The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-06 01:26:12

Çağdaş müsəlman Nahid-2018

Çağdaş müsəlman Nahid-2018

BƏNDƏ VƏ CƏMİYYƏT
HAQLARI

Müsəlmanlar hər il Allahın rəhmət ayı
Ramazan şövqlə gözləyir. “On bir ayın sultanı”
adlandırılan bu ayda fərd və cəmiyyət olaraq hər
kəs üzərinə düşən vəzifələri yerinə yetirməyə
çalışır. Günahların bağışlanması üçün oruc
tutulur, namaz qılınır və Allaha dua edilir.
Ramazan ərzində cəmiyyətimizə faydalı olmağa,
başqalarına yardım etməyə səy göstərilir.

Dinimizə görə, Ramazan ayı ərzində
müsəlmanların hər cür pis əməldən qorunması
üçün Şeytan zəncirlənir. Ramazandan sonra
Şəvval ayında yenidən müsəlmanları yolundan
azdırmaq üçün fəaliyyətə başlayır. Bəşər övladını
günaha sövq etməyə and içmiş İblisin şərindən
qorunmaq üçün təkcə dua etmək yetərli deyildir.

51

Bunun üçün İslamın bizə buyurduğu ibadətlərlə
yanaşı, qul-bəndə haqlarına riayət etmək hər
müsəlmanın borcudur. İslam dinində bəndə
haqları olduqca önəmlidir. Allah insanın bütün
günahlarını bağışlayandır, amma qul haqını
bağışlamır. Bu məsuliyyəti fərdin öz öhdəsinə
buraxır.

Hər kəsə bərabər hüquqların verilmədiyi
cəmiyyətlərin ədalətli olması mümkün deyildir.
Ədalətli cəmiyyət, adil dövlət hər bir fərdin
haqqını tanıyandır. İnsan hüquqlarına hörmətin
bəslənmədiyi yerlərdə qardaşcasına yaşamaq və
adil dövlət qurmaq mümkün deyildir.

Məhəmməd peyğəmbərin (s) buyurduğu kimi
insanlara mərhəmət etməyənə Allah da mərhəmət
etməz. Cəmiyyətin fərdi kimi üzərimizdə haqqı
olan hər kəsə layiqli münasibət bəsləməyimiz
dinimiz tərəfindən bizə buyurulan və təşviq
edilən əməllərdəndir. Hər kəsin cəmiyyət içində
birlikdə yaşadığı insanlar qarşısında haqq və

52

vəzifələri vardır. Bu haqq və vəzifələri ona
aşılayan və əməli sürətdə həyata keçirməkdə
yardımçı olan vasitələrdən biri də mənəviyyatdır,
yəni dindir. Dinimiz valideynlərimizin, bacı və
qardaşlarımızın,qohumlarımızın,yoldaşlarımızın,
qonşularımızın, müəllimlərimizin, yoxsul və
yetimlərin haqlarını layiqli şəkildə verməyi
qarşımızda vəzifə kimi qoymuşdur. İslam dini
məhz bu sadaladığımız prinsiplər, mənəvi çalarlar
üzərində qurulmuşdur. Qurani-Kərimdə bu haqda
buyurulur: “Qohum-əqrəbaya da, miskinə
də, (pulu qurtarıb yolda qalan) müsafirə də
haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs
yerə) sağa-sola da səpələmə!” (İsra surəsi, 26-cı
ayə).

Dinimiz valideynlərimizə sonsuz ehtiram
bəsləməyə sövq edir. Xüsusilə İslamın analara
verdiyi dəyər olduqca yüksəkdir. Peyğəmbərimizin
(s): “Cənnət anaların ayağı altındadır”, hədisi
əbəs yerə söylənilmiş kəlam deyil. Bu deyimin

53

arxasında dərin elmi-ruhani məna gizlənmişdir.
İnsanın ilkin və mənəvi yaradıcısı Allahdırsa,
onu dünyaya gətirən və iztirablarına qatlaşan
anadır. Bu baxımdan İslama görə bəşər kimi
ananın dəyəri ataya nisbətən üç dəfə artıqdır.
Lakin burda atanın mənəvi haqqını da kiçiltmək
lazım deyildir. Çünki hədislərin birində buyurulur
ki, heç bir övlad atasının haqqını ödəyə bilməz.
Peyğəmbərimiz (s) bu hədislərində valideyn
haqlarının əvəzi ödənilməyəcək haqlardan
olduğunu bildirmişdir.

