Elnarə Kərimova
DİNİ MƏRASİMLƏR:
ƏNƏNƏVİLİK VƏ MÜASİRLİK
Bakı-2019
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə çap edilmişdir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-483d-09/15 saylı, 13 sentyabr 2019-cu il tarixli məktubu ilə
nəşrinə razılıq verilmişdir.
Elnarə Kərimova
Dini mərasimlər: ənənəvilik və müasirlik
Dizayner:
Raman Dadaşov
“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək,
həmişə yaşayacaq, həmişə inkişaf edəcək”
Ulu Öndər Heydər Əliyev
Giriş
Biz öz milli-mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət
ənənələrimizlə fəxr edirik.
Ulu Öndər Heydər Əliyev
Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən
ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu
müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu
baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun
əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir
millətin mənəvi, mədəni simasını göstərir. Ulu Öndər Heydər
Əliyev deyirdi ki, “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim
milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında
formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi
xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq.
Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas
istiqaməti, gələcək işlərimizin zəmanətidir.”
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər
zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış
və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək
nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır.
Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri
böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində
də xüsusi rolu vardır.
Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət
4
gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki,
öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan
millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş
və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti
məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir.
Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və
incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz,
milli musiqimiz, muğamlarımız, folklorumuz - bütün bunlar bizim
milli dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və
keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.
Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə
tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları,
adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində
özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar, araşdırmalar
qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu
qoruyub saxladığını üzə çıxarmışdır. Ölkəmizin milli dəyərləri min
illər əvvəl formalaşmış, bu günədək demək olar ki, dəyişməmişdir.
Lakin əsrlər boyu cilalanmış, milli mentalitetimizin meyarına
çevrilmiş, əxlaq xüsusiyyətlərini təcəssüm etdirən milli-mənəvi
dəyərlərimizə qarşı son dövrlərdə yönəlmiş təhdidlərin mövcudluğu
bu vacib məsələnin mütəmadi diqqətdə saxlanılmasını tələb edir.
Xüsusən dövlətimiz ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra
milli-mənəvi dəyərlərimiz sistemində yaranmış boşluqlardan istifadə
edən bəzi xarici qüvvələr yalnış ideologiyalardan, başqa millətlərin
xarakterik xüsusiyyətlərindən doğan adətləri inteqrasiya etməyə ciddi
səylə çalışmışlar. Bu səylər ölkənin dini mənzərəsində özünü daha
qabarıq şəkildə göstərmişdir.
5
Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsilə
ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər dövlətçilik
konsepsiyasına uyğun olaraq daha da möhkəmlənmiş, din sahəsi
dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ulu Öndər milli-mənəvi dəyərlərin xalqımızın mədəniyyətinin
böyük hissəsini təşkil etməsini hər zaman vurğulamış, qorunmasını
daim diqqət mərkəzində saxlamış, dini dəyərlərimizə yüksək
qiymət verməklə yanaşı, azərbaycançılığa, müasirliyə xüsusi qayğı
göstərmişdir: “Milli-mənəvi dəyərlər bizi geriyə çəkməməli, irəli
aparmalıdır” deyən Ümummilli Lider milli-mənəvi dəyərlərə bağlı
ziyalı, yüksək elmli Azərbaycan gəncliyinin formalaşmasına böyük
əhəmiyyət vermişdir.
Məlumdur ki, dinimiz bizim milli-mənəvi dəyərlərimizin ən
önəmli ünsürlərindən biridir. Xalqımız 70 il kommunist rejimdə,
ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, öz dini dəyərlərini
unutmamış, onları gizli də olsa yaşatmışdır. Lakin bununla belə
o dövrdə dini dəyərlərimizin zədə aldığı da bir reallıqdır. Təsadüfi
deyildir ki, Sovetdən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə,
təkkə olduğu halda müstəqilliyimizi yenidən bərpa edəndə cəmi 17
məscidimiz vardı. Bu, Sovet rejiminin dinlə mübarizəsinin nə qədər
amansız olduğunu göstərir. Dini ibadətgahlarımızın və abidələrimizin
bərpası, yenidən inşası da Ulu Öndərin müstəqil Azərbaycanın
prezidenti olduğu dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə
ibadətgah inşa və yaxud da bərpa edilmiş, dini dəyərlərimiz yenidən
canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin Sovet rejimi
tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahının Heydər
Əliyevin əmri ilə dövlət hesabına yenidən inşa edilməsi onun bu
6
sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca
çoxdur. Heydər Əliyev İslamı bizim milli-mənəvi kimliyimizin
ayrılmaz bir hissəsi kimi qəbul edirdi. “Dinimiz xalqımızın milli-
mənəvi sərvətidir” sözləri onun dinə baxışını çox gözəl şəkildə
xülasə edir. Ulu Öndər dinimizin ilahi əxlaqi dəyərlər sistemi olaraq
mənimsənilməsinin xüsusilə gənclərin formalaşmasında müsbət
funksiya icra edəcəyini düşünürdü.
Müsəlmanların əksəriyyət təşkil etdiyi ölkə kimi Azərbaycanda
tarix boyu müxtəlif etnik və dini qruplar sülh şəraitində birgə
yaşamış, bütün xalqların və dinlərin nümayəndələrini həmişə dostluq
münasibətləri birləşdirmişdir. Əsrlər boyu qarşılıqlı etimada və
hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər
sistemi formalaşmışdır.
Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə
əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin
günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və
mənəvi dəyərlər müstəsna rol oynamışdır. Dövlətimiz müstəqilliyinə
qovuşduqdan sonra xalqımızın tarixən malik olduğu mütərəqqi
tolerantlıq və multikultural ənənələrinin milli-mənəvi dəyər kimi
yenidən bərpası istiqamətində dövlət səviyyəsində mühüm işlər
görülmüşdür. Beynəlxalq ictimaiyyət tərəfindən nümunə kimi qəbul
edilən Azərbaycanın multikultural dəyərləri, tolerantlıq və dövlət-din
modeli son illərdə BMT, UNESCO, ISESCO, Avropa Şurası, Avropa
Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatların iqamətgahlarında
keçirilmiş simpozium və konfranslarda təbliğ edilməkdədir.
Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdikcə milli-mənəvi
dəyərlər sisteminin daha da güclənməsi qürürvericidir. Çoxmillətli
7
və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün beynəlxalq
aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq
əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan
hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din
münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi
prinsipinə əsaslanır. Ölkəmizdə bütün insan azadlıqları kimi vicdan
və etiqad azadlığı da konstitusion təminat altındadır. Ümummilli
Lider Heydər Əliyevin siyasi xəttini uğurla həyata keçirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə
dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı
və himayədarıdır. Məhz onun birbaşa təşəbbüsü və rəhbərliyi ilə
dövlətimiz günü-gündən qloballaşan dünyada xalqımızın əsrlərin
sınağından uğurla çıxmış milli adət-ənənələrinin güclü təməllər
üzərində yaşadılması istiqamətində mühüm addımlar atılır. Bu
gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri – məscid,
kilsə, sinaqoq və s. azad və qarşılıqlı anlayış şəraitində fəaliyyət
göstərir. Мilli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni
abidələrimizin bərpasına böyük önəm verən I vitse-prezident,
Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və ISESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da bir çox məscid və
ziyarətgahları təmir etməklə yanaşı, xristian və yəhudi abidələrinin
nəinki ölkəmizdə, eləcə də bir sıra qərb ölkələrində bərpasına xüsusi
diqqət yetirməsi təqdirəlayiq hal kimi qeyd edilməlidir.
Hazırda dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində
qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir dünyada və zamanda
yaşayırıq. Bu səbəbdən dinlər və mədəniyyətlərarası dialoqun bərqərar
olması vacib və labüddür. Dinlər və mədəniyyətlərarası dialoqa nail
8
olmaq, sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq
təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası ölkələrin səylərinin
birləşdirilməsi zəruridir. Bu baxımdan Azərbaycan üzərinə düşən
mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır.
Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən
dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə,
indi demək olar ki, bu prosesin hərəkərverici qüvvəsinə çevrilmişdir.
Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və bu sahədə çoxsaylı
beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.
Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma
prosesləri bizim ölkədən də yan keçməmişdir. Buna baxmayaraq,
qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu
dəyərlərə sadiq olmalıyıq. Ümumiyyətlə, hər bir ölkə və xalq üçün
onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların
dəyərləri ilə ziddiyyət təşkil etməməlidir. Sözün əsl mənasında
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi
hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsidir.
Bu sahəyə dövlət qayğısının gündən-günə artması və beynəlxalq
təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni
irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.
Cəmiyyətdə milli adət və ənənələrin öyrənilməsi və varisliyi
həmişə aktual olmuşdur. Çünki adət və ənənələr ictimai-mədəni
tərəqqinin əsas göstəricisidir. Cəmiyyət dəyişdikcə adət və ənənələr
də təkmilləşir və millətin, xalqın yaradıcılıq nümunələrini yaşadır.
Mənəvi dəyərlər dövrün, şəraitin və ictimai quruluşun ruhuna,
tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir.
9
Mərasim nədir?
Ərəb sözü olan mərasim insanların müəyyən bir hadisəni, şəxs və
ya dəyəri fərqləndirərək onu simvollaşdırması və onların mahiyyətini,
əhəmiyyətini gücləndirmək məqsədi ilə təşkil etdikləri toplantı,
yığıncaq mənasını verir. Yad etmə, qeyd olunma, nişan, evlənmə,
ölüm və s. səbəblərlə təşkil olunan yığıncaqlar buna nümunə göstərilə
bilər.
Mərasim etnosun müəyyən sosial, ailə və mənəvi həyatı ilə bağlı
olan reqlamentli hadisələrdir. Mərasimlər ibtidai cəmiyyətdən bəri
insan fəaliyyətinin və həyatının mərkəzində durmuş, həyatın bütün
sahələrinə nüfuz edərək onu müşayiət etmişdir.
