The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-13 02:08:52

Zəvvarlıq və dini turizm-Aqsin

Zəvvarlıq və dini turizm-Aqsin

51

verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimin “Ali-İmran”
surəsinin 97-ci ayəsində Həccin vacib olduğu insanlara belə
buyurulur: “Orada aydın nişanələr – İbrahimin məqamı vardır.
Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır).
Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü
çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların
Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə
(özünə zülm etmiş olar)...”

Çox vaxt dini turizm insanların dini ayinləri yerinə yetirmək
üçün bir yerdən başqa yerə səfəri kimi başa düşülür. Əslində isə
dini turizm daha geniş anlam kəsb edir. Dünya Turizm Təşkilatının
tövsiyələrinə və BMT-nin təyininə görə, Həcc ziyarətinə və
ümumilikdə dini məqsədlərlə bir yerdən başqa yerə getməyin özü
turizmin bir qoludur. Bu səbəbdən də əksər müsəlman ölkələrində
Həcc ziyarəti ilə turizm şirkətləri məşğul olur. Məsələn, Türkiyə,
Pakistan və İranda Həcc ziyarətinin təşkili turizm şirkətlərinin işidir.
Ölkəmizdə isə adətən bu səyahətlər Azərbaycan Respublikasının
dini qurumları ilə (hazırda bu işlə Qafqaz Müsəlmanları İdarəsi
məşğul olur) Səudiyyə Ərəbistanının müvafiq qurumları arasında
əldə olunan razılaşma əsasında həyata keçirilir. Onu da qeyd
edək ki, azərbaycanlı dindarların müqəddəs yerlərə ziyarəti Sovet
dövründə də rəsmi olaraq Zaqafqaziya Müsəlmanları Ruhani
İdarəsinin (indiki Qafqaz Müsəlmanları İdarəsi) beynəlxalq şöbəsi
vasitəsilə təşkil edilirdi. Ölkəmizdə İslam dini yayılmağa başlayan
vaxtlardan Həccə gedən insanlara xüsusi rəğbət olmuşdur.
Hətta insanlarla yanaşı, Məkkəyə gedib-gəlmiş atlar da yüksək

52

qiymətləndirilmiş, xüsusi diqqətə malik olmuşdur. Məsələn,
mərhum professor Vaqif Piriyevin yazdığına görə, təxminən 1690-
cı illərdə Qubanın Buduq kəndinin 3 sakini – Dostağa, Məhəmməd
və Talıb at ilə Məkkəyə ziyarətə gedirlər. Onlar 4 il yarım səfərdə
olur və hər üçü sağ-salamat kəndə qayıdır. Atlardan isə yalnız biri
– Hacı Dostağanın atı bütün çətinliklərə dözərək kəndə gəlib çatır.
Həmin at bir müddət sonra ölür. Hacı Dostağa atını yudurdur,
kəfənlədir və onu kənd qəbiristanlığının bir tərəfində dəfn edir.
Atın dəfnində bütün kənd əhli iştirak edir. Buduqda “Xilğirda
qabır” (azərbaycanca “At qəbri”) adı ilə tanınan həmin qəbrin yeri
indi də məlumdur. Bu qəbir öz sahibi Hacı Dostağanın qəbrindən
bir az aralıdadır. Həmin yerdən indi cığır keçsə də, buduqlular
buranı yenə də buduq dilində “Xilğirda qabır” adlandırırlar. Əlavə
olaraq deyək ki, Buduq kəndində olduğu kimi, Quba rayonunun
Qrız kəndində də at qəbri var. Qrızlı pedaqoq Şahmurad Rəşidov
qeyd edir ki, bu at yeddi dəfə Məkkəyə gedib qayıtdığı üçün öləndə
kəfənlənərək kəndin içərisindəki “Sürümey” düzənliyində dəfn
edilmişdir.

Şovinist ruslar Rusiya İmperiyası tərəfindən işğal edilmiş
Şimali Azərbaycan da daxil olmaqla, digər müsəlman toplumlarına
məxsus olan torpaqlarda “müsəlman” məsələsini onları xristiana
çevirmək yolu ilə həll etmək istəyirdilər. Ona görə də ilk vaxtlarda
ruslar Həcc məsələsi ilə o qədər də maraqlanmırdılar. Lakin bu
sahənin ciddiliyini başa düşdükdən sonra vəziyyət dəyişdi. 1803-
cü ildə Rusiya İmperiyasının qanunvericiliyində Həcc mərasimi
ilə bağlı hüquqi akt qəbul edildi. İmperatorun təsdiq etdiyi həmin

53

qanun ilə Rusiyanın tabeliyinə keçmiş buxaralılara Həcc ziyarətinə
getməyə icazə verilirdi. XIX əsrdə Rusiya İmperiyasında yaşayan
müsəlmanlar Həccə əsasən üç marşrut üzrə gedə bilirdilər: Birinci
marşrut: Zaqafqaziya və İranın şimal hissəsindəki Kirmanşah
məntəqəsi ilə Türkiyənin sərhəd şəhəri olan Hanəkinə çıxır və
oradan da onlar Bağdad istiqamətində hərəkət edirdilər. Burada
şiələrin müqəddəs yerləri sayılan Qəzvin, Kərbəla və Nəcəfi
ziyarət edib, Ərəbistan yarımadasının qumlu səhralarından
keçərək, Məkkə və Mədinəyə çatırdılar. Bu istiqamət üzrə adətən
şiə təriqətinə mənsub müsəlmanlar hərəkət edirdilər. 1917-ci
ildəki Oktyabr inqilabına qədər olan statistik məlumatlarda bu
ziyarətçilərin sayının 12-15 min nəfər olduğu qeyd edilmişdir.
Lakin zəvvarların heç də hamısı Məkkəyə getmirdi. Böyük bir
qrup sadəcə Kərbəlanı ziyarət etdikdən sonra geri qayıdırdı. İkinci
marşrut: Özbəkistandakı Səmərqənd və Buxara şəhərlərindən
Əfqanıstanın Məzari-Şərif, Kabul daha sonra Pişəvər məntəqəsinə
keçməklə Hindistanın Bombey şəhərinə, oradan da dəniz yolu ilə
Ərəbistandakı Ciddəyə çatırdılar. Bu istiqamət üzrə əsasən Orta
Asiyalı müsəlman ziyarətçilər hərəkət edirdilər. Bu onların adət
etdikləri başlıca marşrut idi. Üçüncü marşrut: Qara dənizlə İstanbul
və Süveyş kanalını keçib Ciddəyə gəlmək, oradan da Məkkəyə
getmək idi. Bu istiqamət üzrə isə Rusiya himayəsində olan tatarlar,
sünnülər və qazaxlar gedirdilər.