Günümüzdə bəzən dindarlar arasında da
valideynlərinə qarşı haqsızlıq edənlər tapılır.
Ana-ataya üsyan qaldırmaq, onlara hər hansı ağır
söz söyləmək böyük günah hesab edilir. Unutmaq
lazım deyil ki, dinimiz valideynlərimizə “uf”
deməyi də qadağan edir.

Cəmiyyətin kiçik forması adlandırılan ailədə
bacı və qardaşlar arasında olan münasibətlərdə
haqq-ədalət nümayiş etdirmək də vacib sayılır.

54

Böyük qardaş və ya bacının özündən kiçik olanlar
üzərində haqqı vardır. Valideynlərdən sonra
evin böyük oğlu və ya qızı ailənin başçısı hesab
edildiyi üçün onların özlərindən kiçik yaşdakılar
üzərində haqları vardır.

Uca Rəbbimizin və Rəsulallahın (s) bizə
buyurduğu əməllərdən biri də qohumluq
əlaqələridir. Dinimizə görə qohumların bir-
birinin üzərində haqları vardır. Onları tez-tez
ziyarət etmək, maddi və mənəvi cəhətdən kömək
əlini uzatmaq insanlıq vəzifələrimizdəndir. Lakin
əfsuslar olsun ki, bu gün bəzilərimiz ən yaxın
qohumlarını yalnız toy və ya yas mərasimlərində
görür. İllərlə əlaqələr qurulmur. Hətta dindarlar
arasında yaxın qohum-əqrəbalarına qarşı kin
bəsləyib, onlarla küsülü qalanlar da vardır.
Dinimiz müsəlmana üç gündən artıq kin bəsləməyi
qadağan etmişdir. Odur ki, belə məsələlərdə hər
kəs diqqətli olmalı, imkan daxilində qohumlarını
ziyarət etməyə çalışmalıdır.

55

Bəndə və cəmiyyət haqları içərisində ən
önəmli yerlərdən birini də müəllim haqqı tutur.
Müəllimlərin insan şəxsiyyətinin formalaş-
masında, mənəvi dəyər qazanmasında misilsiz
xidmətləri vardır. İslam alimləri müəllimlərin
haqlarını yüksək qiymətləndirmiş və onların
mədəniyyətin və dövlətin formalaşmasında başlı-
ca meyar hesab etmişlər. İslam böyükləri də hər
zaman müəllimə böyük ehtiramla yanaşmışlar.
Həzrət Əli (ə): “Mənə bir hərf öyrədənin köləsi
olaram” ifadəsi müəllimə verilən böyük dəyərin
təcəssümüdür.

İslam dini müsəlmanın tərkidünya olub
yalnız özü üçün yaşamasını qəbul etmir. Dinimiz
bütün bəşəriyyət üçün göndərilmiş ümmət dinidir.
Ümmət, yəni cəmiyyət qanunlar və mənəvi
qaydalarla, vicdani duyğularla idarə olunur. Sizin
hər birinizi layiqli dindar və vətəndaş olmağa
dəvət edirik. Unutmayaq ki, Allah qatında
bağışlanmayan yeganə günah, başqasının haqqına

56

girməkdir. Ədalətli cəmiyyət, adil dövlət qurmaq
istəyiriksə ehtiyacı olanın haqqını verməyi
bacarmalıyıq.

57

YARDIMLAŞMA

Özün üçün dilədiyini qardaşın üçün də
dilə - prinsipindən qaynaqlanan qarşılıqlı
yardımlaşmanı İslam dini daim önə çəkmişdir.
Bunun üçün də imkanlı olanlardan imkansızlara
əl tutmaq dinimizdə xüms, zəkat və nəzir, sədəqə
kimi maddi yardım formalarında təzahür etmişdir.
İslamın yayılmağa başladığı ilk çağlardan
etibarən, bu formaları imkansız əhalinin həyatında
olduqca vacib rol oynamışdır.

Hicrətin ikinci ilində orucdan əvvəl vacib
olunan zəkat mal-dövlət vasitəsilə həyata keçirilən
ibadət olmaqla İslamın əsaslarından hesab olunur.
Dini meyarlara görə, zəngin müsəlman ildə bir
dəfə malının qırxdabirini yoxsul müsəlmanlarla
paylaşmasıdır. İslam alimlərinə görə, 9 şeyə zəkat
düşür: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş,
dəvə, inək qoyun. Zəkat, əsasən, ehtiyaclar

58

ödənildikdən sonra il ərzində istifadə olunmayan
mal-dövlətdən verilir.

