Peyğəmbərin (s) və onun səhabələrinin, Əməvi və Abbasi
dövlətlərinin dövründə qeyd edilməyən rəbiuləvvəl ayının 12-ci gecəsi
olan Mövlud qəndili ilk dəfə hicrətdən təxminən 350 il keçdikdən
sonra Misirdə Fatimi dövləti dövründə qeyd edilməyə başlanmışdır.
Eyyubilər dövründə mərasim və bayramlar aradan qaldırılmış,
Mövlud mərasimləri Ərbil atabəyi Bəgtəginli Müzəffərəddin Kökböri
(ölüm tarixi: hicri 629, miladi 1232-ci il) tərəfindən böyük şənliklərlə
yenidən qeyd edilməyə başlanmışdır. Məlumata görə, Müzəffərəddin
Kökbörinin bu mərasimləri yenidən başlatmaq fikrinin arxasında
Mosullu sufi Ömər ibn Məhəmməd Əl-Məlla olmuşdur. Peyğəmbərin
(s) dünyaya gəldiyi bu günün, yaxud gecənin fəzilətinə dair də hər
hansı bir dəlil yoxdur.
Əbu Şamə Əl-Məqdisi, Şihabəddin Əl-Qəstallani, İbn Həcər Əl-
Əsqəlani, Cəlaləddin Əs-Süyuti kimi bəzi alimlər Peyğəmbərin (s)
dünyaya gəlməsi münasibətilə sevinməyin, bu günə görə möhtaclara
kömək etməyin, Peyğəmbərə (s) şeir (mövlud kimi) oxumağın gözəl
əməl olduğunu qeyd edərək bu kimi Mövlud mərasimlərinin “bidəti-
həsənə” sayılmalı olduğunu bildirmişlər. Maliki fəqihi İbnul-Həc
Əl-Əbdəri, Ömər ibn Əli Əl-Ləhmi Əl-Fəqihani, İbn Teymiyyə,
Məhəmməd Abduh, Abdulaziz ibn Baz və Həmmud ibn Abdulla Ət-
Tuveyciri kimi alimlər isə mövlud şənlik və mərasimlərinə “bidəti-
seyyiə” gözüylə baxmış və şiddətlə bunun əleyhinə çıxmışlar.
Bu gün geniş xalq kütlələri tərəfindən qeyd edilən qəndil
gecələrinə nə Quranda, nə də Sünnədə işarət var. Mübarək qəbul
olunan həmin gecələr Peyğəmbər (s) və səhabələrinin dövründən
sonra – Misir və Qüdsdə qeyd edilməyə başlanmış, sonralar isə İslam
dünyasının müxtəlif yerlərinə yayılmışdır. Bu mərasimlər qətiyyən
51
İslam dininin bir buyruğu, yaxud tövsiyəsi deyil. Bunlar müsəlman
cəmiyyətləri tərəfindən meydana çıxarılmış və ənənə halına
gəlmişdir. Osmanlı padşahı II Səlimin dövründən etibarən “qəndil”
adlandırılan həmin gecələr miraciyyə, rəqaibiyyə, mövlud kimi
müxtəlif mərasimlərlə əhya edilmişdir (bunların canlılığı qorunub
saxlanmışdır). Qəndil gecələrini qeyd edən hər bir cəmiyyət də öz
növbəsində onlara öz mədəniyyətindən əlavələr etmiş və beləliklə,
bu gecələrin qeyd edilməsi adət-ənənə halını almışdır. Bu gecələr
günümüzdə də camaat arasında və məscidlərdə qeyd edilir.
52
Məhərrəmlik və Aşura mərasimi
Cahiliyyə dövrü ərəbləri qəməri təqvimə görə ili Səfər,
Rəbiuləvvəl, Rəbiulaxir, Cəmaziyələvvəl, Cəmaziyəlaxir, Şaban,
Ramazan, Şəvval aylarından ibarət “adi aylar”, Zilqadə, Zilhiccə,
Məhərrəm, Rəcəb ayından ibarət “dörd haram ay” şəklində ikiyə
bölürdülər.
Haram aylar ifadəsi Qurani-Kərimdə iki ayədə cəm, dörd ayədə
isə tək şəkildə keçir. Quranda göylər və yer üzü yaradıldığı zaman
Allah qatında ayların sayı on iki, bunlardan dördünün haram ay olduğu
qeyd edilmiş və insanların bu aylarda Allahın qoyduğu qadağalara
riayət edərək, özlərinə zülm etməməsi söylənmişdir. Bundan əlavə,
haram ayda müharibə etməyin böyük günah olduğu bildirilmiş, haram
aylara hörmətlə yanaşmaq tələb olunmuşdur.
Mənbələrdə Məhərrəm ayının 10-cu günü, yəniAşuranın mənşəyi
barədə Həzrət Nuhdan (ə) etibarən bütün Sami dinlərdə mühüm gün
olduğu qəbul edilmiş və ya Həzrət Musa (ə) və qövmünün Fironun
zülmündən xilas olduğu gün kimi rəvayətlər söylənmişdir. Bəzi
hədislərə əsasən, “Aşura Qureyşin cahiliyyə dövründə oruc tutduğu
gün idi. Məhəmməd peyğəmbər (s) də buna riayət edərdi. Mədinəyə
hicrət etdikdən sonra da bu orucu tutmuş və başqalarına da tutmağı
buyurmuşdur. Lakin Ramazan orucu fərz qılındıqdan sonra Aşura
günü oruc tutmamışdır”.
Bir sıra İslam alimlərinə görə, həmin gün bəşəriyyət tarixində
əlamətdar hadisələr baş vermişdir: Allah Adəmin (ə) tövbəsini qəbul
edərək onu bağışlamış, Nuhun (ə) gəmisi daşqından sonra dağa
53
yanaşmış, İbrahim (ə) anadan olmuş, İsa Məsih (ə) Allah dərgahına
yüksəlmişdir.
Hicri təqvimin 61-ci ilinin Məhərrəm ayının 10-da Məhəmməd
peyğəmbərin (s) nəvəsi Həzrət Hüseyn (ə) Əməvilərin haqsızlığına
uğrayaraq 72 silahdaşı ilə birlikdə İraq ərazisində yerləşən Kərbəlada
xəlifə Yezidin qoşunları tərəfindən öldürülmüş, ailəsi əsir edilmişdir.
Həzrət Hüseynin (ə) vəhşicəsinə qətlə yetirilməsi cinayətin
işləndiyi gündən etibarən müsəlman dünyasına həm əqli, həm də
vicdani cəhətdən böyük zərbə vurmuş, siyasi, dini və sosioloji müxtəlif
nəticələrə gətirib çıxarmışdır. Bu baxımdan günümüzdə Aşura Həzrət
Hüseynin (ə) anım günü, ümumi matəm günü kimi də qeyd olunur.
Hər il Məhərrəmliklə əlaqədar bəzi müsəlman ölkələrində yas
mərasimləri keçirilir. Aşura günü isə faciə baş verdiyi gün olduğu
üçün xüsusilə qeyd edilir. Bu günlərdə mərsiyələr oxunur, sinə
döyülür, ağlaşma keçirilir. Bəzən zəncir vurulur, hətta qılıncla baş
yarılır. Bəzi rəvayətlərə görə, bütün bu adətlər imam Hüseynin (ə)
Yezidə qarşı üsyana başçılıq etmək üçün İraqa dəvət edib sonra
bir gecənin içində imama sədaqət andını pozan adamlardan miras
qalmışdır. Onlar faciə baş verdikdən sonra əməllərindən peşman
olub yas tutub fəryad etmişlər. Nəql edilən bəzi rəvayətlərdə bu
dəhşətli xəbər müsəlmanlar arasında yayıldıqda Həzrət Hüseyni
(ə) qoruya bilmədikləri üçün fəryad etdikləri bildirilməkdədir.