Çar zamanında Həcc mərasiminin təşkili üçün Rusiya
İmperiyasının Ciddə şəhərində fəaliyyət göstərən konsulluğunun
böyük rolu olmuşdur. Ciddədə Rusiya İmperiyasının ilk konsulu

54

olmuş tatar Şagimurad İbrahimov bu vəzifəyə 1890-cı ildə
imperator tərəfindən təyin edilmişdir. Konsulluğun fəaliyyəti
Birinci Dünya müharibəsinin başlanmasına qədər davam etmiş,
Sovet hakimiyyəti dövründə fəaliyyətini bərpa etmişdir. Belə ki,
1924-cü ildə Sovet hökuməti Hicazla diplomatik əlaqələrini bərpa
etmişdir ki, bundan sonra Ciddədə konsulluq fəaliyyətə başlamışdır.
1926-cı ilin fevralında SSRİ Hicaz krallığını, Nəcd sultanlığını və
ona birləşdirilmiş əraziləri müstəqil dövlət kimi tanımışdır. Bu
tanınmada Ciddədəki sovet konsulu tatar Kərim Həkimovun böyük
rolu olmuşdur. Məhz həmin Kərim Həkimov 1925-ci ildə Məkkəyə
ümrə ziyarətinə getməklə, ilk sovet hacısı titulunu qazanmışdır.
1927-ci ildə isə onillik fasilədən sonra SSRİ-də müsəlmanların
Həcc ziyarətinə getməsinə imkan yaradılır və Odessa dəniz
limanından ziyarətçiləri rəsmən müqəddəs ziyarətgaha daşımağa
başlayırlar. Bu proses 1930-cu illərə qədər, SSRİ özünün cənub
sərhədlərini tam bağlayana kimi davam edir. Belə ki, 1920-ci
illərin sonlarında ölkədə vəziyyət gərginləşir. Sovet İttifaqında
dinə qarşı başlanan mübarizə özünün ilk beynəlxalq əks-sədasını
verir. 1928-ci ildə Səudiyyə Ərəbistanı hakimiyyəti “özünü
müsəlman hesab edən avropalıların” Məkkəyə girişini qadağan
etməklə Ciddədəki Sovet konsulluğu bağlanır. Həmin vaxt orada
fəaliyyət göstərən ikinci sovet konsulu qazax Nazir Turyakulov
leqal olaraq Həcc ziyarətini həyata keçirən sonuncu Sovet
diplomatı olur. Ona SSRİ Xarici İşlər Komissarlığından Kəbəni
ziyarət etmək üçün rəsmi icazə məhz onun israrlı xahişlərindən
sonra verilir. Ziyarətdə olarkən digər ölkələrin müsəlman liderləri

55

və dini qurumların nümayəndələri Turyakulovdan Həccə gələn
sovet müsəlmanlarının niyə son dərəcə az olması barədə soruşurlar.
Ateist rejimli ölkəni təmsil edən kommunist konsul çətin vəziyyətə
düşür. Vəziyyətdən çıxmaq üçün diplomat deyir ki, “Bosfor
və Dardanel boğazları ingilis və fransızların nəzarəti altında
olduğu üçün SSRİ-nin müsəlman əhalisini Həccə göndərmək
imkanı yoxdur”. Bu sadəcə kommunistlərin apardıqları təbliğatın
nəticəsi idi. Əslində isə SSRİ dövründə İttifaq ərazisində yaşayan
müsəlmanlar üçün Həcc ziyarətinə getmək əlçatmaz arzulardan
biri idi. İlk sovet hacılarının sayının elə də çox olmaması məhz
siyasi rejimin ciddi təzyiqlərinin nəticəsi idi. Sovet rəhbərləri İslam
dinini SSRİ-də yaşayan müsəlman xalqları üçün yad ideologiya
olan kommunizmin qarşısında ən böyük maneə sayırdılar. Sovet
dövründə dinə, müqəddəs ziyarətgahlara münasibətin tamam
başqa olması səbəbindən Həcc ziyarətinə yalnız dövlətin icazə
verdiyi insanlar gedə bilərdi. Bu səbəbdən də müqəddəs yerə
getmək hər müsəlmana nəsib olmurdu. 1932-ci ildə Səudiyyə
əmiri Feysəl ibn Əbdüləzizin SSRİ-yə rəsmi səfəri zamanı Stalinə
SSRİ-dən olan müsəlman ziyarətçilərin sayının 10-15 min nəfərə
çatdırılmasını təklif etmişdir. Lakin Sovet hökuməti bu məsələyə
əhəmiyyət verməyərək, bir neçə il sonra, 1938-ci ildə Ciddədə olan
diplomatik missiyanı geri çağırmışdır. Beləliklə də SSRİ-dən olan
müsəlmanlar üçün Həcc ziyarətinin qapıları bağlanmışdır.

Araşdırmalara görə, 1925-1928-ci illərdə Azərbaycandan
ildə təxminən 500-600 nəfər dindar vətəndaş Məkkə, Kərbəla və
Məşhəd şəhərlərindəki müqəddəs yerləri ziyarət etməyə gedərdi.

56

1930-cu illərin ortalarında isə Azərbaycandan bu yerlərə gedən
zəvvarların sayı azalaraq cəmisi 10-15 nəfər təşkil etmişdir.

Sovet vətəndaşlarının Həcc ziyarəti bir də 1945-ci ildə
bərpa edilir. Belə ki, İkinci Dünya müharibəsindən qalib olaraq
çıxan Sovet İttifaqının özünün sosializm ideyalarını Yaxın
Şərq ölkələrinə ixrac etmək məqsədi var idi. Ona görə də SSRİ
müsəlman dövlətləri ilə münasibətlərinə yenidən baxmalı olur.
Avropanın müstəmləkə sistemi altında olan Şərq ölkələrində sovet
təsirinin formalaşdırılması üçün İslam dini faktorundan istifadə
edilməsi qərara alınır. 1945-ci ildə SSRİ-dən olan müfti İşan
Babaxanovun rəhbərliyi atında bir qrup ziyarətçi Həccə aparılır.
Bir sıra araşdırmaçıların rəyinə görə, bu həcc missiyası daha çox
müsəlman Şərqində SSRİ-nin mənfi imicinin dağıdılması üçün
təşkil edilmişdir. Çünki Allahsız rejim kimi dünyada tanınan SSRİ
müharibədən sonra başlanmış yeni dünya düzənində həlledici
qüvvələrdən biri olaraq başa düşürdü ki, müsəlman dünyasında
imicini dəyişdirə bilməsə, bu ölkələrin etimadını qazanmaq
onun üçün xeyli çətin olacaq. Ona görə də Həcc ziyarətindən
sonra zəvvarlar səfər edəcəkləri ərəb ölkələrində SSRİ haqqında
təbliğat aparmalı, Böyük Vətən Müharibəsinin nəticələri haqqında
ərəblərdə Sovet hökumətinin xeyrinə müsbət rəy yaratmalı idilər.

Beləliklə, İşan Babaxanovun rəhbərlik etdiyi sovet dindar
qrupu keçirdiyi görüşlər zamanı Sovet İttifaqında dinlərin təqib
olunmadığını və sərbəst inanc rituallarının həyata keçirildiyini
bəyan edir, Böyük Vətənin imicinin yüksəldilməsi üçün çalışır.
1953-cü ildə sovet vətəndaşlarından ibarət növbəti ziyarət qrupu

57

Məkkə şəhərinə yola düşür. Qrupa bu dəfə artıq vəfat etmiş müfti
İşan Babaxanovun oğlu Ziyəddin Babaxanov rəhbərlik edirdi. Sovet
ziyarətçi qrupu Məkkədə olan zaman Səudiyyə Ərəbistanının kralı
Əbdüləziz ibn Səudla görüşür. İsti qarşılanan sovet hacıları orada
bir sıra görüşlər keçirirlər. Həmin il Babaxanov Misirin paytaxtı
Qahirədə yerləşən Əl-Əzhər Universitetinin rektorundan SSRİ-
dən olan tələbələrin orada təhsil alması üçün razılıq əldə edir.