“Əl tutmaq Əlidən qalıb” aforizmi tez-tez
xatırlanan ifadələrdəndir. Dədə-babalarımızdan
yadigar qalmış bu ifadə də milli mədəniyyətimizin
tərkib hissəsinə çevrilmiş yardımlaşmanın
vacibliyini vurğulayır.

Şəriət baxımından sosial ədalətin təmin
olunmasında digər vasitələrdən biri də nəzir və
yaxud sədəqədir. “Nəzir” “əl-inzar” sözündəndi.
Bu söz ərəb dilində “xəbərdarlıq etmək,
qorxutmaq” mənasını verir. Şəriət istilahında isə
hansısa işin baş verməsinə görə məcburi olmayan
bir şeyi özünə vacib etməkdir. Qurani-Kərimdə
buyurulur: “(Allah yolunda) xərclədiyiniz və
nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah
bilir, lakin (xəsislik göstərib özlərinə) zülm
edənlərin (qiyamət günü) heç bir köməkçisi
olmaz!” (əl-Bəqərə, 270).

Nəzir və sədəqə anlayışlarının hər ikisi

59

nisbidir. Bu sözlər Quranda zəkata da aid
edilmişdir. Sədəqəni təkcə mal-dövlət vasitəsilə
deyil, başqa üsulla da yerinə yetirmək olar,
məsələn, oruc tutmaqla. Bu, niyyətdən asılıdır.
Lakin günümüzdə sədəqə və ya nəzir, əsasən,
şəriət baxımından məcburi olmayan və könüllü
ianəyə şamil edilir.

Nəzir boyun alan şəxs mütləq onu yerinə
yetirməlidir. Hətta, nəzir deyən şəxs vəfat edərsə,
onun nəzirini varisləri verməlidirlər. Nəzir,
yaxud sədəqə hər kəsə verilə bilməz. Müqəddəs
Kitabımızda bu barədə oxuyuruq: “(Sədəqə)
Allah yolunda canından keçərək (dolanmaq,
ruzi kəsb etmək üçün) yer üzündə hərəkət
edə bilməyən (və ya buna imkanı olmayan)
yoxsullar üçündür. Belə şəxslər həyalı olub
dilənçilikdən çəkindiklərinə görə nadanlar
onları dövlətli hesab edirlər. (Ya Rəsulum!)
Sən isə onları üzlərindən tanıyırsan. Onlar
heç kəsdən israrla bir şey istəməzlər. Sizin

60

mallarınızdan (bunlara) nə verdiyinizi,
şübhəsiz ki, Allah bilir!” (əl-Bəqərə, 273)

Belə bir “giriş”dən sonra müasir sədəqə
adətinə nəzər salmaq pis olmazdı. İndi sədəqə
deyilən zaman, ilk növbədə, dilənçiyə verilən pul
və ya məscidlərimizin girişindəki nəzir qutuları
yada düşür.

Sədəqə dilənənlərin əksəriyyəti bunu özünə
irsi peşə seçmiş və uşaq əməyinin göz görə-görə
istismarı ilə məşğul olan qaraçılardır. Əfsuslar
olsun ki, bu tendensiyanın qarşısını almaq hələ
ki, mümkün deyil.

Bu, başqa mövzudur. Lakin cəmiyyəti ma-
raqlandıran və narahat edən məsələ məscid və
ziyarətgahlarda qoyulan nəzir qutuları və bu
qutulara atılan nəzirlərin aqibətidir. Bir çoxları
sual edir ki, görəsən həmin sədəqələr doğrudan
ehtiyacı olanlara çatır?

Ümumiyyətlə nəzir qutuları dinimiz və
milli mədəniyyətimizə zidd deyil, əksinə, mənə-

61

vi meyarları üstün tutaraq, cəmiyyətimizdə
yardımlaşmanın humanist müstəviyə keçirilməsi
formasıdır. Dinimiz “sağ əlin verdiyini, sol əl
bilməsin” alicənablığını da bizə tövsiyə edir.
Qurani-Kərimdə deyilir: “Yoxsullara aşkarda
sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində
versəniz daha yaxşı olar. Bu, günahlarınızın
bir qismini örtər. Allah tutduğunuz hər bir
işdən xəbərdardır!” (əl-Bəqərə, 271).