Ümumiyyətlə, mərsiyə, yas, ağlaşma, fəryad etmə məfhumları
yeni anlayışlar deyildir. Bu adətlər ərəblərdə cahiliyyət dövründən
qalmışdır.
Həzrət Hüseynin (ə) öldürülməsi hadisəsindən sonra başlayan
qəbir, türbə ziyarətləri onu anmanın bir üsulu kimi uzun əsrlər davam
54
etmiş və türbənin olduğu Kərbəla müqəddəs elan olunaraq hətta Həcc
ziyarəti ilə müqayisə edilmişdir.
Mənbələrə görə, Aşura mərasimləri Əməvilər və Abbasilər
dövründə qadağan idi. Lakin Büveyhilərin X əsrin ilk yarısı Bağdadı
ələ keçirmələri ilə Həzrət Hüseynin (ə) anılması xüsusi forma
almışdır. Belə ki, bu dövrdə Aşura matəmi Bağdadda böyük təntənəli
mərasimlərlə qeyd olunmağa başlandı. Bu tətbiqin nəticəsidir ki, bu
gün dünyanın müxtəlif yerlərində böyük və ehtişamlı nümayişlərlə
matəm mərasimləri keçirilir.
Büveyhilərin dövründə Bağdadda şiələrin özlərini toplum
olaraq göstərmələri üçün ən önəmli addımlardan biri məhz Aşura,
Kərbəla matəmi idi. Hicri 352/miladi 963-cü ildə Aşura matəmi İslam
tarixində ilk dəfə böyük paytaxtın, yəni Bağdadın həyatına daxil oldu.
Mənbələrdə Bağdadda keçirilən bu ilk Aşura mərasimi həddindən
artıq təsiredici və heyrətləndirici cümlələrlə nəql edilir və həmin gün
Həzrət Hüseynin (ə) matəmi şərəfinə şəhərdə necə gündəlik həyatın
donduğu və Aşuranın şəhərin tarixində böyük ilkin təməlini qoyduğu
ifadə olunur. Deyilənə görə, Bağdadda hicri 352/miladi 963-cü ilin
Məhərrəm ayının 10-da insanlar Büveyhi əmiri Muizzud-Dövlənin
əmriylə Həzrət Hüseynin (ə) matəmi olduğu üçün bütün dükan və
bazarı bağlamış, alış-verişi saxlamışdılar. Halvaçılar halva, aşbazlar
yemək bişirməmiş, qəssablar ət kəsməmiş, su paylayanlarsa su
paylamamışdılar. Küçələrdə çadırlar qurulmuş və üzərindən saplardan
toxunmuş örtüklər asılmışdı. Qadınlar saçları dağınıq, üzləri qara
rəngə boyanmış halda, özlərini, üzlərini yumruqlayıb, paltarlarını
parçalayaraq, şəhərdə, küçələrdə fəryad qopararaq yeriyirdilər.
Həzrət Hüseynin (ə) Kərbəladakı qəbri başda olmaqla, digər
55
imamların türbələrinin ziyarəti də fəryad və mərsiyələrlə keçirilən
mərasimlərin davamı mahiyyətindəydi. Kərbəla hadisəsi haqqında
növhələr, mərsiyələr yazıldı. Dindarları kədərləndirməyi, ağlatmağı
təlqin edən və matəm ab-havası yaradan belə yazılar xalq arasında
geniş yayılmağa başladı. Büveyhi hökmdarının qərarı və ya razılığı ilə
başlayan Aşura mərasimi hər il eyni gündə təkrarlanaraq davam etdi.
Aşura mərasimləri Büveyhilərdən sonra Fatimilər dövründə,
Səfəvilər dövründə də matəm və yas günü kimi müxtəlif mərasimlərlə
qeyd edilmişdir.
Tarixi mənbələrə görə Azərbaycanda Məhərrəmlik mərasiminin
kökləri erkən orta əsrlərə gedib çıxır. Müsəlman ölkəsi olan
Azərbaycanda orta əsrlərdə Həzrət Hüseynin (ə) həlak olması faciəsinə
böyük ictimai-siyasi əhəmiyyət verilmişdir. Səfəvi sülaləsinin banisi
Şeyx Səfi əd-Din (1252-1334) Ərdəbil şiələri arasında isnə-əşəriyyə
(on iki imama inananlar) ehkamını siyasi dayaq üçün təbliğ edərkən
özünü yeddinci imam Museyi Kazımın (ə) nəslindən elan etmiş və
“İmam Hüseyn müsibəti” əhvalatını öz təbliğatının əsas mövzusuna
çevirib ondan siyasi məqsədlər üçün geniş istifadə etmişdir. Onun
nəslindən olan Ərdəbil şeyxləri, Şeyx Cüneyd, Şeyx Heydər, Şeyx
Sultan Əli, Şah İsmayıl və sonrakı səfəvi hökmdarları da bu istiqaməti
davam etdirmişlər.
Şiəlik Azərbaycanda XVI əsrin əvvəllərindən başlayaraq, 230
il hökmranlıq etmiş Səfəvilərin rəsmi dövlət məzhəbi olduğundan,
Məhərrəmlik mərasimindən istifadə olunması Səfəvilər sülaləsinin
siyasi platformasında zəruri bir tədbirə çevrilmişdir. Belə ki, bu
mərasim bəzi hallarda düşmən dövlətlərlə çəkişmə və müharibə
apararkən onların əlində kütlələri müharibəyə təhrik etmək, döyüş
56
əzmini qaldırmaq və güclü dini siyasi səfərbəredici vasitə amilini
oynamışdır.
Azərbaycanda Çar Rusiyasının hakimiyyəti illərində də
Məhərrəmlik mərasimləri kütləvi qeyd edilirdi. XIX əsrin əvvəllərində
Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədar
regionda İslam təsisatlarının strukturunda əhəmiyyətli dəyişikliklər
olmuşdur. Zaqafqaziyada yaşayan müsəlmanlar içərisində çoxluq
təşkil edən şiələri və şiə məscidlərini İrandakı dini mərkəzlərin
və ilahiyyatçıların mənəvi təsiri və tabeliyindən xilas etmək, şiə
ruhanilərini Rusiya müstəmləkə üsuli-idarəsinin məmurlarına
çevirmək məqsədilə 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq
etmək üçün Şeyxülislam vəzifəsi təsis edildi və artıq Məhərrəmlik
mərasimləri bu strukturun nəzarəti altında keçirilməyə başladı.
Bununla yanaşı, Bakıda və digər böyük şəhərlərdə yerli bəy və xanlar
Məhərrəmliyin keçirilməsinə himayədarlıq göstərir, çoxlu rövzəxan,
vaiz və mərsiyəxan saxlayıb təkyələr təşkil edir, təziyədarlara qənd,
çay, qara və ağ çit parça paylayır, əhali arasında matəm əhval-
ruhiyyəsinə dəstək olurdular.
XIX əsrin sonu XX əsrin əvvəllərində küçələrə çıxıb təziyə
dəstələri düzəltmək, dini yürüşlər keçirtmək, zəncir vurmaq, baş
yarmaq və şəbih oyunu çıxartmaq artıq kütləvi hal almışdı.
Azərbaycan ziyalıları içərisində Məhərrəmlik mərasiminin
belə keçirilməsinə münasibət birmənalı deyildi. Belə ki, onlar
Məhərrəmliyin mahiyyətinin xalqa intellektual səviyyədə
çatdırılmasının tərəfdarı olub, dini fanatizmə, mövhumat və cəhalətə
xidmət edən ünsürləri ciddi tənqid edirdilər.