Qeyd edək ki, Sovet İttifaqı 1945-1990-cı illərdə hər il cəmi 25
nəfəri Həccə göndərmək üçün kvota ala bilmişdi. 250 milyonluq
əhalinin 60 milyonu müsəlman olan ölkə üçün bu həddən artıq az
idi. Ümumilikdə 1945-ci ildən 1990-cı ilədək SSRİ-dən olan 900
nəfər Məkkəyə ziyarətə getmişdir. Həmin illər SSRİ-dəki ruhani
idarələri üçün çox çətin illər idi. Amma buna baxmayaraq, zəvvarlar
əsasən ruhani idarələrin rəhbərləri arasından seçilirdi. Bu səbəbdən
də bəziləri hətta bir neçə dəfə Həccə gedirdi. Məsələn, 1985-ci ilə
qədər Dağıstana ayrılan 3-5 yer böyük hadisə sayılsa da, digər
tərəfdən hansı region nümayəndələrinin bu ziyarətə getmələri ilə
bağlı mübahisələr yaranırdı. Hər kəs hesab edirdi ki, məhz onun
təmsil etdiyi regionun təmsilçisi müqəddəs ziyarətə getməlidir.
Bu işə əsasən Orta Asiya və Qazaxıstanın Ali Ruhani İdarəsi
(SADUM) rəhbərlik edirdi. Əslində isə zəvvarları SSRİ Nazirlər
Kabineti Dini məsələlər üzrə müvafiq qurumu, təhlükəsizlik
orqanları və başqa dövlət qurumları seçirdilər. Zəvvarlar bir qayda
olaraq xarici görkəmlərinə görə yaraşıqlı, intellektual olmalı, şərq
dillərini bilməli idilər. Bir zəvvarın ziyarətə getməsi üçün xərc isə
10 min rubl təşkil etdiyinə görə bu məbləğin əsas hissəsini ruhani

58

idarələr ödəyirdi. Maraqlısı odur ki, bu illər ərzində Həccə gedən
zəvvarlar arasında bir nəfər də geriyə qayıtmayan olmamışdır.
Halbuki xarici ölkələrə qastrollara gedən artistlər arasında belə
hallar tez-tez baş verirdi.

1985-ci ildə SSRİ-də başlanan yenidənqurma siyasəti Həcc
mərasiminə getmək üçün müsəlmanlara yeni imkanlar yaratmışdır.
SSRİ ilə Səudiyyə Ərəbistanı arasında 50 il əvvəl pozulmuş
diplomatik münasibətlərin 1990-cı ildə bərpa olunması, ərəblərin
xarici işlər naziri, şahzadə Səud Feysəlin SSRİ-yə rəsmi səfərə
gəlməsi və həmin səfər zamanı 1991-ci ilin iyulunda SSRİ-dən
1000 və daha çox zəvvarın Həcc ziyarətinə buraxılması barədə
rəsmi razılığın əldə olunmasından sonra dindarlar hacı olmaq üçün
böyük imkan əldə edirlər.

Qeyd edim ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra 1991-ci ilə qədərki müddət ərzində SSRİ-nin bir
hissəsinə çevrilmiş Azərbaycanda da ateizm siyasəti əhalinin dini
biliklərini, namaz, oruc kimi dini ayinləri yerinə yetirmə ənənəsinə
ciddi təsir etmişdir. Yenidənqurma dövründə SSRİ-də dinə olan
münasibətin dəyişilməsi nəticəsində Azərbaycandan da çox sayda
dindar ölkə xaricinə ziyarətə getmək imkanı əldə edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əhali
arasında Məkkə, Mədinə, Məşhəd, Nəcəf və Kərbəlanı ziyarət
etmək istəyən insanların sayı gündən-günə artmış və indi də bu
tendensiya davam etməkdədir. Statistik məlumatlara görə, 1990-cı
ildə SSRİ ərazisindən Həcc ziyarətinə getmiş dindarların ümumi
sayı 1500 nəfərdən bir qədər artıq olub ki, onlardan da 151 nəfəri

59

məhz Azərbaycandan olmuşdur. Bu həmin il idi ki, ilk dəfə olaraq
ölkəmiz SSRİ hökuməti ilə razılaşdırmadan zəvvarlarını xarici
ziyarətə göndərmişdir. Belə ki, 21 iyun 1990-cı ildə Şeyxülislam
Allahşükür Paşazadənin rəhbərliyi ilə bir qrup zəvvar Məkkəyə
getmişdir. Bu ziyarət o dövrün xarici KİV-lərində ciddi təhlil
edilmiş, böyük marağa səbəb olmuşdur. Həmin səfər zamanı
Allahşükür Paşazadəyə yalnız yüksək nüfuz sahiblərinə və İslam
liderlərinə göstərilən xüsusi ehtiram nümayiş etdirilir və o,
Məkkədə Kəbə evinin içərisinə daxil olur.

1990-cı ildən etibarən Azərbaycan mütəmadi şəkildə Həcc
ziyarətinə zəvvar göndərməyə başlayır. Təbii ki, bu səfərlərdə
Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Allahşükür Paşazadənin
İslam dünyasında olan nüfuzu böyük rol oynayır və bu nüfuz
daha da artır. Qeyd edək ki, 2017-ci ildə Həcc ziyarəti üçün
Azərbaycana 600 nəfərlik kvota ayrıldığı halda, müraciətlərin
çoxluğu nəzərə alınaraq bu rəqəm 900-ə qaldırılmışdır. Həmin
il Həcc ziyarətinə getməyin qiyməti 3850 ABŞ dolları həcmində
müəyyən olunmuşdur. 2018-ci il üçün isə Həcc ziyarəti ilə bağlı
Azərbaycana ayrılan kvota 1200-ə qaldırılmışdır.

Ölkəmizdəki şiə məzhəbli müsəlmanlar Məkkə və Mədinədən
başqa Kərbəla, Məşhəd, Nəcəf kimi yerləri ona görə ziyarət edirlər
ki, bu müsəlmanların özlərinə örnək saydığı 12 imamdan 6-sının
qəbri İraqda, 4-ünün qəbri Səudiyyə Ərəbistanında, 1-i isə İran
ərazisindədir. Sonuncu İmam Mehdi Sahib əz-Zamanın isə qeybə
çəkildiyinə inanılır. İmamların dəfn edildiyi müqəddəs şəhərlərlə
bağlı məlumat aşağıdakı kimidir:

60

Birinci İmam Həzrət Əli – Nəcəf (İraq); İkinci İmam Həsən –
Mədinə (Səudiyyə Ərəbistanı); Üçüncü İmam Hüseyn – Kərbəla
(İraq); Dördüncü İmam Səccad – Mədinə (Səudiyyə Ərəbistanı);
Beşinci İmam Məhəmməd Baqir – Mədinə (Səudiyyə Ərəbistanı);
Altıncı İmam Cəfər Sadiq – Mədinə (Səudiyyə Ərəbistanı);
Yeddinci İmam Müseyi Kazım – Bağdad (İraq); Səkkizinci İmam
Rza – Məşhəd, (İran); Doqquzuncu İmam Cavad – Kazimeyn
(İraq); Onuncu İmam Əliyən-Nəqi – Samirə (İraq); On birinci
İmam Həsən Əsgəri – Samirə (İraq).