Bu meyarı nəzərə alaraq, nəzir verənlə nəzir
alanın bir-birini tanımaması, buna görə də sıxıntı
keçirməməsi kimi psixoloji amillər bu vasitə
ilə ortadan qalxır. Nəzir qutularını imkansız
insanların, qocalar, əlillər və uşaq evlərinin
maliyyələşdirilməsinə istiqamətlənməsində ilkin
mərhələ hesab etmək olar. Lakin gerçəklik bunun
heç də həmişə belə olmadığını göstərir. Düzdür,
nəzir qutularına yığılan pulların məscidin
saxlanılması üçün lazım olan xərclərə bəs
etmədiyi də məlumdur. Amma bu, bəzi məscidlərə

62

şamil edilə bilməz. Nəzir kimi yığılan pullardan
əksər məscidlərdə və ziyarətgahlarda çalışanlara
əmək haqqı verilir. Amma bu məbləğ olduqca
kiçikdir, hətta bir nəfərin yaşayışına kifayət etmir.
Çünki yığılan vəsaitin böyük hissəsi ziyarətgahı
dədə-babadan qalma kimi təqdim edən şəxslərin
məqsədləri üçün xərclənir.

Ümumiyyətlə, nəzir qutusu anlayışı başqa
ölkələrdə də mövcuddur. Bu ölkələr sırasına
xristian Qərb ölkələri də daxildir. Bir çox İslam
ölkələrində bu kimi hallar daha sivil qaydada
həll olunur. Məsələn, qardaş Türkiyədə hər
hansı məscidə sədəqə verilən zaman ölkənin
Maliyyə Nazirliyindən alınmış nömrəli “hesab”
blanklarından istifadə olunur. Lakin bu, əsasən,
böyük məbləğdə olan ianələrə şamildir. Nəzirin
məbləğinə uyğun olaraq məscid mədaxil
qəbzi verir. Bu göstərir ki, onların fəaliyyəti
şəffafdır. Qonşu ölkələrdə yığılan vəsaitlərin
hara xərclənməsini əks etdirən hesabatlar da

63

ictimaiyyətə təqdim olunur. 2018-ci ildə bəzi
ölkələrdə ianələrin verilməsi zamanı ödəniş
terminallardan da istifadə edilməyə başlanılmışdır.
Məsələn, Qazaxıstan bu təcrübədən istifadə
edərək xüsusi ödəniş terminalları vasitəsilə
şəffaflığa nail olmaq istəyini bildirmişdir.

Nəzir qutularının yığışdırılması təşəbbüsü ilə
çıxış edənlər də var. Lakin, bu, vəziyyətdən çıxış
yolu deyil. Çünki belə bir addım atılarsa, ianələr
hesabına dolanan məscidlərin vəziyyəti maliyyə
baxımından ağırlaşar. Məsələdən çıxış yolu kimi
bu qutulara yığılan vəsaitin sonrakı taleyi ilə bağlı
ictimai nəzarəti gücləndirmək olar. Yəni çox
mədəni şəkildə ictimai komissiyaları yaratmaqla
vətəndaş nəzarətini təmin etmək mümkündür.

Bu məsələdə şəffaflığın təmin edilməsi
vətəndaşlarımız arasında qarşılıqlı inam hissini
gücləndirər, iman yolunda nəzir verən insan
“yardımının” qəbul edildiyindən arxayın qalar
və bilər ki, bu, bir qrup insanın şəxsi maraqlarına

64

deyil, məscid və ziyarətgahlarımızın təmiz şəkildə
qorunub saxlanılmasına xidmət edəcəkdir.

Unutmaq lazım deyil ki, məscid və
ziyarətgahlar dövlətimizin qoruduğu, vətəndaş-
larımızın isə yaşatdığı müqəddəs ibadət
yerlərimizdir. Bu müqəddəs məkanlara aid bütün
məsələlərdə şəffaflığı təmin etmək hər birimizin
üzərinə düşən mənəvi borcdur.

65

NİKAH: HÜQUQ VƏ DİN
PRİZMASINDAN

Cəmiyyətin nüvəsini təşkil edən ailə mənəvi
cəhətdən sevgi və səmimiyyətə, hüquqi baxımdan
isə bunu rəsmiləşdirən sənədə - nikaha əsaslanır.
Nikah hüquqi baxımdan böyük önəm verilən və
cəmiyyət üçün vacib sayılan məsələlərdən biridir.