Cəmiyyətin ziyalı təbəqəsi və açıq fikirli din xadimləri Həzrət
57
Hüseyn (ə) təziyəsini gəlir mənbəyinə çevirib din pərdəsi altında
mövhumatı yaymağa çalışanları ifşa edirdilər. Onlar dindarları loyal
olmağa çağırır, cahil hərəkətlərdən əl çəkərək Həzrət Hüseyn (ə)
təziyəsini ədəb və ərkan çərçivəsində, hörmətlə keçirməyi məsləhət
görürdülər.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra dinə
və dini təsisatlara münasibət dəyişdi. Hakim rejimin apardığı ateist
təbliğat, partiya və ictimai təşkilatların fəaliyyəti, habelə kobud
inzibatçılığın və təzyiqlərin nəticəsində insanların əksəriyyətinin dindən
uzaqlaşdırılmasına səy göstərilirdi. Bu proses sosialist inqilabının ilk
günlərindən başlamış, iyirminci illərdə genişlənmiş, otuzuncu illərdə
daha da təşəkkül tapmışdır. Bu illərdə məscid və kilsələr əsassız olaraq
bağlanmış, bir çox dini binalar dağıdılmış, ruhanilər və dindarlar təqiblərə
məruz qalmışlar. Bunun nəticəsində əhali öz dini hisslərini gizlətməyə
məcbur olmuşdur. Lakin bütün bunlara baxmayaraq, dindarlar dini
mərasimlər zamanı gizli şəkildə evlərdə yığışaraq Məhərrəmliyi qeyd
etmiş, Kərbəla hadisəsinin təziyədarlığını saxlamışlar.
Sovet hakimiyyətinin sonrakı mərhələlərində isə dinə və
dindarlara, nisbətən yumşaq münasibət bəslənilmişdi. Elmi ateizm
təbliğatı, dini ayinlər haqqında qanunvericiliyin möhkəmlənməsi,
din və dindarların ictimai qınaq obyektinə çevrilməsi və s. amillər
güclənmişdi. Bunun nəticəsində isə Məhərrəmlik mərasimləri əvvəlki
kütləviliyini itirmişdi.
Müstəqillikdən sonra dövlət, Sovet əyyamının ənənə qalıqlarından
azad olduğunu göstərərək, hələ 1991-ci ildə Aşura mərasiminin açıq
və kütləvi şəkildə keçirilməsinə razılıq verdi.
Hər il ölkəmizdə Məhərrəmlik mərasimləri keçirilir. Heç şübhəsiz
58
ki, Əhli-Beytə edilən zülm və baş vermiş faciə həqiqi müsəlman olan
hər bir kəsi kədərləndirir. Lakin əzadarlıq mərasimlərində qeydə alınan
bəzi nüanslar insanların təəssüf ki, bu mərasimin əsas mahiyyətini
dərinliklərinə qədər başa düşmədiyinə işarədir. Belə ki, bir qrup insan
bu mərasimlərdə zəncir vurmaq, baş yarmaq kimi davranışlara yol
verirlər. Bu isə heç də Kərbəla şəhidlərinin ruhuna ehtiram və ya
insanpərvərlik göstərişi deyil.
Məhərrəmliyi qeyd edən insanların ülvi duyğularına hörmət
göstərilsə də, əsas qayə olan Allahı unutmaq olmaz. Hər nə qədər
Həzrət Hüseynə (ə) olan məhəbbət gözəldirsə, Allah sevgisi, rizası
daha uca və daha çox riayət edilməyə layiqdir. Allah müqəddəs
Quran-Kərim vasitəsilə insanın özünə xəsarət yetirməsini haram
buyurmuşdur. Bu səbəbdən qılıncla baş yarmaq, zəncir vurmaq
doğru əməl sayıla bilməz.
Həzrət Hüseynin (ə) haqq-ədalət naminə şəhadəti böyük
mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə Həzrət Hüseyn (ə)
əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman
sevgisinin təcəssümü, işğal olunmuş torpaqlarımızın azad edilməsi
uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır.
Məhərrəmlik mərasimləri Həzrət Hüseynin (ə) şəninə
uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud
qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət
ocaqlarında və onlara aid ərazilərdə təşkil edilərək, ictimai asayişə
mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız rəsmi şəkildə
təyin olunmuş din xadimləri tərəfindən idarə edilməlidir. Din
xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsi və Kərbəla
faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin
59
açıqlanmasına, habelə Vətən təəssübü və milli mənafelərimizin
təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə
kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək
alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə
gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin
təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir
vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq
İslam qanunlarına ziddir və Həzrət Hüseynin (ə), Kərbəla şəhidlərinin
xatirəsinə hörmətsizlikdir.
Azərbaycanda Aşura günündə qanvermə aksiyasına
başlanılması çox təqdirəlayiq təşəbbüsdür. Bir çox müsəlman
ölkələrindən fərqli olaraq ölkəmizdə əzadarlıq məclislərində, Aşura
mərasimlərində bu ənənələr şüurlu şəkildə qeyd edilir. Bəzən
insanların ifratçılığa yol verərək, məscidlərdə zəncir vurmaq, baş
yarmaqla özlərinə, hətta azyaşlı uşaqlara xəsarət yetirməklə öz
sevgi və ehtiramlarını ifadə etməsinin əksinə, qanvermə aksiyası
daha sivil və çox faydalı addımdır. Həzrət Hüseyn (ə) öz qanını
verərək İslam cəmiyyətini qorumağa, insanları pis əməllərdən xilas
etməyə çalışmışdır. Bunun uğrunda canından keçmişdir. Müsəlmanlar
da qan verərək ehtiyacı olan, şəfa gözləyən insanlara kömək etməklə
Həzrət Hüseyn (ə) yolunda getdiklərini nümayiş etdirir.
60
Yas mərasimləri
İslam dinində ölüm. Ərəb dilində məvt, vəfat, həlak kimi sözlərlə
ifadə edilən “ölüm” həyat kəlməsinin antonimi olub lüğətdə “həyatın
sona çatması” mənasını verir. Ümumiyyətlə, “ruhun bədəndən
ayrılması ilə insanın maddi həyat mənbəyini itirməsi” şəklində tərif
edilən ölüm və ölüm sonrası haqqında düşüncə, inanc və tətbiqatlar
mədəniyyətdən-mədəniyyətə, dövrdən-dövrə dəyişir.
“Günah və mühakimə” məfhumları ilə təsəvvür edilən ölüm fikri
və ölüm qorxusu, qurtuluş və ölümsüzlük mövzuları din və fəlsəfənin
ən mühüm müzakirə mövzuları olmuşdur. Ölümün bir keçid olduğu,
bədənin və ya ruhun müxtəlif formalarda həyatını davam etdirdiyi
inancı ilə yanaşı, ölümü “mütləq son” şəklində qəbul edən inanclar
da vardır.
Qurani-Kərimdə yaşatmağın əksi olaraq imatə (canlının
həyatına son qoymaq) və təvəffi (ruhunu geri almaq) məfhumları
keçir. İyirmi bir ayədə imatə, iki ayədə qəzayi məvt, on iki ayədə
isə təvəffi sözü Allaha nisbət edilir. Bunlardan başqa, ölümü həyata
keçirmək feli altı ayədə mələklərə, iki ayədə isə Allahın elçilərinə
izafə edilmiş, bir ayədə isə Əzrail “mələkul-məvt” şəklində
verilmişdir. İnsana həyat verən də, onu öldürən də Allahdır. Sadəcə
ayələrdən belə aydın olur ki, Allah bunu mələkləri vasitəsilə həyata
keçirir.
Ölüm qaçınılmaz olsa da, insanın dünyaya gəlməsinin məqsədi
ölmək deyil, yaşamaqdır. Allah ruhundan üfləyib xəlq etdiyi və şüur
verdiyi Adəmin nəslinə əslində əbədi həyat bəxş etmişdir. Lakin həyat
61
iki dövrə bölünmüş, ilk dövr bir növ dərs və imtahan, ikincisi isə ilk
dövrdə əldə olunanların nəticəsi kimi formalaşan əbədiyyət dövrüdür.