Mərasim ayin, adət, ənənə, təntənəli şənlik, rəsmi qəbulun
və s. icra edilməsi, cəmiyyətdə və sosial qruplarda şərti, müəyyən
sosial münasibətlər rəmzini bildirən adətlərin konkret icrası və
möhkəmlənməsi formasıdır. Mərasim müəyyən olunmuş vaxtda və
məkanda icra edilir.
İbtidai icma quruluşunda məişət, əmək, dini mərasimlər bir-
birindən fərqlənmirdi. Siniflərin, dövlətin və dinin meydana gəlməsi
ilə əlaqədar ictimai və dövlət həyatı ilə bağlı mərasimlər, dini
mərasimlər, zəhmətkeş xalq kütlələrinin təsərrüfat və məişəti ilə bağlı
mərasimlər yaranmışdır.
İctimai tətbiqatlar cəmiyyəti və insanları ictimailəşdirən əsas
ünsürlərdir. İnsanlar hər zaman qrup halında, müəyyən qayda və
dəyərlərə bağlı olaraq yaşayırlar. Bu dəyər və qaydalar qrupun
daxili nizamını təmin edir, onun kimliyini müəyyənləşdirir. Kimlik
10
həmrəyliyə səbəb olur. Beləliklə, insan müəyyən bir qrupa aid
olduğunu hiss edir. Özünün yalnız olmadığını bilir və hər bir
problemin həllində aid olduğu qrupun dəstəyini alır. Bu vəziyyət
ictimai həyatın sabitliyini və davamlılığını təmin edir. Əks halda
mübahisə və rəqabət insanların əmin-amanlığına, yaradıcılığına və
özünü güclü hiss etməsinə mənfi təsir göstərə bilər. Bu cür ictimai
faydaları olan tətbiqatlar mərasim və ritualları, müxtəlif ibadət və
ayinləri, xalq inanclarını və s. ehtiva edir.
Mərasimlər insan həyatının ayrılmaz parçasıdır, o cümlədən
həmrəylik və mənimsənən kimliyə inancı yeniləməsi baxımından
da vacib vəzifələri yerinə yetirir. Dini, milli, mövsümi olmasına
baxmayaraq bütün mərasimlər, bayramlar, ildönümləri, anma günləri
keçmişə aid ortaq dəyərlərin yenidən canlandırılmasını təmin edir və
gələcəyə inamı artırır.
11
Adət-ənənə, dini mərasim və
ayinlərin mahiyyəti
Ümumiyyətlə, “adət” anlayışına tarixin müxtəlif mərhələlərində
insanlar arasında sabitləşmiş, nəsildən-nəslə keçən və ictimai rəy
sayəsində qorunub saxlanan, müəyyən etnik birlik daxilində qəbul
edilmiş davranış qaydaları, vərdişlər nəticəsində həyata keçirilən
hərəkətlər daxildir. Adət etnoqrafiyada hər hansı cəmiyyətdə və ya
ictimai qrupda, onun hər bir üzvü üçün adi hala çevrilən və irsən
keçən stereotip davranış qaydalarıdır.
Adət termini çox vaxt “ənənə” və “mərasim” terminləri ilə
eyniləşdirilir. Adət qədim dövr və orta əsrlərdə insanlar arasında əsas
tənzimləyici rolunu oynayırdı. Bu, ictimai həyatın sabit, dəyişməz xarakteri
və mədəniyyətlərarası münasibətlərin zəif inkişafı ilə əlaqədar idi.
Adət fərdlərin müəyyən ictimai və mədəni təcrübəsinin
mənimsənilməsi vasitəsi kimi nəsildən-nəslə ötürülür, fərdlərin
davranışını nizama salır, qrupdaxili birliyi saxlayır, müxtəlif obyektlər
və ictimai münasibətləri müqəddəsləşdirir. Dini mərasimlər, xalq
bayramları və s. adət hesab edilə bilər. Dövlətin və hüququn meydana
gəlməsi ilə bir çox adətlər hüquq normaları sisteminə daxil olundu.
Hazırda adətlər daha çox məişətdə, davranışda, əxlaqda, mülki və dini
mərasimlərdə qorunub saxlanılır. Azərbaycanlılarda nəsildən-nəslə
keçən qonaqpərvərlik, böyüklərə hörmət, yardımlaşma və s. kimi
adət-ənənələr bu gün də mövcuddur.
Adətlər tarixi inkişaf nəticəsində dəfələrlə təkrarlanaraq ənənəyə
çevrilirlər. “Ənənə” isə latın sözü olub traditio – yəni “tarixən yaranan
12
və nəsildən-nəslə ötürülən” mənasında işlənir. Deməli, ənənə tarixən
yaranan və nəsildən-nəslə əyani şəkildə çatdırılan adətlər, yaşayış
tərzləri, davranış normaları və qaydalarının məcmusu olub, həmişə
ictimai rəyə əsaslanmışdır.
Ənənə etnosun həyatını qoruyub saxlamaq üçün maddi və mənəvi
mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki, cəmiyyətin
üzvləri onu nəsildən-nəslə keçirirlər. Bəzən insanların məqsədyönlü
fəaliyyəti nəticəsində maddi və mənəvi mədəniyyətin yeni formaları
meydana çıxır ki, bunlara yenilik, innovasiya deyilir. Tədricən bunlar
ənənəyə çevrilir.
Ənənə spesifik ictimai həyat hadisələrindən biri olub, müəyyən
ictimai-tarixi şəraitin məhsulu kimi meydana çıxır. Adət və ənənələr
həyatın tələblərinə, sorğularına cavab kimi yaranır və cəmiyyətin
mənəvi həyatının mühüm hissəsini təşkil edir, mənəvi həyata fəal
təsir göstərir. O, ibtidai icma quruluşunda yaranmış, cəmiyyətin
bütün sahələrini əhatə etmiş və istiqamətləndirmişdir.
Fars sözü olan “ayin” adət, ənənə, həyat tərzi, mərasim, ibadət
forması mənalarını ehtiva edir. Demək olar ki, hər dini qrupda ibadət
məqsədilə müəyyən üsullarla həyata keçirilən dini mərasimlərə
verilən addır.
Təməlində dini inanclara əsaslanan və bu inancların şəkli və
feili təzahürləri olan ayinlər ümumiyyətlə mərasimlərlə icra olunur.
Bu baxımdan ayinlər, dini mərasimlər dini mahiyyət daşıyır və ibadət
məqsədilə edilir. Kütləvilik halında və mərasim şəklində həyata
keçirilən ayin müəyyən qayda və ritualların icrası ilə yerinə yetirilir.
Qərb dillərində ayin zamanı əməl olunan qaydaları və ayinin
icra edilmə tərzini ifadə etmək üçün istifadə olunan rite kəlməsi latın
13
dilində (ritus) olub “müqəddəs adət” deməkdir. Bu söz “tapınma,
ibadət” mənasına gələn kult (latın dilində cultus) məfhumuna bənzər
olub, ənənəvi dini davranış və hərəkətləri ifadə etmək üçün istifadə
edilir.
Mərasim müəyyən hərəkətlər kompleksinin mahiyyətini əks
etdirirsə, ayin onların keçirilməsi, icrası qaydası haqqında təsəvvürlər
yaradır, mərasimin quruluşunu müəyyənləşdirir.
Ayin və dini mərasimlər toplu halda və müəyyən üsullara görə
icra edildiyi üçün fərdi şəkildə edilən ibadətlərdən fərqlənir. Bundan
başqa, musiqi və özünəməxsus hərəkətləri də ayin və mərasimlərin
təməl ünsürlərindəndir.
14
Dini adət-ənənələrin, ayin və mərasimlərin
formalaşması
Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə
əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni
tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir.
Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin
təkamülü insan cəmiyyətinin üst paleolit dövründən başlamış, həyat
tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək
zənginləşmişdir. Ən maraqlısı odur ki, adət və ənənələr, o cümlədən
bayram və mərasimlər insan həyatının sosial mənəvi tərəflərini
özündə cəmləmiş, mühafizə edərək əsrlərdən-əsrlərə, nəsildən-nəslə
ötürə bilmişdir. Xüsusilə, bir çox sosial-mədəni vərdişlərlə yanaşı,
ədəbiyyat, musiqi, teatrın müxtəlif folklor nümunələrinin xəzinəsinə
çevrilmişdir. Elə buna görə də bəşər tarixinin müxtəlif dövrlərində
adət və ənənələr dünya alimlərinin diqqətini özünə cəlb etmişdir.
Alimlərin apardıqları tədqiqatlara görə, hələ ibtidai icma
quruluşunda ictimai şüurun bütün formaları ilkin olaraq adət və ənənə
şəklində özünü büruzə verirdi. Adət və ənənələr bütövlükdə ictimai
şüurun bütün funksiyalarını özündə cəmləşdirirdi. Xüsusilə, dini
və bədii şüurun əsasını qoyur və onu əbədi olaraq mühafizə edib,
yaşadırdı. Bu da ondan irəli gəlirdi ki, adət və ənənələr çox zaman
dəyişməz qanun funksiyasını yerinə yetirir, insanların fəaliyyətini
tənzimləyirdi. Bununla əlaqədar olaraq qədim dövr tədqiqatçılarından
biri olan L.Morqan yazırdı: “Qəbilə qaydaları qanun gücünə malik
adətlər idi”.
15
Dünya xalqlarının bir çox milli adət və ənənələrinin ilk təşəkkülü
də qədim dövrlərdən başlamış, bu adət və ənənələrə bağlılıqdan irəli
gələrək, ictimai şüurun bütün sahələrində varislik prinsipi dəyişməz
olaraq qalmışdır. Belə ki, qədim dövrdə insanların asudəvaxt
çoxluğu onların yaradıcılıq imkanlarını, əylənmək, oynamaq, mənəvi
tələbatlarla məşğul olmaq vərdişlərini artırırdı.
İbtidai mədəniyyətin tədqiqatçılarından biri olan Y.Lips də qədim
insanların asudə vaxt həddinin çox olduğunu və onların müxtəlif
vərdişlərə yiyələnmək imkanlarının genişliyini qeyd etmişdir. Çox
zaman asudə vaxtın yeri məhz dini mərasimlərlə doldurulmuşdur.
