CEYHUN ƏLİYEV
hər üçü dinimizə görə haramdır. Gedin, nə zaman bu
adətlərinizdən əl çəkərsiniz, onda da gələrsiniz.
Taif ağsaqqalları bu sözləri eşidib geri döndülər. Bir
müddətdən sonra yenidən Mədinəyə gəlib Peyğəmbərlə (s)
görüşdülər.
Dedilər:
- Ya Rəsulullah! Şərtlərini qəbul etdik və hər üç
adətimizdən vaz keçdik. Amma bunun əvəzinə başqa
şərtimiz var.
Peyğəmbər (s) soruşdu:
- Şərtiniz nədir?
Taiflilər:
- Şərtimiz odur ki, bizi cihad, namaz və orucdan azad
etməlisən.
Peyğəmbər gülümsəyərək dedi:
- Şərtləriniz qəbul etdim.
Bu sözləri eşidən taiflilər şəhadət gətirib, İslamı qəbul
etdilər. Onlar çıxıb getdikdən sonra səhabələri təəccüblə
Peyğəmbərdən (s) soruşdular:
- Məgər cihad, namaz və oruc dinimizin vaciblərindən
deyil? Niyə onların şərtini qəbul etdin?
Rəsulullah (s) cavab verdi:
- Dində əsas məqsəd insanları pis əməl və
adətlərdən uzaqlaşdırmaq, xalqı saflaşdıraraq haqq yoluna
döndərməkdir. Zaman keçdikcə, insanlar saflaşdıqca,
Allaha daha çox yönələcək və günlərin birində dinin
51
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
vaciblərini yerinə yetirməyin onlar üçün nə qədər faydalı
olduğunu anlayacaqlar. Pis adət və əməllərin girdabında
batmaqdansa, müsəlman olub savab əməllər etmək daha
yaxşıdır.
52
CEYHUN ƏLİYEV
Doğru danışmaq və doğru yolda olmaq
Öz zamanının ən böyük alimlərindən biri olmuş
Əbdülqadir Gilani hələ kiçik uşaq ikən elmə, mərifətə
çox böyük həvəs göstərərmiş. Atası onun elmlərin sirrinə
dərindən vaqif olması üçün əlindən gələni əsirgəməzmiş.
Lakin günlərin birində atası bərk xəstələnir və yatağa
düşür. Ölümün yaxınlaşdığını görüb, oğlunu yanına çağırır
və deyir:
- Oğlum, mənim haqq dünyasına köçmək vaxtım
gəlib çatdı. Son illər gecə-gündüz çalışıb sənin üçün
40 qızıl pul toplamışam ki, həmin pulla Bağdada gedib
təhsilini davam etdirəsən, Bağdadın ən böyük alimlərindən
dərs alıb elmini daha da dərinləşdirəsən.
Kişi bu sözləri deyib, bu dünyaya əlvida edir.
Əbdülqadir böyüyüb həddi-büluğa çatan kimi anasından
Bağdada gedərək, atasının vəsiyyətinə əməl etmək, təhsilini
davam etdirə bilmək üçün icazə istəyir. Anası oğluna bu
sövdadan əl çəkməsi, onu tək qoyub getməməsi üçün nə
qədər dil-ağız tökürsə xeyri olmur. Naəlac qalıb oğlunun
getməsinə icazə verir.
Həmin dövrdə Xilafətdə əmin-amanlıq pozulmuş,
53
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
çox sayda qaçaq-quldur, karvan soyan peyda olmuşdu.
Başqalarının mal-mülkünə sahib çıxmaq üçün qan
tökməkdən belə çəkinməyənlərin sayı xeyli artmışdı.
Bağdad yolu da çox təhlükəli bir hala gəlmişdi. Əslində
qadının da narahatçılığı elə buna görə idi. Əslində
rəhmətlik ərinin vəsiyyətindən onun da xəbəri var idi və o
da oğlunun təhsilinə davam edərək, böyük alim olmasını
istəyirdi. Amma ana ürəyi də öz sözünü deyirdi. Odur ki,
oğlunu yola salmamışdan öncə onunla qarşı-qarşıya oturub
başını sığalladı və nəsihət verməyə başladı:
- Canım-gözüm oğlum, şəkər balım oğlum, sənə
yeganə nəsihətim budur ki, heç vaxt yalan danışma, çünki
Rəbbimiz yalanı və yalançıları sevməz. Həttə çətinə düşsən
və məcburiyyət qarşısında qalsan da yalana baş vurma.
Həmişə doğru, dürüst ol, sözün düzünü de. Bil və agah ol
ki:
Kim danışsa doğru-gerçək,
Ona edər Allah kömək.
Daim doğru-düzgün danış,
Tanrı etsin sənə alqış.
Əbdülqadir anasına söz verir ki, onun bu nəsihətini
ömürlük qulaqlarına sırğa edəcək, ona hər zaman əməl
edəcək. Belə olan halda, anası ərindən miras qalan qırx
qızılı bir kisəyə qoyur və kisəni oğlunun köynəyinin iç
tərəfindən qoluna tikir ki, yolda düşüb itməsin. Həm də
pulun harada olduğu heç kəsin ağlına gəlməsin.
54
CEYHUN ƏLİYEV
Bundan sonra ana oğlunu dost-tanışa tapşırıb, bir
karvanla Bağdada yola salır. Arxasınca su atıb, karvan
gözdən itənə qədər balasını qəmli nəzərləri ilə müşayiət
edir.
Karvan bir neçə gün yol gedir, dərələrdən, təpələrdən
aşır, ucu-bucağı görünməyən çöllərdən keçib, gecələrin
birində çox vahiməli bir yerə yetişir.
Yolçular bu yerə yetişər-yetişməz, çoxdan bəri pusquda
durub onların yolunu gözləyən quldurlar dörd bir yandan
üstlərinə tökülüşür və bütün yolçuları əsir alırlar. Təbii
ki, mal-mülklərinə də sahib çıxırlar. Hamının xurcun və
ciblərini bir-bir soyub talayan quldurbaşı sonda yeganə
uşaq olan Əbdülqadiri yanına çağırır və soruşur:
- Hə, söylə görək, sənin qızıl-gümüşdən nəyin var?
Uşaq fikrə gedir, anasının nəsihətini və ona verdiyi
sözü xatırlayıb doğrusunu söyləyir:
- Mənim qırx qızılım var. Onlar mənə atamdan miras
qalıb, anam da qaçaq-quldurun basqınına uğrayacağımız
halda onları tapa bilməsinlər deyə köynəyimin iç tərəfindən
qoluma tikib.
Quldurbaşıya elə gəlir ki, oğlan yalan söyləyir, onu
ələ salır. Odur ki, bərk qəzəblənərək, adamlarına uşağın
köynəyinin qollarını axtarmağı və yalanını faş etməyi
tapşırır. Quldurlar Əbdülqadirin köynəyinin qollarını
eşələyib, qızıl kisəsini tapırlar. Kisəni söküb qızılları
başçılarına verirlər. Hamı bu işə mat-məəttəl qalır.
55
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Quldurbaşı oğlandan soruşur:
- Oğul, səni nə vadar etdi ki, sözün düzünü dedin?
Əgər yalan söyləsəydin, cibini, xurcununu axtarıb, bir şey
tapmayacaq və səndən əl çəkəcəkdik. Üstündə qırx qızıl
olduğu və onların köynəyinin qoluna tikildiyi heç ağlımıza
da gəlməyəcəkdi. Səni buna nə vadar etdi?
Əbdülqadir cavab verir:
- Yola çıxmamışdan öncə anam mənə vəsiyyət edib
dedi ki, heç vaxt yalan danışma, çünki Rəbbimiz yalanı və
yalançıları sevməz. Hətta çətinə düşsən və məcburiyyət
qarşısında qalsan da yalana baş vurma. Həmişə doğru,
dürüst ol, sözün düzünü de. Bil və agah ol ki:
Kim danışsa doğru-gerçək,
Ona edər Allah kömək.
Daim doğru-düzgün danış,
Tanrı etsin sənə alqış.
Uşağın dürüstlüyü, cəsarəti və sədaqəti hər kəsə bərk
təsir etdi. O qədər çox təsir etdi ki, quldurbaşı utandığından
qıpqırmızı oldu. Daha sonra isə rəngi saraldı, dodaqları
tir-tir əsməyə başladı. Uşağı bir müddət süzdükdən sonra
papağını çıxarıb var gücü ilə yerə çırpdı:
- Halım necə də yamandı. Bu barmaq boyda uşaq
Allahdan qorxaraq, yalan danışmamağa qərar verərək,
bizlərə əməlli-başlı dərs verdi. Bizə – yolunu azmışlara
haqqın yolunu göstərdi. Biz isə… Biz isə bu yekə
boyumuzla, Allahı unudub, nələr etmişik, nələr! Yalan
56
CEYHUN ƏLİYEV
danışmaq bir yana, min bir oyundan çıxmışıq, neçə evlər
yıxıb, neçə canlar almışıq. Ayıb olsun bizə!