Qeyd edilən məkanlar içərisində ən çox ziyarət olunan
3-cü şiə imamı Hüseynin dəfn edildiyi İraqdakı Kərbəla şəhəri
digərlərindən seçilir. Hər il milyonlarla şiə məzhəbli müsəlman
Kərbəlaya Ərbəin (İmam və tərəfdarlarının şəhid edildikləri 40-cı
gün) ziyarətinə gedir. Ərbəin ziyarəti şiə müsəlmanların ən kütləvi
ziyarət mərasimidir. Ziyarətçilərin içərisində minlərlə, hətta son
illərdə onminlərlə azərbaycanlı zəvvar da olur. Bu isə Həcc ziyarəti
ilə müqayisədə dəfələrlə çoxdur. Bunun da əsas səbəblərindən
biri Azərbaycanın ənənəvi şiə əhalisinin çoxluq təşkil etdiyi
ölkə olması, digəri isə Həcclə müqayisədə qiymətlərin çox ucuz
olması, İran və İraqa ziyarətlərin daha az məhdudiyyətli, sərbəst
və kvotanın olmamasıdır. Həmçinin Səudiyyə Ərəbistanına viza
almağın çətinliyinə baxdıqda, İraqa viza almağın çətin olmaması,
vətəndaşlarımızdan İrana getmək üçün isə viza tələbinin olmaması
da zəvvarların sayının çoxalmasına şərait yaradır.

Digər müsəlmanlar kimi şiə məzhəbli müsəlmanlarımız da
SSRİ dövründə xaricə ziyarətə getməklə bağlı ciddi maneələrlə,

61

hətta uzun müddət tam məhdudiyyətlərlə qarşılaşmışlar.
Müstəqilliyimizin bərpasından sonra bu maneələr aradan qalxsa
da, Körfəz müharibəsi səbəbindən 1991-ci ildə İraqa kütləvi
ziyarətlər baş tutmamış, amma sonrakı illərdə vəziyyət nisbətən
sabitləşdiyi üçün ziyarətçilərimizin sayı tədricən artmağa
başlamışdır. 1990-cı illərin ortalarından etibarən 2003-cü ilə qədər
Qafqaz Müsəlmanları İdarəsinin avtobuslarla təşkil etdiyi Həcc
səfərləri İraq ərazisindən Səudiyyə Ərəbistanına keçməklə həyata
keçirildiyindən, azərbaycanlı şiə zəvvarlar yolüstü Kərbəla və
Nəcəfi də ziyarət etmək imkanı əldə edirlər.

2003-cü ildə ABŞ və onun müttəfiqlərinin Səddam Hüseyn
rejimini devirmək məqsədi ilə İraqa hərbi müdaxiləsi nəticəsində
başlayan İraq müharibəsi, həmçinin müqəddəs məkanlarda
şiələrə qarşı həyata keçirilən terror hadisələri azərbaycanlıların
Həcc marşrutunu İraqdan Suriyaya dəyişməsinə səbəb olmuşdur.
Beləliklə, Azərbaycandan Kərbəlaya kütləvi ziyarət bir neçə
illiyə yenidən dayanır. Ancaq 2005-ci ildə iranlılara qoşulan az
sayda azərbaycanlı zəvvarların səfəri ilə İraqa ziyarətlər yenidən
bərpa olunmuşdur. 2006-cı ildən isə Azərbaycandan müstəqil
zəvvar qrupları da İraqın müqəddəs şiə məkanlarına aparılmağa
başlanmışdır.

Azərbaycanlı zəvvarların xarici səfərləri ilə bağlı bir maraqlı
faktı da xatırlamaq yerinə düşərdi. Belə ki, tarix boyu ölkəmizdən
gedən zəvvarların xarici səfərləri heç də ziyarət məqsədli olmamış,
bəzi zəvvarlarımız dini yaymaq məqsədli fəaliyyət göstərərək,
öz inancları ilə başqa xalqları da tanış etmişlər. Məsələn, 2017-

62

ci ildə İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Hüsnan Bəy Fanani müsahibələrinin birində
bildirmişdir ki, İndoneziyaya İslam Azərbaycandan gəlib. Sitat:
“Azərbaycanın görkəmli nümayəndələrindən biri də Mövlanə
İbrahim Maliki olub. Bizim ölkəmizdə Mövlanə İbrahimi çox
yaxşı tanıyırlar. İndoneziyalılar onun qafqazlı, Azərbaycan
torpaqlarından olduğunu bilirlər. O, Səmərqənddə dini təhsil
aldıqdan sonra İndoneziyaya gələrək burada İslam dinini yaymağa
başlayıb. İndoneziyada onu Şeyx Mövlanə Malik İbrahim əs
Səmərqəndi və yaxud da Sunam Qirsik deyə tanıyırlar. Onun gəlişi
ilə İndoneziyada məhz XIII-XIV əsrlərdə İslam dini formalaşmağa
başlayıb”. Təkcə bu fakt bir daha təsdiqləyir ki, tarix boyu
azərbaycanlı zəvvarlar digər ölkə və xalqlarla mədəniyyətlərarası
münasibətlərin inkişafında əhəmiyyətli rol oynamışlar.

63

Azərbaycanın pir və ziyarətgahları

Təzəpir
Təzəpir məscidi Abşeron ərazisində yerləşən ziyarətgah
timsallı memarlıq abidəsidir. Bu abidə təkcə Azərbaycanın deyil,
bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları
İdarəsi burada yerləşir.
Ziyarətgahın tarixi XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar
təsdiq edirlər ki, məscidin dərin süxur qatları altında mövcud
olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid
Abdullaya məxsus olub. Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin
ortalarına qədər “Xəlfədam” adı ilə tanınırdı. Hazırda isə bu yer
Təzəpir məscidinin yerləşdiyi ərazidir. Zaman keçdikcə Əbu Seyid
Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə
böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan
verməyiblər.
Ziyarətgah zaman-zaman Bakı əsilzadələri tərəfindən təmir
olunmuşdur. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın
kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirmişdir. İbadətgahın
əsl tikintisi isə XX əsrin əvvəllərində başlamışdır. Belə ki, məscidin
əsaslı bərpasından təxminən 90 il sonra zəngin möminlərdən sayılan
Nabat xanım Xocabəy qızı Aşurbəyli Rzayeva birmərtəbəli məscid
binasının yerində yeni ibadətgahın tikintisinə qərar vermişdir. Seyid
Yəhya Bakuvinin nəslindən olan bu qadın sonuncu zinət əşyasına
qədər sataraq, binanı inşa etdirmişdir. Türbə üzərində yeni məscid

64

tikildiyinə görə xalq arasında bu günə qədər bu tikili Təzəpir
məscidi adlanır. Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə
Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə
tikilmişdir. Məscid 2007-2009-cu illərdə əsaslı şəkildə yenidən
təmir olunmuşdur.

Bibiheybət
Burada şiəlikdə VII imam olan İmam Kazımın qızı Həzrəti
Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı
yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II
Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında
tarixi faktlar yazılan kitabə yerləşir. Kitabədə qeyd edilmişdir
ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn
Səyiddir. Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov
da bu kitabə haqqında yazmışlar. VII İmam Museyi-Kazımın (ə)
qızlarından Həzrəti Həkimə xanım Bibiheybətdə, Həzrəti Məsumə
xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının
Nardaran, Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilmişdir.
1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç
vaxt ailə həyatı qurmamış, bütün ömrünü qardaşı uşaqlarına həsr
etmişdir. Məscidin adını eşidəndə hamıya maraqlı gəlir ki, bura
niyə məhz «Bibiheybət” adlanır. Düşmənlərinə xəbər çatmasın
deyə, Hacı Bədir Həzrəti Həkimə xanımın əsl adını gizlədir, ona
«bibi” deyə müraciət edir. «Bibiheybət”, yəni «Heybətin bibisi”
deməkdir. O, imamın nəvələrini və Həzrəti Həkimə xanımı bütün
qalmaqal, dedi-qodu, təqib və zülmlərdən qorumağı bacarır. Hacı

65

Bədir öz arzusu ilə xanımın məzarının ayaq tərəfində və hündürlük
baxımından aşağı səviyyədə dəfn edilmişdir. Bu, onun Həzrəti
Həkimə xanıma olan hörmət və sayğısından irəli gəlir.