Ayinlər mərasimlərin keçirilməsi qaydalarının və dini
göstərişlərin, dini ibadət təntənələrinin məcmusudur. Dini başçının,
ruhanilərin fəaliyyətinin xarakteri, müəyyən qaydaları, sehrbazlıq
əlamətləri, ibadət zamanı edilən hərəkətlər ayinə daxildir. Əgər
mərasim müəyyən hərəkətlər kompleksinin mahiyyətini əks etdirirsə,
ayin onların keçirilməsi qaydası haqqında təsəvvür verir, bir növ
mərasimin quruluşunu göstərir.
Dini mərasimlər müəyyən dini formada keçirilən qaydaların
məcmusudur. Öz mahiyyətinə görə kollektiv fəaliyyət deməkdir.
Mərasim müəyyən ideyaların, əxlaq normalarının yeni nəsillərə
verilməsi üsuludur. O, hələ yazının olmadığı dövrdə yaranmışdır. O
zamanlar bütün mənəvi sərvətlər adamların şəxsi əlaqəsi nəticəsində
yeni nəslə verilə bilərdi. Ona görə də ibtidai cəmiyyətdə mərasimlər
son dərəcə zəruri idi. Bayram hər hansı bir hadisənin, yaxud şəxsiyyətin
şərəfinə keçirilən təntənə və ya şadlanmaqdır. Bütün bunların hamısı
həm mərasim, həm ayin, həm də bayram ənənələrinin bu və ya başqa
şəkildə təzahürü, yaxud zahiri cəhətidir.
16
İbtidai icma quruluşunda ritual, mərasim, din və mədəniyyətin
əsas vəzifəsi faktiki olaraq cəmiyyətdə yaranan boşluğu doldurmaq idi.
Ayin və mərasimlərdə ictimai şüurun dinlə bağlı olan tərəflərinə
daha çox üstünlük verilmişdir. Dini şüur adət və ənənələrin əsas
aparıcı xəttini təşkil etsə də, bədii təfəkkürlə qovuşmuş, cəm halında
incəsənətlə əlaqəli şəkildə təşəkkül tapmışdır.
Dini şüur ilkin mərhələdə incəsənətə üstün gələrək onu uzun əsrlər
boyu özündən asılı vəziyyətdə saxlamışdır. Bu da dini mahiyyət daşıyan
adət və ənənələrdə mühafizəkarlığın, eyni zamanda varislik prinsipinin
üstünlük təşkil etməsindən, dinin bir ideologiya kimi ictimai şüurun
başqa formaları üzərində güclü təsirə malik olmasından irəli gəlmişdir.
Dini adət və ənənələr kainat və tanrı duyğusu ilə cəmiyyətdə
dərin kök atmışdır. Dini adət və ənənələrin qanun halına düşdüyünü
və kütləvi olduğunu nəzərə alan alman sənətşünası Herbert Kün
yazmışdır ki, “qanun kosmikdir, müasir sənətkar da yaradır, daş
dövrünün sənətkarı da. Onların hər ikisinin qəlbində eyni arzular,
eyni hisslər – kainat və tanrı duyğusu özünə yer tapmışdır”.
İbtidai dövrdə yaşayan qədim ovçuların sehrbazlıq, ovçuluq
məqsədi ilə çəkdikləri şəkillər və həmin şəkillərin ətrafında icra
olunan təntənəli dini anlar mərasimin tərkib hissəsi olmuşdur. Məhz
dini ayin və mərasimin qoyduğu qayda və qanunlara uyğun olaraq
təsviri incəsənət, musiqi və söz sənəti hələ üst paleolit dövründən
təşəkkül tapmağa başlamışdır.
Adət və ənənələr varislik prinsipinə sadiq qalaraq ictimai şüurun
bütün nümunələrini, o cümlədən dini, bədii təxəyyülün məhsulunu
qoruyub, inkişaf etdirib, nəsildən-nəslə, qərinələrdən-qərinələrə ötürə
bilmişdir.
17
Təbiidir ki, ictimai şüur forması kimi incəsənətin təsir dairəsi
təkamülün nəticəsi olaraq adət və ənənə məkanından kənara çıxa
bilmiş, müstəqil sahələrə bölünmüşdür. Ancaq mahiyyət etibarı
ilə adət və ənənələrdən kənarda qala bilməmişdir. Bütün dövrlərdə
incəsənət bu və ya digər formada adət və ənənələrə, mərasim və
bayramlara xidmət etmişdir.
İnsan ictimai varlıq kimi öz fəaliyyətini təkmilləşdirdikcə
vərdişlər, adətlər və ənənələr də təşəkkül taparaq formalaşır. Məhz buna
görə də, adət və ənənələr ictimai həyatın bütün sahələrini əhatə etmiş,
bu və ya digər formalarda mənəvi davranış normalarına çevrilmişdir.
Onlar təkcə mənəvi cəhətlərin təzahürü olmamış, cəmiyyətin sosial-
mənəvi və mədəni tərəqqisinin mühüm göstəricilərindən biri kimi
nəzərə çarpmışdır.
Adət və ənənələri şərti olaraq üç qrupa bölmək olar. Onlardan
birincisi, cəmiyyətin özünün sosial, tarixi, vətənpərvərlik ənənələri
ilə bağlıdır. Buraya rəsmi dövlət bayramları, tarixi bayramlar, xatirə
günləri, görkəmli şəxslərin ad günləri və s. daxildir. Burada adamların
kütləvi iştirakı əsasən təşkil olunmuş şəkildə baş verir. Belə ənənəvi
günlərin təşkilatçıları dövlət orqanları tərəfindən müəyyənləşdirilir.
Bu bayram və mərasimlərə ən çox hakimiyyəti təmsil edənlər, ictimai-
siyasi birliklər, müxtəlif dövlət müəssisələrinin nümayəndələri
dəvət edilir. Mahiyyətcə rəsmi olduğuna görə, bu bayramlar daha
geniş şəkildə kütləviləşə bilməmişdir. Tarixi faktlar sübut edir ki,
rəsmi olan hər bir bayramın ömrü mövcud ictimai-siyasi quruluşun
ömrünə bərabərdir. Lakin həmin rəsmi bayram hadisələrini də
kütləviləşdirmək üçün bədii ifadə vasitələrindən geniş istifadə olunur.
İkinci qrup, istehsal ənənələri, adətləri, ayin və mərasimləri,
18
əmək bayramlarıdır. Bu bayramlar xalqın əməklə bağlı nailiyyətlərini,
tarixi ənənələrini əks etdirdiyinə görə yaşamaq hüququnu
əbədiləşdirmişdir. Bu bayram və mərasimlər qrupu həmişə xalqın
əmək fəaliyyəti prosesini tərənnüm etmiş, mənəvi dəyərlər toplusu
kimi qəbul edilmişdir. Onların hər birində bədii-estetik duyumun,
milli xüsusiyyətlərin hissi cəhətləri, incəsənət baxımından anlaşılan
yaradıcılıq nümunələri mövcuddur. Xüsusilə, əmək bayramlarına xas
olan çoxlu mahnılar, tamaşalar, məzhəkəli oyunlar və s. milli-estetik
şüurun formalaşmasında böyük rol oynamışdır. Üçüncü qrupa, ailə və
məişət adətləri, mərasimləri, ənənələri aiddir. Bunların içərisində toy
mərasimi milli-estetik dəyərlərin tərənnümçüsü, təkamülçüsü kimi
xüsusi əhəmiyyət kəsb edir. Toy hər bir xalqın milli-etnik davranış
normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından
yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də
böyük əhəmiyyətə malikdir.
Toylar çox qədim tarixə malikdir və bəşər tarixi boyu insanların
mənəvi tərbiyə vasitəsi kimi özünəməxsus rolu olmuşdur. Əgər
ailə dövlətin tərkib hissəsidirsə, toylar da ailənin ilk təməli, həm də
mənəvi həyatımızın xoş əhval-ruhiyyələrlə dolu anıdır. Çünki toylar
əvvəldən axıra qədər bədii sözlərlə, musiqi və mahnılarla, xalq rəqsləri
və tamaşaları ilə müşayiət olunur. Qızgörmə, qızseçmə, nişantaxma
nəğmələri, bəyi və gəlini tərif edən mahnılar xalq toylarına bədii-
estetik təravət gətirir.
İnsan cəmiyyəti sevinclə yanaşı, kədəri də yaşamağa məhkum
olmuşdur. Hər bir doğulanın və dövran sürənin ölüm anı da vardır.
Lakin ən maraqlısı odur ki, ölən insanlar üçün təşkil olunan yas
mərasimlərinin də öz emosional mühiti vardır. Belə ki, insanın kədər
19
hissi yas nəğmələrinin, duyğuları göynədən həzin musiqi əsərlərinin
də yaranmasına səbəb olmuşdur. Hələ antik dövrdə qədim yunanlar
yas mərasimlərini “nennilərlə” (ağılarla) və fleyta ilə müşayiət
etmişlər. Bu nəğmələr vasitəsilə insanlar qismən də olsa, animistik
duyğuların təsiri ilə təskinlik tapmışlar.
Adət və ənənələr, mərasim və bayramlar hissi emosional
cəhətlərin təşəkkülü üçün vasitə rolu oynayır. Belə ki, hamı öz dərdini
və ya sevincini adət və ənənənin psixoloji məkanı daxilində təzahür
etmək imkanı əldə edir.
Hər bir din müəyyən ünsürlərin məcmusundan ibarətdir ki,
buraya dini təsəvvürlər, dini hisslər və dini mərasimlər daxildir. Dini
ünsürlər arasında dini təsəvvürlər, fövqəltəbii qüvvələrə (ruhlara,
tanrılara, mələklərə və s.) etiqad dinin əsas əlamətini təşkil edir.
Dini hisslər dini təsəvvürləri möhkəmləndirir. Dini hisslərin və
təsəvvürlərin möhkəmlənməsində isə dini adət və ənənələrin mühüm
rolu vardır.