Quldurbaşı bu sözləri deyib, üzünü adamlarına tutdu:
- Kimin nəyi alınıbsa, dərhal özünə qaytarılsın! Bu
gündən etibarən mən yaman işlərdən tövbə edirəm. Bir
daha pis iş tutmayacağıma, haqq yoluna dönəcəyimə söz
verirəm. Ancaq savab işlər görəcək, günahlarımı yumaq
üçün gecə-gündüz çalışacağam.
Quldurlar yolçulardan qarət etdikləri hər şeyi özlərinə
qaytarıb, tövbə etdilər. Beləcə, balaca Əbdülqadir həm
özünü, həm də yol yoldaşlarını Allahın köməyi ilə xilas
etmiş oldu.
Həyatda nə olursa olsun, doğru yoldan çıxmamaq
lazımdır. Doğruluq həm də yoluxucudur. Nə qədər doğru
olarsaq, ətrafımızdakı insanlar da o qədər doğru yolda
olarlar.
57
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Sərxoş və dərviş
Belə nəql edirlər ki, qədim zamanlarda sərxoşluqla gün
keçirən bir əhli-keyf adam varmış. Deyilənə görə, ayıq vaxtı
olmazmış, yan-yörəsinin də öyüd və nəsihətinə qətiyyən
məhəl qoymazmış. Bir sözlə, öz kefində imiş. İçkinin haram
olduğunu dərk etməzmiş, ya da dərk etmək istəməzmiş.
Günlərin birində ətrafdakıların tənə və məzəmmətlərindən
bezən bu şəxs İlyas adlı dindar bir dərvişə üz tutur. Yanına
gedib salam verir və soruşur:
- Ya dərviş, de görüm, üzüm yeməyin adama hər hansı
bir ziyanı var, ya yox? Üzüm yesəm, o məni qarınağrısına
salar ya yox?
Dərviş müsafirini diqqətlə süzüb deyir:
- Yox, üzüm yeməyin heç bir ziyanı yoxdur.
Qarnağrısına da düşməzsən.
Belə olan halda əhli-kef yenə soruşur:
- Bəs üzümdən sonra azacıq maya otu yesəm, necə?
Bunun bir ziyanı olar, ya olmaz?
- “Olmaz” – deyə dərviş cavab verir.
Kişi:
- Sonra üstündən su içilərsə, necə?
58
CEYHUN ƏLİYEV
Dərviş:
- Bunun da zərrə qədər ziyanı olmaz.
Bu cavab kişini çox məmnun edir və dərhal davam edir:
- Bax, dərviş baba, saydığım bu üç şeyi bir-birinə
qatıb kuzələrə dolduranda o, şəraba çevrilir. Şərabın isə
haram olduğu deyilir. Amma necə olur ki, onların üçünü də
qəbul edib qarında qarışdıranda haram olmur? Məni başa
sal görüm, bu üç şey mədəmizdən kənarda birləşəndə niyə
haram olur, mədəmizdə birləşəndə isə olmur?
Dərviş dedi:
- Mən yerdən bir ovuc torpaq götürüb sənə atsam, bu
sənə xəsarət yetirərmi, yetirməzmi?
- Əlbəttə ki, yetirməz.
- Sonra üstünə bir bardaq su atsam, necə? Xətər
yetirər, ya yox? – deyə dərviş soruşdu.
Əhli-kef:
- Yox. Suyun mənə nə ziyanı ola bilər ki?
Dərviş:
- Sonra da səni bir müddət günəşin altında saxlasam,
necə?
Kişi cavab verdi:
- Yox günəşin də ziyanı olmaz.
Dərviş gülümsəyərək sözünə davam etdi:
- Bəs torpağı suyla qarışdırıb günün altında
qurutduqdan sonra kəllənə çırpsam necə? Xətər görərsən,
ya yox?
59
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
- Əlbəttə ki, görərəm – deyə əhli-kef adam cavab
verdi, – bu halda torpaq daşa çevrilər və başımı yarar.
Kişi bu sözləri deyib, dərhal iki əli ilə başını tutub
qışqırmağa başladı:
- Vay, başım!
Dərviş:
- Mən ki, başına kərpic çırpmadım, sadəcə söz
dedim. Bəs bu hay-qışqırıq nədir?
Kişi cavab verdi:
- Doğrudur, sən mənə daş və ya kərpic atmadın,
amma söylədiyin bu ibratəmiz sözlər bir daş olub başıma
elə çırpıldı ki, kərpic çırpsaydın bu qədər təsir etməzdi. And
olsun Allaha ki, sən məni ayıltdın. Yatmışdım, yuxudan
oyatdın. Ziyanın yarısından da dönmək xeyirdir. Bundan
sonra tövbə etdim, dilimə bir daha şərab dəyməyəcək.
Kişi dərvişin əlini öpüb, hüzurundan ayrıldı və bir daha
dilinə haram şey dəymədi.
60
CEYHUN ƏLİYEV
Öz işlərini özün gör!
Deyilənə görə, İmam Əli xəlifə olan zaman bir gün
evinə ərzaq almaq üçün bazara gedir. Geri dönərkən
yükünün ağır olduğunu görən xeyirxah bir adam dərhal
ona yaxınlaşıb səmimi bir xahişlə ona belə müraciət edir:
- Ya əmirəlmöminin, icazə ver zənbillərini mən
götürüm, sənə evinizədək aparmaqda kömək olum.
Adam sözlərini bitirib zənbilləri almaq üçün əlini
uzadanda İmam Əli dedi:
- Evinin yükünü hər ailə başçısı özü çəkməlidir. Bu iş
yalnız ona aiddir və buna da ən layiq olan onun özüdür.
Lakin adam bu sözlərin mənasını, deyəsən, dərk etmədi
və bu üzdən də xahişində israr etdi:
- Axı, ya əmirəlmöminin, sənin kimi ədalətli bir
xəlifəyə ağır yük daşımaq yaraşmaz. Bu sənin nə özünə,
nə də mövqeyinə uyğun deyil. Odur ki, icazə ver bunu mən
edim. Ağır yük daşımağa mən daha layiqəm. İnan ki, bunu
cani-könüldən istəyirəm. Xahiş edirəm, zənbilləri mənə
ver.
Möminlərin əmiri gülümsəyərək dedi:
- Dediklərin doğrudur, haqlısan, bəli. Amma kim
61
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
olursa-olsun, cəmiyyətdə hansı mövqe tutursa-tutsun, öz
evinə, ailəsinə aid olan halal bir şeyi daşımasında heç bir
naqislik və nöqsan yoxdur. Odur ki, narahat olma, bu işin
heç bir xətası yoxdur. Naqislik və nöqsan odur ki, özün
görə biləcəyin işi qürrələnmək üçün başqasına gördürəsən,
özünü digərlərindən üstün tutasan.
62
CEYHUN ƏLİYEV
Qəbul olunan həcc!
Belə rəvayət edirlər ki, Şah Abbasın dövründə İsfahanda
Mübarək adlı bir tacir yaşayıbmış. Bu tacir çoxdan bəri
həcc ziyarətinə getməyi niyyət etsə də, hər dəfə ortaya bir
iş çıxır, ona bu ibadətini həyata keçirməyə mane olurmuş.
Nəhayət, illərin birində arzusuna çatır, həccə getmək axır
ki, ona da nəsib olur. Həccdən qayıtdıqdan sonra qəribə bir
yuxu görür. Görür ki, göydən iki mələk enib öz aralarında
söhbət edirlər. Mələklərdən biri digərindən soruşur:
- Bu il həcc ziyarətinə neçə nəfər gedib?
İkinci mələk deyir:
- Altı yüz min nəfər.
Birinci mələk yenə soruşur:
- Bəs onlardan neçəsinin ziyarəti qəbul olunub?
İkinci mələk cavab verir:
- Təəssüf ki, heç birinin…
Bu sözlərdən, Mübarək bərk narahat olur. Ürəyində
düşünür: “Müxtəlif ölkələrdən altı yüz min adam niyyət
edib, yola çıxıb, min əziyyətlə dərələrdən-təpələrdən,
qumlu səhrəlardan keçərək, Məkkəni ziyarət edib və
hamısının da zəhməti bada gedib? Heç belə şeymi olar?
63
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Aman Allah, nə pis oldu! Demək, mənim də ziyarətim
qəbul olunmayıb!”