Xalqımızın milli-mənəvi dəyərlər sistemində
nikahla bağlı məsələlər həmişə xüsusi əhəmiyyət
daşımış, tarix boyu siyasi quruluşların qanunlarına
və mentalitetimizə uyğun həyata keçirilmişdir.

Müstəqil dövlətimiz yarananadək nikah
məsələləri ölkəmizdə, əsasən, dini qayda-
qanunlarla tənzimlənmişdir. Çağdaş dövrümüzdə
isə nikahla bağlı məsələlər Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun həyata
keçirilir. Lakin əsrlər boyu mənəvi ehkamlara

66

bağlılıq və onların məişətdə tətbiqi bu gün bəzi
incəliklərin ortaya çıxmasına səbəb olmuşdur ki,
bunlardan biri də dini nikahdır.

Dini ədəbiyyatlarda bildirilənlərə əsasən,
bütün müsəlmanlar üçün Adəm peyğəmbərin
dövründən başlayaraq, bu günədək davam edən
və Cənnətdə də davam edəcək iki ibadət var: iman
və nikah. Qurani-Kərimin “ən-Nur” surəsinin
32-ci ayəsində buyurulur: “(Ey möminlər!)
Aranızda olan subay kişiləri və ərsiz qadınları,
əməli saleh kölə və cariyələrinizi evləndirin.
Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə
onları dövlətli edər. Allahın mərhəməti genişdir,
hər şeyi biləndir!”

Nikah kişi ilə qadın arasındakı məhrəmiyyət
pərdəsini ortadan qaldırır və onlar biri-birinə
halal olurlar. İslam dininə görə, nikah yalnız cinsi
münasibəti halal edən əqd yox, ailənin qurulması
üçün bağlanılan müqavilədir. Ailə isə yalnız cinsi
tələbatı ödəmək üçün qurulmur.

67

Ailənin qurulması üçün bağlanan nikahın bəzi
şərtləri var. Onlardan biri qızın və yaxud vəlisinin
razılığıdır. Vəli olmağa hamıdan çox haqqı olan
qızın atasıdır. Ata olmadığı təqdirdə, qızın vəlisi
babası, qardaşı, əmisi və s. qan qohumlarından
olan yaxın böyükləridir. Digər tərəfdən, nikahda
“icab-qəbul” deyilən anlaşmanın olması da
şərtdir. Bu, iki tərəfin eyni zamanda, eyni yerdə
bir araya gəlməsi və bu nikahı bağlayan katibin
(din xadiminin) hər iki tərəfə ünvanladığı nikahın
bağlanmasına dair suallara iki tərəfin də cavab
verməsindən ibarətdir. Burada vəlinin iştirak edib
himayəsi altında olan qadının nikahlanmasını
bildirməsi şərtdir.

Nikahın digər şərti iki nəfər müsəlman kişinin
nikahın bağlanmasında şahid kimi çıxış etməsidir.
Şahidlərin iştirakı evliliyin dəyər və əhəmiyyətini
vurğulamaq, nikah bağlayanlara qarşı gələcəkdə
meydana gələ biləcək ittihamlardan qorumaq
və camaat arasında onların ailə qurduğunu

68

elan etməkdən ötrüdür. Şahidlik bir növ
zəmanət rolunu oynayır. Odur ki, İslam hədis
qaynaqlarında göstərildiyi kimi, “vəli və iki şahid
olmadan nikah olmaz”. Başqa hədisi-şərifdə
buyurulur: “Nikahda mütləq dörd şey olmalıdır:
vəli, ər və iki şahid.”

İslam alimlərinin əksəriyyətinin fikrinə görə,
evliliyin altı əsas şərti var: hər iki tərəfin təsdiqi,
qadın, kişi, şahidlər, mehir və elan (toy).

Şəriət nikahları həyata keçirildiyi zaman
“nikah duası”nın söylənilməsi də Məhəmməd
Peyğəmbərin (s) sünnəsinə əsaslanaraq həyata
keçirilir.

Hədislərin birində nikahın müsəlman ictimaiy-
yətinin mötəbər yerlərində elan olunması və toy
mərasimi barədə Həzrət Məhəmməd (s) belə
buyurmuşdur: “Nikahı elan edin. Məscidlərdə
edin. Dəf çalın və içinizdən biri bir qoyunla olsa
belə, toy etsin.”