Dini ənənələrə dini baxışlar, dini ayin, mərasim və bayramlar,
təbiət və cəmiyyətdəki hadisələrə münasibətdən doğan, təhrif edilmiş,
hətta əfsanələşdirilmiş dini adət, qayda, davranış tərzləri daxildir.
Dini ənənələrin mənşəyi ibtidai icma dövründən başlayır. Məlum
olduğu kimi fövqəltəbii qüvvələri rəhmə gətirmək üçün ibtidai
insanlar müxtəlif ayinləri icra edirdilər. Yağış yağdırmaq, göyləri
rəhmə gətirmək və s. özünəməxsus adətləri meydana gətirmişdir.
İbtidai din formaları (totemizm, fetişizm, animizm, sehrbazlıq və
s.) müxtəlif adətləri yaratmışdır ki, bunlar da sonralar yaranan dünya
dinlərinin adət və ənənə sisteminin mənbəyi rolunu oynamışdır.
Qurban kəsmək adəti totemizm, ruhlarla əlaqədar ayin və
20
mərasimlər isə animizm qalıqlarıdır. Ölən şəxsə və onun ruhuna
hörmət göstərmək, o biri dünyada onların həyatını təmin etmək
məqsədilə meyiti paltarda basdırmaq, qəbirə müxtəlif yemək, silah,
ərzaq qoymaq, qəbirin üstündə şam yandırmaq və s. kimi ilk dini
adətlər müasir dinlərdə də bir çox cəhətlərini saxlamaqdadır.
Sinifli cəmiyyət meydana çıxdıqdan sonra mövcud adət və
ənənələr də sinfi məzmun daşımağa başlamışdır. Xüsusi mülkiyyətin
qorunması üçün hakim sinfin köhnə dini ayin və adətlərdən öz
ağalığını möhkəmləndirmək məqsədilə istifadə etməsi bu adət və
ənənələrin uzun zaman yaşamasını təmin etmişdir.
Dini ayin və mərasimlər, adət və ənənələr dini ehkamları təsbit
etmək, yaşatmaq üçündür. Onlar etiqadı, inamı möhkəmləndirməklə
psixoloji münasibətlərə təsir göstərir, dindarların dini ruhda tərbiyə
olunmasına xidmət edir.
Dini ayin və bayramlar, dini ibadət əsrlərdən bəri insanların şüur
və məişətində elə kök salmışdır ki, bunlar indi də bir çox insanın
gözündə ehtiramla yanaşılan qanun və ənənə kimi görünür. Dindar
ailə başçıları özləri məişət ənənələrinə sadiq qalaraq övladlarını da
həmin adət və ənənələr ruhunda tərbiyələndirməyə çalışırlar. Bunun
nəticəsidir ki, hətta tanrılara, dinə inanmayan bəzi adamlar köhnə
məişət ənənələrinin təsiri altından indiyədək çıxa bilməyib, bir çox
hallarda dini adət və ayinləri icra edir, dini bayramları keçirirlər.
İlk qəbilə dinlərində ümumiyyətlə maskalı və boyanmış şəkildə
rəqs edərək mahnılar oxuyaraq icra edilən ayinlər vardı. Qəbilə
mənsubları ayinlərin müxtəlif təbiət hadisələrinin qarşısını aldığını
və ya təbii fəlakətlərdən qoruduğunu və insanla görünməz qüvvələrin
arasında əlaqə yaratdığına inanırdılar.
21
Qədim mənbələrə görə Çində ayin və mərasimlərin sadəcə dində
deyil, ictimai və siyasi həyatda da önəmli yeri olmuşdur. Şanxay
sülaləsinin dövrünə aid (e.ə.1500-1027) içində əcdadların ruhlarına
yemək və şərabın təqdim edildiyi bürüncdən ayin qabları tapılmışdır.
Eramızdan əvvəl 1000-ci illərdə Çou sülaləsi dövründə tanrılara və
əcdad ruhlarına ibadət etmək və doğuş, evlilik, ölüm və ya yas üçün
mərasimlər keçirilirdi. Konfutsi (e.ə. 551-479) də ayinlərə böyük
maraq göstərirdi, ayinlərin səmimiyyətdən uzaqlaşmaması, yaxşılıq
və dürüstlük təzahürü olmasını xüsusilə vurğulayırdı.
Yapon dinindəki mərasimlərlə əlaqəli əsas mənbə X əsrə aid
Engişiki adlı əsərdir. Bu mənbədəki ayinlərdən ən vacibi mikadonun
taxta çıxması münasibətilə böyük ziyafətin verilməsidir. Yaponiyadakı
məşhur çay mərasimi olan Zen ritualı Buddizmlə əlaqəli olub əvvəlcə
ayin kimi icra edilməyə başlamışdır. Zen kahinləri bu ritualı dinlərinin
banisi Bodhidharma (d.543) heykəlinin qarşısında kasadan çay içərək
yerinə yetirirdilər. Bu ənənə Yapon aristokratiyasında çox vacib sosial
institut halına gəlmişdir. Bu mərasimdə çay dəqiq ritual və qaydalara
uyğun olaraq hazırlanır və içilir. Çay mərasimlərində məqsəd möhkəm
dostluğu, hörməti, sülhü, lütfkarlığı, təvazökarlığı və təmizliyi təbliğ
etməkdir. Bütün Şinto ayinlərinə aşağıdakılar daxildir: 1. Ziyarətçilərin
və ayin yerinin təmizliyi; 2. Tanrının dəvət (Kami) edilməsi; 3. Rəmzi
təqdimatın edilməsi, Kami üçün mahnı və rəqslər etmək; 4. Dualar
oxumaq; 5. Kəhanət; 6. Təqdim edilənlərin geri alınması və Kaminin
yola salınması; 7. Kollektiv olaraq müqəddəs şənlik.
Köhnə Şinto ayinlərinin məqsədi qida əldə etmək, dərdlərdən
qurtulmaq, çox uşaq sahibi olmaq, taxt varisliyini varislik yolu ilə
təmin etmək, mənəvi şərlərdən təmizlənmək idi. Yaponiyada Zen
22
mərasimi, Buddizmin qarışıq və mürəkkəb ayinləri Yapon həyat
tərzinə (çay ritualları, oxçuluq) böyük təsir göstərmişdir.
Hinduizmdə ayinlər evdə və ya məbəddə keçirilir. Yığıncaq
tələb olunmasa da, keşişlər və ya başqaları tanrılara təqdimatlar
edir və məbəddəki ayinlərdə rəqs edirlər. Məsələn, evdə və ya digər
yığıncaq yerlərində təşkil olunan üst kastalara mənsub olan şəxslərin
toylarında Veda ilahilərinə yer verən mərasimlərin böyük əhəmiyyəti
var. Vedaların ilk dövründə ən vacib ayinlər qurbanlıq ayinləri idi.
Brahmanlar bununla əlaqəli mərasimlər keçirirdilər. Əvvəllər at
qurban edilirdisə, sonralar heyvan qurbanı ortadan qalxdı. Qədim
dövrün müqəddəs ayinlərində, həm məbəddə, həm də evdə atəş
böyük əhəmiyyət daşıyırdı. Atəş müqəddəs hesab edilir, qurban
ritualı onsuz olmurdu. Qurbanlıq üçün ayrılmış məkanın cənub
girişində əcdadlara ehtiramı ifadə etmək və pis ruhları qovmaq üçün
ocaq yandırılırdı. Cənazə atəşi ayrı ayin tələb edirdi. Beləliklə, atəş
tanrısı Agni üçün müxtəlif mərasimlər keçirilirdi. Ayinlər zamanı
brahmanlar narkotik təsiri olan soma adlı müqəddəs bir bitkidən
istifadə edirdilər.
Müsəlman olmamışdan əvvəl türklərin qədim dinlərinə görə icra
etdikləri ayinlər müəyyən vaxtlar və təsadüfi hadisələr səbəbindən iki
qrupa ayrılırdı. Müəyyən vaxtlarda edilən ayinlər qədim dövrlərdən
bəri davam etdirilən yaz, yay və payız fəsilləri ilə əlaqəli ayinlərdir.
Çin mənbələrindən əldə olunan məlumatlardan aydın olur ki, bunlar
əvvəllər dövlətin rəsmi mərasimləri idi. Yayın gəlişi ilə əlaqədar icra
edilən ayinlər təbiətin dirilməsini qeyd etmək üçün bir növ bərəkət
mərasimi kimi yerinə yetirildi. Bu gün yakutlar şamanın nəzarətində
icra etdikləri bu ayinlərdə birlikdə rəqs edib mahnılar oxuyurlar.
23
Yakutların bu ayinləri son vaxtlar xristianlığın təsiri altında dini
xüsusiyyətini itirmiş və bayram mərasiminə çevrilmişdir.
Altayların dini mərasimlərində at qurbanı ayinləri xüsusi
əhəmiyyət kəsb edirdi. Üç gün davam edən bu ritualda şamanın təyin
etdiyi yerdə qurulmuş çadırın ortasında yaşıl fıstıq ağacı əkilir. Şaman
paltarını və əbasını geyinir, qavalını və çubuğunu götürür, tanrılara
və ruhlara müraciət edir və ilahilər oxuyur. Əvvəl seçilən qurbanlıq
at boğularaq, ya da bel sümükləri qırılaraq öldürülür, bişirilir və
mərasimlərə gələnlərə verilir. Şaman yenə ruhları və qəbilənin
əcdadlarını çağırır. Sonra qavala vuraraq atəşin ətrafında fırlanan
şaman Ülgən üçün hazırlanmış hədiyyə ilə yüksəlişi təmsil edən
hərəkətlər edir. Beləliklə, guya göyün on ikinci mərtəbəsinə qalxaraq
Ülgənə qurbanlar verir və dualar oxuyur. Sonra yerə enməsini təmsil
edən hərəkətlər edir. Qavalı atıb gözlərini açıb hər kəsə salam verir.
Mərasimin üçüncü günündə şamanın şərəfinə böyük ziyafət verilir.
Pis ruhların əleyhinə keçirilən mərasimlərdə şamanlar guya yeraltına
enib orada gördüklərini təmsili olaraq nəql edirlər.