Mübarək cınqırığını çıxarmadan mələklərin söhbətinə
qulaq asmaqda davam edir.
İkinci mələk sözünə davam edərək deyir:
- …Bu il kimlər ki niyyət etmişdilər, niyyətlərinə
qovuşdular, hamısı Məkkəyə gəlib, Kəbəni tavaf etdilər,
Ərafat dağına çıxdılar, şeytanı daşladılar, qurbanlarını da
kəsdilər. Yalnız bir nəfərə, Şamda yaşayan Əli Şamlı adlı
bir kişiyə niyyətini həyata keçirmək nəsib olmadı və o
ziyarətə gələ bilmədi. Amma onun həcci qəbul olundu.
Bu sözlərdən çox təəccüblənən tacir yuxudan ayılır
və dərhal da Şama gedib Əli Şamlı adlı bu bəxtəvərlə
görüşməyə, bu sirri öyrənməyə qərar verir. O, tələm-tələsik
səfər hazırlığına başlayır, elə birinci karvanla da Şama yola
düşür. Çox gedir, az gedir, axır gəlib çıxır Şam şəhərinə.
Özü ilə gətirdiyi malları yerli tacirlərə dəyər-dəyməzinə
satıb, başlayır Əli Şamlını axtarmağa. Uzun sorğu-sualdan
sonra axır ki, axtardığı adamın evini ona nişan verirlər.
Mübarək evin qapısını döyməyə başlayır. Qapını əlli
yaşlarında bir kişi açır. Tacir salamlaşdıqdan sonra ondan
kim olduğunu soruşur.
Kişi cavab verir:
- Mənim adım Əli Şamlıdır. Bəs sən kimsən, adın
nədir?
- Mən İsfahanlıyam, Qaşqay elindənəm. Adım da
64
CEYHUN ƏLİYEV
Mübarək ibn Əhməddir.
Tacir yuxuda gördüklərini danışdı. İsfahandan bu sirri
öyrənmək üçün gəldiyini söylədi. Sonra isə soruşdu:
- Məni başa sal görüm, hansı xeyir əməlinə görə
Rəbbimiz sənə bu qədər lütf etmiş, səni sevmiş və Məkkəyə
getmədiyin halda həccini qəbul etmişdir?
Əli Şamlı qonağı içəri dəvət edib onu süfrəsinə qonaq
edir. Yedirib qarnını doyurduqdan sonra deyir:
- Mən kasıb bir pinəçiyəm. Otuz il idi ki, həccə
getmək istəyirdim və otuz il idi ki, pul yığırdım. Pul
yığırdım ki, niyyətimə çatım. Hər şeyə də qənaət edirdim.
Nəhayət, çox əzab-əziyyətdən sonra üç yüz dirhəm toplaya
bildim. Düşünürdüm axır ki, mənə də həccə getmək qismət
olacaq. Həmin ərəfədə arvadım hamilə idi. Özün bilirsən
də, hamilə qadınların nəfsi çox iti olur. Könlünə bir şey
düşdümü, gərək mütləq tapıb verəsən. Günlərin birində
arvadımın burnu qonşuluqdakı evlərin birindən qızardılmış
ət iyi çəkdi. Ürəyi ondan istədi. Tez həmin evə gedib
qapını döydüm. Qapını bir dul qadın açdı. Ona hal-qəzanı
anlatdım. Qadın dedi ki, o ətdən mənə verə bilməz, çünki
evdə bişən ət halal deyil.
Niyə halal olmadığını soruşdum. Dedi ki, iş tapa
bilmədiyi üçün üç-dörd gün imiş ki, özü də, uşaqları da
ac imişlər. Qadın uşaqlarının əzabına dözə bilməyib eşiyə
çıxır, küçə və meydanları bir şey tapmaq ümidi ilə gəzib
dolaşır və sonda gəlib çay qırağında murdar olmuş bir at
65
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
cəmdəyi tapır. Naəlac qalıb, atın ətindən bir tikə kəsib evə
gətirir və bişirməyə başlayır. Sən demə, arvadımın nəfsini
çəkən də bu ətin iyi imiş.
Pinəçi dərindən ah çəkib sözünə davam etdi:
- Bu ailənin gün-güzaranını görəndən sonra başa
düşdüm ki, mən Məkkəyə getməli deyiləm. Mənim
həcc yerim elə bu evdir. Topladığım pul da onlar üçün
sədəqəmdir. Odur ki, üç yüz dirhəmi qadına verdim. Dedim
ki, narahat olma, Allah böyükdür və öz bəndəsini heç vaxt
darda qoymaz. Necə ki, indicə yox yerdən ruzinizi yetirdi.
66
CEYHUN ƏLİYEV
Ədalət Allahın əmridir!
Rəvayətə görə, bir şəhərin hakimi Ömər ibn Əbdül
Əzizə yazdı ki, şəhərin şəhristanının divarı uçulmuş, təmirə
ehtiyacı var, əmriniz nədir?
Ömər cavabında yazdı:
- Şəhərin divarlarını ədalətdən tikdir, yollarını zülm
və təhlükədən təmizlə, o zaman palçıq, daş, kərpic və kəcə
ehtiyac olmaz.
Ədalət hər bir dövlətin əsası olmalıdır. Bu barədə Sədi
Şirazi belə demişdir:
Deyirlər bir böyük adil hökmdar
Çox ucuz parçadan geyirmiş paltar.
Biri deyir ona: bəxtiyar soltan,
Geyin paltarını Çin qumaşından.
Şah cavab verir ki, bu mənə bəsdir,
Sadəlik yaxşıdır, bəzək əbəsdir.
Onunçun deyildir yığdığım xərac,
Özümü bəzəyim, zinnətlənsin tac.
Bəzənib-düzənsəm qadın kimi mən,
Necə məğlub olar əlimdə düşmən?
Mənim də ürəyim çox şey istəyir,
67
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Lakin xəzinə tək mənim deyildir.
Xəzinə xərclənər qoşun-ləşkərə,
El malı verilməz zərə-zivərə.
Hökmdardan razı olmasa ordu,
Heç zaman ürəklə qorumaz yurdu.
Alıb ulağını düşmən kəndlinin,
Soltan ondan töycü niyə istəsin?
Düşmən ulaq alsa, padşah xərac,
Batar o diyarda bütün taxtü-tac.
Heç insaf deyil ki, şığıyıb göydən,
Qartal qarışqadan alsın güclə dən.
Kim ki incitməyib acizi heç vaxt,
Yaşayar dünyada daima xoşbaxt.
Bir məzlum inləyib eyləsə nalə,
Zalımın həyatı gedər zəvalə.
Bacarsan, xoşluqla fəth elə ölkə,
Qan tökmə, adına gəlməsin ləkə.
Torpağa tökülən bircə damla qan,
Bahadır dünyanın soltanlığından.
68
CEYHUN ƏLİYEV
Analara qayğı hər kəsin borcudur!
Babalarımızın öz babalarından, onların da öz
babalarından eşidərək bizlərə miras qoyduqları ibrətamiz
hekayətlərdən biri də Həzrət Ömərin xəlifəliyi dövründə
Ərəbistanda baş verib. Deyilənə görə, günlərin birində
Mədinəyə bir karvan gəlirmiş. Şəhərə çatar-çatmaz,
karvanbaşı karvana dayanıb dincəlməyi buyurur və hər kəs
dəvəsini yerə çökdürüb, dincini almağa başlayır.
Xəlifənin bir adəti vardı, hər axşam namazından
sonra şəhərə çıxar, bir-bir məhəllə və meydanları gəzər
və insanların vəziyyəti ilə maraqlanardı. Həmin gün də
o, şəhərə çıxmışdı. Bir qədər gəzdikdən sonra qarşısına
Peyğəmbərin (s) səhabələrindən olan Əbdürrəhman çıxır.
Əbdürrəhman ona şəhərə bir karvanın gəldiyini, karvan
əhlinin şəhər qırağında düşərgə salıb dincəlməklə məşğul
olduğunu xəbər verir. Xəlifə Əbdürrəhmana deyir:
- Deməli təzə gəliblər və əlbəttə ki, yol yorğunudurlar.
Gəl gedək birlikdə onların keşiyini çəkək ki, rahat yatıb
dincələ bilsinlər, yuxuda ikən kimsə onları narahat etməsin.
Əbdürrəhman razılaşır və onlar birlikdə karvanın
düşərgə saldığı yerə gəlib keşik çəkməyə başlayırlar.
69
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Karvan əhlinin şirin yuxuda olduğu bir saatda yaxındakı
evdən bir körpənin ağlamaq səsi eşidilməyə başladı. Uşaq
elə bərk ağlayırdı ki, səsi bütün məhəlləni bürümüşdü.