Əshabi-Kəhf
Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə
Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-
kəhf ərəb dilində “mağara adamları” deməkdir. Eyniadlı yerin
Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim
dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Quranın
“Kəhf” (“Mağara”) surəsində əksini tapmış əfsanəyə görə, Allaha
inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə
mağarada gizlənmişlər. Allah onları uzunmüddətli dərin yuxuya
vermiş, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə
yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan
ərazisində yayılmış əfsanə də təqribən eyni məzmundadır.
Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün
şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid
tikilmiş, kitabə qoyulmuşdur.

Mirmövsüm ağa ziyarətgahı
Mirmövsüm ağa ziyarətgahı Bakı şəhərinin Şüvəlan qəsəbəsində
yerləşir. Bu şəxsin əsl adı və soyadı Mirböyük Ağa Mirabutalıb
oğlu Mirmövsümzadədir. Atası Mirabutalıbın soy-kökü VII imam
Museyi-Kazıma (ə) bağlanır. Ulu babaları Kərbəlada doğulmuşdur.
XIX əsrin axırlarında Mirabutalıb ağa Azərbaycana köçmüşdür.

66

Ağanın 3 oğlu və 3 qızı olmuşdur. Oğullarından Mirmövsüm ağa
1883-cü ildə İçərişəhərdə anadan olmuşdur. Ağa xəstə olduğu
üçün bacısı Qönçə-Səkinə xanım ailə həyatı qurmamış, ömrü boyu
qardaşına xidmət etmişdir. Məhz bacısının vəfatına dözə bilməyən
Mirmövsüm ağa da az müddətdən sonra, 1950-ci ildə haqq
dünyasına qovuşmuşdur. Günümüzdə möhtəşəm ziyarətgahlardan
olan Mirmövsüm ağa ziyarətgahı zəvvarların pənah apardığı ən
müqəddəs yerlərdən biridir.

Gəncə imamzadəsi
İmamzadə, yaxud Göy imam türbəsi VIII əsrə aid tarixi
abidədir. Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən
biri xalq arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi
tanınan İmamzadə kompleksidir. Abidənin xalq arasında bu cür
adlandırılması kompleksə daxil olan binalar içərisində əsas yer
tutan türbə binası günbəzinin göy kaşı örtüyü ilə əlaqədardır.
Kompleksin özəyini təşkil edən həmin tikili əsas bina olmaqla
bərabər, onun ən qədim hissəsidir. Hazırda aşağı kub hissədən və
hündür boyun üstündə yüksələn günbəzdən ibarət olan bu bina,
şübhəsiz ki, vaxtilə daha böyük ərazini əhatə etmişdir. Türbə
sonralar (ehtimal ki, XVII əsrdə) bir ziyarətgah şəklini almış və
onun ətrafında dini mahiyyət daşıyan binalar inşa edilmişdir.

Bərdə imamzadəsi
Bərdə şəhərində yerləşən İmamzadə ziyarətgahında İmam Cəfəri
Sadiqin (ə) qız nəvəsi uyuyur. O dövrlərdə Əbbasi xəlifələrinin

67

Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən Şahzadə
İsmayıl Azərbaycan torpağına sığınır. Azərbaycanın qədim
şəhərlərindən biri olan Bərdə Şahzadə İsmayılın məskunlaşdığı
yer olur. O ömrünün sonuna kimi bu torpaqda yaşayıb dünyasını
dəyişir. XII əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət
etdiyini görür. Maraqlananda ona bildirirlər ki, burada İmam
Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub. Tacir
öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah
tikdirir. Ensiklopediyada bu ziyarətgah “Tacir İbrahim” adı ilə qeyd
edilmişdir. 1868-ci ildə İmamzadə türbəsinin 4 minarəsi Memar
Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunmuşdur.

“Xızır-zində” baba ziyarətgahı
Bu ziyarətgah Siyəzən rayonu yaxınlığındakı uca bir dağın
başında yerləşir. Bu dağ 124 min peyğəmbərdən biri - Xızır-zində
babanın qədəmgahıdır.
Həzrəti Babadağ ziyarətgahı uca bir zirvə olub, hündürlüyü
3629 metrdir. Bu dağın şimal hissəsi Quba zonasına, cənub hissəsi
isə İsmayıllı zonasına düşür. Həzrəti Babadağ ziyarətgahına
zəvvarların gəlişi hər il iyul ayından başlayaraq avqust ayının
axırlarına kimi davam edir.

“Şeyx Cüneyd” piri
Müstəqil Səfəvi dövlətini yaratmaq istəyən Şeyx Cüneyd
Şirvanşah I Xəlilullaha məğlub olaraq 1460-cı ildə vəfat etmişdir.
Onun məzarı Qusar rayonunun Həzrə kəndində yerləşən pirdədir.

68

Kəndin adı böyük ehtimalla Şeyx Cüneydin “Həzrət” ləqəbi ilə
bağlı meydana gəlmişdir. Ərdəbil hakimi Sultan Şeyx Cüneyd
Səfəvinin türbəsi (1544-1545-ci ildə) I Şah Təhmasibin əmri ilə
onun vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Xacə Ziyaəddin
Nizamül-Mülkün oğlu Ağa Məhəmməd tərəfindən tikdirilmişdir.
Düzbucaqlı plana malik türbə bişmiş kərpicdən inşa edilmişdir.
Şeyx Cüneydin məzarı üstündə çərçivə içərisinə alınmış bərk
ağacdan düzəldilmiş sənduqə vardır. Türbənin üzəri böyük
günbəzlə örtülmüşdür. Türbənin qərb qapısında yeddi sətirlik ərəb
dilində nəsx xətti ilə yazılmış kitabə mövcuddur.

“Soltan Baba” piri
Bu abidə Şabran rayonunun Uqah kəndindədir. Vaxtilə bu
tikilinin çəkilmiş fotoşəkilindən məlum olmuşdur ki, əvvəllər,
qeyd olunan pirin qapısının üzərində ərəbcə süls xətti ilə kitabə
olmuşdur. Kitabədən burada sufiliyi təbliğ edən cəmiyyətin şeyxi
Əbu Bəkrin məqbərəsi yerləşdiyi bilinmişdir. Oradakı türbə Sultan
Fərruxzad ibnAxsitanın zamanında Nasirin oğlu Nəcəf Məhəmməd
tərəfindən (1197-1198-ci il) inşa etdirilmişdir.

“Seyid Əhməd” piri
Seyid Əhməd piri Lənkəran-Astara şose yolunun sağ tərəfində
yerləşən meşəlikdəki Maşxan kəndinin qəbiristanlığındadır.
Məqbərə Sultan Əhməd ibn Kərimə (1471-1472-ci il) məxsusdur.
“Maşxan” sözünün “biz şeyxlər” mənasında işləndiyi üçün kəndin
adının buradakı şeyxlərlə əlaqədar meydana gəldiyi güman edilir.

69

“Babadilim” piri
Quba şəhərinin Hapıt kəndində olan bu zaviyə binasının
üzərindəki mövcud kitabələrdən bəlli olmuşdur ki, burada Şeyx
Kamil, Şeyxzadə, Şeyx Mir Hacı, Şeyx Səid, Şeyx Cami, Şeyx
Tahir, Şeyx Camal, Şeyx Rəhim, Şeyx Ağa, Mir Məhəmməd,
Şeyx Şirzad, Şeyx Arif Nurunun oğlu ibn Məhəmməd, Fətəlixan,
ustadları Cəfər və şamaxılı Haşim fəaliyyət göstərmişlər. Sufilik
mərkəzi kimi fəaliyyət göstərən zaviyənin X-XI əsrlərdə inşa
edildiyi ehtimal olunur.