Bu böyük ayinlərlə yanaşı, qədim türklərdə ikinci dərəcəli
ayinlər də mövcud idi. Bunlardan biri ümumi «iduk» heyvanının tanrı
üçün sərbəst buraxılmasıdır. Heç kim bu müqəddəs heyvana toxuna
bilməzdi. Cadugər daşı ilə edilən yağış ritualı da belə mərasimlərdən
biri idi.
İlahi və ümumbəşər dini olan, lakin milli din halına gələn
Yəhudilikdə ayin Tanrıya ödənilən borc, ona qarşı sevgi, hörmət
və təzim ifadəsidir. Peyğəmbərlər də ayinlər və dini mərasimlərin
vacibliyini vurğulamışlar. Müqəddəs kitab dində ayin və mərasimlərin
böyük əhəmiyyət kəsb etdiyini qeyd edir, Tövrat əxlaqi prinsiplərlə
24
yanaşı ibadətlə əlaqəli ayinləri müəyyən edir və onları bir qanun
altında toplayır. Süleyman məbədinin inşasından sonrakı dövrdə
ibadət Levililərin nəzarəti altında böyük miqyaslı ayinlərə söykənir
və onun təməlini qurban təşkil edirdi. Lakin məbəd dağıdıldıqdan
sonra ibadətlər, ilahilər, dua və oxuma ayinləri mütəmadi olaraq
dəyişmişdir.
Yəhudilikdə ibadət müqəddəs yerdə icra edilən fəaliyyət və
davranışları ifadə edir və dindarlıqla yanaşı ayinləri də ehtiva edən
təqdirəlayiq həyat kimi qəbul edilirdi. Tövratda Təkvin kitabında
qurbanlar, tənzimlənmələr və s. ayin formasında davranışlardan bəhs
edilir. İkinci məbəd dövründə səhər, axşam, eləcə də şənbə günü və
xüsusi bayramlarda qurban kəsmək ayini mövcud idi.
Yəhudilikdə ayin məbəddə olduğu kimi, evlərdə də icra edilirdi.
Müqəddəs kitabdan bölmələr oxumaq, şərab və yeməklə müşayiət
olunan davranışlar buna daxil idi. Yəhudilikdə günlük ayinlərlə yanaşı,
həftəlik, illik qeyd olunan mərasimlər də var idi. Bundan əlavə, şəhərə
girib çıxarkən, yeni evə köçərkən, göy gurultusu, şimşək, zəlzələ
kimi təhlükəli vəziyyətlərdə ayin, mərasim formasında müxtəlif
icraatlar edilir, o cümlədən evlilik, sünnət, cənazə kimi mərasimlər
də keçirilirdi.
Xristianlıqda ayin şəklindəki ən qədim ayin axşam yeməyinin
qeyd olunması idi. Xüsusilə sakramentlərlə əlaqəli ayin və mərasimlər
Xristianlıqda böyük yer tutur. Çörək-şərab ayinində İsanın xristianlara
görə ölümü canlandırılır. Xristianların qurban anlayışı da bu ayində
özünü göstərir. Belə ki, İsa təməl günahı aradan qaldırmaq və beləliklə
də bəşəriyyəti xilas etmək üçün özünü qurban etmişdir. Məhz çörək-
şərab ayini ilə sadəcə İsanın son axşam yeməyinin xatirəsi yad
25
edilmir, həmçinin onun “bu mənim ətimdir, bu da mənim qanım”
dediyi çörək və şərabı qəbul edən xristianlar onunla bütövləşmiş
hesab olunurlar. Bütün bu ayinlər rahiblər tərəfindən idarə olunur.
Rahiblər dini mərasimləri idarə edərkən hər ayinə uyğun rəngdə
paltarlar geyinirlər. Ayinlər musiqili və çalğı alətlərinin müşayiəti ilə
qeyd olunur. Dini mərasimlər kilsədə və Müqəddəs kitabdan müəyyən
ayələrin oxunması ilə icra edilir.
Göründüyü kimi dini mərasimlər qondarma, bir qrup insan
tərəfindən uydurulmuş hadisə deyildir. Dini ənənələrdə insanların
həyatının izinə rast gəlmək olur. Çünki hər hansı ictimai hadisə kimi
din özü də cəmiyyətin etnik quruluşu ilə, insanların ictimai birlik
formaları olan qəbilə, tayfa, xalq və millətlə sıx surətdə çulğalaşmışdır.
Lakin bu heç də dini ənənələrin mahiyyətini dəyişdirmir.
26
İslamın mərasimlərə və milli adət-ənənələrə
münasibəti
Dini mərasimlərin inancları müəyyən fəaliyyət formasına salıb
ictimailəşdirməsi dini həyat üçün çox mühümdür. Belə ki, dini
mərasimlərin ictimailəşdirilməsi dini sistemin yerləşməsi və yaşaması
üçün vacib elementlərdən biridir.
Dini mərasimlərin, insanların birlikdə icra etdikləri dini
ayinlərin onların qaynayıb-qarışması və dini inancların intişar
taparaq kamilləşməsi, insanın bu mərasimlər vasitəsilə özünü dinə
və cəmiyyətə aid hiss edərək əlaqəsini gücləndirməsində böyük rolu
vardır.
Adəm peyğəmbərdən (ə) Məhəmməd peyğəmbərə (s) qədər
bütün peyğəmbərlər haqq dini təbliğ etmişlər. Dinin təməli olan
iman əsasları həmişə eyni qalmışdır. Lakin şəriət dediyimiz, ibadət
və dünyaya aid işlərdə Həzrət Adəmdən (ə) Məhəmməd peyğəmbərə
(s) qədər hər dövrün zərurətlərinə, insanların ehtiyaclarına görə
bəzi hökmlər dəyişmişdir. Allah hər dövrün insanının yaşayışını və
mənfəətini düşünərək hər ümmətə ayrı bir şəriət göndərmişdir. “Əl-
Maidə” surəsinin 48-ci ayəsində bu barədə, “Sizin hər biriniz üçün
Biz bir şəriət və açıq bir yol təyin etdik” buyurulur.
Allah heç bir qövmü peyğəmbərsiz buraxmamış, onlara haqqı
təbliğ edəcək peyğəmbərləri göndərmişdir. Bundan əlavə, bütün
peyğəmbərlərin ən böyük iddiası tövhid və iman həqiqətlərini təbliğ
etməkdir. Bu səbəblə keçmiş dinlərdə olan tövhid inancı və bəzi
hökmlərin Quranda olması çox normaldır. Çünki peyğəmbərlərin
27
iddiası bir olduğu kimi, həmsöhbətləri insan, o dinlərin sahibi də
Allahdır.
İslam tövhid inancını gətirərək bütpərəstliyə qarşı qəti mövqe
ortaya qoymuş, dinə zidd olan hər şeyi rədd etmiş, bu inancın
əsəri olan və insan qüruruna yaraşmayan bütün pis adətləri ortadan
qaldırmışdır. Hüquqi və əxlaqi tərəfləri ilə də cahiliyyə düşüncəsi
ilə var-gücü ilə mübarizə aparmış, cahil davranışlara son qoymuş və
cahiliyyə dövrünün bütün təzahürlərini ortadan qaldıraraq əvəzində
elmlə bəslənən davranışların hakim olduğu yeni bir həyat nizamı
qurmuşdur.
Bununla yanaşı, Rəsulullahın (s) cahiliyyə dövrü ərəblərinin
mədəni quruluşunu, dəyərlərini, düşüncələrini bütünlüklə rədd
etmədiyini görürük. Belə ki, Onun bir səhabəyə xitab edərək söylədiyi
“Ey Saib! Cahiliyyə dövründə etdiyin fəzilətli əməllərə İslam
dövründə də davam et; qonağı qarşıla, yetimə kömək et və qonşuna
yaxşı davran” sözləri buna bir nümunədir. “İnsanların Cahiliyyə
dövründə xeyirli olanları İslam dövründə də xeyirlidir” hədisi də eyni
anlayışa işarə edir.
Peyğəmbərin (s) və onun gətirdiyi İslam şəriətinin cahiliyyə
dövründəki adət-ənənələrə qarşı mövqeyi onları kökündən silib atmaq
olmamışdır. Əlbəttə ləğv edilən və ortadan qaldırılan adətlər vardır,
lakin bir çox şey eynilə və ya düzəldilərək qorunmuşdur.
İslam dini insanın maddi-mənəvi həyatının bütün sahələrinə
şamil olan kamil və misilsiz bir ideologiya kimi dəyərləndirilir. İslam
insan fitrətinin axtardığı bütün xeyir və səadət yollarını göstərir, öz
sağlam ruhuyla bəşəriyyəti hər növ mənəvi xəstəliklərdən xilas edir.
İnsan həyatının elə bir guşəsi tapılmaz ki, dinimizin yol göstərən güclü
28
hökmləri onun haqqında düzgün proqramlar irəli sürməsin. Onun
qanunlarının əsas hədəfi insanın hərtərəfli tərbiyə və təkamülüdür.
İslami tərbiyə insanın istək və meyillərini tənzimləyir və saflaşdırır.
Bu dinin hədəfi budur ki, insan cəmiyyətinin bütün sahələrində haqq
və ədalət icra olunsun. Əsrlər boyu yaranan milli-mənəvi dəyərlər,
o cümlədən, dini-mənəvi sərvətlər cəmiyyətin sosial tənzimləmə və
ideoloji sistemində mühüm rol oynayır.
İslam cəmiyyətdə yüksək mənəvi fəzilətlər, yaxşılıq, xeyirxahlıq,
əmanətə sədaqət, düzgünlük, başqalarına təmənnasız yardım
hisslərini tərbiyələndirir, müsəlmanların birliyini, nəsillərin mənəvi-
ruhi varisliyini qoruyub saxlayır.
İslam dini adət-ənənələrin ağıl və vəhy süzgəcindən keçirilməsini,
vəhyə zidd olmayan, ağla və insanın yaradılışına uygun olanların
qəbul edilməsini, olmayanların isə tərk olunmasını tələb etmişdir.