Ağlamağına da aram vermirdi ki, vermirdi. Belə olan halda
Həzrət Ömər, uşaq səsi gələn həmin evin qapısına gedib ev
əhlindən uşağı sakitləşdirmələrini xahiş etdi, özü isə geri
dönüb yenidən keşikdə durdu. Amma xeyri olmadı, körpə
dinmək bilmirdi. Xəlifə ikinci dəfə həmin qapıya üz tutdu,
körpənin ehtiyacını ödəməyi xahiş etdi. Yenə də bir xeyri
olmadı. Səhərə yaxın Həzrət Ömər həmin qapıya üçüncü
dəfə getdi. Uşağın anasını çağırtdırıb dedi:
- Sən necə anasan? Yəqin ki uşaq acdır, niyə onu
yedizdirmirsən?
Qadın dedi:
- Danlamaq asandır, amma danlamamışdan öncə
mənim halımı soruşsaydın daha doğru olmazdımı?
Xəlifə:
- Sənə nə olub ki?
Qadın:
- O olub ki, süddən kəsilmişəm.
Həzrət Ömər:
- Süddən kəsilmisənsə, başqa şey yedirt.
Qadın utana-utana:
- Elə məsələ də bundadır ki, evimizdə körpəyə
yedirtməyə bir şeyimiz yoxdur. Deməyə, istəməyə də
utanıram.
70
CEYHUN ƏLİYEV
Xəlifə soruşdu:
- Uşağın neçə yaşı var?
Qadın cavab verdi:
- Hələ yaşı tamam olmayıb.
Xəlifə yenə soruşdu:
- Bəs süddən niyə kəsilmisən?
Qadın göz yaşlarını saxlaya bilməyib deyir:
- Doyunca yeməməkdən. Əgər xəlifəmiz Ömər,
körpəsi olan analara süd haqqı kimi kiçik bir maaş təyin
etsəydi, analar doyunca yeyər və süddən də kəsilməzdilər.
Allah xəlifəyə insaf versin. Bəlkə, bundan sonra insafa
gələr və bizə bir maaş kəsər.
Xəlifə bu sözləri eşidib bərk kədərləndi, ürəyi qəm-
qüssə ilə doldu, tez məscidə gedib namaz qıldı, sonra da
iqamətgahına qayıdıb dərhal bir fərman verdi:
- Hər hansı bir müsəlman, oğlu və ya qızı olarsa,
dərhal bu baradə xəlifəyə və ya onun yerlərdəki naibinə
xəbər verməli və körpə üçün elə həmin an beytül-maldan
vəsait ayrılmalı, həmin vəsait körpənin anasına hər ay
başında maaş kimi verilməlidir ki, analar süddən kəsilməsin.
Carçılar bu fərmanı Mədinənin bütün küçə və
meydanlarında car çəkib şəhər əhalisini xəbərdar etdilər.
Mirzələr fərmanın üzünü köçürüb xilafatın dörd bir yanına
car çəkilməsi üçün göndərdilər. Deyilənə görə, bundan
sonra xilafətdə süddən kəsilən bircə dənə də müsəlman
anaya rast gəlinmədi.
71
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Valideynlərə hörmət və
ehtiram ən saleh əməldir!
Ata-anaya qarşı itaət və nəvazişin vacibliyi haqqında
çox sayda hədis və rəvayət mövcuddur ki, onların
əksəriyyəti sevimli Peyğəmbərimizin (s) səhabələrindən
yadigar qalmışdır. Məsələn, Abdullah ibn Ömər rəvayət
edir ki, bir kişi gəlib Peyğəmbərdən (s) cihada getmək
üçün icazə istədikdə o soruşdu:
- Valideynlərin sağdırmı?
Kişi “bəli” – deyə cavab verdi. Peyğəmbər (s) ona dedi:
- Elə isə onlar üçün, onlara itaət etmək və nəvaziş
göstərmək üçün çalış.
Başqa bir hədisdə deyilir ki, bir gün Peyğəmbər (s)
dedi:
- Zəlil oldu! Zəlil oldu! Zəlil oldu!
Səhabələr: “Kim, ey Allahın elçisi?” – deyə soruşduqda
O dedi:
- O şəxs ki, valideynlərinin və ya onlardan birinin
qocalığında onlarla birgə yaşayıb nəvaziş göstərmədiyinə
görə Cənnətə daxil olmasın.
Əbu Hureyrə belə rəvayət edir: “Mən müşrik olan anamı
72
CEYHUN ƏLİYEV
İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə,
Peyğəmbər (s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-
ağlaya Peyğəmbərin yanına gəlib dedim:
- Ey Allahın elçisi! Mən anamı İslama dəvət edirdim,
o da bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi.
Allaha dua et, anama hidayət versin.”
Peyğəmbər (s) dedi:
- Allahım, Əbu Hureyrənin anasına hidayət ver!
Mən Peyğəmbərin (s) duasından sonra sevincək evə
getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və
mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib)
paltarını geyindi, qapını açıb mənə dedi:
- Əbu Hureyrə! Şəhadət verirəm ki, Allahdan başqa
məbud yoxdur və Məhəmməd (s) Onun qulu və elçisidir.
Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s)
yanına gəlib ona dedim:
- Ey Allahın elçisi! Gözün aydın, Allah sənin duanı
qəbul etdi və anama hidayət verdi...
Əbu Burdə rəvayət edir ki, bir Yəmənli kişi anasını
kürəyinə götürüb Kəbəni təvaf etdikdən sonra gəlib İbn
Ömərə dedi:
- Bunu etməklə mən anamın haqqını ödəmiş
sayılırammı?
İbn Ömər ona dedi:
- Xeyr, bunu etməklə sən onun bir iniltisini belə
ödəmiş sayılmırsan.
73
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər (s) demişdir:
- Kiçiyimizə rəhm etməyən, böyüyümüzə hörmət
etməyən bizdən deyil!
Talhə rəvayət edir ki, günlərin birində Cahimə
Peyğəmbərə (s) dedi:
- Ey Allahın elçisi! Allah yolunda vuruşmaq
istəyirəm, ona görə də səndən məsləhət istəyirəm.
Peyğəmbər (s) dedi:
- Sənin anan var?
O, “bəli” – deyə cavab verdikdə, Peyğəmbər (s) ona
əmr edib dedi:
- Ananın qayğısına qal!
Əbu Hureyrə rəvayət edir ki, bir kişi Peyğəmbərin (s)
yanına gəlib soruşdu:
- Ey Allahın elçisi! Mən kimə daha çox qayğı
göstərməliyəm?
Peyğəmbər (s) dedi:
- Anana.
Kişi yenə soruşdu:
- Sonra kimə?
Peyğəmbər (s) dedi:
- Anana.
Kişi təkrar soruşdu:
- Sonra kimə?
Rəsulullah (s) yenə dedi:
- Anana.
74
CEYHUN ƏLİYEV
Kişi bir daha soruşdu:
- Bəs sonra kimə?
Peyğəmbər (s) bu dəfə “Atana” – deyə cavab verdi.
75
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Qocalara və yaşlılara hörmət edək!
Bir gün Mövlanə Cəlaləddin Rumi bir məclis
qurmuşdu. Baxıb gördü ki, bir dikbaş gənc yaşlılara
fikir vermədən, onlara hörmət qoymadan özünə ən
başda yer edib. Mövlanə bu gəncə bir söz demir, onun
xətrinə dəymir, onu islah etmək üçün sadəcə bir rəvayət
danışır. Deyir ki, günlərin birində, səhər tezdən, hələ
dan sökülməmiş, İmam Əli sübh namazını qılmaq
üçün evindən çıxaraq məscidə yola düşür. Yolda
özündən qabaqda qoca bir məsihinin getdiyini görür.
Qocanın ondan çox-çox yaşlı olduğunu görən İmam
Əli ona hörmətsizlik etməmək və onu ötüb keçməmək
üçün addımlarını yavaşıdır və onun arxasınca gedir.
Nəticədə isə namaza yubanmalı olur.
Məsciddəki namaz əhli ilk rükətin rükusunda ikən,
Allah-Təala Cəbrayılı (ə) göndərir ki, əlini Peyğəmbərin (s)
başına qoysun, qulağına pıçıldayaraq rükudan bir qədər gec
ayrılmasını təmin etsin ki, İmam Əli onlara çata və qoşula
bilsin. Cəbrayıl (ə) dərhal Peyğəmbərin (s) yanında peyda
olaraq, əlini onun başına qoyub, qulağına pıçıldayaraq,
Allahın əmrini çatdırdı. Peyğəmbər də rükudan ayrılmağa
76
CEYHUN ƏLİYEV
tələsmədi. Beləcə, İmam Əli də özünü yetirib namaza
qoşula bildi.