Çağdaş dövrümüzdə Azərbaycanda yalnız

69

müvafiq icra hakimiyyəti orqanında bağlanmış
rəsmi nikahların hüquqi qüvvəsi var. Rəsmi
nikah olmadan kəbin kəsilməsini mövcud
qanunvericilik yasaqlayır. Ailə Məcəlləsinin
1.5-ci maddəsinə görə, kəbin kəsmə (dini nikah)
hüquqi əhəmiyyətə malik deyil və Azərbaycan
dövləti onun hüquqi əhəmiyyətini tanımır. Yəni
din xadiminin verdiyi hüquqi sənəd deyil və
ailə dağılarsa, qadının hüquqi problemlərlə
qarşılaşması qaçılmazdır. Bu səbəbdən onun
kəsdiyi kəbinin hüquqi əsası yoxdur.

Cəmiyyətdə bu məsələ ilə bağlı tez-tez
müzakirələr aparılır. Azərbaycanda sosial
yönümlü bütün qanun layihələrində milli-
mənəvi dəyərlərin nəzərə alındığını qeyd etsək,
yanılmarıq. Azərbaycan Respublikasının Ailə
Məcəlləsi də İslam dəyərləri üzərində qurulmuş
dünyəvi qanun hesab etmək olar. Bu Məcəllə
də İslam prinsiplərinə zidd deyil əksinə, bəzi
incəliklər dolğunluğu ilə burada əksini tapmışdır.

70

Ailə Məcəlləsində nikah məsələləri ilə bağlı
İslamın buyurduğu vacib şərtlərin, demək olar
ki, hamısı nəzərə alınmışdır. Ən başlıcası isə bu
məcəllə sağlam ailə qurmaq və cəmiyyət üçün
sağlam vətəndaş yetişdirmək istiqamətindəki
İslam prinsiplərinə tam uyğundur.

Bu baxımdan dövlətin sənədləşdirdiyi nikah
böyük əhəmiyyətə malikdir. Buna görə də yalnız
kəbinlə kifayətlənmək, rəsmi nikaha girməmək
qəbuledilməzdir. Çünki dünyəvi dövlətdə dini
kəbin ərlə arvadın üzərinə hüquqi məsuliyyət
qoymur. Nikah müxtəlif səbəblərdən pozulduğu
zaman yaranmış acınacaqlı problemlər Allah
qatında da böyük günahlara yol açır. Qafqaz
Müsəlmanları İdarəsinin də rəsmi nikah olmadan
dini kəbinin kəsilməsini yasaqlayan fətvası bir
daha bunu sübut edir.

Nəticə olaraq onu deyə bilərik ki, dini kəbin
şəriət baxımından vacib məsələdir, lakin dünyəvi
dövlətdə hüquqi baza rolunu oynamır. Miras,

71

mülkiyyət, valideyn hüquqlarını tənzimləmədiyi
üçün kəbini yalnız dini adət kimi yerinə yetirmək
olar. Ailə qurulan zaman mütləq Vətəndaş
Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsinə
müraciət etmək lazımdır.

72

DƏMİR DÖYÜLƏR,
UŞAQ SEVİLƏR

Valideyn-uşaq münasibətləri hər zaman
sosioloqların diqqətində olan məsələlərdəndir.
XXI əsrdə yaşamağımıza baxmayaraq, ailə
daxilində uşaqların zorakılığa məruz qalması
faktoru da bu günə kimi həlli tapılmayan
problemlərdəndir. Bəs görəsən ailədaxili şiddətin,
xüsusilə uşaqlara qarşı tətbiq olunan yanlış
tərbiyə metodu kimi zorakılığın seçilməsinin
başlıca səbəbləri nədir? Bu sualın cavabında
müxtəlif səbəbləri saymaq olar. Təbii ki, sağlam
təməllər üzərində qurulmayan ailələrdə və eləcə
də, mənəvi aşınmaya məruz qalmış, psixoloji
durumu yerində olmayan valideynlərin bu addımı
atması hardasa “başa düşüləndir”. Lakin normal
mühit və şərtlər altında formalaşmış ailələrdə

73

uşaqlara qarşı tətbiq olunan zorakı metodun
qaynağını araşdırmaq daha çətin və ağırdır.