Ölüm həyatın bu iki dövrünü bir-birinə bağlayan və insanı
əbədiləşdirən vasitədir. Buna görə də ölüm təxminən iyirmi ayədə
“liqa” (Allahla görüşmək) kəlməsi ilə ifadə edilmişdir. Bütün dinlər
və bəşəri sistemlər insan həyatına böyük əhəmiyyət verib onu
qorumaq üçün tədbirlər görür, onu pozanların cəzalandırılacağı
bildirilir. İslam dininin haram qıldığı şeylərin əksəriyyəti məhz
bu məqsədə yönəlmişdir. Qurana görə haqsız bir cana qıyan kəs
bütün insanları öldürmüş, bir canı qurtaran isə bütün insanlara
həyat vermiş kimidir. “Buna görə də İsrail oğullarına (Tövratda)
yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla
da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-
fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş
kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa),
o, bütün insanları diriltmiş kimi olur” (“əl-Maidə”, 5/32 ).
Dünyanın kosmik nizamının Allahın müəyyən etdiyi zamanadək
davam etməsi üçün insan həyatının qorunması vacibdir. Məhəmməd
peyğəmbərin (s) nə qədər sıxıntıda olursa olsun, heç kəsin ölümü
diləməməsi haqqındakı öyüd-nəsihətləri bütün hədis kitablarında yer
alır.
Həyatın və insani dəyərlərin qorunması, dünyanın
abadlaşdırılması və əbədiyyət üçün vacib hazırlığın görülməsi üçün
Allah insana həyatı sevdirmiş, ölümü isə qəm-qüssə ilə qarşılanan
hadisə halına salmışdır. Belə ki, bəzi ayələrdə ölümdən müsibət
olaraq bəhs edilir. “O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman:
“Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf
62
(Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (Bəqərə, 2/156); “Ey
iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda
vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz
zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman)
olmayan iki nəfəri şahid tutun” (“əl-Maidə”, 5/106) .
Ölümün bir gün mütləq gələcəyini unutmamaq, zamanı
bilinmədiyi üçün daim hazır olmaq və gələrkən isə buna razılıq
göstərmək kamil möminin əsas xüsusiyyətləridir. Qurani-Kərimdə
Allah ilə görüşmə sevincini hiss etməyən, yalnız dünya həyatına
könül bağlayıb orada özünü xoşbəxt hesab edənlər qafil adlandırılmış
və pislənmişdir. “Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib
hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid
etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel
bağlayanların və ayələrimizdən qafil olanların -Məhz onların
qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!”
(“Yunus”, 10/7-8). Hədislərdən birində də möminin öləcəyini hiss
etdiyi anda Allaha qovuşmağı hər şeydən üstün tutduğu hissinə sahib
olduğu deyilir.
Möminin Allahın lütf etdiyi ömür nemətinin şükrünü yerinə
yetirmək şüuru ilə insanlar üçün faydalı olmaq və əbədi həyata daha
çox hazırlanmaq üçün zamanın sona çatmasından başqa ölümdən
qorxması üçün heç bir səbəb olmamalıdır.
Dini həqiqətlərin zehn və qəlblə mənimsənilməsi mömində
sarsılmaz qətiyyət və daimilik psixologiyası meydana gətirir. Qurani-
Kərimdə insanlara yaxşı insan kimi ölməyi Allahdan istəməyin tövsiyə
edilməsi “Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə
imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik.
63
Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç
(böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və
canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!” (Ali İmran, 3/193),
bəzi peyğəmbərlərin bu yolda dua etdiklərinin bildirilməsi “Yusif atası
ilə bir müddət gözəl dövran sürdükdən sonra Yəqub vəfat etdi. Yusif
atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir etibarı
olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi:
“Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay
verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən
dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı
müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (“Yusuf”,
12/101); “(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi:
“Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun
nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün
ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin
zümrəsinə daxil et!” (Nəml, 27/19) eyni mahiyyətdədir.
Qasas surəsinin “Allahın sənə verdiyindən özünə axirət qazan
(malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O
maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız
yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini
bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et).
Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından
yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə
fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad
törədənləri sevməz!” ayəsində əbədi həyata hazırlıq baxımından
dünyanın əhəmiyyətini vurğuladıqdan sonra insanın dünya həyatından
nəsibini almağı unutmamasının vacibliyi qeyd olunur, müxtəlif
64
ayələrdə də israfçılıq, sui-istifadəyə yol vermədən dünya nemətlərindən
istifadə etmək tələb olunur. Bununla yanaşı, Allah dostlarının, inanan
və şərdən uzaq olan insanların “Bilin ki, Allahın dostlarının heç bir
qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman
gətirmiş və pis əməllərdən çəkinmişlər” (“Yunus”, 10/62-63) ölməklə
Ona qovuşmağın sevincini könüllərində daşıdıqları bildirilir: “(Ya
Rəsulum!) Sən onlara (yəhudilərə) de. ”Əgər (sizin iddianıza görə)
Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə
məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan)
ölüm istəyin!” (Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən
kimsə ona qovuşmağa səbəb olan ölümü mütləq arzulayar)” (“əl-
Bəqərə”, 2/94); “(Ya Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər bütün
insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu
iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm
diləyin! (Çünki Allah dərgahındakı nemətlər, əbədi həyat övliyalara
ancaq öləndən sonra qismət olar”) (“əl-Cümə”, 62/6).
Məhəmməd peyğəmbərin (s) “Allaha qovuşmağı arzulayan
insan ilə Allah da qovuşmaq istər, bunu arzulamayan insanı isə
Allah da istəməz” sözünü eşidən Həzrət Aişənin (r) “heç kim ölmək
istəməz” deməsinə cavab olaraq, Peyğəmbər (s) belə buyurmuşdur:
“Sənin zənn etdiyin kimi deyil. Mömin ölüm yatağındaykən ilahi rıza
və lütfkarlıqla müjdələnər. Onun üçün axirət səfəri qədər sevimli
heçnə yoxdur. Kafir ölüm döşəyində ikən alacağı cəza və əzablı həyat
ona bildirilər. Onun üçün ölüm qədər pis heç nə olmaz. Kafir Allahın
hüzuruna çıxmaq istəmədiyi kimi Allah da onu görmək istəməz”. Bu
hədis Yunus surəsindəki ilahi bəyanın təfsiri mahiyyətindədir.
Qurani-Kərimdə təqva sahiblərinin ruhlarını almaq üçün
65
gələn mələklərin onlara nəzakətlə davranacağı, “Xoş gəlmisiniz”
şəklində salamlayacağı bildirilir: “Mələklər (küfr etməklə, Allaha
şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar
(ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz heç
bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab
verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox
yaxşı bilir!, Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına
(təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə
ar bilənlərin) məskəni necə də pisdir!”, Allahdan qorxub pis
əməllərdən çəkinənlərdən: “Rəbbiniz (öz peyğəmbərinə) nə nazil
etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” –
deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat)
gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır.
Müttəqilərin yurdu necə də gözəldir!, Onlar (ağacları) altında
çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların
istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!,
O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb:
“Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil
olun!” – deyərlər” (“ən-Nəhl”, 16/28-32). Digər bir ayədə isə
Allahı rəb olaraq qəbul edən və həyatlarını “sıratal müstəqim” üzrə
keçirənlərin ölüm anında mələklərin enəcəyindən və onlara müsbət
ifadələrlə uxrəvi müjdələr verəcəyindən bəhs olunur: “Şübhəsiz:
“Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə
(ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın
və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!, Biz dünyada
da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün
nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır., Bağışlayandan, rəhm
66
edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!” (“Fussilət”, 41/30-
32); “Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl
nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan
(Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar., Onlar (Cəhənnəmin)
uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi
(nemətlər) içində əbədi qalacaqlar., Onları ən böyük qorxu
(İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə
atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu
sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər”. (“əl-Ənbiya”,
21/101-103); “Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə
birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan
sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir!,
(Möminlərin) Ona qovuşacaqları gün (Cənnətdə bir-birinə) xeyir-
duaları (və yaAllahın onlara verəcəyi xeyir-dua) “salam”dır! (Allah)
onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat hazırlamışdır”
(“əl-Əhzab”, 33/43-44). Bundan başqa bir çox ayədə iman edib saleh
əməl işləyənlərə heç bir qorxu və üzüntünün gəlməyəcəyi bildirilir.