29
Peyğəmbər (s) dövründə dini mərasimlər
Bayramlar
İnsanların toplu və ya fərdi şəkildə şəriətin icazə verdiyi çərçivədə
əylənməyə ehtiyacı olduğunu qəbul edən Məhəmməd peyğəmbər (s)
Mədinəyə hicrət etdikdən sonra mədinəlilərin ildə iki bayram qeyd
etdiyini görüb “Uca Allah sizə o iki bayram günlərinin əvəzinə
daha xeyirli iki bayram ehsan etmişdir” deyə müjdə vermiş, həmin
bayramların Ramazan və Qurban bayramı olduğunu bildirmişdir.
Müsəlmanlar bu günlərdə bir-birini ziyarətə gələr, bayramlaşar, yeyib
içər, əylənərək günlərini xoş əhval-ruhiyyə ilə keçirməyə çalışarlar.
Peyğəmbərimiz (s) bayramları müsəlmanlar üçün yardımlaşmaq,
həmrəylik və sevinc günləri elan etmiş, həmin günlərdə insanların
gülüb əylənmələrinə icazə vermişdir. Həm dini, həm də sosial tərəfi
olan bu bayramlar müsəlmanların qaynayıb-qarışmasına səbəb
olmaqla yanaşı, kasıbların ehtiyacı olan şeylərlə təmin olunmalarına
da şərait yaradırdı.
Peyğəmbərin (s) dövründə bayram namazgah adı verilən geniş
bir meydanda qadınların və gənc qızların da iştirak etdiyi bayram
namazı ilə başlayırdı. İlk bayram namazı namazgahda hicrətin ikinci
ilində Qurban bayramında qılınmışdır.
Peyğəmbərimiz (s) bayramlarda yoldaşlarını evlərində
ziyarət edər, onlara qonaq olardı. Özü də qonaqlar qəbul edərdi.
Müsəlmanlar arasında küsülülüyə razı olmamış və “bir müsəlmanın
30
başqa bir müsəlmanla üç gündən artıq küsülü qalması halal deyil”
buyurmuşdur. Peyğəmbər (s) bayram günlərində xəstələri ziyarət
etmiş və bunun müsəlmanlar üçün vacib vəzifə olduğunu bildirmişdir.
Bundan əlavə, o, müsəlmanların qəbirlərini də ziyarət etmiş, dualar
oxumuş və onlardan ibrət almağı tövsiyə etmişdir.
Peyğəmbərimizin (s) dövründə bayramlarda müsəlmanlar bir-
birlərini təbrik edərdilər. Allah Rəsulu (s) bir dəfə Qurban bayramında
qurban kəsərkən “Allahım, Məhəmməddən, onun ailəsindən və
ümmətindən qəbul et” demiş və müsəlmanların da “Allah bizdən və
sizdən qəbul etsin” duasıyla bir-birini təbrik etdikləri rəvayət olunur.
Bayramların şadlıq, sevinc günləri olduğunu buyuran
Peyğəmbər (s) həmin günlərin çoxlu insanların iştirakı və şənliklə
keçməsini arzulamışdır. Məscidi Nəbəvinin qarşısında torpaq sahədə
həbəşistanlı gənclərin nizə və qalxanla oyunlarını Həzrət Aişə (r) ilə
birlikdə izlədiyi məlumdur. Bundan başqa, özü izləməsə də, Həzrət
Aişənin (r) yanında cariyələrin dəf çalıb oynamalarına icazə verdiyi
rəvayət edilir. Lakin cahiliyyə dövründə xurafata əsaslanan və tövhid
inancına zidd olan ənənələrə və bayramlara icazə verilməmişdir.
31
Yas mərasimi
Məhəmməd peyğəmbərin (s) yaşadığı ərəb toplumunda ölüm və
qəbirlə əlaqəli müxtəlif inanc və mərasimlər var idi. Lakin Peyğəmbərin
(s) ölüm haqqında verdiyi bilgilər, cənazələr və qəbirlərlə bağlı etdiyi
tətbiqatlar ərəb cəmiyyətində yenilik meydana gətirmişdi.
Peyğəmbərin (s) dövründə ölünün kəfənlənməsi və dəfn edilməsi
işlərində tələskənlik müşahidə olunurdu. Ehtimal olunur ki, bu işdə
tələskənlik ölən yaxşı insandırsa, qısa müddətdə xeyrə yaxınlaşmaq, pis
insandırsa, onun məsuliyyətindən xilas olmaq inancı ilə əlaqədar idi.
Həzrət Məhəmmədin (s) bir dəfə yanından keçən cənazə
haqqında “Mömin bəndələr öləndə dünyanın yorğunluğundan xilas
olar, pis insanlar öləndə isə bütün canlılar onların şərrindən xilas olar”
dediyi rəvayət olunur.
Nə qədər tələssələr də, cənazələrin kəfənlənmədən, namazı
qılınmadan dəfn edilməsinə icazə verilməzdi. Lakin insanların
məcbur qaldığı vəziyyətlər də olurdu. Mədinədə bəzi insanlar kəfən
tapa bilmədiyi üçün kəfənsiz dəfn edilmişdir. Bunu eşidən Peyğəmbər
(s) nə olursa olsun kəfənlənmədən basdırılmağı xoş qarşılamamış və
müsəlmanların düzgün şəkildə kəfənlənmələrini istəmişdir.
Bir insan vəfat etdikdə digər insanlara xəbər verilirdi. Allah
Rəsulu (s) Nəcaşinin vəfat xəbərini şəxsən özü elan etmişdir. Mutədə
şəhid olan Zeyd ibn Harisənin (r) vəfat xəbərini isə məsciddə minbərdə
olarkən insanlara çatdırmışdır. Mədinədə bir nəfər vəfat edərkən
başda Peyğəmbər (s) olmaqla hər kəs bir-birinə xəbər verərdi.
Cahiliyyə dönəmində ölüm xəbərləri qışqıraraq, hay-küy
32
qopararaq, qapı-qapı gəzərək xəbər verilərdi. Bu isə İslamda xoş
olmayan davranış idi.
Peyğəmbər dövründə müsəlmanların cənazə haqqında
şəhadətlərinə dəyər verilirdi. Belə ki, ölülərin arxasınca xoş sözlər
deyilərdi. Möminlərin ölən insan haqqındakı şahidliyinə əhəmiyyət
verilir, bu şahidliyin həmin insanın Allah qatında yüksək məqam
qazanacağına səbəb olduğu fikri qəbul edilirdi. Bir dəfə Peyğəmbərin
dayandığı yerdən cənazə aparılırdı. Oradakılar ölən şəxs haqqında
xoş sözlər söylədilər. Bunu eşidən Allah Rəsulu (s) “insanların
sözləri Allah qatında həmin insan üçün müəyyənləşdirici xüsusiyyət
kimi qəbul ediləcəkdir” buyurdu. Səhabələrinə “siz kimi xoş sözlərlə
yad etsəniz, ona cənnət, kimi şərlə yad etsəniz, ona cəhənnəm vacib
olar. Çünki siz Allahın yer üzündəki şahidlərisiniz” dediyi də rəvayət
olunur.
Peyğəmbərin dövründə cənazələr üçün dua mahiyyətində
namaz qılınardı. Peyğəmbərimiz (s) hər zaman müsəlmanları cənazə
namazlarında iştirak etməyə çağırardı.
Cənazə namazı üçün Mədinə məscidindən bir az uzaqlıqda
olan və musalla adlandırılan məkana toplanardılar. Bundan başqa,
məscidlərdə də cənazə namazı qılınardı. Belə ki, Həzrət Aişənin (r)
verdiyi məlumata görə, Süheyl ibn Beydanın (r) və onun qardaşının
cənazələri məscidə gətirilərək namazları Peyğəmbər (s) tərəfindən
məscidin içərisində qılınmışdır. Həzrət Məhəmməd (s) dəfndən sonra
qəbirin başında da cənazə namazı qıldırmışdır.
Göründüyü kimi, İslam dini hakim din olduğu yerlərdə müəyyən
dini ənənə sistemi yaratmaqla qalmamış, eyni zamanda özündən
əvvəl yaranan ənənələri də himayəsinə götürmüşdür.
33
Milli adət-ənənələrimiz və İslam
“Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin
zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”
Ulu Öndər Heydər Əliyev
Azərbaycan xalqının milli adət, ənənələri, əxlaqi, mənəvi
dəyərləri onun qədim tarixi kökə malik zəngin mədəniyyətinin
göstəricisidir.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün zəngin
milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz
töhfələr verərək özünəməxsus adət və ənənələri, yüksək mənəviyyatı ilə
diqqəti cəlb etmişdir. Min illər boyu formalaşan və Azərbaycan xalqının
yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və
ənənələr millətimizin dünəni ilə bu günü arasında körpü rolunu oynayır.
Xalqımızın milli, tarixi-ənənələri, bayramları və mərasimləri
kütləvi tədbirlər içərisində xüsusi yer tutur. Bu mərasimlərdə qədim
mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət və
ənənələr, bədii sərvətlər, tarixi hadisələr əks olunur.
Platon bayramları dövlətin sabitliyi hesab edərək göstərirdi ki,
tərbiyə işində buraxılan qüsurları bayramlar vasitəsilə düzəltmək
mümkündür.
Aristotelə görə isə, insan təbiəti elədir ki, o təkcə zəhmət çəkmək
deyil, həm də öyrənmək və bayram etmək istəyir. Buna onun hərtərəfli
haqqı var.
34
Göründüyü kimi, bayram və mərasimlər insan həyatını
mənalandıran başlıca amillərdəndir. Burada onlar görüşür, ünsiyyət
qurur, sevinc və problemlərini bölüşürlər.
Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, Respublika
günü, Qurtuluş günü, Konstitusiya günü və digər bayramlarımız və
tarixi günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində
digər mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və
məişətimizə yeni beynəlxalq bayram və tarixi günlər də daxil olur.