Peyğəmbərin səhabələri təbii ki, Cəbrayılı (ə) görə
bilməzdilər və onun Peyğəmbərin (s) qulağına nə isə
pıçıldadığından xəbərsiz idilər. Odur ki, onun rükudan
niyə belə gec qalxdığını anlamayıb təəccüb etmişdilər. Bu
səbəbdən də maraqla bunun səbəbini öyrənmək istəyirdilər.
Rəsulullah (s) dedi:
- Rükuda olarkən, Cəbrayıl (ə) gəlib əlini başıma
qoydu, qulağıma pıçıldadı ki, İmam Əli qabağınca gedən
bir qocaya hörmətsizlik edib onu ötüb keçmək istəmədiyi
üçün namaza gecikir. Rükudan qalxmağı bir qədər gecikdir
ki, o da gəlib sizə qoşula bilsin.
Səhabələr bu məsələyə çox heyrət etdilər. Peyğəmbər
(s) dedi:
- Bilin və agah olun ki, kim ki özündən yaşlılara və
qocalara hörmət qoyarsa, Allah da ona bu cür lütf edər.
Cəlaləddin Rumi rəvayətini bitirən kimi səhvini başa
düşən gənc cəld ayağa qalxır və məclisin başından ayağına
keçir.
77
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Ana mərhəməti…
Deyilənə görə, Rəsulullahın (s) zamanında Əlqamə
adlı bir gənc yaşarmış. İşi-peşəsi namaz qılmaq, oruc
tutmaq, sədəqə vermək, Allaha həmd-sənada bulunmaq
imiş. Kimsənin xətrinə dəyməz, heç kəsdən də köməyini
əsirgəməzmiş. Günlərin birində bu gənc bərk xəstələnir,
yorğan-döşəyə düşür, dili də tutulur. Nə qədər həkim dəvət
edirlərsə, heç biri xəstəliyin nə olduğunu anlaya bilmir, heç
bir dava-dərmanın da köməyi olmur.
Əlqamənin bir neçə gün ard-arda məscidə gəlmədiyini
görən Peyğəmbər (s), onun başının dərdə girdiyini başa
düşür. Səhabələri göndərir ki, gənci ziyarət etsinlər,
məscidə niyə gəlməməsi ilə maraqlansınlar. Onlar da
məsciddən çıxan kimi dərhal Əlqaməgilə yollanırlar. Gəlib
görürlər ki, gənc bihal halda yataqda uzanıb, dili də topuq
vurur, bu üzdən də dərdini anlada bilmir.
Səhabələr onun can verdiyini zənn etdilər. Belə olan
halda gəncə kəlmeyi-şəhadətini gətirməsini söylədilər.
Amma Əlqamənin dili topuq vurduğundan bunu edə
bilmədi. Səhabələr Peyğəmbərin (s) yanına gəib hal-
qəziyyəni danışdılar.
78
CEYHUN ƏLİYEV
Rəsulullah (s) məsələdən hali olan kimi, tez Əlqaməgilə
gəldi. Gəncin başının üzərində oturub ona nəvaziş göstərdi,
əlini saçlarına çəkən kimi məsələnin nə yerdə olduğunu
başa düşdü və səhabələrinə dedi:
- Tez olun, Əlqamənin anasını tapıb, yanıma gətirin.
Səhabələri gəncin anasını tapıb Peyğəmbərin (s)
hüzuruna gətirdilər.
Rəsulullah (s) qadının gözlərinin içinə baxıb soruşdu:
- Sənin oğlundan bir narazılığın varmı?
Qadın dedi:
- Ya Rəsuslullah, bilmirəm necə deyim. Bu mənim
canım-ciyərim tək övladımdır. Sözündə, əməlində,
ibadətində düz adamdır. Bir dəfə də olsun mənə qarşı
hörmətsizlik etməyib, amma evə gələn ruzidə arvadı
həmişə məndən öndə olub. Buna görə də ona acığım tutub
və onu lənətləmişəm.
Peyğəmbər (s):
- Əlqamənin xəstəliyinin səbəbi də elə budur. Əgər
indi sən lənətini geri götürməsən, ona halallıq və xeyir-dua
verməsən, halı düzəlməyəcək. Nə deyirsən?
Qadın:
- Yox, heç zaman südümü ona halal etməyəcəyəm.
Belə olan halda Peyğəmbər üzünü səhabələrinə tutub
dedi:
- Tez olun, odun gətirin və həyətdə böyük bir tonqal
qalayın, Əlqaməni də atın içinə, yanıb kül olsun!
79
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Bu sözləri eşidən qadın bərkdən çığırdı:
- Yox! Heç zaman!
Peyğəmbər gülümsündü:
- Bizim qalamaq istədiyimiz alov, Cəhənnəmin
alovunun yanında heç nədir. Cəhənnəm atəşi daha
şiddətlidir. Bəs bilmirsən ki, ana-atasının lənətini
qazananalar, Cənnətə girə bilməz, valideynləri tərəfindən
bağışlanmayınca Cəhənnəm odunda yanarlar? Necə olur,
oğluna dünya odunu rəva görmürsən, Cəhənnəm odunu
rəva görürsən?
Qadın dərhal dedi:
- Mən qəzəbimdən belə demişdim. Südüm və
zəhmətim balama halal olsun!
Ana bu sözləri deyən kimi, Əlqamənin dili açıldı, halı
düzəldi, dərhal ayağa qalxıb, anasının ayaqlarını qucaqlayıb
ondan üzr istədi.
80
CEYHUN ƏLİYEV
Ehtiyat igidin yaraşığıdır!
Nizam ül-mülk öz “Siyasətnamə”sində rəvayət edir ki,
bir gün zamanəsinin qüdrətli hökmdarlarından olan xəlifə
Süleyman ibn Əbdülməlik təmtəraqlı qəbul düzəltmişdi.
Bütün dövlət böyükləri, nədimlər də burada idilər. Birdən
ağzından qaçırtdı ki: “Mənim dövlətim Süleyman ibn
Davudun (ə) dövlətindən artıq olmasa da, əskik deyil,
yalnız vəhşilər, divlər, pərilər onun fərmanında idilər,
məndə yoxdur; məndə olan xəzinə, cah-calal, məmləkət,
hökmranlıq bu gün dünyada heç kəsdə yoxdur.”
Orada olan böyüklərdən biri dedi:
- Ölkəyə lazım olan və ən yaxşı şahlarda olmuş bir
şey bizim ölkədə yoxdur.
Süleyman ibn Əbdülməlik soruşdu:
- O nədir?
Həmin şəxs dedi:
- O sənə layiq olan vəzirin yoxluğudur.
Xəlifə soruşdu:
- Nə demək istəyirsən?
Şəxs dedi:
- Sən şah və şahzadəsən, sənə elə layiqli bir vəzir
81
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
lazımdır ki, onun da on arxası vəzir olsun.
Süleyman ibn Əbdülməlik soruşdu:
- Dünyada sənin dediyin bu xasiyyətdə bir vəzir
tapmaq olarmı?
Kişi dedi:
- Olar.
Xəlifə soruşdu:
- Harada?
Müsahibi dedi:
- Bəlxdə.
Soruşdu:
- O kimdir?
Dedi:
- Cəfər ibn Bərməkidir. Onun əcdadları Ərdəşir
Babəkanın dövrünə qədər vəzir olmuşlar, qədim
atəşgədələrdən hesab edilən Nobahar onların vəqfidir. İslam
ortaya çıxdıqda, hakimiyyət əcəm xanədanının əlindən
çıxdıqdan sonra onlar özlərinə Bəlxdə yurd saldılar və
orada da qaldılar. Vəzirlik, irsi olaraq onlara keçmişdir.
Onlarda vəzirlik qayda-qanunları haqqında yazılar vardır.
Elə ki, övladları yazı-pozu öyrəndilər, o kitabları onlara
verərlər ki, oxuyub yadda saxlasınlar, əcdadların ruhunda
tərbiyə olunsunlar. Bütün dünyada sənin vəzirliyinə ən layiq
olan odur. Əlbəttə əmirəlmöminin özü yaxşı bilər. Bəni
Üməyyə və bəni Mərvan xəlifələri içərisində Süleyman ibn
Əbdülməlikdən daha böyük və qüdrətli bir xəlifə olmamışdır.
82
CEYHUN ƏLİYEV
Bu sözü eşitdikdə onda Cəfər Bərməki Bəlxdən
gətirmək və vəzirlik kürsüsündə oturtmaq arzusu oyandı.
Əmr etdi, Bəlxin valisinə yazsınlar ki, Cəfəri Dəməşqə
göndərsin, xəzinədən yüz min dinar vermək lazım olsa
belə versin, onu tam hörmətlə, xidmətə yola salsın.