“Əlibaba” piri
Bakının 50 km-də, Xəzərin şərq sahilində, Türkan
qəsəbəsindəki köhnə qəbiristanlıqda yerləşir. Türbədəki qəbirin
kitabəsində mərhumun adı pozulduğuna baxmayaraq, əhali
arasında burada xalq yolunda şəhid düşmüş Əlibaba adlı şəxsin
dəfn olunduğu söylənilir. Qəbri ziyarətgaha çevrilmiş bu insanın
XIII əsrdə yaşadığı güman edilir.

“Qara paltar” piri
Buzovna qəsəbəsinin Nazranlı məhəlləsindəki Qara paltar piri
nəsrani Bəhramə Səmavərzinin adı ilə bağlıdır. O, 1306-cı ildə
vəfat etmişdir. Buna bənzər abidələr Abşeronun Yeni Suraxanı və
Şağan kəndlərində də vardır. Şağan kəndində yerləşən türbə Bulqaq
(Əbul-həqq) bin Bulqərara məxsusdur. Suraxanıdakı türbənin bəzi
yazıları köhnələrək silindiyindən bu qəbirin hicri təqvimilə 803-
cü ildə vəfat etmiş Gərşivəzin oğluna aid olduğu haqda məhdud

70
məlumat bilinməkdədir. Həmin abidələrin xaçpərəst xristianlara
məxsus olduğu ehtimal edilir. Şağan türbəsinin içərisindəki daşlar
görünməsin deyə, tikilinin qapısı daşla hörülmüşdür. Buzovnadakı
türbənin içərisindəki xaçlar isə suvaqla örtülmüşdür. Adı çəkilən
abidələr tarixi yöndən böyük əhəmiyyətə malikdir. Belə ki, Alban
xaçı Qafqazda ən qədim hesab olunur.

“Xanağa” piri
Naxçıvanın Ordubad şəhərinin Xanağa kəndindədir. Pir
binasının divarındakı kitabələrdən burada Seyid Həmid oğlu Seyid
Tahirin və Şeyx Nurəddinin oğlu Şeyx İslamın qəbirlərinin olduğu
bilinir. Tədqiqatlar nəticəsində pirin yerində daha öncə xanəgahın
(şeyxlərin, dərvişlərin ibadət etdikləri yer) yerləşdiyi zənn edilir.
Kəndin adının da məhz xanəgahlarla əlaqədar meydana gəldiyi
güman edilir.

“Düylün” piri
Üzərində yazılı kitabəsi olmadığı üçün Ordubadın Düylün
kəndindəki pirin tarixi və burada dəfn olunanın kimliyi barədə
dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Lakin onun sufi
təriqətinə məxsus və XIV əsrdən əvvəlki tarixə aid olması ehtimal
edilir.

“Seyid Camaləddin” piri
Lənkəran-Astara şose yolunun üstündə Pensər (Butasar)
kəndi qəbiristanlığında yerləşən pir, Şeyx Səfi Ərdəbilinin

71

ustadı Tacəddin İbrahimin (Şeyx Zahidin) mürşidi Eynəzzaman
Camaləddin Gilinin adı ilə bağlıdır. Butəsər mahalının Malvan
kəndindən olan Seyid Camaləddin ömrünün çox hissəsini Astarada
yaşayaraq, sufiliyi təbliğ etmişdir.

“Babagil” piri
Vaxtilə Gilandan Astaraya gələrək, Asnaqaran (Dəmirçilər)
kəndində məskunlaşmış Sultan babanın adı ilə bağlıdır. Onun
ləqəblərindən biri talışca “Asnaqaran”, farsca “Аһəngəran”
olmuşdur. “Babagil” sözünün mənası isə yerli əhalinin dediyinə
görə, “Gilanlı baba” deməkdir. Sufi şeyxinin əsl adı bəlli deyil.
Onun XI əsrdə yaşadığı ehtimal edilir.

“Aza” piri
Ordubadın Aza kəndində yerləşir. Pirin tədqiqi vaxtilə burada
mövcud olmuş, XI-XII əsrlərdə Yaxın və Orta Şərqdə məşhur olan
Aza şəhərinin yerinin təsbit edilməsində mühüm rol oynamışdır.
Orta əsrlərdə bu şəhər sənətkarlıq, ticarət, üzümçülük və
şərabçılığı ilə tanınmışdır. Adıçəkilən şəhərin monqol hücumları
zamanı tənəzzül etdiyi güman edilir. Aza pirində qəbri ziyarətgaha
çevrilmiş Mövlana Şəmsəddin Məhəmməd dəfn edilmişdir (h.892-
ci il, m.1487-ci il). Pirin ətrafında qoyun formasında üç qəbirüstü
daş mövcuddur. Bunlardan ikisinin kitabəsi yoxdur. Üçüncü
kitabədən isə buradakı məzarın Səfər adlı şəxsə aid olduğu bilinir.

72

“Diribaba” piri
Adıçəkilən pir Mərəzə ərazisindəki bir qayalıqda mağaranın
içindədir. Diribaba Şirvanşah Şeyx İbrahimin müridi olmuş və
şeyx kimi fəaliyyət göstərmişdir. Rəvayətə görə, Diribaba Seyid
İbrahimin tövsiyəsilə daim dizi üstə oturub, Allaha dua etdiyindən,
onu ziyarət edənlərin təsəvvüründə belə qalmış və bununla əlaqədar
olaraq, pir “Diribaba” adlandırılmışdır.

“Həzrəti Şeyx Mənsur” piri
Qəbələnin Həzrə kəndində yerləşir. Buradakı abidələr XIV-
XVI əsrlərə aiddir. Şeyx Mənsur Şirvanşah I Şeyx İbrahimin
dövründə (1382-1417-ci il) yaşamışdır. Həzrət türbələrinin tədqiqi
nəticəsində bu abidələrin Şirvan-Abşeron memarlığı məktəbinə
aid Şamaxı ustalarının inşası olduğu aşkar edilmişdir.

“Dədəgünəş” piri
Şamaxının Dədəgünəş kəndinin meşəliyində yerləşir. Yerli
əhali buradakı məqbərəni “Piri Sultan Dədəgünəş” adlandırmışlar.
“Dədəgünəş” XII əsrdə yaşamış alim, təbib və filosof Kafiəddin
Ömər ibn Osmanın ləqəbidir. Rəvayətə görə, Dədəgünəş kəndinin
yaxınlığındakı Məlhəm kəndində vaxtilə müalicəvi xüsusiyyətlərə
malik kükürdlü su və palçıq yataqları olmuşdur. Dədəgünəş
insanları bu məlhəmlər vasitəsilə müalicə etdiyindən, ona “уеrin
və göyün günəşi” adı verilmişdir.

73
“Ağbil” piri
Qubanın Ağbil kəndindəki qəbirstanlıqdadır. Şirvanşah II
Xəlilullah vaxtında yaşamış Şeyx Məzyədin, Şeyx Bayazidin, sufi
Rəfiəddin və şəhid Şah Muradın burada dini fəaliyyət göstərdiyi
kitabələrdən aydın olmuşdur. “Şeyx Məzyəd” türbəsi sufi
Rəfiəddinin oğlu Şeyx Məzyədin qəbiri üzərində (h. 940-cu il / m.
1533-1534-ci il) inşa edilmişdir.