Qurani-Kərimdə Allah yolunda şəhid olanların ölü hesab
edilməməsi tələb olunur, onlarınAllah qatında ölümdən sonrakı aləmdə
diri olduqları, xoşbəxt həyat sürdükləri bildirilir “Allah yolunda
öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah
dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (“əl-Bəqərə”,
2/154); “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü
zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında
ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən
onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca
gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış)
67
kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-
qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn
nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını
puça çıxarmayacağına görə sevincək olurlar” (“Ali- İmran”, 3/169-
171). Mömin olaraq ölmüş insanların ruhlarının Cənnət baxçalarında
olacaqlarını xəbər verən hədislər də mövcuddur.
Cənazə. Ərəb dilində cənazə və cinazə həm “ölü”, həm də
“tabut” mənasında işlədilir. İslam ədəbiyyatında ölüm döşəyində olan
insana mühtəzar, ölü üçün ümumi hazırlıqlara təchiz, yuyulmasına
qasil, yuyulduqdan sonra kəfənlənməsinə təkfin, tabuta qoyulub
qəbrə qədər daşınmasına təşyi, qəbrə qoyulub basdırılmasına isə dəfn
deyilmişdir.
İslam dininə görə insan kainatın kiçik bir parçası olmasına
baxmayaraq, böyük bir dəyər daşıyır. Qurani-Kərimdə ilk insan Həzrət
Adəmin (ə) Allah tərəfindən yaradılıb Onun ruhundan üfləndiyi,
mələklərin təzim və hörmətini qazandığı ifadə edilməklə yanaşı, Yer
üzündə mövcud olan hər şeyin onun üçün yaradıldığı, hətta göylərdə
və yerdə, yəni kainatda mövcud olan imkanların onun əmrinə verildiyi
bildirilir. Çünki insan duyğu və düşüncə sahibidir, özünü, ətrafını və
yaradanını tanıyan canlıdır. Bu qədər ucaldılan insanın yox olmaması
və fani olmaması vacibdir.
Ölüm maddi şərtlərin əhatə etdiyi fani həyatdan əbədiyyətə keçidi
təmin edən mexanizmdir. Quranda Allah yolunda öldürülənlərin
əslində ölmədikləri, diri olduqları vurğulanmış (“əl-Bəqərə, 2/154;
“Ali-İmran”, 3/169), bundan başqa, Allah və rəsuluna itaət edən,
yəni mömin olan hər kəsin yox olmaqdan xilas olub əbədiləşən
peyğəmbərlər, sadiq bəndələr, şəhidlər, salehlərlə birlikdə olacağı
68
və əbədi səadətə qovuşacaqları xəbər verilmişdir. “Allaha və
Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər
(peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı
dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər
və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar
necə də gözəl yoldaşlardır!” (“ən-Nisa”, 4/69). Buna görə də ölüm
Allah ilə münasibətlərini kəsməyən insanlar üçün səadət, sevinc dolu
yeni və əbədi həyatın başlanğıcıdır. Ölən insan cənazəsinin yuyulması,
bəyaz kəfənə bürünməsi kimi maddi, dəstəmaz aldırılması, namazının
qıldırılması kimi mənəvi təmizliklə yola çıxır. İslama görə, insan
dünya həyatında da, öldükdən sonra da sevgi və hörmətə layiqdir.
Cənazəyə hörməti zədələyə biləcək hərəkətlərdən qaçınılmalıdır.
İslam dininin cənazəyə qarşı göstərdiyi bu qayğının onun yaxınları,
qonşu və dostlarına qarşı da təsəlli edici yönləri vardır. Ölülərə hörmət
göstərmək yaşayanlara qarşı hörmətin başqa bir ifadəsidir.
Əsas fiqh kitablarında Peyğəmbərin (s) sünnəsinə uyğun
təsbit edilmiş qaydaya əsasən, can verən insan mümkünsə üzü qibləyə
gələcək şəkildə sağ yanına çevrilir və ya başı nisbətən qaldırılıb
ayaqları qibləyə doğru arxası üstə uzadılır. Yanında olanlardan
sevdiyi biri yüksək səslə kəlmeyi-şəhadəti söyləyərək, xəstənin
də söyləməsinə kömək etməlidir. Lakin onu buna məcbur etmək
olmaz. Ölüm halındakı xəstənin yanında Yasin surəsinin oxunması
münasibdir. Ruhunu təslim etdikdən sonra ölünün gözləri, ağzı
bağlanır və üzəri örtülür.
Cahiliyyə dövründə mühüm bir şəxs öləndə digər qəbilələrə
xəbərçilər göndərilir və “filankəs öldü, ərəblər məhv oldu” kimi
ifadələrlə ölüm xəbərini vermək, üst-baş yırtılaraq ağlamaq adət
69
halına çevrilmişdi. Peyğəmbər (s) bu cür ölüm elanlarını qadağan
etmişdi. Bunun əksinə, ölən kəsin yaxınları, dostları, qonşularını və
digər müsəlmanları xəbərdar etmək, onların cənazə üçün ediləcək
işlərə qatılmasını təmin etmək üçün xəbər verilməsi tövsiyə edilirdi.
Səbrli, təmkinli davranmaqla yanaşı, həddini aşmadan ağlamağa da
icazə verilirdi.
Ölən insanın borcu varsa, ən qısa zamanda - mümkünsə
cənazə namazı qılınmadan - qalan mallarından ödənməsi və ya
borcuna kiminsə zamin durması, ya da vəsiyyəti varsa, dərhal yerinə
yetirilməsi müstəhəbdir. Peyğəmbərin (s) ölənin borcu varsa, onun
dərhal və ya ən qısa zamanda ödənilməsi ilə bağlı hədisləri bu işin nə
qədər mühüm olduğunu göstərir.
Cənazənin yuyulması fərzi-kifayədir. Ölən kişiləri kişilər,
qadınları isə qadınlar yumalıdır. Döyüşdə şəhid olanlar yuyulmur.
Yanan və ya suda boğulan insanların yuyulduğu zaman bədənində
parçalanma kimi hallar yaranarsa, yuyulmadan sadəcə üzərinə su
tökülür. Bu da zərərlidirsə, o halda təyəmmüm edilməlidir.
Daha sonra ölünün cənazə namazı qılınır. Namazı qıldıran
şəxs biraz öndə, camaat da arxa tərəfdə cərgələr şəklində dayanır.
Cərgələr arasında çox məsafə olması şərt deyildir, çünki cənazə
namazında rükü və səcdə yoxdur. Namazı qılındıqdan sonra cənazəni
dərhal dəfn etmək lazımdır. Əgər dəfn ediləcəyi yer uzaqdırsa, dəfnin
gecikməsi mümkündür.
Qəbir. Ölmüş müsəlmanın cənazəsinin yuyulması, namazının
qılınması, dəfn edilməsi müsəlmanlar üçün fərzi-kifayə olduğu kimi,
cənazənin qəbrə qoyulmasında əməl olunacaq üsul, ədəb, qəbir və
qəbiristanlıqla əlaqəli məsələlər və qəbir ziyarəti kimi əməllər İslam
70
fiqh elmində mühüm yer tutur.
Peyğəmbərin (s) qəbrin geniş, dərin qazılması və səliqəli
düzəldilməsinə dair tövsiyəsi vardır. Cənazə dəfn edildikdən sonra
qəbrin bilinməsi və tapdalanmaması üçün üstü torpaqla bir qarış və ya
bir az daha yüksəldilir. Peyğəmbərin (s) Osman ibn Mazunun qəbri
başına böyük bir daş dikib və “Bununla qardaşımın qəbrin tanıyar
və taparam, ailəmdən ölənləri də onun yanında basdıraram” dediyi
rəvayət edilir. Qəbirlərin itməməsi və kimə aid olduğunun bilinməsi
üçün üzərində adının yazılması uyğundur.