Onların bəzilərinin kökləri qədim dövrlərə təsadüf etsə də, ölkəmizdə
son zamanlardan bəri müasir bayramlar kimi qeyd olunmağa
başlamışdır. Hər bir tarixi mərhələdə olduğu kimi müasir dövrdə
də bayramlar, tarixi hadisə və günlər böyük təntənə ilə qeyd edilir.
Xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda
təcəssüm olunan mədəni sərvətimizi bu gün də yaşadır və inkişaf
etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq
layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-
mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ
etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya
sivilizasiyasında özünəməxsus yer tutur.
Qeyd olunan bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin və
ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və
məzmun kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər adət
və ənənələr yaranır.
Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə də sıx
bağlıdır. Meydana çıxdığı dövrdən-VII əsrin ortalarından etibarən
Azərbaycanda yayılmağa başlayan İslam Azərbaycan üçün təkcə
din yox, həm də mədəniyyətə çevrilmiş, bizim mövcudluğumuzu
35
şərtləndirən və təsdiqləyən fakt olmuşdur. Bu nöqteyi-nəzərdən təkcə
onu demək kifayətdir ki, Azərbaycanın son on dörd əsrlik tarixini,
elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını
İslamsız təsəvvür etmək mümkün deyil.
İslamın türk xalqları arasında, o cümlədən Azərbaycanda
yayılması böyük tarixi əhəmiyyətə malik hadisə olmuşdur. Dini
birlik şüuru etnik və ya milli birlik şüurundan daha güclü və əhatəli
olduğundan İslam yeni müsəlman sivilizasiyasının təməlində durmuş
və türk xalqları bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir
sivilizasiyaya qoşulmuşlar, həm də bu sivilizasiyanın təşəkkülündə,
inkişafında, zənginləşməsində mühüm rol oynamışlar.
On dörd əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış
insanlar İslam mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni
əsirgəməmiş, bu mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə
çevrilmişlər. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək
mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız
təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir
anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini
və mədəniyyətini inkar etmiş olarıq. On dörd əsrlik zaman ərzində
milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər çuğlaşıb ki, onların
sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta, mümkünsüzdür.
İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində, həyat
tərzində, adət-ənənələrində də dərin izlər buraxmışdır. Azərbaycanda
VII əsrin ikinci yarısından etibarən dərin kök salmış İslam
insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə
müəyyənedici təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki,
onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri
36
heç bir nəticə verməmiş, dövlət müstəqilliyini yenidən bərpa etdikdən
sonra ölkə yenidən İslama, bu dinin mənəvi-mədəni ənənələrinə üz
tutmuşdur.
37
Ölkəmizdə İslamla bağlı formalaşmış dini
mərasimlər
“Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya
sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın
dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında
müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr
Azərbaycanda həmişə uca tutulmuşdur.”
İlham Əliyev
Din əsrlər boyu insanların məişətini öz təsiri altına saldığından
dini təsəvvürlər nəsildən-nəslə keçərək vərdiş möhkəmliyi və ənənə
sabitliyi əldə etmişdir. İnsan dindar, yaxud hazır dini təsəvvürlərlə
doğulmur, bunları yaşlı nəsildən alır. Bu mənada ayinlər, mərasimlər,
vərdişlər çox böyük rol oynayır.
Din öz məzmununu ayinlər vasitəsilə üzə çıxarır. O, dini
hisslərin və əhval-ruhiyyələrin oyanmasının əsas vasitəsi olub, dini
etiqad və təsəvvürlərin möhkəmlənməsinə kömək edir, eyni zamanda
dinin təbliğ olunmasına, dindarlığa yeni insanların cəlb edilməsinə
əlverişli şərait yaradır.
Ayin dindarın daimi fəaliyyət sahəsidir. O, dindarlığın ictimai
davranışlarını tənzimləyir, onlarda müəyyən baxışları və dini
normaları formalaşdırır. Ayin dini hərəkətlərin vərdişə çevrilməsini
və deməli, dinin yaşamasını təmin edir, ibadət edənlərdə xüsusi
38
dini-psixoloji əhval-ruhiyyə yaradır. Məhz bunun nəticəsidir ki,
dindarlar ayinlərə ehtiyac hiss edirlər.
İnsanların şüurunda ən qədim dövrlərdən dinin kök salıb,
nəsildən-nəslə keçməsi nəticəsində əldə etdiyi bir xasiyyətin-dini
təsəvvürlərin vərdiş və ənənə halı almasını xüsusi qeyd etmək
lazımdır. Əsrlər boyu toplanmış dini təsəvvürlər, mənəvi dəyərlər
məhz ənənə halı almaq sayəsində insanların zehnində möhkəmlənə
bilmişdir.
Bundan əlavə, cəmiyyəti bütöv saxlayan və inkişafını təmin edən
təkcə sosial-iqtisadi sistem, maddi maraqlar deyil, həm də mənəvi
dəyərlərdir. Ortaq mənəvi dəyərləri olmayan cəmiyyət iqtisadi
cəhətdən nə qədər güclü olsa da, tənəzzülə məhkumdur.
Mənəvi dəyərlər mücərrəd anlayış olsa da, mahiyyətcə konkret
məna kəsb edir. Məsələn, bayramlar xalqın mənəvi dəyəridir. Dini
və ya milli olması onların əhəmiyyətinə təsir etmir. Lakin onun dini
olması əhatə dairəsini genişləndirir.
Səmavi din olduğu və ilahi mesaja əsaslandığı üçün İslamın
gətirdiyi qanun və prinsiplər, eləcə də bu dinin bayramları və
mərasimləri yalnız fərdin və bəşəriyyətin mənafeyinə xidmət edir.
Bu baxımdan dini bayramlar və mərasimlər cəmiyyətin birlik və
həmrəyliyinə təkan verən güclü vasitədir.
39
Ramazan bayramı
İslamın müqəddəs bayramları arasında Ramazan bayramı
mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrətin
2-ci ilindən başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona
“Ramazan orucu” da deyirlər. İslamda ilin ayları arasında Ramazan
ayı ən mübarək və ən müqəddəs ay hesab edilir. Onu “on bir ayın
sultanı” da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs
kitab olan Qurani-Kərim nazil olmuşdur. Həmin gecə “qədr” və ya
“əhya” gecəsi adlanır. Qədr gecəsinin konkret olaraq hansı gün olduğu
bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Lakin ümumi fikir
belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm
də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan
ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir.
Qurani-Kərimdə “Qədr” surəsi vardır. Bu surədə qədr gecəsi
haqqında belə yazılır: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi
(lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!)
Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr
gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, Ramazan
ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə,
bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər
və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr
gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah
dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə
kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç
bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O
40
gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam
verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət
etmək lazımdır!)”.
Oruc ibadəti Ramazan ayında təzə ay çıxandan başlanır və 29-
30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap
qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi
orucunuzu tamamlayın”. Oruc tutarkən gündüz yemək, içmək, siqaret
çəkmək olmaz.
Orucdan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər,
əsirlikdə olanlar və səyyahlar azaddırlar. Oruclu adam sürmə
çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər
hərəkətlərdən imtina etməlidir. Oruc ikən adam dünya ləzzətindən
çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə
həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə
yol tapa bilmir. Peyğəmbər (s) buyurur ki, Ramazan ayı gələndə
cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da
zəncirlənmiş olar.
Müəyyən səbəblərə görə oruc tutmayanlar sonra münasib bir
vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli
və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud
60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza
orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün
bütün müsəlmanlar bir-birini təbrik edir, vəfat edənlərin qəbirlərini
ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz
himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya
41
kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq
insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir,
onları paklığa, xeyirxahlığa dəvət edir. Ramazan bayramı ölkəmizdə
Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan
Respublikasının bayramları haqqında” Qanununa əsasən, dövlət
səviyyəsində qeyd olunur və iki gün qeyri-iş günü elan olunur.
42
Qurban bayramı
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban
bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul
etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının
bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə
də dövlət səviyyəsində qeyd edilir.
Üç səmavi dinin-Yəhudilik, Xristianlıq və İslamın hər üçündə
müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi
mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi,
Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının
çox maraqlı tarixi və şərtləri var. Allaha qəlbən yaxın və sadiq
olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər (ə) oğlu İsmayılı
(ə) qurban kəsməyə hazır idi. Lakin Allah bunu öz elçisinə rəva
bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də
Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
İbrahimin (ə) qoca yaşında Allah ona bir oğlan uşağı, İsmayılı (ə)
nəsib etmişdi. Çox sevdiyi övladını Allah yolunda qurban verməyə
hazır olması İbrahim peyğəmbərin (ə) Allah qarşısında imanının,
səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində
dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.
Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və
öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı
yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan
43
hərəkət deyil. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan
ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi
qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə
ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı
odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını
göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti
var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün
uşaqları suya atırdılar. İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün
məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini
qəbul etmir.
İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib
sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud
da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu
olduğuna görə qurbanlıq heyvanın erkək olmasına üstünlük verilir.
Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır.
Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl
qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir.
Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının
biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət
görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş
qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək,
onları sevindirmək və ayinin də əsasında orucluqda olduğu kimi,
xeyirxahlıq, paklıq, Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında
bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını
kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq
hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban
44
kəsə bilərlər, bir şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı
üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların
öz ailəsinə sərf olunmalı, qalan hissələr isə yoxsul insanlara
paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada
din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən
dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının
imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq
ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna
gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də budur
ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda
haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil.
Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir
olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların
birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha
xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə,
kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından
gördükləri mərhəmətə və qayğıya görə sevinirlər.
45
Qədr, əhya və digər mübarək gecələr
Qəndil gecələri adı ilə tanınan mübarək gecələr rəbiuləvvəl
ayının 12-ci gecəsi Mövlud, rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib
və yenə bu ayın 27-ci gecəsi olan Merac, Şaban ayının 15-ci gecəsi
Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir.
Osmanlı dövləti dövründə, daha dəqiq desək, padşah II Səlimin
hakimiyyət illərindən etibarən bu gecələr minarələrdə qəndil yandırılıb
elan edildiyinə görə qəndil adlandırılmağa başlanmışdır.