Bəlxin valisi fərmanı oxuyan kimi Cəfəri Dəməşqə
tərəf yola saldı. Hansı şəhərə çatırdısa, böyüklər onun
pişvazına çıxır, təntənə ilə yola salırdılar. Beləliklə, gəlib
Dəməşqə yetişdi. Süleyman əmr etdi, bütün böyüklər,
sərkərdələr onu qarşılamağa çıxdılar, mümkün ola
biləcək ən hörmətli, cah-calallı, dəbdəbəli bir şəkildə
şəhərə gətirdilər və yaxşı bir sarayda düşürdülər. Üç
gündən sonra onu Süleymanın xidmətinə apardılar.
Süleymana onun qədd-qaməti, xarici görünüşü xoş gəldi.
Elə ki, Cəfər eyvana çıxdı, xidmətçilər onu irəli apardılar,
oturdu, Süleyman ona iti bir nəzər saldı, üzünü turşutdu
və dedi:
- Rədd ol mənim qabağımdan.
Xidmətçilər onu qamarlayıb dərhal oradan çıxartdılar.
Heç kəs bunun səbəbini bilmədi. Günorta namazına
qədər şərab məclisi düzəltdi, böyüklər gəldilər, nədimlər
oturdular. Qədəhlər dolduruldu, badələr qaldırıldı. Bir
neçə kuzə boşaldıqdan sonra nəşə gəldi, Süleymanın kefi
kökəldi. Bunu görən nədimlərdən biri dedi:
- Xəlifə böyük bir vəzifə üçün Cəfəri çox böyük
hörmət və şövkətlə gətirtdi, lakin əmirəlmöminin qarşısında
83
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
oturub ağzını açmamış onu geri qovdunuz. Bütün böyüklər
təəccüb etdilər. Bunun səbəbi nə idi?
Süleyman dedi:
- Əgər uzaq yoldan gəlməsəydi, böyükzadə
olmasaydı, deyərdim dərhal boynunu vurardılar. Onda
öldürücü zəhər var idi, ilk dəfə mənim qabağıma zəhər
gətirmişdi.
Böyük nədimlərdən biri dedi:
- İcazə verin gedim onun yanına, görüm bu məsələni
boynuna alır, yoxsa danır.
Xəlifə dedi:
- Get.
Nədim o saat durub Cəfərin yanına getdi, soruşdu:
- Sən bu gün Süleymanın yanına gedəndə yanında
zəhər var idi?
Cəfər dedi:
- Bəli, elə indi də vardır, budur, üzüyün qaşının
altındadır. Atamdan miras qalmışdır. Hələ indiyə
qədər bu üzüyün sayəsində bir qarışqa da məndən
inciməyibdir, necə ola bilər ki, mən öz cinsimdən
olan bir adamın ölümünə razı olam? Bəli, mən bunu
öz işimin xatirinə, ehtiyat üçün gəzdirirəm. Mənim
ata-babalarım mal-dövlət üstündə çox incidilmiş, çox
əziyyət görmüşlər. Süleyman məni çağıranda mən nə
üçün çağırıldığımı bilmirdim. Qorxdum məndən elə bir
şey istəyə ki, yerinə yetirə bilməyəm. Onda özümü bu
84
CEYHUN ƏLİYEV
əzab-əziyyətdən qurtarmaq üçün üzüyün qaşını çıxarıb,
zəhər içəcəkdim.
O kişi bu sözü eşitcək dərhal qayıdıb Süleymanın
yanına getdi, əhvalatı ona danışdı. Süleyman Cəfərin belə
ehtiyatlı, sayıq və uzaqgörənliyinə təəccüb etdi, ürəkdən
onu bəyəndi, üzr istədi, əmr etdi, şah atlarından birini aparıb
onu böyük cah-calal, hörmət və izzətlə dərgaha gətirdilər.
Cəfər Süleymanın qarşısına çatdıqda baş əyib təzim etdi.
Süleyman ona hörmət göstərib əlindən tutdu, yolu necə
gəldiyini soruşdu, çoxlu xoş sözlər dedi, oturtdu, çiyninə
vəzirlik xələti saldı, qarşısına mürəkkəbqabı qoydu, öz
yanında bir neçə fərman yazdırdı.
85
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Təvazökarlıq və xalqı sevmək
Belə rəvayət edirlər ki, zamanəsinin ən böyük alimi kimi
şöhrət tapmış İmam Cəfər Sadiq bir gün nökəri Müğbül
ilə birlikdə bazarın yanından keçirmiş. Bu o zamanlar idi
ki, bütün ölkədə quraqlıq olduğundan taxıl sarıdan böyük
bir qıtlıq yaranmışdı. Bu üzdən də buğda, arpa, çovdar və
digər dənli bitkilərin qiyməti kəllə-çarxa qalxmışdı.
İmam Müğbüldən soruşdu:
- Söylə görüm, bizim anbarda nə qədər taxıl var?
Yəni, neçə aya çatar?
Müğbül fikrə getdi, bir qədər düşündükdən sonra dedi:
- Altı ay hamımızı gen-bol görər.
İmam dedi:
- Sən bir bazara baş çək, bax gör buğdanın qiyməti
neçəyədir.
Müğbül “Baş üstə” deyib getdi, imam da evə döndü.
Bir-iki saatdan sonra evə gələn nökər bildirdi:
- Ya imam, bazar od tutub yanır. Bütün dükanları
gəzdim. Hər yerdə buğdanın bir pudu beş dinaradır.
İmam:
- Anbarımızda nə qədər buğda varsa, hamısını bazara
86
CEYHUN ƏLİYEV
çıxar, pudunu dörd dinardan satdır, əvəzinə saf arpa al, vur
anbara.
Müğbür bu sözlərdən bərk təəccübləndi, mat-məəttəl
qalıb, yerindəcə dondu.
İmam Cəfər Sadiq soruşdu:
- Müğbür, nə oldu sənə? Niyə yerində donub
qalmısan?
Nökər:
- Canım sənə fəda olsun, ya imam! Vallah, bu işinə
mat-məəttəl qalmışam. Niyə buğdanı bu qədər ucuz
satıb əvəzinə arpa almalı olduğumuzu heç cür başa düşə
bilmirəm.
İmam gülümsəyərək dedi:
- Xalq yavan çörək, vələmir, arpa yediyi zaman,
xalqını sevən hər kəs onun yediyindən yeməli, özünü
ondan ayrı və üstün tutmamalıdır.
87
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Bir-birimizə qayğı göstərək ki,
insanlığımızı unutmayaq
Peyğəmbərimizin (s) səhabələrindən olmuş Zeyd
bin Əsləm rəvayət edir ki, bir gecə Həzrət Ömər şəxsən
özü keşikçiləri yoxlayırdı, Zeyd də onunla birlikdə idi.
Mədinədən çıxdılar. Səhrada uçuq bir ev var idi, onun
divarı arxasından işıq gəlirdi.
Həzrət Ömər, Zeydə dedi:
- Ya Zeyd, gəl gedək görək, oradakı kimdir?
Getdilər, yaxınlaşanda bir qadın gördülər. Odun üstünə
qazan qoyulmuşdu, qarşısında iki körpə yatırdı, özü isə
deyirdi:
- İlahi, mənim qisasımı Ömərdən sən özün al, o
doyunca yemişdir, biz isə acından ölürük.
Həzrət Ömər qadının sözünü eşidib Zeydə dedi:
- Bütün adamlardan yalnız bu qadın məndən Allaha
şikayət edir. Sən burada dayan, mən qadından soruşum
görüm nə olub?!
Xəlifə qadının yanına gedib soruşdu:
- Bu gecə yarısı bu çöldə nə bişirirsən?
Qadın dedi:
88
CEYHUN ƏLİYEV
- Mən yoxsul bir qadınam. Mədinədə sığınacaq
bir yerim yoxdur, əlimdən də bir iş gəlmir, iki körpəm
acından ağlayır, qışqırır. Mənim də heç bir şeyim yoxdur
ki, verim ovunsunlar. Ona görə mən də çıxıb bu səhraya
gəldim ki, qonum-qonşu onların nə üçün ağladıqlarını
bilməsinlər. İndi onlar hər dəfə acından ağlayıb yemək
istədikdə mən də bu qazanı su ilə doldurub bu ocağın
üstünə qoyuram, elə bilsinlər bir şey bişirirəm. Bu ümid
ilə də yatırlar. İndi iki gündür ki, nə mən, nə də onlar
sudan başqa bir şey yemişik.