“Sofi Həmid” piri abidələr kompleksi
Şirvan şəhəri ərazisindədir. Buradakı türbənin XIV əsrdən
əvvəl tikildiyi ehtimal edilir. Sofi Həmidin Bektaşiyyə təriqətinin
qollarından birinin şeyxi olmuşdur. Türbə qarşısında Sofi Həmidin
bir neçə müridinin abidələri də mövcuddur.

“Şeyx Baba” piri
Qəbələ şəhərinin Həmzəli kəndindədir. Pirdəki məqbərə
Seyid Şeyx Məhəmmədə aiddir. Şeyxin vəfatı və pirin inşa tarixi
haqqında dəqiq məlumat yoxdur. Türbənin ətrafında XV-XVI əsrə
aid sənduqə formalı xatirə abidələri vardır. Məqbərə dini, sosial-
iqtisadi, siyasi mərkəz kimi XIV əsrin əvvəllərindən başlayaraq
fəaliyyət göstərmişdir.

“Babaratma” piri
Şəki şəhəri Babaratma kəndindəki eyniadlı pir kompleksinə
məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə
binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir

74

Seyid Hacı Ağa Məhəmmədindir (h. 1005-ci il / m. 1596-1597-ci
il). Onun ulu babalarından birinin adı Seyid Şeyx Dədə Mürsəl
Şeyx Babarta idi. “Babarta” “Baba ribat” sözünün təhrif olunmuş
şəklidir. Mənası “хаnəgаһ şeyxi” deməkdir.

“Şeyx Yusif” piri
Yevlaxın Ərəbbəsrə kəndində yerləşən pirdə Mövlana Yusif
Əfəndi ibn Məhəmməd ibn Yusif əl-Bəsrəi (h.1324-ci il / m. 1906-ci
il) dəfn edilmişdir. Hacı Şeyx Yusif padar Hacı Əli Babanın müridi,
o isə dərviş Evliya Həvinin müridi, sonuncu da öz növbəsində
Hacı İsmayıl Siracəddin Şirvaninin müridi olmuşdur. Şeyx İsmayıl
XIX əsrdə Dağıstanda Çar Rusiyasının müstəmləkəçilik siyasətinə
qarşı çevrilmiş xalq hərəkatına başçılıq etmiş, Şeyx Şamilin
mürşidi olmuşdur.

“Piri Mərdəkan”
Şamaxının cənubi-şərqindəki Göylər kəndində, qədim Şamaxı-
Cavad-Ərdəbil yolu üzərində xalq arasında “Piri Mərdəkan” adı
ilə tanınan dini abidə kompleksi vardır. Buradakı Şeyx Tair Tac
əl-Hüda Mədakani ibn Əlinin dəfn olunduğu türbə (h.600-cü il /
m.1203-1204-cü il) Şirvanşah III Mənuçöhrün oğlu Fərruxzadın
əmri ilə inşa edilmişdir. Bir müddətdən sonra şeyxin və türbənin adı
təhrif olunaraq “Mədakani” sözü “Mərdəkan” şəklinə salınmışdır.
“Mədək” Cənubi Azərbaycanda, Həsənəbadın 27 km. cənub-
şərqində yer adıdır.

75

Naxçıvan və dini turizm

Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyəti və tarixi
abidələridir. Bu cəhətdən Naxçıvan ərazisi xüsusilə diqqəti cəlb
edir. Belə ki, qədim diyarda hər addımda ilk insanların yaşadıqları
mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti
qalıqlarına, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, daş
qoç heykəllərinə, türbələrə, bir sözlə nadir maddi-mədəniyyət
nümunələrinə rast gəlmək mümkündür. Naxçıvandakı qazma,
Əshabi-Kəhf və Kilit mağaraları daş dövrü mədəniyyətini hələ də
yaşatmaqdadır. E.ə. III minilliyin sonu II minilliyin əvvəllərində
Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Çovurqala kimi
qala şəhər mədəniyyətləri yaranmışdır. Gəmiqaya qayaüstü
rəsmləri e.ə.IV-I minilliklərdə xalqımızın bədii təfəkkürünü, adət-
ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini
əks etdirən qiymətli təsvirlər qalereyasıdır.

Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm
əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ
müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir
(“Bibqətəl” piri kimi). Gəmiqayanın adı Nuh əfsanəsi ilə bağlıdır.
Şiş qayalıq zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ
uzaqdan mavi səma fonunda, bir növ ümmana baş vurub üzən
nəhəng gəmiyə bənzəyir.

Naxçıvan şəhərində, həmçinin İmamzadə məscid və məqbərə
kompleksi (XII-XIII əsrlər), XIX əsrdə tikilmiş Cümə məscidi,
Zəviyyə məscidi (XIX əsr), Pir-qəmiş məscidi, Yusif Hüseyn

76

oğlunun türbəsi (1162), Möminə Xatun türbəsi (1186) və başqa
ziyarətgahlar mövcuddur.

Ordubaddakı Cümə məscidi orta əsrlərə aid memarlıq
abidəsidir. Şəhərin mərkəzi meydanının ən hündür yerində ucalan
məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bundan başqa, XVIII
əsrə aid məscidlər, o cümlədən Dilbər məscidi, XIX əsrə aid
məscidlər mövcuddur.

Culfa rayonu ərazisindəki Gülüstan kəndi yaxınlığında kiçik
yaşıl vadidə yerləşən Gülüstan məqbərəsi XIII əsrə aiddir. Dər
kəndi yaxınlığındakı düzənlikdə üç kiçik məqbərənin xarabalıqları
qalmaqdadır. Bu məqbərələrin birində mərkəzi mövqe tutmuş
qülləli məqbərə (XV əsr) ciddi zədələnmiş halda olsa da, onu bərpa
etmək mümkündür. Başqa abidələrdən Gülüstan türbəsi (XII əsr),
Nəiminin məqbərəsini (XIV əsr) də göstərmək olar.

Muxtar respublikada olan bütün dini obyektlər müxtəlif dini
mərasim və bayramlarda dindarlar tərəfindən müqəddəs yerlər kimi
ziyarət edilir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman
ölkələrindən bu dini ocaqlara gələn turistlərin sayı ildən-ilə sürətlə
artmaqdadır. Eyni zamanda bu obyektlərə dövlət tərəfindən xüsusi
diqqətin göstərilməsi həmin obyektlərdən turizm məqsədilə
istifadə edilməsi üçün geniş imkanlar yaradır. Son dövrlər
muxtar respublikada aparılan quruculuq işləri, infrastrukturun və
kommunikasiya sistemlərinin yenidən qurulması bu imkanları
daha da artırmışdır.

Həmçinin Naxçıvan şəhərində Nuh peyğəmbərin məzarının
tapılması və respublika rəhbərliyinin təşəbbüsü ilə onun qəbirüstü

77

məqbərəsinin ucaldılması çox mühüm hadisə hesab oluna
bilər. Bütün bunlar muxtar respublikada dini turizmin inkişaf
etdirilməsinin perspektivliyinin əyani göstəricisidir.

Sadalananları ümumiləşdirərək demək olar ki, Naxçıvan
Muxtar Respublikasında dini turizmin təşkili və inkişaf etdirilməsi
məqsədilə mövcud dini obyektləri əhatə edən xüsusi turizm
marşrutunun tərtib edilməsi çox yaxşı olardı. Bu turizm marşrutu
zəvvarlara bütün dini obyektlərlə daha yaxından tanış olmağa, bu
sahəyə daha çox turist axınının cəlb edilməsinə imkan yaratmış
olar. Eyni zamanda turizm marşrutunun fəaliyyət göstərməsi yeni
iş yerlərinin açılmasına, işsizliyin qismən aradan qaldırılmasına
səbəb olar ki, bu da regionların sosial-iqtisadi inkişafı ilə bağlı
aparılan dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edilə bilər.