Qurani-Kərimdə bu gecələrdən biri olan Qədr gecəsi ilə
əlaqədar bir surə var. Quranın 97-ci surəsi olan həmin surədə Allah
Qədr gecəsinin min aydan daha xeyirli olduğunu bildirir. Lakin bu
gecənin Ramazan ayının 27-ci gecəsi olduğuna dair dəqiq və qəti bir
dəlil yoxdur. Qədr gecəsi ilə əlaqədar hədislərə baxıldıqda isə məlum
olur ki, Məhəmməd peyğəmbər (s) müsəlmanlara Qədr gecəsini
Ramazan ayının axırıncı on gününün tək gecələrində axtarmağı
məsləhət görmüşdür. Buradan da belə bir nəticə çıxır ki, bu gecə
Ramazanın 21, 23, 25, 27 və 29-cu gecələrindən biri ola bilər. Başqa
sözlə, Qədr gecəsi hamı tərəfindən bilinən bir gecə olmamış, əksinə,
gizlənmişdir.
Həzrət Aişənin (r) rəvayətinə əsasən, Məhəmməd peyğəmbər (s)
bu ayın axırıncı on günündə gecələri əhya edər, ailəsini də (gecəni
əhya etmək üçün) yuxudan oyandırar və itikafa (inzivaya) girərdi.
Bir gün Həzrət Aişə (r) Peyğəmbərdən (s): “Ey Allahın elçisi,
Qədr gecəsinin hansı gecə olduğunu başa düşsəm, o gecə necə dua
edim?”, – deyə soruşduqda Peyğəmbər (s) ona aşağıdakı duanı
46
oxumağı buyurdu: “Allahım! Sən bağışlayansan, səxavət sahibisən.
Bağışlamağı sevərsən. Məni də bağışla.”
Bəraət gecəsinin fəziləti ilə əlaqədar olaraq da Peyğəmbərdən
(s) nəql olunan bir neçə hədis var. Bu hədislərdən birində deyilir ki,
Allah həmin gecədə dünya səmasına təcəlli edib Kəlb qəbiləsinin
qoyunlarının tüklərinin (yun) sayı qədər insanı bağışlayacaq və Ona
edilən bütün duaları qəbul edəcək.
Bəzi alimlər bildirmişlər ki, bu hədislərin istinad nöqtələrində
problem var. Buna görə də bu hədislər zəifdir və onları əsas götürüb
hansısa əməli yerinə yetirmək düzgün deyil.
Müfəssirlərdən biri olan Əbu Bəkr İbnul-Ərəbi demişdir ki,
Bəraət gecəsinin fəziləti haqqında heç bir səhih (mötəbər) hədis nəql
edilməmişdir. Buna görə də bu məsələyə dair hədis kimi rəvayət
edilən sözlərə etibar etmək lazım deyil. Həqiqətən də, Peyğəmbərin
(s) və onun səhabələrinin bu gecəni əhya etmək üçün məscidlərdə
yığışdığına, xüsusi dualar etdiyinə və indiki dövrdə olduğu kimi
camaatın bu gecəyə məxsus namaz qıldığına dair bir hədis rəvayət
edilməmişdir. Bəziləri də Duxan surəsindəki “Hər bir hikmətli işə
o gecədə hökm olunur və bizim dərgahımızdan bir əmrlə aid olana
göndərilir” (“əd-Duxan”, 44/4-5) ayələrinə baxıb həmin gecənin
Şaban ayının 15-ci gecəsi olan Bəraət gecəsi olduğunu qeyd etmişlər.
Onlar buna əsaslanaraq belə bir fikir irəli sürmüşdülər ki, Allah o gecə
bəndələrinin ruzilərini bölüşdürür, növbəti Şaban ayının 15-nə qədər
baş verəcək bütün hadisələri müəyyənləşdirir və elə buna görə də bu
gecə edilən dua və ibadətlər mütləq qəbul olunacaq.
Beləliklə bu gecəyə məxsus bir sıra ibadətlər meydana gəlmişdir.
Qeyd edək ki, Peyğəmbər (s) və onun səhabələri bu ibadətləri,
47
ümumiyyətlə, bu gecəyə məxsus kimi qələmə verilən şeyləri
etməmişdir. Halbuki, Allah həmin surədə belə buyurur: “Ha, Mim. O
açıq-aydın kitaba and olsun ki, biz onu mübarək bir gecədə endirdik.
Çünki biz xəbərdarlıq edənik. Hər bir hikmətli işə o gecədə hökm
olunur və bizim dərgahımızdan bir əmrlə aid olana göndərilir.”
(“əd-Duxan”, 44/1-5).
Göründüyü kimi bu ayələrdə Allah işlərin bölüşdürüldüyü
gecənin məhz Quranın nazil edildiyi gecə olduğunu bildirir. Eyni
zamanda biz Quranın Şaban ayının 15-də deyil, Ramazan ayında
və Qədr gecəsində nazil edildiyini elə onun özündən öyrənirik:
“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun
(haqqın) və doğrunu əyridən ayırmağın açıq dəlilləri olan Quran o
ayda endirilmişdir” (“əl-Bəqərə”, 2/185), “Şübhəsiz ki, biz Quranı
Qədr gecəsində endirdik” (“əl-Qədr”, 97/1).
Alimlərin böyük əksəriyyəti belə hesab edir ki, Duxan surəsində
qeyd edilən mübarək gecə elə Qədr gecəsidir. Müfəssir alimlərdən
Əbu Bəkr İbnul-Ərəbi bu barədə belə deyir: “Həmin ayədə qeyd
olunan mübarək gecənin Qədr gecəsi deyil, başqa bir gecə olduğunu
irəli sürənlər Allaha böyük bir iftira (böhtan) atırlar”.
Bundan əlavə, camaat arasında Bəraət gecəsi ilə əlaqədar
“Bəraət gecəsi namazı” yayılmışdır. Ümumilikdə 100 rükətdən ibarət
olan və hər bir rükətində Fatihə surəsi və 10 dəfə İxlas surəsinin
oxunmalı olduğu deyilən bu namazın miladi 1010 (hicri 400) və
yaxud 1056-cı (hicri 448) ildə Qüdsdə ortaya çıxdığı da mənbələrdə
göstərilmişdir.
Rəcəb ayında olan Rəqaib və Merac qəndilləri, onların fəzilətləri
haqqında da hər hansı bir dəlil yoxdur. Lakin Rəcəb və Şaban ayları
48
barədə bir neçə məqam qeyd edilməlidir. Rəcəb ayı dörd haram
aydan biridir. Digər haram aylar Zilqadə, Zilhiccə və Məhərrəm
aylarıdır. Bu aylarda döyüşmək haram buyurulmuşdur. Buna görə də
bu ayların digər aylara nisbətən fəziləti var. Alimlər bu aylarda oruc
tutmağın müstəhəb olduğunu qeyd etmişlər. Lakin Peyğəmbər (s) və
səhabələrindən xüsusilə bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar
hər hansı səhih rəvayət nəql olunmamışdır.
Tarixi qaynaqlarda xüsusilə qeyd edilir ki, xalq arasında Rəqaib
gecəsi ilə əlaqədar məşhur olan Rəqaib namazı rəvayəti 1023-cü
(hicri 414) ildə ölən Əli ibn Abdulla ibn Cəhdam adlı Məkkəli bir sufi
tərəfindən ortaya atılmışdır.
Şaban ayına gəlincə, mötəbər rəvayətlərə əsasən Həzrət
Məhəmmədin (s) Ramazan ayından sonra ən çox oruc tutduğu ay
Şaban ayıdır.
Üsamə ibn Zeyd belə bir hədis nəql etmişdir: “Peyğəmbər Şaban
ayında tutduğu orucu başqa bir ayda tutmayıb. Ona: “Ey Allahın
elçisi, sənin Şaban ayında tutduğun orucu başqa bir ayda görmədim”,
– dedim. O da belə buyurdu: “Şaban ayı Rəcəb və Ramazan aylarının
arasında insanların qafil olduğu və əməllərin aləmlərin Rəbbi olan
Allaha yüksəldiyi aydır. Mən də əməlimin (Allaha) oruc olduğum
halda yüksəlməsini xoşlayıram”.
Mövlud bayramı Məhəmməd peyğəmbərin (s) doğum
gününün qeyd olunmasıdır. Tarixçilərin bəzisi Peyğəmbərin (s)
571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə 17-də dünyaya göz
açdığını yazırlar. Müsəlmanlar həmin günü dünyanın hər yerində
bayram edirlər. Buna Mövlud bayramı deyirlər. Mövlud ərəb
dilindən tərcümədə “doğum yeri”, yaxud “doğum vaxtı” deməkdir.
49
Ümumiyyətlə, İslamda bəzi gecələr mübarək gecələr sayılır: Qədr
gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir.
Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır.
Bu gecə müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır,
günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə
xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir. Lakin Mövlud
gecəsinin fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki,
müsəlmanlar Məhəmməd peyğəmbərin (s) keçdiyi həyat yoluna
bir daha nəzər salsınlar, onun yüksək insani keyfiyyətlərindən,
əxlaqi dəyərlərindən ibrət götürə bilsinlər.
Qurana görə, Peyğəmbər adi insandır (“əl-Kəhf”, 110),
möminlərə şəfqətli və mərhəmətlidir (“ət-Tövbə”, 128), yaxşı əməl
sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm
əzabından xəbərdar edəndir (“əl-Maidə”, 19), möminlərə onların
özlərindən daha yaxındır (“əl-Əhzab”, 6). Allah onu insanlar
arasından seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu
kitabı olan Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir.
Odur ki, Quranda buyurulur: “Səni də (Ya Rəsulum!) aləmlərə
(bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.”
(“əl-Ənbiya”, 107). Allah onu gözəl əxlaqına görə insanlara təqlid
nümunəsi kimi vəsf edir: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət
gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar)
və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab, 21).
Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə
insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə
nail olur. Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır,
onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.
50