Həzrət Ömər dedi:
- Ömərə qarğış etməkdə sən haqlısan. Bir az burada
gözlə, mən bu saat gəlirəm. Sonra Həzrət Ömər qayıdıb
tələsik evlərinə qaçdı. Bir saat keçməmişdi ki, çiynində iki
xurcun geri qayıtdı. Zeydə dedi:
- Qalx, yenə gedək o qadının yanına.
Zeyd ona dedi:
- Ya əmirəlmöminin, heç olmazsa ver bu xurcunları
mən götürüm.
Həzrət Ömər dedi:
- Ya Zeyd, indi sən götürsən, bəs qiyamət günü
mənim yükümü kim götürəcək?!
Qaça-qaça qadının yanına gəldi. Gətirdiyinin hamısını
qadının qarşısına qoydu. Xurcunun biri un, biri isə düyü və
quyruq yağı ilə dolu idi. O, Zeydə dedi:
- Ya Zeyd, bir az odun tap gətir.
89
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Zeyd odun dalınca getdi. Həzrət Ömər də gedib su
gətirdi, qadının qarşısına qoydu. Qadın yağlı bir fətir
bişirdi, şorba hazırladı, sevincindən ağlayırdı. Elə ki, hər
şey hazır oldu, uşaqları yuxudan oyatdı. Uşaqlar oturub
doyunca yedilər, anaları ilə oynamağa başladılar.
Həzrət Ömər, qadını və uşaqları evinə apardı və dedi:
- Daha Ömərə qarğış etmə, bağışla, sənin belə
olduğundan xəbəri yox idi.
Qadın ona baxıb dedi:
- Allah haqqı sən Ömərsən.
Həzrət Ömər dedi:
- Bəli, mənəm.
Yazıq, miskin qadın dedi:
- Allah səni bağışlasın, bizi diriltdin.
***
Rəvayətə görə, çox ölkələr fəth etdiyinə görə
“Fateh” ləqəbini qazanmış Sultan Məhəmməd uzun
illərdi ki, Peyğəmbərin (s) İstanbulun İslam aləminə
qazandırılmasının vacibliyi barədə dedikləri üzərində
düşünür, Rəsulullahın (s) müjdələdiyi böyük İslam
sərkərdəsinin məhz o özü olduğunu hiss edirdi. Bu böyük
vəzifənin icrasının nə zaman yetişəcəyini bilmirdi. Bir
gün o, təğyiri-libas olub, qiyafəsini dəyişib şəhərə çıxdı
ki, xalqın içində gəzib dolaşsın, millətin buna hazır olub-
olmadığını öyrənsin.
90
CEYHUN ƏLİYEV
Sultan Məhəmməd çox dolaşdıqdan sonra bir dükana
girdi, dükan sahibindən bir batman yağ istədi. Pulunu
ödədikdən sonra soruşdu:
- Bəs, balın necə, varmıdır?
Dükançı dedi:
- Olmağına var, amma, bağışla, verə bilmərəm.
Sultan təəccüblə soruşdu:
- Niyə:
Dükançı:
- Mənim alverim səhərdən pis getmir. Sən də yağ
aldın, ailəmin bugünkü çörək pulunu çıxardım. Bu mənə
yetər. Amma qonşu dükançının alveri bir az zəif olub.
Zəhmət olmasa, balı da ondan al ki, o da bu gün arvad-
uşağını sevindirə bilsin. Məndən də incimə.
Sultan bir söz deməyib, qonşu dükana yollandı. Bir
batman bal da bu dükandan aldı. Soruşdu:
- Pendirin də varmı?
Dükan sahibi dedi:
- Var, amma bağışla, verə bilmərəm.
“Niyə?” – deyə hökmdar soruşdu.
Baqqal dedi:
- Bilirsən, mənim bu gün pis-yaxşı, bir az alverim
olub. Sən də bal aldın. Ailəmin bugükü ruzisini çıxardım.
Amma üzbəüz dükanda bu gün alver heç olmayıb. Zəhmət
olmazsa, pendiri də ondan al ki, o da uşaqlarına bir şey
apara bilsin.
91
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Sultan üzbəüzdəki baqqal dükanına yollandı, pendiri
də oradan aldı. Həmin dükanda da eyni halla qarşılaşdı,
bu yolla on beş dükan gəzib alış-verişini tamam etdi. Çox
sevindi, ürəyində dedi: “Bir-birilərinə bu qədər mərhəmət
və qayğı göstərən xalqla nəinki İstanbulu, dünyanın yarısını
fəth etmək olar”.
Odur ki, saraya gələn kimi fərman verdi ki, ordu
İstanbul səfərinə hazırlaşsın.
92
CEYHUN ƏLİYEV
Haqq sahiblərini unutmayaq
Deyirlər ehtiyacı olan adamlardan bir dəstə yığışıb
xəlifə Harun ər-Rəşidə ərizə yazdılar ki: “Biz Allah
bəndələriyik, böyük adamların övladlarıyıq, bəzilərimiz
Quran əhli, bəzilərimiz alimik, bəzilərimiz şərəf sahibiyik,
bəzilərimizin əcdadlarının bu dövlətdə haqqı vardır,
hamımız müsəlmanıq, dinimiz pakdır, bizə də dövlət
malından bəzi şey çatmalıdır; sən isə hər gün öz dövlət
pulunu xərcləyir, bizə isə bir qara quruş da vermirsən. Bizim
də payımızı ayırmalısan, əks-halda o izzət və cəlal sahibi
Allaha pənah aparıb ona yalvarırıq ki, onun müsəlmanlara
rəhmi gəlsin”.
Ərizəni oxuduqda Harun ər-Rəşidin halı dəyişdi, xüsusi
sarayına çəkilib həyəcan və iztirab keçirməyə başladı.
Zübeydə Xatun onun qanıqara olduğunu görüb soruşdu:
- Nə olub?
Xəlifə əhvalatı arvadına danışdı. Zübeydə Xatun dedi:
- Bax gör, səndən qabaqkı xəlifələr və böyük adamlar
Allah bəndələri ilə necə rəftar ediblərsə, sən də elə et.
Lakin şübhəsizdir ki, dövlət malı müsəlmanlarındır. Sən
isə ondan çox xərcləyirsən. Sən müsəlmanların malı ilə elə
93
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
rəftar et ki, necə müsəlmanlar sənin malın ilə rəftar edirlər.
Onlar səndən şikayət edirsə, haqları vardır.
Təsadüfən o gecə hər ikisi yuxuda gördü ki, qiyamətdir,
xalq hesab çəkilən yerə toplanmışdır, adamları bir-bir irəli
çağırırlar, Harun ər-Rəşidi və Zübeydə Xatunu behiştə sarı
aparırlar. Bu zaman bir məlaikə onların əlindən tutur. Onlar
deyilər:
- Bizi hara aparırsan?
Məlaikə:
- Məni Peyğəmbər (s) göndərdi, buyurdu ki, nə
qədər burdayam, qoyma onları mənim yanıma gətirsinlər,
utanaram, onlara şəfaət edə bilmərəm, çünki onlar xalqın
malını öz malları bilmiş, haqq sahiblərini məhrum etmişlər,
özləri də mənim yerimdə oturmuşdular.
Hər ikisi yuxudan diksinərək ayıldı. Ayıldıqda Harun
ər-Rəşid Zübeydə Xatundan soruşdu:
- Sənə nə oldu?
Qadın yuxuda gördüklərini danışdı və bərk qorxduğunu
söylədi. Harun dedi:
- Mən də eyni yuxunu görmüşəm.
Hər ikisi şükr etdi. Sabahısı gün xəzinənin qapısını
açdılar, car çəkdilər ki, kim haqq sahibidirsə gəlsin payını
verək. Hər tərəfdən camaat axışıb gəlməyə başladı,
gələnlərin sayı-hesabı yox idi.
Xəlifə əmr etdi, yemək-içmək və dolanmaq üçün
camaata üç dəfə min dinar verdilər. Sonra Zübeydə dedi:
94
CEYHUN ƏLİYEV
- Xəzinə, dövlət malı sənin əlindədir, onun cavabını
da qiyamətdə səndən soruşacaqlar. Sən məndən qabağa
düşüb, Allahın köməyi ilə bəzilərinin könlünü ələ ala
bildin. Lakin verdiklərinin hamısı xalqın malı idi. Mən isə
nə etsəm, Allah-Təala xatirinə qiyamət günü nicat tapmaq
üçün öz malımdan edəcəyəm.
Sonra Zübeydə öz malından bir neçə dəfə min-min
dinar payladı, əmr etdi Kufə qapısından, Məkkə yolunda
hər mənzilbaşı bir quyu qazdılar. Bu quyuların hamısı
daş, kəc və bişmiş kərpicdən idi. Heç kəs belələrini
qazdırmamışdı. Bunların hamısını ehsan kimi tikdirirdi.