Qəbirlərin xarici görünüşünə gəlincə, qəbir üzərində cah-
cəlallı tikililərin tikilməsi yaxşı əməl hesab edilmir. Bunun əsas
səbəbi tövhid inancının qorunması, göstəriş və israfın qarşısının
alınmasıdır.
Peyğəmbər (s) müsəlmanlara qəbirləri ziyarət edib ölülər üçün
dua və bağışlanma diləmələrini tövsiyə etmişdir. Özü Məkkənin fəthi
zamanı anasının qəbrini ziyarət etmiş, ağlayaraq yanındakıların da
ağlamasına səbəb olmuş, ölümü xatırlatdığı üçün qəbirləri ziyarət
etmələrini söyləmişdir.
Qəbir ziyarəti zamanı həddindən artıq ağlayıb sızlamaq,
fəryad etmək ziyarət ədəbinə uyğun olmayan davranışdır. Cahiliyyə
adətlərindən olan bu şəkildə ağlamağı Peyğəmbər (s) qadağan
etmişdir.
Qəbir ziyarətinin müəyyən bir zamanı yoxdur. Ziyarətçi
qəbiristanlığa çatarkən “əs-səlamu aleykum ya əhli-qubur” (Salam
olsun sizə, ey qəbir əhli) şəklində salam verməlidir. Ziyarətini ayaqüstə
və ya oturaraq edə, üzünü qibləyə və ya ölənin üzünə doğru tutaraq,
Qurandan bildiyi sürə və ayələri oxuya bilər. Peyğəmbərdən (s)
71
edilən rəvayətlərə görə, əsasən Yasin və Fatihə surələrinin oxunması
məsləhət görülmüşdür. Qəbrin ətrafında dönərək, qəbir daşlarını
öpərək, ölüdən bir şey istənməsi kimi davranışlara yol verilməməlidir.
Qəbirlərin bəzədilməsi, üzərində şam yandırılması, türbələrə,
ağaclara parça bağlanması qadağandır. Qəbirlərin yanında
qurban kəsilməsi və ya ölmüş insana qurban deyilməsi də yanlış
davranışlardandır. Belə ki, Peyğəmbər (s) “İslamda qəbirlərə qurban
kəsilməz” buyurmuşdur.
Allahın yaratdıqları arasında insana verdiyi dəyər və ona
hörmət səbəbi ilə qəbirləri qorumaq, təmizləmək, səliqəli şəkildə
nizamlamaq, təmir etmək, dəfn və ziyarət əsnasında qəbirləri
tapdalamamaq, üzərində oturmamaq tələb olunur. Peyğəmbər (s) bu
mövzuda daim diqqətli davranmağı tövsiyə etmiş və özü də hər kəsə
nümunə olmuşdur.
Qəbir əzabının yüngülləşməsinə səbəb olmaq, qəbiristanlıqları
abadlaşdırmaq üçün ağaclar, güllər əkmək sünnədəndir. Qəbiristanlığa
əkilən hər bir ağacın, bitkinin Allahı təsbih etdiyi, bunun da ölüyə
savabının yazıldığı söylənilir.
Təziyə. Ölünün yaxınlarına təziyə etmək yaxşı əməl hesab edilir.
Lüğətdə “birinə səbr diləmək” mənasına gələn “təziyə” yaxını vəfat
etmiş insanları səbr və mətanət göstərməyə çağırmağa, başsağlığı
diləməyə, onları təsəlli edib qəmlərinə şərik olmağa deyilir. Təziyə
kəlməsi Qurani-Kərimdə keçməsə də, hər canlı üçün ölümün qaçınılmaz
olduğunu və hər kəsin Allahın hüzuruna çıxacağını bildirən ayələr
insanları ölüm həqiqətini dərk edib, düzgün həyat yaşamağın və ölümü
normal qarşılamağın vacibliyinə işarət edir. Bəqərə surəsinin 154-156
ayələrində Allahın insanları müxtəlif sıxıntı və itkilərlə imtahan etdiyi,
72
ölümün də bunlardan biri olduğu bildirildikdən sonra bunları səbr və
mətanətlə qarşılayanlar Allahın rəhmət və hidayətilə müjdələnir. Bu
ayələr ölümdən bəhs etdiyi üçün təziyə əsnasında deyilir. Dünyadakı
bütün varlıqların fani və yalnız Allahın baqi olduğunu bildirən ayələr
də “Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq
əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir” (“ər-Rəhman”,
55/26-27) təziyə cümlələrinə ilham qaynağı olmuşdur.
Təziyə kəlməsi bəzi hədislərdə də keçir. Belə ki, Peyğəmbər
(s) “Başına müsibət gələn insana təziyə ziyarəti üçün gələn kimsəyə
müsibətə uğrayan insan qədər savab verilər” buyurmuşdur. Başqa
bir hədisdə ölüm kədərinə görə mömin qardaşına təziyə edən şəxsə
Allahın qiyamət günü hərkəsin qibtə edəcəyi şəkildə gözəl libaslar
geydirəcəyi bildirilir. Bəzi hədislərdə Peyğəmbərin (s) təziyə verməsi
ilə bağlı hadisələr yer alır. Məsələn, qızı Zeynəbi (r) oğlu can verərkən
belə təsəlli edir: “Verən də Allahdır, alan da. Onun qatında hər şeyin
müəyyən vaxtı vardır”.
Peyğəmbərin (s) Muaz ibn Cəbələ uşağı ölərkən yazdığı
rəvayət edilən məktubda canlarımız, mallarımız və ailəmizin Allah
tərəfindən bizə bağışlanmış hədiyyələr, müəyyən müddətədək bizə
verilmiş əmanət olduğunu bildirmiş və Allahın övlad verərək qulunu
sevindirdiyi kimi, onu aldığı zaman qulunu mükafatlandırdığı, belə
hallarda Allahın rəhmətinə, məğfirət və hidayətinə qovuşmaq üçün
səbr etməyin vacibliyi, ağlayıb sızlamanın gedəni qaytarmayacağı
ifadə edilir.
Təziyənin ilk üç gündə edilməsi tövsiyə olunur. Üç gündən sonra
bunu təkrarlamaq məsləhət görülmür. Təziyənin evdə və ya başqa bir
yerdə qəbul edilməsi mümkündür. Lakin təziyənin ölünün dəfnindən
73
sonra edilməsi daha uyğun hesab edilmişdir. Qohum-qonşunun
yemək hazırlayıb cənazə sahiblərinə gətirməsi məsləhət görülmüşdür.
Cənazə sahiblərinin başqalarına yemək hazırlayıb verməsi həm uyğun
olmadığı, həm də cahiliyyə adətlərindən hesab olunduğu üçün məkruh
hesab edilir, hətta haram olduğu haqqında da fikirlər vardır. Cənazədə
iştirak etmək üçün uzaqdan gələn qohum və dostlara yemək vermək
caizdir.
Dəfn zamanı və ya daha sonra ölü üçün pul verilərək Quran
oxunması, xətm edilməsi, müxtəlif gün və il dönümlərində mövludlar
oxunması, yemək süfrəsi açılması bidət hesab edilir. Ölüm münasibətilə
Quran oxumağın oxuyan üçün və ölən şəxs üçün də faydası olacağına
ümid edilir. Lakin bunun başqasının pulu ilə etdirilməsi və Quran
oxuyanların Allah rızası üçün deyil, pul almaq məqsədi güdməsi bu
hərəkəti ibadət olmaqdan çıxardır. Bundan başqa ölünün yeddinci,
qırxıncı və ya əlli ikinci gün kimi günləri haqqında və bu günlərdə
edilən işlər və yemək süfrəsinin açılması barədə heç bir məlumat və
tövsiyə yoxdur.