İlk öncə valideynlərin hansı səbəblərə görə
uşaqlara qarşı zor tətbiq etməsinə nəzər yetirək.
Bir çox hallarda valideyn uşağa zor tətbiq
etməsini onun sözə qulaq asmaması, qoyulan
qadağalara əməl etməməsi kimi izah etməyə
çalışır. Lakin qoyulan qadağalara nəzər yetirəndə
görürük ki, uşağın bütün istəklərinin, onun uşaq
hüquqlarının məhdudlaşdırılmasından başqa
bir şey deyil. Məsələn, şəhərdə yaşayan bir
uşağa evin daxilində qoyulan qadağalar, həyətə
düşüb həmyaşıdları ilə oynamağı ilə bağlı tətbiq
olunan məhdudiyyətlər uşağı qəfəsə salmaq
demək deyilmi? Bu qaydaları pozan azyaşlının
valideynləri tərəfindən tənbehlənməsi, yaxud
döyülməsi üçün əsas ola bilərmi? Fakt budur ki,
bu amil valideynlərə kifayət qədər “əsas” verir.
Valideyn burada bir məqamı yaddan çıxarır. Dörd
divar arasında yaşayan uşağa tətbiq olunan bu

74

məhdudiyyətlər onun psixoloji durumuna mənfi
təsir göstərərək onun xarici aləmə qapalılığına
gətirib çıxara bilər. Bir uşağı məcburi şəkildə dərs
oxumağa yönləndirmə də onun elmə qarşı ikrah
hissinin oyanması ilə nəticələnməsi ehtimalı
böyükdür.

Valideyn bir amili heç vaxt yaddan
çıxarmamalıdır ki, azyaşlı övladları onlara ata-
anadan başqa canlı oyuncaqları kimi baxır. Bu
onların təbii tələbatlarıdır və bu valideynlər
tərəfindən ödənməlidir. Təsadüfi deyil ki,
İslam peyğəmbəri Həzrət Məhəmməd övladları
adlandırdığı Həsən və Hüseynə hər gün baş çəkər
onlarla oynayarmış. Hədislərdə qeyd olunur ki,
Həsən və Hüseyn kiçik yaşlarında Peyğəmbər
namaz qılarkən onun belinə qalxar, saqqalı ilə
oynayarmış, Həzrət Məhəmməd də namazı
bitəndən sonra qucağına alar, hətta belində onları
gəzdirərmiş.

Müasir dövrümüzdə həddən artıq aktiv

75

uşaqlara “dinc dur!” demək, göyə atılan bir
daşın yerin cazibə qüvvəsi nəticəsində aşağı
düşməsinə, eləcə də axan suya “dayan!”
demək kimi absurddur. Ona görə də, uşaqların
inisiativlərini doğru yola yönləndirmək, ağına-
bozuna baxmadan axan çayı düzgün məcraya
istiqamətləndirməyə bənzəyir.

Bəzi valideynlər “uşaqları döyə-döyə adam
etmək” zehniyyətindən əl çəkməyincə bu davam
edəcəkdir. Unutmaq lazım deyil ki, DƏMİR
DÖYÜLƏRƏK, UŞAQ SEVİLƏRƏK ram
edilməlidir!

76

MÜNDƏRİCAT

QURAN AYNASINDA MÜSƏLMAN...............................4
PEYĞƏMBƏR ƏXLAQI .................................................10
ÇAĞDAŞ MÜSƏLMAN VƏ ELM .................................16
MƏSCİD ƏDƏBLƏRİ .....................................................20
HƏCC: ZİYARƏTDƏN ƏVVƏL VƏ SONRA ..............27
AYRILMAYIN, İXTİLAF TÖRƏTMƏYİN!..................36
BAŞQALARINI KÜFRDƏ İTTİHAM ETMƏYİN!......42
QƏSB VƏ QƏSD DEYİL, QİSAS
ƏMRİNƏ MÜNTƏZİRİK!...............................................46
BƏNDƏ VƏ CƏMİYYƏT HAQLARI.............................51
YARDIMLAŞMA..............................................................58
NİKAH: HÜQUQ VƏ DİN PRİZMASINDAN...............66
DƏMİR DÖYÜLƏR, UŞAQ SEVİLƏR..........................73

Çapa imzalanmışdır: 16.12.2018
Kağız formatı: 60x90 1/32
Tiraj: 5000


Click to View FlipBook Version