Sonra əmr etdi sərhədlərdə qala və istehkamlar tiksinlər,
döyüşçülər üçün silah və at alsınlar, torpaqlarının çoxunu
vəqfə versinlər. Qalan malından Kaşğar sərhəddində
möhkəm bir şəhər tikdirdi, adını Bədəxşan qoydu. O
ətrafda bir neçə karvansaray tikdirdi. Xarəzm yolunda,
İskəndəriyyə qapısında və başqa yerlərdə hasar çəkdirdi,
qala saldı, yenə də malından çox qaldı. Əmr etdi Mədinə və
Beyt ül-Müqəddəsdə xütdamlar arasında paylasınlar.
Hər birimiz ehtiyac sahiblərinə, haqq sahiblərinə
layiq olduqlarını verməliyik. Unutmaq olmaz ki, zəngin
insanların malında fəqirlərin payı vardır.
95
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
İslam sağlamlığa dəvət edir
Rəvayətə görə, Peyğəmbərin (s) zamanında Rum
ölkəsində Heraklus adında bir hökmdar padşahlıq
edərmiş. Bu padşah İslam Peyğəmbəri (s) ilə dostluq
əlaqəsi saxlayar, onunla məktublaşarmış. Məktublarında
dostcasına Rəsulullahın (s) halı ilə maraqlanarmış.
Günlərin birində Heraklus Peyğəmbərə çox sayda
bahalı hədiyyə və bir nəfər də həkim göndərir. Həkim
Rəsulullahın (s) hüzuruna gəlib deyir:
- Məni şahım hüzurunuza göndərib ki, sizin xəstələrə
baxım, dərdlərinə çarə edim.
Peyğəmbər (s) dərhal göstəriş verdi ki, həkimə qalması
və xəstələri qəbul edə bilməsi üçün bir ev ayrılsın. Gündəlik
yemək-içməyi və digər ehtiyacları da vaxtı-vaxtında
ödənsin. Səhabələr dərhal həkimə bir ev verdilər. Lazım
olan hər bir şeylə də təmin etdilər. Lakin günlər keçməsinə
baxmayaraq, ona bircə nəfər də olsun, xəstə müraciət
etmədi. Həkim dərin fikrə getdi, ürəyində düşündü: “Neçə
gündür buradayam, yeyirəm-içirəm, amma indiyə qədər
heç kəs mənə müraciət etməyib. Əgər sabah Peyğəmbər
(s) məni yanına çağırıb, indiyə qədər neçə xəstənin dərdinə
96
CEYHUN ƏLİYEV
əlac etdiyimi soruşsa, ona nə cavab verərəm, üzünə necə
baxaram?”
Həkim xəcalət hissi ilə Rəsulullahın (s) yanına gəlib
dedi:
- İndiyə qədər bircə nəfər də olsun, mənə müraciət
etməyib. Mənsə elə sizin hesabınıza yeyib-içir, yatıram.
Ona görə də çox xəcalət çəkirəm. Madam ki, mənə ehtiyac
yoxdur, icazə verin, sizə təşəkkürümü bildirim və evimə,
məmləkətimə dönüm.
Rəsulullah (s) dedi:
- Əgər getmək istəsən, bu barədə bizi sadəcə
xəbərdar etmən yetər. Yox, qalmaq istəsən, bil ki, əziz
qonağımızsan. Qonaq Allah qonağıdır və qonağa xidmət
hər müsəlmanın şərəf işidir. Amma bil və agah ol ki, nə
qədər qalsan da yanına heç bir xəstə gəlməyəcək. Çünki
bizim dinimiz bizə xəstəliklərdən necə qaçmağın yolunu
göstərməkdədir. Dinimiz bizə təmizliyə riayət etməyi, ac
olmadıqca artıq yemək yeməməyi, doyan kimi süfrədən
qalxmağı buyurur. İnsanları pis vərdişlərdən uzaq olmağa
sövq edir.
Bu sözləri eşidən həkim dərhal şəhadət gətirib, İslam
dinini qəbul etdi.
Bal şirin eyləyər sağlam mizacı,
Lakin can verənin deyil əlacı.
Əgər bir insanda qalıbsa həyat,
Ona fayda verər yediyi nabat.
97
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Hər kəsin bədəndə qalmasa qanı,
Onu sağaldarmı həkim dərmanı?
Hər kimin beynini əzibdir polad,
Səndəl sürtsən, ona eyləməz imdad.
Xətər qılıncını sanma əyləncə,
Qəzanın önündə gəl açma pəncə.
Həzmə versə yeyib-içməyi mədən,
Saf olar ürəyin, sağ olar bədən.
Əgər bir gün mədən pozulsa tamam,
Bütün bədənini incidər təam.
Mizac isti olur, soyuq, yaş, quru,
Bu dörd şeylə artır gözünün nuru.
Bu dörd şeydən biri göstərsə qüvvət,
Bütün mizacını pozar təbiət.
Küləktək əsməsə nəfəsin bir an,
Mədən can evində qaldırar heycan.
Mədə qazanında coşmasa xörək,
Nazənin bədəni saxlamaz ürək.
Ağıllı bir şeydə görsə ziddiyyət,
Çəkinər o şeydən, eyləyər nifrət.
Artmaz çox yeməkdən canın qüvvəti,
Bədən pərvərişdən alır qüdrəti.
98
CEYHUN ƏLİYEV
İnsanlıq şəfqətə möhtacdır
Dövrümüzədək yetişən ibrətamiz rəvayətlərdən biri də
Peyğəmbər (s) və qulluqçu qız haqqında çox maraqlı bir
hekayətdir. Deyilənə görə, günlərin birində Rəsulullah (s)
evinin bəzi ehtiyaclarını ödəmək üçün bazara gedibmiş.
Bazarda bir qədər dolandıqdan sonra qarşısına için-
için ağlayan bir qız çıxır. Ətrafdakıların ona əhəmiyyət
vermədiyini görən Peyğəmbər (s) bərk məyus olur, dərhal
qıza yaxınlaşıb niyə bu qədər için-için ağladığını soruşur:
- Qızım, sənə nə olub ki, bu cür ürəkdən ağlayırsan?
Bir dərdinmi var? Söylə, bəlkə bir çarə edə bildik.
İndiyə qədər heç kəs tərəfindən bu qədər şəfqət
görməyən qızcığaz toxtayaraq, yazıq-yazıq deyir:
- Əmican, mən varlı-karlı bir yəhudi tacirin kəniziyəm.
Səhər o mənə bir dirhəm pul verib bazara göndərdi ki, ərimiş
yağ alım. Dedi ki, yarım dirhəmini verib şüşə qab alarsan,
yarım dirhəm də verib yağ alar, şüşə qaba doldurub evə
gətirərsən. Mən də o deyən kimi etdim. Yarım dirhəmə öncə
qab aldım, sonra da yarım dirhəm verib yağ aldım. Amma
baqqal yağı qaba dolduranda bir neçə damcısı qabın üstünə
töküldü. Mən də qabı alıb evə yollananda, qabın üstünə
99
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
tökülmüş yağ damcıları qabın sürüşərək əlimdən düşməsinə
səbəb oldu. Beləcə, qab yerə düşüb çilik-çilik oldu. Yağ da
yerə tökülüb zay oldu. Ağlamağımın da səbəbi budur. İndi
evə getməyə qorxuram, sahibimə nə deyəcəyimi bilmirəm.
Peyğəmbər (s) gülümsəyərək dedi:
- Əgər dərdin elə budursa, onun çarəsi çox asandır.
Gəl dalımca.
Rəsulullah (s) qızla öncə qab-qacaq satılan dükana
gəldi. Yarım dirhəm verib təzə bir şüşə qab aldı. Sonra
qızla birlikdə baqqalın yanına gəlib yarım dirhəmlik yağ
aldı. Satıcı yağı qaba dolduranda ona tapşırdı ki, diqqətli
olsun, yağ qabın üzərinə dağılmasın. Sonra da içi yağla
dolu qabı qıza verib dedi:
- Hə, qızım. Sənin müşkülün həll olundu. İndi rahatca
evə dönə bilərsən.
Qız qabı alıb təşəkkür etdi və dedi:
- Əmi, bu məsələ həll olunmağına oldu. Amma
mənim daha bir müşkülüm var.
Peyğəmbər:
- Buyur görək. İnşallah onun da çarəsi tapılar.
Qız:
- Ağam məni bazara göndərəndə səhər idi. İndisə
günortadan xeyli keçib. Evə getməyə qorxuram. Qorxuram
ki, gec gəldiyimə görə ağam məni döysün.
Peyğəmbər (s) gülümsəyərək dedi:
- Narahat olma, bu məsələni də yoluna qoyarıq. Səni
100