Ölümün geridə qalanlar üçün üzücü bir hadisə olduğu
şübhəsizdir. Yaxınlarının, dostlarının və yaxşı insanların ölümünə
görə peyğəmbərlər də hüzünlənmişlər. Peyğəmbər (s) əmisi Həmzə
şəhid edilərkən və oğlu İbrahim körpə yaşında ölərkən üzülmüş və
gözləri yaşarmışdır. Bu halına bəzi səhabələrin təəccübləndiyini
görən Peyğəmbər (s) “Bu mərhəmət duyğusudur. Göz yaşarar, qəlb
üzülər, lakin bizim ağzımızdan rəbbimizin rızası əleyhinə söz çıxmaz”
buyurmuşdur. İslam ədəbinə uyğun olmayan davranışlar - ölüm
səbəbi ilə yüksək səslə ağlayıb sızlamaq, fəryad etmək, qara libaslar
geyib yas tutmaq doğru deyildir. Bu cür davranışlar ilahi təqdirlə razı
74
olmamaq, Allahdan şikayətçi olmaq mənasına gəlir və insanları, eləcə
də ölən şəxsləri narahat edir. İman və saleh əməl sahibi insanlar üçün
ölüm ən böyük səadət, imansız insanlar üçün isə ən böyük fəlakətdir.
Geridə qalanların ağlayıb sızlamasına ölənlərin ehtiyacı olmadığı
kimi, digər insanlara da faydası yoxdur.
75
Müsəlman ölkələrində yas mərasimi
Yas mərasimləri insan övladının özü qədər qədim tarixə
malikdir. Bu mərasim dünyada bilinən bütün mədəniyyətlərin
ümumi rituallarından biridir. Böyük fəlakətlər, məğlubiyyətlər,
ölümlər nəticəsində insanlar davranışlarıyla, sözləriylə öz kədərlərini
bu mərasimlər vasitəsilə ifadə etməyə çalışmışlar. Həmin ayinlər
zaman keçdikcə cəmiyyətdə riayət edilməsi vacib olan qayda halına
gəlmişdir. Beləliklə də, bəşər sivilizasiyasının inkişaf tarixi boyunca
dünyanın müxtəlif xalqlarının həyatında yas mərasimləri adət-
ənənəyə çevrilmişdir.
İslama görə, dəfn mərasimindən sonra dünyasını dəyişən
şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi
bəyənilən əməllərdəndir. Dəfndən sonrakı müddət ərzində qonşular
yemək hazırlayaraq, vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin
qanunlarına görə, yas məclisinə başsağlığı vermək məqsədilə
gələnlərin (qonşu, tanış-biliş, qohum-əqrəba) orada yemək yeməyi
deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür.
Dövr keçdikcə və İslam dini daha geniş ərazilərə yayıldıqca dəfn
və dəfndən sonrakı yas mərasimlərində müxtəlif dəyişikliklər baş
vermişdir. Bunlar insanların müxtəlif yerli-milli adət-ənənələrindən,
başqa mədəniyyətlərdən təsirlənməsindən qaynaqlanır.
Bu gün əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin hər
birində dəfndən sonrakı yas mərasimləri İslami qaydalar əsas
götürülməklə keçirilir. Şəriət qayda-qanunları ilə idarə edilən,
teokratik ölkə olan İran İslam Respublikası ilə yanaşı, İslam qayda-
76
qanunlarının dövlət və cəmiyyətə güclü təsiri ilə seçilən Küveyt,
Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Nigeriya, Əfqanıstan,
Liviya, Banqladeş, Pakistan, İndoneziya, Türkiyə, İordaniya, Bəhreyn,
Oman və Yəməndə bütün sosial-ictimai məsələlərdə olduğu kimi, yas
mərasimlərinin keçirilməsində də qanunauyğunluq hökm sürür. Bu
ölkələrdə İslamın təbliğ və təlqin etdiyi kimi yas saxlama müddəti
üç gündür. Bu müddətdən artıq yas saxlamağın haram buyurulduğu
ölkələrdə yas mərasimi ya dünyasını dəyişmiş insanların evlərində,
ya da məscidlərdə keçirilir. Ölən kişinin xanımı dörd ay on gün olan
iddə müddətini (qadın ərindən boşandıqda və ya əri vəfat etdikdə
gözləməli olduğu müddət) saxladıqdan sonra yasdan çıxmalıdır.
Digər teokratik ölkə olan Səudiyyə Ərəbistanında isə dəfndən sonra
ümumiyyətlə heç bir mərasim keçirilmir.
Əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan
qaçınılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara
su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək
bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər
arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır. Vəfat
etmiş şəxsin əşyaları və geyimləri kasıb insanlara verilir ki, bu da
dünyasını dəyişmiş şəxsin o dünyada mükafatlandırılacağı inancı ilə
bağlıdır.
Türkiyə Respublikasında şəxs dünyasını dəyişdikdən sonra ona
cənazə namazı qılınır, dəfn olunur və vəfat edənin ailəsinə əksər
başsağlıqları elə dəfn mərasimi zamanı verilir. Dəfndən sonrakı üç
gün ərzində başsağlığı məqsədi ilə vəfat edən şəxsin evinə baş çəkilir.
Bu zaman gələn şəxslərə xüsusi yemək süfrəsinin açılması kimi adət
mövcud deyildir.
77
İran İslam Respublikasında yas mərasimləri məsciddə, həm də
qabaqcadan elan olunan müəyyən gün və saatda keçirilir. Şəhərin
hər yerində elanlar yazılır, tanışlara xəbər göndərilir və üç-dörd saat
ərzində məsciddə yemək-içməksiz mərasim keçirilir.
Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində
mərhumun dəfnindən sonra ətrafda yaşayan insanlar və qohumlar
mərhumun ailəsinə düyü, yağ və s. göndərirlər və bu yeməkləri
mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər.
Hətta əksər yerlərdə hüzür sahibinə heç bir yemək qayğısına qala
bilmədiyi üçün hazır yeməklər də göndərən olur. Məclislər qurulur,
məclisi aparan din xadimi yuxarı başda əyləşir, Quran tilavət edir
və İslam dini haqqında gələn qonaqlara məlumat verir. Qonaqlar da
ev sahiblərinə başsağlığı verib mərhumun ruhuna Fatihə oxuyurlar.
Suriyada yas mərasimləri zamanı gələn şəxslərə sadəcə qəhvə təklif
olunur. Livanda və İraqda məclisə gələn qonaqlara çay, su və halva
paylanılır.
Göründüyü kimi dünyanın müxtəlif müsəlman ölkələrində yas
mərasimləri İslami qaydalara uyğun olaraq keçirilir. İsrafdan uzaq,
ifratçılığa yol vermədən təziyə saxlanılır. Mərasimlərdə Qurani-
Kərimin qiraəti əsas yer tutur.
Təəssüf ki, ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı
ilə seçilir. Bir ailədən bir nəfər dünyasını dəyişdikdə, onun dəfni ilə
yanaşı, bir sıra yersiz adətlər icra olunmağa başlanılır. Bu ağlasığmaz
adətlər nəinki İslam dinində yoxdur, hətta şəriətlə ziddiyyət təşkil
edir. Bəzən də o adətlər zülm və günah vasitəsinə çevrilir. Əslində
həqiqi İslamla əlaqəsi olmayan “toyu olmamış cavan qız və ya oğlanın
cənazəsi kənarında toy xonçasının düzülməsi, ölənin cənazəsi önündə
78
qoyun və ya qurbanlıq kəsmək, əza əhlinin süfrə açması və camaatın
o məclisdə iştirakı (Halbuki dəfndən sonra üç gün əzaya düşən
ailəyə yemək göndərmək müstəhəbdir və onların yanında, evlərində
yemək məkruhdur), camaatın bir-birinin nəzərlərini çəkmək üçün yas
mərasimlərini dəm-dəstgahlı təşkil etməsi, beləliklə də, qəm-kədər
məclisinin şadlıq-fərəh məclisinə bənzəməsi, qəbirlərin cah-cəlalla
düzəldilməsi və s.” kimi adətlər buna nümunə göstərilə bilər.