78

Azərbaycan – dostluq və tolerantlıq nümunəsi

Azərbaycan Respublikasında turizmin təşkili və bu sahədə
mühüm sоsial-iqtisadi nəticələr əldə edə bilmək üçün kifayət qədər
turizm resursları və bunlardan istifadə оlunması üçün sahibkarlıq
mühiti və maddi-teхniki baza mövcuddur. Turizmdə istifadə оluna
biləcək ehtiyatların məhz onların infrastruktur şəraiti ilə təmin
оlunması baхımından qiymətləndirilməsi isə məsələyə başqa
mövqedən yanaşılmasını tələb edir. Bunun üçün ilk növbədə,
respublikada turizmin təşkili üçün yararlı оla biləcək təbii, tariхi
və dini оbyektləri, оnların yerləşmə mövqelərini, turizm məhsulu
kimi istifadə оlunduqda оnların iqtisadi cəhətdən rentabelliyinin
və sоsial səmərəsinin qiymətləndirilməsi lazımdır.

Məlum olduğu kimi, Azərbaycan əsrlər boyu üç konfessiyanın
– islam, yəhudi və xristian dini nümayəndələrinin dinc yanaşı
yaşadığı unikal ölkələrdəndir. Azərbaycanlılar tarixin bütün
dövrlərində dini mənsubiyyətindən asılı olmayaraq ölkəsində
məskunlaşmış etnoslara hörmətlə yanaşmış, onlarla qarşılıqlı
anlayış şəraitində yaşamışlar.

Tarixin bütün dövrlərində istər paytaxt Bakıda, istərsə də
bölgələrdə xeyli dini memarlıq kompleksi, o cümlədən yüksək
tarixi dəyəri olan abidələrə qayğı xalqımız və dövlətimiz
tərəfindən nümayiş etdirilmişdir. Bu tarixi ənənənə bu gün də
davam etməkdədir. Azərbaycanda müxtəlif konfessiyalara aid ən
diqqətəlayiq dini abidələr sırasında aşağıdakıları göstərə bilərik:

Məscidlər: Bakıda Məhəmməd və ya Sınıqqala məscidi (1078-

79

1079-cu illər); Aşur və ya Ləzgi məscidi (1169-cu il); İçərişəhər
Cümə məscidi (XII əsr); Bibiheybət məscidi (XIII əsr); Əjdərbəy
məscidi və ya Göy məscid (1912-1913-cü illər); Qubada Cümə
məscidi (1802-ci il); Səkinə xanım məscidi (1840-1854-cü illər);
Hacı Cəfər məscidi (XIX əsr); Qusarda “Mahalın Tacı” məscidi
(XIX əsr); Şəkidə Cümə məscidi (XIX əsr); Gəncədə Cümə məscidi
və ya Şah Abbas məscidi (1606-cı il); İmamzadə, yaxud Göy imam
türbəsi (XVII-XVIII əsrlər); Şamaxıda Cümə məscidi (743-cü il).

Kilsələr: Müqəddəs Mirodaşıyan Zövcələr Kafedralı və ya
“Jen Mironosets” pravoslav kafedral kilsəsi (1909-cu il); Mixail
Arxangel kilsəsi (1841-1849-cu illər); Bakıda Alman kirxası
(1899-cu il); Müqəddəs Məryəm Ana katolik kilsəsi (2002-ci
il); Şəki rayonunun Kiş kəndində Alban kilsəsi (I əsr); Qəbələ
rayonunun Nic qəsəbəsində “Çotari” Alban-udi kilsəsi (XVII əsr);
Şəmkirdə Alman Lüteran kilsəsi (1909-cu il); Göygöl şəhərində
Alman Lüteran kilsəsi (1854-cü il); Gəncədə Aleksandr Nevski
adına rus pravoslav kilsəsi (1887-ci il) və hazırda Kukla Teatrının
yerləşdiyi Lüteran kilsəsinin binası (1885-ci il).

Sinaqoqlar: Bakıda Aşkenazi yəhudilərinin sinaqoqu, Qubanın
Qırmızı qəsəbəsində yeddi sinaqoq.

Əldə edilmiş məlumatlara görə hazırda Azərbaycanda
ümumilikdə 500 ziyarətgah vardır ki, onların təxminən 50-
nə fəal şəkildə ziyarətlər təşkil edilir. Danılmaz faktdır ki,
ölkəmizdə turizmin inkişafı bilavasitə ayrı-ayrı bölgələrin turizm
potensialından səmərəli istifadə edilməsindən asılıdır. Bu zaman
hər hansı bölgənin turizm ehtiyatları hərtərəfli araşdırılmalı, inkişaf

80

etdirilməsi mümkün olan turizm növləri müəyyən edilməli, həmin
növün xarakterinə uyğun turizm məhsulu çeşidləri tərtib edilərək
turizm bazarına çıxarılmalı, istehlakçılara təklif edilməlidir.

81

Yekun

Beynəlxalq turizm – beynəlxalq normalar sayəsində
formalaşan dövlətlərarası razılaşmanı özündə təcəssüm etdirən
səyahət və mübadilələr sistemidir.

XX əsrin sonu XXI əsrin əvvəllərində bəşəriyyət Böyük
Coğrafi Kəşflərə oxşar turizm adlı yeni dünya modeli kəşf etdi.
Həmin vaxtdan indiyədək dini, mədəni, tarixi abidələrin və
təbiətdə maraqlı məkanların ziyarət edilməsi tendensiyası ilbəil
artmaqdadır. Belə demək mümkündürsə, dünya mədəniyyətinə
marağın artmasıyla əlaqədar beynəlxalq miqyasda tanınmış
yerlərin məşhurluğu da artmaqdadır.

Müasir dövrdə turizm beynəlxalq münasibətlərdə əhəmiyyətli
yer tutur. Hesablamalara görə, hər il 500 milyona yaxın insan turizm
məqsədilə xarici ölkələrə səfər edir. Turizm yalnız istirahətin
məşhur forması deyil, o həm də dünya iqtisadiyyatının aktiv inkişaf
tempinə təsir edir. Təsadüfi deyil ki, iqtisadi effektivlik göstəricisi
baxımından turizm, hər zaman dünya ticarətinin lideri olan
avtomobil və neft-qaz sferasını geridə qoyaraq birinci mövqeyə
qalxmışdır. Bu davamlı inkişafı nəzərə alan mütəxəssislərin
proqnozlarına görə, 2020-ci ildə dünya üzrə səyahət edənlərin
ümumi sayı 1 milyard 600 min nəfəri keçəcəkdir.

MÜNDƏRİCAT

GİRİŞ..............................................................................................3
Turizm anlayışı...............................................................................6
Diniturizm....................................................................................12
Dünyada ən çox turist cəlb edən müqəddəs məkanlar və orta
nisbətlə illik ziyarətçi sayı...........................................................15
Dini turizmin əsas istiqamətləri .................................................28
Dini abidələrdən turizm məqsədilə istifadə imkanları ................33
Antropogen turizm ehtiyatları .....................................................37
Azərbaycan zəvvarlarının üz tutduqları yerlər.............................50
Azərbaycanın pir və ziyarətgahları .............................................63
Naxçıvan və dini turizm...............................................................75
Azərbaycan - dostluq və tolerantlıq nümunəsi ...........................78
Yekun...........................................................................................81

Çapa imzalanmışdır: 16.12.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version