
səsvermə nəticəsində rəsmi olaraq qəbul edilmiş qaydalar daxildir.
Vikipediyada mövcud olan qaydalara hər bir istifadəçi əməl etməyə
borcludur. Bu qaydalar müxtəlifliyi ilə fərqlənir. Bəzi qaydalar bütün
dil bölmələri üçün vacibdir. Digər qaydalar isə vikicəmiyyətin istəyi və
yaranan problemlər əsasında tərtib olunur. Vikipediya qaydaları ümumi
müzakirə və səsvermə nəticəsində qəbul olunmalıdır. Qəbul olunmuş
qaydalara statusundan asılı olmayaraq bütün istifadəçilərin riayət
etmələri məcburidir. Səsvermə nəticəsində rəsmi qəbul edilən qaydalara
aid səhifələr idarəçilər tərəfindən mühafizə edilir. Səhifədə hər-hansı
əlavələrin və ya dəyişikliklərin edilməsi üçün istifadəçilər həmin
səhifənin müzakirə səhifəsində müraciət edə bilərlər. Qəbul edilmiş
qaydalara zəruri əlavələr və dəyişikliklər yalnız ümumi razılıqdan sonra
və ya səsvermə nəticəsində edilə bilər.
Vikipediyanın məqsədi azad şəkildə dəqiq və dolğun ensiklopedik
məqalələr yaratmaqdır. Bu məqsədə çatmaq üçün Vikipediyanın dil
bölməsindən asılı olmayan ümumi qaydalarına riayət etmək vacibdir.
Vikipediyakı bütün qaydalar onun rəsmi prinsipləri olan beş əsas prinsipə

50

söykənir. Bu Vikipediyanın bütün dil bölmələri üçün qəbul edilmiş
ümumi prinsipdir:

1. Vikipediya bir ensiklopediyadır. Bizim ensiklopediyamız
ümumi və ixtisaslaşdırılmış ensiklopediya, almanax və coğrafi sorğu
kitabçalarının bir çox xüsusiyyətlərini özündə cəmləşdirir. Vikipediya
siyasi tribuna, reklam lövhəsi, anarxiya və ya demokratiya təcrübəsi,
dolaşıq məlumatlar toplusu və ya veb kataloq deyil. Vikipediya lüğət,
qəzet və ya mənbə sənədlərinin toplusu deyil; baxmayaraq ki, bunların
bəziləri üçün başqa Vikilayihələr mövcuddur.

2. Vikipediya bitərəf nöqteyi nəzərdən yazılış formasıdır. Biz əsas
məqamları sənədləşdirən və izah edən, qərəzsiz tərzdə onların şöhrətinə
hörmətlə lazımi diqqətin verildiyi məqalələr üçün çalışırıq. Biz təbliğatın
qarşısını alırıq və məlumat və məsələləri müzakirə etməkdən daha çox
onları səciyyələndiririk. Bəzi sahələrdə hamı tərəfindən qəbul edilmiş
bir nöqteyi nəzər ola bilər, bəzən isə bir neçə nöqteyi nəzər ola bilər
ki, bunlar “düzgün” və ya “ən yaxşı” kontekstində deyil, hər biri dəqiq
təqdim edilməlidir. Bütün məqalələrin, xüsusilə mübahisəli və yaşayan
şəxslərlə əlaqəli məqalələrin dəqiqliklə yoxlanılabilən olmasına, etibarlı,
nüfuzlu mənbələrə istinad edilməsinə çalışılmalıdır. Redaktorların şəxsi
təcrübələri, şərhləri və ya fikirləri bura aid deyil.

3. Vikipediya hər kəsin istifadə, redaktə edə biləcəyi və yayımlaya
biləcəyi sərbəst məzmundur. Redaktorlar öz işlərini ictimaiyyətə
sərbəst lisenziyaladıqları üçün redaktorlar heç bir məqalənin sahibi
deyil və fəaliyyətləri redaktə edilə və yenidən yayımlana bilər. Müəllif
hüquqları qanunlarına hörmət edin və heç vaxt mənbədən plagiatlıq
etməyin. Bəzən azad olmayan faylların ədalətli istifadəsinə icazə verilir,
amma əvvəlcə sərbəst alternativlərini tapmağa cəhd edin.

4. Vikipediya redaktorları bir-birinə hörmətlə və nəzakətlə
yanaşmalıdır. Siz narazı olsanız belə digər vikipediyaçılara nəzakətlə


Click to View FlipBook Version