Yas mərasimlərində yol verilən hədsiz israfçılıq acınacaqlı haldır.
Qurani-Kərimin “əl-İsra” surəsinin 26-29-cu ayələrində bununla bağlı
buyurulur: “Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda
qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs
yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-
sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə
qarşı nankordur! Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb
israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”. “Əl-
Əraf” surəsinin 31-ci ayəsində də belə buyurulur: “Yeyin-için, ancaq
israf etməyin, çünki (Allah) israf edənləri sevməz”.
Ölü üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyətinə varmaq
lazımdır. Ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri
ehtiva edir. Bu o deməkdir ki, ehsan sadəcə yemək süfrəsindən ibarət
deyildir. Vəfat etmiş yaxını üçün ehsan vermək istəyən şəxs həmin
yemək süfrəsini uşaq və qocalar evində aça bilər. Eyni zamanda,
yemək süfrəsinə xərclənəcək vəsait köməksiz xəstələrin müalicəsi
üçün xərclənə və ya yol çəkilməsi, bulaq tikilməsi kimi xeyriyyə
işlərinə sərf oluna bilər.
Evində hər cür nemətlərin olduğu bir insanın gəlib həmin ehsan
süfrəsində yemək yeməsi ilə ac-susuz, imkansız, kimsəsiz bir insanın
79
yemək yeməsi arasındakı fərq nə qədər böyükdür! Qohum-əqraba
üçün ehsan süfrəsi açmaq əvəzinə, kimsəsiz, ac-susuz insanlara süfrə
açmaq daha faydalı və savab əməldir.
Xəstə olduğu halda imkansızlığına görə müalicə oluna bilməyən
nə qədər insanların dərmanını almaq, müalicəsinə kömək etməklə
necə böyük savab qazanmaq olar!
Valideyn sevgisindən, qayğısından məhrum olmuş nə qədər
uşaqları ziyarət etmək, tələbatlarını təmin etmək, müəyyən yaşa çatdığı
üçün uşaqlar evini tərk etməli olan yetimləri himayəyə götürmək, iş
tapmasında, normal həyat qurmasında köməklik göstərmək nə qədər
böyük savab işdir!
Hər gün övladlarının yolunu gözləyən qocalara baş çəkmək,
onların problemləri ilə maraqlanmaq, xəstə olanların müalicəsini
öhdəsinə götürməkdən böyük savab iş nə ola bilər?!
Saymaqla bitməyən nə qədər xeyir əməllər var. Ehsanı
israfçılıqdan ibarət yemək süfrəsi ilə məhdudlaşdırmaq olmaz.
Əgər yenə də ehsan süfrələri açılacaqsa, heç olmasa, İslama zidd
olmamalıdır.
Yas mərasimləri ilə bağlı bütün İslam alimləri israfdan
uzaq, İslam dininə uyğun mərasimlərin keçirilməsini tövsiyə
etmişdir. İnsanlar da bu tövsiyənin mahiyyətinə varıb, İslama zidd
davranışlarından çəkinməlidirlər.
Yas mərasimlərində Qurani-Kərimin qiraət olunması,
başsağlığına gələnlərə daha çox mənəviyyatı zənginləşdirən, insanlara
İslam dininin əsaslarını öyrədən təbliğatın yer alması, insanları dini
cəhətdən maarifləndirən söhbətlərin aparılması məqsədəuyğundur.
80
Nəticə
“Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini
bölüşməkdən fərəhlənirik”
Mehriban Əliyeva
Ümumiyyətlə, adət və ənənələrdəki varislik xüsusiyyəti hər
bir millətin və xalqın keçmiş mədəni irsinin əbədi qoruyucusuna
çevrilmiş, onların həyatdan və yaddaşlardan silinməsinin qismən də
olsa, qarşısını ala bilmişdir.
Xalqımızın əsrlərdən bəri qoruyub mühafizə etdiyi bir sıra adət və
ənənələr, müxtəlif bayram və mərasimlər bu gün də qorunub saxlanılır.
Milli adət və ənənələrdə mövcud olan varislik xüsusiyyəti bütün yad
quruluşların təzyiqlərinə davam gətirə bilmişdir. Ənənəvilik, milli
dəyərlərdəki varislik xüsusiyyətləri öz mənəvi dəyərini itirməmiş,
bunun da nəticəsində Azərbaycan xalqını milli-mədəni kökündən ayrı
salmaq mümkün olmamışdır.
Mərasimlərimiz də özünəməxsus milli-psixoloji amillərə
söykəndiyinə görə xüsusi dəyişməz qanunlarla idarə olunur. Bu
mərhələ həm də adət və ənənənin qanun şəklinə düşmüş ən emosional
təsir anıdır. Qanuniləşmiş bu emosional vəziyyətə müdaxilə etmək
və ya ona qarşı çıxmaq çox çətindir. Əks-halda mərasim qaydasını
bilə-bilə pozan adam başqa iştirakçıların irad və təzyiqləri ilə
üzləşməli olurlar. Burada varislik prinsipini pozmaq o qədər də asan
deyildir. Xalqımız öz varislik funksiyasını ləyaqətlə yerinə yetirərək
81
əcdadların yaratdıqları bütün mənəvi sərvətləri, xüsusilə, dini-bədii
dəyərləri qoruyub saxlaya bilmişdir.
Zaman keçdikcə, cəmiyyət dəyişdikcə sadəcə din və onun qayda-
qanunları, hökmləri dəyişilməz qalır. Adət-ənənələr, mərasimlər isə
zamanla dəyişir, müasir dövrün tələbinə uyğunlaşır.
Bu gün ənənələrimizi, milli-mənəvi dəyərlərimizi,
mərasimlərimizi qoruyub saxlayarkən, müasir dünyamızı və onun
tələblərini də nəzərə almalıyıq. Ənənəvilik müasirliklə ahəngdə
özünü gücləndirə və davam edə bilər.
Adət-ənənələr və dini mərasimlər üç əsas meyara cavab
verməlidir:
1. İslam
2. Azərbaycan xalqının mədəniyyəti
3. Müasirlik
Dini mərasimlər dinimizi, tariximizi, mədəniyyətimizi,
ənənələrimizi, həyat tərzimizi əks etdirməlidir. Biz sözlə, adət-
ənənələr, mərasimlər İslamın əsl mahiyyətinə, Azərbaycan xalqının
mədəniyyətinə uyğun olmalı və müasir dünyamızla ayaqlaşmalıdır.
82
MÜNDƏRİCAT
Giriş ...................................................................................................4
Mərasim nədir?.................................................................................10
Adət-ənənə, dini mərasim və ayinlərin mahiyyəti............................12
Dini adət-ənənələrin, ayin və mərasimlərin formalaşması...............15
İslamın mərasimlərə və milli adət-ənənələrə münasibəti.................27
Peyğəmbər (s) dövründə dini mərasimlər.........................................30
Bayramlar............................................................................30
Yas mərasimi...........................................................................32
Milli adət-ənənələrimiz və İslam.....................................................34
Ölkəmizdə İslamla bağlı formalaşmış dini mərasimlər....................38
Ramazan bayramı...................................................................40
Qurban bayramı.....................................................................43
Qədr, əhya və digər mübarək gecələr.......................................46
Məhərrəmlik və Aşura mərasimləri..................................................53
Yas mərasimləri................................................................................61
Müsəlman ölkələrində yas mərasimləri............................................76
Nəticə...............................................................................................81
Çapa imzalanmışdır: 01.07.2019
Kağız formatı: 60x90 1/16
Tiraj: 5000